1963-cü ildə Laçında anadan olub. Laçın şəhər 2 nömrəli orta məktəbin məzunudur. 1986-cı ildə Azəbaycan Tibb Universitetinin müalicə fakültəsini bitirib. Şeirləriylə Azərbaycan və Türkiyədə bir çox dərgi və qəzetlərdə çıxış edib. Məmməd Aslan, Məmməd Araz, Şahmar Əkbərzadə, Yavuz Bülənt Bakilər Şərahilin haqqında geniş yazılar yazdılar. “Zaman məni unutdu” və “Ömrümüz bilməcə qaldı” şeir kitabları Türkiyədə yayınlanıb. 2010 ildə «Vektor» Elm Mərkəzi tərəfindən Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görüldü. Avrasya Yazarlar Birliyinin üzvüdür. Türkiyədə yaşayır.
İÇİNDƏ
Dünya sirrin kimə açdı Bu sir sirli ehtiyacdı Hər tabut ölən ağacdı, Ölən ölənin içində.
Kimi pərişan görmədim, Gedəndən nişan görmədim. Bir düz danışan görmədim, Gedib gələnin içində.
Gündüz savaş, gecə qaldı, Ümid bir gün köçə qaldı Ömrümüz bilməcə qaldı, Bunca bilənin içində.
Saman yüklü zaman qetdi, Çox Təxti-Süleyman qetdi. Neçə arzu, güman qetdi, Ərzi bölənin içində.
Yalan dünya, yalan havar, Yürü-yürü dalana var Cahanda bir “hökmüdar” var, Cümlə kölənin içində…
05.03.1989
BU SABAH NƏ QƏMLİ AÇILIR, ALLAH
Didilir yaxası qarı zülmətin Bir çimir yuxusu gözümə pənah. Çapılır, talanır varı zülmətin, Zahı dan yerinin doğuşu günah, Bu sabah nə qəmli açılır, Allah!
Ulduzlar əriyib öləziyən şam, Göylər də qısqanır ayını sanki Boxçası bükülü bu qərib axşam, İstəmir o qızın toyunu sanki, Bu sabah nə qəmli açılır, Allah!
Duyan yox sükutun iniltisini, Yaranmış yuxuda, kim alır vecə Gizli yar qoynuna girənlər kimi, Sübhü oğrun-oğrun əkilir gecə, Bu sabah nə qəmlı açılır, Allah!
Bu axşam bir həsrət qoxulu dünya Könül, bu aləmə aç sirrini, aç! Bu həmdərd, bu məhzun, yuxulu dünya, Bir xoruz banının himinə möhtaç, Bu sabah nə qəmlı açılır, Allah!
Düşəri, düşməzi payıdır baxtın Hər sabah ömrümə atılan zərdi. Mənim göz dikdiyim nurlu sabahın, Müjdə gətirəni boz sərçələrdi, Bu sabah nə qəmli açılır, Allah!
Mənim kiçik nağılım Sən mənim kiçik nağılım Nənədən, babadan Dovşandan, ayıdan Qaçan qoğalım… Elə elə ki, axırda Sarı tülkü yeməsin Səni Sən mənim Qapı döyülən kimi Qapını açan Məngülümüm Bəzən canavarın qarnı kimi Dar olur həyat… Onda Ana keçi köməyə gəlir Sənə “can” deyib ana səsi Çıxaranlar Ətini, canını yeməyə gəlir… Sən mənim kiçik nağılım Yalan danışanda Burnu uzanan Pinokyom Oğul ən çox kimə Yalan danışar bilirəm… Amma Pinokyonu Balinanın qarnından Atası xilas eləmişdi… Bəs mən kiməm? Olsam olsam “Pinokyo” dakı Pəri olaram… Sadəcə yanlışlarını xatırladan Başqa nə gəlir ki əlimdən? Ya da Yunan əfsanəsindəki Günah keçisi… Mənim şirin nağılım Elə ki, sonda Göydən üç alma düşür Qoy biri Atanın biri Ananın Biri də sənin olsun… Çünki ömrün sonu Nağılların əvvəli kimi olur : “Biri var idi, biri yox idi…”
Sevdiyin olum Deyirlər ki, adamlar öləndə O dünyaya gedir, Ruh olur, pəri olur , Mən öləndə Kitab olmaq istəyirəm Çünki sən Kitabları çox sevirsən Elə zərif oxuyursan ki, Vərəqləri qat kəsmir Elə təmkinlə oxuyursan ki, Ürəyin heç hara tələsmir Mən öləndə Kitab olmaq istəyirəm Otağının bir küncündən Səssiz -səmirsiz Hava almaq üçün Eyvana çıxdığına Yatanda yorğanı qucaqlayıb Başının altına yığdığına Səhərlər deyinə-deyinə Oyanmağına tamaşa eləyim… İstəyirəm ki, mən öləndə Kitab olum … Əlinə alanda ovunduğun Sətirlərini oxuyanda Səsimi duyduğun… Kitabları çox sevirsən Bilirəm… Qoy, heç olmasa Öləndən sonra Sevdiyin olum…
Lozan xala kimi Bilmirəm fikir veribsən ya yox Beşiklərin yastığında Gecə-gündüz yatan Körpələrin başının izi qalar Bax eləcə izin qalıb köksümdə… İndi yanımda olsan Başını sinəmdəki O məchul boşluğa sıxıb Elə möhkəm Qucaqlayardım ki, Səni Sonra da çərpələng Qollarına bürünərdim Axşamın mehindən Səhərin şehindən Beləcə gizlənərdim Qollarının arasında… Nə qədər başımı qatsam da Hər kəslə danışıb Səsimi başıma atsam da Gecələr elə pis göynəyirsən ki, Ürəyimin yarasında Mopassanın “Bir yaz axşamında”kı Lozan xala kimi Elə kimsəsizəm ki… Bəzən divarın o tərəfindəki Həzin bir səs, xəfif bir gülüş Qanadar yaralarımı… Nə qədər uzağa qaçsam da Yenə elə həminkiyəm… Ruhuma hopmuş Qanıma qarışmış, zalım, Üz çevirib getsən də Yenə elə səninkiyəm…
SƏN Gözümü açanda Sən, Yumanda Sən… Arada qeybə çəkilib Məndən sevgi uman da Sən Sevilmək necə imiş Qollarında anladım Həsrətin acısını Gedib geri döndüyün Yollarında anladım Xəyal da Sən, arzu da Sən Güman da Sən… Ən dəyərsiz adamlara Yaş oduntək Yanan da Sən… Səni heç kim anlamaz Bilirəm ki, mənim kimi Ruhumda gizləmişəm Varlığını, könlünü Mən ən məhrəm Qəmim kimi… Ürəyinə qurban olum üzülmə Sənin daşın ağırdı… Yaxşı da Sən, yaman da Sən Ən dəyərsiz adamlara Saflığından yanan da Sən…
Yad olanım Bitib-tükənməyən Yollar kimisən Mənzilimə Gedib çata bilmirəm Kəfənə bükülmüş Qollar kimisən Köksünü Bağrıma basa bilmirəm Ehh mənim özgə olanım Yad olanım… Gecəmi gündüz eləyənim Məni görəndə şad olanım… Nə qədər uzandı Taleyin oyunu Vəzir də usandı Şah da yoruldu. Neçə fəsil keçdi Neçə il oldu Göydən gah od ələndi Gah yağış yağdı Gör neçə toz basmış Xatirələr var… Gör neçə arzular Sönüb kül oldu Tanrı nələr yazıb Daha bilmirəm İçimdə Qurumuş ağacın pöhrəsitək Yaşıllanan xəyalsan Amma daha Nə kötükdən ağac olar Nə də pöhrə bar verər… Mən hardan tapım ki, Həzrəti Yusifi Züleyxaya könül verə, Tac verə… Ehh mənim özgə olanım Yad olanım Ürəyi məndə olub Başqasına ad olanım Nə yaman uzandı Taleyin oyunu…
YORULDUM Yoruldum axı Çox yoruldum Səni qəlbimdə gəzdirməkdən Kürəklərim qırıldı Ayaqlarım süst düşdü Yoruldum axı Yeni doğan itin Canına daraşıb süd əmən Küçüklərə sakitcə baxdığı kimi Boylanıram sənli xatirələrə Yoruldum axı… Leysan yağışlardan sonra Palçıqdan gözü tutulmuş bulağın Aram – aram axdığı kimi… Darıxdım axı Elə darıxdım ki Saçlarının qoxusu gəlir burnuma Sahibsiz küçə pişiyi Pəncəsi açıq evlərdən gələn ətin qoxusunu duyduğu kimi… Oyandım axı Mən bu eşqdən alasərsəm, Hövlnak oyandım Bələkdəki çağanın şirin yuxudan Qəfil səksənib oyandığı kimi… Yoruldum axı Ürəyim yoruldu Ölüm döşəyində son nəfəsini Səssizcə gözləyən qocalar kimi… Səni çox sevdim axı Hisinə – pasına dözən, Atəşi çox sevən bacalar kimi…
Kirpi öpüşü Gəl, kirpi kimi öpüşək Göz- gözə, nəfəs-nəfəsə Sən yanımda olanda Gözlərimi yummayım Sənli dəqiqələr heyifdi axı… Gəl, kirpi kimi qucaqlaşaq “Tikanlarımız” incitsə də Vaz keçməyək bu sevdadan Bir gül üzək kolundan Tikanları mənim Ləçəkləri Sənin olsun Gəl, kirpi kimi küsək Sözümüz çəp gələndə Səssiz-səmirsiz… Yumarlanıb yuvamıza çəkilək Barışanda sincab kimi barışaq Saxladığı fındıqların Yerini unudan sincab kimi Niyə küsdüyümüzü xatırlamayaq Gəl, bu ömrü doğma kimi yaşayaq Nə qədər uzaqlarda olsaq da Bir-birimizi yadırğamayaq… Gəl, kirpi kimi öpüşək Göz-gözə nəfəs – nəfəsə… Hardan tapım Ürəyim darıxsa nə var idi ki O köhnə sirdaşımdı Dərdləşib bir təhər Yola gətirərdim İndi bilmirəm axı Darıxan əllərimə nə deyim ki Anlasın məni…
Hardan tapım Çərpələng qollarını Qucaqlasın məni Ürəyim darıxsa nə var idi ki Saçlarım darıxır Hardan alım Daraq barmaqlarını Ürəyim sızlasa nə var idi ki Boynum üşüyür Hardan tapım Ana südü kimi İlıq dodaqlarını… Yarasını sevərsən Bir gün birisi gələr ömrünə Yarasını sevərsən Ömrünün yarısı Su kimi axar ovuclarından
Yarısını sevərsən… Bir gün biri gələr ömrünə Sən onun gülüşlərini sevərsən Bəzən dünyanın ən mənasız sözlərini deyərsən təbəssümünü görmək üçün O isə göz yaşlarına aşiq olar əlindən gələni edər ağlayasan deyə Sən də onun gözləri Doyana kimi ağlayarsan Uşaqlıq yaraları Qaysaq bağlasın deyə Beləcə bir gün Biri gələr ömrünə Sən də onun yarasını sevərsən Nə qədər qəlbini qırsa da Sevməyə səbəb qalmasa belə Gözlərinin qarasını sevərsən…
Evcik – Evcik Mən evcik evcik Oynamaq istəmirəm, ana Oyuncaq beşikdə Gəlinciklər almayaydın kaşki Böyüyüb kimlərinsə əlində oyuncaq olduq Indi də xoşbəxtliklə Gizlənqaç oynayırıq Daha beşikdəki körpələr Doğrudan ağlayır Gah ağrıdan, gah acından Bu oyuncaq evdə “yad qızıyam” Ömrümə pay düşüb ən ucuzundan… Daha oyun oynamaq istəmirəm Bənövşə-bənövşə deyə deyə Bəndə düşən biz olduq Kaşki kitab olmağı Öyrədəydin, ana… Onda oyuncaq olmazdım Öz romanımı yazardım Ən başından Gül açardım kəlmə kimi Sətir kimi… Susmağı da öyrənərdim Yağmurlara sinə gərən Bir təmkinli çətir kimi… Kitab olmaq istəyirəm Oxumağı ən çox sevən Varaqlasın… Ən maraqlı səhifələri əlfəcinlə daraqlasın… Mən evcik evcik Oynamaq istəmirəm, ana Bu oyun bitmir ki, bitmir Gecələr gözümə yuxu da getmir…
Sənə… Mən sənə nə deyim axı Qırıb dağıtmağa Uşaqlıqdan alışmısan Əvvəlcə ananın qablarını Sonra Qəlbini qırmağı öyrənibsən Qonşuların pəncərələrinə də Daş atıbsan çox güman Beləcə daş-qalaq etməyi Dağıdıb tökməyi öyrənibsən Mən sənə nə deyim axı Elə bil heç böyüməmisən Maşa ilə döyülən uşaq Mən sənə nə deyim axı Elə darıxmışam ki Sığal – sığal, qucaq – qucaq…
UNUDACAM… Bir gün unudacam axı Səni Balaca uşaq sındırdığı oyuncağı Yatana kimi ağlasa da Oyananda unutduğu kimi… Bir gün unudacam axı Səni Yaşlı tənha qadının Sevimli itinin öldüyünü Yaddaşı pozulanda Unutduğu kimi… Bir gün unudacam axı Səni Gələn baharın keçən bahardakı Gülləri unutduğu kimi Təzə çiçəklər açacam Kəsilmiş ağacın Yeni pöhrəsi kimi… Yenə gülümsəyəcəm əməliyyat otağında Gözlərini yenidən açan Xəstənin çöhrəsi kimi… Sən ki, yaxşı bilirsən keçi inadımı Dəmir Ledi kimi susacam Nə vaxtsa çağırsan adımı. Dişlərim dodağımı kəssə də Saçlarımı isladan yağışa Yas tutub ağlamayacam Xatirələrim səni Qəlbimdən danacaq İçim özümü yandırsa da Çölüm səni yandıracaq Özgələr sən adlı yaramı Qısqanacaq… Bir gün unudacam axı Səni Yanımdan yel olub keçsən də Sən tərəfə baxmayacam Bir gün unudacam axı Səni əvvəl-axır unudacam…
Görkəmli hüquqşünas Əli Məhərrəmov (12.IV.1924 – 12.X.1977) qədim Oğuz yurdu Göyçədə anadan olub. Gənc yaşlarında II Dünya Müharibəsində iştirak edib, şiddətli döyüşlər zamanı ağır yaralanıb. Müharibədən sonra Basarkeçər rayonunda məktəb direktoru işləyib. Bakı Ali Hüquq Məktəbini, Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini və Leninqrad (S.-Peterburq) Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Ağdamda Prokuror köməkçisi (1950-51), Şuşada Prokuror (1951-54), Qubadlı (1954-55), Zəngilan (1955-57), Zaqatala (1957-62) və Lənkəran (1962-66) rayon prokurorluqlarında Müstəntiq vəzifələrində çalışıb. 1966-cı ildə Azərbaycan Respublikası Prokurorluğunda Xüsusilə Mühüm İşlər üzrə Müstəntiq vəzifəsinə təyin edilib. 1974-cü ildə Respublika Prokurorluğunda şöbə Prokuroru vəzifəsinə irəli çəkilib. 1975-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilib. 1977-ci il oktyabrın 12-də Ali Məhkəmənin üzvü vəzifəsində ikən, qəflətən vəfat edib. Əli Hüseyn oğlu Məhərrəmov peşəkar hüquqşünas olmaqla yanaşı, xeyirxah və həssas qəlbli insan, etibarlı dost, gözəl ailə başçısı, əsil vətənpərvər ziyalı və qayğıkeş el oğlu idi. Mən hər zaman Atamla fəxr etmişəm. Ruhu şad olsun!
Hüseynov Elşad Qasım oğlu 01 avqust 1961-ci ildə Laçın rayonunun Mirik kəndində dünyaya gəlib. 1980-ci ildə Şuşa Pedaqoji Məktəbini ibtidai sinif müəllimi ixtisası üzrə bitirib. Daha sonra Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsində qiyabi təhsil almışdır. 1980-2010-cu illərdə Laçın rayonunun Quşçu, Mirik və Budaqdərəsi məktəblərində ixtisası üzrə müəllim, direktor müavini və direktor işləmişdir.
GƏL SƏNƏ SEVMƏYİ ÖYRƏDİM
Deyirsən sevmirəm, sevə bilmirəm, Gəl sənə sevməyi elə öyrədim… Dolaşaq qol-qola əlim belində, Vüsal atəşiylə yansın ürəyim – Gəl sənə sevməyi belə öyrədim…
Darayım telini səhər mehi tək, Düşüm dodağına bahar şehi tək. Yaralı ceyran tək, ürkək ahu tək, Dikilsin gözünə həsrət gözlərim – Gəl sənə sevməyi belə öyrədim…
Bəxtəvər tanısın qoy hamı bizi, Yansın qəlbimizdə sevginin közü. Sevincdən yaşaran o nəmli gözü, Gah silim, gah öpüm, gah əzizləyim – Gəl sənə sevməyi belə öyrədim…
Mavi dəniz, coşan dalğa, mən də tək, Həsrətdən alışır sinəmdə ürək. Qaça-qaça, oğrun-oğrun gələrək, Gəzsin dodağında titrək əllərim, Gəl sənə sevməyi belə öyrədim…
Gözlərimiz sakit-sakit baxışsın, Ürəyimiz oda dönsün alışsın. Nəfəsimiz bir-birinə qarışsın, Tərpənməsin nə dodağın, nə dilim, Gəl sənə sevməyi belə öyrədim..
Oktyabrın 11-də AMEA-nın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən Xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş “Milli təfəkkür və tarixi yaddaş şairi Məmməd Araz” mövzusunda elmi konfransda maraqlı məruzələr təqdim olundu.
Mən nəsr tədqiqatçısı olsam da Məmməd Araz poeziyasının sehrinə, konfransın xoş aurasına qapılıb çıxışçı kimi şairin “Dünya sənin, dünya mənim…” şeiri ilə bağlı elmi mülahizələrimi bölüşdüm. Ruhu şad olsun!
GÜLÜZƏ (… bütün gül balalar üçün…) Yaradan göndərib, səni bir mələk, Deyib, bu gül gərək, ancaq, gül üzə… Ata sözü haqdı, bunu haqq bilək, Ata nəsihəti, çalış, gül üzə…
Kaş dilin, dodağın daim bal süzə, Abırın, ismətin üzə al düzə, Min budaq, çox yaşa, ilmə sal yüzə, Yolunda üzünə hər vaxt gül üzə…
Sözün şirin olsun, söhbətin məzə, Qoyma, yanağından əksilə qəmzə, Bu gözəl dünyanı bir az da bəzə, Ustac əmanətin qoru, Gülüzə… 12.12.2016. Şamaxı.