Bir həsrət üşüyür indi hardasa, Əsir yarpaq -yarpaq sazağın altda. Bir çiçək bahara açır gözünü, Bir çiçək can verir torpağın altda.
Bir arzu aldanır payız yelinə, Bir arzu köz olur odsuz, oçaqsız. Bir ümid asılır dar ağacından, Bir ümid doğulur əlsiz , ayaqsız.
Bir sevgi yol gedir sabaha sarı, Bir sevgi asılıb gümanda qalıb. Bir öpüş qovuşub azadlığına, Bir öpüş hələ də damanda qalıb.
Bu gedən sevdalar, gələn sevdalar, Görən hansı yoldan , bərədən keçir? Görən neçə qeybət, qal bazarından, Neçə cür qanundan, törədən keçir?
Hardasa ağlayır bir qız ləpiri, Baxırsan üstündə göz yaşı donub. Bir yarpaq üzülüb öz budağından Uçub bu ləpirin üstünə qonub.
Kimsə ulduz-ulduz sayır saatı, Kimsə kirpiyiylə döyür gecəni. Bir sürü yalavaç küçə itləri Söhbətə tuturlar yoldan keçəni.
Bir səhər taxtından yıxılır indi, Bir səhər taxtına çıxır hardasa. Kiminsə könlündən keçən məhəbbət Kiminsə baxtına çıxır hardasa.
Bir qadın saçını darayır bəlkə, Paltarı səadət, sinəsi həsrət. Açılıb örtülür dərdə, sevincə, Bir qapı işıqdı, bir qapı zülmət.
Bir yuxu tökülür göyün üzündən, Bir yuxu nə vaxtdı ərşə çəkilib. Dünyanı bürüyüb od, ocaq iyi, Deyəsən ürəklər şişə çəkilib…
BU QAPI
Bu qapı şadlığa açılmadı heç, Açılıb bağlandı qəmə bu qapı. Gələndən, gedəndən bir tənə yedi, Lənət qapısıymış demə bu qapı.
Utanır elə bil öz taleyindən, Başını aşağı salıb dayanıb. Uçub tökülərdi çoxdan bu qapı, Tanrı umuduna qalıb dayanıb.
Ərklə bu qapını çalan olubmu, Kiminsə üzünə gülüb bu qapı? Nə olsun açılıb örtülür hələ Elə ayaq üstə ölüb bu qapı.
Baxanda adamın zəhri yarılır, Bu qapı sevgidən uzaqdı, Allah. Bu qapı sevincə tamarzı qalıb, Bu qapı yazıqdı, yazıqdı, Allah.
GÖZ ARASINDA
Hamının gözündə ölüm xofu var, Cəhənnəm xofu var, zülüm xofu var, Burdan o tərəfə bircə qapı var, Açılır qaş ilə göz arasında.
Neçə əl yapışıb bax, çiynimizdən, Bu sol çiynimizdən, sağ çiynimizdən, Asılıb qalıbdı vaxt çiynimizdən, Dolaşır əlliylə yüz arasında.
Bir günah Onundu, bir günah bizim, Gör hara gətirib bu günah bizi, Gah şeytan azdırır, gah Allah bizi, Qalmışıq yalanla düz arasında.
Adam olmağın da yüz əzabı var, Səbir əzabı var, döz əzabı var, Hərənin öz haqqı, öz hesabı var, O da ki, Allahla öz arasında.
ÖZÜMƏ
Bu bàyram səninçün şeir yazmadım, Utandım qələmdən, varaqdan nəsə, Utandım Allahdan, günahdan nəsə. Bu dəfə əliboş gəldim yanına, Məni yazmadığım sözə bağışla, Tanrıya bağışla, bizə bağışla. Bu bayram səninçün çiçək almadım, Bu bayram doyunca ağlatdım səni, Bu bayram boyunca ağlatdım səni, Ağla, gözlərinin yaşına dönüm, “Bayramın mübarək” – deyə bilmədim, Dayan ,heç olmasa başına dönüm. Mən səni köməksiz qoydum bu bayram, Şeirsiz, çiçəksiz qoydum bu bayram, Sənin həvəsinlə oynadım, qadın. Bu gün daşa döndüm, dəmirə döndüm, Sənə bircə çiçək qıymadım , qadın. Aldada bilmədim bu gün mən səni, Durub danışmağa sözüm olmadı. Utandım qələmdən, varaqdan bu gün, Lap elə Allahdan, günahdan bu gün , Səni aldatmağa üzüm olmadı. Bu bayram mən səni sözə tutmadım, Bu bayram mən səni baxışa tutdum, Küləyə, leysana, yağışa tutdum. Elə için -için göynədin , qadın. Bu bayram səninçün şeir yazmadım, Bu bayram səninçün çiçək almadım, Bu bayram öyrətdim sənə təkliyi, Bu bayram qapını döymədim, qadın.
Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur.
R.İsmayıl şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.
14 mart – Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müəllimin ( Anar Rəsul oğlu Rzayev) doğum günüdür. Özünu Sözə, ədəbiyyata həsr etmiş ağsaqqal ziyalımız, ustad ədibimizi dünyaya təşrif buyurduğu gün, ömür təqviminin yeni ili münasibətilə Sözün işığında qutlayıram. Tanrı qorusun!
Sözün işığında yol gedənlərin Düşər çöhrəsinə Tanrı işığı. Ağsaqqal zirvəsi fəth edənlərin İlahi qüdrətdən nur yaraşığı.
Hər kəsin əməli – onun aynası, Sənin söz çələngin, qələmin örnək. Ağsaqqal yolunun idrak-mayası Haqqa, həqiqətə yön olan məslək.
Dünya işığına göz açan andan Ömür dediyimiz bir yol üstəyik. Belə xəlq edibdi Ulu Yaradan, Təpədən-dırnağa arzu-istəyik…
Doğum gününüzü və yubiley yaşınızı təbrik edirəm. 80 illiyinizə həsr etdiyim yazını Şuşaya qovuşmaq arzusuyla bitirmişdim. Nə xoş ki, o arzumuza yetişdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə cəngavər ordumuzun dünyanı heyrətdə qoyan fədakarlığı sayəsində Şuşada, bütövlükdə Qarabağda qan ağlayan torpaqlarımızın həsrətinə son qoyuldu. Şuşamız yenə çal-çağırlıdır, yenə qonaq-qaralıdır. Xarı bülbül festivalı, Vaqif Poeziya günləri yenə Şuşada baş tutur.
Son 30 ildə ilk dəfə olaraq qalib ölkənin vətəndaşı, yazarı kimi yubileyinizi qeyd edirsiniz. Sizə-sevimli xalq yazıçımıza uzun ömür, sağlam canla yaradıcılıq uğurları arzulayıram.
80 illiyinizdə Sizə ünvanladığım təbriki yenidən oxucuların ixtiyarına verirəm.
Çox hörmətli Anar müəllim!
Elə bilirəm ki, Sizinlə müasir olmasaydım, ədəbi dünyamda bir boşluq olacaqdı. Mənim üçün yaşadığım dövrün ən qiymətli milli sərvətlərindən birisiniz. Özü də yüzillər keçəndən sonra daha qiymətli olaraq istifadə olunacaq milli sərvət…
Biz zahirən o qədər də yaxın deyilik. Qəlbimə yaxın olan ən əziz ziyalılardan olsanız da, tədbirləri nəzərə almasaq, Sizi tanıdığım uzun illər ərzində qapınızı heç 5-10 dəfə döyməmişəm. Qıymamışam. O mənada ki, Sizin üçün ən qiymətli nəsnələrdən olan vaxtınızı almaq istəməmişəm. Yazıçılar Birliyinin üzvü təkcə mən deyiləm axı… Hər gələn qayğısı, problemi ilə Sizi nə qədər yükləyir? Lazım oldu-olmadı ilhamlı anlarınızı əlinizdən alanların sayı bir deyil, beş deyil… Yaxşı yadımdadır. Nədən ötrüsə qəbulunuza gəlmişdim. Söhbət əsnasında Yazıçılar Birliyinin üzvü olmadığımı biləndə təəccübləndiniz. – Ədəbi jurnalın baş redaktoru çoxdan Birliyin üzvü olmalıydı, yazılarınızı da oxuyuram, – dediniz. – Anar müəllim də Birliyin üzvü, mən də… utana-utana söylədim. Güldünüz.
Həmin il qəbul müvəqqəti dayandırılmışdı. Amma məni Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə növbəsiz qəbul etdiniz. Buna görə hər zaman Sizə minnətdaram. Həmin gün Sizin təşəbbüskarlığınız olmasaydı, yəqin ki, bu günə kimi Birliyin üzvü deyildim.
Hörmətli Anar müəllim!
Nə yaradıcılığınıza qiymət vermək səlahiyyətindəyəm, nə də oxuduqlarımı təhlil etmək fikrində… Dəfələrlə haqqınızda nəsə yazmaq istəmişən. Cürətim çatmayıb. Bu yazını yazmağa isə məni yubiley yaşınız sövq etdi. Öncədən deyim ki, kitabla, bədii ədəbiyyatla təmasda olduğum zamandan oxuduğum nasirlər sırasında birincilərdənsiniz. Neçə onillərdir ki, fikir dünyamı zənginləşdirənlər arasında Sizin öz yeriniz var. İstər nəsr, istər dramaturji, istər publisistik əsərlərinizin hər birini neçə dəfə oxuduğumu xatırlaya bilmirəm. Amma hər dəfə ilk dəfə oxuyurammış kimi başlayıram. Bu yazını yazanda nə Sizin kitablarınızı vərəqlədim, nə də haqqınızda yazılanları. Açığı, təsir altına düşməkdən qorxdum. Öz tanıdığım Anarı yazmaq istədim. Amma bu ərəfədə hörmətli qələm sahibi Arif Əmrahoğlunun Sizin haqqınızda yazdığı “Mən xoşbəxtəm ki, anlamağa qadirəm” kitabı əlimə düşdü. Qələminə qüvvət, mənim ürəyimdən keçənləri istədiyimdən də yüksək səviyyədə yazıb çap etdirib. İstər-istəməz yazdıqlarının təsiri altına düşdüm. Bu mənada Arif Əmrahoğlundan dönə-dönə üzr istəyirəm. Fikirlərimizin üst-üstə düşməsi hər ikimizin Sizə hörmət və məhəbbətdən irəli gəlir. “İstedadlı bədii əsər yazmaq sevincdir, amma sağlığında əsərinin, əməlinin bənzərsizliyi ilə tarixə çevrildiyinə müasirlərinin etirafına şahid olmaq xoşbəxtlikdir.” Nə qədər haqlı fikir!
Hələ yazıb-oxumağı bacarmadığım zamanlarda Sizin hekayələrinizin ləzzətini radio dalğalarından duyurdum. Yazıb-oxumağı öyrəndim. İbtidai sinfi də bitirdim. Səməd Vurğundan, Şəhriyardan, Rəsul Rzadan, Mikayıl Müşfiqdən, Nigar Rəfibəylidən, Mirvarid Dilbazidən, Bəxtiyar Vahabzadədən, Nəriman Həsənzadədən, Məmməd Arazdan … bir az aralandım. Nəsrə keçdim. Bu sırada İlyas Əfəndiyev, Elçin və Siz öndə idiniz. Ədəbiyyatda mühüm bir mərhələni təşkil edən altmışıncı illərdən bu yana mənim üçün canlı bir epoxasınız. Radioda telefonla bağlı bir hekayənizin radio tamaşasını tez-tez verərdilər. O qədər təsirlənmişdim, sonralar mən də bir hekayə yazdım (Siz Allah, “hekayə yazdım” ifadələrinə görə məni bağışlayın). Hətta Sizdən bir epiqraf da gətirdim: “Dünən sənin telefonun öldü.”
Hötmərli Anar müəllim!
Təəssüf ki, yaradıcılığınız elə ilk gündən istedadsızların əbədi mövzusudur. İstedadlılar istedadsızlara hər zaman əlçatmaz zirvə olduğundan gücləri yalnız paxıllıq hissləri ilə ürək bulandırmağa çatır. Günahkarsınızmı, zamanına sığmayan, sözü ötkəm Rəsul Rzanın, ipək kimi yumşaq Nigar Rəfibəylinin ailəsində dünyaya göz açmısınız?! İki böyük istedadın başqa cür barı ola bilərdimi?! Doğulduğunuz ailə mühitinə uyğun olaraq yəqin ki, uşaqlığınız da, gəncliyiniz də başqalarından fərqli keçib. Ədəbi, yaradıcı mühit, hər zaman nəinki Azərbaycanın, dünya xalqlarının, keçmiş SSRİ məkanının tanınmışları ilə zəngin ünvan. Ata-ananızın əbədi ayrılığından sonra ürək ağrısı ilə qələmə aldığınız “Sizsiz”in yazılıb dərc olunma tarixi mənim tay-tuşlarımın yaxşı xatirindədir. Jurnal variantından sonra əl-əl gəzən kitab hər ailənin stolüstü kitabına çevrilmişdi. Sənədli xatirələrlə dolu “Sizsiz”də belə valideynlərin övladı – özü də oğul övladı olmaq məsuliyyətini daşıdınız. “Sizsiz”də mənim fikrimcə, Rəsul Rza və Nigar Rəfibəyli Sizin valideynləriniz olmaqdan daha çox, Rəsul Rza və Nigar Rəfibəyliyə oğulluq missiyyasını daha çox yerinə yetirmisiniz. Arif Əmrahoğlunun fikirlərinə yenə istinad edirəm: “Doğmaların itkisi insanı silkələyən fərdi bir ağrıdır, faciədir. Hərənin öz dərdi var, insanın insanlığı bir də öz dərdinə hörmət etməsilə ölçülür. Gözlənilməyən və çağrılmayan itki Anarın şəxsi dərdilə yanaşı həm də bütün Azərbaycan xalqının dərdidir. “Sizsiz” şəxsi itki haqqında elegiya deyil, valideynlərin ölümü haqqında göz yaşları deyil. “Sizsiz” həyat, insan ömrünün mənalılığı, ölümün qaçılmazlığı haqqında düşüncələrdir.
Anarın Nigar Rəfibəyli haqqında xatirələri öz həyatı haqqında xatirələrə çevrilir. Xatirələrlə tanışlıq göstərir ki, ölümlü insanlar kimi R.Rza və N.Rəfibəylinin poeziyadan başqa, ANAR adlı başqa sevimli əsərləri varmış.”
Hörmətli Anar müəllim!
Yazını yazdıqca qəlbimdə yaxın-uzaq xatirələr, xəyalımda quş kimi uçan illər… 1981-ci ilin aprelin ikisində Rəsul Rzanın vida mərasimi və dəfni… Tələbə idim. Ömrümdə ilk dəfə belə nəhəng izdiham görürdüm. Sonralar da vida və dəfn mərasimlərində iştirak etmişəm. Amma o izdihamın əzəməti hələ də yaddaşımda yaşayır.
Anar müəllim!
Sizin haqıqnızda yazdığım anlarda unudulmaz Həsənağa Turabovun 75 illiyi ilə əlaqədar televiziyada verilişlər gedirdi. Yaşıd olduğunuzu bilmirdim. Ruhu şad olmuş Həsənağa Turabovu niyə xatırladım?… 1982-ci illərin əvvəlləri idi. Milli Dram Teatrında aktyorun yaradıcılıq gecəsi keçirilirdi. O zaman belə görüşlərə təşnə idik. Dəvətnamə tapmaq müşkül məsələ idi. İndi dəvətnamələri də rahat tapırıq, biletləri də. Təəssüf ki, həmin ovqatda deyilik… Dəvətnaməni bizə unudulmaz yazıçı-publisist Mailə xanım Muradxanlı vermişdi. Yoldaşımla getdik. İki ildi ailəliydik. Hər ikimiz tələbəydik… Yaradıcılıq gecəsində çoxları söz dedi. Amma etiraf edirəm ki, heç biri yadımda qalmayıb. Amma Sizin dedikləriniz indiyə kimi xatirimdədir. Gecəni indi xalq artisti olan Firəngiz Mütəllimova aparırdı. Ağ paltarda idi. Sizin dediklərinizdən: “Həsənağa Turabovun yaradıcılıq gecəsini məhz Firəngiz xanım aparmalıydı. Özü də beləcə ağ paltarda… “Şəhərin yay günləri”nin məşqləri gedirdi. Rejissor Tofiq Kazımov Həsənağa Turabovun oyunundan necə riqqətə gəldisə, ani olaraq məşqi dayandırdı. Hamımız onun nə deyəcəyini gözləyirdik. Tofiq müəllim vəcdə gələrək: “Həsənağa, qayıt gəl teatra, bu səhnə sənə yaraşır, sən bu səhnəyə,” dedi.
Bu həmin illər idi ki, Turabov teatrdan uzaqlaşmışdı.
İlk kitabım olan daxili xidmət general-mayoru Aydın Məmmədovun ömür yolunu yazırdım. Nədənsə bir-iki gün fasilə verdiyimdən fikirlərimi toplaya bilmirdim. Ağ vərəqlər qarşımda, qələm əlimdə… Səssizliyin bu yerində unudulmaz maestro Emin Sabitoğlu haqqında televiziyada veriliş başlandı. Siz danışdınız. Dost itkisinin ağrı-acıları içinizi göynədirdi. Hər kəlməniz iliyimə işləyirdi…
Gəl qoşulaq durnalara,
Vətən sarı uçaq, uçaq…
Göy boşluqdan gəmi üzər,
Yada düşər mavi Xəzər.
Altmış yaş necə yaxın
On beş yaşım necə uzaq.
Sözləri Sizin, musiqisi Emin Sabitoğlunundur. Maestronun öz səsiylə, öz müşaiyətilə mahnı səsləndi. Mahnı bitdi. Siz isə xatirələrainizi davam etdirdiniz.
Hər ikisinin taleyinə 63 illik ömür qisməti yazılıbmış. Kitabın elə yerində qalmışdım ki, 15 yaşında artıq Astaraya sığmayan Aydın Məmmədov evdən xəbərsiz qatara oturub Bakıya gəlmişdi. Adi dəniz matrosluğundan daxili işlər nazirinədək yüksəldi, ləyaqətli, şərəfli bir ömür yaşadı.
Sizin televizyadakı söhbətinizdən, daha doğrusu, “On beş yaşım necə uzaq…” misrasından sonra sanki itmiş açarı tapdım. Kitabı böyük həvəs və sürətlə yazıb başa çatdırdım.
Anar müəllim!
“Söz” jurnalında müsahibələrdən birinə verdiyiniz cavab belə idi. “Ən çox sevdiyim iş yaradıcılıqdır”. Bakıda 10-15 il əvvəl baş verən sonuncu (təki sonuncu olsun) ağır zəlzələ zamanı evdən çıxanda kimi pullarını, kimi qızıllarını götürüb qaçıb. Siz isə əlyazmalarınızı. Nə dərəcədə həqiqətdir, deyə bilmərəm, çünki gözümlə görməmişəm. Amma yüz faiz inanıram.
Sevimli Anar müəllim!
Son illər çoxlarının düçar olmuş yaddaşsızlıq problemindən mən də əziyyət çəkirəm. Amma Sizinlə olduğum tədbirlərdə və ya televiziya verilişlərində mübaliğə olmasın, bütün dedikləriniz yaddaşıma yazılıb. Yəqin ki, bu deyim tərzinizin orijinal, duzlu olmasından irəli gəlir. Çoxları Sizi qaraqabaq kimi qiymətləndirir. Amma elə bir çıxışınız olmur ki, ora incə yumorunuz qatılmasın. Ciddi adamların yumoru da ciddi olur axı… “Poeziya” verilişinin növbəti sayı poeziya nəhəngi Rəsul Rzaya həsr olunmuşdu. Qonaqlarınız xalq şairi Fikrət Qoca və akademik Rafael Hüseynov idi. Yaşdan, müdriklikdən söz düşdü. Üçünüz də qeyd etdiniz ki, Rəsul Rza hələ cavanlığından yaşından böyük, müdrik olub. Rafael müəllim Fikrət Qocanın “Qoca”sı ilə əlaqədar nəsə dedi. Siz “Fikrət işini vaxtında tutub” dediniz. Başqası bu sözləri söyləsəydi, bəlkə də dodağım qaçmazdı. Amma Sizin dediyinizə ləzzətlə güldüm.
Uzun illər köməkçiniz işləyən Tovuz Teymurovanın Tacmahal şadlıq sarayındakı toy məclisinə astaralı rəfiqəm Sakitə Ülvi ilə gəlmişdim. Bizdən bir qədər sonra Siz ömür-gün yoldaşınız Zemfira xanımla gəldiniz. Qonşu stollarda idik. Sakitə xanım sizinlə şəkil çəkdirmək istədiyini bildirdi. Durub Sizə yaxınlaşdım. Daha doğrusu, Zemfira xanıma. Həmin ərəfədə yenicə akademik seçilmişdi. Təbrik elədim və sizlərlə şəkil çəkdirmək istədiyimizi bildirdim. Zemfira xanım etiraz etmədi. Siz isə – sizə heç nə demir, davası mənimlə evdə olacaq – söylədiniz.
Zarafatınıza hamımız güldük. Belə yumor və zarafatlarınızla iştirakçısı olduğunuz tədbirlərdə çox rastlaşmışam. Xüsusilə Yazıçılar Birliyinin Natəvan klubunda. Haqqında tədbir olan yubilyarın və ya hər kimsənin ən orjinal dəst-xəttini xarakterini açmaqla tədbirdə xoş əhval-ruhiyyə yaradırsınız.
Anar müəllim!
Bəlkə də, tay-tuşlarınız olan digər qələm adamları kimi ehtiyacın, kasıbçılığın nə olduğunu bilməmisiniz (Deyim ki, təmtəraqlı, qeyri-adi geyiminizi də heç vaxt görməmişik). Amma istər ata, istər ana – Məmmədxanlılar və Rəfibəylilər tərəfindən acı repressiyalar, nigaran ömürlər, üzüntülər, faciələr Sizin nəslin taleyindən yan keçməyib. Nəslin sağalmayan ağrı-acıları bu günədək ürəyinizi göynədir.
Sadə geyim tərzi şəxsiyyət üçün o qədər də önəmli deyilmiş. Önəmlisi odur ki, hər hansı bir oxucunuz Sizinlə adi kostyumda rastlaşsa belə, Sizi sevən digər dost tanışına fəxarətlə bildirir: “Mən bu gün Anarla rastlaşdım” (Əvvəllər belə hallar tez-tez olurdu. Çünki çox zaman piyada gəzirdiniz).
Anar müəllim!
Ömrü boyu əyalətdə yaşayıb-yaradan şair-dramaturq Şəkər Aslana xüsusi diqqət göstərirdiniz. 1985-ci ilin fevral ayı idi. O zaman yerli qəzetdə işləyirdim. Siz xalq şairi Fikrət Qocayla Lənkərana Şəkər Aslanı görməyə gəlmişdiniz. Şəkər müəllim qəzetin yaradıcı kollektivini çağırıb sizinlə görüşdürdü. Yadigar olaraq şəkil də çəkdirdik.
1995-ci ilin yayında Şəkər Aslanın 60 illik yubileyinə hazırlaşərkən şair qəflətən dünyasını dəyişdi. Lakin bir neçə ay sonra indi haqq dünyasında olan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Dilruba xanım Camalova yubileyi keçirməyə nail oldu. Bakıdan xeyli qonaq gəlmişdi – bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov, Mədəniyyət və İnformasiya nazirini əvəz edən xalq şairi Nəriman Həsənzadə, xalq artisti Canəli Əkbərov, professor Gülrux Əlibəyli və başqaları. Şəkər Aslanın yubiley gcəsində də, qəbri üstündə də kövrək xatirələr söylədiniz.
Müəllifi və aparıcısı olduğunuz “Poeziya” verilişinin bir sayını Şəkər Aslana həsr etmişdiniz. Xatirə söyləmək üçün şair İltifat Salehlə məni dəvət etmişdiniz. Xatirələrimiz çox uzandı. Düşündüm ki, dediklərimizi kəsib doğrayacaqlar.
Narahatlığımı Sizə də bildirdim. Dediniz, darıxma, 2 veriliş edərlər.
Belə də oldu.
Sevimli Anar müəllim!
XX əsrin altmışıncı illərindən XXI əsrə pərvazlanan sənət nurunuz yarım əsrdən artıqdır ki, milyonların qəlbini işıqlandırır.
“Qobustan” dərgisini – gözəl sənətlər toplusunu 1969-cu ildən yaratsanız da, mən dərgini 1979-cu ildən izləməyə başlamışam və o zamandan “Qobustan”ın orbitindəyəm. İtirdiyim illərin saylarını sonralar əldə edib istədiyim yazıları oxumuşam. Rafael Hüseynovun və digər sevdiyim qələm sahiblərinin yazılarını məhz “Qobustan”ın səhifələrində tapmışam. Fərqli dərgi olan “Qobustan”da fərqli üslubunuz nəzərə çarpırdı. Dərgi elə bir dörvdə nəşrə başlamışdı ki, mətbuatın hökmü məhkəmə hökmünə bərabər idi. Təzyiqlərə məruz qalsanız da, jurnalın orijinal yazı tərzini, mövzu orijinallğını qoruyub hifz edirdiniz.
Məlumdur ki, altmışıncılar nəsli arasında öncüllərdən biri Siz olmusunuz. Sizin nəslin yazarları sığmadığınız üfüqləri yeni yaradıcılıq tərzində tapırdı. Siz də özününzdən əvvəlkiləri bəyənmirdiniz. Fəqət bəyənmədiklərinizi nə söyür, nə də təhqir edirdiniz. Fikirlərinizin sübutu üçün yeni formalı, yeni deyim tərzi olan əsərlər qoyurdunuz meydana. Tarix boyu heç zaman gənclik keçmişi bəyənməyib. İndiki nəsil isə həddən ziyadə azad, sərbəst bir mühitdə yaşayıb yaratsalar da, xəbis hisslərindən əl çəkmir. Şöhrətinizi qısqanırlar. Onların qərəzli mövqelərinə dözsəniz də, bütün bunlar içinizdən keçir, səhhətinizə təsirsiz ötüşmür.
Anar müəllim!
Azərbaycan xalqının ana kitabı olan “Dədə Qorqud” dastanına əbədi ekran həyatı bəxş etməyiniz bütöv türk dünyasına ən böyük töhfədir.
Doğma yurd haqqında bundan gözəl nə demək olar!?
Vətəni sevmək və ya qorumaq əlinə silah alıb təkcə düşmənlə döyüşməkmi? Qarabağ göynərtisi, Qarabağ ağrısı, bütövlükdə vətən obrazı yazılarınızda, filmlərinizdə elə yüksəkdədir, sözünüzün qüdrəti, sözünüzün hökmü milyonları ardıyca apara bilər.
Yaradıcılığını yüksək qiymətləndirdiyiniz mətbuatımızın Molla Nəsrəddini – Mirzə Cəlili “Qəm pənəcərəsi”ndə necə də ağrılı məhəbbətlə əbədiləşdirmisiniz.
Cavid əfəndini “Cavid ömrü”ylə yenidən xalqımıza qaytardınız.
Bütün teleflim, teletamaşalarınızın ərsəyə gəlməsində xalq artisti Ramiz Həsənoğlunun xidməti danılmazdır.
“Dantenin yubileyi” – Kəbirlinskinin saflığından doğan sadəlövhlüyünə hər baxanda ürəyim göyüm-göyüm göynəyib.
“Otel otağı”nı “Azərbaycan” jurnalından oxuyub ağlamışdım. Hətta Sizə bir məktub da yazdım. Amma göndərmədim. Sonra film… Müasir ziyalının real portreti… Hər birimizin uşaqlığını, gəncliyini əks etdirən nostalji hisslərlə dolu “Gün keçdi”… Ömrü boyu, hətta ölümündən sonra da böhtanlara, dedi-qodulara məruz qalan, qəlbi büllur kimi saf Təhminə…
“Ötən ilin son gecəsi” ən azı hər il elə yazıldığı tarixdə göstərilir. Hər dəfə kövrək, nostalji hisslərlə duyğulanırıq. “Evləri köndələn yar” otuz ildən artıqdır, ruhumuzu saflaşdırır. Dəfə-dəfə baxsaq da, aktuallığını, reallığını, yumor hissini itirmir. Obrazların hər kəlməsi artıq aforizmə, zərb-məsələ çevrilmişdir… Bu yaxınlarda çox tanınmış bir şəxsin qırx mərasimində iştirak edirdim. Sanki “Evləri köndələn yar” tamaşasının elçilik səhnəsinin yas mərasiminə düşmüşdüm. Çoxları “məhzı” bu məclisə düşdüklərinə görə, axtardıqlarıyla burda rastlaşdıqlarına görə necə sevinirdilər.
* * *
Bəlkə də, bu mənim səhvimdir? – Ömrümdə nə bir xarici filmə baxmışam, nə seriala…
Amma “Üzeyir ömrü”nü əzbər bilirəm. Əgər bir gündə film televiziyanın 2-3 kanalından göstərilsə, heç birini ötürmərəm.
Yüz yaşayın, Anar müəllim!
Şuşa əvvəl-axır bizim olacaq. Amma həmin cənnətməkan olmayacaq axı… Qarabağın şah tacı Şuşa nankor erməni vandalizminə məruz qalmış bir şəhərə çevrilib. Nə yaxşı ki, o cənnətməkan diyarı vaxtında filmdə əbədiləşdirmisiniz. Deyərdim ki, bu gün əlçatmaz olan Şuşanı lentə alıb əbədiləşdirmək yüzlərlə döyüşən əsgərin qəhrəmanlığına bərabərdir.
Filmə baxıram… saralıb solmuş fotolar, qədim Şuşa, yerli şuşalılar… Üzeyir bəyin canlı görüntüləri, canlı səsi… Balaca Üzeyir Şuşadan gedir. Faytona oturur, Qori şəhərinə yola düşür. Şuşanın şöhrətini daha uzaqlara yaymaq üçün…
Sonralar yenə də Şuşaya qayıdır. Lakin qonaq kimi. Qulaqlarında Şuşa nəğmələri, göz yaddaşında Şuşa mənzələri. Ömrü boyu bütün yazıb-yaratdıqlarının qəhrəmanları bu şəhərin sakinləri oldular. Uşaqlıqdan yaddaşına əbədi yazdığı nəvalar üzərində kökləndi. İstər dramaturji, istər publisistik, ən başlıcası musiqi istedadının püxtələşməsi üçün məhz Şuşada boya-başa çatmalıydı Üzeyir bəy. Gövhər ağa məscidindən uzaqlara yayılan azan səsi, məhəccərli eyvanlardan körpələrin muğam üstə ağlamaları, İsa bulağının ətrafında ən məşhur ifaçıların oxumalarına heyranlıqla tamaşası, Xan qızı Natəvanla söhbətləri…
Sevimli Anar müəllim!
Sizə yubiley təbriki ünvanlayanda xəyalıma gəlməzdi ki, yazını Şuşa həsrətilə, Şuşa nisgililə bitirəcəyəm. Nə yaxşı ki, belə alındı. İnanıram ki, lap yaxın yubileylərinizin birində “Üzeyir ömrü”nə Şuşada baxacağıq. Amin!
Mən Anar Rzayevin nə titullarını sayacam, nə kreslosunu öyəcəm, nə onunla yanaşı çəkdirdiyim şəkli paylaşacam( Çünki qoşa şəklimiz yoxdu) . Sadəcə sevdiyim və hörmət etdiyim bir yazıçı haqda düşündüklərimi qələmə alacam. Axı heç bu yazıçının mənim tərifimə və alqışıma da bir o qədər ehtiyyacı yoxdu. Zamanında( elə indi də) o ki var tərifləyiblər. Boğazdan yuxarı və ya sidq ürəklə, axır ki, öz haqqını, söz haqqını çoxdan alıb yazıçı. Özü də zəhmətiylə, işiylə, cild-cild əsərlərilə alıb. Yəni halal haqqını veriblər. Elə bizə də onun söz tərəfi, işıqlı tərəfi lazımdı.Yalançı tərifin əleyhinəyəm. Elə həqiqətlərə kölgə salanların da. Az qala birnəfəsə oxuduğum kitabların müəllifini elə sözündən tanıyıb təqdir etmişəm həmişə. Özünüsə yaxından bircə dəfə görmüşəm . AYB -yə üzv olanda tədbirdə vəsiqəni mənə təqdim edəndə. Vəssalam. Sonradan nə o məni görüb, nə mən onun qapısını döymüşəm.( Kabinetinin qapısını) . Kiminsə ətəyindən tutub titul, kreslo eşqinə də düşməmişəm. Yaddaşımda da necə görmüşəmsə, elə də qalıb. Səmimi, təvazökar, mehriban. Bəlkə bir az da utancaq. Vəzifə tərəfindən bu qədər danışa bilərəm ancaq. Amma söz tərəfindən saatlarla, bəlkə lap günlərlə danışaram. Axı ən xırda hekayəsindən tutmuş, ən böyük romanınacan hamısı bir həyatdı yazıçının yazdıqları. Gündəlik qayğılarımız, ağrılarımız, həsrətimiz, ayrılıqlarımız, nisgilimiz, nöqsanlarımız, uğurlarımız yazıçı təxəyyülündə elə məharətlə cilalanıb ki… Anar kökünə bağlı yazıçıdı. Sətir-sətir düşündürən, kitab-kitab anladan yazardı . Gəncliyim onun əsərlərinin arasında keçib. Gecələr lampa işığına , ay işığına oxumuşam kitablarını. Vərəq-vərəq anlamağa çalışmışam yazdıqlarını. Ürəklə, həyəcanla , acgözlüklə özümə diktə etmişəm yazarın düşündüklərini. Anlamadığımı təkrar oxumuşam. Bir də, bir də…. Yazıçı öyrədib, qoruyub , hifz edib məni dünyanın o biri üzündən. Anlamışam ki, beşmərtəbəli evin altıncı mərtəbəsi olmur. Lap özünü öldürsən də olmur. Əsmərin və Oqtayın timsalında əbədi sevgiyə inanmışam. Güvənə- güvənə , qoruya-qoruya, mübarizə edə -edə inanmışam həm də. Onların səhvlərindən nəticə çıxara-çıxara tutmuşam bir sevginin yaxasından. Geriyə dönüşü olmayan sevdaların bir ömür şikəst qoyduğu duyğulara yana-yana inandırıb məni tərtəmiz sevgiyə yazıçı. Yadımdadı onun “Sizsiz” əsərini oxuduqca necə ağrılı hisslər keçirmişdimsə uzun müddət özümə gələ bilməmişdim. Atasızlığı, anasızlığı elə o vaxt daddırmışdı bizə Anar. Yetimləşmişdim bircə anın içində ata-anam yanımda ola-ola. Bəlkə də o çağacan ölümün bu qədər yaxında olduğunu, əbədi ayrılığın ağırlığını bu qədər hiss etməmişdim. Heç o çağacan mən Anarı Rəsul Rzanın və Nigar Rəfibəylinin oğlu kimi də tanımamışdım deyəsən. Çünki yazıçı valideynlərinin kölgəsində yazıb yaratmırdı..Onu özü kimi sevirdik. Anar kimi. Sonra anladım onun soy-kökünə bağlılığını, sözünün çəkisinin hardan qaynaqlandığını. Amma yenə də o həmişəki Anar idi gözümdə. Mən onu Rəsul Rzanın oğlu olduğu üçün yox, yazıçı Anar olduğu sevirdim yenə də. Zərrəcən dəyişməmişdi duyğularım. Əvvəlki çəkisindəydi. Onun psixoloji sarsıntıları mənə də sirayət etmişdi. Neçə gün özümə gələ bilməmişdim. Demək yazıçı bacarmışdı duyğularını sözə çevirməyi. Özü də böyük ustalıq və məharətlə. Onun ssenarısi əsasında çəkilmiş filmlər nə qədər həyati və mükəmməl alınsa da əsərin orjinal dili tamam başqaydı. Yazıçı ilə oxucu arasında təmas yarada bilirdi Anar Rzayev . Dialoqa girirdik hətta müəlliflə. Üz-üzə qoyurdu bizi qəhrəmanlarıyla. Əyinlərindəki paltarından tutmuş səsinə, baxışınacan xəyal edirdik onları. Nəfəslərini hiss edirdik yanımızda. Narazı qaldığımız, üsyan etdiyimiz vaxtlar da az olmurdu. Yazıçıdan küsürdük hətta neçə müddət. Sonra sakitləşirdik və anlayırdıq ki, elə belə də lazım imiş. Çünki həyatın reallıqları ilə barışmaq lazım olduğunu başa düşürdük. Demək Anar fikirlərini düzgün ifadə edə bilirdi. Eyni zamanda yazıçı bizi həqiqətlərlə üz -üzə qoymaqla gözəl həyat dərsi keçirdi bizə. Bu da bir məsuliyyətdi. Bu yükün altına girməkdən də qorxmurdu yazıçı. Təsadüfi deyil ki, teatr və kino tariximizdə ən gözəl filmlərin və tamaşaların çoxusu Anarın ssenarisi əsasında çəkilənlərdi. Onu daha çox sevdirən bilirsiz nədi? Yazıçı azadlığa çan atan duyğularını heç vaxt buxovlamırdı. Onun hissləri sərhəd tanımırdı. Qəhrəmanlarının gizli, mübhəm hisslərini pərdə arxasında gizlətmirdi. Ona görə də oxuduğumuz əsərlər saxta gəlmirdi bizə. Yazıçının əsərlərini elə ilk səhifədəcə özümüzünküləşdirirdik. Özü də sevə-sevə. Əsər bitsə də qarmaqarışıq duyğuların arasında neçə gün özümüzə gəlı bilmirdik. Dönə bilmirdik reallığa. Elə bilirdik ki, elə əsl həyat o kitablardadı. Bu da yazıçının uğuruydu. Bəlkə də fikirlərimlə və düşündüklərimlə razılaşmayanlar da olacaq. Amma bütün bunlar mənim sevdiyim yaxıçı haqda düşüncələrimə xələl gətirməyəcək. Qəribədi. Hərdən fikirləşirəm ki, bütün gözəl yazarlarla mənim bir ruh bağım var. Özü də gizlin, gözəgörünməz yaxınlıqdı bu. İşıq seli qədər yaxın. Bəlkə bu ruh yaxınlığımızdı bizi Anar Rzayevlə doğmalaşdıran. Ad günü ərəfəsində yazıram bu yazını. Özü də ay işığına. Bilmirəm heç doğum gününəcən çatdıracağammı? Amma əsas odu ki, yazıram. Özü də ürəklə yazıram. Təmtəraqsız və bəzəksiz. Düşündüyüm kimi. Nə qədər bacarıram , nə qədər yazıçıya layiqdir, onu da bilmirəm. Əsas odu ki, bu yazı doğulur . Özü də ömrünün 86 -sında. Bir də nə vaxt doğulacaq belə bir yazı? Allah bilir. Bircə onu bilirəm ki, mən onu “Dantenin yubileyi”-nə, ” Gürcü familiyası”-na”, “Təhminə və Zaur”-una, “Sizsiz”-inə , “Keçən ilin son gecəsi”- nə görə tanımışam. Bu tanışlığın içində dopdolu sevgi və şükranlıq var. Təbrik edirəm .Yeni yaşın mübarək, yazıçı Anar Rzayev! Yolun çox uzun olsun!
İctimai səciyyələr təqdimatlarla xarakterizə olunur. Hər təqdimat da özündə geniş ictimai proseslər ehtiva edir. Elə 11 mart 2024-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Zeynəb Bəhmənlinin “Yuxuma gəl, şəhid balam” kitabının təqdimat mərasimi də bu müstəvidə zəmin tapdı. Əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, onların ruhlarına dualar oxundu, qazilərimzə Allahdan şəfa diləndi. Mərasimi AYB-nin katibi İlqar Fəhmi açıq elan etdi, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin keçdikləri döyüş yolundan ətraflı bəhs etdi. Sonra kitabın redaktoru şairə Qızbəs Qəbələliyə söz verildi. Qızbəs xanım aparıcı qismində qonaqları salamladı, kitabın müəllifi Zeynəb Bəhmənlinin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verdi, şəhid Allahverdiyev Rafiq Gülüş oğlu haqqında danışdı, bildirdi ki, o, 25 yanvar 1970-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub, həmin kənddə səkkizillik məktəbə gedib, 9-10-cu sinifləri başqa məktəbdə oxuyub, hərbi xidmətə gedib. Hərbi xidmətdə ikən separatçı erməni daşnakları havadarları ilə birləşib Azərbaycan Respublikasına qarşı torpaq iddiası ilə təxribatlar törədib. 1990-cı ildə Rafiq hərbi xidmətini başa vurub boya-başa çatdığı kəndə qayıdıb. Bir müddətdən sonra könüllü olaraq özünümüdafiə dəstəsinə qoşulub. 1992-ci ildən rəsmi olaraq Azərbaycan ordusunun əsgəri kimi Qarabağda gedən bir sıra döyüşlərdə iştirak edib, Tuğ, Salakətin, Hoğa, Qaradağlı, Qacar uğrunda gedən döyüşlərdə şücaət göstərib. 1994-cü ilin 30 yanvarında Vətən eşqi ilə döyünən ürəyi erməni separatçılarının snayper gülləsinə tuş gəlib, şəhadətə ucalıb.
Qızbəs xanım 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət haqda da ətraflı danışdı, sonra çıxış üçün sözü şair Mürvət Qədimoğluna verdi. Daha sonra “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədov, şəhid Rafiq Allahverdiyevin əmisi oğlu Ələddin Xankişiyev, şair-publisist Rauf İlyasoğlu, yazıçı-publisist, “Bütöv Azərbaycan” qəzetinin şöbə müdiri Hüseyn İsaoğlu, şairlər Şərqiyyə Süleymanlı, Nazlı Hacılı, Şəhla Lətifqızı, Sara Göyçəli, Saday Qazaxlı, Püstə Sahibqızı, Tubu İmanova, Sədaqət Şıxlı, iş adamı Kamandar Əliyev təqdim olunan kitabın mahiyyətindən, aşıladığı vətənpərvərlik hissindən danışdılar, şəhid Rafiq Allahverdiyevin keçdiyi döyüş yolundan, ona həsr olunmuş şeirlərdən parçalar söylədilər. Son olaraq kitabın müəllifi Zeynəb Bəhmənli tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir yaddaşlarda bir Vətən ovqatı əxz etdi.
“Məişət zorakılığına yox deyək!” hekayə müsabiqəsinin qalibləri elan olunub
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə əməkdaşlıq çərçivəsində keçirdiyi hekayə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Reyting.az xəbər verir ki, AYB-nin Natəvan klubunda 13 mart 2024-cü ildə təşkil olunan tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs açaraq səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığını yüksək qiymətləndirib.
O bildirib ki, məişət zorakılığı halları bütövlükdə cəmiyyət üçün təhlükəlidir və yalnız məqsədyöblü yanaşma, geniş maarifləndirmə ilə bu problemin həllinə nail olmaq mümkündür.
İSİM-nin direktoru Qəhrəman Haqverdiyev çıxış edərək vurğulayıb ki, müsabiqənin təşkilində əsas məqsəd gənc nəsildə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşılma və hörmət, ailədaxili problemlərin dinc yolla çözülərək həllinin tapılması kimi xüsusiyyətlərin aşılanması olub.
Tənqidçi-ədəbiyytaşünas Seyfəddin Hüseynli, İSİM-nin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək bildiriblər ki, məişət, eləcə də gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi, əhali arasında geniş təbliğatın aprılması zəruridir.
Sonra “Məişət zorakılığına yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçılarının hamısı qalib elan olunub: Arif Rəhimov (“Zərif və kövrək məxluq”), Azər Musaoğlu (“Fidan”), Fatimə Bayramova (“Bağlı qapı arxasında”), Maya İmran (“Humay Atabəy”), Rəşid Bərgüşadlı (“Otit”), Şəfa Vəli (“Quşxanadan reportaj”), Zemfira Məhərrəmli (“Ailə sənin məbədindir”). Qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib, belə müsabiqələrin gələcəkdə davam etdirilməsi və seçilmiş hekayələrin ayrıca kitab şəklində çap edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, müsabiqə “525-ci qəzet”in informasiya dəstəyi ilə baş tutub.