Əlirza Xələfli sadəcə yaxşı ədib deyil, o sözümüzün fədakar fəhləsi, zəmanənin bütün biganəliklərinə rəğmən, söz ocağımızın gur yanması üçün təmənnasız xidmət yolunu seçmiş usanmaz qələm sahibidir. Məhz ədib və qələm sahibi. Ona görə ki, “ədib” kəlməsi bir yaradıcı olaraq Əlirza Xələflinin universallığını, üz tutduğu ədəbi səmtlərin hamısında qabilliyini əhatə edir. Və ənənəvi olaraq cibində hər qələm gəzdirənə aid edilə bilən “qələm sahibi” deyimi Əlirzaya münasibətdə dəqiq ifadəsini tapır. Qələmi həmişə onun ixtiyarındadır, o, heç vaxt sözü incitmir, sözü gözlətmir, sözü axtarmır. Sözlər özləri ona doğru uçur. Bu, doğmalarına öyrəşmiş uşağın onlara can atması, adamdan sevgi görüb ona alışmış bir canlının hürkmədən, tərəddüd etmədən o insana sarı gəlməsi kimidir. Qoca ədəbiyyat həminki ədəbiyyatdır. Ancaq ədəbiyyata və ədəbiyyat adamına münasibət müasir dövrdə çox dəyişib. Əlirza qələmində və qəzetində ədəbi həyatın coşqun çağlarının havasını yaşadan, bununla da sözümüzün sabahına ümidləri artırandır. Əlirzalar ədəbiyyatımızın bütün dövrlərində olub. Olmasaydı, bu ocaq çoxdan sozalardı. Olub, amma həmişə də tək-tək olub. Və gərək tək-tək olanların qədri də qat-qat artıq bilinə.
“Apple” şirkətinin dişlənmiş alma loqosu sianid (siyanür zəhəri) bulaşdırılmış almanı dişləyərək intihar edən Alan Mathison Türing-ə məxsusdur. Alan Türinq riyaziyyatçı, kompüter alimi və kriptoloqdur. 1912-ci ildə İngiltərədə anadan olub. 24 yaşında nəşr etdiyi “Hesablana bilən ədədlər üzərində Qərar Probleminin Tətbiqi” adlı məqaləsində bildiyimiz alqoritm anlayışını ümumiləşdirərək, kompüter alqoritmlərinin simulyasiyasında istifadə edilə bilən xəyali bir mexanizma dizayn edib. Həmin maşın bugün “Türinq mexanizması” kimi tanınır. 1950-ci ildə nəşr etdiyi “Hesablama maşınları və zəka” məqaləsində Türinq süni intellektin həqiqətən düşünə bilib-bilmədiyini ayırd etmək üçün bir test təklif edib. Bu gün “Türinq testi” kimi tanınan bu üsul ilk dəfə süni intellekti ciddi şəkildə müzakirə edib. Nasistlərin gizli yazışmalarda istifadə etdikləri Enigma kodlaşdırmasını çözüb. Almanların Enigma adlı məşhur şifrə mexanizmini deşifrə etməklə müharibənin gedişatını dəyişib – Alman sualtı qayıqlarının və döyüş təyyarələrinin London üzərində həyata keçirdiyi bombardmanları qismən zərərsizləşdirib. Bu yolla müharibə İngiltərənin xeyrinə, -qələbə ilə başa çatıb. Sonralar Türinq ölkəsini müharibədən xilas edən kodlaşdırmanı daha da inkişaf etdirib. 1952-ci ildə homoseksual davranışına görə həbs edilib. 2 il sonra 1954-cü ildə Türinq intihar etmək üçün dişlədiyi almadan ölüb. Belə ki, cəsədi tapılanda yanında dişlənmiş zəhərli alma olub. Dişlənmiş alma formalı loqo kompüter texnologiyasının atası sayılan Alan Türinqin əməyinin dəyəri və xatirəsinə sayqı olaraq seçilib.
Yol üstəyəm, qadan alım, bir də gələm-gəlməyəm, Halallıq ver, ay məlalım, bir də gələm-gəlməyəm. Ya bir qədəh kədər göndər gedərayaq nuş edim, Ya bir söz de mənə, zalım, bir də gələm-gəlməyəm.
Biz mamır da olammadıq bu dünyanın daşında, Yaman tutdu toz-tozanaq, hər kəs əli qaşında, Bu küləklər şəhərində yellər əsdi başında, Mən gedirəm, ey havalım, bir də gələm-gəlməyəm.
Adiləyəm, bundan sonra diləyə nə gərək var?! Həsrət yolub saçlarımı, küləyə nə gərək var?! Daha məndə can qalmayıb, mələyə nə gərək var?! Salamat qal, tab-tavanım, bir də gələm-gəlməyəm.