
VAQİF MUSTAFAZADƏNİN FORTEPİANOSU
Şəkildə gördüyünüz fortepiano dahi Vaqif Mustafazadənin fortepianosudir. Həmin fortepiano Xalq rəssamı Sakit Məmmədovun mənzil muzeyindədir. Haçansa, artıq əvəzsiz bir muzey eksponatı hesab oluna bilən bu fortepianonu satmaq istəyiblər. Və fortepianonu Sakit Məmmədov alıb. Ölməz Vaqif Mustafazadə, sonralar dünya caz sənətinin incilərinə çevrilən əsərlərinin bəzisini ilk dəfə bu fortepianoda ifa edib.
Təbii ki, bu fortepianonu görmək mənim də arzum olub. Nəhayət bir neçə il əvvəl dünya şöhrətli Xalq rəssamı Sakit Məmmədovun mənzil muzeyində olarkən bu fortepianonu gördüm. Əlbəttə, vaxtı ilə Vaqif Mustafazadənin çaldığı fortepianoda mən də nəsə ifa etmək istədim. Amma fortepianodakı müqəddəslik məni bu fikrimdən daşındlrdı. Dindar adamlar dəstəmaz almadan namaz qılmazlar. Mən dəstəmazsız dindarların vəziyyətində idim. Vaxtı ilə Vaqif Mustafazadənin sehrli barmaqlarının oxşadığı fortepianonun ağ-qara dillərinə (klavişlərinə) toxunmağa ürəyim gəlmədi. Fortepianonun müqəddəsliyi bu istəyimə mane oldu. Sadəcə, bu son dərəcə qiymətli fortepianoya baxmaqla kifayətləndim. Məhz belə bir vəziyyətdə bacım oğlu Samir mənim şəklimi çəkdi və əminəm ki, bu şəkildə mənim o vaxtki ruh halımı duymaq o qədər də çətin deyil.
Bu fortepianonu ilə bağlı maraqlı bir hadisəni də yazmaq istəyirəm. Bir neçə il əvvəl Vaqif Mustafazadənin indi Almaniyada yaşayan və atası kimi dünyada tanınan cazmen, bəstəkar, pedaqoq qızı, Azərbaycanın Xalq artisti Əzizə Mustafazadə bir neçə günlüyə doğma şəhərinə-Bakıya gəlmişdi. Ölkənin ən məşhur konsert salonunda anşlaqla keçən konserti oldu. Bakıda olduğu qısa zaman kəsiyində Əzizə xanım, haqqında çox eşitdiyi dünyada məşhur digər həmyerlisi, məşhur rəssam Sakit Məmmədovun rəsm əsərlərini görmək üçün Xalq rəssamının mənzil muzeyinə gəlir. Bir neçə qatdan ibarət olan mənzil muzeydə Sakit müəllimin ecazkar rəsm əsərlərinə baxarkən, atasının fortepianosunu görür… Sakit Məmmədov elə oradaca, tam səmimiyyətlə Vaqif Mustafazadənin fortepianosunu onun ciyərparasına-cazmen qızı Əzizə Mustafazadıyə bağışlamaq istəyir. Amma Əzizə xanım bu qiymətli hədiyyədən imtina edir:
-Atamın fortepianosu bu misilsiz rəsm əsərlərinin, ecazkar tabloların əhatəsində qalsa daha yaxşıdır. Belədə atamın ruhu da şad olar. – deyir.

Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında