1952-ci ildə Sibirdə anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin “Ağacların söhbəti” adlı ilk şeri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib, keçir”, “Yaddaş”, Bu da bir ömürdür ağlı-qaralı, “Bura Qazaxdır, oğlum!” Turan Şərqisi şeirlər kitablarının müəllifidir. E.Nəsibli uzun müddət “Elm və həyat” jurnalında məsul katib vəzifəsində çalışıb. “Mərhəmət” jurnalının isə baş redaktoru olub. 1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib. Sovet postməkanı dövründə E.Nəsiblinin şeirlərinin çapına respublika və ittifaq mətbuatlarında geniş yer ayrılıb. O həm də gözəl tərcüməçidir. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini ana dilimizə çevirib. Xalq şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqda respublika, eləcə də ittifaqın qəzet və jurnallarında yüksək fikirlər söyləyiblər. E.Nəsibli həmişə ürəyinin böyüklüyünə və istedadının gücünə arxalanıb. Bu güc, bu istedad heç vaxt onu zamanın, eləcə də kommunist rejimininin məngənəsində əyə, sındıra bilməyib. Hətta ailələri bir neçə dəfə repressiyanın qurbanı olsalar da. Şair Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olmuşdur.
MİN İL GƏZSƏLƏR DƏ… (Şairin şeiri)
Vallah, səni bir də sevə bilərəm, Sənə də sirr olar bu “qəbahətim” Bütün sərhədləri yarıb gələrəm, Demə ki, qalmayıb buna taqətim. Sənin məhəbbətin yağar dünyaya, Həsrətlər, möhnətlər qırğına düşər. Günəş pəncərəndən doğar dünyaya, Hissim də, ruhum da yanğına düşər. Gecə pəncərənə mələklər qonar, Qaranlıq ağarar ay işığında. Heyrətdən göylərdə fələklər donar, Qolları açılar sarmaşığın da. Bu qəfil sevincdən buludlar dolar, Qərib durnalar da köçündən keçər. Səni evinizə aparan yollar, Gəlib gözlərimin içindən keçər. Qovaram dünyadan kədəri, qəmi, Çəkilər dağlardan dumanlar, sislər. Elə gizləyərəm sinəmdə səni, Min il gəzsələr də tapa bilməzlər…
(1975 – şairlər ili)
HƏYAT HEKAYƏSİ
(Bir tanıyanın dilindən)
1982-ci ildən AYB-nin üzvü olan Eldar Əli oğlu Nəsibli 1952-ci il mayın 18-də Tomsk vilayətində Baxçari rayonunun Çernişovka kəndində dünyaya göz açmışdır. Qazax rayonunun ll Şıxlı kəndində orta məktəbi bitirmiş, ADU-nun jurnalistika fakültəsində ali təhsil almışdır. ,,Elm və həyat,, jurnalında ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, məsul katib vəzifələrində çalışmışdır. ,,Mərhəmət,, jurnalını təsis etmiş, baş redaktoru olmuşdur. Ömrünün son illərində ,,Azərbaycan,, qəzetində çalışırdı. Bədii yaradıcılığa 60-cl illərdən başlamış, şeirləri dövri mətbuatda çap olunmuşdur. Əsərləri SSRI xalqlarının dillərinə tərcümə edilmişdir. 1982-ci ildə Lvovda keçirilən XII ümumittifaq poeziya festivalının və 1984-cü ildə Moskvada keçirilən VIII ümumittifaq müşavirəsinin içtirakçısı olmuşdur. ,,Salam dan ulduzu,, ,,Məni səsləyən var,, ,,Harayla məni,, ,,Dünya məndən gəlib keçər,, və s. kitabları çap olunmuşdur.Yaxşı insan idi. Nəşriyyata gedəndə ,,Mərhəmət,, jurnalına da baş çəkərdim. Maraqlı söhbət edərdi. ,,Mərhəmət,, jurnalının əlavəsi kimi ,,Qazax şairləri,, adlı kitab buraxmışdı. Elə sevinirdi ki. Vətənpərvər idi. Çap olunan kitablarımı verərdim, oxuyardı, fikrini deyərdi. Son dəfə Azərbaycan nəşriyyatında görüşdük. Dedi ki: ,,Kitablarını oxudum, geniş bir yazı yazmaq fikrim var,,…Bir gün ,,Azərbaycan,, qəzetinə getdim, lövhədə şəklini gördüm, haqqındakı nekroloqu oxudum. Allah rəhmət eləsin. Amin…
VƏTƏNPƏRVƏRLİK VƏ YA VƏTƏNDAŞLIQ TƏRBİYƏSİ İLƏ BAĞLI ZƏNGİN PEDAQOJİ FİKİRLƏR MEHDİ MİLAXLI YARADICILIĞINDA
Qarşımda bir şeir kitabı var. Kitabın adı “Bir kağızdı, bir qələmdi, bir də mən…” (Bakı: “Xan” nəşriyyatı, 2018, 346 səh.). Kitabın müəllifi pedaqoq-şair Mehdi Milaxlıdır. Mehdi müəllimlə şəxsən tanışlığım yoxdur. “Şərq qapısı”, “Arazın səsi”, “Haqqın səsi” qəzetlərində, eləcə də Facebook səhifəsində paylaşdığı şeirlərini oxumaqla tanımışam və qiyabi tanışlığımız da buradan başlayıb. Dediyim kimi, şairi qiyabi tanısam da şeirlərindəki vətənə, yurda sevgi, dosta, xalqa və ana dilinə məhəbbət, yurd həsrəti, təbiətə vurğunluq, saf sevgiyə bağlılıq, vicdanın səsi, prinsipiallıq, cəsarət, düşmənə nifrət, alov dolu qəzəb onun mənəvi, şəxsi keyfiyyətlərini açıq-aydın nişan verir.
Mehdi Milaxlının kitabı.
Şairin həyat fəlsəfəsi, amalı onun şeirlərindəki surətlərin hərəkətverici qüvvəsidir. Hər bir oxucu tanış olduğu misraların çoxunda vətənə sevgi və qayğıkeşlik, yoldaşa, dosta insani münasibət görür. Mehdi Milaxlı bəzən bu sevgini sezdirmədən, bəzən isə həssaslıqla bəyan edir.
Tanrım, özün qoru türk balaların,
Toxunulmaz eylə türk qalaların…
İgid Türkməneli, mərdanə dayan,
Səngərdi dağ-daşın, hər yalçın qayan.
Mehdi Milaxlı şeirlərində oxucusuna insanlara yaxşılıq etmək fikrini haqlı olaraq tez-tez təlqin edir. Şairin şeirlərindəki ümumi şüar belədir: “İnsan gərək hər dəqiqə insanlara lazım olduğunu hiss etsin”. Mehdi Milaxlının həyat yolu haqqında tanış-bilişlərdən, dostlardan hal-əhval tutmuşam. Ümumi fikir belə olub: Mehdi müəllim istər şeir yaradıcılığında, istərsə də şəxsi münasibətlərində həm şagirdlərinə, həm də insanlara qayğı ilə yanaşır, qayğıkeşlik göstərir. Təbii ki, bu belə də olmalıdır. Çünki şair ilk öncə müəllimdir. Müəllim uşaqları, məktəbliləri, gəncləri ata kimi sevməli, müəllim kimi fəaliyyət göstərməlidir. Deyilir ki, Mehdi Milaxlı tək öz çevrəsinə yox, çətinliyə düşən hər kəsə yardım etməyə çalışır. İnsanlara lazım olduğuna görə də fərəh hissi keçirir. Halal adamdır, öz əqlinin və əlinin zəhmətinə qane olan adamdır. Deməli, şair olduğu kimi görünən, göründüyü kimi olan ali varlıqdır. Bu isə öz növbəsində insanların da ona lazım olduğunu göstərir. Bu kimi keyfiyyətləri şair özü də “Tanı məni” şeirində belə ifadə edir:
Mən elə üzdəyəm, gör, tanı məni,
Dərindən axtarma, dibdən arama.
Tanıtmaz şairlik ad-sanı məni,
Gəlib özümü gör, cibdən arama.
…Əgər xoşlamasan, yavaşca çıx get,
Nə geriyə boylan, nə yana çevril.
Son dəfə sağollaş, əlimi sıx get,
Bil ki, asudəsən hər yana çevril.
“Deyiləm” adlı şeirində isə şair halal əməyin faydalarından danışır. Deyir ki, halal qazanc qəlbi nurlandırırsa, haram qazanc da qəlbi zülmətli edir. Halal adam xalq içində də öz məğrurluğu, alicənablığı ilə hörmət və nüfuz sahibi olur. Haramxor adam isə heç bir şeydən zövq ala bilmədiyi kimi şirin yuxuya da arzu-tamarzı qalır.
Hələ dadmamışam yad tikəsini,
Heç nədə gözüm yox, uman deyiləm,
Haram cana sığmaz, bir tikəsini
Əllərim götürsə, yuman deyiləm.
Halal göz doyurar, ürək isidər,
Haram yuxuda da incidər, didər.
Əllərim qabarar, axıdaram tər,
Ərlər də görər ki, yalan deyiləm.
Mehdi Milaxlı “Oğlum Orxana məktub”, “Oğluma nəsihət”, “Oğlum Pənaha öyüd” və s. şeirləri ilə öz timsalında xitabən gəncliyə əxlaqi məna kəsb edən doğruçuluq, səmimilik, qayğıkeşlik, təmənnasızlıq, xeyirxahlıq, yaxşılıq, düzlük, həqiqət aşiqliyi, dəyanət və ehtiram, vədəyə əməl etmək və s. kimi ali keyfiyyətlər aşılamışdır.
Böyük rus tənqidçisi V.Belinski “Ədəbi düşüncələr” adlı məqaləsində yazırdı: “Xəlqi şair sözün fəlsəfi mənasında həqiqi bir hadisədir. Onun şairlik istedadı çox böyük olmasa da, o, həmişə möhkəm bir özülə, öz xalqının təbiətinə istinad edir və xalqın ona diqqət yetirməsində, həmin xalqın özünü dərk etməsində ifadə olunur. İstedadlı, lakin milli zəmindən məhrum bir şair isə həmişə az və ya çox dərəcədə müvəqqəti və kiçik bir hadisədir. Bu elə bir ağacdır ki, əvvəlcə gur qol-budaq atıb göyərir, sonra isə kökü torpağın dərinliklərinə işləmədiyindən tezliklə quruyur. Buna görə də şairdə xəlqilik çox zaman dərinlik və çoxnövlülük mənasında olmasa da, lakin həmişə orijinallıq mənasında bir növ dahilikdir”.
Belinskinin bu ölməz fikirlərini şair-pedaqoq Mehdi Milaxlının yaradıcılığına şamil etmək tamamilə doğru olardı.
Şair öz xalqının keçmişi ilə maraqlanır, onun böyük ədəbi və tarixi simalarını öyrənir, təhlil süzgəcindən keçirir, təbliğ və tərənnüm edir. Mehdi Milaxlının zəngin pedaqoji irsi, təlim-tərbiyə, pedaqoji-psixoloji görüşləri, eləcə də vətəndaşlıq tərbiyəsi və s. ilə bağlı fikirlərini sistemləşdirməyə zəruri ehtiyac vardır. Çünki onun pedaqoji irsi böyüyən nəslin təlim-tərbiyəsində mühüm rol oynayır.
Çoxşaxəli və zəngin yaradıcılıq diapazonuna malik olan Mehdi Milaxlının gənclərin vətəndaşlıq tərbiyəsi ilə bağlı yaradıcılığı, həmçinin xidmətləri əvəz olunmazdır. Şeir yaradıcılığını bəzəyən vətənpərvərlik və ya vətəndaşlıq tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlərdir. Şair vətənlə bağlı şeirlərində oxucusuna Vətənə, torpağa bağlı olmağı, gərəkli olmağı, əsl vətəndaş olmağı təlqin edir. Şairin böyük ilhamından və istedadından doğulmuş “Naxçıvan”, “Şuşam”, “Xocalım”, “Vətən bizim anamız, biz onun əsgəriyik”, “Əlincə qalasına dair bayatılar”, “Əlincə qalası” və sair şeirlər Azərbaycan gerçəkliyini mənalı və münasib şəkildə əks etdirən şeirlərdir.
Odlar diyarının yanar parçası,
Elə ilk görüşdən qəlbimi aldı.
Gəzibmi hüsnündə rəssam fırçası?
Təbiət bu yerdə sirdi, sualdı.
…Baba yadigarı Əshabi-Kəhfdir,
Xaraba Gilandır, Gəmiqayadır.
İndi oğullar var, bu daş yaddaşda
Yatmış xatirəni bir-bir oyadır.
Vətəndaşlıq – ən zəruri vəzifə və mənəvi keyfiyyətdir. Vətəndaş dərin siyasi, fəlsəfi mənalar daşısa da, yeniyetmələrin, gənclərin dərk edə biləcəyi, həyat idealına çevirəcəyi bir anlayışdır. Bütün dinlərdə və səmavi kitablarda vətən kəlməsi tez-tez səslənir, onu əziz və müqəddəs tutmağın zəruri olması göstərilir. Dünyanı və insanlığı dərindən və hərtərəfli dərk edənlər və gələcəyi görənlər peyğəmbərlərdir. İlahiyyatşünaslıqda və ya islamşünaslıqda doğulub boya-başa çatılan yerə, yəni vətənə məhəbbət və onu qorumağın müqəddəsliyi qeyd olunur və göstərilir: uşağa doğma olan iki şey var: onun biri anadırsa, ikincisi vətəndir. Uşaq böyüdükcə dərk etməyə başlayır ki, vətən torpağı daha qədimdir, anaların da doğma torpağı olub. Şəriət kitablarında ananı, torpağı, haqqı, ədaləti qoruyanlara əsil vətəndaşlar deyilir. Bir sözlə, ailəsinə, xalqına, ölkəsinə namuslu vətəndaş olmaq tərbiyəsini yeniyetmələr ailədən almağa başlayırlar. Deməli, vətən ailədən başlanır. Şairin 2014-cü idə qələmə aldığı bir şeirində oxuyuruq:
Yaşam üçün ömrünü şum edən bu xalq,
Səngər qazıb, qala qurub, daş ucaldıb.
Qeyrət üçün yağı üstə gedən bu xalq,
Düşmənlərdən bac alaraq baş ucaldıb.
Göz üstündə qoruyuruq, saxlayırıq,
Hər qarışı bir tarixdir, kaşanədir.
Sevə-sevə əzizləyib yoxlayırıq
Çünki bizə ululardan nişanədir.
Mehdi Milaxlı vətən tarixinin nəsillərdən nəsillərə ötürülməsinə və ya öyrənilməsinə meyl və maraq yaratmaq, vətən sevgisini artırmaq cəhətdən əhəmiyyətli hesab edir. Həmçinin, gənclərin dünyagörüşünün təkmilləşdirilməsində elmi, siyasi, tarixi, ictimai, ideoloji və s. dünyagörüşlərin geniş və dərin olmasını da vacib faktor sayır. Eləcə də şeirlərinin hər bir misrasında vətəndaş tərbiyəsinin yetişməsində təmizliyi, halallığı, düzlüyü, səxavəti, sədaqəti, dəyanəti, iradəni, əzmkarlığı və s. aşılayır, nümayiş etdirir.
Şair Mehdi Milaxlı vətənəpərvər şeirlərində ustalıq göstərərək Azərbaycanın zəngin təbiətini də məhəbbətlə təsvir edir. Təbiəti təsvir Mehdi Milaxlı lirikasının ayrılmaz keyfiyyətidir.
Şəruru gəzərkən ürək sevindi.
Belə eşitdim mən elin ağzından,
Arpaçay şıltaqlıq etməyir indi,
Saralar qurtulub selin ağzından.
…Qocaman ağacın pöhrəsi kimi,
Yollar şaxələnib, yollar dəyişib.
Günəşin gülümsər çöhrəsi kimi
Bu günəşli diyar nə gözəlləşib.
Şair əsrarəngiz yerləri tükənməz bir sevgi hissi ilə, iftixarla tərənnüm edir, onun hər guşəsinə nəzər salıb fərəhlənir. Bu, sadəcə olaraq, gözəllikdən zövq alıb nəşələnən bir adamın fərəhi, şadlığı deyildir. Batabat, Əlincə qalası, Əshabi-Kəhf, Gəmiqaya və s. ona görə əzizdir ki, onların gözəlliyi insana, cəmiyyətə fayda verir. Odur ki, şair bu yerlərin hər müvəffəqiyyətini eşidəndə coşur, vətənin bərəkətli torpaqlarına alqışlar oxuyur.
Göründüyü kimi, yeni həyatı göstərmək, onun əzəmətini nümayiş etdirmək üçün Mehdi Milaxlı tez-tez tarixə qayıdır, keçmişi yada salır, yeni ilə köhnəni müqayisə edir. Bu şairin şeirlərində istifadə etdiyi üsullardan biridir. Bununla o, canlı real mənzərələr yaradır, yazdıqlarının inandırıcılıq qüvvəsini artırır. Şair oxucusuna demək istəyir ki, keçmişin qədrini bilməyən, sabahını çətin müdafiə edər.
Görkəmli tədqiqatçı alim, akademik Kamal Talabzadə yazırdı ki, ideya, fikir sə-nətin bütün növləri üçün əsasdır. Fikirsiz sənət olmayıb, indi də mövcud deyil. Lakin fikri, ideyanı necə, hansı şəkildə təqdim etmək sənətkar üçün mühüm amildir. Şeirlə deyilən fikir dərhal hissə, ürəyə keçmirsə, yalnız sənin beynini hərəkətə gətirirsə, o, şeir deyildir. Bu mənada, Mehdi müəllim təkcə öz beynini yox, ürəyini də, hisslərini də birlikdə, onları bir-birindən ayırmadan dinləməyi bacaran şairdir.
Ahəngi könlümə yatsa yaxşıdır,
Məntiqi ağlıma batsa, yaxşıdır,
Mənası ellərə çatsa yaxşıdır,
Yüz ölçüb, bir biçib, düz yaradıram,
Ürəyimə yatan söz yaradıram.
Mehdi Milaxlının şeirlərində fikirlə, mətləblə hiss, duyğu, təəssürat, həyəcan dalğalarını bir-birindən ayırmaq çətindir, onlar elə qarışıb ayrılmaz olurlar ki, birinin harada başladığını, digərinin harada qurtardığını təyin edə bilmirsən; başqa sözlə, bu şeirdə beyinlə ürək bir ahəng təşkil edir, buna görə də əsil sənət əsəri – həm beynə, həm ürəyə nüfuz edən sənət əsəri yaranır. Elə bu səbəbdən də Mehdi Milaxlının şeirlərində ritm, ahəng, vəzn, qafiyə, təkrirlər çox mühüm yer tutur, bunlar şairin fikir və hisslərinin birləşmiş vahid ahəngi kimi səslənir, təbii təsir bağışlayır, musiqi qədər ahəngdar poeziyaya çevrilir. Bu da onu göstərir ki, şair sənətin zirvələrinə doğru yürüşünü davam etdirir.
Mehdi Milaxlının şeirlərindəki fikirlərə, mətləblərə fikir və görüşlərimizi qısa da olsa çatdırdıq. Bunula yanaşı, şairdən bir təvəqqemiz də vardır. Təvəqqemiz də ondan ibarətdir ki, şair rəvan, axıcı rutm, ahəng, vəzn və qafiyəsindən yararlanaraq balaca növcavanlarımız, körpələrimiz üçün şeirlərinin sayını biraz da artırsın. Çünki bu gün uşaq ədəbiyyatının, uşaq antologiyasının buna zəruri ehtiyacı vardır.
Ülvi amallar uğrunda mücadilə aparan, gənclərdə milli-mənəvi dəyərlərin aşılanmasına biganə qalmayan, müqəddəs bir məqsədə, öz xalqına həm müəllimlik fəaliyyəti ilə və həm də şeir yaradıcılığı ilə layiqincə xidmət edən Mehdi Milaxlıya uğur dolu müvəffəqiyyətlər arzulayırıq.
Bir arzum var, ay adamlar, qoyun deyim, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Hər kəs əsl qiymətini bilər onda; Bu sözlərim düz olmasa töhmət edin. Sizdən rica eləyirəm milyon kərə, Şairlərə sağlığında hörmət edin, Sağlığında heykəl qoyun ölməzlərə… Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara saxlamayın. Zəhləm gedir sonralardan, Vaxtsız dinən zurnalardan, Boşboğazdan, avaradan, Toydan sonra nağaradan. Sağlığında sevindirin təmizləri, Siz həyatda bu amalla addımlayın. Sağlığında ifşa edin xəbisləri, Satqınlara sağlığında satqın deyin, Tülkü deyin tülkülərə, aslan deyin aslanlara; Sağlığında qiymət verin insanlara… Hər kəs bilsin öz yerini necə sağdır, Bu, pislərin həyatını qısaltmaqdır, Yaxşıların həyatını uzatmaqdır… Bu nədəndir ölən kimi, qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır. Ölən kimi yaxşılar da yaxşılaşır, Yamanlar da yaxşılaşır… Çirkinlər də təmiz olur ölən kimi… Yadlar belə əziz olur ölən kimi… Xatirələr söyləyirik, nekroloqlar qollayırıq, Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq. Bu gecikmiş xeyir-dua kimə gərək? Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək? Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir… Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir. İstəmirəm vaxt-vədəsiz şöhrəti mən, Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm… Diri üçün iynə boyda hörməti mən Ölü üçün min heykələ dəyişmərəm… Düz deməsəm, onda məni bağışlayın, Üz tutaram uşaqlara, qocalara, cavanlara, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağ olanda yaxşı deyin, Sağlığında yaman deyin yamanlara…
Aydin Xan Ebilov: – “Xarıbülbül” real festivalından sonra virtual “Qarabağ bülbülləri” festivalımız basladı…Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə YYSİB-nin virtual “Qarabağ bübüləri” festivalımız davam edir: buyurun, silsilə proqramlarımız izləyin, ardıyca film gəlir:
Salam hörmətli oxucular və çox dəyərli ziyarətçilər! Bayramınız mübarək! Bu il Ramazan bayramını Şuşa məscidində bayram namazı qılmaqla, Cıdır düzündə “Xarıbülbül festivalı – 2021”-in qala konserti ilə qeyd etmək böyük xoşbəxtlikdir! Bu səadəti bizə bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, hamınızı bütün bu şanlı qələbələr, nilliyyətlər, bayramlar münasibəti ilə təbrik edirik! Bayrağımız uca, uğurlarımız daimi, müstəqilliyimiz əbədi olsun, İnşəaAllah!!!
ETİRAF (Hekayə) Qumlu səhradayam. Günəşin istisi get-gedə qumu qızdırır. Hərdən əsən külək qumu yerdən qaldırıb havada fırladır sonra da zərbəylə üzümə çırpır. Addımlarımı çətinliklə atıram. Nəhayət, dizlərim bükülür və mən yıxılıb isti qumun üzərinə düşürəm. Qumun istisi bədənimin açıq hissələrini yandırır. Qəfildən, elə dayandığım yerdə qum burulğanı yaranır. Sanki kimsə var vücüylə məni aşağı, dərin bir yerə çəkir. Bədənim tam isti qumla örtülür. Nəfəsim daralır. Ürəyim bərk-bərk vurur. Saçlarım qumla qarışıb dolaşır. Mən əllərimi çıxarıb qumu ürəyimin üstündən təmizləmək istəyirəm, lakin taqətim çatmır… Ürəyimin döyüntüsü gah bərkiyir, gah azalır. Gözlərim yavaş- yavaş bağlanır… Mən bu naməlum səhrada, qum burulğanında batıb ölürəm… Bu dəhşətli yuxunu son zamanlar hər gün olmasa da həftədə iki dəfə görür və hər dəfə dəli kimi oyanıram. Mənim yuxularım bəzən çin olur. Ona görə onlar məni qorxudur. Yaşadığım ölkədə qumlu səhra olmadığından bu yuxunun çin olması o qədər də real deyildi. Bu gecə yenə həmin yuxunu görmüşəm. Yenə həmin darıxdırıcı hisslər, yenə təlaş, yenə həyacan… Çarpayıdan durub əllərimlə üzümə tökülmüş saçlarımı yığarkən istər- istəməz saçlarımda əlimi gəzdirib qum axtardım. Sonra özüm öz hərəkətimə gülümsəyib ayağa qalxdım və pəncərəyə yaxınlaşdım. Günəş artıq hər tərəfi öz qaynar şüalarına bürümüş və öz hərarətini yerə ötürmüşdü. Bir sözlə, ətrafda həyat öz axarıyla davam edirdi. Evdə həmişə tək oluram demək olar ki. Həyatım o qədər də maraqlı deyil. Oğlum başqa ölkədə yaşayır. Ərim yeni ailəsiylə başqa şəhərdədir. Amma bu həyat məni qane edir. Tək darıxmıram. Rəfiqələrim gələndə lap maraqlı olur. Hərdən qoça dayımın yanına gedirəm. Ya da o bizə gəlir. Evim dənizə çox yaxındır. Hətta bəzən dənizin qoxusunu hiss edirəm. Budur, dayım gəlir.O,anamın kiçik qardaşıdır. Ehh, qocalıq, qocalıq… Gör necə dəyişdirib onu qocalıq. Ailəmizin bütün üzvlərini tanıyır. Yeddi arxa dönənimizin hansının haqqında nə soruşsan bilir. Qəribə insandır.Həmişə fikirlidir. Qaraqabaqdır, amma məni çox sevir. Heç kimi yoxdur yer üzündə məndən başqa. Tək-tənha yaşayıb ömrünü. – Gəl, Gəl! – Nəyin var içməyə? – Gəl, taparam bir şey. Bax, indi həmişəki kimi gəlib evin pilləkənlərındə oturacaq. İçəri keçmir adətən. – Qulaq as! Mən öləcəm. Özüdə tezliklə,-deyə dayım söhbətə başladı. Mənım güldüyümü görüb: – Qulaq as! Gülmə! – Dayı, mən səni tanıyandan sən ölürsən. Uzun illərdir eşidirəm bunu səndən. – Yox. Bu dəfə həqiqətən öləcəm.Özüm bilirəm. Sən qorxma. Bir az pulum var. Dəfnə çatar. Mən ona bir stəkan çaxır gətirdim. Qoca stəkanı əlimdən alıb başına çəkdi və: – Qulaq as! Sən kiçik xalana çox bənzəyirsən. Sən onun təkrarısan. Kim bilir, bəlkə sən də qumda boğulacaqsan? Adətən söhbətinə fikir vermədiyim qocanın dedyi sözlər məni dəhşətə gətirdi. – Nə? Qumda? Nə demək istəyirsən sən? – Sənin kiçik xalan var idi. Sənə onun adını qoyublar. O da sənə bənzəyirdi. Elə gözəl uşaq idi ki.Məndən kiçik idi. Bir dəfə ikimiz dəniz kənarına getdik. Mən onu quma basdırdım. Çox dərin bir quyu qazıb onu basdırdım. Üstünə qum tökdüm. O əvvəl gülürdü. Bu bizim oyunumuz idi. Sonra onun bütün bədəni qumun altında qaldı. Rəngi saraldı, sonra qaraldı… Mən tələsik əllərimlə qumu qazmağa başladım. Lakin onu qumun altından çıxaranda artıq nəfəs almırdı. O, öldü… Mən öz əllərimlə bacımı öldürdüm. Qoca danışır və ağlayırdı. Mən yerimdə donub qalmışdım. Artıq onun sözlərini eşitmirdim. İllərcə məni izləyən bu dəhşətli yuxunun səbəbi bu imiş demək? İlahi! Nədir bu? Bunun bir izahı varmı? Mən ömrümün axırına kimi bu dəhşətli ölümün hədəfimi olmalıyam? Qoca stəkanı mənə uzadıb: – Mən öləcəm. Mən ölsəm bu sirr də mənimlə öləcək. Və bir daha heç kim bu haqda danışmayacaq. Sən də dilini saxla!-deyib getdi. Bir necə gündən sonra dayımı dəfn etdik. Qırx gündür hər gecə həmin yuxunu görürəm. Bu gün artıq qərara gəlmişəm ki, həkimə müraciət edim. Əl üzümü yuyub geyindim. Şəhərə gedib həkimlə görüşməyi qərara almışdım. Lakin rəfiqələrim bütün planlarımı pozdular. Onlar yenə bizə yığışmağı qərara almışdılar. Gecəni də bizdə qaldılar. Mən qorxa – qorxa yerimə girib gözlərimi yumdum və dərin yuxuya getdim. Səhər özümü çox yüngül hiss edirdim. Bədənimdən illərin yorğunluğu çıxmışdı sanki. Dayımın sözləri yadıma düşdü:”Mən ölsəm bu sirr də mənimlə öləcək”. Həqiqətən də belə oldu.Mən bir daha o dəhşətli yuxunu görmədim…
Kapitan Zeynalov Elçin Əsədağa oğlu – 44 günlük müharibə zamanı taborun qərərgah rəisi.
MÜHARİBƏ – REAL DÖYÜŞ SƏHNƏLƏRİ
Salam olsun! İlk öncə nəzərinizə onu çatdırım ki, həmişə öyrəşdiyimiz şişirdilmiş qəhrəmanlıq söhbətlərinin əksinə tam səmimi real etiraf dinləyəcəksiniz. Həm də bu söhbəti sizə döyüşlərin ilk günündən ön xətdə olub, fərqli döyüş tapşırıqlarını yerinə yetirmiş 1987 – ci il (bu çox önəmlidir) təvəllüdlü 44 günlük müharibə zamanı döyüşən taborun qərərgah rəisi olmuş kapitan Zeynalov Elçin Əsədağa oğlu təqdim edir. Dəyərli qazimiz kapitan Zeynalovun söhbəti o qədər səmimi, o qədər realdır ki, döyüş səhnələrinin bu qədər dəqiq, çılpaq təqdimatı dinləyicidə tamam başqa hisslər oyadır. Söhbəti dinləməzdən əvvəl dəyərli qazimizi tanıyaq.
QISA ARAYIŞ
Kapitan Zeynalov Elçin Əsədağa oğlu 11 may 1987 – ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə hərbi liseydə sonra ali hərbi məktəbdə təhsil almış peşəkar hərbçidir. Döyüşlər başlayanda kapitan rütbəsində, taborun qərərgah rəisi vəzifəsində olub. İndi ardını özündən eşidək: