AYBƏNİZ HƏŞİMOVA YAZIR

ƏMƏYİN, HİKMƏTİN VƏ SÖZÜN ŞAİRİ
(NİCAT ƏRTÜRK POEZİYASININ İDEYA-BƏDİİ TƏHLİLİ)

AYBƏNİZ HƏŞİMOVA,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,

Filologiya üzrə elmlər doktoru

Müasir Azərbaycan poeziyasında elə sənətkarlar vardır ki, onların yaradıcılığı fərdi hiss və duyğuların poetik ifadəsi ilə məhdudlaşmır, həm də əməyə, insan ləyaqətinə, milli kimliyə və mənəvi dəyərlərə söykənən həyat fəlsəfəsini əks etdirir. Belə şairlərin poetik dünyasında söz yalnız estetik vasitə deyil, həm də cəmiyyətə xidmət edən mənəvi güc, insanı kamilliyə aparan dəyər ölçüsüdür.

Nicat Ərtürkün yeni işıq üzü görmüş “Ana həsrəti” [Bakı: Elm və təhsil, 2026, 200 səh.] adlı şeir kitabının əsas yaradıcılıq uğurlarından biri onun klassik hikmət və nəsihətnamə ənənəsini müasir bədii düşüncə ilə üzvi şəkildə birləşdirə bilməsindədir. Şair mürəkkəb fəlsəfi mülahizələri sadə, axıcı və oxunaqlı poetik dillə ifadə edir, bununla da müxtəlif yaş qruplarından olan oxucuların mənəvi dünyasına təsir göstərməyi bacarır. Onun şeirlərində həyat həqiqətləri didaktik çərçivədə təqdim olunsa da, bu nəsihətlər süni və quru mühakimə təsiri bağışlamır; əksinə, səmimi lirizm, həyat müşahidələri və milli-mənəvi dəyərlərlə vəhdətdə təqdim olunduğu üçün oxucuda inandırıcılıq yaradır.

“Ana həsrəti” kitabındakı şeirləri və “Nəsihətnamə” poemasını oxuyan zaman görürük ki, şair Nicat Ərtürk öz yaradıcılığında fiziki zəhmətlə bədii yaradıcılığı bir-birindən ayırmır, əksinə, onları vahid mənəvi missiyanın iki ayrılmaz tərəfi kimi təqdim edir. Onun lirik qəhrəmanı həm zəhmət adamıdır, həm də söz adamıdır; həm qurur, həm də düşünür; həm tarixdə iz qoymağa çalışır, həm də insan qəlbində mənəvi dəyərlər və estetik düşüncələr yaşadır. Bu baxımdan müəllifin poetik idealı Azərbaycan ədəbi düşüncəsində formalaşmış “əmək və söz vəhdəti” konsepsiyasının müasir bədii ifadəsi kimi diqqəti cəlb edir.

Şairin yaradıcılığında əmək yalnız maddi nemət yaradan fəaliyyət deyil, insanın özünü təsdiq etməsinin, tarixdə iz qoymasının və mənəvi ölməzliyə qovuşmasının əsas vasitəsi kimi təqdim olunur. Eyni zamanda, onun poeziyasında vətənə bağlılıq, türk kimliyi, dostluq, humanizm, gələcəyə inam və nikbinlik aparıcı ideya xətlərini təşkil edir. Bu xüsusiyyətlər müəllifin yaradıcılığını təkcə fərdi lirikanın deyil, həm də vətəndaşlıq mövqeyini ifadə edən poetik düşüncənin nümunəsi kimi səciyyələndirməyə imkan verir.

Məhz bu baxımdan “Əlimin əməyi” adlı şeir Nicat Ərtürkün poetik dünyagörüşünün açarı hesab oluna bilər. Şeirdə əməyin estetikası, yaradıcı şəxsiyyətin həyat fəlsəfəsi, tarixi yaddaş, milli mənsubiyyət və mənəvi məsuliyyət ideyaları qarşılıqlı vəhdətdə təqdim olunur. Əsərin elmi-ədəbi təhlili göstərir ki, müəllif insanın böyüklüyünü tutduğu mövqedə deyil, gördüyü faydalı işdə, yaratdığı mənəvi sərvətdə və tarixə qoyduğu silinməz izdə görür.

Qeyd etdiyimiz kimi, Nicat Ərtürkün “Əlimin əməyi” adlı şeirini yalnız əməyin tərənnümü kimi deyil, həm də yaradıcı şəxsiyyətin həyat fəlsəfəsini, milli kimliyini və mənəvi ölməzlik idealını ifadə edən poetik manifest kimi dəyərləndirə bilərik.

Azərbaycan ədəbiyyatında sənətkar şəxsiyyətinin həm mənəvi, həm də ictimai məsuliyyət daşıması ənənəsi qədim köklərə malikdir. Bu baxımdan, dövlətçilik, vətənpərvərlik və yaradıcılıq ideallarını öz şəxsiyyətində birləşdirən Şah İsmayıl Xətai obrazı xüsusi əhəmiyyət kəsb edir. Tarixi mənbələrdə və ədəbi irsdə Xətainin “bir əlində qılınc, bir əlində qələm” ifadəsi onun həm sərkərdə, həm də şair kimi fəaliyyətini simvolizə edir. Bu fikir Azərbaycan mədəni düşüncəsində əməyin, mübarizənin və söz sənətinin vəhdətini ifadə edən mühüm ideya kimi qəbul olunur.

Təhlilə cəlb olunan şeirdə isə bu ənənə müasir dövrün reallıqları fonunda yeni məna qazanır:

Bir əlim usta əli, biri şair əlidir,

Həm tarixə iz qoyan, həm dastanlar yaradan.

Məni göyə ucaldan, simuzərlər bəxş edən,

Ömrümə bəzək verən,

Əlimin əməyidir [Bax: səh.136].

Şeirin əsas ideyası fiziki əmək ilə mənəvi yaradıcılığın vəhdətinin insan həyatında oynadığı həlledici rolu nümayiş etdirməkdir. Şair Nicat Ərtürk özünü iki fərqli, lakin bir-birini tamamlayan fəaliyyət sahəsinin daşıyıcısı kimi təqdim edir. “Bir əlim usta əli, biri şair əlidir” misrası zahiri antitezaya əsaslansa da, əslində bu iki anlayışın qarşıdurmasını deyil, onların harmoniyasını ifadə edir. Burada “usta əli” yaradıcı zəhmətin, peşəkarlığın və maddi dəyərlərin, “şair əli” isə estetik düşüncənin, mənəvi zənginliyin və bədii təxəyyülün simvoludur.

“Həm tarixə iz qoyan, həm dastanlar yaradan” misrasında Nicat Ərtürk insan fəaliyyətinin ikili mahiyyətini vurğulayır. “Tarixə iz qoymaq” ifadəsi real həyatda görülən işlərin cəmiyyətə və gələcək nəsillərə təsirini bildirirsə, “dastanlar yaratmaq” bədii sözün, milli yaddaşın və mənəvi irsin formalaşdırılması mənasını daşıyır. Beləliklə, şair həm maddi, həm də mənəvi mədəniyyətin inkişafında insan əməyinin əvəzsiz rolunu ön plana çəkir.

Şeirin poetik strukturunda metafora və simvolik ifadələr diqqəti cəlb edir. “Məni göyə ucaldan” ifadəsi fiziki yüksəlişi deyil, insanın mənəvi kamilliyini, cəmiyyətdə qazandığı hörmət və nüfuzu ifadə edən metaforadır. “Ömrümə bəzək verən” misrası isə əməyin və yaradıcılığın insan həyatını mənalandıran əsas dəyər olduğunu göstərir. Bu poetik vasitələr əsərin emosional təsir gücünü artırmaqla yanaşı, onun fəlsəfi məzmununu da dərinləşdirir.

Şeirin kulminasiya nöqtəsi “Əlimin əməyidir” misrasında ifadə olunur. Burada şair uğurun, mənəvi yüksəlişin və həyatın gözəlliyinin mənbəyini insanın öz zəhmətində görür. Bu fikir Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı əmək fəlsəfəsi ilə səsləşir. Şair taleyi təsadüflərlə deyil, məqsədyönlü fəaliyyət və yaradıcı zəhmətlə əlaqələndirir.

Şeirdə Şah İsmayıl Xətainin “bir əlində qılınc, bir əlində qələm” ideyası ilə müasir şairin “bir əlim usta əli, biri şair əlidir” misrası arasında məna paraleli müşahidə olunur. Hər iki nümunədə insanın çoxşaxəli fəaliyyəti ön plana çıxarılır. Lakin müasir şeirdə qılınc obrazını əmək aləti əvəz edir. Bu dəyişiklik tarixi inkişafın, müasir dövrdə quruculuq, istehsal və yaradıcı əməyin daha böyük ictimai əhəmiyyət daşımasının bədii ifadəsi kimi qiymətləndirilə bilər. Əgər Xətainin dövründə dövlətin qorunması üçün qılınc zəruri idisə, müasir dövrdə cəmiyyətin inkişafı daha çox elmə, peşəkarlığa, əməyə və bədii təfəkkürə söykənir.

Şeirin sonrakı bəndlərində müəllif əvvəlki hissədə irəli sürdüyü “əmək və yaradıcılıq vəhdəti” ideyasını daha da inkişaf etdirir. Əgər ilk bənddə “usta əli” və “şair əli” obrazları vasitəsilə fiziki və mənəvi əməyin bütövlüyü təqdim edilirdisə, sonrakı hissələrdə bu fəaliyyətin insanın taleyinə, cəmiyyətə və tarixə təsiri göstərilir.

Həyatıma mənadır əllərim qoyan izlər,

Min-min ürəkdən keçir yaratdığım şeirlər [Bax: səh.136].

Bu misralarda “iz” anlayışı ikiqat semantik yük daşıyır. Bir tərəfdən, insanın zəhməti nəticəsində yaratdığı maddi dəyərləri, digər tərəfdən isə şeirləri vasitəsilə insanların mənəvi dünyasında buraxdığı təsiri ifadə edir. “Min-min ürəkdən keçir” ifadəsi müəllifin poetik sözün ictimai funksiyasını ön plana çıxardığını göstərir. Burada şeir fərdi hisslərin ifadəsindən daha çox cəmiyyətin mənəvi yaddaşına təsir edən estetik vasitə kimi təqdim olunur.

Mənə həyat eşqini, həyat məhəbbətini,

Ard-ardınca düzülən verir kiçik kəlimələr [Bax: səh.136].

Bu misralarda müəllif söz sənətinin yaradıcı gücünü vurğulayır. “Kiçik kəlimələr” zahirən sadə olsa da, onların yaratdığı məna böyükdür. Bu fikir bədii sözün forma ilə məzmun arasında yaratdığı estetik harmoniyanı ifadə edir. Şair üçün söz yalnız ünsiyyət vasitəsi deyil, həm də həyat enerjisinin və mənəvi kamilliyin mənbəyidir.

Növbəti bənddə müəllif fərdi mənəvi aləmini ümumbəşəri dünyanın tərkib hissəsi kimi təqdim edir:

Ayrı bir dünyam var, ulu, qoca dünyada,

Ən böyük hədiyyəni görürəm mənasında [Bax: səh.136].

Burada “dünya” sözü həm real həyat mühitini, həm də insanın daxili mənəvi aləmini simvolizə edir. Müəllif üçün həyatın ən qiymətli neməti maddi sərvətlər deyil, mənalı yaşamaq, yaradıcılıq və mənəvi zənginlikdir. “Açılan səhərlərin işıqlı sabahı” ifadəsi isə gələcəyə nikbin baxışı və inkişaf ideyasını ifadə edən metaforadır.

Şeirin kulminasiya nöqtələrindən biri aşağıdakı misralardır:

Yaşayıram tarixə yeni bir iz qoyanda,

Bir əsirlik bir ömrü yaşayıram bir anda.

Yaşayıram mən bağlı qapıları açanda,

Yaşayıram mən dostum, dost süfrəsi quranda [Bax: səh.136].

Bu bənddə “yaşayıram” felinin təkrarı (anafora) təsadüfi deyildir. Təkrar poetik ritmi gücləndirməklə yanaşı, müəllifin həyat fəlsəfəsini də ifadə edir. Şair üçün yaşamaq bioloji mövcudluq deyil, cəmiyyətə fayda vermək, problemləri həll etmək, insanlara yol açmaq və dostluq münasibətlərini yaşatmaqdır. Xüsusilə “bağlı qapıları açmaq” ifadəsi həm konkret, həm də metaforik mənada işlənərək maneələrin aradan qaldırılması, yeni imkanların yaradılması və maarifçilik ideyasını ifadə edir.

Şeirin son bəndi müəllifin estetik və fəlsəfi mövqeyini ümumiləşdirir:

Həyatım belə keçib, beləcə də gedəcək,

Bir gün olmasam belə, izim davam edəcək [Bax: səh.136].

Burada müəllif fiziki həyatın sonlu olduğunu qəbul etsə də, insanın yaratdığı əsərlərin və gördüyü işlərin əbədi yaşadığı fikrini irəli sürür. Bu, Azərbaycan ədəbiyyatında klassik sənətkarların da müdafiə etdiyi “yaradıcılıqla ölməzlik” ideyasının müasir ifadəsidir.

Son iki misra isə əsərin milli ideya istiqamətini müəyyənləşdirir:

Gəlmişəmsə cahana türk adım yüksələcək,

Əlimin əməyilə adım silinməyəcək [Bax: səh.136].

Burada müəllif fərdi uğurunu milli kimliklə əlaqələndirir. Türk adım yüksələcək ifadəsi milli mənsubiyyətə bağlılıq, mədəni irsin yaşadılması və xalqın mənəvi dəyərlərinin qorunması ideyasını əks etdirir. “Adım silinməyəcək” fikri isə şöhrət iddiasından daha çox, halal əməyin və yaradıcı fəaliyyətin tarixdə qalacağına inamın poetik ifadəsidir.

Şeirin bütöv ideya sisteminin təhlili göstərir ki, müəllif əmək, yaradıcılıq, tarix, mənəvi dəyərlər və milli kimlik anlayışlarını vahid poetik konsepsiyada birləşdirir. Əsərdə fiziki əmək və bədii yaradıcılıq bir-birini tamamlayan, insanın kamilləşməsinə və cəmiyyətin inkişafına xidmət edən fəaliyyət sahələri kimi təqdim edilir. Müəllif insanın həqiqi ömrünü onun yaşadığı illərlə deyil, tarixə, insanlara və milli-mədəni irsə qoyduğu izlə ölçür.

Bu baxımdan şeir Azərbaycan poeziyasında əməyin estetikası, yaradıcı şəxsiyyət fəlsəfəsi və milli özünüdərk ideyasını ifadə edən lirik-fəlsəfi əsər kimi səciyyələndirilə bilər. Şah İsmayıl Xətainin “bir əlində qılınc, bir əlində qələm” ideyası müasir dövrdə yeni məzmun qazanaraq “bir əlim usta əli, biri şair əlidir” şəklində davam etdirilir. Beləliklə, qılıncın rəmzi funksiyasını artıq quruculuq əməyi, qələmin funksiyasını isə mənəvi yaradıcılıq əvəz edir. Bu isə müəllifin qənaətincə, müasir insanın tarixdə qalmasının ən etibarlı yolunun halal əmək, bədii söz və milli-mənəvi dəyərlərə sədaqət olduğunu təsdiqləyir.

Nicat Ərtürkün “Uzaqlaş” şeiri mənəvi-əxlaqi dəyərləri bədii söz vasitəsilə təbliğ edən didaktik səciyyəli əsərlərindən biridir. Şeir Azərbaycan nəsihətnamə poeziyasının ənənələrinə söykənərək oxucunu mənəvi kamilliyə, düzgün həyat seçiminə və sağlam ictimai münasibətlər qurmağa səsləyir. Əsərin əsas ideyasını insanın daxili saflığını qoruması, mənəvi bütövlüyünü itirməməsi və onu yanlış yola aparan amillərdən uzaq durması təşkil edir.

Şeirin kompozisiyası vahid poetik prinsip üzərində qurulmuşdur. Hər bənd “uzaqlaş” əmri ilə tamamlanır. Bu söz yalnız qafiyə və ritm yaradan poetik element deyil, eyni zamanda əsərin semantik mərkəzini təşkil edən əsas leksik vahiddir. Təkrarlanan bu imperativ forma şeirin nəsihətedici ruhunu gücləndirir və müəllifin ideyasını ardıcıl şəkildə inkişaf etdirir. Belə təkrarlar poetik üslubda anafora və epifora elementləri yaradaraq mətnin emosional təsirini artırır.

Şeirin ilk bəndində müəllif insanın daxili aləminə müraciət edir:

Coşanda qəlbində dəli fırtına,

Qəlbin içindəki səsdən uzaqlaş [Bax: səh.126].

Burada “dəli fırtına” insanın mənəvi sarsıntılarının, daxili gərginlik və emosional qarışıqlığın metaforik ifadəsidir. Müəllif oxucunu ani emosiyaların əsiri olmamağa, mənfi hisslərin təsiri altında qərar verməkdən çəkinməyə çağırır. Ardınca gələn “qaranlıq gecə”, “kədər”, “qüssə” obrazları ümidsizlik və mənəvi tənəzzülün simvolları kimi çıxış edir. Beləliklə, şeirin başlanğıcında mənəvi özünənəzarət ideyası irəli sürülür.

İkinci bənddə müəllif diqqəti insanın sosial mühitinə yönəldir:

Ətrafın minsifət şeytana dönsə,

Yüzündən minindən, çoxdan uzaqlaş.

Qəfil zərbə vuran yaxınlarından,

Yalançı, saxtakar dostdan uzaqlaş [Bax: səh.126].

“Min sifət şeytan” ifadəsi riyakarlığın, ikiüzlülüyün və mənəvi deqradasiyanın ümumiləşdirilmiş bədii obrazıdır. Müəllif dost anlayışının müqəddəsliyini vurğulayır və saxta münasibətlərin insan həyatında yaratdığı təhlükələrə diqqət çəkir. Burada dostluq yalnız sosial münasibət deyil, etibar və mənəvi məsuliyyət meyarı kimi təqdim olunur.

Növbəti bənddə müəllif əxlaqi dəyərlərin daha geniş müstəvidə izahına keçir:

Sənə çətin anda arxa çevirən,

Şərəfsiz qohumdan, “quldan” uzaqlaş.

Girməsin evinə haram bir tikə,

Haram gələn maldan, puldan uzaqlaş [Bax: səh.126].

Bu misralarda ailə münasibətləri, namus, halal zəhmət və vicdan anlayışları ön plana çıxarılır. Xüsusilə “haram mal” motivi Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərin poetik ifadəsidir. Müəllif maddi rifahı deyil, halal zəhmətlə qazanılmış mənəvi rahatlığı insan həyatının əsas prinsipi kimi təqdim edir.

Şeirin son bəndi müəllifin poetik kredosunu ümumiləşdirir:

Oxu bu yazdığım inci sözləri,

Mənasız söhbətdən, sözdən uzaqlaş.

Mən Nicat Ərtürkün heç sevmədiyi,

Bədnəzər baxışlı gözdən uzaqlaş [Bax: səh.126].

Burada müəllif oxucu ilə birbaşa dialoq qurur. “İnci sözlər” metaforası deyilən fikirlərin mənəvi dəyərini ifadə edir. “Bədnəzər baxışlı göz” isə təkcə xalq inanclarında mövcud olan nəzər anlayışını deyil, həm də paxıllıq, kin və mənfi niyyətlərin simvolik obrazını yaradır. Beləliklə, müəllif insanı yalnız fiziki təhlükələrdən deyil, mənəvi zəhərlənməyə səbəb olan bütün amillərdən uzaq olmağa çağırır.

Əsərin bədii dilində metafora (“dəli fırtına”, “min sifət şeytan”, “inci sözlər”), epitet (“qaranlıq gecə”, “bədnəzər baxışlı göz”), təkrar və imperativ cümlələr geniş istifadə edilmişdir. Bu bədii vasitələr şeirin emosional təsirini artırmaqla yanaşı, onun didaktik məzmununu daha aydın ifadə edir.

Nəticə etibarilə, “Uzaqlaş” şeiri müasir Azərbaycan poeziyasında nəsihətnamə ənənəsinin davamı kimi qiymətləndirilə bilər. Müəllif burada insanın mənəvi kamilliyini yalnız fərdi keyfiyyət kimi deyil, cəmiyyətin sağlam inkişafının əsas şərti kimi təqdim edir. Şeir oxucunu mənfi emosiyalardan, saxta münasibətlərdən, haram qazancdan, mənasız söz-söhbətdən və paxıllıqdan uzaq durmağa çağıraraq milli-mənəvi dəyərlərə söykənən həyat fəlsəfəsini bədii şəkildə ifadə edir. Bu baxımdan əsər tərbiyəvi-estetik məzmunu, poetik sadəliyi və ümumbəşəri əxlaqi ideyaları ilə seçilən didaktik lirika nümunəsi kimi dəyərləndirilə bilər.

Mən hətta deyərdim ki, Nicat Ərtürkün “Uzaqlaş” şeirinin elmi dəyəri məhz klassik Azərbaycan və türk didaktik ədəbiyyatı kontekstində açılır.

Nicat Ərtürkün “Uzaqlaş” şeiri ideya-məzmun xüsusiyyətlərinə görə həm də Azərbaycan və ümumtürk didaktik ədəbiyyatının çoxəsrlik ənənələri ilə səsləşir. Əsərdə müəllif oxucuya hazır hökmlər verməkdən daha çox, onu mənəvi seçim qarşısında qoyur, düzgün həyat yolu göstərməyə çalışır. Bu xüsusiyyət şeiri klassik nəsihətnamə ənənəsinin müasir poetik nümunələrindən biri kimi qiymətləndirməyə əsas verir.

Əvvəlcə diqqəti cəlb edən cəhət əsərin Şərqin stolüstü kitabı sayılan “Qabusnamə” adlı əsər ilə ideya yaxınlığıdır. “Qabusnamə” adlı əxlaqi-didaktik əsərdə insanın həyatda doğru dost seçməsi, halal zəhmətlə yaşaması, tamahdan, yalandan və pis əməllərdən uzaq durması əsas əxlaqi prinsiplər kimi təqdim edilir. Nicat Ərtürkün

Yalançı, saxtakar dostdan uzaqlaş,

…Haram gələn maldan, puldan uzaqlaş

misraları həmin klassik hikmətin müasir poetik interpretasiyası təsiri bağışlayır. Hər iki müəllif üçün insanın mənəvi saflığı maddi rifahdan üstün tutulur. Lakin fərq ondadır ki, “Qabusnamə” nəsr formasında öyüd verir, Nicat Ərtürk isə eyni ideyanı lirik-poetik ifadə vasitələri ilə təqdim edir.

Şeirin ideya istiqaməti “Kitabi-Dədə Qorqud” abidəsinin hikmət dünyası ilə də səsləşir desək yanılmarıq. “Kitabi-Dədə Qorqud” dastanında igidlik fiziki gücdən əvvəl mənəvi keyfiyyətlərlə ölçülür; sədaqət, halal çörək, dostluq və namus Oğuz cəmiyyətinin əsas dəyərləri kimi təqdim olunur. Nicat Ərtürkün

Sənə çətin anda arxa çevirən,

Şərəfsiz qohumdan uzaqlaş

misralarında da insan münasibətlərinin mənəvi ölçüsü ön plana çəkilir. Burada müəllif qan qohumluğunu deyil, mənəvi qohumluğu üstün tutur ki, bu da Dədə Qorqudun etik dünyagörüşü ilə uyğunluq təşkil edir.

Əsərin poetik ruhunda klassik nəsihət poeziyasının, xüsusilə Məhəmməd Füzulinin didaktik düşüncə tərzinin müəyyən izləri də görünür. Füzuli insan nəfsinin, tamahın və mənəvi naqisliklərin insanı həqiqətdən uzaqlaşdırdığını göstərirdi. Nicat Ərtürk isə həmin fikri müasir həyat hadisələri fonunda yenidən ifadə edir. Onun üçün də insanın ən böyük düşməni xarici qüvvələrdən əvvəl mənəvi pozğunluq, yalan və haram qazancdır.

Şeirin ictimai mövqeyi isə Mirzə Ələkbər Sabirin didaktik poeziyası ilə müqayisəyə imkan verir. Sabir cəmiyyətin eyiblərini satira yolu ilə ifşa edir, oxucunu düşünməyə sövq edirdi. Nicat Ərtürk isə eyni məqsədə satira ilə deyil, nəsihət və mənəvi tövsiyə yolu ilə çatmağa çalışır. Sabirdə tənqid aparıcıdırsa, Nicat Ərtürkdə xəbərdarlıq və maarifləndirmə üstünlük təşkil edir. Bu baxımdan “Uzaqlaş” şeiri didaktik lirikanın yumşaq və humanist istiqamətini təmsil edir.

Əsərin poetik quruluşu da klassik hikmət poeziyası ilə səsləşir. Hər bəndin “uzaqlaş” sözü ilə tamamlanması təsadüfi deyildir. Bu imperativ forma həm ritmik bütövlük yaradır, həm də klassik nəsihətnamələrdə tez-tez rast gəlinən əmr və öyüd intonasiyasını müasir poetik üslubda davam etdirir. Burada “uzaqlaş” sözü yalnız leksik vahid deyil, əsərin ideya yükünü daşıyan əsas poetik açardır.

Bununla yanaşı, Nicat Ərtürkün şeiri klassik didaktik poeziyanın sadə təkrarı deyil. Müəllif müasir dövrün sosial münasibətlərini – saxta dostluğu, etimadsızlığı, haram qazancı, mənasız informasiya bolluğunu və mənəvi yadlaşmanı – klassik hikmət prizmasından qiymətləndirir. Bu xüsusiyyət əsərə həm ənənəvilik, həm də müasirlik qazandırır.

Beləliklə, “Uzaqlaş” şeiri ideya istiqamətinə görə Azərbaycan didaktik poeziyasının tarixi inkişaf xəttində dayanır. Əsər “Qabusnamə”nin həyat hikmətini, “Kitabi-Dədə Qorqud”un mənəvi dəyərlər sistemini, Füzuli hikmətinin əxlaqi-fəlsəfi düşüncəsini və Mirzə Ələkbər Sabirin maarifçi mövqeyini müasir poetik təfəkkür kontekstində yeni bədii ifadə forması ilə davam etdirir. Bu mənada Nicat Ərtürk klassik ənənəni təkrarlamır, onu müasir dövrün mənəvi problemləri fonunda yaradıcı şəkildə yaşadır və inkişaf etdirir.

Bu müqayisəni daha da gücləndirmək üçün bir məqamı da əlavə etməyi tövsiyə edərdim. Şeirdə hər misranın sonunda təkrarlanan “uzaqlaş” sözü təsadüfi bədii vasitə deyil, klassik Şərq didaktik poeziyasında işlənən imperativ poetikanın davamıdır. Yəni Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin hikmətamiz parçalarında, eləcə də “Qabusnamə” və “Kitabi-Dədə Qorqud”da tez-tez rast gəlinən “et”, “ol”, “qorun”, “dinlə”, “çəkin” kimi əmr və tövsiyə formaları Nicat Ərtürkün şeirində vahid bir söz – “uzaqlaş” ətrafında cəmlənir. Bu xüsusiyyət əsərin poetik arxitektonikasını klassik hikmət poeziyası ilə bağlayan ən mühüm üslubi göstəricilərdən biri kimi ayrıca vurğulana bilər.

Nicat Ərtürkün poeziyası göstərir ki, klassik ədəbi irsin yaşaması yalnız onu oxumaqla deyil, onun mənəvi-estetik dəyərlərini müasir dövrün poetik düşüncəsində yaşatmaqla mümkündür. Müəllif öz yaradıcılığında hikmət, əmək, vətən sevgisi, milli kimlik, dostluq və əxlaqi kamillik kimi dəyərləri poetik sözün gücü ilə yeni nəslə çatdırmağa çalışır. Bu baxımdan onun şeirləri klassik irslə müasir həyat arasında mənəvi körpü rolunu oynayır.

Şair Nicat Ərtürkə nə arzu edək:

Şairə ən böyük arzumuz budur ki, qələmi daim xalqın mənəvi dünyasına işıq saçsın, poeziyası yeni oxucu nəsillərini düşündürən, tərbiyə edən və həyata bağlayan bədii söz nümunələri ilə daha da zənginləşsin. Arzu edirik ki, o, milli poeziyamızın hikmət və insanpərvərlik ənənələrini yeni mövzular, yeni poetik axtarışlar və orijinal bədii tapıntılarla davam etdirərək Azərbaycan ədəbiyyatının müasir inkişafında özünəməxsus yaradıcılıq mövqeyini daha da möhkəmləndirsin.

Qələminin nuru heç vaxt sönməsin, sözü oxucuların qəlbində etibar qazansın, yaratdığı əsərlər yalnız bu günün deyil, gələcək nəsillərin də mənəvi dünyasına yol tapsın. Klassik irsdən bəhrələnən, lakin öz poetik simasını qoruyan bu yaradıcılığın yeni poetik zirvələr fəth etməsi, Azərbaycan ədəbiyyatının zəngin xəzinəsinə yeni dəyərli nümunələr bəxş etməsi ən səmimi arzularımızdır.

Tanrı Sizi qorusun!

AYBƏNİZ HƏŞİMOVANIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Atakişiyeva Həcəin yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vasif Qurbanzadə – Dünya

DÜNYA

Bir qulaq yoldaşı, söz arxadaşı
bula bilmədiyim yerdi… dünya.

Bir udum sevgidir, bir ömür həsrət,
çəkə bilən bilər dərdi, dünya.

Bulağı balsa, aldanma, dəryası zəhərdi,
yer atında narahat yəhərdi… dünya.

Bəlkə sevinci var… deyə bilmərəm,
İliyi qəm, qanı qəhərdi… dünya.

Adın çox şirindi, sanın kəmşirin,
dadın birtəhərdi, dünya.

Müəllif: Vasif Qurbanzadə

Vasif Qurbanzadənin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Atakişiyeva Həcəin yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Beynəlxalq İşıqfor Günü

Beynəlxalq İşıqfor Günü
Hər il 5 avqust dünyada Beynəlxalq İşıqfor Günü kimi qeyd olunur. Bu tarix 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində qırmızı və yaşıl rəngli ilk elektrik işıqforunun quraşdırıldığı gün ilə əlaqədardır.
İşıqfor əslində mədəniyyət, etika və məsuliyyətin gözəl bir təzahürüdür. İşıqfor adlandırdığımız bu qurğu cəmiyyətdə nizam-intizamla yanaşı həm də təhlükəzisliyimizə böyük töhfə verir. Lakin təhlükəsizliyimizlə yanaşı həm də dilimizi qorumaq boynumuzun borcudur.
Bu qurğunun yaradıcısı biz olmasaq da, Azərbaycan türkcəsində “İşıqfor” sözünün mənası anlaşılmazdır. Belə ki, “işıq” öz dilimizdə olsa da, “for” birləşməsi “daşıyan” mənasını yetirən yunan mənşəli bir sözdür.
Biz Sovetlər dönəmindən etibarən buna “svetafor” deyirdik və yalnız müstəqillik illərində nə qədər çətin olsa da adını dəyişib bu formaya saldılar. İnsanlar da çətinliklə yeni adı qəbullanıb işlətməyə başladılar. Amma bu, yetərsiz bir addım idi. Çünki “for” ifadəsi əcnəbi sözüdür. Onun Azərbaycan türkcəsində kifayət qədər uyğun mənaları mövcud olarkən nədən ayrı-ayrı dillərdəki ifadələrdən istifadəyə bu qədər can atırıq? Yoxsa işıqforun “for” birləşməsini öz dilimizə tərcümə etmək üçün daha bir əsr gözləməliyik?

İlqar İsmayılzadə
05.08.2026

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi
5 avqust tarixində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə şair Lalə İsmayılın ilk şeirlər kitabı – “Bəyaz durnalar”ın təqdimatı və Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun doğum gününə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar, şair və yazıçılar, ədəbiyyatsevərlər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, “Bəyaz durnalar” təkcə bir şeir kitabı deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsinə ucaldılmış mənəvi abidədir. O, müəllif Lalə İsmayılı ilk kitabının nəşri münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzuladı.
Tədbirdə çıxış edən müəllif Lalə İsmayıl qeyd etdi ki, “Bəyaz durnalar” onun ilk fərdi şeir kitabıdır. Kitab Xalq şairi Nəriman Həsənzadənin xeyir-duası, Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayevanın dəstəyi ilə ərsəyə gəlib və Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş yeddi polis əməkdaşının əziz xatirəsinə ithaf olunub. Həmin qəhrəmanlardan biri də müəllifin qardaşı, itkin şəhid İsmayıl Barat oğlu İsmayılovdur.
Müəllif çıxışında bildirib ki, kitab nəşr etdirmək əvvəlcədən planında olmayıb. Dostlarının və yaxınlarının təkidi ilə illər ərzində qələmə aldığı şeirlər toplanaraq kitab halında oxuculara təqdim olunub. O, bundan əvvəl türkiyəli şair Celalettin Kurtla birgə müəllifi olduğu “İki səs, bir nəfəs” kitabının işıq üzü gördüyünü, hazırda isə yeni kitab üzərində çalışdığını və yaxın vaxtlarda onu da oxucuların ixtiyarına verməyi planlaşdırdığını vurğuladı.
Tədbirdə çıxış edənlər “Bəyaz durnalar” kitabını yüksək qiymətləndirərək müəllifə yaradıcılıq uğurları arzuladılar, şəhidlərimizin xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd etdilər.
Tədbirin yaddaqalan məqamlarından biri də rəssam Humay Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun xatirəsinə həsr etdiyi rəsm əsərini müəllif Lalə İsmayıla təqdim etməsi oldu. Şəhidin əziz xatirəsini yaşadan bu mənalı hədiyyə iştirakçılar tərəfindən böyük ehtiram və duyğusallıqla qarşılandı.
Sonda müəllif oxucular üçün kitablarını imzaladı və xatirə şəkilləri çəkdirildi:

MÜƏLLİF: GÜLLÜ ELDAR TOMARLI

GÜLLÜ ELDAR TOMARLININ YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Fərman Salmanov səhifəsi

Fərman Salmanov

Qərib məzarlar
(Fərman Salmanov səhifəsi)

Hamı, heç olmasa onu yaxından tanıyanlar, Fərman Salmanovun fenomenallığını birmənalı şəkildə qəbul edirdi. Bununla belə, ömrü boyu qazandığı parlaq nailiyyətlərə qəribə bir qısqanclıqla yanaşıldı. Elə bil, onun böyüklüyünü etiraf etmək çoxlarına çətin gəlirdi.
Fərman Salmanov 28 iyul 1931-ci ildə Şəmkir rayonunun Morul kəndində dünyaya göz açmışdır. Orta məktəbdə oxuduğu illərdən yaşıdlarından iti zəkası, güclü hafizəsi və çalışqanlığı ilə seçilirdi. Hələ gənclik çağlarında xarakterinin iki əsas cəhəti – sarsılmaz əzmkarlıq və dönməz inad özünü açıq şəkildə göstərirdi. Qarşısına qoyduğu məqsədə nə olursa-olsun çatmaq onun həyat fəlsəfəsinə çevrilmişdi.
Bu məqsəd onu orta məktəbi bitirdikdən sonra Bakıya – Azərbaycan Neft Sənayesi İnstitutunun geologiya fakültəsinə gətirdi.
Ali təhsilini fərqlənmə ilə başa vuran gənc geoloq təyinatla Kuzbasa göndərildi. Çox keçmədən apardığı müşahidələr nəticəsində burada aparılan geoloji axtarışların perspektivsiz olduğu qənaətinə gəldi və bu barədə rəhbərliyə məlumat verdi. Dövlət vəsaitinin səmərəsiz istiqamətdə xərclənməsinə etiraz edərək, heç bir rəsmi icazə almadan kiçik bir ekspedisiya ilə neft ehtiyatlarının mövcudluğuna inandığı Sibir çöllərinə yollandı.
Əvvəlcə bu addıma müəyyən dözümlə yanaşılsa da, uzun müddət nəticə görünmədiyindən onun cəzalandırılması məsələsi gündəmə gəldi.
Məsələ SSRİ rəhbəri Nikita Xruşşova qədər çatdırıldı. Deyilənə görə, Xruşşov məruzəni dinlədikdən sonra belə demişdi:
“İndi artıq Stalin dövrü deyil. Tələsməyin. Ona bir şans da verin. Bəlkə axtardığını tapacaq.”
Bu qərar təkcə bir geoloqun taleyini deyil, bütöv bir ölkənin iqtisadi gələcəyini dəyişdi.
Ekspedisiyanın üzvləri arasında belə ümidsizliyin hökm sürdüyü günlərdə, 21 mart 1961-ci ildə Sibirin Meqion yatağında qazılan ilk kəşfiyyat quyusundan 2180 metr dərinlikdən gur neft fontanı vurdu. Bu, təkcə yeni yatağın deyil, Qərbi Sibirin gələcək neft imperiyasının doğuluşu idi. Sonralar Fərman Salmanovun bilavasitə kəşf etdiyi yüzdən artıq neft və qaz yatağının ilki məhz Meqion oldu.
Ancaq taleyin qəribə ironiyası vardı. Salmanovun dünya miqyaslı bu kəşfi cəmi üç həftə sonra Yuri Qaqarinin kosmosa uçuşunun kölgəsində qaldı. Sovet ideologiyası bütün diqqətini kosmosun fəthinə yönəltdi, geoloqun nailiyyəti isə ikinci plana keçdi.
Fərman Salmanov buna təəssüflə yanaşırdı. Yaxın dostlarına deyirdi:
“Mənim kəşfim Yuri Qaqarinin şücaətindən nəinki geri qalır, hətta ondan qat-qat böyük iqtisadi əhəmiyyət daşıyır.”
Zaman onun haqlı olduğunu sübut etdi.
Salmanovun bilavasitə iştirak etdiyi 130-a yaxın neft və qaz yatağının istismarı nəticəsində əldə olunan gəlirlər trilyonlarla ABŞ dolları ilə ölçülür. Bu gün də Rusiya Federasiyasının iqtisadi dayaqlarından biri məhz onun vaxtilə aşkara çıxardığı yataqlardır.
Bununla belə, miqyasına görə misli görünməmiş bu xidmətlər heç vaxt layiq olduğu səviyyədə qiymətləndirilmədi. Ona ordenlər, medallar, fəxri adlar verildi. Lakin heç kim açıq şəkildə etiraf etmədi ki, Fərman Salmanov tək bir alim kimi nəhəng dövlətin iqtisadi qüdrətini formalaşdıran əsas simalardan biri idi.
Ən sadə müqayisə belə göstərir ki, nə Sovet İttifaqının 69 illik tarixində, nə Romanovlar sülaləsinin üç əsrlik hakimiyyəti dövründə, nə də müasir Rusiya tarixində hər hansı bir şəxsin elmi fəaliyyəti dövlətə Fərman Salmanovun qazandırdığı qədər sərvət gətirməmişdir.
Fərman Salmanov geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü idi. 1987–1991-ci illərdə SSRİ geologiya nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
Prinsiplərinə ömrünün sonunadək sadiq qaldı. Neft-qaz sənayesinin özəlləşdirilməsi siyasəti ilə razılaşmadığı üçün yüksək dövlət vəzifəsindən könüllü istefa verdi. Bu addım həmin dövr üçün nadir cəsarət nümunəsi idi.
O, elmdə fəth ediləcək zirvələri fəth etdi. Sağlığında mümkün olan bütün mükafatları aldı. Ölümündən sonra isə yalnız seçilmiş şəxsiyyətlərə qismət olan daha bir tarix yazdı.
Bu gün dünyada adına hava limanı verilmiş iki azərbaycanlıdan biri Fərman Salmanovdur. Tümen vilayətinin Surqut şəhərinin beynəlxalq hava limanı 2019-cu ildən onun adını daşıyır.
Fərman Salmanov 31 mart 2007-ci ildə Moskvada vəfat etmişdir. Məzarı Moskvanın məşhur Vaqankovo qəbiristanlığındadır.
Ömrünün böyük hissəsini Rusiyada keçirsə də, ürəyi həmişə doğma Azərbaycanla döyünürdü.
Hələ 1946-cı ildə, cəmi on beş yaşı olarkən, ittifaq miqyasında tanınmış dövlət xadimi Nikolay Baybakovun Şəmkirdə seçicilərlə görüşündə cəsarətlə bölgəsinin problemlərini dilə gətirmişdi.
Bu görüş təsadüfi deyildi. Məktəbin əlaçı şagirdi olan Fərmanın ən böyük arzusu neftçi olmaq idi. Gənc məktəblinin Baybakovla görüşünə şərait yaradanlar onun gələcəkdə böyük neftçi olacağına inanırdılar.
Bu gün Şəmkirdə onun təhsil aldığı məktəb Fərman Salmanovun adını daşıyır.
Vaqankovo qəbiristanlığında Fərman Salmanovun yanında taleyin amansızcasına cəmi qırx iki yaşında həyatdan apardığı oğlu da uyuyur.
Tale babasının sürgün yeri olmuş Sibiri ona başqa cür fəth etməyi nəsib etdi. Onun qərib məzarı Moskvadadır. Amma adı, xatirəsi və yaratdığı irs doğma elindən heç vaxt ayrılmayıb.
Çünki böyük insanlar vətəndən uzaqda dəfn oluna bilərlər. Ancaq onlar heç vaxt xalqın yaddaşından köçmürlər.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<

PƏRVİZ YƏHYALININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Atakişiyeva Həcəin yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Köçür, gözlərinin içinə mən

Köçür, gözlərinin içinə mən

Köçür gözlərinin içinə məni,
Qoyma kirpiyindən süzülüb axım.
Qurudum gözündə yağışı, nəmi,
Sənin gözlərindən özümə baxım…

Sevgi yağışından qoy islanım mən,
Üşüsün həsrətim, donsun həsrətim…
Durna qatarında köçən ömrümdən,
Qayıtmaz illərə qonsun həsrətim….

Mavi göylərinin ənginliyində,
Xəyal dünyasında üzənin olum.
İtim gözlərinin dərinliyində,
Bu eşqin səbrinə dözənin olum…

Gizlə gözlərinin içində məni,
Səni həsrətindən qoruya bilim…
Silim içindəki kədəri qəmi,
Əbədi içində uyuya bilim….

Müəllif: Səadət Məftun

SƏADƏT MƏFTUNUN YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu təbrik edir

Vaqif Osmanov- 70

Ədəbi tənqidə 1979- cu ildə Balakən rayonunda müəllim işləyərkən gəlib. Daha doğrusu, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” romanını oxuyandan sonra buna qərar verib. Bəli, bugünkü söhbətimin qəhrəmanı hidrometoroloq olsa da, həm də söz adamıdır…

Deyir ki:- “Söz sənətinin hər dövrünün özünəməxsusluğu var. Müasir nəsr artıq cild-cild romanlar dövrünü arxada qoyub. İndi vaxtın qıtlığı, informasiyaların bolluğu zamanıdır. Ona görə də hekayə, povest, roman həcmini dəyişib. Yığcam, konkret, geniş informasiyalı nəsr əsərləri çox oxunur. Özüm də böyük həcmli əsərləri oxumuram. Hövsələm və vaxtım çatmır. O vaxt oxuduğum Zahid Sarıtorpağın “Quşların intiharına inanmayın” romanındakı hadisələr məni, necə deyərlər, yerimdən tərpətdi. Yazıçı bu günün reallıqlarını ustalıqla həcmcə kiçik, mənaca dolğun romana yerləşdirib. Kənan Hacının, Ataqamın, Yaşar Bünyadın, Ayaz İranooğlunun hekayə və povestləri, Pərvanə Bayramqızının hekayələri, Əli bəy Azərinin Qarabağ müharibəsi haqqında əsərləri maraqlıdır. Ən başlıca məsələ isə gerçəkliyi, həqiqəti yazmaqdır. Bəzək-düzəksiz olsun, oxucunu inandırsın. Bəli, əsas meyar budur mənim üçün.”

1956-cı ilin avqust ayının 26-da Balakən rayonunun Qamıştala kəndinə anadan olub, 1973-cü ildə Qaravəli kənd orta məktəbini bitirib. 1973-1977- ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Oranı bitidikdən sonra dörd il Balakən rayonunda müəllim işləyib. Balakən rayonunun “Şən həyat”, ADPU-nun “Gənc müəllim”, eləcə də “Azərbaycan gəncləri”, “Azadlıq”, “Rezonans”, “Azad qələm”, “Ədalət”, “Aktual qəzet”, “Ruzigar”, İnamın gəlişi” qəzetlərində, “Elm və həyat”, “Xəzan”, “Əfsun”, Türkiyədə nəşr olunan “Hece taşları” dərgilərində şeirləri, hekayələri, publisistik yazıları, elmi, ədəbi-tənqidi yazıları dərc olunub. Bir sözlə, ölkədə bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin müəllifi kimi tanınır. Eyni zamanda, uşaqlar üçün ingilis dilindən tərcümələr də edib…

…Bəlkə də heç özü də bilmir, o anadan olanda həftənin bazar günü olub. Bazar günü dünyaya gələnlər isə Günəş tərəfindən idarə olunur, təbii xarizma, liderlik xüsusiyyətləri və yüksək həyat enerjisi ilə seçilirlər. Onlar optimizm, yaradıcılıq və uğur meyilliliyi kimi keyfiyyətləri daşıyan fərdlərdir. Odur ki, qəhrəmanım da, güclü iradəyə və idarəçilik bacarığına malikdir. Ətrafındakı insanları cəlb edən parlaq və isti aura var. Həvəsli, canlı və hər zaman hərəkətli quruluşu ilə seçilir. Həyata ümidlə baxır, çətinliklərə qarşı müsbət düşüncələrini itirmir. Sənətə, gözəlliyə və yenilikçi fikirlərə meyillidir…

“Mənim ixisasım coğrafiya müəllimi, pedaqoqdur, peşəm hidrometeoroloqdur. Sırf mənim peşəmlə bağlıdır deyə söyləyirəm. Bakı küləkər şəhəridir. Amma Bakı toponimi küləklər şəhəri mənasını vermir. Bəzi tədqiqatçılar onun adının “təpə” mənasında olduğunu yazırlar. Sara Aşurbəyli bu coğrafi adın “Bagi” qəbiləsinin adından yarandığını qeyd edir. Bu versiya daha inandırıcıdır. Ərəb səyyahları Bakıya gəlib onu “Badi-kubə” adlandıranda “Bakı” toponimi vardı. Hətta Xəzər dənizinin coğrafi adlarından biri Bakı olub. O ki qaldı niyə küləklər şəhəridir? Bəli, Bakının və Abşeron yarımadasının azı 250-300 günü küləkldir. Küləklərimiz də millidir- xəzri və gilavar. Bakının və Xəzər dənizinin küləkli olmasının əsas səbəbi coğrafi mövqeyidir. Şimal Büzlu okeanından gələn Kra antisiklonu Xəzərin şimalından Azərbaycana sanki dar dəhlizdən daxil olur. Yelçəkər yaradır. Mülayim qurşaqdan gələn hava kütlələri isti hava axını gətirir.”- söyləyir.

Maraqlı adamdır, ömrünün çox hissəsini müəllimliyə, hidrometeorologiyaya həsr etsə də, həm də yaxşı publisist və tərcüməçidir. O ki, qaldı onun bir insan kimi xarakterinə, qoy deyim, siz də bilin: Onun ən böyük gücü analitik düşüncə tərzidir. Problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilir. Həmçinin, səmimi və etibarlı dostdur. Onunla əməkdaşlıq etmək bir başqa aləmdir. Başqalarına kömək etməkdən xoşlanır, yardımsevərdir. Və ondan müdrik, uğurlu məsləhətlər almaq olar. Bir sözlə, özünütəkmilləşdirmə və öyrənmə arzusu onu zaman-zaman gözəl məsləhətçi kimi yetişdirə bilib. O, həm də sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar, haqqında danışdığım Vaqif Osmanovda olduğu kimi…

Xülasə, avqust ayının 26-sı Vaqif müəllimin 70 yaşı tamam olacaq. Birdən elə düşünərsiniz ki, tələsmişəm, axı 26-na hələ qalır. Elə deyil, söz gəldisə gərək qarşısını almayasan…

…Çox yaşasın!..

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Dəniz Aslanlı – Metamorfoz

Metamorfoz
İnsan həyatının ilk illərində başqalarının həqiqətləri ilə yaşayır. Ona deyilənləri doğru qəbul edir, öyrədilən qaydaları isə dəyişməz qanun hesab edir. Lakin zaman keçdikcə həyat elə sınaqlar gətirir ki, illərlə inandığın düşüncələr bir-bir çatlayıb dağılır. Məhz o an anlayırsan ki, həqiqət hazır şəkildə heç kimə verilmir. Hər kəs onu öz yolunda, öz səhvləri, itkiləri və seçimləri ilə kəşf edir.
Bəlkə də insan üçün ən böyük təhlükə yalan eşitmək deyil, eşitdiyini sorğulamadan həqiqət kimi qəbul etməkdir. Sorğulanmayan fikir zaman keçdikcə inanca çevrilir, inanc isə bəzən insanı reallıqdan uzaqlaşdırır. Halbuki həqiqət rahatlıq vəd etmir. O, bəzən bütün bildiklərini dağıdır, səni sarsıdır, amma eyni zamanda gözlərini açır və həyata daha ayıq baxmağı öyrədir.
Həyatın ən qiymətli dərsləri məktəb partalarının arxasında keçirilmir, kitabların son səhifəsində yazılmır. Onlar gecənin səssizliyində peşmanlıqlarla üz-üzə qaldığın anlarda, səni dəyişən ayrılıqlarda, güvəndiyin insanların xəyanətində və hər şey bitmiş kimi görünərkən yenidən ayağa qalxmaq məcburiyyətində qaldığın anlarda gizlənir.
Ona görə də hər deyilənə inanmağa tələsmə. Hər fikri öz ağlından, hər həqiqəti isə öz vicdanından keçir. Çünki başqaları sənə yolu göstərə bilər, amma o yolu necə gedəcəyini, harada dayanacağını və kimə çevriləcəyini yalnız həyatın özü öyrədə bilər.

Müəllif: Dəniz Aslanlı

Dəniz Aslanlının digər yazıları

Atakişiyeva Həcəin yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə edildi

Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə edildi

Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə edildi

Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.

“Zəfərlərə Doğru” adlı kitabım Cümhurbaskanimiz Recep Tayyip Erdoğanin dava və yol dostu AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə.
Diqqət və hörmətə görə AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə və məni layiqincə təmsil etdiyinə görə Gönül Elçim Mustafa Nazilli bəyə təşəkkürümü bildirirəm.
Allah ömür versin Allah razı olsun sizlərdən var olun.
Qeyd edim ki Barış bəy mənə salamlarını və xoş sözlərini xoş arzularını çatdırmış və uğurlar arzulamışdır.
Bizdən də Qardaş Türkiyəmizdə ki dostlarımıza və Barış bəyə qucaq dolusu salamlar sevgilər.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“Milli Qəhrəman Vüqar” – Yeni kitabın təqdimatı

“Milli Qəhrəman Vüqar” – Yeni kitabın təqdimatı
Bu günlərdə Azərbaycan ədəbi mühitinin görkəmli və qocaman nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, Turan Xalq şairi, “Turan Ödülü”, “Ustad Niftalı Göyçəli” ödülü, “Həməşəra” Fəxri Diplomu, “Məhəmməd Füzuli” Fəxri ödülü və “Əsrin yazarı” medalı laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəlinin Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovun xatirəsinə yazdığı “Milli Qəhrəman Vüqar” adlı bioqrafik poema kitabı işıq üzü görmüşdür.

Kitabın əsas məlumatları:
Kitabın adı: “Milli Qəhrəman Vüqar” (Bioqrafik poema)
Müəllif: Niftalı Göyçəli
Redaktor: Valeh Novruzov (Turan Yazarlar Birliyinin üzvü, ünlü-sədalı etnoqrafik “Dərəçiçək xatirələri” kitabının müəllifi
Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı, 2026
Kağız formatı: 84×108 1/16
Kitabın həcmi: 104 səhifə
Tiraj: 100

Kitab barədə:
Bu poemada Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun obrazında I Qarabağ savaşında rəşadət göstərmiş igid əsgərlərimizin döyüş salnaməsindən bəhs olunur.
Əziz şəhidimizə həsr olunmuş kitabın girişində Turan Yazarlar Birliyinin üzvü, TYB-nin xüsusi ödülü, “Hüseyn Cavid” ödülü və “Ustad Niftalı Göyçəli” ödülü laureatı, yazıçı-şair Ramil Bəylər tərəfindən kainat və varlıq aləmi barədə qələmə alınmış “Münacat” adlı gözəl şeiri təqdim edilir.
Ardınca kitabın əsas hissəsində Ustad Niftalı Göyçəlinin uyğun mövzuda xüsusi məharətlə qələmə aldığı gözəl və mənalı poeması yer almışdır.
Bundan sonra kitabın redaktoru Valeh Novruzovun II Qarabağ Savaşı ilə bağlı fikirləri, ardınca şəhid Vüqar Mürəslovun bibisi, Turan Xalq şairi Şəhla xanım Rəvanın həmin poema barədə qələmə aldığı nəzəri münasibəti yer almışdır. Kitabın sonunda isə “Şəkil albomu” başlığı altında şəhid Vüqar Mürsəlov və eləcə də onun yaxınları və cəbhə yoldaşlarına aid fotoşəkillər təqdim edilmişdir…
Məlumat üçün qeyd etmək lazımdır ki, Ustad Niftalı Göyçəlinin “Milli Qəhrəman Vüqar” adlı bioqrafik poemasının ilk təqdimatı 26.07.2026 tarixində Cəlilabad şəhərində yerləşən “Tut Bağı” İstirahət Mərkəzində “Həməşəra” mətbu orqanının təşkilatçılığı ilə onun özü və eləcə də tanınmış ziyalılar, Cəlilabad ədəbi mühitinin bir qrup tanınmış və dəyərli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilmişdir…

Minnətdarlıq:
Fürsətdən istifadə edib, Azərbaycan ədəbi mühitinin qocaman nümayəndəsi, Turan məfkurəli Turan Xalq şairi, Ustad Niftalı Göyçəlini işıq üzü görmüş yeni kitabına görə səmimi qəlbdən təbrik edir, doğma elimizin fəxarətli sülaləsinə mənsub olan Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovla bağlı yazıb ərsəyə gətirdiyi belə bir gözəl və mənalı poemaya görə təşəkkürümü bildirir, eyni halda əziz və dəyərli Ustadımıza uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
04.08.2026

"…yazarlar, ancaq yazarlar…"