Etiket arxivi: Qəşəm Nəcəfzadə

Elnur, ad günün mübarək, təbik edirəm, yüz yaşa! – Qəşəm Nəcəfzadə

Elnur UğurQəşəm Nəcəfzadə

Gülümsəyən şeirlər…
(Gənc şair Elnur Uğurun şeirləri haqqında)
Çölünə baxsan alovdu,
İçinə girsən tüstüdü.
Elnur Uğurun şairliyi bu misralardan başlayır. Burda onun yaşı da var, təcrübəsi də. Həyatı da var, istedadı da. Ümümiyyətlə, “şair” sözünün əvvəlinə qoşulan epitetlərdən xoşum gəlmir. Məsələn, istedadlı şair, vətəndaş şair, görkəmli şair, tanınmış şair və sair bədii sifətlər yazını bir az genəltmək, bir az da müəllifə yarınmaq üçün işlədilir… Şair sözündə hər şey ifadə olunur, vəssalam. Vətandaşlıq da, istedad da, vətən də…
Elnur haqqında bu yazım nədənsə gec alındı. Bəlkə səbəb bu idi ki, bir də heç kəs haqqında yazmayacağıma qərar vermişdim. Olsun. Amma Elnurun şeirləri məndən əl çəkmirdi axı. Yəni onun şeirləri haqqında fikirlərim məni yaxşı mənada narahat edirdi. Hər dəfə kitabı vərəqlədikcə yeni nəsə tapırdım.
Elə yuxarıda misal gətirdiyim misralar uzun müddət hara getdimsə, qarşıma çıxdı. Fikir verin, alovla tüstünün yerini dəyişməsi həyatın özüdür. Bax, burda həyat yanır. Əslində gözə görünənlərin hamısı tərsdi. Düzünü şair deyir. Tərslikləri düzəldir. Sən demə baş verənlərin üstündə alov içində tüstü varmış. Xalqda belə bir misal var: od olmasa, tüstü çıxmaz. Demək, tüstü odun xəbərçisidir. Bəs burda necə?
Artıq adamlar indi siyasiləşib. Özlərini alov kimi göstərsələr də içlərində burum- burum tüstünü gizlədirlər. Əgər bu misralar yeni dövrün aforizminə çevrilirsə, demək, Elnur maraqlı şairdir.
Elnurun şeirlərində çox gizlin mətləblər var. Bunlar elə də üzdə deyil. Bir az oxucudan bələdçilik tələb edir ki, gizlində olanları aşkar eləyə bilsin. Çünki Elnur həmin gizlinlərin nişanlarını aldadıcı rənglərlə işarələyib. Aşağıdakı bəndlərə fikir verək:
Naşı yolur kal meyvəni,
Bağı bağlığı yandırır.
Qara utanmır ləkədən,
Ağı ağlığı yandırır.
Tanrım, bağışla səhvləri,
Yoxsa oynar yer məhvəri.
Ölünü hesab – dəftəri,
Sağı sağlığı yandırır.
Bağ, meyvə, qara, ağ, ölü, hesab-dəftər – bütün bu detalların hamısı yaşadığımız həyata, cəmiyyətə aiddir. Bu görüntülərin üzərində cəmiyyətin faciəsi, əzabı aşkarlanır. Şairin şeirlərinin əksəriyyəti ictimai məzmun daşıyır. Ancaq bu məzmun sadəcə didaktika deyil, poetik həqiqətlər fonunda göstərilir.
Ayaqlarımız üzümüzə,
Üzümüz özümüzə,
Addamlayaq.
Gəl çox yox,
Vur-tut bir arzu tutaq,
Geriyə qayıdaq.
Bəli, harda olursa olsun ayaqlar düzünə çıxıb getməməlidir. O bir gün üzümüzə, üzümüz də özümüzə qayıtmırsa, demək həyat baş – ayaqdır. O zaman o, ayaqlar bizə qayadar ki, gərək ürəyimizdə bir arzu tutaq. Arzu insanın kompasıdır, yol göstərənidir. Artıq hər şey geridə qalıb. Geridə qalan isə əslində gələcəyin özüdür.
Elnurda xoşuma gələn əsas cəhət odur ki, o nədən yazırsa- yazsın, misraları poetizimlə yükləyir. Yəni, onun şeirləri poeziyanın əbədi-əzəli düşməni olan publisistikadan min ağac uzaqdır. Aşağıdakı şeirə nəzər salaq. Bu arzu kimin ürəyindən keçməyib? Heç burada məqsəd təkcə suların altı deyil, insanların, cəmiyyətin içi və çölüdür.
Heç olmasa bir dəfə
Çox yox e, bircə dəfə
Bir anlıq heç nəsiz
Gözlərim açıq,
Bata biləydim suların altına…
Elnurun şeirlərindəki qafiyə sistemi çox maraqlıdır. Hamı elə bilir ki, qafiyə təkcə misraların sonunda olur. Elnur göstərir ki, qafiyə misranın əvvəlində və ortasında da ola bilər.
O sahildən bu sahilə keçməmiş
Bu körpüdə neçə körpə keçindi.
Burada fonetik cəhətdən “körpə” və “körpü” sözlərinin səsləşməsi qafiyə yaradır. Həm də “körpə” və “körpü” sözlərinin poetik anlamı eynidir. Körpə də insanlar, xüsusən valideynlər arasında körpüdür və adını unutduğum bir şairin dediyi kimi valideynlər arasında “və” bağlayıcısıdır.
Elnur bəzən şeirlərində sadəcə detalın adını çəkir. Detalın leksik mənası gözümüz önündə baş verə biləcək hər hansı bir hadisəni canlandırır. Baxaq:
Şüşələrdən qan axır,
Pəncərədən baxan var?!
Şüşə əlimizi kəsə bilər və qan axar. Tam doğru. Bu yaddaşımızda var. Amma bu şeirdə kimsə pəncərədən baxırsa və gözlərdindəki yaşı günəş şüaları qırmızı rəngə boyayırsa, bu başqa bir anlayışdır. Bu cür düşüncə Elnur Uğurun uğuru olmaqla bərabər müasir şeirimizin uğurudur. Şüşələr və pəncərədən baxanın arasında yaranan assosiasiya çox maraqlıdır. Əslində qan “ağlayan” pəncərədən baxandır.
Necə ki, M. Füzuli deyir:
Gülü-rüxsarına qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Mətləb həmin mətləbdir. Yazıçılar Birliyinin Natəvan klubunda Elnurun “Təkcə sən bilirsən” kitabının təqdimatında dediyim kimi, onun şeirlərində mətnlərarası əlaqə güclüdür. Bu sözümdən o vaxt çoxları incimişdi ki, guya mən Elnuru təsir altında olan şair kimi təqdim edirəm. Amma yaxşı ki, Elnur özü həqiqəti bildi və məndən incimədi. Şairin şeirlərində mətnlərarası əlaqənin olması çox vacib məsələdir və bu, şairin ən böyük uğuru hesab olunmalıdır.
Mən Elnuru çox oxuyuram. Elə bilirəm ki, onun şeirləri oxucunun üzünə gülümsəyir. Bu gülümsəmənin altında kədər də var, sevgi də. Həm də heç kəsə bənzəməyən bir şair ürəyi. Uğur olsun, şair dostum!
Müəllif: Qəşəm NƏCƏFZADƏ
“Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

ELNUR UĞURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏŞƏM NƏCƏFZADƏ – YURD

QƏŞƏM NƏCƏFZADƏNİN DİGƏR YAZILARI

YURD HEKAYƏSİ

(Allah rəhmət eləsin Zəlimxan Yaquba)

Bakıya təzə köçmüşdük, Bayılda, 20-ci sahə deyilən bir ərazidə kirayə qalırdıq. Böyük oğlum 5-ci sinifdə oxuyurdu. Kəndirin ucundan tutan vaxtlarıdır. Bu məsəl atamdan qalmadı. Təkliyini həmişə belə izah edirdi; mən bir ağacı götürəndə o biri başından yapışan olmayıb. Yəni tək olmuşam, hər işi təkbaşına görmüşəm.
Atamın qardaşı yox idi. Mən anadan olandan sonra atama deyiblər ki, ay Mirzə, gözün aydın olsun, daha ağacın ucundan yapışanın var. Mən də tənbəl uşaq, ortalıqda veyil-veyil gəzənin biri. Nənəm tez-tez mənə deyirdi ay bala, bir ağacın ucundan yapışsana. O vaxtlar bu ağacın ucu məsələsi əməlli-başlı bizim kəndə ştat idi. İndi böyümüşəm, evim, ailəm, uşaqlarım. İşə bax, həmin ağacın ucu indi gəlib Bakıda kəndirin ucu ilə əvəzlənib. Yəni kəndirin ucundan tutanım var: iki oğlum, bir qızım.

“İyirminci sahə”dən, yəni kirayə qaldığım evdən hər gün Azərbaycan Yazıçılar Birliyinə gəlirdim. Elə belə. Bir-iki şair dostum vardı, onlarla görüşməyə.Yol boyu ətrafa baxırdım, yolun kənarındakı boş sahələri gördükcə xəyalımda tikəcəyim evi canlandırırdim. 20-ci sahə ilə Bakıl dairəsinə qədər yolun sağ və sol tərəfində deyəsən ev tikmək üçün adamlara pay torpaqlar verilirdi. Hər dəfə avtobusun əyləci xəyalımda tikdiyim evi uçururdu.

Günlərin bir günü on iki yaşlı oğlumla həmin boş sahəyə gəldim, evdən iyirmi beş metr kəndir də götümüşdüm. Gərgin iş gedirdi, kimi evin yerini qazdırır, kimi, daş tökdürür, kimi hasar çəkdirir, neft ərazisi adlanan bu yerdə geniş tikinti işləri başlamışdı. Mən sürətlə və özü də mətin addımlarla tikililəri keçərək sonuncu evdən sonrakı boş bir ərazidə dayandım. Kəndiri açdım, oğluma dedim, tut kəndirin ucundan. O da tutdu, iyirmi beş metr eninə, iyirmi də uzununa ölçdük, yəni beş sot. Ölçdüyümüz yer kvadrat şəklində idi. Beş sotun dord tərəfinə iri söyüd ağacları basdırdıq, ora-burasını o tərəf, bu tərəfə bellədik. Əslində məqsədimiz yerin sahibi kimi özümüzü ətrafdakılara göstərmək idi.

Sən demə, adamlar bu yeri Səbail İcra Hakimiyyətindən sərancamla alırlarmış. Bu məsələdən az-çox xəbərim olsa da, heç üzə vurmurdum, adamları şübhələndirmək istəmirdim. Mənim sərancamım ancaq iyirmi beş metr kəndir, dörd ağac və yerin üstündəki, bəlkə də, minlərlə ayaq izlərimiz idi. Çünki oğlumla yerin üstündə o qədər o yana, bu yana getmişdik ki, elə bil burada böyük bir mitinq keçirilmişdi və ya ləpirlərin geniş sərgisi açılmışdı. Qəribə burasında idi ki, mənim iri ləpirlərimin arxasınca düşən oğlumun ayaq izləri yaman sevincli idi. Nədənsə bu balaca ləpirlər məni çox kövrəldirdi.

Gəlib keçənlər artıq bizə xeyir- dua verirdilər. Biz daha da ürəklənirdik. Xeyir-duaları yerimiz üçün verilən sərəncamin ilk cümləsinə bənzətmək olardı.

Sərancamla gələnlər bizdən o tərəfə adlayırdı. Burada dəqiq ünvan yazılmırdı. Sadəcə ünvan belə göstərilirdi: Səlyan şosesi, Bibiheybət küçəsi, vəssalam. Beləliklə, bizim tutduğumuz yer ortada qaldı. Getdikçə yerimiz köhnəlməyə başlayırdı. Köhnəliyin özü də yerin məhz bizə aid olmasina kömək edirdi. Burda köhnəlmək dadımıza çatırdı. Bir dəfə güclü bir yağış yağdı. Əməlli- başlı islandıq. İslanmağın özü də yerin bizə aid olduğunu göstərirdi. Yoxsa biz yad yerdə niyə islanaq ki…?

Qonşuluqdakı ağsaqqal kişi bizi öyrədirdi ki, bala, hər gün yerinizin üstə olun, möhkəm durun. Yoxsa gəlib yerinizi əlinizdən ala bilərlər. Qoca atan, anan varsa, onlar gəlib yerin üstündə dayansınlar. Azdan-çoxdan qocalara hörmət edirlər. Elə bil kişi yerimizin sərəncamsız olduğunu bilirmiş. Səhəri yoldaşımı, yeddi yaşlı qızımı, beş yaşlı oğlumu da gətirdim. Onlar da yerin üstünə təzə ləpirlər saldılar. Bir az da yerin məhz bizə aid olmasını təsdiq etdilər. Sanki biz o boş torpaq sahəsində artıq yaşamağa başlamışdıq. Xəyallar qururduq. Eli bilirdik ev tikilib, hasar çəkilib və biz də evin içindəyik. Düşünürdük ki, yolnan keçənlər artıq bizi görmürlər. Arzularımız üzümüzə örtük çəkmişdi, biz bu örtüyün arxasında yaşayırdıq. Axşamlar kirayə evimizə gedir, gündüzlər səhər saat 9-dan axşam saat 8-ə kimi yerin üstə olurduq. Ev tikdirən qonşularla mehriban idik. Salamlaşıb hal-əhval tuturduq. Bir-birimizi qonaq gedirdik, termoslarda gətirdiyimiz çayı içirdik.

Bir gün yenə oğluma dedim, tut, bu kəndirin ucundan. O da tutdu, mən və ya o sağa-sola fırlanır, guya tikəcəyimiz evin özülünü qazmaq üçün plan cızırdıq. Özümüzü camaata iş görən adam kimi göstərirdik. Balaca mübahisələrimiz də olurdu. Bunun da əsas səbəbkarı yoldaşımdır. Deyir, gərək mətbəximiz geniş olsun. Bir yandan da qızım, məhz dayandığı yerdə odasının (elə beləcə də deyir) tikilməyini israr edir.

Bu saat ən ümdə məsələrdən biri də qonaq otağıdır. Hətta müəyyənləşdirmişik ki, bizə kimlər gələ bilər və ya mənim şair dostlarımın oturması, şeir deməsi və ədəbi müzakirlər aparmaq üçün xüsusi otağın ayrılması diqqət mərkəzindədir. Kasıb adamların arzusu nə böyük olurmuş. Mən bunu ilk dəfə hiss elədim.

Qonşularım çoxu artıq öz həyətlərinə daş tökdürürlər. Evin özülünü qazırlar, beton qarışdırıb, evin fundametini başa çatdırırlar. Bəziləri artıq evin kürsünü hörüblər, bəziləri taxta şifer-zad gətiriblər. Bizim ancaq dörd ağacımız, iyirmi beş metr kəndirimiz, sapı laxlayan belimiz, bir də şirin xəyallarımız var.

Bir gün balaca oğlum kəndirin ucunu aparıb yerin arxa tərəfindəki ağaca bağlayarkən qəflətən qışqırdı:– Ata, ağac yarpaqlayıb, hamımız yüyürdük, doğurdan da, ağac yarpaq açmışdı. Dörd ağacdan üçü göyərmişdi. Bu da torpağın məhz bizə aid olduğunu göstərən növbəti fakt kimi görünürdü. Artıq yerin özümüzün olmağına qətiyyətlə inanmağa başlamışdıq. Daha inamla evin neçə otaqdan ibarət olmağını, pəncərələrin hansı tərəfə düşməyini, mətbəxi, qızımın, özü demişkən, odasını, yaradıcılıq və şair dostlarımla müzakirələr aparacağımız qonaq otağının yerini dəqiqləşdirdik.

Oğlum kəndirin ucundan yenə tutdu, kah sağa, gah sola fırlandıq, yenə mübahisələr başladı ki, pəncərə qonşunun həyəti tərəfdə qoyulmasın. Bu, yaxşı hal deyil. Amma onda otağın biri pəncərəsiz olacaq. O gecə səhərə qədər pəncərəsiz evin fikirini elədik. Yaman məyus olmusduq. Gecə kağız üzərində çəkdiklərimizi gündüzlər beş sotun üstündə təcrübədən keçirirdik.

Termosu kiçik oğlum sındırdığından yerin ortasında ocaq qaladıq və üstünə dəmir çaydan qoyduq, çay qaynatdıq. Yerin ortasında qaralan ocaq yeri torpaq sahəsinin bizə aid olduğunu göstərən ən əsas faktlardan sayıla bilərdi. Ocaq yeri möhürə oxşayırdı. Sankı yerin bizə verilməsini təsdiqləmişdi. Biz yüz ölçüb, bir biçsək də yer qazmağa, daş gətirməyə bir manat pulumuz yox idi. Hələ evin ötən aya olan kirayəsini verməmişdik. İşim də yox.

Hər gün səhər kirayə evimizdən çıxıb “öz evimizə” gəlirdik. Ocaq qalayırdıq, çay qaynadırdıq. Hərəmizin iri bir stəkanımız vardır, çay içməkdən doymurduq. İtimiz də vardı, hardansa gəlib o da bizim gördüyümüz işlərə tamaşa eləyirdi.

Balaca oğlum yerin ayağındakı kölməçədə corablarını islatmışdı. Yoldaşım corabları yuyub qurutmaq üçün ağacların üstə sərmişdi. Külək corabları yellədirdi. Yellənən corab da torpağın bizə məxsus olmasının nişanlarından biri idi.

İtin kənardan keçənlərə hürməsi, sonra gəlib yaxınlığımızda çöməlməsi təsdiq edirdi ki, bura bizim evimiz, bu da qapımızın itidir. Bir pişik kənardan bizə baxıb miyoldayırdi, amma itin qorxusundan yaxın gəlmirdi. Artıq onun ayaqlarının dördü də bizim həyətin içində idi.

Gözümü yol tərəfdən çəkmirdim. Bilirdim ki, nə vaxtsa gələcəklər. Günlərin bir günü uzaqdan bir polis maşının gəldiyini gördüm. Tez oğluma dedim: – kəndirin ucundan tut. Oğlumla evin yerini yenidən ölçüb-biçməyə başladıq. Guya heç nədən xəbərimiz yoxdur. Polis maşını düz bizim yerin ortasında dayandı.

Arxasınca daha bir polis maşını gəldi. On nəfər olardı. İtimiz nə qədər hürdüsə, xeyiri olmadı. Onu daşlamaqla uzaqlaşdırdılar. Pişik çoxdan çıxıb getmişdi. Sonra polislər oğlumla mənim əlimdən kəndiri alıb qırıq-qırıq elədilər. Ocağın üstündə qaynayan çaydanımıza təpik vurub caladılar. Yarpaqlayan ağacları kökündən çıxarıb iki böldülər. Təkçə qızım otağı tikiləcək yerdən tərpənməmişdi. İri polis çəkmələri bizim ləpirlərimizin üzərinə ayrı bir örtük çəkdi. Belimizi iki sındırdılar. Bizi torpaq sahəsindən çıxarıb “evimizi” uçurdular.

Bizdən yerin sərəncamını istəyirdilər. Uşaqlarımın yanında utanırdım. Çinki qırx yaşıma çatsam da, on beş kitabım işıq üzü görsə də, hələ bir sərəncam alacaq qədər şöhrətim yox idi. Oğlum ikiyə bölünmüş söyüd ağacını əlinə götürüb başının üstə tutdu. Sanki o solmaqda olan yarpaqların altında durmuş kimiydi. Birdən– birə oqlum uca səslə dedi:

Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.

Misraları eşidən kimi o saat yadıma Zəlimxan Yaqub düşdü. Hə, tez Zəlimxan Yaqubun yanına getməliyəm. Uşaqları qonşunun həyətinə yığıb getdim Milli Məclisə. Saat 12-yə 20 dəqiqə qalırdı. İçlas 12-də başlayacaqdı. Pilləkənləri çıxa bilmirdim. Anadangəlmə ürək qüsuru nəfəsimi kəsirdi. Oğlum da mənimlə gəlirdi. Biz tez çatmalıyıq. Oğlum sanki mənim yerimə nəfəs almaq istəyirdi. Nəbzimi saymağı öyrəşmişdi oğlum, qəflətən biləyimdən tutdu və dedi:-Ata, səndə aritmiya var, dincəl. Pilləkəndə oturduq. Dilimin altına validol qoydum.

O vaxt Milli Məclisin binasına çatdım ki, Zəlimxan Yaqub artıq qəbul otağından çıxır. Ətarafında xeyli adam var. Salam verməmiş tövşüyə-tövşüyə ilk sözüm bu, oldu:
– Uçurtdular
– Nəyi?
– Evimi.
– Mən qoymaram sənin evini uçurtsunlar, hələ ölməmişəm, gəl, getdik.

Sən demə şairin ətrafındakıların çoxu jurnalistlər imiş. Səhəri əksər qəzetlər yazacaqdılar : “Qəşəm Nəcəfzadənin evini uçurtdular”.
Zəlimxan Yaqub həmin gün içlasda iştirak etmədi. Məni də götürüb Səbail İcra Hakimiyətinə gəldi. O zaman Səbail İcra Hakimiyyətinin başçısı Rüstəm Məmmədov idi. İki saat qəbulunda gözlədik. Bizi qəbul etmədi. Zəlimxan Yaqub hirslə bunadan çıxdı. Sürücüyə dedi ki, sür Qəşəmgilə. Guya sürücü bizim evin yerini bilir. Mən yol boyu hər şeyi başdan danışmağa başladım. Əvvəl kəndiri dedim… dedi, kəndiri heç qırmaq olmaz. Yarpaqlayan ağacı dedim, dedi, ağacı kökündən çıxarmaq elə ev uçurmaqdan da betərdir. Sonra ocağı, ocağın üsündə qaynayan çaydanı dedim, burda lap kövrəldi, dedi, bu lap on evi uçurtmağa bərabərdir. Axır ki, çatdıq yurda. Gördüm, hələ də uşaqlarım qonşunun həyətindədilər, qorxularından yurda ayaq basmayıblar. Zəlimxan Yaqubun iri ayaqları torpaq sahəsinə daxil olan kimi hamımız ürəklənib yenidən “evimizə” daxil olduq. Kəndir yox idi. Şair yerin enini-uzununu addımları ilə ölçürdü. İyirmi beş belə, iyirmi də belə, demək, beş sot -əllərini o tərəfə, bu tərəfə yelləyərk – Allah xeyir versin, toya-nişana gələk – dedi.

Qonşular şairlə ehtiramla görüşdülər. Bir az keçmişdi ki, yenidən bir maşın polis gəldi. İçindən rütbəcə böyüyünün biri maşından düşüb şairlə iki əlli görüşdü. Sonra şairə dedi:- rəisimiz bərk hirslənib, bu gün qəzetlər yazıb ki, guya biz cavan və istedadlı bir şairin evini uçurmuşuq. Amma burda ev yox idi.

Zəlimxan Yaqub lap uca səslə dedi: Var idi, özü də lap yekə ev var idi. Burda bir ana təbəssümü, bir ata arzusu, bir körpə sevinci var idi, onu ucurdunuz. Ocaq var idi, onu söndürdünüz. Öy nəynən öy olar, ocaqnan onu da dağıtdınız. Xeyir – bərəkəti, ata öyüdünü, şairin arzularını yerlə yeksən elədiniz.

Polislər heç nə demədi. Sakitcə ağacları aparıb həmin yerə basdırdılar. Maşından bir yumaq kəndir, bir təzə bel, bir çaydan gətirdilər, ocaq qalayıb üstə qoydular və sonra çıxıb getdilər.

Şair axsam bizi evinə apardı. Cavan yaşlarında onun da başına belə bir iş gəldiyini dedi: – Mən də qanunsuz, yəni sənədi olmayan bir ev tikmişdim. Haqqımda cinayət işi qaldırdılar. Yenə sənin ki, yaxşı oldu. Tikdiyim evi mənim özümə sökdürdülər. Bir yandan əsəb, bir yandan da hörgünün möhkəmliyi məni lap əldən saldı. Sementini o qədər çox eləmişdim ki, uçurmaq olmurdu. Səninki kimi dörd ağac olsaydı, nə vardı… O vaxtdan böyrəklərim ağrı tapdı.

Sonra şair “Xocalı” haqqında yeni şeirlərini oxudu. Gecə onlarda qaldıq. O vaxt şair Yeni Yasamalda bina evində yaşayırdı. Səhər açılan kimi bizi maşınla yurdumuza gətirdi. Dedi, uşaqlar yerin üstə olsunlar, biz gedək icra hakimiyyətinə. Kimi görürdü mənim haqqımda belə deyirdi, məndən də qəşəng, məndən də gözəl şair… lap utanırdım.

Şair ilk kitabımın redaktoru idi. 80-ci llərin əvvəlində “Yazıçı” nəşriyyatında işləyirdi. Kitabın da plana düşməsinə o, komək eləmişdi.

Nəhayət, dörd-beş gündən sonra Zəlimxan Yaqub çox əziyyətlə icra hakimiyyətindən torpağın sərancamını aldı. Məndən də çox sevinirdi. Gəldik yurdun üstünə.

Balaca uşaqlarım polisin verdiyi kəndirlə oynayırdılar. Nəsə ölçüb biçirdilər. Yoldaşım yerin ortasında ocaq qalamışdı, üstündə də çaydan. Şair elə həmin gün mənə min dənə daş aldı. İyirmi kisədən çox sement. Maşınlar gurhagurla daşı yerin ortasında boşaltdılar. Qanad açıb uçmaq istəyirdim. Sonra Zəlimxan Yaqub kəndiri götürdü, mənə dedi ki, tut ipin ucundan. Xeyli ölçüb biçdik. Qızım üçün otağı, yoldaşım üçün mətbəxi lap geniş götürdük. On dörd il sonra qızım həmin evdən gəlin köçdü. Sonra həmin evə iki gəlin gətirdim. 

Müəllif: Qəşəm NƏCƏFZADƏ

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yuxulardan oyanmaq… – Qəşəm Nəcəfzadə

YUXULARDAN OYANMAQ…
(Kəramət Böyükçölə)
Anana demişəm,
Pişık çırmaqlayan dizindən danışmasın.
Əmiziyini xatırlatmasın,
Qolundakı xalını yadıma salmasın…
Doğum evində demişdim ki,
Körpəmiz dəyişik düşər.
Demişdi, qolunda qara xalı var, qorxma…
Bəs böyüyəndə,
Sən kimlə dəyişik düşdün, oğlum?
İndi deyirəm o xalı
Yaddaşımdan pozsun.
Bütün xatirələrini
Birdəfəlik büküb
Palazın alta qoysun.
Mənə
Bir dənə xatirəni göstərməsin.
Işə bax,
Göbəyin quruyub düşəndə
İlk kitabımın arasına qoymuşammış…
Bu axşam anan göstərdi mənə.
Süd dişini hələ də saxlayırammış,
Yapışıb kitabın son vərəqinə.
Evdə atıla –atıla yeriyərim ki,
Ayaq izlərini əzməyim.
Şirin yuxulardan oyanıram ki,
ləzzətlə səni gözləyim.
Evimiz elə böyükdü ki,
Anan məni axtarır evdə.
Oyunçağı olmayan uşaqlara bənzəyirik,
Yuxuya gedirik, hərəmiz bir güncdə.
Gəlib indi görsən, ağlarsan
Səpmişik evə sənin uşaqlıq şəkillərini,
Şəkillərlə oynaya – oynaya
Yuxu bizi aparıb…
Göbəyin və süd dişin ananın əllərində
Balaca süd şüşəsi yırğalanır sinəmdə…

Müəllif: Qəşəm Nəcəfzadə

QƏŞƏM NƏCƏFZADƏNİN DİGƏR YAZILARI

QƏŞƏM NƏCƏFZADƏ DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mikayıl Müşfiq – Qəşəm Nəcəfzadə yazır

Bu gün Mikayıl Müşfiqin doğum günüdür

(Mikayıl Müşfiqin türmədəki şəklinə)

Esse
Mən şəkil sevənəm. İki şairin şəkli heç vaxt gözümün qabağından getmir. Biri Mikayıl Müşfiqin türmədəki şəklidir, biri də Əli Kərimin xəstəxanadakı şəkli… Əli Kərimin şəkli haqqında sonra…
Mikayıl Müşfiqin türmədə çəkilmiş həyəcanlı bir şəkli var. Üzü tüklənib, gözlərində yorğun kədər, usanmış və bezmiş bir ümid var. Üzünə nahaqdan duranların, satqın dostların təəssüfü donub elə bil. Həyatı qədər sevdiyi ellərdən, Dilbərdən ayrılığı lövbər salıb sifətində.

Yaşamaq eşqi şəkildə o qədər güclüdür ki, düz qırx ildi o şəklə doğru yol gedirəm, o şəklə çata bilmirəm. Mən gedirəm, şəkil gedir. Müşfiqin gözləri upuzun bir yoldur, sonuna çatmaq mümkün deyil.

Türmədəki şəkil Müşfiqin ən gözəl şəklidir. Düşünurəm ki, hər bir şairin gözəl bir şəkli olsun gərək. Üstünə gül qoymağa, üstündə ağlamağa, divara və baş daşına vurmağa. Amma hər şairin də şəkli gözəl çıxmır. Mən nə qədər şəkil çəkdirdim, heç biri gözəl çıxmadı ki, çıxmadı. Görəsən niyə? Çünki alnıma güllə Ay kimi doğmamışdı, dostlarım üzümə durmamışdı. Ona görə şəklim gözəl çıxmadı.

Elə bilirəm Mikayıl Müşfiqin türmədəki həmin şəkli segahdır. Neçə ildir bu səsin dalınca düşürlər, o səsə çata bilmirlər. Çünki bilmirlər ki, bu səsi oxuyan hansı tərəfdən oxuyur.

Şeirlə bağlı 37-ci ili ən çox xarakterizə edən bir fakt var. Rusiyadan qırmızı traktorlar gətirmişdilər. Xışı köhnəliyin qalığı kimi muzeylərə atmışdılar. Şairləri məcbur edirdilər ki, traktora aid şeir yazsınlar. Bir gün Mərkəzi Komitənin katibi Ruhulla Axundov Hüseyn Cavidi qəbuluna çağırır və deyir:

– Cavid Əfəndi, siz traktora niyə şeir yazmırsınız?
Cavid Əfəndi cavab verir:

– Ruhulla, oğlum, sən traktorun şəklini kabinetində başının üstünə as, mən də şeir yazım.

Mikayıl Müşfiqin qırxdan çox şeirində traktor və kombaynın adı çəkilir. Bu Müşfiqin çıxılmaz vəziyyətdə qalmağının təzahürüdür. Bu cizgi də var Müşfiqin türmədəki şəklində. Hələ traktora şeir yazmaq o yana dursun, o vaxt kəndlərimizdə adamlar milli adlardan imtina edib övladlarına dəmir-dümür adları; Traktor, Kombayn, yaxud Sovet, Təşkilat, Partiya, Komsomol kimi adlar verirdilər. Bu günə kimi kəndimizdə həmin insanların bəziləri yaşayır.

Mikayıl Müşfiq ilk şeirlər kitabının adını “Pam¬bıq” qoymuşdu. Müşfiq çox istedadlı bir şair idi, Fü¬zulini əzbər bilirdi, şübhəsiz kitabına belə ad seç¬məzdi. Bu əlacsızlığın görüntüsü var türmədəki şəklində.

Mikayıl Müşfiq Stalinə poema yazmışdı. Amma yenə xilas ola bilmədi. Şəkildə bu məğlubiyyət də var.
Şeirlərinin birində Mikayıl Müşfiq yazır:

Atam fabrik, anam zavod!

M.Müşfiq böyük şair idi. Ata-ananı heç vaxt fab¬rikə, zavoda bənzətməzdi. Bu çətinlik də var Müş¬fi¬qin türmədəki şəklində.
Mikayıl Müşfiq Əhməd Cavadın “Göy göl” şeirini dönə-dönə oxumuşdu. Və bilirdi ki, bu şeirə görə Əhməd Cavadın başına nə oyun açırlar. Əsəri tərcümə edib Moskvaya göndərirlər ki, Mərkəz şeir haqqında fikrini bildirsin. Mərkəz də deyir ki, bu şeirdə siyasi məsələ yoxdur, ancaq ədəbi məsələdir, tənqidçilər məşğul olsun.

Bizimkilərin ürəyi soyumur, yenə məsələ qaldırırlar. Mərkəzi Komitədə “Əh¬məd Cavad məsələsi” yaranır.

Bundan sonra Mikayıl Müşfiq “Göy göl” adlı şeir yazır. Şeirin axırını bilərəkdən belə qurtarır. “Göy göl”ün qoynunda düşünür qızıl əsgər”. Şair hər şeyi bilirdi, onu nə gözlədiyindən xəbəri vardı (Yelkənim açılır, qara yel əsmə). Ona görə də qızıl əsgəri “Göy gölün” sahilində düşüncələrə daldırır. Bu intizar da var Mikayıl Müşfiqin türmədəki şəklində.

Tarı köhnəliyin qalığı kimi ləğv etmək istəyənlərə Mikayıl Müşfiq cəsarətlə yazırdı:

Oxu tar, oxu tar,
Səni kim unudar?

Ona cavab olaraq Süleyman Rüstəm deyirdi:

Oxuma tar, oxuma tar,
Səni sevmir proletar

Bu işgəncə də M.Müşfiqin türmədəki şəklində yer alıb.
Ona görə şairin o gözəl şəkli uzun illərdi ürəkləri yandırıb yaxır. Dönə-dönə biz də şəkil çəkdiririk, amma şəklimiz yaxşı çıxmır ki, çıxmır. Heç şübhəsiz, səbəbini bilirsiniz. 

Müəllif: Qəşəm Nəcəfzadə

QƏŞƏM NƏCƏFZADƏNİN DİGƏR YAZILARI

QƏŞƏM NƏCƏFZADƏ DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru