Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun doğum günüdür. Yaşasaydı 55 yaşı olacaqdı. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Yubiley yaşın mübarək olsun, Şəhidim!!!
QISA ARAYIŞ:
Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər.
Rövşən Hüseynov tələbə tağımının komandiri kimi tələbələrdən ibarət tağımı ilə birlikdə “N” saylı hərbi-hissə – taborun tərkibində vuruşurdu. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqamətində hücuma keçmişdi. Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır. Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı. Onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər, lakin özləri mühasirəyə düşdülər. Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir. Burada tələbələrdən ikisi həlak olur, digərləri isə mühasirədən çıxa bildilər. Pulemyotu ilə erməni faşistlərinin xeyli hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.
YAZARLAR olaraq, Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə artıq bir neçə ildir ki, “25 YARPAQ” layihəsinin icrası uğurla davam edir. Bu il də bu layihə çərçivəsində gənc yazar Leyla Yaşarın “Daş adam” adlı ilk kitabı işıq üzü görüb.
LAYİHƏ HAQQINDA MƏLUMAT
Layihənin adı:
“25 YARPAQ”
Layihənin məqsədi:
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək.
Birinci Qarabağ Müharibəsi zamanı Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq torpaqlarımızın müdafiəsinə yollanmış və qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov timsalında şəhid tələbələrimizi (doxsanıncı illərin sonuna kimi bütün şəhid olmuş tələbələrin portretləri BDU-nun əsas binasının girişində, göz önündə asılmışdı…) xatırlamaq, onların yarımçıq qalan arzularına, Vətən naminə öz istəkləri ilə aldıqları qərarlarla yarım qalmış qısa ömürlərinə diqqət çəkməkdən ibarətdir…. #25yarpaq haştağından istifadə olunur.
Fevralın 22 də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə filologiya üzrə fəlsəfə doktoru, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri Cəfərova Jalənin “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilib. “Yazarlar” jurnalının İƏ üzrə meneceri, AJB üzvü Nəzakət Kərimova-Əhmədova müəllifə “Ziyadar” Mükafatını təqdim edib.
Yeni poeziya antologiyası şair Vidadi Turan Ağdamlının əməyinin bəhrəsəidir. Vidadi Turan Ağdamlı ideya müəllifi olduğu bu layihəyə artıq uzun illərdir ki, uğurla rəhbərlik edir. “Maarif” nəşriyyatında işıq üzü görmüş antologiyada Dəmir Gədəbəyli, Zaur Ustac, Eyvaz Məmmədoğlu, Ədalət Əroğlu, Əsgər Ordubadlı, Nuranə Rafailqızı, Sona Amal, Təranə Tunar, Ülkər Dərya, Vaqif Coşkun kimi tanınmış qələm adamları ilə yanaşı əsasən bölgələrdən olan bir sıra yeni imzalar da yer almışdır. Antologiyada yer alan bütün müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!
KEÇDİ ÖMRÜN İLLƏRİ Keçdi ömrün illəri Ən xoş bir xatirətək. Xatirəyə aldanıb Ömrü verməzdik gərək. * * * Yel qanadlı illəri Buraxmazdıq boş keçə. Dünyamı seyrələcək İnsanlar köçə-köçə? * * * Yox onların yerinə Yeni nəsil gələcək. Qış gedəndə nə olar Başqa fəsil gələcək. * * * … Mən bir bahar fəsliyəm Doğulmuşam baharda Baharda çiçək açıb Boğulmuşam baharda. * * * Əsgər çəkmə bu qəmi Vaxtsız gələn dərd keçər. baxma mənə ey gözəl yoxsa ala gözlərdən Mənə məhəbbət keçər. * * * Bu ən ağır xəstəlik. Dərmanı yox üstəlik. Dərmansız dərd mən bilən Tez keçsə də sərt keçər…
ÜRƏYİMİN LÖVHƏSİNDƏ Ürəyimin lövhəsində Adın böyük hərflərlə. Yazılmışdır sənə sevgim Formullarla təriflərlə. Mən təbiət şairiyəm Nə işim var zəriflərlə? İstəmirəm mələk, pəri. Yox o gözlərin bənzəri… * * * Sən gözəlsən, dəyərlisən Mənə ən xoş xatirətək. Yaşadığım xatirələr Eşqin ilə olub gerçək. * * * De sevgilər ilahəsi Afroditin qızı sənsən? Yaradanın taleyimə bəxş etdiyi yazı sənsən? * * * Sən idinmi illər boyu xəyalımda gəzən qadın? Neçə zərif ürəkləri tapdalayıb, əzən qadın? Görüşünə gələmmədim bəlkə məni yollar yorub. Xəyalına gələcəyəm bir gün durub….
GEDİR Yox, mən bu dünyaya bel bağlamaram. Görürsən həyası, arı da gedir. Payızın yağışı əbədi deyil Yaz gəlir dağların qarı da gedir. * * * Zərrəcə qalmayıb düzlük, etibar. Bəzən sənin olmur səni sevən yar. Bu gün əllərindən bərk-bərk tutanlar Sabah səni qoyur yarıda gedir. * * * Əsgər var – dövlətə aldanma, qəti. Gördüm sahibi yox neçə şirkəti. Sonunda ağ kəfən olur qisməti Dövləti də gedir, varı da gedir.
MƏNİM BƏXTİM GƏTİRMƏDİ SEVGİDƏ Əzab imiş bu həyatın hər yanı. Məcnun olub hey axtardım Leylanı. Min yol oldum o gözlərin qurbanı Mənim bəxtim gətirmədi sevgidə. * * * Sevgi verdim, əvəzində nə gördüm? Öz dərdimi misralara keçirdim. Şeir oldu, vərəqlərə köçürdüm Mənim bəxtim gətirmədi sevgidə. * * * Hey əl açdım əllərinə çatmadı. Əl açdığım əllərimdən tutmadı. Sevən könlüm xoşbəxtliyi dadmadı Mənim bəxtim gətirmədi sevgidə. * * * Doğma idi, özgələşdi yad oldu. Yad ürəkdən ona sevgi doğuldu. Arzularım gözlərimdə boğuldu. Mənim bəxtim gətirmədi sevgidə. * * * Əsgər bəlkə sevdi deyə suç etdi. “Ömrüm” deyən həyatımı puç etdi. Özgəsinin əlin tutdu, quc etdi. Mənim bəxtim gətirmədi sevgidə.
AYDAN DƏRS OXUYUR Aydan qayıdıb evə Dərslərin sevə-sevə Açıb kitab-dəftəri Hazırlayır dərsləri. Mətni oxuyub bir-bir Çalışmanı həll edir. * * * Şeirə var həvəsi Gör nə gözəldir səsi. Bilir bir xeyli şeir Necə həvəslə deyir. * * * Gah oxuyur, gah yazır Dərsinə olsun hazır. * * * Bəzən də rəsm çəkir, Ağacları, daşları. Ona kömək eləyir Rəngli karandaşları. * * * Bax çəkdiyi şəkilə Gör nə qədər rəng qatıb. Sanki rəssam əliylə Bir təbiət yaradıb. * * * Səhər durub yuxudan Dərsi yadına salır. Odur ki dərslərindən Əla qiymətlər alır.
ANALAR, ŞƏHİDLƏR… Dərdin paylanıbdır obaya, elə, Tarix bu yaranı unudan deyil. Bu günün qələbə sevinci belə Gözünün yaşını qurudan deyil. * * * Batdı gözlədiyin nişanı, toyu Bir daha sən onu görməyəcəksən. “Anan ölsün” deyib bir ömür boyu Məzarı üstündə göynəyəcəksən. * * * Nələr çəkdiklərin Tanrıya bəlli, Qaysağı yaranın dərini verməz. Nə mahnı, nə şeir, heç bir təsəlli Sənə öz oğlunun yerini verməz. * * * Qəlbiniz həsrətdən oda düşəndə Gedin Qarabağa siz axın-axın. O şəhid oğlunuz yada düşəndə Murova boylanın, Şuşaya baxın. * * * Silinməz bu ağrı, bitməz bu səfər, Yolun çox uzundur şəhidim, sənin. İki min səkkiz yüz səksən bir nəfər Şəhid anası var indi Vətənin. * * * Qəlbindən silinməz, getməz bu kədər Sizi zaman-zaman anacaq onlar. Şəhid balasına yandığı qədər Doğma Vətəninə yanacaq onlar. * * * İgidlər önünü kəsdilər şərin Açıldı Vətənin qolu, qanadı. İki min səkkiz yüz səksən bir nərin İndi bir kəlmədə boy verir adı! * * * Şəhidlər – nur verən Günəşə, Aya, Şəhidlər, tarixə dönən şəhidlər. Şimşək yanğısıyla gəlib dünyaya, Şimşək alovutək sönən şəhidlər! * * * Yarımçıq ömürlə bütöv getdiniz, Bu yurdda Günəşlə, Ayla tənsiniz. Siz canı Vətənə fəda etdiniz, İndi hər biriniz bir Vətənsiniz. * * * Sizə ağı deyib öyən analar Qəlbimi yer-yerdən qanadır indi. “Oğul, anan ölsün” deyən analar Anamız Vətənə anadır indi!
ŞAİRLİK ƏN ALİ MƏQAMDI, VALLAH… Özü pay-piyada, sözləri atda, Xəyalı dövr edir ən qəlbi qatda. Zəhəri saxlamır dilinin altda, Gülləyə atılan ilandı, vallah, Şairlik ən ali məqamdı, vallah! * * * Sirri qələmindən pünhan olmasa, Vicdanı özünə zindan olmasa. İçində mənəvi böhran olmasa, Şair qeyri-adi adamdı, vallah, Şairlik ən ali məqamdı, vallah! * * * İgid, ər təpəri duysa canında, Kükrəyib çağlasa əgər anında, Olsa həqiqətin, haqqın yanında, İlhamı bir ayrı ilhamdı, vallah, Şairlik ən ali məqamdı, vallah! * * * Anla ki, tanrıdan gəlib bu elçin, Fəda etməlidir canını elçün. Haqqı söyləməkdə nə mizan, ölçü?! Bu, göylərdən gələn inamdı, vallah, Şairlik ən ali məqamdı, vallah! * * * Zamana od vurur, dərdə qalanır, Ağrısı, göynəyi ərşə calanır. Füzuli dediyi “şair yalanı”, Sevgidə bir dindi, imandı, vallah, Şairlik ən ali məqamdı, vallah! * * * Zülmə, zülümkara boyun əyməsin, Kökünü əskildib, soyun əyməsin. O məğrur başını qoyun əyməsin Böyük amalıyla o tamdı, vallah, Şairlik ən ali məqamdı, vallah! * * * Tanrı peyğəmbərə verdiyi haqqı Onunla bölürsə haqlıdı, haqdı. Gəzək o şairi əli çıraqlı, Burda mənim sözüm tamamdı, vallah, Şairlik ən ali məqamdı, vallah!
NİYƏ QORXUM MƏN ÖLÜMDƏN?! Budağından duyğu dərdim, Bir çələngə döndü dərdim. Ömür, səni karsız gördüm, Niyə qorxum mən ölümdən?! * * * Xırmanımda sovrulubdur, Öz qanımda yoğrulubdur, Mənimlə bir doğulubdur, Niyə qorxum mən ölümdən?! * * * Qəbir ulu pir şəklidir, Açılmayan sirr şəklidir, Həyatımın bir şəklidir, Niyə qorxum mən ölümdən?! * * * Neçə dərd-azar sovuşur, Od tutan bazar sovuşur. Ruhum Tanrıya qovuşur, Niyə qorxum mən ölümdən?! * * * Könül duyğu içindəsə, Ömür yuxu içindəsə, Həyat qorxu içindəsə, Niyə qorxum mən ölümdən?! * * * O ki, Tanrı tələbidir, Hansı insan əbədidir?! Ömrün-günün mabədidir, Niyə qorxum mən ölümdən?!
MƏN… Mən bir sevda yolçusuyam, Bu yolu tək getməkdəyəm. Anadiltək qərib-qərib, Qəmli-qəmli ötməkdəyəm. * * * Şövqü sönür qoca nərin Dərdim ağır, yaram dərin… Göz qoyduğum gözəllərin Gözlərindən itməkdəyəm. * * * Cana doyan görən canmı? Yoxsa yersiz həyəcanmı? Aman, Tanrım, doğrudanmı Tükənməkdə, bitməkdəyəm?!
PAYIZA QƏDƏR Qışı bir aləmdi, yazı bir aləm, Vəsfini verməyə acizdi qələm. Tanrı imkan verə baharda gələm, Duram səcdəsinə payıza qədər. * * * Nəyindən söz açım, onun nəyindən, Doyunca barınam gül-çiçəyindən. Bir təpər götürəm dağ ürəyindən Qaçam gəncliyimə o qıza qədər. * * * Tapam istəyimi açan puçurda, Bir daha verməyəm quzunu qurda. İlahidən gələn şövq ilə burda Uçam Aya qədər, ulduza qədər!..
ETİRAF Elə ucalıqdan yıxılmışam ki, Bir daha özümə gələ bilmərəm. Elə məngənədə sıxılmışam ki, Yaşaya bilmərəm, ölə bilmərəm. * * * Mən elə zirvəni tərk etmişəm ki, Gözümdə alçalıb bütün zirvələr. Bir də o ucalıq mənim ömrümə Qardaş, çətin gələr, çox çətin gələr. * * * Gözümdə qaralıb elə bir səma Çıxası deyildir Ayı buluddan. Elə bir yanğıya tuş olmuşam ki, Bir çarə ummuram kamandan, uddan… * * * Mən elə bir dərdə mübtəlayam ki, Tamam imkansızdı bu dərdi bölmək. Kişiyə ölümdən daha ağırdır Sevən bir qadının gözündə ölmək!..
ÜZÜMƏ BAĞLANAN QAPI Tanı məntək naçarını, Dərdə-qəmə düçarını. Harda gəzim açarını, Üzümə bağlanan qapı?! * * * Gah söyülən, gah öyülən Vaxtsız-vədəsiz döyülən. Sən idinmi bəxt deyilən, Üzümə bağlanan qapı?! * * * Hər günümə qada verdin, Kömürümü oda verdin. Bir şairi bada verdin, Üzümə bağlanan qapı! * * * Açılsan itər acılar, Nurlu sabahlar açılar. Yoluma işıq saçılar, Üzümə bağlanan qapı. * * * Şahidsən buna özün də, Qalmışam çölün düzündə. Nələr var arxa üzündə Üzümə bağlanan qapı?! * * * Bəlkə sənsən sirr qapısı Güman yeri, pir qapısı. Tanrının səbir qapısı – Üzümə bağlanan qapı?!
SEVGİ TÜKƏNMƏSƏ… Mənim dəniz gözlüm, dəniz ürəklim, Büllur xatirəli təmiz ürəklim. Dünyada dünyadan əzizsən mənə, Sahilsiz ümmansan, dənizsən mənə. * * * Tanrı kölgələmir mələk üzünü, Hansı yaşda olsa gözəl gözəldir. Sevginin kül altda qalan közünü Aylar yelpikləyir, illər közərdir. * * * Dənizlə üz-üzə ötür illəri, A mənim könlümün həsrət adası! Ləpə pıçıltılı tuti dillərin Hər gün qulağıma çatır sədası… * * * Bir qayıq hələ də üzür səmtinə, Avarçı avarı düz tuta bilmir. Sevgi çevrilirsə imana, dinə Sevən ömür boyu unuda bilmir! * * * O suya bir daş at, batmasın yasa, Ağ dalğam, şövqə gəl, daşdır dənizi. Bu gün ürəyimə sıfqarılmasa, Deməli, ürəyi daşdır dənizin! * * * Pərvanə xislətdi bu ürək, bu dil, Sən ey uzaqlarda alışan şamım. Sevgi tükənməsə tükənən deyil Sənin gözəlliyin, mənim ilhamım!
TƏMİZLİK YIXDI MƏNİ Ürəyimə gələn söz dilimdədir həmişə, İçim içdə deyil ki, çölümdədir həmişə. Ona görə bu başım zülümdədir həmişə, Bu saflıq əydi məni, təmizlik yıxdı məni. * * * Məhəbbət yollarında səriştəsiz, naşıyam, Köntöy addımlarımla öz-özümə qarşıyam. Neçə qəlbin ağrısı, neçə gözün yaşıyam, Mənə “əzizim” deyən əzizlik yıxdı məni. * * * Bunu kim bilməyir ki, bu gün varıq, sabah yox, Mənim ömürlüyümdə yaxşılıq var, savab yox. Bu ümman istəyimə damcılasa cavab yox, Elə çoşdum, kükrədim, dənizlik yıxdı məni. * * * İndi quruyan çayam, oxşarım yox dənizə, Həsrət qaldım ağ gülə, ilahi ağbənizə. Dedin sənə qadın yox, bir qulam, bir kənizəm, Qaragünlüm bu miskin kənizlik yıxdı məni. * * * Təşnəliyim səngimir… bulaq verin, çay verin, Təbəssüm sarğısını yaralıya pay verin. Hayqırmaq istəyirəm, səsimə bir “hay” verin, Sükut çatlatdı məni, səssizlik yıxdı məni.
ŞAİR QOCALIR Uğurla çıxsa da söz sınağından, Sınır öz gözündə, öz sınağında. Keçmir gözəllərin göz sınağından Dərdi aşıb-daşır, şair qocalır. * * * Dözmür haqsızlığa, ötürə bilmir, Səsini baisə yetirə bilmir. Daha neynəsə də götürə bilmir Yolundakı daşı, şair qocalır. * * * Şeiri əvvəlkitək duyula bilmir, Gün kimi aləmə yayıla bilmir. Fikirdən, xəyaldan ayıla bilmir Düyünlənir qaşı, şair qocalır. * * * Ömür tükənsə də, tükənmir istək, Başına min oyun açır bu ürək. Gözəllər açılır gül butasıtək, Dünya cavanlaşır, şair qocalır.
SEVMƏK İSTƏYİRƏM… Gecikən baharın yoluna çıxdım, Dəlisov fikirlər gəldi ağlıma. Yenə salam verib qürurla baxdım, Ruhumun qaynayan cavanlığına. * * * Sevmək istəyirəm təzədən Allah, Könlümdə baharın suları axdı. Sevmək istəyirəm təzədən Allah, Bir ay işığının mürgülü vaxtı. * * * Qartal xəyallarım göylərdən enməz, Sevdasız duyğular mələr bir quzu. Dalğalar kimidir bitib, tükənməz Dilimdə məhəbbət, gözümdə arzu… * * * Sevmək istəyirəm özümü danıb, Sözümüz köhnədir, eşqimiz yeni. Bir qız baxışının odunda yanıb, Təzədən öyrənim sevgi dərsini. * * * Günlər ötüşdükcə yaşa doluram, Şairim,güləndə bir az da ağla. Demə sevə-sevə xoşbəxt oluram, Ölümsüz sevgini yaşamagımla…
NƏĞMƏ DƏ DUADIR… İstədim sevgiyə bir şeir yazam, Saxlayıb zamanı, sevib bir anı. Sərsəri xəyalın göyündə azam, İçib qətrə-qətrə buludlarını… * * * Duyuram səsini bir həzin, titrək Üzü çopur-çopur bir qoca çinar. Həyatla, ölümün arasında tək Məni də saxlayıb suala tutar. * * * Qələmin göz yaşı varağın üstə, Külək də dəyişir görüş yerini. Qarğalar dənlədi torpağın üstə, Bir zaman səpdiyim gülüşlərimi. * * * Söykənib, sığınıb sözlər üşüyür, Uzanan yolların daş hasarına. Balaca evimiz yadıma düşür, Hörümçək tor qurub divarlarına… * * * Odsuz, alovsuzdu şair tərəfi, Hanı qanadları Tanrım bu eşqin. Tilsimli qaladır o bir tərəfi, Görünməz üzüdür Aysberqin… * * * Ömür verilibsə mənə bu sayaq, İstədim Vətənə bir şeir yazam. Kinli baxışların gözündən uzaq, Yatanda başımın üstündən asam. * * * Dolaşır başımda bir səssiz fikir, Ruhumu, sözümü çəkib tarıma. Nəğmə də duadır, bükəm arabir, Anamın nəmlənmis dualarına…
ROBOT ADAMLAR… Çiçək də ağlayır batıbsa şehə, Ömür uzaqlarda itən qaraltı. Bir acı göz yaşı, dəli qəh-qəhə Müəmma, məzəmmət hər sətiraltı… * * * Uzanan zəminin sünbülü dənsiz, Əliboş, cibiboş adamlar kimi. Harda gecələyir durna vətənsiz, Qaralır fikirlər axşamlar kimi. * * * Qaydadır dünyada doğulan, ölür Sözlərim bir əsim kîləyə bənzər. Sadəlövh bahara yazığım gəlir, Dərilib, atılmış çiçəyə bənzər. * * * Yaradanı bilir onun dilini, Qısa heykəl yonum bir dağ başında. Uzatsın Tanrıya qoy əllərini, Qoca görkəmində, ağ libasında. * * * Dünən ki, fikirlər yox olub,itir Yenə sətiraltı, ey söz, ey qələm. Qapında, bacanda kölgəmi bitir, Yenə də səninlə görüsməliyəm. * * * Ürəkdə nə sevgi, nə də duyğu var, Robot doğulmağın mənası bumu. Qoy məni dananlar, unutmasınlar Əbədi bir şair doğulduğumu…
RAHATLIĞIM, AZADLIĞIM… O dağlara tələsirəm şeir yazıb kövrələndə, Bir quş olub zirvələrə xəyallarım qanad çalsın. Bir xəbərsiz qonaq kimi evimizə ay gələndə, İstəyirəm qartal məni göy üzünə haraylasın. * * * Uşaqlığım keçən yerlər, daşlı yollar eniş,yoxuş Qoy dayanım hüzurunda əldə qələm, ağ varağım. Dünyasına çəkilərək kövrək-kövrək oxusun quş, Qoy bürünüm dumanına, bulud olsun çalpapağım. * * * Ağ göyərçin uçur göyə, boyum çatmır dağlar uca, Xəyalımdan kölgə düşür baş çəkdiyim oylağına. Üzü tutqun axşamlardan tez küsürəm yaş artdıqca, Tələsirəm uşaq kimi səhərlərin qucağına. * * * Rahatlığım, azadlığım dağlar kimi müqəddəsdir, Qış gedəcək, yaz doğacaq çiçək belə, çəmən belə. Gözəlliyi seyr eləyib,söz qosmaq da bir həvəsdir, Həsrətimi sellər yuyub,sel aparsın innən belə…
ÖZÜMLƏ TƏK OYNAYIRAM… İtirdiyim sevinc, gətirdiyim qəm Həyatı özümlə tək oynayıram. Uduzan da mənəm, udan da mənəm, Şahmatı özümlə tək oynayıram. * * * Başım ucaldıqca, göylərə dəyib, Təbin qılığında sözə baş əyib. Bu da bir savaşdir, qalxan eyləyib İnadı özümlə tək oynayıram. * * * Bir yarpaq kimidir bitən təsəlli, Təkcə öz səsimdir özümə bəlli. Hələ tapılmayıb düňyanın həlli, İsbatı özümlə tək oynayıram. * * * Bir quşa bənzəyir eşqim qanadlı, Ömür yaşamışam alovlu, odlu. Verdiyinə şükür ey Tanrı adlı Ustadım, özümlə tək oynayıram.
YOLÇU GÖRDÜM… Yenə bu dünyayla durum üzbəüz, Bir taxta qılıncın qəhrəmanıyam. Sünbülü göyərməz,fələyin dənsiz Yel döyən bir köhnə dəyirmanıyam. * * * Alıb gəncliyimi qollarım üstə, Dərədən,təpədən keçib gəlirəm. Kölgələr dolaşır yollarım üstə, Salam verə-verə köçüb gəlirəm. * * * Yeri tanıyıram göylərə baş çək, Fikirdə gizlənib,fikir adamı. Həyatın verdiyi bir ehtiyac tək, Hər gün ayağına çəkir adamı. * * * Boz tüstünün boz üzüdür boz duman, Bir buludsuz göy darıxır,yel əsir. Yolçu gördüm,o zavallı,pərişan, Mənim kimi daş olmağa tələsir.
RƏNGLƏR HAQQINDA DÜŞÜŇCƏLƏR… Göylə, yerin səsi, ritmi notlar üstə bir ahəngdir, Düşünürəm rənglər nədir qara, yaşıl, mavi, sarı. Bir həyatın doğuluşu gördüyümüz yaşıl rəngdir, Qara rəngə toxunmuşdur bu dünyanın ağrıları. * * * Rəssam kimi sarı rəngi payız çəkir tablosuna, Mavi dəniz, mavi göylər bir-birinin bənzəridir. O möhtəşəm sapsarı ay bizi salır ovsununa, Göy qələmin mürəkkəbi, yer günəşin dəftəridir. * * * Səssiz duyğu bir quzudur damla-damla işıq içən, Hər varlığın öz rəngi var, ahəngi var duya bilsən. Zaman içrə ruzigardır at belində yollar keçən, Çiçək açır, çiçək solur rənglər doğan bir fəsildən. * * * Rənglər canlı, rənglər qaynar məna tapır arzularda, Şəkil çəkir həyat yeni, ömür yeni, səhər yeni… Ağaclarda, qayalarda, dənizlərdə, göy sularda, Buludlarda görürəm mən ruhumuzun şəkilini…
Tuncay ŞƏHRİLİ – “Yazarlar” jurnalının Texniki redaktoru
Bu gün “Yazarlar” jurnalının Texniki redaktoruTuncay Şəhrilinin doğum günüdür! Şad günü münasibəti ilə onu təbrik edir, uzun ömür, can sağlığı, təhsilində və bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Tuncay Şəhrili!
BAYRAQ BİZİM BAYRAĞIMIZ!!! Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!! 11.10.2021.Bakı.
ŞAHİ-CAHAN Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! * * * Taclı şair şeir yazdı dodaqsız, Canın xanı yaranışdan qonaqsız, Şahi-cahan, yaşar səssiz, soraqsız, Hərgah coşsa, o çağını yaza yaz!
YARADAN YARATDI (Dodaqdəyməz) Tala tala, meşə meşə, dağı dağ, Yaradan yaratdı yer naxış-naxış. Sısqa sısqa, dərya dərya, arxı arx, Yaradan yaratdı yer naxış-naxış. * * * Aqil alar dərsi iki alandan, Haqq ayrılar, çıxar yağtək yalandan, Həyat keçər, əyri-əyri dalandan, Yaradan yaratdı yer naxış-naxış. * * * Taclı Şair, taxtın, tacın sirdi sirr, Sənə çatan baxtın, bacın sirdi sirr, Qarşı yatan ağrın, acın sirdi sirr, Yaradan yaratdı yer naxış-naxış. 07.11.2021. Bakı.
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
NAZLI BALA Alagözdür, verib Xuda, Gözəl, göyçək Nazlı bala! Maşallah olsun, namxuda, Gözəl, göyçək Nazlı bala! * * * Gözü Göyçədən su içib, Kökdən gəlib, çox yol keçib, “Donun” Xaliq özü biçib, Gözəl, göyçək Nazlı bala! * * * Ustac bağlı soya, kökə, Nazlı balam bəyim, bikə, Züryət hardan hara çəkə!? Gözəl, Göyçək, Nazlı bala! 11.01.2022. Bakı.
USTACLIYAM Gözlərimin alalığı, Ulu Göycəmdən ərmağan. Ərdəbilin naləsidir, Ruhum həp eylədi fəğan. * * * Yarı Qarqar, yarı Əfkər, Şəhriliyəm; şaham, tacam! Şah İsmayıl silahdaşı, Ustaclı oğlu, Ustacam!