Qax rayonunun dəyərli və gənc yazarlarından biri də Cumayev Elvin Mahir oğludur.Elvin Mahir oğlu 1990-cı ildə, Qax rayonunun Marsan kəndində dünyaya göz açmışdır. 2010-cu ildən yazıb, yaratmağa başlayan şairin şeirlərini təqdim edirik;
Mənim Qaxım Yenədə almışam əlimə qələm, Sinəmdə sözlərim bitməyib hələm.
Sizə hansı yannan hayannan deyim, QAX adlı gözəl bir rayonnan deyim.
O qədər gözəldir tapılmaz təni, Sevirəm səfalı əziz məskəni.
Tamam yaşıllıqdır o başdan-başa, İkicə göz istər etsin tamaşa.
Billur bulaqları uca dağları, Gülüsta’na bənzər bağça bağları.
Tanrı bir gözəllik verib rayona, İstərsən baxdıqca baxasan ona.
Hər tərəf gözəldir hər tərəf abad, Gördükcə insanın könlü olur şad.
Mənzərədir hər yan sanki elə bil, Rəssam qələmiylə çəkibdir şəkil.
Kim bu seyrangahı görərsə əgər, Gözünü qırpmadan baxmaq istəyər.
Doymaz havasından doymaz özündən, Bir an belə ayrı qoymaz özündən.
O qədər doğmadır o qədər əziz, Qaxımızla hər an fəxr edirik biz.
Qax ağ kağız kimi düşüb ağıza, Qoymarıq bir ləkə düşə kağıza.
Rayonu qoruyaq göz bəbəyi tək, İlin hər fəslində görünsün göyçək.
Salnamədir hər bir qayası daşı, Çox qədim diyardır az deyil yaşı.
Qocalar evi
Mən bir gün qocalar evində oldum, Görəndə onları qəlbim göynədi, Bir yaşlı kişinin halını sordum, Dərdim dünya boyda böyükdür dedi.
Dedim ey ağsaqqal neyçün burdasan, Sənin evdə yoxmu sahib çıxanın, Varmı oğlun qızın varsa bəs hanı? De nə üçün yoxdur sənə baxanın.
Dərindən ah çəkib sözə başladı, Oğul övladım var mənim həyatda, Anasız böyütdüm balacalıqdan, Çox oldu kədərim qəmim həyatda.
Sevdiyi xanımla toy büsat qurdum, Atalıq borcumu yerinə yetirdim, O gəlin evimə qədəm qoyandan, Öz doğma oğlumu sanki itirdim.
Çox sayılmaz oldum sözüm heç oldu, Məni bir ata tək sayan olmadı, Gördüm günü-gündən pis olur halım, Düşündüm başqa cür çarəm qalmadı.
Oğlum yoldaşının bir kəlməsiylə, Doğma atasını çöllərə atdı, O öz mənliyini öz vicdanını, Elə bil kiməsə pay etdi,satdı.
Çox dözə bilmədim mən olanlara, Söylədim daha mən çıxıb gedirəm, Qurub yaratdığım o yurd-yuvanı, Ürək ağrısıyla mən tərk edirəm.
Son sözüm bu oldu evdən çıxarkən, Məni axtarmayın gedirəm daha, Həyatda heç kəsdən mən güvənmədim, Ümidim qalıbdır yalnız Allaha.
Başqa bir gedəcək yerim yoxuydu, Bir başa qocalar evinə gəldim, O gündən gördüyün bu insanları, Özümə doğmalar əzizlər bildim.
Gör neçə illərdir burda qalıram, Oğlum heç yadına salmayıb məni, Atam yaşayırmı sağmı görəsən? Heç maraqlanmayıb bir dəfə yəni.
Eybi yox qoy onun canı sağ olsun, Allah bağışlasın günahlarını, Qəlbində olmasın kədəri-qəmi, Yağdırsın başına dövlət varını.
Mənimdə ömrümə az qalıb oğul, Bu dünyanı tutub dura bilmərəm, Artıq qocalmışam əldən düşmüşəm, Yenidən yaradıb qura bilmərəm.
Bax belədir mənim həyat hekayəm, Açdım öz dərdimi sənə danışdım, Üzümdən biruzə verməsəmdə mən Ürəyim sızladı yandım alışdım.
Ağsaqqal sözünü çatdırdı sona, Bir qəlb acısıyla dinlədim onu, Kaş ömür boyunca xoş gün görəydi, Belə bitməyəydi ömrünün sonu.
Mən öz özlüyümdə onun oğlunu , Təsəvvür eylədim bir nankor kimi, Oda öz cəzasın çəksin həyatda, Nura həsrət qalsın ölsün kor kimi …
*. *. *. *. * Fələk at oynadır öz vərdişiynən, Kişi məşğul olur qadın işiynən, Toy edir evlənir kişi kişiynən, Xarabı çıxıbdır zamanın dünya,
Aşiq ömür sürür yardan aralı, Saçına dən düşür dəyişir halı, Kimi dindirirsən qəlbi yaralı, Üstünü qazıma yaranın dünya,
Şər üstün tutulur bu ittifaqda, Ey dünya razı ol mənlə bu haqda, Yaxşılar sayılmaz qalır qıraqda, Qədrini bilirlər yamanın dünya.
Elvinəm mən çoxdan eyləmişəm hiss, Ürəklərdə məskən salıbdır iblis, İnandırım səni vallah keçir pis, Hər ilin hər günün hər anın dünya, De nədir fikirin gümanın dünya?…
Tənha əncir ağacı (Səttar Bəhlulzadənin ev muzeyindən esse- reportaj) Səttar Bəhlulzadə haqqında kifayət qədər obrazlı ifadələr, təriflər, bəlağətli sözlər işlətmək olar və heç biri də bayağı səslənməz. Amma mən bəzəkli təşbehlərdən, metaforalardan, mübaliğələrdən tamamilə uzaq duraraq onun doğulduğu ocağa baş çəkmək, imkan qədər həyatının ağlı-qaralı cizgilərinə nəzər salmaq, nələrisə öyrənmək, nələrisə “kəşf” etmək istəyirəm. Çünki Səttar Bəhlulzadə olduqca sadə insan olub. Nə Moskvada təhsil aldığı tələbəlik illərində, nə çalışdığı mötəbər mədəniyyət ocaqlarında, nə də şöhrəti dünyaya yayılandan sonra “akademik adam” olmaq istəməyib. Ütülü, zəhmli kostyumlar, bərk-bərk düyünlənmiş rəngbərəng qalstuklar, boynu sərt kraxmallı köynəklər onluq deyildi. Həmsöhbətləri də çox vaxt adi insanlar olub. Bu sadəlik həm də insanın özünüdərkindən yaranan böyük sadəlik idi. O, öz sənəti haqqında danışarkən də iddiasız və təbii idi. Qələmə aldığı gündəliyində belə qeyd edirdi: “Sənət tarixində hökm sürmüş və sürməkdə olan heç bir cərəyanı xoşlamıram. Mənim üçün ən yaxşı cərəyan sənətkar qəlbinin səsidir”. Təbii ki, fövqəlsənət həmişə sənətkarlıq izmlərindən öndə dayanıb və əsl yaradıcının mütləq şəkildə hansısa cərəyanı yaratmaq iddiası olmur. Yuxarıda qeyd etdiyim kimi, mən bu yazıda rəssamın ruhunu duymaq, onun həyatıyla bağlı deyilməmiş hansısa detalı, hansısa “müəmmanı” işıqlandırmaq arzusundayam. Elə bu arzuyla da, qeyri-ixtiyari, Bakının küləyini, qumunu, ətrini canına hopdurmuş Əmircan kəndinə- rəssamın doğulduğu ata ocağına üz tuturam. Səttar Bəhlulzadə bu kəndi çox sevirdi, yəqin ki, gözlərinə, ruhuna köçürdüyü ilk təsvir də elə bu kəndin mənzərəsi olub. Dönə-dönə etiraf edirdi ki, Əmircandan bir addım da kənarda yaşaya bilməz, yetim qalar… Öz ruhuna yaxşı bələddir axı… Əgər fövqəladə Moskva səfərini nəzərə almasaq, onun Əmircandan çıxaraq getdiyi ən uzaq məkan da doğma Azərbaycanın əsrarəngiz bölgələri olub. O, bu bölgələrin gözəlliklərini qələmə alaraq həm də, onların özünəməxsus xarakterini yaradırdı. “Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, vətən torpağı əsl ilham mənbəyidir”,-deyirdi Səttar Bəhlulzadə. Amma insan ömrü daha çox ziddiyətlərin vəhdətindən ibarətdir… Rəssamın özündən fərqli olaraq yaratdığı rəsm əsərləri bütün dünyanı: Tbilisi, Praqa, Moskva, Yalta, Minsk, Nyuyork, İstanbul, London, Bonn, Daşkənd və Parisi gəzib -dolaşıb, eləcə də, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya kimi ölkələrdə sərgilənib. Qədim Əmircan kəndinin dolanbac küçələrindən keçib ağ, yaxud da boz rəngli qapının qarşısında dayanıram. Qapının üzərindəki lövhəni, əzbərləyirəmmiş kimi, dönə-dönə oxuyram. “Səttar Bəhlulzadənin ev muzeyi”. Dönüb gözücu küçədəki yanaşı qapılara boylanır, qonşu həyətlərin müxtəlif rəngli qapılarını bir –bir gözdən keçirirəm. “Yox, bu qapı fərqli olmalıdır”, -deyə düşünürəm. Bu qapıya böyük iddialarla gəlmişəm axı… Həyət qapısından içəri girən kimi birdən-birə işıq selinə düşürəm. Başımı qaldırıb göyə boylanıram. İsti avqust günəşi sanki bütün şüasını bu həyətə tuşlayıb, buranı daha çox işıqlandırır. Bəlkə də, elə bu işıq selinin özündə də bir hikmət var. Həyətin küncündəki əncir ağacı diqqətimi çəkir. Tək-tənha əncir ağacı…Səttar Bəhlulzadə də tək idi, tənhaydı… Buna tamamilə əminəm. Böyük yazıçımız Anar yazırdı: “Çox tənha olan Səttar həyatı bayram kimi qarşılayırdı”. Çox fəlsəfi fikirdir. Həyatın atəşfəşanlığını, polifonik səslərini, palitrasını görmək üçün tənhalığa çəkilmək mütləqdir. Əncir ağacından gözlərimi çəkmirəm. Nəfəsimi içimə çəkib sanki heçliyin dibinə enmişəm, ətrafı dərk etməyə çalışıram. Deyəsən, əncir ağacı da heçliyə söykənib… O qədər də geniş olmayan həyətə daş pilətələr döşənib. Ürəyimdən çəmənlik, ağaclıq, gül-çiçək bağçası görmək keçir. Axı Səttar Bəhlulzadə sehrli fırçasıyla yüzlərlə mənzərə şəkli çəkib, onlara xüsusi ruh verib. “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, Kəpəzin göz yaşları”,”Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan”, “Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”,”Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Suraxanı atəşgahı”, “Əmircan”, “Neft daşları” və s. Birdirmi, beşdirmi?.. Bu ecazkar rəngarəngliyi ondan başqa kim yarada bilərdi ki?! Onun çəkdiyi təbiət təsvirləri hərəkətlidir, parlaqdır, canlılığı, şuxluğu ilə seçilir. Səttar Bəhlulzadə təbiətin aşiqi, məcnunu idi. Həyətdəki cansız daş pilətələrin yaratdığı təzadsa durmadan beynimi döyəcləyir… Ehtiyatla, az qala ayağımın ucunda, mənzil –muzeyə daxil oluram. Mənzildəki əşyaları acgözlüklə gözümə yığmağa çalışıram: üstü qırmızı örtüklü dəyirmi miz, vitrinə qoyulmuş kiçik çay daşları, radioqəbuledici, rəngə bulaşmış molbert, palitra, yataq otağındakı çarpayı, dolab, müxtəlif rəsm əsərlərinin reproduksiyaları… Divarın ən görkəmli yerindən rəssamın anasına həsr etdiyi portret asılıb: ürəyinin səsiylə, böyük sevgiylə qələmə aldığı portret! Sadə, üz cizgilərindən libasına qədər milli çalarları özündə əks etdirən xanım-xatun Azərbaycan qadını. Bəlkə, rəssamın elə ən çox zəhmət çəkdiyi, zaman sərf etdiyi portret də budur. Adam öz doğmasını rəsmini ürəyində daşıyır axı… Ürəyinin dərin qatındakını olduğu kimi köçürməksə elə də asan iş deyil. Əşyaların arasında ilk diqqətimi çəkən rəngə bulaşmış molbertin qarşısına qoyulmuş qurumuş fırçalar olur- sehrli fırçalar… Səttar Bəhlulzadə xarici ölkəyə gedən dost-tanışlarından ona fırça gətirmələrini xahiş edirmiş. Əlimi fırçalara toxundururam. Hərçənd ki, muzeyin eksponatlarına toxunmaq qadağandır. Amma mən ona ən yaxın olan bu fırçalardan rəssamın ruhunu duymağa çalışıram. Fırçalar bir az da Səttar Bəhlulzadə barmaqlarına bənzəyir, arıq, uzun, sehrli… Bildiyimə görə, rəssamın 60-dan çox fırçası olub. Bu fırçalar haqqında xeyli yazı da yazılıb. “Səttar Bəhlulzadə fırçası bizə vətən torpağını vətəndə yaşaya-yaşaya təzədən tanıtdırdı desək, səhv etmərik”. (Ziyadxan Əliyev, Əməkdar İncəsənət xadimi, sənətşünas) Düşünürəm ki, bu fırçalar xoşbəxt fırçalardır, dayanmadan çalışıblar. Səttar Bəhlulzadə deyirmiş ki, rəssam oldunsa, gərək çox işləyəsən. Deməli, fırçalar öz işini layiqincə görüb… Rəssamın evinin diqqətçəkən yerində sərgilənən radioqəbuledici və patefonun qarşısında ayaq saxlayıram. Səttar Bəhlulzadə musiqini çox sevirdi. Əsərlərini işləyərkən Baxın, Bethovenin musiqilərinə qulaq asar, tez-tez Asəf Zeynallının “Ölkəm”əsərini zümzümə edərmiş. Təbiidir ki, musiqinin ötürdüyü hisslər onun əsərlərinə də özünü biruzə verir. Patefonu isə ona ölməz sənətkar Gülağa Məmmədov bağışlayıb. Rəssamın ayrı-ayrı bölgələrdən toplayıb gətirdiyi sehrli çay daşlarına tamaşa edirəm. Bu daşları toplamaq onun hobbisi olub. Kim bilir, bu daşların daş yaddaşında hansı xatirələr yatır… Çayın köpüklü sularının çoxdan unutduğu bu sahil daşları rəssamın sehrli ovcunda nə qədər xoşbəxt olublar?.. Muzeydəki heç bir əşyanı gözdən qaçırmaq istəmirəm. Buradakı bütün əşyalar rəssamın sadəliyindən xəbər verir. Böyük rəssamın dünya malında gözü olmayıb, mənəviyyətin bolluğunda yaşamağı daha üstün tutub. Təbii ki, o istəsə, maddi cəhətdən kifayət qədər zəngin də ola bilərdi, amma istəməyib. Çünkü onun daxili aləmi, ruhu, istedadı zəngin idi. Yəqin ki, heç bir maddiyyat bu zənginliyin qarşısında duruş gətirməzdi. Həm də, bu adam olduqca əliaçıq olub. Dövlət tərəfindən ona verilən mənzilin açarlarını o zaman evə ehtiyacı olan, gənc rəssam Tahir Salahova verərək “Mənim evim Əmircandadır, anam, bacım ordadır, sən isə evlənirsən, götür açarları, yubanma, evlən!”-deyib. O, əsərlərinə verilən qanorarlarını uşaq evlərinə, imkanı olmayan gənc rəssamlara verirmiş. Rəsmlərini çox zaman insanlara pulsuz bağışlayırmış. Bu da Səttar Bəhlulzadənin gündəliklərinin yerləşdiyi vitrin! Vitrindəki gündəliklər məni maqnit kimi özünə çəkir. Bəs görəsən, rəssam bu gündəlikləri hansı həvəslə yazıb? Bəlkə, beynindəki fikir yükündən xilas olmaq üçün, bəlkə həyatının müəyyən məqamlarına yenidən qayıdıb nəzər salmaq üçün, bəlkə də, başqa düşüncəylə… Görəsən, bu gündəlikdə bilmədiyimiz daha hansı sirlər yatır? Görəsən, bu gündəlikləri nöqtə-vergülünə kimi oxusaq, Səttar Bəhlulzadənin həyatını olduğu kimi öyrənmək olarmı? Beynimdə aydınlaşdırmağa gücüm çatmayan müəmmalar çoxdur. Özümü dərənin dibində dayanaraq dağa tamaşa edən səyyah kimi hiss edirəm. Təəssüf ki, hələki gündəliklərlə bütöv tanış olmaq da mümkün deyil. Bəlkə də, heç gündəliyə ehtiyac da yoxdur. Axı Səttar Bəhlulzadənin keçmişi az qala əzbər şəklində dillərdə dolaşıb, xatirələri onu tanıyanların yaddaşından süzülərək bir çox detallarıyla yazılara köçürülüb, rəssamın xarakterini cızıb. Qəribədir, mən bunları bilə-bilə, təkidlə daha hansısa çaları axtarıram… Gözümü hamar, parlaq şüşə vitrinə zilləmişəm. Bütün istedadlı insanlar kimi Səttar Bəhlulzadənin həyatı da heç də bu şüşə kimi hamar, parlaq olmayıb. O zaman rəssamı qısqananlar, paxıllığını çəkənlər də az olmayıb. Onun əsərlərini qəsdən gizlədir, görməzdən gəlirdilər, rəsmlərinin layiq olduğu qanorarı ala bilmirdi. Qanorarın azlığı, gizli şəkildə edilən mənəvi təzyiqlər onu həvəsdən salmırdı. Görəsən, şüşənin altındakı gündəliklərin təsir gücü nə qədərdir? Onlara əl ilə toxunsam dahi rəssamın ömrünün son günlərində olan yaratmaq həvəsini, Moskvada keçirilən fərdi sərgisində iştirak etmək arzusunu, ürəyinin xoşbəxt döyüntüsünü çatdıra bilərmi? Onun son günlərinin kədərini, amansız xəstəliyin vurduğu zərbənin ağırlığını necə, hiss etdirərmi? Axı Səttar Bəhlulzadə gündəliyinin bu hissəsi çox təsirlidir… Taleyin ironiyası deyilən bu imiş. Bir tərəfdən verilən xoşbəxtlik o biri tərəfdən alınırmış. 1973-ilin avqust ayında Sabunçu xəstəxanasında müalicə aldığı zaman Moskvada rəssamın fərdi sərgisi açılırmış. Həkimlər onun təcili şəkildə Moskvaya aparılmasını məsləhət görürlər. Onsuz da rəssamın xəyalı özündən qabaq Moskvada açılacaq sərgisinin yanına uçub getmişdi. O, dostlarına belə etiraf edirdi: “Oğlum yox, qızım yox, evləndirəm, toyunu edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Yaşımın bu çağında, ömrümdə birinci dəfədir ki, Moskvada sərgim açılır. Ora məni çatdırsanız arzum ürəyimdə qalmaz”. Nə yaxşı ki, onun bu arzusu ürəyində qalmadı, bəlkə də, həyatının ən xoşbəxt anı bu sərgidə iştirak etməyi oldu. Ağır xəstə olan rəssam sentyabrın ikinci yarısında qatarla Moskvaya yola düşür. Bu səyahət həm də onun həyat salnaməsinin son akkordu olur. Sənətşünas Ziyadxan Əliyev bu səfər haqqında belə yazırdı: “O, həm uğurla keçən sərgisində iştirak edir, həm dostlarıyla “Praqa” restoranında bu əlamətdar hadisəni qeyd edir, sonra da N. İ. Piroqov adına xəstəxanada professor Çernousovun cərrah bışağı altına “düşməyə” imkan tapır”. Muzeyi dolaşdıqca, əşyaları seyr etdikcə həm də öz-özümə hesabat verirəm. Anlayıram ki, deyəsən, Səttar Bəhlulzadə haqqında yazılanlardan, özünün qeydlərindən, deyilənlərdən fərlqli heç nə tapa bilməyəcəm. Açığı, özlüyümdə bir qədər də pərt oluram. Həm də yazımı kövrək notlarla bitirmək istəmirəm. Nəhayət divarboyu sərgilənən rəsm əsərlərinin qarşısına keçirəm. Səttar Bəhlulzadə rəsmlərinin sehrindən çıxmaq mümkün deyil. Rəsmlərdə rəssamın ruhunu görürəm. Onun çəkdiyi hər bir portret ayrı- ayrılıqda Səttar Bəhlulzadədir. Öz məcrasından çıxıb ucsuz-bucaqsız nəhəyətsizliyə üz tutan, dünyaya sığmayan Səttar Bəhlulzadə və dəyişən, “Kəpəzin göz yaşı”ndakı düçüncəli, “Xəzərdə axşam”dakı romantik, “Azərbaycan nağlı” ndakı sirli-sehrli, “Şahdağ”dakı əzəmətli, “Babək üsyanı”ndakı üsyankar, “Çiçəklənən badam ağacı”ndakı işıqlı, şəfəq saçan ruh… Bu əsərlər həm də girov qoyulmuş bir insan ömrünün qazancıdır. Amma öz aramızdır, çox böyük qazancdır… Muzeydən çıxıb həyətdəki tənha əncir ağacının altında dayanıram. Günəş yenə də öz işindədir, qızılı şüaları ilə ağacın yarpaqları arasından bərq vurur. Birdən-birə ürəyimə fərəh yayılır. Özümü Səttar Bəhlulzadənin rəsm qalereyasında hiss edirəm. Həyətin hər tərəfinə rəssamın əsərləri döşənib. Həyət laləzara çevrilib, dünyanın bütün rəngləri burdadır. Dünya bayram edir, dünya nağıla dönüb. Kim bilir, bəlkə, elə gələcək dünyamızı da bəlalardan, şər qüvvələrdən belə işıqlı sənət nağılları xilas edəcək.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Əlbəttə, söhbət, əsasən, bizim ədəbiyyatdan, bizim poeziyadan gedir.
Bəribaşdan qeyd etmək istəyirəm ki, bu müxtəsər yazıda başlığa çıxarılan suala hökm şəklində (“hə” və ya “yox” deyə) cavab vermək niyyətində deyiləm. Və elə sonrakı mülahizələrim də, əsasən, (yenə də “əsasın”) sual şəklində olacaq. “Qadın poeziyası” nədir? Qadınların öz daxili aləmini qələmə alması, yoxsa qadınların poeziyası, yəni onların yazdığı, qələmə aldığı şeirlər? Əgər qadınlar haqda qadın deyil, kişi şair də yazırsa, bu poetik nümunələr də adıçəkilən mövzuya müncər oluna bilərmi? Məlumdur ki, dilimizdə cins anlayışını ehtiva edən şəxs əvəzlikləri və şəkilçilər yoxdur. Elə isə bizdə şeir yazan kişiyə “şair”, şeir yazan qadına isə “şairə” demək nə dərcədə qanunauyğundur? İnkar etmək olmaz ki, qadınlarla, onların daxili aləmi ilə bağlı ən gözəl şeirləri kişi şairlər yazıb. Həmin şeirləri də “qadın poeziyası” nümunəsi hesab etmək olarmı? Bəlkə “qadın poeziyası”nın əsl nümunələrini nə qadın, nə də kişi tekstlərində deyil, hansısa hibrit və ya qeyri-müəyyən “orta cinsin” yaradıcılığında aramaq lazımdır? Rus tənqidçilərinin bir çoxu deyir ki, onların ədəbiyyatında “qadın nəsri” (yəni “qadın prozası”) var, amma “qadın poeziyası” mövcud deyildir. Əlbəttə, bunu məhz hamısı yox, “bir çoxu” deyir. Bəs bizdə bu sahədə vəziyyət necədir? Bəli, siyasətdə, elmdə, təsərrüfatda, peşələrdə “qadın-kişi” bölgüsü az qala yox dərəcəsindədir. Bəs poetik “bölgüdə” necə, belə bir “ayrıseçkilik” varmı? Bəlkə belə “bölgü” aparmaq yersizdir, yanlışdır? Poeziyada cinslərdən dolayı psixologiya, fiziologiya, psixofiziologiyanın hansısa bir rolu varmı? Bəlkə poeziyada, ümumiyyətlə, ədəbiyyatda heç yerli-dibli “cins” anlayışı olmamalıdır? Poeziyada lirik qəhrəman “biz” çoxluğuna, yoxsa “mən” fərdiliyinə üstünlük verməlidir? Başqa sözlə, lirik mənin “ümumiliyi”, yoxsa “xüsusiliyi” aparıcı olmalıdır? Gender probleminin “poetik həllində” kim daha “irəlidədir” – kişi, yoxsa qadın şairlər? Bəlkə bu sahədə də “bərabərlik”, “balanslaşma” mövcuddur? Bir də görürsən ki, hansısa bir “şairə” (yəni qadın şair) öz sevimlisinə “canım, gülüm, şirinim-şəkərim, həyatım, mələyim”- deyə, difiramba dolu müraciətlər ünvanlayır və onda istər-istəməz düşünməli olursan ki, yəqin bu xanım ya hansısa kişini imitasiya edir, ya da ki, kişi “duyğuları” ilə yaşayır. Elə deyilmi? Və ya bəlkə bu cür “əzizləmələri”, “oxşamaları” da məqbul hesab etmək lazımdır? Qadın qəlbinin gizlinlərinə baş vuran dahiyanə poetik nümunələr var və həmin nümunələrin müəllifi kimi, ilk növbədə məhz qadın şairlər yada düşür. Bu mövzu üzərində gəzişərkən biz istər-istəməz, məsələn, rus poeziyasında Svetayeva, Axmatova və Axmadulina, amerikan poeziyasında Emili Dikson və Marianna Mur, Ukrayna poeziyasında Lina Kostenko, yapon poeziyasında İbaraqi Noriko, macar poeziyasında Sabina Uqi, fransız poeziyasında Luiza Berten və Broda Martina, gürcü poeziyasında Nino Darbaiseli… kimi isimləri xatırlarmalı oluruq. Vaxtilə məşhur Anna Axmatovanın məşhur bir şeirində belə misralar vardı: «Я научила женщин говорить… Но, Боже, как их замолчать заставить!»
(“Danışmaq öyrətdim mən qadınlara… Tanrı, bəs susmağı kim öyrədəcək!”)
İndi bizdə də danışmağı öyrənən (və ya öyrənməyən) xeyli qadın şair var. Amma yazmağı (və ya yeri gələndə susmağı) öyrənənlər necə, çoxdurmu?
Əlbəttə, poeziyada və ümumiyyətlə, ədəbiyyatda mövzular “qadın-kişi” paradiqmaları üzrə bölünməyib. Məsələn, vətənpərvərlik, hərb, təbiət, dostluq, düşmənçilik… mövzusunda hər iki cinsin nümayəndələri yaza bilər və yazırlar da. Amma bu mövzulara yanaşmada fərqli nüanslar olmalıdır, yoxsa yox? Niyə gizlədək, bizim poetik şifahi xalq ədəbiyyatında, folklor nümunələrində kişi və qadın “fərqi” daha aydın görünür. Belə ki, eşitdiyimiz poetik parçanın kim tərəfindən səsləndirildiyi, yəni onun naməlum müəllifinin kişi və ya qadın olduğu anındaca, elə az qala ilk misradan bilinir. Amma yazılı ədəbiyyata belə bir bədii-psixoloji-estetik-etik “sərhədd situasiyası” nadir hallarda nəzərə çarpır. Yenə sözümün əvvəlinə qayıdıram. Poeziyanın “cinslərə” ayrılması nə dərəcədə doğru hesab edilə bilər? Bəlkə belə bir konkret “bölgüdənsə”, “ümumən” poeziya haqqında danışmaq daha məqsədəuyğundur? Zənn edirəm ki, səslənən sualların cavablandırılmasında təkcə poetik təsərrüfatda külüng vuran şairlərin, tənqidçilərin və ədəbiyyatçıların deyil, ədəbiyyatı sevən, duyan, qiymətləndirən oxucuların da fikirləri maraq doğura bilər.
Həkim Güləliyevin üzündə donub qalan təbəssümün ağrıya çevrilməsindən bir az ötmüşdü. Cərahiyyə masasındakı əsgərin sol qolunu qəlpələrdən təmizlədikcə damarları soxulcan kimi tərpənir, təzədən yerinə qayıdırdı. Yarım saat bundan qabaq palataya köçürülən polkovnik Paşayevin yaxınları üstündən barıt qoxusu hələ getməyən zabiti görüb sakitləşdilər. Xəstəxana dəhlizində labirtinə düşən qohumlar, boz dəsmalla gözünün suyunu silən qocalar, əlində telefon qurdalanan cavanlar olub-bitənlərdən hələ xəbərsiz idilər. Əsgər Ağayevin ürəyi kəfkirli saat kimi işləsə də, əzaları sanki ətçəkən maşınından keçmişdi… Qara xəbərlərin içində ağ xalatlıların hər gəlişi bir dünyanın varlığı və ya yoxluğu haqqında məlumat demək idi.
– Cek London, Drayzer, Tven…- Əsgər Ağayevin xırıltılı səsi bir andaca palatadakı sükutu pozdu. Ağrıdan dodaqlarını gəmirən Ağayev gözünü tavanda hörümçək toruna zilləyib sayıqlamağa başladı.
– Su, su, su verin… Ağayevin səhra çölünü xatırladan dili ilan kimi qıvrılır, davamında söyüş və qışqırıqlar eşidilirdi… Tibb bacısı dəmir stəkandakı suyu Ağayevə sarı uzatdı. Bir qurtum içib, dayandı. Ətrafa göz gəzdirdi. Hər tərəf ağ pambıq kimi görünürdü… Ağayev Filologiya fakültəsini keçən il bitirmişdi. Elə Aytacı da fakültədə görüb sevmişdi. Magistraturaya qəbul olsa da, maddi çətinliklərdən dolayı təhsilini davam etdirə bilməmiş, ancaq ümidini də üzməyib hərbi xidmətə yollanmışdı. Beləliklə hərbi xidmət və taleyinə yazılan qanlı müharibə… Əsgər yoldaşlarını soyadlarına görə yox, sevdiyi yazıçıların adları ilə çağırardı. Məsələn, əsgər Məmmədova Mark Tven, əsgər Dadaşova Drayzer, əsgər Cəfərova Cek London deyə müraciət edirdi. Bunu bölük komandiri kapitan İsayev də sezmişdi. Belə müraciət xoşuna gəlsə də, əsgər Ağayevə bunu ümumi vəziyyət üçün qadağan etmişdi… Bir dəfə hərbi hissəyə yoxlama gəldi. Əsgər Ağayev yaraşıqlı, qamətli olduğu üçün həmişə ön cərgədə dururdu. Yoxlama rəisi polkovnik Paşayev qəfil Ağayevə yaxınlaşıb soruşdu: -Əsgər, kitab oxuyursan? -Bəli, cənab polkovnik- əsgər Ağayev özünü itirmədi. -Kimləri oxuyursan? -Əsasən klassikləri. Tolstoyu, Drayzeri, Çexovu… Ağayev başını daha da dikəltdi. Polkovnik bığaltı gülümsəyib, razılıq əlaməti olaraq əlini Ağayevin çiyninə vuraraq onu təbrik etdi. Bu hadisə bütün alaya yayıldı. Hərbi hissənin kitabxanasını əsgər Ağayevə tapşırdılar. Deyilənə görə bunu şəxsən polkovnik Paşayev əmr etmişdi…
27 sentyabr… Səhər “Qalx” komandası bu dəfə daha həyəcanlı və vahiməli səsləndi. Alay döyüş hazırlığı vəziyyətinə gətirildi. Əsgər Ağayev kitabxanaya baş çəkib dərhal geri qayıtdı. Əlində Tolstoyun kitabını görən kapitan İsayev əsəbləşdi:
-Ağayev, kitab oxumağa getmirik. Silahını götür, kaskanı da unutma! Əsgər Ağayevin qaşları çatıldı. Cəld yaxasını açıb, kitabı sinəsinə qoydu. Silahını götürüb, dəmir kaskanı başına keçirdi. – İrəli, addımla marş!-Kapitan İsayev var gücü ilə bağırdı. Səsinin vahiməsi müharibənin sərt üzündən xəbər verirdi… – “Birinci” mən “Şahinəm” necə başa düşdün qəbul…. -……………….. – Birinci, birinci!!! -Birinci qəbulda! -Biz kəndi aldıq, kənd bizdədi…. Necə başa düşdün qəbul! -……..
Xəstəxana həyətində skamyanın yanında bardaş qurub oturan yaşlı kişi siqaret tüstüsündən saralmış bığına sığal çəkib zikr edirdi. Halından belə məlum olurdu ki, özünü tamamən unutmuşcasına soyuq və halsız idi. Pencəyinin yaxası qədimi orden və medallarla dolu olan bu adamın elə bil üstündə dəmirdən çiçəklər açmışdı… Heç kim ona fikir vermir, yanından yel kimi ötüb keçirdi, heç kim bu pərişanlığın fərqinə varmırdı… Yaralı əsgərlərin yaxınları əllərini boş ciblərinə salıb çıxarır, baxışlarında közərən ümidlərini dən kimi ətrafa səpirdilər. Palatada zarıltı səsləri artırdı, əl-ayağa dolaşan xadimələr acığını pol dəsmalını döşəməni bərk-bərk silməklə çıxmağa çalışırdı…
Tibb bacısı həyəcanla səsləndi:
– Aaa, işə bax, Mark Tven topa güllə qoyandı. Hələ Drayzerə bax, snayperçidi. Əsgər Ağayev dəli kimi gülməyə başladı. Kapitan İsayev bunu görüb Ağayevə tərəf qaçdı. – Özünə gəl, Ağayev, pusquya düşmüşük. Cəld ol!!!-Ağayev özünə gəldi. Tez silahını götürüb irəli atıldı. Mark Tvenin ayağını qoparan qəlpə əsgər Ağayevin qoluna girmişdi. Ağayev qolundan həmin qəlpənin bir hissəsini çıxarıb cibinə qoymuşdu. Bundan sonra qanaxması dayanmadı. Sanitarın üzündəki dəhşət ifadəsi böyüməyə başladı… Aytacın telefonuna gələn sonuncu mesajdan sonra halı xarab olmuşdu. Kirpiklərinə şeh düşmüş, ala gözləri dan yeri kimi qızarmışdı. O nişanlısının yaralı bədəninə toxunduqca titrəyir, aya bənzər bənizi qəmin xəzanında saralırdı. Hərbi xidmətinin bitməsinə cəmi bir ay qalmışdı. Cəmi otuz gün. Otuz gecə. Həsrətin, ayrılığın bitməyən otuz təqvim günü- sanki sonsuzluq kimi görünürdü. İndi isə o nişanlısının soyuq bədəninə duyğularını, hisslərini, sevgisini ötürmək istəyir, sızıldayan ağrılarına məlhəm olmağa çalışırdı… Palata qırx dörd… Tibb bacısının üzünə qonan kədərin iki adı vardı: “Olum və ölüm”… İkincini heç kim eşitmək istəmir, o yan bu yana var-gəl edir, addımlarını sürətləndirib bunu sanki özlərindən uzaqlaşdırmağa çalışırdılar . Cərahiyyə otağından qara bulud kimi dolub çıxan baş həkimin ağ xalatında ağ nöqtələr güclə sezilirdi. Həmin gün baş həkim Abbasov rəsm emalatxanasından çıxan rəssam kimi üstü al-qırmızı rəngə boyanmışdı, soyuq tərin içində buza dönən üzünü hamıdan gizlətməyə çalışırdı…
Əsgər Ağayevin nişanlısı Aytacın söyüd salxımı kimi çiyninə düşən saçları bir ayın içində ağardı. Əlində Ağayevin cibindən çıxan qəlpəni saxlayır, onunla yatıb, onunla durur, hamıya qəlpənin tarixçəsindən danışırdı. Bir ara qohum-əqrəba qəlpəni gizlətmək istədi, ancaq Aytac qəlpəni qoynuna basıb bütün varlığı ilə onu özündə saxlayırdı… Həkimlərin bütün səylərinə baxmayaraq əsgər Ağayevin yaşamaq eşqi ilə vuran ürəyinin döyüntüsü kilidlənmişdi. 1 saylı uşaq evində böyüsə də, yetimliyini bildirməz, özünü hamıdan çox atalı-analı kimi göstərərdi… Nə Aytacın büllür kimi göz yaşları, nə də yaxınların duaları kömək olmadı. Dəfn günü güclü qar yağdı. Hər yan ağ pambıq kimi idi… Aytacın göz yaşları kirpiklərində buzlayıb, donmuş şəlaləni xatırladırdı…
“Bir azdan öləcəm. Lap az vaxtım qalıb… Kimə nə deyim, kimi çağırım bu son anımda?” Dəftərin axırıncı vərəqindəki yazı bu sualla başlayır… Mərmi yağış kimi yağırdı. Birdən uzaqdan ayağı qucağında uzanan Mark Tven göründü, arxasında sağ qoluna sarı uzanan Drayzer də orda idi… Cek London üzü səmaya sarı gülümsəyirdi. Sanki buludları izləyir, nəsə xəyal edirdi… Bitdi… Post bizdədi. Qələbə! Eşidirsən Drayzer, eşidirsən Mark, eşidirsən Cek London? Eşidirsiz? Post bizdədi… Qə-lə-bə…!!!
Bu gün “Zəfər Yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində məktəbli şair-publisist, AJB üzvü Sevindik Nəsiboğlunun Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitabının təqdimat mərasimi keçirildi. Təqdimatda filologiya elmləri doktoru, professor Asif Rüstəmli, “Zəfər Yolu” İctimai Birliyinin rəhbəri Pərvanə xanım Salmanqızı, “Zirvə” İslahatlara Dəstək Mərkəzi İB-nin sədri Elçin Axundzadə, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə xanım Əmirquliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladova, DAMM-ın Ekspertlər Şurasının rəhbəri Nəzakət xanım Əhmədova-Kərimova, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, müəllifin sinif rəhbəri Aynurə xanım Zeynalova, qazi Ramiz Yusubov, qazi İsa Musayev, “Gün.az” saytının baş redaktoru Rəsmiyyə xanım Heybətağaqızı və başqaları iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Ulu Öndərimizin və Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva qonaqları salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın rifahı naminə gördüyü mühüm işlərdən geniş bəhs etdi. Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə xanım Eldarqızı idi. Çıxış edənlər gənc yazarın çoxşaxəli yaradıcılığını çoxdan izlədiklərini, onun bu az yaşında böyük işlərə imza atdıqlarını söylədilər. Müəllifin yazdığı “Qarabağ Marşı”, “Ata, ruhun şad oldu!”, “Ulu Öndər yadigarı” və şəhidimizə həsr etdiyi “Qarşıla məni, Ana!” adlı şeirlərini səsləndirdilər, ona uğurlar arzu etdilər. Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladova DAMM-ın Gənclər Birliyinin sədr müavinliyi vəsiqəsini müəllifə təqdim etdi. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac isə gənc müəllifi ardıcıl ədəbi uğurlarına görə “İsa Muğanna” adına diplomla təltif etdi. Tədbirin bütün iştirakçıları Ulu Öndərimiz Heydər Əliyevin dahi lider olduğunu söylədilər. Sevindik Nəsiboğluna uğurlar arzu etdilər. Gənc müəllif çıxışında tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi, yeni kitabını imzalayaraq qonaqlara hədiyyə etdi. Xatirə şəkilləri çəkdirildi.
Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabının annotasiyasını izləyicilərimizə təqdim edirik: “Tanınmış şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderimizin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur. İstedadlı müəllif kimi tanınan 15 yaşlı Sevindik Nəsiboğlunun oxuculara təqdim olunan yeni kitabının əsas məziyyəti lider-xalq, lider-vətən münasibətlərinə sevgi ilə güzgü tutmasıdır. İnanırıq ki, kitab oxucuların marağına səbəb olacaq”. Tədbirdən fotolar:
Bir zindan evidir bu fələк – hasar, Dövrəsində yatmış bir əjdəha var. Qalmaq əjdəhayla nəfəs-nəfəsə Qəmginliк gətirər, əlbət, hər кəsə. Əjdəhayla dostluq olmaz bu qədər, Bəhmən кimi burda yaşadım, yetər. Ölməкdən bəlкə də bir fayda olmaz, Yeddi əjdəhadan olarsan xilas. Nə dözüb qalırsan bu viran кənddə, Boynun zəncirdədir, ayağın bənddə. Bir şey кi, öləndə düşmənə qalar, Onu bəzəməyin nə mənası var? Bu sel axınından qurtar hörmətlə, İsaya ehtiram, eşşəyə sillə! Yamanlıq etməкdən uzaq ol, uzaq, Pisliyin əvəzi pisliкdir ancaq. Ağaca, quşlara diriliк verən Göyərən nəbatı heç unutma sən. Ağacı yıxanlar tez yıxılarlar, Ovçunun axırı dilənçi olar. Bayrağını sal кi, azdır həyatın, Cilovunu çəк кi, axsaqdır atın. Məzara qədərdir bütün bu dövlət, Övlad, qadın, bu mülк, bu mal, bu qüdrət. Səninçün qəmlənər bəlкə də hər кəs, Laкin o səninlə torpağa girməz.