Uşaq ürəkli böyük adam var. Üzü nurlu, gözləri həyat eşqi ilə dolu, qəlbi insanları sevib yaxşılıq etmək hissi ilə zəngin böyük adam! İllər keçsə də, zamanın insanlardan, hadisələrdən götürüb gətirdiyi yaxşılıqlarla yanaşı yaxşılıqların əksi olan pislikləri insanlara, onların ürəklərinə bulaşdırdığı anlarda uşaq ürəkli böyük adam insanın uşaq yaşlarında olduğu kimi sevgi və səadət içində qalmağı bacaran, qəlbi Günəş kimi parlayan, əməlləri insanlığa yaxşılıq etmək əlamətləri ilə müşayiət olunan kəsdir. Uşaq ürəkli böyük adam öz həyatı ilə çoxlarına nümunə ola biləcək addımlar ataraq “yaxşıya yaxşı”, “doğruya doğru”, “pisə pis”, “yalana yalan” deyir fərdi və kollektiv münasibətlərdə. Nə bir cümlə o yana, nə də bir cümlə bu yana danışar fikrində və fikirlərin mübadiləsi zamanı. Qəlbi müsbət hisslərlə zəngin olan uşaq ürəkli özündən ətrafa daim müsbət enerji saçar və kiməsə mənfi əhval-ruhiyyə ötürməz bu dünyada. Həyatda insan üçün mühüm dəyərlərdən biri olan canın sağlam olması da uşaq ürəklini bu mövzuda həssas etmiş, daim müsbət hadisələrə, hər zaman xoşluqlara köklənən uşaq ürəkli özündən mənfi enerji axınını dayandırar soruşulan “Necəsən?” sualına cavab verərkən mirvari dişlərini təbəssüm etdirərək gözlərindən sevgi dolu enerji ötürərək “Yaxşıyam!”, “Hər şey qaydasındadır”-deyər dərin sevgi və minnətdarlıq hissi ilə. Uşaq ürəkli böyük adam illərin insanı dəyişmədiyinin bariz nümunəsi olduğunu bildirməklə bərabər, həmçinin, insanın öz həyatında təcrübə etməklə davranışların xarakterə gətirib çıxararaq həyatın mənalanması fikrini daha aydın təqdim edir, insan üçün maraqlı qalan nöqtələri aşılayır. Odur ki, həyatınızda olan hər bir insana, baş verən istənilən hadisəyə diqqətlə yanaşaraq uşaq ürəkli böyük adamın timsalında, eləcə də, digər əhvalatlar misalında nümunələri görüb onları həyatın bu və digər sahələrində canlandıraraq uşaq ürəkli böyük adam tək Günəş kimi parlamaq mümkündür. 15.04.24
2016-cı idə bir ay Amerikada (Los-Anceles) oldum. Mənə görə, bizim qadınlarımız da, kişilərimiz də yaraşıqda, gözəllikdə amerikalılardan üstündülər. Onlar dolu bədənli, həddən artıq kökdülər. Səfərimin axırına yaxın böyük bir marketdən çıxanda, dostumdan əvvəl gəlib maşına əyləşdim. Birdən gözüm marketin qarşısında dayanmış cavan, sarışın qadına sataşdı. Çox gözəldi. Dostum maşının qapısını açıb oturarkən dedim: “Nəhayət, Amerikada gözəl bir qadın gördüm”. Soruşdu: “Hanı?” Əlimi uzadıb göstərdim. Dostum tez aşağı düşdü. Gedib həmin qadına nəsə dedi. O da üzünü mənə tərəf çevirib, təbəssümlə baş əydi. Dostumdan soruşdum: “Qadına nə dedin?” Dedi, ona dedim ki, azərbaycanlı qonağım bir aydı Amerikadadı, bir nəfər də gözəl qadın görmədiyini söyləyir. Nəhayət, sizi görüb çox gözəl olduğunuzu etiraf etdi. Qadın da gözəlliyini qiymətləndirdiyinə görə, sənə öz təşəkkürünü bildirdi…
Bezmişəm hay-küydən, qarışıqlıqdan, Ruhumu oxşamır nə axşam, nə dan. Əzaba, möhnətə necə dözsün can? Umudan, küsüdən bıxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Yaşıl zəmiləri qalmasın dənsiz, Zirvələr olmasın dumansız, çənsiz, O meşələr mənsiz, talalar mənsiz, Həsrətlə güləşib, yıxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Dərdim dil-dil ötən simli tavarsa, Qəlbimdə çəkdiyim qəmim avarsa, Burda ürəyimə dəyən nə varsa, Üzünə ötəri baxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Ümiddən qanadlı yelə dönəcəm, Sevgidən sədalı telə dönəcəm, Ümman məhəbbətli selə dönəcəm, Sevən könüllərə axıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Qəzənfər, o yerlər gözdə-qulaqda, Yamanca darıxıb Soyuq bulaq da. Əlimin sığalı qalıb yarpaqda, Arzumu sinəmə sıxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Uşaq yaşlarında düşünmürük, biz, Gün keçir, Ay ötür, illər tələsir. Nağılmış o illər, gənc deyilik biz, Zaman ötüb keçir, zaman tələsir.
Müəllim gələntək, bitər sözümüz, Dikilir müəllimə, bir cüt gözümüz, Tənəffüslərdə yalnız, gülər üzümüz, Kim kimlə yarışır, kimlə bəhsləşir.
Yanardı bucaqda, kömür sobası, Qarışır hər kəsin tarixə başı, Dolaşırdı müəllim, o baş, bu başı, Dərsin bilməyənə hədələr kəsir.
Sevdiyimiz fəndi, cəbr, həndəsə, Cavab vermək üçün girərdik bəhsə, Diqqət yetirərdik, hər yeni dərsə, Bizi qorxutmazdı, nə tənlik, kəsr.
Alırdıq idmandan hər mükafatı, Oğlanlar futbolu, qızlar şahmatı, Bizi dostlaşdırdı, məktəb həyatı, Keçibdir o vaxtdan, ta yarım əsr.
İllər ötüb-keçir, ta qocalmışıq, Sanıram, həyatdan çox öc almışıq, Sevdiyimiz işdə, hey ucalmışıq, Arzu-diləyimiz qalmayıb kəsir.
Sinif yoldaşlarım, bacım-qardaşım, Duyantək dərdliyəm, dardadır başım, Süzülür gözümdən, acı göz yaşım, Əlimdən tutmağa hər an tələsir.
Sizləri tanıyan ilk gündən bəri, Amalın dilinin olduz əzbəri, Sevinc, qəminizdən olsa, xəbəri, Görüşünüzə bil, qəlbi tələsir. Yolunu dənizlər, nə dağlar kəsir.
Aşıq Pəri məclisinin rəhbəri , istedadlı şair Pərvanə Zəngəzurlunu elə əvvəldən çox istəyirdim, indi daha çox istəyirəm. Çünki müharibədən sonra doğulduğum Cəbrayıl bölgəsini coğrafi ərazi kimi Qarabağdan qoparıb Zəngəzura qatdılar və mən də oldum zəngəzurlu, indi həm də Pərvanə xanımla yerli hesab olunuruq. Əlbəttə bu bu bir zarafatdır, amma onu çox istəməyimin əsas səbəbi doğulduğu Qafan rayonunun Acıbacı kəndinə olan sevgimdir, o kənddən üzüyuxarı dırmandıqca dağların zirvəsi bizim yaylaq yerlərimiz idi , alış – verişə də dağlardan atla enib qıjov axan dağ çayının sahili boyu binələnmiş , yaşıllıqlar içində üzən Acıbacıya gələrdik. Kəndin dükançısı da atamın qardaşlığı,dostu idi. Məktəb paltarlarını da bizə atam hər yay bu dükandan alardı. Kostyum, köynək, ayaqqabı , məktəb üçün lazım olan hər şeyi. Əsasən İrəvan istehsalı, bəzən də xarici ölkələrin geyimləri olurdu, deməyim odur ki keyyfiyətinə söz olmazdı. Hər dəfə Pərvanə xanımın şeirlərini, onun Vətən duyğularını oxuduqca o möcüzə dağlar, yayda qar suyundan içib minbir rəngə çalan alyaşıl çəmənlər, əlvan yamaclar yadıma düşür. Pərvanə xanım da o əfsanə dağların, misilsiz gözəlliklərin, dişgöynədən buz bulaqların, zirvələrin heyrət rəmzi şəlalələrin ruhudur- şeiri, sözü ,nəfəsi, saza ürəkdən verdiyi könül çırpıntıları, yurda, torpağa, insana ,varlığa sədaqətilə … Pərvanə xanımın doğum günüdür, istədim bir- iki kəlmə sözlə təbrik edib, ona cansağlığı arzulayım və deyim ki, biz o dağlara yenə qayıdacayıq. Təbrikin ovqatına uyğun olmasa da Söz baxcasından bir şeirini seçdim, narahat dünyamızın ağrılı misraları ürəyimin döyüntülərinə oxşadı, keçə bilmədim..
Dünya
Doğma ana kimi öz qucağını, Açdın neçə qıza,oğula,dünya. Baş açan olmadı nə sirlərin var , Döndün əfsanəyə,nağıla dünya .
Çoxu unudaraq öz vicdanını, Söküb uçurdular kəhkəşanını, Oğul tökəcəkdi ata qanını Söylə, gələrdimi ağıla ,dünya .
Çox cənnət guşəndə bayquş uladı, Namərdlər köksündə ocaq qaladı. Hərə bir tərəfdən soydu,taladı, Sovruldun sağıla-sağıla dünya .
Səndə günah bildi kim çəkdi cəfa , Gah zalım dedilər ,gah da bivəfa . Kimi ac,kimi də sürərək səfa , Aldandı şəkərə ,noğula dünya .
Açıldı güllələr,susdu vicdanlar, Sinəni boyadı çox nahaq qanlar. Pərvanə yalvarır,siz ey insanlar, Amandır ,qoymayın dağıla dünya .
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Şəki şəhərinin bir müddət Nuxa adlanmasının səbəbi yəqin ki, oxucularımız üçün də maraqlıdır. Yunan coğrafiyaçısı Klaudius Ptolemaeus (100-170) qeyd edirdi ki, Alban şəhərlərindən biri də Niqa adlı yaşayış məntəqəsidir.
Məşhur sovet-tatar tarixçisi və filoloqu, Ukrayna Elmlər Ajademiyasının qurucusu Ağatanğel Yefim Qırımlı (1871-1942) isə yazırdı ki, Niqa toponimi sonradan Nuxaya çevrilmişdir.
Nuxa adlı yaşayış məntəqəsi indiki Şəki şəhərinin yerləşdiyi ərazidə, bugün Yuxarıbaş adlanan yerdə yerləşirdi. Əsl Şəki isə bir qədər cənubda idi.
1772-ci ildə güclü sel Şəkini yerlə yeksan etdi. Bu fəlakətdən sonra şəhər əhalisi qərara aldı ki, Kiş çayının dağıdıcı təsirinə məruz qalmayan yerdə məskunlaşsın. Beləliklə, Şəki camaatı Nuxa kəndinə köçdü. Şəki şəhərinin uzun müddət Nuxa adlanmasının səbəbi məhz budur.
Onu da vurğulayaq ki, qədim Şəki və Nuxada yaşayanlar bir elin, bir tayfanın üzvləri idilər.
P.S. Şəkinin 2.700 yaşı var. Şəhəri əhatə edən dağlar isə 11 milyon il əvvəl yaranmışdır.
Şəki ziyalısı Qalib Əsədovun paylaşımında, “Şəki və onun təbabət tarixi” kitabından.