HƏYAT HƏQİQƏTLƏRİ

SÖYLƏ

Xatirələr qəlbimi,
Sızladırdı yenə də.
Siz tərəfə boylandım,
O küçədən keçəndə.

Sən gəzdiyin yerlərdən,
Axtarırdım izini.
Kaş ki, yenə görəydim,
Həsrət çəkən gözünü.

Niyə heç danışmadın,
Sözünü yada salım.
Ürəyim üşüyəndə,
Səsini xatırlayım.

Yanğı ilə baxardın,
Gözündən od çıxardı.
Güllətək baxışları ,
Ürəyimə sıxardın.

Bu dünyaya gəlməyə
Bir az da gecikmişdin.
Yaman hövsələsizəm,
Bəlkə mən tələsmişdim.

Söyləmək istədiyin ,
Sözlərin harda qaldı?
O sözlərin həsrəti,
Ürəyimi yandırdı.

Könlündə olanları ,
Niyə heç söyləmədin.
Əlinə qələm alıb ,
Bir vərəğə tökmədin.

O saralmış vərəqdən
Görərdim gözlərini.
Qəlbimə muncuq kimi,
Düzərdim sözlərini.

Hara qaçır bu illər,
Niyə bilmirəm belə.
Minib köhlən atını,
İllər dönübdür yelə.

İllər tez-tez ötsə də,
Duyğular dəyişmədi.
Gözlərim sevdiyiylə
Bir daha görüşmədi.

UNUTMAQ

Gecələr yuxun qaçar,
Siqaret yandırarsan.
Yanan siqaret deyil,
Özün də alışarsan.

Sevgidən söz açılsa,
Nələr düşər yadına.
Birdən qəfil görərsən
Nə söylərsən qadına.

Zaman geri alınsa,
Ona nələr deyərdin.
Qəlbinin atəşini,
Yanğını söyləyərdin?

Unuda bilmədinmi,
Onun gözəl gözünü.
Uzaqdan eşidilən,
Qırıq-qırıq sözünü?

Sevginin yanğısını,
Kimsəyə söyləməzlər.
Bu dünyada çoxları ,
Sevgi nədir bilməzlər.

Saf sevgi bircə dəfə,
Qəlbinə hakim olar.
Vüsal qismət olmasa,
Könül həsrətdən donar.

Bir-bir xatırlayarsan,
Ötüb keçən günləri.
Hicranla dolu olan,
Yaşadığın illəri.

Nə söyləsən qəlbinə ,
Onu unuda bilmir.
Sevgidən söz düşəndə,
Ürək alışır, dinmir.

Sevə-sevə qocaldın,
O alagöz qadını.
Saçların da ağardı,
Unutmadın adını.

DƏRD

Qəfil göy guruldayır,
İldırım tez-tez çaxır.
Hava yaman qaralıb,
Güclü yağış başlayır.

Bunlara söyləyirik,
Təbiət hadisəsi.
Qəlbimizdə deyirik,
Yaradanın hikməti.

Bir-bir yerə çırpılır,
Damcılar döyəclənir.
Birdən qəlbimə gəlir,
Damcı bəlkə əzilir.

Göyün yeddi qatından,
Düşüb yerə ağlayır.
Torpağa qarışdıqca,
Ağrıları azalır.

Biz bunu eşitmirik,
Bəlkə damcı ağrayır.
Aldığı zərbələrdən ,
İniltiylə zarıyır.

Damcının da dərdi var,
Ayaq altında qalır.
Unutmaqçün hər şeyi,
Göydən yerə atılır.

Bəlkə də damcılar da,
Çətinliyə alışır.
Yox olub getmək üçün,
Selə-suya qarışır.

Damcılar arasında,
Sevgililər də olar.
Ayrılıqdan, həsrətdən,
Onlar yerə çırpılar.

Kim nə bilir bəlkə də,
Onlar burda qovuşur.
Tapıb sevgilərini,
Bir-biriylə danışır.

Bəlkə musiqi çalır,
Kimə isə bayaqdan.
Gözəl nəğmələr deyir,
Pıçıldayır dodaqdan.

Kim nə bilir dərdini,
Bəlkə də fəryad edir.
Alıb son nəfəsini,
O da, dünyadan gedir.

DÜNYA

Dünya beşgünlükdür, deyib dururuq,
Bəs bir-birimizi niyə qırırıq?
Əsəblər gərilir,əsəblər tarım,
Ömürlər yarımçıq, ömürlər yarım.

Birinin dərdi var, söyləyə bilmir,
Bir əlac tapanmır,onunçün dinmir.
Beşgünlük dünyada qəlbi oxşayaq,
Sınıq könülləri daha qırmayaq.

İllər tez-tez keçir,bənzəyir yelə,
Pis sözlə dəyməyək könüldə telə.
Xoş sözlər ürəyi işıqlandırar,
Qəlbi qırıqlarda ümid yaradar.

Nə var ki, söz deyib ,könül qırmağa,
Sevinən bir qəlbi qırıb atmağa.
Xoş sözlər söyləyib, qəlbi oxşadaq,
Sınıq könüllərə biz məlhəm olaq.

Dünya beşgünlükdür, sınıq getməyək,
Sızlayan qəlbləri viran etməyək.
Ruhumuz dincəlsin rahat uyusun,
Bir parça dil ilə zəhər tökməyək.

VƏTƏN

Vətən hardan başlayır,
İnsanın öz evindən.
Vətən sevgisi başlar,
Körpənin beşiyindən.

Dil açanda deyirik,
Biz ana kəlməsini.
Qoxlayırıq ürəkdən ,
Vətənin nəfəsini.

Söylənən hər laylalar,
Yaddaşımızda qalar.
Qoşmalar , bayatılar,
Ürəyimizə dolar.

Bənzəməz ayrı yerə,
Başqadır mənim elim.
Saysız dillər olsa da,
Şirindir mənim dilim.

Vətənə məhəbbəti,
Beşikdə öyrənirik.
Ana ilə Vətəni,
Yan-yana söyləyirik.

Vətən hardan başlayır,
Açılan hır qapıdan.
Gəzib dolaşdığımız,
Hər tindən,hər doqqazdan.

OYUN

Şahmatı tək oynamaqla,
Önündə aciz qalmışam.
Sağda mən qalıb olsam da,
Sol tərəfdə uduzmuşam.

Sən olmasan sol yanımda,
Suallar da mənasızdı.
Cavabı mən neynirəm ki,
O cavablar ünvansızdı.

Özüm sorub cavab verdim,
Öz-özümü mən mat etdim.
Təkbaşına mən oynadım,
Təkbaşına gediş etdim.

Qalib kimdi,məğlub kimdi,
Onu necə təyin edim.
Hər ikisi mən idimsə.
Kimə mən üstünlük verim?

Mükafatda deyil söhbət,
Söhbət qürura aiddir.
Sağ yanım dik dura bilir,
Sol tərəfim qəddin əyir.

Şahmatda tək oynamasaz,
Qalib və məğlub olmazsız.
İki hissi yaşasanız,
Qəlbdə sevinci dadmazsız.

Qalib,ya da məğlub olmaq,
İmkansızdı tək oynasaz.
Dərin duyğu yaşayarsız,
İkisindən biri olsaz.

İnsan özü mürəkkəbdir,
İçində bir dünya yatır,
O meşədə azmasa da,
Daxilində itib-batır.

Özünü təqsirli bilir,
Özü ilə hey çəkişir,
Gah özünə vəkil olur,
Gah hakimtək cəza kəsir.

Təlatümün içindədi,
Hər cür yollarla gedəcək.
Ya özünü tanıdacaq,
Ya özünü məhv edəcək.

Qərarlarına bağlıdır,
Sonu əməl göstərəcək.
Ya ömürlük xatırlanıb,
Ya əbədi silinəcək.

Yaddaşlarda daim qalıb,
Ömür boyu xatırlanaq.
Yaxşı əməl sahibitək,
Savablarla yadda qalaq.

Könül qırıb,iş pozmayaq,
Yaxşıları pis yozmayaq,
Heç vaxt yolları azmayıb ,
Kələflərin ucunu tapaq.

MƏN

Bunu sənə dedilərmi,
Səndən sonra necəyəm mən?
Həmin vaxtdan yol gəlsəm də,
Fəqət qoyduğun yerdəyəm.

Sədaqətə and içdiyim,
Yolunda candan keçdiyim
Ömrümü qurban etdiyim.
Heç bilmədin necəyəm mən.

İllər sutək axıb getdi,
Yaş da artdı,vədə yetdi,
Qara saçlar gözdən itdi,
Heç bilmədin necəyəm mən.

Bəlkə xəbər almamısan,
Məni yada salmamısan.
Fərqinə də varmamısan,
Harda qaldım,necəyəm mən.

Günlər hədər keçib gedir,
Həsrət artır, ömür bitir,
Öz çəkdiyim mənə yetir.
Heç bilmədin necəyəm mən.

Gəlib çıxmır başı bəlalım,
Ömrümə sirdaş bəlalım,
Zaman çətin,oysa zalım,
Gəlib görmür necəyəm mən.

Hər gün səni arzuladım,
Dua edib, namaz qıldım.
Sübh azanda uğurladım.
Dönüb görmədin necəyəm.

O gəlişə qurban dedim,
Səbr eləyib yol gözlədim.
Hamı gözləmə desə də,
Mən səni lap çox gözlədim.

Qayıtmağın güman oldu,
Dönmən xeyli zaman aldı.
Gözləməkdən göz saraldı,
Amma yenə səbr etdim mən.

CAVAB

Qəlbimdə flrtına,qasırğa qopur,
Yanımda adını çəkən olanda.
Hər şey sıfırlanıb maraqsız olur,
Kimlərsə adını xatırladanda.

Nəfəsim kəsilib,gözüm qaralır,
Yanımda hər kəsi unuduram mən.
O an kimliyim də yadımdan çıxır,
Gözlərim önündə durursan həmən.

Yenə baxışların yandırır-yaxır,
Hara baxıramsa səni görürəm.
Gedəcəyim ünvan yadımdan çıxır,
Hara üz tutacam onu bilmirəm.

Nə yaddan çıxarmır,nə unutmuram,
Harada olsam da fikrimdə sənsən.
Nə gəlib çıxmırsan,nə ovunmuram,
Əminəm,qismətsə səni görəcəm.

Dəyişdi qərarım,söndü duyğular,
İndi qəlbim küsüb yol gözlədikcə.
Öz sevgim özümün gözündən düşüb,
Gördünmü,gəlmədi,unut!-dedikcə.

Bir dəli həsrətlə sevmə sən məni,
Unut mənə qarşı hisslərini də.
Nə məni arzula,nə xəyal elə,
Qarşılaşsaq çək məndən gözlərini də.

Bezdim həsrətindən,doydum əzabdan,
Yoruldum yoluna gizli baxmaqdan.
Qəlbdəki suala cavab tapmıram.
Bezdim özümdən də söz soruşmaqdan…

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir yazır

Dünənə söykənən adam

Qoca çəliklərinə söykənib yorğun-yorğun yeriyirdi. Daha doğrusu qaranlığı yara-yara, küçəni döyə-döyə, divarlara ilişə -ilişə sürünürdü kölgəsinin arxasınca . Beli əyilmişdi, uzaqdan donqarı adamın gözünə girirdi. Arıq vücudunda bir çimdik ət tapmazdın. Çəlik ayaqları hərdən sözünə baxmırdı. Səndirləyirdi. O vaxt daha çox tutunurdu çomağa. Hiss olunurdu ki, kimsəsizdi. Yıxılıb əzilməkdən qorxurdu. Ayaqqabıları da , əynindəki sırıqlısı da çox köhnəydi. Şalvarının qırışlarından , söküyündən görünürdü ki, əyni çoxdandı təzə paltar görmür. Yeridikcə küçə projektorlarının işığı üzünə vururdu, gözünə düşürdü. Hələ gecədən keçməmişdi deyə adamlar küçədən yığışmamışdı. İki -bir, üç -bir yanından gəlib keçirdilər. Hiss edirdi ki, heç kimin vecinə deyil, heç kim onu görmür , hamı öz aləmindədi. Bunu etinasız və soyuq baxışlardan duya bilirdi. Hərdən yanından tələsik keçən insanların yeli vururdu qocanı. Az qalırdı yıxılsın. Tez çəliyinə tutunurdu. Evinə(buna ev demək olarsa) az qalırdı. Küçənin tinindəki binanın zirzəmisində sığınacaq vermişdilər ona. Rütubətin, kifin iyindən baş çatlayırdı. Onsuz da gücdən düşən ayaqları bir az da burda çürüyüb gedirdi. Başındakı idman papağı da yeni deyildi. Görünür o da kiminsə köhnəsi idi. Çünki başına güclə sığmışdı. Pırtlaşıq ağ saçları papaqdan çölə çıxmışdı. Hərdən kölgəsi özündən qabağa keçirdi, hərdən arxada qalırdı. Hərdən də itib batırdı gecənin qaranlığında. Çox yorulanda divara söykənirdi. Hiss olunurdu ki, özündən utanır. Görkəmindən, paltarından, çəliyindən -hər şeydən. Əti tökülmüş üzündə qırışdan yer yox idi. Küçə itləri, pişikləri də yanından etinasız keçirdilər. Kimə və nəyə lazım idi axı bu qoca? Bəlkə də lazımsız olduğunu bu gecəki qədər hiss etməmişdi. Özünə yazığı da gəlmirdi nədənsə. Duruşundan, üzünün ifadəsindən hiss olunurdu ki, yorulub və bu yorğunluğun içində böyük peşmançılıq da vardı. Nəyin peşmançılığın çəkirdi qoca? Bunu bir özü bilirdi, bir də Tanrısı. Hərdən dodağının altında nəsə pıçıldayırdı. Dua edirdi bəlkə. Tanrıdan tezliklə canını almasını istəyirdi ya da. Hər halda nəsə deyirdi. Heç kim eşitməsə də Tanrı eşidirdi axı. Küçənin bu tinindən o biri ucunacan olan yol o qədər uzun gəlirdi ki, qocaya. Az qalırdı çəliklərini tullayıb bardaş qurub otursun elə səkinin ortasındaca. Özünə gücü çatmırdı. Çəlik güclə sürüyürdü qocanı sanki. Töyşüyürdü. Qınayan olmasaydı elə burdaca uzanıb yatardı. ..
Birdən yanından keçən iki orta yaşlı kişinin dayanıb arxadan ona baxdıqlarını hiss etdi . Durdu. Adını çəkirdilər. Əvvəlcə yanıldığını zənn etdi. Sonra təkrar -təkrar adını eşitdikcə yüz faiz inandı ki, ondan danışırlar.
–Əşrəfdi , vallah Əşrəfdi. Gözlərindən tanıdım.
–Bəlkə sadəcə bənzətmisən. Axı bu adam çox qocadı. Bizim Əşrəfinsə hələ 60 yaşı ancaq olar. Düzdü bir az gec getmişdi məktəbə. Amma uzaqbaşı bizdən 2 yaş böyük olardı. Məktəb yoldaşı olmuşuq axı. Yaxşı bilirəm onun yaşını. Bu kişininsə ən az 80 yaşı olar. Yox e , inanmıram nədənsə.
–Odu, vallah odu. İstəyirsən qayıdım özündən soruşum.
-Yox, ayıbdı.Vallah mən oxşatmadım.
–Odu , odu. Bir vaxtlar narkotik alveriylə məşğul idi. Özü də istifadə edirdi. Neçə dəfə tutub basmışdılar türməyə. Bir az yatandan sonra nə yollasa çıxırdı ordan. Sonra yenə başlayırdı köhnə peşəsinə. Məhlədən daşınandan sonra daha ondan heç bir xəbər olmadı.
–Adam adama bənzəyər də.Mən bənzətmədim.
— Vallah odu. Gözlərindən tanıdım. Yamyaşıl , diri gözləri vardı. Yadında? İndi qıyılıb yazıq. Amma baxışları elə əvvəlkidi.
–Deyirsən qayıdıb dəqiqləşdirək?
–Hə.
Qoca anladı ki, bu adamlar ondan əl çəkməyəcək. Qaçıb canını qurtarmalıydı . Onlarla üz-üzə gəlmək istəmirdi. Çəliyinə bir az da möhkəm söykənib addımlarını yeyinlətdi. Üzləşmək istəmirdi keçmişiylə. Birdən həqiqətən onu tanıyan adamlardı, onda necə olacaq? Utanıb yerə girərdi onda. İndiki halından, çəliyindən utanardı. Bəlkə də ömründə bu qədər həyəcanlanmamışdı. Ürəyi boğazında döyünürdü. İstilik basmışdı onu. Mümkün qədər tez uzaqlaşmaq istəyirdi ordan. Addımlarını( buna addım demək olarsa) bir az da yeyinlətdi. Gözü ayağının altını görmürdü. Bircə burdan, bu adamlardan uzaqlaşmaq istəyirdi , vəssalam. Birdən hiss etdi ki, onlar da arxasınca gəlir. Səsləri lap yaxınlıqda eşidilirdi–
“Niyə əl çəkmirsiz axı məndən. Rədd olub gedin də öz yolunuzla. Axı nə istəyirsiz məndən? Guya sizin Əşrəf olsam nə dəyişəcək axı?. Adı batsın Əşrəfin “
Nə fikirləşdisə qəflətən arxaya döndü və var gücü ilə “Gəlməyin arxamca, uzaq durun məndən”-deyib bağırmağa başladı.
Bağırdıqca qeyri-ixtiyari çəliklərini yerə döyürdü . Sanki bütün dünyanı bu çəliyi ilə qorxutmaq istəyirdi. İndi yeganə dostu və cangüdəni bu çəlik idi axı. Həyatı bu çəlikdən asılmışdı bu dəqiqə. Adamlar kişinin bir addımlığında dayanıb təəccüblə ona baxırdılar. Yaxınlaşmağa cürət etmirdilər. Üzlərindən narahatlıq və peşmanlıq tökülürdü. Nəhayət ki, kişilərdən biri özündə cəsarət tapdı, irəli gəlib qocanın çəliyindən yapışmaq istədi. Qoca çəliyini bərk-bərk yerə döydü. Hiss etdi ki, güclənib. Ayaqları da sözünə baxırdı deyəsən, dirçəlmişdi sanki. Qaməti dikəlmişdi. Heç elə bil bayaqkı yorğun qoca deyildi. Unutmuşdu küçəni . Kimlərinsə onu eşidəcəyindən də qətiyyən çəkinmirdi. Dünya vecinə deyildi bu anlarda. Çəliyi ilə havanı ölçə -ölçə səsinin yoğun yerinə salıb bağırırdı:
–Nə istəyirsiz məndən? Nə vermisiz ala bilmirsiz? Niyə rahat buraxmırsız? Mən sizi tanımıram. Tanımıram mən sizi.
Kişilərdən biri o birinə sarı dönüb az qala pıçıltıyla :
–Gördün? Dedim axı Əşrəfdi-dedi.
–Həə. Narkoman Əşrəf.
Qoca adının qabağına qoşulmuş ayamanı eşidib bir az da hiddətləndi və daha da möhkəm bağırmağa başladı:
Narkoman deyiləm mən. Əşrəfəm, Əşrəf. Sizinlə nə vaxtsa dost oıduğumu da xatırlamıram. Məni heç biriniz yaxın qoymurduz özünüzə. Bilirsiz niyə? Çünki paxıllığımı çəkirdiz. Qızlar sizə yox, mənə baxırdılar deyə. Ona görə ki, çox kifir idiz. Əlinizdən heç nə gəlmirdi. Qorxaqdız. Tək gəzə bilmirdiz. Amma mən yaraşıqlıydım, heç nədən qorxmurdum, güçlüydüm. Ona görə də tənhaydım. Evdə də, çöldə də.. Heç bilirsiz tənhalıq necə hissdi? Bilməzsiz əlbəttə. Siz ki, tənhalığın nə olduğunu heç vaxt hiss etməmisiz. Atanız, ananız, dostlarınız bu hissi yaşatmayıblar sizə. İndi mənim bu halıma baxıb sevinirsiz hə? Nə istəyirsiz məndən? Cəhənnəm olun. Eşidirsiz? Əl çəkin !
Birdən qoca yuxudan ayıldı sanki. Heç kim yox idi qarşısında. Sən demə bayaqdan öz-özünə bağırırmış. Əvvəlcə dəli olduğunu zənn etdi. Gözlərini yumub açdı. Bəlkə yuxu görürdü? Yox,yuxu deyildi axı. O adamlar beş dəqiqə öncə burdaydılar, onun bir addımlığında dayanmışdılar. Adını da çəkmişdilər , adının qabağındakı ayamanı da.. Hövlnak ətrafa baxdı. Heç kim yox idi. Uzaqdan küçə itlərinin səsi gəlirdi. Birdən yanından arıq, çəlimsiz bir pişik keçdi. Ağzı,burnu qanlıydı. Görünür ovuna nəsə düşmüşdü. Qarnı tox idi yəni. Qoca hiss etdi ki, acdı.Səhərdən heç nə yeməmişdi. Ürəyi bulanırdı. Ağzı sarımsaq qoxuyurdu. Amma gözü ətrafda idi. Bayaqkı adamları axtarırdı. “Hara yoxa çıxdılar axı?.Yox , dəli zad olmamışam. İndicə burdaydılar.” Başı fırlanırdı, nəfəsi təngiyirdi. Hiss edirdi ki, ayaqları yerə dəymir. Çəlik qarışıq havada uçurdu. Kimsə adını çəkirdi:
–Əşrəf, Əşrəf…
“Bircə evimə çatsaydım”

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bakı kitab sərgisində Vaqif Sultanlının oxucularla görüşü və imza saatı olacaq

Dəyərli oxucular!
20 dekabr, Saat 13:00-da Bakı İdman Sarayında (Keçmiş Əl oyunları sarayı) keçiriləcək Bakı kitab sərgisində Vaqif Sultanlının oxucularla görüşü və imza saatı olacaq.
Yazıçı ilə görüşmək üçün “Kritika” Nəşriyyatının stendinə yaxınlaşa bilərsiniz.
Əlaqə telefonu: 055 430 89 71


VAQİF SULTANLININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cahangir Namazov Zaur Ustac haqqında yazır

MİLLİ DƏYƏRLƏRİ QORUYAN ŞAİR

Zaur Ustac, çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan bir şair, yazıçı və publisistdir. 1975-ci ildə Bakı şəhərində doğulmuş olan Zaur Ustac, 1988-ci ildən başlayaraq mətbuatda fəaliyyət göstərir və 40-dan artıq kitabın müəllifi kimi ədəbiyyat dünyasında geniş tanınır.
Onun yaradıcılığı, həm milli ruhu, həm də müasir dövrün sosial və siyasi məsələlərini dərindən təsvir edən, oxucularını həm düşündürən, həm də dərindən hiss etdirən bir keyfiyyətə malikdir.
Z. Ustacın şeirlərindəki milli məzmun, vətənpərvərlik və tarixə dair dərindən düşüncələr, onu müasir Azərbaycan poeziyasının aparıcı simalarından birinə çevirib.
Onun şeirlərindəki əsas mövzu Azərbaycan xalqının milli kimliyi, tarixi və torpaq sevgisi ilə bağlıdır.
Bu xüsusiyyətləri ən çox “Bayraq, Bizim Bayrağımız”, “Araz”, “Sevin, a Təbriz!” və “Ana Dilim” kimi şeirlərində müşahidə etmək mümkündür.
Bu şeirlərdə yazar, milli mübarizə və vətənpərvərlik mövzularını bədii şəkildə işləyir.

“Bayraq, Bizim Bayrağımız”

Bu şeir, millətin vətənə, torpağa olan bağlılığını və hər bir kəsin öz kimliyini qorumağa olan vəzifəsini ön plana çıxarır.
Z. Ustacın “Bayraq, Bizim Bayrağımız” şeirində, Azərbaycan bayrağı və onun dalğalanması milli mübarizənin simvolu kimi təqdim edilir.

“Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!”

misraları, Azərbaycanın hər iki tərəfinə olan məhəbbəti və həmçinin, Araz çayının sərhəd kimi təcəssüm etdirilməsi millətə aidiyyət hissinin güclü təzahürüdür. Şeirin hər bir misrasında torpaq və bayraq, bir millətin birlik və bütünlüyünün əks-sədası kimi vurğulanır. Ustac burada həm də Azərbaycan xalqının coğrafi sərhədlərindən asılı olmayaraq, vətən sevgisini göstərməkdədir.
“Araz”şeiri isə milli kədər və həmrəylik mövzusunu işləmiş bir əsərdir.
Zaur bəy bu şeirində Araz çayını bir simvol kimi istifadə edərək, onun iki sahilindəki Azərbaycan torpaqlarının kədərini, ayrılığını və birliyini dilə gətirir.

“Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!”

misrası ilə, həm Qərbi Azərbaycan (Güney Azərbaycan) həm də Şimali Azərbaycanla bağlı yaranmış ayrı-seçkiliyi və torpağın bölünməsinin acı təsirlərini hiss etdirir.
Arazın suyu, bu dualı torpaqlara məlhəm kimi təsvir olunur; bu, həm də xalqın bölünmüşlük və acı çəkən məqamda birləşmə arzusunu göstərir.
Şeirdəki “Yaralı torpağa məlhəmdir Araz!” misrası, həm də tarixən yaralanmış və mənəvi baxımdan sarsılmış bir xalqın təmizlənməsinə olan ehtiyacı işarə edir.
“Sevin, a Təbriz!” şeirində isə, Azərbaycanın güneyindəki Təbriz şəhərinə olan mənəvi bağlılığı ifadə edir.
Bu şəhər, Azərbaycan xalqının qədim mədəniyyətinin, dilinin və tarixinin mərkəzlərindən biri olmuşdur.
Şeir, Təbrizə olan sevgini və burada yaşanan ayrı-seçkilikləri əks etdirir. Ustac burada həm də bir çağırış edir, bu dəfə biryolluq bitəcək olan ayrılıqlara,
“Nə güzəşt olacaq, nə də ki, aman!” – deyərək, milli birliyin vacibliyini vurğulayır.
Bu şeir, həm də müasir dövrdə yaşanan sosial və siyasi məsələlərə diqqət çəkir, ayrılığın artıq dayandırılmasının zəruriliyini göstərir.
Təbrizdəki vəziyyətin təsvirində, Ustac öz xalqının birliyinin və gələcəkdəki arzularının ifadəsini tapır.
Zaur Ustacın “Ana Dilim” şeiri, milli kimlik və dilin qorunmasının əhəmiyyətini vurğulayan bir digər əsəridir.
Bu şeirdə dil, yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqın kimliyinin qorunması üçün vacib bir amil kimi təqdim edilir.

“Bu dil, Tomrisin dilidir;
Layla deyib, Hökm verib…”

misralarında isə Ustac, Azərbaycan dilinin tarix boyu bu xalqın mədəniyyətini və irsini qoruyub saxladığını, xalqın dədə-baba söhbətlərini və qədim ənənələrini yaşatdığını qeyd edir.
Ana dili, şairin baxış açısına görə, sadəcə bir vasitə deyil, həm də millətin sərhədini müəyyən edən bir “sərhəd” və “tabu”dur.
Zaur Ustacın yaradıcılığı, müasir Azərbaycan ədəbiyyatında yalnız bir şairin poeziyasından daha çoxunu təqdim edir.
Onun əsərlərindəki milli məzmun, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və dilinin qorunması mövzusunda ciddi bir elmi yanaşma da mövcuddur.
Ustacın şeirlərində, xüsusilə “Araz”, “Bayraq, Bizim Bayrağımız” və “Ana Dilim” kimi əsərlərində göstərilən milli hissiyat, Azərbaycan ədəbiyyatında ənənəvi olaraq davam etdirilən vətənpərvərlik mövzusunun müasir dövrdə də necə əhəmiyyətini qoruduğunu göstərir.
Z. Ustacın yaradıcılığı həm də onun bu günkü Azərbaycan cəmiyyətinin mənəvi ehtiyaclarına cavab verən bir nümunədir.
Onun şeirləri, xalqa öz tarixi kimliyini, köklərini və xalqın bütün bölgələrində yaşayan insanlarını birləşdirən güclü bir mesaj verir. Ustacın əsərlərindəki yüksək vətəndaşlıq mövqeyi, oxucuları təkcə estetik baxımdan deyil, həm də sosial, mədəni və tarixi mənada dərindən düşündürür.
Bir çox digər çağdaş şairlərdən fərqli olaraq, müəllif həm müasir, həm də ənənəvi Azərbaycan ədəbiyyatını birləşdirərək, hər iki cərəyanın ən güclü tərəflərini özündə birləşdirir. Onun yaradıcılığı həm də milli dəyərləri yaşatmaqla bərabər, zamanın tələblərinə uyğun şəkildə bədii ədəbiyyatın sərhədlərini genişləndirir.
Zaur Ustac, Azərbaycan poeziyasına özünəməxsus bir təsir göstərmiş, şeirləri ilə oxuculara milli birlik və mübarizə, dil və mədəniyyətin qorunması mövzusunda güclü mesajlar göndərmişdir.
Onun əsərlərindəki dərindən düşünülmüş milli məzmun, Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfədir. Onun şeirlərindəki təhlil edilən mövzular, həm müasir Azərbaycan cəmiyyətinin ehtiyaclarına uyğun gəlir, həm də tarix boyu formalaşmış Azərbaycan ruhunu yaşadır. 
Zaur Ustacın poeziyasını oxumaq, yalnız bir şairi deyil, həm də bir xalqın tarixini, milli kimliyini və mübarizəsini anlamanıza kömək edir.
Zaur Ustaca həm yaradıcılığında, həm də həyatında böyük uğurlar arzulayıram!
Onun poeziyası, həm milli dəyərləri qorumağa, həm də yeni nəsillərə ilham verməyə davam etsin.

Cahangir NAMAZOV,
Dünya Talantları Beynəlxalq Birliyi üzvü,
Abay medalı, Beynəlxalq Usmon Nosir xatirə nişanı sahibi,
“Bütöv Azərbaycan” qəzetinin Özbəkistan üzrə təmsilçisi.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MİFOLOGİYADAN PSİXOLOGİYAYA: “UZUN XAŞ-XAŞ SİNDROMU VƏ “KÖLGƏ” ARXETİPİ

MİFOLOGİYADAN PSİXOLOGİYAYA: “UZUN XAŞ-XAŞ SİNDROMU VƏ “KÖLGƏ” ARXETİPİ

“Uzun xaş-xaş sindromu” psixologiya və mədəniyyət sahələrində istifadə edilən bir anlayışdır, fərdlərin, qrupların uğur qazandıqlarına görə tənqid və ya qısqanclıq obyektinə çevrilməsini təsvir edir. Bu anlayış mifologiya və psixologiya arasında maraqlı bir əlaqə yaradır, çünki kökləri qədim mifoloji və tarixi süjetlərə gedib çıxır. “Uzun xaş-xaş” sindromu və “kölgə” arxetipi arasındakı əlaqə mifologiya və psixologiyada insan təbiətinin daha dərindən anlaşılması üçün maraqlı bir perspektiv təqdim edir. Bu iki konsept həm fərdi, həm də sosial davranışlarda gizli olan daxili gərginlikləri və kollektiv dinamikaları əks etdirir. Bu iki konsept arasında birbaşa əlaqə mövcuddur, çünki hər ikisi fərdin və ya cəmiyyətin basdırılmış və ya qəbul edilməmiş tərəflərindən qaynaqlanır.Uğur qazanmış fərdlər də öz daxili kölgələri ilə qarşılaşa bilər. Uğur onların öz qorxularını, güvənsizliklərini və ya cəmiyyət tərəfindən rədd edilmək qorxusunu üzə çıxarır. Özünü gerçəkləşdirmək istəyən şəxs daxili kölgəsini qəbul etməli və cəmiyyətin təzyiqinə qarşı dayanmalıdır. “Uzun xaş-xaş sindromu”nda cəmiyyət fərqlənən şəxslərə qarşı qısqanclıq və neqativ emosiyalar bəsləyir. Bu emosiyalar çox vaxt fərdin öz kölgəsini başqalarına proyeksiya etməsindən qaynaqlanır. Yunq nəzəriyyəsinə əsasən, insanlar qəbul etmək istəmədikləri hisslərini başqalarına yansıtdıqda konflikt yaranır.
İfadəsinin mənşəyi qədim Roma tarixçisi Livinin bir hekayəsinə əsaslanır. Livinin yazdığına görə, Roma kralı Tarquinius Superbus öz elçisinə şəhər rəhbərlərini necə idarə etməli olduğunu göstərmək üçün xaş-xaş çiçəklərinin ən hündürlərini kəsərək nümunə göstərmişdi. Bu hərəkət, ən görkəmli fərdlərin rəqabətə mane olmaları və ya cəmiyyətin birliyini pozmamaları üçün təzyiq edilməsinin simvolu idi. Mifoloji olaraq, bu süjet “həddindən artıq yüksələnlərin məhv edilməsi” fikri ilə əlaqələndirilir. Yunan mifologiyasında bu anlayışa oxşar süjetlər var, məsələn, İkarus mifində İkarusun günəşə çox yaxın uçması və nəticədə məhv olması. Burada əsas mesaj “təvazökar qalmaq” və “çox yüksəlməmək” barədə xəbərdarlıqdır. Mifologiya bu sindromun köklərini və kollektiv insan təcrübəsini əks etdirən hekayələr təqdim edirsə, psixologiya isə bu davranışın fərdi və sosial səviyyədə təsirlərini araşdırır. Bu anlayış, həm fərdi inkişafın qarşısındakı maneələri, həm də cəmiyyətin fərqlənən fərdlərə qarşı münasibətini daha yaxşı anlamağa kömək olur. Psixologiyada “uzun xaş-xaş sindromu” insan davranışlarının, xüsusən də uğur qazanmış insanlara qarşı qısqanclığın və ya təzyiqin sosial və emosional aspektlərini araşdırır. Sindromun bəzi əsas xüsusiyyətləri bunlardır:

  1. Uğurun qəbul olunmaması: Uğurlu insanların nailiyyətləri başqaları tərəfindən bəyənilməkdən çox, təndiq və ya rəqabət obyekti olur.
  2. Sosial normativlərə uyğunlaşma: Bu sindrom, cəmiyyətin fərdləri müəyyən sosial və ya mədəni çərçivələrə uyğunlaşdırmaq istədiyi hallarda güclənir. “Fərqlənmə” cəmiyyətdə mənfi bir şey kimi görünə bilər.
  3. Qısqanclıq və neqativ emosiyalar: Bu sindrom, qısqanclıq, rəqabət və başqalarının uğurunu dəyərsizləşdirmək kimi hisslərlə əlaqəlidir.
  4. Duygusal təzyiq və özgüvənə təsir: Uğurlu insanlar bu sindroma məruz qaldıqda, onların özünə inamı zəifləyə bilər və ya cəmiyyətdən təcrid olunmuş hiss edə bilərlər. “Uzun xaş-xaş sindromu” xüsusilə kollektivist cəmiyyətlərdə daha çox rast gəlinir, çünki bu cəmiyyətlərdə fərdi nailiyyətlərdən çox qrupun harmoniyası önəmlidir. Məsələn: Azərbaycan kimi kollektivist cəmiyyətlərdə, fərqlənmək bəzən “özünü göstərmək” və ya “cəmiyyətdən üstün olmaq” kimi qavranılır. Bu, yüksək uğurlara çatmış insanların tənqid və təzyiqlərə məruz qalmasına səbəb ola bilər. Qərb cəmiyyətlərində isə fərdi uğurlar çox vaxt təşviq edilsə də, bəzi hallarda bu sindromun izlərinə rast gəlinir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Xəzan” jurnalı redaksiya heyətinin üzvü FÜZULİ BARATOV vəfat edib

Bu gün çöx üzücü bir xəbər yayıldı. “Xəzan” jurnalı redaksiya heyətinin üzvü FÜZULİ BARATOV qəfildən vəfat etmişdir. Sağlamlığından heç bir şikayəti yox idi. Normal həyat tərzi keçirirdi. Mütəmadi əlaqə saxlayırdıq. Təkcə öz yaradıcılığının deyil, Xaçmaz və Quba rayonlarında yaşayan şair və yazıçıların əsərlərinin çapı, yayılması üçün narahatçılıq keçirirdi. Əlindən gələn köməyi həmyerlilərindən əsirgəməzdi.
Daha çox araşdırmaçı (tədqiqatçı) kimi tanınırdı. Yüz faiz dəqiqləşdirmədiyi, düzgünlüyünə əmin olmadığı faktı yazmazdı.

Füzuli Məlikməmməd oğlu Baratov 1957-ci il mayın 16-da Xaçmaz rayonunun Nərəcan kəndində müəllim ailəsində anadan olub.
1974-cü ildə Nərəcan kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis, Alman dilləri fakültəsinə daxil olub.
1976 – 1978-ci illərdə institutdakı təhsildən ayrılmamaqla jurnalistika kursunda oxuyub.
1977 – 1979-cu illərdə təhsildən ayrılmamaqla foto-kino kurslarında dinləyici olub. 1978-ci ildə Moskvada İttifaq səviyyəsində keçirilən foto-kino operatorluğu müsabiqəsində 45 nəfər iştirakçı arasında I yeri tutub. 15 müttəfiq respublikadan gəlib diplom və pul mükafatları alan 5 nəfər arasında da I yerə layiq görülüb.
1979-cu ildən 2013-cü ilə kimi Quba və Xaçmaz rayonlarının kəndlərində ingilis dili müəllimi işləyib.
1975-ci ildən rayon, respublika və İttifaq qəzetlərində foto və məqalələrlə çıxış edib.
2013-cü ildən müstəqil jurnalist kimi fəaliyyət göstərir.
2016-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
68 elmi məqaləsi M.F. Axundov adına mərkəzi kitabxananın fonduna daxil edilib.
Yüzdən çox elmi məqaləsi respublikanın müxtəlif qəzetlərində dərc olunub.
Tarixi tədqiqatlar, arxiv araşdırmaları apardıqdan sonra yazdığı “Mir Cəfər – İgid Rəhbər” və “Xaçmaz tarixi faktlarla” kitabları nəşrə hazırdır.
16 may 2022-ci ildən təqaüdə çıxsa da tarixi, elmi yazıları üzərindəki fəaliyyətini davam etdirir.

Füzuli Baratovun ölümündən kədərlənir, dərin hüznlə ailəsinə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Əli bəy Azəri, Ramiz İsmayıl, Şahməmməd Dağlaroğlu, AY Bəniz Əliyar, Xaliq Azadi, İbrahim Yusifoğlu, Arzu Heydərova, Məhəmməd Əli, Rəşid Bərgüşadlı, Damət Salmanoğlu, Hafiz Əlimərdanlı, Ayaz İmranoğlu, Təranə Dəmir, Ələsgər Talıboğlu, Zaur Ustac, Əyyub Türkay və başqaları.

Redaksiya heyəti

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ŞƏRQ MƏDƏNİYYƏTİ MƏNİ HƏMİŞƏ ÖZÜNƏ CƏLB EDİR.”

“ŞƏRQ MƏDƏNİYYƏTİ MƏNİ HƏMİŞƏ ÖZÜNƏ CƏLB EDİR.”

“YAZARLAR” jurnalın əziz oxucuları!
Bugünkü qonağımız — tanınmış
italyan şairəsi, yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi və jurnalist, geniş spektrli yaradıcı,
bir çox ədəbiyyat mükafatları laureatı, mənəviyyat və ədəbiyyat təbliğatçısı,
Elisa Mascia.
Söhbətimiz ədəbiyyat, yaradıcılıq, poeziya oxu mədəniyyəti, şəxsi baxışlar, yaradıcılıq və həyat yolları barədə oldu.

— Ədəbiyyat və şe’riyətə marağınız nə vaxt başlayıb? Yaradıcı olmağınıza əsasən sizi istiqamətləndirən amillər hansılardır?
—Mənim ədəbiyyata marağım uşaqlıqdan başlayıb, ibtidai məktəb illərindən oxumağa, yazmağa, eyni zamanda şeirlər oxumağa xüsusi marağım olub.
Həmişə yaradıcı yazı və oxumağı inkişaf etdirməyə çalışmışam. Mənim üçün yaradıcı olmaq yalnız ədəbiyyat və sənətlə bağlı deyil, həm də əl işləri – tikiş, toxuculuq, kimi əl sənətləri ilə əlaqədardır.
—İtaliyadakı ədəbiyyat mühitini necə qiymətləndirirsiniz? Orada yaradıcılar üçün hansı imkanlar mövcuddur?
İtaliya haqqında “şairlər, əvliyalar və səyyahlar ölkəsi” ifadəsi məşhurdur. Lakin bu məşhur deyimə baxmayaraq, mənim fikrimcə, şair olmaq üçün yalnız düşüncələri yazmaq kifayət deyil.
İlham və şe’ri üslubdan əlavə, xüsusilə fel və yazı qaydalarına riayət etmək lazımdır.
Ən vacib isə oxumaqdır, çünki yalnız oxuyaraq zəngin söz ehtiyatına sahib olmaq mümkündür.
Bu isə yalnız uşaqlıqdan başlayaraq davamlı təhsil və məşq yolu ilə olur. İmkanlar, şəxsi davamlı zəhmət və həmkarlarla, mədəniyyət təşkilatlarında ideya mübadiləsi ilə bağlıdır.
—Ədəbiyyat prosesində hansı mərhələni ən maraqlı və həyəcanverici hesab edirsiniz?
—Hər bir yazıçı öz ədəbiyyat yolunda bir neçə mərhələdən keçir.
Mənim uşaqlıqdan yazıya xüsusi marağım olub və zamanla hekayələr yazmağa başladım, nəhayət ki, nəşr etdirməyə çalışdım və bu mənim arzum idi.
“Hələlik” romanımın nəşrini tam başa çatdıra bilmədim, çünki hələ tamamlanmağa ehtiyacı var.
Lakin bu suala cavab olaraq, geriyə baxıb öz ədəbiyyat yolumu qiymətləndirərək deyə bilərəm ki, ən maraqlı mərhələ ilhamdır, ən həyəcanverici mərhələ isə nəşr üçün gözləmə mərhələsidir.
—Müasir oxuma mədəniyyətini necə qiymətləndirirsiniz?
Bu mədəniyyəti inkişaf etdirmək üçün nə etməliyik?
—Dünyada ən çox istifadə olunan “maye cəmiyyət” anlayışına əsasən, insanlar oxumağa daha az meyl edir. İnsanların öz vaxtlarını düzgün şəkildə ayırmağı öyrənməsi, həmçinin səbr və vaxtın dəyərini anlamağa başlaması vacibdir. Müasir dövrdə bu, şəxsi və cəmiyyətin inkişafına müsbət təsir edəcəkdir.
—Fərqli ölkələrdən olan yaradıcılarla əməkdaşlıq işinizə necə təsir edib?
—Mənim üçün fərqli ölkələrdən olan həmkarlarımla şeir üslubumu paylaşmaq və öyrənmək çox vacibdir. Bu, təkcə fərqli mədəniyyətlər və yaradıcı yanaşmalar vasitəsilə yeni ilham almağa kömək etmir, eyni zamanda zaman-zaman yeni şeir üslublarını, məsələn, Edwin Antonio Gaona Salinas tərəfindən ixtira edilən Gaonesa və ya Antonio Escobar Mendivez tərəfindən yaradılan Decima üslubunu sınaqdan keçirməyə təşviq edir.
Mən heç kimdən təsirlənmirəm, çünki hər şey mənim davamlı araşdırma və öyrənməyim nəticəsində yaranır.
—Ədəbiyyat müsabiqələrində və antologiyalarda iştirak etmək yaradıcı işinizə hansı yeni imkanlar yaratdı?
—Milli və beynəlxalq antologiyalarda iştirak mənim üçün çox vacibdir.
Bu, həmkarlarım ilə ideya mübadiləsi aparmaq və birlikdə işləmək, həmçinin bəzən, xeyriyyə məqsədilə satış gəlirlərinin ABEO (onkoloji xəstəliyi olan uşaqlar üçün təşkilat) kimi təşkilatlara həsr edilməsi imkanı yaradır.
Bu antologiyalar vasitəsilə daha çox insana müsbət təsir göstərmək mənim yaradıcı fəaliyyətimi daha da inkişaf etdirir.
—Yaradıcı uğurun əsas amilləri nələrdir?
Yazar olmaq üçün davamlılıq, çox səbr və həmişə öyrənməyə hazır olmaq lazımdır.
Mənim yaradıcı planlarıma qatdığım səbr və ilk addımlarda təslim olmamaq çox vacibdir.
Həmçinin, nəticələrə nail olarkən sakit olmaq və həvəs göstərməmək lazımdır.
Çünki çox vaxt, çətin iş nəticəsində əldə edilən mükafat daha qiymətlidir.
—Sülh və mədəniyyəti təşviq etmək fəaliyyətiniz şəxsi həyatınıza və yaradıcı işinizə necə təsir göstərdi?
Sülhü təşviq etmək mənim üçün təbii və daxili bir prosesdir.
Mənim sülhə olan inamım uşaqlıqdan mövcuddur.
Şeir və ədəbiyyat vasitəsilə sülhün yayılması, xüsusilə indi, internet vasitəsilə hər yeri əhatə edə bilər.
Bu, oxucuların həyatına sülh və müsbət enerji daxil etməyə, onlarda yeni hisslər oyatmağa kömək edir.
—Yaradıcı cəmiyyətə hansı rol oynayır? Ədəbiyyatın insanların həyatına təsiri haqqında nə düşünürsünüz?
—Yaradıcı cəmiyyət üçün böyük və məsuliyyətli bir rol oynayır.
Mənim fikrimcə, yazılarımı oxuyan insanların, onların həyatında və cəmiyyətin inkişafında özlərini tapması, mənim məqsədimdir. Mənim dünyagörüşüm, ədəbiyyat vasitəsilə insanlara müsbət mesajlar göndərməkdir, bunu həm də könüllülük, sevgi və sülhün toxumları olaraq görürəm.
—Yaradıcı proses və şəxsi həyat arasında düzgün tarazlığı necə qoruyub saxlamaq lazımdır?
—Yaradıcı və şəxsi həyat arasında tarazlığı qorumaq üçün gündəlik məşqlər və bir qədər oxumağa və yazmağa vaxt ayırmaq, öz stilini inkişaf etdirmək və daha çox insana təsir göstərmək vacibdir.
—Azərbaycan və İtaliya arasında ədəbiyyat sahəsində əməkdaşlığı necə inkişaf etdirmək olar?
—Bütün dünya ölkələri ilə əməkdaşlıqda ən effektiv yanaşma, hər bir xalqın mədəniyyətini öyrənmək və bu ölkələrin dillərinə tərcümələr vasitəsilə mədəni mübadiləni asanlaşdırmaqdır.
—Azərbaycanı ziyarət etmək istəyirsinizmi?
—Dünyanın bir çox ölkələrini ziyarət etmək istəyərdim, lakin mən hələ də İtaliyada olan gözəl və məşhur yerləri ziyarət etməyi istəyirəm.
Əgər qismət olsa, Azərbaycana səyahət etmək niyyətindəyəm.
Şərq mədəniyyəti və sənəti, zəngin tarixi və ədəbiyyatı həmişə məni özünə cəlb edib.

SöhbətləşdiCahangir NAMAZOV
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Lobar RUSTAMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Deyirdin bu dünya cəfasızdır bəs

***

Deyirdin bu dünya cəfasızdır bəs,
İşrətsiz bir aləm səfasızdır bəs…
Könlümtək qalmısan tənha, kimsəsiz,
Bilmirdin bu dünya vəfasızdır bəs…

Əməlində düz olanı,
Düzü yandırar-yandırar.
Sevgisində köz olanı,
Közü yandırar, yandırar.

Bu dünyanın tərs üzü var,
Zülmət olan gündüzü var.
Hər kimin ki, bir üzü var,
Üzü yandırar, yandırar.

Hər günahı öz adına,
Yazmaz dövran düz adına;
Yazı gələr söz adına,
Sözü yandırar, yandırar.

Yolu bağlı bərəmizin,
Dərdi bir cür hərəmizin.
Seli daşsa dərəmizin,
Düzü yandırar, yandırar.

Banövşəsi qərib kolun,
Xələfliya gülən yolun.
Məni həmdəm bilən yolun,
İzi yandırar, yandırar.
2018

Mənbə:Elirza Xelefli

MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BƏNÖVŞƏM

BƏNÖVŞƏ

Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…

Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…

Ustacam, xeyməm laməkan,
Rusqat* verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…

AĞÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ otağında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam, borcumdur yoxlayım səni,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

ŞEHÇİÇƏYİM

Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

NƏ GÖZƏL

Dünyamızı çiçək görən,
Gözlər nə gözəl, nə gözəl…
Ruhumuza şəfa verən,
Sözlər nə gözəl, nə gözəl….

Gül əkənlər, gül dərəcək,
Qəlb deyəni, dil deyəcək,
Düz əyrini, düz görəcək,
Düzlər nə gözəl, nə gözəl….

Ustac olub sözə məftun,
Daim gülən üzə məftun,
Qəlbdə qalan izə məftun,
İzlər nə gözəl, nə gözəl….

YARPAQ VƏ TORPAQ


Can verəni candan alı qoyarıq,
Unudur yarpağa möhtacdır yarpaq…
Torpağa su deyil, zəhər veririk,
Marağa məəttəl qalıbdır torpaq…

Xəzələ aman yox torpağa çata,
Qurumuş canıyla cana can qata,
Əbədi qanunla rahatca yata,
Süprülüb çöplüyə atılır yarpaq…

Torpağa ting deyil, sütun əkirlər,
Arx, kanal yerinə hasar çəkirlər,
Dəmirdən, betondan kəfən biçirlər,
Gözü baxa-baxa gömülür torpaq…

Bizə can verənin canın almayaq,
Bu iki aşiqin yolun burmayaq,
Yarpağı torpağa həsrət qoymayaq,
Yarpaq elə torpaq, torpaqdır yarpaq…

Ay Ustac, haqq deyən Nəsımı öldü,
Haqq bir damladır, batilsə göldü,
Qardaşlar tək gəlmiş Adəmi böldü,
Bizlər unutsaq da, unutmur torpaq…

YAZ  SEVDASI  VAR


Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.

Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.

Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.

ŞAHİ-CAHAN

Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…

Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!

Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.

Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.

Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.

GƏZDİM

Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!

Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!

Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Müəllim sənətinin xeyir pərisi

Müəllim sənətinin xeyir pərisi

Dəyərli pedaqoq, müəlliməm Aliyə Dadaşovaya ithaf edirəm!

ADMİU-ya ilk gəldiyim gündən qalanın möhkəm qapılarından çox qorxurdum. İnsanların məni necə qarşılaşmaq, addımlarla yeni hadisələri görmək məni həyəcanlandırır və beynimdəki sualları yarımçıq qoyurdu. Elə bil zehnimdəki hər şeyi itirmişdim və dünyaya yenidən gəlib, sualların cavablarını axtarırdım. 2 illik səyahət yolumda keşməkeşli bir yol qət etsəm də, amma mənə doğma olan, qəlbimdəki balaca qızcığazı sevindirən insanlar da oldu. Ən başlıcası əziz müəllimlərim Kəmalə Mehdiyeva, Nicat Kazımov Əlizaman İlknur , Sevinc Həsənova, Nadir Hüseynov, Pərvanə Namazova, Eldar Məmmədzadə, Ellada Hüseynova, Nurlan Rustamov , Yaqut Abdullayeva, Elmira Əlizadə və Vəsilə Quluzadə oldu. Mənim əziz müəllimlərim, nə yaxşı ki, varsınız! Üzərimdəki əziyyətiniz çoxdur, zəhmətiniz danılmazdır! Fəxr edirəm ki, sizləri tanımaq və tələbəniz olmaq nəsib olub!
Bu gün isə mənim üçün çox əziz olan müəllimlərimdən biri Aliyə Dadaşovadan danışacam. Facebook səhifəmi bilirsinizmi niyə sevirəm? Çünki o, xatirələrimi, yaşadığım istər çətinlik, istərsə də, xoşbəxt anlarımı bilir və qoruyub saxlayır. 11-ci sinfi bitirməyimdən iki il keçsə də, hər dəfə açıb keçmişi vərəqlədikdə gözlərim dolur, amma içimdə böyük bir xoşbəxtlik hissi ilə yada salanda simamda təbəssüm yaranır. Səmanın nağıllar kitabındakı qəhrəmanları bitməz ki…
Aliyə xanımı yeni tədris ilinin ilk həftəsi gördüyümdə artıq hiss etmişdim ki, bu xanımda böyük bir sevgi var. Daxili aləmi çox sirrli və maraqlıdır. Düzdü, yaradıcı insanların hər birinin fərqli dünyası var, amma Aliyə xanımın daxili dünyası rəngarəngliyi ilə seçilir. Onun gözlərindəki kədər qarışıq xoşbəxtliyi tələbəsi olaraq deyil, bir yazıçı kimi duyuram. Onun ruhu, qəlbi elə bil musiqi notlarının pianoda çalınan ifası kimi ritmik, amma səliqəli və gözəldir. Nədən onun ruhunu musiqi notlarına bənzətdim? Çünki musiqi insan ruhunun çalarlarıdır. Çalarların hər birinin öz rəngi var. Bəlkə də bizim üçün siyah-bəyaz görünə bilər, amma o notların daxilindəki səsin özü rəngarənglikdir. Bu göy qurşağına da bənzəyir. Baxın, Aliyə xanımın daxili dünyasında bu rəngarəngliyi görürəm.
Bəzi dərslərimiz distant formada keçirilsə də, amma hər dəfə onun mühazirə dərslərini böyük heyranlıqla dinləyib, hər dəfə yeni nələrisə kəşf edirdim. Mövzunu, yaxud dərsi öyrənmək başqa, amma kəşf etmək tamam ayrıdır. Aliyə xanımın ruhu çox incədir. Bilirsinizmi, baharda açılan qönçə kimi zərif bir ruhu var. Sakitdir, həzindir, amma toxunanda elə bil fırtına çağlayır dəniz kimi. Dənizin dalğası kimi düşüncələri dərindir, maraqlıdır və fəlsəfidir. O gün kulis.azda yazılarını oxuduğumda da yenidən öz-özümə dedim ki, Səma, sən çox şanslısan ki, Aliyə Dadaşovanın tələbəsisən.
O qadın xəzinədəki rəngli daşlara bənzəyir. Sanki quru torpağın altındakı qaranlıq bir tuneldən keçib tapdığım o rəngli daşlara. Səmanız yenə bir az mistikaya qaçır, axı mən bu fani dünyadan həmişə göylərə qaçıram, siz ki, bilirsiniz. Aliyə xanımın söylədiyi hər kəlməsi də bu rəngli, amma nadir tapılan daşlara bənzəyir, bu daşlar mirvaridir. Bəyaz, mavi, sarı və s…
Sizi tanımaq, tələbəniz olmaq mənim üçün şərəfdir, Aliyə xanım. Semestrin bitməsinə az qalıb, hətta təəssüf edirəm ki, dərslərin sayı da çox az olub. Amma tək sözüm odur ki, sizə olan hörmətim, sevgim sonsuzdur! Bu kiçik yazımın içində böyük bir sevgi var və bu foto da onu deyir. Yaxşı ki, varsınız!

Sevgilərlə, tələbənizSəma MUĞANNA

Gənc yazar, AYB üzvü, Prezident təqaüdçüsü


SƏMA MUĞANNANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru