BÜTÜN ULDUZLARIN GÖZÜDÜR TƏBRİZ Sönməyib içimdə vətən həsrəti, Biraz da kök salıb, dərinləşibdir! Teşnə ürəyimdə Təbriz niyyəti, Şükür ki, daha da müdrikləşibdir!
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]
↑“”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
Yay — bu saflığın, sərbəstliyin, qayğısız uşaq sevincinin fəslidir. Onun hər günü ilə mən uşaqlığıma dönürəm. Bu dönüş yalnız zamana qayıdış deyil, həm də qəlbin yeni güc ilə dolması, yeni arzularla daşmasıdır. Yay — qəlbin azad nəfəs aldığı, həyatın ən gözəl sübh çağları, ən parlaq rəngləridir. Uşaqlıqda yaşadığım xoşbəxtlik, yay aylarının dincliyi içimdə daim canlanır. Mən hələ də xatırlayıram: ilk dəfə dağ zirvəsinə qalxdığım anı, leyləklərə əl etdiyimi, küləklərin arxasınca qaçdığımı, onları qucaqladığımı… Bu heyrət, bu saf sevinclər — uşaqlığımın, yay aylarının işıqlı xatirələridir. Mən yayda yaşayıram, yayda darıxıram, yayda sevirəm. Kaş o uşaq yay nağıllarında yaşaya bilsəydim… Bilirəm ki, bu xatirələr heç vaxt köhnəlməyəcək. Çünki onlar qəlbimin sönməz işığıdır… Hər yay gələndə mən yenə uşaqlığıma, o qayğısız, saf arzular dünyasına səyahət edirəm. Yay — mənim ən gözəl nağılımdır. Yay — qəlbimin ən saf nəfəsidir. Yay — mənim saf və qayğısız uşaqlığımın bənzərsiz fəslidir.
Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi. Azerbaycan Jurnalistlar birliyinin üzvü.
Şəkildə Asya Əhmədova doğma vətəndə sakinlərlə görüşdən.
YURDA SİNƏ DOLU SÖZLƏ DÖNƏN ŞAİR
(Asya Əhmədovanın şeirləri yurda, vətənə, torpağa sevgidən doğur)
Bu şairə xanımı Azərbaycan Milli Elmlər Akademiyasının geniş, işıqlı zalında Zəfər münasibəti ilə keçirilən yığıncaqda tanımışam. Tədbirin rəsmiliyinə baxmayaraq, sözünü nəzmlə bitirən, çıxışlarında poeziyaya yer ayıran natiqlərin olması elm, ədəbiyyat ocağında rəsmiliyin mahiyyəti barədə məndə ilk təəssüratları yaratmışdı. Elə həmin tədbirdə bəstəboy, gülərüz xanımın çıxışına bir-iki cümlə ilə ayaq verərək yurd həsrətli, qələbə sevincli şeirlərini söyləməsinə və zaldakıların ürəkdən coşan misralara fərqli münasibətinə daha çox təəccüblənmişdim. Sanki bu xanım heç nədən çəkinmədən “mən poeziya vurğunu, söz adamıyam” mesajını vermək, illərlə sinə dağına çevrilən duyğularını misraların dili ilə bəyan etmək üçün çıxmışdı bu kürsüyə! Əlbəttə ki, sürəkli alqışlar halal payıydı bu xanımın!
Asya Əhmədova ilə AMEA kollektivinin tərkibində 30 illik həsrətdən sonra qovuşduğum doğma Zəngilana səfər zamanı daha yaxından tanış olduq. Yenə kürsüdən alovlu şeirləri ilə oxşadı ürəyimizi.
…Və növbəti “görüşümüz”, – bu dəfə “Xəzan” jurnalının mart-aprel 2025/2/65 sayında mənalı baxışlarının fonunda ürək döyüntülərini misralara düzdüyü sağlam, saf duyğuların ifadəsi olan şeirləri sayəsində baş tutdu. Elə ilk şeirinin adı (“Vətən, görüşünə gəlmişəm sənin”) və tarixi (iyul 2024) çox mətləblərdən xəbər verirdi, yəni bizim Zəngilana səfərimizin təəssüratlarının ifadəsi olaraq qısa zaman kəsiyində yazılmışdı bu misralar!
Şəhidlik meracı səfər yoluyla,
Güllə yox, gül açan səhər yoluyla,
Dönüşə köklənən Zəfər yoluyla
Vətən, görüşünə gəlmişəm sənin.
İlk bənddən son misrayadək sanki bu şairə xanım yolüstü hazırlığını görür, uzaq səfər qabağı hisslərini cuşa gətirir, saçına düşən dən-dən ağlar, uzaqdan qoyub getdiyi dağlar görünən müqəddəs bir görüşdən, vətənə qovuşmaq sevincindən bəhs edir. Şeirin gözəlliyini başa düşmək, şairin hisslərini duymaq üçün onun qalaq-qalaq çoxcildliyini oxumağa heç də ehtiyac yoxdur. Bəzən bir bənd, bir misra poetik fikrin haradan qaynaqlandığına, necə yarandığına, hansı duyğulara kökləndiyinə şahidlik edir:
Göz yaşım dayanmır, yağışdı sanki,
Sinəm bir köz idi, alışdı sanki,
Yer göyə, göy yerə qarışdı sanki,
Vətən, görüşünə gəlmişəm sənin.
Sevinc hisslərini yağışa bənzədən şairə uçmağa qanadı olmadığını “yer göyə, göy yerə qarışdı” ərzdə ifadə edir ki, bu da folklorumuzdan qaynaqlanır. Sinəsində sönməyən közün 30 illik tarixinə işarə vuran müəllif 17 yaşından bu yana o dağı sinəsində gəzdirdiyinə, yəni vətənini, yurd-yuvasını bir an unutmadığına oxucunu inandıra bilir.
Həyatını elmi sahəyə həsr etmiş, ailə, kollektif, yaxın və doğmalarının hörmət və ehtiramını qazanmış incə xanım fikirlərini başqa cür necə ifadə etməlidir ki, özünün poeziyada təsadüfi olmadığını təsdiqləyə bilsin. Uzun həsrətdən sonra doğma vətənə qovuşan söz adamlarının şeirlərini yana-yana çox oxumuşam, duyğulanmışam. Şair dostlarımın xətrinə dəyməsin, məncə, Asya Əhmədovanın on bir bəndlik “Vətən, görüşünə gəlmişəm sənin” şeiri bu mənada ön sıralarda durmağa layiqdir. Şeirin sonunda da şairə xanım hələ ilk təəssüratlarının təsirindən qopa bilməmiş kimi duyğularına qanad verir:
Sənə sinə dolu söz gətirmişəm,
Sənə həsrət dolu göz gətirmişəm,
Qəlbimin içində alışan oddan
Sönən ocağına köz gətirmişəm,
Vətən görüşünə gəlmişəm sənin.
Bu sayında Asya Əhmədovanın 14 şeirinə 9 səhifə ayıran “Xəzan” oxuculara yeni müəllifi təqdim etməklə, həm də, sözsüz ki, oxucuların, poeziyamızın, söz adamlarımızın dəyərini artırmış olur. Çünki A.Əhmədova özünün-sözünün yerini bilən birisi kimi şeirlərinə yad fikirləri calaq eləmir, təbiiliyi sevir, ürəyindən gələnləri qələmə alır. Onun “Layla dedim, yurdum sənə” şeiri də vətən, torpaq sevgisinə bağlıdır:
Gözlərimdə qoruyaraq hər şəklini,
Sözlərimdə neçə tərif vurdum sənə.
Həsrətimi bölüşərək kəlmələrlə
Şeir yazdım, nağıl qoşub durdum sənə.
Müəllif bəzən hisslərinə, duyğularına qoşularaq şeirin ənənəvi formatından qaçmaqdan çəkinmır, kənara çıxır, ancaq bu, təbii alınır, xəta, qüsur təsiri bağışlamır.
Elə talan, elə viran olmusan ki,
Tanımadım ilk baxışda, yurdum, səni.
Nənəm kimi bir bayatı qoşub dildən,
Başın üstə buludlardan sordum səni.
yazır və bu qoşmanın son iki misrasında sinədən gələn və ürəklərə yatan bayatıya
zəmin hazırlayaraq şeiri də elə klassik xalq yaradıcılığı formasında ilə tamamlayır:
Bu yerdən ötən bulud,
Haraya yetən bulud,
Başqa yerdə gördünmü
Yurd izi itən, bulud?!…
Şairənin “Bir yol gedir bizim kəndə”, “O kənd bizim kəndimizdir”, “Bir yol, bir də mən varam” şeirləri də yuxarıda bəhs etdiyimiz hisslərdən qaynaqlanır. Bu misralarda Zəngəzurun, Zəngilanın füsunkarlıqları vəsf olunur, uzun həsrətdən sonra qəlbi coşduran vüsal duyğuları nəzmə çəkilir. Ayna xanımın “Bir arzu tut…” şeiri yaxın-uzaq keçmişlərdən süzüb gələn kövrək hisslərin, zərif ürək çırpıntılarının bədii təsviridir. Bu şeir də müəllifin əksər poetik nümunələri kimi milli-mənəvi irsin bir parçası olan inanclardan qaynaqlanır. İstək, arzu dolu misralar isə oxucunu doğma yurdumuz Qarabağa, Zəngəzura, bu bölgələrdə formalaşan milli dəyərlərimizə doğru çəkib aparır.
Bir arzu tut…
Göydən ulduz düşəndə,
kirpiyin gözlərindən
üzünə sürüşəndə.
Bir arzu tut…
Bədirlənmiş ay görəndə,
Sakit axan çay görəndə,
Ağacların nübarından
Şirin, şəkər pay görəndə.
Molla Pənah məqbərəsi göz önündə canlanır, “Bayatı-Şiraz”, “Qarabağ şikəstəsi”, Xan əminin zənguləsi qulaqlarında ən həzin ritmə, haya-haraya çevrilir. Şeiri oxuyursan və arzu tutursan, uşaqlığın, yeniyetməliyin yadına düşür, nənələrin nağıllarına qarışırsan, babaların müdrik kəlamlarına qovuşursan və inanırsan ki, arzular insanı yaşamağa və yaşatmağa ryhlandıran ən saf və təmiz duyğulardır.
Əminliklə demək olar ki, “Xəzan” jurnalının oxucuya təqdim etdiyi Asya Əhmədova maraqlı şeirləri ilə poeziyamıza yenilik gətirən müəlliflərdəndir. Onun ədəbi nümunələri şair təbiətinin zənginliyindən, ədəbiyyata ciddi və məsuliyyətlə yanaşmasından, söz boxçası açıldıqca daha böyük maraq kəsb edən folklora, xalq yaradıcılığına bağlılığından, bədii fikrin ucalığına sadiqliyindən xəbər verir. Asya Əhmədovaya yeni-yeni yaradıclıq uğurları arzulayırıq!
Biz artıq doğma yurdumuza, illərlə həsrətində olduğumuz elimizə-obamıza qayıdırıq. Bax, bu da bizim qatarımızın fit səsi. Bəli, Sizə möcüzələrdən danışacam. Bura Ağdamdı! Bir vaxt adı dillər əzbəri, şanı göylərə ucalan Ağdam. Sonra erməni qəsbkarları tərəfindən yerlə-yeksan edilən, daşı-daş üstündə qalmayan və 30 ilə yaxın düşmən əsarətində qalan dədə-baba yurdumuz. Daha sonra bütün dünyaya səs salan 44 günlük Şanlı Vətən Müharibəmiz və böyük Zəfərimiz! İndi də doğma Qarabağda quruculuq işlərinin vüsəti görənləri, dünyanın hər tərəfindən bura səfər edənləri mat qoyur. Gör qısa bir vaxtda düşmənin yandırıb kül etdiyi quru bir yurdda nə xariqələr yaratmışıq! Bax, Ağdam da indi nağıllar diyarına bənzəyir…
Qoynu nəğməli şəhər, Sən yenə də, bizimsən. Yenə də, deyəcəyəm Şəhərlərin gözüsən!
Mayın 10-da ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və bir qrup dövlət nümayəndəsi Ağdamda olub. Onlar əvvəlcə burada Dəmiryolu və Avtovağzal Kompleksinin açılışında iştirak ediblər. Qeyd edək ki, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.
Azərbaycanda ilk qapalı dəmir yolu platforması
Kompleksin ərazisində müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması da tikilib. Qeyd edək ki, Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Açılış tədbiri çərçivəsində Bərdə–Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı da yola salındı. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmiryol layihələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müsbət iqtisadi təsirləri olacaq. Yeni dəmiryol xətləri həm sərnişinlərin, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha sürətli və sərfəli şəkildə daşınmasına imkan verəcək, bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Kəngərli kəndinin birinci mərhələsinin açılışında…
Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva həmin gün Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verib. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyevlə, ölkəmizin Birinci xanımı daha sonra Kəngərli sakinləri ilə görüşdü. Prezdentimiz əvvəlcə kənd sakinlərini bu böyük gün münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, bu böyük xoşbəxtlikdi, tarixi bir hadisədi. Sonra sakinlərin bir vaxt evsiz-eşiksiz qaldıqları, necə çətinliklərə sinə gərdiklərini xatırlatdı: “Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır”. Daha sonra sakinlərə yeni evlərinin açarları təqdim edildi.
Doğru yolun yolçusu olmaq böyük şərəfdir
Kəngərli sakini, 76 yaşında xanım, Əməkdar müəllim doğma prezidentə öz ürək sözlərini söylədi. O, bildirdi ki, düzdü, çətin dövrdə yaşamışıq və bugünkü gözəl həyatı da görürük: “Müqayisə aparanda düşünürəm ki, buradakılar hər kəsin arzusudur, arzu edirəm ki, ömrünüz uzun olsun, canınız sağ olsun və nə qədər ömrünüz var, hakimiyyətdə olun. Çünki biz inanmırıq ki, Ulu Öndərdən sonra Azərbaycanı Sizdən başqa kimsə bu vəziyyətdə idarə etsin. Sağ olun, var olun, daim hakimiyyətdə olun”. Sakin daha sonra Ulu Öndərimiz Heydər Əliyevin vaxtilə köçkünlərə qayğısından, Vətən, xalq üçün böyük, unudulmaz işlərindən danışdı: “Müqəddəs kitabımız Qurani-Kərimdə belə bir ayə var: “Salam olsun doğru yolun yolçularına”. Doğru yolun yolçusu olmaq böyük şərəfdir. Bu şərəfi Siz çox ləyaqətlə yerinə yetirdiniz, tarix yazdınız, möcüzələr qurdunuz – bütöv Azərbaycanı. Eşq olsun Sizə!”
Muğam Mərkəzinin açılışı tarixi bir gündür
Həmin tarixi gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər. Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verdi. Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdu. Qeyd edildi ki, Muğam mərkəzi Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Bu da danılmaz faktdır ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb. Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Onun üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Daha sonra Prezidentimiz bildirdi ki, otuz iki il ərzində bir çox hadisələr baş verib, ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir. “Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir. Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdi. 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük. …Təsadüfi deyil ki, bu gün Azərbaycana dünyada olan münasibət, – hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.
Bu gün biz azad Qarabağda yaşayırıq
Ölkə başçısı İlham Əliyev bildirdi ki, bu gün biz azad Qarabağda yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun.
Şuşanı Xankəndi ilə birləşdirəcək “Kanat yolu”
“Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq. …Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq. Yaşasın Ağdam, yaşasın Azərbaycan!”
Bu gün Azərbaycan muğamının təntənəsidir
Konsertdən sonra dövlətimizin başçısı və Birinci xanım incəsənət ustaları və müharibə veteranları ilə səmimi söhbət etdilər. Xalq artisti Bəyimxanım Cavanşirova bildirdi ki, bu gün Azərbaycan muğamının təntənəsidir. Bu gün ən gözəl gündür. Doğma Qarabağımızda Ulu Öndərimizin ruhu şaddır. Xatirinizdədirsə, həmişə o, öz çıxışlarında deyərdi ki, biz Qarabağa qayıdacağıq. Bu gün həmin gündür. Ruhu şad olsun. Çox-çox təşəkkür edirik, minnətdarıq Sizə. Daha sonra Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə səmimi görüşü yaddaşlara yazıldı. Elə açıq havada, Muğam Mərkəzinin qarşısında “Qarabağ” mahnısı xorla ifa olunarkən doğma Prezidentimiz də onlara qoşuldu. Və inanıram ki, Vətənini sevən hər bir azərbaycanlı da mənim kimi doğma Prezidentinə, Müzəffər Ali Baş Komandanına qoşularaq göz yaşları içində “QARABAĞ, CAN QARABAĞ, ANA YURDUM!”, – söylədi.
Üzə çıxmayan xatirələr dərində yatan inci kimidir (Bu yazı “Kimya gündəliyi” kitabı üçün yazılıb)
Jalə İsmayıl neçə vaxtı Günel Eminli ilə bağlı kitab hazırlandığını deyib və mənim də o kitab üçün xatirələrimi göndərməyimi istəyib, sağ olsun. Mən isə demək olar, hər gün axşam nə yazacağımı düşünürəm. Günellə olan görüş və söhbətləri xatırlamağa çalışır, aciz cəhdlər edirəm. Başqa tərəfdən, indiyəcən yalnız bir neçə adamla bölüşdüyüm, hər dəfə məndə dərin təşviş yaradan, əzab verən bir məsələ var. Təəssüf ki, ən yaxın adamlarımın, dostlarımın ağır xəstəliklərini, ölümünü qabaqcadan görürəm və yuxularım mənə olmazın iztirab verir. Anamla, atamla, xalam Zeynəblə, dostlarım Pərviz Yusif, Fərhad Mete, Qənirə Paşayeva ilə bağlı belə olub…hamını, hamısını yazmıram… Günellə də belə olmuşdu, çox təəssüf. Günel Eminlini ilk dəfə görəndə bibim qızı yadıma düşmüşdü, Təranə, 7-8 il yaş fərqləri vardı, Təranə böyükdü, təəssüf ki, ikisi də eyni ildə tərk etdi bu dünyanı. Hədsiz oxşarlıq bir yana, Günelin mənə yaxın qohumu, yaşca böyük dayısıoğlu, ya da qardaşı kimi baxmağı da vardı, isti, etibar dolu nəzərlərlə. Bu baxışları bir dəfə Sumqayıta, Fərhad Metenin yasına gedəndə daha qabarıq hiss elədim: ümidsizlik içində olan qızcığazın böyük qardaşına baxmasının kədərli nümunəsi idi, təskinlik verə bilmədim. Son yazışmalarımızdan ikisini xatılayıram: Moldovadan ədəbi sorğu vardı, rumın şairəsi Mariya Pilkin göndərmişdi, gənc xanım yazarlarımızdan bir neçəsini məsləhət görmüşdüm, Günel xanımı da. Özünə yazdım ki, sorğu üçün Mariya onunla əlaqə saxlayacaq. Cavabı belə idi: “Böyük məmnuniyyətlə iştirak edəcəm. Həmişə yaxşı olun. Həmidə xanıma salam deyin”. Onda 1920-ci il idi, mayın 19-u, iki həftə sonra xəstəxanaya düşəcəkdim və 1 il 9 ay ağır xəstəliklə mübarizə aparacaqdım. Lap axırıncısı isə oktyabrın 8-i və 9-na təsadüf edirdi. İki gün və iki fərqli kitabımın təqdimatı olacaqdı. Biri Beynəlxalq Bakı Kitab Yarmarkası çərçivəsində, biri də Əl Oyunları Sarayında. Dəvət göndərdim, həmişəki kimi cavab verdi, çiçək işarəsi göndərdi, “böyük məmnuniyyətlə iştirak edəcəm” yazdı. Çox görüşmüşük Günel Eminli ilə. Əsasən ədəbiyyat tədbirlərində. Yazıçılar Birliyində, muzeydə, dostlarla tədbirlər sonrası çay süfrəsi arxasında. Bir dəfə qonaqlıq da vermişdi rəfiqələrinə, nədənsə məni də dəvət eləmişdi, yəqin dayıoğlu, qardaş kimi. Fəvvarələr meydanına açılan dar küçələrin birində Meksika mətbəxindən dada-dada xeyli söhbətlər eləmişdik hamılıqla. İndi qüssəqarışıq xoşluq var içimdə. Nə yaxşı ki, Günelin ilk kitabının çapında iştirakım olub. “Cənnətdə payız”, hekayələr, esselər toplusuydu. “Bəzən bir əsərdə Parisin bir uydurma küçəsindən bəhs edilər və həmin küçə o şəhərin xəritəsində olmasa belə, biz o şəhəri həmin küçəsilə daha çox sevərik. İstedadlı yazıçı Günel Eminlinin kəşf elədiyi bir küçə var: “Hay-haraylı dilənçi küçəsi “. Nə “google-map”də tapa bilərsiz o küçəni, nə Bakının hər hansı başqa xəritəsində. Amma siz o küçədə həmişə gördüyünüz həqiqətlərə bir başqa nəzərlə baxacaqsız. “Ana kimdir?” sualının əsrarəngiz cavabını alacaqsız. Günel Eminlinin ilk kitabında çoxlu böyük sualların adi görünən dərin cavabları var. O deyir ki, uşaqlıq cənnətdir, biz sözü yox, söz bizi seçəndə maraqlı olur, azadlıq xoşbəxtlikdir. Onun hekayələri esseləri qədər düşündürür, esseləri isə hekayələr qədər diridir, mütəhərrikdir”. Belə yazmışdım o kitabı üçün və Elmlər Akademiyasının kitabxanasındakı təqdimatda da aşağı-yuxarı eyni sözləri təkrarlamışdım. Arxivimdə (bu sözdən heç xoşum gəlmir, bəlkə də Pasternakın şeirinə görədi) 6 avqust, 2011-ci ilə aid “525-ci qəzet” var. 30-cu səhifədə Günelin “Amerika, Amerika” yazısı dərc olunub. Yazı bu cümlələrlə bitir: “Desəm, nədən ötrü darıxdım, qəribə gələr, amma səmimilik üçün darıxdım, səmimilik üçün…”. Başlıq və son cümlə birlikdə artıq bitkin bir bir yazıdır. Günel bir vaxtlar BSU nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin dinləyicilərindən olub. Bir ilə yaxın orda dərs demişəm. Bir dəfə test eləmişdim. Yazılıydı. 14 dinləyicinin qeydini indiyədək saxlayıram, Günelin qısa qeydi də onların arasındadı, təsbitləri doğruydu: “Uşaqların yazdığı şeirin səmimiyyəti yaxşıdı. Pis, yaxud xoşa gəlməyən mətn(in) başlanğıcı… adama bədbinlik gətirir”. Çünki mətnin əvvəlini mən yazmışdım, məqsədli; sonunu uşaqların yazısından kollaj eləmişdim. Bunu isə dilə gətirməsə də, yalnız Günel hiss eləmişdi. Adətən yaxın adamların həyatımıza necə daxil olduğunu xatırlaya bilmirik, ilk görüş, ünsiyyət, dəqiq səhnələr yaddaşın sirli dəhlizlərində aydın görünmür, üstəgəl təxəyyülümüz o səhnələri dəyişir, ya bər-bəzək vurur, ya necəsə redaktə, montaj eləyir. Amma yerdə qalanlar, bəlkə də heç vacib olmayan səhnələr bir başqa ardıcıllıqla özgə bir süjet xətti yaradır. Görünür üzə çıxmayan, daha doğrusu unudub çıxara bilmədiyin xatirələr dərində yatan inci kimidir, onları çıxarsan profanasiya baş verəcək, boş qutuya çevriləcəksən, özün öz gözündən düşəcəksən. Adətən yaxın adamların həyatdan getdiyinə də inanmır, daha doğrusu, bunu sonadək başa düşə bilmirsən. Anlamadığını qəbul etmək isə çətindir. Ruhun şad olsun, gözəl, istedadlı və istiqanlı bacım.
Foto 14 may 1993-cü ildə Yaşamda Azərbaycanın ilk yaradılan XTT-dan birində Hərbi Andiçmə günü çəkilib. Nurcahan Hüseynovanı və Zaur İbrahimovu rəhmətlə anırıq. Məqamları ucadır. Allah Zaur Ustaca can sağlığı versin:
Zaur Ustac (tam adı: Zaur Mustafa oğlu Mustafayev) — çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biridir. O, 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, daha sonra Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsilini davam etdirmişdir .Yazarlar+4Википедия+4WWW.USTAC.AZ+4Mardin Life+3WWW.USTAC.AZ+3Википедия+3
Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. O, həm şeir, həm də nəsr janrlarında əsərlər yazır. Əsərlərində milli ruh, vətənpərvərlik və insan dəyərləri əsas mövzulardır. “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru olan Zaur Ustac, həmçinin “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzinin təsisçisidir .Mardin Life+4ZaurusTac+4WWW.USTAC.AZ+4ВикипедияWWW.USTAC.AZ+1Википедия+1
Yaradıcılığına görə bir sıra mükafatlara layiq görülmüşdür. O, “Qızıl Qələm” mükafatı laureatı və 2019-cu ildən Azərbaycan Respublikası Prezident təqaüdçüsüdür .WWW.USTAC.AZ+2Википедия+2WWW.USTAC.AZ+2
Əsərləri arasında “Günaydın (Ağçiçəyim)”, “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan”, “Ülyahəzrət”, “45”, “Qədimliyə bürünmüş yenilik”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna”, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar”, “Məktəbə hazırlaşırıq”, “39 Həftə” və “Oriyentir ulduzu” kimi kitablar yer alır .Викисклад+2WWW.USTAC.AZ+2WWW.USTAC.AZ+2
Yazıçı Orxan Fikrətoğlunun “Ölü mətn” (2013) romanı Azərbaycan tarixinin müxtəlif dönəmlərini işıqlandıraraq oxucunu səyahətə çıxarır, zəngin insan tipləri ilə qarşlaşdırır, onların həyat hekayələri ilə tanış edir. Müəllif müxtəlif mühitlərdə insanların xarakterlərindəki dəyişiklikləri göstərməklə rəngli bir dünya yaradır. İmperiya ideologiyasının xalqların həyatını necə puç etdiyi, mühiti hansı şəkildə zədələdiyi və düşünən beyinlərə nə dərəcədə zərər vurduğu açıq şəkildə təsvir edilir. Yadellilərin öz millətləri ilə qeyrilərinə olan açıq ayrı-seçkiliyi, azərbaycanlıların savadsız, saf olmalarından istifadə edərək başlarına olmazın oyunlar gətirilməsi də nəzərdən yayınmır. Əsər XX əsrin əvvəllərindən sonlarına doğru böyük bir epoxanı müxtəlif aspektlərdən işıqlandırır və oxucunu özünü sorğulamağa, düşüncələri ilə baş-başa qalmağa sövq edir. Roman “Ölü mətn” adlansa da, millətin ruhunu diriltməyə xidmət edir.
* * *
Ədəbiyyat elə bir güzgüdür ki, müxtəlif cəmiyyətlərin, fərqli mühitlərin mənəvi və mədəni görüşlərini, gözəllik və eybəcərliklərini canlı şəkildə əks etdirir. Buna görə deyirlər ki, çox kitab oxuyanlar bir deyil, yüzlərlə həyat yaşayır, minlərlə insan tanıyırlar. Yazıçılar da əsər yaradarkən yalnız estetik sferaya qapanıb qalmır, cəmiyyət həyatındakı sosial çatışmazlıqları da ön plana çəkərək oxucunu düşünməyə vadar edirlər.
XXI yüzilin ilk rübündə cəmiyyətdə baş verən depressiyalar, gərginliklər, daxili təlatümlər, ailə içərisindəki anlaşmazlıqlar, insanlar arasında dərinləşməkdə olan təbəqə fərqinin sorunları ədəbiyyatdan yan keçməmiş, Sabir Əhmədli, İsa Muğanna, Anar, Mövlud Süleymanlı, Elçin və başqa yazarların əsərlərində fərqli yönlərilə əksini tapmışdır. Oxucuların adı çəkilən yazıçıların əsərlərini maraqla oxumasının başlıca səbəbi, onların yazılarında öz həyatları ilə bir yaxınlıq, bənzərlik sezmələri, yaratdıqları qəhrəmanların simasında yaşadıqları həyatın, çəkdikləri əzabların, qazandıqları, yaxud itirdikləri dəyərlərin canlı təcəssümünü görmələridir.
İlk hekayəsi 1981-ci ildə yayımlanan, sonra isə mətbuatda yüzlərlə bədii mətn və publisistik yazılar dərc etdirən, onlarla filmin ssenari müəllifi olan tanınmış yazıçı, ssenarist, rejissor, jurnalist Orxan Fikrətoğlunun yaradıcılığında önəmli yer tutan əsərlərindən biri də “Ölü mətn” romanıdır. Burada ilk nəzərə çarpan məqam əsərin monotonluqdan uzaq və ənənəvi üslubdan fərqli bir tərzdə qələmə alınmasıdır. Həmçinin “Fikir davamçın yoxdursa, sən də yoxsan”, “Ədəbiyyat heç nəyi dəyişmirsə, deməli mətnlər ölüdür” kimi aforistik deyimlərlə müəllif bu yazının son ölü mətn olması, artıq parlaq fikirlərlə aydınlanan ədəbiyyatın yaranmasını təvəqqe edir. Orxan Fikrətoğlu bir əsrdə baş verən tarixi ittifaqları romana sığışdırmaqla bərabər ədəbi keçmişin ən qədim qatlarından Dədə Qorqudu da çıxararaq əsərinə daxil etmiş, Dədə obrazı ilə ona fərqli don geyindirmiş, zəmanəsindəki özgələşən, “ipi öz əlində olmayan” insan surətləri yaratmışdır. Ümumən əsər bir-birilə əlaqəsiz görünən, lakin əslində bir-birini tamamlayan qissələrdən ibarətdir. Roman boyu bu hekayələrlə baş obraz – Ustad kamilləşir, özünü dərk etməyə başlayır və əsərin əvvəlində yarımçıq olan çox şey sona doğru müəllifin özünün də açıqlaması ilə aydınlaşır.
Mətn Ustada Cin adlı dostunun telefonla zəng etməsi və onun hüzuruna bir oğlan göndərəcəyini deməsi ilə başlayır. Həmin oğlan gəlir və yazdığı əsəri Ustadın da oxuyub fikir bildirməsini istəyir. Lakin Ustad əski əlifba ilə yazılmış bu mətni oxumaqda acizdir, çünki bu hərflər ona tanış deyil. Ustadın əski əlifbanı bilməməsi keçmişini, kökünü anlamamasından irəli gəlir. Buna baxmayaraq o, gənc oğlana əsəri oxuyacağını söyləyir. Lakin bu əsərin oxunmalı deyil, yaşanmalı olduğunu bilmir. Hadisələrin sonrakı gedişində Barmen obrazı ilə qısa bir qarşılaşma olur və onun ani ölümü ilə əslində “başqası öləndə biz də bir az ölürük” qənaəti çatdırılır.
Romanda baş verən hadisələr demək olar ki, sovet dönəmi ilə bağlıdır. İki övladını qoyub Rusiyaya pul qazanmağa gedən Kamilə buradakı mühitlə və bu mühitin “nəzarətçisi” Kamillə rastlaşdıqda bütün planları alt-üst olur. Kamil vağzalda cibkəsənlik edir, ancaq özgələrinin deyil, yalnız öz soydaşlarının pullarını oğurlayır. Çünki bilir ki, polis görəndə gizlənməyə yer axtaran soydaşları heç vaxt bununla bağlı şikayət etməzlər. Həm də polislər əvvəlcədən Kamillə razılaşmış, “Yerlilərinlə, özün bilərsən. Onlar Rusiya qanununda deyillər” demişlər. Kamil əyri yola düşməsi yaşadığı mühitdən qaynaqlanır. Romanda “Kamil oxusaydı, yaxşı siyasətçi də ola bilərdi” qənaəti bunu bir növ təsdiq edir.
“Mən getsəm kim iki arağa gəlib bu boyda dükanı silib-süpürəcək. Rus qadını bunu edəndir? Rus sənin üçün döşəmə yuyacaq? Harada görünüb ki, kimsə hüquqsuz və havayı işləyən qulundan imtina etsin? Burada bütün çirkli işləri görürəm. Amma yenə də buradan razıyam. Və geri qayıtmaq istəmirəm”, – deyərkən Kamilə əslində reallığın fərqində olub buna boyun əyməyə razılığını da etiraf edir.
Romanda fərqli mühit və cəmiyyətlərin necə inkişaf etdikləri, özəlliklə qadına münasibətdə dəyər və dəyərsizlik sindromu, Azərbaycan qadınının öz böyüklüyünü anlamaması ürək yanğısı ilə göstərilir.
Romanda əsgərlikdən qaçıb xaricə sığınan insanların ümumiləşmiş rəmzi kimi Ağdamlı Vəliş surəti diqqəti çəkir. O, polis gülləsi ilə yaralandıqdan sonra kimliyi aşkar olmasın, vətənə göndərilməsin deyə xəstəxanaya getmir, qanaxmadan ölür. Diri ikən vətənindən qaçan Vəliş, ölü kimi vətənə qaytarılmaq üçün tabuta qoyulur.
Hadisələrin çevik keçidləri ilə müşayiət olunan əsərdə həmçinin İkinci Dünya müharibəsi illərində iki həmyerlinin – İsmayıl və İbrahimin simasında ideologiyalarının toqquşması və bu çarpışması canlandırılır. İsmayılın atası bolşeviklərin Gəncəni tutacağını eşidir və oğluna özünü yazıq göstərməsini tapşırır. İsmayıl da atasının dediklərinə əməl edir. Beləcə rejim İsmayılı öz ideologiyasına uyğun bir əsgər kimi yetişdirir və onu Gəncəyə – doğulub böyüdüyü şəhərə əks-kəşfiyyatçı təyin edir. İşə başlayan kimi İsmayıl bolşeviklərin gözündən yayınan gəncəliləri bir-bir üzə çıxararaq sürgün edir. “Altı aya Stalinin özündən də beş dəfə çox adam tutub güllələdir”.
İsmayıl öz keçmişini unudan, manqurtlaşan, özgələşən və bunu öz istəyi ilə edən insan tipidir, onun qarşısında dəfələrlə bu yoldan dönməsi üçün şərait yaransa da, bunu etmir, ölənəcən seçdiyi yolun doğru olduğunu düşünür. Halbuki, gücün kor etdiyi gözlərini qaldırıb ətrafına baxsaydı, gəncliyindən bəri xidmət etdiyi, milyonlarla günahsızın qanına bulaşmış Sovetlər Birliyinin əski əzəmətinin qalmadığını, dağılmaq üzrə olduğunu görərdi. İkinci Dünya müharibəsinin qızğın anında düşmən cəbhələrdə savaşan İbrahim və İsmayıl kiçik daxmaya sığınanda rastlaşırlar – bu onların illər sonra ikinci görüşü idi. Burada İsmayılın İbrahimi öldürməyib çıxıb getdiyini bildikdə, onun qəlbində kiçicik bir xeyirxahlıq işığı olduğunu düşünürüksə, az sonra İsmayılın İbrahimin nəslindən bir adam da saxlamadığını bildikdə bir insanın ideologiyaya satılmağının dəhşətləri ilə qarşılaşırıq. İsmayıl sovetlərə kölə olmağı qəbul etmişdisə, İbrahim türklərə sığınmış, Nuru paşanın köməyi ilə xilas olmuş, İstanbulda “Vətən” qəzetini nəşr etdirmiş və Avropada, həmçinin Sovet Azərbaycanında yaymağa başlamışdı. Hər dövrdə milləti oyatmağa çalışan insanlara sədd çəkənlər olduğu kimi, İbrahimin bu qəzeti məşhurlaşdıqca bolşeviklərin dincliyi pozulur. Beləliklə, onlar İbrahimi öldürməsi üçün İsmayılı casus qismində göndərirlər. İsmayıl bu işi uğurla bacarır, amma hesaba almadığı bir şey vardı ki, o da “düşmən”inin zəkası idi. İbrahim bu gəlişin əsl məqsədini duymuş və ehtiyatını görmüşdü, sadəcə İsmayıl bunu çox sonralar biləcəkdi.
Ömrünün ən gözəl illərini sonu puç olan bir ideologiyaya qurban verən İsmayıl sonda bunu anlayırsa da, artıq hər şeyin gec olduğunun fərqinə varır. O, doğulduğu şəhərə, doğma insanlara, hətta özünə o qədər yadlaşır ki, vətənə yalnız ölmək üçün gəlir. İbrahimin daim ümidlə səsləndirdiyi “müstəqil olmağımıza az qalıb” fikri gerçəkləşəndə iki həmyerlinin son görüşü baş tutur. İbrahimə “Öləndə qoyma qəbrimi murdarlasınlar” deyən İsmayıl, “Necə yaşayırsansa, elə də ölürsən” cavabının ağırlığı altında əzilir və yox olur.
Eyni bir mühitdə doğulub fərqli yolların yolçusu olan bu iki gənc öz talelərini özləri yaradır. Yolun başında hər ikisi getdikləri yolun dürüstlüyünə inanır, fəqət hər şeyin doğrusunu zaman göstərir. Nə qədər bir-birinə zidd fikirlərin təmsilçiləri olsalar da, bir yurdun – bu məmləkətin övladları – bir mətnin yazısı idilər. Onların hekayəsi də beləcə bitir və yenisi başlayır ki, burada Azərbaycan-erməni münaqişəsinə toxunulur. Bakıda türk ovunun getməsi, müsəlmanların sorğu-sualsız öldürülməsi, ermənilərin guya Lenindən bütün bakılıları dənizdə batırmaq əmri almaları kimi faktların verilməsi oxucuda o dönəmin qaranlıqlarını anlamağa, tarixin yaşatdıqlarını öyrənməyə xidmət edir. Bizi – bu xalqı bir deyil, dəfələrlə öldürmələri əsərin, demək olar ki, hər epizodunda vurğulanır. Azərbaycan tarixinin qanlı səhifələrindən olan repressiya dövrü də “Qırmızılar Bakını tutanda yazıb-poza bilən adamların hamısını bir kluba yığmışdılar” cümləsi ilə verilir və sürgün olunan aydınların geridə qoyduqları qadınlarının ləyaqəti də kədərlə xatırladılır.
Romanda maraqlı situasiyalardan biri də özünəxas çalarlarla yaradılan Dədə obrazının elata gətirdiyi “yeniliklərdir”. O, qırx oynaşlı Qısırca yengəsi “Elin anası” adlandırıb müqəddəs elan edərkən, elin mal-qarasını, sürülərini, ilxılarını çöl qayalığından dərəyə tökdürərkən, qeybdən gələn səsi bəhanə edərək hamının lal-dinməz oturmalarını söyləyərkən kimsə bu absurd davranışa qarşı çıxmır. Bu mənasız əməllərin qarşısında hamılıqla Dədəni deyil, onun sözlərini dəyişirlər ki, el dədəsiz qalmasın. Yazıçı bununla toplumun daima öz başbilənlərini itirmək qorxusunu, əsl başların özləri olduqlarını dərk etmədiyini irəli sürür.
Romanın süjet hörüyündə repressiyadan bir neçə epizodda bəhs edilir. Sona doğru dustaqların aparılıb öldürüldüyü, onlara öz əllərilə qəbirlərinin qazıldığı ada təsvir olunur. Adaya düşən Ustad buradan təsadüfən bir qayıqçının yardımı ilə xilas olmağı bacarır. Sibirə, Solovki adasına, yaxud başqa diyarlara sürgün olunan dühaların Ustad kimi nicat yollarının olmaması, onların köməyinə bir kimsənin gəlməməsi, ağlasığmaz bir şəraitdə ölmələri tarixin acı gerçəkləridir.
Ustada danışılan bir hekayədə isə yüksək vəzifəli bir zabit öz günahını başqa birinin üstünə yıxır və onu şirnikləndirərək qısa sürə həbsdə bəy kimi yaşayacağına söz verir. Sonra isə zabit bu gənci ölümə məhkum edib “səni mən yaratdım, mən də öldürürəm” dedikdə, cavan oğlan həyatın şirinliyini anlayır və qaçıb xilas olur. Əsərdə kiməsə qul olmaq, şüursuz şəkildə sahibini ilahiləşdirməyin acı nəticələri müxtəlif obrazların həyat hekayələrində, fərqli situasiyalarda canlandırılır. Ölü mətn Ustadı ayıltmağa çalışdığı kimi, oxucunu da oyanışa səsləyir.
Əsərin sonlarına doğru əski əlifbanın nəsildən-nəsilə ötürülməsi, qorunması, aydınların bu əlifba naminə məhv edilməsi, lakin əlifbanın yaşaması, onun əslində əski düşüncə, ənənə, keçmiş olduğu və unudulandan bəri yeni heç nə yaradılmadığı qənaəti vurğulanır. Azərbaycan nəsrində post sufi janrının ilk örnəyi kimi dəyərləndirilən romandan doğan qənaətə görə, “Ölü mətn” yalnız Ustadın deyil, bütövlükdə millətin mətnidir. Bu mətn hələlik oxunmasa da, millət canı, qanı bahasına onu qoruyub gələcək nəsillərə ötürəcəkdir.