“Bayraq hekayələr toplusu” çapdan çıxıb. TOPLUya 22 qələm sahibinin hər birinin bir hekayəsi daxil edilib. Hekayələrin əksəriyyətində əsas mövzu müharibədir. TOPLUnun hazırlanması və çapı “Bayraq günü” ərəfəsində olduğundan simvolik olaraq belə adlandırılıb. Ardıcıllıq müəlliflərin təvəllüdünə görədir. Tərtibçi redaktor Əli bəy Azəridir. Ramiz İsmayıl, Nizami Kolanılı, Əzizağa Elsevər, Dostəli Nərimanoğlu, Xuraman Zakirqızı, Aləm Kəngərli, Naibə Yusif, Damət Salmanoğlu, Həcər Paşayeva, Mahir Cavadlı, Ayaz İmranoğlu, Rəqibə Qəvvas, Zəhra Səfəralıqızı, Fərhad Əsgərov, Şiringül Musayeva, Xaliq Azadi, Sülhiyyə Musaqızı, Əli bəy Azəri, Nazilə Gültac, Namiq Zaman, Zaur Ustac və Aygün Sadiqin hekayələri daxil edilmiş 248 səhifədən ibarət toplunun oxucular tərəfindən maraqla qarşılanacağına ümidvarıq.
Qeyd:
10 noyabr 2022-ci il tarixdə saat 14.00-da AYB-nin Natəvan klubunda kitabın təqdimatı keçiriləcəkdir.
Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:
Salam olsun, dəyərli qələmdaşlar və çox dəyərli oxucular! Həmd olsun Uca Yaradana! Bugünkü söhbətimiz “Nə məsləhət verirsiniz?” sualına cavab olaraq qələmə alınmışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu suala əsasən gənc yazarlar və ya canında yazmaq həvəsi olub, bir türlü başlaya bilməyənlər, bir də hər şeyə maraqlı oxucular müxtəlif görüşlərdə, oxucu məktublarında cavab axtarırlar. Yazı, kitab aləmi haqqında bu cür şikayətlərlə dolu bir fonda ilk addımlarını atmağa tərəddüd edən gənc yazarlar kimi, eyni zamanda diqqətli oxucular da eyni suala cavab axtarışındadır. Qələm adamları “nədən yazım”, “necə yazım”, “necə başlayım”, “kimdən örnək alım” kimi suallara cavab axtararkən, oxucular da həmən-həmən ekvivalent “nə oxuyum”, “kimi oxuyum” kimi sualların cavabını arayırlar. İstənilən cavabı diqqətlə dinləyir və ya oxuyurlar. İnanıram ki, hamımız nə vaxtsa bu suallarla üzləşmişik. Şəxsən mənə gəlincə bu sual ətrafında şifahi olaraq dəfələrlə danışıb fikir bildirmişəm (bu mövzuda internetdə bir neçə variantda video material da var). Hətta o qədər təkrar-təkrar danışmışam ki, artıq danışdıqlarımı özüm də əzbərləmişəm. Sual aktual olduğuna görə və həm də bu günün, bu yaşımın fikirlərini qeyd etmək məqsədi ilə məlum sual ətrafında olan, dəfələrlə təkrarladığım fikirlərimi yazı şəklinə salmaq istədim. Keçək mətləbə.
Tarixə söykənməyən gələcək yoxdur və ya qol-budaqlı ağaca sağlam kök lazımdır düşüncəsi ilə adətən bu mövzuda olan söhbətlərimə ötən əsrdə qələmə alınmış Makulunun “Səttarxan” və müəllifinin kimliyinə belə ehtiyacı olmayan “Əli və Nino” kitablarını misal çəkməklə başlayıram. Müasir dövrümüzdən Aqil Abbasın “Dolu” sunu nümunə kimi təqdim edir və hələ elə də böyük auditoriyanın tanımadığı rəhmətlik Qələndər Xaçınçaylının “Güllə işığında” povesti, Əli bəy Azərinin “Hərbi Zəngilan”ı haqqında məlumat verirəm. Aydın məsələdir ki, danışanda müxtəlif sualları yazar üçün ayrı, oxucu üçün daha uyğun formada cavablandırmaq imkanı geniş olur. Çalışacağam ki, “Nə məsləhət verirsiniz?” sualına ümumi fikirlərimdə dəyişikliyə yol vermədən hər iki tərəf üçün yığcam və əhatəli şəkildə 22 mart 2022-ci il üçün olan qeydlərimi sizlərlə bölüşüm. Birinci onu bildirmək istəyirəm ki, fikirlər subyektivdir, əksini düşünənlərin fikrinə hörmətlə yanaşıram. İkinci yazıya “ondan xəbəri yoxdur”, “bundan xəbəri yoxdur” düşüncəsi ilə yanaşanlara xatırlatmaq istəyirəm ki, istər elektron, istərsə də ənənəvi qaydada ortalığa çıxmış nümunələrlə tanışam. Üçüncü hər hansı bir suala cavab verəndə istənilən şəxs elə örnəklərdən istifadə etməlidir ki, ən azından bu nümunə müsahibinə tanış olsun. Məsələn, Azərbaycan reallığında ağaclardan söhbət gedirsə, “palıd”, “qoz”, “nar” ağacları daha çox hamı tərəfindən tanınır, nəinki, “evkalipt” və ya “baobab”. Belə bir əhatəli girişdən sonra yazının əhatə edəcəyi dövrlər və meyar kimi götürülmüş kriteriyalar barədə də qısaca məlumat vermək istəyirəm. Çünki bu vacib məsələlərin mətləbə birbaşa dəxli var. Mənim sizlərə təqdim edəcəyim örnəkləri seçməmdə əsas meyarlarım faydalılıq, tanıtmaq və tanınmaq, özünə yer tutmaq bacarığı, müstəqil olmaq qabiliyyəti, ən əsası heç kimə, heç nəyə fikir vermədən yaxşıları öyrənib tətbiq etməklə öz işi ilə məşğul olmaq, daim axtarışda olmaq, təkmilləşmək, görünə bilmək, seçilməyi bacarmaq. Bu sadaladığım qabiliyyətlərlə seçilmək, fərqlənmək 1920-ci ilə qədər birinci, 1920-1990 ikinci və 1990-dan sonra üçüncü (bu dövrü də 1990-2000, 2000-2010, 2010-2020, 2020-dən sonra) dövr olmaqla olduqca müxtəlif tələblər və şəraitdə baş verdiyini unutmamalıyıq. Bütün bu bölgülərin fövqündə dayanaraq müxtəlif dövrlərin keşməkeşlərinə sinə gərərib indi də mətin addımlarla sıralarımızda addımlayn bir qrup müasirlərimiz olan qələm adamları var ki, onlar çağdaş ədəbiyyatımızın məhəng daşlarıdır.
DÖVRLƏR VƏ TƏLƏBLƏR HAQQINDA
1920-ci illərə qədər bizim qənaətimiz üçün əsas olan meyarlar keyfiyyət baxımından təxminən indiki (1990-cı illərdən sonra) kimi idi. Yəni yalnız öz şəxsi keyfiyyət və bacarıqlarınız (həm yaradıcılıq, həm də maddi baxımdan) əsasında uğur qazana bilərdiniz.
1920-1990-cı illərdə vəziyyət bir az fərqli idi. Beləki, yaradıcılıqda müəyyən korrektələr olmaqla demək olar ki, maddi problem yox idi. Yəni yaradıcılıq qənaətbəxş olduqdan sonra, maddi həllə yol tapmaq (təbii ki, bu məqamda da şəxsi keyfiyyətlər, bacarıqlar əsas amil olub) mümkün idi.
1990-lardan sonra baş verənlər çoxumuzun göz qabağındadır. Məncə ən qarışıq dövr 1990-2000-ci illər hesab olunmalıdır. Bu həm fürsətlər, həm də çətinliklər baxımından eyni dərəcədə əhəmiyyətlidir. Ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq üçün şəxsi keyfiyyətlər önəmlidir. Bu mövzuda söhbətə məsələyə dolayısı ilə aidiyyəti olan “utananın oğlu olmur” atalar sözü ilə nöqtə qoymaq istəyirəm.
2000-2020 zəngin təcrübə və püxtələşmə dövrü kimi səciyələnməlidir.
Ən maraqlı və real vəziyyəti əks etdirən dövr indi başlayıb (2020-ci ildən). Necə deyərlər, “bu meydan, bu şeytan”.
Birinci dövrə baxdıqda kimləri xatırlayırıq, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Nəriman Nərimanovu, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəyovu, Həsən bəy Zərdabini və b. Şərhə ehtiyac duymuram.
İkinci dövrün süzgəcindən keçib (birinci dövrlə əlaqəli şəxslər də daxil olmaqla) gələnlər; Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mir Cəlal, Mirzə İbrahimov, Süleyman Rəhimov, İsmayıl Şıxlı, Bayram Bayramov, İlyas Əfəndiyev, Cabir Novruz, Fərman Kərimzadə, Fikrət Qoca, o taylı-bu taylı Şəhriyar və b. Bu dövrün ortalarından və sonlarından ədəbi fəaliyyətə başlamış və çoxu bu gün də yaradıcılığını uğurla davam etdirən dövrlərin fövqündə dayanmış, çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız Bəxtiyar Vahabzadə (2009-cu ildə vəfat edib), İsa Muğanna (2014-cü ildə vəfat edib), Anar, Elçin, Çingiz Abdullayev yaradıcılığı Azərbaycan ədəbi irsində xüsusi yer tutur.
Çingiz Abdullayevi Azərbaycan ədəbi mühitində bu dövrlərin kəsişməsində möhkəm dayanaraq ədəbiyyatı cəmiyyətə, kitabı oxucuya qırılmaz tellərlə bağlayan mühüm fiqur kimi dəyərləndirmək lazımdır. Bu yöndə onun xidmətləri danılmaz və əvəzolunmazdır.
Bəxtiyar Vahabzadə, İsa Muğanna, Anar, Elçin və Çingiz Abdullayev kimi çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız örnək şəxsiyyətlərin üzərindən onların da içində olduğu üçüncü dövrə nəzər salsaq, Aqil Abbas, Akif Əlini, Sabir Rüstəmxanlı, Kamal Abdullanı, Yunus Oğuzu, Rəşad Məcidi, Elxan Elatlını, Varisi, Musa Ələkbərli, Səlim Babullaoğlunu, Vüqar Əhmədi, Azər Turan, Firuz Mustafa, Elçin Hüseynbəylini, Əli bəy Azərini, İlqar Fəhmini, Kənan Hacını, Sayman Aruzu, Fərid Hüseyni, Rövşən Abdullaoğlunu, Nicat Həşimzadəni, İntiqam Yaşarı görürük. Və təfərrüata keçməzdən əvvəl bir məqamı vurğulamaq istəyirəm. Necə ki, bu gün (22 mart 2022 – ci ildə) böyük əminliklə Çingiz Abdullayevi bir vaxtlar dahi Üzeyir Hacıbəyovun gördüyü işi ləyaqətlə və böyük əzmlə davam etdirərək ədəbiyyatla cəmiyyət, ədəbi-bədii yaradıcılıq məhsulu ilə kütlə-oxucu arasında möhkəm əlaqə, bağ yaradan şəxs kimi təqdim edirik, Rövşən Abdullaoğlu da eyni ilə gələcək nəsillər üçün bu vəhdəti qoruyacaq real namizəddir. Onun bu missiyanın öhdəsindən ləyaqətlə gələcəyinə inanıram. Xahiş edirəm ara-sıra bu tərz qeydləri oxuyarkən fiklərimizi əsaslandırıb, söykəndiyimiz meyarları unutmayaq. Mümkün qədər konkret və əhatəli izahatdan sonra “Nə məsləhət verirsiniz?” sualına cavab olacaq və yuxarıdakı qaydada əsaslandırılmış müasirlərimiz olan örnək yazarlar barədə danışmazdan əvvəl bir qeyd də etmək istəyirəm. Mənim yazdıqlarım tam subyektivdir. Və mən sadəcə fikirlərimi sizlərlə bölüşürəm. Bu heç vaxt məsləhət kimi qəbul edilməməlidir. Mən sualı eyni ilə eşitdiyim, oxuduğum kimi, mənə ünvanlanmış qaydada yazmışam. Ümumiyyətlə, bir şəxsin yaxınlıq və qohumluq, subardinasiya dərəcəsindən asılı olmayaraq digər şəxsə məsləhət verməsi qəbuledilməzdir. Bu ən yaxşı halda tövsiyə formasında ola bilər. Bu yöndə ən təqdirəlayiq hal örnək göstərməkdir.
ÇAĞDAŞ ÖRNƏK YAZARLARIMIZ:
Aqil Abbas – şair, yazıçı, siyasətçi. “Ədalət” qəzeti idarəçiliyindədir. Xalqla bağlı istənilən məsələyə söz adamı olaraq anındaca mövqe bildirir.
Sabir Rüstəmxanlı – şair, siyasətçi. Mövqe sahibidir. Nəzarətində nəşriyyat var.
Çingiz Abdullayev – yazıçı. Dünyanın müxtəlif yazar klub və dərnəkləri, nəşriyyatları ilə əlaqəsi var.
Yunus Oğuz – yazar, həm də “Olaylar” informasiya agentliyi və eyni adlı qəzet idarəçiliyindədir.
Varis (Varis Yolçuyev) – yazar, həm də “168 saat” qəzeti və digər mətbu orqanlarla, TV-lərlə birgə fəaliyyət göstərir.
Rəşad Məcid – şair, həm də “525-ci qəzet” idarəçiliyindədir. Bundan əlavə saytlardan, sosial şəbəkələrdən, TV-lərdən, müxtəlif internet kanallarından, bir sözlə fayda verəcək yazılı və görüntülü bütün dəstək variantlarından böyük ustalıqla istifadə edir.
Elxan Elatlı – yazar. Heç kimə, heç nəyə fikir vermədən öz işinə konsentrasiya olaraq fasiləsiz və nümunəvi fəaliyyət göstərir. Əsl müasir yazıçıdır.
Azər Turan – tənqidçi, publisist. Təyinatla “Ədəbiyyat qəzeti”nə rəhbərlik edir. Gücü çatdığı qədər bölgələrdə yaşayıb-yaradan yazarlar da daxil olmaqla bütün qələm adamlarına dəstək olmağa çalışır.
Musa Ələkbərli – şair, naşir. Bacardığı qədər yazarlara kitab işində dəstək olur.
Firuz Mustafa – nasir, dramaturq. Yazır yaradır.
Əli bəy Azəri – yazar, səlnaməçi. “Xəzan” jurnalı idarəçiliyindədir. Mümkün qədər ədəbiyyatımız, tariximiz üçün faydalı olmağa çalışır.
Səlim Babullaoğlu – şair, tərcüməçi. Kitabçılıq, tərcümə və tanıtım baxımından fəaliyyəti misilsizdir. ATV kitab – “Parlaq imzalar” layihəsi kimi dəyərli bir iş ortaya qoymuş şəxsdir.
İlqar Fəhmi – şair, yazıçı, kinodramaturq. Bir sözlə xalq üçün faydalı ola biləcək bədii yaradıcılıqla bağlı istənilən sahədə onu görmək olar.
Kənan Hacı – şair-publisist, mücadilə edir. Bir zamanların Sabiri, Hadisi kimi mücadilə aparır. İlk anlaşılmazlıqda vaz keçən gənclər üçün nümunə olacaq müasirimiz, çağdaş yenilməz qələm adamı.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, araşdırmaçı, səyyah. “Qədim Qala” nəşriyyatının qurucusu. Yorulmadan öz üzərində işləyən, təkmilləşən və öyrəndiklərini həyatına tətbiq edib, oxucusuna təlqin edən ən müasir, ən prespektivli çağdaş örnək yazarımız.
İntiqam Yaşar – şair, təşkilatçıdır. Həyatdan nə istədiyini bilir. Uğurları bol olsun!
Dəyərli oxucum, bu çəkdiyim misallar, gətirdiyim örnəklər sadəcə bir ipucu kimi dəyərləndirilməlidir. Müxtəlif yaş qruplarından olan, olduqca keşməkeşli həyat yolu keçərək uğura, misilsiz nailiyyətlərə imza atmış bu örnək şəxslərin həyat və yaradıcılıqları ilə tanış olmağınızda “Google” dostumuzun xidmətindən və kitabxanalardakı kitablardan istifadə edə bilərsiniz. Atalar yaxşı deyib: – “Gör, götür dünyasıdır.” Və inanıram ki, təqdim etdiyim bu “açar söz”lərdən istifadə etməklə özünüz üçün böyük imkanlar vəd edən geniş bir dünyaya qapı açmış olacaqsınız. Uğur bələdçiniz olsun. Bu yazının ancaq və ancaq bir məqsədi var faydalı olmaq. Vəssalam!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun!
22.03.2022. Bakı.
Qeyd:
Məqalə müxtəlif saytlarda dərc olunmaqla yanaşı müəllifin “Qələmdar-2” (məqalələr), Bakı , 2022. səh. 160-165. və “Seçilmiş əsərləri” (ikinci cild), Bakı, 2022. səh. 395-403. kitablarında da yer almışdır.
Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:
“XƏZAN” ədəbi-bədii jurnalının yeni (sentyabr-oktyabr, 2022) sayı çapdan çıxıb. Dərginin sözügedən sayı Əli bəy Azərinin redaktor guşəsində yerləşdirilən “Ədəbiyyatda QAZİ obrazı” məqaləsi ilə başlayır. Sıra sayına görə 43-cü hesab olunan 112 səhifəlik jurnalın yeni sayı da poeziya, nəsr nümunələri və publisistik yazılarla zəngindir.
Publisistika
Fərhad ƏSGƏROV – “Tələbkarlıq və ədalətli yol tutduqda”
Xaliq AZADİ – “İslam dünyasında elm və təhsil”
Mətanət DUYĞULU – “Polad ruhlu leytenant” (Şəhid Həmid Qasımovun əziz xatirəsinə)
Vaqif OSMANOV – “Qarğıdalı və qarpız” (xatirə-yumoreska)
Poeziya
Ələsgər TALIBOĞLU – “Dərələyəzdə”, “Gəlmişdim, gedirəm, ay ata yurdum”, “Çağırır”, “Ayın şirin gülüşü”, “Şad ol, könül”, “Necə əl çəkim”, “Qərib-qərib”, “Həsrətin dünən çağı”, “Nəyini sevmədim ki…”, “Yazıqlar olsun”, “Hər gün bir az da”, “Ayrılıq çiçəkləyib gözlərimdə” (şeirlər)
Hafiz ƏLİMƏRDANLI – “Qəsidə, rübai, qəzəl və məsnəvilər”
Dəyərli dostlar, “Xəzan” jurnalı hekayələr toplusu hazırlayır. Toplu müəlliflərin öz hesabına nəşr olunacaq.
Hekayələrinizi 15 OKTYABR 2022-ci ilədək göndərə bilərsiniz.
Elektron poçt ünvanı: 5750399a@mail.ru
Mövzu seçimində müəlliflər sərbəstdir, lakin mümkün qədər müharibə mövzusunu əhatə etmək tövsiyyə olunur.
QEYD: Əgər kiminsə dostu, qohumu QHT təmsilçisidirsə, əlaqə yaratsın, danışaq. Bildiyim qədər büdcədən QHT-lər üçün bu məqsədə pul ayrılır. İştrak edəcək və dəstək olacaq hər kəs tarix üçün vacib olan tərəfsiz ədəbiyyatın inkişafına xidmət etmiş hesab olunur.
QEYD-2: Ödənişlərinizi də (50 manat) həmin tarixədək edin. Hər müəllifə 4 kitab veriləcək. 5-ci kitab kitabxanalara paylanacaq.
Bütün iştirakçılara uğur arzulayıram!
Hörmətlə: Əli Bəy Azəri “Xəzan” jurnalının baş redaktoru.
Əli Bəy Azəri: – “Bu kitabı 2017-ci ildə tərtib etmişəm. Rəşid Bərgüşadlı, Nurəddin Ədiloğlu, Narıngül Nadir, Meyxoş Abdullah, Yaşar Bünyad, Şiringül Musayeva kimi əsərləri imzalarını məşhurlaşdırmış söz sərrafları kitabı göylərə qaldırdılar. Ayaz İmranoğlu, Camal Zeynaloğlu, Ramiz İsmayıl, Fərhad Əsgərov, Turac Hilal, Sona Əli, Rəfael Baratoğlu, Ülviyyə Niyazqızı, Aygün Sadiq və başqaları, hansı ki, dövrü dərgilərdə az-az çap olunurlar, dəyərli əsərləri ilə TOPLUya rəng verdilər. Onlardan bəzilərinin imzası daha görünmür. ZİYA ALAR! Bir nəfər isə aramızda yoxdur. NEMƏT BƏXTİYAR…”
YAZARLAR.AZadı çəkilən kitabın PDF variantını təqdim edir:
Bu gün səlanaməçi yazar, “Xəzan” jurnalının baş redaktoru, qazi Əli Bəy Azəri nin doğum günüdür! Bu şad günündə onu təbrik edir yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Əli bəy!
Bu gün (19.06.2022- Bakı şəhəri) ən yaxın çevrəsinin əhatəsində tanınmış şair Budaq Təhməzə “Ziyadar” Mükafatı təqdim edilib. Bir daha təbriklər, Budaq müəllim!
“XƏZAN” – 4 “XƏZAN” ədəbi-bədii jurnalının iyun (iyun, 2022) sayı işıq üzü görüb. Dərginin sözügedən sayı Əli bəy Azərinin redaktor guşəsində yerləşdirilən “Ədəbiyyat və yaltaqlıq” məqaləsi ilə təqdim olunur. Sıra sayına görə 41-ci nömrəsi hesab olunan 172 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir. Sayad Ramazanqızının “Qarabağ Azərbaycandır” məqaləsində doğma diyara sanki səyahət olunur. Vaqif Yusiflinin “Misralara süzülən sevgi nuru” məqaləsi şair-həkim Paşa Qəlbinurun 70 yaşına ərməğan edilib. Əli bəy Azərinin “Lalə İsmayıl yaradıcılığına ötəri nəzər” məqaləsində şairin yaradıcılığından söhbət açılır, “Günəş üzlü qadın”ın “Qara”sı” məqaləsi isə Narıngül Nadirin kitabı haqqındadır. Fərhad Əsgərovun “Qanun pozuntusundan korrupsiyaya gedən yol” aktuallığı ilə dövrümüzə uyğun ciddi mesajdır, aktual problemlərin həlli istiqamətində həyəcan siqnalı səsləndirir. İsgəndər Sadiqoğlunun “Yaddaşın ağır yükü” məqaləsi minlərlə insanın başına gətirilmiş repressiya damğasından bəhs edir. Məqaləni Məzahir İsgəndər jurnala hazırlayıb. İşıqlı Atalının “İnam Atanın özümləşmək dərsi” məqaləsi Asif Əfəndiyevin cəmiyyətin inkişafı, tərəqqisi istiqamətində tənqidi fikirləri əsasında hazırlanmış dəyərli yazı nümunəsidir. Arzu Heydərova “Ürəklərə qəm gətirən “Qəm yağışı”” məqaləsi ilə Xaliq Azadinin romanından bəhs edir. Ramiz İsmayıl “Nə yaxşı görüşdük” məqaləsində bölgədə yazıb-yaradan əslən Laçından olan şair Namiq Zamanın “Səni düşünürəm” şeirlər kitabından söhbət açır. Vüsal Ağyevin “Ölüm sevinməsin qoy” məqaləsi həyatdan nakam köçmüş bir ziyalı xanım haqqındadır. Poeziya bölməsində Məzahir İsgəndərin böyük Hüseyn Cavidə həsr etdiyi “Ağlayan məzar” poemasından bir parça verilmişdir. Eyni zamanda Özbək ədəbiyyatını görkəmli nümayəndəsi Abdukamal Rəhmanovun “Müstəqillik balladası” və “Dəyərlilik nəğməsi” irihəcmli poetik nümunələri oxuculara Şahməmməd Dağlaroğlunun tərcüməsində təqdim olunur. Bundan əlavə şairlərdən Şahməmməd Dağlaroğlunun, Əbülfəz Əhmədin, Lalə İsmayılın, Zeynalabdin Novruzoğlunun, Ələsgər Talıboğlunun, Mahir Diniyevin, Hafiz Əlimərdanlının, Namiq Zamanın, Bəxtiyar Abbas İntizarın, Zəhra Səfəralıqızının, Kirman Rüstəmlinin, Həsən Goranboylunun, Damət Salmanoğlunun, Budaq Təhməzin, Rəhman Bayramın, Əhməd Haqsevərin, Ceyhun Quliyevin, Məhəmməd Əlinin, Esmira Günəşin, Şəlalə Adilqızının, Qüdsiyyə Qüdsinin və Vüsal Ağanın müxtəlif səpkili şeir nümunələri jurnalda yer alıb. Nəsr bölməsində Həcərin “Vəsiyyət”, Zaur Ustacın “Psixoloqun qəbulunda”, Ramiz İsmayılın “Vicdan sancısı”, Pərvanə Bayramqızının “Ağ divara qara yazılar” hekayələri təqdim olunur. Ayaz İmranoğlunun “Müharibə hekayələri” silsiləsindən dörd hekayəsi və Akif İmanlının “Nəvələrimə hədiyyəm” yumorestik novellası da jurnalın bu sayında yer alıb. Oxucuların intizarla gözlədiyi 44 günlük Vətən Müharibəsindən bəhs edən Əli bəy Azərinin “Adsız döyüş” romanından 28 səhifəlik bir parça da jurnalın iyun nömrəsində oxucuların ixtiyarındadır. Dahilərdən kimsə deyib: “Jurnal bir şəhərdir!” Gözəl deyimdir. Bir bu qədər şair-yazıçının müxtəlif səpkili, məzmunlu əsərləri toplanmış jurnal allı-güllü, bərli-bəzəkli bir şəhərə bənzəməzmi?
Azərbaycan ədəbi mühitində bir canlanma müşahidə olunmaqdadır. Bu canlanma heç də ədəbi proseslərin sürətləndiyindən təsirlənən qələm əhlinin fəallığının göstəricisi deyil. Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayöncəsi bir növ hesabat xarakterli məruzələr ətrafında baş verən müzakirələr buna rəvac verir.
Mülahizələrim subyektiv görünsə belə, mənə görə, məruzələr arasında hələ ki ən diqqətçəkəni Azər Turanın “Janrın sərhədlərinə sığan və sığmayan mətnlər”idir. Göz önündə publisistikanın yaratdığı ədəbi həyatın al-əlvan çalarlarından ibarət gözəl mənzərə canlanır. Təkcə son yeddi ilin deyil, bəlkə də müstəqillik dövründən üzübəri publisistikanın həyatımıza necə daxil olmasını şərh etməyə ehtiyac yoxdur. Publisistika heç vaxt indiki kimi insan həyatında vacib rola malik olmamışdır. Müasir insanı bir an belə informasiyadan kənarda saxlamağın mümkünsüzlüyü həddinə gəlib çatmışıq.
Müəllifin böyük coşqu və həvəslə işləyib-hazırladığı məqalə-məruzədə diqqəti yönəltmək istədiyi heç də bu deyil. Azər Turan bu səpkidə ən başda duran Əli bəy Hüseynzadənin “Fürusəti-siyasət”indən danışır, qiymətli sənət əsərini Anarın “Yaşamaq haqqı” ilə müqayisələndirir. Qeyd edir ki, “Yaşamaq haqqı” nəinki haqqında danışmağa, eləcə də böyük bir dövrü və əsərləri onun ətrafında və işığında, onunla bağlantılı şəkildə təhlil etməyə imkan verən əsərdir. (Sitatın sonu).
Ədəbi mühitdə hamıya aydındır ki, Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin olunandan sonra qəzetin çapında nail olduğu inqilabi dəyişikliklə paralel, böyük bir işin də bünövrəsini qoydu. Rüstəm Kamal, Elnarə Akimova, Nizami Cəfərov, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, İradə Musayeva və başqa bu kimi ədəbi həyatımıza biganə qala bilməyən söz adamlarını ətrafına toplayaraq ciddi müzakirələrin aparılmasına start verdi, hansı ki, bu müzakirələr sayəsində bir çox mətləblərə aydınlıq gətirildi. Böyük auditoriyalar həmin müzakirələr nəticəsində üzə çıxmış materiallardan mənbə kimi bəhrələndi. Müzakirələr təkcə ədəbi sahəni deyil, bütövlükdə ölkə həyatını əhatə etməyə yönəldi. Müəllif özü bunu belə qeyd edir: “…”Ədəbiyyat qəzeti”ndə keçirilən müzakirə saatlarında təkcə ədəbiyyatımızın deyil, ümumən, fikir həyatımızın müxtəlif problemləri hər zaman diqqət mərkəzində olub. Ədəbiyyatın ən müxtəlif məsələlərini müzakirə etmişik. Amma biz bəzən bilərəkdən ədəbiyyat sferasından kənara adlamışıq, məsələn…”. Burada Azərbaycan Cümhuriyyəti tarixi, Repressiya dövrü, Kərkük və Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı barədə fikirlər söylənmiş, paralel və təhlillər aparılmış, həmin dövrlərin ədəbiyyatda öz əksini necə tapması barədə müzakirələr keçirilmişdir. Desələr də ki, ədəbiyyat siyasi həyata müdaxilə etmir, burda bir şirin yalan hiss etmək mümkündür. Çünki ədəbiyyatdan kənarda heç bir siyasət yoxdur, ədəbiyyat özü həyatdır, həyat isə həm də siyasətdən ibarətdir. Sözsüz ki, həyatımızın bütün dövrləri ədəbiyyatın vacib bölməsi olan publisistikada öz əksini çılpaqlığı ilə tapmalıdır.
Müəllif bugünkü baxımdan çox dəyərli hesab olunan məqaləsində bir çox mətləblərə toxunmuşdur. Publisistikanın genişliyindən və bu genişliyin imkan dairələrindən bəhs etmişdir. Bədii publisistika növündən söhbət açmış, esse ilə aradakı sərhədin mövcudluğundan, bəzən bu sərhədin elə asanlıqla “pozulduğu” məqamları incələmişdir. Əlbəttə ki, bu məsələ daha çox müəllifin əhatə etmək istədiyi mövzudan, onu necə qavramasından və ictimaiyyətə çatdıra biləcəyi peşəkarlıq səviyyəsindən asılıdır.
Azər Turan məruzə-məqaləsində hələ sovet dövründə baş tutmuş bəzi ədəbi hadisələrlə müstəqillik dövründə olanlar arasında paralellər qurmağa çalışır və ürək yanğısı ilə qeyd edir: “Müstəqillik dövrünün publisistikasında sovet dövründə yaranmış – Anarın “Dünya bir pəncərədir”, Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində”, Sabir Rüstəmxanlının “Ömür kitabı” səviyyəsində əsərlər yazılmadı. İndi tarixə 30 illik bir uzaqlıqdan baxanda böyük bir nəslin, daha doğrusu, Azərbaycanın müstəqilliyinə doğru axın edən nəslin, əsasən, bu üç kitabın şinelindən çıxdığını kim etiraf etməz?”. Olduqca doğru və obyektiv yanaşmadır. Hər hansı bir nəsil aparıcı missiyanı öz üzərinə götürmüş müdrik kitablardan bəhrələnməlidir, o əsərlərdən ki, müəyyən inkişaf yolundan nəticələr çıxarmış və gələcəyə istiqaməti müəyyənləşdirmək yolunda mayak rolunu oynayır.
Azər Turan daha bir məsələyə toxunur. Bunu, ədəbi proseslərin inkişafına “planlı təkan” da adlandırmaq olar. Madam ki, sovet dövrü ilə müstəqillik dövrünün bəzi müqayisəli təhlili məqalədə yer alıb, bunu da analiz etmək mümkündür. Sovet dövründə qələm əhli qarşısında müəyyən mənzərələr canlandırılırdı; kolxozçunun firavan həyat tərzi, işıqlı sabahlara addımlayan zəhmətkeş sovet ailəsi, əmək cəbhəsində yarışan mexanizatorlar, ölkəni ağ günə aparacaq “ağ qızıl” ustaları və s. Qələm əhli həmin məhdud çərçivədə manevr etmək imkanına malikdi. Əks halda onun əsərləri işıq üzünə həsrət qalacaqdı. İndi, müstəqillik dövrünün prizmasından yanaşsaq, həmin “planlı inkişaf”ı əvəzləyəcək ədəbi layihələr həyata keçirilir. Publisistikanın missiyası layihələr çərçivəsində həyatı canlandırmağa məhkumdu. Azad yazıçı çox zaman həmin layihələrdən kənarda qalır. Çünki layihə irəli sürən təşkilat, yaxud adam əvvəlcədən çəkəcəyi məbləği müəyyənləşdirdiyi kimi “öz qəhrəmanını” da planlayır. Nəticədə, göz önündə canlandırılan mənzərə qənaətbəxş olmur. Real nümunələr kifayət qədərdir. Hətta QHT-lər hesabına indiyə kimi “zəfərnamələr” silsiləsindən neçə-neçə kitab çap olunsa da, 44 günlük Vətən müharibəsini üzdə tutacaq əsl Zəfərnamə hələ yazılmayıb. Deməli, belə layihələrin xeyrindən çox, ziyanını görürük. Elə Azər Turanın da diqqət çəkmək istədiyi məqam budur.