“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin növbəti aprel-iyun 2022-ci il 4-cü sayı oxucuların görüşünə gəldi. Ədəbi ovqatımıza, ilahi söz zövqümüzə və sevgimizə rəng qatacaq bu sayımızda “Baş redaktordan” guşəsində 22 iyun Mətbuat günü ilə əlaqədar “Söz adamının ürəyi, vicdanı, cəsarəti və qələmi” köşə yazısı, nəsr bölməsində Adil Mirseyidin “Nostradamusun son peyğəmbərliyi” essesi, Fəxri Uğurlunun “Dul”, Zemfira Məhərrəmlinin “Beş saniyənin hökmü”, Terane Memmedin “Sevda gülü”, Meyxoş Abdullahın “Tarix müəlliminin etirafı”, “Komandirin yuxusu”, Zaur Ustacın “Növbətçi xəstə”, Miri Rəsulzadənin “Mehman”, Aqşin Ağkəmərlinin “Dost xəyanəti” hekayələri, poeziya bölməsində İbrahim İlyaslının, Saqif Qaratorpağın, Rəfail İncəyurdun, Mirzəcan Abdullayevin, Ülvi Bahadırın, Aida Adıgözəlin, Xaliq Rehimlinin, Osman Fermanoglunun, Nəzakət Məmmədovanın, Turac Hilalın, Şahruh Süleymanlının, Sevinc Məmmədovanın, Azad Ferhadoglunun, Baxtiyar Abbasov İntizarın, Xaliq Laçınlının, Elvin Firudinoğlunun, Mahcamalın, özbək ədəbiyyatından Gulzira Şaripovanın, Güney Azərbaycan şeirindən Aqşin Ağkəmərlinin, Əlirza Zihəqqin şeirlərı, Rafail Tagızadenin “Bizi bizə qaytaran yollar” essesi, Vaqif Osmanovun “Torpaq tökməsəniz Vətən yarama…” (Cavansir Qənbərin “And yerimiz Vətən” şeirlər kitabı haqqında düşüncələr) qeydləri, Təranə Turan Rəhimlinin “Abdulla Şaiq və türkçülük” elmi məqaləsi, dərc olunmuşdur. Oxucular ədəbi-bədii ovqatını maraqlı, məzmunlu nümunələrlə zənginləşdirə bilərlər. Müəlliflərə, həqiqi ədəbiyyatsevərlərə, eləcə də dərginin təsisçisi Rəfail Tağızadəyə, baş redaktoru Vaqif Osmanova, rəssamı rəssam şair Sehran Allahverdiyə uğurlar!
Dərgi həqiqi sözə xismət edənləri çap etməyə həmişə hazırdı.
Bu gün AYB-nin “Natəvan” klubunda Balayar Sadiq və Ülkər Nicatın şeirlərinin yer aldığı “Şəhid ətri” adlı şeirlər kitibanın təqdimatı keçirilib. Tədbirin gedişində eyni zamnda gənc sair Ülkər Nicatın “Gülümsə, Qadın” adlı şeirlər kitabı da oxuculara təqdim olunub.Təqdimatı giriş sözü ilə AYB-nin katibi Elçin Hüseynbəyli açdı və kitabın ərsəyə gəlməsində əməyi olanlara ugurlar arzuladı.
Sonra sözü tədbirə aparıcılıq edəcək AYB və AJB- nin üzvü, Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı,”Yurd”jurnalının baş redaktoru Balayar Sadiqə verdi.
Tədbirdə respublikamızın müxtəlif rayonlarından gəlmiş poeziya həvəskarları , Ülkər xanımın dil ədəbiyyat müəllimi Lənkəranın Şürük kəndindən gəlmiş Gülarə müəllimə, sevimli sairimiz Baba Vəziroglu, mügənni Manaf Agayev, şairlərdən Faiq Balabəyli, Qəşəm Nəcəfzadə, Fəxrəddin Teyyub, Vasif Süleymanov, Mehman Göytəpəli, Fazil Atəş, Ədalət Əroglu, Vüsal Ağa, Şəhid bacısı Maya xanım, Sevil Gül Nur(Yardımlı), Aysel Səfərli, Əli Əlibəyli (Neftçala), Muxtar Kətimzadə, Ziyafət Əsgərov, Rəfiqə İsaq, Arzu Heydərova, Nəcibə İlkin,” Yurd” jurnalının əməkdaşları və digər ziyalılarımız ürək sözlərini söyləyərək müəllifə və redaktora ugurlar diləmişlər. Rəssam Natiq Nəcəfzadə Ülkər xanımın portretini ona hədiyyə etmişdir.
Sonda “Yazarlar”jurnalı adından klassik irsimizin təbliğində fəal iştirakına görə şair Balayar Sadiqə “Nizami Gəncəvi” diplomu və Ülkər Nicata isə “Ziyadar” Mükafatı təqdim olundu.
Tədbir iştirakçıları səmimi keçən ədəbi məclisdən xoş təəssüratlarla ayrıldıqlarını bir daha vurğulayaraq, xatirə şəkilləri çəkdirdirdilər:
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
Azər Turan “Səməd Behrəngi” adına mükafata layid görülüb. Mükafat bu gün AYB sədri, Xalq yazıcısı Anar tərəfindən tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi. “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana təqdim olunub.
YAZARLAR olaraq, AZƏR müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Azər müəllim!
Respublikamızın tanınmış təhsil işçisi ADPU-nun “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedrasının dossenti, pedaqoqika üzrə fəlsəfə doktoru Abdullayev Atəş Abdulla oğlu 1942-ci il iyunun 20-də Göyçay rayonunun Qaraman kəndində anadan olmuşdur. 1960-cı ildə Qaraman kənd orta məktəbini, 1964-cü ildə ADPU-nun (V.İ.Lenin adına APİ-nin) ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirmişdir. 1974-77-ci illərdə ADPU(APİ-nin) Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının aspiranturasında (qiyabi şöbə üzrə) oxumuş, 1981-ci ildə pedaqoji elmlər namizədi, 1990-cı ildən dosentdir. Əmək fəaliyyətinə ilk dövürlərində 1964-1970-ci illərdə İsmayıllı rayonunun Qalıncaq və Qubaxəlilli kənd orta məktəblərində müəllim və direktor müavini vəzifəsində işləmişdir.
1970-1971-ci illərdə Azərbaycan MTİ-də metodist; 1971-1984-cü illərdə Maarif Nazirliyində metodist, inspektor, şöbə rəisi; 1984-86-cı illərdə Azərbaycan Mərkəzi MTİ-də tədris-metodik işlər üzrə direktor müavini; 1984-1990-cı illərdə Azərbaycan ETPEİ-də şöbə müdiri, 1990-1999-cı illərdə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda dosent və fakültə dekanı, 1999-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda prorektor; 2006-2016-cı illərdə Təhsilin idarə edilməsi və Pedaqogika kafedralarında dosent işləmişdir. 1916-cı il tarixindən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti olmuşdur.Qabaqcıl maarif xadimi,SSRİ maarif əlaçısı,AR-nın Qabaqcıl təhsil işçisi,Akademik M.Mehdizadə mükafatı laureatıdır.
A.A.Abdullayev 22 kitab , 25 adda elmi-metodik, 50-dən artıq elmi məqalənin müəllifidir.
Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözən, dözümlu insan üçün olur Allahın məhəbbəti və mərhəməti. Bax, belə bir məhəbbət və mərhəmət payından şükürlü olan, Allahına sığınan bəndəyə düşən pay:- Elm öyrənib öyrədən, üç qız övladı böyüdüb ərsəyə yetirən Ata, Kəbə evini xanımı və övladı ilə birlikdə ziyarət edən inanclı İnsan olan Atəş müəllim Haqq dünyasına qovuşmuşdur.
Bu gün 80 illik yubileyi döğmaları,onu tanıyan,onunla bir yerdə çalışan həmkarları tərəfindən onsuz qeyd olunur.
Görkəmli alim, tanınmış pedaqoq və səmimi insan Abdullayev Atəş Abdulla oğlunun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
ADPU-nun ETM-nin elmi işçisi, Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi Layihəsi üzrə Milli məsləhətçi, Əməkdar müəllim. Akademik M.Mehdizadə mükafatı laureatı.
Bu gün (19.06.2022- Bakı şəhəri) ən yaxın çevrəsinin əhatəsində tanınmış şair Budaq Təhməzə “Ziyadar” Mükafatı təqdim edilib. Bir daha təbriklər, Budaq müəllim!
Çağdaş Azərbaycan ədəbiyyatında imzalar içində imzası ilə seçilən şair dostum, eloğlum Valeh Heydəri ötən əsrin səksəninci illərindən tanıyıram. O vaxtlar Valeh rayonumuzda rəhbərlik etdiyim “Ümid” Ədəbi Klubanda mənim diqqətimi çəkən istedadlı gənclərin sırasında özünəməxsus yazı üslubu ilə fərqlənməkdə idi. Valehin o vaxtlar mənim xeyir-dualarımla yerli və mərkəzi mətbuatda, rayonun işğalı ərəfəsində isə “Gənclik” nəşriyyatında çap etdirdiyimiz “Xudafərin nəğmələri” almanaxında şeirləri dərc edilmişdi. Cəbrayıl rayonu,-dünyaya göz açdığı Karxulu kəndi işğala məruz qalanda əvvəlcə Sabirabad rayonunda, dörd ildən sonra isə Bakının Bülbülə kəndinə üz tutub orada müvəqqəti olaraq məskunlaşmışdı.
O, keçmiş Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət Universitetinin) məzunudur. Ən başlıcası isə paytaxta yaxın bir ərazidə məskunlaşmağı onun qarşısında geniş yaradıcılıq üfüqləri açdı və ədəbi aləmə tezliklə uyğunlaşmağı bacardı. Səsi-sorağı çeşidli ədəbi məclislərdən eşidilməyə, şeirləri mərkəzi qəzet-jurnallarda, müxtəlif adlar altında nəşr olunan almanaxlarda,-o cümlədən rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin xəttiylə bu yaxınlarda çap olunan “Ruhumuzun yaz havası” almanaxında dərc olundu. 2009-cu ildə işıq üzü görən “Sonsuz təsəlli-sonlu ömür” adlı ilk şeirlər kitabının sevincini yaşadı. Ötən il isə, nəşr etdirdiyi “Hamı bunu bilməli” adlı təmsillər toplusu ilə ədəbi aləmə ötəri bir həvəsin təhriki ilə gəlmədiyini bir daha sərgilədi. Sözügedən bu kitabda yer alan təmsillər (Mənim şəxsi fikrimə görə bu əsərləri həm təmsil, həm də mənzum nağıllar adlandırmaq olar.) böyüklərdə dərin maraq doğurmaqla yanaşı, uşaqlara, yeniyetmə və gənclərə nəcib hisslər, yüksək əxlaqi keyfiyyətlər aşılamağa qadirdir.
Ömrünün altmışıncı baharına doğru addımlayan, bir ay qabaq Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan şair dostum-istəkli eloğlumun bundan sonrakı vaxtlarda da yeni əsərləri ilə hamını məmnun edəcəyinə ürəkdən inanıram. Uğur olsun!
ÇİÇƏKLƏR, DAĞLAR … və XUDAYAR DASTANI (Zaur Ustac sözünün sehrində) Şairlər çiçəklərə, güllərə sevgi dolu şeirlər həsr edərlər. Əsrlər boyu bənövşə, lalə, qərənfil, qızılgül poeziyamızın əbədi obrazlarına çevriliblər. Qurbaninin «Bənövşə»si yüzlərlə bənövşələrin şeirimizdə ətirli sərgisinə dönüb, «Heç yerdə görmədim düz bənövşəni» deyib ustad. Xətai qızılgülü candan əziz tutduğu sevgilisinə bənzədib: «Qızılgül, bağü-bustanım, nə dersən, Fəda olsun sənə canım, nə dersən?». Xan qızı Natəvan qərənfili çiçəklərin ən gözəlinə bənzədib, qərənfillər 20 Yanvar faciəsi günləri bütün Azərbaycanı matəm çiçəkləri kimi bəzədilər: «Qərənfil, şəhid qanı, Ağla, qərənfil, ağla». Lalə isə çöllərimizinn, düzlərimizin qırmızı xalısı kimi hamımıza gözəllik bəxş edirlər, Rəşidin mahnısında yaşayır o lalələr. Şair Zaur Ustac da çiçək sevgilərini şeirlərində dönə-dönə vəsf edir. Onun poeziyasında güllərin, çiçəklərin ayrıca bir hüsnü, lətafəti var- bu güllər, çiçəklər insan qəlbinin təbiətlə vəhdətini əks etdirir. İnsan niyə gül-çiçək aşiqidir, niyə bənövşə ilə həmdərddilər, niyə laləyə – onun gözəlliyinə baş əyirlər, niyə qızılgülləri sevgililin gözəlliyi ilə bir tuturlar? Bu milli-mənəvi dəyərlərimizin bir kriteriyası deyilmi? Poeziyamızda insan-təbiət paraleli – insanda təbiəti, təbiətdə insanı təcəssüm etdirmək klassik poeziyanın da, müasir şeirimizin də aparıcı bir xəttinə çevrilib və bu missiyanı həyata keçirmək Zaur Ustaca da həvalə olunur. Zaur Ustac «Ağçiçəyim» və «Şehçiçəyim» şeirlərində özünün çiçək sevgisini mütləqləşdirir. Əslində, o, bu çiçəkləri vəsf edirkən, metaforik bir üsula əl atır- əslində, onun vəsf etdiyi çiçəklər gözəlliyin özüdür, təbiətin gözəllikdə təcəssümüdür. Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağçiçəyim! «Şehçiçəyim» şeirində isə həm təbiətin bu nadir çiçəyinin-bu canlı gözəlliyin tərənnümü ilə qarşılaşırıq, həm də bu çiçəyin bir sevgili timsalına döndüyü ifadə olunür. Tacısan dünyamda tum çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim… Sehrinə düşmüşəm nur ləçəklərin, Əqli başdan alan zər Şehçiçəyim… Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönü, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim. Bir kərə, bir anlıq olsa da vüsal, Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə də, gəl qoynuna al, Həsrətlə yaşamaq, zor Şehçiçəyim… Çiçəklərə sevgi «İnci, qərənfil» şeirində başqa bir məna kəsb edir. «Ağçiçəyim» və «Şehçiçəyim»də gözəlliyə vurğunluq hissi ön plana keçirsə, «İnci, qərənfil»də məhzunluq, çiçəyin halına acımaq duyğusu ilə qarşılaşırıq. Bu da heç şübhəsiz, 20 Yanvar qərənfillərinin təəssüratından irəli gəlir. Olsan da bu işdə ən son müqəssir, Gəl, məndən incimə, inci qərənfil. Utanc çiçəyisən, utanc çiçəyi, İstəsəın lap məndən inci, qərənfil. Şeirdə inci sözü iki məna daşıyır, həm ən bahalı zinət (inci), həm də incimək sözünün kökü (incimək, küsmək) kimi. Şair niyə qərənfilə «qaxınc çiçəyi» deyir? Bəlkə də bu deyimlə razılaşmamaq olar, amma bu «həya örpəyi»nin şəhid qəbirlərinə düzülməsi onu mütəəsir edir. Nəhayət, çiçəklərə sevgi onun «Matah çiçək» şeirində daha bariz nəzərə çarpır. «Matah» sözü burada sırf müsbət mənada işlənir və bütün çiçəklərə aid olur: Əzəldən ağ çiçək dedim, Cəzbində Şehçiçək dedim, Gözlədim, Balçiçək dedim, Bərzəx ruha dağ, çiçəyim, Ay mənim matah çiçəyim. Zaur Ustacın dağlara həsr etdiyi şeirlər də insan-təbiət vəhdətini əks etdirir. «Dağlar» şeiri «Ruhuna min rəhmət, Dədə Ələsgər» epiqrafI ilə başlayır və hiss olunur ki, bu qoşma ustadın poetik ənənəsini davam etdirmək cəhdindən yaranıb. Zaur Ustac təbiətin – gül-çiçəyin zərifliyindən onun zirvəsinə-dağlara yol alır. Amma bu şeirdə Dədə Ələsgər ruhu dolaşsa da, Zaur Ustac dağlara müasir bədii təfəkkürlə yanaşır. Nədəndi, ürəyim çırpınır yenə, Gördükcə hüsnündə məlalı, dağlar?! Yağı cövlan edir, dağıdır yenə, Qoynunda büsatı, cəlalı, dağlar! Dünya belə qalmaz, dəyişər zaman, Yenə dövran olar, həmənki dövran, Bulaqlar başında məclislər quran, Oğullar ərsəyə gələli, dağlar! «Dağlar» adlı başqa bir şeirdə isə kövrəklik notları qürur hissləri əvəz edir. Artıq işğalda olan dağlar da azad olunub. Və şair Azərbaycan tarixinin zəfər dolu səhifələrini yada salır: Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını Dəmirdən yumruğun mübarək, dağlar! Təbiətin adicə bir yarpağı da şeirə gələ bilər və Zaur Ustac «Yarpaq və torpaq» şeirində Yarpağın və Torpağın obrazlarını yaratmaqla maraqlı bir şeir ərsəyə gətirmişdir: Bizə can verənin canın almayaq, Bu iki aşiqin yolun burmayaq, Yarpağı torpağa həsrət qoymayaq, Yarpaq elə torpaq, torpaqdır yarpaq. Zaur Ustac bu günün, yaşadığımız gerçəkliklərin şairidir. Biz onun güllərə, çiçəklərə, dağlara həsr elədiyi şeirlərlə söhbətə başladıq.Yəni şairin zəriflik, kövrəklik hisslərinin təbiət gözəllikləri ilə necə qaynaqlandığını nəzərə çarpdırdıq. Amma Zaur Ustac bir-birindən fərqli müxtəlif mövzularda şeirlər yazır. Bu şeirlərin bir qismi vətənpərvərlik, yurdsevərlik motivləri üzərində köklənib. Onun Mübariz İbrahimova, Polad Həşimova, İlqar Mirzəyevə həsr elədiyi şeirlər bu Milli Qəhrəmanlarımıza poeziyanın bir az hüznlü, amma daha çox qürurla söylənilən xitablarıdır. «Can ay ana» şeində şair Polad Həşimovun anasının oğlunun məzarı önündə düşüncələrini təqdim edir. «Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var». Onun İlqar Mirzəyevə həsr elədiyi bir neçə şeiri var və bu şeirlərin hər birində qəhrəmanlığın tərənnümü ilə qarşılaşırıq: Hər şey belə başladı, Gülə-gülə getmişdin. Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin. Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın. Özün getdin yuxuya, Milyonları oyatdın. İkinci Qarabağ müharibəsinin dillərdə dastan olan qəhrəmanlarından biri də Xudayar Yusizadə idi. Ölümündən qabaq Xudayar sözləri Əliağa Vahidin olan bir mahnı oxuyur. İndi bu mahnı-təsnif «Xudayar təsnifi» adlanır. Zaur Ustac Xudayar haqqında sonetlər çələngi düzüb-qoşub. Sonetlər çələngi düzüb-qoşmaq şairdən istedad tələb edir, gərək bu şeir növünün formal tələblərinə əməl edəsən, həm də on beş sonetdə məzmunu, irəli sürdüyün qayəni, məqsədi sonadək eyni ardıcIllıqla davam etdirəsən. Hər sonetin axırıncı misrası sonrakı sonetin ilk misrasına çevrilir və axırda-on beşinci sonetdə yeni bir sonet yaranır. Fikir tamamlanır. On beşinci soneti (italyan soneti formasında) sizə təqdim edirik: Xudayar çağırdı anan adını, Şəfqətlə əyilib öpdü üzündən. Səni məhəbbətlə bağrına basdı, Oğul ətri gəldi kövrək sözündən. Böyüdün həyatda ər oğlu ərtək, İstədin yurddaşın olsun bəxtiyar. Qarabağ uğrunda gedən savaşda, Adını tarixə yazdın, Xudayar. Şəhidlik köynəyi geydin əyinə, Düşməni almadın heç vaxt eyninə, Qartaltək uçduğun zirvəyə döndün. Səsindən qələbəətri ələndi, Zəfər sevincinə torpaq bələndi, Vətəndə əbədi nəğməyə döndün. Bu yazıda Zaur Ustacın bir sıra şeirlərinin adını çəkə bilərik ki, bu şeirlər onun fərdi üslubu barədə müəyyən təsəvvür yaradır. Fikrimizcə, onun təbiətə, onun ayrı-ayrı fəsillərinə və gözəlliklərinə həsr etdiyi şeirlər daha uğurludur. Hiss olunur ki, Zaur Ustac təbiəti yaxşı duyur, təbiətlə insan akrasındakı vəhdəti də şeirlərinə gətirir. Onun Ali Bavş Komandan İlham Əliyevə, üçrəngli bayrağımıza həsr etdiyi şeirlər də poetik baxımdan sanballıdır. «45» şeirlər kitabında toplanan sevgi şeirləri barədə də xoş sözlər söyləməfk olar, belə ki, Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır. Bu şeirlərin birində onun sevgiyə, sevilən qadına, gözəl qadına münasibəti dolğun şəkildə öz ifadəsini tapır: Gözəl sima, heç gözəllik deyildir, İncə bədən, heç incəlik deyildir, Zərif tellər, heç zəriflik deyildir, Gözəl insan, sən daxilən gözəılsən! «Bütöv Azərbaycan» qəzetində (6 may nömrəsində) Zaur Ustacın yeni şeirləri ilə tanış oldum. «Elə ad verin ki, bəxti yar olsun!!!» şeirində üzünü atalara tutub deyir ki, qız uşaqlarınız dünyaya gələındəonlara uğurlu adları əsirgəməyin, «Ya Humay çağırın, ya Sona deyin, Elə ad verin ki, bəxti yar olsun!». Rəşad Məcidə ünvanladığı «Ağ adam» şeirində Ağdam və Ağcabədi adlarının kökünə varır. Vaqif Mustafazadəyə həsr etdiyi və ingilis soneti formasında yazdığı şeiri də Vaqifin sənətkar portretini yaratmaq mənasında uğurludur. Və biz Zaur Ustaca belə gözəl şeirlər yazmaqla yolunu davam etməyi arzulayırıq!
Elmi mübahisələr: mülahizələr, qənaətlər IV yazı AZƏRBAYCAN UŞAQ ŞEİRİNDƏ SƏRLÖVHƏ-ADLAR SİSTEMİ (Zahid Xəlilin və Zaur Ustacın yaradıcılığı nümunəsində) 1. GİRİŞ Məlumdur ki, hər hansı ədəbiyyat nümunəsi ilə tanışlıq əsərə verilən addan başlanır. Hər hansı film baş qəhrəmanın adı ilə, doğulan körpə valideynin övladını çağırdığı adla tanındığı kimi, – bədii əsər də yazıçının övladıdır – müəllifin ona qoyduğu adla tanınır, kataloqlara bu adla düşür, yaddaşlara bu adla həkk olunur. Uğurlu alınan əsər onu yazanın vizit kartına çevrilir. Bu üzdən qələm sahibi səy göstərir ki, əsərini adlandırdığı ad (sərlövhə, başlıq) Azərbaycan dilinin qrammatik qanunauyğunluqlarına uyğun, leksik-semantik cəhətdən məzmunlu və mənalı, bitkin, ürəyə və dilə yatımlı, asanlıqla yaddaqalan, qavranılan olsun. “Kitabi-Dədə Qorqud”da “Dirsə xanın oğlu Buğac boyu”nda adqoydu problemi ilə bağlı məqamı xatırlayaq. Dədə Qorqud xan oğlu Buğacı səciyyələndirən cəhətləri bir-bir sadalayır və sonda yeniyetməyə Buğac adı qoyduğunu bəyan edir: “Adını mən verdim, yaşını Allah versin” söyləyir. Tədqiqatçılar, xüsusilə dilçi alimlər adlar sistemi ilə əlaqəli araşdırmalarında bəzi nüansları nəzərdən qaçırıb mövzuya “Xüsusi adlar” mövqeyindən yanaşaraq əsasən insan ad və soyadlarının tədqiqinə yer verirlər. Belə tədqiqat işlərinə nümunə olaraq professor Həcər Hüseynovanın “Mir Cəlalın bədii əsərlərinin linq vo poetik xüsusiyyətləri” (Bakı-ADPU-2018) və “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin üslubi-linqvistik xüsusiyyətləri” (Bakı-“Elm”-2001) monoqrafiyalarını, “Bədii əsərlərdə onomastik vahidlərin rolu” dərs vəsaitini (Bakı-2017), eləcə də “Mir Cəlalın bədii əsərlərinin leksik-semantik xüsusiyyətləri haqqında” məqaləsini (“Onomastika” jurnalı, №2, Bakı-2007), H.Həsənovun “Adlar tarixin, xalqın milli nişanəsi kimi” (Bakı-2002), Q.Mustafayevanın “Onomastik vahidlərin üslubi linqvistik xüsusiyyətləri” (Bakı-2001), Ceyhunə Hüseyn qızı Hüseynovanın “Mehdi Hüseynin romanlarında antroponim və toponimlərin linqvistik xüsusiyyətləri”. Avtoreferat. (Bakı-2017), Nəbi Əsgərovun “Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri” (Bakı-1999) əsərlərini və digərlərini göstərmək olar. Ancaq bütün tədqiqatlarda unudulur ki, insan ad və soyadlarından savayı gül-çiçək, dağ-dərə, orman, bir sözlə, təbiət və təbiət hadisələrini əks etdirən (və s.) adlar da var ki, bu rubrikadan təqdim etdiyimiz “Ədəbiyyatda surət və obraz (fərqli baxış)” adlı II yazımızda “surət” və “obraz” istilahlarını fərqləndirmiş, bu qism istilahların a) insandan bəhs edildiyi halda “surət”, b) digər canlılardan, təbiət və təbiət hadisələrindən (və s.) bəhs edildiyi halda isə “obraz” anlamında təsnifatlandırılmasını məqsədəuyğun bilmişik. Bu mənada, adlar sisteminin təsnifatlandırılmasında da fərqli yanaşma tələbi meydana çıxır. Belə ki, bir var əsərin özünə verilən ad (jurnalistikanın qəbul etdiyi “sərlövhə” (“başlıq”) istilahı, bir də var hər hansı əsərdəki surət (insan adları) və obrazlar (gül-çiçək, dağ-dərə, orman, bir sözlə, təbiət və təbiət hadisələrini (və s.) təqdim edən adlar). Bu üzdən “adlar sistemi”nin də iki yönümdə təsnifatlandırılmasının məqsədəuyğun olduğu və aşağıdakı şəkildə adlandırılması qənaətindəyik: a) əsərin özünə verilən adlar – “sərlövhə-adlar sistemi”, b) hər hansı əsərdəki surət və obrazlara verilən adlar – “obraz-adlar sistemi”. Bu da unudulmamalıdır ki, sərlövhə-adlar problemi heç də əsərdəki surət və obraza verilən addan (“obraz-adlar”dan) az önəm daşımır, əksinə, bəlkə onu üstələyir də. Əbəs deyil ki, Homer adı cəmiyyətdə “tanıma, fərqləndirmə nişanı” qismində dəyərləndirir [4. s.112]. Professor H.Hüseynova bədii əsərlərdə sərlövhə-adlar sistemindən bəhs edərkən yazır: “Hər bir əsərə verilən ad da sözdür. Bu söz adi söz deyil, poetik sözdür – yazıçının sözüdür. Bədii əsərə verilən ad əsərin çox mühüm komponentlərindən biridir… Oxucu birinci növbədə sərlövhə ilə tanış olur” [5. s.285] … “onomastik vahidlərin işlənmə zənginliyi əsərə bədii vüsət verir, müəllifi qələminin qüdrətini göstərən vasitəyə çevrilir” [5. s.289]. “Əsərin başlığı yazıçının oxuculara dediyi ilk sözdür” [3. s.56] … “Hansı əsərdə olur-olsun, oxucunun ilk təsadüf etdiyi, ilk dəfə üz-üzə gəldiyi məsələ, mətləb sərlövhədir. Əsərin məzmunu ilə tanışlıqdan əvvəl oxucu sərlövhə ilə, əsərin adı ilə tanış olur. Əsərin adı insanın adı qədər mənalı, mühüm və vacibdir. Sənətkar əsərinə təsadüfi ad seçmir. Sərlövhə adın, əsərin məzmunu, ideyası, daxili münasibətləri ilə əlaqəli götürülür”[3. s.455]. Klassik ədəbiyyatda şeir adlarına (sərlövhələrə) diqqət yetirək: “Ana və poçtalyon”, “Çapayev” (xalq şairi Süleyman Rüstəm), “Azərbaycan”, “Vaqif” (xalq şairi Səməd Vurğun) “Yenə o bağ olaydı (Mikayıl Müşfiq), “Qaytar ana borcunu”, “Pillələr”, “Səfərdən sonra”, “Qayıt”, “Ölüm sevinməsin qoy” (Əli Kərim), “Göy üzünə yazılan şeirlər” (Abbas Abdulla)… Məqalədə əsərə verilən addan, başqa sözlə, Azərbaycan uşaq şeirindəsərlövhə-adlar sistemindən, bədii əsər adının (sərlövhəsinin, başlığının) hansı prinsiplər əsasında müəyyənləşdirilməsi məsələlərindən və uşaq şairləri Zahid Xəlil ilə Zaur Ustacın şeirlərində bu qanunauyğunluqların necə gözlənildiyindən bəhs olunur. 2. ARAŞDIRMA Tədqiqatçı Adil Bağırov əsərə ad qoyulması problemindən bəhs edərkən yazır: “… bədii əsər adları çox zaman rəngarəng, özünəməxsus leksik-semantik və qrammatik xüsusiyyətləri ilə xarakterizə olunan xüsusi adlardan biridir. Bu adların toplanması və elmi-linqvistik şəkildə tədqiqi ktematonimlərin öyrənilməsi və mahiyyətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə bədii əsər adları onomastik tədqiqatın daim diqqət mərkəzində olmalıdır” [2. s.10-16]. Yəhya Seyidov bədii əsərə ad qoyulmasını yaradıcılıq işi səviyyəsində qiymətləndirir [8. s.487]. Afad Quirbanov əsərə ad müəyyənləşdirilməsi işində bir neçə halın gözlənilməsinin zəruriliyi qənaətindədir. Hansılardır bu prinsiplər: 1 – ad bədii əsərin ideyasını özündə əks etdirməlidir; 2 – anlaşılan olmalıdır; 3 – milli (Azərbaycan) istilahları əsasında yaranmalıdır; 4 – əsərin mahiyyətindən doğmalı, məzmununu ifadə etməlidir; 5 – milli xarakter daşımalıdır və s. [7. s.440]. Tibb elmi haqqında belə bir mülahizə var: düzgün dioqnoz müalicənin yarısıdır. Bizim də qənaətimizə görə, əsərin adının, təqribi olsa belə, öncədən yəqin edilməsi əsərin başlıca istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Başqa sözlə, bədii əsərə öncədən ad qoyulması nəticəsində əsərin başlıca ideyası, ana xətti, hər kəsdən əvvəl, müəllifin özü üçün aydınlaşmış olur, yazılma prosesinin taktiki hədləri müəyyən edilir. Y.Seyidov bu problemə belə münasibət bildirir: “Əsərlərin əksərinin adları əvvəlcədən, yəni mövzu seçilərkən, əsərin əhatə dairəsi, planı yazıçının təxəyyülündə canlanarkən meydana gəlir, təxminən əsərin yaranmağa başlaması ilə eyni ana düşür və kağızda ilk söz olur. Belə adlar, fikrimizcə, daha uğurlu, bədii yaradıcılıq məhsulu olur. Bu vaxt ad nisbətən asan tapılır. Əslində onu axtarmaq lazım gəlmir, o, kəşf olunur” [8. s.487]. Biz də bu qənaətdəyik ki, bədii əsərə verilən ad (sərlövhə, başlıq) özlüyündə yığcam, lakonik olmalı, əsərin ideya və məzmununa xidmət etməli, bir, iki, ən çoxu üç-dörd kəlmədən ibarət olub əsərin məzmun və mövzusunun aydınlaşmasına istiqamətlənməli, bitkin bir fikir ifadə etməlidir. Bu isə özlüyündə yazıçıdan poetik duyum, az sözlə çox fikir ifadə etmək səriştəsi tələb edir. Xüsusilə uşaq ədəbiyyatında. Uşaqlar üçün kiçik ölçülü və kiçik həcmli əsərlər xüsusi önəm daşıdığı kimi, əsərə uşaq psixologiyasına uyğun kiçik ölçülü və mümkün qədər az sözdən ibarət ad qoyulması işi də vacib şərtlərdəndir. Ona görə ki, ad hər nəsnədən əvvəl bədii əsərin vizit kartıdır, başqa sözlə, mütaliə edəcəyi əsər haqqında ilkin təqribi anlatmanı oxucu əsərə qoyulan ad vasitəsi ilə alır. Elə yazıçı var ki, əsərin adını müəyyənləşdirmədən mövzunu işləməkdə çətinlik çəkir. Beləsi üçün əsərin adı bir növ süjet xəttinə giriş etmək üçün bir vasitədir. Elə qələm sahibi də var ki, əsəri tamamladıqdan sonra onun adı (sərlövhəsi) barədə düşünməyə başlayır. Ancaq bütün hallarda əsərin adı az sayda və kiçik ölçülü sözlərdən ibarət olmalı, oxucunu, qismən də olsa, əsərdə nələr baş verəcəyinə istiqamətləndirməlidir. Bu məziyyətlər nəzərə alınaraq uşaq şeirlərinə qoyulan adlar mənaca dolğun və aydın metodoloji əsasa malik olub rahat başa düşülməli, qısa, oxunaqlı, tez yaddaqalan və asanlıqla qavranılan olmalıdır. Bu mənada S.Krijijovskinin mülahizələri xüsusi diqqət çəkir: “Ad papaq yox, başdır ki, onsuz bədənin varlığı qeyri-mümkündür” [10]. Sovetlər zamanında nəşr olunan “Комсомольская правда” qəzetində çapa gedən materialların sərlövhəsini təsdiq etmək, yaxud dəyişdirmək səlahiyyətində olan xüsusi ştat vahidi var idi. Bu vəzifə sahibi qəzetin nəşrə hazırolma ərəfəsində, məsələn, gecə saat 12-dən sonra redaksiyaya daxil olur, məqalələri bir-bir oxuyub məsləhət bildiyi yazının sərlövhəsini mövzuya uyğun dəyişir, yaxud təsdiq edirdi. Belə bir hüquq kitab nəşri ilə məşğul olan redaktorlara da verilirdi. Bütün bunlar ədəbi nümunəyə ad müəyyən edilməsinin necə ciddi məsələ olduğunun göstəricilərindəndir. Şair, nasir yaradıcılığınığın potensialı problemi ədəbiyyatşünaslıqda xüsusi mövqe sərgiləyən məsələdir. A.Bağırov “Bədii əsər adları” məqaləsində əsərin adının müəllifin kimliyini xarakterizə etdiyi qənaətini irəli sürür: “… əsərin adı müəllifin … yaradıcılıq potensialını, sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır, əsərin ədəbi taleyini müəyyənləşdirir. Ümumilikdə, bədii əsərin adı əsərin ən dolğun, mənalı hissəsi sayılır”, – yazır [2. s.10-16]. A.Bağırovun bu mülahizəsinin birinci qatı ilə müəyyən mənada razılaşmaq mümkündür ki, əsərin adı müəllifin yaradıcılıq potensialının nəyə qadir olduğunu üzə çıxarır. Ancaq “əsərin adının müəllifin ədəbi kimliyini xarakterizə edir”, “müəllifin sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır”, “əsərin ədəbi taleyini müəyyənləşdirir”, “ümumilikdə, əsərin ən dolğun, mənalı hissəsi sayılır” kimi fikirləri ilə bitkin mənada razılaşmaq mümkün deyil. Çünki ola bilər müəllif əsərə ad qoymaq (sərlövhə seçmək) məsələsində xüsusi səriştəyə malik olsun, ancaq bu heç də təqdim olunan əsərin ədəbi cameə tərəfindən sənət nümunəsi səviyyəsində qəbul oluna bilməsi demək deyil. K.Qasımova “Dram adları və bədii qayə” adlı məqaləsində əsərə ad seçmək problemindən bəhs edərkən yazır: “Dram əsərlərinin adı bir növ reklam, tamaşaçını cəlb etmək funksiyasını da yerinə yetirir” [1]. K.Qasımovanın “… əsərin adı reklam xarakteri daşıyır” mülahizəsi ilə də razılaşmaq mümkün deyil. Tədqiqatçının mülahizələrinə rəğbətlə yanaşır, fəqət bunu da qeyd etməyi vacib bilirik ki, nə hadisə olan bədii ədəbiyyatın özünün, nə də onun adının (sərlövhəsinin) heç vədə reklama ehtiyacı olmur, sənət nümunəsi olan ədəbiyyat özü öz oxucusunu tapır. Hər hansı ədəbiyyat nümunəsinə verilən ad heç də oxucuda yazılanı oxumağa çağırış xarakteri daşımır, bədii əsərə ad reklam məqsədi ilə qoyulmur, əksinə, hansı məzmunda olan əsəri oxumağa hazırlaşdığı barədə oxucunu məlumatlandırmaq məqsədi daşıyır. Sərlövhə-adlara verilən tələblər Z.Xəlilin və Z.Ustacın uşaq şeirlərində necə gözlənilir?! Z.Xəlilin uşaq şeirlərinin sərlövhə-adlarına diqqət yetirək: “Seçilmiş əsərləri”nin I cildinə daxil edilmiş 258 şeirdən128-i bir, 73-ü iki, 50-si üç, 5-i dörd, 2-si 5 sözdən, 2016-ci ildə nəşr edilən “Ağ leyləklər” kitabındakı şeirlərdən 119-u bir, 60-ı iki, 15-i üç, 4-ü dörd, 2-si 5 sözdən ibarətdir. Yaxudözünün də qeyd etdiyi kimi, yaradıcılığında bir uşaq şeir kitabı qərar tutan Zaur Ustacın “Gülüzənin şeirləri” toplusu beş bölümdən ibarətdir və bölmələr, elə bil məqsədli olaraq, mövzumuzun tələbinə uyğun qruplaş¬dırılıb: “Hərflərə aid şeirlər”, “Rəqəmlərə aid şeir-tapmacalarlar”, “İlin fəsillə¬rinə və aylara aid şeirlər”, “Sətirlərdə uşaq obrazları” və “Tam və bitkin şeirlər”. Kitaba ümumilikdə 95 şeir daxil edilib. Şeirlərin sərlövhə-adlarına diqqət yetirək: “Hərflərə aid şeirlər” bölümünə daxil edilən şeirlər vasitəsi ilə azyaşlı hərflərin ardıcıllığı gözlənilməklə Azərbaycan əlifbasını qısa bir zamanda və olduqca rahat şəkildə öyrənmək imkanı əldə edir. Şeirlərin sıralanma xəttinə diqqət yetirək: “A”, “A və N”, “B”, “C”, “Ç” ……… “Z”. “Rəqəmlərə aid şeir-tapmacalarlar” bölümündə “1”-dən “10”-a qədər, həmçinin “İlin fəsillə¬rinə və aylara aid şeirlər” bölümündə də (“Yaz”, “Yay” ……. “Qış”, yaxud “Yanvar”, “Fevral” ……. “Dekabr”) sıralanma gözlənilib. “Sətirlərdə uşaq obrazları” adlanan dördüncü bölüm iki hissədən ibarətdir: “Bir ad bir şeir” və “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər”. Bu bölümdə ən uzun adlı bircə şeirlə rastlaşmaq mümkündür ki, həmin şeir cəmi dörd kəlmədən ibarətdir: “Zümrüd, Zəminə və Zəhra”. Məsələn, Z.Xəlilin sərlövhəsi iki sözdən ibarət olan “Uzun yol” kəlmələri ilə qarşılaşan oxucu ilk anda uzaq səfərə çıxan kimdənsə, yaxud nədənsə söhbət gedəcəyini fəhmlə hiss edir. Oxuduqda sərlövhənin əsərin məzmunu ilə səsləşdiyi ilk misralardan aydınlaşır. Dialoq şəklində qələmə alınan şeirdən məlum olur ki, yola çıxan bu “səyyah” damcıdır, yer üzünə həyat bəxş edən su. Səfərə çıxan damcılar əvvəlcə birləşib Bulaq əmələ gətirirlər. Ancaq yenə dayanmaq bilmirlər. Sonra bu Damcı ˂ Bulaq axıb-axıb Kür çayına qovuşur. Dinclik bilməyən Damcı ˂ Bulaq ˂ Kür çayı birliyi bu dəfə boz çöllərə həyat vermək üçün zəmilərə, bağlara üz tutur. Düz-dünya yaşıllığa bürünür. Taxıl zəmiləri, meyvə ağacları bar-bəhərdən başını yerə qoyur: – Damcı hara gedirsən? – Bulağa qarışmağa. … … …Bulaq hara gedirsən? – Kür çayına çatmağa. … … …A Kür hara gedirsən? Zəmilərə, bağlara! Kür axdı boz çöllərə, Yaşıllaşdı dağ-dərə. Damcı məhz bu zaman, şərti olaraq. məsələn, albalı ağacının meyvəsi olan gilas yumurlananda toxdaqlıq tapır: Maarifçilik mövqeyinə daim sədaqət nümayiş etdirən sair təbiəti “işini” bu sonluqla bitirmir, başqa sözlə, azyaşlı oxucusunu gilas meyvəsinin hansı görkəmdə olduğu barədə məlumatlandırmaq qənaətində israrlıdır. İlkin anında sadəcə bir damcı olan suyun günəşin hərarətindən ağacda möcüzəli bir meyvənin yetişməsində vasitə olduğunu qələmə alır. Gilasın hansı quruluşda (görkəmdə) olduğunu azyaşlı oxucunun yaddaşına həkk etmək üçün metonimiya yaradaraq, onları qız-qadınların zinət əşyası olan “lola sırğa” üzərinə köçürür: Bu dağın lap başında Onu keyfi saz oldu. Sallandı başaşağı Yumru bir gilas oldu. Gün vurdu sırğalandı, Meh əsdi, yırğalandı. [6. s.3]. Zaur Ustacın “Ağıllı Gülər” adlı şeirində də oxucu eyni əhvalla qarşılaşır. Şeirin sərlövhəsi ilə tanışlıq zamanı istər-istəməz sual oyanır ki, görəsən Gülər hansı fərdi keyfiyyətlərə malikdir ki, şair şeirinə belə bir sərlövhə seçib? Səbəb ikinci bənddə bəlli olur: Gördü üşüyür sərçə, Bayırda qalıb təkcə. Gülər istədi getsin, Gedib, çörək gətirsin. Elə bu an sərçəcik Yenə elədi: “cik-cik”. Şeiri oxucuya doğmalaşıran ən mühüm keyfiyyət şairin xalq ədəbiyyatına istinadıdır. Burada şair “mən”i nağılçı obrazında təzahür edir. Və fərəhidir ki, bu ruh, bu nəfəs oxucunu sonuncu misraya qədər müşayiət edir: Günlərin bir günündə, Soyuq qış səhərində Əl-üzünü yuyanda Gördü kiçik sərçəcik. Sərçə edirdi “cik-cik”. Azhecalı qafiyələnmələrin (4+3=7, 3+4=7) və üç bənddən ibarət kiçik bir şeirdə hər bəndin sonunda “sərçəcik, cik-cik”, yaxud “cik-cik, sərçəcik” təkrirlərinin 4 dəfə qafiyələnməsinin, eləcə də, “c” və “ç” alliterasiyalarının (samit səslərin təkrarlanmasının) yaratdığı xoş ovqat, oynaq, ecazkar ritm, musiqilik oxucunu ovsunlayır. Bircə andaca nəinki azyaşlının, yaşlı nəslin də ruhuna höpur. Yekun misralar – təkrirlər (Təşəkkür etdi: “cik-cik”. // Uçub getdi sərçəcik) şeirdə yekun marşı kimi səslənməklə yaddaşlara hopur: Gülər tez evə qaçıb, Anadan çörək alıb, Gəlib eyvana, ovdu. Yenidən edib “cik-cik”, Ora qondu sərçəcik. Əvvəl çörəyi yedi, Sonra da suyu içdi. Bir dəfə sağa baxdı, Bir dəfə sola baxdı. Təşəkkür etdi: “cik-cik”. Uçub getdi sərçəcik. [9. s.109]. Şeir sərlövhə-adlarını şərti olaraq əsasən aşağıdakı kimi qruplaşdırmaq olar: 1 – Sərlövhəsi əsərin baş qəhrəmanının adı ilə adlandırılan şeirlər. Bu qisim şeirlər Z.Xəlil yaradıcılığında xüsusi çəkiyə malikdir: “Çiyələk”, “Arı və kəpənək”, ”Qatır”, “Bildirçin”, “Qırqovul”, “Hacıleylək”, “Bülbül”, “Kəklik”, “Güllüt”, “Qurbağa”, “Alça”, “Yaxma”, “Qazayağı”, “Gilas”, “Dovşan və köpək”, “İydə”, “Keçi və Əziz”, “Şəlalə”, “Qartal”, “Şanapipik”, “Qaranquş”, “Gicirtkan”, “Kəpənək”, “Ağacdələn”, “Qanqal”, “Baldırğan”, “Quşəppəyi”, “Zoğal”, “Çəpiş”, “Ayauçan”, “Çobanyastığı”, “Sırğaçiçəyi”, “Qaymaqçiçəyi”, “Qantəpər”, “Lalə”, “Ciciçiçəyi”, “Cincilim”, “Günəş”, “Günəbaxan”, “Göyqurşağı”, “Palma”, “Kirpi”, “Ulduz”, “Sona”, “Qələmə”, “Mayak”, “Fil”, “Qatar”, “Araba”, “Barmaq”, “Qırğılar”, “Qağayılar”, “Duman”, ”Anqut”, “Tutu”, “At”, Qırxbuğum”, “Dələ”, “Göbələk”, “Boranı”, “Çərkəz”, “Telefon”, “Ceyran”, “Dovşan”, “Canavar”, “Tülkü”. Zaur Ustacda əsərin baş qəhrəmanının adı ilə adlandırılan şeirlərin sayı 25-dir. “Sətirlərdə uşaq obrazları” adlanan bölümə xüsusi adlara ünvanlanan 16 şeir daxil edilib: “Ülkər”, “Vahid”, “Tuncay”, “Hümmət”, “Yusif”, “İlqar”, Qaçay , “Malik”, “Uğur”, “Şamil”, Vaqif., “paşa”, “Həsən”, “Nağı”, “Zahir”. 2. Qəhrəmanın xarakterinə uyğun qoyulan şeir adları: Z.Xəlildən nümunə: “Davakar sərçə”, “Dalaşan dolaşalar”, “Yalançı meşə”, “Nərə çəkdi dalğalar”, “ Şəffaf cığır”, “Uşaqların səhvi”, “Səbrli ol, səbrli”, “Yalançı İmran”, “Dəcəl bala”, “Uçağan böcək”. “Siçanların kələyi”. Z.Ustacdan nümunə: “Ağıllı Gülər” (“Tam və bitkin şeirlər” bölümündən), “Yanvar”, “Fevral”, “Mart”, “Aprel”, “May”, “İyun”, “İyul” “Avqust”, “Sentyabr”, “Oktyabr”, “Noyabr”, “Dekabr” (İlin fəsillərinə və aylara həsr edilmiş şeirlər” bölümündən). 3. Hadisələrin cərəyan etdiyi yerlərlə bağlılığı olan, yaxud həmin yerlərin adını daşıyan şeir adları. Z.Xəlildən nümunə: “Uzun yol”, “Təyyarə”, “Dənizə axşam düşür”, “Körpü ilə söhbət”, “Gölməçə”, “Oynayıram beşikdə”, “Məktəb yolları”, “Uşaqlar dərsə gedir”. 4. Obrazın zahiri görünüşünə görə ad verilən şeirlər. Z.Xəlildən nümunə: “Yeddirəngli muncuq”, “Qaraqulaq ağ küçük”, “Şəffaf cığır”, “Qızıl qaz”, “Gil pişik”, “Qırmızı”, “Narıncı”, “Yaşıl”. 5. Adı rəmzi-simvolik məna daşıyan şeirlər. Z.Xəlildən nümunə: “Uçan çıraqlar”, “Ayının teleqramı”, “Dovşanın teleqramı”, “Çaqqalların teleqramı”, “Tülkünün teleqramı”, “Canavarın teleqramı”, “Atəşböcəyinin teleqramı”, “Sərçələrin nəğməsi”. Z.Ustacın uşaq şeirlərindən bu bölgüyə Azərbaycan əlifbasındakı bütün hərflərə, 1-dən 10-a qədərki bütün rəqəmlərə, eləcə də ilin fəsillərinə aidliyi yetən bütün şeirləri, o cümlədən “Tam və bitkin şeirlər” bölümündən “Balaca reklamçı”nı aid etmək olar. NƏTİCƏ Baxmayaraq ki, son onilliklərdə bədii əsərə bütöv cümlə şəklində ad qoyulması tendensiyası da özünü göstərir, ancaq biz bu qənaətdəyik ki, bu kimi hallar elmi məqalələr, elmi-tədqiqat işləri və dissertasiya işləri üşün məğbul sayıla bilər, bədii ədəbiyyatda əsər adları adlıq cümlə şəklində olmalıdır. Uşaqlar üçün kiçik ölçülü və kiçik həcmli əsərlər xüsusi önəm daşıdığı kimi, uşaq şeirlərinə qoyulan adlar da uşaq psixologiyasına uyğun, mümkün qədər az sözdən ibarət, yığcam, lakonik, rahat başa düşülən, tez yaddaqalan və asanlıqla qavranılan olmalı, əsərin ideya və məzmununun aydınlaşmasına xidmət etməli, bitkin bir fikri ifadə etməli, oxucunu, qismən də olsa, əsərdə nələr baş verəcəyinə istiqamətləndirməlidir. Ona görə ki, ad hər nəsnədən əvvəl bədii əsərin vizit kartıdır, başqa sözlə, mütaliə edəcəyi əsər haqqında ilkin təqribi anlatmanı oxucu əsərə qoyulan ad vasitəsi ilə alır. Bu isə özlüyündə yazıçıdan poetik duyum, az sözlə çox fikir ifadə etmək kimi xüsusi səriştə tələb edir. Elə yazıçı var ki, əsərin adını müəyyənləşdirmədən mövzunu işləməkdə çətinlik çəkir. Beləsi üçün əsərin adı bir növ süjet xəttinə giriş etmək üçün vasitədir. Elə qələm sahibi də var ki, əsər tamamlanandan sonra onun adı (sərlövhəsi) barədə düşünməyə başlayır. Ancaq bütün hallarda qeyd edilən məziyyətlər uşaq ədəbiyyatinda zəruri amil kimi gözlənilməlidir. Açar sözlər: adlar sistemi, sərlövhə, uşaq şeiri. *** Azerbaycan çocuk şiirinde başlik-isim sistemi ÖZET Herhangi bir edebiyat örneğiyle tanışma adla başlar. Bir filmin kahramanının adıyla bilinmesi gibi, yeni doğan bebeğe de ebeveynin çocuğunun adı verilir – sanat eseri yazarın çocuğudur – ona yazarın verdiği adla bilinir. Başarılı çalışma, yazarın kartviziti olur. Bu nedenle kalem sahibi, eserinin adını (başlığını) Azerbaycan dilinin gramer kurallarına uygun, sözlüksel ve anlamsal olarak anlamlı, içerik olmalı, yorucu olmayan, samimi ve kolayca akılda kalıcı olmalıdır. “Kitabi-Dada Korkut”de “Dirsa Han’ın oğlu Bugaj Boyu”nda adgoydu konusuna değinilen noktayı hatırlayalım. Dada Korkut han oğlu Bugaj’ı karakterize eden özellikleri tek-tek sıralar ve son olarak gence Bugaj adını verdiğini söyler: “Adını ben verdim, yaşını Allah korusun”. Retro edebiyatta adlara dikkat edelim: “Anne ve postacı”, “Çapayev” (halk şairi Süleyman Rüstem), “Renkler”, “Lenin şiiri” (halk şairi Rasul Rza), “Azerbaycan” (halk şairi Samad Vurgun) “Yine o bah olurdu (Mikail Müşfig), “Annenin borcunu iade et”, “Merdiven”, “Yolculuktan sonra”, “Dönüş”, “Ölüm sevinmesin koy”(Ali Kerim), “Gökyüzüne yazılmış şiirler” (Abbas Abdulla) … Ancak ne yazık ki “sanat eserlerinde isim sistemi” konusu araştırmacılar tarafından unutulmuş, daha açık bir ifadeyle ihmal edilmiş, gelişmemiş veya üzerinde yeterince durulmamış bir alandır. Makale, sanat eserlerinin başlığını belirleme ilkelerini tartışıyor. Anahtar kelimeler: isim sistemi, başlık, çocuk şiiri. *** Title-name system in Azerbaijani children’s poetry ABSTRACT Acquaintance with any literary sample begins with the name. Just as a movie’s protagonist is known by the name, the newborn baby is named after the parent’s child – the artwork is the author’s child – known by the name given to it by the author. Successful work becomes the author’s business card. For this reason, the owner of the pen must have the name (title) of his work in accordance with the grammatical rules of the Azerbaijani language, lexically and semantically meaningful, content, non-tiring, sincere and easily memorable. Let’s remember the point mentioned in “Kitabi-Dada Korkut” in “Bugaj Boyu, son of Dirsa Khan”. Dada Korkut lists the features that characterize his son Bugaj, one by one, and finally says that he named the young man Bugaj: “I gave his name, God forbid his age”. Let’s pay attention to the names in retro literature: “Mother and postman”, “Chapayev” (folk poet Sulayman Rustam), “Colors”, “Lenin poetry” (folk poet Rasul Rza), “Azerbaijan” (folk poet Samad Vurgun) ) “It would be that bah again (Mikail Müşfig), “Repay your mother’s debt”, “Ladder”, “After the trip”, “Return”, “Let death not rejoice”(Ali Kerim), “Poems written in the sky ”(Abbas Abdulla) … However, unfortunately, the subject of “name system in works of art” is a field that has been forgotten by researchers, in other words neglected, underdeveloped or not emphasized enough. The article discusses the principles of determining the title of works of art. Keywords: noun system, title, children’s poetry. İstifadə olunan ədəbiyyat 1. Azərbaycan onomastikası problemləri. Konfrans materialları.Bakı-1993. 2. Bağırov Adil. “Bədii əsər adları”. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. 2015-ci il, №1 (66), 268 səh. 3. Əsədullayev S. Tarix, sənətkar, müasirlik. Bakı-1974. 4. Homer. Odisseya. Bakı-1977, s.112. 5. Hüseynova H. Mir Cəlalın bədii əsərlərinin linqovopoetik xüsusiyyətləri. II cild. Bakı-ADPU-2018, 384 səh. 6. Xəlil Zahid. Ağ leyləklər. Bakı-SkyG-2016, 248 səh. 7. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. 2 cilddə, II cild. Bakı-Nurlan–2004, 504 səh. 8. Seyidov Y. Əsərləri, 15 cilddə, I cild. Bakı-BDU nəşriyyatı-2006, 628 səh. 9. Ustac Zaur. Gülüzənin şeirləri. Bakı-2021, 114 səh. s.109. 10. Крижижовски С. Лингвистика и поетика. Москва,1976.
2020-2021-Cİ İLLƏRİN BƏDİİ PUBLİSİSTİKASI Azərbaycanın ədəbi-bədii və ictimai-siyasi fikir tarixində publisistikanın əhəmiyyətli yer tutmasını milli mühitin gerçəkləri, çoxsaylı sənət və mədəniyyət nümunələri, faktları, jurnalistikaya dair zəngin arxiv sənədləri əsaslı şəkildə təsdiqləməkdədir. “Azərbaycan publisistikasının öz missiyasını və funksiyasını necə yerinə yetirdiyini “Ədəbiyyat qəzeti”nin saylarında dərc olunmuş çoxsaylı – həm mövzu, həm ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələri də əks etdirir. Həmin yazılarda dövrün istimai-siyasi hadisələri təhlil olunur, ədəbi-tarixi problemlərə münasibət göstərilir. “Ədəbiyat qəzeti”ndə çıxış edən ədib və publisistlərin bu janrın gündən-günə artan tələblərinə uyğun bir səviyyədə yaradıcılıq məharəti sərgiləməsi, onların publisist yaradıcılığı təcrübəsinin öyrənilməsi vacib nəticələrdən biridir. Ədəbi dünyamızın salnaməçisi sayılan “Ədəbiyyat qəzeti” dərc olunduğu illər ərzində milli-mənəvi dəyərlərimizə sadiq qalmış, onu daha da zənginləşdirməyə və gələcək nəsillərə ötürməyə çalışmışdır. Sosial-didaktik problemlər məhz elm-sənət xadimlərimizin qəzet polemikalarında həllini tapa bilmişdir. “Ədəbiyyat qəzeti” bu gün müstəqillik dövrümüzün ədəbi panoramını yaradır, milli-ədəbi prosesə orijinal töhfələr verir. Azərbaycanın strateji mövqe və maraqlarına, tarixi ümid və arzularına layiqli xidmət nümunəsi göstərir. Bu, tarix yaradan və tarixə yazılan xidmət, ədəbi və əbədi xidmətdir. Qəzetdə Xalq yazıçılarımızdan Anar, Elçin, Sabir Rüstəmxanlı, Elmira Axundova, akademiklərdən İsa Həbibbəyli, Teymur Kərimli, Nizami Cəfərov, tənqidçi-ədəbiyyatşünaslardan Azər Turan, Tehran Əlişanoğlu, Vaqif Yusifli, Cavanşir Yusifli, Rüstəm Kamal, Elnarə Akimova kimi imzası məşhur müəlliflər tez-tez çıxış edir. “Ədəbiyyat qəzeti” söz, mətbu azadlığını layiqincə qiymətləndirəcək həyatın bütün sahələrinə nüfuz edir, ən müxtəlif sosial-siyasi, tarixi, mədəni, mənəvi-əxlaqi və başqa problemlərlə bağlı düşüncələrin geniş-siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Məsələn, elmi-publisistika janrında yazılar silsiləsində akademik İsa Həbibbəylinin ədəbiyyatın dövrləşmə konsepsiyası və ədəbi proses mövzusundakı məqalələri diqqəti xüsusilə cəlb edir. Bu silsilədə yer alan “Qələmin səsi”ndən xalqın sözünə” (16.07.2020), “Gerçək ədəbiyyatın özünütəsdiqi” (20.12.2020), “Dədə Qorqud dünyasına giriş” (09.12.2020), “Bütövlük və genişlik” (20.10.2020) və s. adlı yazılarda mühüm tarixi hadisələrin, ictimai mühitin ədəbiyyata təsiri və bu kontekstdə ədəbiyyat tarixinin dövrləşdirilməsi prinsiplərinə yenidən baxılmasının zəruriliyi məsələsindən bəhs olunur. “Ədəbiyyat qəzeti”ndə təkcə keçən il onlarca müəllifin publisist məqaləsi dərc edilmişdir. Onlardan Nizami Cəfərovun “Ana, getdim, salamat qal!” (S.Vurğunun “Ananın öyüdü” şeiri haqqında (25 iyul 2020), Azər Turanın “Milli mətbuat, Ayasofyada namaz və Tovuz hadisələri” (25 iyul 2020), Esmira Fuad Şükürovanın “Behcətabad xatirəsi” – bir gecəlik intizarın yaratdığı eşq dastanı” (18 sentyabr 2020), Pərvanə Məmmədlinin “Cənubda ədəbi proses” (5 noyabr 2020) və s. adlı məqalələrini uğurlu elmi-publisist araşdırmalarının nəticəsi kimi qeyd etmək istərdik. Vətən müharibəsi dövründə “Ədəbiyyat qəzeti”ndə bir-birindən dəyərli şeirlər, poemalar, hekayələr, pyeslər təqdim olundu. İlqar Fəhminin “Balaca kişilər” poeması (12 noyabr 2020), Elxan Zalın “Qarabağda Səlcuq şikəstəsi” (4 noyabr 2020), Qulu Ağsəsin hələ savaşdan öncə və sırf estetik planda yaratdığı “Şuşa” (23 noyabr 2020) şeirindən sonra qələbə günlərində yazdığı “Ağdam” şeirini də bu sıraya əlavə etmək olar. Rüstəm Kamalın “Müharibə savaşımız və sözümüz” (7 noyabr 2020), Cavanşir Yusiflinin “Müharibə və ədəbiyyat davası” (4 noyabr 2020), Mətanət Vahidin “Qalib ölkənin vətəndaşı olmaq” (19 noyabr 2020), Tehran Əlişanoğlunun “Qalibiyyət və ədəbiyyatın dərsləri” (15 oktyabr 2020), Vaqif Yusiflinin “Poeziya susmur… Vətən əsgərdən başlayır” (Tənqidçinin publisistik qeydləri) (11 noyabr 2020), Elnarə Akimovanın “Yalnız Qarabağ uğrunda” (10 oktyabr 2020), “Şuşada Azan səsi” (16 sentyabr 2020), “Atıldı dağlardan zəfər topları” (16 sentyabr 2020) tənqidi yazılarının predmetini ancaq müharibə mətnləri, Qarabağda, Gəncədə baş verən proseslərin analizi təşkil etdi. “Ədəbiyyat qəzeti”nin Baş redaktoru Azər Turan moderator.az saytına verdiyi müsahibəsində qeyd edir: “Ulduz” jurnalı “Ədəbiyyat qəzeti” ilə birgə qəzetin şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimovanın ön sözü və tərtibatçılığı ilə “Poeziyada Vətən” adlı özəl sayını təqdim etdi. Ədəbiyyat tariximizin son yüz ilində ilk dəfədir ki, Qarabağ bu şəkildə Azərbaycan ədəbiyyatına daxil oldu. “Ədəbiyyat qəzeti” qalib əsgərin, qalib Azərbaycanın obrazının yaradılmasında iştirak etdi. Bu nümunələrlə ilk dəfədir ki, ədəbiyyatımızda Ali Baş Komandanın obrazı yaradıldı. Qəzetin ilk sayından başlayaraq, manşetdən tutmuş, son səhifəsinə qədər müharibənin dinamikası göz önündə sərgiləndi. Ard-arda qazanılan zəfərlər, bu əhval-ruhiyyəyə hakim olmuş müxtəlif janrlı mətnlər tarixə qələbə dövrünün ən mükəmməl örnəklərini qazandırdı. Onsuz da qəzetdə daim əsas ideya, məfkurə xəttinə çevirən türkçülük istiqaməti müharibənin ən həlledici, ən kəskin dönəmlərində strateji olaraq bu mövqeni möhkəmləndirən, ideoloji dürüstlüyü meyar seçən mətnlərlə meydana qoyuldu”. Azər Turanın rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli” 2021-ci il 9 oktyabr tarixli Xüsusi buraxılışı nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir. İlk dəfədir ki, bir qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən tərcümələr vardır. Eyni zamanda bu gün nizamişünaslıq istiqamətində görülən işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə bağlı bu gün prosesin necə getməsi öz əksini tapıb. Akademik İsa Həbibbəyli xüsusi buraxılışın hazırlanmasının zərurəti və əhəmiyyətindən söz açıb: “”Ədəbiyyat qəzeti”nin Nizami Gəncəvi ilinə həsr olunmuş 9 oktyabr saylı buraxılışını mühüm bir hadisə kimi dəyərləndirirəm. Biz bu xüsusi buraxılış vasitəsilə nizamişünaslıqda gedən prosesləri izləyə bilirik. Bu yalnız elmi məqalələr təqdim edən xüsusi buraxılış deyil. Yalnız tərcümələr meydana qoyan qəzet deyil. Bu xüsusi say Nizamini imkan daxilində bütün yönləri ilə təqdim edir. Burada, həmçinin bu gün nizamişünaslıqda görülən işlərə aid xəbərlər əksini tapıb. Bu gün də proses necə gedir, hansı tədbirlər keçirilir, bu barədə məlumat alırıq. 2021-ci ildə Azərbaycan nizamişünaslığının hansı səviyyədə olduğu, hansı axtarışlar apardığı, hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyiriksə, bu qəzet onu əks etdirə bilir” (26.10.2021). Oxuculara təqdim edilmiş çoxsaylı publisist yaradıcılığı nümunələrinin təhlili göstərir ki, publisistika bu gün də həyatla nəfəs alır və ədəbi-ictimai prosesin ön xəttində mövqe tutmağa səy göstərir. Bu da yaşadığımız dövrün “ovqatını” müəyyən edən dünyəvi hadisələrin yenə kifayət qədər mürəkkəb olması və ölkəmizdə gedən proseslərin dinamiklik və çoxşaxəlilik (quruculuq, islahatçılıq, inteqrasiya və s.) kimi xüsusiyyətləri ilə əlaqədardır. Publisistik yazılara ümumi bir nəzər saldıqda görürük ki, burada əsas leytmotiv sənətlə həyatın əlaqələrinin möhkəmləndirilməsi, müstəqil dövlət quruculuğu prosesində ədəbiyyatın rolunun artırılması, mədəni inteqrasiya proseslərində iştirakın fəallaşdırılması məsələləridir. Ümumilikdə götürdükdə, qəzetin dərc etdiyi publisist materialların mövzu rəngarəngliyi, məzmun çaları belə deməyə əsas verir ki, müasir bədii publisist təfəkkür ayrı-ayrı fakt, hadisə əsasında, sözün qüdrətinə, publisist təfəkkürə güvənməklə toxunulan problemin həllinə cəhd göstərir və “Ədəbiyyat qəzeti”nin publisistika materialları müasir publisistika yaradıcılığı, mövzu-problematika təkamülü, ideya-məzmun xüsusiyyətləri, sənətkarlıq axtarışları haqqında təsəvvür yaratmağa imkan verir. “525-ci qəzet” həyat axarını operativ surətdə informasiyalaşdırmaqla yanaşı, cəmiyyəti düşündürən ən müxtəlif problemlərlə bağlı publisist düşüncələrin geniş – siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Qəzet buna həm peşəkar redaksiya kollektivi formalaşdırmaqla, həm də nüfuzlu söz, qələm sahibləri ilə sıx əməkdaşlıq əlaqələri yaratmaqla nail ola bilir. Xüsusən də qəzetin Xalq yazıçılarımızdan Anar, Elçin, akademiklərimizdən İsa Həbibbəyli, Nizami Cəfərov, Rafael Hüseynov, professorlarımızdan Vilayət Quliyev, Qulu Məhərrəmli, tənqidçi-ədəbiyyatşünaslarımızdan Vaqif Yusifli, yazıçı-publisistlərimizdən Elmira Axundova, Sadıq Elcanlı və b. kimi imzası məşhur seçmə müəllifləri öz ətafına toplayıb onların müəyyən mövzu-problemlər üzrə silsilə məqalələrini dərc etməsi publisist fəallığa sövq etmə vasitəsi kimi diqqəti çəkməyə bilmir. Çap olunan qəzetlər içərisində “Kredo” da öz dəst-xətti ilə seçilir. Bu gün “Kredo” mətbuat aləmindəki problemlərlə çiyin-çiyinə dayanaraq dözüm, iradə və cəsarət nümayiş etdirir. Onun səhifələrində Azərbaycanın mədəni quruculuğunun, sosial həyatının hər sahəsinin izi var. “Kredo”da nəinki Azərbaycanın ictimai fəaliyyəti, sənət adamlarının ərsəyə gətirdiyi dərin məzmunlu əsərlər, xalqımızın ictimai-siyasi-mədəni həyatında baş verən yeniliklər, dövlətçiliyimizin inkişafı yolunda aparılan məqsədyönlü işlər, elm-sənət yolunda əldə edilən yeniliklər, Azərbaycan gəncliyinin dünəni, bugünü unudulmaz sənət adamlarının, böyük alimlərin, filosofların, tarixin müxtəlif məqamlarında yetişmiş tarixi şəxsiyyətlərin, repressiya qurbanlarının acınacaqlı, faciəli taleyi, xalq ədəbiyyatının inkişafında misilsiz rol oynayan sənətkarların, aşıqların, ozanların, dahi sənət adamlarının, ən böyük tarixi abidələrimizin, dil-dövlət, dilimizin inkişafında – Azərbaycan dilinin dövlət dili kimi inkişafında gedən müxtəlif dövrlərdəki hadisələri özündə əks etdirən yazılarla zəngindir. Ümumiyyətlə, qəzetin oxuculara təqdim etdiyi publisist yazılardan əksəriyyətinin qayəsini Qarabağ döyüşü – Qarabağ həqiqətlərinin ölkə ictimaiyyətinə və dünyaya çatdırılması prosesi təşkil edir. Professor Nizami Məmmədovun (Tağısoy) “8 Noyabr Şuşamız azadlıq, Səbuhi şəhidlik zirvəsində qərar tutdu” (10 dekabr 2020), Sevindik Nəsiboğlunun “Şuşa fatehi – Zəfərin oğlu” (07 aprel 2020), Ülvi Aydının “Qarabağ Azərbaycandır”, Əi Rza Xələflinin “Üzü Qarabağa” (23 avqust 2020), Nazim Məmmədovun “Aprel döyüşləri və onun tarixi əhəmiyyəti”, Gülnar Səmanın “Ürəyindən vurulan şəhid” (29 oktyabr 2020) və s. yazılar qəzetin səhifələrində öz əksini tapmışdır. “Hədəf Nəşrləri”nin təsis etdiyi, ədəbiyyat və sənət dərgisi olan “Ustad” jurnalının 2020-ci il 33-cü sayı dərc olunub. “Ustad” jurnalı çoxsaylı mətbu nəşrlər sırasında yenilərdən hesab edilsə də, öz dəst-xəttini dəqiq təyin edə bilmişdir. Jurnalda müxtəlif maraqlı layihələr, yeni müəlliflər yer alıb. Şəmil Sadiqin “Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir”, Asif Rüstəmlinin “Ədəbiyyat İnstitutunun beş aylıq sələfi”, Niyazi Mehdinin “Hessenin bir deyiminin ucundan tutub gedəndə… Semantikasız dünya”, Maral Baharın Füzulinin şeirlərinə həsr etdiyi “Küləklər şəhəri Bakıdan eşq və iztirab şairinə səyahət” yazıları oxunaqlığı, zəruri məqamlara diqqət çəkmə gücü ilə seçilir. Azərbaycan publisistikasının öz vəzifəsini və funksiyasını necə yerinə yetirdiyini “Xəzan” jurnalının saylarında dərc olunmuş coxsaylı ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələrində əks etdirir. “Xəzan” 23 fevral 2016-cı ildən etibarən Azərbaycan nəşriyyat evində dərc olunan ədəbi-bədii jurnaldır. Jurnalın təsisçisi və baş redaktoru Əli bəy Azəridir. O, bir nasir və qələm adamı kimi, orijinal dəst-xəttə, özünəməxsus yaradıcılıq üslubuna malik ziyalılarımızdandır. Müharibə veteranıdır. “Xəzan” jurnalı artıq neçə illərdir ki, Azərbaycan oxucusuna Azərbaycan ədəbi-ictimai mühitinə kifayət qədər ardıçıl, professional səviyyədə yazılar təqdim edir. Son iki ildə jurnalda Şahməmməd Dağlaroğlu, Elçin Kamal, Göyərçin Kərimi, Aslan Quliyev, Fərhad Ramizoğlu, Rəhman Bayram, Zaur Ustac, Məhəmməd Əli, İbrahim Yusifoğlu, Zəki Bayram Yurdçu, Budaq Təhməz və b. kimi imzası məşhur müəlliflər tez-tez çıxış edir. Bu müəlliflərin jurnalda çap olunan əsərlərində yüksək vətənpərvərlik və ziyalılıq hissləri ilk baxışdan duyulur. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsi, elmi işçisi Dilbər Rzayevanın “Bəhlul” satirik jurnalında “Molla Nəsrəddin” ənənələri” məqaləsi ciddi araşdırmanın məhsuludur və təqdirəlayiq haldır. Bu sahədə aparılan araşdırmalar müasir ədəbi proseslərə bir nümunədir. Göyərçin Kəriminin “Ümidi söz olan şair” məqaləsi (Fikrət Sadıq yaradıcılığına həsr olunub), Zaur Ustacın “Hərb mövzulu yazılar” sərlövhəli yazıda müharibə mövzusunda yazılmış əsərlərdə müəlliflərin yol verdiyi nöqsanlardan söhbət açılır. (Aprel-may, say – 33, 2021). “Ulduz” jurnalında publisist fəallığına sövq edən yeni, maraqlı formalar diqqəti cəlb edir. “Ulduz” jurnalının 2021-ci il üçün işıq üzü görən ilk sayı “Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hasilə gələn, poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş “Xüsusi buraxılış”dır. Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı ön sözün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır. “Azərbaycan” jurnalında dərc olunmuş publisistik materialların ideya-estetik xüsusiyyətləri, üslub zənginliyi, azadlıq uğrunda mübarizə əhval-ruhiyyəsi, Qarabağda və onun ətrafında baş verən hadisələri təfərrüatı ilə işıqlandırmaq meyili onu göstərir ki, bu jurnal bədii-publisist salnaməsini yaratmağa çalışır, publisistikamızın elmi, ictimai-siyasi mühakimə gücünü artırır, ədəbiyyatımızda yeni forma və üslublar yaradır, bütün bunları diqqətlə və əhatəli surətdə araşdırmaq, heç şübhəsiz ki, müasir ədəbi prosesin tədqiqi vəzifələrini genişləndirəcək və ümumən, ədəbiyyatşünaslıq elmimizin inkişafına öz töhfəsini verəcəkdir” [9.s.14]. Musa Yaqubun son illərdə qələmə aldığı şeirlər, Anarın “Azad bir quşdum” adlı ikiseriyalı bədii filmin ədəbi ssenarisi, Zahid Sarıtorpağın “Köhnə mücrüyə elegiya”, Azər Abdullanın “Çat”, Səyyad Aranın “Başdaşı” romanları, Nurəddin Ədiloğlunun “Bumeranq” povesti, Aydın Tağıyevin “İsrailin Suru hekayəsi”, Sevinc Nuruqızının hekayələri, uşaq ədəbiyyatına dair Qəşəm Nəcəfzadənin “Yeni uşaq söhbəti”, Elnarə Akimovanın “Uşaq ədəbiyyatının yeni qəhrəmanları” məqalələri, “Tənqid və ədəbiyyatşünaslıq” bölümündə yer alan Qorxmaz Quliyev, Südabə Ağabalayeva, Vaqif Yusifli və İntiqam Qasımzadənin müəllif yazıları “Azərbaycan” jurnalında çap olunan maraqlı nümunələrdəndir. İyul-avqust nömrəsi yazıçı Sabir Əhmədlinin 90 illiyinə həsr olunmuşdu. Elnarə Akimovanın “Sabir Əhmədli – yaralarına sığınıb yaşayan adam” adlı yazısı jurnalın ən maraqlı yazılarından oldu. Beləliklə, yuxarıda adları çəkilmiş qəzet və jurnalların hər birinin nəzəri-estetik keyfiyyəti və ictimai-mədəni təyinatı əsas götürülmüş, ümumiyyətlə milli publisistik fikrin inkişaf tarixində və müstəqillik dövründə jurnal publisistikasının ideya-estetik prinsiplərini müəyyənləşdirir, yeni dövrdə onun mövzu dairəsini, ideya-bədii istiqamətləri işıqlandırılmışdır.