Dərdi içində məğrurcasına çəkənlər da var, dərd altında düz qaməti əyilənlər də. Dərdin arasına bükülənlər də, dərdi başından kal-kal tökülənlər də… İçib gedənlər də var, uçub gedənlər də… Ölüb ölməyənlər, ölə bilməyənlər, ölməyənlər və gözgörəti ölənlər də… Dərd ağır yükdür, onu kişicə daşımaq var bizim millətin qanında, canında… Şəxsi dərdini bürüb büküb bir küncə qoymağı və dar ayaqda vətən dərdinə şərik olmağı bacarır bizim xalqımız!…
Aliyev Asim Asəf oğlu Əsədli kəndində doğulub, 17 sentyabr 1998-ci ildə. 2005-2016-cı illərdə Əsədli kənd tam orta məktəbində təhsil alıb. Ailədə bir bacı və bir qardaş olublar, sevgi görüb, qayğı görüb ailəsində, qarşılığını da valideynlərinə ötürməyi bacarıb. Həqiqi hərbi xidmət vaxtı çatanda sevinə-sevinə xidmətə yollanmış, Sanqaçalda yerləşən “N” saylı hərbi hissədə, Azərbaycan Daxili Qoşunların tərkibində vətənə xidmət etmişdir. 2018-ci ildə də hərbi xidmət vaxtını başa vurub ailəsinin yanına dönsə də, hərbi sahəyə olan həvəsi onu təzədən geriyə qayıtmağa məcbur etmiş, elə xidmət etdiyi hərbi hissədə də MAXE kimi işləməyə başlamışdır…
Müharibə başlayanda Asim üç ay idi ki, artıq Sanqaçaldakı “N” saylı hərbi hissədə xidmət edirdi. İşğal altında olan doğma dorpaqlarımızın azad olunması fikri onu da gecə-gündüz rahat buraxmırdı. Ali Baş Komandanın əmri Asimin qisas hissilə alışan qəlbinə sanki su çilədi…
Təlim məqsədilə irəlicədən Füzuli bölgəsinə gələn Asim müharibə başlyayandan döyüşlərin qaynar yerində olmuşdur. O, zirehli maşın idarə edirdi, vətən borcunu layincə ödəməyə çalışıdı. Son dəfə anası Nurxanım ilə oktyabr ayının 13-də telefon əlaqəsi saxlayan Asim ürək-dirək verib anasına, tezliklə müharibənin Azərbaycan dövlətinin qələbəsi ilə sona yetəcəyinə əmin olduğunu bildirb və vidalaşıb…Cəmi bir gün sonra, 14 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən çətin döyüşlərin birində snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir…
Asim Asəf oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilmişdir.
Anası Nurxanım yeganə oğlunun ölümünə için-için ağlayır, amma bir təsəllisi var, o da qazandığımız qələbədir… Vətən sağ olsun deyir şəhid anası…
Subay idi Asim, həyatı hələ irəlidə idi, amma o, öz ömrünü sevdiyi Vətən üçün qurban verdi, qurban verdi ki, bir də nahaq qan tökülməsin, torpaqlarımız rahat nəfəs alsın, uşaqlarımız azad səma altında yaşasın, analar bir daha ağlamasın…
Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olar deyiblər. Xalqımız bu həqiqəti 2020-ci il 27 sentyabr günü işğalçı ermənistan dövlətinə qarşı haqq savaşına başlayarkən artıq sübuta yetirdi. Uzun illər doğma Qarabağdan ayrı düşən xalq, yad ayaqlar altında ruhu tapdalanan torpaqlar nəhayət gözlədiyi azadlığına qovuşdu… Tarixə “dörd günlük müharibə “kimi düşən 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq, bu 44 günlük müharibə artıq nə təpə, nə yüksəklik, nə də hansısa kənd və ya qəsəbə uğrunda döyüş deyildi. Böyük tarixi olan, qədim və tarixi torpaqlara malik Azərbaycan xalqının pozulmuş ərazi bütövlüyünün bərpası uğrunda cihad idi. Azərbaycan dövləti uzun illər ölkə Başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, Ali Baş Komandan ətrafında sıx birləşmiş xalqın və güclü ordumuzun sayəsində öz qalibiyyət himnini yaza bildi…
Müharibə başlanması xəbərini alan oğullar bir nəfər kimi səfərbərliyə qoşulur, düşməndən intiqam almaq, torpaqlarımızı əsarət altından azad etmək üçün cəbhəyə yollanırdılar. Sabirabad rayonunun Qaralar kəndindən olan Balakişiyev Zamin Dadaş oğlu da belə oğullardan biri idi…
Zamin 27 aprel 2001-ci ildə, baharda dünyaya gəlmişdi. Ailə onun gəlişini uzun zaman gözləməli olmuşdu. İlk övladından sonra doğulan dörd uşağın heç biri yaşamamışdı. Ailə intizar və təşviş içində idi. Həkimdən əli üzülən valideynlər adətlərimizə uyğun ailədə çox uşaq olması tərəfdarı olduqlarından müqəddəs ocaqlara üz tutur, nəzir-niyaz verir və nəhayət Zamin sağ-salamat dünyaya gəlir… Gəlişi ilə ailənin üzü də gülür, ata-ana bir-birinə arxa olacaq iki oğul sahibi olduqlarından Allaha şükür edir, Zamini xüsusi istək və arzu ilə böyüdürdülər. Onun nəsə başqa keyfiyyətləri olduğunu da fəhmlə hiss edirdilər. Vlideynləri hələ 12 yaşı olarkən yatdığı yerdə üstündə uzun və qara bir ilanın yatdığını görmüş və təşvişə düşmüşdülər. Lakin uşağın qorxu hissi keçirməməsi onları heyrətə salmış və sonralar da Zaminin qorxmaz, ürəkli, cəld və daxilində hansısa xüsusi gücün olduğunu hiss etmişdilər…
2008-2018-ci illərdə Qaralar kənd ümumi orta məktəbində təhsil alan Zamin, 2019-cu ilin yaz çağırışında hərbi xidmətə çağırılır və Tərtər rayonundakı “N” saylı hərbi hissədə, Quru Qoşunların sıralarında xidmət etməyə başlayır. Son vaxtlar cəbhəyanı zona və sərhəddən xeyli uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tütülması və bu zaman əsasən dinc əhalinin hədəf seçilməsi hər bir vətəndaş kimi Zamini də narahat edirdi. Onun düşmənə qarşı nifrəti artır, qisas hissi güclənirdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi başlanarkən Zamin Balakişiyev də elə xidmət etdiyi hərbi hissədən döyüşlərə qatıldı…
…Azərbaycan əsgəri,
Cəbhənin köz yerində…
ZaminTərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak etmiş, düşmən istehkamlarının dağıdılmasında igidlik göstərmişdir. 2020-ci il sentyabr ayının 10-da uzaq məsafədən açılan snayper atəşi ilə başından ağır yaralanaraq Gəncə Şəhər Mərkəzi Xəstəxanasına gətirilmişdir. Burada ilk əməliyyat keçirən Zamin, oktyabr ayının 30-da Bakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdir. Lakin koma vəziyyətində olan Zaminin vəziyyəti aradan keçən beş aya yaxın müddətdə dəyişməz qalmış və o, 8 mart 2021-ci ildə şəhidlik məqamına yetişmiş və doğulub boya-başa çatdığı Qaralar kəndində dəfn edilmişdir…
Bir zaman ana qəlbinə sevinc, ata ürəyinə təpər gətirən Zamin, şəhidliyi ilə də anasının xüsusi gününü yaddaqalan etdi. Anası “oğlum mənim 8 Mart Beynəlxalq Qadınlar Bayramı üçün ən qiymətli hədiyyəm oldu. O, ölümü ilə də başımızı uca elədi, uşaq vaxtı çöldən gətirdiyi bir çiçəyi arxasında gizləyib utana-utana mənə verərdi, indi də gücü özünə çatdı, analar günündə özünü hədiyyə elədi..”-deyir…
Bu gün Azərbaycanın üçrəngli bayrağı Qarabğda dalğalanır və dövlətimiz artıq orada quruculuq işlərinə başlamışdır. Şəhidlərimizin qanı və canı bahasına azad olunan torpaqlarda erməni vandallar tərəfindən yerlə yeksan edilən kənd və şəhərlər yenidən tikilib abadlaşdırılacaq və bu yurdun əsil sahibləri orada rahat yaşayacaqdır…
Bizdə söz önü varmı, ingilislərdə, ruslarda olduğu kimi? Bu haqda fikirləşən olubmu?
Deyirlər ki, birinci SÖZ olub. Hətta buna Allahın adından and da içirlər. Əslində, qələm əhli üçün and içmək yalançılığın bir əlamətidir, inanmaq real görünmür.
Məncə, sözdən əvvəl səs olub. Çünki yaranışdan bəri bütün canlılar bir-birini bircə səslə anlayır. Bir bu qədər sözü olduğu halda insanlar bir-birlərini başa düşə, anlaya bilmirlər və bunu istəmirlər də…
İnsan sonuncu yaranışdır. O da təkmilləşənə, formaya düşənə kimi uşaq kimi müxtəlif səslər çıxarıb.
Sözün birinci olması şübhəlidir. Müzakirəsi sonsuzdur, lap fəlsəfənin “ağıl, yoxsa şüur?” sualı kimi…
Sözümüzün canı var, xülasəsi var deyə iki əlli yapışmışıq sözün ətəyindən…
Sözü ən çox yazanlar işlədirlər, onlar danışmayanda daha artıq söz istifadə edirlər…
Klassiklər əsərlərinə müqəddimə yazardılar…
Müasirlər “ön söz” yazırlar, imkan düşəndə yazdırırlar…
Bu, artıq dəb halını alıb…
Hətta birinci kitabına “ön söz” yazdırmaq üçün adlı-sanlı, rütbəli, titullu adam axtarışları aylarla vaxt aparır.
Bəzən “ön söz” kitabın, əsərin çəkisindən ağır gəlir…
Heç bunun fərqinə varmamışdım. İlk dəfə kimin kitabına “ön söz” yazdığım da yadımda deyil. Ancaq o yadımdadır ki, çox məsuliyyətlə yanaşmışdım, orta məktəbdə sərbəst mövzuda inşa yazdığımdan da məsuliyyətli…
Son günlərin söhbətidir. Yetmiş yaşı bir aydan sonra tamam olacaq rayondan gəlmiş bir şairlə onun kitabını çap etdirmək üçün metro stansiyasından çıxıb mətbəəyə tərəf gedirdik ki, təzəcə yetmiş yaşı tamam olmuş başqa bir şairlə qarşılaşdıq. Görüşüb hal-əhval tutduq. Onları bir-birinə təqdim edib araya tanışlıq saldım. Mətbəəyə getdiyimizi, bir aydan sonra yetmiş yaşının tamam olması münasibətilə rayondan gəlmiş şairin yeni şeirlər kitabını çapa verməyə getdiyimizi söylədim. Yetmiş yaşı təzəcə tamam olmuş şair müəmmalı-müəmmalı baxıb astadan, az qala pıçıltı ilə bir şey dedi:
-Yəqin ki, kitabın “ön söz”ünü sən yazıbsan!
Mən cavab vermədən mənimlə gedən şair dilləndi:
-Yox, o, yazmayıb. “Ön söz”ü də, “son söz”ü də özüm yazmışam.
Sanki o, bu sözü ilə təzəcə tanış olduğu şairin qarşısında imtahandan qiymət alıb təskinlik tapdı, ağıllı, kamallı, savadlı, istedadlı olduğunu göstərdi, yetmiş yaşının hesabatını verib rahatlandı.
Pah atonnan! Nə çətinmiş bu “ön söz” məsələsi! Bunu mən belə bilməzdim!
Yetmiş yaşı təzəcə tamam olmuş şair qırmızı-qırmızı qımışdı, dodaqaltı mızıldandı:
– Həə? Onda əlli manatı özünə qalıb… – Yoluna davam etdi.
Mənə elə gəldi ki, bunu yetmiş yaşını qeyd eləmək üçün kitabını çıxartmaqdan ötrü rayondan durub Bakıya gəlmiş şair eşitmədi. Heç mən də eşitdirmək istəmədim. Amma sən demə, eşidibmiş, həm də arif adamdı, sözü göydə tutubmuş.
– Nə deyirdi o? – Biz də yolumuza davam etdiyimiz yerdə qəfildən soruşdu.
– Heeç! – Dilucu cavab verdim.
– Necə heç? Deyəsən əlli manat söhbəti eşitdirdi axı?
– Həə, köhnə söhbətdir.
– Nə söhbətdir elə? – Tərsliyinə salıb dirəşdi, məsələni mənim dilimdən eşitməyincə əl çəkməyəcəkdi.
– Çoxdanın söhbətidir, hələ də unuda bilmir. Bir nəfərin kitabına “ön söz” yazmaq istəyirdi, mənim ucbatımdan alınmadı.
– Yazardı da. Qabağına keçməmişdin ki…
– Yazammadı da… Əlli manatı bəri başdan gözləyə-gözləyə günləri, həftələri küləyə sovurdu. Həmin adam da məndən xahiş elədi, bir gecəyə yazıb göndərdim.
– Həmin adam sənə əlli manat verdimi?
– Mən yazdığıma təmənna ummuram. Yazanda öz imzamın, bir də yazdığımın əsərlərinin dəyərinə münasib yazıram. Pulun, qonorarın miqdarı vacib şərt deyil.
– Heç yaxşı iş görməmisən! Böyük günah işlətmisən.
– Nə? Günah?
– Əlbəttə! Kişinin çörəyinə bais olmusan! Bağışlanması mümkün olmayan günahdır. Heç kişi də kişinin çörəyinə bais olar?
Yunus müəllim dünyasını dəyişdi. Aparıb hörmət-izzətlə dəfn etdilər. Üçü, yeddisi, qırxı verildi, ehsanını yeyib “Allah rəhmət eləsin” deyib çəkildilər. Qəbirüstü götürüldü, baş daşı qoyuldu. İli də qeyd olundu. Saqqal saxlayanlar saqqallarını qırxdılar. Qara paltar geyinənlər üst geyimlərini dəyişdilər, qara örpək bağlayanlar örpəklərini açdılar. Yaxın qohumlar, övladları, bacı-qardaşları yasdan çıxdılar.
Yunus müəllimin arvadı beş il əvvəl haqq dünyasına qovuşmuşdu. Qızı qız övladını gətirmişdi atasının mənzilinə ki, ona qulluq eləsin, çayını, çörəyini, yeməyini versin, pal-paltarını yuyub ütüləsin, ev-eşiyi yığışdırsın.
Yunus müəllim son vaxtlara, xəstə olub yatağa düşənə qədər işə gedib-gəlirdi. Zavodların birinin baş mühəndisi idi. Yaxşı bədii təfəkkürü də vardı, hekayələr, romanlar, pyeslər yazırdı. Bir neçə pyesi tamaşaya qoyulmuş, romanlarının təqdimetmə mərasimləri keçirilmişdi. Tarixi romanlar yazırdı, özünə xeyli oxucu, tamaşaçı toplamışdı.
Yunus müəllimin zəngin kitabxanası vardı. Burada kitab mağazasından aldığı, özünün yazdığı və avtoqrafla ona təqdim olunmuş çox müxtəlif səpgili kitablar vardı. Qədim kitablar da çox idi. Nadir kitabları bukinistdən, küçədə kitab satanlardan alıb gətirmişdi.
Yunus müəllimin qızının qız övladı da yığışıb gəlmişdi atası evinə. Tək-tənha orada nə edəcəkdi ki? Həm də qızın orada tənha yaşamasına valideynləri də razı olmazdı. Qız uşağı gərək ata-ananın gözü qabağında ola.
Nə isə. Son zamanlar Yunus müəllimin qızının oğlan övladı tez-tez bu mənzilə gəlib gedirdi. Məlum oldu ki, elan veriblər, dəllalla danışıblar. Mənzili satırdılar.
Aslan yaxınlıqdakı qəzet köşkündə işləyirdi. Şəhərdəki qəzet köşklərinin adı vardı. Qəzetlə bərabər hər nə gəldi satırdılar: siqaret, alışqan, məktəb ləvazimatı – dəftər, qələm, pozan, kitab, üzqırxan, su, saqqız, sabun, diş fırçası, bir sözlə, vanna-vedrədən başqa hər şey.
Aslan köşkü çox da yükləməmişdi. Qəzet, bir də siqaret satırdı. Balaca köşk idi. Yunus müəllimlə Aslan tanış idilər. Yunus müəllim qonşuluqda yaşayırdı. Qəzet, siqaret almağa gələndə dayanıb Aslanla söhbət edər, dərdləşərdi. Avtoqraf yazıb öz kitablarından neçəsini Aslana vermişdi.
Yunus müəllimin qızının oğlan övladı – Fikrət də Aslanla tanış idi. Oğlan buralarda dolaşanda Aslanla salamlaşardı. Bir gün Aslana yaxınlaşıb:
-Kitablar var, yaxşı kitablardır, gətirsəm satarsan?
Aslan onun kim olduğunu bilirdi:
– Yunus müəllimin kitablarıdır?
Fikrət tez:
-Həə. Öz yazdığı kitablar da var, başqa kitablar da. Təp-təzədir.
Aslan cavabında dedi:
-Fikrət, mən kitab satmıram. Məni kitab satan görsələr, vergimi artıracaqlar. İki-üç kitaba görə gərək çoxlu vergi ödəyəm. Gəl bunları inandır ki, satışda vur-tut iki kitab olub.
Fikrət aydınlaşdırdı:
-İki kitab deyil, Aslan dayı, 200-300, ondan da çox.
Aslan razılaşmadı:
-Fikrət, üz vurma. Özümə problem yaratmaq istəmirəm.
-Yaxşı, oldu.
Ertəsi gün Fikrət dörd-beş kitabı gətirib Aslana uzatdı:
-Bilirəm kitab həvəskarısan, hədiyyə verirəm.
Avtoqrafla Yunus müəllimə verilən kitablardan idi.
-Çox sağ ol, payın artıq olsun.
Fikrət getmək istəyəndə Aslan onu saxladı:
-Eşitdim Yunus müəllimin mənzilini satırsınız.
-Hə, yiyəsiz qalmışdı. Satmışam artıq, indi mənzili boşaldırıq.
Aslan axşamüstü köşkü bağlayıb evinə gedəndə gözü Yunus müəllimin mənzilinin qarşısındakı həyətdə beş-on, bəlkə də çox yağ qutusuna yığılmış kitablara sataşdı. Ayaq saxladı. Bu zaman Fikrət göründü. Salamlaşdılar. Aslan çəkinə-çəkinə:
-Fikrət, olar bu kitablardan dörd-beşini götürüm.
Fikrət:
Fikrət:
-Dörd-beş nədir? İstəyirsən hamısını götür. Onlar daha bizə lazım deyil. Onsuz da atacaqdım.
Aslan təəccüblə ona baxdı: “Necə yəni atacaqdım? Hər kitabı çıxanda rəhmətlik Yunis müəllim az qala qanad açıb uçur, oturub sevinclə həmkarlarına avtoqraf yazardı.
Yunus müəllim ömrünü bu kitablara həsr etmiş, nə qədər əziyyət çəkmişdi. Gecələri diri gözlü açmış, dəyərli əsərlər yaratmışdı. Yazıçı, tərcüməçi, şair dostları, yoldaşları da gərgin zəhmət bahasına qələmə aldıqları kitablarını ona bağışlamışdılar. İndi belə qiymətli xəzinəni çölə, zibilliyə atmağa hazırlaşırdılar”.
Fikrətin sözlərinə şübhə ilə yanaşan Aslan alnının tərini silib ona:
-Fikrət, doğrudan bu qiymətli kitabları zibilliyə atacaqdın? – deyə xəbər aldı.
Fikrət heç nə olmayıbmış kimi:
-Hara aparım? Niyə aparım? Evdə yer tutacaq. İxtisasıma uyğun deyil, həyat yoldaşımın da sənətinə gərəkli kitablar deyil…
Aslan əyilib kitablardan birini götürdü. Səliqə ilə qorunub saxlanmışdı. O biri kitablar da belə idi. Sanki çapdan indi çıxmışdı. Atılsaydı toza-torpağa bürünəcəkdi, istifadəyə yaramayacaqdı. Oradan da zibil maşına yükləyib aparıb zibbilliyə tullayacaqdılar, sonra da od vurub yandıracaqdılar.
Aslanı tər basdı:
-İcazə verirsən bu kitabların hamısını götürüm?
-Götür, Allah köməyin olsun.
Aslan rəhmətlik Yunus müəllimi yadına salıb:
-Ey gidi dünya! – dedi. Əl eləyib bir taksı saxlatdırdı. Kitabları aparıb səliqə ilə evindəki kitab rəflərinə düzdü.
“Xəzan” jurnalının növbəti buraxılışı işıq üzü görüb.
“XƏZAN” – 33 Jurnalın cüt nömrəsində kimlər var? Qəbələli şairlərin şeirləri… Heç yerdə oxumadığınız poeziya, nəsr əsərləri, publisistik təhlillər… “XƏZAN” ətrafında xeyli sayda oxucu toplamış bir ədəbiyyat dərgisidir, sorağı internet üzərindən Türkiyəyə, Almaniyaya, Amerikaya, Özbəkistana, Rusiyanın bölgələrinə qədər gedib çatıb. Jurnalda çap olunan müəlliflərin dərginin geniş yayılmasında xidmətləri təqdirəlayiqdir. Sayca 33-cü nömrəsi çapdan çıxıb. 120 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir. Redaksiya heyəti Qorxmaz Abdullanın 80, TƏRANƏ MƏMMƏDİN 65 yaşının tamam olması münasibətilə təbrik edir. Rəssam NAZİM HÜSEYNOVUN 65 yaşının tamam olması münasibətilə jurnalda öz fırçasından yaranan Qələbə etüdləri ilə əhatələnmiş səbəbkarın şəkili jurnalın arxa tərəfdən içəridə rəngli səhifədə yerləşdirilib. Jurnal redaktor guşəsində yerləşən “Bizim Bakı” məqaləsi ilə başlayır. Müəllif Azərbaycan və Bakı haqqında dünya meridianında yeganə olan faktlardan söhbət açır. Fərhad Ramizoğlunun “Sinifin iki qrupa bölünməsi məqsədəuyğundurmu?” məqaləsində Azərbaycan təhsil sistemində olan çox ciddi problem qabardılıb və mütəxəssis rəyi verilir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Mətbuat tarixi və publisistika” şöbəsi, elmi işçisi Dilbər Rzayevanın ““Bəhlul” satirik jurnalında “Molla Nəsrəddin” ənənələri” məqaləsi ciddi araşdırmanın məhsuludur və təqdirəlayiq haldır. Bu sahədə aparılan araşdırmalar müasir ədəbi proseslərə bir nümunədir. Emin Pirinin Vətən müharibəsinin iştirakçısı şair Elvin İntiqamoğlu ilə maraqlı müsahibəsi “Özümü yeni doğulan uşaq kimi aparırdım” başlıqlı yazıda verilmişdir. Göyərçin Kəriminin “Ümidi söz olan şair” məqaləsi Fikrət Sadıq yaradıcılığına həsr olunub. Zaur Ustacın “Hərb mövzulu yazılar” sərlövhəli yazıda müharibə mövzusunda yazılmış əsərlərdə müəlliflərin yol verdiyi nöqsanlardan söhbət açılır. Elvin İntiqamoğlunun “Xatirələr elmlər doktoru” və Ələsgər Talıboğlunun “İrəvanda xal qalmadı” məqalələrində insan faktorundan söhbət aparılır. Ələsgər Talıboğlunun “Qisas qiyamətə qalmadı” məqaləsində Qorxmaz Abdullanın, Zaur Ustacın “Azərbaycan ədəbiyyatının “Hərb və sülh”ü” məqaləsində isə Əli bəy Azərinin kitablarından bəhs olunur. Poeziya bölməsində şair Hafiz Əlimərdanlının “Azadlığa gedən yol” poeması çap olunub. Şairlərdən: Məhəmməd Əli, Zeynalabdin Novruzoğlu, Səadət Qərib, Rəhman Bayram, Teyfur Çələbi, Budaq Təhməz, Əbülfəz Ülvi, Bəxtiyar Abbas İntizar, Zəki Bayram Yurdçu, Kirman Rüstəmli, Xəyal Zeynal və Xəlil Tahirovun şeirləri jurnalın bu sayını daha da rəngarəng edib. Bir iyun Beynəlxalq Uşaqlar günü də şairlərin yadından çıxmayıb. Jurnalın bu nömrəsində baba şairlər; İbrahim Yusifoğlu və Ələsgər Talıboğlu öz şeirləri ilə uşaqlara sevinc gətirməyə çalışıblar. Qəbələdə yaşayıb-yaradan şairlər jurnalın bu nömrəsinin qonağıdır. Azərbaycan Yazıçılar və “Xəzan” jurnalı redaksiya heyətinin üzvü, şair Məhəmməd Əlinin təqdimatında oxucular bu nömrədə qəbələli şairlərdən: Kamil Məmmədov, Səməd Səmədov, Fərman Əzizli, Cəlil Xeyirbəy, Mirhəsən Ağayev, Qərib Hüseynov, Əhməd Məmmədli, Sədiyar Səfərəliyev, Şəhla Xəlilqızı, Ənvər Durucalı, Fəxrəddin Babayev, Mərziyyə Qəbələli və Niyazi Zöhrabovun şeirləri oxucuların ixtiyarına çıxarılmışdır. Nəsr bölməsində Rusiya Yazıçılar Birliyinin üzvü Xaliq Azadinin “Xoşbəxtliyin son həftəsi” povesti çap olunub. Təranə Məmmədin, Zarema Əliyevanın, Rəşid Bərgüşadlının, Zəhra Səfəralıqızının və Əli bəy Azərinin hekayələri, Ramiz İsmayılın elegiyası da nəsr bölməsində yer alıb.
Bu gün on il əvvələ 09.03.2011 səyahət edərək gənc bir qızın Norveçdə ilk baharını təsvir edəcəyik. Bəli, gənc qız isti və daima qaynar bir həyatın dövr etdiyi bir ölkədən, ilin çox hissi qış olan və yorğan kimi torpağın üzərini örtən bəyaz qarın möcüzələr yaratdığı bir nağıllar ölkəsinə köç etmişdir. Mart ayında bu gənc qızı sirli-sehrli nağıllar ölkəsi Norveçdə ilk qarşılayanda elə məhəbbət və təmizlik rəmzi sayılan «ağ qar» olmuşdur. O qar ki, bahar ətirli, sevgi dolu və gözü ay kimi işıqlı o qızın həyatını bahardan qışa dəyişmişdir. Amma bu qış insanı üşüdən, qəlbini sıxan və evə çəkən bir qış deyildir. Bu yarı qar, yarı yağış və yarıdan çoxu yaşıllıqların xalça kimi ətrafa salındığı, şam,palıd ağaclarının sıx yerləşdiyi və maralın,ceyranın süzdüyü yaşıl meşələrin əsrarəngiz gözəlliyi ilə əhatə olunduğu « yaşıl qış» idi.
Norveçdə ilk baharda gördüyü hər yarpaqda, hər güldə Vətən qoxusu,duyğusu və oxşarlığı görən gənc qız bir neçə il belə yaşamışdır. Qərb ölkədə kimi gördüsə Azərbaycan baharından, güllərinin ətrindən,rəngindən, quşların oxumasından,
çeşmə bulaqlardan danışmış və onların xəyalı ilə özünü Norveçin«yaşıl qış» na öyrəşdirmişdir. O «yaşıl qış» ki, sanki canlı,təbii və ecazkar bir rəssam tablosudur. Bu tablo vasitəsi ilə o gənc qız həm öz sevgisini tapmış ,həm də Vətən həsrətini qisməndə olsa unuda bilmişdir. Ağacların əksinin üzərində yer aldığı, göyü üz kimi təmiz göllər, bu göllərdə üzən nadir, gözəl quş növləri gənc qızı Norveçi sevməyə sövq etmiş və nigarançılıq hissini azaltmışdır. Təbiətin ecazkarlığı gənc qızın qəlbini ovsunlayaraq onu öz ağuşuna almağa başlamışdır. İlk baharda onun ilk sirdaşı,qəlb yoldaşı və yaxın dostu da elə bu füsunkar təbiət olmuşdur. O,təbiətdən aldığı güc və qüvvədən irəliləyərək cəmiyyətdə hər hansı bir mövqey əldə etməyə çalışmış özünü Norveç cəmiyyətinin və təbiətinin bir hissəsi kimi qəbul etməyə başlamışdır.
Norveç baharının simvollarından biri də yasəmən gülüdür. O yasəmən ki, rəngi,gözəlliyi,ətri, nazı və zərifliyi ilə neçə-neçə qəlbləri fəth edən və ovsunlayan qadına çox bənzərliyi vardır. AĞ,tünd və açıq bənövşəyi rənglərdə Norveç təbiətinin simvolu olan yasəmən may ayında tanrının bəxşişi kimi hər tərəfi gözəllik çələnginə bürüyür. Yasəmən bu gənc qızıda ovsunlamış , qəlbində sevgi hissi yaratmış və qəribçilik hissini unutdurmuşdur. O,hara getsə, hara dönsə ancaq yasəmən görür ,dərib saçına taxır öz xəyal dünyasını qura-qura “yaşıl qış”ı sevməyə və əzizləməyə başlamışdır.
Norveçdə yazın əsas simvollarından biri də yağışdır. O yağış ki Norveç meşələrini su ilə təmin edən və ecazkar yaşıllığın yaranmasının ilk və tək səbəbi nur yağışı…
Ancaq gənc qız hər yağış yağanda sanki bir qaranlığa qərq olar və nigarançılıq hissi onu rahat buraxmazmış. Yaz yağışının nigarançılığı qızı çox üzərdi və o Vətəndən,ailəsindən, öz doğma güllərindən nigaran qalarmış. Gənc qız Norveçdə əsrarəngiz “yaşıl qış”da hər yağış yağanda öz kiçik yuvası və sevdikləri üçün nigarançılıq hissi keçirərmiş və “Təkcə səndən nigaranam” deyərmiş:
«Gəlib, hərdən düşər yada, hərdən düşər yada, O günlər bir nağılsa da, şirin nağılsa da. Bütün dünya dağılsa da, dünya dağılsa da, Təkcə səndən nigaranam, səndən nigaranam..”
(Baba Vəziroğlu)
Quşların oxuması, dələlərin bir ağacadan o biri ağaca sürətlə qaçması, maralların yol üstündə və ya meşədə adama boylanması da Norveç təbiətinin möcüzələrindəndir. İllər ötdükcə maralların sakit baxışı, dələlərin həyəcan və qorxu ilə qaçması və quşların xoş nəğmələri qənc qızın qəlbini ovsunlayır və “yaşıl qış”a olan sevgisini daha da artırırdır.
Belə ki, qarlı bir bahar günündə Norveçə gələn gənc qız zamanla bu ölkənin hər fəslini sevmiş, öz nağıl dünyasını yaratmış və qəhrəmanlarını isə həm Azərbaycan, həm də Norveçdən seçmişdir. O, qəlbində iki ölkəni birləşdirən bir nağıl yaratmış və onu belə adlandırmışdır:“ Yarı məndə, yarı səndə”
“Çiçək ətri gül üzündə, Min məna var hər sözündə. Bir buluduq göy üzündə Yağış məndə, dolu səndə”.
O gün çox gözəl görünürdüm. Gözlərim işıq saçırdı. Ev işlərini görə-görə zümzümə edirdim. Səhər tezdən oyanıb ev-eşiyi təmizləyib özümə də sığal çəkmişdim. O gün mənim günüm idi axı. Qadınlar günü. Gülləri çox sevdiyimi evdə hamı bilir. Qızım da, institutda oxuyan iki oğlum da. Yoldaşım da bilir, ancaq buna baxmayaraq mənə heç vaxt gül almır. Səbəbini bilmirəm. Başqa nəsə ala bilər, amma gül almır. Elə işlərimi bitirib oturmuşdum ki, qapının zəngi basıldı.
Bayram əhvalı – ruhiyyəsiylə qapını açdım. Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb: – Xanım, bu güllər sizə çatacaq!- dedi. Sevincimi boğa bilməyib -Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq?- deyə soruşdum.
-Bəli. Buyurun! Mən gül səbətini alıb qapını bağladım. Otaqda gülün üstündəki kiçik zərfi acdım və “Sevgilim,səni çox sevirəm! Bayramın mübarək!” sözlərini oxuyurdum ki, yoldaşım yaxınlaşıb kağızı məndən aldı, bir mənə, bir güllərə baxıb yazını oxudu və: – Kimdəndi bu? – Bilmirəm,- dedim -Bəs kim bilir? – Mən elə bildim ki… İstədim deyim ki, elə bildim sən mənə sürpriz etmisən ,ancaq yoldaşım sözümü bitirməyə imkan vermədi. – De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?-deyə bağırdı. – Bilmirəm, dedim. Mən bilmirəm. Adını yazmayıb! – dedim. – Əlbəttə yazmaz. Ancaq sən sevdiyin gızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir.
Kişi özündən çıxdı. Yersiz ittihamlar, olmayan sözlər, cavanlıqda etdiyimiz səhvlər- hamısı yada düşdü. Mən günahsız təhqir edildim, ünvanıma yaraşmayan sözlər deyildi. Əlacsız qalıb ağladım. Elə ürəkdən ağladım ki, özümün özümə yazığım gəldi. Düşündüm ki, kaş həqiqətən məni bu qədər sevən bir kəs olaydı və bu gülləri mənə o göndərəydi! Kaş ki… Onda bəlkə bu qədər yandırmazdı məni bu haqsızlıq. O bayram günü məni sakitləşdirmək də keçmədi ağlından yoldaşımın. Qapının zəngi yenə eşidildi. Əllərində bir dəstə qızılgül böyük oğlum gəldi. Mənim o üzümdən bu üzümdən öpüb təbrik edəndə daha da kövrəldim. – Atamın hədiyyəsi mənimkindən gözəldir təbiiki, – deyə səbətdəki, güllərə işarə etdi.
Yoldaşım özünü itirmişdi. Nə sual verə bilir, nə də bayaqdan ünvanıma dedikləri üçün üzr istəyə bilirdi. Oğlum mənə xoş gəlsin deyə atasının adından zərfə qoyulan kiçik məktubu və bir səbət qızılgülü evə yollayıbl ki, güya bunu atası sifariş edib. Atasını xəbərdar etməyi isə unudub. Bir neçə dəqiqədən sonra onlar, sanki heç nə baş verməmiş kimi bu əhvalatı danışıb gülürdülər. Mən də o günü ömürlük yadımda saxladım. O gün dərk etdim ki, səni anlamayan, sənə etibar etməyən, sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz…
ŞAH İSMAYIL SƏFƏVİ – ÇİNGİZ XAN – GÖYTÜRKLƏRİN AŞİNA XAQAN NƏSLİ – ARAZ ŞƏHRİLİ YAZIR:
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından
Şah İsmayıl Səfəvinin anası Aləmşahbəyim xatun ağqoyunluların I sultanı Uzun Həsənin və Trabzon şahzadəsi Dəspinə xatunun (yunan dilindəki despina sözü türk dilindəki xatun sözü ilə eyni mənanı ifadə edir) övladı olmuşdur. Dəspinə xatunun anası isə Çingiz xanın böyük oğlu Cuçi xanın nəslindən olan Qızıl Orda şahzadəsi, Krım xanlığının qurucusu Hacı Gəray xanın (1397–1466) qızı idi. Digər məlumata görə, Dəspinə xatun Hacı Gəray xanın özünün deyil, onun əmisi Dövlət Berdi xanın nəvəsidir. Dövlət Berdi xan 1419–1421-ci və 1428–1432-ci illərdə Qızıl Ordanın hakimi olmuşdur. Məhz Hacı Gəray xanla Dövlət Berdi xanın ulu babası – İslam dinini ilk qəbul etmiş Qızıl Orda hökmdarı Bərkə xanın yardımı sayəsində Misir və Suriya müsəlmanları o dövrdə hələ İslamda olmayan monqol döyüşçülərinin şiddətli hücumları qarşısında duruş gətirə bilmişdilər.
Dəspinə xatunun atası – Trabzon imperatoru IV İoann Komninin (1403–1459) ana babası Feodor Paleoloqun ana nənəsi İrina Asen Bulqarıstanın türk əsilli çarı İvan Asenin (1259–1303) nəvəsi idi. Ehtimala görə, Asen nəsli qədim göytürklərin Aşina xaqan nəslinin bir qoludur.
Dəspinə xatunun atası IV İoann Komninin ata nənəsi Gülkan xatun Gürcüstan çarı IX Davidin (1346–1390) və onun həyat yoldaşı Sinduxtar xatunun qızı, Sinduxtar xatunun özü isə Samstxe atabəyi Qvarqvare Cakelinin övladıdır. Gürcüstanın indiki Samstxe–Cavaxetiya (Axısqa) və Acarıstan diyarlarını əhatə edən Samstxe atabəyliyi Elxanilər tərəfindən yaradılmış bir dövlət idi. Bunun bir səbəbi də o idi ki, monqol yürüşləri zamanı axısqalılar (Axısqa türkləri) və acarlar könüllü şəkildə monqolların tərəfinə keçib gürcülərə qarşı hərbi əməliyyatlarda iştirak etmişdilər. Sonradan axısqa türkləri, acarlar və onların atabəyləri könüllü olaraq Osmanlı təbəəliyini qəbul edib İslam dininə iman gətirmiş, bunun əvəzində Cakeli nəslinin nümayəndələrinə irsi paşa titulu verilmişdi. Cakeli nəslindən olan Atabəy II Manuçöhr (1581–1614) Səfəvilərin tərəfinə keçmiş və Azərbaycana qaçmışdı. Cakeli nəsli, eləcə də digər axısqalılar və acarlar Osmanlı imperiyasının gürcü knyazlarına və Rusiya imperiyasına qarşı apardığı müharibələrdə fəal iştirak etmiş, XIX əsrdə rus işğalçılarına inadlı müqavimət göstərmişdilər.
Şah İsmayıl Səfəvinin ata babası Şeyx Cüneydin atası Şeyx İbrahimin anası isə Cəlairilər türk-monqol dövlətinin sonuncu sultanı Cəlaləddin Hüseynin nəvəsi olmuşdur. Sultan Cəlaləddin Hüseynin ulu nənəsi Ulcatay xatun Çingiz xanın kiçik oğlu Toluy xanın nəslindən olan Elxani hökmdarı Arqun xanın qızı və sonrakı Elxani hökmdarları Qazan xanla Ulcaytu Sultanın doğma bacısı idi. Qeyd etmək lazımdır ki, Qazan xan İslam dinini, Ulcaytu Sultan isə On İki İmam məzhəbini Elxanilər dövlətinin rəsmi dini və məzhəbi elan etmiş xaqanlardır. Əmir Teymur öz tüzüklərində (məsləhətlərində) onların hər ikisinin adını İslam dininin şənini ucaltmış altı nəfərin sırasında qeyd etmişdir.
Ümumiyyətlə isə, Şah İsmayıl Səfəvinin əcdadlarının hamısı Peyğəmbər, alim-mütəfəkkir, xaqan, imperator, xan, sultan, şah, çar nəslinə mənsub olmuşdur.
Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.