Hamısı bir həyət evində yaşayırdı. Ata-ana, iki bacı, iki evli qardaş, bir subay qardaş. Ev vur-tut dörd otaqdan ibarət idi. Nə qədər ki, evlənməmişdilər, iki qardaş mehriban yaşayırdı. Elə ki, gəlinlər gəldi, vur-çatlasın başladı.
Gəlinlər yola getmir, ərlərini bir-birinin üstünə salırdılar. Hədə, təhqir, söyüş həddini aşmışdı.
Ata-ananı, bacını, subay qardaşı saya salan yox idi. Tərəflər qızışanda valideynləri belə eşitmir, ağızlarına gələni bir-birlərinə deyirdilər.
Axırda Səkinə arvad ərinə dedi:
-Vallah bir gün bizim yetimçələr Ağaəsədlə qardaşı Əsədin gününə düşəcəklər.
Məcid kişi təəccüblə arvadına baxdı:
-Nə Ağaəsəd, nə Əsəd?
-Yadından çıxıb, ay kişi?! Beş ilin söhbətidir. Arvadlarının fitvası ilə qardaşlar tutaşdılar. Böyük qardaş – Ağaəsəd vurub Əsədin hamilə arvadını qanına boyadı. Əsəd də arvadının qarnındakı ilə birlikdə öldüyünü görüb bıçağı böyük qardaşının – Ağaəsədin ürəyinin başına soxdu.
Polislər gəlib Əsədi apardılar. Bu dava-dalaşın, qan-qadanın axırı nə oldu? Ağaəsədlə qardaşı arvadı Sahibə öldü, Əsədə də on iki il iş verdilər. Hər iki ailə dağıldı, uşaqları başsız qaldı.
Məcid kişi fikrə getdi: “Arvad düz deyir, bu uşaqların bir xətası var. Axırda elə iş tutacaqlar ki, yanıb-yaxılacağıq. Əlimiz heç yana çatmayacaq”.
Məcid kişi əvvəlcə Əli ilə Vəlini, onlar gedəndən sonra gəlinləri çağırıb başlarına ağıl qoydu. Durub getdilər. Amma onların qırımından Məcid kişi başa düşdü ki, dediklərinin xeyri olmadı. Oğulları da, gəlinləri də qan-qan deyirdilər.
Əli Vəlidən anlaqlı çıxdı. Yığışıb ailəsi ilə birlikdə bu rayondan baş götürüb çıxdı. Qonşu rayonda iş tapıb mənzil kirayələdi. Arvadı işləmirdi, uşaqları balaca idi. Maaş ailəni güclə görürdü. Ev sahibi Dadaş xeyirxah adam idi. Əlinin çətinlik çəkdiyini, ehtiyacdan boğulduğunu görüb güzəştə getdi:
-Sənin vəziyyətini başa düşürəm. İndi kirayədə qala-qala ev dolandırmaq müşkül məsələdir. Qərara aldım ki, daha sizdən kirayə haqqı almayım. Nə zaman fərli bir iş taparsan, əlin gətirər, onda başlayarsan kirayə haqqı verməyə. İnsanıq, bir-birimizə əl tutmalıyıq.
Əli onun əlinə-ayağına düşdü. Sevindiyindən bilmirdi nə etsin.
Əlinin ailəsi də böyüklü-kiçikli Tükəzban arvada duaçı oldular.
Haradasa bir il keçdi. Hiss olunurdu ki, Əli özünə gəlirli iş tapıb. Yerində dingildəyir. Özünün, arvadının, uşaqlarının əyin-başına fikir verir, evinə yaxşı bazarlıq edir. Amma özünü o yerə qoymur, kirayə haqqı barədə fikirləşmirdi.
Bunu görən ev sahibi Dadaş hövsələsini basıb dinmir, Əlinin insafa gələcəyini gözləyirdi.
Bir gün Dadaş evə gələndə gördü ki, həyətinə bir neçə maşın daş tökülüb. Əli ilə görüşüb, ondan soruşdu:
-Bu nə məsələdir? Bu daşları bura kim töküb?
Əli heç nə olmayıbmış kimi:
-Mən tökdürmüşəm, – dedi. -Çox götür-qoy etdim. Fikirləşdim ki, nə vaxta qədər onun-bunun evində yaşayacağam. Mən də bir kişiyəm, mənim də öz evim olmalıdır.
Dadaşın dayanıb baxdığını görüb əlavə etdi:
-Deyirəm, özümə ev tikdirim.
Dadaş key-key və təəccüblə ona baxırdı. Axırda dilləndi:
-Özünə evi burada, mənim həyətimdə tikmək istəyirsən?
Əli sinəsini qabağa verib:
-Hə, başqa harada tikəcəyəm ki?! – deyə suala sualla cavab verdi. -Bir ildən çoxdur burada yaşayıram.
Dadaş ürəyini tutdu:
-Bura axı sənin yox, mənim həyətimdir.
Əli ayağını daşlardan birinin üstünə qoyaraq, etinasız şəkildə bildirdi:
-Nə olsun sənin həyətindir. Həyətin genişdir. Qorxma yerini dar eləmərəm. Həyətin bir küncündə tikərəm evi, çox o yan-bu yan eləsən, hasar çəkdirib, aranı bağlaram. Narahat olma.
Dadaş cin atına mindi:
-A kişi, necə yəni narahat olma. Sənə kim icazə verir ki, mənim həyətimdə özünə ev tikəsən? Məndən icazə almısanmı? Bir soruşmusan ki, olar-olmaz?
Əli siqaret çıxarıb alışqanla yandırdı, bir qüllab vuraraq tüstünü havaya buraxdı:
-Soruşmağa nə ehtiyac? Qanunla sənə 6 sot torpaq düşür. Amma hesablamışam ki, əslində sənin 8 sot torpağın var. Çox o yan, bu yan edərsən, gedib, şikayət edərəm ki, artıq torpaq sahən var.
Matı-mutu quruyan Dadaş artıq nə deyəcəyini bilmirdi. Əli artıq həyasızlıq edirdi:
-Əli, təqsir səndə yox, məndədir. Küçədə qalmışdın, sənə həyətimdə yer verdim, sonra kirayə haqqı almadım. Son bir ildə işığının, qazının, suyunun pulunu da mən ödəmişəm.
Əli özünə qoyulmurdu ki, qoyulmurdu. Dadaşın dediklərini heç vecinə almırdı:
-Bunlar hamısı bir vətəndaş kimi sənin borcundur. Əlsizə, köməksizə əl tutarlar. Kəsəsi, nəs gətirib mənə mane olma, qoy işimi görüm, bənna çağırmışam, sabah gəlib evin bünövrəsini qazacaqlar.
Dadaş onu dilə tutmağa, bu axmaq fikrindən daşındırmaq istədi:
-Əli, sən tərslik eləmə, adam ol, ev tikmək istəyirsınsə, get icra hakimiyyətinə, bələdiyyə idarəsinə, özünə torpaq istə. Yer ayırsınlar, harada istəyirsən ev nədir, lap imarət tik.
Əli əlini yellədi:
-Bu rayona pasport qeydiyyatım yoxdur. Torpaq ayırmazlar. Həm də dağa-daşa niyə düşüm? Hazır yer, boş torpaq var da…
Dadaşın başına sanki qaynar su tökdülər. Ağzı köpüklənə-köpüklənə:
-Əli, sən nə həyasız adam imişsən! Sənə adam, insan deməyə də dilim gəlmir. Adam olsaydın, öz rayonundan didərgin düşməzdin. Atalarımız doğru deyib: “Yersiz gəldi, yerli, qaç!” Eybi yoxdur, Əli, madam ki belədir, bu evi-eşiyi, həyəti sənə bağışlayıb, mən gedərəm bu həyətdən!
Onun sözlərini eşidən Əlinin gözləri güldü:
-Doğrudan? Sən nə yaxşı adamsan? Başa düşənsən!
Bunu görən Dadaş:
-Ay sən öləsən! – dedi. -Bu dəqiqə şələ-küləni də, ailəni də götürüb bu həyətdən, kirayəsini verməyib neçə aylar yaşadığın evdən rədd ol! Bildin! Bu dəqiqə qohum-əqrəbamı, oğullarını tökəcəyəm bura.
Əli yerində donub qaldı. Dadaş var gücü ilə qışqırdı:
-Eşitdin? Bir saat sənə vaxt verirəm. Tərpənməsən, səni bu həyətdə sürüyüb, sonra çölə atacağam! Nankor!
Yatmış oğlunu silkələyir, oyatmağa çalışırdı. Səsə oyanan böyük qardaş həyacanlanmış halda anasını səslədi. “Neyneyirsən, ay ana? Bu yatanda da tapançasını başının altına qoyur. Kim olduğunu bilməz, güllələr səni! Haçan özü oyanar, onda sözünü deyərsən. Nə vacibdi bunu belə tezdən oyatmaq?” Ana isə hirslənmişdi, oğlanlarını məzəmmətləyirdi. “Səhər açılır, heç nə yoxdu, uşağı bağlayıblar. Bunlar isə yatırlar, elə bil bağlanan bunların qardaşı deyil!”. “Ay ana, – gecə toyda çox içdiyinidən gicgahları zoqquldayan böyük qardaş dilxor halda deyinirdi.- Bu durub onu açacaq? Əbləh fərsizdi, ad batırandı, buna qardaş neynəsin? Günah məndən getdi, bunlara bələdəm, yuxudan vaxtsız oyandılarmı, sağı-solu gülləyə tuturlar. İndi qalıb bəxtinə”. Sözünü deyən kimi də sürünüb yatağının yanındakı qab yeşiyinin arxasında gizləndi.
Kara oyandı, otaq yarıqaranlıq olduğundan üzərinə əyilmiş anasını bir anlığa tanıya bilmədi. Əl atıb balıncının altından tapançasını götürdü, maneəni geri verdi, yalnız tətiyi çəkmək istəyəndə əl saxladı. Dikəlib oturdu, tapançanı gizlətdi. Qardaşı da qab yeşiyinin arxasından oğrun-oğrun boylanırdı.
Ana hansı təhlükənin sovuşduğunun fərqində deyildi, qıçlarına döyürdü. Karaya tutmuşdu üzünü və bu oğluna daha çox güvəndiyi açıq hiss olunurdu.
– Sağ ol, gəldin, qardaşının toyunu elədin. İndi iş düyünə düşüb, uşağı bağlayıblar. Səhər açılır, hələ gəlinin otağına girə bilmir.
– Niyə girə bilmir?- Kara başını silkələyir, eşitdiklərini anlaya bilmirdi.
– Bu belə şeyləri başa düşə bilməz!- böyük qardaş hər ehtimala qarşı yeşiyin arxasından çıxmamışdı, gülüşünü boğmağa çalışdığından səsi boğuq çıxırdı, o danışdıqca Kara boylanır, qardaşının harda olduğunu görə bilmirdi.- İş belədir. Qorxur! Gəlinin otağına girəndə qıçları əsir. Zorla içəri salırıq, o isə rəngi saralmış halda çölə sıçrayır.
– Sən qarışdırdın,- Kara ehtiyatla böyük qardaşına irad tutdu, – anam deyir, bağlayıblar, sənsə deyirsən qorxur. Hardan danışırsan, səsin gəlir, özün görünmürsən.
– O zəhrimar evdə sənin nəyinə lazımdır?- böyük qardaş Karanın tapançasını gizlətdiyini görmüşdü, ürəkli danışırdı. – Hamımızı gözü qıpıq eləyibsən.
Kara nəsə demək istədi, boğazını arıtladı, ancaq böyük qardaşa cavab verməkdən çəkindi. Anasına dedi, çöldə gözlə, geyinim, üzümə soyuq su vurum, yoxsa indi heç nə başa düşmürəm. Kimi bağlayıblar, qorxan kimdir, kimdən qorxur?
Geyinib çıxdı, həyətə düşüb buz kimi soyuq bulaq suyuyla üz-gözünü yudu, başını islatdı. Artırmaya keçəndə artıq anası stəkanlara süd süzür, buğlanan süd kasasını masanın üstünə qoyurdu. Oğlunun səhər tezdən süd içməyi xoşladığını bilirdi, haçan durub çay dəmləmiş, süd qaynatmışdı, bəlkə də, heç yatmamışdı.
– Hə, ana, nə olub?- isti süddən ləzzətlə içən Kara soruşdu.
– Qardaşını bağlayıblar, – ana vaysınırdı.
– Ay ana!- Kara yenə başını silkələdi. – Mən çoxdandı buralarda olmuram. Sizləri başa düşməkdə çətinlik çəkirəm. Aydın danış. Niyə bağlayıblar, hara, nəylə? Kimin işidir? Sən adını de, qalanı mənlikdir!
Ana əllərin dizinin üstünə qoymüşdu, oğlunu başa salmağa cəhd eləyirdi.
– Girə bilmir gəlinin otağına, qorxur. Tilsimə salıblar, bağlayıblar. Nə bilim hansı mərdiməzarın işidir. Mollanın yanına getmək lazımdır, qoy dua yazsın, tilsimi qırsın, açsın bunu. Yoxsa rüsvay olarıq.
Karaya yalnız indi nə baş verdiyi və ondan nə tələb olunduğu aydın olmağa başlayırdı.
– Mən getməliyəm?
– Sən yaxşısan.
– Sən bunu hara göndərirsən? – Böyük qardaşın səsində inciklik var idi. Anasının işi korlayacağından ehtiyat eləyirdi.- O mollaya bələdəm, bir kitablıq söz danışırsan qanmır, bu gedib onu necə başa salacaq?
– Mən neyləməliyim?- Kara hirslə dilləndi, bu uzun nitq onu hövsələdən çıxartdı.
Kara dua yazdırmaq üçün pul verməli olduğunu eşidəndə hirsləndi, dərhal demək lazımdı, deyə əl çantasını onun qabağına qoydu. Karanın yaxşı bir cəhəti var idisə, o da pul məsələsində vasvası olmamasıydı, hesab aparmazdı. İstəyirsən pullarını qəpiyinəcən götür, bir söz deyən deyildi, heç soruşmayacaqdı da, hara, niyə veribsən. Özünə lazım olan qədər götürdü. Ayaq üstəcə iki tikə çörək yeyb həyətə düşdü. Köhnə “UAZ”-ı işə salmaq bir qədər vaxt apardı, tərsliyi tutmuşdu, bu dəmir yığını da belə namünasib iş üçün mollanın qapısına getmək istəmirdi.
Molla evdə deyildi, biçənəklərə baxmağa getmişdi. Günortaya yaxın gəlib çıxdı. Üst başında keçib gəldiyi yolların tozunu gətirmişdi. Həyətə çatıb əbasının ətəklərini çırpdı, sanki uçmağa hazırlaşan nəhəng quş qanad çaldı, bir toz qalxdı ki, toz dumanı içində o görünməz oldu. Molla toz duman arxasından boylanıb onu axtarırdı, tapdı, salamlaşıb nə üçün gəldiyi ilə maraqlanmadan, namaz qılıb-qılmadığını soruşdu. Qıldığını dedi, əyər qılmadığını desəydi, söhbət bununla da bitəcəkdi. Molla da “Lap yaxşı, – dedi – vaxtdır, namazımızı qılaq, sonra söhbət edərik». İşləri korlamışdı, ancaq geriyə yol yox idi, sözündən qaça bilməzdi, nədən bilsin molla hansı məqsədlə soruşur. Diqqətlə fikir verir, mollanın necə dəstəmaz aldığına baxır, molla neyləyirdisə, o da təkrar eləyirdi. Namaza da beləcə başladılar, yanaşı durmuşdular, bir gözü mollada idi. Molla əyiləndə əyilir, oturanda oturur, qalxanda qalxırdı. Sonda molla başını möhürün üstünə qoyub mayallaq aşdı, gedib otağın o biri başına düşdü. Bu onu çaşdırdı, anasının namaz qıldığını çox görmüşdü, ancaq arvadın bircə dəfə də mayallaq aşmasını xatırlamırdı. Elə isə bu niyə aşdı? Mollaydı, oxumuş adamdı, boş yerə dəli deyildi ki, mayallaq aşa. Allaha təvəkkül, deyib mayallaq aşdı, gedib molladan o tərəfdə düşdü, belə şeyin ustasıydı. Molla əllərini bir-birinə vurub şaqqanaq çəkdi, gülməkdən uğunub gedirdi. “Ay-hay, elə bildin məni aldadacaqsan? Namaz qıldığını decək, ya da məni yamsılacaq, sənə inanacağam? Namazda mayallaq aşma var?”
Mətləbi uzatmadı, molla fikirləşib yeni bir əmma tapmamış niyə gəldiyini dedi və mollanı od götürdü: “Mən adam açanam? Bəlkə mən onu aparım salım arvadının otağına? Necə olur, sən Allahdan qorxmursan, namaz qılmaq əvəzinə mayallaq aşırsan, qardaşınsa arvadının yanına getməyə qorxur?” Molla çox danışdı, boşboğazlıq elədi, axır onu hövsələdən çıxartdı. Keçib yerdən bardaş quraraq molla ilə üzbəüz oturdu. Əllərini oynadırdı: “A kişi, cəfəngiyyat danışmağı boşla! Allahına şükür elə ki, mən gəlmişəm. Kara gəlsəydi, bu dilləri oxumazdın. İndi söykəmişdi səni divara, tapançanı da dirəmişdi gicgahına, sən də sarını udmuşdun, dilin tutulmuşdu. Deyim də sənə, bunun necə hörməti var. Bir dəfə Moskvada girmişik bazara. Bazar da nə bazar, sahəsi bizim kəndin ərazisindən böyükdür. Mən arxada gedirəm, Kara ilə sürücüsü qabaqda. Biri dalında kisə gəlirdi, yanımızdan keçəndə kisəsi yüngülcə Karaya toxundu. Kara bir söz demədi, sürücüsü isə qaçıb kisə aparana çatdı, saldı onu yumruq altına. “Ay əbləh!- deyir.- Bildinmi kisəylə kimi vurdun? Karanı!”
O qədər keçmədi, gördüm bazarda çaxnaşmadır, o ora qaçır, bu bura qaçır. Birini saxlayıb soruşdum, bu vurnuxma nədir, hara belə qaçırsız? Deyir: “Xəbərin yoxdur, Kara gəlib bazara!” Deyirəm, görəsən bu Kara kimdir? Bir də baxam görəm bazarın bütün böyükləri tökülüşüb gəldilər, buna təzim eləyirlər, hədiyyələr gətirir, qulluq göstərmək istəyirlər. Sən demə Kara bu imiş. Çıxmışıq çölə, maşında deyirəm, bir halda sənin bu qədər hörmətin var, bunlardan birinə de, balaca işarə vur, qoy mənə puldan-filandan versinlər, yaşayım özümçün. Yoxsa sənin kimi qardaşım olduğu halda, qəsəbənin bazarında şor, yumurta satmaqla dolanıram. Bu isə qaşqabağını tökür. Deyir, mən dilənçi deyiləm. Sonrası da hər şey zakonla olmalıdır. Nəyə görə kimsə sənə pul verməlidir? Baxdım gördüm dərinə getsəm, qoyacaq zakona, özümü vinovni çıxaracaq, daha səsimi çıxarmadım. İndi bildin Kara kimdi?”
Çox çək-çevirdən, xüsusilə də pulunu artıqlaması ilə alandan sonra molla dua yazmağa razılıq verdi.Yazdı və neyləyəcəyini də ona başa saldı. “Qardaşın axşam şiri nərə dönəcək!- əminliklə dedi. – Açdım bütün düyünləri, qırdım ipləri, qovdum cin-şəyatinləri. Sənin o Karandan da qorxub eləyən yoxdur. Müsəlmançılıq borcuna görə yazdım. Çətinə düşən müsəlmana kömək eləmək borcumuzdur”.
Mollanın yadına düşməyən bircə şey varsa, o da məhz müsəlmançılıq borcuydu. Müsəlmançılıq borcuna görə yazdınsa, pulu niyə alırsan? Burda əsas rolu pul, bir də bunun Karadan qorxması oynamışdı. Bələddi, bunlar qədər canını heç kim istəmir, dünyadan beş əlli yapışırlar. Duaları cibinə qoydu, maşına minəndə arxada dayanmış sifətindən hiyləgərlik yağan mollaya baxır, şübhəsi bir az da artırdı. Bu zəhər tuluğu nəyə desən oxşayırdı, bircə cin-şəyatin qovana yox. «Qulaq atdı mənə! – deyinirdi.- Pulu küləyə verdim, vəssəlam!»
Evə gəlib həyətdə, ağacların kölgəsində oturub süd içən Karanı görəndə möhkəm hirsləndi. “Nəyinə lazım, oturub sərin yerdə, süd içir, tapança oynadır. Mən isə orda mayallaq aşıram, mollanı əyləndirirəm. İlan dili çıxarıb əbləhin yekəsinə yalvarıram”
İşə başladı, duaların birini mollanın dediyi kimi bağda basdırdı. Dualardan birini də yandırıb tüstüsünü yarpaq kimi əsən qardaşına verdi. Qardaşı boğulur, gözlərindən yaş süzülürdü. Üçüncü duanı da qardaşının tüküylə birlikdə yandırıb külünü küləyə verməli idi, ancaq qayçıyla saçından kəsəndə qulağından da bir az kəsdi və onsuz da əsən qardaşı sapsarı saraldı. Qulağının qanı dayanmırdı, üz-gözünü qan basmışdı. Ana vaysınır, əllərini dizlərinə döyürdü. “Bundan adam olmaz! Oldu heç nə. Birdəfəlik elədin, saldın bunu adamlıqdan”.
Böyük qardaş yanıb yaxılırdı, xəta olsun qulağını azacıq kəsib, arvad elə danışır, sanki bunun qulağını yox, başını kəsibsən. Belə çıxırdı günahkar oymuş, bunu adamlıqdan salmasaymış, heç bilirsən neyləyəcəkmiş?
Səhər tezdən yenə də ana Karanı silkələyir, oyatmağa çalışırdı. Ayıl, a bala! Fil yuxusuna gedibsən? Rüsvay olmuşuq, başımıza iş gəlib, bunlar isə yatırlar.
Yuxudan hövlnak oyanmış böyük qardaş həyacanlanmış halda anasını səsləyirdi: “Ay arvad, nə oyun çıxarırsan? Qoy oturmuşuq! Ay ana, bir dayan! Əşşi, sən özün bilərsən, qoy mən yeşiyin arxasına girim, sonra. Ay arvad, bir dəqiqə gözlə də! Yanğındı?”
Kara oyandı, alt paltardaca ayağa sıçradı, tapançanı söykədi anasının sinəsinə. Qəzəbli səsi yarıqaranlq otaqda boğuq gurultu qopartdı.
– Kimsən?
– Məni tanımadın? – ana heyrətlə səsləndi.
– Sənə bu da azdı! – böyük qardaşın səsi yeşiyin arxasından dilləndi. – Elə öz bildiyini eləyir. Əbləh öldürəcək arvadı!
Yaxşı ki, Kara tez ayıldı, başını silkələdi, işin nə yerdə olduğunu bilib yerinə uzandı, yorğanı üstünə çəkib, özünə haqq qazandırmağa çalışdı. “Ay ana, otaq qaranlıq, göz-gözü görmür, sən də kəsdiribsən başımın üstünü. Qoy geyinim, sonra danışarıq”.
Kara geyindi, üzünə soyuq su vurdu və nə baş verdiyini soruşdu.
– Açılmadı,- ana qıçlarına döyürdü.- Səhərə kimi yatmamışıq, bunu itələmişik gəlinin otağına. Girməyib, verib ayaqlarını yerə, getməyib. Əldən-dildən düşmüşük.
– Onu niyə itələyirsiz? – Kara başını əsdirdi.
– Bəs necə olsun, bağlı qalsın? Camaat bizə gülsün? Qardaşın dua yazdırmağa könülsüz getdi, iş də düzəlmədi. Heç yerə uşağın qulağını kəsdi, yazıq yarım saat pırtıldayıb, elə bil toyuğun başını kəsib buraxıbsan. Qonşu kənddə bir ovsunçu var, özün get onun yanına.
Kara isti süddən ləzzətlə içdi və inamla dedi ki, gedər, işi də həll elər. Böyük qardaşın isə qanı qaralmışdı. Demək, molla ona qulaq atdı, başına papaq qoydu! Neyləsin, gedib pulunu istəsinmi, yox əşşi, cəhənnəm olsun. Əbləh canını verər, aldığı pulu qaytarmaz. Bu dəyyus da açılmadı, uşağı çətin işə buyururlar. Birdən-birə dursun, getsin. Ürək istəyir. Rüsvay olacağıq, itin yanında da hörmətimiz olmayacaq!
Kara südünü içən kimi ayağa qalxdı, əl çantasını da götürüb onun köhnə «UAZ»-na mindi və qonşu kəndə yola düşdü. Kəndə çatıb, soraqlaşaraq ovsunçunun evini tapdı, ovsunçu evdəydi, sübhdən gələn qonağı aşkar sevinclə qarşıladı. Kara söhbəti uzatmadı, qısaca niyə gəldiyini dedi. Ovsunçu bir kasa su qoydu masanın üstünə, kasanın içinə iki-üç xırda mis pul, iynə, qıyıq atdı. Çırtma ilə vurub suyu ləpələndirdi və vaysınmağa başladı. “İşlər şuluqdur! Cinlər bağlayıblar onu! Yeddi düyün vurublar, yeddi tilsimə salıblar. Yeddi …”
Ovsunçu bu adamıın boşboğazlığı sevmədiyini sevmədiyini başa düşdü, sadəlövh üsullarla buna təsir eləmək mümkün deyildi, bununla qısa danışmaq yaxşıydı.
– Hə, – dedi.
– Nə qədər verməliyəm?
– Min dollar! – ovsunçu onu da hiss eləmişdi ki, belə qətiyyətlə, özünə inamla danışan adamdan pul qopartmaq olar. Bununla belə müştərisinin onunla qiymət üstə çənə döyəcəyini zənn eləyirdi, ancaq onun stolun üstünə pul saydığını görəndə qəlbində təəssüf hissi baş qaldırdı, çox da istəyə bilərdi
Kara pulu verib ayağa qalxdı, etinasız halda:- Qiymətini dedin, haqqını aldın!- dedi- İkisindən biri olmalıdır, ya o açılmalıdır, ya sən ölməlisən!
Ovsunçu and-aman eləyir, dəridən, qabıqdan çıxaraq onu arxayınlaşdırmağa çalışırdı, narahat olma, uzağı iki-üç saata tilsimləri qıracaq, bağlı düyünləri açacağam. Kara ona qulaq asmadan çıxdı, adamları tanımaqda səriştəsi var idi. Bu adamdan gözü su içmədi. Fırıldaqçıya oxşayırdı, səsi saxta çıxır, göz-başı qaynayırdı. Bununla belə ovsunçunun necə adam olması Karanı narahat eləmirdi, təki işini görsün.
Onun belə tez qayıtması böyük qardaşı təəcübləndirdi, səsindəki istehzanı gizləməyə çalışıraq:
– Nə oldu? – soruşdu.
Kara başdan sovdu cavab verdi:
– Mənə açılacağını dedilər
– Birdən açılmadı.
– Onda o öləcək!
Böyük qardaş başını yırğalayırdı, gedib, işi düzəldib, yəqin ovsunçunun zəhrini yarıb. İndi o bədbəxt əsməcəyə düşüb, onun özünü açan lazımdır.
Evdə narahatçılıq idi, ana havalı adamlar kimi gəzirdi, hətta sevimli oğluna da az diqqət yetirirdi. Toy ola, aləmə səs düşə, sonda isə bəy bağlı qala, əlbət ki, ana özündə olmazdı. Ananın halına yanan, ancaq işi yoluna qoymaq üçün əlindən heç bir iş gəlməyən böyük qardaş da dilxor idi, kiçik qardaşın qarasınca deyinirdi. “Ay əbləh, arvadın bağrını çatladacaqsan! Atamız yeddi il yataq xəstəsi oldu, düz yeddi il kişini ayaqyoluna arxamda aparıb gətirdim. Arada hirslənir, elə arxamdaca məni əl ağacı ilə döyürdü. Arvad sifətini turşutmadan yeddi il kişinin qulluğunda durdu. Heyf, zəhmətimiz hədər getdi, kişi yataqdan qalxmadan dünyasını dəyişdi. Arvad da qocaldı, ömründən illər kəsildi, indi də sən əbləh kəsirsən!»
Kara həyətdə oturmuşdu, sifəti hissiz-duyğusuz idi, elə bil daşdan yonulmuş heykəldi, gözlərini bir nöqtəyə dikib harasa baxırdı. Birdən baxışları canlandı, əlini uzadıb çəpərin dibindəki enli yarpaqları, qızılı rəngdə zəngvari çiçəkləri olan gülü göstərdi.
– Uşaqlıqda mən onun çiçəyini yeyib zəhərləndim. Sən də məni döydün.
– Olub hə, – böyük qardaş mızıldandı, başsız adamdı, beyni də qurumuşdu, ancaq yaddaşına bax, – sənə azı yüz dəfə deyilmişdi ki, zəhərlidir. Sənsə yeyirsən! Bəs səncə mən neyləməliydim?
– Sən qatıq gətirməliydin.
Lənət şeytana, bu nə demək istəyirdi, fikri nəydi? Onlarla başkəsəni əmrə müntəzir dayanan bir adamın döyülməsini, başlıcası isə onu kimin döyməsini unutmaması yaxşı əlamət deyildi. Belə bir adam səndən yanıqlı ola, necə arxayın gəzə, yata bilərsən? Lakin o hadisəni xatırladıqca qardaşına yazığı gəlirdi. Uşaq zəhərli çiçək yeyib, zəhərlənib, göyərir, havasızlıqdan boğulur, o isə qatıq gətirmək əvəzinə, ağrılar içində qovrulan uşağı salıb yumruq altına. Qardaşına qarşı haqsızlıq eləmişdi, əlbəttə Kara belə şeyləri unutmazdı. Tərslikdən bəy də açılmır, nə qədər bağlıydı, Kara məsələyə əncam çəkməyincə heç yerə gedən deyildi. Vəssəlam, otur gözlə bu haçan uşaqlıqda döyülməsinin qisasını almaq fikrinə düşəcək.
Gecə yenə də Kara ilə böyük qardaş bir otaqda yatdılar, bu gələni beləcə yatırdılar, daha Karanı tək qoyub gedib öz otağında yata bilməzdi ki. Bir Allah bilir, böyük qardaş səhərə kimi necə yatırdı, gecənin çoxunu səksəkə içində oyaq qalırdı. Birdən Kara yuxusunu qarışdırdı, ya da səs eşitdi, durdu, otağı tutdu gülləyə. Neyləyəcəkdi?
Aylı-ulduzlu gecəydi, pəncərənn qabağını kəsən söyüdün budaqları arasından süzülən ay işığı döşəmənin üzərində oynaşırdı və belə aylı gecədə böyük qardaşın yuxusu gəlmirdi. Kara üçünsə fərqi yox idi, aylı gecə olsun, ya qaranlıq, zülmət gecə, çöldə bülbüllər oxusun, ya çaqqallar ulaşsın. Qəlb deyilən şey yox idi bunda. Böyük qardaş beləcə fikirləşirdi ki, Karanın səsi onu xəyaldan ayırdı.
-Məni çox döyübsən.
-Olub hə. Arada…- ehtiyatla dedi. Bu nə demək istəyirdi, Allah bilir başına nə fikirlər gəlirdi . Qəlb yox, baş yox, necə olsa Karadır, gözü qızdı, nə bilir qardaş kimdi. Tərslikdən uşaqlıqda döyülməsini də tez-tez yadına salırdı.
– Arada yox! – Kara bədənə üşütmə salan soyuq səslə etiraz elədi.- Həmişə!
– Hə, döymüşəm! – Qan özünü göstərirdi, Karanın damarlarıyla axan qandan onun da damarlarıyla axırdı. Əsəbləşib özündən çıxmışdı, təhlükə-filanı unutmuşdu.- Dəcəllik eləməyəydin, sözə baxaydın, döyülməyəydin! Yığmışdın məni boğaza!
– Onu da döymək lazım idi.
Gözlədiyinin əksinə olaraq Kara tapançaya əl atmadı, əsəbləşmədi də. Yeddi qardaş idilər, atası xəstə oldu, sonra da dünyasını dəyişdi, böyük qardaş kimi evin bütün ağırlığı onun çiyinlərinə düşdü. Ev işlərini bölür, kimin nə iş görəcəyini tapşırırdı, yaşamaq, dolanmaq üçün hamı işləməliydi. Kimsə odun, su gətirməli, bostanda-bağda işləməli, mal-qoyunu otarmalı, kimsə dəyirmana buğda aparmalıydı. Hamısından razıydı, bircə Kara mütləq nəsə bir hoqqa çıxartmalıydı və məlum işdir, heç bir hoqqası da cəzasız qalmırdı.
Əskəriliklərini çəkəndən sonra beş qardaş çıxıb Rusiyətə getdilər, kiçik qardaşla o isə qaldılar. Kiçik qardaşın toyuna yalnız Kara gələ bilmişdi, o birilərin gəlməyinə mən razı olmadım, deyirdi, Rusiyətdə bu ara çaxnaşma var, qoy bir müddət arvad-uşaqlarının yanında olsunlar. Sonra hamısını birdən göndərəcəyəm, təzədən toy elərsiz.
Bu gecə böyük qardaşın bir gözü oyaq oldu, ay otağı süd kimi bəyaz işığa qərq eləmişdi, o yan-bu yan olsaydı çarpayının, yeşiyin arxasında gizlənb canını qurtara bilərdi. Bir tərəfdən də anası yatmağa qoymurdu, hər saatdan bir onu çağırırdı, sən də gəl, görək neyləyirik.
Sübhdən anası Karanı silkələyən kimi oyandı, anasının nə deyəcəyini gözləmədən:
-Açılmayıb?- soruşdu.
-Yox, -anası vaysındı, bu neçə günü gecə-gündüzü yox idi, danışmaqdan səsi batmışdı. – Səhərə kmi bir çimir belə gözümüzü yummamışıq. Bunu itələmişik, qapıya qədər gətirmişik, verib ayaqlarını yerə getməyib. Dincimizi alıb yenə itələmişik, xeyri olmayıb.
– Hə, elədir, – işin tapançaya kimi gedb çıxmadığına əmin olan böyük qardaş yeşiyin arxasına keçməyi lazım bilməmişdi, yatağından danışırdı.- Sən yuxu bişirəndə bu lələşin o əbləhi itələyirdi. Güc verməkdən ürək-göbəyim düşüb. Dəyyusda fil gücü var, gəl, arvaddan qorxur. Sonrası da ay ana, kəndin çoxu bizim qohum-əqrəbadı. Təkcə əmimin altı gəlini var, dayım qızları, bibim uşaqları. Hansı gündə kara gələcəklər, çağır, qoy gəlib kömək eləsinlər.
Kara geyiniib yuyundu, südünü içdi, tələsmədən ləzzətlə içirdi, anadan təzə doğulan buzov kimi gündə üç dəfə süd ver, içəcəkdi.
Gecə hava rütubətli olmuş, otlara, çiçəklərə şeh qonmuşdu, ayaqyoluna gedən cığırın hər iki tərəfi qurşağa qədər ot-alaq idi. Ordan qayıdan Karaya baxanda böyük qardaş özünü gülməkdən güclə saxladı, şehdən islanıb qıçlarına yapışmış şalvarını çiçəklər boyayıb alabəzək rəngə salmışdı.
– Salafandan ayaqyolu tikərlər?- dilxor halda dedi, neçə gündü gedirdi ora, yalnız bu gün nədən tikilməsi diqqətini cəlb eləmişd.
– İranındı, – o da söz tapa bilməyib mızıldandı.- Adamın yan-başını göstərir. Rusiyətkin axtarıram.
– Hökməndi salafandan tikəsən? Guya Rusiyət salafanı göstərməyəcək?
Kara başını yırğalayıb maşına oturanda böyük qardaş həyacanlandı, bu lənətə gəlmişin tərsliyi var idi, vacib bir iş oldumu, başına daş düşürdü. Fikrləşdiyi kimiydi, Kara neylədisə, mator işə düşmədi. Hirslə maşından yerə sıçradı, qapını var gücü ilə çırpdı, təkərə bir- iki təpik vurdu.
– Bu maşındı?- rus ləhcəsiylə soruşdu, həm də elə soruşurdu ki, sanki maşının işə düşməməsinin, lap elə bu metal yığınının maşın olmamasının səbəbkarı böyük qardaş idi.
– Bə nədir? – böyük qardaş incik tərzdə dilləndi.
– Heç nə! Zibil!
Böyük qardaş etiraz eləmədi, bununla söz güləşdirməsəydi yaxşıydı, elektrik şamlarını açdı, ikisi islanmışdı, özündə təzəsi vardi, şamları dəyişdi, matoru işə salıb düşdü. Kara maşına oturub getdi.
Karanı görəndə ovsunçunun rəngi ağardı, yerindəcə donub qaldı, dili tutulmuşdu, nəsə demək istəyir, ancaq udqunur, sözünü deyə blmirdi. Sifətində buz kimi soyuq, kinayəli təbəssüm oynayan Kara astadan:
– Üzünü divara çevir! – dedi.
– Ne…cə?- ovsunçunun dili açıldı, kəkələyirdi.
– Tələs!
Ovsunçu hansı təhlükəylə üzləşdiyini hiss eləmişdi, qarşısındakı aman verənə oxşamırdı, ancaq suda boğulan saman çöpündən yapışan kimi, ovsunçu da dilinə ümid edir, canını qurtarmaq üçün dil tökürdü.
– Olmaya açılmayıb? Axı mən…
– Çərənlədin, yetər! – Kara tapançanı üzünə götürdü.
– A kişi, dayan! Bir əl saxla, qaçıram? Sən müsəlmanı o dünyaya necə göndərmək istəyirsən? Allahdan qorxmursan? Qoy bir kəlmeyi şəhadətimi deyim, Allahıma dua eləyim, yalvarım ki, günahlarımdan keçin, ailəmi, balalarımı tapşırım.
Kara bunu gözləmirdi, doğrudan hə, yaxşı çıxmırdı, müsəlman kimi ölmək istəyənə son nəfəsdə aman verməyəsən, qoymayasan Allahına dua eləsin. Gözləmək lazım gəlirdi, qoy duasını eləsin, sonra işini qəlb rahatlığı ilə görərdi. Bununla belə şübhə içindəydi, bu başda-gözdə adamın çətin ki, son nəfəsdə Allah yadına düşəydi.
-Yaxşı, – dedi və stul çəkib oturdu.- Çalış, qısa olsun.
– Qoy pulunu da qaytarım.
– Lazım deyil, – Kara əlini yellədi,- ehsan verərlər sənin üçün.
– Bir iş də var,- ovsunçu ürəklənmşdi, bir halda ona vaxt vermişdilər, bu vaxtdan özünü xilas eləmək üçün istifadə eləməliydi.- Mən ölsəm qardaşın ömürlük bağlı qalacaq. Bu işi məndən başqa bacaran ikinci bir adam Azərbaycanda yoxdur.
– Bu prinsip məsələsidir! – Kara bu fırıldaqçıya vaxt verdiyinə görə heyfislənirdi, işini görüb getmir, bunun nazıyla oynayır. – Sən aldadıbsan, ölməlisən. Qardaşımın bağlı qalması, ya açılması, sonranın işidir. Mənimlə qurtardın. Allahınla da qurtar!
Ovsunçu əsl həqiqəti yalnız indi dərk elədi. Bu adam daş, dəmir parçası id. Buna nəyləsə təsir eləmək mümkün deyildi. Diz çöküb əllərini göyə açdı, Allaha yalvarır, günahlarından keçməsini, bağışlanmasını xahiş eləyirdi. Kara isə sanki köz üstündə oturmuşdu, qurcuxur, yerində otura bilmirdi. Pəncərədən yaz şəfəqlərinin süzüldüyü bir vaxtda diz çöküb əllərin göyə açan ovsunçuya baxdıqca qəlbində anlaşılmaz duyğular baş qaldırırdı. Görəsən orda, o soyuq və boz rus şəhərində onun son nəfəsdə beləcə Allaha dua edib bağışlanmasını diləməyə vaxtı, macalı olacaqdımı?
– Sən kimə yalvarırsan? – hirslə soruşdu.
– Allahıma!
– Onda qibləyə tut üzünü! İtin birisi, əllərin mənə açıb, Allaha yalvarır! Yoxsa mən keçməliyəm sənin günahlarından? Tez ol, qurtar!
Ovsunçu Allaha yalvarsa da, ona da deyirdi sözünü. Sən çox demirəm, mənə bir gün də möhlət ver. Qoy sonuncu üsulumu da işə salım, əyər açılmasa, gəl, gülləni çax təpəmə. Mən qalıram, sən qalırsan. Mən bir gün artıq yaşamaqla, sənin qardaşın bu boyda bəladan xilas olacaq. O danışdıqca, Karanın qəlbində ikili duyğular baş qaldırırdı. Bəlkə elə doğrudan da bu işi bacaran yeganə adam buydu. Onda necə olsun? Bunu öldürsün, qardaşı da ömürlük bağlı qalsın. Eşidib-bilən nə deyərdi? Anasının, böyük qardaşının dincliyi olmayacaqdı, dost-tanış içində rüsvay olacaqdılar. Bəlkə elə buna bir gün möhlət versin, bunun bir gün artıq yaşaması ilə nə olacaqdı? Düşünüb qərarını verdi.
-Yaxşı, -dedi, – sabah elə bu vaxt gələcəyəm. Qaçmağı, gizlənməyi ağlına da gətirmə. Yerin dibində də olsan taparam və belədə sən əzabla ölərsən. Qardaşım açılmış olsa da, yaşayacağına qarantiya vermirəm. Gecə yatma, sübhə kimi Allaha dua elə, qoy qəlbimə rəhm salsın.
Ovsunçu ilanın ağzından qurtaran qurbağa kmi ağzını açıb-yumur, işartısı sönmüş gözləri canlanırdı. Kara sözünü deyən kimi də ayağa qalxıb həyətə düşdü. Doqqaza tərəf gedəndə arxadan ovsunçunun səsini eşitdi. Özü görünmürdü, ancaq artırmadan, şalbanın yanından qoşalülə tüfəngi ona tuşlayıb söyürdü. “Cəhənnəm ol, çıx ged burdan. Bir də gəlmə, gəlsən, it kimi gəbərəcəksən! Təpənə donuz gülləsi ilə vuracağam! Leşini isə basdırmayacağam, qurda-quşa yem olacaqsan!”
Kara kinayə ilə gülümsədi, demək, iş beləymiş, ovsunçu onu tüfənglə qorxudurdu. Açıq həyətdə etibarlı yerdə gizlənmiş əli silahlının üstünə getmək mənasız risq idi, ancaq bu Kara idi. Nə vaxtsa ölümdən, silahdan qorxub kiminsə qabağından qaçmamışdı, onu qorxutmaq cəfəng işdi, ölər, ancaq qaçmazdı. Geri dönən kimi də tapançanı çıxarıb, səs gələn tərəfə atəş açdı və evə doğru qaçmağa başladı. Ovsunçu bunu gözləmirdi, bir anlığa özünü itirdi, atəş açdı, ancaq tələsdiyindən, həyacanlandığından atəşi sərrast olmadı, aralıdan keçdi. Tüfəngi yenidən doldurmağa gecikərdi, yaxşısı bu Allahın bəlasından qaçıb qurtarmaq idi, bu insan deyildi, ürəyində xof, qorxu yox idi.
Kara artırmaya qalxıb orda heç kimi görmədi, otaqları axtardı və yalnız indi küncdəki otağın bağa açılan pəncərəsinin açıq olması diqqətini cəlb elədi. Ovsunçu pəncərədən bağa tullanıb qaçmışdı, bir qədər də baxıb onu görə bildi, ağacların arasıyla aşağıdakı dərəyə tərəf qaçırdı. Bu itə sabaha kimi möhlət vermişdi, qardaşı açılsaydı, bəlkə də öldürməyəcəkdi, istəmədi, özü bilər.
Kəndə qayıdanda ürəyincə işləməyən mator, boğuq, qarışıq səslər çıxaran maşın onu əsəbləşdirirdi. At arabasıydı bu, maşın adına ləkəydi. Kəndə çatmağa az qalmış, yol yoxuşa dirənəndə isə maşın Karanı tamam hövsələdən çıxartdı. Addım-addım irəliləyir, yoxuşu qarışqa sürəti ilə qalxırdı. İlbizdi, göstəbydi, nəydi bu lənətə gəlmiş? Əsəbləri tab gətirmədi, çantasını götürüb yerə sıçradı, hətta maşının geri qayıdıb, yolun aşağısındakı uçuruma necə yuvarlanmasına da baxmadı.
Evə yorğun, üst-başı tozdan bozarmış halda qayıtdı. Saçlarına, kipriklərinə toz qonmuşdu, gözləri tozlu kirpiklərinin arasından qəzəblə işıldayırdı. Köynəyini çıxarıb tozunu çırpdı, qurşaqdan yuxarısını soyuq suyla yudu. Gəlin dəsmal, təzə köynək gətirdi, yalnız Kara geyinəndən sonra böyük qardaşı maşının harda qaldığını soruşdu.
– Uçurumun dibində desəm, acığın gələr?
– Allaha şükür, özün salamatsan, – böyük qardaş səmimi deyirdi, hələ bir inciyirdi də. Bununla belə dilxor olmuşdu, gördüyü iş belə olacaq, ovsunçunu o dünyalıq elədi, maşını uçuruma yuvarlatdı, qardaşı da bağlı qaldı.
– Neçəyə olur onun təzəsi?- Kara soruşdu.
– Uzağı beş-altı min dollara.
– Gedib alarsan,- Kara əl çantasını qabağına çəkib açdı, stolun üstünə on min dollar saydı. O, etiraz eləyir, götürmək istəmirdi. Kara isə baxışlarını bir nöqtəyə dikmişdi, heç ona tərəf baxmırdı da. Sözü bir dəfə deyirdi, pulu vermişdisə, söhbətə yekun vurmuşdu, daha bu mövzuya qayıtmayacaqdı.
– Bəs o necə olacaq?- söz arası soruşdu.
– Kim? – Kara duruxdu.
– Bəy. Bağlı qalacaq?
– Hardadı o? – sanki Kara yuxudan oyandı, hövlang soruşdu.
Böyük qardaş ikinci mərtəbədə olduğunu deyib yuxarını göstərdi və Kara evə qaçdı, pilləkəni iki-üç sıçrayışla qalxdı. Bəy artırmadakı divanda oturmuşdu, baxışlarından alov saçılan Karanı görəndə qorxmuş halda ayağa qalxdı. Kara öz doğma qardaşına baxır, bir şey başa düşə bilmirdi. Hardan gəlib düşmüşdü bu ailəyə? Onlarda belə ölüvay, fərsiz yox idi, kimə oxşamışdı? Damarlarından hansı tayfanın, hansı nəslin qanı axırdı? Kara gəlinin otağını qardaşına göstərib hiddətlə soruşdu:
– Niyə getmirsən?!
– Qorxuram, – qardaşı titrəyirdi.
– Nədən?! – Kara vəhşi səslə bağırdı, qardaşı olsa belə əsməcəyə düşmüş bu adamın görkəmi onda ikrah doğururdu.
– Qo…qorxuram,- qardaşının dili söz tutmurdu.
– Gedəcəksən, yoxsa beynini havaya sovuraram!
Tapançanı çıxarıb nişan almadan iki dəfə atəş açdı, güllələr qardaşının saçını yalayıb keçdi, divara dəyib suvağını qopartdı. Qardaşı döyükdü, özünü itirmiş halda sağa-sola boylandı və gəlinin otağına cumdu, sanki yel götürüb apardı onu. Kara arxayınçılıqla köks ötürdü, nə yaxşı, bu alçağı öldürmədi. İş-peşə tapıblar, itələyirlər, bu da getmir. Başının üstündən güllələr çovuyan kimi itələməyə ehtiyac qalmadı, uça-uça getdi.
Kara aşağı düşəndə böyük qardaş canı höyüllü pilləkənlə üzü yuxarı qalxırdı. Tüstülənən tapançanı cibinə qoyan Karaya vahimə içində baxırdı, gözləri alacalanmışdı.
– Öldürdün?
– Açdım,- Kara istehza ilə dedi.
– Tapançayla?
– Əsas açılmağıdır, ya mənim onu nəylə açmağım?
Hər şeyin salamatçılıqla qurtardığını öyrənən böyuk qardaş sevindi, bağlı qalan qardaşına rəhmi gəlmirdi, rüsvayçılıqdan qorxurdu. Bəs qardaş gəldi Rusyətdən, vurdu qardaşını öldürdü, özü də nəyin üstündə, bağlı qaldığı üçün. Ölənə kim sərkisindən çıxmaq olmazdı.
Bəyin nəhayət gəlinin otağına girdiyini eşidən ana Allaha yalvarır, dua eləyrdi. Bircə açılsaydı, iş bununla qurtarsaydı, nəzir verərdim, qurban kəsərdim.
– Ana, o hardan gəlib?- Kara gözlənilmədən soruşdu.
Anası ayaq üstəcə donub qaldı, Kara rus ləhcəsiylə anlaşılmayan sual versə də, arvad söhbətin nədən getdiyini başa düşmüşdü.
– Dayısına oxşayıb, hit-mit dayısıdır.
– Hardan gəldiyi də məlum oldu!- böyük qardaş ürəkdən güldü- Oğulun dayısını düz bir ay arvad-uşaq gəlinin otağına itələyiblər. Düz bir ay oğlan qalıb. Onda qohumçuluq var idi, bütün qohumlar gələr, növbə ilə kömək eləyərdilər, bizim kimi əldən-dildən düşən olmazdı.
Həyətdə böyük qardaşın uşaqları söhbət eləyirdilər, oğlu əmisi ilə aşkar fəxr eləyirdi. “Gördün necə atırdı? Part! Part! Mən də böyüyəndə əmim kimi olacağam!” “Allah eləməsin!” – yaxınlıqda paltar yuyan anaları qorxmuş halda səsləndi, həm də elə ucadan ki, Kara da eşitdi.
– Gəlin, uşaqların bizə oxşamasını istəmirsən?- soruşdu.
– İstəmirəm!- gəlin cəsarətlə dedi.
– Niyə? Bizə nə olub?
– Sizdə rəhm, insaf yoxdur.
Böyük qardaşı od götürmüşdü, ay it qızı, görürsən handa bir cahil bununla danışanda əlhəmi çaşır, əsməcəyə düşür, sən kimə meydan oxuyursan? Təpənə ik güllə vuranda elə bilirsən ürəyim yanacaq sənə? Demək, istəmirsən uşaq əmisinə oxşasın, onda elə ölməyin yaxşıdı. Gəbərdəcək səni! Özü də haqqına.
– Bizim ocağa layiq gəlinsən!- böyük qardaşın gözlədyinin əksinə olaraq Kara tapançaya əl atmaq əvəzinə təriflədi.- Həmişə belə ol. Sözü adamın gözünün içinə de. Hər kim olsa belə.
Böyük qardaşın sanki çiyinlərindən ağır yük götürüldü, bu təhlükənin də beləcə sovuşması onu sevindirirdi. Lakin arvadına da möhkəm hirslənmişdi, neynək, Kara öldürmədi, mən öldürərəm. Göstərərəm sənə rəhmi, insafı, belə əməllicə göstərərəm. Bu da Kara, sözünə bax, arvad məxluqun başımıza çıxardır. Nə olar, sözün deyər gözümün içinə, mən də ilişdirərəm düz alnının ortasına, birdəfəlik olar! Daha bir də ağzını açıb söz deyə bilməz, nə alnımın ortasına, nə də gözümün içinə!
Günortaya yaxın Karanın dost-tanışları öz maşınlarıyla gəldilər. Tozlu kənd yolu indiyə kimi belə təmtərağın şahidi olmamışdı, cürbəcür, bir-birindən yaraşıqlı xarici maşınlar toz qaldıraraq gəlirdilər. Tamaşaya çıxan kənd camaatının ağzı açıla qalmışdı, vah, bə, Karanın necə hörməti, şöhrəti var imiş! Belə maşınların kəndə gəlişi ilk dəfəydi. Maşınlardan son dəblə bahalı paltarlar geymiş, baxışlarından qəddarlıq yağan adamlar düşür, Karayla iki əlli görüşürdülər. Belə qonaqları ilə böyük qardaş aşkar fəxr eləyirdi, heyf köpəy uşağı arvad kimi qızıl içində itmişdlər. Boyunlarında, qollarında qızıl zəncirlər, qolbaqlar bərq vururdu və buna görə necə olsa xəcalət çəkirdi.
Həyətdəki ağacların kölgəsinə stolları düzüb süfrə açdılar. Gəlinlər təndiri yandırdılar, sac qoydular, yuxa, göy qutabı bişirmək, təndirdə çolpa qızartmaq üçün hazırlıq görməyə başladılar. Böyük qardaş tövlədə bağladığı qoçu çölə çıxartdı, kəsmək istəyəndə Kara gəldi.
– Neyləyirsən?- elə soruşurdu, sanki onun neyləmək istədiyini görmürdü.
– Kəsirəm də! Yəni bu heyvanın boğazını üzürəm!- hirslənmişdi, oğula bax, soruşmağa söz tapa bilmir. Qoçu yerə yıxıbsa, deməli, kəsmək istəyir, başqa neyləyə bilər?
– Sən keç otur, – Kara onu heyrətləndirməkdə davam edirdi.
– Bəs kim kəssin?
– Bir nəfər çağır, pulunu ver, kəssin, bişirsin,- Kara çıxarıb ona yüz dollar verdi.
Pulu götürdü, mübahisə eləmək mənasızdı, necə istəyir, elə də olsun. Elə belə yaxşıydı, otur, bişirib gətirsinlər. Qonşunun cavan oğlunu çağırdı, toyda da kababı o bişirmişdi, neyləməli olduğunu başa saldı, kömürün, manqalın harda olduğunu göstərdi və keçib qonaqlarla oturdu. Qonaqlar Karaya pərəstiş edirlər, Kara danışanda hamı susur, ona qorxa-qorxa, çəkinə-çəkinə baxırdılar. Kara isə özünü ağır, təmkinli aparırdı, böyük qardaşı ağırlayır, burda böyük onun olduğunu hər vasitə ilə hiss elətdirirdi. Boşqabına kabab qoyur, cücəni özü onun üçün doğrayır, o, qədəhini götürməyincə qədəhinə toxunmur, danışanda belə ondan icazə alırdı və qonaqlar da məclisdə kimin əsas sima olduğunu başa düşüb, onunla hörmətlə danışır, ona yarınmağa çalışırdılar. Karanın dostları nəçi olacaqdılar, soyğunçu, adam öldürən və bu başkəsənlərin ona qulluq göstərməsi böyük qardaşa ləzzət eləyirdi. Qonaqlardan fərqli olaraq Karanın nazıyla oynamırdı, sözünü də kəsirdi, hələ bir məsləhət də verirdi. Ən qəribəsi buydu ki, Kara zərrəcə əsəbləşmir, bunu böyük qardaşın halalca haqqı kimi qəbul eləyir, bu haqdan qardaşının geninə-boluna istifadə eləməsinə darılmır, əksinə, özü ona şərait yaradırdı.
Qonaqlar gedəndə içərilərində nisbətən yaşlısı Karanı kənara çəkib soruşdu:
– Brat, eşitdik nəsə probleminiz var.
– Var idi, – Kara qısaca dedi, – məşğul oldum. Artıq yoxdur.
Böyük qardaş toydan qalan pivələrdən beş-altı şüşə gətirib masanın üstünə düzdü, ancaq Kara noxudsuz pivə içmək istəmirdi. Bunu eşidən kimi dedi ki, bu dəqiqə həll elərəm, bazardan bir qazan almışam, satıcının deməyinə görə noxudu yarım saata qaynadır. Əla qazandı, qapağı burulub bağlanır, bir damcı da hava buraxmır. Bir sözlə texnkanın son uğurudu. Qazanı gətirdi, içinə noxud, su töküb, qapağını bağladı, qoydu həyətdəki ocağın üstünə. Kara texnikanın son uğuruna inamsızlıqla baxır, qardaşının dediklərinə şübhə elədiyi hiss olunurdu, ancaq dinmir, münasibət bildirmrdi. Adəti beləydi, ürəyindəkini demir, nəticəni gözləyirdi, tərslikdən də nəticə bir qayda olaraq onun şübhələrini təsdiqləyirdi. Böyük qardaş isə qazana inanırdı, alanda satıcı bir saat tərifləmşdi, sınaqdan da keçirmişdilər, mal ətini deyilən vaxtdan da tez qaynatmışdı.
Bir az keçmişdi ki, Kara özünə məxsus etnasızlıqla:
– Partlayacaq,- dedi.
– Nə?- böyük qardaş həyacanlandı, Karanın elə belə söz demədiyini bilirdi, nəyinsə partlayacağını deyirdisə, narahatçılıq üçün əsas vardı. Bu dəyyus belə işlərdə uzman idi, gözdə-qulaqda olmaq lazım idi, bir də gördün nəsə partladı, başını apardı.
– Qazan. Sən ona uğur da deyirsən. Yəni texnikanın son məhsulu.
– Vah, söz danışdın!- Böyük qardaşın narahatçılığı keçdi, ağlına, dərrakəsinə bax, qazan niyə partlamalıdır, içinə qumbara qoyublar olmaya?
– Partlayacaq,- Kara sanki özü üçün danışırdı, sifəti hissiz, duyğusuz idi və böyük qardaş bu qənaətdəydi ki, Kara nə danışdığının fərqində deyl. Əyər qazan partlayacaqdısa, ocağın beş-altı addımlığında Kara belə həyəcansız, sakit otura bilməzdi.
Əvvəlcə fısıltı eşdildi, qazan havaya qalxdı, qulaq batıran partlayış səsi böyük qardaşı yerə yatmağa məcbur elədi. Ağzı üstə çayırlığa uzandı, başının üstüylə qazanın qəlpələri uçuşurdu. Qəlpələr stolun üstündəki pivə şüşələrinə dəydi, sınan şüşələr, cingilti adamın ətini ürpəşdirirdi. Yalnız həyətə sükut çökəndən sonra böyük qardaş qorxa-qorxa başını yuxarı qaldırıb ətrafa boylandı. Nə qazan, nə də ocaq yox idi, partlayış dalğası hər şeyi havaya sovurmuşdu. Üst-başına xeyli noxud səpələnmişdi, noxudlar bişmişdi, yupyumşaqdılar, satıcı onu aldatmamışdı, qazan deyilən kimiydi, bəs zəhrimar niyə partladı? Kara isə stolun arxasında necə oturmuşdusa, eləcə də qalmışdı, sanki baş verənlər, partlayış başqa yerdə olmuşdu, ona dəxli yox idi. Lənət şeytana, bəlkə qazanın qəlpələri qarnını yarmışdı? Ayağa qalxıb Karanın yanına qaçdı, heç nə olmamışdı, sağsalamatdı, hələ br istehza ilə gülümsəyirdi də. Bilir qazan partlayacaq, elə oturub, elə bil konsertə baxır. Sən adamı əməlli başlı başa sal da, denən qaç, canını qurtar, yerə yat, yoxsa qazan başını aparar. Karaya bir şey olmadığına əmin olduqdan sonra sevindi.
– Pivə gətirim, hələ orda var, – pərt halda dedi.
– Sən hələ də pivə içmək həvəsindəsən?- Kara dodaqaltı qımışdı, dodağının qaçması, gülməsi təsadüfü olan işdi, indi isə kefi kökəlmişdi, qazanın partlaması buna ləzzət eləmişdi.
– Mən sənə görə…
– Məncə bu günlük bir partlayış bəsdi.
Böyük qardaş daha bir söz demədi, baxanda Kara haqlıydı, hələ yaxşı ki, qonaqlardan kimsə noxudla pivə içmək istəmədi, yoxsa indi həyətdə leş-leşəydi.
İş-güc adamıydı, bekar qalmağı xoşlamırdı, dırmıq, yaba götürüb köhnə tayanın yerini təmizləməyə getdi. Ot yetişirdi, tezlklə ot biçini başlayacaqdı, tayanı harda qoymaq haqda düşünmək lazım idi. Tayanın yerində köhnədən qalan ot, küləş çürümüş, çürüntünün arasından qalxan qanqal, vələmir, sümürgən adama boy vermirdi. Otu, alağı, çürüntünü təmzləyib kənara atırdı. Kara da köməyə gəldi, can-başla işləyirdi, tayanın yerini təmzlədilər, su töküb ağacla döydülər. Sonra isə yenicə çiçəkləmiş çöl yoncası çəmənliyində oturub dinclərini aldılar.
– Məni burda döyübsən, – Kara dedi.
– Niyə?- böyük qardaş udqundu, nəsə yadına sala blmirdi.
– Qonşunun itini qırxmışdım.
Yadına düşdü, qonşunun bir iti var idi ki, əli ağaclılar belə ona yaxın düşməyə cürət eləmirdilər, vəhşi kimiydi, itdən çox canavara oxşayırdı. Bu isə iti tutmuş, tayanın dibinə yıxmış, qıçlarını, ağzını bağlayıb qırxmışdı.
– Hə, döymüşəm! Bəs sən nə bilmişdin? Birdən-ikiyə it qırxan dəyyusu harda görübsən? Qırxıb neyləyəcəkdin? İt tükü sənin nəyinə lazım idi? Qonşu ilə də aramız dəydi, hirsləndiyindən vurub itini öldürdü…
– Məni də sən öldürdün.
Lənət şeytana, bu heç nəyi yaddan çıxarmamışdı. Bayaq özünü ağıllı, təmkinli aparırdı, indisə yenə də döyülməyini xatırlamağa başlamışdı. Kara əlbəttə səfehlik eləmişdi, ancaq uşağı elə döymək lazım deyldi. Ot tayasının dibinə yıxıb əzişdirir, gücünə xəsislik eləmirdi. Arvadı haqlı idi, bu dili çürümüş düz deyirdi. Rəhm, insaf deyilən şey yox idi bu ailənin kişilərində. “Döymüşəm!- yana-yana dedi. – Ciyərimi yandırmışdın! Əməlli başlı yandırmışdın, cızdığımı çıxartmışdın. Səni yandırmasaydım bağrım çatlardı. Bəs gölün sahilində necə, döyülməyini unutmayıbsan? Qazı diri-diri yolub gölə buraxmışdın. Görəsən üzəcək, ya yox?”
– Unutmamışam, -Karanın səsi uzaqdan gəlirdi.- Qaz üzdü.
Elə bil yuxudan ayıldı. Lənət şeytana, oğrunun yadına daş salırdı. Oturub kimə nədən danışır. Buna uşaqlıqda əzab-işgəncə verib, hələ bir yadına da salır. Ayağa qalxdı, beli, yabanı, dırmığı aparıb tövləyə qoydular. Burda böyük qardaşın dili yenə də dinc durmadı.
– Səni burda döyməmişəm ki?- soruşdu.
– Döyübsən,- gözləyirdi ki, Kara heç olmaya burda döyülmədiyini deyəcək, ancaq sən demə Karanı burda da döyübmüş.
– Niyə?
– Cöngənin buynuzunu mişarlamışdım.
– Kara, bütün bunlardan sonra səni öldürməmişəmsə, demək alnıma qardaş qatili olmaq yazılmayıbmış!- dedi və artıq neçənci dəfə təəssüf hissi ilə dərk elədi ki, lazımsız sözlər danışır, yaranın gözünü qopardır.
-Yazılıq bir iş yoxdu, – Kara sakitcə etiraz elədi. – Canım bərkdi.
Ana həyətdən onları səslədi, sevincdən arvadın gözləri işıldayırdı, bəy açılmışdı. Ana yenə də Karanı tərfləyirdi. Qurban olum sənə, axır işi yoluna qoydun. Qardaşının ümidinə qalsaydı rüsvay olacaqdıq. Nə yaxşı sən varmışsan!
Axşamüstü gün qüruba əyiləndə yenə də həyətdə oturmuşdular. Kara süd içirdi, böyük qardaş isə çay içir, fikrirli halda qızaran üfüqlərə baxırdı. Sabah günəşli gün olacaqdı, istilər düşürdü, ot vaxtından tez yetişəcəkdi. Bərkiyib kobudlaşmamış çalıb yığmaq lazım idi. Ancaq o tək idi, köməyi yox idi, Karaya desəydi, yəqin qalardı. O, isə bunu istəmirdi, yaxşısı buydu çıxıb getsin, xatircəmlik olardı.
Birdən çəpərin dibini eşən xoruz banladı, Kara sərt halda geri döndü. Banlayanın hansı xoruz olduğunu gördükdə barmağını xoruza tuşladı.
– Bunu kəsərsən!- dedi.
– Niyə?- Kara onun üçün cöngə də kəsilməsini istəsəydi, tərəddüdsüz kəsərdi, ancaq bilirdi ki, Kara xoruzun kəsilməsini, heç də xoruz əti yemək istədiyinə görə tələb eləmir, zakonnikin xoruzla nə isə haqq-hesabı var idi və böyük qardaş da bu haqq-hesabın nədən ibarət olduğunu öyrənmək istəyirdi.
– Batan günəşin arxasınca banlayır. Petux…xoruz doğan günəşi salamlamalıdır, batan günəşi yox!- bir qayda olaraq sözə xəsislik edən Kara qısaca izahat verdi.
– Qurban olum sənin ağlına!- söhbəti eşidən ana Karanı tərifləyirdi. -Neçə illərdir rusların içində yaşayır, adətlərimizi bilir, heç nəyi unutmayıb. Bu isə burdadı, bütün günü eşidir, ancaq bildiyi bir şey yoxdu.
Bir qayda olaraq Kara təriflənir, onun adı isə pisliyə çəkilirdi. Böyük qardaş hirslənmişdi. Qardaşım, bu xoruzdu, yəni quşdu, sənin quşla nə işin? Xətri nə vaxt istər, onda banlar. Yoxsa, bunun üçün səndən icazə almalıdır?
Bununla belə xoruzu kəsəsi oldu. Karanın gözünün qabağındaca, qoy görsün, yoxsa bir də gördün yenə başladı, kəsdinmi, dərhal kəsmək lazım idi. Xoruzu gəlinlərə verdi, dedi ki, cızığından çıxan xoruzdu, neto banladı, cəzasını da aldı. Təndirdə qızardın, axşama hazır olsun. Bax, bu yaxşıdı, deyirdi, ölkədəki bütün yersiz banlayanlar bilsələr ki, bunun cəzası nədir, qələt elərlər, vaxtsız banlamazlar. Ona sifətini turşutmuş halda qulaq asan Kara isə dedi ki, özümüz yeyə bilmərik, qonum-qonşuya verməlisiz.
– Va…ah! – böyük qardaş heyrətlə səsləndi. – Necə yəni yeyə bilmərik? Qarnımızı yırtar? Xarab elər qonşunu! Sizin işiniz olmasın, özüm yeyəcəyəm! Belə zəhmət çəkib yeyəcəyəm! Qoy nə olacaqsa, mənə olsun!
– Sənə deyildi ki, olmaz! – anası xoruzu siniyə qoyub nəvəsinə verdi, tapşırdı ki, aparıb Gülsənəm qarıya versin.
Böyük qardaş yanıb yaxılırdı, belə də iş olar? Xoruzu kəs, apar ver qonşuya, bəs buyur ye! Nöşün ki, biz yeyə bilmərik, banlayıb, ona görə. Qonşu da ləzzətlə yeyəcək, əlbəttə, yeyəcək. Niyə də yeməsin, bizdən fərqli olaraq qonşularımızdan ağlını itirən olmayıb.
İndi anası başqa adamdı. Fikirli gəzən, gözləri arayıb-axtaran, qıçlarına döyüb vaysınan dünənki arvaddan əsər qalmamışdı. Həyətdə quş kimi səkir, axşama hazırlıq görürdü. Arvad bekar qala bilmirdi, bəyn arxasınca deyinirdi. «Girib otağa çıxmır, demir qardaşım Rusyətdən gəlib, sabah-birisi gün çıxıb gedəcək. Gedim onunla da bir az oturum. Mən neyləyim, molla yanına adam göndərim dua yazsın, bunu otaqdan çıxarsın». «Ay ana, nə işinə!- böyük qardaş həyəcanlanmış halda səsləndi. – Onun otaqdan çıxması sənə çoxmu lazımdı? Birdən otaqdan çıxdı, yenə də bağlandı, onda necə olsun? Bu dəfə də bağlansa, onu pulemyot gücünə də otağa sala blmərik. O mollaya qalanda isə, onun duası milçək, çəyirtkə qovmağa da yaramaz, nəinki otaqdan adam çıxartmağa. Bir onu bilir, adamı mayallaq aşırsın».
Karanın xoruza irad tutması böyük qardaşı hirsləndirmişdi, kişinin oğlu xoruzla razborka aparır. İt hürəndə özünü saxlaya bilməyb dedi:
– Bu necə?
– Nəydi?- Kara heyrətlə ona baxırdı.
– Vaxtındamı hürür, qarışdırmır ki?
– Nə demək istəyirsən?- Karanın səsində təhdid var idi.
– Əşşi, heç nə! Yəni artıq-əskik hürürsə, təpəsinə bir güllə vurum! Nəyə görə xaric hürməlidir? Zəhmət çəksin qayda-qanunla hürsün. Yoxsa bizə nə gəlib, xoşbəxtlikdən belə işlərdən baş çıxaran adamımız da var.
Kara heç nə demədi, ancaq daha həyətdə oturmayıb evə keçdi. Böyük qardaş isə razı qalmışdı, bax belə, aldı payını, zəhmət çəkər, bir də toyuq-cücə işinə qarışmaz. Birdən qonşu kənddən olan ovsunçunun ona işarə eldədiyini gördü. Artıq ölmüş hesab elədiyi adamı diri görəndə üşəndi, nə əcəb Kara bunu öldürməmişdi? Çəpərə yaxınlaşdı, ovsunçu başını çəpərdən yuxarı qaldırmağa cürət eləmədiyindən o, çəpərin üstündən aşağı əyilməli oldu. “Başıma oyun açmışam!- ovsunçu pıçıltı ilə deyirdi.- Dedim əlimə qaz düşüb, yolum. . Sonradan öyrənirəm ki, könüllü surətdə aparıb başımı divin ağzına soxmuşam. Deyirlər öldürəcək, ətimi kəlbətinlə buracaq, dırnağımın altına iynə yeridəcək”.
– Bəs nə bilmişdin? – böyük qardaşın dərisini xilas eləmək hayına qalan bu dərə tülküsünə zərrəcə də ürəyi yanmırdı. Qorxuya düşmüşdü, daş qayaya rast gəlmişdi. Qoyunda ağlına bax, gör kimi qaz kmi yolmaq istəyirmiş. – Hələ şişi də qızdırıb adamın qarnına soxurlar. Küt bıçaqla adamın qıçını da kəsirlər. Verirlər diri əqrəbi, deyirlər, ye.
– Allah sənin evini yıxsın! Gör köməyə kimin yanına gəlmşəm! – ovsunçu zarıdı.
Yalnız indi böyük qardaşın ona yazığı gəldi. Dedi ki, qorxmasın, öldürməyəcək, bəy açılıb.
– Dəxli yoxdur, – ovsunçu özündə, sözündə deyildi, dili söz tutmurdu, – ağlımı itrmişəm, durub bunun üstünə tüfəng çəkmşəm. Mən nə bilim? Köməy elə, qurtar məni!
– Neyləyibsən?- böyük qardaş inamsızlıqla səsləndi- Bəs onda bura niyə gəlibsən? Qaçıb dərədə, təpədə gizlənmirsən, duza gəlirsən? Ay başsız adam, mənim sənə nə köməyim dəyə bilər? Mən desəm buna toxunma, əksini eləyəcək. Məndən yanıqlıdı, bunu uşaqlıqda çox döymüşəm.
Səsə gəlib çıxan və söhbətin nədən getdiyini öyrənən ananı od götürdü. Mənim oğlum gəlib öz elində, obasında adam öldürəcək? El-obanı mənə düşmən eləyəcək? Gedək, mən ona göstərim!
Anası yun çırpdığı ağacı götürmüşdü, ovsunçu da körpə uşaq kimi arvadın tumanının ətəyindən yapışmışdı. Böyük qardaş arvadı fikrindən daşındırmağa çalışırdı. Ay ana, neyneyirsən? Onun beyni çoxdan quruyub, əl atacaq tapançaya. Yoxsa sən onu ağacla döymək istəyirsən? Mənə ağlın gedir? Qocalmışam, ancaq haçan xətrinə düşdü, salırsan ağac altına. O başqadır! Əşşi, beləsinə toxunmaq olmaz! Heç çırtma da vurmaq olmaz! Eləmə!
Kimə deyirsən, Karanın anasıydı, söz eşidərdi? Elə bilir Kara neçə illər bundan əvvəlki uşaqdır, bu vuracaq, Kara da əllərini yanına salıb duracaq.
Yanına ovsunçunu salmış ana artırmaya çıxan kimi də, ağzını açmağa imkan vermədən Karanı saldı ağac altına. Harası gəldi vururdu və adı belə gələndə çoxunun ürək-göbəyi düşən Kara nəinki ağacı anasının əlindən alır, heç müqavimət də göstərmirdi. Yalnız zərbələrdən qorunmağa çalışır, neçə illər bundan əvvəl döyüləndə olduğu kimi səsini belə çıxarmırdı. Bu beləydi, nə qədər döyülsə də, gözündən bircə damcı da göz yaşı çıxmaz, cıqqırını da çıxartmazdı.
Ana vurur, qışqırırdı: “Demək sən adam öldürmək istəyirmişsən? Ananın başını uca eləmək əvəzinə, başını yerə soxmaq istəyirmişsən? Gəlib hampa-havar içində qan tökmək istəyirmişsən! Südümü haram elərəm sənə! Qardaşın da durub baxırmış!” Bir ağac da böyük qardaşa vurdu, ağac dirsəyinə dəydi, yanıb töküldü, qolunu tutub ufuldadı, vəssəlam, işi görən Kara, ancaq onu döyürlər. Uşaqlıqda da beləydi, Kara işi görüb aradan çıxır, onu cəzalandırırdılar.
Kara birdən: – Bağışla, ana!- günahkar halda dedi.- Bir qələtdi eləmişəm.
Ana da döyməkdən əl çəkdi, çıxıb getdi, ən yaxşısı isə ağacını da apardı və böyük qardaş arxayınlaşdı, hələ uşaqlıqdan bu ağac gözünün odunu almışdı. Baş verənlər onu heyrətə salmışdı, ayaq üstəcə donub qalmış, əl-ayağı yerdən də üzülmüşdü, göydən də. Kara, ana dilində əməlli başlı danışmağı yadırğamış bu adam üzr istədi, bağışlanmasını xahiş elədi. Hələ qələt də elədiyini dedi.
Kara ovsunçudan pulu alıb ona verdi, bu pula da inək almağı tapşırdı. Ovsunçuya da dedi ki, cəhənnəm ol get, səni mənim əlimdən yalnız bir adam ala bilərdi, o da aldı. Sonra isə pıçıltı ilə deyindi: “Heç nə adamı bu ağac kimi ağrıtmır”. “Ağrıdır da sözdü! -böyük qardaşın dərdi təzələndi. – Adamı göynədir, lap belə ciyərin yandırır!”
Şamdan sonra Kara sabah getmək istədiyini dedi, burda daha bir işi yoxdu, orda isə onu gözləyirdilər. Çıxarıb anasına pul vermək istəyəndə ana:
– Böyük qardaşına ver! – hirslə dedi.- Ailənin başçısı odur. Belə söhbətləri öz aranızda eləyin, arvad-uşaq içində yox.
– Haqlısan, ana, -Kara dedi və onu o biri otağa aparadı. Əvvəlcə iki min dollar verdi, dedi ki, bir daha bazara şor, yumurta satmağa getmə. Neçə illər bundan əvvəl bir söz demişdi, bunun isə yadından çıxmayıbmış. Min dollar da inək almaq üçün verdi. Min dollar da verdi, ot biçinində tək olacaqsan, dedi, özünü çətinə salmazsan, fəhlə tutarsan. Ot az olsa, hazırın alarsan.
İnsafən pulu verəndə həmişə hansı məqsədlə verdiyini desə də, heç vaxt nə alınması ilə maraqlanmazdı. Bunun iş-peşəsi qurtarmışdı, inək ferması yaratmaq istəyirdi, nəydi. İnək də var idi, süd də. Kara Rusyətdən qayıdanda evdə içməyə süd tapılacaqdı.
Gecə yenə də bir otaqda yatdılar, Kara yata bilmir, yerində qurcuxurdu. Birdən sanki özü ilə danışırmış kimi fikirli halda:
– Qocalırsan,- dedi, səsində Karaya xas olmayan qayğıkeşlik, canıyananlıq var idi. -Əziyyətin çox olub. Yadındamı, atamı dalında gəzdirirdin. Kişi də hirslənir, səni çəliylə döyürdü.
-Yadımdadır, – tutqun səslə dedi.
– Qoymarıq daha çətinliyn olsun. İstədiyin vaxt bizləri çağır. Əmr elə, səni arxamızda gəzdirək. Buna haqqın çatır.
Boğazını qəhər tutdu, qardaşının ona can yandırması, çəkdiyi əziyyətlərin əvəzini qaytarmaq haqda fikirləşməsi onu gövrəltdi. Bu gecə hansısa təhlükə haqda düşünmədən dərin yuxuya getdi.
Sübhdən səsə oyandı, Kara pəncərənin qabağında oturub, əllərini göyə açmışdı. Bədənə üşütmə salan boğuq səslə:
– Allahım, ailəmi qoru! – deyirdi.
Sarsıldı. Atası da sübhdən oyanar, namazını qılar, eyni ilə beləcə əllərini göyə açıb Allaha dua elər, balalarına, qonşulara, qohumlara, əmin-amanlıq, xoş yaşayış dilərdi.
Rəna nişanlı idi.Oğlan evi daha deməkdən, eşitdirməkdən yorulmuşdu ki, ta bəsdir, gəlini aparmaq istəyirlər.
Tariyel bu gün, sabaha salır, toyu ləngidirdi. Bəhanəsi də bu idi ki, qız ali məktəbi qurtarsın, bəzi cehiz şeyləri alınmalıdır və sair və ilaxır.
Oğlanın atası: “Ev mebel-filanla doludur. Əslində cehizə ehtiyac yoxdur”.
Amma kimə deyirsən? “Eşidən bilən nə fikirləşər?”
Tariyelin də Gülbacının da sözü bu idi.
Axır ki, qız evi insafa gəldi. Dədə-baba qaydası ilə əvvəlcə qız evi, sonra da oğlan evi toy etməli idi. Qız ikinci toyda, oğlanın toyunda gəlin köçəcəkdi.
Bəylə gəlin sevinc içərisində idilər. Tezliklə qovuşacaq, bir ailə olacaqdılar.
Tariyel dəm-dəsgah tərəfdarı deyildi. Qızına yığcam bir toy etmək istəyirdi. Şura hökuməti illərində belə toylara “Komsomol toyu” deyərdilər.
Lap əvvəllər – bəlkə də 50-60 il bundan qabaq tək-tük adam qız toyu edərdi. Ona da qəribə baxardılar. “Qıza da toy edərlər?” Qız toyu sonralar dəbə düşdü.
Tariyel təmtəraqlı toy etməyin, toya 300-500 adamın çağırılmasının əleyhinə idi. “50-100 nəfər qonaq oldu, kifayətdir. Yoxsa çox tünlük olur. Ağız deyəni qulaq eşitmir, toyu aparanı, təbrik deyənləri dinləyən olmur.
Hələ bu, bir yana qalsın. Toy edənlər əslində toydan xeyir götürmürlər, yığılan pulları sayıb əsas hissəsini şadlıq evinin yiyəsinə, bir də musiqiçilərə verirlər. hətta bəziləri “Birdən qədərincə pul yığılmaz” deyə özü ilə ehtiyat pul da götürürdülər: Belə halda şadlıq evinin sahibinə “İcazə ver, gedim evdən pul gətirim” – deməyəcəkdi ki…
Əlqərəz Tariyellə Gülbacı bir siyahı tutdular. Öz bacı-qardaşlarına, ən yaxın qohumlarına, oğlan evinə, qonşulardan bəzilərinə, Rənanın iş yoldaşlarından bir qisminə dəvətnamə yazdılar.
Tariyelin iş yoldaşları gileyləndilər:
-Bizi niyə toya çağırmırsan? Özünə yaraşdırmırsan?
Tariyel onları bir-bir qucaqlayaraq könüllərini aldı:
-Ay canım, yaraşdırmaq məsələsi deyil. Hamınızzın xətrini istəyirəm. Siz Allah inciməyin. Kiçik bir şadlıq evi tutmuşam. Çox adam çağırmaq istəmirəm. Ancaq qohum-əqrəbadır. Yerim azdır. Oğlumun toyunda iştirak edərsiniz. Hökmən çağıracağam.
Nə isə… Bir həftə sonra “Ağ çiçəyim” şadlıq evində qız toyu keçirildi. Gəlinlik paltarında ağ göyərçinə oxşar gözəl-göyçək Rəna nişanlısı Mahir qoluna girib “Vağzalının” oynaq sədaları altında salona daxil oldu. Nikah bağlandı, sonra bəylə gəlin keçib onlar üçün ayrılmış yerdə əyləşdilər.
Toy Tariyelin arzu etdiyi şəkildə çox yaxşı keçdi. Az adam çağırdığına görə heç də peşman da olmadı.
Məclis yavaş-yavaş dağılmaqda idi. Gəlinlik paltarında ağ göyərçinə bənzər gözəl-göyçək Rəna nişanlısı Mahirə sığınaraq salonu tərk etdi. Bəylə gəlin bəzəkli maşına əyləşib xoşbəxt günlərini yaşamaq, qoşa qarımaq, oğul-uşaq sahibi olmaq üçün oğlan evinə yola düşdülər.
Gülbacı bir tərəfə çəkilib gözünün yaşını tökürdü. Bu, sevinc yaşları idi: “Atalarımız doğru deyiblər: “Qız gözünü açıb deyər: bura bizim ev deyil”, “Qız köçəri quşdur”.
Tariyel oğlu Tofiqlə şadlıq evindəki otaqlardan birinə keçdi. Üzərində “Qız evi” yazılmış qutu açıldı. Toya dəvət edilənlərin adları yazılmış zərflər stolun üstünə töküldü. Onlar bir-bir açılır, zərflərin içərisindəki pullar sayılırdı: Əlli Ayaqlıyev – 50 manat, Gülmə Şəkərova – 50 dollar, Şir Aslanov – 100 manat.
Tariyel birdən əl saxladı. Bu zərfin üzərində kiminsə adı deyil, sadəcə “Anonim” sözü yazılmışdı. Zərfin içərisinə də 150 manat pul qoyulmuşdu.
Tariyel fikrə getdi: “Bu kim ola?”
Birdən iş yoldaşlarından Maqsudun sözləri yadına düşdü. Tariyel onlara: “İndi sizi toya çağırmıram, oğlumun toyuna gələrsiniz” deyəndə Maqsud: “Çağırmırsan, çağırma, amma mən toya gələcəyəm”.
Tariyeli gülmək tutdu: “Bu, Maqsudun işi olacaq. Ay xətakar!”
Tariyel düz tapmışdı. Növbəti gün məlum oldu ki, Maqsud Tariyelin gözünü oğurlayıb həqiqətən toyda iştirak etmiş, yaxşıca yeyib-içib, dincəlmiş, kefi saz evinə yollanmışdı.
Yaxın TARİXimizdə 9 OKTYABR (1991) ORDU YARANMA günü kimiydi. Hətta bir neçə il tarixin həmin günündə PARAD da keçirildi. Sonra RƏSMƏN QƏRARA ALINDI Kİ, 26 İYUN SİLAHLI QÜVVƏLƏR GÜNÜ kimi qeyd olunsun! Odur ki, 26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜ münasibətilə hərbi mundir əynində olan hər kəsi TƏBRİK EDİRƏM! Bu münasibətlə bir hekayə (çoxdan yazmışam) ərməğan edirəm. Ümidvaram ki, TÜRKİYƏ – AZƏRBAYCAN hərbi əməkdaşlıq motivi üzərində köklənmiş hekayə oxumayanlar üçün maraqlı olacaq. Oxuyanlar oxuyub nə vaxtsa…
ALIŞ-VERİŞ YARDIMÇISI (hekayə) Hərbiyyə nazirinin qərarı ilə Bədheybət poliqonunda təlim-tədris mərkəzi yaradılmışdı. Cəbhə bölgəsindən çağrılan zabitlər mərkəzdə təkmilləşdirmə kursu keçəcəkdi, daha doğrusu türk subayları onlara NATO taktiki təlim üsullarını öyrədəcəkdilər. Guya ki, Rusiyada ali hərbi təhsil almış zabitlərin biliyi erməni dığaları ilə döyüş aparmaq üçün yetərli deyildi. Başbilənlər belə məsləhət görmüşdülər. Bu münasibətlə Türkiyədən mütəxəssislər dəvət olunmuşdu. Onlar yeni sistemin öyrənilməsində yaxından köməklik göstərəcəkdilər. Mərkəzin rəhbəri polkovnik Axundov idi. Ehtiyac ucbatından yetmiş yaşlı kişini yenidən hərbi xidmətə çağırmışdılar, daha etibarlısını tapa bilməmişdilər. Onun əsil adını əhatəsində olanlardan, bəlkə də, heç kim bilmirdi. Çox gənc yaşlarından “baba” ləqəbini qazanmışdı. Aram-aram, bir az da eyhamla danışırdı, bəziləri bunu astagəllik, bəziləri isə müdriklik əlaməti hesab edirdi. Elə zabit yoldaşları, tabeçiliyində olanlar da xəlvətdə “baba”, üzdə “baba dayı” deyə müraciət edirdilər. Zabit təkmilləşdirmə kursuna gələnlər elə bilirdilər ki, mərkəz rəhbərinin adı elə Babadır. Baba adı Türkiyədən gələnlərin də xoşuna gəlmişdi. Türkiyədən beş nəfər gəlmişdi. Yarbay Mətin Çətin qərargah işlərinə rəhbərlik edəcəkdi. O, tabeçiliyində olan iki uzman çavuşu ilə mərkəzin bütün hərəkətlərini nəzarətdə saxlayacaqdı. Uzman çavuşu Fikri Ocaqçı bilgisayarda zabitlərin dərsə davamiyyətini, məşğələlərdə qazandıqları puanlarını (ballarını, xallarını) toplayacaqdı ki, xüsusi şifrə altında saxlanılan məlumatlara heç kim müdaxilə edib dəyişdirə bilməsin. Digər uzman çavuşu onbaşı İsmayıl Yorğançı isə maliyyə, ərzaq, sursat məsrəfləri; bir sözlə lojistik hesablamalarını aparacaqdı. Beləliklə, mərkəzdə ağızdan içəri ötürüləndən kanalizasiya borusuna axıdılanadək hər şey nəzarətdə saxlanılacaqdı. Tədris taborunun şərti komandiri minbaşı Fəhmin bəyin tabeçiliyində cəmi bir nəfər vardı, yüzbaşı Yıldırım Haqsız ki, o, kursa gələn zabitlərin bölüyünə rəhbərlik edəcək, onların sıra hazırlığını, NATO ordu nizamnaməsinin öyrənişini, günün rejiminə necə əməl olunmasını öyrədəcək və nəzarətdə saxlayacaqdı. -Zabitlər qüvvətli və kalorili qidalanmalıdırlar. – deyə ilk görüşdə Fəhmin bəy mərkəz rəhbərinə təklif verdi. – Bəzi ərzaqları bazardan almalıyıq. Onları aslan kimi, qaplan kimi bəsləməliyik ki, Qarabağa, ermənilərin üstünə, quzu kimi mələyə-mələyə getməsinlər. Elə getsinlər ki, onların hayqırtısından ermənilər Zəngəzuru da, Göyçəni də buraxıb İrəvanadək qaçıb getsinlər. Heç bir problem yox idi, əlavə ərzaq məhsulları almaq üçün pul da ayrılmışdı. Polkovnik Axundov dünyagörmüş adamdı, pulla, ərzaq məhsulları ilə davranmağın necə məlhəm, həm də çətin olduğunu yaxşı bilirdi. Minbaşı Fəhmin bəyə alış-veriş yardımçısı təyin etməyə seçimdə çətinlik çəkmədi, çünki bir nəfərdən başqa adamı da yox idi. Bu iş çox incə işdi, kimə tapşırsaydı, yarıtmayacaqdı, yəni becərəmməyəcəkdi. Burda təkcə intizamlı olmaq azdı, həm də riyazi hesablamaları barmaq üsulu ilə öyrənmək gecdi, bunları, yəni bazarı beş barmağın kimi bilməliydin. Odur ki, qəbuluna çağırdığı gizir Dibirovu bir də başdan ayağadək müştəri gözü ilə süzüb son tapşırıqlarını verdi: -Bax ha, Dibirov, bu iş sənə asand gəlməsin. -Ağlım kəsəndən evin bazarlığını eləmişəm, bazar alverçilərini yaxşı tanıyıram. – Dibirov imkan vermədi ki, polkovnik sözünü bitirsin. -Ola bilər ki, bazar dəllallarının dilini biləsən, amma türklərlə çətin bacarasan. Onlar tutduqlarına Nuh deyər, peyğəmbər deməzlər. -Heç bir problem yoxdur, yoldaş polkovnik. Ölkədə qarmaqarışıqlıq düşən kimi qaçıb getdim İstanbula. Üç il Laləlidə alver elədim. Abiləri, ablaları pis tanımıram. Onlarla lap tez dil tapacam. -Bir də onlar sənə toplan, alabaş, erkək-filan desələr, incimə. Bu söyüş deyil, onların danışıq tərzi belədir. -Mən bunlara öyrəncəliyəm. Bir də qazandığımız çörəyin xətrinə toplan, alabaş yox, lap it oğlu it də desələr, gərək dözək. -Ay maşallah, di onda nə durmusan? Tez qoş-qoş Fəhmin bəyin hüzuruna. De ki, alış-veriş yardımçısı təyin olunmusan. Gizir Dibirov “baş üstə” deyəcəyindən sevincəyə düşüb “əmr et, komutanım” dedi. Tələsdiyindən sol əvəzinə sağ çiyni üstə geri döndü, amma dönməyi ilə də tez özünü düzəltdi, sol ayağı ilə hərəkətə başlayıb otaqdan çıxdı. Əvvəlcə dəhlizdə dayanıb bir siqaret yandırdı. Həyəcandan lap ciyəri yanırdı, dalbadal beş-altı qüllab vurub tüstünü qarnına sümürdü. Sonra burnundan tüstünü parovoz kimi buraxaraq əlindəki siqaret kötüyünü zibil qabına tulladı və dəhlizin baş tərəfindəki otağın qapısına yaxınlaşdı. Qapını döydü və heç bir icazə gözləmədən otağa daxil oldu. Olduqca gur səslə: -Komutanım! – dedi və əlini gicgahına aparıb məruzə etməyə başladı. – Assubay Dibirov sizə alış-veriş yardımçısı təyin olunub. Əmr et, komutanım! Minbaşı Fəhmin bəy dərhal hiss etdi ki, gizir Dibirov elə onun arzuladığı adamdır. -Gəl, qoçum, gəl! – Oturmaq üçün ona yer göstərdi. – Mən bir kərə söyləyəcəm, sən alıb sırğatək qulağından asacaqsan. Bu işdə yalan yox, tamam? -Anladım, tamam. -Yarın tezdən parayı məndən alacaqsan, mənim arabamla bazara yollanacaqsan. Alış-veriş yapıb dərhal geri qayıdacaqsan. Gözünün ucu ilə də sağa-sola baxmaq yox, anladınmı? -Tamam, tamam, anladım. Ertəsi gün gizir Dibirov minbaşı Fəhmin bəydən pulu götürüb onun üçün ayrılmış xidməti maşında bazara yollandı. Siyahıda göstərilən ərzaqların ən yaxşılarından alıb yeşiklərə doldurdu və maşının yük yerinə qoydu. -Sən maşından düşmə. – Sürücüyə qəti tapşırdı. – Maşını sahibsiz görüb evakuatorla apara bilərlər. Sonra da gəl, düş Bakının cərimə meydançalarını axtarmağa. Təlim mərkəzinə qayıdan kimi ərzağı yeməkxanaya boşaltdırdı, baş aşbaza təhvil verib minbaşı Fəhmin bəyin yanına yollandı. Fəhmin bəy diqqətlə qiymətlər yazılmış siyahıya baxdı, qeyd dəftərçəsinə nə isə yazdı və bundan sonra ərzaq alınmış siyahının üstünə imza atdı. -Apar karargaha, ver İsmayıl Yorğançıya. Qoy, onbaşı kaytları bilgisayara işlasın. -Oldu, komutanım! -Haydı get, aslanım. – Minbaşı Fəhmin bəy arxadan onun boyunu oxşadı. Növbəti gün gizir Dibirov bazardan aldığı ərzağın siyahısını minbaşı Fəhmin bəyə təqdim edəndə onun qaşları çatıldı. -Ya bu nə? Gecə infilyasiyamı baş vermiş? Dünən apelsin yetmiş qruş olmuş, bu gün bir manat yetmiş qruş. Olurmu ya? -Olur, komutanım, olur. Lap üç manata da olur. Burası bazar, dəllallar nə istəyər, neçəyə istəyər, o qiymətə də satarlar. “Alırsan al, almırsan, onda xoş getdin”, deyərlər. Fəhmin bəy başını bulaya-bulaya qeydlərini apardı. Beləliklə, günlər gəlib keçdi, həftələr ötdü və ay tamam oldu. Gizir Dibirov sonuncu siyahısını uzman çavuşu onbaşı İsmayıl Yorğançıya verib minbaşı Fəhmin bəyin yanına qayıtdı. -Bir istəyin varmı? – Minbaşı sordu. -Minbaşım, alın, qoyun cibinizə. Bu, sizə çatasıdır. Halal xoşunuz olsun. – Gizir Dibirov cibindən bir topa pul çıxardıb ona uzatdı. -Bu nə ya? – Pulları görcək minbaşının gözləri bərəldi. – Qoçum, sən qurd ürəyimi yemisən, mənə rüşvət təklif edirsən? Heç qorxmuyorsanmı ki, səni savçıya verərəm? -Komutanım, nə iş yapırıq ki, buna rüşvət deyirsiniz? Bir də burada savçıya nə gərək? Buranın savçısı da, ədaləti də Baba dayıdır. -Olsun! Baba dayın bilsə ikimizi də cəzalandırar. Məni hörmətsiz edər, sənin də rütbəni söküb ordudan qovar. -Qovmaz. Baba dayı ağıllı adamdır. O, çörəyinin düşməni deyil. -Onda onun da payını böl. -Heç narahat olmayın. Ona da Baba deyərlər. O, adamı vəzifəyə təyin edəndə parasını konvertin içində alır. -Deməli, sən onu görmüsən? -Elə ona görə də arxayın hərəkət edirəm. – Gizir Dibirov qımışdı. – Alın, utanmayın, bu sizin halal qazancınızdır. -Aslanım, nasıl olur bu halal qazanc? – Minbaşı ürəyində bir az rahatlansa da özünü o yerə qoymadı, əriyini azdırmağa başladı. -Mən hər gün bazara gedirəm. Dəllallarla çənə döyüb sizin siyahıda yazdırdığınız ərzaq məhsullarını alıram. -Təbi, subaylar toplanlar kimi bəslənməlidir, sonda qaplanlar kimi Qarabağa yollanmalıdır. -Siz bazarı tanımırsınız. Bazarda qiymətlər hər gün dəyişir, təbii ki, qalxır. Mən də nə qiymətə desələr, almağa məcburam. Soruşuram, neçəyə satırsan? Deyir, bu qiymətə. Deyirəm, ucuz elə, alım. Dil tapıb, bir az ucuz qiymətə alıram. Ortada dəllalın dediyindən endirdiyim qiyməti qoyuram qırağa. Elə bilin, dəllalın dediyi qiymətə almışam. Hərgah, dəllallarla danışıb, çənə döyüb qiymət endirməyə də bilərəm. Onlar dediyi qiyməti ödəyib gələrəm. Ancaq bunun nə sizə, nə mənə bir qara quruş qədər faydası olmaz. Mən özümdən çox sizi düşünürəm. Axı siz ailənizi uzaqlarda qoyub bizə yardım etməyə gəlmisiniz. Biz də hər hansı formada sizə təşəkkür etməliyik, ya yox? Alın, alın, utanmayın, bu sizin halalınızdır, lap alın təri ilə qazanılmış halal pul kimi. -Gəl bir öpüyüm səni, aslanım. – Minbaşı pulu alıb cibinə dürtüşdürdü və ayağa qalxdı. – Sən əsl mənim arzuladığım yardımçısan. Bundan sonra səni əsla buraxmam. Kıprıza, Güney Doğuya, Orta Asiyaya, lap Madaqasqara; məni hara göndərsələr səni də özümlə aparacam. Sən dünyanın ən iyi, qosqoca “alış-veriş yardımçısı”san. Səni doğan ananın əllərindən öpürəm.
Hər kəsin həyatında az-çox əlamətdar və acı hadisələr olur. Mənimsə həyatımda baş verən bir hadisə olduqca utancverici və unudulmazdır. 1985-ci ildə müəllim işlədiyim kollektivdə “oğru” kimi tanınmağımı hec vaxt unutmuram…
Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunu (indiki Xankəndi) bitirdikdən sonra təyinatımı Laçın rayonuna aldım və Daşlı kənd orta məktəbində müəllimlik fəaliyyətinə başladım. Daşlı kənd orta məktəbinin direktoru Zəlimxan müəllim ailə dostumuz olduğü üçün birinci ili onların evində ailənin bir üzvü kimi yaşadım. Böyük külfət sahibi olan Zəlimxan müəllimlə Səmərqə müəllimə mənə valideyn qayğısı ilə yanaşırdılar (Allah hər ikisinə rəhmət eləsin!). Ailədə böyüyən uşaqlarla qardaş-bacı kimi qaynayıb-qarışdım… Beləcə, ilk tədris ilini başa vurdum.
Daşlı kəndi rayon mərkəzindən 55 km. şimal qərbdə, Çalbayır silsiləsinin ətəyində, Həkəri çayının qolu olan Şəlvə çayının sahilində yerləşir. Rayonun Hətəmlər, Vəlibəyli, Şəlvə, Narışlar və Kaha kəndləri ilə həmsərhəddir…
Növbəti dərs ilində məktəbimizə təyinatla Qərbi Azərbaycandan Musa adlı (soyadını unutmuşam) kimya müəllimi gəldi. Qərara gəldik ki, kənddəki boş evlərin birində Musa müəllimlə birlikdə qalaq.
Çayın sahilində geniş həyətli bir boş ev vardı. Bir günün içərisində evdə səliqə-sahman işi aparıb Musa müəllimlə oraya yığışdıq. Onu da deyim ki, Musa müəllimlə birlikdə qalmaq üçün Zəlimxan müəllimdən və ailəsindən bir həftə çəkən söhbətdən sonra çətinliklə razılıq ala bilmişdim.
Təbii ki, yaşamaq üçün ucqar dağ kəndinin bəzi problemləri vardı. İşıqların tez-tez sönməsi, təbii qazın olmaması, yanacaq üçün yalnız odundan istifadə edilməsi və s. ehtiyaclar müəyyən çətinliklər yaradırdı. Televizorumuz olmadığı üçün dərsdən sonra boş vaxtlarımızda mənim “Vesna” maqnitofonum köməyimizə çatırdı. Azərbaycan müğənnilərinin mahnılarından ibarət çoxlu kasetim vardı. Demək olar ki, musiqidən korluq çəkmirdik. Hətta tətil günlərində Ermənistandakı evlərinə gedən Musa müəllim sovet estradasının ulduzu Alla Puqaçovanın, məşhur rus müğənnisi Vladimir Vısotskinin kasetlərini də gətirmişdi.
Doğma el-obamızdan, ailələrimizdən aralı düşdüyümüz üçün Daşlı və qonşu kəndlərin camaatı bizə çox mehriban yanaşırdılar. Hətta tez-tez bizi evlərinə qonaq dəvət edirdilər. Bir sözlə, qəribçilik çəkməyə imkan vermirdilər. Beləcə, günlər bir-birini əvəz edirdi…
Daşlıdan olan Xosrov İsmayılov Hətəmlər kənd məktəbinin direktoru idi. Hər səhər onu at belində Hətəmlər kəndinə gedən görərdik. Məkəbimiz yolun kənarında olduğu üçün Xosrov müəllim bizi həyətdə görəndə atı saxlayıb hal-əhval tutardı. Çox mehriban və səmimi insan idi. Bir gün onunla söhbət zamanı öyrəndik ki, rəhbərlik etdiyi Hətəmlər məktəbində təyinatla gəlmiş əslən Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan Kamandar Eyvazlı (Sonralar “Azəriqaz” QSC-nin mətbuat xidmətinin rəhbəri işlədi – şair-jurnalist kimi tanınan Kamandar Eyvazlı) və Ermənistandan Kərim adlı (soyadını unutmuşam) müəllimlər işləyir. Bir müddətdən sonra onlarla da tanış olduq. Tez bir zamanda aramızda münasibət yarandı. Dəfələrlə Kamandar Eyvazlı ilə Kərim müəllimi yaşadığımız evə dəvət etdik. Süfrə açdıq, çörək kəsdik, saatlarla söhbət edib, musiqi dinlədik…
Bir gün Musa müəllim mənə dedi ki, diplomat çantasını aça bilmir. Həm də bildirdi ki, diplomatın açarı yoxdur, neçə ildir itirib. Dedim ki, ver mən də bir baxım görüm nə olub, niyə açılmır? Diplomatın “zamok”una diqqətlə baxdım. Çox götür-qoydan sonra mətbəx bıçağı ilə zədə yetirmədən diplomatı açdım…
…Vacib işim olanda həftənin 5-ci günləri direktordan icazə alıb ya Xankəndinə, ya da Ağdama gəlib, bazar günü yenidən Laçına qayıdardım. Belə gediş-gəlişlərimin birinin səhəri günü dərsə gedəndə məktəbin tədris işləri üzrə direktor müavini Lətif Həsənov müəmmalı tərzdə müəllim kollektivinin içərisində məndən soruşdu ki, rayona kasetləri gətirməyə getmişdin?
Düzü, Lətif müəllimin bu sözlərindən bir şey başa düşmədim. Dərhal soruşdum ki, nə kaset? Dedi ki, Musa müəllimin kasetlərini… Yenə də onun nə dediyini anlamadım. Qayıtdı ki, guya Musa müəllimin oğurlanmış kasetlərindən xəbərin yoxdur?! Gözləmədiyim bu xəbərdən yerimdə donub qaldım. Yalnız onu deyə bildim ki, mənim heç nədən xəbərim yoxdur…
Bu zaman Musa müəllim sərt bir baxışla səsini ucaldaraq içindəki neçə gündür saxladığı zəhərini ortaya tökdü:
– Əgər diplomatın içindəki kasetləri və qolbağımı sən götürməmisənsə, o gün onun necə açdın?!
Hamının maraq dolu baxışları üzərimə tuşlanmışdı. Doğrusu, aldığım bu qəfil zərbədən sarsılmışdım. Cavab verməyə söz tapa bilmirdim. Sonradan anladım ki, rayondan qayıdanda Musa müəllim niyə mənimlə soyuq görüşüb, sonra da heç söhbət etməmişdi…
Sən demə, bağlı diplomatı açmağımdan sonra yoxa çıxan kasetlərin və həbsxanada məhkumlar tərəfindən hazırlanmış rəngli şüşədən olan qolbağının mən tərəfindən oğurlandığı qənaətinə gələn Musa müəllim bütün olanları və məndən şübhələndiyini mən rayonda olarkən müəllim kollektivinə danışıb. Ona görə də hamı mənim bu vəziyyətdən necə çıxacağımı maraqla izləyirdilər. Mənimsə əlimdə bir sübut və ya şahidim olmadlığı üçün kimsəni inandıra bilmədim ki, bu olanlardan mənim xəbərim yoxdur. Bu məsələ ilə bağlı mübahisələr həftələrlə davam etdi. Məsələ artıq kənd camaatının qulağına da çatmışdı. Hamının gözündə əməlli-başlı bir oğruya çevrilmişdim. Özümü təmizə çıxarmaq üçün isə heç bir iş görə bilmirdim. Günlərlə bir il ailəsində övladları kimi yaşadığım Səmərqə müəllimənin qarşısında uşaq kim ağlayıb göz yaşı tökdüm, mənim bu oğurluq məsələsindən xəbərim olmadığını söylədim. Təbii ki, o və ailə üzvləri mənə inanırdı. Amma çox təəssüf ki, ortada oğurluq faktı və bir günahkar vardı. Əcəba kim?!
…Bir otaqda qaldığım, bir süfrədə çörək kəsdiyim Musa müəllimi inandıra bilmirdim ki, onun kasetlərini və qolbağısını mən götürməmişəm. Hətta oracan deyirdim ki, Musa müəllim, hər şeyi bir kənara qoyaq, axı o rus mahnılarını dinləməyi xoşlamadığımı bilirdin, o kasetləri neynirəm ki, hələ bir oğurlayım da?! Sonra da dedim, dəfələrlə Kamandarla Kərim bizdə olublar, yeyib-içmisiniz, hətta üçünüz keflənmisiniz də, bəlkə onlar götürüb. Musa müəllim qayıtdı ki, yox, sən nə danışırsan, ola bilməz, onlar götürməz…
***
Bu məsələnin sədası Hətəmlər kəndinə də gedib çatmışdı. Kamandar Eyvazlı və Kərimlə də bu məsələni müzakirə etmişdik. Ancaq suçlu ortada yox idi. Hadisənin hədəfində yalnız mən vardım. Mənsə çıxış yolu tapa bilmirdim. Bu arada hətta Kamandar Eyvazlı məni vəziyyətdən çıxarmaq üçün məsləhət bildi ki, mən kasetləri və qolbağını gətirib ona verim, o da bir yolla məsələni yoluna qoyacaq. Beləliklə də, mən bu oğurluq ittihamından qurtulmuş olacam. Fədakarlığa bax eee!!! Əhsən!!!
…Daşlı kəndində bir ağır seyid ocağı vardı. Qərara gəldik ki, mən, Kamandar Eyvazlı və Kərim həmin ocağa gedib orada and içək ki, bu oğurluqdan xəbərimiz yoxdur. Bir gün səhər tezdən Kamandar Eyvazlı ilə Kərim məktəbə gəldi. Musa müəllimlə mənim səhər novbəsində dərsimiz olduğu üçün o, mənə dedi ki, evin açarını Kamandargilə verim, onlar bizim evə getsinlər, məktəbdə gözləməsinlər. Dedim, eybi yoxdu, qoy, gözələsinlər, dərsi qurtarıb birlikdə gedərik. Mənim bu etirazıma Musa müəllimin acığı tutduğunu hiss etdim. Amma yenə də evin açarını vermədim. Dərsimizi deyib dördümüz də evə getdik. Onu da deyim ki, bizim and içəcəyimizdən məktəb kollektivinin də xəbəri vardı. Hamı maraqla işin sonunu gözləyirdi. Evə çatıb içəri keçdik. Onlar evin ortasındakı masanın ətrafında əyləşdilər. Mən isə öz dəmir çarpayımın üstündə oturdum. Birdən Kamandar Eyvazlı mənə dedi ki, gəl, ikimiz bayıra çıxaq, deyəsən, Kərimlə Musanın şəxsi söhbəti var. Yenə də etirazımı bildirdim ki, heç yerə getmirəm, burada nə şəxsi söhbət ola bilər, məsələ oğurluq hadisəsidirsə, hər şey ortada olmalıdır. Uzun söhbətdən sonra yenə də hər kəs suçsuz olduğunu söylədi. Belə olan halda, hazırlaşıb seyid ocağına and içməyə yollandıq. Kədin ortasından keçən Şəlvə çayının üstündəki körpüyə çatanda Müsa müəllim dedi ki, gəlin, geri qayıdaq, mən sizə inandım…
…Səhəri gün Musa müəllim məktəb kollektivinə bildirdi ki, bir anlaşılmazlıq olub, məsələ həll olundu. Buna baxmayaraq, yenə mənim narahatlığım davam edirdi. Çünki oğurlanan əşyalar ortada yox idi, oğru da tapılmadı. Çoxlarının nəzərində suç yenə də mənim üzərimdə qalırdı. Bu minvalla məktəblilərin yay tətili gəlib çatdı. Biz də məktəbdəki işlərimizi yekunlaşdırıb rayona yollandıq…
***
…Növbəti yeni dərs ili başlayanda Daşlıya qayıdıb başqa bir evdə tək qalamaq qərarına gəldim. Məktəbin qonşuluğunda yaşayan Arif dayının ikimərtəbəli evinin birinci mərtbəsindəki otaqlardan birində qalmalı oldum. Kəndin insanlarını bir-birindən fərqləndirmək istəmirəm, hamısı səmimi, gözəl insanlar idi, Arif dayı da həmçinin…
Sonralar eşitdim ki, Arif dayının vaxtilə şagirdim olan oğlu Sulduz Tağıyev və Lətif müəllimin oğlu Elşad Həsənov Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıblar. Onlara və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm!
…Yay tətili müddətində Musa müəllim ailə qurduğu üçün Daşlıya həyat yoldaşı ilə birlikdə gəlmişdi. Onlar Musa müəllimlə qaldığım evdə yaşamalı oldular…
Və… Və Musa müəllim budəfəki gəlişi ilə nə vaxtdan bəri daşlıların və məktəb kollektivinin ağlını dolaşdıran oğurluq hadisəsinə aydınlıq gətirən bir açıqlama verdi… Dedi ki, yay tətilində Yerevanda olarkən diplomatının içərisindən yoxa çıxan qolbağını Kərim müəllimin bir dostunun qolunda görüb. Sonra da araşdırıb öyrənib ki, qolbağını həmin adama Kərim verib…
Musa müəllim bütün bu olanlara görə məndən üzr istəsə də, artıq gec idi…
P.S. Yuxarıda qeyd etdim ki, mən evin açarını Kamandar Eyvazlıgilə vermədim və birlikdə evə gedəndən sonra onun dəfələrlə təkidinə baxmayraq, otaqdan bayıra çıxmadım. Səbəbini heç kimə deməsəm də, sanki içimdə mənə qarşı oynanılan oyunu, oğurlanan əşyaları yatağımın altına qoyub məndən «oğru» yaratmaq niyyətlərini hiss etmişdim. Bu səbəbdən də nə açarı verdim, nə də otaqdan bayıra çıxdım…
Bax belə…
Heç vaxt unutmayacağım bu hadisəni oxucularımızla bölüşmək istədim…
Böyük türk dünyasının lideri Mustafa Kamal Atatürk deyib ki, millətin həyatı təhlükəyə məruz qalmayıbsa, müharibə etmək cinayətdir. Azərbaycan xalqının timasalında da bu deyim öz təsdiqini tapır. Əsrlərcə xalqımız nankor erməni qonşularımızın əli ilə zorakılığa, torpaqlarımız isə işğala məruz qalmış, itirə-itirə gəldiyimiz torpaqların bir qarışını isə geri qaytarmaq mümkünsüz olmamışdı. Bu az imiş kim xalqımıza layiq olmadığı məğlubiyyəti də zorla unutdurmağa çalışmışlar. Amma son otuz ildə başına gətirlən fəlakətlərdən, qanla yazılan və düşmənlərin sərhədlərini zorla dəyişdirilməyə çalışdıqları hadisələrdən xüsusi dərs alan Azərbaycan xalqı, bir millət olaraq indiyədək başına gətirilən haqsızlıqları öz yaddaşına həmişəlik möhürlədi və unutmadı…
Azərbaycan xalqının belə bir məsəli var, ordum varsa, yurdum var. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və davamlı siyasət nəticəsində daha da inkişaf etdirilərək dövlətin dayağına və xalqın güvənc yerinə çevrilmişdir. Azərbaycan Ordusu regionun ən güclü və modern ordusu olmaqla, həm də ən inkişaf etmiş ölkələrin ordusunun ön sıralarında yer alır. Ordu sıaralarında vətənpərvər, sağıam düşüncəli, mənən zəngin, torpağını sevən, müasir silahlar və texnikadan məharətlə istifadə etməyi bacaran hərbçilər qulluq edir ki, bu da qələbənin əsas şərtlərindəndir…
Xalqımızın zorən qatıldığı müqəddəs müharibədə Azərbaycan ordusu, onun hərbi qulluqçuları öz qabiliyyətini və üstünlüyünü dünyaya sübut etdi. Ali Baş Komandan İlham Əliyevin səfərbərliklə bağlı verdiyi əmrlə vətənpərvər oğullar doğma yurdun müdafiəsi uğrunda bir nəfər kimi ayağa qalxdı.. Həmin oğullardan biri də Bahadurov Anar Süleyman oğlu idi…
Anar Bahadurov26 iyun 1992-ci ildə Sabirabad rayonunda dünyaya gəlmişdi. Uşaqlıqdan öz fərqli dünyası olan bu oğlan, 1998-ci ildə N.Gəncəvi adına 5 saylı orta məktəbin birinci sinfinə getmiş və 7-ci sinfədək bu məktəbdə təhsil almışdır. Elmə, xüsusilə də humanitar fənlərə olan həvəsi onu şagird yoldaşlarının və müəllimlərin sevimlisinə çevirmişdi. 7-ci sinfi bitirəndən sonra imtahan verərək Əlibayramlı (indiki Şirvan)şəhər Özəl Türk Liseyinə qəbul olunur. Yüksək göstəricilərlə bu təhsil ocağını da başa vuran Anar, 2009-cu ildə Ali məktəblərə qəbul imtahanılarndan 645 bal toplayayaraq Azərbaycan Dövlət universitetinin Hüquq fakültəsinə, 2013-cü ildə isə ali təhsilini başa vuraraq maqistraturaya daxil olur. Lakin təhsilini donduraraq vətən borcunu verməkdən ötrü həqiqi hərbi xidmətə yollanır.
Hərbi borcunu Tovuz rayonundakı “N” saylı hərbi hissədə yerinə yetirib geri dönən Anar, 2014-2016-cı illərdə Almanıyanın Köln şəhərində maqistratura təhsili alır. O, bir neçə xarici dili də öyrənməyə nail olmuş, ingilis dilindən isə “İelts” proqramı üzrə sertifikat almışdı. Gələcəyin hüquq müdafiəçisi hərətrəfli bilik və bacarığa yiyəlnir, müasir Azərbaycanın gələcəyini daha gözəl, daha yüksək inkişaf səviyyəsində görür və bunun üçün özü də əlindən gələni edirdi. Lakin son illərdə sərhədyanı ərazilərimizdə baş verənlər, düşmənlərin bütün beynəlxalq razılaşmaları pozaraq dinc əhalini də hədəf seçməsi, daimi yeni ərazi iddiaları onun da gənc ürəyi düşmənə qarşı qəzəb və nifrət hissi ilə dolurdu…
2020-ci il 27 sentyabr günü xalqımızın qaqlı savaşı başlanarkən Anar da vətən qarşısında borcunu vermək, mənfur düşmənləri müqəddəs torpaqlarımız olan Qarabğadan qovub çıxarmaq üçün əyninə hərbi forma geyinərək cəbhəyə yollanır. Anar Bahadurov Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və kəndləri uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Döyüş meydanlarıda düşmənin yüzlərlə canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində xüsusi çeviklik və qəhrəmanlıq göstərmişdir. O, öz həyatını təhlükəyə ataraq yaralı yoldaşlarının döyüş meydanından təxliyyə olunmasını təmin etmişdir. Noyabr ayının 8-də Qubadlı-Şuşa istiqamətində həlledici ağır döyüşlər isə Anarın sonuncu döyüşü olmuş, o, qələbənin bircə addımlığında ağır yaralanaraq ən uca məqam olan müqəddəs şəhidlik mərətbəsinə yüksəlmişdir…
…Göstər yaralarını, dünya görüb inansın,
Udduq haqq savaşını, ver sadağa, gəlmişik…
Bahadurov Anar Süleyman oğlu Sabirabad rayonunda şəhidlər xiyabanında dəfn edilmiş, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir…
Şəhidlər canlarından keçərək vətənin sərhədlərini qanları bahasına bərpa etdilər. Zülmət gecəyə işıq şəhid yaralarından düşər, zülm zəncirləri onların əlləri ilə qırılar, əbədiyyətə yol onların saldığı izlərdən keçər…Allah, vətən və millət yolunda canına qıyan insanların fəth etdiyi ən uca aləmdir şəhidlik… Hər gün tarixə yazılmaz, tarixə yazılan hər gün də yadda qalmaz. Günləri unudulmaz edən qəhrəman şəhidlərimizdir, payına düşən ömür payını vətəninə qurban verən şəhidlər…
Mirzə bir növ adətkardə idi. Düzələnə oxşamırdı. Amma öz aramızdı, onun hərəkətləri bir çoxlarının xoşuna gəlirdi, görüb eşidir, deyib-gülürdülər.
Mirzə adam dolamaqdan, zarafatı zarafata calamaqdan yorulub usanmırdı.
Rayona ezamiyyətə gedəcəkdilər. Biri Mirzənin özü, biri də Yavər müəllim idi. O biri iki şəxsin biri Əliş, digəri Əvəz idi.
Mirzə ilə Yavər bir yerə düşmüşdü, Əlişlə də Əvəz. Mirzə ilə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana gedəcəkdilər. Artıq ezamiyyə vərəqələri də hazırlanmışdı. Direktorun imzalamağı qalırdı.
Mirzə tez aşağı, kadrlar şöbəsinin müdiri Aidanın yanına düşdü. Özü ilə yaxşı bir şokolad qutusu da götürmüşdü. Şokalad qutusunu Aidaya uzadaraq:
-Səndən bir xahişim var. Gərək məni peşman eləməyəsən.
Aida şokolad qutusunu alıb qutunun yan-yörəsinə baxdı. Moskva konfetləri idi, özü də təzə. Qutunu şkafa qoyub Mirzə müəllimə müraciətlə:
-Eşidirəm.
– Mənimlə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana ezam olunuruq. Əslində eyni məsələ ilə bağlı yola düşməliyik. Xahişim belədir ki, Yavərin yerini dəyişib Əlişlə bir salasan. Mən ezamiyyəyə Əvəzlə gedərəm.
-Direktor əmri və ezamiyyə vərəqələrini hələ imzalamayıb. Amma kimin kiminlə gedəcəyini mənə deyib. Əmri də yazmışam.
Mirzə müəllim şirin dilini işə saldı. Aidanın adının qırağına “xanım” sözünü də qoşdu:
-Ay Aida xanım, nə qoyub, nə axtarırsan?! Başqa-başqa işdən ötrü getmirik ki… Mənimki Yavərlə tutmaz, Əvəzlə getməyim məsləhətdir.
-Yaxşı, nə deyirəm ki.
Bəli, Aida Mirzə müəllim deyənə əməl elədi. Şokolad qutusunun ağzını da açmış, nuş-canlıqla Moskva şokoladı ilə yaxşıca bir pürrəngi çay da içmişdi. Sağ olsun Mirzə müəllim.
Birdən-birə direktorun acıqlı səsi eşidildi. Aida ayağa sıçradı. Direktor onu çağırırdı. Tələsik çıxdı. Yavər müəllim direktorun yanında idi. Özü də əhvalı pozğun. Direktor əsəbi:
-Aida, sənə nə tapşırmışdım? – deyə soruşdu. –Ezamiyyəyə gedənlərin yerini niyə dəyişmisən?
Aida udqundu:
-Mirzə,..Mirzə müəllim gəlib xahiş etdi ki, onu…
Direktor qəzəbli:
-Mirzə müəllim…
Direktor sonrakı sözlərini dilinin ucundan geri qaytardı və belə dedi:
-Mirzə müəllim, nahaq sənə elə deyib. Özü də mənim başımın üstündən. İndi çağırıb aşını-suyunu verərəm. Sən get, mən deyənə əməl elə.
Aida çıxdı. Direktor Yavər müəllimə:
-Sən də get, hazırlaş. Salyana deyil, Masallıya gedirdən, Əliş müəllimlə yox, Mirzə müəllim özü ilə. Belə məsləhətdir.
Yavər müəllim:
-Çox sağ olun, -deyib çıxdı.
Direktor zəngi basdı, katibə içəri girdi:
-Mirzə müəllimi yanıma çağır.
Katibə “oldu” deyib çıxdı.
Nə hadisə baş vermişdi? Yavər müəllim niyə narahat olmuşdu. Mirzə müəllimlə münasibətləri pis deyildi. Bəs Mirzə müəllim niyə bu həngaməni düzəltmişdi? Niyə Yavər müəllimin, onunla deyil, Əliş müəllimlə birlikdə düşməsini istəmişdi.
Hə, bunun səbəbini Mirzə müəllim daha yaxşı bilirdi. Bu işdə də bir zarafat, bir hoqqa vardı.
Deyim nə idi. Əliş müəllim iri gövdəli, uca boylu idi. Hündürlüyü az qala iki metrə çatırdı. Yavər müəllim isə həm çəlimsiz idi, həm də boyu güclə metr yarıma çatırdı. Mirzə müəllim məzə, gülüş xatirinə onların ikisinin bir rayona getməsini istəyirdi. Bunu başa düşən Yavər müəllim narahat olmuş, əl-ayağa düşmüşdü. Əliş müəllimin yanında o uşaq kimi görünəcəkdi. Yoxlamaya gələn bu cütlük rayonda gülüş doğura bilərdi.
Bildiyiniz kimi texnalogiyanın inkişaf etdiyi bir dövrdə hər şey əlimizin altındadır. Mən bu günə kimi nə WhatsApp, nə facebook işlətmişdim, hətta yoldaşlarım mənə geridə qalmış adam deyə, müraciət edirdilər. Son günlər yenə də dostların təkidi ilə facebook səifəmi yaratdım gözəl insanlarla ünsiyyətdə oldum. Hətta bu vasitə ilə müsahibə götürdüyüm insanlar oldu. Razılığını verənlər də oldu, vaxtım yoxdur deyənlər də… İncindiyim insanlar da… Amma olsun. İki ilə yaxındır ki, müsahibələr kitabı üzrində işləyirəm. Kitabın çapını Azərbaycanda nəzərdə tuturam. İnşallah fikrim var ki, Azərbaycanda hər hansı bir nəşiryyatla müqavilə bağlayım alınarmı, onu uca Rəbbim bilir…. Təki işimiz alnımızın təriylə olsun. Onun dadı başqa olur. Sadəlik insanla bir doğulur. İnsan nə qədər sadə olsa onun əhatəsi də geniş olar. İnsan texnologiyadan da səmərəli istifadə etsin. İstifadə etməyi bacarsın. Texnologiya sırf boş zaman keçirmək üçün deyil. Mən facebook səifəmi yaradandan milyon mesaj alıram; “salam necəsən”, “tanış olaq” axı kimisə narahat etməyə haqqınız yoxdur. Cavab verilmirsə demək ki, o, insanın marağında deyilsiniz. sayğılı olaq…
Asif həmişə evdən çıxanda həyat yoldaşı Minayə xanımdan soruşardı:
-Evə nə alınacaq?
O da lal-dinməz əlində tutduğu siyahını ona uzadardı. Asif siyahını alıb yola düzələrdi.
Asif pilləkənləri düşə-düşə siyahıya baxdı. Üç şey alınası idi: yulaf, itburnu, bir də çaytikanı.
Minayə xanım Asifin xarakterinə bələd idi. Ağır xasiyyəti vardı. Özündən tez çıxırdı. Hövsələsiz idi. Ona görə də Minayə xanım onun qayda-qanunlarını pozmamağa çalışırdı. Qadın deyəndə ki, dükan-bazardan filan-filan şeyləri al. Asif də öz növbəsində:
-Onları bir siyahıya yaz, – deyə bildirirdi. -Bir də görürsən ki, nə isə yadımdan çıxıb, beynimi çatlada-çatlada qalıram ki, axı arvad yenə nə isə tapşırmışdı almağa. Ya da götürüb zəng edir, bir daha səndən soruşuram: aldıqlarım budur, yaddan çıxan nədir? Həm də beynimi yükləmək istəmirəm. Alınacaq şeylərin siyahısı olanda ona baxır, alıb yığıram çantalara. Beynim də yorulmur.
Asif bir də Minayə xanıma tapşırmışdı: siyahıda çörək yazmısansa, qarşısında göstər – 1 ədəd, yoxsa 2 ədəd. Makaron, un, şəkər tozu, qənd alınacaqsa, yaz neçə kiloqram, yaxud yarım kilo və s. və i.a. Yoxsa girinc qalıram: neçə çörək alım, un neçə kilo olacaq?
İndi Minayə xanım yazmışdı: 1. Yulaf – yarım kilo. Özü də Elmlər Akademiyası metrosundan bir qədər aralıda yerləşən “İvanovka” mağazasından alınacaq. 2. İtburnu – 1 stəkan. 3. Çaytikanı – 1 stəkan.
Asif “Akademkitaba” dəyib “İvanovka” mağazasına yollandı. Yarım kilo yulaf aldı. Gördü ki, yaxşı kəsmik var. Yarım kilo kəsmik də alıb, 3 manat 50 qəpik ödədi. Yarım kilo yulafa – 1 manat, yarım kilo kəsmiyə – 2 manat 50 qəpik.
“İvanovka” mağazasında itburnu ilə, çaytikanı olmadığından 39 nömrəli avtobusa oturub “İnşaatçılar” metrosunun yanına gəldi. Avtobus dayanacağının yanında ağbirçək bir qadın dərman bitkiləri, ədviyyalar satırdı: kəklikotu, çobanyastığı, bağayarpağı, nanə, çayçəpişi, çörəkotu, cirə… Nə istəsən vardı.
Asif itburnu aldı, çaytikanı isə olmadı. “Bizim market”ə gedən yolda Şəkililərin bir dükanı vardı. Burada mer-meyvədən, ədviyyadan, cürbəcür çərəzlərdən, meyvə qurularından, qoz, fındıq, şabalıddan tutmuş hər şey vardı.
Burada da çaytikanı tapmadı. Satıcı dedi:
-İndi aprel ayıdır, çaytikanı çətin taparsan.
Asif evə zəng etdi. Minayə xanım dedi ki, aptekə dəysin.
Asif gəzə-gəzə “Kaktus” restoranının yanındakı aptekə gəldi. İri cüssəli aptekçi:
-Buyurun, nə lazımdır? – deyə soruşdu.
Asif:
-Çaytikanı lazımdır.
-Varımızdır.
Asif sevindi. Aptekçi soruşdu:
-Çaytikanı yağı istəyirsiniz, yoxsa çaytikanı şamı?
Asif tez:
-Yox, – dedi. –Meyvəsi lazımdır.
Aptekçi təəccüblə:
-Çaytikanının meyvəsi olmur.
Asif qaldı mat-məəttəl. Bu aptekçi deyəsən təzə idi. Dava-dərmana yaxşı bələd deyildi. Ən azından hansısa tibb kollecini bitirmişdi. Amma xam adama oxşayırdı. Asif aptekçinin iri bədənini süzüb onun kimi nataraz, qarnı burnuna dəyən Dava Dərmanovu yadına saldı. Dava universiteti bitirib poliklinikada həkim işləyirdi. Can həkimi idi. Xəstəni özü bildiyi kimi müayinə edəndən sonra:
-Çıx, çöldə gözlə, resept yazıram, – deyirdi.
Xəstənin çölə çıxdığına əmin olandan sonra köhnə, saralmış bloknotunu çıxarır, ora baxaraq dava-dərmanın adını kağıza yazırdı ki, xəstəyə versin. Əllə yazılmış bu konspektdəki latın dilində olan hansısa sözdəki hərfi ayırd edə bilməyəndə necə gəldi yazırdı ki, guya xətti belədir.
Resepti yazandan sonra xəstəni çağırıb ona verirdi. Bir dəfə özü Asifə etiraf etdi:
-Nə edim?! Universitet qurtarmışam, amma mənim əvəzimə atam oxuyub. Mən isə yeyib-içib gəzmişəm. Bu da axırı. Mənim yerim bilirsən haradır? İdman oyunları olur ha. Bir də görürsən biri yıxılır, birini əzirlər. Bu vaxt onu elə oradaca ilk tibbi yardın edilmək üçün stadionun, oyun meydançasının yanını kəsdirmiş həkimin yanına gətirirlər. Sən də orasına-burasına spirt çəkir, dava-dərman edirsən, qurtarıb gedir. Əyər-əskiyin də bilinmir.
Aptekçi deyəndə ki, çaytikanının meyvəsi olmur, Asif olub-keçənləri, dostu Dava Dərmanovu xatırladı.
Aptekçi Asifin dayanıb durduğunu görüb irişirdi. Asifi də gülmək tutdu. Bu aptekçi də sən demə elə Dava Dərmanovun tayı imiş. Buna əmin olduğundan Asif dedi:
-Yaxşı, həkim, deyirsən çaytikanının meyvəsi olmur. Əgər meyvəsi olmursa, bəs onda onun yağını nədən çəkirlər, şamını nədən düzəldirlər?
Aptekçi daha irişmirdi. Qıpqırmızı qızarmışdı. Asif yaman yerdə onu yaxalamışdı.
Yollar uzun və qısa, çətin və dolanbac, arzular sonsuz, ümidlər isə həmişəyaşıl olur. Bir əzizinin yoxluğuna nə qədər çalışsalar da inandıra bilməzlər səni. İynədimi, sapdımı düşə itə, yox ola, gözünün qabağından birdən-birə qeybə çəkilə… Amma demə olurmuş…
Ənnağıyev Babək Oktay oğlunun evindəyəm, atası qarşılayır, elə həyət qapısındaca görüşüb evə dəvət edir. Kür daşqınından sonra FHN tərəfindən tikilən evin pilləkənlərini qalxdıqca təsəlli üçün söz axtarıram, otaqda iki azyaşlı qız uşağı heç nəyi dərk etməyən baxışlarını üzümə dikir… Gözlərim önündən atamı itirdiyim gün film kimi gəlib keçir, mən də heç nə başa düşmürdüm onda…
Babək Qasımbəyli kəndində, 28 aprel 1994-cü ildə doğulub böya-başa yetib, orta məktəbi də bu kəndin H.Ənnağıyev adına tam orta məktəbində oxuyub. Elə Hilal Ənnağıyev də Birinci Qarabağ müharibəsində canından keçən şəhidlərimizdən biridir. Sonra Vətənə həqiqi hərbi borcunu vermək yaşı çatanda-2012-ci ildə yollanıb əsgərliyə, Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edib, Musaköy, Balacəfərli, Kəmərli kəndlərində, düşmənlə üzbəüz səngərdə olub. Ağır silahlardan istifadə etməyi öyrənib, qaranatamyotçu olub, əli bir dəfə də titrəməyib…
2014-cü ildə hərbi xidmətdən evə, doğmalarının yanına qayıdan Babək elə təsərrüfat işlərində atasına kömək edib, halal ruzisini qazanıb. Sonra ürəyi, gözü tutan Rəmziyyə ilə ailə qurub, bu izdivacdan iki gül kimi qız balası dünyaya gəlib, atalıq hissini fərəhlə, sevinclə yaşayıb, həyata daha çox bağlanıb bundan sonra…
Müharibə başlayanda o da doğma vətənin hayına hay verərək cəbhəyə yollanıb, öldürməyə, erməni vandallarına Qarabağın Azərbaycana məxsus tarixi ərazi olduğunu sübut etmək üçün gedib döyüşməyə. Gedib ki, gələcək nəsillərə torpaq dərdi qalmasın, gedib ki, bundan sonra daha şəhid verməsin Azərbaycan…
…Damarında qeyrət axan igidim,
Yağı gözə oxtək batan igidim.
Döyüşlərdə polad kimi bərkidin,
Üzə gülən növrağına qurbanam,
O, üçrəngli bayrağına qurbanam!…
Döyüş yolu 29 sentyabrdan başlanıb, elə başlanğıcdan erməni fəndgirlərinin viran qoyduğu Füzuli uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub, ürəklə döyüşüb, burda da qranatamyotdan od yağdırıb düşmənin üzərinə. Amma özü də düşmən gülləsinə tuş gəlib, oktyabrın 7-də Füzuli ətrafında döyüşlərin birində ağır yaralanaraq döyüşçü yoldaşlarından ayrılıb. İlk tibbi yardım göstərilsə də qospitala çatdırmaq mümkün olmayıb, elə yoldaca gözlərini həyata əbədi yumub…
Babək Ənnağıyev ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilmişdir.
Atası Oktay göz yaşını saxlaya bilmir, kim deyir kişi ağlamaz, kişi ağlayanda həm də ağladır… Dəsmalını çıxarıb gözlərini silərək oğlundan söz açır:
-Dörd övladım vardı, deyirdim mən onun çiynində gedərəm dünyadan, amma əksinə oldu…Babək ağıllı, söz eşidən, böyük-kiçik yeri bilən bala idi. Məşhəd və Kərbəla ziyarətlərində olmuşdu, həm dinimizə, həm də vətənimizə bağlı idi. Uşaq vaxtı çılğın olsa da sonralar daha səbirli idi, yaşı az idi amma dünyagörmüş kişilər kimi müdrik düşünürdü. Daim əsir torpaqlarımızı düşünür, dözə bilmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci özüm gedəcəyəm. Ali Baş Komandan İlham Əliyevin müharibəyə başlaması elə ürəyindən oldu ki!.. Dərindən köks ötürüb əlavə edir: Vətən sağ olsun…
Həyat yoldaşı Rəmziyyə xanım :
-Son dəfə oktyabrın 3-də danışdıq, döyüşə gedəcəkdilər, qələbəyə ürəkdən inanırdı…Çox razı idim Babəkdən, ailəsini çox sevirdi, dəyər verirdi, ailəcanlı və mehriban idi…
İndi kənd qəbristanlığı bir məzar boyu da vətənləşib, dəyərli olub, çünki burda şəhid uyuyur… Rahat yat, deyirəm, şəhidim, sənin yarımçıq işini Müzəffər Ordumuzun cəsur əsgərləri tamamladılar, yağını torpaqlarımızdan qovub çıxardılar. Bu gün Qarabağ Azərbaycandır, vətəndaşlarımız isə hər biri qarabağlı… Sənin canını verdiyin torpaqlarda balaca qızların azad gəzəcək və səninlə həmişə fəxr edəcəklər…