Tanınmış şair Qulu Ağsəsin “Görsən üşüyürsən…” adlı şeirlər kitabı işıq üzü görüb. “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-də nəfis şəkildə dərc edilən kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.
…”Yaxşı pəhrizi var iztirabların, nə özüm kökəldim, nə kitablarım…”, – deyən Qulu Ağsəs yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir.
Tanınmış şairin “Görsən üşüyürsən…” kitabında müəllifin müxtəlif illərdə, rəngarəng (və fərqli) mövzularda qələmə aldığı şeirlər toplanmışdır. Buna qədər – oxucu rəğbətini qazanan, poeziyamızın incilərinə dönən, publisistikamızda örnəyə çevrilən “Sənsən hər yer” (2002), “Т.о.ч.к. и.” (2007, rus dilində), “Nabran novellası” (2009), “Вiтряна пошта” (Kiyev, 2009), “Dawn” (2016, ingilis dilində), “Yorğun ağacam” (Təbriz, 2022) kimi kitabları işıq üzü görüb. Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə gətirmişdir.
Qulu Ağsəs şeirlərinin mərkəzində İnsan durur. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, “insan-torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.
Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.
Azərbaycan Yazıçılar Birliyində birliyin sədri, Xalq yazıçısı Anarın Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Günay Həsənova və İnformasiya və media ilə iş şöbəsinin müdiri Səadət Şəfiyeva ilə görüşü təşkil olunub. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədrinin baş müşaviri Rauf Aslanov, sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs iştirak ediblər.
Görüşdə müasir dövrdə kitabxanaların qarşısında duran vəzifələr, kitab və mütaliə mövzusuna innovativ yanaşma, kitabxanalarda elektron xidmətlərin göstərilməsi, elektron kataloq və kitabxana sistemlərinin təkmilləşdirilməsi, elektron dövrü mətbuat nəşrlərinin bazalarının yaradılmasının əhəmiyyəti müzakirə edilib.
Görüşdə Respublika Gənclər Kitabxanasının əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, hazırladığı elektron məlumat bazaları haqqında məlumat verilib. Kitabxana əməkdaşlarının Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə elektron məlumat bazası yaratdıqları diqqətə çatdırılıb.
Görüşdə “Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edə biləcəkləri vurğulanıb.
Bu gün Azərbaycan Yazıçılar Birliyində şair- jurnalist , Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbudun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “100 ilin İmzası” kitabının təqdimat mərasimi olub.
Mərasimdə tarixçi – alim Cəbi Bəhramov , tarixçi politoloq Dünyamalı Pənahov, siyasi icmalçı İlyas Hüseynov, Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva,tanınmış sahibkar, xeyriyyəçi iş xanımı Xuraman Muradova, Ziyalı qadınlar İctimai Birliyinin sədri Zəhra Quliyeva ,Alban-udi dini icmasının rəhbəri Robert Mobili, /vetenim-azerbaycandir.az/-ın baş redaktoru Kamran Orucovvə bir çox ziyalılar, gənclər, jurnalistlər, ictimai xadimlər, QHT rəhbərlər iştirak edib.
“Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac “100 ilin İmzası”adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Gülşən Behbuda yazarlar camesi adından hər müəllifə yalnız bir dəfə veilən “Ziyadar” mükafatını təqdim edib.
Sonda müəllif kitabları imzalayıb, xatirə şəkilləri çəkdirilib.
Qulu Ağsəs iri salonların şairi deyil, “tək”lərin şairidir. Deyək ki, beş – on nəfər adam. Bəlkə də əsl poeziya bu. Həmin beş – on nəfər adam da Qulunu böyük salonlara daşıyacaq nə vaxtsa, bəlkə bu gün, bəlkə də sabah… Qulu pıçıltı şairidir, hay-küy, pafosdan min ağac uzaqdı. Şeir bir nəfərə deyilir, o bir nəfər də on nəfərə, on nəfər də yüz nəfərə, yüz də minə, milyonlara. Qulu belə oxunur əslində. Oxunmağın ən gözəli belə olur. Onun şair, təfəkkür stixiyası bu.
Bunu ancaq sənə danışıram –
Bircə balama
Kasıb evində bağlanmış
Turşu bankasıdı atan.
Ağzı hərdən açılır-bayramdan bayrama.
Qulunun qələminin altından çox kağızlar sürü¬şüb. Qulu qol qoymayıb. Hər misranın arxasında dayanıb özünü gözləyib. Özünü görən kimi “salam” yazıb, özünü belə qarşılayıb, şeirlərini belə başlayıb Qulu. Qulu heç vaxt deməz ki, bu gecə təzə şeir yazmışam, deməz ki, romanı sabaha bitirirəm, deməz ki, bir mövzu məni yaman narahat edir. Deməz, deməz, deməz, yenə deməz! Elə onu deyər ki, dədə, dünən axşam Mənsum İbrahimovla, ya da Firuz Səxavətlə bir yerdə idik. Əlavə edər ki, dədə, Firuzun bir dostu var, o nə qədər danışır. Sonra deyər ki, dədə, jurnalımızın təzə sayı çap olunub, mətbəədədir hələ, rəngi quruyur.
Beləcə danışar Qulu, sanki söhbəti qəsdən yazdığı şeirlərdən yayındırar, hər danışdıqca əl atar balaca çantasına, bir siqaret qoyar damağına, hərdən əyilər adamın qulağına, nəsə deyər, guya sirr açır. Elə bir sirr açar ki, bütün televiziyalar üç aydır həmin sirr deyilən şeydən danışır. Nəyə görə belədir? Qulu üçün söz-söhbət köhnəlmir. Həmişə təzə qalır, həmişə sirr qalır. Yazmaq üçün əsas stimuldur bu. Hər şair üçün hər şey təzə-tər qala bilmir. Bu dünya Qulu üçün təptəzə, yepyenidir. Aşağıdakı şeirlərdə gizlənən sirr Qulunu təzə saxlayır. Həm şeirini, həm də özünü. Səhərin ertəsində bu qarışıqlığı yaşamaq elə şair olmaqdır.
Bu da axır…
bu da xilas…
Son gecə…
səhər ertə…
Qoşulub göyün quşuna
Üstündən saat ötər…
Və yaxud:
De görək, neynəyək,
neynəyək, de görək?! –
Nə ölək, nə olaq,
nə olaq, nə ölək…
Qulunun ironiyasının gözlərində yaş var. Zaman q¬arı¬şığı, fikir xətlərinin bir-birinə keçməsi, paralel¬lik¬dən yaranan asiossativ məqamlar, şeirin yarandığı vəziy¬yət – yer Qulunun şair səciyyəsini, daha doğ¬rusu, “kələfin ucunu” açır.
Hərdən
anamdan xəlvət
bir xeyir iş
görmək istəyirəm,
yığıb
bütün dul arvadları
ərə vermək istəyirəm.
Heç olmasa birini…
Özü də elə kişiyə ki,
sonra nə aldığını peşman eləsin,
nə də özünü.
Bəlkə də inanmazsız,
bircə onda
xatırlaya bilirəm
rəhmətlik atamın
heç vaxt görmədiyim üzünü…
Qulu getdiyi yerdə qəfil dayanar, balaca çantasını açar, bir siqaret qoyar damağına, sonra gedər. Bir şeyə məəttələm. O çanta elə tez açılır, siqaret elə tez tapılır, hər şey operativ, cəld, çevik, oğulsan çat, birini sən al qoy damağına. Quludan siqaret alıb çəkmək adama ləzzət eləyir, siqaret çəkən deyiləm, amma həmişə Quludan siqaret istəmək adama sevinc gətirir. Sən demə, Qulunun o böyük Allahdan umduğu böyük bir sevinc də varmış.
Sağ-salamat ölsəydim-
üst-başını
cığır basmış yol kimi…
Qəfil bir söz eşitsəydim-
dil açan lalın ilk dəfə
dediyi «sakit ol» kimi…
Kefim ala buludda kövrəlsəydim,
şimşək qurutsaydı gözüm suyunu.
Atamdan xeyir-dua almaq üçün
qiyamət gününə salsaydım toyumu…
Qulu şeirlərinə məğlub olan şairdir. Mətnin qələbəsi şairin məğlubiyyətindən başlayır. O qədər məğlub olub ki, məclisdə şeir oxumaq sevincindən uzaqdır. Hələ bir dəfə onun öz şeirləri haqqında danışdığını görmədim. Bir də görürsən yeni şeirlər çap olundu. Oxuyursan, oxuduğun anda Qulunu tapmaq istəyirsən. Düşünürəm ki, bu şeirlər Qulunun niyə dilini açdırmayıb, niyə dilləndirməyib. Daha bilmirik ki, bu şeirlər Qulunu qatlayıb dizinin altına alıb.
Süfrəmdə haram var –
dinmirəm,
İki ac balam var –
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u… (Əlil arabası)
Mən olsam, şeirim çap olunmamış isti-isti bir neçə adama oxuyuram. Amma Qulu… Bəlkə Qulunu sakitləşdirən çantasıdır, ağzını açmaq, nəsə axtarmaq, bir siqaret damağına qoymaq, sonra səbrlə bağla¬maq… Belə şeylər bəzən içindəki gərginliyin ildırı¬m¬ötü¬rəni olur. Əldə çəlik də belədir. Damaqda qəlyan, siqaret və ya maşın açarını fırlatmaq insanın sinir sistemini tənzimləyir.
Balamın canına,
Atamın goruna,
İşğal gününə…
– gör, nəyə and içirəm:
– səni çox sevdiyimdən
Şeir yazmadım şəninə…
«Qarabağ şikəstəsi»
O günü Qulu deyir, yox, deməmişdən qabaq əlini ağzına tutur, xeyli gülür, bizi də güldürür, həmişə sözün gülüş tərəfindən tutur: Dədə, səhərdən maşını saxlamağa yer tapa bilmirəm… Biri də yapışıb ki, mənim şeirlərim “Ulduz”da nə vaxt çıxır?
Mənə elə gəlir ki, Qulunun göylərlə işi yoxdur, o nə deyirsə yerə deyir, yeriyə-yeriyə deyir və Qulunun göyü də elə yerdir (Sənsən hər yer). Onun indiyə kimi bir dəfə də olsun göyə baxmağını təsəvvür edə bilmirəm. Ona görə də Qulunu gözü həmişə ayağının alıtını yaxşı seçir. Hələ ayağının altında bir şey qalmayıb. Bir dəfə də olsun büdrəməyib.
Qulu şəhərdə elə gəzir, elə bil çöldə gəzir, nə maşın, nə adam, heç nə eyninə deyil, elə gedir, elə gedir elə bil yolu süzür. Kim qarşısına çıxırsa, hökmən salam- kəlamdan sonra dünən başına gələn bir əhvalatı üyüdəcək qulağına. Adam inana bilmir ki, Qulu şeiri uzun yaza bilər. Qısa və konkret. Aforizmli, zərb-məsəlli, bitkin, lakonik şeirlər yazır. Onun obazları şəkil kimidir. Aydın görünür. Mənə elə gəlir ki, obrazları qarabuğdayıdır.
Mən
Onun qucağını sevindirə bilmədim
O
Məni ata eləmədi
Tanrı gördü
Dinc bəndələrik
bizə baş “ağrısı” əta eləmədi.
Mən
Onu itiyim kimi sevdim
O
Məni tapdığı qədər .
Arabir fişəng atırıq
Aramızdakı sərhədə.
Mən
Onu atıb gedərəm
Zatım qırıqdı, bilir.
Başını qaldırıb soruşuram:
– Sən necə?
Gözünün yaşıyla
Eynəyimi silir…
Qulunun hadisələri nəzərdən keçirib sonra şeirlərində təqdim etdiyi həyat mətn kimi maraqlıdır. Deyim ki, Qulu bunun fərqindədir? Əsla yox. Heç vecinə deyil. Deyək ki, külək əsdiyinin fərqində olmadığı kimi. Qulu da belə.
Qulunun ədəbiyyata gəldiyi illər elə bir dövr idi ki, hələ bərkiməmiş yaradıcılıq, üslublar plastilin kimi hər tərəfə əyilirdi. Elə şair var ki, indiyə kimi beş-altı üslub dəyişib, yenə axırda gəlib Ramiz Rövşən kimi yazır. Özü də elə gözəl yazır ki, Ramiz Rövşən olmasaydı, bu zalım oğlu şair kimi çox sevilərdi. Həyat çoxunu belə bədbəxt elədi. Nə qədər Ramiz Rövşən havasına oynayan şair var. Belələrinin şeirinin qeydiyyatı yoxdur. Ramiz Rövşən üslubunun bir güncündə hələ ki, kirayə yaşayır.
Qulu müdrik adamdı. Əvvəla, təfəkküründən gələn şeir stixiyası, muğam intonasiyası onu büdrəməyə qoymadı. Bir də Qulu seçim edə bilən bir adamdı. Günlərin bir günü yolun ortasında dayandı, balaca çantasını açdı, damağına siqaret qoydu, o saat yolu sola buruldu. Qulu yolu sola dönərkən qarşısında bir şeir dayanmışdı. Bəlkə də onu düz yoldan bu şeir döndərib xilas eləmişdi.
…Bu qədər, balası.
Gecdir, uyu.
Gör göy üzü nə qədər qayğıkeşdir,
gecənin kürəyinə
ulduzdan piltə qoyur…
Çox təəssüflər olsun ki, bu gün ədəbi gündəmdə olanlar hələ ki, düz gedirlər. Dönmək-zad, filan yoxdur. Dayanmaqları da yoxdur. Ədəbiyyatda dayanmaq, əslində yazmaq deməkdir. Dönmək, burulmaq axtarış deməkdir. Amma çoxu… Heç bir yola-izə baxmadan gedirlər yox, e, qaçırlar. Qarşıda uçurum var amma. Qulu düz xətləri artıq qırmışdır. Hər qırılan xətdə cücərən mətnin işığında Qulu balaca çantasında nəsə axtarır. Qulunu çantasız və eynəksiz təsəvvür edə bilmirəm. Özü demiş, bəlkə də eynəklə doğulub. Çantanı da mən əlavə edirəm.
Qulu mənə “Fillər mənim dostumdur” filmindəki həkimi xatıladır. Qayğılı və eynəkli. Sahibinin uşağı xəstələnir, fil gəlir ki, həkimi aparsın, di gəl həkimi başa sala bilmir. Əlacsız qalan fil həkimin çantasını xortumuna alıb xəstənin yanına qaçır. Həkim də çantanın dalınca yüyürür. İndi Qulunun da balaca çantası var, asta-asta yeriyir, heç hara tələsmir. Hərdən götürüb qaçmaq istəyərəm onun çantasını. Aparıb qoymaq istəyirəm Ağdama.
AQİL ABBAS – 70 Qarabağın başqa adı… Aqil Abbası Google-də axtarışa versən, min yerdə rastına çıxar. Gerçək həyatda onu hər yerdə görməyimiz azmış kimi, heç demə,virtual aləm də bu qarabağlı balasıyla doluymuş. Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün açığı. Tragikomediya… hə, bir az bu uyğun gəlir. İşğal günləri, bir də 1 aprel – Gülüş bayramı gözüm onu axtarır. Bu adam bir gözüylə ağlamağı, o biri ilə gülməyi bacarandı. Milli Məclis rəhbərliyi əgər onu oturan yerdə görübsə, xoşbəxt adamlardı. Aqil Abbas dizini qatlaya bilmir. Bu yaşa qaçaqovla gəlib çatıb. İstəsə, geri dönüb təzədən uşaq olar. Özü də yüyürə-yüyürə. Kolanı Məhəmməd kişinin oğlu. Ağdam cayıllarının dostu. Universitet tələbəsi. Məmməd Arazın kürəkəni. Bir neçə kitab müəllifi. “Ədalət”in sahibi. Yox, Ədalətin sahibi o deyil. Aqil Abbasınkı: qəzetdi, dəftərdi, qələmdi, davadı, torpaqdı, yazıdı, man…dat deyil. Ondan məmur olmaz. Heç hakim də! Məhkəmədə hamını götürüb yeyib-içməyə aparar, zərərçəkəni də müttəhimin sağlığına içməyə vadar edərdi. “Zakuska”sız-zadsız. Amma futbol məşqçisi olar. Rəqib komandaya elə söz deyər ki, topu buraxıb qaçarlar. Aqil Abbas lap cavan olanda qardaşını itirib. Evlərində onu ən çox Aqil Abbas ağlayıb, məncə. Bu günəcən də ağlayır. Bir yol nəşriyyat işçiləriylə dava eləyirdi. Onu sakitləşdirə bilmirdilər. Camaatın anasını ağladırdı: – Aqil müəl… – Mən müəlliməm, ə? – Aqil bəy… – Bəyin də … sənin də! – Aqil qardaş… – Adın nədi, başına dönüm? Aldığı cavabdan sonra öz anası ağladı… İçində dəyərləri olan və onu hamıdan xəlvət qoruyan oğuldu Aqil Abbas. Əsərləri də özü kimi bədahətdi, bakılılar demiş. O yazmır, deyir. Yazan operatordu. Aqil Abbas çox adamın xətrinə dəyib bu illərdə. Elə mənim də. Milli Qəhrəman Eldar Bağırovdan xüsusi buraxılış hazırlayanda çağırdı yanına. Mənə 6-7 işçi verdi. Dedi, başda özüm olmaqla hamı sənə tabedi. Tövbə, heç yazımı yığan olmadı. Bir gün, iki gün… axırda Aqil Abbasa dedim. Qoluma girib apardı operator otağına, dedi, niyə məni dostumun yanında biabır eləyirsiz, ay bu sizin… Dedi və getdi… Baxdım, “aboy” cırılıb, istədim xəcalətdən dalında gizlənəm. Otaqdakıların tükü də tərpənmədi. Mən o gündən bu adamla qurtardım. Rastlaşanda özünə dedim ki, bəs belə. Gülməkdən ürəyi getdi. Zəng vurub hamıya danışdı. Beləcə… barışdıq. Onu deyirdim axı, Aqil Abbas çoxunun xətrinə dəyib bu illərdə, ola bilsin. Küsən küsüb, amma heç kim nifrət eləməyib. Eləyən varsa, e-mail ünvanıma yazsın… …Hərdən dünyanın üzündən öpmək istəyirəm. Görürəm, basırıqdı – dünyanın üzünə tüpürürlər. Mənsə növbəyə girmək istəmirəm. Hərdən də dünyanın üzünə tüpürmək istəyirəm. Görürəm, qırğındı – dünyanın üzündən öpürlər. Dedim axı, növbədən zəhləm gedir. Gərək dünyanın: üzündən öpməyi də, üzünə tüpürməyi də bacarasan! Aqil Abbas kimi…
Qulu Ağsəs (tam adı:Zeynalov Qulu Ağsəs oğlu) — Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti (2015).
HƏYATI Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub.
1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
27 mart 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.
YARADICILIĞI Əvvəllər Qulu Zeynalov, Qulu Baxış imzaları ilə yazmışdır. İlk şeirini 1978-ci ildə yazmışdır. 1980-ci ildə isə çap olunmuşdur. Lenin haqqında olan ilk şeiri “Azərbaycan pioneri” jurnalında çap olunub. Böyük ədəbiyyata 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə gəlib. Şeirləri Türk, Rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib.
“Sənsən hər yer”, “Külək poçtdu”, “Nabran novellası” və “Nöqtələr” kitablarının müəllifidir.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
KİTABLARI “Sənsən hər yer” “Külək poçtdu”, “Nabran novellası” “Nöqtələr”
“Şeirləri ilə ruhumuzu oxşayan, hisslərimizə toxunan Şair, insanlığı ilə ürəyimizə köçən, sevimli Adamdı Qulu Ağsəs. Bu gün onun günüdür. Nə yaxşı ki, dünyamıza gəlib, Sözümüzə gəlib. Təbrik edirəm. Çox yaşa, əzizim.” – Xanım İsmayılqızı
Bu gün gözəl insan, sevimli şair Qulu Ağsəsin doğum günüdür!!! Ad günü münasibəti ilə Qulu müəllimi təbrik edir, Uca Yaradandan sağlıqlı uzun bir ömür və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun, Qulu müəllim!!!
1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
27 mart 2014-cü ildə “Ulduz” jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.