Yumruq kimi birləşib, eyni hədəfə vurub, Eşq ilə, məhəbbətlə ucalan məbəd qurub, Çiyin-çiyinə verib yenə də məğrur durub, Bir ananın övladı – Azərbaycan, Türkiyə. Qartalın cüt qanadı – Türkiyə, Azərbaycan. * * * Ən çətin zamanlarda bir-birinə dost, yoldaş, Siyasət meydanında əqidəbir vətəndaş, Böyükdən kiçiyədək hər bir mənada sirdaş, Dili bir, amalı bir – Azərbaycan, Türkiyə. İkisi bir ürəkdir – Türkiyə, Azərbaycan. * * * Elə bir qüvvədir ki, addımında fəxarət, Bu birliyin gücündə birləşibdi həqiqət, Kökündə sədaqət var, canındadı ədalət, Bir millət, iki dövlət – Azərbaycan, Türkiyə. Bu birlikdədir qüdrət – Türkiyə, Azərbaycan. * * * Ordusu var, gücü var, səsi xalqın səsidir, Bir-birini sevməsi ən böyük qüvvəsidir, Həm möhür, həm and yeri tək bircə kəlməsidir. Dostluğu sarsılmayan – Azərbaycan, Türkiyə. İki bədəndə bir can – Türkiyə, Azərbaycan. * * * Bu dostluq yenə böyük sınağa sinə gərdi, Qardaşlığın əbədi olduğunu göstərdi, Əsrlərlə bir olmaq, doğma olmaq hünərdi. Qana köç edən yaddaş – Azərbaycan, Türkiyə. Bir ruhda iki qardaş – Türkiyə, Azərbaycan. Müəllif: Xanım İSMAYILQIZI
ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir. Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq… Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, allahlarla vuruşmaq … Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021.- Bakı.
Sən olmasaydın, ölərdi mənim son hisslərim … Yaşı quruyardı, kirpiyi tökülərdi, kor olardı, bu gözlərim … Gəlməzdi dünyama baharlar, qışlar inan, heç səmamda uçmazdı da quşlar. Sən olmasaydın, bilməzdim ki, eşq nədir, aşiq kimdir, yuxular ilandır, zəhəri bətərdir … Sən olmasaydın, yıxılardı başıma, bu uçuq dünya . Sökə-sökə, tikə-tikə, ölə-ölə dünya tikərdim mən özümə guya … İndi elə bil ki yoxsan, yoxsanmı, əzizim, daha ? Yaşı qurumur, kirpiyi tökülmür, donub qalıb bu kor olası mirət. Yenə uçmaq istəyir səmamda, qanadı qırıq, ürkək quşlar, Amma heyif ki, yağır göydən daşlar. Bahar da gəlir e, gözümün işığı, sevdiyimiz həmin fəsil, sevdiyimiz həmin hava … Eh, əzizim … Əzizim, mən hara, dünya hara, sən hara … İşdir, birdən alınmaz, baxma, nakam gedərəm . Sən Allah, mən sənsiz ölsəm, məni çoxdan bağışla …
15.03.2021.
BİR AXŞAM…
Bir axşam qoca palıd ağacının altı, Yenə saatın əqrəblərində ilişmişəm. Ən yaxınım yupiter qədər uzağımda, Nə vecinədir axı, nələr çəkmişəm… Ups… Deyəsən şimşək çaxır, düz başımın üstdə Ayaqlarım corabsız, şalvarım dizdən. İslanıb batıram səssiz bir küncdə Axı, batanın yağışdan nə qorxusu… Hey ? Sizinləyəm,gəlin görüm bir-bir çiynimə Yoxlayaq hərənizi, yarışdıraq çəkinizi. Sağımdakı mələk yaman gülümsünür Görən çoxmu qanadıblar dizini. Şişt … Heç kimə heç nə demə, az qalıb Bir gün bitəcək tüfeyli günlər Əlimi uzadıb dınqıldadacam sazımı, Görüm səsini hansınız eşidəcək ? La-la-la … Fikir vermə dilimə, beynimə nəğmə çalır Kürəyimdəki oxlar yaman əcayib Mən çıxartdıqca özü yenidən batır, Elə bil dostlarımın əmanəti deyillər. Hah-hah- hah … Bilirəm, onlar heç nə anlamayacaq Qayığıma təkan verirəm, özü gedir . Dibə batması an məsələsidir, Nə fərqi var? Ruhum ki çoxdan gedib. Mən..Siz…Onlar…Dünya…Aləm… Bir ləzzətə uyub beləcə gedirik, Doğrusu, heç özüm də bilmirəm nə nədir… Yazıram bu hər nəyimdirsə, burda qalsın Bir gün düşüncəmi də oğurlasaz Analiz edərsiz , görən bu dəli nə deyir …
ŞƏKİL (Tərcümə) Ovcumda bir şəkil cəlb etdi məni. Ona şeir qoşdum, şəklini çəkdim. Sənin çəkdiyindən çox fərqli çəkdim Bununçün,ya Rəbbim,bağışla məni. * * * Anamın şəklini çəkdiyin zaman, Yadına salmısan zülmət gecəni, Çəkmisən saçını gecətək qara. Mənəsə ağ saçlı göründü anam. Bağışla bununçün, ya Rəbbim, məni. * * * Atamın şəklini gəncikən çəkdin. Çəkdin qartal kimi göydə səkəni. Atamın üzündə mən qırış çəkdim. Bağışla bununçün, ya Rəbbim, məni. * * * Bağışla, mən şəkli səntək çəkmədim. Günahım böyükdür,görünür gözə. Ancaq onu bil ki, bir şair kimi, Xəyanət etmədim bir an da sözə.
Bir arzum var, ay adamlar, qoyun deyim, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Hər kəs əsl qiymətini bilər onda; Bu sözlərim düz olmasa töhmət edin. Sizdən rica eləyirəm milyon kərə, Şairlərə sağlığında hörmət edin, Sağlığında heykəl qoyun ölməzlərə… Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara saxlamayın. Zəhləm gedir sonralardan, Vaxtsız dinən zurnalardan, Boşboğazdan, avaradan, Toydan sonra nağaradan. Sağlığında sevindirin təmizləri, Siz həyatda bu amalla addımlayın. Sağlığında ifşa edin xəbisləri, Satqınlara sağlığında satqın deyin, Tülkü deyin tülkülərə, aslan deyin aslanlara; Sağlığında qiymət verin insanlara… Hər kəs bilsin öz yerini necə sağdır, Bu, pislərin həyatını qısaltmaqdır, Yaxşıların həyatını uzatmaqdır… Bu nədəndir ölən kimi, qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır. Ölən kimi yaxşılar da yaxşılaşır, Yamanlar da yaxşılaşır… Çirkinlər də təmiz olur ölən kimi… Yadlar belə əziz olur ölən kimi… Xatirələr söyləyirik, nekroloqlar qollayırıq, Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq. Bu gecikmiş xeyir-dua kimə gərək? Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək? Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir… Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir. İstəmirəm vaxt-vədəsiz şöhrəti mən, Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm… Diri üçün iynə boyda hörməti mən Ölü üçün min heykələ dəyişmərəm… Düz deməsəm, onda məni bağışlayın, Üz tutaram uşaqlara, qocalara, cavanlara, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağ olanda yaxşı deyin, Sağlığında yaman deyin yamanlara…