Etiket arxivi: TƏBRİK

NAZİM ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜR! – TƏBRİK.

Bu gün özünəməxsus söz duyumu, deyim tərzi olan, nur damlalarından ibarət kəlmələrinİ günəş şüasından saplara düzüb göy üzünə, dağlara, dərələrə, ilmə-ilmə göy qurşağı toxuyan Nazim Əhmədlinin doğum günüdür! “YAZARLAR” olaraq, bütün yazarlar arından Nazim müəllimi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Nazim müəllim !!!

ÇƏHRAYI YUXULARDAN…

Buluda naxır dedim
Üzüm güzgüdən baxır,
gözüm səyriyir bir az;
çəhrayı yuxularım
dönüb qayıdır, bu yaz;
* * *
saçlarımın içində,
bir əlçim ağ bulud var;
ürəyimin içində,
bir qarışıq umud var;
* * *
güzgüdəki üzümə,
gözüm uyuşa bilmir;
ağzımdan çıxan sözü
dilim dəyişə bilmir;
* * *
quş südündən söz tutub,
daşın üstünə yazdım;
payızın qalan ömrün
qışın üstünə yazdım;
* * *
buluda naxır dedim,
quşdan qanad istədim;
baxdım, göy üzü enib
kipriyimin üstədi.

Burda adamlar uçmur
Payızın ilk günüdü,
ürəyimdə qubar var;
sanki min illər öncə,
lap çoxdan ötüb bahar;
* * *
mən min illər öncəni,
unutmadım, bir an da;
tək qanadlarım qaldı,
göy üzündən o yanda;
* * *
burda adamlar uçmur,
göy üzü quşlarındı;
burda qanadı olan
adamlar daşlanırdı;
* * *
gümüş yuxularımda,
mələklər dəstə-dəstə;
harayasa uçurlar
gümüş suların üstən;
* * *
sanki bu yer üzündə,
lap çoxdan ötüb bahar;
hələ də ürəyimdə
bir azca səksəkə var.

İndi ayrı adamam
İndi ayrı adamam,
solub bətim-bənizim;
üzümü cırmaqlayır,
yuxumdakı göyüzüm;
* * *
qulağıma səs gəlir,
bilmirəm, bu nə sirdi;
günortanın göyüzü
buludları əzirdi;
* * *
həsrətin, intizarın,
əlində qalıb yaxam;
bəlkə, bu bir xəyaldır,
bəlkə də heç mən yoxam;
* * *
odam, suyam, buludam,
uhumun şələsiyəm;
bəlkə də mən dünyanın
sonuncu dəlisiyəm;
* * *
buludlar əsirgəmir,
dəli yağışlarını;
unutdum göy üzünün
yorğun baxışlarını;
* * *
hərdən ürəyim çıxır,
qaçıb gedir köksümdən;
güzgüyə baxanda da,
üşənirəm əksimdən;
* * *
iynənin ulduzundan,
keçir yolum, cığırım;
bir az yaxınımda dur,
hərdən səni çağırım.

Dünyanın gerçək üzü
Adımı hardan aldım,
ya buluddan, ya göydən;
min il öncə gəlmişəm,
bir uzaq, qərib köydən;
* * *
otdan-çiçəkdən ötüb,
daşda qalıb ləpirim;
dünya nə vaxt doğulub,
nə vaxt ölər, nə bilim;
* * *
ötüb keçən bir həsrət,
ağlımın ucundadı;
yer üzündən çəkilmir,
ötən acının dadı;
* * *
qulağım yağır olub,
yalançı nağıllardan;
ufaq bir işıq gəlir,
əhrayı yuxulardan;
* * *
ulduzlar da çəkilir,
elə bil göy üzündən;
min illik həsrət yağır
daşın çiçək üzündən;
* * *
hardan boylanıb baxır,
daş üzüm, çiçək üzüm;
hardasa gizlənibdi
dünyanın gerçək üzü.

Göy üz çox ağırdı
Üzüm-gözüm səyriyir,
yollar çuxur çuxurdu;
dağların arasında
göm-göy sular axırdı;
* * *
könül dildən, söz haqdan,
əlim donur sazaqdan;
kimdisə, lap uzaqdan,
hey yuxuma baxırdı;
* * *
buludlar qara-qara,
üz tutdum uzaqlara;
o taydakı dağlara
ayrılıqlar yağırdı;
* * *
göy üzü naxış-naxış,
nə qar vardı, nə naxış;
gecə kimsə qıj-ha-qıj,
ulduzları sağırdı;
* * *
nə gəlibdi eynimə,
sevdan düşüb beynimə;
əlini qoy çiynimə,
göy üzü çox ağırdı.

Həsrətimin ocağı
Səslənir qulağımda
uzaqların sorağı;
indi qanadlarım var,
bacarıram uçmağı;
* * *
bəxtimə bulaq düşüb,
yoluma çıraq düşüb;
kipriyimə ağ düşüb,
qaşlarımdan aşağı;
* * *
harda bir ağ gül əkək,
bulud yağış güləcək;
kim oxuya biləcək,
göy üzünün qırağın;
* * *
gəl bulağın üstünə,
alışım, bax tüstümə;
dəyir dağın üstünə,
buludlrın saçağı;
* * *
könlüm sözə üz tutur,
əllərim də söz tuyur;
tüstülənib köz tutur,
həsrətimin ocağı.

Mənə bir qayıq gətir
Görmədiyim bir şəhər
elə yuxumda gəzir;
yollarımın üstündə
dəli küləklər əsir;
* * *
hər gün bir bulaq daşır
ürəyimin içindən;
bir qərib inilti var
buludların köçündə;
* * *
hər payız ötən ömür
yarpaq-yarpaq çəkilir;
yatmadığım yuxular
gözlərimdən tökülür;
* * *
qopur qara saçımdan
qaranlıqlar əriyir;
gözlərimin kökündə
ayrılıqlar səyriyir;
* * *
bax, göydəki buludlar
həm ağdı, həm da qara;
mənə bir qayıq gətir,
üzüm, lap uzaqlara.

Payız yarpağına oxşayır üzüm
Payız səhərinə tutdum üzümü,
payız səhərinin üzü soyuxdu;
yaşıl yarpaqlara qara xal düşüb,
sarı çöhrələri oyuq-oyuqdu;
* * *
payız yarpaqların yas mərasimi,
boz dağlar payızın baş daşlarıdı;
budaqlardan düşən sarı yarpaqlar,
ötən son baharın göz yaşlarıdı;
* * *
payızın yuxusu qarışıb deyən,
dağların başında qar qoxusu var;
indi bozax tutan cığırın, izin,
bir azdan, bir uzun qar yuxusu var;
* * *
yıxıldım dünyanın yuxu yerindən,
başlandı ömürün payızı, qışı;
yazda qayıdacaq yenə geriyə,
ölən yarpaqların bahar yaddaşı;
* * *
payız yarpağına oxşayır üzüm,
gəlirəm, payızın oğlan çağından;
tanrım özü mənə ərmağan verib,
dünyanın ən şirin söz bulağından.

Qaçdım, dar ağacından
Bilmirəm, hara qaçım,
necə qaçım suçumdan;
üstümə yağmur düşmür,
buludların saçından;
* * *
sular nədən tərs axdı,
yaxşı gün baxta-baxtdı;
göy üzü quraqlıqdı,
ruhlar ölür acından;
* * *
dürüst olmur “axılar”,
yalan olur nağıllar;
itmir ötən yuxular,
gözlərimin ucundan;
* * *
daha niyə yaz olmur,
ağrı-acı azalmır;
qaranlıqlar sozalmır,
uzaqlarda açır dan;
* * *
harda ütdüm ahımı,
açılan tək sabahmı;
atıb günahlarımı,
qaçdım, dar ağacından.

Qanadlarım uçunur
Bu dünyadan böyükdü,
yumruq boyda ürəyim;
qanadlarım uçunur,
çırpındıqca lələyim;
* * *
nə var, mənim adımda,
ötən ömrüm yadımda;
qayğıların altında,
yağır olub kürəyim;
* * *
həsrət bir uzun yoldu,
canıma ağrı doldu;
yaxam əlində qaldı,
bir dəlicə küləyin;
* * *
sular qalxır dizimdən,
dünya qaçır gözümdən;
görən kimin üzündən.
gözü dönüb fələyin;
* * *
dağlara tez qar düşüb,
könlümə qubar düşüb;
saçlarıma sar düşüb,
payızdandı gileyim;
* * *
yollar uçuq-uçuqdu,
dörd yanı alaçıqdı;
saçlarını açıq tut,
həsrətimi ələyim.

Uçur yaddaşımın daş karxanası
ildi düşmüşəm yolun ağına,
düzdü, dolanbacdı, əyridi yollar;
bir ömür dost oldu, tutdu əlimdən,
hara istədimsə, yürüdü yollar;
* * *
hərdən mən yol oldum, yol özüm oldu,
mənim yol yoldaşım yol üzüm oldu;
su oldu, daş oldu, göy üzü oldu,
hərdən də gözümdə səyridi yollar;
* * *
yağdı buludların qış karxanası,
dondu gözlərimin yaş karxanası;
uçub yaddaşımın daş karxanası,
üzü o yanadı, bəridi yollar;
* * *
qulağıma düşən bu nə səsdi, nə,
həsrət hücum çəkib durub qəsdimə;
uzun kölgəsini sərib üstümə,
məni arxasınca sürüdü yollar;
* * *
kola-kosa dəydi dizim qanadı,
dilimdə atdanan sözüm qanadı;
ayağım yoruldu, dizim qanadı,
ağrıydı, acıydı, kür idi yollar;
* * *
borana, çovğuna, yağışa düşdüm,
min dəfə qarğışa, alğışa düşdüm;
dirəndim, enişə, yoxuşa düşdüm,
ayağım altında əridi, yollar.

İlkin mənbə: /edebiyyatqazeti.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ÇİNGİZ ABDULLAYEVİN DOĞUM GÜNÜDÜR!

Bu gün dünya şöhrətli Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevn doğum günüdür! Yazarlar adından Çingiz müəllimi təbrik edir, həyat və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq! Var olun! Allah Sizi qorusun!

Çingiz  ABDULLAYEV

Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).

HƏYATI
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)

FƏALİYYƏTİ
Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

31 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

AD VƏ MÜKAFATLARI
Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005;
“Qırmızı əmək bayrağı” ordeni;
“Şöhrət” ordeni — 7 aprel 2009;
“Dostluq” ordeni (Rusiya) — 19 may 2020.

FİLMOQRAFİYA
Əsər müəllifi kimi
Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)

Ssenari müəllifi kimi
Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film)
Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)

Məsləhətçi kimi
40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)

Prodüser kimi
Adın sirri və tale. Qurban Səid (film, 2010)

ƏSƏRLƏRİ
Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj
Alçağın üslubu. Bakı: Çıraq, 2005
Məhşər ayağında. 2 cilddə. I cild. Bakı: Çıraq, 2005
Məhşər ayağında. 2 cilddə. II cild. Bakı: Çıraq, 2005
Payız madriqalı. Bakı: Yurd, 2005
Monte-Mario təpəsində ölüm. Bakı: Çıraq, 2005
Mənim gözəl alibim. Bakı: Nurlan, 2006
Bağdadlı əlaqələndirici. Bakı: Çıraq, 2006
Unudulmuş röya. Bakı: Çıraq, 2006
Yalnız özümüzünkülər. Bakı: Çıraq, 2007
Qatil üçün Qran-Pri. Bakı: Kitab klubu, 2007
Üçüncü variant. Bakı: Nurlan, 2007
Döyüşçünün yolu. Bakı: Çıraq, 2007
Manyakın idrakı. Bakı: UniPrint, 2008
Gedər-gəlməz. Bakı: Nurlan, 2008
Quba kapriççiosu. Bakı: Nurlar, 2008
Qisasın ölçüsü. Bakı: Çıraq, 2008
Məhəbbət və nifrətin ölçüsü. Bakı: Çıraq, 2009
Etiraflar vadisi. Bakı: Çıraq, 2009
Hammurapi məcəlləsi. Bakı: UniPrint, 2009
Centlmen sövdələşməsi. Bakı: Çıraq, 2009
Manipulyator. Üç payız günü. Bakı: UniPrint, 2009
Mavi mələklər. Bakı: Çıraq, 2009
Payız madriqalı. Bakı: Nurlar, 2009
Saturnun tövbəsi. Bakı: Nurlar, 2010
Paralel həyat. Bakı: 2010
Veneranın ikinci dəfə həyata gəlməsi. Bakı: 2010
Əfsanəyə çevrilmə haqqı. Bakı: Xatun Plyus, 2010
Kandaqardan agent. Bakı: 2010
Sonuncu divarın daşları. Bakı: Nurlar, 2010
İrodun kölgəsi. Bakı: UniPrint, 2010
Tənha ürəklərin evi. Bakı: 2010
Mavi mələklər. Bakı: Qanun, 2011
İnsan ovu. Bakı: Qanun; Əli və Nino, 2011
İnsan ovu. (tərcümə M.Dadaşqızı) Bakı: Zərdabi LTD, 2011
İngilis bulvarı. Bakı: Qanun, 2011
Ölümü özün seç. Bakı: Qanun, 2011
Bakı bulvarı (roman). Bakı: Qanun, 2011
Milad bayramında açılan atəş. Bakı: Zərdabi LTD, 2011
Abırlı adam. Bakı: Qanun, 2011
Tver bulvarı. Bakı: Qanun, 2011
Məntiq qaydaları. Bakı: Qanun; Əli və Nino, 2012
Dərdimə şərik ol. Bakı: Qanun; Əli və Nino, 2012
Hammurapi qanunu. Bakı: Qanun; Əli və Nino, 2012
Prezident ovu. Bakı: Qanun; Əli və Nino, 2012
Xəzinədar. Bakı: Qanun; Əli və Nino, 2012
Yekun diaqnoz. Bakı: Qanun; Əli və Nino, 2012
Sutenyorun qəlbi. Bakı: Zərdabi LTD, 2012
Bakı bulvarı. Bakı: Qanun; Əli və Nino, 2013
Eramızın əzəlində sui-qəsd. Bakı: Zərdabi LTD, 2013
Mənim gözəl alibim. Bakı: Qanun; Əli və Nino, 2012
Yeni cəngavər qadınların qəbiləsi (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Uzun çəkən sözardı (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Soyuğu qoruyanlar. Bakı: Qanun; Əli və Nino, 2013
Qərb bürküsü (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Şərq küləyi. Bakı: Qanun; Əli və Nino, 2013
Soyuqdan dönməyən casuslar (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Əclafların qanunu. Bakı: Qanun; Əli və Nino, 2014
Əclafların kredosu. Bakı: Qanun; Əli və Nino, 2014
Balkan sindromu. Bakı: Qanun; Əli və Nino, 2014
Transilvaniya səfəri. Bakı: Qanun; Əli və Nino, 2014
Uğursuzun hekayəti .Bakı: Qanun; Əli və Nino, 2014
Namərdin üslubu (kitab). Bakı: Qanun; Əli və Nino, 2014
və digər.


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏDƏBİYYATŞÜNAS RASİM NƏBİOĞLUNUN ƏDƏBİ PORTRETİ-QURBAN BAYRAMOV YAZIR

Fədakar alim, vətənpərvər ziyalı – Rasim Nəbioğlu-70

Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi, şair-nasir, tərcüməçi, maraqlı bədii əsərlər müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, dosent, fəxri professor, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Jurnalistlər Birliyinin, Respublika Aşıqlar Birliyinin üzvü   Rasim Nəbioğlu 70 illik yubileyi ərəfəsindədir. O, qədim Xızı-Bərmək mahalının övladıdır, Azərbaycanımızın şimal zonasında tanınmış səcərəyə- nəslə mənsubdur.

Ziyalılar hər zaman ölkənin inkişafına, dövlətin qüdrətinin artmasına, gənc nəslin milli ideya və vətənpərvərlik ruhunda yetişməsinə xidmət edən fəaliyyətləri ilə fərqlənirlər. Xüsusilə də, həm cəmiyyətin tərəqqisinə, həm də elmin inkişafına dəyərli töhfələr verən insanların fəaliyyəti nümunə təşkil edir. Onlardan biri də bütün ədəbi yaradıcılığı və fəaliyyəti bu parametrlərə tam uyğun gələn bu il, 2023-cü il martın 13-də 70 yaşını tamamlayan, ədəbi mühitdə Rasim Nəbioğlu imzası ilə tanınan Rasim Nəbi oğlu Qurbanovdur.

Rasim Nəbi oğlu Qurbanov 10 mart 1953-cü ildə Xaçmaz şəhərində anadan olmuşdur. O, 1969-cu ildə Siyəzən şəhərində orta məktəbi bitirmiş, 1972-1977-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-Azərbaycan dilləri şöbəsində təhsil almışdır. Onun “Mahiyyət, təzahür” adlı ilk məqaləsi də 1972-ci ildə ADU-nun çoxtirajlı “Bilik” qəzetində çap edilmişdir. 

Lakin  Rasim Nəbioğlu peşəkarcasına 1978-ci ildən ədəbi-elmi, tənqidi fəaliyyətə başlayıb. Maraqlı budur ki, o özünü bu istiqamətdə dönməz fəaliyyətinə müsabiqə yolu ilə yarışın qalibi kimi yol vərəqəsi alıb. Azərbaycan Yazıçılar Birliyinin (Azərbaycan Yazıçılar İttifaqı) və bu birliyin ədəbi orqanı olan “Azərbaycan” jurnalında yaradılmış “Gənc tənqidçilər” studiyasının təşkil etdiyi müsabiqədə qalib olaraq özünü təsdiqləmiş, studiyanın üzvü kimi sürəkli ədəbi fəaliyyətə başlamış, irəlilədikcə ədəbi mühitdə ədəbiyyatşünas, tənqidçi, publisist, şair, esseist, tərcüməçi kimi çıxış edərək tanınmışdır… 

Onun qələm məhsulları,  yazdığı elmi, nəzəri-estetik, ədəbi-tənqidi məqalələri, tərcümələri, fəlsəfi, sosioloji və psixoloji məzmunlu ədəbi-bədii yaradıcılıq nümunələri  APXDİ-nin (indiki ADU) çoxtirajlı “Bilik”, həmçinin, “Qurucu” (Dəvəçi rayonu – indiki Şabran), “Şəfəq” (Quba rayonu) qəzetlərində, “Azərbaycan”, “Литературный Азербайджан”, “Müasir mədəniyyətşünaslıq” jurnallarında və respublikanın digər elmi nəşrlərində, “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan müəllimi”, “Respublika”, “Millət”, “Şəhriyar”, “Oğuz eli”, “Xalq qəzeti”, “Vətəndaş həmrəyliyi”, “Versiya”, “525-ci qəzet”, “Mədəniyyət” və s. mətbuat orqanlarında, habelə Ədəbiyyat İnstitutunun elmi nəşrlərində, Respublikanın elmi məcmuələrində, ABŞ-da, Rusiyada, İran və Türkiyədə, Orta Asiya respublikalarında çap edilmişdir…

Rasim Nəbioğlu ardıcıl olaraq respublika mətbuatında elmi, tənqidi, publisistik məqalə, tərcümə, esse, hekayə və s. janrlarda çıxış edir. Rasim Nəbioğlu mükəmməl təhsil görmüş, səmərəli fəaliyyət göstərmişdir. O, Azərbaycan  MEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına (qiyabi) daxil olmuş (1982), iki illik rejissorluq kursunu bitirmiş (1988-1990), Siyəzən Mədəniyyət Sarayında və məktəblərdə dram, bədii özfəaliyyət, qiraət, “Gənc qələmlər” dərnəklərinə və “Xəzər” ədəbi birliyinə rəhbərlik etmiş, Səməd Vurğun adına Rus Dövlət Dram Teatrında işləmişdir (1992).    Rasim Nəbioğlu, həmçinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi işləməklə bərabər, 2007-2015-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində (indiki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi) elmi katib, şöbə müdiri, habelə kulturologiya və sənətşünaslıq indeksləri üzrə  Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısındakı “Müasir Mədəniyyətşünaslıq” elmi, metodiki, publisistik jurnalının elmi redaktoru kimi çalışmışdır. Onun bu fəaliyyəti həm də, Rasim Nəbioğlunu bir pedaqoq, mədəniyyət və mətbuat adamı kimi tanıtmışdır… 

“Hüseyn Cavidin estetik idealı” mövzusunda (Elmi rəhbəri akademik Məmməd Cəfər) dissertasiya müdafiə etmişdir (1991), 1994-1997-ci illərdə doktoranturaya çıxmışdır. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında direktor müavini vəzifəsini daşımışdır (1995). Bəzi mətbuat orqanlarında və nəşriyyatlarda korrektor, müxbir, şöbə müdiri, elmi redaktor və baş redaktor olmuşdur.

Rasim Nəbioğlu 19 ədəbi-tənqidi, publisistik və tərcümə kitabının, həmçinin, 200-dən çox məqalənin müəllifidir. Qələm məhsullarında daha çox bədii-fəlsəfi ümumiləşdirmələrə meyl edən Rasim Nəbioğlu çox vaxt özünün sosial-etik və kulturoloji-estetik platformasından çıxış edir. 

Onun  “Hüseyn Cavidin estetik idealı”,  “Vüqar Əhmədin yaradıcılıq yolu” monoqrafiyasının, bədii yaradıcılığını əhatə edən, “Dərəzarat” və “Xatəmül-Ənbiya”  poemaları, şeirləri, esseləri, hekayələri və ingilis dilindən tərcümələri daxil edilmiş  “Dərəzarat”, iki cildlik  “Mədəniyyət. İncəsənət. Ədəbiyyat”  adlandırdığı məqalələr toplusunun (2017,2021), “Aforizmlər və hikmətli sözlər”, “Bürclər taleyimizdən xəbər verir”, “İngiliscə-rusca-azərbaycanca danışıq kitabçası”   kitablarının müəllifi, tərtibçisi və mütərcimidir… 

Bu əsərlər sübut edir ki, Rasim Nəbioğlunun yaradıcılığını, ədəbi-elmi fəaliyyətini həmişə dinamik, axtarışda olan universal, çoxşaxəli, çoxspektrli, yaradıcılıq təsnifatına daxil edək… Onun yaradıcılığına nəzər salanda görürük ki,  onun zəngin yaradıcılığı tarix, pedaqogika, mədəniyyətşünaslıq, həmçinin, estetika, etika, sosiologiya, psixologiya və s. bu kimi fəlsəfi elm sahələri ilə sıx bağlıdır. Başqa sözlə, Rasim Nəbioğlu müasir humanitar təfəkkürlü qələm sahibidir.

Rasim Nəbioğlu ingilis dilinin sirlərini yaxşı bildiyindən onun həm bu dildən tərcümələri, həm də Azərbaycan dilindən ingiliscəyə tərcümələri eləcə qənaətbəxş deyil, mükəmməldir və bu dili bildiyindən onu nəzəri görüşləri də, elmi-nəzəri mətnlərin ifadə texnologiyası da  qərb nəzəri texnologiyasının səviyyəsi uyarındadır, stereotip deyil, tamamilə özününküdür… 

Rasim Nəbioğlu ingilisdilli müəlliflərin şeir, hekayə və kitablarını Azərbaycan dilinə, Anar, Yusif Səmədoğlu, Əmir Pəhləvan, Ağarəhim Rəhimov və digərlərinin əsərlərini ingilis dilinə tərcümə etmişdir. Onun yaradıcılığında maraqlı hadisələrin biri də budur ki,  «Ağ gün» adlanan hekayəsi Azərbaycan yazıçılarının Amerika Birləşmiş Ştatlarında ingilis dilində nəşr olunmuş hekayələrindən ibarət topluya (2013) da daxil edilmişdir. Qeyd edək ki, görkəmli Azərbaycan yazıçılarının həmin topluda verilmiş hekayələrinin bir qismini ingilis dilinə məhz Rasim Nəbioğlu çevirmişdir. 

Onun ingiliscədən dilimizə etdiyi əsərlər də təqdirəlayiqdir… Dünyacan şöhrətli olan Uilyam Şekspirdən, Çarlz Makeydən, Lonqston Hyuzdan, Ceymz Törberdən, Corc Bernard Şoudan, Uilyam Həzlitdən və ingilis, ABŞ yumorundan elədiyi tərcümələr bu qəbildəndir. Onun tərcümələrin təqdimat mədəniyyəti və üsulu da xoşuma gəldi. Rasim Nəbioğlu lazım olan cəhətləri, mənbələri ətək yazısında şərh eləməklə bərabər, tərcümə etdiyi şeirlərin orijinaldakı mətnini də verir, müəlliflər barədə oxucularını məlumatlandırır… Bu, Azərbaycan tərcümə mədəniyyətinə gətirilən yenilikdir, örnək olası məsələdir…

Ümumiyyətlə, müstəqillik dövrü Azərbaycan tərcüməşünaslığında ciddi və səmərəli fəaliyyət göstərmiş, bacarıqlı mütəxəssis olaraq bu sahədə yetişən gənclərin elmi işlərinə elmi rəhbər, opponent, rəyçi, redaktor olmuş, habelə ingilis dili üzrə “Dərs vəsaiti”, “Testlər”, “Danışıq kitabçası, “İzahlı lüğət” yazıb çap etdirmiş, Azərbaycanın müxtəlif ali məktəblərində, universitet və institutlarında (Xəzər Universiteti, Pedaqoji Universitet, Tibb Universiteti, Lənkəran Dövlət Universiteti, Qərb Universiteti, Ali Qızlar Məktəbi, Fövqəladə Hallar Akademiyası, Milli Konservatoriya) filoloji-linqvistik və pedaqoji-metodiki fənlərdən, eləcə də etika, estetika, fəlsəfə, sosiologiya, kulturologiya və s. predmetlərdən mühazirələr oxumuş, dərs demiş, Cənubi Rusiya Humanitar Universitetinin (Rostov-Don) Bakı filialında “Dillər və ədəbiyyat” kafedrasının müdiri və dekan vəzifəsində işləmiş (1999-2006), həmin universitetin fəxri professoru seçilmiş və Avra-Asiya İnzibati Elmlər Akademiyasının (Moskva şəhəri) müxbir üzvüdür…

Yeri gəlmişkən, onu da qeyd edək ki, Rasim Nəbioğlunun elmi, nəzəri, ədəbi, tənqidi, pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzində olmuş, onun yaradıcılığı barəsində akademik İsa Həbibbəyli, Xalq şairi Sabir Rüstəmxanlı, professor Məmməd Əliyev, professor Məhərrəm Qasımlı, professor Adilxan Bayramov, Məmmədəli Mustafayev, tanınmış tənqidçi-ədəbiyyatşünaslardan Rəhim Əliyev, Vaqif Yusifli, Əli Rza Xələfli, Cingiz Qurbanoğlu, Qurban Bayramov, Qorxmaz Vəliyev, Fəttah Xalıqzadə, Şakir Əlifoğlu və digərləri maraqlı fikir və mülahizələr söyləmişlər… 

Onu da xatırladaq ki, Rasim Nəbioğlunun və onun bir neçə həmkarlarının, qələm dostlarının elmi-nəzəri tədqiqlərində, tənqidi məqalələrində postsovet mərhələsinin ədəbi hadisəsi olan qərb nəzəri fikrinin axarına yaradıcı istinadlar müstəqillik dövrü ədəbiyyatında postmodernizm cərəyanının yaranan ünsürlərinin aşkarlanmasına kömək etmiş oldu.

Psixoanalitik təhlillə bağlı Ziqmund Freydə, arxetiplər nəzəriyyəsinə görə Yunqa, struktur-semiotik araşdırmalarda Klod-Levi Strossa, R.Brata, J.Jenetə, A.Qreymasa, T.Monroya, M.Fukoya, ədəbiyyat və ideologiya problemlərində T.Eqlitona,  feminist ədəbiyyat məsələlərində Meggi Hummana, M.Eqlitona, bədii mətnin koqnitiv öyrənilməsində D.Axapkina, M.Bruna, A.Riçardsona, B.Boyda, postmodern ədəbiyyatla əlaqəli J.Lyotarda, G.Delezə, J.Deridaya, D.Kamperə və başqalarına istinad bu baxımdan diqqəti cəlb edir və Azərbaycan filologiyasına yeniliklə bərabər təzə nəfəs gəlir, yeni filoloji fikir istiqamətinin yaranmasına vəsilə olur, yeni yetişən filoloqlara istiqamət verir.

Rasim Nəbioğlunun elmi müşahidələri və tədqiqadları göstərir ki, Qərbin ədəbiyyat nəzəriyyəsi dərslikləri də istinad edilən mənbələr sırasındadır. R.Vellek-A.Varrenin, J.Kullerin, V.Qrassin, D.Karterin, P.Berrinin və s. ədəbiyyat nəzəriyyələri artıq tədqiqatlarda istifadə edilməkdədir. Bu isə nəzəriyyədə plüralizmi artırır  və sovet ədəbiyyatı standartlarını dağıdır. Bu artıq ədəbiyyat nəzəriyyəsinə, filoloji fikrə müasir, aktual, inkişaf etmiş Qərb meyarları ilə yanaşmaq prinsipidir ki, bu prinsipin yaranmasında, inkişafında Rasim Nəbioğlunun dəyərli fəal, ardıcıl fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu həmdə çağdaş tənqid və ədəbiyyatşünaslığımızın yeni, modernist metedoloji əsaslarının yaranmasına xidmət edən bir ədəbi-nəzəri prinsipdir… 

Mühüm və təqdirəlayiq cəhətlərdən biri də budur ki, Rasim Nəbioğlu özünü oxuculara şair və nasir kimi də təqdim etmişdir. Onun «Dərəzarat» (Bakı, 2013, 127 səh.) kitabına müxtəlif vaxtlarda qələmə aldığı yaradıcılıq nümunələri – «Xatəmül-ənbiya» və «Dərəzarat» poemaları, şeir və hekayələri, etüd və esseləri, habelə ingilis dilindən bədii tərcümələri daxil edilmişdir.

Rasim Nəbioğlu Hüseyn Cavid irsinin tədqiqatçısı kimi gözəllik və məhəbbətin yaradıcı qüvvə, bəşəriyyətin xoşbəxt gələcəyini təmin edəcək ali keyfiyyət olduğunu bildiyindən tədqiqatlarında olduğu kimi, hekayə və esselərində də,  bu cəhəti xüsusi şəkildə qabarda bilir. Nəbioğlu əsərlərinin əksəriyyətində, əsasən də, esselərində idealı və antiidealı qarşılaşdırır və bu qarşılaşdırma effekti ona məzmunlu nəticə əldə etməyə kömək edir, sosial-etik  və əxlaqi dəyərlər istiqamətində axara düşür.

Onun klassik ədəbiyyat, nəzəriyyə, bədii yaradıcılıq, gözəllik fəlsəfəsi və mədəniyyətşünaslıq məsələlərindən, həmçinin ictimai həyat, zaman, din, insan və cəmiyyət qayğılarından yazdığı “Hüseyn Cavid və “Topal Teymur” dramı”, “Cəfər Cabbarlının yaradıcılıq və həyat salnaməsi”, “Mikayıl Müşfiq: “Kainat olduqca”,  “Səməd Vurğun: “Bizdə şeir də var, sənət də vardır…”, “2018-ci ilin ədəbi yekunu – nəzəriyyə”, “Zamanla üz-üzə”, “Ədəbiyyatda gözəllik aləmi”, “Akademik Məmməd Cəfər Cəfərov bir filosof, estetik kimi”, “Əmanətdar şəxsiyyət, söz-qələm sahibi (Əl Rza Xələfli – 65)”, “Epos və estetik ideal”, “Görkəmli alim, aşıqşünas və xəlqi şair – professor Məhərrəm Qasımlı”, “Xalq şairinin qələmli oğlu – Müşfiq Cabiroğlu”  məqalələri bu qəbildəndir.

Bu cəhətdən biz onun elmi yaradıcılığı ilə bədii qələm məhsullarının  ayrı-ayrı komponentləri arasında estetik ideal aurasında  üzvi əlaqə olduğunu aşkar sezmək mümkündür. Ümumiyyətlə götürəndə, Rasim Nəbioğlunun yaradıcılığında, istedadında bir çoxşaxəlilik, polifonizm, universallıq özünü bariz şəkildə göstərir. Bu cəhəti onun qələm dostu, həmkarı, Əməkdar Mədəniyyət işçisi, tanınmış tənqidçi-ədəbiyyatşünas, professor Vaqif Yusifli belə təqdim edir: “Rasim Nəbioğlu üçün mövzu məhdudluğu yoxdur. O, klassik ədəbiyyatdan da yazır, müasir ədəbiyyatdan da, folklordan da, estetikadan da, mədəniyyət və incəsənətin müxtəlif problemlərindən ayrı-ayrı sənətkarların həyat və yaradıcılığından, teatr tamaşalarından da qələm çalır. Bu onu göstərir ki, Rasim Nəbioğlu hərtərəfli tənqidçi-ədəbiyyatşünasdır”.

Bir daha, xüsusi olaraq, türk qardaşlarımız demiş, “altını çizərək” qeyd edim ki, Rasim Nəbioğlu zəhmətkeş, istedadlı tənqidçi, ədəbiyyatşünasdır.

Alimin şəxsiyyət, cəmiyyət, idrak, təsəvvür, təxəyyül, ruh, vicdan, gözəllik, fəcilik, ülvilik, qəhrəmanlıq və s. bu kimi sosial-psixoloji və etik-estetik kateqoriyaları, anlayışları həm ədəbi-tənqidi, həm də bədii yaradıcılığa uğurla tətbiq etməsi onun elmi təfəkkürünün, təhlil mədəniyyətinin və tədqiqatçılıq vərdişinin mükəməlliyindən xəbər verir.

Əziz qələm dostumuz, həmkarımız Rasim Nəbioğluna bu 70 illik yubileyində ona  hər şey üçün – onun insanlığı – ziyalılığı üçün, məhsuldar istedadı üçün, ölkəsinə məhəbbəti üçün, xalqının səadətinə bəslədiyi inam üçün və nəhayət, ədəbiyyatımızın, tənqidimizin, ədəbi fikrimizin bir məhsuldar nümayəndəsi kimi uzun ömür və uğurlar arzulayırıq.  

Müəllif: Qurban BAYRAMOV

Tənqidçi-ədəbiyyatşünas

İlkin mənbə: /525.az/

QURBAN BAYRAMOVUN YAZILARI

RASİM NƏBİOĞLU-70


İRADƏ TUNCAYIN YAZILARI

AQİL ABBASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qarabağın başqa adı… Qulu Ağsəs

AQİL ABBAS – 70
Qarabağın başqa adı…
Aqil Abbası Google-də axtarışa versən, min yerdə rastına çıxar. Gerçək həyatda onu hər yerdə görməyimiz azmış kimi, heç demə,virtual aləm də bu qarabağlı balasıyla doluymuş. Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün açığı. Tragikomediya… hə, bir az bu uyğun gəlir.
İşğal günləri, bir də 1 aprel – Gülüş bayramı gözüm onu axtarır. Bu adam bir gözüylə ağlamağı, o biri ilə gülməyi bacarandı. Milli Məclis rəhbərliyi əgər onu oturan yerdə görübsə, xoşbəxt adamlardı. Aqil Abbas dizini qatlaya bilmir. Bu yaşa qaçaqovla gəlib çatıb. İstəsə, geri dönüb təzədən uşaq olar. Özü də yüyürə-yüyürə.
Kolanı Məhəmməd kişinin oğlu.
Ağdam cayıllarının dostu.
Universitet tələbəsi.
Məmməd Arazın kürəkəni.
Bir neçə kitab müəllifi.
“Ədalət”in sahibi.
Yox, Ədalətin sahibi o deyil.
Aqil Abbasınkı:
qəzetdi,
dəftərdi,
qələmdi,
davadı,
torpaqdı,
yazıdı,
man…dat deyil.
Ondan məmur olmaz. Heç hakim də! Məhkəmədə hamını götürüb yeyib-içməyə aparar, zərərçəkəni də müttəhimin sağlığına içməyə vadar edərdi. “Zakuska”sız-zadsız. Amma futbol məşqçisi olar. Rəqib komandaya elə söz deyər ki, topu buraxıb qaçarlar.
Aqil Abbas lap cavan olanda qardaşını itirib. Evlərində onu ən çox Aqil Abbas ağlayıb, məncə. Bu günəcən də ağlayır. Bir yol nəşriyyat işçiləriylə dava eləyirdi. Onu sakitləşdirə bilmirdilər. Camaatın anasını ağladırdı:
– Aqil müəl…
– Mən müəlliməm, ə?
– Aqil bəy…
– Bəyin də … sənin də!
– Aqil qardaş…
– Adın nədi, başına dönüm?
Aldığı cavabdan sonra öz anası ağladı…
İçində dəyərləri olan və onu hamıdan xəlvət qoruyan oğuldu Aqil Abbas.
Əsərləri də özü kimi bədahətdi, bakılılar demiş. O yazmır, deyir. Yazan operatordu.
Aqil Abbas çox adamın xətrinə dəyib bu illərdə. Elə mənim də. Milli Qəhrəman Eldar Bağırovdan xüsusi buraxılış hazırlayanda çağırdı yanına. Mənə 6-7 işçi verdi. Dedi, başda özüm olmaqla hamı sənə tabedi. Tövbə, heç yazımı yığan olmadı. Bir gün, iki gün… axırda Aqil Abbasa dedim. Qoluma girib apardı operator otağına, dedi, niyə məni dostumun yanında biabır eləyirsiz, ay bu sizin… Dedi və getdi… Baxdım, “aboy” cırılıb, istədim xəcalətdən dalında gizlənəm. Otaqdakıların tükü də tərpənmədi. Mən o gündən bu adamla qurtardım. Rastlaşanda özünə dedim ki, bəs belə. Gülməkdən ürəyi getdi. Zəng vurub hamıya danışdı. Beləcə… barışdıq. Onu deyirdim axı, Aqil Abbas çoxunun xətrinə dəyib bu illərdə, ola bilsin. Küsən küsüb, amma heç kim nifrət eləməyib. Eləyən varsa, e-mail ünvanıma yazsın…
…Hərdən dünyanın üzündən
öpmək istəyirəm.
Görürəm, basırıqdı –
dünyanın üzünə tüpürürlər.
Mənsə növbəyə girmək istəmirəm.
Hərdən də dünyanın üzünə
tüpürmək istəyirəm.
Görürəm, qırğındı –
dünyanın üzündən öpürlər.
Dedim axı, növbədən zəhləm gedir.
Gərək dünyanın:
üzündən öpməyi də,
üzünə tüpürməyi də
bacarasan!
Aqil Abbas kimi…

Müəllif: Qulu AĞSƏS

İlkin mənbə: Ədəbiyyat Qəzeti

QULU AĞSƏSİN YAZILARI

İRADƏ TUNCAYIN YAZILARI

AQİL ABBASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Günəşə at çapan oğlan… İradə TUNCAY

AQİL ABBAS – 70
Günəşə at çapan oğlan…
Balacalar mətbəxdə qurdalanırlar yanımda. Qurdalanmaq həm də onları maraqlandıran suallar yaranıb deməkdir… Hər şey haqqında – atasının, əmisinin uşaqlığından, özlərinin evə gətirilməyindən, bizim onları nə qədər sevməyimizdən və… Birdən soruşurlar ki, babaları mənə evlənməyi necə təklif edib… Və harda?
Niyə belə təfərrüatlar maraqlandırır onları? Mən də xatırlaya-xatırlaya danışıram…
***
Universitetin uzun dəhlizi gəlir gözlərim önünə – pəncərəyə söykənib söhbətləşirik tələbə yoldaşlarımla… Boylanıb bizə baxan oğlan çəkir diqqətimi. İri gözlü, uzun qara kirpikli və bir az da yekəxana görkəmli…
İlıq oktyabr ayıdır… 1979-cu ilin oktyabrı…
Evimiz o zaman Lenin prospekti adlanan yerdə idi – indi o bina yoxdu. Söküblər… Axşam çağı ev telefonuna zəng gəlir (Zatən, o vaxtlar mobil rabitə mövcud deyildi). Tələbə yoldaşımdı – Mənsur Vəliyev – deyir ki, mümkündüsə yarım saatlıq aşağı, həyətə düşüm. Deyir ki, işi var mənimlə, söhbəti var… Atam rayona gedib, problem olmaz aşağı düşmək. İzah edim ki, mənim gənclik və yeniyetməlik dövrüm ağır məhbusluq zamanı idi. Əlbəttə, zarafatdı – amma hər zarafatın həm də bir həqiqət payı da var… Yəni, atam evdə olsaydı, mənim axşam vaxtı evdən aralanıb kiminləsə söhbət eləmək imkanım olmazdı, yəni, icazə verməzdilər. Anama deyirəm ki, tələbə yoldaşım gəlib, həyətdə gözləyir, işi var mənimlə. Enirəm həyətə və görürəm ki, həmin o iri gözlü, yekəxana görkəmli oğlan da Mənsurun yanında durub. Çox mütaliə etdiyimiz vaxtlar idi – Mənsur “Ədəbiyyat və incəsənət” qəzetində bir hekayə də göstərmişdi mənə “Şirinlik” adında. Müəllifi də Aqil Abbas idi. Belə tanımışdım iri gözlü oğlanı… İndi də bir anlıq tutuldum və baxışdıq. Yenə yekəxana ədayla Mənsura “Sən get” – dedi. “Bizim söhbətimiz var…”
Həəə, o söhbətə başlayan davam edirik indiyə qədər…
Noyabr ayında, ad günümdə (20 yaşım olurdu) qapının zəngini çalıb bir dəstə gül yapışdırıb qaçmışdı qapının dəstəyinə… Gülü götürdüm, anam tərs-tərs baxdı üzümə, qorxudan atdım balkona… Neçə gün qaldı orda… Aqilin də 26 yaşı vardı…
Və gizli-aşkar görüşlərimiz də başladı o gündən sonra. Aqil də Kommunist küçəsinin o biri tərəfində “Elm və həyat” jurnalında işləyirdi. Mən dərsdən çıxanda baxırdım ki, hardadı? Bir də görürdüm özünü çatdırdı. Kommunist (indiki İstiqlaliyyət) küçəsində dərsdən çıxıb Lenin prospektinə evə gedirdik, pay-piyada… Yəni, birlikdə olmağa çox vaxtımız olsun deyə. Vaxt ən qiymətli anlam imiş. O vaxt anlamırdıq…
***
İndi balacalar bəzi xatirələri canlandırdılar. Yadıma düşdükcə çoxunun da canlı olmadığını düşünürəm… Daha doğrusu, xatirələr canlıdı. İnsanlar sağ deyil, diri deyil. Elçilik, nişanımız, toyumuz… Evimiz olmasa da, evləndik. Ritualları yada saldıqca cəmiyyətin qiymətli, dəyərli insanları gəlir gözümün qabağına… Şair Şahmar Əkbərzadə, professor Firidun Hüseynov, yazıçı Faiq Dərgahov, Vaqif Bayatlı, Akif İslamzadə…
İnqilab havası gəldi məmləkətə… Elçibəyi tanıdıq, İskəndər Həmidovla rastlaşdığım günü xatırlayıram… Aqillə İskəndər lap gənc yaşlarından dost idilər… İllər uçdu və vaxtı yeyilən ailələrdən biri də Rəna-İskəndər cütlüyü idi…
Kitablar gəlməyə başladı evə – əvvəlcə jurnallarda çap olundu… “Ulduz”, “Azərbaycan”… Hə, bir də heç unutmuram, yeni romanını, “Ən xoşbəxt adamı” lap mətbəədən çıxardı çapdan baş redaktor… Xoşbəxtliyi çöndü elə bil. Sındı… Belə pərt görməmişdim. Zamanla çox oldu əlbəttə. Bilirsiz kim idi baş redaktor??? Əkrəm Əylisli! Həmin əsər bir neçə ildən sonra Respublika Komsomol mükafatına təqdim olundu və aldı da. Amma qəribədir, hamı hücum çəkəndə başını sığalladıqları susub dayandılar… Sınmağını da biz unutmuruq!!!
Bir ömrü bir yazıya sığdırmaq nə çətin imiş… Fraqmentlər gəlir göz önünə…
***
Sonra, sonra, sonra müharibə başladı və vaxt ora xərcləndi… 79-dan 89-a qədər nisbətən rahat yaşaya bildik. Nisbətən… Ev yox, pul-para yox, amma müharibə də yox idi… Qucağımda körpələrlə Ağdama gedişimizi xatırladım və Rəşad Məcidlə ilk tanışlığımı. Və o vaxtdan indiyə kimi bütün ağrılı və xoş günlərimizdə birlikdə oldular… Müharibənin acılarını da yanaşı yaşadılar… Müharibə isə vaxtımızı yedi, həm də Qarabağı – yerini-yurdunu bu qədər sevən biri üçün böyük yara idi. Az qala hər həftə Ağdama gedən bir insan, hər addımın, daşın-qayasın tanıyan bir insan 93-cü ildən ta İkinci Qarabağ savaşına qədər oraları görmədi…
***
…Deyir, xəbər gəldi Ağdam işğal olunub, çıxıram rayona, zəng vurdular. Dedilər ki, camaat yollarda acından, susuzluqdan mələyir… Getdim çörək işinə baxan böyüklərin yanına, dedilər ki, ora yaxın zavodlara göstəriş verək, ordan götür… Getdim deyir həmin rayona, indi heç kim Ağdama getmək istəmir. Qorxurlar. Böyük pul təklif elədim, razılaşdı şofer. Evinə getdi, gəldi… Mənim də deyir dişim bağırsağımı kəsir… Nəysə getdik, bu şofer də nə tanıyır Qarabağı, aldatdım apardım ki, hələ Ağdam deyil… Çoxlu peçenye, su və çörək… Çatdıq Qərvəndə, gördük ki, Qərvənd-Bərdə yolu adamlar çılpaq, ayaqyalın, ac-susuz… Dünyanın ən Varlı Şəhərinin adamları mələşir… Gördük bir-bir paylaya bilməyəcəyik, başladıq maşından atmağa… Adamlar da havada tutur nə atırıqsa… Bunları hər xatırlayanda ağlayır…
Uzaqlaşaq ağlamaqdan – məzəli söhbətlərimiz də çox olur…
Deməli, bir hadisəni nəql eləyəndə o qədər təfərrüat qatır ki, söhbətə… Mənim iki dəqiqəyə anladacağım nəyisə o iyirmi dəqiqəyə danışır. Bayaqdan yol gedirik – qatarda unutduğu pencəyin xatirəsin danışır. Deməli, provodnik kupenin qapısını neçə dəfə döyüb, çayı nəynən gətirib, hansı stansiyada neçə dəfə dayanıb… Mən onun kimi danışa bilmərəm eeee… Hövsələm daraldı dedim – sonun danış görüm axırda nooldu??? Küsdü, susdu bir xeyli… Sonra yadından çıxdı ki, küsüb, yenə xatirə danışmağa başladı…
Yol gedirdik… “Yoldu dana, uzanıf gedir…” Ələt postuna yaxınlaşanda uzaqdan gördüm ki, yəni, hiss elədim ki, bu serjant bizi saxlayacaq… Yoxsul göründük gözünə. Saxladı… Başladı əlindəki o nə deyirlər ona – orda qurdalanmağa. Biz də sakit baxırıq. Məşədi danışdı axır ki:
– Ay oğul, nə axtarırsan?
– Adın niyə burda yoxdu?
– Maşın İradə İbrahimovanındı.
– Həə? Sənin familiyan İbrahimovdu?
Paaa, Məşədiyə belə söz haa?
Sürdü getdi. Serjant da, qışqırır arxadan – əmi, dayan!!! Nəysə getdik, getdik, çatdıq Yevlax postuna. Təbii ki, saxladılar. Bir göyçək, tombuş, qırmızıyanaq serjant idi bu da. Məşədi soruşdu ki:
– Nə qüsurum var, niyə saxladın?
– Dayı, sənədləri yoxlayıram. Bu moment arxadan biri özünü hövlnak çatdırdı.
– Aqil müəllim, fəxrimizsiz, bir qulluq, sağ-salamat, yaxşı yol… Bir xeyli iltifatlar… (Qanun pozmamışdıq haa, elə kefi istəyib saxlamışdı…) Yəqin, yuxarı heyətdən idi, ola bilər leytenant-filan… Yuxarı heyət adamları tanıyır adətən… Bəzən serjantlar da tanıyır, amma paxıllıqdan tanımayanlara yardım etmirlər… Deyirlər, qoy problem yaşasın… Hə, bir də əyalət serjantları “əmi, dayı, ağsaqqal” müraciətlərindən qurtula bilmirlər… Və əhalinin hamısı deputat deyil…
Məşədi müraciəti təəccüb yaratmasın – sosial şəbəkələrdə Aqil Abbasa Məşədi deyirəm. Yəni, obrazın ismi Məşədidir…
Məşədi danışıb mənə – deyir, Ağdamda “Qaz-51” şoferi vardı, axşam işdən sonra arvadını oturdurdu yanında, rayonda gəzdirirdi (Yəqin, qaranlıqda gəzdirirmiş). Bir gün də pambıq vaxtıymış, iclas gedirmiş, görüblər bir maşın siqnal verə-verə mədəniyyət evinin qabağından o baş-bu başa gedir. Soruşublar kimdi? Deyiblər filankəsin qardaşı (böyük vəzifədə işləyirmiş qardaş). İndi Məşədiynən Badamdardan Vergilər Nazirliyinə qədər gedib-gəlmişik. Sadəcə, siqnal vermədən.
Ağdama kənddən ilk gəlişin danışıb – atam xalamgilə apardı, o da uşaqlarıyla birgə göndərdi uşaq bağçasına… Sən demə, orda da uşaqları zorla yatırtmaq kimi bir qayda varmış. Atam dalımca gələnə kimi ağladım deyir… Məzəli xatirələrə də ağlamaq qarışır, deyəsən…
***
Yaralı xatirələr. Sevmirəm… Kütləvi olanda heç yox, ayrı-ayrılıqda… Ağaclar, kollar, duman basmış dağlar… Arada gözə dəyən əsgər, polis nəfəri… Tam şəkil yaranmır… Hava da sərindi – gəndalaş, itburnu, böyürtkən… Təbiət də vəhşiləşib… Və bizim doğma hesab etməyimiz üçün, xatirələrə qucaq açmağımız üçün orda, o xatirələrin içində doğma adamlar boy göstərməlidir… Gülablıya yol aldım – xaraba qalmış təbiət. Axmayan su… Dərilməyən meyvələr… Etiraz edir hər şey… Və bu etiraz diskomfort yaradır… Doğmalıq yaranmır… Ekskursiya yaxşıdı, amma yaralıdır… Kütləvi yaralı… Sınıqdı… Və həddindən artıq çoxdu… Hər gedib əl uzadanda yad görünür… Fikirlərim də dolaşıqdı…Uzun illər gərəkəcək bu dolaşığı çözmək… Evlərin tikilməyindən çox, minaların təmizlənməyindən çox… Məzarlıqda nə anasının, nə də qardaşının qəbrin tapa bilmədi…
Müharibə onun xarakterində də başqa keyfiyyətlər yaratdı – elə bil, unutmaq istəyindən doğan və məni çox tədirgin edən. Fərqinə varmadan qadınlara və içkiyə meyil. Hərə bir yolla unutmağa çalışır…
Qəribədi, heç getmək istəmədiyim bir yer idi ora… Amma ağrısını çox çəkdiyim. Yəqin ağrıdan bezmişəm. Ağrıdan qorxuram – başlayan kimi ağrıkəsici dərmanla qorunuram. Səhər ayıldım, hazırlaşmağa başladım. Evliliyimizin 40 ilin qeyd etmək, 40 ilin sərgərdanlığın silmək, 40 ilin olan-keçənlərin, ya da keçməyənlərin xatırlamaq… Ordan keçib harasa getdiyimi yadıma salıram. Sonra beynim imtina edir xatirələrdən. Körpənin birini qucağıma götürüb, o birini arabaya otuzdurub dalan uzunu getdiyim də gəlir gözümün qabağına, qonşunun qapını açıb mənə baxdığı da. Bayaq bu dağılmış küçənin, dağılmış dalanın, dağılmış barının, divarların yaxınlığında yol boyu gördüyüm şəhid şəkillərin də göz önünə gətirirəm. Üşəndirir bu mənzərə… Olmayan küçələr, olmayan evlər, olmayan şəhər. Adı qalıb ancaq… Bir də 40 illik ömür, toy günümüzdən bu günə qədər yaşatdığım, ya da içimdə dəfn etdiyim. Əslində, bu təsvirləri çox gördük, çox oxuduq. Olmayan olanlar… Olanı sevməyə nə var ki? Olmayanı nə edək? Yenidən yaranacaq, amma bu yeni şəhər olacaq. Yeni insan nəslinin yeni şəhəri. Hələlik isə dünyanın hər yerindən gələn qonaqlara köhnədən qalan türbələri, məbədləri göstərə bilirik. Deməli, tarix vacibdi. Tarixdə boşluq yarananda elə viranə evlərin boşluğundan bir fərqi yoxdu. Ağrı verir bu boşluq. Tarixin ağrısın kəsmək üçün qanın torpağa qarışmağı gərəkir… Ağ damır gözlərə ağrı çoxalanda…
***


Səyahətlərimiz çox olub… Bircə gəmiylə gəzməmişik… Avropanın, Asiyanın görməli yerlərində… İsveçrədə dağlarda şəlalələrə baxanda dedi ki:
– Kəlbəcərə oxşayır…
Mızıldandım, dilimi sürüyüb – həəə, – dedim… Yəni, Aqil üçün hər yer öz yurduna-yuvasına bənzəyişlə gözəldir… Mənimçün isə yaxın adamlarımla həmin yerlərdə keçirdiyim günlərlə…
Sinqapurda onların yeməklərin yeyə bilmirdi – arıqladı bir xeyli qayıdanacan… Dedim bəlkə tısbağa yeyəsən??? İndi bu tısbağa sözü zarafat olub aramızda… Monteneqroda, əksinə, xoşuna gəlmişdi yeməklər – yəqin, türk nişanəsi çox idi, ondan…
…İndi qeyd etməyə hazırlaşdığım 70 illikdə düşünürəm ki, vaxtımızı yeyən bu ağır dövrlərdə qarşımıza çıxan yaxşı insanlar da çox olub… Yollarımız çox olub… Gözəl yollarımız… Arzum budur – yollarımız bitməsin, yaxşı insanlar tükənməsin… Hər zamanın yeni insanları çıxır qarşımıza. Zarafatla deyirlər ki, Məşədi patronu (yəni, məni) yanıbalalı alıb, bizi də yük edib özünə… Yazının adın qoymağa da onlar kömək etdilər. Dedilər, onun obrazıdır…


Ad gününü qeyd etdiyimiz günlərdən biri idi – bacım zəng elədi, dedi ver telefonu Aqili təbrik edim… Telefonu götürən kimi – Şəlalə, bax, yaxşı ki, doğulmuşam. Yoxsa bacın qalardı evdə – dedi…
Əlbəttə, yaxşı ki, doğulmusan… Böyük bir ailənin, tayfanın, yurdun ağsaqqalı… İri gözlü, uzun kirpikli oğlan… Allah möhlət versin – Ağdamda qəhərlə yox, ürəyi şad rəqs edəsən… Balacalar böyüsün!!! Günəşə at çapan oğlan!!!

Müəllif: İradə TUNCAY

İlkin mənbə: Ədəbiyyat Qəzeti,  İradə Tuncay

İRADƏ TUNCAYIN YAZILARI

AQİL ABBASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Firuz Mustafa. ANARIN SÖZ BAHARI.

FİRUZ MUSTAFANIN YAZILARI

ANARIN SÖZ BAHARI

(esse)

… kitab rəflərində üst-üstə qalaqlanmış əlyazmalarla dolu qovluqları və kitabları səliqə-sahmana salarkən Anarın illər öncəsi (1977-ci ildə) nəşr olunmuş “Adamın adamı” kitabının səhifələri arasından bir vərəq kağız sürüşüb yerə düşdü. Vərəqdə yazıçının kitabı ilə bağlı bir neçə cümlədən ibarət düşüncələrim yer alımışdı. İndi bu yazını qələmə alarkən illərdən bəri Anarın çəhrayı cildli kitabının arasında “gizlənib qalan”, kiril əlifbası ilə yazılmış qeydlərə bir daha nəzər saldım. Və xatırladım ki, adını çəkdiyim kitab barədə vaxtilə məqalə yazmaq niyyətində olmuşam.

Yeri gəlmişkən, ayrı-ayrı vaxtlarda müxtəlif yazılarımda Anarın əsərləri barədə öz fikir və mülahizələrimi bildirmişəm. Lakin bu gün hörmətli yazıçımızla bağlı düşüncələrimi məhz həmin kağızda qeyd olunmuş “tezislərdən” çıxış edərək oxucularla bölüşmək istəyirəm. Yığcam, çaparaq cümlələrlə ifadə edilən, məni bu yazını qələmə almağa sövq edən həmin “tezislərdəki” bəzi fikirlər zənn edirəm ki, aradan illər keçsə də belə, Anarın təkcə bir kitabına deyil, müəyyən mənada onun bütöv yaradıcılığına müncər edilə bilər.

Budur, qeydlərdə oxuyuram:

“Anar ensiklopedik düşüncə sahibidir. Onun təkcə bədii əsərləri deyil, dil, tarix, etnoqrafiya, rəssamlıq, heykəltaraşlıq, qayaüstü rəsmlər, xalçaçılıq, kino, folklor… barədə söylədiyi fikirlər, yazdığı məqalələr də geniş oxucu kütləsinin marağına səbəb olur…

Anarın bütün yazılarında onun bədii və elmi təfəkkürünün paralel və yaxud çarpazlaşan xətləri aydın sezilir…

Anarın redaktorluğu ilə nəşr olunan “Qobustan” incəsənət toplusu günümüzün parlaq sənət və mədəniyyət ensiklopediyasıdır…

Anarın demək olar ki, bütün əsərlərinin qəhrəmanları öz real həyatları ilə yanaşı sürreal, irreal, bir az da sirli bir ömür yaşayırlar. Kitabda gedən “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası” əsərləri dediyim fikirlərə konkret bədii illüstrasiya və örnək kimi qiymətləndirilə bilər…

Anar bir çox yazıçılarımız kimi, öz qəhrəmanlarının həyatına “müdaxilə” etmir, yəni yaratdığı obrazlar haqda mənfi və ya müsbət fikir söyləmir, onları “qiymətləndirməyi” oxucunun öhdəsinə buraxır…

Anarın əksər qəhrəmanları şəhər mühitində böyümüş, həyat labirintlərindən keçmiş sadə adamlar – ziyalılar, aktyorlar, mühəndislər, müəllimlərdir. Əslində bu sadəlikdə bir mürəkkəblik də vardır…

Anar əsasən müasir həyatımızın reallıqlarını qələmə alsa da, biz onun tez-tez tarixə müraciət etdiyinin şahidi oluruq. Bu mənada yazıçının “Adamın adamı” kitabında dərc edilmiş tarixi əsərlərini – “Qəm pəncərəsi” sənədli telepyesini və “Dədə Qorqud” kinodastanını qeyd etmək olar. Çox güman ki, yazıçı gələcəkdə tariximizə yenə müraciət edəcək.

Anar öz yaradıcılığı etibarı ilə heç kəsə bənzəməyən, daha doğrusu, təkcə özünə bənzəyən yazıçıdır”.

Vəssalam. Qeydlər bitir. Haqqında söhbət açılan kitab nəşr olunarkən Anarın yaşı qırxa yaxın idi. İndi aradan təxminən elə bir o qədər də vaxt ötüb keçmişdir.

Ötən illər ərzində Anar bir çox qiymətli ədəbi, publisistik, habelə elmi əsrlər qələmə almışdır. O, ədəbiyyatın demək olar ki, bütün janrlarına müraciət etmişdir. Olsun ki, heç yazıçının özü də bu əsərlərin hamısının eyni səviyyədə olduğunu iqrar etmir. Amma burasını inkar etmək olmaz ki, ədibin qələmindən çıxan hər bir əsər öz orijinallığı ilə diqqəti çəkir və artıq yuxarıda deyildiyi kimi, o, öz yaradıcılığı etibarı ilə heç kəsə bənzəməyən bir yazıçıdır.

Anar ölkəmizdə və eləcə də xaricdə daha çox bir nasir kimi məşhurdur desək, zənnimcə səhv etmərik. Onun roman, povest və hekayələri dünyanın bir çox dillərinə tərcümə olunub. Yazıçının ən populyar əsərlərindən biri “Beş mərtəbəli evin altıncı mərtəbəsi” adlı romandır. Bu əsər haqda yazılan bütün rəy və fikirlər toplanıb nəşr edilsə, heç şübhəsiz ki, romanın özündən dəfələrlə qalın olan bir və yaxud bir neçə cildlik kitab alınar.

“Beş mərtəbəli evin altıncı mərtəbəsi” indiyəcən dəfələrlə nəşr edilmiş, səhnələşdirilmiş və ekranlaşdırılmışdır. Əsərin bu qədər maraq doğurmasının səbəblərini geniş şəkildə araşdırmadan yalnız bunu demək olar ki, roman təkcə öz məzmunu ilə deyil, həm də mahiyyəti ilə cəzbedicidir. Oxucu (və yaxud tamaşaçı) əsərin qəhrəmanlarından dolayı bir sıra sadə və mürəkkəb suallarla üzbəüz qalmalı olur: niyə? nə üçün? nəyə görə? Əminəm ki, meydana çıxan əksər suallara təkcə oxucular deyil, elə müəllifin özü də konkret cavab verə bilməz. Hətta, romanın qəhrəmanları belə, öz etdikləri və etmədikləri hərəkətlərin səbəbini birmənalı qiymətləndirməkdə aciz görünə bilərlər.

Bəli, “Ağ liman” adlı povestin davamı kimi yazılmış bu əsər, yəni “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanı barədə ciddi ədəbi tənqid öz sözünü deyib. Amma personajlarla bağlı mübahisələr bu gün belə səngimir. Əsəri sevənlər kimi, onu “qəbul etməyənlər” də vardır. Ən maraqlı hal burasındadır ki, son vaxtlar bu əsərdə yaratdığı qəhrəmanlara görə az qala yazıçının özünü belə “ittiham etməyə” çalışanlara da təsadüf olunur. Oxucular hələ bir yana, hətta, uzun illər öz təfəkkürü etibarilə “mənfi-müsbət” qəhrəman stereotipində ilişib qalmış, basmaqəlib mülahizələrdən o yana keçə bilməyən bir çox “tənqidçilər” belə, romanın qəhrəmanlarını öz ağıl və səviyyələrinə uyğun şəkildə təhlilə cəlb edir, yazıçıya absurd suallarla, bəzənsə az qala hədələrlə müraciət edirlər. Həmin hədə-suallarda təxminən bu cür iddialar səslənir: “Təhminə obrazını yaratmaqda yazıçının məqsədi nədir? Bir ziyalı oğlu kimi Zaur nə üçün belə antipedaqoji hərəkət edir? Görəsən Anar öz romanında bu obrazları qələmə almaqla qadın və kişiləri hara çağırır, hansı yola dəvət edir?..” Və sair və ilaxır bu kimi cəfəng suallar yenə səslənməkdədir.

Əlbəttə, bu səpgidə sərgilənən, avantüradan qaynaqlanan sualların bir çox müəlliflərinə cavab verməmək də olardı. Amma ədəbiyyatla bağlı yarımçıq bilgilərini səmimi-qəlbdən zənginləşdirmək istəyən kəslərə bəzi mətləbləri xatırlatmaq olar. Belələrinin nəzərinə çatdırmaq olar ki, bəzi suallara cavab tapmaq üçün gərək heç olmazsa öz mütaliənin radiusunu genişləndirəsən. Ədəbi qəhrəmanlarda bu cür “əmmalar” axtarsan gərək onda Lev Tolstoya da irad tutub deyəsən ki, yaratdığın bu “müsbət” Anna Karenina öz əri Aleksey Karenindən üz döndərib o biri Alekseyə, yəni Vronskiyə vurulanda sən hara baxırdın?

Başqa bir klassik misal: “Sakit Don” əsərinin “müsbət” qəhrəmanları Aksinya və Qriqori evli olduqları halda bir-birlərini dəlicəsinə sevirlər. Gərək onda əsərin müəllifi Mixail Şoloxovdan soruşasan ki, hörmətli müəllif, bu obrazların timsalında sən öz oxucularını hara çağırırsan?

Bu “məntiqdən” yanaşılsa gərək onda “Dəli Kür” qəhrəmanı üç uşaq atası, ailəli Cahandar ağa və ona qoşulub qaçan ərli Mələk obrazını yaradan İsmayıl Şıxlıya da anoloji sualla müraciət edəsən. Hətta, bir az irəli gedilsə onda bu əsərlər gərək əvvəla, heç yerli-dibli yazılmayaydı; ikincisi, öz dövrünün sərt senzor icazəsindən keçib nəşr ediməyəydi; üçüncüsü, bu əsərləri yazan müəlliflər cəzalandırılaydı.

Adamdan soruşarlar: adları çəkilən və eləcə də çəkilməyən bir çox əsərlərin müəllifləri sizi nə vaxt, harada özünün yaratdığı qəhrəmanlara bənzəməyə çağırıblar? Bəyəm Anar haradasa deyib ki, mən “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanımı qadınlarımızın Təhminəyə oxşaması üçün yazmışam

Bizdə (həm də təkcə bizdə yox) təəssüflər ki, bir çoxları yazıçı ilə onun yaratdığı obrazı eyniləşdirməyə çalışırlar. Və ən təccüblüsü budur ki, belə düşüncə sahibləri arasında təkcə adi oxuculara deyil, özünü peşəkar tənqidçi hesab edən cahillərə də təsadüf edilir.

Hələ 19-cu əsrin ortalarında dahi fransız yazıçısı Qustav Flöberi (1821-1880) “Madam Bovari” romanına görə ittiham edən oxucu və tənqidçi “ordusunu” yada salanda, adam istər-istəməz zaman və hadisələr arasında müqayisələr aparmağa məcbur olur. Həmin əsərdə həkimlik fəaliyyətinə yenicə başlayan Şarl Bovarinin gənc arvadı Emma Bovarinin öz məşuqları ilə eşq macəralarından bəhs edilir. Bu xanım öz kiçik qızını və nüfuzlu ərini saya salmadan həyatını istədiyi kimi yaşamağa çalışır. Əsərin nəşri Fransa cəmiyyətində bomba kimi partlamışdı. Hətta, romanı dərc edən jurnalın redaktoru məhkəməyə verilmişdi. Qustav Flöberi nəinki tənqid və təhqir edir, hətta onu ölümlə hədələyirdilər. Yazıçıya təhdid dolu suallar verilirdi. Ən çox da bunu soruşurdular ki, Madam Bovarinin prototipi Fransada hansı qadındır, yəni sən konkret olaraq kimin obrazını yaratmısan? Mənasız suallardan bezən yazıçı axır ki, qaragüruhun sualına sanballı “cavab tapdı”. O, “Madam Bovari elə mən özüməm” deməklə bu cür cəfəng suallardan qurtula bildi.

Dediyimiz kimi, Anar Azərbaycan ədəbiyyatına qiymətli töhfələr vermişdir. Bununla yanaşı o, mədəniyyətimizin təbliği sahəsində də əlindən gələni əsirgəməmişdir. Əslində burada “təbliğ” sözü ədibin gördüyü işlərin müqabilində solğun təsir bağışlaya bilər. Çünki o, həm də bu mədəniyyətin yaradıcılarından biridir.

Anarın yuxarıda adını çəkdiyimiz “Dədə Qorqud” kinodastanı əsasında çəkilmiş film bir çox ölkələrdə nümayiş olunmuş, uğur qazanmışdır.

Yazıçının ssenariləri əsasında çəkilmiş “Qəm pəncərəsi”, “Uzun ömrün akkordları”, “Cavid ömrü”, “Sübh səfiri” filmləri Azərbaycan ədəbi-mədəni-sosial-siyasi həyatının əvəzolunmaz simaları Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mirzə Fətəli haqda lentə alınmış, onlara həsr olunmuş ekran abidələridir.

Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, Anarın bədii və sənədli əsərləri əsasında bir çox sənədli və bədii televiziya filmləri də çəkilmişdir.

“Azərbaycan” jurnalında gedən ilk kiçik həcmli əsərindən tutmuş (“Asılqanda işləyən qadının söhbəti”) ilk nəşri yenə həmin jurnalda işıq üzü görən hələlik sonuncu iri həcmli əsərinədək (“Göz muncuğu”) Anar və onun yaradıcılığı həmişə professinal ədəbiyyat adamları və adi oxucular tərəfindən maraqla qarşılanıb.

Vaxtilə qələmə aldığım nəzəri bir yazıda (“Nəsrin inkişaf trayektoriyası”) dünya ədəbiyyatının diqqət çəkən nəsr nümunələrini öz nüfuzetmə və təsirgöstərmə imkanlarına görə iki istiqamətdə qruplaşdırmağa cəhd göstərmişəm: şaquli və üfiqi istiqamətdə. Və bu konteksrdən çıxış edərək yazıçıların özünün də iki mühüm qrupa ayrıldığını, bunların bir qisminin arxeoloqa, digər qismininsə arxitektora bənzədiyini qeyd etmişəm. Birinci qrupa daxil olan sənətkarlar daha çox “alt qata”, yəni yaratdıqları obrazların psixoloji aləminin dərinliyinə baş vurmağa çalışır, ikinci qrupdakılar isə daha çox obrazların “görünən” tərəfinə, yəni zahiri əlamət və keyfiyyətlərinin təsvirinə diqqət yetirirlər. Anarın nəsr əsərlərində bu amillərin hər iksi müşahidə olunmaqdadır.

Polifonik üsluba malik olan yazıçının əsərlərində qrotesk, fantastik və mistik çalarlar özünü göstərir. Və əsasən realist əsərlər müəllifi kimi tanınan ədibin yaradıcılığında bu əlamətlər bəzən bir janr nümunəsi kimi boy verir. Bu mənada “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Dantenin yubileyi”, “Macal”, “Qırmızı limuzin”, “Göz muncuğu” və digər əsərləri yada salmaq olar.

Sıx-sıx olmasa da, arada yolum yaxın xaricdəki ölkələrə düşür. Adətim üzrə, teatrlara və yazıçıları birləşdirən təşkilatlara baş çəkirəm. Demək olar ki, postsovet məkanında söhbət etdiyim əksər əcnəbi yazıçılar bizim müasir ədəbiyyatdan söhbət düşəndə çox vaxt Anarla, onun yaradıcılığı ilə bağlı suallar verir, yeni əsərləri ilə maraqlanırlar.

Anar ədəbiyyata gəldiyi vaxtdan oxucuların və ədəbi tənqidin diqqət mərkəzindədir. O, ədəbiyyat tariximizdə öz yaradıcılığı ilə ən çox diqqəti çəkən, mübahisə doğuran, tənqid və tərif edilən qələm adamlarından biridir. Bu mənada yazıçı yubileydən-yubileyə yada düşən, anılan imzalardan biri yox, daim ciddi ədəbi gündəmdə olan sənətkarlardan biridir. Elə indi oxuduğunuz bu yazı da ənənəvi “yubiley məqaləsi” kimi qəbul edilə bilməz. Yazıçı ürəyinin ən böyük bayramı onun yazdığı, ortaya qoyduğu əsərdir. Biz belə əsərləri yenə görəcəyik.

Bəli, yazıçı öz ömrünün növbəti baharını qarşılayır. Təbii ki, yaş məsələsi yaradıcılıqda nisbi mahiyyət kəsb edir. Yaradıcı adamın yaşını onun ortaya qoyduğu əsərlər müəyyən edir. Bu mənada, Anar həmişə olduğu kimi, yenə yorulmadan yazır və yaradır. Yazıçı həm də özünün yaradıcılıq baharını, söz baharını yaşayır. Baharın mübarək, Anar.

Müəllif: Firuz MUSTAFA

Respublikanın Əməkdar incəsənət xadimi

Mənbə: Firuz Mustafa

FİRUZ MUSTAFANIN YAZILARI


ANARIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xalq yazıçısı Anarın 85 yaşı tamam olur

ANAR və RƏŞAD MƏCİD

“… Xalq yazıçısı Anarın 85 yaşı tamam olur. Anar müəllim 20 ilə yaxın “Qobustan” jurnalına rəhbərlik edib, ilk üzv olduğu ictimai qurum Jurnalistlər İttifaqı olub. Bu gün Mətbuat Şurasının diplomunu doğum günü münasibətilə Anar müəllimə təqdim etdik, xoş arzularımızı və minnətdarlığımızı ifadə etdik.” – Rəşad Məcid

13 mart 2023-cü il tarixində bir qrup yazarlarımız ədəbiyyatımızın müqəddəs məbədi sayılan Azərbaycan Yazıçılar Birliyində öz iş otağında Anar müəllimi ziyarət edib, doğum günü münasibəti ilə təbrik və xoş arzularını çatdırıblar. Diplomlar təqdim olunub. Fotolar:

“YAZARLAR” olaraq bütün təbriklərə qoşulur, Anar müəllimə uzun ömür, cansağlığı və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!

ANARIN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ANAR MÜƏLLİMİN DOĞUM GÜNDÜR!

QƏŞƏM NƏCƏFZADƏANAR

“İmişlidən gəlirdik, yolda Anar müəllim mənə dedi ki, Sabirabadda Suqovuşanı (Arazla Kürün qovuşduğu yer) görmüsən? Dedim yox. Dedi gedək, Suqovuşana, axırıncı dəfə ora atamla getmişəm. Getdik, maraqlı söhbətlər elədik və bu şəkli çəkdirdik. Əziz Anar müəllim, ad günün mübarək olsun, yüz yaşa!” – Qəşəm Nəcəfzadə

“YAZARLAR” olaraq bütün təbriklərə qoşulur, Anar müəllimə uzun ömür, cansağlığı və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!

ANARIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR QRUP MÜƏLLİM “VİNTSAS” MÜKAFATI İLƏ TƏLTİF OLUNUB

Bakı şəhəri, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bir qrup müəllimi 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Vintsas” mükafatı ilə təltif olunub. Siyahı:

  1. İRADƏ İSAYEVA N 050  05.03.2023. BAKI
  2. BƏYİM KƏRİMOVA N 051  05.03.2023. BAKI
  3. AYTƏN MƏCİDOVA N 052  05.03.2023. BAKI
  4. XATİRƏ ABDULLAYEVA N 053  05.03.2023. BAKI
  5. TƏRANƏ ƏLİYEVA N 054  05.03.2023. BAKI
  6. PƏRVANƏ TAĞIYEVA N 055  05.03.2023. BAKI
  7. ŞƏRQİYƏ MƏMMƏDOVA N 056  05.03.2023. BAKI
  8. NURANƏ PAŞAYEVA N 057  05.03.2023. BAKI
  9. NAİLƏ MƏMMƏDOVA N 058  05.03.2023. BAKI
  10. NƏZAKƏT ƏHMƏDBƏDƏYLİ N 059  05.03.2023. BAKI
  11. MAHİRƏ OSMANOVA N 060  05.03.2023. BAKI
  12. MEHRİBAN HƏSƏNOVA N 061  05.03.2023. BAKI
  13. MAHUR HACIYEVA N 062  05.03.2023. BAKI
  14. KÖNÜL ŞİRİYEVA N 063  05.03.2023. BAKI
  15. FİDAN ƏFƏNDİYEVA N 064  05.03.2023. BAKI.
  16. AYSEL FƏTƏLİYEVA N 065  05.03.2023. BAKI
  17. AYGÜN QASIMOVA N 066  05.03.2023. BAKI
  18. ÇİNARƏ KAZIMOVA N 067  05.03.2023. BAKI
  19. HÖKÜMƏ QURBANOVA N 068  05.03.2023. BAKI

Qeyd:

“VİNTSAS” MÜKAFATI XX əsr Litva ədəbiyyatının ən məşhur klassiklərindən biri olan eyni zamnda Azərbaycanda bizim üçün tarixin ən vacib, lazımlı dönəmində müəllimlik fəaliyyəti ilə məşğul olmuş indi fəxr və qürur hissi ilə bir çox ilklərin banisi hesab etiyimiz müəllimlərimizin, həkimlərimizin, mühəndislərimizin, iqtisadçılarımızın, yazıçılarımızın, ədib və mütəfəkkirlərimizin ilk müəllimi olmuş, azərbaycanlı şagirdlərin və tələbələrin mütərəqqi dünya görüşlərinin formalaşmasında, ədəbi-estetik və elmi-nəzəri baxışlarının düzgün istiqamətdə təşəkkül tapmasında böyük rol oynamış, Azərbaycan xalqının, onun mədəniyyətinin böyük və səmimi dostu Vintsas Kreve – Mitskəviçyus (Vincas Kreve-Mickevicius) -nin şərəfinə “Yazarlar” jurnalı və “Ustac.az” sayıtları tərəfindən təsis olunmuşdur. Bu mükafat əsasən müəllimlərə və pedoqoji əhəmiyyətli işlər görmüş şəxslərə təqdim olunur. Bir şəxsə yalnız bir dəfə verilə bilər.

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN TUNCAY ŞƏHRİLİNİN DOĞUM GÜNÜDÜR!

 ZAUR USTACTUNCAY ŞƏHRİLİ

Bu gün kollektivimizin ən gənc üzvlərindən biri, Texniki redaktor: Tuncay ŞƏHRİLİnin doğum günüdür! Şad günü münasibəti ilə onu təbrik edir, təhsildə və yaradıcılıqda yeni-yeni nailiyyətlər arzulayırıq!

 “YAZARLAR”  kollektivi adından:  ZAUR USTAC

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru