Eyham və kinayə Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyulanlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. Əl-Hücurat surəsi
Fikri çatdırmağın müxtəlif yolları, hər fikrin öz müraciət forması var. Bunların yerinin, bilərəkdən, ya bilməyərəkdən, dəyişik salınması qarşı tərəfdə haqlı olaraq zahiri, yaxud da daxili etiraza səbəb olur. Bilməyərəkdən fikrini lazımsız əlavələrlə söyləmək kinayə təsiri bağışlasa da, kinayə xarakteri daşımır. Ona görə ki, bu kimi eyhamlar səsləndirənin yox, «qız evində toydur, oğlan evinin məsələdən xəbəri yoxdur» misalı, eşidənin həssaslığı ucbatından müzakirəyə yol açır. Demək istəyib də, deyə bilmədiyi sözləri dağınıq ştrixlərlə söyləmək əsl eyhamdır. Eyham hadisə zamanı qıcıqlanan duyğuların təcəssümü zamanı öz münasibətini dolayısı ifadə etmək qəsdilə edilmirsə, yaxud tərəflərə əvvəlcədən məlum olan məsələni ümumi işin xeyrinə yada salmaq səciyyəsi daşımırsa, sadəcə, tərəf-müqabilin narahatlığına hesablanırsa, kinayədir. Eyham o zaman kinayə statusu qazanır ki, hədəf kinayəçinin məqsədindən xəbərsiz olur. Məsələni eyhamın ayrı-ayrı növlərində araşdıraq:
a) Məqsədsiz eyham b) Məqsədli eyham c) Kinayə d) Həyat və ya tale ironiyası
Məqsədsiz eyham kiminsə qəlbini yaralamaq, yaxud başına nəyisə qaxınc etmək qəsdilə baş vermir. Bu eyhamın özü də bir neçə alt çoxluğa bölünür ki, biriciyə hadisənin mahiyyətini anlamamaq, ikinciyə həmsöhbətin refleksiyasını nəzərə almamaq, üçüncüyə özünü qarşı tərəfin yerində hiss edə bilməmək, dördüncüyə isə söz xatirinə söz demək səbəb olur. Mümkündür ki, eyham məqsədsiz olsun, amma onun məqsədsizliyini sübut etmək o qədər də asan deyil, bu səbəbdən nəticə qarşı tərəfin reaksiyasına uyğun olaraq dəyişir. Məsələn, biri bu kimi eyhamı çoxmənalı gülüşlə cavablandırar, o biri məhkəmədə araşdırmaq istəyər. Sonuncuya «əyləşdiyin yerdə işə düşmək də» demək olar, ona görə ki, məqsədsiz eyham diqqət zəifliyindən daha çox, dünyagörüşün azlığı ucbatından ortaya çıxır. Söhbətin bu yerində «Qatırçının qatırını hürkütmək olmaz» atalar sözünü yadımıza salsaq, o zaman qarşı tərəfin istənilən refleksiyasını təbii qəbul etməyə borcluyuq. Ötəri, keçici olduğu, davamlı xarakter daşımadığı üçün məqsədsiz eyham yorucu fəsadlara yol açmır. Məqsədli eyham, adından da bəlli olduğu kimi, məlum bir niyyətin funksiyalar məcmusuna deyilir. Eyhamın bu növündən ən dəhşətli faciələrdən başlamış ən xoşbəxt hadisələrə qədər yararlanmaq mümkündür. Məqsədli eyham qarşı tərəfə hansısa bir hadisə haqqında ismarıc ötürür. Ismarıcın yaxşı, yaxud pis olması ötürənin niyyətindən asılıdır. Bu kimi proseslər mobil telefonlar vasitəsilə indi o həddə qədər sürətlənib ki, ümumiyyətlə, mənfur hadisələrin əngəllənməsi müşgülə çevrilib. Məqsədli eyhamın növləri də müxtəlifdir: xəbərdarlıq, diqqəti yönəltmə, ayıq salma, xatırlatma, başa qaxınc etmə və s. Məqsədli eyhamdan, əsasən, məsələnin mahiyyətini ətrafdakılardan gizlətmək üçün istifadə edirlər. Eyham əvvəlcədən razılaşdırılmış bir söz, yaxud cümlə də olar, təsadüfi məsələlərdə anidən də ağla gələ bilər, amma sonuncu baş vermiş məlum bir hadisəyə istinad etməklə gerçəkləşir. Məsələn, meymunlar arasında təhlükədən xəbər verən siqnal forması mövcuddur. Canlıların uyğun növünü araşdıran tədqiqatçını nəzərə almasaq, bu siqnalın nəyə işarə etdiyini meymunlardan savayı heç bir ins-cins bilmir. Buna müvafiq olaraq məqsədli eyham, ya tərəflər arasında mənası dəqiq başa düşülən parol xarakteri daşıyır, ya da tərəf-müqabilin fəhminə ünvanlanan xatırlatma mexanizmini işə salır: sözü hamı eşidir, lakin işarənin mahiyyəti gizlidir. Buradan belə nəticəyə gəlmək olar ki, əvvəlcədən nəzərdə tutulmamış eyhamların müsbət nəticə verməsi tərəf-müqabilin onu necə başa düşməsindən asılıdır. Milli təhlükəsizlik, bank və s. bu kimi əməliyyatları həyata keçirmək üçün istifadə olunan məxfi sözlər vacib rekvizitlərdir, eyham deyil. Eyham ixtiyaridir, istifadəsi mütləq mənada vacib sayılmır. İzah etdiyimiz kimi, eyhamın məqsədliliyi hansısa məsələdə uğur qazanmaq işinə xidmət edir. Fərqi yoxdur hansı işin, istək boşuna çəkilmiş əməyin səbəbsiz təntənəsi olmur. Əlbəttə, kimi isə boşuna əsəbləşdirməyin özü də boşuna olmur; insanın ölümünə hesablanır. Bu səbəbdən məqsədli eyham praqmatik adamların iş prinsipinin tərkib hissəsinə aiddir. Harada ki, eyham keçici dünyanın bədbəxtlikləri və ruhi iztirabların yumşaldılması işinə xidmət göstərir, onun bu növündən hər kəs istifadə etməyə borcludur. Hətta tərzinə, məzmununa, vaxtına görə yerinə düşən eyham insanın zövqünü oxşayır. Məqsədli eyham insana məxsus əməldir, əlbəttə, bu və ya digər şəkildə heyvanların qıcıqlandırıcı hərəkətlərini nəzərə almasaq. Kinayə eyhamın bir formasıdır. Kinayə ictimai xarakter daşıyib, böyük məqsədləri əhatə etmirsə, daha doğrusu, ümumi təhlükəni və buna bənzər digər proseslərin ifşasını nəzərdə tutmursa, şeytanlıqdır. Bunu dəqiq fikirlərlə belə ifadə etmək olar. Məsələn, biz qırx dörd– 44 günlük müharibədə döyüşməyə məcbur qaldığımız oyundankənar qüvvələrin öz xeyirlərinə əl atdıqları siyasi taktikanı kinayə ilə qarşılayır və qarşılamaqda davam edirik. Bu kimi kinayələr məqsədli eyhamdan fərqlənsə də, onun tərkib hissəsinə çevrildiyi üçün qəbul ediləndir. Məqsədli eyham kinayədən ona görə fərqlənir ki, birinci hikkə, qəzəb nümayişi yox, müəyyən işi icra etmək funksiyası daşıyır. Özünü hikkə və qəzəbin nişanəsi olaraq büruzə verən kinayə ayrısının həyatına dil uzatmaq vasitəsi sayıldığı üçün qəbul edilməyəndir. Qəbul edilməyən kinayə insanlığı olmayan, eləcə də, müəyyən səbəblər daxilində onu müvəqqəti, yaxud həmişəlik itirən kimsənin təsir formasıdır. Məsələn, həyatına təcavüz edilmiş bir qızın, yaxud qadının, kişinin yadına salmaq ki, onun başına nə vaxtsa bu və ya digər şəkildə çirkin bir hadisə gəlib, qəbul edilməyən kinayədir. Əgər qəbul edilməyən kinayə gözügötürməzlik, başına qaxınc etmək məqsədi yox, hansısa əməlin qarşılığında, kiminsə ipə-sapa yatmayan hərəkətinin müqabilində gerçəkləşərsə, kinayəçini bir-iki faiz başa düşmək olar. Insanın özü istəmədən, başqasının təzyiqi ilə kinayə etməsi, əgər çarəsizlikdən deyilsə, qəbul edilməyəndir. Kinayə etmək ona görə doğru əməl sayılmır ki, insana kinayəçinin vulqar əlamətlərinə qarşı öz hisslərini hazırlamaq məcburiyyəti aşılayır. Eyhamın bütün cəhətləri, kinayədən savayı, bütün kateqoriyadan olan insanlara müxtəlif nisbətlərdə də olsa, eyni dərəcədə aiddir. Lakin kinayə ən yaxşı formada özünü ancaq bədii ədəbiyyatda doğruldur, çünki dialoq obrazlar arasında gedir, insanlar arasında yox. Rəssamlıqda da kinayədən istifadə olunur, amma burada məsələ ona görə mürəkkəbləşir ki, karikatura sənəti hədəfi müstəqim seçdiyindən seçimin doğruluğunu həmişə sual altında saxlayır. İstər ədəbiyyatda olsun, istər rəssamlıqda, fərqi yoxdur, dahinin kinayə mexanizmi ümumi səciyyə daşıdığına görə təqdirəlayiqdir. Dahilik səviyyəsinə qalxmayan əsərlərdə kinayə o vaxt əhəmiyyətli olur ki, obyekt aydın ştrixlərlə həyatda olan insanı simvolizə etmir. Bu məsələni öz sələfinin timsalında Artur Şopenhauer belə izah edir ki, əgər Kant sağ olsaydı, könlünə toxunmamaq üçün müəllifi olduğu «Xalis zəkanın tənqidi» traktatını təhlil etməzdim, amma indiki vəziyyətdə əsərin nöqsanları haqqındakı qeydlərimi gizlədə bilmərəm. Göründüyü kimi, Şopenhauer üçün birinci növbədə Kantın refleksiyası və səhhəti dayanır. Insanlara bu sayaq qayğı İNSAN-a məxsus keyfiyyətdir. Bəlkə eyni səbəbdəndir ki, əsərlərə əsl qiymət yarandığı dövrdə yox, sonrakı illərdə verilir. Bu bizə nəyi söyləməyə əsas verir? Onu söyləməyə əsas verir ki, şəxsi müstəvidə kiməsə kinayə etmək, hətta həmin hadisə həqiqətən baş vermiş olsa belə, insana yaraşmayan əməldir. Digər tərəfdən eyni proses insanın xəbisliyi ucbatından şər və böhtanın nəticəsi olaraq da inkişaf etdirilə bilər. Şərhə, izaha, sübuta ehtiyacı olan istənilən məsələni kinayə obyektinə çevirmək qorxaqlıq və acizlikdir: sözünü üzə deyə bilməmək qorxaqlığı, ədalətli ola bilməmək acizliyi. Başqa sözlə, kinayəçinin seçdiyi hədəf müəyyən şəxsdirsə, bu onun paxıllığından, qibtəsindən, həsədindən irəli gəlir və son dərəcə cılız olan bu adamın niyyəti təmiz deyil, yoxsa özünə aid olmayan hadisəni əziz xatirə kimi hafizəsində gəzdirməz. Eyham mövzusu haqqında yazmağıma gəlincə, buna səbəb kiçik bir dialoq oldu. Bu günlərdə özünə zəng vurmağa cəsarət etmədiyim müəllimimi ən yaxın dostundan xəbər aldım. Cavab nə olsa yaxşıdır: – Zəng etməyə çətinlik çəkirsiniz, ona «whatsapp»da yazın, səs göndərin, musiqi yollayın. Qədimilər demişkən, matım-mutum qurudu, axı söhbət pərəstiş etdiyim ustad-alimdən gedirdi, sevgilidən yox. Düzü nəyə işarə etdiyini anlamadım, amma belə nəticəyə gəldim ki, bəzi alim, professor, müxbir üzv – «çlenkorr», şair və yazıçılar arasında da kinayə ilə danışanlar var imiş… deməli və təəssüf! Kinayə, əsasən, qeybət səciyyəsi daşıdığı üçün eyhamın ən arzuolunmaz növüdür. Səbəb nə olur-olsun, böyük insanlar bu kimi ucuz vasitələrdən yararlanmağı, nəinki özlərinə sığışdırmır, onların xislətində kinyaə etmək olmur. Həyat və ya tale ironiyası deyilən bir mövzu da mövcuddur ki, birbaşa insanın iradəsilə bağlıdır, amma baş verənlər nəzərdə tutulanın ziddinə yönəlir. Insanın iradəsilə ona görə bağlıdır ki, qərarları o özü qəbul edir, lakin ölçüb-biçmədən, hərtərfli düşünmədən. Bu kimi hadisələr məqsədsiz eyhama da bənzəyir və hər kəsin həyatında yaşana bilər, amma günahı insandan kənarda – taledə, fillanda axtarmaq doğru olmaz. Yazıya Quranın əl-Hücurat surəsinin on birinci ayəsilə başladıq, sonuncu ayəsi ilə də sona yetirmək istəyirik: “Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir”.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
Qulu Ağsəs (tam adı:Zeynalov Qulu Ağsəs oğlu) — Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti (2015).
HƏYATI Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub.
1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
27 mart 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.
YARADICILIĞI Əvvəllər Qulu Zeynalov, Qulu Baxış imzaları ilə yazmışdır. İlk şeirini 1978-ci ildə yazmışdır. 1980-ci ildə isə çap olunmuşdur. Lenin haqqında olan ilk şeiri “Azərbaycan pioneri” jurnalında çap olunub. Böyük ədəbiyyata 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə gəlib. Şeirləri Türk, Rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib.
“Sənsən hər yer”, “Külək poçtdu”, “Nabran novellası” və “Nöqtələr” kitablarının müəllifidir.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
KİTABLARI “Sənsən hər yer” “Külək poçtdu”, “Nabran novellası” “Nöqtələr”
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Qarabağın Ağ İncisi Ağdam!
Tarix boyu Qarabağ bölgəsi, bu bölgənin siyasi və mədəniyyət mərkəzlərindən biri olan Ağdam siyasi, iqtisadi və strateji baxımdan olduqca əhəmiyyətli məkanlardandır. Strateji əhəmiyyət daşıyan bu ərazilər zəngin ticarət karvanlarının, əzəmətli orduların, diplomatik elçilik heyətlərinin, səyyahların diqqət mərkəzində olmuş, bir çox tarixi və ədəbi əsərlərin mövzusuna çevrilimişdir. Bir zamanlar gözəlliyi dillərdə dastan olan, iyirmidən çox Milli Qəhrəmanı, minlərlə şəhidi, saysız-hesabsız elm, mədəniyyət, incəsənət, ictimai-dövlət xadimləri yetişdirən Ağdam! “Ağdam” qədim türk dilində “Kiçik qala” mənasını verir:”Bu sözün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa ediblər. “Ağdam” sözünün də qədim türk dilində mənası “kiçik qala” deməkdir. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks – ağ imarət idi. Ağdam sözünün digər bir mənası “Ağ insan” mənası verir. Ağdam – Ağ Adəm, İlk insan mənasın verir və Ağdam ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Dünya tarixində ilk dəfə ən qədim buğdanın Ağdamın Əfətli kəndində yerləşən Çalağan təpəsindən tapılması bizə bu qərara gəlməyimizə şərait yaratdı”. 7 min il yaşı buğdanın bu ərazidə tapılması İlk insanın – Adəmin burda yaşamasının bariz nümunəsidir. Ağ sözünün ifadə etdiyi müqəddəslik, ali məna Ağdamın ta qədimdən xüsusi bir məkan olduğuna işarədir. İlk dəfə Ağdam bir ərazi kimi öz adını ərəb tarixçilərinin 1357-ci ildə yazdıqları “Səyahtnəmə” kitabında çəkilib və ərəb səyyahları bu ərazidən keçən zaman 1147-ci ilə aid qəbrstanlıqda araşdırma aparandan sonra Ağdamın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğun yazırlar. Orta əsr mənbələri, xüsusilə də ərəb çoğrafiyaşünas və səyyahlarının qeydləri sayəsində Azərbaycanın bir çox orta əsr şəhərlərinin adları dövrümüzədək gəlib çatıb.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir. Ağdam Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir!
Ermənilərin “miatsum” bağırtısına ilk kütləvi etiraz mitinqi ilə cavab verən, sovet dövründə təkcə Qarabağda deyil, həm də Ermənistanda yaşayan bütün hayların gözünün qənimi oğulları yetişdirən Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Bir şəhər,138 kənd,14 qəsəbə olan Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəymişdir. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdır.Ağdam düşmənlə döyüşlərdə 6000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilmişdir. Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000- yaxını məcburi köçkündür.
Ağdamın azadlığa qovuşmasından bir il keçir. Azərbaycanın müzəffər ordusunun rəşadəti nəticəsində torpaqlarımız azad olunandan sonra Ermənistan hökuməti 10 noyabr 2020-ci il Bəyənnaməsini – kapituliyasiya aktını imzalayaraq Ağdam rayonunu öz gerçək sahiblərinə geri qaytarmalı oldu. Tarixlər boyu öz strateji və geosiyasi əhəmiyyətinə görə Qarabağ bölgəsinin olduqca əhəmiyyətli hissəsi olan Ağdamın düşmən işğalından azad olunması olduqca əhəmiyyətli hadisə idi. Bir il öncə Ağdam düşmən işğalından azad olunsa da, təəssüflər olsun ki, erməni vandalizminin 30 illik vəhşilikləri nəticəsində bu ərazilər yerlə yeksan edilmiş, yüz illər boyu Azərbaycanın sivilizasi mərkəzlərindən biri, siyasi və mədəniyyət beşiyi olan bu məkanın yalnız xarabalıqları qalıb…
İmarət Qarabağ xanlığının qurucusu Pənahəli xan başda olmaqla Cavanşirlər sülaləsinin uyuduğu bu müqəddəs məkan, Azərbaycan poeziyasının qadın bahadırlarından olan Xurşidbanu Natəvanın dağıdılmış məzarı, Pənahəli xanın divan otağının yalnız divarları qalan xarabalığı, yüz illərlə yaşı olan Xan çinarların kəsilmiş gövdələri… Daha nələr, nələr… Bu məkanı 1993-cü ilin yayına qədər görməyənlərə, bəlkə də, adi görünə bilərdi, bu mənzərə dəhşətə gətirir İnsanı! Yaxşı bir xalq deyimi var: “Namərd dostdansa, mərd düşmənin olsun!” Vay o günə ki, mərdlikdən, insanlıqdan, mənəviyyatdan irak düşmənin olsun. Bizim bəxtimizə, nə yazıqlar ki, belə düşmən çıxıb, əslində çıxarılıb. Qarşı-qarşıya döyüşməyə cəsarət etməyib, heyfini qəbirlərdən, məzarlıqlardan, tarixi abidələrdən alan bir düşmənin nə qədər rəzil, nə qədər aciz, bir o qədər də şərəfsiz, ləyaqətsiz….
İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatlarının nəticəsindir. 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.Qarabağın mərkəzi,düşünən beyni,müqəddəs ruhlar diyarı Ağdam mənfur düşməndən azad edildişükür! 6 min şəhidi,onlarla Milli Qəhrəmanı ,müqəddəs inanc yeri var Ağdamın! Qoşa minarəli Məçidi var Ağdamın! Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir!
QUSMƏTİNDƏ MƏKKƏDƏN GƏTRİLƏN QURAN!
ALİ BAŞ KOMANDANIN DÜALARI VAR!
MÜQƏDDƏS RUHLARA EHTİRAMI VAR!
VÜQARLI, QÜRURLU AĞDAMIMIZ VAR!
VƏTƏN İGİD OĞULLARIN ÇİYNİNDƏ DAYANIR!
RUHIARI ŞAD OLAN ŞƏHİDLƏRƏ HÖRMƏT VƏ
EHTİRAMIMIZ ŞONSUZDUR!!! (Z.V)
Qafqazın Xrosiması:- Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər. Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. İnanılmazı reallaşdıran, yuxularımızı çinə çevirən, arzularımızı reallaşdıran, Azərbaycanın qeyrət və şücaət rəmzi olan ordumuzun olması qürurunu yaşayır. Bir də… Bir də son 270 ildə, Nadir Şah Əfşarın ölümündən sonra bir-birinə düşmən kəsilməyə, kiçilməyə, xirdalanmağa, marığa yatmış böyük güclərə baş əyməyə vadar edilmiş bir xalqın, müstəqilliyinə qovuşduğu cəmi otuz illik zaman kəsiyində bu qədər sürətlə inkişaf etməsi, dünyanın ən böyük güclərinin maraqlarına zidd hərbi əməliyyatlar keçirməklə möhtəşəm tarixi zəfərə imza atılması kimi qəlbimizi riqqətə gətirən duyğular gələcəyimizə ümidverən hisslər kimi qəlbimizi qürurlandırır. İçimizdəki bu duyğular bizdə daha qüdrətli, daha güclü və daha firavan Azərbaycanın qurulacağına şəksiz inam yaradır. Artıq İkinci Qarabağ müharibəsi sona çatıb, torpaqlarımız düşmən işğalından azad edilib. Qarabağda başlanan böyük quruculuq və abadlıq işləri Ağdamın da tarixi, mədəni və mənəvi görkəminin bərpa olunmasına səbəb olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə işğaldan əvvəl bu rayondan olan məcburi köçkünlərlə söhbətlərində torpaqlarımız düşməndən təmizlənəndən sonra onlara daha gözəl şərait yaradılacağını dediyini xatırladıb: “Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.
Tarixən Qarabağın ağ incisi hesab olunan Ağdam bölgəsi, nəinki Qarabağın, bütün Azərbaycanın siyasi və mədəniyyət incisinə çevriləcək.
Qələbəmizdir:-Vətən,İnsan,yurd sevgimiz!Şəhid olan,qazi olan oğullara hörmət və ehtiramımız! Ziyqiymət torpağımız,əzəli,əbədi yerimiz Vətənimiz!
Amalımız ,istəyimiz güclü Dövlət,güclü Ordu,güclü xalq ın birliyi ilə Qorunaq!,Səhvlərə yol verməyək,düşmən hiyləsinə qalib gəlmək üçün bir olaq,Yumquq olaq!!!Dünya nizamına imza atılsın!!!Türk Dünyası ailəsində möhtəşəm Azərbaycan dövlətinin uğurlarina hər kəs öz töhfəsini versin!Gələcək nəsillər rahat və firavan olsun!!! Qalib ölkənin,güclü,sayılıb seçilən ölkənin vətəndaşı olmağımızla Qürurlanaq!!!
Tanınmış yazar Əyyub Qiyas bu gün Gənc Tamaşaçılar Teatırında “Qara işıq” adlı yeni kitabını təqdim edib. Tədbirdə bir çox tanınmış yazarlar və sənət adamları, müəllifin yaxınları iştirak ediblər. Tədbirin sonunda yazara yazarlar adından “Ziyadar” mükafatı təqdim olunub. Tədbirdən fotolar:
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM), Sabitlik və İnkişaf İB-nin (SİM İB) üzvüləri Gülzar ananın dəvəti ilə Biləsuvarda şəhid baş leytenant Ramiq Mikayılovun anım günündə iştirak etmişlər. Gülzar ana oğlu haqqında fəxrlə danışır və bütün şəhid analarına səbr diləyirdi. Tədbirdə Biləsuvarın icra başçısı başda olmaqla rayonun məsul işçıləri, rayonlardan və Bakıdan gəlmiş şəhid anaları da iştirak edirdi. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Sonra xatirə lövhəsi önünə tər çiçəklər qoyuldu.
Şəhid baş leytenant Ramiq Mikayılov haqqında
Şəhid baş leytenant Ramiq Mikayılov 1993 cü il yanvarın 25 -də Şamaxı rayonunun Ovçulu kəndində anadan olmuşdur. 1999-2007ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə almışdır.
2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Agdam rayonunda yerləşən “N”saylı hərbi hissəsində zabit kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27 -dən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda aparılan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı ugrunda gedən qızğın doyüşlərdə iştirak edib.
Ramiq Mikayılov sentyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Dogulduğu Şamaxının Ovçulu kəndində torpağa tapşırılib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissənin qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020 ci il sərəncamına əsasən Ramiq Mikayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyinə və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bnərp edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Ramiq Mikayılov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021 tarıxli sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra)” Azərbaycan Bayrağı”ordeni ilə təltif olundu. Ramiq Mikayılov (15.07 2014-cü ildə) “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”yubiley medalı, (26.06.2018 )” Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə də təltif edilmişdir.
Şəhidimiz Ramiq Mikayılov evli idi. Vətənə bir oğul övladı yadıgar qaldı.
Ramiqin anası Gülgəz xanım əslən Cəbrayıldandır. Şamaxıya gəlin gəlib. Hazırda Biləsuvarın Cəbrayıl qəsəbəsində oglu Ağa və şəhidin yadigar qalan körpəsi ilə yaşayır.