Bu gün Azad Vətən Partiyasının və “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin təşkilatçılığı ilə döyüşçü Əkbər Rüstəmovun “Qayıt gəl” və şair-publisist Məmməd Mərzilinin “845” adlı kitablarının təqdimatı oldu.
Tədbiri açan Novruz Novruzov yeni kitabların oxucuya aşıladığı qayədən, müəlliflərin toxunduqları mövzuların aktuallığından danışdı. Tədbirdə iştirak edən keçmiş döyüşçülər, kitablarda təsvir edilən səhnələrin, deyilən fikirlərin iştirakçıları və daşıyıcıları söz alaraq xatirələrini danışdılar.
Azad Vətən Partiyasının sədri Akif Nağı, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firidun Məmmədov, Haşım İsgəndərli, Nazim Vəlişoğlu, Vahid Çəmənli, jurnalist Rauf İlyasoğlu, Zaur Ustac, keçmiş döyüşçülər Babək Quliyev, Fəxrəddin Rəcəbov, Sərxan Məzlumov, Seymur İsmayılov, Azad Ramazanov, AzVP üzvlərindən Tacəddin Əyyubov, Firuzə Əsədullayeva, Hacı Fərman Azançı və başqaları öz çıxışlarında müəllifləri təbrik etdilər, bu mövzuda kitabların daha çox yazılmasını arzuladılar,
Qarabağ döyüşlərininilk günlərindən həyatını səngərə bağlayan, ailəlikcə torpaq uğrunda vuruşan Hacı Əkbər Rüstəmovun keçdiyi döyüş yolu xalqımızın mübarizə əzminin qürurverici salnaməsidir. Bu yolda 3 oğlundan birinin Şəhidlik Qürurunu yaşayan bu məğrur atanın cəbhə qeydləri “Qayıt gəl” adlı yeni kitabda toplanıb.
Məmməd Mərzilinin “845” adlı kitabında isə eyni nömrəli batalyonun Qarabağda keçdiyi odlu-alovlu döyüşlərdə cəsurluqla vuruşan, adını Şəhidlik zirvəsinə həkk edən və hazırda yaşayan əsgərlərinin həyatından, qəhrəmanlıqlarından səhnələr və qiymətli məlumatlar yer alıb.
Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac yeni kitabların işıq üzü görməsi münasibəti ilə müəlliflərə “Ziyadar” mükafatı təqdim edib. Tədbirdən fotolar:
“YAZARLAR” olaraq müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, dəyərli qələmdaşlar!!!
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İslambulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib.
Adı çəkilən əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür.
“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.
Kitabı Türkiyə türkcəsinə tanınmış türk yazarı, şair-publisist İmdat Avşar çevirib.
Söz sərrafı, gözəl insan, incə ruhlu şair Murad Memmedovun “Ömrün payız duyğuları” adlı yeni kitabı işıq üzü görüb. Şair bu münasibətlə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatına layiq görülüb. Təbrik edirik! Uğurlarınız bol olsun, Murad müəllim! Hər yeni saat yeni gün yeni il uğur gətirsin inşəAllah!
Ön sözün müəllifi Həzi Həsənli , dost sözünü əsirgəməyən qələm adamı isə, Avdı Qoşqar.
28 fevral 2023-cü il “Qanun” nəşriyyatının təşkilatçılığı ilə keçiriləcək Eluca Atalının “İran hizbullah zindanında” kitabının təqdimat mərasimə Bütöv Azərbaycan sevdalıları dəvətlidirlər.
Bu gün (17.02.2023.) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn Kazımlının həm muğam irsimizin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən danışıb.
Tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangir də Gülhüseyn Kazımlının yaradıcılıq yolundan söhbət açıb.
Tədbirdə Xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər.
Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edilib. Tədbirdən fotolar:
Gülhüseyn Kazımlını “YAZARLAR” kollektivi adından təbrik edir, bol-bol yaradıcılıq uğurları arzulayırıq!
Bu gün – 27 yanvar 2023-cü il saat 11.00-da Zəngilan Mərkəzi Kitabxanasında (Bakı şəhəri, Nərimanov rayonu) Ayaz İmranoğlunun yeni, sayca 42-ci kitabının təqdimat mərasimi baş tutub. Tanınmış yazıçı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azərinin moderatorluğunda keçən möhtəşəm tədbirdə Ayaz İmranoğluna “Gğzəllik suyu” (hekayələr) kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” mükafatı təqdim olunub. Müəllifi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Ayaz bəy!
AYAZ İMRANOĞLUnun “GÖZƏLLİK SUYU” hekayələr kitabı çapdadır. Çox güman ki, növbəti həftəyə hazır olacaq. Təqdimatının 27 yanvar 2023-cü il saat 11.00-da Zəngilan Mərkəzi Kitabxanasında keçiriləcəyi PLANLAŞDIRILIR.
Bu gün (18 dekabr 2022-ci il tarixində) Sveta Şəms Bünyadova Bakı şəhərində yerləşən “Badi-səba” şadlıq sarayında “Özümə yeni bir sən yaratmışam” adlı yeni kitabını təqdim edib (Tədbirin gedişi zamanı müəllifə “Qızıl Qələm” və “Ziyadar” mükafatları, digər diplomlar təqdim olunub). Möhtəşəm tədbirdən fotolar: