ZAUR USTAC – MƏŞƏQQƏT ŞEİRİ


ZAUR USTACIN YAZILARI

MƏŞƏQQƏT
Yenə çalardan qabaq
Açıram gözlərimi…
Aman Allah, hardayam?
– Qucuram dizlərimi…
* * *
Elə həmən yerdəyəm;
– “Göyün yeddi qatı”dı,
Hələlik “Koroğlu”yam,
Atım, onun atıdı…
* * *
Özüm də “Çənlibel”də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm…
* * *
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım…
* * *
Alt  qonşunun ah-vayı,
Üstdəkinin  cır-cırı…
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı…
* * *
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər…
Oxur sevgi nəğməsi,
– Utanmazlar, düşüklər…
* * *
“Əldəndışqarı” sözü
Nəsə düşür yadıma…
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
* * *

Təxəllüsə sığınıb,
Birtəhər oyanıram…
Hələ alaqaranlıq,
– Bir xeyli dayanıram…
* * *
Qəfil saat zəng çalır,
Sonra oxunur azan…
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan…
* * *
Qopur dizimin bağı;
– Xəyalda iydə qoxur…
Hamı əvvəlki kimi,
Sevgi nəğməsin oxur…
* * *
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar…
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar…
* * *
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur…
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur…
22.09.2020. Bakı.

MƏNBƏ: ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

POETİK GECƏLƏRİN İŞIĞI – VAQİF OSMANOV

POETİK GECƏLƏRİN İŞIĞI
Gecə.
İnsan.
Və Ay.

İnsan tənhalığı, özünə hesabatı, sabahın xəyallar məkanı.
Gecələr.
Sən və səni tək buraxmayan, həmdəm Ay. Gecələr…
Belə gözəllik qarşısında ancaq onu duyanlar dayana bilər.
Qazi – şair Rəfail Tağızadə özü də, sözü də ülvi duyğularla dolu işıq selində çimir gecələr – dənizdə Ay çimən kimi. Şair gecələr işıqlı hiss və həyəcanını həzin və kövrək misralara çevirib sözsevərləri aydınlıqlara səsləyir. O, sözlə müalicə edən loğmandı, hətta göylərin dərdini də bilir: “şimşək göy üzünün kardioqramını çıxarır” qaranlığın qucağında:
Göy üzü infarkt keçirib bu gecə,
ağrıya-ağrıya
pəncərəmi yuyur göz yaşlarıyla.
Dünya laqeydlik buzunda üşüyürsə, bir şəfqətli nəfəsə möhtacdır.
Gəl, yaxın dur,
isidəcək,
gecəni nəfəsimiz…
Ay gecələr sevənlərin əhd-peymanının şahididir, saxta sevgiləri görəndə buludlardan üzünə rübənd çəkir, bəşəri zülmətə qərq edir, saf sevgilərin yolunu işıqlandırır. Günəşin kiçik bacısıdı Ay, gecənin – sevgilisi. Rəfail müəllimin Ayı şairanədi:
Gecənin qaranlığı kölgən kimi
sərinlik səpmək istədi od tutan bədənimə.
Gecədə Ay da yox,
baxıb oxşadım sənə…
…Bu gecə qonaq Ay yox
mənimlə söhbətləşə,
bu lal-dinməz gecədə
dərdlərimiz dərdləşə.
Rəfail Tağızadənin payız ovqatı təbiətin özü kimi səmimidir, payızla gecələrin ülfətinin lirik tərənnümü bütün yaradıcılığının leytmotividir. Onun şeirlərindəki payız və gecə bir-birinə çox oxşayan iki kövrək sevgilidi, – hər ikisi duyğuludu, səxavətlidi, həsrətə, nisgilə bələnən körpə kimi kövrəkdi, hətta məğrur Qız qalası da:
Bu payız gecəsində ağaclar sərxoş…
…Dəniz şampan köpüklü,
dalğalar vals gedir,
gəmilər ləngər vurur.
Bakının əlində
gecəyə növbə çəkən Qız qalası dolu badə.
Şairin bütün şeirlərində, poemalarında, publisistik yazılarında lirik ovqat dominantlıq edir, istər saf sevgini, istər Vətən, torpaq həsrətini, istərsə də onun söz kəhkəşanının əbədi və ədəbi “qəhrəman”ı qara zülflü, qara gözlü gecələri tərənnüm etsin. Bəsirət gözü həmişə açıq insan üçün işığın, yaxud qaranlığın fərqi yox, onlar həmişə görürlər. Rəfail müəllim, qaranlıqda işıq axtarır, tapır, onu poeziyaya çevirib bizə göndərir. O, həm də qazi – Vətən, torpaq, haqq-ədalət uğrunda döyüşən zabitdi (“qılıncla qələmi əldə tutmaq hər kəsə qismət olmur” – dünya şöhrətli professor Rafiq Əliyev), işıqla zülmətin əbədi savaşında işığın tərəfindədi:
Eyvana çıxarsan tələm-tələsik:
budur həmin səma, həmin göy üzü.
Səni ulduz görər, Ay salamlayar
bir ayrı baxışda, bir ayrı gözdə.
Pəncərə önündən bir cüt göz baxar,
o qəmli gözlərdən bir cüt yaş axar,
evlərə bir həsrət daşıyar gecə,
yenə öz ömrünü yaşayar gecə…
Şairin həsrətində də, qəmli gözlərində də işıq gördüm. Belə olmasaydı gecə öz ömrünü yaşamazdı…
Axı “şeir şairin daxili monoloqudur, yəni iç səsidir” (Adil Mirseyid). Şairin iç səslərindəki dörd mövzu bütün yaradıcılığı boyu daha prioritet, daha bəşəridi – Qarabağ, payız, gecə və dəniz.
“Qərib şəhərdəki gecə” daha çox həsrətlidi, nisgillidi, “yad otaqlar, boz divarlar, günün boşluğunu çıxarır üzə”, doğma gecələrin nisgili isə doğmadı, işıqlıdı, sevgiylə, lirik pıçıltılarlarla ləbələb doludu, Vətən, yurd yerlərinin həsrətindəki ümid, inam şirindi.
Qərib gecələrdə
Gecədə darıxan bir qərib kimi
qaçmaq istəyirsən özün-özündən,
bir özgə otaqdan, özgə gecədən…
“Gecələrin müqəddəs günahı”nı özü çəkən Rəfail müəllim “gecənin sevgi nəğməsini qızaran şəfəq dilində” zümzümə edir, qəlbləri coşduran ecazkar nəğmənin notlarını yerə göz qırpan ulduzlar, sinəsi dağlı Sarı Aydan süzülüb gələn işıq zolaqları ilə bizə göndərir – “gecənin yuxusunu qaçıran yağışın həzin-həzin, yumşaq dənələriylə”, şimşəyin işıq diliylə, ildırım hayqırtısıyla. Şair bir yağış tablosu yaradır sözlərin rəngiylə:
Bu gecə
qəriblərin yığıldığı otelin
ən qəribiyəm…
… səsini içinə almış otaqda
çırpınır ürək,
darıxan qapımı döyür musiqili külək,
ovqatım dəyişir
könlümün səsində,
Şopenin həzin musiqisində.
Çevirib üzünü, çevirib göyə
ağacın torpaqdan küsən vaxtıdı,
uzun gecələrdə tutub əl-ələ
ulduzların yallı gedən vaxtıdı.
Şimşək qapımı döyür
sən gizlən içərimdə,
içimə bir işıq sal,
nur saçsın içərim də.
Hər misra, hər bənd rəssamlara ideya, mövzu verəcək qədər mükəmməl söz etüdüdü, insanın içini və çölünü qaranlıqda da nura bələyir. Sözü ağırsanballı professor Cahangir Məmmədli Rəfail Tağızadə poeziyasını ustad meyarı ilə dəyərləndirir: “təbiət atributları – gecə də, gündüz də, ağaclar da, qar, yağış, tutqun hava – bunların hamısı şairin baxış bucağında, yaşadığımız dərdlərin ifadəsində bədii detallara çevrilir”.
Gecənin ilıq nəfəsində, “ağaclar, binalar mürgüləyəndə, yollar, pilləkənlər növbətçi fanar işığında dincələndə” dəniz şirin yuxu görmüş körpə kimi dodaqaltı qımışanda:
Tək bizim pəncərə
evlərə növbə çəkir.
Necə gözəl mənzərə:
tək otağın işığı,
qaranlıq sakit gecə…
Saatsa öz öz işində…
Əsrarəngiz və duyğulu gecə mənzərəsi. Həm də gecə serenadası…
İnanmıram ki, Rəfail müəllim gecələr tənhadı. Ulduzlar, Ay, ilham pərisi, siyah hörüklü gecələri nurlandıran xəyallar onu heç vaxt tənha qoymaz. Ancaq nə səbəbdənsə bir ilahi gecədə şair tənha qalıb. Təkliyə dözməyib “sonuncu qatara pənah gətirir”. Uman yerdən küsərlər, tez gecə həmdəmlərini – ulduzları, Ayı, ilham pərisini, romantik xəyallarını haraylyır ki, tez gəlin, “məni öz qoynuna alıb itirir, bitirir bu gecə, məni bitirir, tənhalıq içində, təklik içində, vaqonla dolu adam içində darıxan” şair “uzun, incə bir yol” gedir, Aşıq Veysəl kimi:
Ayı mürgüləyən,
qaranlıq bitməyən
bu zülmət gecədə,
dəmir qollar arasında
yırğalanıb gedirəm.
Qatar onu “gecə xəyalları”nın qanadında uzaqlara aparır – poetik düşüncələr sehrinə.
Sözdən lirik və poetik lövhələr yaratmağı ona heç vaxt xəyanət etməyəcək ürəyinə, təxəyyülünə, qələminə güvənənlər bacarar, həmin lövhənin işığı xəyalları, sözü ilə zülməti dəlib keçənləri tənhalıqdan qurtarar. Baxın, üç bənddə neçə gecə etüdü var?
Göy üzü aram-aram
ulduzları qoparır.
Qolun boynuna salıb
bulud Ayı aparır.
Yenə dartaraq qaşını,
əyib buludlu başını,
tökür gözünün yaşını,
bu gecə yaman ağlayır.
Ay da yox, kiridə onu,
dar olur sükutun donu.
Göz yaşının yoxmu sonu?
Bu gecə yaman ağlayır.
Lirik gözəllik. Bu gecənin göz yaşları bulaq suyu kimi dupdurudur, qaranlıqlara meydan oxuya-oxuya bəyaz işıq gətirir – “Ağ yol” göstərir sevənlərə.
Rəfail müəllim, doğrudan da “ömür səhnə deyil, gecə də pərdə”. Ancaq bu tamaşaya baxmamaq da olmur. Pərdəarxası oyunlar nədənsə bizi özünə çəkir həmişə. Örtülü pərdələr arxasında bəşər övladlarının işləkləri deyəsən, hələ çox davam edəcək, kədərimizi sevincimizlə, yalanı doğruyla, şübhəni inamla sevgili edəcək. Zaman çox qəddar rejissormuş, biz də bizə verilən mizanları məzlumcasına oynamağa məcbur edilən aktyorlarıq. “Gecənin sükutu”nu sözlə pozmağı bacarsaq da, “işıqları sönməyən o tənha evin pəncərəsini döyən bir göyərçini” içəri çağırmağa cürətimiz çatmır. Nə olsun ki, o göyərçinin “dimdiyində gətirdiyi məktubun hər sözündən” sevgi ətri gələcək. Bizim Vətənə, torpağa, yurda, doğmalara sevgimiz, düşmənə nifrətimiz də qıtlaşıb. Göyərçinlə görüşdən bizə ancaq gözlərimizin öpüşünün duzlu-məzəli tamı qalacaq. Pəncərələrin işıq buraxmamağından, gözümüzün işığa allergiyasından qorusun Tanrı bizi.
Lal divarlar yaddaşına köçürər,
pərdələrin izlədiyi görüşü.
…Qoşa qol arasından
ötür ömür qatarı…
Biz də bu qatarın sərnişinləriyik. Bizə qalan əməllərimizlə işıqlandıracağımız gecələrdi, Günəşli gündüzlərdi, mərhəmətimizdi, sevgimizdi, bəşəriliyimizdi, mənəvi dəyərlərdi, bunlar zülmətin bağrını yarmağa bəs edər, əgər içimizdə varsa. Bir də yollar. Həsrətinə 30 il dözdüyümüz yerlərə bizi aparacaq yollar. Bəs o yerlərin gecələri, Ayı, ulduzları bizi doğması kimi qaşılayacaqmı, əzizi biləcəkmi? O həzin gecənin, 30 ilə yaxındı qızılgülləri açmayan həyətin, düşmən dadmasın deyə bar verməyən “9 qoz ağacı”nın, bizim gəlişimizdən heyrətlənib dikələrək baxan uçuq evin daşlarının sevincini görəcəyi günü Rəfail müəllim səbirsizliklə gözləyir. Mən də. Bu duyğuların, nisgillə vüsalın dadı bambaşqa olacaq. O “gecənin sükutu”nda qazi şairin fərəhinə, sevincinə şahid və şərik olmağı bilirsiniz necə gözləyirəm? Axı mən də orada olacağam…
Biz sirli-sehirli, həsrətli, vüsallı gecələrə vurğunuq, zülmətə yox. “Gündüz görmədiklərimizi görmək üçün”…
“Yoxluqda varlıq”, qaranlıqda işıq axtaranlar Tanrının ovqatının xoş çağında doğulanlardı…
“Tənha gecə dərd əlindən qaralır”. Ömrün bir anını da tənha qalmayaq, ömrün bir anı tənha qalmasın…
Gecənin pənahı işıqdı, bir də kövrək xatirələr. Xatirələrimizin işığı yanar olsun…
“Gecələri sübhə daşıyaq”. İşıqlı əməllərimizlə doludursa, daşıyacağıq…
Yanvar 2022.

Müəllif: Vaqif OSMANOV

VAQİF OSMANOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gənc yazarın “Daş adam” adlı ilk kitabı çap olunub

Gənc yazarın “Daş adam” adlı ilk kitabı çap olunub

“Yazarlar” jurnalının Azərbaycan Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə “25 yarpaq” layihəsi çərçivəsində elan etdiyi müsabiqənin qalibi gənc yazıçı Leyla Yaşar olub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə gənc yazarın “Daş adam” adlı ilk kitabı çap edilib. Kitabda beş hekayə -“Daş adam”, “Yaralı çəkmə”, “Ömrün bitdiyi gün”, “Şəhid məzarı” və “Məzarlıqda yanan işıq” yer alıb.

Kitabda oxuculara təqdim olunan hekayələrdə vətən həsrəti, torpaq nisgili, mərd oğulların qəhrəmanlıqları öz əksini tapıb.

İlkin mənbə: azertag.az Arxiv: archive.vn


LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAİR-PEDAQOQ MÖVLUD AĞAMMƏD BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜ OXUCULARLA GÖRÜŞÜB

Mövlud Ağamməd Quba rayon MKS-də Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “Mənə kitab bağışla” adlı tədbirdə. FOTOLAR:

Mənbə: Xaçmaz Regional Mədəniyyət İdarəsi


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vaxtın çölündə qəza – Kənan Hacı

KƏNAN HACININ YAZILARI

Qapını açıb dəhlizə keçdi. Gözü divar saatına sataşdı. Bir anlıq fikirləşdi ki, görən, zaman dayanıb ya saat yorulub yatıb? Bu evdə vaxtın ayağından sanki daş asılmışdı; günlər ağır keçirdi. Qapıdan içəri keçən kimi sanki sükut tunelinə girirdi, tunel də uzandıqca uzanırdı. Bir Allah bəndəsi rəhmə gəlib qapının zəngini basmırdı. Qocadan savayı. Heç cür hekayəmizin qəhrəmanına çevrilə bilməyən bu qoca haqqında bir azdan danışacam. Azca səbrli olun.

Mobil telefonu da gün boyu bağlı olurdu. Telefon zəngləri nədənsə onu diksindirirdi, səbəbsiz yerə həyəcanlanırdı. Baş verməmiş və çox güman ki, heç vaxt baş verməyəcək şeylərə görə aramsız narahatlıq hissi keçirirdi. Onu qarabaqara izləyən təlaş hissi dincliyini əlindən almışdı.

Psixoloq yanına getdi, doktor onu diqqətlə dinlədikdən sonra belə dedi:

– Sizi özünüzdən başqa heç kəs xilas edə bilməz. Dərman yaza bilərəm, amma dərmanlar aldadıcıdır. Siz xəstə deyilsiniz, dostum. Dərmanı xəstəyə yazırlar. Sadəcə, beyninizdə bir az səliqə-sahman yaratmalısınız.

Bu sözlər ona qəribə göründü. Necə yəni beyində səliqə-sahman yaratmalısan?

– Doktor, bunu necə edə bilərəm? – deyə soruşdu.

Psixiatr gülümsədi:

– Çox sadə. Bütün pis düşüncələri beyninizdən silib atırsınız. Keçmiş haqda düşünməyi özünüzə qadağan edirsiniz. Nəfəs gimnastikası ilə mütləq məşğul olun, yəni nəfəs alıb-verməni tənzimləyin. Səhərlər qaçın, qida rejiminizi qaydasına salın, tez yatıb erkən oyanın. Zərrəli vərdişləri bir kənara qoymalısınız. Bu da sizə pulsuz müalicə.

Pəncərə qırağında dayanıb küçəni seyr edir. Təkəm-seyrək maşınlar gözə dəyir. Bulvar adda-budda dirəklərə asılmış fanarların işığında uzanıb gedir. Evdə tək olsa da darıxmır. Neçə vaxtdır qoca haqqında hekayə yazmaq istəyir, lakin heç cür fikirlərini bir yerə toplaya bilmir.

Çevrilib yatmış saata baxdı. Bu inamsızlıq əsrində yalnız vaxta inanmaq olardı. Vaxt insanı heç vaxt aldatmır. Bu evdə isə saat öz vəzifəsini unutmuşdu. O, özünü bu evdə zamanın soyuducusunda hiss edirdi. Donmuş vaxt onu da həyatdan geri qoymuşdu. Lakin vaxt onun sinəsində, ürəyinin döyüntülərində əks-səda verirdi.

Qoca görünmürdü. Həmişə bu vaxtlar nərdtaxta qoltuğunda qapının zəngini oyadırdı. Onun gəlişilə sükut pərən-pərən düşürdü. Ev yiyəsi siqaret çəkməsə də qocanın külqabısı həmişə masanın üstündə olurdu. Ağlına gəlməzdi ki, qocadan hekayə yazmaq bu qədər çətin olacaq.

Qoca da qəribə tip idi. Hərdən oyunun qızğın vaxtında zərləri ovcunda oynada-oynada gözlərini qıyıb sağa-sola boylanaraq pıçıltıyla anlaşılmaz sözlər deyirdi. Sanki kənardan kiminsə onun dediklərini eşidəcəyindən ehtiyat edirdi.

– Sən heç quyruqlu ulduz görmüsən?

Bu hardan çıxdı? Ev yiyəsi duruxdu.

– Yoox, nədi ki?

– Onu görmək adama ancaq bir dəfə nəsib olur. Xoşbəxtlik də quyruqlu ulduz kimidir, insanın həyatında ancaq bir dəfə gözə görünür.

Qocanın atdığı zər şeş-qoşa düşdü.

– Bəxtin gətirdi, qonşu, – ev yiyəsi əlini oyundan üzdü.

Qoca dünyada bütün işlərini görüb qurtarmış adam kimi dərindən köks ötürdü və kürəyini stula söykədi. Ev yiyəsi fikirləşdi ki, görəsən, qoca özü quyruqlu ulduzu görüb? Qonşusu onun sualını gözlərindən oxudu.

– Həri, görmüşəm. Onda mənim beş-altı yaşım olardı. Bacım evə qaçıb anamı çağırdı ki, ay mama, tez gəl, göydə quyruqlu ulduz gördüm. Anam da, mən də tələsik dama dırmaşdıq. Göyün üzündə əcaib bir ulduz parlayırdı. Onda mən ulduzun nə olduğunu bilmirdim. Anam heyrətlə göyə baxıb dedi:

– Bir gör necə quyruğu var? Oğlum, sən də onu görürsən?

– Hə, görürəm, – dedim.

Quyruqlu ulduzu görənlər çox yaşayır, deyirlər. Amma nolsun, çox yaşamaq da bir şey deyil e. Budey, bu da mənim axırım.

Qoca dişsiz ağzını marçıldadıb doluxsundu. Gözlərində sanki quyruqlu ulduz parlayıb tez də söndü.

Qocanı yola salandan sonra pəncərədən çölə, yağan qara baxmaq həvəsi də canından çəkildi. Hekayəni hardan, necə başlamağı bilmirdi, bu da onun rahatlığını əlindən alırdı. Yazmaq – özünü depressiyadan bu yolla çıxarmağa çalışırdı. Tərslikdən, qoca hekayəyə yaxın düşmürdü.

Yerinə uzandı, yuxusu ərşə çəkilmişdi. Maşın təkərlərinin tükürpədici xırçıltısına və küt tappıltı səsinə yerindən dik atıldı. Küçədə kimisə maşın vurmuşdu. Həmişə yağış, qar yağanda bu küçədə maşın qəzası baş verirdi. Yəqin yenə kimlərsə bədbəxt oldu.

Bayaqdan kimsəsiz görünən küçədə qəfil hardansa peyda olan adamlar qarışqa kimi qaynaşırdı. Ona elə gəldi ki, yerdə uzanan bədənsiz kölgədir. Yuxarıdan bu qaraltı qətiyyən adama oxşamırdı. Gözlərini yumub dodaqaltı mızıldandı:

– Yazıq…

Qar dənəcikləri “kölgə”nin üstünə düşürdü. Çevrilib masanın üstünə qoyduğu ağ vərəqləri xışmaladı, cırıb tikə-tikə etdi. Kağız qırıntıları ağ göyərçin təki göydən yerə enirdi. Fənərlərin işığında bir dəstə qara qarğa yerə yapışmış “kölgə”nin başı üstündə fır-fır fırlanırdı. Gecənin heç bir rəngə bənzəməyən boyası bütün cizgiləri örtməyə çalışırdı. “Kölgə” hələ də yerində bozara-bozara qalmışdı.

Gözü yenə saata sataşdı. Saat işləyirdi. Mat-məəttəl qaldı.

Qapının zəngi özünü yeyib-tökürdü. Özünü dəhlizə atdı. Mühafizəçi oğlan rəngi ağarmış halda dilləndi:

– Əmi, qocanı maşın vurdu. Siqaret almağa çıxıbmış. Yolu keçəndə…

Heç bilmədi ki, ağzından bu sözlər nə vaxt çıxdı:

– Sən heç ömründə quyruqlu ulduz görmüsən?..

15 fevral, 2022-ci il.

Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.

KƏNAN HACININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA – QOZ MÜRƏBBƏSİ

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

Qoz mürəbbəsi

Amilənin  atası Amil müəllim uzun illər rayonda sayılıb seçilən, müxtəlif vəzifələrdə çalışmış hörmətli ziyalı idi.

O, övladlarının təlim-tərbiyəsinə xüsusi  diqqət yetirirdi ki, layiqli peşə sahibləri  olsunlar, vətənpərvər, ailə ənənələrinə sadiq oğul-qızlar kimi  böyüsünlər.

Ailədə iki oğul və iki qız  böyüyürdü. Orta məktəbi bitirər-bitirməz qızlara  elçilər çıxır,  ana gizlicə onları: “hələ tezdir”-deyə qaytarırdı. Şəhər mühitində böyüsələr  də ev işlərində ana qayğısı görən qızlar müxtəlif  xörəklərin  bişirilməsinə  diqqət edirdilər. Amilənin böyük bacısı Nailə ondan  fərqlənirdi  belə ki,  Amilənin oxumağa  həvəsi olmadığı  halda Nailə  dərslərinə ciddi  yanaşır, müxtəlif fənn olimpiadalarının  qalibi olurdu.

Nailə məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul olundu. Amilə  də bir il sonra məktəbi bitirdi, lakin təhsilini davam etdirmək fikri yox idi…

Bəli, elçilər  nəhayət, məktəbi bitirən qızlar üçün qapını döyməyə başladılar.

 Nailənin  ərə getməyə fikri yox idi. O, yalnız ali təhsilini bitirərək, elmi  işlə məşğul olmaq arzusunda idi.

Amilə isə ailə qurmaq üçün meylli olduğuna görə  anasdı ona gələn  elçilərə “fikirləşərik”-cavabını verdi.

 Əlbəttə, “yaxşı, razıyıq” sözünü birdən deyə də bilməzdilər. Çünki, ailə qurmaq, getdiyi yerə  uyğunlaşmaq, həmin ailənin  daxili “konstitusiyasına “ əməl etmək üçün  tam hazır olmaq lazım idi.

Özü də kənd həyatına alışmaq, ailədə  qaynana, keçmişin zabitəli qaynatası,  baldız və qayınlar  olduğuna görə  ana razılıq verməyə çətinlik  çəkirdi,  elçilər isə əl çəkmir, qızı alacaqlarını deyib dururdular.

Nəhayət, qohumlar arasında ümumi razılığa gəlindi, Amiləni nişanladılar. Olmağına oğlan da pis oğlan deyildi:- ali təhsilli mühəndis idi.

Nailə üçün də gələn elçilər fürsətdən istifadə edərək “həri”ni aldılar…

Günlərin  xoş bir payız günündə  gözəl bir çal-çağırla  Amiləni rayona yaxın kəndlərdən birinə gəlin apardılar.

Qısa müddətdə Amilə getdiyi yerdə özünü hamıya sevdirə  bildirdi. Ailədə hamı ataya hörmət edir, o, evə gələndə  əl-ayağa  düşürdülər. Çünki, uzun  illər kolxoz sədri işlədiyindən  hökmlü, zabitəli, cüssəli kişi idi. Ona yalan demək, sözünü iki eləmək,  yanında yersiz hərəkətlərə  yol vermək qətiyyən ağla belə gəlməzdi.

Amilə bu evə gəlin gələli ağzındakı “yaşmağ”ı hələ açmamışdı. Bunu  özünə ayıb bilir, qaynata  ilə danışmağa  da cürət etmirdi. Hərdən  qaynatasının “gəlin,  çayın hazırdır?”- deməsinə  də  “bəli” deyirmiş kimi başını yelləyərdi. Gəlinin abır həyanı  gözləməsi onu  qaynatanın gözündə  daha hörmətli edirdi.

İşdən yorğun gələn kişi birdən: “ay gəlin, ocağın üstündəki nədir elə qaynayır?”-deməsindən diksinən Amilə səssizcə  qaynatasının yanına gəlib, yaşmağını aşağı saldı, ilk dəfə: -“su”-dedi və yenidən yaşmağını ağzına çəkib ona çay süzdü. Onun bu qəfil hərəkətinə qaynanası və baldızı  xəfifcə  qımışdılar.

Amilə hələ də anlamadı ki, onlar nəyə gülümsədilər. Belə söhbətlərdən biri də ertəsi gün baş verdi.

Həyat yoldaşı işdən çox yorğun qayıtdığından yeməyini yeyib, yataq otağına keçərək taxtında  uzandı.  Ev iki mərtəbəli  olduğundan kənd evlərinə məxsus  ikinci mərtəbədə də ayaqyolu və əlüzyuyan  eyvanın yuxarı başında yerləşirdi. Amilə süfrəni yığışdırdı,  qab-qacağı  yuyub yerləşdirdi,  ocağa  iki odun da atdı ki, otaq gecə soyumasın. Sonra gedib əllərini yumaq üçün əlüzyuyanın yanına  gəlmək istəyəndə gördü ki, ayaqyolunun  qapısı  aralıdır, içəridə  yataq paltarında adam var. Əvvəlcə duruxdu, sonra elə bildi ki, yoldaşıdır, zarafatla  ehmallıca çiyninə vurub-“elə bildim dədədir”-dedi, keçib əllərini yudu, sakitcə otağına qayıtdı,  gördü əri taxtda yatıb. Əvvəlcə  duruxdu,  bir anlıq həyəcan  keçirdi.

Sən demə bu sözləri elə qaynatasına  deyibmiş… Təsəvvür edin, daha xəcalətdən qaynatanın üzünə çıxa bilərdimi?!

Günlərin bir günü Amilə baldızına dedi ki, o kiçik qozlardan  gəl qoz mürəbbəsi bişirək . Bağlarında  iri qoz, fındıq ağacları  ilə yanaşı, bağdan keçən arxın  o biri  tərəfində də müxtəlif meyvə ağacları var idi. Bağda gəzməyi çox sevirdi Amilə.

Hər tərəf  yaşıllıq idi. Elə mürəbbəni də burada  bişirmək  qərarına gəldilər. Baldızı  evdən  iri  mürəbbə  tiyanını gətirdi, Amilə şəkər tozunu tiyana tökdü. Ocaq hazırlandı; iki iri kərpic gətirib, üstünə  tiyanı  qoydular və şəkər tozuna hər kiloya  bir stəkan su əlavə etdilər, hardasa 10 kiloluq  mürəbbəyə hazırlıq  gördülər. Ağaclardan  yığdıqları göy qozları yudular.  Ocağın altına bağdan topladıqları oduncaqları səliqə ilə düzdülər.

Quru çubuqlar yandıqca  tiyandakı şərbət yavaş-yavaş qaynağa düşdü, yuyulmuş gömgöy qozları tiyana  tökdülər. Xeyli gözlədilər,  arabir qarışdırırdılar. Hərdən  evə də gedib atanın işdən gəlib-gəlməməsini də yoxlayırdılar. Axı,  ona qoz mürəbbəsi bişirirdilər. Həm də bu mürəbbə gəlin-baldızın ilk bişirdikləri mürəbbə olacaqdı.

 Nəhayət, bişirdiklərini dadmaq istəyəndə…Vay, bu nədir? Acı  zəhər! Bir-birinin üzünə baxdılar. Axı,  onların  yedikləri  qoz mürəbbəsi çox ləzzətli, şirin idi.

Amilənin nitqi qurumuşdu,  bilmirdi nə etsin…Baldızı  tez  evə qaçıb  məsələni anasına danışdı. Ana elə qızını  özbaşına, məsləhətsiz  belə iş gördüklərinə görə  danlayırdı ki, atası gəldi və  “nə olub?”-deyə soruşdu. Qız qorxudan  tez, “heç nə”, “anamdan söz soruşurdum”-dedi.  Ana işdən gələn yorğun ərini yuxarı apardı.

Amilə həyəcanla baldızını  gəlməsini gözləyirdi. Nə edəcəklərini hələ bilmirdi:-həm məsləhətsiz  bu işi gördüklərinin, həm də xeyli miqdarda şəkər tozunu israf etdiklırinin, həm də  bilmədikləri işə görə danlanacaqlarının həyəcanını  keçirirdi ki, baldızı qaçaraq gəldi və  Amilə,  gəl tiyanı otlarına arasına çevirib tökək, heç kəs bilməsin,- dedi.

Eləcə də etdilər. On kiloya yaxın  “mürəbbə”ni  otların arasına töküb, tiyanı arxda yudular, səssizcə gətirib həyətdəki mətbəxə qoydular.

Əminliklə yəqin etdilər ki,  kişi heç nə bilməyəcək. Çünki, onun dilinə düşsələr danlanacaqlar.

Bir neçə gün keçdi. Hava xoş idi.  Amma  bağı yaman  vızıltı  səsi bürümüşdü. Amiləgilin  bundan xəbəri yox idi. Qaynatası arıların vızıltısını eşidib, öz-özünə-burda arılar  olmur axı,  bəlkə ağacda pətəkləri var-düşüncəsi  ilə “hadisə yerinə” yaxınlaşdı.

Vay… burada  nə qədər arı, milçək və başqa böcəklər var.  Ehtiyatla arılardan uzaqlaşıb evə gəldi. Və… bağda gördüyündən baş aça bilmədiyini söylədi.

Amilə  baldızına gözucu baxdı və baxışları toqquşanda  hər ikisinin üzündə  kədər dolu təbəssüm  göründü.

İllər keçdi…Sonralar  Amilə də, baldızı da  qoz mürəbbəsinin  bişirilməsini  biləndə  və onu bişirib süfrəyə qoyanda “naşı bacarıqlarını” xatırlayır və övladlarına danışıb gülürdülər.

14.02.2022-Bakı.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

“Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA TEYMURBƏYLİ RƏHİMLİ. YAZDAN BİLƏRƏM.

YAZDAN BİLƏRƏM

Dərdimi anlayıb, qəmim bölənim,
Məni sevdiyini sözdən bilərəm.
İçində ağlayıb, üzdən gülənim,
Qəlbindən keçəni gözdən bilərəm.

Zülmətdən silkinib, nura bələnim,
Kədərdən arınıb, qəmdən ələnim,
Ay mənim ömrümə payız gələnim,
Dərdini-sərini üzdən bilərəm.

Könlümün sultanı, qəlbimin təni,
İnsaf et, özündən gen tutma məni,
Sənli günlərimin gülü, gülşəni,
Sən keçən çəməndən, düzdən bilərəm.

Qayıt gəl ömrümə, kədəri atım,
Xumar baxışının sehrinə batım,
Şamları yandırım, od-ocaq çatım,
Külün nə çəkdiyin közdən bilərəm.

Ruhunla dərdləşib, gülüb ağlaram,
Mehrindən ruhlanıb, coşub çağlaram,
Amalam, şeirdən çələng bağlaram,
Ömrümün hər anın yazdan bilərəm.

22. 01. 2020.

Müəllif: Sona TEYMURBƏYLİ RƏHİMLİ

SONA TEYMURBƏYLİ RƏHİMLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – “DAŞ ADAM” KİTABI

LEYLA YAŞAR – “DAŞ ADAM” KİTABI PDF:

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan olunur

“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edir

* Müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir;

* Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır;

* Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;

* Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur;

* Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq;

* Qalib pyes müəllifi 2000 azn məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq;

* İştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini em.aliyev@culture.gov.az ünvanına göndərməlidirlər.

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84

Telefon: (012) 493-06-03

mct.gov.az

İlkin mənbə: edebiyyatqazeti.az


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ HÜMMƏTİN DOĞUM GÜNÜDÜ!

RAFİQ HÜMMƏT

Bu gün “Yazarlar” jurnalının redaksiya heyəti üzvü, dəyərli ziyalı, sevimli şair, Rafiq Hümmətin anadan olduğu gündür! Doğum gününüz mübarək olsun, Rafiq müəllim! Allah can sağlığı versin! Uğurlarınız bol olsun!!!

RAFİQ HÜMMƏTİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru