Bu gün “Yazarlar” jurnalının redaksiya heyəti üzvü, dəyərli ziyalı, sevimli şair, Rafiq Hümmətin anadan olduğu gündür! Doğum gününüz mübarək olsun, Rafiq müəllim! Allah can sağlığı versin! Uğurlarınız bol olsun!!!
«Yalnız bir xeyir var – bu da sevgidir» duyğusallığı, inancı ilə yaşayanlardandır qələm dostumuz Meyxoş Abdullah… Sevgini ruhun şəkli kimi qəbul edənlərdəndir. «Allahı insana, insanı Allaha çevirə bilən» bir sevgi yolçusudur.
Bu bəşəri duyğunu ilahi Sözlə cilalayır, onu ilahi Sözün qüdrətilə təzələyir, Sözü sevgiyə, sevgini Sözə büta verir, dünyanın nuru, işığı kimi qəbul edir. Onun üçün Söz, ilk növbədə, insanlığa, yaranışa və inkişafa xidmət vasitəsidir. Əbədi ünsiyyətə, yeni dünyaya aparan yol bilir bu aləmi. Bilir ki, «Söz inqilabi” gücə malikdir, insana narkoz kimi təsir edir, o, insanı həqiqətə qovuşdurur, bütün sirləri onun üzünə açır, keçici olanı əbədiləşdirir».
Ən əsası, Meyxoş Abdullah böyük həyat müstəvisində özünü tanıya, yerini-yurdunu, məqamını bilən bir qələm adamıdır. İç dünyasında hifz etdiyi ilkinliyə, gənclik romantikasına heç vaxt xəyanət etməyib. Sözü bəlli hər bir qələm adamı kimi o da bütün həyatı boyunca özünü yalqız hiss edir. Tərkidünyalığı sevir. «Şamanam, ruh adamıyam» qənaətincə yaşayır, ruhların varlığına inanır. Bir müsahibəsində qeyd etdiyi kimi, inanclıdır ki, dünyaya yazıçı kimi gəlib. İstəyir ki, hər bir soydaşı öz ədəbi qəhrəmanları kimi cəsur olsun. Bunu dönə-dönə arzulamışdı, müsahibələri boyunca izhar etmişdi və bu xüsusda istədiklərinə 44 günlük şanlı zəfər günlərimizdə şahidlik etdi. Qələbənin sevincini bir ömür boyunca yaşayacağının şükranlığına tapındı.
Meyxoş Abdullah bənzərsiz yaradıcılığı ilə, belə demək mümkünsə, şəhər ədəbi mühitini bölgə, bölgə ədəbi mühitini şəhərə yaxınlaşdıran, «bir qazanda qaynada» bilən söz adamları sırasındadır. O adamlar sırasında ki, bu silsilənin özülündə Musa Yaqub, ədəbiyyatşünas alim İmamverdi Əbilov ənənəsi dayanır. Mən hələ rəhmətlik Altay Məmmədovu, Bahadur Fərmanlı, ustad Qərib Mehdini demirəm. Ona görə ki, gəncəli həmkarlarımız haqlı olaraq bu ədəbi mühiti Bakı ədəbi həyatının bərabərhüquqlu camisi hesab edirlər. Gəncə həqiqətən bizim mənəviyyat paytaxtlarımızdan biridir. Ancaq nisbi şəkildə demək xoşdur ki, bu gün bölgə həyatımızın ədəbi-bədii odqoruyanları Asim Yadigar, Xanəli Kərimli, Barat Vüsal, İsmayıl İmanzadə, Şöhrət Qaraoğlu, Nüşabə Məmmədli Əsəd, Xəzangül, İnqilab İsaq, Aləmzar Əlizadə, Sahib İbrahimli, Ələsgər Əlioğlu, Şahnaz Şahin, Nübar Eldarqızı, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Zabil Pərviz, Bilal Alarlı, Faiq Hüseynbəyli silsiləsini şəkilləndirən imzalardan biri də Meyxoş Abdullahdır. Meyxoş Abdullah təkcə yaradıcılığı, təkcə ədəbi imkanları ilə yox, həm də şəxsiyyət bütövlüyü, ünsiyyət mükəmməlliyi ilə də yaşadığı bölgəyə xüsusi hörmət gətirən bir qələm sahibidi. Dost üzünə açıq olan bir şəxsiyyətdir. Yerə, görə, Tanrıya etiqadlı insandır. Dənizi xəyallarının gerçəyi hesab edir.
Təbii ki, bu qısa dost yazısında Meyxoş Abdullahnın geniş oxucu auditoriyası qazanan «Alagöz», «Qapısı gecə döyülən qadın», «Anakonda ovu», «Əsir qadın», «Didərgin ruhlar», «Şeytan gülüşü» və s. kitablarına daxil edilən əsərlər barəsində geniş şəkildə söz açmaq fikrindən uzağam. Bu kitabların bir çoxu haqqında özümün yazdığım və mətbuat səhifələrində dərc etdirdiyim məqalələr var. O məqalələri Meyxoş Abdullahnın yaradıcılığına, şəxsiyyətinə, şəxsi məziyyətlərinə dərin sayğı və maraq duyğuları ilə qələmə almışam. Haqqı çatan təqdiri etmişəm. Uzun müddət bölgədə yaşayıb-yaradan bir insan kimi, həmişə Meyxoş Abdullahı özümə bir köynək yaxın bilmişəm. İncik yerini özümünkü bilmişəm. Anlamışam. Eyni zamanda hədsiz sevinc yerim də olub ki, Meyxoş imzalar bolluğu içində itib-batanlardan olmadı. Əsərləri dünyanın bir çox dillərinə tərcümə edildi. «Alagöz» hekayəsi 2002-ci ildə AYB-nin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi «Yaddaş» mükafatına layiq görüldü. Qusar Dövlət Dram Teatrında onun eyniadlı romanı əsasında Laləzar Hüseynova tərəfindən səhnələşdirilmiş «Əsir qadın» tamaşası səhnəyə qoyuldu. Bu əsər az keçməmiş Azərbaycan Kinematoqrafçılar İttifaqının da diqqətini çəkdi, Xocalı faciəsini əks etdirən film üçün maraqlı mətn olduğu gündəmə gəldi. Roman «Səsli kitab» seriyasından yenidən nəşr olundu. Eyni zamanda, yazıçının Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsər kimi mükafata layiq görülən «Alagöz» hekayəsi əsasında da film çəkiləcəyi, kinofestival üçün ekranlaşdırılan filmə rejissor Mariya İbrahimovanın quruluş verəcəyi söz konusu oldu. Təbii ki, bütün bunlar dost sevinc üçün çox böyük önəm daşıyır. Əyalət mühiti (artıq, bu, şərti mənada işlənən bir istiladı) nəfəsini Meyxoş Abdullahcasına dar çərçivədən böyük ədəbiyyat yoluna çıxarmaq, əlbəttə, təqdirəlayiq bir nəticədir.
Meyxoş Abdullah yaradıcılığı mənim üçün çox maraqlı, sirayətedici istinad mənbəyi, zəngin mövzudur. Müşahidə etdiyi hər bir predmetin zəngin iç dünyasına ustalıqla nüfuz edə bilməsi onun yaradıcılığının başlıca keyfiyyətlərindəndir. Müşahidə etdiyi aləmin gerçək obrazı və metoforası (eyni zamanda, inikası) M. Abdullahın mükəmməl xarakteri, həyata baxışı, bədii düşüncə gücü ilə cilalanır. Əsərləri ilə ilk tanışlıq anındaca əlbəəl hiss edirsən ki, müəllif, bütün həmkarları kimi, öz qüvvəsini insanın darıxmaq şissinə qarşı çevirib. Onun əsərləri oxucuya təskinlik, hüzur gətirir. Elə ilk frazadan anlayırsan ki, gələcəyini ədəbiyyatda görən bir söz adamının əsərini oxuyursan. Meyxoşun bir yazıçı kimi istinad etdiyi, ağlın və həyatın hərəkətverici qüvvəsi olan skeptisizm ilk növbədə həqiqətə xidmət edir, sənətə aparan yola yönəldir, nəhayət, qurtuluşa xidmət edir. Böyük rus şairi A.Blokun yaradıcı insan üçün başlıca şərt hesab etdiyi istedad və şəxsiyyət bütövlüyü M.Abdullahın yaşamında sözün həqiqi mənasında bir araya gəlib. Əsərlərinin başlıca motivi, qayəsi ümiddir. Və mən hər dəfə qələm dostumun ümidə, inama hesablanmış yeni yazılarını həvəslə oxuyub başa vuranda, yadıma dünyaşöhrətli ispan şairi Xuan Ramon Ximenesin aşağıdakı misraları düşür:
İşıqlı daş-qaşlar kimi
çıxarıram qəlbimin
qutusundan ümidimi.
Qızım kimi,
sevdiyim bir qadın kimi,
bacım kimi
sevə-sevə
qızılgüllər arasında gəzdirirəm.
Süzürəm onu uzun-uzun,
Sonra yenə gizlədirəm…
«Ümid nə yaxşıdır, ümidlə bitən məhəbbət qayıdır, sevgi qayıdır» (M.Araz) çoxbilmişliyi, müdrikliyi də var söz mülkümüzün. Bütün halı ilə Meyxoş Abdullahın yaradıcılığı oxucunu o gözəl, mutlu ümidin təskinedici şəfasına təslim edir. Yönəldir. Təlqin edir ki, hər şeydən öncə öz qəlbinin səsini dinlə, ümidli və inamlı ol, iç dünyadan gələn istək və arzulara qulaq as, «unutma ki, gözləyə bilənlər üçün hər şey öz vaxtında gəlir». Bir yazıçı, qələm adamı kimi, M.Abdullahın özü də bu düşüncənin, ümidlə yaşamağın, gələcəyə inamın barını dərənlərdəndir. Ədəbiyyat bilginləri İ.Buninin yaradıcılığını bütünlüklə öz zəmanəsi, habelə, xalqının taleyi, keçmişi və gələcəyi ilə canlı surətdə bağlı olmasına görə dəyərləndirirlər. Təbii ki, bu meyar qələm, söz adına iddialı olan hər bir yazıçı üçün qızıl qaydadır. Və M.Abdullahın yaradıcılığı da, mənim fikrimcə, ilk növbədə sözügedən dəyərlərə etinalı olması baxımından incələnməlidir.
Bu yazının lap əvvəlində qeyd etmişdim ki, təbii, qısa dost qutlamasında M.Abdullahın geniş oxucu auditoriyası qazanmış əsərləri barədə ətraflı bəhs etmək fikrində deyiləm. Ancaq «Dəli gülüş» və «Dəli Bəybala» adlı hekayələri var ki, bir oxucu olaraq şəxsən mən özümü o hekayələrin iç dünyasında hiss etmişəm. Elə bilmişəm bu hekayələr birbaşa mənim özümün həyat hekayələrimdir. O yerdə ki, «Dəli gülüş»ün Qəməri birdən-birə sazda ifa etdiyi «Ruhani»dən «Aran gözəlləməsi»nə keçir, bu məqamda anasıyla kiçik qızının qapı ağzında dayanıb, matı-mutu qurumuş halda ona baxdıqlarını görür, yuxudan qəfil ayılmış adam kimi diksinir və sazı çarpayının üstünə atıb dəli adamlar kimi qəhqəhə çəkib gülməyə başalyır – bax həmin məqam hər bir oxucunun həyatı boyu öz pünhan dünyasında hifz etdiyi daxili savaşı kimi gəlir gözləri önünə. Qəmərin bu dəli gülüşünü şəxsən özlərinin könüllərincə yaşaya bilmədikləri həyatın üzünə vurduqları tərs şillə kimi qəbul edir hər kəs.
Eləcə də, hər bir oxucu həyatın gözlənilməz bir anında Dəli Bəybalanın yerində olub, səkidən götürdüyü çaylaq daşını, qəzəb tuluğu Balaxanın arvadın şeytansifət qızını lağ yerinə çevirən məhlə uşaqlarının başına çırpa. Ya elə o biçarə, havalı oğlanın əvəzindən Balaxanım arvadın gözəlçəsi Qəmzənin yanına gələn kişilərin maşınlarının təkərləri altına nəsə bir şey qoyub partlada… Bütün halıyla hər bir oxucunun doğması, köhnə tanışı, içinin içidi Dəli Bəybala. Ona əzab verən nə varsa hər bir oxucu üçündür. Elə bil o boyda şəhər camaatının ağrısını təkcə Dəli Bəybəla yox, hər bir oxucu çəkir. Elə bil adamların hərcayiliyi təkcə Dəli Bəybalanın yox, hər bir oxucunun ürəyini partlama halına çatdırıb… Günlər ötdükcə şahidi olduğu hadisələrə tab gətirə biləmyən, bu səbəbdən az qala başına hava gələn Dəli Bəybalada hər oxucudan nəsə bir əlamət var. Meyxoş Abdullahın əsərləri, sözə, sözün gücünə dərin etinası ilə oxucuyla obraz arasında bu vacib doğmalığı, içbirliyini yaradan azsaylı yazıçılarımızdandır. Hər bir «dəli»nin doğru xəbəri Meyxoş üçün maraqlı süjetdi. Onun obrazları həyatın paradoksal yaşamından gəlir. Sevə bildiyi üçün sevilir. Sevdirə bilməksə yazıçının başlıca uğurudur.
BAYRAQ BİZİM BAYRAĞIMIZ!!! Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!! 11.10.2021.Bakı.
ŞAHİ-CAHAN Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! * * * Taclı şair şeir yazdı dodaqsız, Canın xanı yaranışdan qonaqsız, Şahi-cahan, yaşar səssiz, soraqsız, Hərgah coşsa, o çağını yaza yaz!
YARADAN YARATDI (Dodaqdəyməz) Tala tala, meşə meşə, dağı dağ, Yaradan yaratdı yer naxış-naxış. Sısqa sısqa, dərya dərya, arxı arx, Yaradan yaratdı yer naxış-naxış. * * * Aqil alar dərsi iki alandan, Haqq ayrılar, çıxar yağtək yalandan, Həyat keçər, əyri-əyri dalandan, Yaradan yaratdı yer naxış-naxış. * * * Taclı Şair, taxtın, tacın sirdi sirr, Sənə çatan baxtın, bacın sirdi sirr, Qarşı yatan ağrın, acın sirdi sirr, Yaradan yaratdı yer naxış-naxış. 07.11.2021. Bakı.
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
YEL Kim üçünsə mələkdi, Kim üçünsə fələkdi, Nə mələkdi, nə fələk… Küləkdi bu, küləkdi! * * * Arada küsər belə, Hirs ilə əsər belə, Ümidi kəsər belə, Ələkdi bu, ələkdi! * * * Yenə əsdi, ələdi, Acı fikrə bələdi, Toxu dilək dilədi, Diləkdi, bu diləkdi! 11.11.2021. Bakı.
NAZLI BALA Alagözdür, verib Xuda, Gözəl, göyçək Nazlı bala! Maşallah olsun, namxuda, Gözəl, göyçək Nazlı bala! * * * Gözü Göyçədən su içib, Kökdən gəlib, çox yol keçib, “Donun” Xaliq özü biçib, Gözəl, göyçək Nazlı bala! * * * Ustac bağlı soya, kökə, Nazlı balam bəyim, bikə, Züryət hardan hara çəkə!? Gözəl, Göyçək, Nazlı bala! 11.01.2022. Bakı.
USTACLIYAM Gözlərimin alalığı, Ulu Göycəmdən ərmağan. Ərdəbilin naləsidir, Ruhum həp eylədi fəğan. * * * Yarı Qarqar, yarı Əfkər, Şəhriliyəm; şaham, tacam! Şah İsmayıl silahdaşı, Ustaclı oğlu, Ustacam!
“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan olunur
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edir
* Müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir;
* Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır;
* Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;
* Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur;
* Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq;
* Qalib pyes müəllifi 2000 azn məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq;
* İştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini em.aliyev@culture.gov.az ünvanına göndərməlidirlər.
Müdafiə Nazirliyinin orqanı “Azərbaycan Ordusu” qəzetinin 30 illiyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər qəzetin yaranma ideyası və tarixi, fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi haqqında ətraflı məlumat verərək, qəzetin yaranma günü münasibətilə bütün əməkdaşları təbrik ediblər. Qeyd edilib ki, 30 illiyi qeyd edilən, Azərbaycanın mətbuat məkanında hər zaman özünə layiqli yer tutan “Azərbaycan Ordusu” qəzeti, Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi “Xalq Ordusu” adıyla 1992-ci ilin fevral ayının 11-də çap olunmağa başlayıb. Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında, müharibə reallıqlarının operativ qaydada ictimaiyyətə çatdırılmasında qəzetin rolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Azərbaycan Ordusu” qəzeti yarandığı gündən cəbhədə baş verən hadisələr barədə operativ məlumatlar yayıb. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi “Azərbaycan Ordusu” qəzetinin də tarixində mühüm bir mərhələ olub. Qəzetin əməkdaşları döyüşlərin getdiyi bütün istiqamətlərdə gündəlik səyyar qəzetlərin – “Sən qalib gələcəksən”, “Qalibiyyət döyüşü” və “Qələbə uğrunda” adları altında hazırlanmasına və çap olunmasına cəlb ediliblər. Vətən müharibəsində qazanılan Zəfərdən sonra “Azərbaycan Ordusu” qəzetinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalına və Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonda redaksiyanın xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən əməkdaşları təltif olunublar.
DOĞUM GÜNÜM Nеçə ildi аd günümüzdə аnаsız doğuluruq biz bu hаmilə dünyаdа. Bu səhər yеnidən dоğuldum аğrılаr, sеvinclər sаvаşındа. Fеvrаl sоyuq, həyаt sоyuq… Arzulаr оyuq-оyuq. Nə vахtdı dоğum günümü özüm kеçirirəm, yаdınа düşənlər, düşməyənlər vаr. Atаm kеçirəndə аd günümə hаmı gələrdi, sеvinərdi, gülərdi… Bu gün məni ilk təbrik еdən əsgər оğlum оldu səhər səkkizin yаrısındа. Mən isti еvdə, оğlumun üzünü sаzаq kəsir sərhəddə… Məni təzədən dünyаyа gətirərdinmi аnа, sоyuq fеvrаl аyındа? 11.02.2006.
BİR MİSRA DƏNİZ Bir misra dənizdir mənim ürəyim, Ömrüm bu dənizdə tənha bir qayıq. Oxu ləpirləri sahil boyunca, Bir mənəm,bir sənsən,bir də ayrılıq. * * * Bir misra dənizdir mənim ürəyim, Suları isladıb alın yazımı. Allah,yarıtmadı bu ümid məni, İndi qoy ayrılıq çəksin nazımı. * * * Bir misra dənizdir mənim ürəyim, Bəxtim,bu sahildə bir şəklini çək. Qağayı səsinə səp öz səsini, Bütün ayrılıqlar uçub gedəcək. * * * Bir misra dənizdir mənim ürəyim, Allah,bu dənizdə xoşdur bogulmaq. Ayrı bir ləzzətdir,ayrı bir daddır, Hər gün ölüb getmək,hər gün doğulmaq.
MƏKTUB Allah,sənə yazdığım bu məktubu, Hansı mələk yolda salıb görəsən? Özün söylə indi harda durum ki, Bircə dəfə əhvalımı görəsən? * * * Üz gözündə son ümidin ahı var, Yanağımda yarpaqlayan payızın. Bir mələyin dodağından yıxılan, O təbəssüm könlün açmaz bu qızın. * * * Bu unutqan adamların içində, Mən ki,səni unutmadım,ilahi. Bəxt yazdığın o dəftərin içindən, İtkin düşüb mənim adım,ilahi. * * * Bəyaz-bəyaz varaqlarla bu axşam, Qurban olum,yenə səndən danışdım. Şair qəlbi ərköyündür,bilirsən Bağışla ki,işlərinə qarışdım.
SEVDALI ÜRƏK Ulduzlar sönən kimi, Sözlər həmən sayrışır. Arzudan,həm şeirdən, Həm sevgidən danışır. * * * Çağırır,aparır yol, Yarır zülmət gecəni. Tənhalıq bürüyübdü, O yaşayan küçəni. * * * Sanki tanış deyilik, Dünən ayrılsaq da biz. İlk görüşdə olan tək, Titrəyir hey səsimiz. * * * Sozalıbdı həniri, Sevirəm sözünün də. Buz nəfəsli ayrılıq Dayanıb söz önündə. * * * Qızıl günəş eşq ilə, Yer üzünü öpən tək. Bax beləcə öpüşür, İki sevdalı ürək.
KƏLBƏCƏR Yolları bürüyüb vüsal qoxusu, Gəldim görüşünə,salam,Kəlbəcər. Sinəmdə misralar coşub çağlayır, Bəs niyə bu qədər lalam,Kəlbəcər?! * * * Ötən xatirələr necə də sərin, Arzumu,şövqümü yollara sərin. Zəfər ətirlidir gələn səhərin, Bu payız yenilməz qalam,Kəlbəcər. * * * Dağlara baxıram alışır könül, Torpaqla,ağacla danışır könül. Neçə dərə keçib,dağ aşır könül, Bulaqların şirin laylam,Kəlbəcər. * * * Əhsən, ər oğluna, ərən oğluna Basdın qədəmini zəfər yoluna. Bu payız qoy bir az girim qoluna, Sirdaşım, qardaşım,balam,Kəlbəcər!
HƏR GECƏ Sənsiz çətin ömrüm sevgi qoxuya, Könlüm əsir düşüb bu lal qorxuya. Həsrətin bir misra verib yuxuya, Hər gecə gələrəm yuxularına. * * * Qurudub gözümün yağışlarını, Ovudub alnımın qırışlarını. Söküb ayrılığın naxışlarını, Hər gecə gələrəm yuxularına. * * * Bir ovuc ümidi səpib ağrıma, Könlümə deyrəm:-daha ağrıma. Sənli arzuları basıb bağrıma, Hər gecə gələrəm yuxularına. * * * Ovcunda saxlayıb göy ahlarımı, Bir gün qurudacaq gün ahlarımı. Yollara döşəyib günahlarımı, Hər gecə gələrəm yuxularına.
GÜNAH NAĞILI Gözlərinin gözlərimə yazdığı, O məktubun gözlərindən gen düşək. Duyğuların əlifbası gizlidir, Gəl bu gizli əlifbada görüşək. * * * Al ovcuna əllərimi şeirtək, Xatirələr heca-heca oxunsun. Sevgi-sevgi çiçəkləyən dodaqlar, Bir meh kimi yanağıma toxunsun. * * * Əl eyləyək ötüb gedən anlara, Çıxarmasın bu sevgini yadından. Bircə misra məktub yazaq Allaha, Bu bir anlıq xoşbəxtliyin adından. * * * Günahına qurban olum ay Allah, Bu günahım oğurlayıb ağılı. Bələnibdir taleyimin ətrinə, Sevgi dolu bu günahın nağılı.
Bu gün gözəl insan, sevimli şair, tanınmış ictimai-siyasi xadim Rəfail Tağızadənin doğum günüdür. Ad gününüz mübarək, Rəfail müəllim! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb.
Rəfail Tağızadə əmək fəaliyyətinə Bakı Elektron Hesablayıcı Maşınları zavodunda başlayıb. 1979-2000-ci illər ərzində həmin zavodda tənzimləyici, mühəndis, büro rəisi, aparıcı mühəndis, sex rəisi, konstruktor texnoloji büronun rəisi vəzifələrində çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində 1994-1996-cı illərdə zabit kimi qulluq edib. Ümid Partiyası Ali Məclisinin və Mədəniyyətlərin Dialoqu Mərkəzinin sədridir.
Rəfail Tağızadə bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. “Palitra”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetlərində lirik şeirləri, publisistik yazıları vaxtaşırı dərc olunub. Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş”, Çağdaş polyak şeir antologiyası” kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” adlı şeir antologiyası kitabını hazırlayıb. “Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013) şeir kitablarının müəllifidir. Şeirləri ingilis, rus, polyak və ukrayna dillərinə tərcümə olunub.
Rəfail Tağızadə ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla təltif olunub. Həmçinin 2000-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatı ilə təltif olunub.