LALƏ İSMAYIL – MƏNƏVİ DÜNYAMIZA YENİ TÖHFƏ


MƏNƏVİ DÜNYAMIZA YENİ TÖHFƏ
Araşdırmaçı, yazar, ədəbi təhlilçi Vaqif Osmanlının yenicə çapdan çıxmış “Sözün, sazın kəlağayılı Güllüsü” kitabı xalqımızın əsrlərdən bəri keşiyində dayandığı, saflığını qorumağa çalışdığı, bəzən bu yolda qanına qəltan olduğu çağdaş dünyamızda üzərində bəzi xoşagəlməz çatlar görünməyə başlayan Türkün mənəvi dünyasını yad nəfəslərdən xilas etməyə hesablanmış bir söz töhfəsidir. Müəllif əslində xalqımızın dünənindən bu gününə, bu günündən sabahına körpü salmağı qarşısına məqsəd qoyub. Mənə elə gəlir ki, bunu uğurla edib, məqsədinə çatıb.
Kitabın redaktoru kimi çox fərəhliyəm ki, bu kitaba mənim də imzam düşüb. Onu da deyim ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən bu nəfis və qiymətli kitabın rəyçisi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğludur.
Yeni kitabın Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 10 illiyi ərəfəsində işıq üzü görməsi də əslində kəlağayını başa tac edənlərə dəyərli hədiyyədir. Kəlağayının təbliğində, milli dəyər kimi dünyaya tanıdılmasında Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeyevanın Azərbaycan mədəniyyətinə misilsiz xidməti danılmazdır. 2024-cü ildə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və şəxsi “Kəlağayı Muzeyinin “Azərbaycan Kəlağayılarının təbliği” layihəsi çərçivəsində Vətənimizin müxtəlif bölgələrində, ən ümdəsi işğaldan azad olunmuş Şuşada tədbirlər keçiriləcək.
“Sözün, sazın kəlağayılı Güllüsü” şair, publisist, aktiv ictimai insan, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, ilk şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, hamımızın sevimlisi Güllü Eldar Tomarlının ömür yoluna bir baxışdır. Həmin ömür yolunun anlaqlı hissəsində Güllü xanımın fəaliyyəti hamımıza örnəkdir. Güllü xanımın yeniyetməlik, gənclik dövründən bu günə kimi yorulmaz fəaliyyəti ayrı-ayrı bölümlərdə çox maraqlı və səlis dillə təhlil olunur, Güllü xanımın özünün, anası Gülüstan ananın, onu yaxından tanıyanların söhbətləri, xatirələri ilə oxuculara çatdırılır. Hər bölümün başlanğıcında Güllü xanımın şeirlərindən seçilmiş bir bənd bölümə güzgü tutur, onun məqsədinə aydınlıq gətirir. Bu, müəllifin uğurlu yanaşması kimi təqdir olunmalıdır.
Hər bölümdə Güllü xanımın sözə, saza, mənəvi dünyamızın ayrı-ayrı dəyərlərinə vurğunluğu təkrarolunmaz fakt və dəlillərlə yanaşı, təxəyyülünün söz inciləri ilə təsdiqlənir.
Güllü xanımı tanıyanlar yaxşı bilir ki, onun bir dünya ana sevdası var – Gülüstan ana dünyası. O, Gülüstan ana ilə nəfəs alır, o ana onun zəngin mənəvi aləminin, uğurlarının memarıdır. Kitabda Gülüstan ananın bəzən kövrək, bəzən də baməzə söhbət və xatirələrinə tez-tez müraciət olunması oxucunu yormur, əksinə, əhvalını təravətləndirir.
Güllü xanım Vətən qızıdı, anadı, nənədi, Türk xanımıdı. Həm də şəhid analarının, bacılarının, bütün şəhid ailələrinin kədərinin ortağıdır, təsəlli verənidir. Bu yaxınlarda bizimlə birlikdə Zəngilana getməyi də özünə borc bildi. Zəngilanda biri mənim qardaşım İsmayıl olmaqla yeddi məzarsız polisin şəhid olduğu yeri ziyarət etdik, ruhlarını şad etdik.
Vaqif Osmanlı Güllü xanımın vətənpərvərliyini, insansevərliyini, qədirbilənliyini, qayğıkeşliyini məhz buna görə önə çəkir ki, Vətənə belə analar, bacılar lazımdır. Vətən belələrinin sayəsində ana Vətənə dönür. Vətənin dar günündə də, şad günündə də ömrünü xeyirxahlığa, mərhəmətə xərcləyən Azərbaycan xanımıdır Güllü xanım. Güllü xanımın rəhbərlik etdiyi İctimai Birliyin keçirdiyi şəhidlərin anım tədbirləri, qazi yazarların kitab təqdimatları, “Sazlı, Sözlü Kəlağayı Günləri”, respublikada ilk “Kəlağayı Festivalı” qazi və şəhid oğulların tanıdılmasına, Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliğinə xidmət edir. Kitabın müəllifi də belə tədbirlərin mənəvi, tərbiyəvi önəmini xüsusi vurğulayır. Çünki Vaqif müəllim də Vətən , millət, yurd, el-oba, mənəviyyat məsələlərinə həssas yanaşan söz, fikir adamıdır.
Kitabın adı çox incə anlamlardan xəbər verir: “Sözün, sazın kəlağayılı Güllüsü”. Saz, söz ulu Türk yaranan gündən onunla birgədir, onun yaşam və fəlsəfi düşüncə tərzidi. O ki qaldı kəlağayıya, bu milli baş örtüyü Türk xanım-xatınlığının, abır-həyasının, ismətinin, namusunun, bir sözlə mənəvi aləminin qədim-qayım rəmzidir. Nənələrimizdən bizə miras qalan zərif baş örpəyini sandıqlardan çıxarmaq, başımıza tac etmək Güllü xanımın işinin əsas məqsədidir.
Gəlin “Sözün, sazın kəlağayılı Güllüsü” kitabını oxuyaq, nəticə çıxaraq, gələcək nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsinin təməlinin möhkəmlənməsinə nənə, ana, bacı töhfəmizi əsirgəməyək. Vaqif müəllimin yeni çapdan çıxmış kitabı bunları bizə aşılayır.
Vaqif Osmanlını və Güllü Eldar Tomarlını təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram.

,Müəllif: Lalə İsmayıl,

Mirvarid Dilbazi Poeziya Məclisi İB idarə heyətinin üzvü, yazar

LALƏ İSMAYILIN YAZILARI

VAQİF OSMANLININ YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏSL OXUCU KİMLƏRDİ…

ƏSL OXUCU KİMLƏRDİ…

İlk növbədə özümə ünvanladığım bu suala yəqin ki bəziləri birmənalı şəkildə yanaşmayacaq. Sosial şəbəkənin (FB-un) iç qatlarına bələd olduqca anladım ki bu virtual aləm arxa qapısı hamının üzünə açıq olan bir məkandı. Ədəbi aləmin çox vaxt bağlı olan qapılarından içəri keçməyi haqq etməyənlər, dal qapıdan asanlıqla içəri sivişib, ürəkləri istədiyi qədər özlərinə tərəfdar toplaya bilirlər. Və onu da anladım ki virtual aləmdə hər kəsin yazı savadını, istedad sahibi olub-olmadığını, ədəbi zövqünü, iç dünyasını asanlıqla dərk etmək mümkünmüş…
Hər şeydən qabaq bu aləm cızmaqaraçıların və onlara züy tutanların məkanıdır, burda şəxsi tanışlıq, yazı müəllifinin yaşı, cinsi, haralı olması vacib hesab edilir. Sizlər kimi mən də şahidəm ki, hansısa bölgədən olan bir “yazar”ın şeir adına ortaya qoyduğu “nəsnə”yə bəzi həmyerliləri nəzakət xatirinə dəstək verirlər. Yeri gəlmişkən, bu ilin əvvəllərində görkəmli bir alim eloğlumla çay süfrəsi arxasına əyləşib dərdləşəndə (Bizim tərəflərdə adətən bu ifadəni işlədirlər) dedim: “Qaqa, sən doğrudanmı o filankəs xanımın gün ərzində feysbukda nümayiş etdirdiyi ən azında iki-üç cızmaqaralarını şeir hesab edirsən?” Üzümə təbəssümlə baxıb dilləndi: “Neyləyim, öz kəndçimdi, vallah heç oxumadan “layk” edirəm…” Mənim şəxsi fikrimcə ən səmimi oxucu yüksək ədəbi zövqə sahib tərəfsiz oxuculardı. Ən istedadlı yazar dostlarımı da bu “qrafaya” əlavə edirəm. Ancaq bəzi qələm sahibləri incisə də deyəcəyəm, (çoxları bilir ki məndə heç əzəldən “zadnı skorus” yoxdu): “Bəziləri “bəyənmə” işarəsinə barmaq basanda, bunu “beh” hesab edir və qarşılığını gözləyirlər!” Yəni, “öy məni, öyüm səni” prinsipini əsas tuturlar. Ötən ilin sentyabr ayında üzləşdiyim göz əməliyyatından sonra bir müddət sosial şəbəkədən gendə dayanmağa məcbur oldum. Bəzi dırnaq arası “dostlar” üç-dörd həftənin içində qeybə çəkildilər. Həmin çətin günlərimdə yazı-pozu ilə məşğul olmayan, ancaq sözə dəyər verməyi bacaran söz sərrafları həmişə olduğu kimi məni yalqız buraxmadılar…
Elə indinin özündə də rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin 25 illik yubileyi ilə ilgili işlərim çox olsa da, əsl söz sərrafları məni tərk etməyiblər…
P.S. Özümə söz vermişdim ki yalnız özümün və əhatəmdə olan yazarların qayğıları ilə ilgilənim, ancaq gec-tez yuxarıda dediklərimi üzə çıxarmalı idim. Mənim yazılarıma münasibət bildirən dostlara da, bilərəkdən gözardı edənlərə də cansağlığı arzulayıram. Tərif xəstəsi deyiləm ki yazılarımı oxuyanların sayı ilə qürrələnəm!..

TRİBUNADA: İSMAYIL İMANZADƏ
AYB Mingəçevir bölməsinin sədri
17.06.2024

YAZARLARIN TRİBUNASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aqillər yurdunun pir övladıyam!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru