Kim deyir ki, Simurq quşu var imiş? – Zəhra Həşimova

Təkcənəlik – Kamal Abdullaunın “KİM DEYİR Kİ, SİMURQ QUŞU VAR İMİŞ?” PYESİ HAQQINDA:

Dramaturgiyada postmodernizm ənənəvi hekayə formalarından əhəmiyyətli dəyişikliyi təmsil edir, parçalanmanı, mətnlərarası əlaqəni və müəyyən edilmiş normaların sorğulanmasını vurğulayır. Müasir Azərbaycan dramaturgiyasında bu cərəyan Azərbaycanda kimliyin, tarixin və mədəni dinamikanın mürəkkəbliklərini əks etdirən özünəməxsus ifadəsini tapmışdır. Görkəmli Azərbaycan dramaturqu və yazıçısı Kamal Abdulla postmodern mövzuların özünəməxsus tədqiqi ilə müasir teatra mühüm töhfələr verməkdə davam edir. Onun əsərlərində çox vaxt şəxsiyyət, reallıq və mədəni yaddaşın mürəkkəblikləri əks olunur, həm forma, həm də məzmun baxımından postmodernizmin mahiyyətini təcəssüm etdirilir.

Postmodernizmin səciyyəvi cəhətlərindən biri də Abdullanın yaradıcılığında dərin əks-səda doğuran mövzu şəxsiyyətin parçalanmasıdır. Onun personajları tez-tez şəxsi və mədəni kimliklərin axıcı və qeyri-sabit olduğu bir dünyanı gəzirlər. Müəllifin. “Kim deyir ki, Simuqr quşu var imiş?” pyesi də həmin postmodernist çalarlarla zəngindir. Zaman-məkan, xaos-kosmos kontekstində təhlil etsək, bu əsərdə zamansızlıq və məkansızlığın vəhdəti olaraq “gəmi”ni göstərə bilərik. Pyesdə Kapitanın dilindən belə bir şeir səslənir:

Sən o tərəf, mən bu tərəf
Ağla, uca, barı, ağla.

Bu şeirdə “sən o tərəf, mən bu tərəf” ifadəsinə nəzər salsaq, xaos və kosmos arasındakı incə xətt, onların vəhdət və sərhədlərinin hüdud və ya hüdudsuzluğunun təsvir edildiyini görərik. Sanki o tərəf Padşah, Nağılçı, Ada sahibi, Şahzadə və başqa qəhrəmanların olduğu ada xaosu, bu tərəf isə Kapitan və Zabitin dialoqlarının təkrarlandığı “gəmi”dir. Cümlədə gəmi sözünün dırnaq içərisində göstərilməsi təsadüfi deyil, çünki postmodernist yazıçımız Kamal Abdulla pyesində gəmini xüsusi bir keçid vasitəsi kimi təsvir etməklə xüsusiləşdirir. Pyesdə sərhəd və vəhdəti isə özündə bu iki diyarı birləşdirən vasitələrdən biri də “dəniz”dir. Əsərdə Zabit qapını döydüyü anda Kapitan yuxudan, yəni xəyal dünyasından ayılır. Qapının tıqqıltısı ilə Kapitan xaosdan-xəyal ailəmindən kosmosa-var olan dünyaya keçid edir. Kapitanın ulduzlara baxışı, səslər eşitməsi, görüntülər görməsi, sentimental hallar yaşamasını onun xaos aləminə keçidin bir əlaməti kimi qiymətləndirə bilərik.

Zabitin Kapitanla danışarkən ona qonaq görəndə sanki düşmənini gördüyünü bildirməsi və əksinə olaraq, Kapitanın özünün adada, xaos aləminə qonaq olmağı paradoksal şəkildə müəllifin həyata postmodern ironiyasını göstərir. Necə ki, İlqar Fəhminin “Akvarium” əsərində öz çərçivəsindən – akvariumundan çıxmağı rədd edən Sahib bir portret sayəsində paralel şəkildə qızının gələcəyini görür, bu pyesdə də Kapitan gəmini özünə dünya hesab edirdi və başqa dünyası olmadığı üçün ora kiminsə daxil olmağını istəmirdi. Əsərdə Zabit ondan bu tənhalıqda nə gördüyünü soruşur, işinin Allaha qaldığını deyir. “İşinin Allaha qalmağı” məsələsi “Leyli və Məcnun” poemalarında Qeysin Məcnuna keçidindən sonra sanki başqa aləmin insanı olur. Buna paralel dünyanın – xaosa keçidin əlaməti kimi baxa bilərik.

Məcnunun işinin Allaha qalmağını görənlər onu kosmosa, dünyamıza qaytarmaq üçün onu Kəbəyə aparırlarsa, bu missiyanı pyesdə Zabit həyata keçirir. Hər iki əsərdə buna çalışanların uğursuz olduqlarını görürük. Fəxri Uğurlunun “Leylinin Məcnunluğu” əsərində də, Məcnunun işi Allaha qalmış və burada da Məcnun Kəbəyə aparılmışdır. Lakin yazıçı sonda “Zeydin çıxdığı” simvolikası ilə Məcnunu xaos aləmindən kosmosa qaytarır. Kamal Abdullanın bu pyesində də Kapitan paralel aləmdə Ada sahibi, Dev, Cəllad, Nağılçı, Padşah və başqalarının qonağıdırsa, Fəxri Uğurlunun hekayəsində də Məcnun səhrada heyvanların qonağıdır.

Postmodernizmin ilkin xüsusiyyətlərindən biri oyun içərisində bir sıra həyat hekayələrinin, sirlərin açılmağıdı. Biz bunu “Casus” pyesində də müşaiyət edirik. Məsələn, Dədə Qorqudun Boğazca Fatmanı ilə birlikdə onun evindən Qazanın, sonra Aruzun evində peyda olması, İç Oğuzdan, Dış Oğuza məkan dəyişdirməyi, ən nəhayətində isə Boğazca Fatmanı evinə qaytarmağı bizə bunların hamısının oyun üzərində qurulduğunu göstərir. Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” əsərində də müəyyən oyunlarla Sovet dövrünün 1937-ci il represiya hadisələri təsvir edilmişdir.

“Kim deyir ki, Simurq quşu var imiş” əsərində də oyun motivlərindən istifadə edilib. Əsərdə Kapitan Nağılçını bir anda gözünün önünə gətirir. Nağılçı ona nağıllardan bəhs etdikdən sonra, stolun altından Padşah, Cəllad, Gözəl qız, Şahzadə, Dev və başqa qəhrəmanlar çıxır. Burada əslində bir oyun qurulur. Biz Kapitanın gözü ilə müəyyən məqamlara işıq tutulan nağılı, nağıllar vasitəsi ilə qurulan oyunda həyat haqqında bəzi gerçəklikləri görürük. Bu oyunda yaltaq Vəzir və onun yalanlarına inanan Padşah obrazları ilə Kamal Abdulla həyat faktlarını oyun hadisələri ilə təsvir etmişdir. Padşah nəyisə öyrənmək istəyəndə sorğulayır, Vəzir isə Padşah nə deyirsə onu təsdiqləyir. Daha sonra oyunda görürük ki, əslində Vəzir Şahzadəni Padşaha öldürtmək istəyirmiş.

Bu oyunun postmodernist gerçəkliyini orasındadır ki, burada biz Nağılçının dilindən zamansızlıq və məkansızlıq kontekstində xaos-kosmos ikiləşməsinin təməlini eşidirik. Nağılçı nağılı gəmidə danışır. Nağılı danışılarkən kosmosdan xaosa keçid edir. Burada Nağılçı həyati gerçəklərdən danışıraq Padşaha nələrsə izah etməyə çalışır. Həyat və ölüm, ağ və qara, cəsurluqla qorxaqlıq, mərhəmətlə zalımlıq, zülmət və işıq, ağıl və nadanlıq yanaşı göstərilir və deyir ki harda gözəlik varsa orda eybəcərlik var, harda həyat varsa orda ölüm var. Pyesdə Nağılçının dilindən verilmiş bu ikiləşmələr əslində postmodernizmin əsas qanunlarından biridir. Hər hadisəyə şübhə ilə baxmağı əsərlərinin əsas qayəsi hesab edən müəllif, əsərdə Nağılçı vasitəsilə keçmiş və gələcəyə “bəlkə”lərlə yanaşaraq onlar arasındakı tül pərdəyə diqqət çəkir.

Keçmiş ilə gələcəyi ayırmaq əvəzinə onları ahəngə dəvət edir. “Bəlkə heç o tül pərdənin arxasında heç kim olmayıb?” cümləsi ilə Kamal Abdulla, milli adət-ənənəsinə, düşüncəsinə tül bir pərdənin arxasından baxan insanlara müraciət edərək əslində onların vəhdətdə olduğunu, sadəcə bir tül pərdə ayrılmayıb, həm də eyni tül pərdə ilə birləşdiyini göstərmişdir. Nağılçı, zaman-məkan vəhdətini “bəlkə biz onun nağılıyıq və ya o bizim nağılımızdır?” ifadəsi ilə bir daha vurğulayır. Burada müəllifin qeyd etmək istədiyi məqam, ibtidai icma zamanlarında yaşayan bir insan bizim keçmişimiz, biz isə onların gələcəyiyik. Bu isə bizim keçmişimizə, mifimizə, adət-ənənəmizə bağlılığımızı göstərir.

Bu da postmodernizmdə oyun kimi təsvir edilir. Simurq quşu əsasında var oluşun bir ikiləşmədə oluğunu izah edir. Belə ki, Simurq quşunun iki qanadı var – sağ və sol. Yəni dünyanın iki hissədən ibarət olmağını (xaos və kosmosdan) təsvir edir. Simurq quşu isə bizik və çırpınırıq, hər qanadımız bir tərəfə doğru çırpınır- yaxşılığa pisliyə, işığa zülmətə, zalımlığa yoxsa mərhəmətə doğru hərəkət edir.

Əsərdə Cəllad Devin boynuna ipi bağlaması ilə səhnədə qırmızı rəng təsvir edilir. Bu da əsərdə fərqli rəng təsviridir ki, hər şey ağ və qara tonlardan ibarət deyil. Qırmızı rəng isə Cəlladın pisliyini göstərir. Pislik odur ki, Cəllad ya ipi boş buraxaraq Devin qaçmağına səbəb olacaq, ya da boğaraq onu öldürəcək. Yəni qəlbində hansı hissi böyütsə, onu gerçəkləşdirmiş olacaq. Dev insanın verəcəyi qərarların, cəllad isə insanın təsviridir. Bu təsvirlərdə Freydin fərdi şəkildə, daha sonra isə Karl Yunqun isə kollektiv şüura təsirləri müşayiət olunur. İnsan nə qədər alicənabdısa, o qədər xəsisdir, insan nə qədər yaxşıdırsa, o qədər pisdir. Və bir gün o pislik yığılıb insan ürəyindən boylana və ya çox pis insanın daxilində olan yaxşılıq gün üzünə çıxa bilər. Tolstoyun da dediyi kimi “insan bunların hamısıdır”. Kamal Abdulla pyeslərində insanı bütün cəhətləri ilə təsvir etməyə çalışmışdır.

Kapitan Cəlladın, Şahzadənin, Padşahın olduğu adaya gəlir və burada Devi görür. Cəllada isə bu Devi daha əvvəl hardasa gördüyünü, adaya gələrkən dənizin içərsində çimən ağ və qara divlər gördüyünü deyir. Bu Devlər dənizdən çıxarkən, göyərçinə çevrilib göyə uçurlar. Məlikməmməd nağılında divin canın camın içərsində Göyərçində olmağı nüansı ağla gəlir. İslamdan da əvvəlki tarixə baxdıqda da görə bilərik ki, qədim Türk inancına görə, Erlik- yeraltı səltənətlərin tanrısı və Ülgen-göy üzərindəki tanrıdır. Ülgen insanların yanında Göyərçin simasında öz mələklərini göndərirdi. Postmodernizm pəncərəsində baxdıqda düşünə bilərik ki, niyə məhz Göyərçin, cam var? Cam əslində öz əksini görə biləcəyimiz bir cismdir.

Dəniz isə onun bir yansımasıdır. Yəni ki, insan suya baxanda özünü görə bilir. Dədə Qorqud dastanında da keçən bir ifadə var ki, su peyğəmbər üzü görüb. Kapitanın dənizdə ağ və qara (yaxşı və pis) Dev görməyi ilə Kamal Abdulla, Aristotelin ağ və qara ikiləşməsinə toxunur. Devin dənizdən çıxaraq (camdan çıxaraq) göyərçinə çevrilib səmaya getməyi əslində öz sərhəddindən çıxmağı deməkdir. Burada biz zaman və məkansızlıq amillərinidə müşaiyət edirik. Postmodernizmdə biz camı xaos və kosmosun keçidi adlandıra, devlərin dənizdən çıxıb göyə yüksəlməyi xaosdan çıxıb kosmosa keçid etməyi kimi təsvir edə bilərik. Dənizi isə Vəng dağı (Unutmağa kimsə yoxdu), Baba Kaha (Yusif Səmədoğlu – Qətl günü), Məlikməmməd nağılındakı cam-şüşə ilə, Sahibin akvariumu ilə müqayisə edib deyə bilərik ki, bunlar xaosla kosmosa keçiddir. Bu mənada, “Kim deyir ki, Simurq quşu var imiş” pyesi ilə “Qətl günü” əsərini qarşılaşdıra bilərik. Postomernizmdə zaman keçidlərini göstərərkən bu hadisənin baş verməsində müəyyən bir ünsür və ya simvolikanın iştirakını qeyd edirdik. “Qətl günü” romanında Sədi əfəndinin gündəliyini xəstə olacaq adamın götürüb oxumasını birbaşa Sədi əfəndinin həyatına keçid etməsi hadisəsini görürük.

Zaman və məkan keçidləri empirik zaman çərçivəsində həyata keçirilən əsərlərdə, özü ilə postomernist ünsürlər əmələ gətirir. Empirik zaman dedikdə əsərdə hadisələrin baş verdiyi üç dövr nəzərdə tutulur. Bunlardan birincisi hökmdar dövrü (1700-cü illər), ikinci dövrü repressiya zamanı (1930-cu illər), üçüncü dövr isə 1970-1980-ci illərər təsadüf edir. Bu üç dövr empirik dövrdür. Amma bizim bunları mifoloji zaman aspektinə salmağımız artıq bu empirik üç dövrü vahid bir mifoloji zamana çevirir. Buna görə də “Qətil günü”dəki üç empirik zamanı bir mifoloji zamana çevrilməsi, yəni üç dövrün birləşdirilməsində Sədi Əfəndinin gündəliyi əsas rol oynayır. Sədi Əfəndinin gündəliyi xəstə olacaq adamı 1970-80-ci illərdən repressiya zamanına, yəni 1930-cu ilə aparır. Bu hadisəni “Kim deyir ki, Simurq quşu var imiş” pyesində Kapitan bir məlumat əldə etmək üçün kitabı əlinə alıb stolun qarşısına oturması və həmin kitabı oxumağa başlaması ilə görürük. Bu kitabı oxumağa başlayanda birbaşa Cəlladın, Vəzirin, Padşahın, Şahzadənin, Gözəl qızın, Devin olduğu zamana keçid edir.

Bir növ nağıllar aləminə keçid edir. Yəni, Sədi əfəndinin gündəliyinin yerinə yetirdiyi prosessi burada Kapitanın əlinə alıb oxuduğu kitab yerinə yetirir. Kapitan birdən-birə başını qaldırır və artıq hər şey yox olur. Cəllad, Vəzir, Dev, Şahzadə və s. olmur. Nə zaman ki, yenidən kitabı oxumağa başlayır, biz bunlar haqqında yenidən məlumat almağa başlayırıq. Bu da o deməkdir ki, bu kitab müəyyən irəliləyiş üçün bir funkiyadır.

Kamal Abdullanın pyesləri parçalanmış şəxsiyyətləri, mətnlərarası, qeyri-xətti povestləri və janr sərhədlərinin bulanıqlığını tədqiq etməklə postmodernizmin əsas prinsiplərini nümunə göstərir, eyni zamanda, oxucuları reallıq və şəxsiyyətin mürəkkəbliyi üzərində düşünməyə dəvət edir.

Azərbaycan ədəbiyyatının əsas simalarından biri kimi Kamal Abdullanın teatra verdiyi töhfələr təkcə ənənəvi formalara meydan oxumur, həm də postmodern mənzərəni zənginləşdirir, onun yaradıcılığının müasir mədəni diskursda davamlı aktuallığını təsdiqləyir.


Kamal Abdullanın yazıları

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tofiq Nurəli – Darıxan bir nəğmə…

PAYIZDAN DA SARI PAYIZ

Payızdan da sarı bir qız..,
Payızdan da sarı bir söz..,
Payızdan da sarı bir səs..,
Payızdan da sarı qəhər…

Payızdan da sarı hava..,
Payızdan da sarı heyva..,
Payızdan da sarı eyvan..,
Payızdan da sarı qəmər…

Payızdan da sarı yağmış
Payızdan da sarı yağış..,
Payızdan da sarı baxmış
Payızdan da sarı kəhər…

Payızdan da sarı təklik..,
Payızdan da sarı kilid…
Payızdan da sarı.., çilik
Payızdan da sarı qatar…

Payızdan da sarı yalvar…
Payızdan da sarı yol var…
Payızdan da sarı yollar..,
Payızdan da sarı xəbər…

Payızdan da sarı bulaq..,
Payızdan da sarı budaq…
Payızdan da sarı soraq
Payızdan da sarı xəzəl…

Payızdan da sarı həvə–
Payızdan da sarı dəvə…
Payızdan da sarı ləpə —
Payızdan da sarı Xəzər…

Payızdan da sarı payız,
Payızdan da sarı saysız…
Payızdan da sarı.., paysız
Payızdan da sarı şəhər…

Müəllif: Tofiq Nurəli

Tofiq Nurəlinin yazıları

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şairlik ən ali məqamdı,vallah

Şairlik ən ali məqamdı,vallah

Özü pay-piyada,sözləri atda,
Xəyalı dövr edir ən qəlbi qatda.
Zəhəri saxlamır dilinin altda,
Gülləyə atılan ilandı,vallah
Şairlik ən ali məqamdı, vallah!

Sirri qələmindən pünhan olmasa,
Vicdanı özünə zindan olmasa,
İçində mənəvi böhran olmasa,
Şair qeyri-adi adamdı, vallah,
Şairlik ən ali məqamdı,vallah!

İgid ,ər təpəri duysa canında,
Kükrəyib çağlasa əgər anında,
Olsa həqiqətin,haqqın yanında,
İlhamı bir ayrı ihamdı,vallah,
Şairlik ən ali məgamdı vallah!

Anla ki, Tanrıdan gəlib bu elçi,
Fəda etməlidir canını elçün.
Haqqı söyləməkdə nə mizan,ölçü?!
Bu ğöylərdən gələn inamdı,vallah,
Şairlik ən ali məqamdı,vallah!

Zamana od vurur,dərdə qalanır
Ağrısı,göynəyi ərşə calanır.
Füzuli dediyi şair yalanı
Sevgid ə bir dindi,imandı,valla.h,
Şairlik ən ali məqamdı,vallah!

Zülmə,zülümkara boyun əyməsin,
Kökünü əskildib,soyun əyməsin,
O məğrur başını qoyun əyməsin,
Böyük amalıyla o, tamdı,vallah,
Şairlik ən ali məqamdı,vallah!

Tanrı peyğəmbərə verdiyi haqqı
Onunla bölürsə haqlıdı,haqdı.
Gəzək o şairi əli çıraqlı
Burda mənim sözüm tamamdı vallah,
Şairlik ən ali məqamdı vallah!!!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən – Oxu

Əbilin gündəliyindən:

Lev Tolstoy haqqında qeydlər

Birinci yazı

25 avqust 2006:- Həqiqi incəsənət yalnız o incəsənətdir ki,bütün incəsənət növlərini özündə birləşdirir deyən Tolstoy o sənətkarlardandır ki,elə incəsənət özü onun qələmindən kağız üzərinə yayılır,əsərlərində göz oxşayır.Sənət Tolstoyda əriyir.
Tolstoya olan sevgi o qədər böyükdür ki,bu sevginin ağuşuna tək rus xalqı deyil,bütün dünya rahat sığa bilər.Deyilmiş çox məşhur bir söz var ki,Tolstoy cəmiyyəti tərbiyələndirir.Əsərlərində rus xalqının bütün xarakterik cizgilərini çox aydın göstərən Tolstoyu dünya xalqları üçün zamanımızın əxlaq mayaqı adlandırmaq olar.Zamanımızda Tolstoya nə çox ehriyac var,amma çox heyf ki,dünyamız artıq Tolstoylar yetişdirmir.Mən bədbinliyə qapılmaq istəmirəm.Hər halda,bir zaman Tolstoyu yetişdirən dünya ondan yenə də yetişdirəcək.Görünür,hələ zamanı deyil.Hər halda,indiki zamanda Tolstoyun əsərlırinin çapına yenidən ehtiyac var.
Rəssam öz əsərində hər bir boyanın seçimilə insan könlünü oxşadığı kimi,Tolstoy da özü əsərlərində insan psixologiyasının ən incə cizgilərinə qədər nüfuz edir.Tolstoydan bir əsr keçməsinə baxmayaraq mövzularının aktuallığı ilə bu gün də o,zamanımızı tədqiq edir,insan psixologiyasını araşdırır.Gələcək haqqında mülahizələr irəli sürür.Yüz ildir ki,insanlara yol göstərir…


***


Lev Tolstoy haqqında ikinci yazı

28 avqust 2006:- Allah sənə rəhmət eləsin Mirzə Cəlil. “Danabaş kəndinin məktəbi” keçdi xəyalımdan.Ona görə xatırladım ki, “Danabaş kəndinin məktəbi”ndə kəndə məktəb açmağa gələn dövlət məmurlarından uşaqları gizlədirlər.Səbəb də o olur ki,bizim uşaqları əsgər (soldat) aparırlar. “Dirilmə”nin qəhrəmanı Nexlyudov öz torpaqlarını rus kəndlilərinə vermək istəyir,amma gəl,kəndlilər buna boyun qoymur və deyirlər ki,əvvəlki qayda- biyar,köləlik yaxşıdı.Əsas da onu gətirirlər ki,ağa öz torpaqlarından keçməz.Bu oyunlar,sadəcə,bizi aldatmaq üçündü.
İnsan psixologiyasını gözəl bildiyi kimi Tolstoy,elə cəmiyyət sosioloğoyasını da ğözəl bilir.Tolstoy “Dirilmə”ni ömrünün sonuna doğru yazıb.Tolstoyun da ahıl vaxtlarını yaşadığı illər XIX əsrin sonu,XX əsrin əvvəlinə rastlayır ki,bu dövr Rusiyada kommunizmin yaranıb,təşəkkül tapdığı dövrə təsadüf edir.Yəni bu dövr sosializm anlayışının təşəkkül tapdığı dövrdür.
Bu dövr Rusiya ədəbiyyatında “inqilab” dövrü olsa da,siyasi cəhətdən sosializm anlayışının hələ formalaşmadığı dövr idi.
Liberallığı ilə dostları arasında şöhrət tapan Nexlyudov torpağı kəndlilərə verəcəyini kəndlilərə bildirəndə doğan narazılıqla elə Tolstoy özü rus kəndlisinin buna hazır olmadlğını açıb göstərmiş olurdu.Baxmayaraq ki,elə Tolstoy özü də bütün sərvətini- torpaqlarını kəndlilərə paylamaq istəmişdi.Nexlyudovun torpaq islahatında Tolstoy özünü yazıb- desək bəlkə də mübaliğəyə yol vermiş olarıq.Amma hər halda bu həqiqətlə az-çox uyğunlaşır.Rus kəndlisi torpağı özəlləşdirməyə hazır olsa da,sosializmə hazır deyil.Çünki “sosializm” özlüyündə bir quruluşdur.Və bu quruluşu insanlar gəririb və yaxud apara bilməzlər.Necə ki,edə bilmədilər Sosializm yaşayıb-tutuna bilmədi.İnsanlar sadəcə avanqard qüvvə kimi bəzi şeyləri sürətləndirib,ləngidə bilərlər .


Bəli,Rusiyada sosializm tam mənimsənilməmiş,özü özünü dağıtdı.Çünki sosializm yarananda aydın proqram xətti belə yox idi.Beləliklə,sosializm üçün sosial şərait yetişməmişdi.Bu da özünü onda sübut etdi ki,kəndlilərə verilən torpaqlarl 1926-cı ildə kolxozlaşma adl ilə əlaqədar geri alanda bu səfər mülkədarlar yox (o dövrdə keçmiş mülkədarlar hamısı ya həbsdə,ya Sibir sürgünündə idilər) elə kəndlilər özü üsyan qaldırıb torpağı vermədilər.Bu da sübut etdi ki,torpaq kəndliyə,o, sosializmi mənimsəmədiyi formada verilmişdi.


***


Lev Tolstoy haqqında üçüncü yazı

1 sentyabr 2006: – Bu gün Tolstoyun “Hacı Murad” povestini oxuyub bitirdim.Dünən isə Tolstoyun “Dirilmə” romanını oxuyub bitirmişdim.
Tolstoy bir dahidir və məni özünə məftun edib.İlk öncə “Dirilmə” haqda bir neçə söz demək istəyirəm.
1899-cu ildə bitirdiyi “Dirilmə” romanı çoxları kimi məni də “Hərb və Sülh”, “Anna Karenina”dan daha çox cəlb etdi.Birinci ona görə ki,bu romanda ədib oxucunun qəlbinin ən sirli qatlarına enib,ona buradan səslənir.Və insana özünün belə bu vaxta qədər vaqif olmadlğl sirlərdən söz açır.Əsər “İncil”dən ayələrlə başlanır və elə bu ayələrin mənasına bütün əsər boyu çavab axtarır.Bu suallara cavabı elə yenə “İncil” ayələri verir. “Dirilmə” “İncil”ayələri ilə bitir.Tolstoyun yaradıcılığından bəllidir ki,ədib öz hümanist fikirlərini yaradıcılığının Nexlyudov surərində verib. “Dirimə”nin də baş qəhrəmanı Nexlyudovdur -18 yaşlı Katya Maslovanı aldatdığı üçün Maslova həbs edildikdən sonra onun yolunda sürgünə belə razı olan,öz torpaqlarını təmənnasız kəndlilərə paylayan Nexlyidov…
Tolstoy yaratdlğı bütün obrazların bütün cizdilərini ən incə məqamlara qədər açdığı kimi,onların dini görüşlərinin mistikasına qədər də nüfuz edir.Və yaxud etməyi bacarır.Bütün bunlar hər bir obrazın dini görüşlərinin çox incəliklə verilməsi ilə öz təsdiqini tapır.
Əgər “Dirilmə”də rus həyatı,cavan ikən etdiyi bir səhvin bağışlanması üçün bütün həyatını dustaq bir qadına bağlayıb hər şeyindən keçən bir knyazın peşimançılığı – ” tövbəsi” verilibsə, “Hacı Murad”da rusların apardığı haqsız müharibə,dağlı xalqlarının öz vətənlərinə olan məhəbbəti tərənnüm olunur.


İnsan, təbiəti özünə boyun əydirmişdir.Meşələri qırır,dağları yonur.Amma eyni zamanda,insan yenə də təbiətdən zəifdi,ona möhtacdı.Təbiət insanı daha güclü sarsıda bilir- zəlzələ,vulkan,sel.
I kursda oxuyarkən Şeyx Şamil haqqında bir kitab oxumuşdum.Selçuk Kulalı Çeçen dağlarındakı qartallardan danışıb,bu dağların Şamildən sonra qartal yetişdirib səmasında uçurmadığından ürək ağrısı ilə yazırdı.Şamildən incik düşən “Hacı Murad”ın qəhrəmanı Hacı Murad rusların tərəfinə keçsə də,ruslarla döyüşdə öldürülür,ruslara satılmış dostu tərəfindən başı kəsilir.Tolstoy bu səhnədə imperiya siyasətinin eyni millətin dost evladlarını bir-birinə necə düşmən etməsinə toxunur… İnsanlar tərəfindən yetişdirilən bir qartal balası böyüdükcə uçub yenə dağlara,qartalların yanına gedir,amma gümüş buxovlu,boynu dəmir halqalı bu qartalı,köləlik görməmiş qartallar qəbul etmirlər Amma boynu buxovlu qartal,dağlardakı qartallardan ayrılmır,çünki Allah onu yaradarkən,ona da azadlıq sevdası vermişdi.Buna gümüş buxovlar mane ola bilməz Cünki Allah onu buxovsız yaratmışdır.Ancaq o getmədikdə azad qartallar onu didib öldürürlər.Bunları da Tolstoy nəql edir.Ancaq o gümüş bəzəklu qartal o birilərindən daha azad yaşadı.Çünki o köləlik nədir,onu görmüşdü.Və azadlığın qiymətini onlardan daha çox bilirdi
Dağların başında hər zaman qartallar uçacaq.Balıq suda olduğu kimi,qartal da səmada olsun gərək.Onlardan daha yüksəkdə didilmış bir qartalın ruhu vüqarla azadlığın sevgisini duyar öz qəlbində.
2 sentyabr 2006 …Tolstoy insanın fiziki gücünə əyilməyən ayıpəncəsi otundan gəlir Hacı Murada.Və öz yazısında bu qəhrəmanı Qafqaz dağlarının “ayıpəncəsi”nə bənzıdir.Meşənin dərin qatlarında bir ayıpəncısini məhv etmək,bütün meşəni məhv etməkdən daha çətindi. Səlcuq Kuleli “Şeyx Şamil” kitabını Qafqazda doğacaq yeni “qartallar”ın imidilə bitirir.Tolstoyun da ayıpəncələri bənzətməsi onu sübüt edir ki,bir insanı buxovlayıb azadlığını əlindən almaq olar,ancaq onun ürəyinə heç cür buxov vurmaq olmaz.Mövlanənin dediyi kimi,insanın ürək azadlığını yalnız ürəyi ona vermiş Allah ala bilər.


***


Lev Tolstoyun dini görüşləri barədə

24 sentyabr 2006: – Deyirlər,Tolstoyun özünün dini görüşü olub.Yəni özünün dini təlimi olub.
Ancaq bir gerçək var ki,əsərlərində heç bir yazıçı Tolstoy qədər dinə toxunmayıb.Yəqin ki,özünün dini təlimi olmasa idi,dinin incəliklərinə bu qədər vaqif olmazdı.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur USTAJ – KEZDIM

Zaur USTAC – şair-publisist.

GƏZDİM

Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
* * *
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
* * *
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

Şeirin müəllifi: Zaur USTAC (Zaur USTAJ)
Ozarbayjon tilidan Jahongir NOMOZOV tarjimasi

KEZDIM

Kezdim Vataning har qarich tuprog‘in,
Har bir tog‘, vodiyda izim bor mening!
Oyog‘im yetmagan baland tog‘larning —
Yuksak cho‘qqisida ko‘zim bor mening!

Yurdim, toliqmayin dashtu tog‘larni,
Kezdim olisdagi chaman-bog‘larni,
Hech qoralamadim xushvaqt chog‘larni,
Buloqlar boshida yuzim bor mening!

Kezdim bu zaminni so‘qmoqma-so‘qmoq,
Kichik bir toshga ham bo‘ldim men qo‘noq.
Har bir gul, chechakning holini so‘rab,
Ko‘ksimga yig‘ilgan so‘zim bor mening!


Tərcümə: Cihangir NOMOZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.


XASİYYƏT RÜSTƏİN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“KAPADOKYA” TOPONİMİNİN AÇILIŞI

KAPADOKYA” TOPONİMİNİN AÇILIŞI

(TÜRKİYƏ ÜÇÜN TARİXİ AÇILIŞ – MÜƏLLİF)Kapadokya (az. Kappadokiya) Türkiyənin Nevşehirinin Çat qəsəbəsinin ətrafinda yerləşən bir bölgədir.Kapadokya bölgəsi qədim və ecazkar bir turistik məkandır.Kapadokya bölgəsinin toponimik mənasını öyrənmək üçün Türkiyədə çap olunmuş elmi mənbələrə istinad etsəm də, heç bir konkret açılışa rast gəlmədim.Türkiyə və qərbin dilçi alimləri “Kapadokya” sözünün qədim persi (iraniska) dilində “Hvaspadakhim” yəni “gözəl atlar ölkəsi” mənasını verən sözdən yarandığını iddia edirlər.Persi dilində Hvaspadakhim “huv-aspa-dahyu” sözlərindəndir.Persi dilində “huv” sözü müasir fars dilində “xub” – “yaxşı, gözəl” (tr.iyi); “aspa” – “əsb” – “at”; “dahyu” müasir fars dilində “deh”, “dəhat” – “kənd, kəndistan” mənasını bildirir.Qədim persi dilində də Türk dilində olduğu kimi “kənd” sözü “böyük mərkəzi şəhər” mənasında işlənmişdir.Qərb və Hind Avropa dillərində “Hvaspadakhim” toponiminin persi dilində qədim formada “Katpatuka” şəklində olması da bir iddiadır.Tarixi və coğrafi mənbələrin heç birində bu ad keçmir.Yerli əhali olan türklər bu bölgənin adını “Pəri bacaları” adlandırırlar.Türkiyə alimləri də bu toponimi türk sözü kimi verməyə çalışmışlar.Bölgədəki daşların üstündə papağabənzər daşları türk dilindəki”kafa” sözündən yaranmasını irəli sürsələr də, tək ”kafa” sözü ilə toponimdə olan səsləri tam əhatə edə bilməmişlər.Türkiyəli dil araşdırmaçısı Ahmet Ardıçın TURKİC RESEARCH səhifəsində “KAPADOKYA YER ADI NIN (TOPONİMİNİN) KÖKENİ VE BU SÖZCÜYÜN ANLAMI” haqqında 23 avqust 2023-cü il tarixdə yazdığı (PDF) məqaləsini diqqətlə oxudum.Müəllif “Kapadokya” toponimi ilə bağlı çox sayda elmi mənbələrdən yetərincə istifadə etmişdir.Alim haqlı olaraq göstərir ki, “Hvaspadakhim” sözü ilə “Kapadokiya” sözündə heç bir səs dəyəri (fonetik dəyər) qətiyyən yoxdur.Müəllif Kapadokya toponimini qədim yunan coğrafiyaçısı e.ə. 4-cü yüzillikdə yaşamış Herodotun, e.ə. 64 və b.e. 24-cü illərində yaşamış Strabonun cografiya xəritələrində Kapadokya toponimi “Cappadocia” şəklində göstərilmişdir.(Map after Ptolemy s Geographia (Burney MS 111 fi 68 r.) by British library)Hətta bu alimlər də “Kapadokya” toponimini tapa bilməmişlər.Onlar bu toponimin nə yunanca, nə slavyanca, nə latınca, nə də persi dillərində olmadığını bildirmişlər. 1420 -ci il trixdə yunanca yazılmış bir başqa xəritə kolleksiyasında da toponim “Cappadocia” şəklində keçmişdir.Araşdırmaçı alim elmi məqalənin sonunda “Biz bu sözcüyün anlamını və kaynağını bilmiyoruz və burada yazdıklarımızın tamamı tahminlerden ibarettir” anlamında bir itirafdır.İndi isə öz araşdırmamı Sizə təqdim edirəm.Dilçilikdə qədim sözlərin köhnəlib sıradan çıxmasını ikiyə bölürlər: arxaizm və tarixizm.Arxaizmdə məfhum qalır, semantika bilinmir.Tarixizmdə isə nə məhfum qalır, nə də semantika.“Kapadokya” sözü arxaizm qrupuna daxildir.Təxminən 2500 ildir ki, bu toponimin açılışı sirli qalmaqda davam edir…Əslində bütün xalqların dillərində yaranmış sözlərin hamısı psixolinqvistikdir.Qədim sözlər ilkin olaraq teofor (tanrısal) olsalar da, sözyaradıcılığı psixolinqvistikanın məhsuludur.Cox təəsüflər olsun ki, leksikanın (sözlərin) öyrənilməsi prosesində bu iki elm qarşılıqlı şəkildə öyrənilmir.Bəzən dilçi alim psixologiyanı, psixolaq alim isə dilçilik elmini dərindən bilmir.Bu hal isə sözlərin fonoloji qaydada öyrənilməsinə maneə yaradır. Latın dilində “Cappadocia” sözünün 1-ci hecası latın dilində arxaikləşmişdir.Məfhum var, semantika bilinmir.”Cabba” sözü Qədim Misirlilərin Qibti dilindən gəlir.Misirlilərin qədim adları “qibtilər” olmuşdur.Eqibet sözü “qibti” sözündəndir.İnancın (totemin) tərifinə görə tayfalar adını inancın adı ilə adlandırırdılar.Qədim Misirdə ”Qəb” – “Torpaq Tanrısı” olmuşdur.Ta qədimdən məlumdur ki, Misir hökmranlığı böyük bir ərazini əhatə edirdi.İndiki Kəbə şəhəri böyük şəhərlərdən biri olmuşdur.Buna səbəb əraziyə meteroidin düşməsi olmuşdur.İbtidai insanlar bu daşın Tanrı tərəfindən onlara gönərildiyinə innaraq bu “qara daşı” – “həcərül əsvəd”i müqəddəsləşdirərək ona bina inşa etmiş və buranı Qəb (Kəb) Tanrısının adı ilə “Kəbə” adlandırmışlar.Bura “Tanrının evi” hesab edilmişdir.Bu gün Həccə gedənlərə “hacı”deyilməsi də “həcər” (qara daşı ziyarət edənlər) sözündən yaranmadır.(nominasiya psixolinqvistikdir)Kəbənin içərisində “müqəddəs daşın” oıması Fironların intibah dövründə dünyanın hər yerində bilinirdi.Məhz Kəbədə daşa itaət olunması qərbdə “kəbə” sözündən yeni nominasiyalar yaratmışdır.Daha doğrusu Fironların dünyaya fironluq etdikləri zamanında.Qərbdə ”Kəbə” sözü “daşa itaət edən, itaətkar, tanrının qulu” kimi semantikadan “cabba” sözünün yaranmasına şərait yaratmışdır.”Kabba” sözü qərb dillərində arxaikləşsə də, rus dilinə vaxtilə daxil olan “kabba – qul” sözü bu gün də rus dilinin lüğətində arxaik söz kimi qalmaqdadır.Əslində qərb dillərində olan “rab” –“qul” sözü də “kabba” sözünün epitetidir.”Ra” da günəş tanrısının adından yaranmadır.Psixolinqvistikdir.Bu gün ingilis dilində işlənən “cabber” – “qoşqu atı, yabı” mənasını bildirir.Bu atların qoşqusunda ağır daşların daşınması səbəbindən bu nominasiya yaranmışdır.”Cabbing” sözünün “taksiçilik, faytonçuluq, arabaçılıq” etmək mənasında işənməsi də “daş daşımaq” mənasından gəlir.Deyirlər ki, qərb mədəniyyətə görə şərqə borcludur.Avropa dillərində işlənən “cabinet” sözü də “otaq” mənasında “Kəbə” sözündən yaranmadır.”Cabin” sözü də “koma, ağacdan tikilmiş daxma” mənası “kəbə” sözündəndir.“Cappadocia” sözünün 1-ci hecası “cappa” latın dilinə mümkün “b-p” fonetik əvəzlənməsi kimi “cabba” sözünün assimlatik formasıdır.Sözün 2-ci hecası “docia” latın dilində olan “docile” – “itaətkar, müti, mömin” sözünün sıxılmış formasıdır.“Docile” sözü “itaət edən, mömin” mənalarında “dox” (doks) kimi də işənmişdir.”Orthodox” sözü teolojidir.Sözün 1-ci hecası “ortho” –“düz” tanrıya məxsus Hor + Theus tanrılarının adından, 2-ci heca isə “docile” – “mömn” mənasını biıdirir.”Ortho” sözü “düz” mənasında “orthoqon” – “düzbcaqlı”, “orthopaedic”- “ayağı düzəldən ayaqqabı”, “orthopaedist” – “sınıqçı, sümüyü düzəldən”, “orthography” – “düzgün yazı qaydası” və s.Rusların özlərini “Provaslav” adlandırmaları da buradandır.Yəni ” Düzgün möminlər”.(Tanrı mömünləri)“Paradox” sözünün “inanılmaz” anlamına gəlməsi “para” sözünün qüsurlu mənasndandır.Yəni “inamsız”.Sözün 3-cü hecası “ia, iya” türk dillərində olan “diyar, vətən, yer” mənasını bildirir.Digər yer adlarında da buna rast gəlinir.Məs: Çexiya, Albaniya, Rumuniya və s.“KAPADOKYA” sözünün orfoepik və orfoqrafik şəkildə müqayisəli – paralelizmlə təhlili göstərir ki, bu məfhumun açılmamasının səbəbi sözdə baş vermiş fonetik hadisələrin düzgün surətdə aparılmamasıdır. Kapadokiya bölgəsinin daş ruhlarla əhatə olunması psixoloji cəhətdən daş bütlərin simvolik təcəssümüdür.Qədim yerli əhali sözsüz ki, bütpərəstlikdən mütləq keçmişlər.Məhz bu səbəbdən də burada yaşayan əhali bütpərəst olmuşlar.Yəqin ki, dilimizdə işlənən “put daş” sözü də daşdan yonulan bütün materialı kimi “büt” sözündən yaranmışdır. “Kabba” sözünü Strabon bizim ərazimizdə olan “Kabbalaka” (indiki Qəbələ rayonu) şəhərinin adında da işlətmişdir.Latın dilində ” kabba” sözü ” pərəstiş edən,Od Tanrısının qulu”, “luce” isə “şüa, parıltı”(oda məxsus) mənasını bildirir.Ruslar “parıltılı ayaqqabıya”- “lak”, günəş şüasına ” luç” deyirlər.Söz latın dilindən keçmədir.Bu sözün də mənası “atəşpərəstlər” deməkdir.Maraqlıdır ki, “Kabbalaka” sözündə “kabba” sözü assimliasiyaya uğramamışdır.Bunun səbəbi Strabon xəritəni hazırlayan zaman bu adı latın dilində nominativləşdirib, orfoqrafikləşdirmişdir.Kapadokya yazı olmayan dövrdə adlanmış və bu səbəbdən də söz “cappa” kimi orfoepikləşmişdir.Nəticə olaraq demək mümkündür ki, Türkiyədəki “KAPADOKYA” toponiminin mənası “DAŞ BÜTLƏRƏ SƏCDƏ EDƏNLƏRIN DİYARI” mənasını bildirir.Sözün mənası tam və mütləq (absolute) şəkildə özünü doğrultmuşdur.P.S.Mən bu yazını çox uğurlu hesab edirəm.Türklərə etdiyim bu hədiyyə mənə qürur gətiir və bu anda özümü xoşbəxt sanıram.Təşəkkür edirəm.

DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu təbrik edir

“Modern. az-ı” ölkəyə tanıtdıran ADAM…

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub, boya-başa çatıb. Hərbi xidməti başa vurandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun idarəetmə fakültəsini bitirib. Jurnalistlik fəaliyyətinə 1998-ci ildə “Elita” qəzetində başlayıb. 2000-ci ildən sonra “Bu gün”, “Yeni yüzil”, “Xalq Cəbhəsi”, “Cümhuriyyət”, “Üç nöqtə”, “Xəzər” qəzetlərində çalışıb. 2009-ci ildən Modern.az saytının redaktorudur…

Deyir ki:- “Ötən əsrin 90-cı illərin ortalarında Azərbaycanda yeni müstəqil media orqanları yaranırdı. Mənim də yazı-pozuya həvəsim vardı. Əksər tələbələr kimi maddi sıxıntılarım olsa da, hər gün qəzet oxumadan keçinə bilmirdim. Oxuduğum Politologiya İnstitutunun tələbələri arasında o zaman ictimai-siyasi proseslərdə aktiv iştirak edənlər, mətbuat sahəsində çalışanlar çox idi. Mütamadi qəzet oxucusu kimi, mən də tələbə yoldaşlarımın vasitəsilə məqalələrimi ara-sıra mətbuat orqanlarında dərc etdirirdim.”

Tələbəlik illəri çətin olur. O da təhsil almaqla yanaşı müxtəlif işlərdə çalışıb. Hətta tələbə olarkən müəllimliyə də işə düzəlib və bir il ərzində orta məktəbdə, sonra da internatda dərs deyib. Yaxşı müəllim kimi etimad qazansa da, görüb ki, müəllimlik onluq deyil, dərs deməyə hövsələsi çatmır və mətbuata üz tutub…

“O zaman institutumuzdan mediaya bir axın var idi. Mən də qəzetlərdə iş axtaranda dostlardan biri çalışdığı “Elita” qəzetinə dəvət etdi. Onda həftəlik “Elita” ictimai-siyasi qəzet kimi az-çox tanınırdı. Başladım orada sosial yazar olaraq çalışmağa. Sonralar müxtəlif səbəblərdən bir neçə dəfə iş yerimi dəyişdim. Beləcə artıq 26 ildir bu sahədəyəm. Arada ixtisasıma uyğun başqa işlər də çıxdı, amma nədənsə jurnalistikada ilişib qaldım…”- söyləyir.

Çox keçmir ki, bu işə olan sevgisi onu mükəmməl media işçisinə çevirir. Tezliklə ölkədə tanınan sayt rəhbərlərindən biri olur…

Deyir ki:- “Çətinliklər həmişə, hər yerdə olur. Onlayn saytın işi elədir ki, daim gərgin rejimdə çalışmalı olursan, o da ki ola redaktorun işi. Oxucu xəbər, müsahibə, reportaj gözləyir. Bunu təmin etmək lazımdır. Modern.az “copy paste jurnalistikası” ilə məşğul deyil. Biz informasiya istehsal edirik, çalışırıq ki, oxucuya, hamının verdiyi gündəm xəbərləri ilə yanaşı, ondan da çox özəl materiallar təqdim edək. Bütün günü arı kimi işləməlisən. Modern.az fəaliyyətə başlayanda burada əsas iş mənim üzərimdə qurulmuşdu. Məndən mövzuların seçimi, materialları redaktə etmək, korrekturasına fikir vermək, sayta yerləşdirmək, şəkilləri yükləmək, eyni zamanda bunlarla yanaşı, həm də arada vaxt edib yazı yazmaq, operativliyi gözləmək, gündəmi əhatə etmək tələb olunurdu. İlk vaxtlar eyni vaxtda bir neçə işi yerinə yetirmək, sözsüz ki, zor idi. Amma saytı populyarlaşdırmaq üçün yığcam kollektivlə bu çətinliklərə dözməli olduq. Bu gərginlik indi də qalır. 2009-cu ilin sentyabrından Modern.az fəaliyyətə başlayıb, o vaxtdan indiyədək vaxt tapıb iki gün dalbadal dincələ bilməmişəm. Hətta bayramlarda da əməkdaşlarımız istirahətə gedəndə saytın işinə əsas cavabdeh kimi, mən həmin vaxtlarda, eyni zamanda bazar günlərində də işləməli oluram. Əvvəllər çalışdığım redaksiyalarda da bilirlər, xarakterim elədir ki, nə vaxtsa “xaltura” etməyə çalışmıram, işə məsuliyyətlə yanaşıram.”

Mehriban adamdır. Rəhbərlik etdiyi kollektivdə böyük hörmət qaznıb. Müəlliflərlə ünsiyyətdə çox ciddidir…

“Xeyli kənar müəllif saytımızla əməkdaşlıq edir, onların arasında jurnalistlər də var, mətbuatdan uzaq olan şəxslər də. Məsələn, deputatlar, QHT sədrləri də bəzən bizdə yazılar yazırlar. Əlbəttə, hamı qonorar üçün yazmır. Onlarla dil tapmaq vacibdir. Amma mənim işim həmin müəlliflərin yazılarına baxmaqdan, yeri gələndə redaktə etməkdən ibarətdir. İmza bolluğu var ki, bəzən müəllifin yazılarından imtina etməli oluruq. Məsələn, müxtəlif siyasi baxışlara malik kənar müəlliflər bəzən elə yazılar göndərib, saytda verilməsini xahiş edirlər ki, baxırsan onun məqaləsində ya hansısa iqtidar, ya da müxalifət funksioneri ilə bağlı təhqir elementləri var. Belə yazılar, jurnalistlərdən də, deputatlardan da, deputat köməkçilərindən də, QHT sədrlərindən də daxil olub. Amma biz onları ya redaktə etmişik, ya da verməmişik.”- söyləyir.

İşin çoxluğundan, vaxtın azlığından xeyli zamandır ki, müəllifi olduğu yazılar saytda görünmür. Niyə arada sən də köşə yazıları yazmırsan ki, imzan itib-batmasın- deyə ona irad tutanlar da olur…

Deyir ki:- “İnternet mediasında redaktor olmaq dayanmadan o qədər işləmək deməkdir ki… Ən müxtəlif mövzularda, müxtəlif üslublarda yazılmış məqalələri, bəzən də qarmaqarışıq xəbərləri redaktə etmək, press-relizləri “-mışdır; – müşdür” sonluqlarından təmizləmək, gündəmdən geri qalmamaq üçün digər elektron KİV-ləri izləmək yaradıcılığa mane olan şiddətli yorğunluq gətirir. Bir sözlə, çalışırıq ki, oxuculara xəbər, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edək, gündəmi əhatə edək. Kənardan elə cəlbedici informasiyalar daxil olur ki, amma onları mötəbərliyinə inandığımız mənbəylə dəqiqləşdirmədən dərhal yazıb sayta yerləşdirmirik ki, bizi də mötəbər mənbə hesab edənləri xəyal qırıqlığına uğratmayaq.”

Bəli, Modern. az saytı bu gün ölkənin ən aparıcı media layihələrindən, lider saytlardan biridir. Və bu liderliyi Modern az-a haqqında söhbət açdığım Əfan Qafarlı gətirib,onu ölkəyə tanıtdırıb…

Bu günlərdə Əfqan Qafarlının növbəti ad günü olacaq. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!

Əfqan Qafarlının yazıları

Hörmətlə: Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ruhum təbəliyi özü üstənib

ÜLYAHƏZRƏT
Könül sarayımın sultanı sənsən,
Qəlbimdə qurduğun taxtın mübarək!
Ruhum təbəəliyi özü üstənib,
Biətin mübarək, andın mübarək!
* * *
Zaman neçə kərə dayandı, durdu,
Adi təbəssümün bir dünya qurdu,
Baxışın isitdi viranə yurdu,
Ocağın mübarək, odun mübarək!
* * *
Sözdən ilmə – ilmə toxunub tacın,
Nəyim var, nəyim yox qoy olsun bacın,
Bu yolda qurbanlıq özü Ustacın
Məqamın mübarək, adın mübarək!

Şeirin müəllifi: Zaur USTAC

Səsləndirdi: Asif Baba

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Konstitusiya Günü haqqında rəsmi sənəd, Azərbaycan Respublikasının Konstitusiyası, fotolar, məqalələr, Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi sərgidə isə Azərbaycan Respublikasının Konstitusiyası, Konstitusiya hüququ, tarixi, Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/12-noyabr—konstitusiya-gunu

Azərbaycan Milli Kitabxanası

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zülfüqar Rüfətoğlu haqqında

Öncə söz vardı…” rubrikası
25-ci hissə

Zülfüqar Rüfətoğlu

OXUNMAYAN BİR NƏĞMƏ

Zülfüqar Rüfətoğlu – şair, ssenarist, jurnalist, publisist, “Qızıl qələm” mükafatçısı

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə ithaf edirəm)

Hirslənmə, lap uzun yaşayaq getsin,
Qalmasın bir arzun yaşayaq getsin,
Qoy olsun bu şeir başayaq getsin.
(Z.Rüfətoğlu)

Nə vaxtsa şair Zülfüqar Rüfətoğlunun bu misralarını oxuyanda güman etmişdim ki, bəlkə onun dürlü-dürlü şeirlərinin gücü çatacaq ki, bir zərblə ölümü başayaq eləsin.Şeirin, ədəbiyyatın indiyə kimi nəyə və kimə gücü çatmayıb ki?! Zülfüqar Rüfətoğlunun ölüm xəbəri məni sarsıdanda ilk əlimi atdığım pənah yeri müəllifin bu misraları oldu.
O mübhəm suala cavab verməyə tələsmədim, indi də tələsmirəm.Zülfüqar kişinin o mübarək adının hər zərbəyə gücü yetəcəyi hissi içimi çoxdan çulğayıb.Mən bilən, İmam Əlinin (əs) məşhur qılıncının adını daşıyanın əlbəttə ki, sözü də qılınc kimi kəsərli olmalıdır.Elə də var!
Ondan başlayım ki, Zülfüqar Rüfətoğlu çocuq yaddaşımda lətif, həzin sevgi şeirlərinin müəllifi kimi qalıb.Ona görə də Zülfüqar Rüfətoğlu publisist, jurnalist, ssenarist kimliyindən öncə mənim üçün şairdir.
-Özü də necə şair!

İllər keçdi biz varmadıq fərqinə,
Yarpaq-yarpaq düşdü ömrün illəri.
Səadət də mindi vaxtın tərkinə,
Dəli kimi qamçıladıq yelləri.

Bu sevdadan dad almadıq, dad oldu,
Səni sevdim, qohum-qardaş yad oldu.
Bu sevgimiz ad üstünə ad oldu,
Nə qınarsan ad eləyən elləri?

Mənə soyuq özgələrə istisən,
Kimsə bilməz, sən ocaqsız tüstüsən.
Saxlayarsan axan seli istəsən,
Hünərin var, saxla yaman dilləri.

Yaz dumanı bar gətirər, çən deyil,
Bahar – gənclik, ömür hələ tən deyil.
Şabalıdı saçlarında dən deyil,
Vaxtsız açıb şabalıdın gülləri.

Zülfüqar Rüfətoğlu şairlik təbindən çox, şair, ictimai-siyasi xadim olan Zülfüqar Əhmədzadənin adından pay almışdı.Üstəgəl yazıçı, şair atası Rüfət Əhmədzadənin ağrılı-acılı uşaqlıq illəri sonrakı yaradıcılıq ironiyası ilə qovuşanda bir tufan olacaqdı. Bütün bu yaradıcı mühitin ahənrüba kimi nəvə Zülfüqarı özünə çəkməsi tam təbii idi.
Ərz edim ki, biz uşaq ikən yazıçı-dramaturq, satirik şair Rüfət Əhmədzadənin əsərlərinə televiziyada tez-tez rast gələridk.Elə gənc Zülfüqarın da şeirlərinə bizim nəslin uşaqları geninə-boluna aşina idi.Bir də həmin kövrək şeirlər radio dalğalarından o çağın ustad qiraətçilərin həlim ifalarında duyulmazmı?!
-Bəh-bəh!
-“Yaşasın poeziya!” Əsl hayqırılası mənzərədir.
Zülfüqar da hayqırardı. İki sahilin balası kimi
“Biri Bakı, biri Təbriz” deyəcəkdi:

Deyilməyən bir nəğməyəm,
Ötsəm də yarı qalası.
Açılmayan bir kitabam,
Oxusan gözün dolası.

Bir yuxuyam yozulmayan,
Bir düyünəm çözülməyən.
Bir şeirəm yazılmayan,
Səsim Təbrizdən gələsi.

Nəğmə deməm yara-yaza,
Anamı qəm üzə-üzə.
Nə qədər baxsın Araza,
İki sahilin balası.

Səsi Təbrizdən gələsi idi, dəyişdi çərxi-gərdun, uzaq Londondan gəldi.İki sahilin balası daha da böyüdü, tək Azərbaycanda yox, ölkədən kənarda da tanındı.Tərcüməçiliyi, jurnalistliyi hərdaim şairliyi ilə yarışa girdi.Bu yarışma şairin özü ilə yarışması sayıla bilərdi ki, belə yarışmaların da qalibi nə şair Zülfüqar olur, nə jurnalist Zülfüqar.Belə yarışmanın qalibi oxucudur, auditoriyadır.Həmin auditoriyanın lütfü idi ki, tez zamanda “Qızıl qələm” mükafatına layiq görüldü Zülfüqar bəy. “Röyter” agentliyindən dəvət almağı ilə BBC Azərbaycan xidmətində çalışmağı karyera yüksəlişində ard-arda sıralandı.
-Yenə yarış?
-Yenə rəqabət?
-Bəli.
Təkcə Vətən onun üçün keçilməz bir qala idi.
Təkcə Qarabağ onun üçün bir sevda idi. Qarabağ savaşından silsilə radiooçerklər hazırlaması qəlbini göyüm-göyüm göynədirdi.Daha doğrusu, içdən göynəmədən o oçerkləri hazırlamaq mümkün deyildi.Hələ-hələ o yerləri gedib gözləri ilə görmək necə bir səadət idisə, o qədər də böyük müsibət idi. Elə çox illər öncə Şuşa yağı tapdağı altında olanda bu misraları qələmə alan Zülfüqar Rüfətoğlu idi.Elə Şuşa üçün ağlayanda,
Şuşa üçün ağrıyanda dadına bu misralar gələrmiş.Daha doğrusu, öncə “Google” yetişirdi imdadına.”Barı xəritədə də olsa, gedim dayanım Şuşanın düz ortasında” – deyirdi.

Hər gün Şuşaya gedirəm,
Google-un xəritəsində.
Gözlərimlə dayanıram
Düz Şuşanın ortasında…

Qərib London gecələrində isə təkcə Şuşa üçün yox, anası üçün də qəribsəyirdi.Qəribsəyəndə tanış qaranlıqlarda, bir siqaret tüstüsündə itməyi də bacarırdı.Daha qürbət də Vətənləşmişdi Zülfüqar üçün, daha Liverpulla Bakının, Kent ilə Yasamalın fərqi də aradan qalxmaqda idi.Sən demə, uzun müddət insan yad məmləkətdə yaşayanda onda qəribliyə qarşı immunitet də yaranır.


Ancaq biz mütləq maraqlanırdıq onun səhhəti ilə. Ara-sıra Vətənə gələndə qardaşı Rəşad bəyin həyat yoldaşı Səidə xanımdan şairin sağlamlığı ilə bağlı məlumatlar alırdım.Müəllifi olduğum “Sətirlər” verilişinin bir buraxılışını bir neçə dəfə onun yaradıcılığına həsr etmək istəsək də, gah Londonda olduğunan, gah da başqa səbəblərdən bu niyyətimiz alınmırdı.Redaktorum Azər Qismət də hər dəfə deyirdi:
“Zülfüqar müəllim Bakıdadır, mütləq çəkək, Turan” Təəssüf ki, olmadı, ancaq Zülfüqar Rüfətoğlunun şeirlərini “Sətirlər”- in “Nobel mükafatçıları” rubrikasında İsveç yazıçısı Pyer Laqerkvist haqqında hazırladığımz verilişdə verməyə nail olduq.
Bu azmış kimi bütöv verilişin süjetini şairin “Gecəyarı qapılar döyməyin” şeirinin motivləri üzərində qurdum.

Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır,
Oğul var ki, başa çatıb xidməti.

Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ.
Bu dünyadır, vallah-billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq.

Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!” – deyən var.
Gecəyarı evinizə tələsin,
-Bəlkə sizin qapınızı döyən var.

Şadam ki, mən də şairin şeirlərini dəfələrlə demişəm.Gərək indən belə şairlə bağlı ən böyük təsəllim bu olsun! Bir də söylədiyim şeirlərin şərh bölümündə qoyduğu “ürək” işarəsi.Vaxt qonaq, bivaxt qonaq, haçansa gecəyarı qapılarımızın döyüləcəyi və şair Zülfüqar Rüfətoğlunun bir nəğmə qanadında gələcəyi ümidi ilə…
Çünki oxunmayan bir nəğmə idi,
Zülfüqar Rüfətoğlu, səsi Təbrizdən gələsi.

Turan Uğur
09 noyabr, 2024-cü il,
Novxanı

Turan Uğurun yazıları

Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru