Biz öyrənirdik: “müəlliminə kəc baxanın gözlərinə qan damar,damar”, Biz öyrənirdik “mənə bir hərf öyrədənin 40 il qulu olaram” Bəs indi uşaqlar nə öyrənir??? MÜƏLLİMƏ QALDIRILAN ƏL – CƏMİYYƏTƏ QALDIRILAN SİLAHDIR Bu gün təhsil ocağında bir müəllimin şagird tərəfindən güllələnməsi təkcə bir cinayət hadisəsi deyil. Bu, cəmiyyət olaraq gəlib çatdığımız təhlükəli nöqtənin açıq və acı göstəricisidir. Müəllim bilik verən, yol göstərən, tərbiyə edən insandır. Müəllimin üzərinə silah qaldırılırsa, deməli artıq sözün, tərbiyənin, dəyərin çəkisi cəmiyyətdə itib. Bu hadisə tək bir şagirdin problemi deyil. Bu, ailənin, məktəbin, sistemin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir. Bu gün uşaqların böyük bir hissəsi vaxtının əksər hissəsini zorakılıq dolu oyunlara sərf edir. Qan, ölüm, müharibə onların şüuraltısında adiləşir, reallıqla xəyal arasındakı sərhədlər itir. Silah artıq qorxu yox, oyun alətinə çevrilir. Bu halda həmin silahın müəllimə yox, istənilən sinif yoldaşına tuşlanması da mümkün idi. Bəli, gülləni atan 10-cu sinif şagirdi hüquqi baxımdan günahkardır və etdiyi əmələ görə cavab verməlidir. Amma bu suallar cavabsız qala bilməz: -O silah onun əlinə necə keçdi? -Müəllim niyə bu qədər müdafiəsiz qaldı?
Niyə bu gün müəllim intizam yaratmaqdan qorxur? Müəllimi susduran sistem sabah cəmiyyəti də susduracaq. Müəllimin nüfuzu qorunmursa, məktəb təhlükəsiz deyilsə, təhsildən danışmaq sadəcə formal söz yığınına çevrilir. Biz açıq deməliyik: Müəllim toxunulmazdır. Məktəb zorakılıq yeri ola bilməz. Silahın yeri nə evdədir, nə də məktəbdə. Bir təhsil mərkəzinin rəhbəri olaraq acı bir reallığı da demək məcburiyyətindəyəm. Bu gün valideynlərin bir qismi deyir: “Övladımdan dərs tələb etməyin, amma nəticə istəyirəm.” Müəllim nə etsin? Tələb etmədən nəticə, intizam yaratmadan uğur mümkündürmü? Biz hansı yolu seçirik? Uşaqların ruhunu zəhərləyən, dəyərləri aşındıran qərb modelinimi, yoxsa cəhalət və zorakılıqla böyüdülən cəmiyyətimi? Xeyr. Biz biz olmalıyıq. Öz milli-mənəvi dəyərlərimizi qorumaq məcburiyyətindəyik. Məktəblərdə psixoloqlar, pedaqoqlar aktiv işləməlidir. Valideynlər isə bu gün övladlarının əlinə verdikləri internetin necə istifadə olunacağını öyrətməlidir. Onları yalnız qınamaq da doğru deyil. Çünki bu valideynlər özləri internetsiz uşaqlıq yaşamış ilk nəsildir və çoxu bu mühitin təhlükələrini tanımır. Mənim təhsil mərkəzim avtobus dayanacağının yanındadır. Uşaqlar məktəbdən qaçıb orada ya siqaret çəkir, ya qəlyan çəkir, ya da zorakılıq dolu oyunlar oynayır. Dəfələrlə onlarla söhbət etmişəm, valideynlərini mərkəzə dəvət etmişəm, psixoloqla görüşdürmüşəm. Bəlkə dəyişiklik olar, bəlkə cəmiyyətə sağlam fərdlər qazandıra bilərəm deyə əlimdən gələni etmişəm. Amma təəssüf ki, bir çox valideyn bu səylərə biganə qalır. Bu hadisəni “fərdi hal” adlandırıb keçmək olmaz. Əks halda, sabah daha ağır faciələrin şahidi olacağıq. Müəllimi qorumaq – gələcəyi qorumaqdır. Susmaq çıxış yolu deyil.
“AZƏRBAYCAN ƏDƏBİ DÜŞÜNCƏSİNİN ESTETİK-FƏLSƏFİ PANORAMI VƏ NƏSİLLƏRARASI DİALOQ”
O, bütün ruhuyla, qəlbiylə, yazdıqlarıyla mənsub olduğu tüŕk soyunun övladıdır. Ortaq Türk mədəniyyəti abidələrindən gələn ən yaxşı milli-mənəvi keyfiyyətləri Cahangir Namazovun yaradıcılığında, dünyagörüşündə müşahidə etmək mümkündür. Azərbaycan yazıçıları, elm adamları ilə ədəbi söhbətlərdən ibarət müsahibələr kitabı da onun Türk sevgisi sayəsində ərsəyə gəlib. İki Türk soylu xalqın, özbək-Azərbaycan qardaşlığının möhkəmlənməsində bu kimi layihələrin önəmini yaxşı dərk edən gənc şair müsahibə aldığı ədiblərin düşüncələrini yalnız Azərbaycanda, Özbəkistanda deyil, müxtəlif ölkələrin mətbuatında oxuculara təqdim edib. Bununla da ortaq tarixi keçmişə malik xalqların mədəniyyətinin, ədəbiyyatının heç vaxt bir-birindən qopmadığını, daim qarşılıqlı əlaqədə inkişaf etdiyini, bir-birini zənginləşdirdiyini şüurlara həkk etmək kimi mühüm missiyanı yerinə yetirib. Kitabda Azərbaycan poeziyasının, nəsrinin ustad şair və yazıçılarından gənc qələm sahiblərinə qədər müxtəlif ədəbi nəsillərin söz sənətinə, ədəbiyyata münasibəti ilə qarşılaşırıq. Toplu, əslində, Azərbaycan ədəbiyyatının son yarım əsrdə keçdiyi yolun canlı xəritəsidir. Burada hər bir yazarın konkret suallara verdiyi cavablar yalnız onun şəxsi yaradıcılıq fəlsəfəsini deyil, həm də ədəbi prosesin gedişatını, elmi-mədəni dəyişimi, ədəbi mühitin spesifikasını, mövcud problemlərini açıb göstərir. Cahangir Namazovun “Azərbaycan yazarları belə deyir…” kitabı müasir Azərbaycan ədəbiyyatının polifonizmini, yeni estetik axtarışlarını və müxtəlif nəsilləri tənsil edən yazıçı və ədəbiyyatşünasların dünya intellektində mövqelərini idraka yönələn unikal bir mənbədir. Kitab yalnız ayrı-ayrı müəlliflərlə aparılmış söhbətlərin, dialoqların toplusu deyiı, eyni zamanda, ədəbiyyatın bugünkü durumunu müəlliflərin öz dili ilə şərh edən milli ədəbi şüurun bədii-elmi panoramıdır. Müsahibələrdə təqdim olunan fikirlər poetik təcrübə, estetik dünyagörüş, ictimai-mədəni kontekst baxımından müasir Azərbaycan ədəbiyyatının makro mənzərəsini formalaşdırmağa imkan verir. Həmin mənzərəni sistemli şəkildə dərk etmək, müxtəlif nəsillərə mənsub yazarların ədəbiyyat, söz, poetik yaddaş, zaman və cəmiyyət haqqında düşüncələrinin fəlsəfəsini anlamaq üçün kitabdakı hər bir müsahibənin önəmli yeri vardır. Mükalimə mətnlərinin məntiqindən doğan ardıcıllıqla müasir milli ədəbi inkişafın çoxəsrlik ənənə üzərində yüksəlişini mərhələ-mərhələ izləmək mümkündür. Cahangir Namazovun həmsöhbətləri poetik sözün mahiyyətini klassiklərdən müasirlərə keçid kontekstində dəyərləndirən, ədəbi nəsillər arasındakı varislik əlaqəsini yaşadan, ənənəyə bağlı, eyni zamanda düşüncə tərzi daim yeniliklərə açıq olan söz sahibləridir. Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Seyran Səxavət, Firuzə Məmmədli, Rüstəm Behrudi, Rəşad Məcid, Səlim Babullaoğlu, Varis Yolçuyev, Əkbər Qoşalı, Əsəd Cahangir, Almaz Ülvi, Təranə Turan Rəhimli və b. ilə aparılan hər bir müsahibənin ayrıca bir fəlsəfəsi, ədəbi düşüncə kodu var. “Əsl poetik sözün heç bir səsə, pafosa ehtiyacı yoxdur.” Ramiz Rövşənin bu fikri toplunun poetik başlanğıc nöqtəsi kimi görünür, həm klassik Azərbaycan poeziyasında lakonizmə üstünlük vermə ənənəsini, həm də çağdaş poetik düşüncədə sadəliyin dərinliklə birbaşa əlaqəsini göstərir. Şairin sözə özünəməxsus münasibəti kitabın ümumi ruhunu müəyyənləşdirir, ədəbiyyatın əsas ölçüsü səs-küy yox, iç səsdir, daxili həqiqətdir məntiqini ehtiva edir. Bu fikir həm klassik Azərbaycan şeirinin ənənəsini (sözün iç yükü və gizli enerjisi), həm də müasir minimalist poeziyanın estetikasını xatırladır. Həmin konsepsiya Azərbaycan poeziyasında sadəlik–dərinlik, sakitlik–səda dualizminin əsas ifadələrindən biri kimi digər müsahibələrdə də dolayısı ilə davam edir, sözün gücünün formal pafosda deyil, onun daxili qatında, iç intonasiya, mənəvi situasiyada olduğunu şərtləndirir. Poeziyada etdikləri ilə zamana, sovet siyasi rejiminə, ideologiyanın təsirindən doğan sxematizmə meydan oxuyan Ramiz Rövşənin suallardan birinə Musa Yaqub sayağı “Eləmədikləırim yandırır məni” cavabı isə oxucunu dərin düşüncələrlə baş-başa buraxır. Sabir Rüstəmxanlı ilə söhbət daha çox ədəbiyyatın milli özünüdərk prosesində rolu haqqında düşüncələrlə diqqəti çəkir. Şairin fikrincə, “Vətənə, millətə məcnun sevgisi” yaradıcılığın əsas şərtidir. Bu baxış Azərbaycan ədəbiyyatında köklü tarixə malik milli-romantik estetik xəttin müasir dövrdə də aktuallığını göstərir, həmçinin sonrakı müsahibələrin bir çoxunda yer alan milli kimlik və mədəni yaddaş məsələsini daha da qüvvətləndirir. Şair vurğulayır ki, “yüzillər boyu Azərbaycan türklərinin milli varlığı, dili, tarix yaddaşı, mübarizə əzmi, bütövləşmə və azadlıq eşqi, gücünə, müstəqil yaşamaq qabiliyyətinə inamı, mənəvi dəyərləri məhz ədəbiyyatın, yazılı və ya şifahi bədii sözün sayəsində qorunmuşdur.” Sabir Rüstəmxanlı müxtəlif əsrlərdə fars, rus, ərəb işğalçı siyasətinin xalqı öz Azərbaycan-türk kökündən qopara, ayıra bilməməsini ədəbiyyatın fövqəladə gücü ilə izah edir. Şairin “Ədəbiyyat hakimdir. Hətta hakimlərin də, dövlətin də hakimidir” qənaəti söz sənətinin hər zaman bütün siyasətlərdən daha üstün və böyük siyasət olduğunu xatırladır. Kitabda yaradıcı prosesin psixologiyasına baxış kimi Seyran Səxavətin ekzistensial düşüncələri diqqəti cəlb edir. Yazıçı yaradıcılığın mexaniki yox, psixoloji-fəlsəfi proses olduğunu vurğulayır. Onun fikrincə, “Yazmaq özü intizamsızlığın ən yüksək formasıdır.” Bu bir cümlə belə Azərbaycan ədəbiyyatında müəllif–mətn münasibətinin fərdi və qeyri-normativ xarakterini çox dəqiq ifadə edir. Seyran Səxavətə görə, bəşəriyyətin yüzdə bir faizi belə yazmaqla məşğul deyilsə, bu artıq yazıçının fərqli biri olduğu deməkdir. O, yaradıcılığın mexaniki vərdişə çevrildiyi zaman mahiyyətini itirdiyini bildirir, yazı-pozu adamının öz ritmini özünün qurduğuna inanır. Bununla da, istedadı müxtəlif intizam çərçivlərinə sığdırmağa ciddi etirazını bildirir. Seyran Səxavətlə söhbət kitabda yaradıcı psixologiyaya dair dərin məzmunlu müsahibə kimi müasir ədəbiyyatın fərdiyyətçi mahiyyətinə işıq salır. Estetik emosionallıq və qadın poetikası baxımından kitabda Firuzə Məmmədlinin sənətkar mövqeyi maraq doğurur. Şair bütünlükdə öz yaradıcılıq yolunu “fədakarlıq”la eyniləşdirir və poeziyasının duyğusal mahiyyətinə diqqət çəkir. Onun “ocaqdakı közün də, varaqdakı sözün də dərdinə yanmaq” barədə düşüncəsi poeziyanı daxili yanğın, mənəvi həssaslıq və emosional intellekt kimi izah edir. Bu yanaşma qadın poeziyasında duyğunun yaradıcı enerjinin əsas elementi olduğunu əsaslandırır. Firuzə Məmmədli öz şairlik təcrübəsindən bəhs edərkən həyatla sənəti bir-birindən ayırmır, “həyatımın özü fədakarlıq deyiminə ekvivalentdir” deyir. Bu fikir onun poetik dünyasının mahiyyətini anlamaq üçün açar rolunu oynayır. Firuzə Məmmədli üçün şeir yalnız misraların mükəmməlliyi, tamlığı deyil, mənəvi gücün, səbrin, insana həssaslığın abidəsidir, insanın iç dünyasından qopan, emosional müşahidə ilə intellektual duyumu birləşdirən bir prosesdir. Empatiyanı və şəfqəti şair təbiətinin ayrılmaz cəhəti kimi dəyərləndirən Firuzə Məmmədli qadın hissiyyatının estetikasını, duyğunu fəlsəfi dəyərləndirmənin mərkəzi obyektinə çevirir. Söz dünyasında elegik ovqatı və müdriklik tonu ön plana çıxan şairin poetikası Azərbaycan qadın şeirinin ən zərif xəttini – sözün sükuta bürünmüş emosional yükünü daşıyır. Kamil Əfsəroğlunun ədəbi düşüncəsinin təməlində keçmişə bugünün gözü ilə baxmaq ideyası dayanır: “Keçmiş hadisələrə bugünün gözü ilə qiymət vermək lazımdır” fikri müəllifin tarixi determinist bir məfhuma çevirmədiyini, əksinə, onu daim yenidən oxunan, dəyişən və hər dövrdə yeni mənalar qazanan hadisələr məcmusu kimi dərk etdiyini göstərir. Kamil Əfsəroğlu üçün tarix sabit deyil; yazıçı isə onun içində həqiqəti axtaran səyyahdır. O, gerçəklə həqiqətə münasibətində yazıçını faktın özündən çox, həmin faktın mənəvi qatının maraqlandırdığını vurğulayır. Yazıçı üçün gerçək rast gəlinən hadisədirsə, həqiqət insanın iç dünyasında formalaşan dəyərdir. Bu baxış ədəbiyyatın və tarixin kəsişdiyi nöqtədə hermenevtik bir mövqe yaradır: yazıçıya yalnız baş verənləri deyil, həmin baş verənlərin insan taleyində buraxdığı izləri göstərmək vəzifəsi verilir. Müxtəlif dövrlər arasında dialoq yaratmağın yazıçının məsuliyyətinə daxil olduğunu vurğulayan Kamil Əfsəroğlu zamanı yalnız axıcı bir mexanizm kimi deyil, ədəbi dərk prosesini qidalandıran bir kontekst kimi qiymətləndirir. Onun bədii idrakın fəlsəfəsinə yönələn fikirləri göstərir ki, müasir Azərbaycan nəsri tədricən tarixlə dialoqa girən, zamana hermenevtik baxışla yanaşan, faktı yox, mənanı öyrənən intellektual xəttə yönəlir. Rüstəm Behrudi ilə müsahibə kitabın ən ideoloji yüklü, türkçülük, milli özünüdərk və tarixi yaddaş üzərində qurulan söhbətlərindən biridir. O, poeziyanı milli ağrının “nəfəsi” kimi təqdim edir: “Mənim şeirlərimdə xalqın ağrısı təkcə söz deyil, nəfəsdir. Vətənin yarası şairin ürəyində qan kimi döyünür…” Bu düşüncə Behrudinin poetik dünyagörüşünün əsasını – xalq ağrısının ümummilli taledən fərdi ruha süzülməsi prinsipini göstərir. Onun Vətən, kimlik, tarix barədə dedikləri Azərbaycan poeziyasında fəlsəfi-vətənpərvərlik ənənəsinin davamı kimi çıxış edir. Behrudi ədəbiyyatın tarixi missiyasına da diqqəti çəkir: “Ədalətsizlik mənim yol yoldaşım olub… Kim sözünü düz deyirsə, qarşısında divar görəcək.” Burada o, ədəbiyyatın sosial mübarizə funksiyasına toxunur. Səbir “lal fəryad”, “içində üsyan olan səssizlikdir” deyimləri isə poeziyanı həm də ruhani güc kimi görən şairin görüşlərindəki təsəvvüf qatına işarə edir. Sözün sosial funksiyası Rəşad Məcidin tədqiq xarakterli mülahizələrində xüsusilə diqqəti çəkir. “Sözün şəfası da, qüdrəti də qarşı tərəfin söz sahibinə nə qədər inandığına bağlıdır.” Sözün mənəvi və sosial gücünü vurğulayan bu fikirlər ədəbiyyatın cəmiyyətdəki performativ rolunu açıqlayır, sözü yalnız estetik vasitə deyil, həm də psixososial təsir mexanizm kimi dəyərləndirir. Konseptual məzmun daşıyan, ədəbiyyatın ictimai şüuru formalaşdıran gücünə, sosial-tarixi funksiyasına toxunan bu müsahibədə şeirə, bədii mətnə münasibət ədəbi fəlsəfə ilə publisistik məsuliyyətin sintezindən qaynaqlanır. Rəşad Məcid sözün mahiyyətini təkcə estetik kateqoriya kimi deyil, mənəvi və sosial güc kimi, cəmiyyətin psixoloji və mənəvi durumuna təsir edən dinamika kimi dəyərləndirir. Kitabda hər bir yazıçının, tədqiqatçının ədəbiyyata, söz sənətinə özünəməxsus münasibəti məzmun rəngarəngliyi yaratmaqla yanaşı, ədəbiyyatın fərqli inkişaf məsələlərinin izahını verir. Səlim Babullaoğlunun Azərbaycan ədəbiyyatının ümumtürk kontekstində yeri ilə bağlı dəyərləndirməsi poeziyamızın sözügedən poetik sistemdə ən zərif və dərin qat olduğunu nəzərə çatdırır, Bu dəyərləndirmə milli poeziyanın tarixi-poetik gücünü və ədəbi liderlik ənənəsini təsdiqləyən elmi baxışa əsaslanır. Varis Yolçuyevin konsepti müharibə yaddaşı və bədii idrak məsələsi üzərində dayanır, müharibə mövzusunu Azərbaycan ədəbiyyatının aparıcı xəttlərindən biri kimi izah edir. O, Aristotelin “ədəbiyyat tarixi tarixin özündən yaxşı yaşadır” fikrini əsas götürərək Qarabağ müharibəsinin bədii yaddaş yaratdığını vurğulayır: “Bu mövzuda çoxlu romanlar, poemalar, hekayələr yazılıb və indi də qələbə ədəbiyyatı yaranır.” Bu yanaşma müharibənin ədəbiyyatda təkcə fakt deyil, həm də ontoloji təcrübə olduğunu göstərir. Əsəd Cahangirin daha çox ədəbi tənqid, esse və Qarabağ mövzusu üzərində qurulan müsahibəsində “Səs” essesi ilə bağlı düşüncələr diqqəti çəkir. “Esseni tamam başqa mövzuda yazmaq istəyirdim, amma şüuraltı axın məni Qarabağa tərəf çəkdi.” – deyə vurğulayır. Bu fikir Qarabağ mövzusunun ədəbi yaradıcılığa təsirini həm psixoloji, həm də bədii motivlərlə izah edən yazıçı-tənqidçinin estetikasında şüuraltı – tarixi yaddaş əlaqəsi kimi dərin görünür. “Üçüncü minillik din və elmin sintezi olacaq” qənaəti isə Əsəd Cahangirin ədəbi-tənqidi görüşlərinin fəlsəfi çalarına qarşı ciddi maraq doğurur. Əkbər Qoşalının poetik və publisistik düşüncənin sintezi ilə diqqət çəkən müsahibəsində sənətkar dünyagörüşünün əsas xətti kimi türkçülük, turançılıq, milli kimlik və mənəvi oyanış, söz sənətinin mənəvi-etik yükü, ədəbiyyatda vicdan konsepti önə şıxır. Öz identitetinə dair fikirləri onun bütün ruhu ilə yaradıcılığa təslim olmuş ideoloji şair obrazını təsdiqləyirsə, müasir türklüyün problemlərinə dair dedikləri də aktuallığı ilə seçilir. “Ortaq keçmişdən – ortaq gələcəyə!” devizi onun türkçülüklə bağlı düşüncələrinin əsas istiqamətverici mayakıdır. Lakin türk poeziyasının ən böyük dərdi kimi gördükləri də var: parçalanmışlığın və bir-birindən uzaq düşməyin ruh halımızda yaratdığı təlatümlər, bir ağacın budaqları olub çox vaxt öz kökünü görməmək, dili bir olsa da, bəzən qəlbinin bir-birinə “tərcümə” ehtiyacı duyması… Almaz Ülvinin müsahibəsi ədəbi yaradıcılığın duyğu – təcrübə sintezi olduğunu göstərərək, sözün həyatı müşahidənin təbii davamı kimi formalaşdığını vurğulayır. Salidə Şərifova müasir Azərbaycan ədəbiyyatının struktur problemlərini, metodoloji parçalanmanı və qadın ədəbiyyatının nəzəri əsaslarını elmi şəkildə izah edərək ədəbi prosesin konseptual xəritəsini çəkir. Vüqar Əhməd klassik ənənə ilə müasir ədəbi təfəkkür arasında körpü yaradaraq həm folklorun, həm də bədii irsin milli kimliyin daşıyıcısı kimi strateji rolunu önə çəkir. Təranə Turan Rəhimli ədəbiyyatı “mədəniyyətin lideri” kimi dəyərləndirməklə onu ictimai düşüncənin istiqamətverici mexanizmi kimi şərh edir, bədii mətnin emosional-intellektual qatları və şairliyin metafizik təbiətinə toxunur. Rəfail Tağızadənin “şairin hər xoş sözündə, xəyalında bir ümid var” tezisi onun poeziyasının mahiyyətini – sözün daşıdığı təskinlik və gələcəyə yönəlik mənəvi enerji ideyasını açır. Təmxil Ziyəddinoğlu “bütün dövrlərdə şəxsi nümunə ən yaxşı, ən müasir formadır” deyə vətənpərvərlik ideyasını davranış və əməl müstəvisinə keçirir, vətəndaşlıq borcunun ədəbiyyatdakı təbliğindən çox, real həyatdakı təcəssümünü önə çəkir. Rəsmiyyə Sabirin müsahibəsində qadın psixologiyasının bədii təcəssümü və insanın daxili sükutunun poetik göstəriciləri diqqətə çatdırılır. Aysel Xanlarqızının “uşaqlıq xatirələrim məni hər zaman kövrək notlarda kökləyir” etirafı onun yaradıcılığında nostalji duyğu və emosional həssaslığın əsas bədii stimullardan biri olduğunu göstərir. Bu müəlliflərin hamısının ədəbiyyat haqqında düşüncələrində sözün mənəvi məsuliyyəti ortaq prinsip kimi meydana çıxır. Namiq Dəlidağlı müsahibəsində sənətkar şəxsiyyəti və yaradıcılıqda jurnalistika ilə poeziyanın sözə, həqiqətə sədaqət aspektini önə çəkirsə, Faiq Balabəylinin görüşlərində ədəbiyyatı həyat təcrübəsinin, dənizçilik psixologiyasının təlqin etdiyi nizam-intizamla sintez konteksti diqqəti cəlb edir. Nazilə Gültacın düşüncələri sözün və sevginin insan psixologiyasına təsirini dərindən hiss edən həssas yaradıcılıq diapazonunu nümayiş etdirirr. Zaur Ustac öz yaradıcılıq fəlsəfəsinin həyatın gerçəkliklərinə, səmimiyyətə və “qələm saflığı” prinsipinə söykəndiyini vurğulayır. Sevinc Qəribin müsahibəsində isə müharibə, köçkünlük və yurd ağrısı poetik düşüncəni formalaşdıran əsas emosional təməl kimi boy göstərir. Kitabdakı gənclərin müsahibələri isə yeni nəsil yazıçıların daha fərdiyyətçi, eksperimental və çoxsəsli estetik meyllərə sahib olduqlarını göstərir. Onların cavablarında həm ənənədən uzaqlaşma, həm də onu yenidən oxuyub öyrənmə tendensiyası aydın görünür. Gənclər ədəbi düşüncəsində texnologiya, şəhər təfəkkürü, fərdi tənhalıq və sürətli həyat ritmi əsas bədii motivlər kimi seçilir. Gənc yazıçıların (İntiqam Yaşar, Tural Turan, Nicat Hunalp və b.) müsahibələrində şeirə və nəsrə yanaşmada forma axtarışları, sivilizasiya və şair mövqeyi, tarix və həqiqət məsələlərinin yenidən dərki motivləri önə çıxır. Ümumilikdə, gənc imzalar kitabda həm ənənəvi ideallara sadiqliyi, həm də poetik düşüncədə yenilənmə, fərdiləşmə və estetik həssaslığın artmasını təmsil edən nəsil xəttini tamamlayırlar. Kitaba daxil edilən bütün müsahibələr birlikdə müasir Azərbaycan ədəbi məkanının çoxqatlı, dinamik və nəsillərarası dialoq üzərində qurulan bütöv mənzərəsini formalaşdırır. “Azərbaycan yazarları belə deyir…” toplusu müasir Azərbaycan ədəbiyyatının ideya-coğrafiyasını, estetik çoxsəsliliyini, nəzəri problemlərini dilə gətirən bir mənbədir. Kitabdakı müsahibələr göstərir ki, Azərbaycan ədəbiyyatı bugün poetik dərinləşmə və daxili sadəlik xətti üzrə inkişaf edir, milli kimlik konseptini mədəni yaddaşla birlikdə daşıyır, fərdi yaradıcılıq psixologiyasını ön plana çəkir, müharibə mövzusunu bədii fəlsəfəyə çevirir, ümumtürk ədəbi məkanında özünəməxsus poetik xətt yaradır və bütün bunlarla yanaşı, metodoloji və institusional problemlərlə üz-üzədir. Cahangir Namazovun müsahibələr toplusu ədəbi prosesin bu gününü yalnız faktlar səviyyəsində deyil, həm də düşüncə arealında sənədləşdirir. Adətən publisistik çalarlarla müşayiət olunan müsahibə janrı bu topluda öz janr hüdudlarını aşaraq elmi-nəzəri mühakimələr mənbəyinə çevrilir. Burada həm poetik idrakın mahiyyəti, həm də ədəbi prosesin struktural problemləri öz əksini tapır. Kitabın əsas üstünlüklərindən biri odur ki, müəllif sualları sadəcə bioqrafik yönəltmir, əksinə, yazarların ədəbi düşüncə sisteminə, yazı prosesinin fəlsəfəsinə, ictimai funksiyasına dair mülahizələrini üzə çıxarır. Beləliklə, toplu Azərbaycan ədəbiyyatının son onilliklərdə keçdiyi intellektual transformasiyanın ardıcıl və çoxplanlı təsvirini yaratmaq gücünə malik olur. Cahangir Namazovun dünya şairləri arasında yeni körpülər qurmağa sərf etdiyi əməyin bəhrəsi bir çox yazılarında öz əksini tapıb. Azərbaycan yazıçı və alimləri ilə müsahibələr toplusu da bu qəbildəndir. Gənc özbək şairi üçün ədəbi dostluq bağlarının möhkəmlənməsi ədəbiyyatın dünyada dostluğa, qardaşlığa, ümdə məqsəd olan sülhə xidmətinə önəmli bir qatqıdır. Onun doğulub böyüdüyü torpaqların Əl-Xarəzmi, Əbunəsr-Fərabi, Əl-Biruni, İbn Sina, Sultan Mahmud Qəznəli, Əmir Teymur, Əlişir Nəvai kimi əzəmətli oğullarının əsərlərindən pərvazlanan insan sevgisi bu müsahibələr toplusunda Azərbaycan aydınlarının könlündən, dilindən qopub dünyaya qanad açır.
Hörmətli Zaur müəllim, Sizin rəhbərliyinizlə fəaliyyət göstərən “Yazarlar” jurnalı tərəfindən “Ədəbiyyat Səfiri” Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülmək mənim üçün sonsuz bir qürur və şərəf mənbəyidir.
Azərbaycan ədəbiyyatının təbliği və beynəlxalq ədəbi əlaqələrin möhkəmləndirilməsi kimi ali bir missiyada mənim də əməyimi yüksək qiymətləndirdiyiniz üçün Sizə və bütün işçi heyətinizə dərin minnətdarlığımı bildirirəm.
Bu diplom sadəcə bir təltif deyil, həm də sözün və mədəniyyətin sərhəd tanımayan gücünə olan inamın rəmzidir. Qardaş ölkə Azərbaycanın mədəniyyətini hər zaman özümün bir parçası kimi hiss edir, özümü bu böyük ailənin üzvü hesab etməkdən hər zaman qürur və xoşbəxtlik duyuram.
Yaradıcılıq yolunda verdiyiniz bu böyük dəstək, gələcək fəaliyyətim üçün ən böyük motivasiya olacaqdır. Azərbaycan mədəniyyətinə və ədəbi mühitinə verdiyiniz əvəzsiz töhfələrə görə Sizə təşəkkür edir, “Yazarlar” jurnalına və şəxsən Sizə yeni-yeni uğurlar arzulayıram.
Dünyanın əsrarəngiz mətləblərini özünəməxsus duyum və fəhmlə araşdıran həkim-alim, “Alternativ Psixologiya” elminin müəllifi, tibbi biologiya elmləri doktoru, professor, Oksford Universitetinin Akademiki, Azərbaycan Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri, illərin dostu Yaşar Saday oğlu İbadovu ömür təqviminin 66 illiyi münasibətilə “Xızır timsallı məqam” adlı yazımla təbrik edirəm. XIZIR TİMSALLI MƏQAM Dastan dili ilə desək, göz evi örtülü, könül evi açıq olan Murad, Yusifi Züleyxaya yetirən badələrdən olan eşq camını Yaşar həkimin əlindən alıb içəndən sonra həyacandan sinəsi korun-korun közərən dəmirçi körüyünə bənzəyirdi. Elə bil, ürəyi indicə yerindən çıxacaqdı… hər şey kinolent kimi gözünün önündən gəlib keçdi. Murad o yay Türkiyənin istirahət mərkəzlərinin birindəydi. Hadisə bir göz qırpımında baş verdi. Hovuzda huşunu itirmiş tanımadığı qızı boğulmaqdan son anda xilas etmiş və xəstəxanaya da özü çatdırmışdı. Pərvənə gözlərini açıb özünə gələndə başının üstündə ilk olaraq xilaskarını görmüşdü… O gün baş verən xoşagəlməz hadisə vaxtı tanımışdı Pərvanəni. Qəribə, anlaşılmaz hisslər bürüdü onu. Bir ilə yaxın vaxt ötüb o gündən… Birdən-birə, xilas etdiyi o qızı görmək sevdası baş qaldırmışdı qəlbində. Murad Pərvanənin başına pərvanə tək dolanmaq, gözlərini zilləyib onun gözlərinə baxmaq istədi…dilindən xəfif pıçıltı, köksündın narın sızıltı keçdi… Murad bu səhər yuxudan gec ayılmışdı. Əslində ayılmaq belə istəməmişdi. Aramsız telefon zəngləri onu butasından-Pərvanədən ayırdı. Yazdığım bu epizod real həyat hadisəsidir. Yazını “dastan dili” ilə başlamağımın isə əsaslı səbəbi var. Muradla bağlı hadisənin təfsilatından öncə bir haşiyə çıxmaq istərdim. Şifahi xalq ədəbiyyatımızın dastan incilərindən olan “Abbas və Gülgəz” də mifik təfəkkür dünyasından qaynaqlanan belə bir epizod var: Bir gün Аbbаs dostu Sаqi ilə bаğа gəzməyə gеtmişdi. Bir qədər gəzəndən sonrа hərəsi uzаnıb bir аğаcın dibində yаtdı. Sаqi bir vахt yаtаqdаn qаlхıb gördü ахşаmdı, аmmа Аbbаs yuхudаn hələ аyılmаyıb. Nə qədər еlədi, Аbbаsı аyıldа bilmədi. Tеz gеdib Аbbаsın аnаsınа, bаcısınа, qonşulаrınа хəbər еlədi. Səs düşdü, hаmı tökülüb gəldi. Nə qədər еlədilər Аbbаsı oyаdа bilmədilər. Onu еlə yuхulu götürüb еvə gətirdilər. Bütün rəmmаllаr, qаrılаr yığıldılаr, bunu hərə bir yеrə yozdu. Kimi dеdi dəli olub, kimi dеdi bаşınа hаvа gəlib. Bir qаrı onun nəbzini tutub dеdi: – O еşq yuхusundаdı, sаbаh аyılаcаq. Sаbаh аçılаn kimi Аbbаs yuхusundаn аyılıb dеdi: – Аnа, bu cаmааt burа niyə yığılıb? Аnаsı əhvаlаtı onа söyləyib dеdi: – Oğul, dərdin nədi? Аbbаs dеdi: – Bir ucu çömçə, bir ucu nimçə gətirin, dərdimi dеyim. Gеdib Аbbаsа bir sаz gətirdilər. Аbbаs sаzı sinəsinə bаsıb, görək nə dеdi: Ruzi-əl-məhşərdə mövlаm еşqinə Içmişəm kövsərdən bir cаmi-ləziz. Iskəndər ахtаrdı, tаpıb içmədi, Хızır içdi oldu cəvаnü əziz… Anası dеdi: – Oğul, mən indi bаşа düşdüm. Bir qızа аşiq olmusаn. Dе görüm, kimə аşiq olmusаn? Sеvgilin hаrаlıdır? Аbbаs dеdi: – Аnа, qulаq аs, dеyim. Аldı Аbbаs, görək nə dеdi:
Аğаlаr аğаsı, аğаlаr хаsı, Аnа, mövlаm mənə butа vеribdi. Düldülün sаhibi, Qənbər аğаsı, Аnа, mövlаm mənə butа vеribdi.
Mənim аğаm Şаhi-Mərdаn Əlidi. Hökm еyləsə, düşmən bаğrın əridi, Аbbаs dеyər: yаrım аdı Pəridi, Аnа, mövlаm mənə butа vеribdi…
Qeyd edək ki, kökü çağdaş dövrümüzdən çox-çox öncəki zamanlardan qaynaqlanan buta mifoloji səciyyə daşıyan yuxu obrazları şəklində təzahür etməklə, müasir zamanda həyat həqiqəti olaraq reallıq baxımından da öz təsdiqini tapmaqdadır. Muradın butası, Pərvanənin ağ atlısı tək. Buradə sadəcə olaraq “buta verən” və “eşq badəsinin verilmə mexanizmi” fərqlidir. Dastanlarımızda yuxuda eşq badəsini dərviş, ya Xızır, ya Əli, ya da hatifdən – qayibdən gələn sehrli səs sahibi içirirsə, gerçək həyatda isə bu missiyanı həyata keçirməyə qadir olan, həyat kredosu xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş işıqlı insan, alim-həkim, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Psixogigiyena və Tibbi Psixoloji Diaqnostika Laborotoriyasının müdiri, alternativ psixologiya elminin müəllifi, tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovdur.
…Son vaxtlar Pərvanə yaman qaradinməz olmuşdu. Qız ata-anasının gözü qarşısında gün-gündən şam tək əriməkdə, gül kimi solmaqdaydı. Bir neçə həkimə aparıb müayinə etdirsələr də əlac yox idi ki, yox idi. Pərvanənin anası Arzu müəllimə qızının bu halından lap üzülmüşdü. Ananı ən çox narahat edən bir də qızının yuxuda sayaqlamaları idi. Gecələrin birində Pərvanə yenə sayaqlayır-kiminləsə danışırdı. Ana səsə oyandı. Qızının yuxudakı “dialoqu” onu çox təsirləndirdi. Bəli, məsələ aydın idi. Qızı vurulmuşdu, amma kimə bunu özlüyündə aydınlaşdıra bilmədi. Qərara gəldi ki, səhər açılan kimi qızı ilə bu barədə söhbət etsin. Elə də etdi. Pərvanə sıxıla-sıxıla sevdiyi oğlanın Murad olduğunu söyləsə də, əvvəlcə ana bir şey anlamadı. Pərvanə sevdiyinin, ötən il anası ilə birlikdə Türkiyədə istirahətdə olarkən tanış olduğu, daha doğrusu suda onu boğulmaqdan xilas edən oğlanın oldğunu deyəndə, Arzu müəllimə təəccüblə qeyri-ixtiyari dilləndi:-Necə? Necə?.. Siz bəyəm görüşürsünüz? -Yox, ay ana! Türkiyədə gördüyümdür, Bakıda heç rastlaşmamışıq. Amma… Artıq hər şey məlum idi. Qızı sevir, oğlanınsa heç xəbəri yox… Arzu müəllimə fikir dəryasına ha baş vurdu, ağlabatan nəticəyə gələ bilmədi. Fikirləşdi ki, məhrəmlərinə, rəfiqələrinə necə desin ki, qızım vurulub… Günlərin birində ürək qızdırdığı rəfiqələrindən birinə bu barədə danışıb, məsləhət istəyir. Rəfiqəsi isə ona məsləhət görür ki, sənin də tanıdığın bir həkim var, qızı onun yanına apar. Əminəm ki, o öz elmiylə qızının “dərdinə” əlac edər. Arzu müəllimə əvvəlcə tərəddüd edir ki, bəs burda elmlik bir iş yoxdur axı. Rəfiqəsi professorun nəyə qadir olduğuna dəlillərlə onu inandırandan sonra, qızını da götürüb Yaşar həkimin yanına gətirir. Yaşar həkim ananı və qızı diqqətlə dinlıdikdən sonra qıza kömək edəcəyini bildirir. Beləcə müalicə -seansa başlayır. Bir neçə seansdan sonra məlum olur ki, oğlan da qızla maraqlanır. Bir müddətdən sonra isə bu maraq qarşılıqlı sevgi və ailə həyatı ilə nəticələnir. Görkəmli ədəbiyyatşünas alim, mifoloq, filologiya elmləri doktoru, professor Mirəli Seyidov buta ilə bağlı fikrində yazır ki, yazı gətirən Xızır gəncliyə buta, istilik verməklə, onları yeni həyata hazırlayır, canlandırır. Dediyimiz kimi, buta həm də “qöncə” deməkdir. Qönçənin şəklinə diqqət yetirsək, görərik ki, onun odla, istiliklə bağlı olduğunu gözə çarpdırmaq üçün xalq sənətkarları – naxışçılar, memarlar, xalçaçılar, dulusçular və başqaları onun başını sağa əymişlər. Guya külək onun şöləsini tərpədir. Bu da təsadüfi deyildir. Bəllidir ki, oğuzlarda sağ həm də günçıxanın (gündoğanın) rəmzi imiş. Günçıxan isə Günəşlə bağlıdır. Butanın başının (şöləsinin) sağa əyilməsi onu Günəşlə əlaqələndirmək əlamətidir. Deməli, buta istiliklə, odla, Günəşlə, Dünya ağacı ilə bağlı mifoloji məna daşıyan sözdür, rəmzdir, nurlu-odlu içkidir… Təsadüfi deyil ki, gələcəyin aşiqləri gənclərə badə verən Xızır və onun təqdim etdiyi badə də od kimidir, nur saçır. “Novruz diqqətlə dərvişə baxanda gördü ki, həm dərvişdən, həm də badədən bir nur qalxıb asimana bülənd oldu”; həm Xızırın özü, həm də verdiyi badə nurludur – işıqlıdır, odludur. Elə buna görə də gənc belə badəni içəndən sonra sinəsi od tutub yanır. Axı nuru-işığı “asimana bülənd” edən Xızır da, badə də Günəşlə – yağışla bağlıdır. Xızırın və onun badəsinin nurlu olması təsadüfi deyil, onlar yazın istisi, odu ilə sıx bağlıdırlar. Ona görə də Xızırın badəsini içən gəncin sinəsi odlanır. O, dərhal ilhama gəlib aşıq olur. Xızırın gənclərə verdiyi buta nədir? Bunun nə olduğunu aydınlaşdırmaq üçün “buta” sözünün həm lüğəmi, həm mifoloji mənalarına diqqət yetirək. “Buta”nın türk dillərinin çoxunda “şüvül”, “çubuq”, “hörük”, “çiçək hörüyü”, “şaxələnmə”, “qönçə”, “badamvari naxış” və s. mənaları vardır. Diqqət edilərsə, görərik ki, butanın “qönçə”, “şüvül”, “şaxələnmə” mənaları onu istər-istəməz ağac, bitki mifi ilə bağlayır. Əsasən, yazla bağlı qönçə, şaxələnmə artımıdır. Bu, Dünya ağacı mifinin atributu, əlamətidir. Dünya ağacı kainatın yaradıcısı olduğu üçün , o həm də yaranışın, artımın da mifi sayılmışdır. Deməli, onun əlaməti, atributu – buta gəncliyə verilərkən onlar bir-birini sevməlidirlər ki, yeni ailə yaransın, artım olsun”. Professor Yaşar İbadov “Valideynlərin yeni və sağlam nəsil üçün hazırlanması” məqaləsində yazır: “Günəş fəzada bütün planetlərlə birlikdə öz hərəkətində 8 rəqəmi formasında trayektoriya cızır. Günəş hərəkət etməklə yanaşı onun ətrafında bütün planetlər də hərəkətdədir. Bu şəkildə Günəşin ətrafında Yerin hərəkəti, eyni zamanda Yerin ətrafında Ayın hərəkəti təsvir edilmişdir. Göründüyü kimi Ayın Yer ətrafında bir spiralvari hərəkəti və Yerlə birlikdə Günəş ətrafında ikinci spiralvari hərəkəti təsvir edilmişdir. Bu hərəkətin spiralvari olmaqla hər bir budağı – elementi ayrı-ayrılıqda bir-birinin təkrarıdır. Həmin bu təkrar olunan simvol Alternativ psixologiya elminin psixoqrafiya metodunda “həyat açarı” adı almışdır. Alternativ psixologiyanın metodologiyasında əsas yer tutan “psixoqrafiya” metodu vasitəsi ilə tapılmış bu yeni simvol – “həyat açarı” simvolu da psixi enerji dalğasının müəyyən bir təkrarlanan fazasını simvolizə edir. Həmin simvol həyat dalğasının hərəkət formasıdır və özündə dalğaların enerjisini, həm də informasiyasını saxlayır. “Həyat açarı” simvolu kainatdakı bütün ritmləri özündə əks etdirən spiralvari hərəkətin bir fraktal elementidir”. Yaşar İbadovun eşq badəsini içirdiyi, buta verdiyi Muradla Pərvanənin ailə səadətinə qovuşması onlarla bele örnəklərdən sadəcə biridir. Cəmiyyətin saflığı, insanlığın ülviliyi sevgidən, ailə səadətindən keçir. Əbəs yeri deyilmir ki, ailə kiçik dövlətdir. Hörmətli professorumuzun elmi, dühası, xidməti şəfa ünvanında bütövlükdə insanlığa buta, buta verməsi isə Xızır timsallı məqamdır.
Sənin idrakında dünyanın dərkı, Məsum körpə kimi insanın ilkı… Bəşər övladısa özünü çoxdan Körpəsiz beşiktək dərk edir sanki.
Ağac da, heyvan da, quş da, böcək də, Böyük Yaradana edirlar səcdə. Bəşər ovladısa ilkindən uzaq, İblis əməllərlə gəlibdir vəcdə…
Bir qara qəvvəsə insan bilgisi, Haqdan uzaq olar məram-segisi. Hər kəsin əlində əməl dəftəri, Qutsal Kitabımız Tanrının səsi…
Dünya təzadıyla qaralı-ağlı, Doğma yurdun Ağdam aranlı-dağlı… Haqqa, həqiqətə etibarın var, İşıqlı insanlar Rəbbinə bağlı.
Ömür təqviminin 66 illiyi gözünə-könlünə köçən gözəlliklər, uğurlu özəlliklərlə qutlu olsun, dəyərli alim-aydınımız Yaşar həkim!
SÖZÜN YADDAŞI, YAZARIN SƏSİ (Cahangir Namazovun “Azərbaycan yazarları belə deyir” adlı yeni kitabı haqqında ) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimiz ziya mənbəyi yeni kitab barədə olacaq. “Mücrü” nəşriyyatında işıq üzü görən bu kitabın özəlliyi-gözəlliyi ondadır ki, Azərbaycan yazarları haqqında olan bu kitabı Özbəkistandan olan gənc yazar dostumuz Cahangir Namazov tərtib edib. “Yazarlar” jurnalının beynəlxalq əlaqələr üzrə meneceri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc qələm dostumuz Cahangir Namazovun böyük zəhmət bahasına, uzun zaman ərzində ərsəyə gətirdiyi bu kitabda müasir Azərbaycan qələm adamlarının, ziyalılarının müsahibələri toplanıb. Bu müsahibələr Azərbaycan yazarlarının, fikir adamlarının düşüncələrini özündə əks etdirir.
Azərbaycan ədəbiyyatı yalnız bədii mətnlərdən ibarət deyil; o, həm də düşüncələrin, mövqelərin, talelərin, sözə verilən dəyərin canlı tarixidir. Bu tarixi yazanlar təkcə şeir və roman müəllifləri yox, həm də ədəbi mühiti toplayan, qoruyan, sənədləşdirən qələm sahibləridir. Cahangir Namazovun “Azərbaycan yazarları belə deyir” adlı kitabı məhz bu missiyanı daşıyan dəyərli toplulardandır. Bu kitab təkcə ayrı-ayrı yazarların fikirlərini əks etdirən müsahibələr toplusu deyil. O, çağdaş Azərbaycan ədəbi düşüncəsinin panoramını yaradan, yazıçı və şairlərin dünyaya, ədəbiyyata, zamana münasibətini oxucuya birbaşa təqdim edən canlı mənbədir. “Azərbaycan yazarları belə deyir” oxucuya müəllif mövqeyini zorla qəbul etdirmir. Burada əsas söz sahibinin – yazarın özüdür. Cahangir Namazov sual verən, dinləyən, toplayan, amma önə çıxmayan bir ədəbi vasitəçi kimi çıxış edir. Bu, publisistik mədəniyyətin ən düzgün yoludur: müəllif kölgədə qalır, söz isə ön plana keçir. Kitabda yer alan fikirlər ədəbiyyatın mahiyyəti, yazıçının cəmiyyətdəki rolu, sözün məsuliyyəti, milli kimlik, dil, oxucu problemi, müasir ədəbi proseslər və zamanın çağırışları ətrafında cəmlənir. Hər bir yazarın səsi fərqlidir, lakin bu səslər bir yerdə bütöv bir xor yaradır – Azərbaycan ədəbiyyatının düşünən səsi.
Bu kitabın ən mühüm cəhətlərindən biri onun sənədlilik funksiyasıdır. Zaman keçəcək, ədəbi zövqlər dəyişəcək, amma burada səslənən fikirlər öz dövrünün ruhunu daşıyan canlı şahid kimi qalacaq. Bu baxımdan “Azərbaycan yazarları belə deyir” gələcək tədqiqatçılar, ədəbiyyatşünaslar, gənc qələm sahibləri üçün etibarlı mənbədir. Publisistik üslub sadədir, oxunaqlıdır, pafossuzdur. Bu sadəlik mətni zəiflətdirmir, əksinə, səmimiyyət qatır. Oxucu yazarı kabinetdə deyil, düşünən, tərəddüd edən, bəzən narahat olan, bəzən ümidli bir insan kimi görür. Cahangir Namazov bu kitabla yazıçı ilə oxucu arasında bir körpü yaradır. Oxucu müəllifi yalnız kitab üzərindən deyil, fikir üzərindən tanıyır. Bu tanışlıq isə daha dərin, daha qalıcı olur. Çünki insanı tanıdan ən əsas cəhət onun düşüncəsidir. Kitab xüsusilə gənc oxucular üçün önəmlidir. Burada onlar yalnız uğur hekayələri deyil, həm də şübhələri, çətinlikləri, məsuliyyəti görürlər. Bu, ədəbiyyata romantik deyil, realist yanaşma formalaşdırır. “Azərbaycan yazarları belə deyir” bir kitabdan daha çoxdur – bu, ədəbi mühitin yaddaşıdır. Sözə verilən dəyərin, düşüncəyə göstərilən hörmətin ifadəsidir. Cahangir Namazovun bu işi Azərbaycan ədəbiyyatında publisistik topluların ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər. Cahangir Namazovun kitaba seçdiyi addan tutmuş, müsahibə götürdüyü ziyalılarımız, onlara ünvanlandığı suallar, hətta kitabın nəşr olunduğu nəşriyyat belə hamısı uğurlu seçimdir. Və nəticə də məntiqi olaraq möhtəşəm alınıb.“Yazarlar” olaraq, Cahangir Namazovu “Azərbaycan yazarları belə deyir” adlı yeni kitabın işıq üzü görməsi münasibətilə “Ziyadar” mükafatı ilə təltif edirik (CAHANGİR NAMAZOV N: 198 06.02.2026. BAKI). Bu kitab oxucuya hazır cavablar vermir, onu düşünməyə sövq edir. Və bəlkə də ən böyük üstünlüyü elə budur: sözün arxasınca düşüncəni oyatmaq. Cahangir Namazovun fəaliyyəti təkcə bu kitabla məhdudlaşmır. Azərbaycan yazarlarının müxtəlif xarici mətbuat səhifələrində işıqlanması, antologiyalarda yer alması da onun ədəbiyyatımızın təbliği yolunda atdığı addımlar sırasındadır. Azərbaycan ədəbiyyatına etdiyi bu misilsiz xidmətləri müqabilində bütün yazarlar cameəsi adından dəyərli dostumuz, əzizimiz, dəyərlimiz, tanınmış şair, yazıçı, publisist, tərcüməçi, jurnalist Cahangir Namazova təşəkkür edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Sağ ol, Qardaş! Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
Bir padşah sarayında oturarkən bayırda səs-küy eşidir. Baxanda görür ki, bir yaşlı adam alma satır. Ətrafı müştərilərlə doludur. Padşah baş vəziri çağırıb deyir:
-Al bu 5 qızılı, get mənə alma al. Baş vəzir vəzirlərdən birini çağırır:
-Bu 4 qızılı götür, get alma al. Vəzir əyanlardan birini çağırır:
-Al bu 3 qızılı, get alma al. Əyan mühafizə rəisini çağırır:
-Al bu 2 qızılı, get alma al. Rəis mühafizəçini çağırır:
-Al bu 1 qızılı, get alma al. Mühafizəçi alma satanın yaxasından tutub deyir:
-Ey, nə qışqırırsan? Bura bazardır, yoxsa saray? Buradan get, almalarını və arabanı müsadirə edirəm. Mühafizəçi rəisinin yanına qayıdıb deyir:
-Budur 1 qızıla yarım araba alma aldım. Rəis əyanın yanına gedir:
-Budur, 2 qızıla bir kisə alma. Əyan vəzirin yanına gedir:
-Budur, 3 qızıla bir çanta alma. Vəzir baş vəzirin yanına gedir:
-Budur, 4 qızıla yarım torba alma. Baş vəzir padşahın hüzuruna çıxır:
-Şah sağ olsun, 5 qızıla beş alma aldım. Padşah oturub düşünür: “Beş qızıla beş alma. Adamlar necə həvəslə alırdı. Yəni vətəndaşın vəziyyəti çox yaxşıdır. O alma ağacını su ilə böyüdürlər, dərhal su pulunu 2 dəfə artırmalıyıq!
Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş
Qardaş Pakistan dövlətinin qurulmasında, eləcə də onun siyasi-hərbi idarəçiliyinin formalaşmasında, ictimai institutlarının inkişafında və mədəni həyatının çiçəklənməsində Azərbaycan əsilli Qızılbaş icmasının müstəsna rolu olmuşdur. Belə ki, Pakistan idarəçiliyində iki Qızılbaş Nazir fəaliyyət göstərmişdir; Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş (1897–1960) və Nəvvab Müzəffər Əli xan Qızılbaş (1908–1982). Mirzə Mümtaz Həsən Qızılbaş 1897-ci ildə Britaniya Hindistanının Uttar Pradeş əyalətinin Aqra şəhərində nüfuzlu Gülabxana Qızılbaş ailəsində dünyaya gəlmişdir. Gülabxana Qızılbaş ailəsi Şamlı tayfasına mənsub idi və şəcərədəki məlumatlara əsasən, ailənin əcdadı Herat bəylərbəyi, Böyük Şah Abbasın lələsi və Şah Təhmasibin kürəkəni olmuş Əliqulu xan Şamlıdır. Əliqulu xan Şamlının özbəklər tərəfindən öldürülməsindən bir müddət sonra Səfəvi sarayında baş verən siyasi çəkişmələr və saray çevrilişləri onun ailəsini Böyük Moğol Hindistanına köçə məcbur etdi. Ailə XVII əsrin sonlarında Moğol Hindistanın Multan şəhərinə köçdü. XVIII əsrin əvvəllərində nəslin iki nümayəndəsi Böyük Moğol imperiyasının keçmiş paytaxtı olan Əkbərabada, indiki adıyla Aqra şəhərinə köçərək orada məşhur Gülabxana və Katra Hacı Həsən adlı ailə ocaqlarını qurdular. Britaniya Hindistanının bölünməsindən sonra ailə üzvləri Hindistandan Pakistanın Sind əyalətinin Kəraçi və Xayrpur Mirs şəhərlərinə köçdülər. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş ali təhsilini Müsəlman-İngilis Şərq Kolleci və Allahabad Universitetində almışdır. Ali təhsilini başa vurduqdan sonra əyalət dövlət qulluğuna qəbul olunaraq birləşmiş əyalətlərdə bir sıra inzibati vəzifələrdə çalışmışdır. Uttar Pradeş əyalət hökuməti onu Hindistanın ali qanunverici orqanlarından biri olan Dövlət Şurasına öz nümayəndəsi kimi göndərmişdir. Burada Mümtaz Həsən Qızılbaş kənd təsərrüfatı islahatları və iqtisadi inkişafla bağlı proqramlar hazırlamış və onların həyata keçirilməsinə nail olmuşdur. 1938–1944-cü illər arasında o, Dehli Bələdiyyə Komitəsinin katibi vəzifəsində çalışmış və bu sahədə uğurlu fəaliyyəti ilə böyük nüfuz qazanmışdır. Onun xidmətlərini yüksək qiymətləndirən Britaniya Hindistanı hökuməti Mümtaz Həsən Qızılbaşı Hindistan Dövlət Xidmətində (ICS) ən yüksək vəzifəyə təyin edərək “Xan Bahadur” fəxri adı ilə təltif etmiş və Əfqanıstanın paytaxtı Kabil şəhərinə ticarət attaşesi vəzifəsinə təyin etmişdir. Bu vəzifə həmin dövrdə mühüm diplomatik post hesab olunurdu. O, Pakistan qurulduqdan sonra bir müddət Əfqanıstandakı Pakistan səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra etdi. Daha sonra Qaidi-əzam Məhəmməd Əli Cinnahın göstərişi ilə Xayrpur knyazlığına göndərildi. Bu qərar Xayrpur knyazlığının keçmiş naibi Mir Hacı Əta Hüseyn xan Talpur və Əbdül Hüseyn Cəfərinin Qaidi-əzamdan təcrübəli bir idarəçinin təyinatı ilə bağlı xahişi əsasında verilmişdi. Məhz bu səbəbdən Mirzə Mümtaz Həsən Qızılbaş Pakistanın Xayrpur knyazlığının Baş naziri təyin edildi və bu vəzifəni 1947-ci ildən 1955-ci ilədək icra etdi. Onun Xayrpurdakı fəaliyyəti knyazlığın inkişafı və müasirləşməsi baxımından mühüm mərhələ təşkil etmişdir. Baş nazir olduğu dövrdə Xayrpur knyazlığı tarixində mühüm islahatlar həyata keçirildi: Xayrpur Tekstil Fabrikinin təməli qoyuldu, yüzlərlə yeni məktəb və təhsil müəssisəsi açıldı. O, knyazlıq büdcəsinin təxminən 22%-ni təhsilə ayırmış, məktəbdə pulsuz təhsil sistemini tətbiq etmişdir. Bu dövrdə 6-12 yaş arası uşaqlar üçün məcburi təhsil haqqında qanun qəbul edildi ki, bu da maarifləndirmə sahəsində dönüş nöqtəsi oldu və bölgədə savadlılıq səviyyəsinin sürətlə artmasına şərait yaratdı. Baş nazir Mümtaz Qızılbaş təhsilə böyük önəm verirdi. Onun təşəbbüsü ilə yaradılan, öz adını daşıyan və hazırda da Pakistanda fəaliyyət göstərən ali təhsil müəssisəsi Hökumət Mümtaz Kolleci qısa zamanda Sind bölgəsinin ən nüfuzlu təhsil ocaqlarından birinə çevrildi. Kollecin təsisindən sonra o dövrün tanınmış alim və ədəbiyyat xadimlərini, əsasən, Şərqi Pakistandan (indiki Banqladeşdən) kollecə müəllim kimi gətirdi. Onlardan üçü fəlsəfə doktoru idi. Mümtaz Həsən Qızılbaş kollecin nəzdində qardaşı kimi sevdiyi dostunun adını daşıyan geniş və müasir Polkovnik Şah yataqxanasını təsis etdi. Bu yataqxana xüsusilə ucqar bölgələrdən gələn tələbələrin yerləşdirilməsi və onların əsas ehtiyaclarının qarşılanması baxımından mühüm rol oynayırdı. Hazırda burada Pakistan–Türkiyə məktəbi və kolleci fəaliyyət göstərir. Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş knyazlığın 17 yaşlı hökmdarı Əli Murad xan II Talpur ilə birlikdə Xayrpurun iqtisadi və sənaye inkişafına töhfə vermək məqsədilə İngiltərə və Almaniyaya səfər etmiş, Asiyanın ən böyük tekstil fabriklərindən biri hesab olunan Xayrpur Tekstil Fabriki üçün texnoloji avadanlıqlar əldə etmişdir. Onlar Xayrpurdakı qadın sənaye-peşə məktəbinə rəhbərlik etməsi üçün məktəbə alman qadın mütəxəssis təyin etdilər. Yaradılan ilk sənaye zonası bölgədə ciddi iqtisadi inkişaf və sosial rifah doğurdu. Sonra Xayrpur Tekstil Fabriki özəl sektora satıldı və Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş bu satışın həyata keçirilməsi barədə belə qeyd edib: “Tekstil fabriki artıq dövlətin onu qurmaqda nəzərdə tutduğu məqsədə xidmət etmişdir: o, iqtisadi və sənaye inkişafı üçün bir növ ilkin hərəkətverici qüvvə rolunu oynamalı idi”. 1947-ci ildə, demək olar ki, heç bir sənayesi olmayan Pakistandakı bir knyazlıq üçün bu, böyük irəliləyiş idi: 1955-ci ilə qədər daha iki özəl tekstil fabriki fəaliyyətə başlamış, 1954-cü ildə tütün qurutma fabriki yaradılmış, 1955-ci ilə qədər sabun və yağ fabriki işə düşmüşdü. Xayrpur knyazlığı 1947–1955-ci illər arasında iqtisadi inkişaf və sosial rifah sahəsində Pakistanın qabaqcıl bölgələrindən biri oldu. İqtisadi baxımdan Xayrpur qısa müddətdə böyük uğurlar əldə etmişdir. 1948–1955-ci illər arasında knyazlığın illik gəlirləri təxminən 5,7 milyondan 16,9 milyon Pakistan rupisinə qədər artmışdır. Adambaşına düşən büdcə gəliri isə 53 Pakistan rupisi idi ki, bu da o dövrdə ölkənin digər bölgələri ilə müqayisədə yüksək göstərici sayılırdı. Hökumət təhsilə, yolların tikintisinə və sənaye sahəsinə böyük vəsait ayırmışdır. 1951-ci ildə yaradılan tekstil zavodu qısa zamanda mənfəət gətirərək regionun sənayeləşməsinə təkan verdi. Bütün bu tədbirlər Xayrpur knyazlığını dövrünün ən inkişaf etmiş və mütərəqqi idarəetmə modellərindən birinə çevirdi. Mirzə Mümtaz Həsən Qızılbaş 1949-cu ilin dekabrında Xayrpur knyazlığını Pakistanın Təsis Məclisində təmsil etmək üçün seçilmiş və ölkənin konstitusiyasının hazırlanması prosesində fəal iştirak etmişdir. Qaidi-əzam Məhəmməd Əli Cinnah arzulayırdı ki, knyazlıqlar Pakistana birləşsin, “Vahid Vəhdət” (One Unit) sistemi yaradılsın və xalqa bərabər hüquqlar, təhsil, ədalət və rifah imkanları təqdim olunsun. Mirzə Mümtaz Həsən Qızılbaş Qaidi-əzamın bu ideyalarını gerçəkləşdirdi və Xayrpur knyazlığını nümunəvi bir dövlətə çevirməkdə mühüm rol oynadı. Xayrpur knyazlığının 1955-ci ildə Pakistana birləşdirilməsi də məhz Mirzə Mümtaz Həsən Qızılbaşın səyləri ilə baş tutmuşdur. 1956-cı ilin may ayında Qərbi Pakistanın siyasi həyatında mühüm hadisə baş verdi. 1955-ci ildə “Vahid Vəhdət” adlı inzibati islahat nəticəsində birləşdirilmiş Qərbi Pakistan əyalətində ilk məclis iclası 1956-cı il mayın 19-da keçirildi. Bu iclasın əsas məqsədi ölkədə fəaliyyət göstərən iki əsas siyasi qrupun – Müsəlman Liqası və Respublika Partiyasının qüvvələr nisbətini müəyyənləşdirmək idi. Məhz bu iclas ərəfəsində mərkəzi hökumət maraqlı bir addım atdı. Tanınmış dövlət xadimi və keçmiş Xayrpur knyazlığının Baş naziri Mümtaz Həsən Qızılbaş həmin məclisin müvəqqəti sədri vəzifəsinə təyin edildi. Bu həm onun siyasi nüfuzunun, həm də təcrübəsinin göstəricisi idi. O həmçinin 1956–1958-ci illərdə Qərbi Pakistan Nazirlər Kabinetində qida və kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərmişdir. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş 4 aprel 1964-cü ildə həcc ziyarəti zamanı ürəktutmadan vəfat etmiş, Mədinədə, Bəqi qəbiristanlığında dəfn olunmuşdur. Pakistanın Xayrpur Mirs rayonunda Mirzə Mümtaz Həsən Qızılbaşın xatirəsinə ehtiram əlaməti olaraq bir neçə əsas yer onun adı ilə adlandırılmışdır. Bunlara “Hökumət Mümtaz Kolleci”, “Mümtaz Meydanı” və “Mümtaz Meydan küçəsi”, “Mümtaz Staff Colony”, yəni dövlət məmurları və müəllimlər üçün salınmış yaşayış məhəlləsi daxildir. Mümtaz Kolleci özünün təsisçisi olduğu ali təhsil müəssisəsi idi. Bu adlar onun Xayrpurun inkişafı və xüsusilə təhsil sahəsində göstərdiyi mühüm xidmətlərə verilən yüksək qiymətin və dərin ehtiramın bariz nümunəsidir. Bu gün də Qızılbaşlar Pakistanın siyasi və ictimai həyatında önəmli rol oynamaqda davam edirlər. Bu nümunələr Qızılbaşların yalnız keçmişdə deyil, müasir Əfqanıstan, Pakistan və Hindistan cəmiyyətlərində də dərin iz buraxdıqlarını açıq şəkildə göstərir və Azərbaycan–Pakistan dostluğuna yeni nəfəs qatır, ortaq kimlik duyğusu və strateji əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Əli bəy Əlizadə verdiyi bir müsahibədə belə qeyd edirdi: “Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır. Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarlar və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir”. Həmçinin Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev qeyd edir ki; “Pakistanda Qızılbaşların sayı və rolu daha böyükdür. Qızılbaşlar bu ölkəyə Prezident, Nazirlər, Generallar, Səfir, Hakimlər bəxş etmişdir. Bu gündə Pakistan ordusunda xidmət edən Qızılbaş Generallar və yüksək rütbəli zabitlər vardır.” Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaşın ailə üzvləri, xüsusilə qardaşı nəvəsi Mirzə Əsəd Həsən bəy və onun oğlu “Google” şirkətinin qlobal texnologiya direktoru və startap investoru Mirzə Sami bəy Qızılbaş Qlobal İrsi Təşkilatının üzvləri sırasındadırlar. Sami Qızılbaş təşkilatın idarə heyətinin üzvüdür. Bu iki şəxs 2023-cü ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşlığı nəticəsində Bakıda keçirilən I Beynəlxalq Qızılbaş Konfransında da iştirak etdilər və Sami Qızılbaş konfrans zamanı çıxışında qeyd etdi: “Azərbaycanı ata-baba yurdum hesab etdiyim üçün özümü xoşbəxt sayıram və ümid edirəm ki, Azərbaycan gələcəkdə də Qızılbaşları birləşdirmək, bir araya gətirmək üçün səylərini davam etdirəcək”. Təşkilat və ailə üzvlərinin Bakı ilə yanaşı, Qarabağın mirvarisi olan Şuşa şəhərinə səfərləri təşkil olundu; burada onlara əcdadlarının tarixi torpaqları yaxından tanıdıldı. Səfəvilərin, Qızılbaş imperiyasının süqutundan əsrlər keçməsinə baxmayaraq, onun mədəni mirası hələ də Əfqanıstan, Pakistan və Hindistanda yaşayır və qorunur. Qızılbaş Qlobal İrsi Təşkilatının məqsədi Azərbaycan əsilli Qızılbaş icmasının kimlik ruhunu yenidən canlandırmaq, onun inkişafına töhfə vermək, həmçinin bu icmanın BMT və UNESCO tərəfindən dünya irsini qoruyan Azərbaycan əsilli icma təşkilatı kimi tanınmasına nail olmaqdır.
Soldan 2-ci Xayrpur knyazlığının hökmdarı Əli Murad xan II. Talpur və 3-cü (eynəkli) Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş İngiltərə, Mançester
Sağdan 1-ci Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş
Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş büdcə çıxışını edir.
Xayrpur knyazlığının hökmdarı Əli Murad xan II. Talpur və Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş (eynəkli)
İnsan ölməyi arzulayanda yox, ölməyi bacaranda ölür. QARSİA MARkES
Həsənağa Turabov! Həyatda ən çox pərəstiş etdiyim İnsan.Əvızsiz rollar ifaçısı,sağlığında az-az sənətkara nəsib olan dahilik ünvanını qazanmış böyük aktyor,böyük Vətəndaş Əsl İnsan…Yaşımın bu çağında əgər kimsə məndən soruşsa ki,həyatda ən çox kimə oxşamaq istərdin? Mən tərəddüt etmədən Həsənağa Turabovun adını çəkərdim.Mən ən çox onun valideyliyinə pərəstiş edirəm.Mən bir valideyn olaraq ona bənzəmək istərdim.Amma görünür Həsənağa Turabov bizlərdən biri deyil,o, qeyri-adilərdəndir.O, səcdəyə layiq olan İnsanlardandır.Teatrımızın, kinomuzun əvəzsiz aktyoru həyatını da heç kimə bənzəməyən yaşadı.Onun ölümü də heç kəsin ölümünə bənzəmədi.Mən onun ölümünə pərəstiş edirəm.Yaranan onsuz da bir gün ölür.Amma baxır necə? Həsənağa Turabov həyatını kişi kimi dəyişdi.Pərəstiş olunacaq bir şəkildə.Əsl kişi ölümü.Belə ölümlə dünyasını dəyişənlər yalnız cənnətlə mücdılənirlər.Şəhid ölümləri kimi.Həsənağa Turabov Şəhid oldu. Mən onu həyatda bir neçə dəfə görmüşəm.Xalq yazıçısı Anarın Aktyorlar evində “Uzun ömrün akkordları” filminin premyerasında (təqdimatında), Bəxtiyar Vahabzadənin o vaxtkı Azərbaycan Dövlət Dram teatrındakı 60 illik yubileyində, yenə də Azdramada Hüseyn Cavidin 100 illik yubiley təntənəsində.Bu görüşlərin heç birində kəlmə kəsməmişdik.O məni tanımırdı.Haradan tanıyacaqdı ki?…O, həmin vaxtlar, şöhrətin zirvəsində idi.Hamının diqqət mərkəzindəydi.Bir dəfə də Bakıda, marşrut avtobusunda görmüşdüm onu. Bu çoxdan olub.O vaxt sənədlərimi APİ-nin filologiya fakültəsinə vermişdim.Filologiya fakültəsi İnstitutun əsas binasında yox,başqa yerdə yerləşirdi.Fakultəni görmək istəyirdim.Soruşdum,nişan verdilər.Avtobisa mindim Gedəcəyim yeri dəqiq tanımırdım.Avtobusdakı sərnişinlərdən həmin yeri soraqlaşırdım.Axşam üstü idi.Avtobusdakılar işdən sonra ya yorğun idilər,ya danışmaq istəmirdilər.Sorğuma laqeyd,çox soyuq cavab verirdilər: “Sən deyən yerə hələ qalıb”, “yox,bu dayanacaq deyil”- deyə biganə cavab verirdilər.Hər dayanacaqda sorğumu təkrar edirdim.Çünki, avtobusdakılar sanki sorğumu eşidən kimi unudurdular.Növbəti dayanacağa az qalmış,arxa tərəfdə dayanan kimsə,mənə tanış gələn xoş səsi ilə: “Bu dayanacaqda düşün,Sizin dediyiniz bina,bax, bu yolun kənarındadır”- dedi.Bu səmimi səsin sahibinə tərəf çevrildim.Bu qədər laqeyd İnsanın içərisində bu mehriban, təəssübkeş,isti,tanış səsin sahibini görmək istədim.Bu Həsənağa Turabov idi.Avtobus dayandı.Heç təşəkkür etməyə imkan tapmadım. Həsənağa Turabov yenə həmin qayğı ilə: -Düşün – dedi. Mən avtobusdan düşdüm Və həmin qısa təmas,o qayğı indiyə qədər də xatirimdədir və ölənə qədər də yadımdan çıxmayacaq… …Üstündən illər keçdi Həsənağa Turabov 1991- ci ilin payızında,o zaman Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sərəncamçı direktoru Ədalət Vəliyevlə birgə bizı-atama qonaq gəldi.O zaman qəribə bir hadisə olmuşdu.Şəhərin ən böyük məktəblərindən biri bizim evin yaxınlığında yerləşir.Məktıbin qarşısında şose yolu olsa da,məktəblilərə görə o yola qadağa qoymuşdular ( bu qadağa indiyə qədər də qüvvədədir). Neftçalada ilk dəfə olan Həsənağa Turabovun maşını məktəbin qarşısına gəlir.Bu böyük tənəffüs zamanı baş verir.Həsənağa Turabov atamın evini soruşmaq üçün maşından düşür və bu vaxt məktəbin qarşısında oyanan uşaqlar yerlərində donub qalır.Səs-küy kəsilir.Bir anlıq bütün uşaqlar çaşıb qalır. Gəray bəy- Həsənağa Turabov onların qarşısında dayanıb.Bu səssizlik cəmi bir anlıq çəkir.Sonra elə bir səs-küy qopur ki,gəl görəsən.Uşaqlar bu böyük aktyoru əhatəyə alırlar.Bu qeyri-adi İnsana,başqa planetdən gəlmiş bir İndan kimi baxırlar.Tənəffis vaxtı bitsə də,şagirdləri dərsə çağıran zəng səsi dönə-dönə çalınsa da,uşaqları uzun müddət siniflərə yığmaq olmur. …Bax həmin o gün,evimizdə,süfrə arxasında,bu dahi,böyük aktyorla,ağır-səngər Azərbaycan Kişisi ilə uzun-uzadı söhbət etmək mənə nəsib olmuşdu.Gəray bəydən danışmışdıq,Kefli İsgəndərdın danışmışdıq,Kəbirliniskidən danışmışdıq… “Dantenin yubileyi” filminə yenicə baxmışdım:- Sizin oynadığınız rollardan ən çox xoşuma gələn Kəbirlinski obrazıdır- demişdim. -Elə mənim də ən çox xoşuma gələn rolum odur- demişdi. Həsənağa Turabov kübar xislətli adam idi.Ağayana danışığı vardı. Ölkənin ən çox sevilən sənət adamlarından biri yox,birincilərindən biri idi.Bütün rejissorlar onu öz tamaşalarında,filmlərində görmək istəyirdilər.Dramaturqlar, ssenaristlər məxsusi olaraq onun üçün rollar yazırdılar.. …Və şöhrətin zirvəsində olan Həsənağa Turabovun həyatında birdən -birə böyük, amansız, dəhşətli bir faciə baş verdi. Polis zabiti olan oğlu, qardaşım Azərin tələbəlik dostu Tərlan xidməti işdə olarkən,qatil gülləsinə tuş gəldi.Qətlə yetirildi. Həsənağa Turabovu hamı kinofilmlərdə,tamaşalarda çox görüb.Görkəmi əsl bəy,Ağa görkəmi idi. Tərlanın qəfil, faciəli ölümündən sonra bu əsl bəy görkəmli İnsan hansı vəziyyətə düşdü? Şam kimi əridi.Daha rollara çəkilmədi, tamaşalarda oynamadı Mən onun son şəkillərinə baxıram.Gözlərindəki dərdli ifadə bütün varlığımı üşüdür.Oğlundan sonra gözləri həmişə qəmgin,həmişə pərişan idi.Vəzifıdən getdi.Müxtəlif xəstəliklər onu qarabaqara izləməyə başladı.Ağır,tibbi əməliyyatlar keçirdi. Sonralar, qızı televizorda deyirdi ki, tez-tez oğlunun məzarının üstünə gedirmiş. Evində də bu barədə heç kəsə bir söz demirmış.Orda,oğlunun məzarı üstündə hansı hissləri keçirirmiş? -Buni,bu başıbəlalı dünyada oğul itkisi görmüş mən bilirəm. Həsənağa Turabov! Mənim qibtə etdiyim İnsan.Pərəstiş etdiyim İnsan.Sənin ölümün də kişi yana oldu.Oğlunin faciəli ölümünə,onun yoxluğuna dözə bilmirdin.Oğulduz bir dünyanı özünə haram bilirdin.Müalicən üçün yazılmış dərmanları atmırdın. Bilirəm ki,ayaq üstündə dəyişmisən dünyanı.Ruhun bədənini sən ayaq üstündə olanda tərk edib.Ayaq üstündə,kürəyini evinin divarına söyləmiş vəziyyətdə,ruhunu haqqa təslim etmişən… …Ölümü ayaq üstündə,mərdi-mərdanə qarşılayan Turabov.Ruhu haqqın dərgahına diş kimi qanadlanan Turabov.Sən indi oğlun Tərlanla ən əmin bir yerdə -Allahın dərgahındasan.Mən Sənə,Sənin Ölümünə qibtə edirəm Həsənağa müəllim.Allah sənin və oğlum Tərlanın ruhunu şad etsin. AMİN. 28 May 2013