Etiket arxivi: FOTO

12  DEKABR – ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR!!!

          ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

           MÜƏLLİMİN PEDAQOJİ ƏMƏYİ HAQQINDA

Ümummilli lider Heydər Əliyev dövlətimizə başçılıq etdiyi illərdə Azərbaycan təhsilinin inkişaf etməsi, dünya təhsil sisteminə özünə layiqli yer tutması üçün bir sıra sərəncam və fərmanlar imzalamış, öz məruzə və çıxışlarında təhsilin önəmli məsələlərini, eyni zamanda   çatışmayan cəhətlərini diqqət mərkəzinə gətirmiş, təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı qiymətli fikirlərini irəli sürmüşdür. Azərbaycan müəllimlərinin XII qurultayının iştirakçılarına müraciətlə söylədiyi aşağıdakı fikirlər Ulu öndərin təhsilə qayğısının bariz nümunəsi sayıla bilər: “Azərbaycan Respublikasının prezidenti kimi, sizi əmin etmək istəyirəm ki, təhsil sahəsi, təhsil islahatları hər zaman mənim diqqət və qayğım altındadır”. 

Təbii ki, Ulu öndər təhsildə   aparıcı mövqeyə malik, cəmiyyətdə şərəfli yer tutan müəllim amilini də xüsusi qeyd edir, müəllim şəxsiyyətini, onun şəxsi və peşə keyfiyyətlərini təhsilin, təlim və tərbiyə prosesinin səmərəli qurulmasında vacib hesab edirdi.

Ümummilli lider Heydər Əliyev belə bir qənaətə gəlir ki, hər bir xalq, millət, insan yaratdıqları ilə vətən torpağına şərəf gətirir, onun adını uca edir. Ulu öndər tərəfindən gərəkli və məsuliyyətli müəllim əməyi belə dəyərli insanlar arasında yüksək dəyərləndirilirdi.

Ümummilli lider şəxsiyyətin, təhsilalanların formalaşmasında müəllimin roluna yüksək qiymət verməklə yanaşı, onlardan öz peşələrinə həmişə hörmətlə yanaşmağı, öz elmi-nəzəri və metodik hazırlıqlarını, pedaqoji ustalıqlarını müntəzəm şəkildə artırmağı tələb edirdi. Bu xüsusda deyirdi: “Müəllimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, məsuliyyətlərini həmişə düşünsünlər”.

Müəllimin şəxsiyyətini yüksək dəyərləndirən Ulu öndər cəmiyyətimizə, ölkə vətəndaşlarına xitabən deyirdi: “Hər bir vicdanlı adam, Vətəninə, xalqına bağlı olan hər bir adam, qədirbilən adam müəllimini həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad edir. Müəllim adı şərəfli addır, müəllim adı yüksək addır. İndi biz nə qədər çətin bir dövrdə yaşasaq da, müəllim adını daha yüksəklərə qaldırmalıyıq”.  

Ümummilli liderimiz məruzə və çıxışlarında, nitqlərində hər dəfə “müəllim” kəlməsini iftixar hissi ilə səsləndirirdi. Deyirdi ki, “Müəllim” sözü o qədər güclü, müəllim adı o qədər yüksək, sözün əsl mənasında o dərəcədə müqəddəsdir ki, müəllimlər gərək bu çətinliklərə dözsünlər, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olsunlar”.  

Ümummilli lider özü müəllimlərin hörmətini saxlamaqla, onlara ehtiramını gözləməklə bərabər başqalarının da öz müəllimlərinə, o cümlədən  hörmət bəsləməyi, cəmiyyətin həyatında müəllimin oynadığı rolu daim qiymətləndirməyi tövsiyə edirdi. Ulu öndərə görə,  sənə dərs deyən, uşaq vaxtlarından, gənclik çağlarından səni tərbiyə edən müəllimləri   unutmaq olmaz.  Ümummilli lider də hər zaman onları xatırlamış, minnətdarlıqla yad etmişdi. Bunun səbəbini həm də belə bir cəhətlə izah edərdi: “Mən bunu həm cəmiyyətdə müəllimlərə hörməti daha da artırmaq üçün, həm də böyük bir həyat yolu keçmiş insan kimi, müəllimin cəmiyyətdə nə qədər mühüm rol oynadığını qeyd etmək üçün deyirəm. Müəllim olmasa, heç birimiz cəmiyyətdə indi tutduğumuz yeri tuta bilməzdik və bugünkü kimi fəaliyyət göstərə bilməzdik.   …1990-cı ildə çox böyük təzyiq altında idim. Vaxtilə mənimlə çiyin-çiyinə işləmiş adamlardan bir çoxu da mənimlə görüşməkdən çəkinirdi. Lakin sevib hörmət bəslədiyim müəllimlər mənə olan ehtiramlarını saxlamışdılar”.

Ulu öndər məktəb işini, müəllimlik sənətini özü üçün ən doğma iş hesab edərdi (“Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”)..

Ulu öndər təhsildən, təhsil sisteminin səmərəli təşkili, təhsildə yüksək nəticələrə nail olmağın vacibliyindən söz açarkən müəllimlərin üzərlərinə düşən vəzifələrə diqqəti yönəldirdi. Bildirirdi ki, müəllimin birinci dərəcəli vəzifəsi təhsilalanları biliklər sisteminə, dünyagörüşünə, biliklərə yiyələndirmək, onlara həyati bacarıqlar aşılamaqdırsa, həm də,  bu vəzifədən heç də az əhəmiyyət daşımayan, onları tərbiyələndirməkdir. Bu işlə ardıcıl məşğul olmaq lazımdır.

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində – ikinci dəfə müstəqilliyimizə qovuşduğumuz ilk illərdə ölkəmizdə bir ara qeyri-sabitlik mövcud idi. Ölkəmizdə bir tərəfdən, milli azadlıq, müstəqillik, suverenlik uğrunda mübarizə gedirdi, digər tərəfdən, erməni qəsbkarları havadarlarının dəstəyi ilə ərazi bütövlüyümüzə qəsd etmişdilər, başqa bir tərəfdən, daxildə müəyyən qüvvələr, hakimiyyət iddiasında olan bəzi şəxslər sabitliyi pozmağa çalışırdılar. Ulu öndərin qətiyyəti, iradəsi və böyük uzaqgörənliyi nəticəsində Azərbaycanda sabitlik yarandı. Lakin  bu sabitliyin pozulmamasına, ölkəmizin əbədi müstəqilliyinə nail olmaq üçün hər bir ölkə vətəndaşından öz qüvvə və bacarığını sərf etmək lazım idi. Təhsil işçiləri, müəllimlərlə görüşlərində Ümummilli liderimiz bu məsələyə toxunur, müəllimlərdən, məktəblərdən təhsilalanlar arasında bu istiqamətdə də işlərin aparılmasını onlara məsləhət görürdü. Ulu öndərin fikirlərinə diqqət yetirək: “Ziyalılarımızın, ümumtəhsil məktəblərində çalışan müəllimlərimizin vəzifəsi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməklə bərabər, respublikada ictimai-siyasi vəziyyətin sabitliyinə çalışmaqdan ibarətdir. Çünki daxildə sabitliyin pozulması həmişə cəbhədə böyük gərginliyə gətirib çıxarmışdır. Təlim-tərbiyə işləri ilə məşğul olarkən bir məsələni də diqqət mərkəzində saxlamalısınız”.

Cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin hökm sürməsi – ölkənin möhkəm dayaqlar üzərində inkişaf etməsi deməkdir. Ona görə də  Ümummilli liderimiz Heydər Əliyev böyüyən nəsildə  vətənpərvərlik hisslərinin inkişaf etdirilməsini, onları milli-mənəvi dəyərlərə yiyələndirməyi müəllimlərə tövsiyə edərdi. Ulu öndər istəyirdi ki, gənclərimizdə fəal vətəndaşlıq mövqeyi formalaşdırılsın: “Ali məktəblərdə, ümumiyyətlə, təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Mən bütün müəllimlərimizdən rica edirəm ki, bu prinsipi özlərinin fəaliyyətində, öz həyatında da əsas tutsunlar, gənclərimizi də yüksək mənəvi ruhda tərbiyələndirməyə, hazırlamağa çalışsınlar. Çünki cəmiyyətimiz həm zəngin bilikli, ali təhsilli mütəxəssislərə, həm də yüksək mənəviyyata malik insanlara ehtiyac duyur”.

Ulu öndər milli adət-ənənələrimizə və milli dəyərlərə xor baxan, milli əxlaqımıza ləkə gətirən şəxslərə qarşı idi.  Qudurğan, harınlaşmış insanların cəmiyyətimizə, insanlığa zidd hərəkət və əməllərinin qarşısının qətiyyətlə alınacağını diqqət mərkəzinə gətirirdi. Ulu öndərin bəyanatında həmin məsləyə aşağıdakı kimi münasibət bildirirdi: “Bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər… Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımı ölçülər götürüləcəkdir”.

Ümummilli liderimiz cəmiyyətimizdə saf mənəviyyatı bərqərar və inkişaf etdirmək, hər hansı mənfi hallara, cinayətkarlığa, o cümlədən gənclər arasında cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirməyi mühüm vəzifə kimi irəli sürürdü. Bu xüsusda deyirdi: “Biz çalışmalıyıq ki, cəmiyyətimizdə bu mənfi halların kökü kəsilsin. Təəssüf ki, bəzi gənclər özləri də bilmədən hərdən pis yollara gedir, cinayət törədir, yaxud da bələd olmadıqları ayrı-ayrı qruplara qoşulur və cəmiyyətimizdəki sabitliyi pozmağa cəhd göstərirlər. Bütün bunlar milli mənafeyimizə zidd hallardır” .

Ulu öndər mənfi halların aradan qaldırılmasında, gənclərin yenidəntərbiyəsində məktəbin, müəllimlərin, valideynlərin rolunu qeyd edərək deyirdi: “Gənclərimiz arasında mənfi meyllərin qarşısı alınmalı, belə meyllərə qarşı ciddi tədbirlər görülməlidir. Ən əsas vəzifə isə təhsil ocaqlarımızın, valideynlərin gəncləri elə tərbiyə etməsindən ibarətdir ki, belə mənfi meyllər ümumiyyətlə, meydana çıxmasın”.

Ümummilli liderimiz həmin sahədə gənclərin üzərinə də mühüm vəzifələr düşdüyünü qeyd edir, bu kimi mənfi hallardan uzaq durmağı, cəmiyyətdə mövcud olan etik qaydalar çərçivəsində öz davranışlarını qurmağı onlara məsləhət görürdü. Diqqət yetirək: “Ümidvaram ki, ali məktəblərə daxil olan gənclərin hamısı öz gələcək həyatlarını xalqımızın əsrlərdən-əsrlərə ötürülən milli-mənəvi dəyərləri   əsasında quracaq və özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlayacaqlar”.

Hər birimizin müəllimi olmuşdur. Bu gün yaşayan adamlar – yaşlı nəsil, orta nəsil, gənc nəsil – heç kəs müəllimsiz bu səviyyəyə gəlib çatmayıb.

        Ümummilli liderimizin ibrətamiz fikirləri, tələbləri, öyüd-nəsihətləri, məsləhətləri Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və nəzərə alınır.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu. Kübarlıq zadəganlıq əlamətidir… – Təbrik

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

Dekabrın 11-i onun ad günüdür…

Kübarlıq zadəganlıq əlamətidir, nəsildən-nəslə ötürülür. Gözünü açıb kitabların əhatəsində böyüyən insanlar bir başqa aləm olurlar. Yüksək mədəniyyət, xeyirxahlıq onların alın yazısıdır…

Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında onun ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən vətən qeyrəti, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…

Haqqında söhbət açdığım Zemfira Məhərrəmli Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini 187 saylı orta məktəbdə başa vurub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. “Bakı” və “Баку” şəhər qəzetlərində əmək fəaliyyətinə başlayaraq, 2003-cü ilədək müxbir, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. İnsan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür.

1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirib.

2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır.

Ömür-gün yoldaşı, daha doğrusu həyatının mənası, sədaqətli dostu, professor Qulu Məhərrəmlini ölkəmizdə tanımayan insan çətin tapılar. Mətbuatımızın inkişafında, ədəbiyyat aləmində böyük işlər görüb və görməkdədir.

Zemfira xanım iki övladın anası və bir neçə nəvənin nənəsidir…

2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərləri ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…

Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Ünsiyyətdə çox mehribandır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur…

Dekabrın 11-i Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Zemfira xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Yeni yaşınız mübarək!

Müəllif: Elman ELDAROĞLU

(Tezadlar.az-ın köşə yazarı)

ELMAN ELDAROĞLUNUN YAZILARI

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zemfira Məhərrəmli. ANALIQ HAQQI

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

ANALIQ HAQQI

(hekayə)

Yoox! O ölməyəcək!

Ülviyyənin başı üstündən bir an çəkilməyən Elçinin bu etiraz nidaları reanimasiya otağının divarlarını aşıb xəstəxananın dəhlizlərinə yayıldı. Həyat yoldaşının düçar olduğu ağır xəstəlikdən şəfa tapacağına hələ dünənədək inanır, ümidini üzmürdü. Xəstəni müayinə edən bir neçə həkimin son konsiliumunun qərarı bütün doğmaları kimi, Elçini də iliyinəcən sarsıtmışdı: “Ülviyyənin sağalmaq ehtimalı sıfra bərabərdir. Hepatit “S” virusu xəstənin qara ciyərini dağıdıb”.”

Elçin heç cür sakitləşə, özünə yer tapa bilmirdi. Yer-göy başına hərlənirdi. Bütün mövcudatı, varlıqları yaradan uca Tanrıya belə az qala üsyana qalxmaq istəyirdi.

Haləti anbaan dəyişən, başı üzərində ölüm kabusu dolaşan Ülviyyənin heyvatək saralmış bənizinə, hərarətin şiddətindən titrəyən dodaqlarına, məsum çöhrəsinə dağılmış pərişan saçlarına baxdıqca ürəyindən qara qanlar axır, iki gül üzlü körpəsini göz önünə gətirir, yeri-göyü xəlq eləyən Allahın bu zülmə necə rəva gördüyünü düşünürdü.

Ürəyini didib-parçalayan bir hiss də vardı: Ülviyyə üçüncü uşağa hamilə idi. Körpənin doğulmasına az qalmış ananın sarılığa tutulduğu bəlli olmuşdu. İlkin müayinələr ana bətnindəki dölün ürək döyüntülərinin zəif eşidildiyini göstərirdi. Hətta doğulsa belə, çağanın yaşayıb-yaşamayacağı sual altında idi. Bəzi həkimlər, heç olmasa, körpənin salamat qalması naminə addım atmağı məsləhət görsə də, ananın zəif, üzgün vəziyyəti bu istəyin də mümkünsüzlüyünü ortaya çıxarmışdı.

İndi isə Ülviyyə kəskin ağrılardan sayıqlayır, inildəyirdi. Nə yanına gəlib-gedənlərdən, nə də həkimlərin cidd-cəhdindən xəbəri vardı. Vena damarlarına vurulan iynələrin də artıq təsiri yox idi.

Gecədən xeyli ötmüş xəstənin vəziyyəti daha da kəskinləşdi. Zöhrə ana qızının saçlarını tumarlayır, ağrılardan qıvrılan balasına kədərli zümzümələri ilə son laylasını çalırdı. O sövq-təbii duymuşdu ki, bu səhər Ülviyyə üçün açılmayacaq…

* * *

Dəfn mərasiminə xeyli adam toplaşmışdı. Elçinə elə gəlirdi ki, izdihamın ucu-bucağı görünmür. Üstünə al-qırmızı ipək salınmış tabutun yanında addımlayan iki oğul atası sanki dünyanın ən ağır yerişini yeriyirdi. Evlərindən məzarlığadək uzanan bu yol elə bil heç vaxt bitib-tükənməyəcəkdi. Ayaqlarını güclə sürüyürdü. Gözləri önündə isə tamam başqa bir mənzərə açılırdı…

…Qonşu qızı Ülviyyə həmin gün həmişəkindən daha gözəl görünürdü. Boyuna biçilmiş gəlinlik donu, saçına taxdığı bəyaz güllər ona xüsusi yaraşıq verirdi. Toyun başlanmasına az qalmış sifariş etdikləri ağ “Limuzin”ə əyləşib Dənizkənarı parka, Xəzərin sahilinə gəldilər.

Hava küləkli idi. Köpüklü dalğalar bir-birini qovaraq sahilə çırpılırdı. Ləngər vuran ləpələr üstündə səsli-küylü qağayılar uçuşur, suya baş vurur, yenidən havaya qalxırdı. Çığırtısı lap aydın eşidilən bir cüt ağ qağayı dəstədən geri qalmışdı. Sevgililər qoşa süzən, bir-birinə mehr-ülfət bağlamış bu qanadlılara heyranlıqla baxır, onlara bənzəmək, daim birgə olmaq istəyirdilər. Ağ qağayılarla bahəm ənginliyə ucalmaq, sonsuzluğa qovuşmaq onların bu xoşbəxt anlarda ən ülvi arzusu, istəyi idi. Heyhat…

* * *

…Mollanın qəbirüstə oxuduğu Quran ayələri bitər-bitməz şirin xəyallarından ayıldı. Üzügülər, gözəl Ülviyyə artıq torpağa gömülmüş, son mənzilinə yetişmişdi. Taleyin hökmünə bax ki, bətnindəki körpəsini də özü ilə birgə haqq dünyasına aparmışdı.

Ülviyyənin vaxtsız ölümü Elçinə çalın-çarpaz dağ çəkmişdi. Ömür-gün yoldaşının itkisinə dözə bilmirdi. Bir yerdə qərar tutmaq müşkülə dönmüşdü. Qəhər onu boğur, dərd əlindən göyüm-göyüm göynəyirdi. Körpə balalarının ürkək baxışları ilə göz-gözə gələndə sarsılır, özünü günahkar sayırdı. Bəs indi o, balaca Şamilinə, Cəmilinə nə cavab versin? Balalarının dilindən “Ana”” kəlməsi qopanda onları necə ovundursun?

* * *

Həyətdə yas mağarı qurulmuşdu. Hüzr yeri dolub-boşalırdı. Qohum-əqrəba, qonum-qonşu, dost-tanış mərhumun ailəsinə, valideynlərinə, həyat yoldaşına başsağlığı verir, Allahdan səbr diləyirdilər. Ağır gündə dərd-sərinə yananların, kədərinə şərik çıxanların təsəllisi Elçinin başını qatır, ağrı-acısını bir qədər yüngülləşdirirdi.

Ağsaqqal Rəşid müəllim yeganə qızı Ülviyyənin qəfil ölümündən sarsılmış, kişinin qəddi əyilmişdi. Zöhrə ana dizinə döyüb, “balam, vay”” deyirdi. Nəvələrini sinəsinə sıxıb gəlininin ölümünə göz yaşı axıdan Ziba ananın ah-naləsi hamını kövrəldirdi.

* * *

Qırx mərasimi arxada qalmış, gəlib-gedənlərin sayı azalmışdı. Sən demə, çətin günlər hələ qabaqda imiş… Uzun illərdən bəri xəstəlikdən əziyyət çəkən Ziba xalanın ağrıları yenidən şiddətlənmişdi. Ana qayğısından məhrum olmuş balaca Şamil və Cəmil baxımsız qalmışdı. İxtisasca aviamühəndis olan Elçin işinə davam edir, çalışdığı ekipajın tərkibində uçuşlara yollanırdı. Uşaqlar xəstə nənənin ümidinə qalmışdı. Onların yeməyini bişirmək, paltarlarını yumaq… ömrünü-gününü əzablar içində keçirmiş ağbirçək qadın üçün asan deyildi. Körpələr tez-tez xəstələnir, titrədib-qızdırırdı. Cabir əmi, əmidostu Esmira dava-dərmanlarını alır, Mətanət bibi iynələrini vururdu.

* * *

Anasızlığın dadını görmüş uşaqların saralıb-solan çöhrəsinə baxmaq olmurdu. “Uşaq atadan yox, anadan yetim qalar”” ifadəsi, bəlkə, yüz kərə beynində dolaşırdı. Gözüyaşlı balalarına hər kəsdən munis olan bir varlığın yoxluğunu unutdurmaq, ciyərparalarının ana intizarına son qoymaq Elçinə mümkünsüz görünürdü.

Uşaqlar yuxuya gedəndən sonra ən ağır anlar başlayırdı. Ömrü yarıda qırılmış Ülviyyənin portretini əlinə alıb gözlərini gözünə dikir, onunla dərdləşirdi. Cavabsız qalan sualları isə bir deyil, iki deyildi…

* * *

Qardaş-bacıları, yaxınları, Ülviyyənin ata-anası bir yerə toplaşıb qərara gəldilər ki, Elçin evlənsə, körpələrə yaxşı olar. Onların qayğısına qalan, nazını çəkən anaya ehtiyacı var. Bu savab işi görəcək, sığala, tumara möhtac, nisgilli balaların qəlbini ovunduracaq qadın, görəsən, kim olacaqdı? Belə məsuliyyətli, çətin işə qol qoyan, razılıq verən kəs dünyanın əməlisaleh, nəcib bir insanı ola bilərdi.

* * *

Elçinin tənhalığı, küskün görkəmi, içinə çəkilib ətrafındakılarla ünsiyyətdən qaçması iş yoldaşlarının gözündən yayınmırdı. Yaxşı ki, zərgər dəqiqliyi tələb edən işində diqqətli idi. Hələ Moskvada Ali Aviasiya məktəbində oxuduğu illərdən özünə bu keyfiyyəti aşılamışdı. Təyyarənin texniki cəhətdən sazlığına, uçuşa yararlığına bortmühəndis kimi cavabdehlik daşıyırdı.

Stüardessa Leyla ekipaj üzvlərinin ürək qızdırdığı, hörmət bəslədiyi, təmkini, ağlı və mədəniyyəti ilə seçilən qızlardan biriydi. Yaşı bir qədər ötsə də, şuxluğunu, təravətini itirməmişdi. Uca boyu, cazibədar görkəmi vardı. Elçinin mənəvi sıxıntılarına biganə qala bilmirdi. Taleyini ona bağlamağa, balalarına ana olmağa özündə güc-qüvvə tapa bilərdi. Hətta bunu ona xatırlatmışdı.

Elçin isə qərar verməyə çətinlik çəkirdi. Seçimində yanılmaqdan qorxurdu. Axı, bu, həyat məsələsi idi. Balalarının sonrakı taleyi atılacaq addımdan asılıydı. Leylanın növbəli işi, tez-tez uçuşda olması Elçini düşündürürdü. Həmişə yoldaşlarına zarafatla: “Sizi bilmirəm, mən göylər üçün doğulmuşam”” deyən Leyla peşəsini çox sevir, “məni mavi səmadan yalnız ölüm ayıra bilər”” deyirdi. Yeni qurulacaq ailəyə isə anasız qalmış uşaqlara ürəkdən bağlanan bir qadın gərək idi.

* * *

Anasına, qardaşı balalarına baş çəkməyə gələn Cabirin Elçinlə söhbəti qısa oldu:

– Yüz fikir bir borcu ödəməz, – deyiblər. Dərd xalvarla gələr, misqalla çıxar. Xəyallardan ayılmaq vaxtıdır. Uşaqların da, anamın da vəziyyəti yaxşı deyil. Gəlsənə evlənəsən…

Elçin zəndlə qardaşına baxdı:

– Elə bilirsən asandı?

– Bilirəm, sənin üçün çətin olacaq. Nə qədər ki, hələ körpədirlər, ağılları kəsmir, bu addımı atmalısan. Bacımız deyir ki, Həmidə xalanın qızı Lalə çox yaxşı qızdır. Bəlkə, anası ilə danışaq, fikrimizi bildirək?..

Ziba xala da söhbətə qoşuldu:

– Tanıyan-bilən o qızı çox tərifləyir, bala. Ağıllı, zirək, işgüzar olduğunu söyləyirlər. Bu evə belə bir gəlin lazımdı.

Elçinin susmaqdan başqa əlacı qalmadı. İki gün əvvəl, rəhmətlik Ülviyyənin anası Zöhrə xalanın dediklərini yaddaşında çözələyirdi: “Sənin və balalarının günahı deyil ki, amansız əcəl qızımı sizdən ayırıb. Körpələrə ana lazımdı, oğul…”

* * *

Günlərin birində Elçinə uzaq qohumlarından olan ailənin qızı ilə tanış olmaq imkanı yaratdılar. Bacı və qardaşının məsləhət gördüyü qızla. Lalə ağbəniz, yaraşıqlı, təbiətən sadə və mehriban idi. Onu kiçik yaşlarında görmüşdü. Allahın möcüzəsi, ya nə idisə bu qız zahirən Ülviyyəyə bənzəyirdi və bu Elçinin gözündən yayınmadı.

Aralarındakı söhbət uzun çəkmədi:

– Analarını itirmiş iki körpəyə baxmaq, onlara dərdlərini unutdurmaq, tərbiyə vermək elə də asan olmayacaq. Subay adamla ailə qura bilərdiniz. Bu, sizin tərəfinizdən, vallah, fədakarlıqdı, – Elçin aramla danışır, Lalənin cavabını gözləyirdi.

Gözlərini bir nöqtəyə zilləmiş Lalə:

– Güman edirəm ki, bu yükü çiynimə götürə biləcəyəm. Allah bizə yardımçı olar…

* * *

Bu izdivaca hamı sevinirdi. Yeni ailənin təməl daşı qoyulmuşdu. Lalə uşaqlara “can”” deyib, “can”” eşidir, onların nazını çəkirdi. Düz doqquz aydan sonra ailədə bir oğlan uşağı da dünyaya gəldi. Şamilin, Cəmilin adlarına yaraşdırıb körpəni Ramil adlandırdılar. Hər şeyə qadir Allah bu nəcib qadına xoş əməllərinə görə şirin pay – övlad bəxş eləmişdi.

Gənc ananın qayğıları başından aşırdı. Çətinə düşəndə anası və qayınanası köməyinə çatırdı.

Ən çox sevinən isə həyatdan vaxtsız getmiş Ülviyyənin anası Zöhrə xala idi. O, nəvələrinə tez-tez baş çəkir, onların ana sevincinə qoşulur, fərəhlənirdi. Cavan qızının ölümünə dözməyib dünyasını dəyişən Rəşid müəllimin ruhu ilə söhbət edir, ona təskinlik verirdi.

Ürəyi dərdli ana mehrini Laləyə salmışdı. Lalə də Zöhrə xalaya anası tək hörmət bəsləyir, ondan məsləhət alır, birlikdə ləziz xörəklər bişirirdilər. Lalənin anası Həmidə xalaya qoşulub xeyir-şər məclislərinə gedirdilər.

* * *

Ailə quranadək uşaq bağçasında tərbiyəçi işləmiş Lalə balacalarla dil tapmağı bacarırdı. Bu qabiliyyəti indi ana olandan sonra daha çox karına gəlirdi.

Yayın cırcıramasında Nardarandakı bağlarına köçür, bürküdən nəfəs təntiyən şəhərdən bir qədər uzağa çəkilirdilər. Uşaqlar Lalənin isti nəvazişi ilə böyüyür, xoş rəftarından pərvazlanırdılar. Bağ evinin qarşısındakı köklü-köməcli tut ağacının budağından asılmış yelləncəkdə yellənən oğlancığaz anasının şirin nağıllarına az qala uyumuşdu:

– Evin üçyaşlı, sonbeşik oğlu ərköyünlük edib sözə baxmırdı, Ramil bala, xörəyini yemirdi. Şanapipik uçub oğlancığazın boşqabını dimdiklədi…

Lalə elə bunu söyləmişdi ki, tut ağacından azca aralıda, təzəcə suvardıqları ləklərin yanında bir cüt şanapipik göründü. Uzun dimdikləri ilə torpaqdan dən axtaran çox qəribə və bəzəkli, narıncı zolaqlı quşları görəndə Ramil çox sevindi. Sual suala calandı.

– Bu quşlar başlarında niyə buynuz gəzdirirlər? Yoxsa, bunlar maral quşlardır?

Lalənin isə diqqəti eyvanda əyləşib şahmat oynayan Şamillə Cəmildə qalmışdı. Uşaqların fərasəti ilə yaşıdlarından çox fərqlənməsi onu sevindirir, ürəyini xoş hisslər bürüyürdü. Dünən – Ülviyyənin doğum günündə Elçinlə birgə onun məzarını ziyarət edərkən düşündüklərini indi pıçıltı ilə özündən soruşurdu:

– Görəsən, analıq haqqını qazana bilmişəm?..

MÜƏLLİF: ZEMFİRA MƏHƏRRƏMLİ

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustacın yaradıcılığı və “BB” kitabı haqqında

Bu, Zaur Mustafa oğlu Mustafayevdir…
(Zaur Ustacın yaradıcılığı və “BB” kitabı haqqında)
Zaur Ustac imzası hələ 1988- ci ildən hamıya məlumdur. İlk dəfə ”Əməyə məhəbbət” adlı yazısı həmin dövrdə çıxan “Lenin yolu” qəzetində dərc olunmuşdur. Müxtəlif mətbu orqanlarında –”Azad qələm″, “Ədalət”, ”Təzadlar”, ”Haqqın səsi”, ”Həftə içi”, ”Kredo”, ”Bütöv Azərbaycan”, ”525-ci qəzet″, ”Olaylar″, ”Ədəbiyyat qəzeti” qəzetlərində, eləcə də ”Yazarlar”, ”Xəzan” və digər jurnallarda dərc olunmuş şeirlərinin, publisistik yazılarının oxucusu olmuşuq…
Eyni zamanda ”Yazarlar” jurnalının təsisçisi və baş redaktoru kimi son illər jurnalın müntəzəm çapına nail olmaqla geniş oxucu kütləsinin sevgisini qazanmışdır.
Zaur Ustac jurnalın nəşrini ”Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi çərçivəsində ödənişsiz əsaslarla təşkil etmişdir.
2007- ci ildən 2021 ci ilədək fasilələrlə buraxılan jurnal 2021-ci ildən dövri olaraq çıxır.
Zaur Ustacın ədəbi-bədii, elmi yaradıcılığına nəzər salsaq görərik ki, yazılarında hansı sahəyə müraciət edirsə, o sahənin bilicisi kimi özünü təqdim etməyi bacarır. O, jurnalın təsis etdiyi müxtəlif diplomlar, fəxri fərmanlar yeni yazılmış kitabların müəlliflərinə, uğurları ilə fərqlənən ziyalılara, şəhid analarına təqdim etməklə, onların əməyinə dəyər verərək qiymətləndirməyi də zəruri hesab edir. Eyni zamanda vaxtaşırı mükafatçıların siyahısını da jurnalda dərc olunmasını vacib bilir.
Bu yazıda Ustac yaradıcılığının son məhsullarıdan olan hekayələri haqqında söhbət açmağı lazım bildik.
Yeri gəlmişkən, onun həyat səhifəsinə nəzər salsaq görərik ki, istefada olan zabit olsa da pedaqoji sahədən, məktəbəqədər və ibtidai təhsildən, maraqlı psixoloji məsələlərdən həmin sahələr üzrə əsl mütəxəssis kimi maraqlı araşdırma və təhlil yazıları təqdim edir. Əlbəttə, bu məsələlər lapdan həll olunmaz. Onun üçün həmin sahələri mükəmməl dərk etmək, öyrənmək, zəhmət çəkib hər bir əziyyətin öhdəsindən gəlmək bacarığını üzə çıxarmağın özü də bir ustalıqdlr.
Bütün bu keyfiyyərlər onun yaradıcılıq potensialının, zəngin intellektual səviyyəsinin yüksək olmasının təzahürüdür. O, təmiz, saf qəlbli, doğru və dürüstlülüyü ilə fərqlənən fədakar tərcüməçi, yazıçı-publisist, naşir, şair, dövrünün yüksək mənəvi keyfiyyətlərinə malik olan ziyalı bir şəxsiyyətdir.
Onun “BB” kitabında toplanmış hekayələrə nəzər salsaq görərik ki, ümumiyyətlə, həyatdan götürülmüş faktlara əsasən qələmə alınıb.
Belə ki, dövrünə görə Bəy Balanın savadsızlığı, əqli səviyyəsini, gördüyü işləri böyük həvəslə danışması olduğu kimi verilmişdi.
Bəy Balanın heç bir sahədə qərar tuta bilməməsi, atasının isə onu gah ”raykom katibi”, gah da ”məktəb direktoru” qoymaq fikirləri, cəhdləri ilə razılaşmaması bir tərəfdən onun üzdə lovğalansa da ”vəzifələrin” onluq olmadığını bilərəkdən bunlardan imtina edir. Atasının timsalında istənilən vəzifəni pulla almağın mümkünlüyü verilsə də, Bəy Bala ali təhsil diplomu alsa belə bacarıqsızlığını bildiyindən heç bir yerdə işin öhdəsindən gələ də bilməzdi. Onun fikri-zikri alver etmək və çox pul qazanmağın yollarını öyrənmək idi. Buna görə də müxtəlif vasitələrə əl atır…
Yazıçı Zaur Ustac bunları tam çılpaqlıgı ilə qələmə almaqla Bəy Balanın təhsilə necə münasibət bəslədiyindən yazır. Bəy Bala təhsilin dəyərini qiymətləndirə bilmir, çünki, atası onu altımış minə ADU-,nun tarix fakultəsinə qəbul etdirmiş, ”bir torba alçaya” qiymətlərini yazdıraraq ali məktəbi bitirtdirmişdi.
Lakin ali təhsillin olmasına baxmayaraq o, həyatda özünə məxsus yer axtarmağa çalışır, amma ixtisasına uyğun işləməyə marağı yoxdur.
Yazıçı bu məqamı verməklə valideynlərin uşaqlarının marağına uygun ixtisas seçiminə sərbəstlik verməməsinə işarə edir.
Bəy Balanın alverə, biznesə marağını və bu sahədə uğura nail ola bilməsi üçün hər yerə baş vurmasını, nəhayət, özünə ”layiqli” yerini ”tapmasını”da yazaraq bu sahənin cəmiyyət üçün o qədər də faydalı olmadığını, yazının adını ”Böyük Bədbəxt” qoyulmasını istəyən Bəy Balanın sözləri ilə ustalıqla oxucuya çatdırır.
Eyni zamanda belələri haqda ”tərifli” yazılar yazan “200 manatı” qəbul edənləri də bir növ tanıdır.
Zaur Ustacın ədəbi yaradıcılığı maraqlıdır, bezdirici deyil, belə ki, onun mövzu seçimi də fərqlidir. Unudulmuş nəzərdə olmayan məsələləri gündəmə gətirərək sosial məsələləri ictimai maraqla, mənəvi maraqları müəyyən etməyi çox ustalıqla qələmə alan istedadlı yazar kimi geniş ictimaiyyət tərəfindən qəbul olunan-Ustacdır:
”Susuz quyuya su tökməklə sulanmaz”,
Gic doğulan, gic böyüyər, gic ölər…
Ər oğuldan, ər törəyər, mərd olar,
Soysuz doğsa , bic yetirər, bic bələr….
Ustac, iki doqquz, edər on səkkiz,
Arif bu sinindən səhv etməz hərgiz
Qanmazsa, qovalar, teylər dörd doqquz,
Qırxda qurşaq tutar, boşa güc eylər….
Və ya. :
İstədim deyəm ki, olasan agah,
Mat qaldım bu işə özüm də Billah,
Ustacın işləri Vallahi dəsgah,
Qan-tər içrə buza batır nədəndi?!-deyir.
Zaur Ustac pula, var-dövlətə həris olanları, şöhrət üçün qaçıb dostluq edənləri tərbiyə etmək üçün belələrinin iç üzünü təhlil edir və oxucularına öz daxili aləmini təqdim edir:
Səndən istəmirəm nə şöhrət, nə şan,
Səndən istəmirəm beş günlük ad- san.
Var dövlət, saraylar deyil şakərim,
Öz əlim, ayağım olsun nökərim…
Niyyətim bəllidir, istəyim dəqiq,
Ustac heç istəməz nə altun, əqiq…
Mustafa oğlunun istəyi təkdir,
Zaurun arzusu dəqiqdir, yekdir…
Elmin qapıların üzümüzə aç,
O güllü bağçandan bir az ətir saç.
Ruhumuz məst olsun, olsa da anlıq,
Dili tərk etməsin bir an şükranlıq…
Zaur Ustacın “Qırmızı yarpaqlı ağac” hekayəsi də maraqlı, oxunaqlı ideya xətti ilə əsas fikri əlil hərbiçiyə yönəldir.
Şaxtalı qışın görüşünə hazırlaşan ağacla sükutla qarşılaşıb kədərlə ayrılmaq!…
“Generalın ölümü” povesti ilə eyniləşdirmək, zabit peşəsi haqda ”ömür boyu çalışıb nə vaxtsa güllənin görüşünə” eynən amansız qarlı qışın görüşünə hazırlaşan bu ağac kimi…
O, qeyd edib ki, uşaq ana bətnində olandan, sonra da uşaq arabasından başlayaraq əlil arabasına qədər bütün həyatı boyu bu bağda olur və hər şeyi bu bağda öyrənir. Bu bağ sanki, həyat akademiyasıdır. Burada bitən ağaclar da payızda yarpaqlarının rəngini dəyişir…
” Sarı yarpaq gör nə gözəl
Kimə güldür kimə xəzəl” misraları uca boylu qırmızı yarpaqlı agacı payızla qışın görüşünə hazırlaşan agacla dərdləşir, sükut və kədərlə ayrılır.
Bu hekayədə məqsəd bəzi qazilərə olan münasibəti qabardaraq oxucuya çatdırmaq, hərbiçilərə diqqətsiz yanaşılması, ”işçi” sözüylə polkovnik rütbəsində olan adamın eyniləşdirilməsi, qazi ilə ”əlil” sözlərinin fərqləri düzgün anlamda dərk etməyi nəzərdə tutur. Qırmızı yarpaqlı uca boylu ağacın ətrafındakı düşüncələrini –yəni agac da qırmızı yarpaqlarla bəzənib-düzənib qışın gəlişini qarşılayır… Qazi nə qədər özünü sındırmasa da qışını gözləməsinin vacibliyini eyniləşdirir.
Digər tərəfdə insanlığın millətindən asılı olmayaraq ən yüksəkdə oldugunu—rus əsilli qonşunun qaziyə göstərdiyi qaygının, diqqətin sayəsində real şəkildə göstərilir.
Yəni qazinin bəlkə də hər hansı bir qohumu da olsaydı belə ona qonşusu kimi himayədarlıq etməzdi, bezərdi. Amma sarışının qaygısı, dostuna etimadı, ona sadiq olduğunu əks etdirir.
Hekayəyə bu başlığın verilməsi ilə bağda qeyri adiliyi ilə seçilən ağacın olması burada cərəyan edən hadisələrin qeyri-adiliyinə bir növ bənzədilərək müəllifi içəridən narahat edən məsələləri üzə çıxarmaq kimi düşünmək olar.
Elə başlanğıcda da göründüyü kimi bu fikir əsasında hadisələrin gedişi belə göstərilir: — Uca boylu qırmızı yarpaqlı ağacdan aralanıb qazi ilə olan görüş və söhbəti eyniləşdirərək əsas ideyasını çatdırmaqla daxili düşüncələrini ortaya qoyan yazar, daha yeni bir uğurlu hekayəsini oxucusuna təqdim edir…
Eynilə ”Psixoloqun qəbulunda” da qazi ilə psixoloq arasında müəyyən məsələlər təhlil edillir…
Zaur Ustacın bütün əbəbi yaradıcılığı oxunaqlı olmaqla geniş oxucu kütləsini cəlb edir, düşündürür.
Lakin, qeyd etdiyim kimi onun uşaqlar üçün yazdığı şeirlər, məqalələr, yazılar da onun bu sahədə də geniş məlumatı olduğunu aşkara çıxarır.
Ümumiyyətlə, hərtərəfli zəngin həyat təcrübəsi, savadı (bir neçə təhsil ocagının tələbəsi olması), geniş, hərtərəfli dünyagörüşü, fərdi xüsusiyyətləri onu digər yazarlardan fərqləndirir.
Yazıçı-şair, publisist, yaradıcı ziyalımıza yeni-yeni ugurlar və can saglıgı arzulayıram.

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.

NƏZAKƏT EMİNQIZININ YAZILARI

MUSTAFA MÜSEYİBOĞLU -70

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HƏCƏR PAŞAYEVA. SƏS ELƏMƏYİN

HƏCƏR PAŞAYEVANIN HEKAYƏSİ

HƏCƏR PAŞAYEVA

Həcər Adil qızı Paşayeva 8 fevral 1959-cu ildə Naxçıvanda anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

SƏS ELƏMƏYİN

Üzünü illərin eninə-uzununa dərin qırışlarla naxışladığı, kirpi yumağından baxırmış kimi çuxura düşən, nuru azalmış gözlərini qıyan bir qadın başını içəri uzatdı:

-Xalan qurban, gəldim. İşin çoxdumu? Dərmanları aldım. Bunu qoş, çıxım gedim, işim-gücüm var, – dedi.

Tibb bacısı stulda əyləşən xəstənin qoluna iynə vurduğu yeri spirtli pambıqla silib şprisi zibil qutusuna atdı. Qadına müraciətlə:

-Tərlan xala, gəl. Səndən başqa heç kim yoxdu ta, – dedi.

Qadın suvağı bir neçə yerdən qopmuş, divarlarının rəngi rütubətdən tanınmaz hala düşən otağa keçib çantasını köhnə, bozarmış taxtası ordan-burdan qabarmış tumbanın üstünə qoydu. Çarpayıya uzanıb qolunu çırmaladı. İynənin sancılmasını görməmək üçün gözlərini bərk-bərk yumdu. Tibb bacısı dərmanı ştativə asıb damcıların sürətini tənzimlədi. Yarım litrlik şüşə göz yaşlarını damcı-damcı plastmas kisəciyə axıtmağa başladı:

-Tərlan xala, qorxma, ta dərman gedir yavaş-yavaş.

Qadın gözünü açıb qoluna, sonra ştativə baxdı:

-Allah köməyin olsun, – deyib gözlərini yarıyumulu qapadı.

Tibb bacısı qəfildən:

-Tərlan xala, o günü eşitdim Əkbərin başına gələni. Allah haqqı, eşitdiyimə inanmadım. Gör haa, suyun lal axanı, adamın yerə baxanı. Lənət şeytana. Kimdən desən, gözləyərdim, amma Əkbərdən yox.

-Nə bilim axı. İşdir, adam başına gəlir. Uşağım gül kimi başını aşağı salıb dolanırdı. Qəfildən, iraq olsun, elə bil gözə gəldilər. Aləm qarışdı bir-birinə.

-Tərlan xala, o qızı hardan tanıyırmış Əkbər? Necə olub ee… hadisə?

-Hə, Səhər, deyirəm, anan ölsün, bala, bu nə işdi, sən düşdün? Gör kimin ağlına gələrdi ki, bunu da şeytan yoldan çıxarda bilər. Qonum-qonşuda bütün subay qızı olan analar onun kimi kürəkən arzulayırdılar. Arvadını o qədər çox istiyirdi. Dinəndə deyirdi: “Arvadı döyməzlər. Döyəndə də ya pulla, ya da aldığın təzə paltarla yançağına vurarlar. Ayağımı itlər qapa-qapa uzaq kənddən arvad alıb gətirmişəm ki, döyəm?” Biz nişan aparanda uşağımın ayağını qız evinin iti qapmışdı axı. Bir dəfə o gəlinə bir şapalaq vurduğunu, üstünə qışqırdığını görmədim, eşitmədim. Bu biri qardaşlarına heç oxşamadı. Bunlar eynən dədələridir. Arvadları da, insafən, pis deyillər, birtəhər yola verirlər. Bu getdi, kimə çəkdi, bilmirəm. Uşaqlarımın hamısından göyçək, boy-buxunlu, ancaq hamısından fağır. Arvadı da ki, ataman. İmanımı yandıra bilmərəm, bəlkə də, cadu-piti elədi, balamın dilini-ağzını bağladı? Nə bilim, vallah. İnstitutu təzə bitirib gələndə deyirdim, Səriyyənin qızını – xalamnəvəsini dəə – hə, deyirdim, onu al, bir tay unu bir dəfəyə yerdən qaldırır. Dedi, güləşməyə pəhləvan almıram ki. Sonra bir bibisi nəvəsi vardı, ceyran kimi qızdı, dedim, onu al. Dedi, uşaqdır, hələ məktəbi qurtarmayıb. Özümü öldürdüm ki, ay bala, qız meşə armudu kimi bir şeydir. Nişan tax, toyacan bir də gördün lalıxladı, yetişib oldu yeməli, ərə getməli bir qız. Onu da almadı. Odur ee, indi getdiyi ailədə bir ad çıxarıb ki, bütün tayfa başına and içir. Getdi, bu dəlini aldı, ağacdan zad eliyənin birini. Allaha qurban olum, necə uyğunlaşdırır, bəndələri taylayır bir-biriynən. O gəlinlə heç kim dolanmazdı, bu yola gedir. Qardaşları kimi savadsız deyildi Əkbər. Maşallah, getdi, Rusetdə oxudu, həm də işləyib özünü saxladı. Arada bizə puldan-paradan da göndərdi. Adamın üstündə Allah var, dədəsinə-anasına bir qəpik xərc-xəsarat vurmadı…

Qadın sözünü yarımçq kəsib tibb bacısına dönərək:

-Qolumu belə qoymaqdan keyidi, Səhər. Sən Allah, bunu bir az rahatla. – dedi. – Görən, gec qurtarar?

Tibb bacısı qadının qolunu astaca qaldırıb altına kiçik balınc qoydu, ştativdən asılmış şüşəyə nəzər salaraq dilləndi:

-Hələ bir az var, Tərlan xala, sən sözünü de.

-Hə, biz təzə evlənəndə dədəsi də yaxşı idi. Yenə bir az adamlığı varıydı. Maa elçi göndərəndə heç üzünü görməmişdim. Gəlinlər də hərdən soruşurdular, kişini harda görüb bəyənmişdin? Deyirdim, ay tövbə, tövbələr tövbəsi, vallah, görməmişdim, billah tanımırdım. Elə elçi göndərdi, dədəm də verdi. Toya bir az qalmış dostuynan gəlmişdi məhləyə, bir dəfə onda görmüşdüm. Sir-sifətdən pis deyildi, qara, arıq-arğaz bir oğlanıydı. Qocalandan sonra meymuna oxşamağına baxma. Sonra batmışın sifətinə baxmalı olmadı. Həə, “ya bəxt” – deyib getdim. İrəlilər mənə də, uşaqlara da baxırdı. Yaşayırdıq də birtəhər. Camaat kimi. Sonra elə bil getdikcə kişinin zayı çıxdı. Cini qalxanda məni döyüb öldürürdü. Evə, uşağa da baxmırdı. Dədəmgilə də dərdimi demirdim. Fikirləşirdim ki, niyə narahat olsunlar. Neyləyəydim ee, qismətiydi dəə, çıxmışdı qabağıma. Fikirləşirdim ki, yaşlandıqca düzələr, ağlı başına gələr. Hardan ee, əşşi… Sarsaq adam qocalanda ağlı başına gəlmir ki, sarsaq da qalır, qurumsaqdırsa, olur qoca qurumsaq. Ömrümü çürütdüm, günlərimi verdim yelə, getdi… Nə boşana bildim, nə də adam kimi yaşaya. Kasıblıq da bir tərəfdən ilan kimi dolandı boğazıma. Kişi evə pul gətirmirdi, yemək-içmək almırdı. İnan, həftəynən ac qalaq, vecinə deyildi. Hələ gəlib evdə mənnən yemək davası eləyirdi. Guya işləyirdi başı batmış. Bilmirdim, qazancını neyləyir.

-Tərlan xala, kişi ki qazancını evə vermədi, bil ki, hardasa bir zibil işi var, – deyə tibb bacısı gözünü telefondan çəkib qadına baxdı.

-Gözünə girsin zibil işi. Nə xəbərim olurdu ki, evdən çıxanda hansı cəhənnəmə gedir, nə qələt eləyir? İtin arvadı olasan, ömrü uzunu dədən evində un çuvalına tay olasan, ancaq qurumsaq, əzazil adama, xəsis adama getməyəsən. Mənimki keçdi e, bala, keçib getdi hər şey, – deyəndə qadın dərindən ah çəkib dərdli gözlərini tavana zillədi, – Nə isə, ağlıma saldılar, qutab bişirib satmağa başladım. Nə zülmlə bazardan – bir kənardan bircə qırıq yer ala bildim. Hər gün gedirdim, günortadan keçmiş qayıdırdım, sonra da ev-eşik, sil-süpür… Bilirsən dəə, evin işi nə deməkdir. Gecə də xamır qatıb yatırdım, obaşdan durub qutab bişirirdim. İsti-isti yaxşı alınırdı. Bazarın “uçaskovusu” o vaxt Cəfər idi axı. Həmzənin oğlu Cəfəri deyirəm. Hə, kişinin başı tamam pozuldu, saldı beyninə ki, sən Cəfərnən oturub-durursan. Ay tövbə, oğlanlarımdan kiçiyiydi. Mən kim, o kim? Qorxum o idi ki, gedib Cəfəri tutar, bir söz deyər, biabır olaram. Yaxşı ki, ancaq özümə deyirdi elə. Hər gün bazardan gələndə Allaha yalvarırdım ki, uşaqlar evdə olsun. Onların yanında dinmirdi, döymürdü. O evdə olanda hamamda çimməyə həsrət idim. Qapısı amanabənd idi. Təpikləyib açırdı, girirdi içəri, məni döyüb öldürürdü ki, çimirsən, Cəfərin xoşuna gələsən. Deyirdim, ay iyid ölmüş, bu yekəlikdə oğlanların anasıyam ee. Çox vaxt xəlvətə salıb tövlədə çimirdim. Onu da bir dəfə unadı. Sabun köpüyünü görmüşdü. Yenə mənə əl buladı. Baş-gözümə döyülməkdən, yaxşı ki, gic olmadım. Son vaxtlar da kişilikdən düşdü, oldu lap dəli. Neçə yaşı vardı, taa vaxtıydı da. Nə vaxta qədər o meymun sifətiynən kirdarlı qalacaqdı? Ay kişinin qızı, onun da günahını məndə gördü. Deyirdi, qocalmısan, ona görə beləyəm. Deyirdim, ay zalım, get bir cavan arvad al, yaxşı olsan, boşanacam, məndən əl çək. Səni Allah mənə baş bəlası verməyib ki. Başı batmış gedib Seyranın dul qızı var e, Xavər, ona irgənçi, qurumsaq təklif eləmişdi. O da tüpürüb üzünə, sonra da qardaşına deyib. Gədə girəvəyə salıb, tutub bunu eşşək kimi çırpmışdı. Camaatdan gizlədim. Qıza dedim, qocalıb, başı xarab olub, üstünü vurmayın. Biabırçılıq olar. Adına söz çıxmağı heç sənə də yaxşı döyül. Özünə dedim, a başı daşlı, bir güzgüdə üzünə bax, gör nəyə oxşayırsan? Xavər sənin o it yalamaz sifətinə heç tüpürməz də. Oğlanlarım hey soruşdular, bu kişiyə noolub, üz-gözü niyə bu gündədir? Qorxumdan demədim, gizlədim. Fikirləşdim ki, gedib Xavərin qardaşıynan dalaşarlar, qana düşərlər bundan ötrü. Özü də demədi. Elə bic idi ki. Tülküdən bic. Başı xarab olmuşdusa, bunu deyəydi də, niyə gizləyirdi? Nə isə ey, Allaha acıq getməsin, öldü, canım qurtardı.

-Tərlan xala, Əkbəri soruşdum ee, səndən, – deyə tibb bacısı telefonu tumbanın üstünə qoyub əllərini otaqla, otaqdakı əşyalarla uyuşmayan, ağlığından göz qamaşdıran xalatının cibinə soxdu. – Başım pozulub. Dərdli deyingən olar, a bala. Nə isə, indi də bu balam… Əkbər. Qalıb belə. Elə-obaya çıxa bilmir. Camaatın min zibili olur, heç bu cür eləmir. Bu yazıq ömründə bir dəfə qələt elədi, alabayraq oldu. Ağ köynəyə nöqtə boyda ləkə düşsün, o dəqiqə bilinir. Amma qara paltarı nə qədər çirkə bulasan, ləkəsi bilinməz. Qorxuram ki, iraq olsun, balamın başı pozular. Onlarla da qalmıram ki, deyəm, bala, ürəkli ol. Denən, bax belə yaxşı eləmişəm, əcəb eləmişəm. Əlimin içindən gəlib. Hansınızdan əksiyəm? Kişi deyiləm? Deyəm ki, ay oğul, papağını qoy qabağına, fikirləş, gör bu ətrafda, qonum-qonşuda səndən təmiz uşaq var? İndi nə oldu, dünya dağılmadı ki. Bu nə xəcalətlikdir, yaşayırsan. E-e-h, xeyri yoxdur, fağırdır, fağır. Məni ən çox da o gəlin – arvadı yandırır. Bir tufan eləyir ki, elə bil əri bu dəqiqə onu boşayıb, gedib o rusu alacaq. Rus da bir rus ola. Elə bil suya düşmüş siçandı köpəkqızı. Qayınarvadları – o biri gəlinlər həmişə buna paxllıq eliyirdilər. Oğlumu üzdə guya bəyənmirdilər. Arvadağız qoymuşdular bunun adını. Deyirdilər, yaxşı ki, bizimkilər elə deyil. Kişidə bir zəhm, hirs-hikkə olar. Bu nədi ee, arvadı maşına minəndə tez qaçıb qapını açır. Əli yoxdu? Özü açsın da. İşdən gəlir, yorğun-arğın qaçır mağazaya. Aaz, uşaqları arvadıynan birlikdə saxladı, Ətağanın cəddi haqqı. Amma bir qıza-qadına gözünün ucuynan baxmamağını bəyənirdilər. Deyirdilər, bu ancaq öz ailəsiynəndir. Bizmkiləri gərək güdəsən. Gözümüzdən iraq olsalar, min hoqqadan çıxarlar.

-Sən nə dedin bəs? Həmin gün necə olmuşdu, heç təfsilatı demədin axı, – deyə tibb bacısı səbrini basa bilməyib yenə soruşdu.

-Tezdən eşitdim. Demək, əhvalat necə olur, Səhər? Bu uşaq axı Ruset xarabada oxumuşdu. Orada bu “krısa”ya oxşar qıznan aralarında nəsə varmış. Sonra mənimki gəlir, bu dəli ilə evlənir, o qız da özününkülərdən birini tapır, ərə gedir. Aradan neçə il keçir, Əkbər yadına düşür bunun. O yaraşıqda oğlan kimin yadından çıxar ki? Götürür, məktub yazır ki, bəs səndən ötrü ölürəm, gəlmək istiyirəm ora.

-Hardan bildiz bunları?

-Əşşi, demirəm, oğlum zayılfasondur? Əvvəllər başına nə gəlmişdi, kimnən oturub-durmuşdu, evlənəndən sonra hamısını arvadına danışmışdı. Gör kişi də qabaqlar yediyi p..u arvadına danışarmı? Səydi dəə, səy… Nə isə, hamısını bitdə-bitdə arvadına deyib. Hə, bu da durub qıza yazıb ki, gəl bura, guya xəstəsən, duz mədənində müalicəyə gəlmisən. Arvadıma deyəcəm, o vaxtı sizin evinizdə kirayə qalırdım. Sənin dədən-anan mənə çox hörmət eləyib, indi də mənim növbəmdir. Elə həqiqətən, o vaxtı oğlum bunlarda qalırmış. Qərəz, qız əri ilə gəlib çıxır. Di bunlara hörmət-izzət… İkinci mərtəbədə bir otaq ayırırlar, ən yaxşı mələfə -“çuxol”, mitil-zad… Qonaqlar gələn gün mən də ordaydım. Arvaddan elə ilk görünüşdən gözüm su içmədi. At kimi kişnəyirdi. Ağzını göyə açıb elə hündürdən gülürdü ki, az qalırdı mədəsinin içi görükə. Arvad ki, elə güldü, ondan qorx, kənar dur. Xatalı adamdır. Hər fitnə, ifritəlik əlindən gələr. Sabahdan bunlar hər gün gedirlər guya müalicəyə. Qayıdırlar, evdə yemək-içmək, çay, şirniyyat – gəlin hazır eləyir. Haqq üçün, gəlinin yaxşı süfrə açmağı var. Axşamlar da qızın xaxol ərini mənim gədəm bərk içirdir. Yüz qram içən kimi piyan olurmuş. Ayaq üstə ölənin biri idi. Axırı, belə olur ki, gəlin duyuq düşür. Baxır ki, bu qız Əkbərə bir ayrı cür baxır, qaş-göz eləyir. Bir gecə gəlin oyanıb görür ki, Əkbər yerində yoxdur. Deyir, o saat dalağım sancdı. Bildim ki, burda bir iş var. Evi gəzdim, yox idi. Qalxdım ikinci mərtəbəyə, gördüm, qonaqların işığı yanır. Otağın qapısını açıb içəri girəndə nə görsəm, yaxşıdır? Xaxol kişi bərk xorulduyır. Ərim də lümlüt – alt paltarında oturub çarpayının qırağında, tutub bu rus sarımeçənin əlindən, şirin-şirin söhbət eləyirlər. Məni görəndə özünü tamam itirdi. Soruşdum ki, burda neyləyirsən, Əkbər? Dili dolaşa-dolaşa qayıtdı ki:

-M-maya,  gəlmişəm, d-deyəm ki, səs eləməsinlər, biz yatırıq…

Dedim:

-Əkbər, bizim otaq birinci mərtəbədə, bunlar yuxarıda. Gecənin də yarısıdır, nə səs eləyəcəklər? Bu kişinin səs-küy eləməklik halı var? Gecədən “piyan” olub yatıb.

Dəli olmadımmı? Nə yemisən, turşulu aş. İkisini də qatdım bir-birinə. Mən çırpdıqca rus eşşəyin qızı nəsə deyir, bilmirəm, başa düşmürəm ki. Bir-iki söz qalıb yadımda. Arada cığıldayırdı: şulyuxa… suka… Nə bilim, aaz… Məni yandıran ərim oldu ee, ərim. Mən rusu çırpdıqca Əkbər qayıdasan ki, Maya, onu vurma, o qəribdir, yazıqdır. Yandm-töküldüm. Çamadanlarını şifonerdən çıxarıb tulladım evin ortasına. Dedim, köpəkqızı, dur, bu dəqiqə donuz ərini də götür, rədd ol evimdən.   

…Hə, a qızım, gecə ikən oğlum taksi çağırır, bunları evdən yola salır. Arvadına deyir, gözlə, səs-küy eləmə, uşaqlar yatıb, qoy səhər açılsın. Səhər də qırğınları təzədən başlayır. Məni çağırdılar, getdim. Gəlin az qalır, gədəmi öldürə. Tutursan, tutulmur, “kəs” – deyirsən, kirimir. Birtəhər yat-küt elədim. Dədəsini çağırdım. Anası da gəldi. Dedi, a bala, dədən başıma yüz dəfə belə oyun açıb, otur yerində. İncəvara, arvad qızının köpünü aldı. Elə mən də deməlisini dedim. Dedim, qızım, sizə baxır, yağ-bal içində saxlayır? Saxlayır. Xətrinə dəyib, sənə bir ağır söz deyib? Yox, deməyib. Taa nə istiyirsən? Adamdı daa, kişidir. Görürsən, hər gün kabab, dolma yemək də adamı bezdirir. İstəyirsən, arada bir kartof soyutması, bibər turşusu da yeyəsən. İndi nooldu, dünya dağımadı ki? Ay qız, Səhər, elə yamandır. Mənə qayıdasan ki, Tərlan xala, sənin də könlünə hərdən kartof soyutması düşüb? Dədəsinin yanında deyir özü də. Dedim, mən yazıq heç kabab-zad da düzəməlli görmədim, bala, nəninki sən deyənləri. Ayıb döyülmü? Qoca vaxtımda bu nə sözdür, danışırsan? Qayıdasan ki, Tərlan xala, qoca at arpa yemir? Qocalığı bəhanə eləmə, həmişə qoca olmamısan ki… Qaldım mat-məəttəl. Matım-qutum qurudu. Ətim töküldü. Dədəsi bərk acıqlandı. Əşşi, nə isə eey… Yaxşı ki, onunla bir evdə yaşamıram. İki günə adamı dığladar… Hər şey cəhənnəmə, oğlum camaat içinə çıxa bilmir. Hara gedirsə, tanış-biliş:

-Əkbər, taa səs eləyən yoxdur ki? – deyib sataşır.

Qadın sözünə ara verib nəsə düşünməyə başladı. Fikri yayınırdı. Sonra ştativə baxıb:

-A qızım, Səhər, deyəsən, qurtardı axı. Bu iynəni çıxart görüm. Çıxım, gedim evə. Görüm başıma nə gəlir. Xəstəlik də bir yandan gözümü açmağa qoymur. Təzyiqim elə qalxmışdı o günü. Abbas dedi, Tərlan bacı, gəl başına hacama qoyum, keçəcək. Dedim, sən Allah, Abbas, başımı deşdəkləyərsən, olan-qalan ağlım-huşum da ordan uçub gedər. Dərman atacam, keçsin.

Tibb bacısı gülüşünü zorla saxlayıb dodaqaltı qımışdı. İynəni qadının qolundan çəkib ştativdəki dəm-dəsgahla birlikdə yığışdırdı, əlində saxlayıb qadının sözünü bitirməsini gözlədi.

-Sağ ol, Səhər. Sabah elə bu vaxt gələcəm. Hamısı bitsin, pulunu verərəm, – sonra dərindən ah çəkib, – Eeh, yazıq balam. Danışdıqca ürəyim sıxılır. Ha deyirəm, yadımdan çıxarım, olmur, – dedi.

Çarpayıdan qalxaraq köhnə, cadar-cadar dərisinin rəngi ovulub tökülmüş çantasını götürüb otağı tərk etdi. Ayaqlarını sürüyə-sürüyə yeridiyindən əzab və ağır yük çəkməyi yüz ağaclıqdan bilinən qadının yerişinin səsi o koridoru tərk edənəcən otağa gəlirdi.

01 mart 2021-ci il

MÜƏLLİF: HƏCƏR PAŞAYEVA

HƏCƏR PAŞAYEVANIN YAZILARI


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

10 dekabr dünyada Ümümdünya İnsan Hüquqları günü kimi qeyd olunur.

ZAUR USTACIN YAZILARI

1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir.

  1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

  İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir.

  Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu 4 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu sənədə əsaslanan və eyni zamanda real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.

  İnsan haqqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə edilir: “Hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan hüquqlarına malikdir”.

Ancaq ötən 72 ilin düz 29 ili ərzində bizim hüquqlarımız hələ də bərpa olunmayıb. (və “dünya birliyi hələ də susur”) 1N bizim ev qalanları isə qonşularımızındır. Hələ ki, tanımaq olur. Ancaq görürsünüz ki, mənim atam da daxil olmaqla əksər ev sahibləri rəhmətə gedib… Onlar hamısı sabah qayıdırıq deyə-deyə yurd həsrəti ilə dünyadan köçdülər. Bizim mülkiyyət hüququ da daxil olmaqla bütün hüquqlarımız düz bir qərinədir ki, hər gün səhər yuxudan oyananda pozulur axşama qədər bərpa etməyə çalışırıq … məlumdur ki, alınmır… və beləcə yaşayırıq hüquqsuz, filansız….

Böyük təəssüflə: Zaur Ustac


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəhid İsmayıl Mehdiyevin anım günü

İkin mənbə : >>> gundelik-baku.com

Bu gün Zəngilan Rayon və Abşeron Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə Zəngilan şəhidi İsmayıl Mehdiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir Abşeron rayonunda Xırdalan mərasim evində baş tutub. Şəhidin xatirəsinə ehsan süfrəsi açılıb. Zəngilan rayonundan olan ağır Seyid Həsən Ağa ocağının yadigarlarlndan şəhid İsmayıl Mehdiyevin anım mərasimində Zəngilan rayonunun ziyalıları, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə qaziləri və veteranları, şəhid ailələri, şəhidin ailə üzvləri iştirak etmişlər. Anım mərasimində şəhidin ruhuna dualar oxunaraq yad edildi.     
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN SƏLİM BABULLAOĞLUNUN DOĞUM GÜNÜDÜR!

Zaur USTACSəlim BABULLAOĞLU (Şuşa şəhəri, 9 sentyabr 2022-ci il.)

Harada kitab, ədəbiyyat, incəsənət, mədəniyyət adına bir layihə varsa, Səlim Babullaoğlu imzası mütləq orada var! Mənə görə bunlardan ən möhtəşəmi, hələ də sönməz ulduz kimi parlayanı (bu layihənin bəhrələrini hələ uzun illər çoxlu nəsillər dadacaq və bərəkətindən faydalanacaq) “Atv kitab” – “Parlaq imzalar” olub… Bu gün əlavə təqdimata ehtiyacı olmayan Səlim Babullaoğlunun doğum günüdür! Şad gününüz mübarək, əziz və gözəl insan! Hər yeni saat, yeni gün, yeni il, uğur gətirsin inşəAllah! Başdan ayağa söz adam, şeir adam, kitab adam! Allah can sağlığı versin!!!

Hörmətlə: Zaur Ustac

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. İTALİYA MARKALI AYAQQABI

AKİF ABBASOVUN YAZILARI

İTALİYA MARKALI AYAQQABI

(hekayə)

Hava isti idi. Adamım lap nəfəsi kəsilirdi. Səfərəli özünü xarici malların satıldığı mağazaya saldı. İçəridə kondisioner işlədiyindən xoş sərinlik vardı. Öz-özünə: “Köynəklərə, kostyumlara, ayaqqabılara baxıb bir az özümə gəlim, sonra bir taksiyə əyləşib avtovağzala gedərəm”, – deyə fikirləşdi.

Səfərəli Söyüdlü rayonundan idi. Bakıya iş dalınca gəlmişdi. Çalışdığı idarədən göndərmişdilər. Tapşırığı yerinə yetirmişdi. Daha görəcəyi bir iş qalmamışdı. Avtobus haradasa 2-3 saatdan sonra tərpənəcəkdi. 2-3 saatlıq da yolu vardı.

Köynəklərə, kostyumlara, ayaqqabılara baxdıqca Səfərəlinin halı qarışırdı: “Ə bu nədir, köynəyin biri 100-200 manata, ayaqqabı 500-600, kostyum 900-100 manata. Bu şəhər camaatı əcəb kefdədir! Pulları var ki, bu malları gətirib bu qiymətə mağazaya qoyurlar”.

Ətrafa göz gəzdirdi. İçəridə xeyli adam vardı. Kassanın qabağında da növbə yaranmışdı. Birinin əlində qalstuk, digərində kostyum, birində palto, başqasında ayaqqabı, plaş…

Səfərəli də gəlib kişi ayaqqabıları olan şöbənin qarşısında dayanmışdı. İtaliyan markalı ayaqqabılar idi. Götürüb baxdı. “Salvatore Ferragamo” firması. Qiymətini görəndə az qala başına hava gələcəkdi: 595 dollara. Amma ayaqqabı da ayaqqabı idi ha.

Ayaqqabını yerinə qoyub mağazadan çıxmaq istədi: “Bu ayaqqabını almaq üçün gərək evimi satım”. Çıxış qapısına yaxınlaşmışdı ki, nə isə fikirləşib geriyə döndü. Ətrafa baxdı. Xoş simalı bir qızı hədəfə aldı və ona yaxınlaşdı:

-Xanım, sizə işim düşüb. Gərək kömək edəsiniz.

Qız müştəriyə mehribanlıq göstərdi:

-Buyurun, dayı, sizə nə kömək lazımdır?

Səfərəli söhbətinə davam etdi:

-Qızım, subaysan, yoxsa ərdəsən?

Müştərinin bu sualından bir şey başa düşməyən qız çiyinlərini çəkdi. Öz-özünə fikirləşdi:  “Bunun məsələyə nə dəxli var? Sözünü de də. Yoxsa mənə elçi düşmək istəyir?”

Səfərəli qızın təəccüblə baxdığını görüb əlavə etdi:

-Xahiş edirəm, məni düzgün başa düşəsən. Mənim bir oğlum var…

Qız diqqət kəsildi: “Dedim də… İndi başlayacaq ki, səni oğluma almaq istəyirəm. Yəqin bu mağazada işlədiyimi görüb elə bilir burada pul kəsirik. İndi belədir də. Varlı gəlin axtarırlar”.

Səfərəli davam etdi:

-Oğlun deyəndə kürəkəni nəzərdə tuturdum. Sən yaşda bir qızım var. Toyu olmalıdır. İndi, bala, belədir də. Oğlan evi toy ərəfəsində gəlin üçün fata, gəlinlik paltarı, zinət şeyləri …aldığı kimi, qız evi də bəy üçün kostyum, köynək, qalstuk, ayaqqabı, üzr istəyirəm, alt geyimi alır. İndi qəribə vəziyyət yaranıb. Bütün geyimlər alınıb, ayaqqabıdan başqa.

Qız hələ də key-key baxır, Səfərəlinin ondan nə kömək istəyəcəyini bilmirdi.

-Qızım, məsələ belədir ki, toy günü yaxınlaşır, kürəkən xəstəxanadadır.

Satıcı qız mat-məəttəl qalmışdı: “Əcəb işə düşmüşəm…”

-Avtomobil qəzasına düşüb. Şükür sağ-salamatdır. Bircə sol ayağı gipsdədir. Toy gününə kimi özünə gələr.

Satıcı qızı gülmək tutdu: “Bu kişi yoxsa məni də toya dəvət etmək istəyir?”

Səfərəli pərt oldu:

-Gülmə, qızım. Bax, burada gözüm tutan bir ayaqqabı var. Onu almaq istəyirəm. Amma ayaqqabı elə şeydir ki, ayağına geyməyib aldın, səni peşman eləyəcək. Ya ayağına böyük olacaq, ya da ayağını sıxacaq. Kürəkəni bura gətirmək mümkünsüzdür. Olarmı beh qoyum, ayaqqabının sağ tayını aparım, ayağına olar, lap yaxşı. Pulun qalanını da verib, o biri tayını götürərəm.

Səfərəli axır ki satıcı qızı başa sala bildi. Qız:

-Dayıcan, bu mənlik deyil. Gərək müdirimizə deyək.

Səfərəli razılaşdı:

-Necə məsləhətdir.

Satıcı qız ayaqqabı şöbəsinə yaxın gəldi. Səfərəli də onun ardınca.

-Hansı ayaqqabını götürmək istəyirsiniz?

Səfərəli göstərdi. Satıcı qız “Salvatore Ferragamo” firmasına məxsus ayaqqabının sağ tayını götürüb Səfərəli ilə birgə şöbə müdirinin otağına gəldi. Məsələni müdirə anlatdı. Şöbə müdiri onu başdan ayağa süzdü. Səfərli şəhərə gəldiyindən bir az abırlı geyinmişdi. Müdirin tərəddüd etdiyini görən Səfərəli tez 50 manat çıxarıb ona uzatdı.

-Uzağı yarım saata burdayam. Mənə inana bilərsiniz. Ya bu sağ tayı gətirib 50 manatımı götürəcəyəm, ya da pulun qalanını ödəyib sol tayını da götürəcəyəm.

Səfərəli 50 manatı stolun üstünə qoydu:

-Amma bir xahişim var.

Şöbə müdiri baxdı. Səfərəli:

-Bir az güzəşt edərsiniz. Ayaqqabını qaytarmaq söhbəti olmayacaq. Gözüm bu ayaqqabını tutub. Ölçüdə dəyişiklik ola bilər. 42 ölçünü götürmüşəm, ola bilər kürəkənə 43 ölçü münasib oldu.

-Yaxşı dayı, amma sabaha qalmasın. Bir saata “hə”, “yox” cavabını verərsən. Oldumu? İtaliyada ən yaxşı firmanın ayaqqabısıdır. 595 dollara satırıq. Sən 550 dollar verərsən, oldumu?

Səfərəli tez:

-Mən razı. Allah köməyiniz olsun.

O, ayaqqabının sağ tayını götürüb mağazanı tərk etdi.

Aradan bir saat, iki saat, üç saat keçdi. Səfərəlidən xəbər çıxmadı. Şöbə müdiri satıcı qızı yanına çağırdı:

-Səkinə, sənin tanışın gəlib çıxmadı axı.

Səkinə:

-Vüqar müəllim, o mənim tanışım deyildi ki. Adi müştəri idi. Mənə dedi, mən də sizin yanınıza gətirdim.

Vüqar yerindən dik atıldı:

-Necə yəni tanışın deyildi. Mən tanımadığım adama elə bir dəyərdə ayaqqabı verərdim? Elə bildim onu tanıyırsan.

-Yox, Vüqar müəllim. Harada olsa, gəlib çıxar. Tay ayaqqabı neyinə lazımdır?

Səkinənin sözləri Vüqarın ağlına batdı. Siqaret çıxarıb yandırdı:

-İşə düşmədik. Birdən gəlib çıxmadı. 595 dollar zibilə düşəcəyik. Rəhbərlik bu pulu sənin, ya da ikimizin maaşından çıxacaq… Yaxşı, gözünün yaşını tökmə. Gözləyək. Ola bilsin bir iş çıxıb, sabah gəlməsə, polisə müraciət edərik.

Səfərəli ertəsi gün də, sonrakı gün də gəlmədi, elə o gedən oldu. Vüqar müəllimlə, Səkinə bərk dilxor olmuşdular. İtaliyanın “Salvatore Ferragamo” ayaqqabı brendinin sol tayı Vüqarın otağında idi, sağ tayı isə əlli-ayaqlı yoxa çıxmışdı.

Bu zaman zəng çalındı. Vasif idi. Başqa bir firma mağazasının şöbə müdiri. Həyəcanlı görünürdü:

-Ay Vüqar, başıma iş gəlib.

-Nə iş?

-Bir-iki gün əvvəl geyimli-keçimli birisi mağazamıza gəlmişdi. “Salvatore Ferragamo” italiyan firmalı ayaqqabının sol tayını götürüb apardı ki, kürəkənim ayağına geyib yoxlasın, gəlib götürəcəyəm. O gedəndir, gəlib çıxmaq bilmir. Vidi-fasonu məni aldatdı. 50 manat da beh qoymuşdu.

Vüqarı gülmək tutdu. Vasif:

-Niyə gülürsən? Gəlib çıxmasa, cibimdən ödəməliyəm.

-Özümə gülürəm, sənə yox.

-Özünə niyə gülürsən?

-Bilirsən, qardaş, o mənim də başıma elə bir iş gətirib. Həmin yaramaz ayaqqabının sağ tayını məndən, sol tayını da səndən götürüb. Hərəmizə də bunun müqabilində 50 manat ödəyib. Görürsənmi, dünyada necə kələkbaz adamlar var. 595 dollarlıq ayaqqabı ona 100 manata başa gəldi.

-Ola bilməz. Polisə şikayət edərik.

Vüqar qeyri-ixtiyari əlini yellədi:

-Xeyri olmayacaq. Haradan tapacaqlar onu? Hansı rayonu axtarsınlar? Rayon adamına oxşayırdı. Kim bilir hansı rayondandır. Çıxıb gedib evinə-eşiyinə. Yəqin bizi aldatdığını yadına salıb indi gülür.

-Bəs nə edək?

-Ağlıma bir fikir gəlib. Gəl belə edək. Ayaqqabının sağ tayı səndədir, sol tayı məndə. Ya mən göndərim sol tayı sənə, ya da sən ver sağ tayı mənə. Qoyaq piştaxtaya, satılsın. Ziyanın yarısından qayıtmaq da xeyirədir.

-Hə, qardaş, amma düz deyirsən. O vələdüzna yaman bic adammış… Heç adamın ağlına gəlməzdi ki, belə bir iş olar.

Səfərəli artıq iki-üç gün idi ki, rayonda idi. İtaliya markalı ayaqqabıları büküb bir tərəfə qoymuşdu. Onlardan heç kim xəbər tutmamışdı. Hətta evdəkilərə də bir söz deməmişdi “Gün gələr lazım olar” – deyə düşünmüşdü.

Bu Səfərəli az aşın duzu deyildi. Vaxtilə oğurluq üstündə bir neçə il yatmış, sonra guya düz yola qayıtmışdı. Başını aşağı salıb işləyirdi. Amma haradasa 600 dollarlıq ayaqqabıları görəndə köhnə peşəsi yadına düşmüş, özünü saxlaya bilməmişdi.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİRZƏ KAZIM BƏY -222 MÜSABİQƏSİ

Yazarlar jurnalı azərbaycan, rus və ingilis dillərində “Mirzə Kazım bəy – 222” esse (inşa) müsabiqəsinə start verir. Müsabiqə 22 iyul 2024-cü ildə yekunlaşacaq. Mətnlərin qəbulu 28 noyabr 2023-cü il saat 23:45 -ə qədər davam edəcək. Bütün esselərdən ibarət. Kitab çap olunacaq. Müvafiq mükafatlar nəzərdə tutulub. Bu barədə müntəzəm məlumatlar veriləcək. Layihə davam etdiyi müddətdə #MirzəKazımbəy222 haştağından istifadə olunacaq. Yazıları zauryazar@mail.ru ünvanına göndərə bilərsiniz.

Təqdim edir: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

MİRZƏ KAZIM BƏYİN YAZILARI

MİRZƏ KAZIM BƏY – 222

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru