Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Elmi sessiyada akademik Teymur Kərimlinin, professor Esmira Fuadın, ədəbiyyatşünas alim Qiymət Məhərrəmlinin xalq şairinin yaradıcılığına həsr olunmuş məruzələri dinlənilib. Bəxtiyar Vahabzadənin ailə üzvü Rəna Rzayeva çıxış edərək ailəsi və doğmaları adından tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib. Milli Məclisin deputatı Cavanşir Feyziyev Türk dünyasının İstiqlal şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Deputat bildirib ki, məhz bu elmi sessiyanın keçirildiyi elm məbədi Məhəmməd Füzulinin adını daşıdığı üçün biz də bu günkü məruzəmizi rəmzi olaraq “Bəxtiyar Vahabzadə yaradıcılığında Füzulinin bədii obrazı”na həsr etmişik. Cavanşir Feyziyev: “Şəbi – hicran” Bəxtiyar Vahabzadənin qəlbindən Füzuli dünyasına gedən bədii yoldur…” Çağdaş Azərbaycan ədəbiyyatı zəngin və çoxəsrlik tarixi kökləri olan mənəvi qaynaqlar üzərində bərqərar olmaqdadır. Bu mənada, Məhəmməd Füzuli mənəvi fikir tariximizin məhvərində dayanan və yüzillərdir qələminin işığı söz dünyamızı rövnəqləndirən poetik dühalardandır. Yaşadığı dönəmdən 5 əsrdən çox zaman keçməsinə baxmayaraq bu gün çağdaş Azərbaycan ədəbiyyatında, o cümlədən qardaş türkdilli ədəbiyyatlarda Füzuli yaradıcılığından bəhrələnmələrə geniş rast gəlinir. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə də Füzuli sözünün sehrində yazıb-yaradan, öz mənəvi dünyasında və əsərlərində Füzuli ruhunu yaşadan aydın məfkurə adamlarındandır. Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyatımıza son dərəcə sadiq qalan Bəxtiyar Vahabzadə müdrikliyində Dədə Qorquda, monumental epik təsvirlərində Nizamiyə, incə, hüznlü lirikasında Füzuliyə, dünyanın ilahi mahiyyətinə varmasında, müqəddəs hissləri dilləndirməsində Nəsimiyə, Sözü Fatehlik qüdrətinə çatdırmasında Şah İsmayıl Xətaiyə, varlığımızı didən cəhalətə, idraksızlığa qarşı üsyan etməsində Mirzə Fətəli Axundzadəyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə, romantik duyğuların qanadlandırılmasında Hüseyn Cavidə, Məhəmməd Hadiyə, milli ideologiyanın poetik-fəlsəfi laylarını açmasında Əli bəy Hüseynzadəyə, Məhəmməd Əmin Rəsulzadəyə, mənəviyyatımızı musiqi ladlarında duymasında və publisistik kəsərində Üzeyir bəy Hacıbəyliyə, Vətən torpağının ülviyyətini real cizgilərlə canlandırmasında Səməd Vurğuna bənzəyir. Amma, əlbəttə ki, bütün bunlarla yanaşı, Bəxtiyar Vahabzadə hər yerdə özüdür və öz Sözünün Ustadıdır. “Şəbi-hicran” poemasında dahi ustadı Füzulinin sözə olan heyranlığının yeni çalarlarını qələmə alan Bəxtiyar Vahabzadə həm də bu ilahi heyranlıqdan Füzulinin özünə də müstəsna dərəcədə böyük pay ayırırdı. Bəxtiyar Vahabzadə Mövlananın Şəms Təbriziyə olan ilahi bağlılığı qədər Füzuliyə bağlıydı, onun heyranıydı. Sənətin hansı gizlininə baş vururdusa, qarşısında Füzulini görürdü və bu düşüncələri şeirin ölməz dili ilə belə ifadə edirdi:
Qəvvas olub o dəryada mən çox üzmək istədim, Batdım bircə damlasında, damlası da dərindi.
Və yaxud: Dərk etmədim hikmətini, can heyrətdən uçundu… Bu, Bəxtiyar Vahabzadənin Füzuli dühasına olan heyranlığının bədii ifadəsi idi. Ədibin Füzuli haqqında publisistik müstəvidə söylədikləri də bədii şəkildə dediklərini addım-addım izləməkdədir: “İnsanlığın yönünü Tanrıya çevirən Füzulinin səsi bütün zamanları dəlib keçir, bizi həqiqətə, sədaqətə, ədalətə, böyüklüyə, ülviliyə və yüksəkliyə səsləyir. O, bizimlə bərabər yaşayır… Şairlər var ki, biz onları bəyənirik. Şairlər var ki, biz onları sevirik, şairlər də var ki, biz onların sənəti qarşısında sükut edir, onun sehrinə düşürük. Füzulinin özü demişkən: “Sürəti-halın görən surət xəyal eylər məni”. Beləliklə, Füzuli şeirinə, Füzuli xatirəsinə ən böyük hörmət, bizim heyrətimiz və bu heyrətdən doğan sükutumuzdur” (Bəxtiyar Vahabzadə, M.Füzulinin 500 illik yubileyindəki çıxışından, (Türkiyənin Bilkənd Universiteti), Zaman və Mən, Bakı-1999, səh. 225). Həm Füzuli, həm də Bəxtiyar Vahabzadə üçün poeziya, ümumiyyətlə, sənət aləmi eşqin təranəsi, insan düşüncəsinin uçuş mərkəzi kimi dəyərli idi. Bu münasibət Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasının “Can yanğısı” fəslində yetərincə mükəmməl şəkildə öz ifadəsini tapmışdır: Biri deyir: Həyatın hüsnü, süsüdür sənət Biri deyir ürəyin döyüntüsüdür sənət. Biri deyir ki, sənət təbiətin səsidir, Biri deyir ki, sənət eşqin təranəsidir. Biri deyir ki, sənət hər şeydən öncəsidir, …Biri deyir ki, sənət insan düşüncəsini, Fikrini, xəyalını uçurur göylərə. Əsərin əsas surətlərindən biri olan Əbdül Kərimin dedikləri isə əslində, böyük müdriklərin – ilk növbədə Füzulinin və Bəxtiyar Vahabzadənin öz münasibətini ifadə edir. Sənət dəryaya bənzər, Onun min bir halı var Onun sirlərlə dolu öz cahi-cəlalı var. Kiminin bu dəryada gördüyü çör-çöp olur, Kimi də dibindəki incilərə vurulur. Məncə, can yanğısıdır şeir, sənət əzəldən… Poemanın başqa bir səhnəsində Leyla ilə Məhəmmədin qarşılıqlı söhbəti əsasında sənətə, sənətkara olan müanasibətini Füzuliyanə bir tərənnümlə Bəxtiyar belə ifadə edir:
Yanırsan, əzizim, alış, yan yenə, Sənət dediyin də yanar çıraqdır. Elin kədərinə, elin qəminə, Sən də yanmayanda, kim yanacaqdır? Bəxtiyar Vahabzadə ustadı Füzuliyə xas müdrikliklə sənətkarı yanan şama, çırağa bənzədir. Eyni zamanda, fərqinə varır ki, Füzulinin, bir növ özünün prototipi kimi yaratdığı Məcnunun özü də əbədi, sönməz bir eşq çırağıdır. Onun şölələri milyonların könlünə eşq şəfqəti əta edir. Buna görə də Bəxtiyar Vahabzadə “Heyrət, ey büt!” məqaləsi boyunca dahi şairin sənətkarlıq məziyyətlərinə bu yöndən nəzər salmağı vacib bilirdi: “Füzulinin tərənnüm etdiyi eşqin özü böyükdür. Bu eşq insanı fədakarlığa çağıran, onu daxilən böyüdən, mənən yüksəldən, qəhrəmanlıq dərəcəsinə ucaldan eşqdir. Füzuli nə üçün Məcnunun tablosunu cızdı? Məcnun nəyin dəlisidir? Məcnun idrak Məcnunudur, hər şeyi dərk etmək, hər şeyin mahiyyətinə, cövhərinə varmaq ehtirasının timsalıdı… Məcnun cəmiyyətin məhdud qayda və qanunlarına qarşı idrakın üsyanıdır… Bir sözlə, Füzuli böyük təbiətli, böyük idraklı cəmiyyətin fövqünə ucalmış əfsanəvi Məcnun obrazında özünü, öz mənəviyyatını tapmışdır. Məcnunu Füzuliyə sevdirən ondakı üstünlük, ondakı böyüklük və yüksəklik idi. Bəxtiyar Vahabzadə M.Füzulini “sözlərində nəfəs alan, fikirlərində yaşayan, duyğularında fəryad çəkən insanlar insanı, şairlər şairi, ariflər arifi” kimi qəbul edir, xüsusi bir duyğusallıqla onun havasına uçunur və bu barədə olan fikirlərini belə ifadə edirdi: “Füzuli tədqiqatçılarından hər biri onun böyüklüyünü bir cəhətdən görmüşlər. Mən isə onun böyüklüyünü ilk növbədə dilinin sehri ilə dünyadakı böyük türk xalqlarını birləşdirməsində, bu çırağın ətrafında toplaya bilməsində görürəm. Kim iddia edə bilər ki, Füzuli yalnız azəri türklərinin şairidir? Yox! O, həm azəri, həm türkmən, həm Kərkük, həm özbək, həm də Türkiyə türklərinin dahisidir. Bir sözlə, Füzuli türk xalqlarının kökü, bizsə onun qolları, budaqlarıyıq”. (Bəxtiyar Vahabzadə, “Mənəviyyat bayrağı”, “Ədəbiyyat qəzeti”, 17 fevral 1995). Bəxtiyar Vahabzadə Füzulinin böyüklüyünü hər şeydən əvvəl dilinin sehrində görürdü və bu həm də Füzulinin ruhunun sehriydi. Dahi şairin dünyadakı bütün türk xalqlarının böyük sənətkarı olması onun ruhundan, ruhən Türk dünyasına yaxın, doğma olmasından qaynaqlanırdı. Onun bənzərsiz üslubu, poetik dili bu ruh birliyinin təcəlli etdiyi həqiqətdən qidalanırdı. Dilə, milli ruha, milli kökə bağlılıq həm də Bəxtiyar Vahabzadənin özünün böyüklüyündən intişar tapırdı. Bəxtiyar Vahabzadə sovetlər dönəminin ən kəsərli çağlarında belə sistemli, dayanıqlı şəkildə doğma ana dili mücadiləsi aparmış, öz ana dilinə biganə, yad olanları birmənalı şəkildə qınağa tutmuşdur. O, məşhur “Ana dili” şeirində öz dilinə xor baxan rusbaşlı “obrozovon”lara qarşı qəzəbini gizlətmir və “qoy bütün vəzifə, kreslo hərisliyindən irəli gələn bədxahlığınıza ananızın verdiyi süd qənim olsun, əvəzində bu yurdun “Segah”ı, “Rast”ı, “Şahnaz”ı, doğma dili mənim olsun” yazırdı. Bu, onun milli kökə, milli kimliyə bağlı olan qəlbinin, vicdanının səsiydi. Bəxtiyar Vahabzadəni doğma ana dilinə böyük eşqi, qədirbilənliyi, vətəndaşlıq qayəsi bağlayırdı. O, doğma dilinin aşiqi, məcnunu idi. Öz doğma dilinə məcnunanə bir sevgi bəsləyirdi. Və heç də təsadüfi deyildi ki, “Şəbi-hicran” poemasında dönə-dönə bəyan edir, ürək ağrısı ilə vurğulayırdı: “Bu qəmdir ki, millətin qəlbinə də, eşqinə də, ruhuna da qəsd edirlər, ay aman”… Bu, eyni zamanda Füzulinin harayı, qəlbinin səsi idi.“Şəbi-hicran” poemasında ancaq “sərvəti deyil, ürəyi də parçalanan” bir məmləkətin, xalqın taleyi sanki həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin dilindən, yaşamından belə ifadə olunurdu: Arzusunu, eşqini O, tapmadı həyatda. Həyata güldüyündən Ağlatdı zülüm-zülüm Füzulini həyat da!..
Burda böyük dərdimiz yadıma düşdü mənim, Hələ birlik görməmiş mənim böyük vətənim. Qəsbkarlar əlində didildi, parçalandı, Ancaq sərvəti deyil, ürəyi də talandı. Sərvət getsə qəm deyil, Sərvət gələr yenə də. Bu qəmdir ki, millətin Qəlbinə, eşqinə də, Dilinə, ruhuna da Qəsb edələr, ay aman! Ələmlərin, dərdlərin Hamısından bu yaman! Bəxtiyar Vahabzadə öz böyük ustadı Füzuli kimi, bu milli faciə və dərdlərin ilk növbədə dövrün, zamanın xarakterindən irəli gəldiyini bəyan edirdi. Füzulinin də ən böyük gileyi, tənqid hədəfi zəmanədən idi. Zəmanədən şikayət ilk növbədə Füzulinin “Şikayətnamə” əsərinin meydana gəlməsinə zəmin yaradırdı. Öz növbəsində Bəxtiyar Vahabzadənin “Şikayətnamə”si “Gülüstan”, “Şəbi-hicran” idi. Həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin əsərləri öz zəmanələrinin manqurt təfəkkürünə üsyan faktları, lövhələri kimi qəbul edilirdi və Füzulinin “Şikayətnamə”si Bəxtiyar Vahabzadənin “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə tamamlanırdı: Hərəsi bir diyarda qalan qardaş-bacılar, Füzulinin şeirilə tanıdı bir-birini. O çatdırdı qardaşa qardaşın əllərini. Könüllərə bir ümid, Nəşə verdi Füzuli Parçalanmış milləti Birləşdirdi Füzuli. Dərin minnətdarlıq hissi ilə qeyd etməliyik ki, Füzulinin XVI yüzildə gerçəkləşdirməyə çalışdığı kimi, XX yüzilin totalitar sovet basqıları altında eyni birləşdirici, oyadıcı, səfərbəredici missiyanı Bəxtiyar Vahabzadə fenomeni cəmiyyətimiz üçün yerinə yetirdi, millətin böyük dərdini çiyinlərində ləyaqətlə daşıdı, hər misrasında, hər beytində ikiyə bölünmüş doğma Azərbaycanımızın azad olmaq, birləşib bir olmaq ideyasını ifadə etdi və bu məqamda həmişə Füzuli ruhən, fikrən onun yanında oldu. Ona mənəvi dəstək verdi. Parçalanmış milləti birləşdirmək istəyinə güc qatdı. Füzuli dilinin sehrli, qüdrətli varlığı ilə yaratdığı “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə Bəxtiyar Vahabzadə böyük Türk dünyasını milli birliyə, bütövlüyə səslədi. Bütün bu dillər əzbəri olan əsərləri o, ilk növbədə Füzulinin ana laylasına bənzər poeziyasının həmrəyliyi, həmdərdliyi hücrəsinə etiqad və zikr edə-edə yaratdı, böyük ustadının poetik irsi barəsində həmişə xüsusi iftixar hissi ilə söz açdı: “Ana laylasına bənzər bu misralardakı dilin sehri dünyanın o başında yaşayan bir türklə, bu başında yaşayan türkü eyni kökə qovuşdurur, bir-birinə tapındırır. Budur, Füzuli şerinin tilsimi, böyüklüyü və qüdrəti” – deyən Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyunca Füzuli irsinə mənən sədaqətini sərgiləmiş oldu. Qapadı gözlərini yana-yana Füzuli Zülmündən usandığı bu cahana Füzuli… Bütün bu misralarda o, həm də Füzuli obrazını əbədiləşdirir. “Şəbi-hicran” poemasında Türk dünyasının Bəxtiyarı türkün ulu ruhunun tərcümanı Füzulinin bədii-estetik doğuluşunu qələmə alır. Türkçülük və Azərbaycançılıq məfkurəsi üzərində əbədiləşən bu Söz heykəli böyük şairi oxuculara hər misrası ilə sevdirməkdədir. “Şəbi-hicran” Füzuli dünyasına gedən bədii yoldur, şair Füzulinin ilahi eşq fəlsəfəsini çiyninə alıb bu yolla haqqın dərgahına doğru gedir. Bu yol əslində şairliyin əzablı, fəqət şərəfli yoludur. Bəxtiyar Vahabzadənin çox sevdiyi sözlə desək, İnam yoludur. Füzuli Tanrıya inanardı – Füzulinin Tanrısı Eşq idi. Bu dünyaya göylərdən Eşq bəlasına mübtəla olmaq üçün gəlmişdi Füzuli… Ömrünü ahlarla vermədin bada, Arzu dəryasında bir yelkən oldun. Zaman özgəsini yandıranda da Alışan o oldu, yanan sən oldun.
Ağladın, yayıldı səsin hər yana, Bülbül bağçalarda ötdü – dedilər. Gələndə Məhəmməd gəldin cahana Gedəndə: “Füzuli getdi” – dedilər. M.Füzuli tarix durduqca duran, sənəti ilə ölümsüzlük qazanan, zamanların ötəsində insanlığın qəlbində, iç dünyasında əbədiyaşar bir obrazdır. Hər iki sənətkarın “Şəbi-hicran”ı – Füzulinin “Şəbi-hicran” və Bəxtiyarın “Şəbi-hicran” poemaları ilahi bir eşqlə sevən, sevgisiylə kamilləşən İnsanın özünüdərk yoludur. Yüzillər ötsə də, bu yol mənən kamilləşməyə doğru varan hər bir Türkün ruhuna işıq, düşüncələrinə aydınlıq olacaq.
Qardaş ölkə Türkiyə Cümhuriyyətində dəyərli ziyalılarımızdan olan Cavid Aydının qurucusu və rəhbəri olduğu Eskişəhər Azərbaycanlılar Dərnəyinin (ESAZDER) “Türk Dünyasında Nevruz” adlı Novruz bayramı şənliyində yazıçı Turan Novruzlunun rəhbərliyi ilə dahi Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operettasının və Novruz adətlərinin motivləri əsasında musiqili tamaşa göstərilmişdir. İzləyicilər tərəfindən böyük maraqla qarşılanan tamaşada Eskişehirdə təhsil alan tələbələr Yusuf Demirağ, Ayan Süleymanova, Xəyalə Ağayeva, müəllimə Mələk Yıldız, orta məktəb şagirdi Yusuf Yıldız rol almışlar. Daha sonra şənlik maraqlı musiqi nömrələri ilə davam etmişdir. Türk Dünyasının Novruzu mübarək olsun! Fotolar:
“YAZARLAR” olaraq, yaradıcı heyəti təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Bayramınız mübarək olsun!
Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.
“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisit Vaqif İsaqoğludur.
Kitab haqqında girişdə müəllif özü belə məlumat verir: “Bu monoqrafiyanı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi oxucular tərəfindən sevilən, şeirləri ilə ürəkləri ovsunlayan, yazıçı, şair, tərcüməçi və publicist, dəyərli ziyalı Zaur Ustacın 50 yaşına hədiyyə edirəm.”
Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdə təhlilindən ibarət olan kitab böyük bir auditoriya – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.
Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatıçısı Rahilə Qaralovadır.
Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Azərbaycanın Qurban Bayramov, Vaqif Yusifli, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.
Kitab “Zaur Ustac – 50” layihəsi çərçivəsində nəşr edilib.
“Yazarlar” olaraq, bu münasibətlə ZAUR müəllimi təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
04.02.2025 tarixində Sumqayıt Şəhər Əlillərin Bərpa Mərkəzində əlillərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə təşkil olinmuş əlillərin şair Qabil Nabi ilə görüşü keçirilmişdir. Tədbirin qonaqları qismində şair Qabil Nabinin dostları tanınmış şair Süleyman Abdulla, şair-rəssam Sehran Allahverdi, gənc rəssam-dizayner Nigar Nəbiyeva da iştirak etmişlər. Əsasən səmimi söhbət əsnasında keçirilən tədbirdə vətənpərvərlik haqqında, fiziki qüsurlu insanların normal həyata inteqrasiyası, boş vaxtlarının səmərəli istifadəsi və onları maraqlandıran digər mövzular haqqında danışıldı. Müəlliflərin ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Mərkəzdə müalicə alanlar arasında şair Qabil Nabinin şeirlərini səsləndirənlər də oldu. Tədbirin gedişatı zamanı rəssam Sehran Allahverdinin canlı olaraq Qabil Nabinin portretini çəkməsi hamıda maraq doğurdu. Nigar Nəbiyevanın tədbir gedə-gedə çəkdiyi “Lalələr” rəsmi isə müəllif tərəfindən Bərpa Mərkəzinə hədiyyə edildi. Sonda tədbirin bəzi iştirakçılarına imzalı kitablar təqdim olundu. Xatirə şəkli çəkdirildi.
18 yanvar 2025-ci il tarixində Sım Kənd Mədəniyyət Evi və Sım Kənd Kitabxanasının birgə təşkilatçılığı ilə Sım Kənd Mədəniyyət Evində 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə mövzu ilə bağlı fotostend nümayiş olunmuşdur.
Türk dünyasına və türk mədəniyyətinə xidmət ödülləri ünvanlarına çatdı
Azaflı Sosial Yardım və Kültür Dərnəyində təqdimat mərasimi keçirilib
2024-cü il dekabr ayının 27-də Azaflı Sosial Yardım və Kültür Dərnəyi İdərə heyətinin qərarı ilə təsis edilmiş “Türk dünyasına və türk mədəniyyətinə xidmət ödülləri” təqdim olunub. Dərnəyin Ankarada yerləşən baş ofisində gerçəkləşən təqdimat mərasimi Aktau şəhərində qəzaya uğrayan təyyarədə həyatını itirmiş insanların, eləcə də Azərbaycan və Türkiyə uğrunda canından keçmiş şəhidlərin xatirəsini yad etməklə, hər iki ölkənin dövlət himninin səslənməsiyə başlanıb. Daha sonra dərnəyin rəhbəri, tanınmış vəkil, Arzuman Azaflı çıxış edərək idarə heyətinin qərarı ilə türk mədəniyyətinin qorumasında və dünyada tanıdılmasında, eləcə də türk dövlətlərinin yaxınlaşması istiqamətində fəal iş görmüş, müxtəlif layihələr gerçəkləşdirmiş məşhur elm və mədəniyyət adamlarına, icitmai-siyasi xadimlərə, diplomatlara, ümumilikdə 35 nəfərə medal təqdim edib. Mükafatçılar sırasında Türkiyə Prezidenti baş müşaviri Yalçın Topçu, Türkiyə Milli Məclisinin üzvü Şamil Ayrım, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Türkiyə Ədəbiyyat Vəqfinin rəhbəri Sərhəd Kabaklı, iş adaamı İrəm Əsli Aydın, general Zaur Zeynalov, prof. Teymur Rzayev, vəkil Həsən Bəsri Pəhləvan, Azərbaycan Vəkillər Birliyinin sədri Anar Bağırov, prof. Məhməd Yücə, Eko Avrasiya Vəqfinindən Hikmət Ərən, Xəzər Xalq Rəqsləri qurumundan Gülçöhrə Sebel Sangu, bəstəkar Turan Manafzadə, prof. Toğrul İsmayıl, Kəmalə Paşayeva, Avrasiya Yazarlar Birliyinin sədri Üfüq Tuzman, Avrasiya Yazarlar Birliyinin keçmiş sədri Yaqub Öməroğlu (ölümündən sonra), “SOCAR-Türkiyə”nin əməkdaşı Kəmalə Paşayeva, ozanlar Mustafa Aydın, Səlahəddin Dündar, şair və yazarlar Azad Ağayev, Əli Yurdsevən, Odər Əlizadə, Azərbaycan Televiziyası Türkiyə təmsilçisi Yalçın Əliyev, Ayxan Kiçikaslan, jurnalist Veysəl Qavrayan, TÜRKSOY Baş katibinin müavini Səid Yusif , Gazi Universtitetindən Sinan Dəmirtürk, Azərbaycan Mediasiya Şurası İdarə Heyətinin sədri Natiq Adilov, prof. Özqul Çobanoğlu, prof. Məhməd Sezai, prof. Erkin Emet, Ankara Universitetindən Ləzzət Sancar, Berdi Sarıyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair SƏLİM BABULLAOĞLU da var. Təqdimetmə mərasimində iştirak edə bilməyən Səlim Babullaoğlu açıqlamasında bunları bildirib: “Bu mükafatın mənə verilməsinin təbii gözləmirdim, bilmirdim. Yeni il qabağı xoş bir sürpriz oldu. Mən əlbəttə ki, Azaflı Sosial Yardım və Kültür Dərnəyinin, dərnəyin rəhbəri, tanınmış vəkil Arzuman Azaflının geniş, ölkəmiz üçün, Türkiyə üçün, bütün türk coğrafiyası üçün səmərəli fəaliyyətindən xəbərdaram, eyni zamanda 3 il əvvəl Ankarada olarkən dərnəyin mərkəzi ofisini siyarət eləmişdim. O bizim qürur duyduğumuz həmvətənimizdir, yüzlərlə gərəkli işə imza atmış tanınmış hüquqşünasdır. Həm də Azərbaycan saz-söz sənətində öz qiymətli yeri olan Azaflı şəcərəsinin varisi, layiqli təmsilçilərindəndir. Bu mükafata görə həm Arzuman bəyə, həm dərnəyin idarə heyəti üzvlərinə təşəkkür edirəm. Bunu özüm üçün şərəf bilirəm. Bütün mükafat alan insanları təbrik edirəm…” Mərasimin sonunda xatirə şəkli çəkilib.
Təltif olunanlar arasında Azərbaycan Yazıçılar Birliyinin katibi, şair SƏLİM BABULLAOĞLUnun olması bizi sevindirir.
“Yazarlar” olaraq, bu münasibətlə Səlim Babullaoğlunu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
“Xəzan” jurnalının növbəti dekabr (2024) sayı çapdan çıxıb. Bu barədə jurnalın redaksiyasından məlumat ötürülüb.
XƏZAN JURNALININ DEKABR – 2024 № 63-CÜ SAYI (DEKABR 2024/9/63) – ZAUR USTAC – 50 PDF: XƏZAN JURNALI – 63
96 səhifədən ibarət olan jurnal poeziya, nəsr və publisistik məqalələrlə zəngindir. Sayca 63-cü nömrədir, bu il jurnalın 9 nömrəsi çapdan çıxıb. Redaksiya heyəti Zaur Ustacı yubiley – 50, Əbülfət Mədətoğlunu 65 yaşının tamam olması münasibətilə təbrik edir, onlar haqqında məqalələr və şairlərin yaradıcılığından bədii nümunələr təqdim edir. Jurnalın yeni sayı 2024-cü il üzrə sonuncu olduğundan sonda il ərzində çap olunmuş materialların siyahısı təqdim olunur. Buyurun, sevə-sevə oxuyun!
Jurnalın bu sayında YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
2.Publisistika -Vaqif İSAQOĞLU – ““Sevgi dolu şeirlər”in işığında” (Zaur Ustac yaradıcılığına bir nəzər) -Ramiz İSMAYIL – “İki sual, iki cavab” (Əbülfət Mədətoğlunun 65 yaşına) -Məhərrəm CƏFƏRLİ, Rafiq BABAYEV – “Mənəvi həqiqətlər poeziyası” (“Gül əldə, tikan dildə” obrazlı Zeynalabdin Novruzoğlu yaradıcılığı) -Asya ƏHMƏDOVA – “Bir yol gedir bizim kəndə” (Ayaz İmranoğlunun “Komutan” romanı ilə baş-başa) -Əli BƏY AZƏRİ – “Kimyaçı alimin poetik dünyası” (Hafiz Əlimərdanlının “Ötər illər qatar-qatar” şeirlər toplusunda düşündürücü detallar) -Səriyyə ABİDOVA – “Qubada 118-ci il soyqırımına şahid olan etnik qrupların ifadələri” -Tacir SƏMİMİ – “Bizə yaraşan zəfər” (Mahir Cavadlının “Zəfər bizə yaraşır” adlı yeni şeirlər kitabı haqqında düşüncələrim) -Mahir CAVADLI – “Yarımçıq qalmış sevgi dastanı, və ya şəhid ucalığının səhnə təcəssümü” -Əbülfət MƏDƏTOĞLU – “Mən sənə sözümü dedim, ay ölüm” (Ramiz İsmayıl yaradıcılığından) -Zemfira MƏHƏRRƏMLİ – “Ovunmayan həsrət” (Azadə Novruzovanın yaradıcılığı barədə mülahizələrim)
24 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyində Səhiyyə nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin “Ulduz” jurnalı ilə birgə keçirdiyi “Narkomaniyaya yox deyək!” hekayə müsabiqəsinin qalibləri təltif olundu.
Qalib hekayələrdən biri də Tural Cəfərlinin “Yaşıl pencək” adlı hekayəsi oldu. Tədbir maraqlı keçdi. Qaliblərə və təşkilatçılara uğurlar arzu edirik!