Son vaxtlar məşhur gürcü yazıçısı Nodar Dumbadzenin “Əbədilik qanunu” əsərini oxudum. Kitabın adı belə oxucunu özünə cəlb edir və oxumağa sövq edir. Roman özünün mürəkkəb məzmunu və dərin strukturu ilə oxucunu insanlıq və onun taleyi haqqında düşünməyə məcbur edir. Bu roman yalnız fərdi həyat təcrübələrini işıqlandırmaqla kifayətlənmir, həm də insanlığın əbədi qanunlarını öyrənməyə çağırır. Əsər vasitəsilə yazıçı şəxsi təcrübələr, milli adətlər və insanın daxili mübarizələrini təsvir edir, bu isə oxucuya insanlıq və onun əbədi dəyərləri haqqında düşünmək imkanı verir. Əsərdəki ən vacib mövzu – insanlığın əbədi qanunlarıdır ki, bütün insanlar, yaşadıqları dövr və yer nə olursa olsun, bir-birinə bənzər ehtiyaclarla yaşayır: sevgi, əzab, axtarış və məmnuniyyət… Müəllif romanındakı üç əsas qəhrəman vasitəsilə bu ümumi ehtiyacların oxşarlığını açıq şəkildə göstərir. Hər bir qəhrəman özünə məxsus həyat təcrübəsinə malik olsa da, onların bütün mübarizələri ümumilikdə əbədi qanunların bir-birinə bağlı olduğunu sübut edir. Roman oxucunu həyatın mənəvi qanunları və insanın daxili mübarizələri haqqında dərin düşünməyə çağırır. Bu qanunlar bir tərəfdən ilahi və mənəvi qaydalardan ibarətdirsə, digər tərəfdən insanın daxili mübarizələri və həyatda qarşılaşdığı çətinliklərlə mübarizəsidir. Əsərinin ən güclü cəhətlərindən biri şəxsi baxışları və daxili mübarizələri geniş şəkildə əks etdirməsidir. Oxumaq zamanı üç fərqli dünya görüşü ilə rastlaşırıq: biri həyatı mənfi və narazı şəkildə qəbul edirsə, digəri onu sadə bir hadisə kimi görür, üçüncüsü isə mənəvi axtarışlarla yaşayır. Bu fərqlər onların daxili mübarizələri, həyata baxışları və dəyərlərinin ayrılmaz əlaqəsini göstərir. Hər bir qəhrəman öz daxili mübarizəsi ilə insanın həqiqi məqsədi və əbədi qanunları haqqında düşünməyə sövq edir. Yazıçı əbədiliyi yalnız fiziki mövcudluq kimi deyil, həm də insanın mənəvi vəziyyəti, ürəyi və ağlındakı proseslərin davamlılığı kimi təsəvvür edir. İnsanın daxili mübarizəsi və ürəyi, onun taleyi və əbədi məqsədləri ilə bağlı olaraq əbədiyə çevrilə bilər. Roman belə bir şəkildə həyatı və ölümü bir-birinə bağlı olaraq, insanın əbədi axtarışında hərəkətini dərindən açır. Romanın fəlsəfi əsasları, insanın mənəvi axtarışları və həyatının həqiqi məqsədlərini anlamağa yönəlib. Nodar Dumbadze “Əbədilik qanunu” əsərində insanlığın daxili mübarizələri və ruhi axtarışlarına olan ehtiyacı dərin təhlil edir, eyni zamanda həyatın həqiqi mahiyyətini anlamağa kömək edir. Boris Pasternak, Mixail Bulqakov, Gafur Ghulom və Abdulla Qahhor kimi ədəbiyyatşünaslar və yazıçılar Dumbadzenin “Əbədilik qanunu” əsərini onun dərin mənəvi və fəlsəfi məzmunu ilə yüksək qiymətləndirmişlər. Bulqakov Dumbadzenin əsərini insan ruhunun axtarışları və mənəvi yüksəlişi haqqında danışan mühüm əsər hesab etmişdir. Gafur Ghulom və Abdulla Qahhor isə əsərin insanın mənəvi axtarışları və həyatda həqiqi məqsədini tapmağa yönəldiyini vurğulamışdır. Pasternak əsər haqqında belə deyir: “Əbədilik, insan həyatı və onun mənası məsələləri həmişə ədəbiyyatın mərkəzində olub. Nodar Dumbadze bu romanında məhz bu sualları gündəmə gətirir və bizi düşünməyə, həyatın həqiqi qanunlarını başa düşməyə çağırır. Yaradıcılıq bu cür əsərlərdə insanlığın əbədi axtarışlarını kəşf edir.” Nodar Dumbadzenin “Əbədilik qanunu” əsəri özünün insanlığın əbədi dəyərləri, həyat məqsədi və taleyi haqqında dərin düşünməyə çağıran məzmunu ilə dünya ədəbiyyatında özünə xüsusi yer tutur.
Bu əsər yalnız bədii yaradıcılıq deyil, həm də insan həyatını anlamaq və onun əbədi qanunlarını başa düşməyə yönəlmiş bir yanaşmadır. Oxucu, bu romanı oxuyaraq, öz həyatını, onun mahiyyətini və insanlığın əbədi dəyərlərini təhlil edərək həyata yeni bir baxış bucağı ilə yanaşacaqdır.
Müəllif:Cahangir NAMAZOV “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
4 sentyabr 2006. Peyğəmbər əfəndimizin “İki günü bir-birinə bənzəyən bizdən deyil” hədisinə uymağa çalışaraq bu günümü də boş keçirməməyə çalışdım. Bu gün bir şey oxumasam da Anna Marie Şiemmelin “İslamın Mistik Boyitları”ndan bir neçə səhifə oxudum.İslam təsəvvüfü elə dəryadı ki,dənizdə inci axtarmaqdansa göz yaşını inci edir.Özü də dəniz incisindən gözəl inci. …Miladi VI əsrdən universitetlər (XI əsr) və renessans dövrünə qədər Avropada elm kilsənin əlində olub.Ona görə də dindən ayrı olan Şərq mədrəsələrinin yanında Avropa məktəbləri daim geridə qalıb.XV əsrdə kilsədən uzaqlaşan elm xadimlərini isə tonqalda yandırmaqla cəzalandırırdılar.Hər halda,elm qurban tələb edir.Avropa intibaha qucaq açarkən,intibahın nəzəriyyəsini hazırlayan İbn Rüşdlər yetişdirən Şərq isə inlişaf dinamıkasında tərəddüt keçirdi və bu da ona gətirib çıxardı ki,bir neçə əsr gerilədi.
MÖVLANANIN “KAMİL İNSAN” VƏ NİTSŞENİN “ÜST İNSAN” ANLAYIŞLARI :
Mövlana Cəlaləddin-i Rumi və Fridrix Nitsşe, hər ikisi insanın mənəvi, intellektual inkişafını araşdıran, fərqli dövrlərdə və mədəniyyətlərdə yaşamış iki böyük fikir adamlarıdr. Onların “Kamil İnsan” və “Üst İnsan” anlayışları müəyyən dərəcədə bir-birinə bənzəyir, lakin fəlsəfi kontekstləri fərqlidir. Mövlana, sufizmin dərin mənəvi təfəkkürünü ifadə edərək, “Kamil İnsan” anlayışını mərkəzi bir mövzu kimi götürür. Kamil İnsan, Allahın varlığını öz daxilində dərk edən, həqiqətə çatmış və mənəvi təmizliyə nail olmuş bir şəxsiyyətdir. Mövlana deyir ki, sirr və həqiqət hər kəsin gözünün önündədir, lakin hər kəs onu görməyə və ya dərk etməyə qadir deyil. Onun dünyagörüşündə insan öz nəfsini aşaraq, eşq və mərhəmət vasitəsilə ilahi birləşməyə nail olur. Mövlananın sitatı (“Sirrim fəryadımdan uzaq deyil…”) göstərir ki, həqiqət zahirdə də mövcuddur, lakin onu anlamamaq insanın daxili korluğunun bir nəticəsidir. Bu, kamilliyə doğru mənəvi yolda insanın diqqətini öz daxili dünyasına yönəltməsinin zəruriliyini vurğulayır. Onun fikrincə, kamil insan, təkcə biliyə deyil, eyni zamanda fərdi təcrübəyə, mənəvi dərinliyə də malik olmalıdır. Mövlana, insanın ruhunun, içsel dünyasının zənginliyinin əhəmiyyətini vurğulayır .”Sirrim fəryadımdan uzaq deyil” ifadəsi, içsəl gerçəkliklərə, özünüdərkə və ruhsal vəziyyətlərə girişi simvollaşdırır. O, insanın bu sirri anlamaqda çətinlik çəkdiyini, çünki bəzən gözlərin, qulaqların həqiqətə çatmaqda yetərsiz qaldığını qeyd edir. Nitsşe isə fərqli bir yanaşma ilə, insanın öz potensialını aşaraq “Üst İnsan” mərhələsinə çatmasını vurğulayır. O, mövcud dəyərləri tənqid edir və insandan öz yaradıcı gücü ilə yeni dəyərlər yaratmasını tələb edir. Üst İnsan, ənənəvi əxlaq qaydalarını aşaraq, öz həyatına mənanı özü verən azad və iradəli şəxsiyyətdir. Nitsşenin “Zərdüşt belə deyirdi” əsərində ifadə etdiyi kimi, onun fikirləri əksəriyyət üçün anlaşılmaz qalır, çünki insanlar hələ onun təsvir etdiyi inkişaf səviyyəsinə çatmamışdır. Nitsşenin sitatı (“Məni başa düşmürlər, mən bu qulaqlara görə ağız deyiləm…”) onun dərin fikir və ideyalarının adi insanlar üçün əlçatan olmadığını göstərir. O, cəmiyyətin hələ də “Üst İnsan” anlayışını qavraya bilmədiyini vurğulayır. Mövlananın “Kamil İnsan”ı Allahla birləşməyi, mənəvi kamilliyə çatmağı əsas götürür, Nitsşenin “Üst İnsan”ı isə daha çox fərdi azadlıq və yaradıcı gücü vurğulayır. Mövlana eşq, mərhəmət və nəfsi tərbiyə yolu ilə kamilliyə çatmağa çağırır, Nitsşe isə güclü iradə, öz dəyərlərini yaratma və mövcud olanı aşma yolunu göstərir.Mövlana hər kəsi bu mənəvi yola dəvət edir, lakin hər kəsin buna qadir olmadığını qəbul edir.Nitsşe isə daha elit bir anlayış irəli sürür və yalnız seçilmişlərin “Üst İnsan” səviyyəsinə çatacağını düşünür.Hər iki düşünür, insanın özünü kəşf və inkişaf prosesini mizacen edir.Rumi, bunu mənəvi bir yol kimi təqdim edərək, Nitsşe bunu cəsarət və fərdiliyin bir partlayışı olaraq görür. Həm Mövlana, həm də Nitsşe insanın potensialını aşma prosesinə xüsusi əhəmiyyət verir. Lakin Mövlana bunu ilahi eşq və mənəviyyatla bağlayır, Nitsşe isə dünyəvi və yaradıcı gücləri önə çəkir. Onların fikirlərinin dərinliyi bu iki böyük mütəfəkkirin əsrlər boyunca aktuallığını qoruyub saxlamasının əsas səbəblərindəndir.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Əməkdar müəllim Zülfiyyə Vəliyevanın yeni kitabı bu addadır
II Qarabağ müharibəsindəki qələbəmizdən qürurlanan VƏTƏN SEVDALI Azərbaycan xanımının ürək döyüntüləri kitab səhifələrində bu kəlmələrdə sətirlənib: “Cənnətməkan Qarabağ torpaqlarının işğaldan azad edilməsi, sərhədlərimizin bərpası, torpaqlarımızın mənfur düşmən tapdağından təmizlənməsi yeni tarixin yazılması, xalqın, ordunun, güclü liderin birliyinin təntənəsidir!”
İlk təqdim olunan “Tarix yazan sərkərdə” adlı məqalədə Ali Baş Komandanın öz xalqı haqqında düşüncələri sətirlənib: “Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik”. Müəllif diqqəti bu kəlmələrin açıqlaması olan aşağıdakı fikrə istiqamətləndirir: “Dünya Azərbaycanın hərbi qüdrətinə, XXI əsrin müharibə taktikasına heyrət etdi”.
Və elə bu məqamdaca “Qarabağ müharibəsi xalqımız üçün nə deməkdir?” anlamını cavablandırılır: “Azərbaycan dövlətinin zəfər yürüşüdür, Qayıdışının başlanmasının nəticəsidir Qələbə!” … “Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətən sevdalı Vətən oğulları xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu”.
Bu tarixi qələbədən qürurlanan Z.Vəliyeva xalqına cözaydınlığı verməyi də unutmur: “Gözün aydın, Azərbaycan dünyası, Azərbaycan bayrağı Qarabağda dalğalanir! Eşit dünya, Qarabağ Azərbaycandır! Bunu Ali Baş Komandan deyir, Azərbaycan xalqı, qüdrətli ordumuz deyir! … Gəncəmiz, Bərdəmiz,Tərtərimiz – bütöv Azərbaycan, gözlərin aydın, bayrağımız Şusada, Ağdərədə, Xocalıda, Xocavənddə, Xankəndidə dalğalanır!”
Müəllif “Qarabağ müharibəsi xalqımız üçün nə deməkdir?” sualını özünəməxsusu cavablandırır: “Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək xalqımıza qələbə sevincini yaşatdı”.
***
Nəticə etibarı ilə kitabda iki istiqamət diqqət çəkir: 44 günlük Zəfər yürüşündən bəhs edən publisistika nümunələri və Qarabağ müharibəsi qəhrəmanlarının döyüş yolundan söz açan yazılar.
“Müstəqilliyimiz əbədidir, dönməzdir” yazısı ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu yöndəki fəaliyyətinə işıq salır.
Kitabda Qarabağ, Şuşa, Ağdam haqqında geniş informasiyalı yazılar da (“Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır”, “Mədəniyyətin mərkəzi, Qarabağın döyünən qəlbi Şuşa”, “Yanar çırağın heç zaman sönməsin, Ağdamım, Qarabağın ağ incisi, Qafqazın Xirosiması Ağdam”, “Ağdam, qaydışın mübarək olsun!) yer alıb. Bu yazılarda oxucu Şuşanın,Ağdamın, bütövlükdə Qarabağın tarixi və özəllikləri, eləcə də “Şuşa Azərbaycan xalqı üçün niyə bu qədər əzizdir?” sualına cavab tapmaq imkanı əldə edir,
“Ordum var – yurdum var” kimi məzmunlu məqalələrdə 44 günlük Zəfər yürüşünün sirlərinə aydınlıq gətirilir, igid Azərbaycan oğullarından Milli qəhrəman Mübariz İbrahimovu, leytenant Əmrulla Əliyevi, Suqovuşan fatehi Babək Şəmdillini, döyüşçü Sərdar Rəsulovu, Sübhan Abdurahmanlını, Cəbrayıl Dövlətzadəni, Mirmusa Hüseynzadəni və Asim Camalzadəni şəhadət zirvəsinə ucaldan məqamlardan söhbət açılır.
Kitabda həmçinin döyüş yolu Füzuli, Qubadlı və Şuşa uğrunda əməliyyatlarda iştirakına görə və “Cəsur döyüşçü” medalları ilə dəyərləndirilən II Qarabağ müharibəsi veteranı kərbəlayi Fail İsgəndərovun və I Qarabağ müharibəsi veteranı usta Ceyhun Nuriyevin də döyüş yoluna işıq salınır.
Sonda təqdim olunan “Vətən və insan sevdalı Zülfiyyə xanım” yazısında oxucular kitabın müəllifi ilə tanış olmaq imkanı əldə edirlər.
KIMDIR ZÜLFİYYƏ ƏLSAAB QIZI VƏLIYEVA?
Göyçay şəhərində dogulub. BDU-nun Tarix fakültəsinin (qiyabi, 1975-ci il) və Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunun İqtisadiyyat fakültəsinin (1996-cı il) məzunudur. 1971-1973-cü illərdə Göyçay şəhər 7 saylı orta məktəbində müəllim işləyib. 1973-1978-ci illərdə Göyçay rayon Komsomol Komitəsinin məktəblər üzrə katibi, II katibi, 1978-1996-cı illərdə Göyçay rayon 1 saylı orta məktəbində müəllim işləyib. 1990-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq ğörülüb. 1998–2016-cı illərdə APKİA və YHİ-da metodist, Azərbaycan Müəllimlər İnstitutunda metodist, kabinet müdiri, “Təhsildə araşdırmalar və innovasiyalar” mərkəzində metodist işləyib. 2016-cı ildən “Pedaqoji təhsilin problemləri” elmi tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb. SSRİ Təhsil Nazirliyinin “Krupskaya medalı”na layiq görülüb. Akademik M.Mehdizadə mükafatı laureatı, “XXI əsrin tanınmış maarifçisi” beynəlxalq diplomçusu, “VEKTOR” Elmi Mərkəzi mükafat komissiyasının “Azərbaycanın tanınmış maarifçiləri” beynəlxalq layihəsinin qalibidir Elm və Təhsil Nazirliyinin ”Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi” layihəsi üzrə Milli məsləhətcisi olub. Çoxsaylı əsərlərin və elmi məqalələrin müəllifidir. Hazırda ADPU Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, ”Zəfər” İnformasiya Mərkəzinin-zefer.info.az saytının redaktorudur.
***
Məsuliyyətli, bağışlamağı bacaranxarakter insan, səbr-hövsələ sahibi
Bu dörd cəhət Zülfiyyə xanımın kimliyinə açar sala biləcək keyfiyyətlərdir. İlk iki dəyərində Zülfiyyə xanım özünün kimliyii təsdiq edir, Sonuncularda isə… Sözünün əvvəli də-axırı da ünsiyyətdə olduğu, hətta heç tanımadıqlarına da tövsiyəsi budur ki, hər hansı çətinliyinizdə SƏNİ YARADANINDAN kömək dilə, mövqe göstərə biləcəyin hər hansı əməlində nəfsini-izzətini, abrını, ləyaqətini qoru.
Xanım üçün “xarakter insan” olmaq mümkünsiz dərəcədə çətindir. Sözünün sahibi, mövqeyində dəyişilməz, insanlar arasında həmişə səmimiyyət toxumları səpən, doğmalığa səy göstərən – bu gün cəmiyyətimiz bu qism insanlara ehtiyacdadır.
Ömür yolunu səhifələdikcə önündə qat-qat zəngin informasiya qalareyası açılır. Elə mövzu yoxdur ki, Zülfiyyə xanımın söz kəhkəşanında əksini tapmasın. Görüb-bildiyi, təmasda olduğu elə bir tədbir, hadisə, yaxud tarixin təqvim gününü xatırlamazsan ki, Zülfiyyə xanımın mövzu obyektinə düşməsin. Bu rəngarənglikdə başlıca yeri müəllim, müəllim sənəti, pedaqoji işə vurğunluq, vətən, torpaq məhəbbəti, vətənpərvərlik mövzuları tutur. Onun üçün həyatda ən müqəddəs “müəlim” və “insan” adı, ölçü vahidi – insana insanlıq münasibətidir.
Zülfiyyə xanım bu adların müqəddəsliyini qoruya bilmək imkanlarından həmişə qürur duyub. Deyir:
– Müəllim olmaq, bu adı layiqincə daşımaq şərəfdir, şərəfli olduğu qədər də məsuliyyətlidir, çətindir;
– Mənən pak, böyük ürək sahibi, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi ali sima, böyük nüfuz sahibidir müəllim. Bu sıralarda olmaq qürurvericidir. Gənc müəllimlərə tövsiyəm budur ki, daim yaradıcı, məsuliyyətli, Vətən sevdalı, azərbaycançılıq ideyalarına sadiq olsunlar;
– Müəllim gənclərə bilmədiklərini öyrədən elm saxlancı deyil, bu iş – kitabın işidir, bilmədiklərimizi kitabxanalarda tapmaq mümkündür, müəllim – ruhumuzan memarıdır;
– Allahın dəyər verdiyi insan öz əməli, xidməti, dürüstlüyü və xisləti ilə hörmət qazanır, özünü təsdiq edir.
Zülfiyyə xanımın həyat kredosu: – Təmənnasız yaxşılıq etmək, kimə isə əl tutmaq, hətta tanımadığın kəs olsa belə…
Zülfiyyə xanım ictimai auditoriyada da fəal ziyalı, mübariz “əsgərdir”. Yazmış olduğu çoxsaylı elmi əsərləri ilə, xalqımızı zəfərə aparan 44 gün boyunca duaları, çağırışları, ictimaiyyətə müraciətləri ilə bunu bir daha sübut etdi. Qələmə almış olduğu “Zəfərimiz mübarək” adlı kitabını böyük sevgi, ehtiram və əzmlə Zəfərimizə borclu olduğumuz şəhid və qazilərimizin döyüş qəhrəmanlığını qələmə almaqla Vətən qarşısında “əsgəri” xidmətini ehtiva etmişdir! Vətəni sevmək imandan gəlir – Zülfiyyə xanım həyat devizi belədir.
***
Zülfiyyə Vəliyeva belə mənalı-məzmunlu ömür sahibidir.
Həyatda kimliyimizin təsdiqi üçün Zülfiyyə xanımdan görüb-götürməyiniz kifayər edər zənnimcə.
Bir ailə kimi böyüdüyümüz, doğmalaşdığımız 1N-li fizika-riyaziyyat təmayüllü internat məktəbindəki (1978-1980) sinif yoldaşlarıma…
Sabahınız işıqlı, Gözünüz aydın olsun. Hər biri yaraşıqlı Dostlarım Ay, Gün olsun. Sevinci bayraq kimi Ürəyinizdən asın. Qoruyaq doğmaları, Arzumdu qırılmasın Heç vaxt dostluq bağları, İnternat uşaqları.
Elm adlı bir qazanda Qaynadınız, daşdınız. Yorulmadan fəth edib Zirvələri aşdınız. Dəyişmədi heç zaman Məsləkiniz, andınız. Kor olsun paxıl, yaman, Arxa, dayaq sandınız Uca-uca dağları, İnternat uşaqları.
Xatirələrsiz ömür Ya havayı, ya heçdi. Tanımadıq şər, xata, İllər yel kimi keçdi. Gənclik qaldı arxada, Bənzərsiz günlərimiz Bir-bir düşürlər yada. Unutmayaq o xoşbəxt, O qayğısız çağları, İnternat uşaqları.
Məsuliyyət hiss olmayanda heç bir uğura imza atılmır
Dövlətin daha möhkəm təməl qurmasında həlledici rol oynayan sahələrdən biri də təhsildir. Müasir Azərbaycan təhsili bizim bütün milli xüsusiyyətlərimizi özündə geniş ehtiva edir. Bu sahədə get-gedə daha müfəssəl addımlar atılır, lazımi tədbirlər həyata keçirilir. Lakin ara-sıra təhsilimiz haqqında tənqidi, bəzən də daha artıq həddə xoşagəlməz sözlər və ifadələr eşidirik. Bu deyilənlərdə həm təhsil, həm müəllim, həm də təhsilimizi, müəllimi aşağılayanlar hədəfə alınır, müəllimin özünün də qəbahətləri bir-bir sadalanır… Məsələn, bu günlərdə “YouTube” səhifəsində “Səngər” TV-nin aparıcı jurnalisti Aqil Alışov təhsilimizin hazırkı durumundan söhbət açmış, qonağı – uzun müddət təhsil sahəsində yüksək vəzifələrdə çalışmış təhsil eksperti Şəmsi Qoca ilə Azərbaycan təhsili barədə geniş söhbət aparmışdır. Mən də bir çoxları kimi, bu verlişə çox diqqətlə qulaq asdım, təhsilimizin durumu barədə eşitdiklərim məni bir ziyalı kimi bərk narahat etdi. Şəmsi müəllim söhbət əsnasında qeyd etdi ki, “təhsilimizə niyə London uşaqları rəhbərlik edir? Onların günahları ucbatından təhsilimiz bərbad hala düşüb”. Düçündürücüdür: hazırkı təhsildə hansı nüanslar eksperti bu qədər əsəbiləşdirib? Hələ on illər əvvəl Firudin bəy Köçərli yazıb: “Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin”. Bu deyimdə çox acı həqiqət var. Bu gün təhsilimizi və səhiyyəmizi bərbad hala salanlar gələcəkdə bir cavabdehlik, bir məsuliyyət daşımalı olacaqlar. Görəsən, bəziləri nə üçün təhsilimizi bu hala salır, uşaqları savadsız yetişdirirlər? Əgər təhsil sistemində çalışanların bir çoxu əlinə jurnal alıb sinifdə bir saat dərs kecməyibsə, onun təhsil barədə ifadə edəcəkləri doğru və inandırıcı görünmür. Çünki belə halda onun təhsildən xəbəri yoxdur və olmayacaq da. O, şəxslər heç vaxt müəllim əməyini qiymətləndirmək iqtidarında da deyillər. Təhsil sahəsinə isə ən çox pedaqoji sahədə çalışan təcrübəli şəxslər təyin edilməlidir ki, o, müəllimin qədir-qiymətini bilsin. Müəllim şagird həyatının formalaşmasında əsas rol oynayan şəxsdir. O, təkcə şagirdə akademik biliklər vermir, həm də onlarla etik dəyərləri bölüşür, onlara şəxsiyyətimizi formalaşdıran əxlaqı mənimsədir. Müəllim təkcə uşaqlara müəyyən fənləri öyrədən deyil, həm də çətin anlarda köməyə gələn, gündəlik problemlərin düzgün həllinə, düzgün davranış xəttinə sövq edən şəxsdir. Əbəs yerə müəllimin dəyəri yüksək qiymətləndirilməyib. Əbəs yerə onun haqqında müdrik sözlər deyilməyib. Məsələn, Həzrəti Məhəmməd Peyğəmbər (s.ə.a) bilik öyrətməyi hər cür ibadətdən üstün saymış, Həzrəti Əli (ə) isə “Mənə bir hərf öyrədənin qulu olmağa hazıram” demişdir. Makedoniyalı İsgəndərin müəllimi Aristotel haqqında fikirləri də maraqlıdır: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Dahi Nizami Gəncəvi isə müəllimi günəşə bənzədirdi. Ulu Öndər Heydər Əliyev müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında gözəl sözlər söyləmişdir. Onun müəllim haqqında dediyi – “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini – uşaqların tərbiyəsini yalnız ona etibar edir”, – fikri müəllimə verilmiş ən gözəl tərif və qiymətdir. Doğrudan da, cəmiyyətin qurucusunu, onu idarə edənləri – fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s. – hər kəsi tərbiyə edən müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir. Mən bu dahilərin dediyi kəlamları bir daha Elm və Təhsil Nazirliyinin yüksək vəzifəli məmurlarına xatırlatmaq istəyirəm ki, təhsilimizi sovetlər dönəmində olduğu səviyyəyə yüksəldək, müəllimlərimizi dəyərləndirək. Ali məktəblərə qəbulu köhnə qayda ilə – dörd imtahan verməklə həyata keçirək. Kimin savadı var, o da ali məktəbə daxil olsun. Orta məktəblərdə “imla”, “ifadə”, “inşa” yoxlama yazı işləri bərpa olunsun. Biz yalnız onda biləcəyik ki, şagirdlərimiz hansı savadla yetişir. Təhsil eksperti Şəmsi Qoca verilişdəki çıxışında qeyd etdi ki, nə qədər geç deyil, sovet təhsil sisteminə qayıtmaq lazımdır”. Burada Firidun bəy Köçərlinin də bu sözləri yada düşür: “Müəllim məktəbin canı, camaatın çırağıdır. O, öz peşəsini sevməli, şagirdlərini övladı kimi istəməli, xeyir verən biliklər aşılamaqla əhalinin rəğbət və məhəbbətini qazanmalıdır…” Əslində, biz məsələni qəlizləşdirmək marağında deyilik; məqsədimiz odur ki, kimlərsə öz şəxsi maraqları naminə güclü Azərbaycan təhsilini hörmətdən, nüfuzdan salmasınlar. Yaxud müəllim dediyimiz uca şəxsiyyəti təhsilə biganə şəxs kimi xarakterizə etməsinlər. Bu məsələdə birinci olaraq cəmiyyət, sonra bütün təhsil sistemi və müəllimlərin özləri də böyük məsuliyyət daşımalıdır. Dövlətimiz ölkədə bütün sahələr üçün güclü potensial, lazımi şərait qurub. Təkcə o qalır ki, hər sahə üzrə cavabdeh şəxslər vicdanla öz vəzifələrini yerinə yetirsinlər, nailiyyətə imza atsınlar. Ümidvaram ki, bu dediklərimizdən kimlərsə nəticə çıxaracaq, Azərbaycan təhsilində yaxın gələcək boyu inandırıcı yüksəliş vüsət alacaq, təhsilə, müəllimə, hətta müəllimin özünün öz peşəsinə sevgisi artacaq. Əks təqdirdə heç bir inkişafdan danışmağa dəyməz…