Kateqoriya arxivləri: “ZİYADAR” M.

PAYIZ NƏĞMƏLƏRİ- MAHİRƏ NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ ŞEİRLƏRİ

PAYIZ YAĞIŞI
Yenə də gəlişi xəbər-ətərsiz,
Gəlib ki, qəm yuya payız yağışı.
Apara mənzilə xəzan yarpağı,
Torpaqda uyuya payız yağışı.
* * *
Yerdə bizlər üçün möcüzədir göy,
Nazını çəkmədi bulud-o köntöy.
Mən döyə bilməyən pəncərəni döy,
Qoyma o uyuya, payız yağışı.
* * *
Qurbandı tufanın qəsd elədiyi,
Şikardı şimşəyin üstələdiyi.
Narın damcıların bəstələdiyi
Nəğməmi oxuya payız yağışı.
* * *
Eh, sənin qədrini nə bilər naşı,
Sərinlik tapacaq qəlbimin başı.
Vura, döyəcləyə torpağı, daşı,
İlmələr toxuya payız yağışı.
* * *
Mahirə vurğunun deyilmi gerçək,
Daşa, divarıma sığalına çək.
Nazlı anam kimi layla deyəcək,
Verəcək yuxuya payız yağışı.

AY QIZ
Ay qız,mənə aman eylə,
Önündə qula çevriləm.
Səhər bağçan-bağın olam,
Əlində gülə çevriləm.
* * *
Yuvan olam o kənd kimi,
Açılmayam kəmənd kimi.
Dəmir qapı Dərbənd kimi,
Önündə yola ç* * *evriləm.
* * *
Arif olmağın bəllidi,
Eşqin mənə təsəllidi.
Adım- dağlıdı,çöllüdü,
Çölündə kola çevriləm.
* * *
Bu ömürdü-qışlı,yazlı,
Məclislərim sözlü,sazlı.
Atam Nağı,anam Nazlı,
Dilində bala çevriləm.

YIĞILIR
O nədir ki, Nuh Nəbidən seçilib,
Zərrə-zərrə, binəsindən yığılır.
Anaların laylasınnan içilib,
Ataların sinəsindən yığılır.
* * *
Bir ağacdır, yükdaşıyan bitirər,
Meyvəsini nəsil-nəsil yetirər.
Qədirbilən yerdə qoymaz, götürər,
Damla-damla, künyəsindən yığılır.
* * *
İrs deyildir, alan kəslər öyünə,
Çəkisi yox daşıyanlar deyinə.
Ata kürkü deyil, övlad geyinə
Müdriklərin məsəlindən yığılır.
* * *
Onsuz ruhun ac qalacaq, tox olmaz,
Nə var götür, ağır gəlməz, çox olmaz.
Sellər gələ, sular basa, yox olmaz,
Bu dünyanın əzəlindən yığılır.
* * *
Nağıqızı, yüz ələkdən ələnər,
O kamaldır, öz nuruna bələnər,
İnsanlığın əməlində görünər,
Müdrikliyin timsalından yığılır.


Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zülfiyyə Vəliyeva – VƏTƏNDAŞLIĞI, XEYİRXAHLIĞI, ZİYALILIĞI HƏYATININ MƏNASI

 Ayətxan Ziyad – yubiliyar

VƏTƏNDAŞLIĞI, XEYİRXAHLIĞI, ZİYALILIĞI HƏYATININ MƏNASI

(70 yaşın işığında)

 Hər bir yaşın öz özəlliyi, öz gözəlliyi var İnsan üçün. Xüsusən yaradıcı insanların keçdiyi ömür yolu çoxlarına örnək olur.

İnsana və Vətənə sevgisi zəngin bir şəxsiyyət kimi hamının yaxşı tanıdığı Ayətxan Ziyadın fəaliyyətinə nəzər salmaq istəyəndə, öncə, onun insanlığa xas ən vacib xüsusiyyətləri – mübarizliyi, vətənpərvərliyi, əməksevərliyi, vicdanlı, xeyirxah və fədakar olması diqqəti cəlb edir.

Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir İnsan. Dözən, dözümlu İnsan olur Allahın məhəbbəti və mərhəməti sayəsində.

Belə bir məhəbbət və mərhəmət payından şükürlü olan İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci ildə Hacıqabul şəhərində anadan olub.

  1969-1975-ci illərdə ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsində təhsil alıb, ilk məqalələri 1969-cu ildə “İşıq” qəzetində dərc olunub.

Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) ştatdankənar müxbiri (1970-1976) kimi çalışıb. İlk olaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəşriyyatında (1975-1976) işləməyə başlasa da, sonra (1976-1994-cü illərdə) əmək fəaliyyətini ona doğma olan Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri) davam etdirmişdir. “Ədalət” qəzetində bölgə müxbiri, “Azər­bay­can məktəbi” jurnalında şöbə müdiri, “Respub­li­ka” qəzetində müxbir, “Naxçıvan” və “Yeni Naxçıvan” qəzetlərində müxbir, şöbə müdiri,  “Həftə içi” qəzet­ində şöbə müdiri,  “Hakimiyyət və Xalq” qəze­tinin baş redaktoru, AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi və “Dir­çəliş-XXI əsr” jurnalının Analitik-İnformasiya Mərkə­zi­­nin rəhbəri (15.09.2004 – 03.04.2006-cı illər), “Gənc müəllim” (ADPU) qəzetinin redaktoru (yanvar 2007 – fevral 2015) işləmişlir. 2015-ci ilin martından ADPU Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi  kimi yaradıcı fəaliyyətlə məşğuldur.Gənc Jurna­list­lə­rin Moskva şə­hə­rində keçirilmiş II Ümumit­ti­faq Qurul­tayının nü­ma­yəndəsi olmuş, Ümumittifaq Teleradio Veriliş­ləri Komitəsində (Moskva)yaradıcılıq təcrübəsi keç­misdir;

– I Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər, sərasər 6 il, hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir;

– AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olmuş, radioda onun tələbi ilə yaradılmış müvafiq şöbəyə rəhbərlik etmişdir;

“XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır.

– Haqqında vikipediya yaradılmışdır.

1980-ci ildən SSRİ Jurnalistlər İtti­faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbay­can Yazıçılar Birliyinin üzvüdür.

Ağdamın Mahrızlı kəndindən olan əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsa­nə­yə dönən ömür” adlı radio verilişi Teleradionun pul mükafatı və əmək kitab­çasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh. 60-67);

– Hərbi-vətənpərvərlik mövzusun­da yazan jur­nalistlərin yaradıcılıq müsabi­qəsində “Ədalət” qəze­tinin xüsusi mükafatına, 2012-ci ildə “Əsrin ziyalı­ları” Xey­riyyə İcti­mai Birliyinin “İlin alimi – İlin ziyalı­sı” diplomuna, 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna, 2021-ci ildə WWW/YAZARLAR/­AZ`­­­ın fəxri üzvü seçilmiş, “Ziyadar” diplomuna la­yiq görülmüşdür.

 ADPU ETM-də uşlədiyi 6 il ərzində 60-a qədər beynəlxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüş, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Ümumilikdə 16 kitabı nəşr edilib ki, elmi məqalələrin daxil edildiyi “Heydər Əliyev – xalqının, dövlətinin qürur ünvanı”, “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… – dövlətinin hamisi” (dərs vəsaiti), “Şamaxının Kürdəmic kəndi”, “Qazyanlı Mirhəbi ağa”, “Azərbaycan mətbuatı tarixi (Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov), “Zaur Ustacın uşaq dünyası” kitabları tədqiqat yönümlüdür..

“Dədə Qorqud” ün­va­­nında sözüm” (el­mi məqalələr və re­sen­ziyalar) monoqrafiyasında 22 elmi məqaləsi,“Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində” monoqrafiyasında isə 23 məqalə yer alıb (244 səhifə).

***

Yaradıcı insanlar cəsarətli insanlardır.

Yaradıcı insanlar həmişə axtarışdadır.

Yaradıcı insan öz təxəyyülünü inkişaf etdirməkdə əla bacarıqlara sahibdir, stere­otiplərdən kənara çıxır, fantaziyasının sərhədlərini açıqlayır və tamamilə yeni fikirlərlə çıxış edir.

Yaradıcılıq həmişə geniş dünyagörüşü ilə müşayiət olunur. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi” deyir, “yazdığını əgər pozmağı bacarmırsansa, səndən qələm sahibi çıxmaz” söyləyir. Ömrünün kamillik yaşında olan Ayətxan Ziyad bu gün də gənclik şövqü ilə yazıb-yaradır.

Gözəl ailə başçısı Ayətxan müəllimi təbrik edir, sağlam  ömür, yaradıcılıq uğurları arzulayırıq.

Ay Ziyad, 70 yaşın Mübarək!

Yaradandan olan payın mübarək!

Əməlində, istəyində xeyirxah…

Tanıyanlar səni belə tanıyır.

Xidmətin Allaha xatir,

Allah sevdiyini özü qoruyur,

Nəzərində saxlayır.

Yaradandan olan payın mübarək,

Ay Ziyad!

     Müəllif:    Zülfiyyə VƏLİYEVA                                     ,

ADPU ETM-in elmi əməkdaşı,

Respublikanın Əməkdar müəllimi,

Respublika Jurnalistlər Birliyinin üzvü.

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bakı Expo Mərkəzindən xoş xatirələr – Nəzakət Əhmədova         

Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

Bakı Expo Mərkəzindən xoş xatirələr               

Bildiyimiz kimi oktyabrın 6-10 na kimi Bakıdakı Expo Mərkəzdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq kitab sərgisi keçirildi. Sərgidə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının sərgilənən ekspozisiyaları da nümayiş etdirildi. Belə ki, bu pavilyonda dünya şöhrətli detektiv yazıçı, nasir publisist, Yazıçılar Birliyinin katibi , 20 milyon nüsxədən çox 6 yüz kitabı olan hüquq elmləri doktoru , professor Çingiz Abdullayev, İctimai Nəzarət Koalisiyasının idarə heyətinin Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri ,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse- prezidenti Rasim Məmmədov ,xalq yazıçısı Vahid Əziz, tanınmış ziyalılar, alimlər, xarici ölkə səfirliklərinin təmsilçiləri, öz kövrək mahnılarıyla geniş dinləyici kütləsinin sevimli müğənnisi Baba Dərələyəzli, Şəhid Milli Qəhrəmanların valideynləri ,ali və orta təhsil müəssisələrinin tələbələri ,yeni ailə quran gənc bəylə gəlinin çıxışlarını hamı diqqətlə dinləyir və digər pavilyonlardan da bu görüşlərə qoşulurdular. Türkiyə,Kolumbiya ,Özbəkistan və digər ölkələrin təmsilçiləri pavilyonumızda nümayiş etdirilən eksponatlar haqqında xoş ürək sözlərini bildirib ,təşkilata gələcək fəaliyyətində uğurlar arzuladılar. Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası İNK-nın” Şəhid Milli Qəhrəman ailələri departamentinin”sədri Tərlan xanım ,Şəhid Milli Qəhrəman Şükür Həmidovun  atası-İNK -nın Ağsaqqallar Şurasının sədri Nəriman Həmidov, Şəhid kapitan qərargah rəisi Əsəd Həsənovun anası- Abşeron rayonu üzrə” Şəhid və Milli Qəhrəman ailələri” departamentinin sədri Mələk xanım və digər Şəhid anaları onlara olan qayğı və diqqətə görə DAMM-ın vitse prezidenti, İNK-nın sədri Rasim Məmmədova öz dərin minnətdarlığını bildirdilər. Rasim müəllimin təşkil etdiyi yubiley işi ilə bağlı Şəhidlərin daş üzərində həkk olunmuş şəkilli suvenirləri və “ İlham Əliyev siyasətində Ictimai Nəzarət fəlsəfəsi” kitabları sərgi pavilyonuna xüsusi olaraq alqışlarla dəvət olunan qonaqlara hədiyyə olundu. Tədbirlərdə Ali Baş komandanımızın yeni tarix yaratdığından , Zəfərimizlə doğma Qarabağımızda gedən quruculuq işlərindən, İNK-nın rayon təşkilatlarının gördükləri əməli işlərdən, Şəhid Milli Qəhrəman ailələrinə mənəvi dəstək vermələrindən, onlara olan diqqət və qayğıdan söhbət açıldı. Tanınmış müğənni Baba Dərələyəzli “Nəhəng Gəmi”,” Türkiyə- Azərbaycan”,” İlham- Ərdoğan” mahnılarını ifa edərək dinləyicilərdə  kövrək hisslər oyatdı. Pavilyonun sərgisi ilə tanış olanlar arasında tanınmış ziyalılardan filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyi tərkibində Cəfər Cabbarlı komissiyasının sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Elmi Şurasının və Bakı Dövlət Universitetində Dissertasiya Şurasının üzvü Asif Rüstəmli ,xalq şairi Vahid Əziz gənc hüquqşünas, Respublika Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov və digər tanınmışlar bu  pavilyondaki  sərginin möhtəşəmliliyini hamının nəzərinə çatdırdı.Burada gənc vəkil Adəm Məmmədovun “Qətli sonu “və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi ,İslam Fəlsəfəsi şöbəsinin müdiri  Könül Bünyadzadənin” Könül dünyası” kitablarının təqdimatı da maraqlı oldu. Sonda xatirə şəkilləri və video kadrlar lentə alındı:

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

İNK-nın Abşeron rayonu üzrə sədri,  “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

MAHİRƏ NAĞIQIZI – “İSMARIC”

MAHİRƏ NAĞIQIZININ ŞEİRLƏRİ

“İSMARIC”
(Azərbaycan Əsgərinə )
Səhər-səhər obaşdandan,
Dua etdim əsgər sənə.
Haqq bilib getdiyin yoldan,
Tanrı versin təpər sənə.
* * *
Dilim deyir, ruhum deyir,
Yüyür, qurban olum, yüyür.
Billəm haqq olan yeriyir,
Haqqın olsun sipər sənə.
* * *
Qıyma mənə naçar qalım,
Yolun ağır, düşmən zalım.
Sərvaxt yerə, ağrın alım,
Düz-dünyadır çəpər sənə.
* * *
Halım pozsan qınağımdır,
Keçər dar gün qonağımdır.
Qarabağım sınağımdır,
Verəcəkdir dəyər sənə.
* * *
Ağdamın ağban evləri,
Yoxdur çıraqban evləri.
Yağının yıxan evləri,
Hərəsi bir səngər sənə.
* * *
Getdiyin yoldur illacın,
Yada getsin ağrın-acın.
Mahirətək anan-bacın,
Salamlar göndərər sənə.
Dualar göndərər sənə.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRİDƏ ABDUL – ATA SEVGİSİ

Fəridə ABDUL – şair, yazar, filoloq

ATA SEVGİSİ…

Mən ata kəlməsin yaxşı bilirəm.
Gecələr işləyən günlərin vardı
Evindən uzaq,bir parça halal,
Özün qazandığın çörəyin vardı.
Mən ata sevgisin yaxşı bilirəm
Saçımda sığalnın izləri qalıb
İllər atlansa,mən böyüsəmdə,
İçimdə balaca qızcığaz qalıb.
Kövrəy ürəyi qıymazdı mənə
Qaş qalxsın, əl qalxsın körpə bədənə.
Dedi qoruyaram hər ötən yaddan,
Mən sənə pis rəftar eyləsəm bir an
Fərqim qalarmı başqa yadlardan?
Demədi getmə,demədi etmə.
Dedi:Dəyərin budu,özün bəlirlə
Hara gedilməli,hara da getmə.
Demədi oxuma,yazma,bədbəxt ol
Dedi inanıram,daim xoşbəxt ol.
Ağılın,qürurun olsun hünərin.
İndi bir az qocalıb,
Qırışları çoxalıb.
Qırışları artıqca
Kədərim də çoxalır
Ürəyimə dərindən
Həyat sanki ox salır
Əcəl gəzsin,dolaşsın,
Bircə ona dəyməsin.
Bircə qəddin əyməsin
Qoca dünya atamın.
Qədrin bilsin hər övlad,
Nə qədər var atanın.

Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏLƏMƏ SARILI 52 İL – ZAUR USTAC

 Ayətxan Ziyad – yubiliyar

QƏLƏMƏ SARILI 52 İL

(Ayətxan Ziyadın (İsgəndərovun) 70 yaşı)

Salam olsun, dəyərli oxucum! Şükürlər olsun uca Yaradana! Sizlərlə hər yeni görüş mənim üçün həyatın davam etməsi deməkdir. Bu dəfə söhbətimizi çox hörmətli bir qələm adamına – ömrünün tam 52 ilini qələmdarlığa adamış Ayətxan Ziyada həsr edirik.

Qələmə sarılı ­52 il

Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Hansı ki, həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan Əlibayramlı (indi Şirvan) şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş və həmin fakültənin tələbəsi olmuşdur.

Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən – orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı dəmir yol orta məktəbin “Ədəbiyyat” divar qəzetinin redaktoru olub.

Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:

– 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi QSC), sonra müxtəlif respublika qəzet və jurnallarda çalışmış, yaxud çap olunmuşdur;

– 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olub. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” kitabı ilə açılan bu səhifə bu gün 16 kitabla uğurla davam etdirilməkdədir. Daha 9 kitabı nəşr üçün hazırdır;

– 2015-ci ildən bu ömürə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunub.

Bu da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “dissident ədəbiyyatı” və “Azərbaycan səlcuqları” mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilmişdir. “Heydər Əliyev – azad düşüncənin və milli təfəkkürün təəssübkeşi” məqaləsində ümummilli liderin dissident ədəbiyyatı ilə bağlı düşüncələri və mövqeyi önə çıxarılmışdır. Məqalə “Paritet” qəzetinin, “İpək yolu” elmi jurnalının və “Azərbaycan” jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə “Space” TV (daha sonra digər TV-lər də) bu mövzuda verilişlər səsləndirməyə başlamışlar.

Bu məqam üçün görək kimdir Ayətxan Ziyad İsgəndərov?

Bu sualı daha təfərrüatı ilə “Bu mənəm – Ayətxan Ziyad” kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandır­ıb.

İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olmuş, orta təhsilini 1969-cu ildə başa çatdırmışdır. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) fəal ştatdankənar müxbiri (1970-1976), təhsilini başa çatdırandan sonra isə ona doğmalaşan həmin ocaqda kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində (1976-1994-cü illərdə) çalışmışdır. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində “Ədalət” qəzetində, “Azər­bay­can məktəbi” jurnalında, “Respub­li­ka”, “Naxçıvan” və “Yeni Naxçıvan”, “Həftə içi”, “Hakimiyyət və Xalq” qəze­tlərində, 15.09.2004 – 03.04.2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi və paralel olaraq institutun nəşri olan “Dir­çəliş-XXI əsr” elmi jurnalında (analitik-İnformasiya Mərkə­zi­­nin rəhbəri) çalışmışdır.

A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlıdır. Yanvar 2007 – fevral 2015-ci illərdə universitetin “Gənc müəllim” qəzetinin redaktoru, 2015-ci ilin martından isə ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.

AzTV-də işlədiyi 25 il müddətində Azərbaycan LKGİ MK (VLKSM MK) Komsomol Projek­toru Qərargahının üzvü, AzTV Azad Həmkarlar Komitəsinin üzvü, AzTV Bağçılıq-bostançılıq təsərrüfatının sədri, AzTV DOSAAF-n sədri, AzTV Xalq Drujinası Qərargahının sədri (və s.) kimi ictimai işlərdə çalışmışdır;

1979-cu ildə Gənc Jurna­list­lə­rin II Ümumit­ti­faq Qurul­tayının nü­ma­yəndəsi olmuşdur (Moskva şə­hə­rində keçirilmişdir), Ümumittifaq Teleradio Veriliş­ləri Komitəsində (Moskva)yaradıcılıq təcrübəsi keç­mış, kosmonavtların Bayka­nur Kosmodromunda (Moskva) olmuşdur;

– I Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər – 6 il sərasər hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir.

– AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olmuşdur.

– 2000-ci il parlament seçkilərində deputat­lı­ğa namizəd olmuşdur.

– “XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır. 

– Haqqında vikipediya yaradılmışdır.

1980-ci ildən SSRİ Jurnalistlər İtti­faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbay­can Yazıçılar Birliyinin üzvüdür.

MÜKAFATLARI

– 1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fər­manını almışdır;

– Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsa­nə­yə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitab­çasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67).

– Hərbi-vətənpərvərlik mövzusun­da yazan jur­nalistlərin yaradıcılıq müsabi­qəsində “Ədalət” qəze­tinin xüsusi mükafatını almışdır;

– 2012-ci ildə «Əsrin ziyalı­ları» Xey­riyyə İcti­mai Birliyinin «İlin alimi – İlin ziyalı­sı» diplomuna,

– 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna,

– 2021-ci ildə WWW/YAZARLAR/AZ-ın fəxri üzvü seçilmiş, “Ziyadar” diplomuna la­yiq görülmüşdür.

Nəşr olunmuş 16 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir. Daha 2 monoqrafiya nəşr üçün hazırdır.

ETM-də uşlədiyi 6 il ərzində 60-dan artıq bey­nə­lxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüşdür, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Seminarlardan biri AMEA-nın Dilşilik İnstitutunda olmuşdur.

Peşəkar jurnalist olduğu kimi, həm də peşəkar redaktordur

Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsini bitirəndən (1975-ci ildən bugünə qədər) redaktor işi əmək fəaliyyətinin tərkib hissəsi olub. Deyir, yazdığını əgər pozmağa “gücün” çatmırsa, səndən qələm sahibi çıxmaz. Öz yazılarına isə ən azı üç dəfə “qənim” kəsilir. Həm də yazdıqlarının üzərində o qədərdə “şəkil çəkir” ki, redəktəsini özündən savayı kim isə çətinliklə baş açıb islah edə (nizama sala) bilir. Redəktə işi üçün həmişə də 70 il dünyaya meydan oxumuş SSRİ-nin yaradıcısı Vladimir İliç Ulyanovun (Leninin) təqribən bu məzmundakı kəlmələrini nümunə çəkir: “Vaxtım olmadığı üçün uzun alındı”.

2013-cü ildə redaktoru olduğu və “Ön söz” yazdığı Reyhan Miqdadqızının kitabına xoş ovqatlı bir ad “bağışlayıb”: “Sevgim bir yaşıl yarpaq, ətri məndən”. Deyir, “İstədim oxucu bilsin ilk kitab müəllifi olan R.Miqdadqızının sevgisinə həyatın hansı rəngləri qatılıb”.

Bəs yarım əsri adlayan yaradıcılıq ömrü yaşayan Ayətxan Ziyad İsgəndərovun öz ömür yolu həyatın hansı rənglərini özünə hopdurub? Həyatın hansı rənglərinin sınağından və qınağından keçib bu ömür sahibi? 70 yaşına ərməğan etdiyi “Bu mənəm – Ayətxan Ziyad” adda kitabında müəllif bu sorğunu cavablandırmağa çalışıb.

NƏŞR EDİLMİŞ KİTABLARI

1. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”. Ba­kı-2001, 400 səh.

2. “Mən­dən sonra…”. Şeir, hekayə, publisistika. Bakı-“ULU”-2010, 616 səh.

3. “Qazyanlı Mir­həbi ağa. ADPU-2010, 132 səh. (araşdirma xarakterlidir).

4. “Qaz­yan­lı Mirhəbi ağa” (təkrar nəşr). Bakı-“ULU”-2010, 149 səh.

5. “Hər hökmü za­man verir”. Kiçik povestlər. Bakı-2010, 100 səh.

6. “Şamaxının Kürdə­mic kəndi. Tarix, publi­­si­s­tika, rəvayət”. Bakı-2014, 70×100 1/16, 536 səh.

7. “ADPU-da qalan izim”. Bakı-2014, 400 səh.

8. “Heydər Əliyev – xalqının, dövlətinin qürur ünvanı”. Bakı-2018. 168 səh.  Monoqrafiya.

9. “Dədə Qorqud” ün­va­­nında sözüm” (el­mi məqalələr. Mart 2015-2017-ci il).

Bakı-“ULU”-2018. 268 səh. Monoqrafiya.  

10. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… –  dövlətinin hamisi”. Bakı-2018. 104 səh. Dərs vəsaiti.    

11. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… – dövlətinin hamisi”. Dərs vəsaiti. “LAMBERT Akademic Publishing” nəşriyyatı – 2018, 92 səh.; İSBN-13: 978-613-9-88091-1 və İSBN-10: 613-98800912.

12. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi. (heka­yə, povest, kino-ssenari, şeir)”. İKSAD yayın evi – 2019, 463 səh.

13. Azərbaycan mətbuatı tarixi. Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov.

 Bakı-“Elm və təhsil”- 2021, 132 səh. Monoqrafiya.

14. Zaur Ustacın uşaq dünyası. Bakı-2021, 58 səh. Elmi məqalələr.

15. Bu mənəm – Ayətxan Ziyad. Bakı-2021. 400 səh.

16. Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində. 235 səh.

Ayətxan Ziyad İsgəndərov bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir. Bu yolda Ayətxan müəllimə yeni-yeni nailiyyətlər, ən əsası uzun və sağlıqlı bir ömür arzu edirəm! Var olun! Uğurlarınız bol olsun!!!

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürlər! Yeni görüşlər ümidi ilə sizlərdən ayrılıram. Allah amanında.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI MÜKAFATLANDIRILDI

TƏBRİK EDİRİK!!!

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə (NAĞIQIZI) Hüseynovaya Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyası tərəfindən hazırlanan “Səməd Behrəngi” mükafatı təqdim olundu! FOTOLAR:

Mənbə: Sayman Aruz


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VII Beynəlxalq Kitab Sərgisi çərçivəsində “NƏRGİZİN NAĞIL DOSTLARI” kitabının imza günü və oxu saatı keçirilmişdir

Turan Novruzlunun kitabı

Vll Beynəlxalq Kitab Sərgisi çərçivəsində “NƏRGİZİN NAĞIL DOSTLARI” kitabının imza günü və oxu saatı keçirilmişdir

Vll Beynəlxalq Kitab Sərgisi çərçivəsində “NƏRGİZİN NAĞIL DOSTLARI” kitabının imza günü və oxu saatı keçirilmişdir. Oxu saatında  “Xarıbülbül” hekayəsi balaca dostlar tərəfindən maraqla qarşılanmışdır. 2020-ci ildə Mücrü nəşriyyatında çap olunan kitabın müəllifləri yazıçı, rəssam Səkinə Z. Bağırova və Turan Novruzludur, redaktoru isə yazıçı, tənqidçi Müşfiq Şükürlüdür.

Mövzusu uşaq hekayələri olan kitabın rəssamı da nağıl qəhrəmanımız olan Nərgizgülünün anası Səkinə Z. Bağırovadır. Kitab Nərgizin babası dünya şöhrətli alim Əsgər Zeynalova ithaf olunmuşdur.

TURAN NOVRUZLUNUN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

Zaur Ustacın şeiri.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Bu gün Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.-Bakı ş.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BƏYLƏR, KƏRAMƏTİ ÖLDÜRMEYİN! – ORXAN ARAS

Orxan ARAS

BƏYLƏR, KƏRAMƏTİ ÖLDÜRMEYİN!
Bu gün şair Qəşəm Nəcəfzadənin oğlu Kəramət haqqında yazdığı şeiri oxudum və çox təsirləndim.
Kəraməti illər əvvəl atası Qəşəm Nəcəfzadə ilə birlikdə gördüm. Saçları dolaşıq olan bir gənc oğlan Türkiyədən bir neçə yazıçı qarşısında dayanmadan danışırdı. Atası isə, əlbəttə ki, heyranlıqla gülümsəyərək onu seyr edirdi. Hər dəfə Kəramət haqqında nəsə eşidəndə o səhnəni yadıma salıram: Üsyankar, dayanmadan danışan oğul və sakit, ürkək bir ata … Bəlkə də atası Kəramətin o dəqiqə canlı və iddialı münasibəti ilə fəxr edirdi.
Sosial mediada Kəramətlə dost idik. Amma uzun müddətdir ki, onu dostluqdan çıxartmışdım. Səbəb onun üsyankar ruhu və ya bəzən mənasız danışması deyildi. Ən önəmli səbəb belə istedadlı bir gəncin gözümün önündə məhv olması idi. Sosial şəbəkələrdə belə onu izləməyə dözə bilmədim. Bəzən üsyan edərək cəmiyyətin hörmət etdiyi Xəlil Rıza, Elçibəy və Vahapzadə haqqında ağzına gələni danışırdı. O vaxt qulaqlarımı və gözlərimi bağlayırdım. Mən niyə belə etdiyini bilirdim, amma nədənsə Azərbaycan cəmiyyətinin bir hissəsi bunu bilmirdi və ya bilmək istəmirdi.
Yazılarımdan birində yazdım: Buddan soruşdular: “Sən kimsən, tanrı, peyğəmbər və ya filosof?” Budda dedi: “Xeyr, mən oyanan adamam!”
Kəramət oyanmış adam idi, amma zəif idi. Nazım Hikmət bir dəfə Türkiyədə oxşar işlər görmüşdü. Məhmət Akif və Abdülhak Həmid kimi böyük şairlərin fotoşəkillərini qəzetə tərs qoyaraq çap etdirdi və altına aşağıdakıları yazdı:
“Biz bütləri yıxırıq!”
Lakin Nazım cəmiyyətə və cəmiyyətdəki güc mərkəzlərinə qarşı üsyan edərkən, üzərində dayandığı bir ideologiyaya sahib idi. Marksizmə din olaraq inandı və heç vaxt Kəramət kimi yıxılmadı, özünü spirtə atmadı. Müqavimət göstərdi, həbs edildi və bütün üsyanlarını dünyaya elan etdi.
Təəssüf ki, Azərbaycan cəmiyyəti üsyanı həmişə yalnız “Kefli İskəndər”in qəhrəmanı ilə eyniləşdirdi. Nədənsə cəmiyyət, Nesimi və ya Pir Sultan Abdal kimi üsyan etmək ənənəsini yaşada bilmədi. Yalnız üsyanlarını deyil, inanclarını və dünya görüşlərini də yaşada bilmədi.
Ötən əsrdə yaradılan yeganə “qəhrəman” “Kefli İskəndər” idi. Şairlər və yazıçılar cəmiyyətdən şikayət edəndə dərhal `Kefli İskəndər`in rolunu öz üzərinə götürdülər. Çünki bu rol çox asan idi. Şərab şüşəsi və öz xalqının qarşısında axmaqcasına gülmək! Nə ciddilik, nə mübarizə, nə də təklif olunan bir həll … Sadəcə sərxoşluq, lağ etmək və gülmək …
Əvvəlcə dünyada cəmiyyəti dərindən təsirləndirən və sarsıdan qəhrəmanların həyatına və həmçinin Kefli İskəndərin roluna baxın… Kefli İskəndər ilə qələmi və diliynən xalq kütləsini ayağa qaldıran savadlı qəhrəmanları bir araya gətirin!
Hər şeyi rədd edən, bütün əxlaqi dəyərlərə laqeyd yanaşan, xalqını cahil və 21 -ci əsrdə, hələ də “Danabaş Kəndi”nin sakinleri kimi görən bəzi insanlar, onların yerinə hansı fikri, hansı tərbiyəni, hansı mənəvi dəyəri yarada bildi?
Xarici təsirlər altında və çox şey bildiyimizi düşünərək olanları da birlikdə məhv etdik. Amma bilirik ki, xalq adlandırdığınız kütlələr inancsız və hər şeyi rədd edən bir dünyada yaşaya bilməzlər. Ya hamısına iman yeri verməlisən, ya da hər gün iradəsini antidepresanlarla gücləndirməlisən. Biz bunları etməmişik və etmirik də … Amma dərhal üsyan bayrağını qaldıranlara baxırıq və onları Kefli İskəndər olaraq ələ salmağa başlayırıq.
Eşitmissinizdir. Bəzi balıq növləri özlərini sahilə ataraq kütləvi intihar edirlər. Bilmirəm niyə belə edirlər. Bəlkə də yaşamaqdan bezdilər və ya dənizə üsyan edirlər. Bəlkə də onların dünyasında da haqsızlıqlar var!
Dünyanın heç bir yerində bütün insanlar bir araya gələrək balıqlar kimi intihar etməzlər! Amma Mövludlar, Kərametler cəmiyyət adına ağlayır, Kefli İskəndər olur və özlərini öldürürlər! Bəzilərinin söylədikləri kimi sadəcə onların valideynləri günahkar deyil. Onların günahkarı sən, mən, biz, bütün cəmiyyətdir. Öz mənəvi zəifliklərinə baxmayaraq, bu gənclərin yaşadıqları cəmiyyət də onların faciələrindən məsuldur.
Əyləncədən, puldan, geyinməkdən, yeyib -içməkdən doymayan insanlar qarşısında Keramətin etdikləri normal bir vəziyyətdir. Çünki bu cəmiyyətdə heç kim özünə sual vermir, heç kim “bir günah sənindir, bər günah mənim” demir. Bu cəmiyyətdə heç kim “bu qədər istedadlı bir gəncin niyə bu hala düşdüyünü” düşünmür
Cəmiyyətin bir hissəsi pul hərisliyi, tamahkarlığı, əvlərinə çəkdikləri beş metrlik divarlarla, cəmi 18 yaşında uşaqlarına verdikləri bahalı avtomobillərlə Mövlud və Kəramətlərin ümidlərini qırdılar. Onları ya ölməyə, ya da spirt bataqlığına göndərdilər. İndi yeni bir Kefli İskender yaratmaq rahatlığı ilə qeybət edirlər. Çox oxuyan(!) çox şey öyrənən(!) və ən qısa müddətdə hər şeyə nail olan bu adamlar bu xalqı narahat edir. Cəmiyyətin bütün dəyərlərini tapdaladılar. Ailə, mənəvi dəyərlər, adət -ənənələr, hörmət, ehtiram, müəllimlik, qonşuluq məhv edildi! Pul, güc, səlahiyyət və yalan hər şeyin açarı oldu. Yeyib -içən, firon kimi gəzən insanlar cəmiyyətin bütün dəyərlərinin təməlinə dinamit qoyurlar. Nədənsə, Azərbaycanda ən çox nifrət etdiyim sözlərdən biri, “O, yeyən və içən adamdır.” İfadəsi idi. Nədənsə sadəcə azərbaycanda “yəmək içmək” sözü içimdə xalqı istismar etmək kimi bir hiss yaratdı.
Amma ümidsiz deyiləm. Hər dövrdə həmişə “Kral çılpaqdır” deyəcək bir uşaq olacaqdır. Məsləhətim budur ki, Keramətə gülməyin, onu öldürməyin, onu təhqir etməyin, onu qınamayın! Kəramət kimi istedadlı cavanlara iman, iradə, ümid verin və onların, hamını qürurlandıracaq qəhrəmanlar olmalarına kömək edin! O zaman siz və övladlarınız həm özünüzlə, həm də cəmiyyətinizlə qürur duyacaqsınız və Kəramətlərin günahını vicdanlarınızın üzərində əbədi olaraq daşımayacaqsınız! Əks halda Kəramətin günahı bütün cəmiyyəti sarsıdacaqdır.


Bəylər, Kəraməti öldürməyin!

Müəllif: Orxan ARAS

ORXAN ARASIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru