Göndərdiyimiz materialları əlüstü dərc edir. Həm də usanmadan, yorulmadan, təmənnasız və böyük zövqlə. Yeniliyə can atandı. Bütün çətinliklərə rəğmən içində dopdolu şükranlığı var. Həmişə haqqın və ədalətin yanındadı. Sözə vurğundu, vətən və torpaq təəsübkeşidi. Böyük iddiaları yoxdu. Nə lazımdısa, onu edir. Alqış adamı deyil. Sadəliyi və səmimiyyəti ilə seçilir. Sözü də safdı duyğuları kimi. Şeirləri adamı dağa,daşa salmaz. Hamının başa düşəcəyi dildə yazar. Zaur Ustacdan danışıram. Hərbçi yazar Zaur Ustacdan. Gördüyü işdən zövq alar, yorulmaz. Eyni zamanda “Yazarlar” jurnalının yaradıcısı və rəhbəridi. Hər kəs bu jurnalın qapısını ərklə açar. Bu ərki insanlara da Zaur Ustac özü verib. Jurnalda işıqlı yazılar dərc olunur. Mövzu rəngarəngliyi ilə də seçilən dərgidə yazarın öz nəfəsi var. Gördüyü bütün işlərin arxasında ürəklə dayanır. Qarşılıq gözləmədən və heç nə ummadan. Torpaqlarımızın azad olmasında böyük əməyini də danmaq olmaz. Bir sözlə əsl Azərbaycanlıdı və bu torpağın vətəndaşı olmasıyla da fəxr edir. Hər kəs sözünü ona etibar edə bilər. Hazırda “Yazarlar” respublikanın ən qabaqcıl mətbu orqanları ilə rəqabətə girəcək gücdədi və onun bu səviyyədə oxunaqlı olmasında Zaur Ustacın böyük xidməti var. İmzası Sözüdü. Ona bu müqəddəs işdə böyük səbr və dəyanət arzulayırıq. Səbr və dözümün olduğu yerdə isə uğur həmişə var.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Azərbaycan ədəbiyyatında təbiət motivləri həmişə xüsusi yer tutub. Çünki bu torpağın dağları, düzləri, çayları, meşələri yalnız coğrafi məkan deyil, həm də milli kimliyimizin, yaddaşımızın ayrılmaz hissəsidir. Xalqımız əsrlər boyu dağlarla nəfəs alıb, dağlara söykənib, dağlardan güc alıb. Bu baxımdan müasir ədəbiyyatımızda dağ obrazını canlı şəkildə yaşadan şairlərdən biri də Zaur Ustacdır.
Zaur Ustac üçün dağ yalnız fiziki məkan deyil, həm də milli dirənişin, əzəmətin, ucalığın və əbədi mövcudluğun simvoludur. Onun poetik dünyasında dağlar həm qəhrəmanlıq tariximizin şahidi, həm də xalqımızın sərt, dözümlü xarakterinin təcəssümüdür. O, dağlara baxanda yalnız qayaları, zirvələri deyil, həm də o zirvələrin qoynunda yaşanan həyat hekayələrini, unudulmaz taleləri, igidlik dastanlarını görür:
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
Ustacın dağlara yanaşmasında publisistik ruh da hiss olunur. Çünki o, dağlara təkcə şair gözü ilə baxmır, həm də ictimai-siyasi məna axtarır. Azərbaycan reallığında dağ həm işğalın acısını, həm də azadlığın sevincini simvolizə edir. Bu baxımdan Zaur Ustacın yaradıcılığında dağ obrazı bir çağırışdır – “özünə qayıt, gücünü tanı, dağların təkcə daşdan yox, ruhdan ibarət olduğunu unutma!”
Ədəbiyyatın gücü ondan ibarətdir ki, oxucunun hisslərinə toxunaraq onu düşündürür. Zaur Ustac dağları vəsf etməklə oxucunu həm təbiətlə, həm tarixlə, həm də öz mənəvi kökləri ilə birləşdirir. Onun qələmi ilə yazılan dağ obrazı təkcə gözəlliyin təsviri deyil, həm də dirənişin fəlsəfəsidir.
Beləliklə, Zaur Ustacın yaradıcılığında dağlar milli yaddaşın, vətən sevgisinin, mübarizə əzminin canlı simvolu kimi təqdim olunur. Bu dağlar yalnız təbiət mənzərəsi yox, həm də xalqın ruhunu daşıyan əbədi dayaqlardır.
Söhbətdaşımız – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi və jurnalist, “Yazarlar” jurnalının redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.
1 — 1988-ci ildən ədəbi fəaliyyətə başlamısınız. Həmin dövrün ruhi-siyasi ab-havası və ilham mənbələri Zaur Ustacın qələm ustalığını necə formalaşdırdı? O illərin yükü bugünkü qələm səslənmələrində necə əks olunur? — Doğrudur. “Əməyə məhəbbət” adlı ilk yazım 24 may 1988-ci ildə rəsmi mətbu orqanda dərc olunub. O dövrün mövzuları əsasən əməyi və bayramları tərənnüm etmək idi. Real gündəlik həyatımızı əks etdirən yazılar yazırdıq. Necə deyərlər, – “düzü-düz, əyrini-əyri”. Məncə o illərdən bu günə daşıdığım ən faydalı vərdişlərim elə budur – realist olmaq, hər şeyə açıq gözlə baxmaq, yaxşıları tərənnüm etmək, əhmiyyətli əməllərdən söhbət açmaq, xalqın içində – gündəlik həyatda olmaq. Zəhmətkeş olmaq. Yorulmadan, usanmadan çalışmaq. Bax belə.
2 — Siz tez-tez “qələm saflığı” anlayışını vurğulayırsınız. Bu ifadə sizin üçün şəxsi inancdır, yoxsa ədəbi bir manifest?
—Əvvəlki sualınızın cavabında qeyd etdiyim kimi, biz belə öyrənmişik. Bu bir normadır. Faydalı, əhəmiyyətli uzun illərin sınağından çıxmış ədəbi norma – manifest də deyə bilərsiniz. Kəsədən bu bizim iş qaydamızdır. Məncə xeyir, fayda bu yoldadır. Ümumi işimizin xeyirinədir.
3 — Yazıçılar bu gün xalqın qəlbi və vicdanı olaraq necə bir rol oynamalıdır, sizcə?
—Cahangir qardaş, sualları elə seçmisiniz ki, söhbətimiz tam bir yazı kimi – nəzm kimi axır. Maşallah olsun. Bu sualın cavabı elə bayaq söylədiklərimdir. Yazıçı da, şair də, alim də xalqın içində olmalıdır. Onların nə düşündüyünü, gündə neçə dəfə, nə yeyib, nə içdiyindən xəbərdar olmalıdır. Məsələn götürək elə mənim ilk qələm təcrübələrimin dərc olunduğu vaxtları… Bəxtiyar Vahbzadə, Xəlil Rza, Xudu Məmmədov, Anar, Elçin… Keçənlərə rəhmət, qalanlara can sağlığı. Yaradıcılıq məhsulu, yazar sözü səmimi və içdən olanda həm də faydalı olur. Deyən üçün də, eşidən üçün də. Xalqın vəziyyətindən xəbərdar olmalı, real həyatdan yazmalı, xalq üçün faydalı, gələcək nəsillər üçün tarix yazmalıdırlar. Bu qədər.
4 — Qarabağ müharibəsi həyatınızda və yaradıcılığınızda necə iz buraxdı?
—Bir gündə dünyada mövcud olan maraqların çoxu yoxa çıxdı. Çox məsələlər adilişdi. İnsan olmağın, insanlığın, sağlamlığın, sağ qala bilməyin dəyəri, vacibliyi artdı. Zamanın ən dəyərli nemət olduğunu anladım. Salamat olduğum hər an üçün daha çox şükür etməyə başladım. Daha çox işləməyə və yaxşılıqlar, təmənnasız yaxşılıqlar etməyə başladım. Və biz nə etsək də Böyük Allahın bizə olan lütfünün qarşısında çox cüzi – dəryada bir zərrə misalı – nəsə edə biliriksə, nə xoş halımıza.
5 — “Ustac.az” mərkəzi vasitəsilə siz elm, yaradıcılıq və şəxsi inkişafı bir araya gətirmisiniz. Sizcə, bu mərkəz gələcəkdə hansı istiqamətlərə xidmət etməlidir?
— Bizim fəaliyyətimiz elə bu istiqamətdə də davam edəcək. Yaşından, mənsəbindən, cinsindən asılı olmayaraq bizə ehtiyacı olanların yanında olacağıq. Bu bizim məqsədimiz, məramımız, işimizin qayəsidir.
6 — Həyatın ən ağır dərslərindən biri — itkilərdir. Siz bir yaradıcı şəxs olaraq itkilərdən nələri öyrəndiniz?
—Həyatda olduğum hər an üçün şükr etməyi və əlimdə olana dəyər verməyi öyrəndim. Paylaşmağı və bundan zövq almağı öyrəndim. Sözün əsl mənasında həyat paylaşdıqca daha gözəl olur.Belə ibrətamiz suala görə sizə xüsusi təşəkkürlər.
7 — İnsan üçün iki böyük vətən var: biri doğma torpağı, digəri — qəlbidir. Siz bu iki vətən arasında ədəbiyyat vasitəsilə necə bir körpü qurmusunuz?
—Mən onları birləşdirmişəm. Divin canı şüşədə olan kimi, mənim də qəlbim elə öz torpağımda rahatlıq tapır, asudə döyünür, ritmini bu Yurdun bulaqlarının, şəlalərinin səsinə uyğunlaşdırır. Mən bununla xoşbəxtlik tapıram. Yurdumun çiçəkləndiyin gördükcə fəxarət hissi köksümü qabardır. GƏNCLİYİMİN HƏDƏR GETMƏDİYİNİ ANLAYIRAM. Bu bir başqa hissdir.
8 — Həyatın çətinliklərindən yorulan zaman insanlar ya səssizliyə, ya da dua və ibadətə yönəlir. Siz yorğunluqdan ruhən necə xilas olursunuz — şeir yazaraqmı, təbiətə baxaraqmı, yoxsa dinclik içində susaraqmı?
—Mən bu barədə bir neçə dəfə demişəm. Mənim bu günə kimi heç bir çətinliyim olmayıb. Ürəyimdən nə keçib, Böyük Allahım hamısını mənə nəsib edib. Sadəcə Yurdumu gəzməkdən, şeir yazmaqdan, şeir söyləməkdən zövq alıram. Yazılması vacib bildiyim mətləbləri əsasən gələcək nəsillər üçün qələmə alıram. Bu qədər.
9 — Bu günkü nəslin elmi və intellektual potensialı sizi ruhlandırır, yoxsa narahat edir?
—Bütün hallarda sevinirəm. Ruhlandırır.
10 — Özbəkistan və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələri necə qiymətləndirirsiniz? Bu münasibətləri hansı yeni mərhələyə çıxarmaq olar?
—Bizm xalqlarımız sözün əsl mənasında qardaş xalqlardır. Dilimiz bir, adətlərimiz birdir. Tarix boyu daim bizi ayırmağa, yad kimi təqdim etməyə çalışsalar da, bax bu gün bizim aramızda olan söhbət sübut edir ki, heç kim, heç nəyə nail ola bilməyib. Şübhəsiz ki, gələcək daha gözəl olacaq. Bütün sahələrdə daha da sıx əlaqələr qurulacaq.
11 — Şair daim içində nəyisə itirmiş, axtaran, kövrəlmiş bir haldadır… İtkilər sizdə hansı şeirlərə çevrilib?
—Maraqlı və ibrətamiz sualdır. Ələxsus torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda Həmdəm Ağayev, Vüqar Ağayev, Şükür Həmidov, İlqar Mirzəyev kimi qardaşlarımızı itirməyimiz mənə çox pis təsir etdi. İlqara ithaf etdiyim silsilə şeirlər var. Lap bu yaxında “40 gün – 40 şeir” adlı şəhidlərimizə həsr etdiyim şeir kitabı nəşr olunub.
12 — Zaur Ustac öz qəlbini necə eşidir? Özünüzlə daxili dialoqu necə aparırsınız?
Çox həssas insanam. Bəzən bu mənə əziyyət verir. Əzab çəkirəm. Sakit olduğum qədər də çılğınam. Demək olar ki, bu günə qədər ancaq ürəyimin səsi – diqtəsi ilə yaşamışam. Beynimə ancaq riyazı hesablamalar aparan zaman müraciət edirəm. Ruhumla dialoqum həmişə uğurlu alınır. Özüm özümü yaxşı tanıyıram.
Söhbətləşdi: Cahangir NAMAZOV, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
5 iyun 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyində Litvanın Azərbaycandakı səfirliyi ilə birlikdə görkəmli Litva yazıçısı Balis Sruoganın “Tanrılar meşəsi” adlı kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qonaqları salamlayıb və Qurban bayramı münasibətilə təbrik edib.
Şair Səlim Babullaoğlu bildirib ki, kitabı həmyerlimiz Mahir Həmzəyev tərcümə edib.
“Kitab Mahir Həmzəyevin çox böyük ustalıqla tərcümə etdiyi versiya – Litva Ədəbiyyatı və Folkloru İnstitutunun çoxillik fəaliyyətindən sonra bilavasitə əlyazma və makina yazıları əsasında “bərpa edilmiş” həqiqi nüsxədir. Roman ilk dəfə məhz Azərbaycan dilində bütöv halda tərcümə edilərək nəşr edilib.
Litva Əhalisinin Soyqırımı və Müqavimət Hərəkatını Araşdırmalar Mərkəzinin baş direktoru, tarix elmləri doktoru Arunas Bubnis kitabın türk dilləri arasından ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcüməsini və Bakı nəşrini böyük mədəniyyət hadisəsi sayır, həm litvaşünaslığa, həm azərbaycanşünaslığa verilən ciddi töhfə hesab edir.
Romanın məziyyətləri çoxdur, sənədli nəsrlə bədii üslubun qovşağında yazılmış memuardır. Dilçilər Sruoganın romanda Litva dilinə xeyli yeni leksik vahidlər, təzə sözlər, söz birləşmələri, linqvistik qısaltmalar qazandırdığını deyir”,- S.Babullaoğlu deyib.
“Litva ədəbiyyatının bu gün buraya toplaşan bilicilərini və dostlarını görmək çox xoşdur. Bugünkü tədbirin təşkilinə görə mən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə, şair və esseist Səlim Babullaoğluya və Yazıçılar Birliyinin bütün idarə heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Bu həftə Şimal və Baltik ölkələri Xarici İşlər Nazirliklərinin siyasi direktorları Bakıda səfərdədir və mən çox şadam ki, Litva XİN-nin siyasi direktoru, səfir Laymonas Talat-Kyalpşa və Nazirliyin ikitərəfli münasibətlər departamentinin ditektoru Mantas Yakimaviçyus bu gün bizimlədir. Ədəbiyyat və mədəniyyət sahəsindəki mübadilə Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin mühüm hissəsini təşkil edir.
Ədəbi əsərlərin mübadiləsi sayəsində xalqlarımız qarşılıqlı anlaşma və hörmət şəraitində bir-birinin tarixi, dəyərləri və arzuları haqqında daha çox öyrənir. Bu mübadilə bizim ədəbi dünyagörüşümüzü, zənginləşdirir, oxucuları müxtəlif ədəbiyyat üslubları ilə tanış edir və xalqımızı bir-birinə yaxınlaşdırır”,- Kestutis Vaskeləviçüs bildirib.
Tədbirdə çıxış edən Seyfəddin Hüseynli, Kənan Hacı, İbrahim Rüstəmli, Esmira Fuad və digərləri kitabın konkret məziyyətləri barədə öz fikirlərini bölüşüblər.
Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Balis Sruoganın “Tanrılar meşəsi” kitabının tərcüməçisi və demək olar ki naşiri – bir çox vəzifə və titulların sahibi olmaqla yanaşı eyni zamanda uzun illərdir Vilnüs Kitabsevərlər Cəmiyyətinə rəhbərlik edən həmyerlimiz Mahir Həmzəyevə belə gözəl və faydalı əməlinə görə yazarlar, oxucular, bütün kitabsevərlər adından “Ziyadar” mükafatını təqdim edib. Tədbirdən fotolar:
YAZARLAR olaraq, Balis Sruoganı ehtiramla anır, Mahir Həmzəyevə, Səlim müəllimə Azərbaycan və dünya ədəbiyyatına göstərdikləri misilsiz xidmətlərə görə təşəkkür, uğurları münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
ANAM Adına palaz deyib, Atdı ayağımızın altına dünyanı… Adına gəbə deyib, Asdı gözümüzün qabağına dünyanı… Dünyamız gəbə qaldı, Biz anlayana qədər naxışlarda… Ata sözünü öz dilində çatdırdı bizə Anam… Kimə çatdı, kimə hələ yüz ildən sonra çatacaq… Hər iki halda fayda var Anamın sözündə, Sirli tarixim yatır; Anamın hər ilməsində, Hər naxışında, Hər palazında, Hər gəbəsində… Ata sözünü cejimlərə toxuyub, Xurcunlara doldurdu Anam… Övladlara sovqat olsun deyə… İlmə-ilmə, fərş-fərş, xalı-xalı Gözümüzün önünə sərdiyi dünyanın İpliyi, yunu olduğunu anlatdı Anam… Kimi anladı, kimi yüz ildən sonra anlayacaq… Hər iki halda fayda var Anamın sözündə, Sirli tarixim yatır; Anamın hər ilməsində, Hər naxışında, Hər palazında, Hər gəbəsində… Ərşi ərişlərə köçürdü, Zəmini bükdü dükcələrə… İpin ucunu biləyimizə bağladı, Kələfin ucunu itirməyək deyə… Bir nişanı min dəfə kirkidlədi, Qulağımızda sırğa olsun deyə…. Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam… Simgə-simgə, damğa-damğa Anamın arğacından keçdi dünya… Atamın toqqasından Anamın çeşnisinə köçdü dünya… Dünya hər zaman gəbədir yeni dünyaya!!!