Öncə söz vardı… 21- ci hissə RASİM KƏRİMLİ – şair, pedaqoq
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm.Xatırladım ki, bir qədər unudulmuş, yaradıcılığına biganə münasibət bəslənmiş şair Rasim Kərimli haqqında ilk və yeganə verilişin ssenari müəllifiyəm.Rasim Kərimliyə həsr etdiyimiz “Sətirlər” verilişinin həmin buraxılışını 2021-ci ilin mayında “Mədəniyyət” kanalı vasitəsilə izləyicilərə təqdim etmişik.Şair haqqında yazılarımı müəllifi olduğum – “Sətirlər” və “Tale şairi: Məmməd İsmayıl” kitablarında verdiyim üçün çox şadam)
BİZİM ADAM – RASİM KƏRİMLİ (xatirə – esse)
-Adınız? -Rasim. -Soyadınız? -Kərimli. -Kimsiniz?
Qarğalar mükafat alanda ortaya bədheybət sükut çökər, təqdirə-şayan şairlər kölgədə qalar.Mənə sarı gəlməkdə o qaraltı, kimdirsə bizim adama oxşayır.Gəlişindən tanış gəlir, elə yerişindən də.Əlində əsa, tösmərək bir kişidir.Gəlir…Axsayır, bir ayağını çəkir.Düz Qırıqlıdan gələnə oxşayır.Düz Qırıqlının qırıq, incik, küskün sakininə – şair Rasim Kərimliyə bənzəyir. Ləngərli, astagəl yerişiylə bizə sarı gəlməkdə olsun Rasim Kərimli, mən isə onu tanıyanlardan bircə-bircə soruşum: Söz xiridarlarından, şeir məclislərindən, mahnı mətnlərindən, universitet tribunalarından, Zəminə xanımdan, Cavid Axundov ocağından, Aşıq Ədalət avazından, Aşıq Xanlar sazından, Qəzənfər müəllimin sözündən soruşacağam şair Rasimi.Daşdan-divardan, dağdan-arandan soruşacağam:
“Bu illər ərzində hardaydı?” – deyə hətta ittihamda da bulunacam.Əvvəlcə lap özəkdən başlayaq, özək deyəndə mən torpağı, kökü başa düşürəm.Doqquz oğuzun Tovuz yurdu məskənidir Rasimin.Özü demiş:
-“Mahallar mahıdır mənim Tovuzum, Cənnətdir, behiştdir hər yan görərsən. Qızıl güllərini, çiçəklərini, Ətirlər, ənbərlər yayan görərsən.”
Ətirli, lətif şeirlər müəllifinin əlində əsa da var, axsaya-axsaya gəlir.Aşıq Nağının yanından gəlir.Rasim el havalarına, havacatlarına bələd olmağı Aşıq Nağıdan öyrənmişdi axı.Ancaq öyrənmək üçün əvvəlcə doğulmaq lazım idi.1932-ci ilin mayında dünyamızı şərəfləndirən şairimizin özünü tanıyan az, şeirlərini əzbər bilən çox.Saz çalmağı qiyamət, zurna-balabanda ifası məharət.Hələ tələbə ikən qarmon, pianoda ifa etməyi də olsun şücaət.Dövlət Universitetinin filologiya fakültəsi şairin nəsibinə, müəllimlik etdiyi illər Ağsu rayonunun qismətinə yazılsın.Elmi fəaliyyəti Nizami adına “Dil və Ədəbiyyat İnstitutu” nda, şairliyi isə oxucuların sinəsində qalaqlansın.Hələ şair Rasim alim Rasimi qatlayıb dizinin altına qoysun, ona məğlubiyyəti daddırsın, dizini büküb kürəyini yerə vursun.Ancaq hər incə mətləbi anlamayan naşıların, bekar-behtin, veyil adamların əlindən zara gəlsin. Cavanına nə fayda, yaşlısına nə fayda? Əbləhinə nə fayda, naşısına nə fayda.
Nə fayda?
Elinə, gününə yanmayan bir kəs, Tutaq ki, sultandı, xandı, nə fayda? Gənclikdə ömrünü xar eyləyənlər, Çallaşan vaxtında qandı nə fayda?
Yeri ayrıcadır dünya üzündə, Qəlbi xainin də, könlü düzün də, Hamının əksi var elin gözündə, Alçaqlar adını dandı nə fayda?
Rasiməm, dar gündə dostuma dayaq, İnamın yoxdursa, imtahan et, bax, Zülmət gecələrdə yanmayan çıraq, Günəşli günlərdə yandı nə fayda? (R.Kərimli)
Bu adam bizim adamdır.Üzündən nur tökülür.Nur yerinə su tökülsə, selləmə yuyub aparar zəif, cılız şairləri.Necə ki, silib-aparırdı, Yazıçılar İttifaqında “şeirlərində hiss yoxdur” deyənlərin qənşərindəcə dim-dik dayanmışdı.Hələ cırtqozluq eləyib onların cavablarını tutarlı şəkildə verən də Rasim olmuşdu.Cavab verməyə də bilərdi, axı sonralar dillər əzbəri olacaq şeirləri yaxşıca, duzluca cavab hazırlamışdı onlara.Rəvan şeirləri xalqa yaxın imiş, sən demə. -Xalqa? -Bəli! -Bəs, haqqa? -Elə haqqa da. -İkisi də eyni deyilmi? Xalq ya haqq, təfavütü bir qırıq.Düz Qırıqlıdan bizə sarı gəlir Rasim Kərimli. 80-ci illərin əvvəllərindən çıxıb gəlir.Şüvəlan, milis məktəbinin arxasındakı bağların – Cavid əminin ocağının sevimli müsafiri Rasim Kərimlidir. 15 noyabr 1983-cü ildə öz imzasıyla yenicə çapdan çıxmış “Biləydin kaş…” kitabını Cavid əmiyə bağışlayarkən, ürək sözlərini yazmağı da unutmur:
“Gözəl şair, dostum Cavid Axundova və onun gözəl ailəsinə sonsuz hörmət və ehtiram əlaməti olaraq” İmza: Rasim Kərimli 15.11.1983
Bu kitab mən – Turan Uğurla yaşıddır.Bu kitabın çapa getdiyi gün 3 oktyabr 1983-cü ildir, yəni bəndənizdən 11 gün böyükdür.İndi əlimdədir bu kitab.Rasim Kərimlinin ailəmizə olaq sıcaq, hənirli münasibəti bu kitabın səhifələrindən barmaqlarıma keçir sanki və məni şair haqda peydərpey yazmağa sövq edir.Qoşmaları, gərayılıları, lirik poemaları ilə yaddaşlara həkk olan şair haqqında yazmaq özü də göyə bağlıdır.Gərək nidası göydən gələ.Atalar deyib ki…
Bağlıdır
Atalar deyibdir:”Yağmasa bitməz” Torpağın taleyi göyə bağlıdır. Şöhrət var, Günəşlə, Ayla ölçülür, Şöhrət var mənsəbə, boya bağlıdır.
Nə var tələ qurub qada verməyə, Mərd odur, yaxşını yada verməyə. Adam var, adamı bada verməyə, Bircə himə bənddir, haya bağlıdır.
Nə yalvar, nə dilən, nə zorla ad al, Nə tənə selinin qarşısında qal. Göz yaşı tökməklə yetişmir vüsal, Həsrətin çarəsi toya bağlıdır.
Nə vaxtdır dağlarda çiçək görmürəm, Yolunu, izini göyçək görmürəm. Sinə var, altında ürək görmürəm, Sanki daş asılıb, qaya bağlıdır.
Eh, vaxt qonaq, bivaxt qonaq.Aşıq Xanlar, Aşıq Ədalət, Həşim Qərvəndi sazəndə qonaq, şair qonaq.Gəncəbasarlı dostlar bir yerdə, bir arada…Hələ onların sırasında Qəzənfər müəllim (Qəzənfər Paşayev) də olardı. Yığışıb şeir-söz məclisi düzəldənlər Firəngiz ananın turşu-qovurma, döşəmə plovundan da nuş edərdilər.Həmin məclislərin bir ünvanı da indiki Süleyman Rəhimov küçəsində yerləşən şairin mənzili olardı.Mikayıl Azaflıdan tutmuş Kamandara, Osman qağadan (Osman Sarıvəlli) gəl üzübəri Zəlimxan Yaquba, professor Bəşir Əhmədliyə, Camal Mustafayevə kimi.Dəmiryolu vağzalının yaxınlığında yaşayarsansa, bir də evin Zəminə xanım (Rasim Kərimlinin həyat yoldaşı) demiş, Aşıqlar Birliyinin filialı olarsa, deməli, qonaq-qaradan bolsan.Amma bu şux məclislərin də son bulduğu günlər olur.Şairin Zəminə xanımdan ayrıldığı çağlara elə də çox qalmamışdı.Günəşli günlərdə yanan çıraqlar kimi faydasız olacaqdı Rasim Kərimlinin sonrakı peşmanlıqları.
Evin çırağı
Evə qayıdanda hər axşamçağı, Elə ki görürəm işığım yanır. Bilirəm evdədir evin çırağı, Gözüm də, könlüm də nura boyanır.
İşıq gəlməyəndə pəncərələrdən, Qəlbimdə parlayan işıq da sönür. Evə yaxınlaşmaq istəmirəm mən, Hər yan gözlərimdə zülmətə dönür.
Heç əskik olmasın evin çırağı, O, qəlbə dayaqdır, o, ömrə keşik. Çəkmişəm qəhrini çıraqsızlığın, Çıraqsız qalmasın bir ev, bir eşik.
Ömür-gün yoldaşından gen düşməyi onun ağır yerişlərinə qurğuşun təki çökür. -Bəs, ürəyinə? -Elə ürəyinə də.
“Səni itirdiyim gündən, ay mələk, Dünyada hər şeyi itirmişəm mən”
Belə naçar günlərin birində ustad şairimiz, şairin həmyerlisi Məmməd İsmayıl da onu küçədə təsadüfən pərişan, dərbədər görür.
Məmməd İsmayıl:
“O vaxt Bakıda təsadüfən qarşılaşdıq.Çox pis vəziyyətdə idi.Bir qadınla yaşayırdı, onu elə görəndə dünyam qaraldı”
Ancaq ailəsinə olan sevgisi əbədi oldu şairin.Hələ övladları – İlqara və Eldara həsr etdiyi şeiri oxusaq lap yerinə düşər.
Dünyada
(Oğlanlarım İlqara və Eldara)
Ömrün baharı da, qışı da xoşdur, Hər çəndən, dumandan küsmə dünyada. Məramın, məsləyin, yolun bir olsun, Yel kimi hər yana əsmə dünyada.
Ucal kamalınla, alın tərinlə, Bir qitə kəşf elə hər səfərinlə, Zirvələr yaransın qoy hünərinlə Xeyirsiz, bəhrəsiz gəzmə dünyada.
Bu öyüd dolu misralar şairin təkcə oğlanlarına deyil, bütün balalara nəsihəti idi.Bu yazım boyunca hamıdan sordum şairi, təkcə biçarə bülbüllər qaldı, görüm onlar nələr ötəcək?
Verilmədi
Yetirin ərzimi naşı təbibə, Deyin ki, dərmanım düz verilmədi. Sərraflar əlindən düşməyən zərə, Misgər bazarında üz verilmədi.
İstəsən qəlbinə nur ələsin dağ, Zirvəyə qartalın gözləriylə bax. Günəşin nurunu sevməz yapalaq, Bayquşa əzəldən göz verilmədi.
Rasim, tək olanda hünər də laldı, Yalqızın taleyi gümana qaldı. Qarğa qarıldadı mükafat aldı, Biçarə bülbülə söz verilmədi.
İndi tamamən kölgədən çıxdı şairimiz, yaradıcılığına böyük pəncərə açıldı.O pəncərədən 1996 – cı ilin iyun ayında, sıcaqlı bir gündə həmkəndlisi, sayğıdəyər alimimiz Qəzənfər Paşayev də görünür. Qəzənfər müəllim onu dəfn edənlər arasında idi.Yiyəsiz şairə yiyə çıxan, ona qahmar çıxan Qəzənfər müəllimə Rəbbimizdən sağlıq dolu ömür təmənna edərkən, bir də şair Rasim Kərimliyə son suallarımı verəcəm:
(Yazımda Rasim Kərimlinin yaxın dostu akademik, şair Cavid Axundovun, Cavid müəllimin ömür-gün yoldaşı Firəngiz xanım Axundovanın, şair Məmməd İsmayılın, Əməkdar elm xadimi Qəzənfər Paşayevin, atam Asif İsmayılzadənin xatirələrinə, habelə müəllifi olduğum “Sətirlər” və “Tale şairi: Məmməd İsmayıl” kitablarındakı faktlara söykənmişəm)
XEYİRXAH ADAM Həyatda qəribə adamlar var. Xeyirxah, bədniyyət, bəduğur və s. Adam var , həyatda da, yuxuda da xeyirxahdır. Adam var, həyatda bəduğur,bədniyyət olur, amma yuxuda çox xeyirxah olur. Adam da var yuxuda bəduğurdu, həyatda çox xeyirxah. Mən sizə həm həyatda, həm da yuxuda xeyirxah olan bir şəxsdən danışacam. Yəni mən o insanın , yalnız, xeyirxahlığının şahidiyəm. Gendən gələn bu xüsusiyyət ona həmişə başucalığı, xoşbəxtlik gətirib. Allah rəhmət eləsin, mənim yaxşı tanıdığım babası Mirhəccib, məhz, belə adam idi. İnsanlar onu “PİR” kimi ziyarət edərdi. Mən özüm də o ziyarətçilərdən biri olmuşam. Yuxu elə şeydi ki, icazəsiz- zadsız yuxuya gələn olur. Yəni, heç ağlının ucundan keçməyən adamlar. Məsələn; Ərdoğan, Prezdent,Bayden, nə bilim, Putin… Mənim yuxuma icazəsiz gələn isə yazıçı, jurnalist Rəşad Məcid idi. İki aya yaxın idi evin içində bir itiyim var idi. Gəzirdim, eyni dolablara bəlkə iyirmi dəfə baxmışdım. Tapılmırdı ki, tapılmırdı.Yuxuda da olsa , yenidən, evdə neçə şifoner, şkaf var idisə dolabları bir- bir axtarırdım.” Bu necə oldu? Evə oğrumu gəldi?” – deyə söylənə- söylənə döndüm arxaya. Aman, Rəşad Məcid məndən beş addımlıqda kürsüdə əyləşmişdi. Mən təəccübdən özümə gəlməmişdim ki,O, işarət barmağını indicə baxdığım dolaba tuşlayıb dedi: – Ora yaxşı bax! – Oranı ələk- vələk etmişəm! – Asma yerindədir, düymələri aç!- dedi. Yenidən şkafın qapısını açdım, burada yaxası bağlı bir jaketim asılmışdı. Yadıma düşdü, ağ kəlağayım tozlanmasın deyə qatlayıb şaketin içindən asmşdım. Ona tərəf dönüb: “Yadıma düşdü, hə, burada olmalıdır!” –dedim. Gülümsünüb qeyb oldu. Bilmədim pəncərədən getdi, yoxsa qapıdan… Gəldiyi kimi də getdi. Təşəkkür etməyə də çatdırmadım. Səhər açılınca yuxumu xatırlayıb şkafa yaxınlaşdım. İndi dolablara yox, asma yerinə baxdım. Doğrudan, jaketimin düymələri bağlı idi. Düymələri açınca ağ kəlağayımı səliqə ilə qatlanmış şaketin içindən görəndə qışqırdım: “Ay dədə! Doğrudan burdaymış!” Yuxuda edə bilmədiyim təşəkkürü isə elə buradan edirəm: “Var ol, xeyirxah adam. Sən baban kimi “Pir” adamsan! Xeyirxah, xoşbəxt insansan, həyatda da, yuxuda da! “
Baxışlar,nəzərlər dikilib göyə, Qalıb ətəyi boş,əli boş niyə? Zorun tərəfində durursan deyə- Dağılır kəşanə,çökür ev allah.
Dünya buz geyinib ağzı sərinə, İnsanlar qənimdi-biri-birinə, Olmaq istəməzdim sənin yerinə- Yanından şeytanı kürü, qov allah.
Yemi daşdan çıxan asi sailəm, Umursan ruziyə sınam, əyiləm, Mən səni sevməyə borclu deyiləm, Sənə deyəmmərəm məni sev allah.
Yerlər də, göylər də-ya allah deyir, Mənim bu ərkimi başına çevir. Bax yaratdığına, gözünə su ver- “Mən yarı mələyəm,yarı dev allah…”
Gizlinə vaqif sən, başqa bilən yox, Dərd içi dağıdır-üzdə gülən çox, Ölçünü düzgün qoy, Yüzün birə yox-
Yarı ələm elə,yarı kef allah. Bu varlıq bir dibsiz adamı, söylə? Ya da qır əridən odamı söylə- Qətran qazanıdı-yadamı söylə- Ön atəş donunda, arxa sel allah.
23.08.2023.
Səni allah çağırardım…
Səni allah çağırardım Bircə günahın olmasa. Təbən olub baş əyərdim- Pircə günahın olmasa.
Hansı ucadan enmisən? Təriqətmisən, dinmisən? Yerdə görünən günmüsən- Sircə günahın olmasa.
Dünya olannan buracan, Üfüqdə bir piyalə qan. Dən kimi pərdə fırlanan- Pərcə günahın olmasa.
Hansı ata minər olsan,səni mənə gətirər, Bütün yollar mənnən keçir,yolayrıcında mənəm. Sən bir mələk qiyafəli-od ağzında tər çiçək, Mən insan cildinə girən xilaskarın-boz qurdam.
Qurdla çiçək sevdasına sən üzülmə,ay quzum, Kahalardı yerim-yuvam,ormanlardı məsgənim. Başın üstdə pərvanədi göydə ayı-ulduzu, Səni iblis baxışlardan gözlər dumanim,çənim.
Təki çiçək-çiçək açıl,hər yaz ağzı dolanım, Bir əsimlik gözəlliyə, qoy sevinsin dağ-dərə. Təkcə sənsən mənə düşən,ay baxışı solanım. Ulartımla keşikçiyəm ilkinliyə-əzələ.
Həssas ürək gəzdirirəm-qurd libası altında, Canımdakı sahiblikdi dağa-daşa hökm edən. Yüz illərdi Dağ aşıram-ağ kəhərim altımda, Yüz illərdi köç yolunda-mənəm yol gəlib gedən…
Nə yolçuluq sona çatır, nə bu dünya düzəlir, Azğınlaşır,quduzlaşır yesir bəşər get-gedə… İnan sənin əlindədir bu dünyanın düzəni- Qar üstündə ağ çıçəyim, səni üzməsin hədə.
Səndən keçir bu dünyanın mərhəməti,sevgisi, Yaşamağın qaydaları səndə bulubdu qərar. Nə qədərki, üzü nurrum,səmum küləyi əsir Olmayacaq dünya özü öz içindən bərqərar…
Nə qədər ki, qurd sevgisi boz səhrada ulayır, Nə qədər ki, tər çiçəklər soluxurlar sazaqda; demək mənə gələn yollar-dərd üstdə dərd qalayır, sənin kimi tər çiçəklər can verirlər duzaqda.
…Yatağı yandırar azı, Canı “usandırar” azı, Daşı dayandırar azı- Axmaz, qara gözlüm, axmaz.
Batan bulağı ağrıyar, Gəldiyi dağı ağrıyar,- Yanı-yançağı ağrıyar,- Sığmaz dili sözlüm,sığmaz…
Çuxura düşüb- qaldı ki, Çırpınıb dözür- laldı ki, Susur,-yoxsa xəyaldı ki, Hayı-harayı qaldı ki?- Çaxmaz,səhər üzlüm,çaxmaz.
NECƏ QIYIRSINIZ…
Allahsız uşağı allahsız! Bu ağaca necə qıyır əliniz? Necə kəsirsiniz şah damarını, Necə kəsirsiniz şöy vuqarını?
Necə kəsirsiniz,-güclə dayanır, Güclə dayanmaqdı dünyadan payı. Yer altda kökləri, təşnədir-yanır, Yer üstə dəhnədən kəsilib çayı… Göyündə şimşəklər baş-başa gəlir, Tövşüyür, təntiyir yerin nəfəsi Necə qıyırsınız- Daş-daşı yeyir, Necə qıyırsınız- Batır su səsi.
Canıyla əlləşir torpaqla, suyla, Torpağın altında gücü böyüyür- Yatır dədə-baba yuxularıyla, Yatır yata-yata suçu böyüyür Bu ağaca necə qıyır əliniz.
Damarsız ağacdan nə pöhrə törər Torpağa pay edər alın tərini… Nökər saxlayıbdı köhnə kişilər Urvatlı tutubdu öz nökərini…
Nökərdi,bekardı,sağdı, ölüdü, Olub qalanımız budu- Nədisə. Ondan ocaq altda kösöv də olar, Palıd da yetirmək olar ,qadası- Bu ağaca necə qıyır əliniz?…
MƏNİ QORXUDURDU ONUN SAĞLIĞI
Anam yaşayırdı gözümə çıraq, Sakitcə yanırdı ömür dağında. Mənim bu dünyaya sığışmamağım- Onu göynədirdi qürub çağında. Haqlını -haqsızı -görmüşdü özü, Duyurdu ağrının çəkilməyini – Sünbülün saçını hörmüşdü özü, Bilirdi buğdanın əkilməyini… Gözündə min illik kədər varıydı, Qorxurdum dərd üstdən dərd gətirəm mən, Ayını,gününü pərt gətirəm mən- Məni qorxudurdu onun sağlığı.
Nə söz söyləyirdim sözünün üstə, Nə dərdlər döyülüb dizinin üstə, Ömrünün dağına, qışlaqlarına Baxıban fələyin işdəklərinə- Yanırdım ,nəzəri qoymurdu dinəm, Düz sözün qabarlı əli olardım. Bilsə ayağıma bir daş toxunub- Allah eləməsin,dəli olardı Məni qorxudurdu onun sağlığı.
Göylə əlləşirdim-gözündən iraq, Ruhuyla gözümü sığallayırdı. Oxlovu səhəngə salıb- Qurd -quşun Guya ki, ağzını qıfıllayırdı Balama xətəri dəyməsin deyə… …Məktub yazdırardı-“başını qoru” İsmarıc gələrdi -gəlib-gedəndən. “içini bilirəm -sakit ol,oğlum, Tünlüyə çox girmə, Bir azca gendən” Məni qorxudurdu onun sağlığı.
…Nə bayraq qaldırdım- Haqqın üzünə, Nə kösöv rənginə döndü dan yeri, Elə bil bir ağır daşdı götürüb Sıxdı boşluqlara yaradan yeri, Çəkib öz yanına-apardı Tanrı Qoymadı ağrımı-acımı görə…
…Yıxılıb ölsəm də Daha qanım yox, Qorxumu,hürkümü alıb apardı.
İndi daha elə bir yananım yox, Nə də insanlara elə inamım… …nə vaxtsa qorxduğum bir qarı vardı, Torpaq əllərimdən alıb apardı… Məni qorxudurdu onun sağlığı…
TANRI NƏ CƏZAM VAR…
Tanrı ! Nə cəzam var- Ver özüm çəkim, Qoyma kənar ayaq- Girsin bağıma! Söylə günahımı bircə-bircə gəl, Yığım ifçin-ifçin “öz otağıma”.
İnsanın günahı qurtaran deyil, Görüm gönü harda vermişəm suya… O qızın göz yaşı daşdı ,- Elə bil, Damcılar qəlbimə -damar, ovudar.
…Onu sevə-sevə, Özümü dandım, Sənə sevgidəndi- Ona yanmağım. Ən böyük günahım- Bəlkə də odu, Bir də bu həyatı anlamamağım…
…Şuşada nərgizin Ləçəyində ah, Ya yağı tapdayıb, Ya əlim qıyıb. Güllə kənar ötdü, Ölmədim-günah, Yükəm bu qaraca Torpağa -hayıf…
Tanrı ,nə cəzam var, Ver özüm çəkim, Səsini qısarlar Məni sevənlər. Mənim sevdiklərim- Bələni aşdı . Bir yol əl uzandı- ətək olmadım. O vaxtdan balamın Gözləri yaşdı.
Tanrı! Nə cəzam var- Ver özüm çəkim, Yığ dağı üstümə- Götürə billəm, Canı son mənzilə Yetirə billəm. Bircə nə cəzam var- Öz əlinlə ver Qıyma əyri çəkən əllərə məni… Qıyma yalan deyən Dillərə məni. Tanrı! Nə cəzam var- Ver özüm çəkim.
…Mənim əmanətə-xəyanətim yox, Ömürlük cəzam yox,cinayətim yox, Susub yaşayıram adam içində, Əzabım,həsrətim-müdam içimdə.
Səbirdən asılan tükdü yaşamaq, Ən ağır cəzadı,yükdü yaşamaq- Tanrı! Nə cəzam var- Ver özüm çəkim.
NƏ GÖZƏL QOCALIB
Nə gözəl qocalıb üzün,qamətin, Bir az cavanlığın ətri var üstdə. Bir ürək umurdun- əlim gəlmədi, Peşkəşdi,- Gəl indi ömrümü istə.
Ayrılıq söz deyil,- Can yonqarıdı,- Daşıdım aylarla,illərlə “qoşa” Sən olan ürəyi- Sənə vermədim, Sən olan ürəyi- Döndərdim daşa…
Daş ürək danışır-daş dilində bax, Odu Azıx dili, Qobustan dili… Bu dili bilmirəm kim anlayacaq? Kim duya biləcək- əski sözləri?!..
Biz qoşa böyütdük “bu daş ürəyi”; Mənim təşnə gözüm, Sənin həsrətin… Gəl indi bu daşı körpüdən keçir, Al indi bu daşı- “özünü yeyir”.
Soyuq daş libasda gəzir adamlar, Yanıb daş olanın -tüstüsü olmur… Torpağı yandırır,daşı qarsıyır, Canı isitməyə-istisi olmur.
Daşammı, qışammı, gözü yaşammı? Hansı məqamdayam bu “daş ağıl”la? Uzat əllərini bu daş adama, Uzat axırıma çıxdı nağıllar…
YERİN XAMINI GƏZİRSƏN…
Yerin xamını gəzirsən, Ürəyin sağlamını. Uzaq ,qovğalı ruhum, uzaq- Görmə torpaq dağını.
Hər örüşün öz ilxısı, Hər dağın öz köçü var, Uzaq,qovğalı ruhum ,uzaq… Dərin dağ keçidi var…
Bu güllüyə yaxın durma, Gülü tikana dönər. Uzaq ,qovğalı ruhum,uzaq- Eşqinin odu sönər.
Deyilməyən söz gəzirsən , Nəfəs dəyməyən dodaq! Toxta,qovğalı ruhum,toxta- Dibdən quruyub bulaq.
Hayandasa yağış yağır, Hardasa əsir külək. Hansı üzlə üz bağlayıb- Bir də bu yurda gələk Uzaq,qovğalı ruhum,uzaq!
Yazmaq ayrı şeydi,- Biz yazdığımız Şeirdi, qəzəldi,amma söz deyil.
İçimiz açılmır ağ vərəqlərə Sözdən tələ qurub özünə hərə.
O ki deyiləsidi- Ona gücümüz çatmır, Nəyi deyə bilirik- O dediyimiz deyil.
DƏRD BİLMƏMƏK…
Dərd bilməmək-naşılığın ən pisidir, Ən hündür səs -əzilənin haqq səsidir. Ən çətini-insanın son nəfəsidir- Ən asan şey nədi- Onu biləmmədim.
Ən çətin yol -Savalandan Əyriqara, Yol uzanır,-cırıq-cırıq, para-para. Yolçusu yox ,boz yolların günü qara, İtən izlə -yolu tutub gələmmədim.
Deyəmmədim-bir söz vardı, Dilim göynər, Ən ağırı -obam göynər ,elim göynər, Şahə qalxan ayım göynər,ilim göynər, Mənə baxıb ölüm göynər-öləmmədim.
QANA BULAŞIRIQ YAŞAMAQÜÇÜN…
Sevgi qatiliyik- Günahkar əlimiz qana bulaşıb. Qanla oynayırıq, Qan çanağıyıq. Sən qız qayb elədin-baxışı bulaq, Mən ərən öldürdüm- O qıza aşiq.
Ömür yaşayırıq-günah içində, Qapımız qəzaya-qədərə açıq. Ölən sevgilərin kölgələriyik- Kölgə də tərs kimi adamdan qaçır.
Yaddaşdan heç nəyi gizləmək olmur, Qabardır ağrını-bizə dağ üçün. Axır aramızdan iki qanlı çay, Qana bulaşmışıq-yaşamaq üçün…
Zaman biz qarışıq- Ömrü üyütdü, Yağdı başımıza həsrət yağışı. Kəsib doğradığım qan məni tutdu, Səni də o qızın-qanlı baxışı…
Ömür qatiliyik- Günahkar əlimiz qana bulaşıb, Qanla oynayırıq-qan çanağıyıq. Sən qız qayb elədin- Baxışı bulaq. Mən ərən öldürdüm- O qıza aşiq.
Onunçün surumuz yerimir daha, Dartıb çəkəmmirik ömür yükünü… O, ərən içimdə kirimir daha, Saxlayır çiynimdə ölüm hökmünü..
Gördün sözün keçmir
Gördün sözün keçmir,- Kənara çəkil, Özünə toxtaqlıq verməyə çalış, Tükənnən səbrinə dən kimi əkil, Qanı soyuqluğa bu başdan alış…
İnsanın dəyəri dediyi sözdü, Deyəndə duyasan gərək azından. Hər kişi sözünün dəyəri keçmir- Arvad hülqumundan ,qız boğazından.
…Gördün sözün keçmir, Qolunu söz et, Yolla döyüşməyə,- Söz meydanına. Bir dəfə basılsan qorxusu yoxdu. Üç dəfə,beş dəfə özünü sına…
Polad xasiyyətlər- Bir dəfə sözü- Deyir keçməyəndə içindən sınır. Söz də var min ildi- Deyib bir aqil- Hələ işığında könül isinir.
Ağacın sözü var,daşın sözü var, Deyir daş dilində ,ağac dilində… Nizəyə taxılan başın sözü var Hayqırır,hönkürür qaxac dilində…
Təpərli söz demir hər söz adamı, Ya gücü çatmayır,ya əli yoxdu. Çuvalda gizlədir nadan cidanı- Üzə çıxardası əməli yoxdu.
Cəsarət gərəkdi- Göz yaşı içə , Yığıla güc kimi ürəyə,qola. Ya söz deməlisən- Ortandan keçə, Ya sözü eşidən cəmiyyət ola.
HEÇ BİR ŞEY OLDUĞU KİMİ GÖRÜNMÜR
Heç bir şey olduğu kimi görünmür,- Hər şeyin altında- Bir alt qatı var, Bir az da dərində “Gizli çatı” var- Heç bir şey olduğu kimi görünmür…
…Yarğanın altında gürzə qıvrılır, Üstündə otlayır qoyun atıyla Gözümlə gördüyüm bu mənzərənin- Əcəb oxları var- Bu həyatiyla Heç bir şey olduğu kimi görünmür…
Nə dünya bəyazdı-göründüyü tək, Nə göylər çılçıraq- Ulduz yığını . İnsanın canında qaynayır kələk, Gözəlin başına şeytan “yığılır”- Heç bir şey olduğu kimi görünmür…
Mənim dərdlərimə yananım ana, Məni məndən gözəl- Qananım ana. Müqəddəs bildiyin bir şey qaldımı?! Bu dünya gözündə qeylü-qaldımı?- Heç bir şey olduğu kimi görünmür…
Nəyə qara deyim,nəyə ağ deyim? Qaranın,narıncın çaları itib İçimi söyləsəm- Məni yeyərlər,- Gözümdə gözümün qərarı itib… Heç bir şey olduğu kimi görünmür…
Ya mənə heykəl yap- Ya dara çəkdir- Ya da ağrıları dübarə çəkdir. Ya da ki,şəklimi divara çəkdir- Göstər göz dağıtək Gəlib-gedənə. Qaibdən bir nəğmə oxunur yenə- Heç bir şey olduğu kimi görünmür…
İNSAN NECƏ SINIR…
İnsan necə sınır,- Məndən soruşun, Necə sınıb düşür,- Qüruru bir-bir. Yaxşı ki,gəzəri tabutlar çoxdur- Bu boyda cəsədi tutmazdı qəbir.
Göydən inamsızlıq toxumu yağır, Ölü ruhlar kimi,- Qışqırır gecə. Üstünə kölgə tək- Yalanlar gəlir- İlan sürüsünə- Dözəsən necə?!
“Balam” söyləyəsən torpağa,göyə, Səndən aşağılar-tüstünə gülə… Ortada olasan- Heç kim görməyə, “Qılınclı-qalxanlı” üstünə gələ İnsan necə sınır-məndən soruşun!
“Doğmalar” içində-baxışı qanlı, Nə millət anlaya, Nə də öz Balan. Damcı ol,-buxarlan göylərə çəkil, Ya da ki,beləcə baxıb havalan… İnsan necə sınır- Məndən soruşun!
…Boş süfrə, soyuq ev yaslı baxışlar- Külək də həvəslə sovurur qarı. Gəl indi salam ver-ürəklə daşa?! Gəl indi dik saxla ölü vüqarı…
Ha qaldır-düzəlmir boyun,qamətin, Baxıb acı-acı-sadəcə qımış… Sınmayan sığışmır- bu boz həyata, Kim desə sınmadım-o zatən sınmış…
ƏBLƏH
Bir dəli fürsətə təşnədi sinəm, Başıma nə qədər çırpılıb anlar. Dünyanın ən böyük əbləhi mənəm, Mənnən sonra gəlir- Şahlar,xaqanlar.
Dünyanın ən böyük söz əbləhi mən, Zamanın ən fağır-çulu cırığı. Mənəm bu yolları- Tərsinə gedən, Bir də ki dərvişlər,- Zərli-xaralı.
Mənim tərs dediyim yolun- Adı eşq, Havalı gedirəm yorğun başımla, Xaqanlar düz yolu- Geriyə dartır, Dartır ilkinliyə-topla,qoşunla.
Onunku öldürmək- Mənimki həyat, Mənası eynidir- Her şeydə son var. Mən söz bəsləyirəm,- Kəsilmiş sözdən- Minarələr qurur şahlar,xaqanlar.
Mən söz əbləhiyəm- Arxamda əl yox, Şahın arxasında- Nizami ordu Mənim əbləhliyim- Dili uduzur, Şahın əbləhliyi -ölkəni,yurdu.
BİR AZ…
Bir az canım ağrıyır, Bir az tutqundu başım, Bir az həvəs azalıb,- Bir az dözüm korşalıb. Ərpimiş ömür-gündü- İlan kimi sürünür, Quşu uçan yuvalar Ağzı günə boş qalıb. Yer ağzına su alıb, Göy yaxası düyməli, Nə dünən var döşə taxam, Nə sabah var öyməli. Ala göydən Ağca-ağca daş ələnə- Başımıza dəyməli… Bir az canım ağrıyır, Bir az tutqundu başım… Qətrə-qətrə, Üysük -üysük axıb gedir göz yaşım… Nə başıma tumar çəkən, Nə yasımı yığan var… Ətrafım it sürüsüdür- Küçükləyib çoxalır… Bir az canım ağrıyır, Bir az tutqundu başım, Döyüşməyə taqətim yox, Qalsın sona savaşım…
BAŞ-DAŞ
Nə qədər daş yağar bir başa, Allah, Bir baş qoltuqaltı görər nə qədər? Nə qədər daş yağar fələkdən,Allah, Nə qədər daş yağar,dolu nə qədər!
Duyan baş ayırar dolunu daşdan, Duyar havasını hər gələn qışın. Yağır daş yağışı,yağır obaşdan Başını altına tutub”yağışın”.
Sinə dərdlə dolu,gözləri yaşla, Başı qarışıbdı, suya,çörəyə. Öyrənib müsəlman bu daşlı başla Bu daş yağışına-“oxqay”-deməyə…
Çaxır,göy üzündə ildırım çaxır, Qara buludların layları dərin. Böyümüş göz ilə göylərə baxır, “Ağzı açılıbdır” yenə göylərin! …
Bir tikə çörəyə ürək satıram,
Bir tikə çörəyə ürək satıram, Ürək ovuduram köz alovunda. Yığışıb üstümə qayğılar gəlir- Duyğular alışır söz alovunda… Ev-eşik qayğısı,yurd-yuva dərdi, Bir də ki,çörəksiz qalmaq qorxusu. Bir də ömrümüzə meydan oxuyan- Ömür-gün qorxusu ,sevgi qoxusu… Bir də ayağımı qandallayan söz, Ac qurd tək içimi gəmirən qürur, Bir də boğazımda ilişən tikə… Uşaq sözmü yesin çörək yerinə, Daş qəbri nə qədər döyər tufan,qar! Niyə əzablara düçar olmalı?!- Fikir dəyişməzlər, sözü ucalar?! …Min ildi qılınclar qından sıyrılı, Min ildi günahsız söz qanı axır. Saray daşlarına çırpılan misra- Sınıb gözləməkdən saraldı axı … Bu söz cəlladları nə istəyirlər?! Kəndir keçiriblər sözün boynuna Min ildi dartırlar belədən-belə Nə üzlə üz tutum çökən qüruba?! Necə sinə gərim tufana,selə? Ya rəbbim, bu təzad nəyinə gərək?! Ya çiçəyi qoru ,ya bəslə şəri. Ya topla, tüfənglə dağıt varlığı- Ya da… Qələm körpüsündən keçir bəşəri… Başına uçurma yetim damını, Yesir ürəklərdə gül açsın həyat! Barı heç olmasa söz adamını,- Mədəsiz,şəhvətsiz,qorxusuz yarat!
ŞÜKRANLIQ
Şükranlıq edirəm,oğlum, Başımız ki,çiynimizdə, Ağlımız ki,başımızda- Şükür,buna da şükür.
Şükür südümüz halaldı, Harama yerikləmirik, Bu tarixdi,bu zamandı Arama ,yerikləmirik.
Hər söylənən fikirlərin Dərində bir alt qatı var. Yolu əyri gedən kəsin- Yəqin zatında çatı var, İnan çatı var,-oğlum!
Dünya yol gəlir oğlum, Kahadan qəsirəcən, Qamışdan həsirəcən, Yol gəlir Adəm oğlu… Qıra-qıra gəlir, Cıra-cıra gəlir. Xislətiylə,vərdişiylə- Dünəndən gəlir oğlum. Gəlir buna da şükür.
…Evi də, odası da, Şahı da,gədası da,- İçinin ədası da- Özüylə gəlir oğlum.
Yol gedə biliriksə, Yola gedə biliriksə, İki ayaqlı məxluqla- Şükür buna da şükür.
Şükür kəsəyə tutub, daşa basılmırıqsa, Şükür yağlı kəndirə keçib asılmırıqsa… Ya şəriət hakimi, ya bığı burma hacı… Bizi eləməyibsə hava, su möhtacı… Şükür, buna da şükür…
QAYDASIZ OYUNLAR
Bütün qaydaları bildim- Nə fayda, Bütün bildiklərim- Özüməyağı. Qaydasız yaşayan bu məmləkətin- Nə başı bilinir, Nə də ayağı. Bilinməz o qədər sirləri var ki, “bilinən qaydalar”- Yerimir daha… Burda qaydaları ötkəmlər yazır, Qələmə düşənlər qalıb allaha…
Bu yaşam qaydası, Bu mənsəb,bu yol, Bu könül fəryadı,- Ayinlər gedir… Bir az dilini yığ, Başını saxla, Ölçüsüz ,qaydasız oyunlar gedir… “Gedir vurhavurnan”-kökü qazımaq, Yerdə şırım əkmək,- “şırım qaydası”… Ölçüdən “yuxarı” qalxanı kəsmək- “Öldürüm” qaydası, “qırım” qaydası… Oyuna düşmüşük,- Oyunun olsun, Ay oyun sahibi, Oyunu quran. Günün günortası, Göz qabağında- Bu boyda millətin- “toyunu quran”… Daha sözüm yoxdur- Gözüm böyüyür… …Bütün qaydaları bildim nə fayda- Qaydasız yaşayan bu məmləkətin- Qaydasız qorunan daşına dönüm, Ayağına dönüm,başına dönüm- Nə başı bilinir, nə də ayağı…
Bütün şüurlu həyatını poeziyamızın boy artımına, elmə, səmərəli pedaqoji fəaliyyətə həsr etməklə şöhrətlənən Rafiq Yusifoğlunun çoxşaxəli və zəngin elmi araşdırmaları, mənəvi keyfiyyətləri barədə daha geniş söhbət açmaq olar. Bu dəyərli alimin poeziya, dramaturgiya, ədəbiyyatşünaslığımızın tarixi, uşaq ədəbiyyatı və publisistika məsələlərinə dair sanballı kitablarının və məqalələrinin əhəmiyyətini əsla azaltmadan deyə bilərik ki, o, məhz Azərbaycan poemaları¬nın, daha doğrusu, janrın sənətkarlıq xüsusiyyətləri baxımından problemin mahir tədqiqatçısı kimi tanınır və təqdir olunur. Rafiq Yusifoğlunun giriş, beş fəsil, on səkkiz yarımfəsli özündə ehtiva edən «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» (Bakı, 2010) adlı fundamental monoqrafiyası bunun bariz nümunəsidir. Araşdırmanın mahiyyətinə vardıqda onun necə böyük zəhmət və gərgin yaradıcılıq axtarışları bahasına başa gəldiyini, elmi dövriyədə özəl yerini aydın dərk edir və fərəhlənirsən. Mövzunun şərhi prosesinə 424 elmi və bədii ədəbiyyatın cəlb edilməsi də özlüyündə çox mətləblərdən soraq verir. Maraq doğuran cəhətlərdən biri monoqrafiyanın girişində mahiyyət açıqlamaları ilə «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» mövzusunun rakurs zənginliyi və kontekst genişliyi haqda ilkin təsəvvürün sərgilənməsidir. Digər tərəfdən, mövzunun çeşidli qövslər müstəvisində incələnməsi araşdırmaçının bədii-tarixi, nəzəri-estetik düşüncə çevrəsinin genişliyindən qaynaqlanmışdır. «Poemanın strukturu və bədii formanın tipologiyası» fəslinin ilk sırada yer alması təsadüfi deyil. Mövzunun tədqiqi məntiqindən qaynaqlanan bu fəsil, əlbəttə ki, tarixi zaman müstəvisində poemanın janr strukturuna varmaq və iç dünyasında baş verən keyfiyyət dəyişikliyi haqda konseptual düşüncə srgiləməyə hesablanmışdır. Mahiyyətdən qaynaqlandığına görə bu kontekst seçimi müəllifə poemanın intəhasız poetik dünyasında ümumini (mövzu-struktur) müxtəliflikdə axtarmaq imkanı vermişdir. Poemanın strukturunu bədii forma tipologiyası ilə bir araya gətirib daxildən ilgiləmək istəyi tədqiqatı «Janrın inkişaf meylləri», «Poema və ədəbi tənqid», «Poemanın tipləri», «Süjet və onun təkamülü» və digər yarımfəsillər dairəsində irəlilətməyə münbit zəmin yaratmışdır. Problemi xronoloji baxımdan deyil, struktur əsasda öyrənməyə üstünlük verən müəllifin süjeti poetik konsepsiya məqamında dəyərləndirməsi fəslin ideyasına adekvat cavabdan qaynaqlanmışdır. Mövzunun tipoloji tədqiqi oxucuya məhz klassik irsdən və folklor qaynaqlarından qədərincə bəhrələnmək imkanı vermişdir. Poemanı pafosuna və tarixi arealına görə «janrlar janrı» deyə səciyyələndirən Rafiq Yusifoğlu haqlı olaraq bu qənaətə gəlir ki, janrda «qorunub saxlanılanla» yanaşı axtarışların bəhrəsi olan dəyişiklik də gərəklidir. Monoqrafiyanın Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətlərinin təkamül müstəvisində incələnməsinə hesablanan «Zaman və qəhrəman» adlı ikinci fəsli müvafiq olaraq üç yarımfəsli özündə ehtiva edir. Fəslin tədqiqat materialı tarixi zamanın ideologiyası üstündə köklənən ədəbi-nəzəri konsepsiya ilə bədii örnəklərin ilgisinin müstəviyə çıxarılmasına zəmin yaratmışdır. Çünki sosialist realizmi dönəminin tələbələrinə dayaqlanan Azərbaycan şairlərinin poema örnəklərinin, əlbəttə ki, yeni ədəbiyyatşünaslıq düşüncəsi müstəvisində dəyərləndirilməsinə böyük ehtiyac duyulurdu. Bunu da məhz mahir tədqiqatçı araşdırmasının strukturunda ustalıqla səciyyələndirə bilmişdir. Fəslin «Qəhrəman həyatda və ədəbiyyatda» adlı yarımfəsli özünün konseptuallığı ilə fərqlənir və açıqlamaların çevrəsini genişləndirməyə təkan vermək baxımından mühüm maraq kəsb edir. «Konflikt və xarakterlər» adlanan üçüncü fəslin ideyasının predmetləşdirilməsinə hesablanan «Bədii konflikt», «Daxili münaqişə», «Yeni xarakter axtarışları» kimi yarımfəsillər mövzu-problematika, tarixlə təmas, şair-vətəndaş missiyası ilə bağlı konseptual mülahizələr yürütmək baxımından səciyyəvi olmaqla, tədqiqatçının elmi-nəzəri baxışlarının konkret təyinatlı bölmələrdə gerçəkləşməsinə münbit zəmin yaratması ilə xarakterizə olunur. Tədqiqatçının sözügedən çağın poetik örnəklərinə dəyər verərkən tarixiliyə dayaqlanaraq müasirliyin pafosu haqda qənaətlər sərgiləməsi erudik imkanlarının genişliyindən soraq verir. Məsələn, monoqrafiyanın «Yeni xarakter axtarışları» yarımfəsli «Bədii sənətkarlıq komponentləri» adlı dördüncü fəslə keçidin mühüm struktur məqamı kimi müstəviyə çıxarılmasını zəruri etmişdir. Yarımfəsillərdəki mahiyyətə yönəlmiş təhlillər bir daha isbat edir ki, Azərbaycan poemasının forma və məzmununda tarixləşmiş mühüm səciyyəvi cəhətlərin çağdaş elmi ədəbiyyatşünaslıq düşüncəsi əsasında aşkarlanıb ümumiləşdirilməsi günün tələbidir və arzuolunanlar monoqrafiyə müəllifinin inandırıcı elmi qənaətləri əsasında öz təsdiqini tapır. Bunu deyərkən biz eyni zamanda araşdırmaçının əsərində «Bədii portret», «Bədii detal», «Bədii təsvir və ifadə vasitələri» kimi lokal komponentlərin «Bədii sənətkarlıq» kimi qlobal bir çevrənin predmetinə məharətlə çevrildiyini də nəzərdə tuturuq. Burada, əlbəttə ki, tədqiqatçının klassik poeziyanın yaşarlı ənənələrini və folklor qaynaqlarını özündə ehtiva etməsi, poemanı mümkün bədii arsenalı ilə səciyyələndirmək bacarığı da öz rolunu oynamışdır. Bu kontekstdə açıqlamalardan o da məlum olur ki, Azərbaycan cəmiyyətində cərəyan edən ictimai-siyasi proseslərdən asılı olmayaraq poema janr biçimlərinin yaşarlı komponentlərini iç qatda nəinki yetərincə qoruyub saxlamış, eyni zamanda sənətkarlıq axtarışları kontekstində həm də onları qədərincə inkişaf etdirmişdir. Bunu «vəzn və qafiyə sistemi» adlı beşinci fəslin bədii sənətkarlıq konsepsiyasını mahiyyət çərçivəsində səciyyələndirən komponentlər də bir daha təsdiq edir. Tədqiqatçı XX əsrin böyük söz ustaları olan Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Qabilin, Məmməd Arazın, Nəriman Həsənzadənin və başqalarının poemalarının konkret təhlillərindən haqlı olaraq belə qənaətə gəlir ki, rüzgarın rəngindən və ahəngindən asılı olmayaraq janrda bədii sənətkarlıq axtarışları davamlı olduğu qədər də səmərəli olmuşdur. Bu sırada vəzn və qafiyənin poemaların poetik strukturunda mühüm komponent, başqa sözlə, önəmli kompozisiya elementləri olaraq bədii sənətkarlıq kontekstində mənalandırılması müəllifin incəliklərə varmaqla konsepsiya formalaşdırmaq istəyini isbat edir. H.Cavidin «Azər», S.Rüstəmin «Yaxşı yoldaş», S.Vurğunun «Hörmüz və Əhrimən» poemalarının, o cümlədən B.Vahabzadənin və Qabilin əsərlərinin vəzni haqda əsaslandırılmış mülahizələr göstərir ki, müəllif «Sovet dövrü» Azərbaycan poema ustalarının klassik poeziya ənənələrindən bəhrələnmə meyllərini sənətkarlıq axtarışları kontekstində ilgiləmək istəyində tam haqlıdır. «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» kimi fərqli və qlobal bir mövzunu bütün mümkün rakursları ilə müasir ədəbiyyatşünaslıq elmi müstəvisində reallaşdıran bu araşdırmanın sanbalından doğan məziyyətləri, əlbəttə ki, qədərincədir. Əslində bu tədqiqat işinin nəzəri, tarixi, poetik açıqlamalarına ayrı-ayrılıqda münasibət göstərmək, təhlil verib fikir söyləmək yığcam bir məqalə üçün mümkünsüzdür. Düşüncəmdə qərarlaşan budur ki, çeşidli konseptual mülahizələri, elmi-məntiqi ümumiləşdirmələri, tarixi-poetik incələmələri özündə qabarıq şəkildə ehtiva edən «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» adlı monoqrafiya, sözün əsl mənasında, geniş erudisiyalı tədqiqatçının böyük zəhmətinin, gərgin, aramsız axtarışlarının və dərin düşüncələrinin səmərəli məhsuludur və ədəbiyyatşünaslığımıza layiqli töhfədir. Bu araşdırma professor Rafiq Yusifoğlunun həm də incə bədii zövq və duyğuya, mükəmməl tarixi-sosial biliyə, fəlsəfi-analitik təfəkkürə malik olduğunu bir daha təsdiq etmiş oldu. Azərbaycan xalqının tarixinə, ədəbiyyatına həssas və təəssübkeş münasibəti konseptual açıqlamalar üçün həlledici rol oynadığı da şəksizdir. Əməl və qayə adamı kimi tanınan professor Rafiq Yusifoğlunun uğurları, əlbəttə ki, mənəvi dəyərlərə sadiqliyi ilə birbaşa bağlıdır.
Himalay Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor. «Respublika» qəzeti, 2 mart 2012-ci il.