Bahar Qasımovanın doğum günüdür – Təbrik

Bahar Qasımovanın doğum günü – Ziyalılıq, vətənpərvərlik və qadın fədakarlığının simvolu

Bu gün “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri, dəyərli ziyalı, vətənpərvər və nümunəvi xanım Bahar Qasımovanın doğum günüdür.

Bahar xanım uzun illərdir Azərbaycan qadın hərəkatının, milli-mənəvi dəyərlərimizin və cəmiyyətin inkişafı uğrunda yorulmadan çalışan fədakar bir ziyalı kimi tanınır. Onun rəhbərliyi ilə “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” bir çox sosial layihələrə, xeyriyyə tədbirlərinə, gənclərin və qadınların maariflənməsinə yönəlmiş proqramlara imza atmışdır.

Bahar Qasımova Azərbaycan qadınının yüksək zəkasını, mərhəmətini və vətən sevgisini öz şəxsiyyətində birləşdirən nümunəvi bir insandır. Onun fəaliyyəti, sözün həqiqi mənasında, xalqına və dövlətinə xidmət nümunəsidir.

Doğum günü münasibətilə Bahar xanımı səmimi qəlbdən təbrik edirik. Ona möhkəm can sağlığı, uzun ömür, yeni uğurlar və gördüyü işlərdə daim ilham arzulayırıq. Onun kimi ziyalı və fədakar qadınlar cəmiyyətin mənəvi sütunlarını möhkəmləndirən dəyərlərdir.

Bahar xanımın həyat yolu bir daha sübut edir ki, Azərbaycan qadını hər zaman millətin gücü, ailənin dayağı və Vətənin ləyaqət rəmzidir.

Baharın adıyla gələn Nur

Ana dediyin — bir işıq, bir sükut, bir sevgidir,
Övladının yolunda çəkdiyi hər zəhməti, duadır
O, Vətənin bağrında ilk bahar tək açandır,
Soyuqda ümid, qaranlıqda işıq saçandır.

Bahar xanım da elə — bir ana nəfəsi tək,
Mərhəməti dilində, şəfqəti hər səsində.
Bir xalqın gücünü daşıyır o zərif çiyinlər,
Qəlbində min qadının arzusu, sevgisi vardır.

Hər addımında iz var, fədakarlıq, mərdlikdən,
Hər sözündə bir nur var — yanan vətən sevgisindən.
Bahar kimi gəlir o, qəlblərə həyat verir,
Ana misalı şəfqət, millətə qanad verir.

Ad gününüz mübarək, Bahar xanım!
Varlığınızla cəmiyyətimizə bahar gətirirsiniz.

İmza: Pərvanə Salmanqızı

PƏRVANƏ SALMANQIZININ YAZILARI

BEYNƏLXALQ KONFRANSLARIN TƏHSİLDƏ, MÜXTƏLİF ELM VƏ PEŞƏ SAHƏLƏRİNDƏ, CƏMİYYƏTİN İNKİŞAFINDAKI ROLU

Zərövşən Babayeva,

Naxçıvan Dövlət Universitetinin professoru,
pedaqoji elmlər doktoru,
Əməkdar müəllim
dr.zarifbabayeva@gmail.com

https://orcid.org/0009-0009-3004-8455

BEYNƏLXALQ KONFRANSLARIN TƏHSİLDƏ, MÜXTƏLİF ELM VƏ PEŞƏ SAHƏLƏRİNDƏ, CƏMİYYƏTİN İNKİŞAFINDAKI ROLU

        Elmi tədqiqatların beynəlxalq səviyyədə müzakirəyə çıxarılmasının elm, təhsil, müxtəlif peşə sahələrində, cəmiyyətlərin inkişafında mühüm əhəmiyyəti vardır. Həmçinin beynəlxalq konfranslar müasir elmin, təhsilin və sosial sahələrin inkişafında əvəzolunmaz platformalardır. Konfranslar elm adamlarının, müəllimlərin, siyasətçilərin və digər mütəxəssislərin öz təcrübə və biliklərini paylaşması, yenilikləri müzakirə etməsi və gələcək strategiyaların müəyyənləş­dirilməsi üçün unikal imkan, təcrübə mübadiləsi yaradır. Beynəlxalq konfranslar sayısində təhsildə, müxtəlif elm sahələrində və ümumilikdə cəmiy­yə­tin inkişafında təsirini daha da artırmaq mümkündür. Təhsil sahəsində beynəlxalq konfranslar, xüsusilə UNESCO, OECD, EBSCO, World Education Forum və s. kimi nüfuzlu təşkilatların təşəbbüsü ilə keçirilən tədbirlər, təhsil siyasətlərinin formalaşmasında həlledici rol oynayır.

UNESCO Dünya Təhsil Forumları dünyanın müxtəlif ölkələrindən təhsil ekspertlərini bir araya gətirərək 2030-cu il Təhsil Gündəliyinə uyğun inklüziv və keyfiyyətli təhsilin təmin edilməsi üçün stra­te­ji istiqamətləri müəyyənləşdirməyə çalışır. Bu konfranslarda rəqəmsal texnologiyaların tədrisə inteq­rasiyası, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi aktual mövzular müzakirə olunur.

OECD Təhsil İcmalları və Təhsil Forumları dünyanın qabaqcıl ölkələrinin təhsil sistemlərinin müqayisəli təhlilini təqdim edir və yaxşı təcrübələrin paylaşılması ilə sistemlərin təkmilləşdirilməsinə dəstək olur. OECD konfranslarında tələbə mərkəzli təhsil, öyrənmə analitikası, STEAM təhsili və rəqəmsallaşma məsələləri prioritet təşkil edir.

PhET İnteraktiv Simulyasiyaları və Təhsil Texnologiyaları Konfransı 2019-cu ildə keçirilən tədbirdə biologiya, fizika və kimya kimi fənlərdə virtual laboratoriyaların effektivliyi və istifadəsi barədə tədqiqat nəticələri təqdim edilmişdir. Bu tədbirlərdə elmi təcrübələrin rəqəmsal mühitdə necə daha əlçatan və motivasiyaedici olması müzakirə olunur. Elmi araşdırmaların inkişafında beynəlxalq konfransların rolu çoxsahəlidir:

CERN və HEP (High Energy Physics) Konfransları fizika sahəsində dünya üzrə ən qabaqcıl tədqiqatların müzakirə olunduğu platformalardır. Bu konfranslar, nüvə fizikası və kosmologiyada əldə edilən kəşflərin yayılmasına və yeni layihələrin koordinasiyasına səbəb olur. (Mənbə: CERN Annual Report, 2024)

BIO International Convention biologiya və biotexnologiya sahəsində ən böyük tədbir sayılır. Burada biotibb, gen mühəndisliyi və ətraf mühit biologiyası üzrə yeni tədqiqatlar və texnologiyalar təqdim olunur. Bu konvensiya şirkətlər, tədqiqatçılar və tənzimləyici orqanlar arasında əməkdaşlıq üçün əsas platformadır. (Mənbə: BIO Convention Reports, 2023)

IEEE International Conference on Robotics and Automation yeni texnologiyaların, süni intellektin və robototexnikanın inkişafını sürətləndirir. Bu konfrans vasitəsilə elm adamları və sənaye nümayəndələri arasında bilik mübadiləsi təmin edilir. (Mənbə: IEEE Conference Proceedings, 2024)

Beynəlxalq konfranslar yalnız elmi və təhsil sahəsində deyil, həmçinin sosial, iqtisadi və siyasi məsələlərdə də cəmiyyətlərarası dialoqu təmin edir. Məsələn:

Davos Dünya İqtisadi Forumu (World Economic Forum) müxtəlif ölkələrin liderlərini bir araya gətirərək qlobal iqtisadiyyat, sosial ədalət və davamlı inkişaf mövzularında dialoq təşkil edir. Bu forumda təhsil və texnologiyanın cəmiyyətə təsiri tez-tez müzakirə olunur. (Mənbə: WEF Annual Report, 2023)

COP Konfransları (UN Climate Change Conferences) iqlim dəyişikliyi ilə mübarizədə qlobal siyasətin formalaşmasında əsas rol oynayır. Bu tədbirlərdə dövlətlər və qeyri-hökumət təşkilatları təhsil və məlumatlandırma strategiyalarını da müzakirə edir. (Mənbə: UNFCCC COP26 Summary, 2021)

Global Education Summit 2023 təşkilatı BMT-nin təşəbbüsü ilə keçirilib və təhsil sahəsində inklüziv yanaşmaların inkişafına yönəlib. Burada ölkələr arasında əməkdaşlıq imkanları artır və qlobal təhsil hədəflərinə nail olmaq üçün praktik addımlar müzakirə olunur.
(Mənbə: UNESCO Global Education Summit Report, 2023).

Beynəlxalq konfranslar elm, təhsil və cəmiyyət sahələrində innovasiya, əməkdaşlıq və davamlı inkişaf üçün mühüm rol oynayır. Onlar bilik mübadiləsi, təcrübə paylaşımı və qlobal problemlərə birgə həll yollarının axtarışı üçün unikal platformalar təmin edir. Real nümunələrdən göründüyü kimi, bu tədbirlər həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin elmi və təhsil sistemlərinin modernləşdirilməsinə və gücləndirilməsinə böyük töhfələr verir.

11-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresi 2025-ci ilin 31 iyul – 3 avqust aylarında İstanbulda, Beykent Universitetində keçirildi. İqtisadiyyat, Texnologiya, Təhsil və innovasiya sahələrində çalışan beynəlxalq mütəxəssislərin qatıldığı bu tədbir, xüsusilə yeni dövrün çağırışlarına uyğun təhsil modellərinin müzakirəsi üçün geniş platforma yaratdı. Konqresdə sahibkarlıq, təhsil sahəsindəki innovasiyalar və bu qlobal problemin məktəb və universitet proqramlarına inteqrasiyası əsas mövzulardan biri olub. İştirakçılar arasında iqtisadçılar, texnologiya mütəxəssisləri, innovativ metodları təbliğ edən müəllimlər, ekologiya tədqiqatçıları və təhsil siyasətçiləri yer almışdır. 11-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresində iştirakımız çox verimli oldu. Konfrans çoxistiqamətli keçirildiyindən müxtəlif elmi tədqiqat sahələrindən 28 ölkədən 400-dən yuxarı elmi tədqiqatçı iştirak etdi. Konfransın proqramı zənginliyi ilə diqqəti cəlb edirdi və bölmələr İstanbulun müxtəlif səmtlərinin adı ilə adlandırılırdı. Moderatoru olduğum Taksim bölməsində mənim və Dünyanın bir çox ölkəsindən, o çümlədən Bakıdan gəlmiş tədqiqatçıların çıxışları maraqla qarşılandı.  (July 31 and August 3, 2025, İstanbul Beykent University).

Sahibkarlıq və İnnovasiyalar, İdarəetmə və Təşkilat (Təşkilat Nəzəriyyəsi, HRM, Strateji İdarəetmə, Təşkilati Davranış), Biznes (MIS, İstehsalın İdarə Edilməsi, Marketinq, Kəmiyyət Metodları, Mühasibat-Maliyyə), Ünsiyyət (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Radio Televiziya Kino, Vizual Kommunikasiya Dizaynı), Hüquq, Beynəlxalq Münasibətlər, Dövlət İdarəçiliyi və Siyasi Elm, İqtisadiyyat və Dövlət Maliyyəsi, Bank işi və Maliyyə, Turizm, İdman Menecmenti və Sağlamlıq Elmləri, Psixologiya, Sosiologiya, Antropologiya, Fəlsəfə və Dinşünaslıq, Təhsil, Dil, Türk Tarixi, Arxeologiya, Ədəbiyyat və Gözəl Sənətlər, Uzaqdan və hibrid təhsilin inkişafı, Ətraf mühitin qorunması və davamlılıq, Biologiyada rəqəmsallaşmanın mexanizmləri: Virtual laboratoriyalar, PhET simulyasiyaları və VR tətbiqləri, Big Data və təhsil texnologiyaları və s. sahələri əhatə edən konqresdə XXI əsr Yeni Dünya Düzəni standartlarını əldə etmək yolunda fəaliyyətlər də diqqətə çatdırıldı.

Ümumiyyətlə, beynəlxalq konfransların cəmiyyət həyatında da mühüm əhəmiyyəti vardır. Hesablamalar göstərir ki, bir çox konfransların nəticələri müsbət keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur.

Beynəlxalq Konfransların Təhsil və Elmdə Əsas Təsirləri (2020-2025)

MövzuƏhatə DairəsiTədbir NümunəsiTədbir İştirakçı Sayı
Sahibkarlıq, Rəqəmsal Təhsil və Texnologiyaİqtisadi innovasiyalar, Virtual laboratoriyalar, VR/AR, simulyasiyalar11th EMI Congress (2025)400 mütəxəssis
STEAM TəhsiliElm, Texnologiya, Mühəndislik, İncəsənət, RiyaziyyatUNESCO Global Education Summit (2023)500+ ölkə nümayəndəsi
İqlim Dəyişikliyi və TəhsilƏtraf mühit, davamlılıq, tədris proqramlarıCOP26 Təhsil Sessiyası (2021)200+ ekspert
Müəllimlərin Rəqəmsal BacarıqlarıMüəllim təlimləri, peşəkar inkişafOECD Education Forums (2022)350+ təhsil işçisi
Uzaqdan Təhsil və Hibrid ModelOnlayn platformalar, LMS, interaktiv dərslərWorld Education Forum (2021)400+ ölkə nümayəndəsi

Təhsil sisteminə sahibkarlıq düşüncə tərzinin inteqrasiyası şagird və tələbələrdə özünəinam, problem həll etmə və kreativlik bacarıqlarını inkişaf etdirir. Konfransda çıxış edən startap qurucuları öz təcrübələrini paylaşaraq, gənc nəslin təşəbbüskar olmasının vacibliyini vurğulayılar. Rəqəmsal platformalar və sosial şəbəkələrin biznes qurmaqda necə effektiv alətlərə çevrildiyi barədə praktiki nümunələr təqdim olunur. Müxtəlif ölkələrdən iştirak edən ekspertlər qlobal trendləri və uğurlu sahibkarlıq təşəbbüslərini nümayiş etdirirlər. Müasir dünyada sahibkarlıq yalnız iqtisadiyyatın deyil, həm də təhsilin vacib komponentinə çevrilmişdir. Startaplar – innovasiyaların təcəssümüdür: sürətli inkişaf, problem hədəfləmə və kreativ həll yolları. Gənclərin erkən yaşdan sahibkarlıq düşüncəsinə yönəldilməsi gələcək iqtisadiyyatların dinamikliyini təmin edir.

Startapların İnkişafını Dəstəkləyən Faktorlar – Texnoparklar, inkubatorlar, akselera­torlar (məsələn: SUP VC, Barama, Innoland); Universitetlərin nəzdində yaradılan “Innovation Hub”lar

Maliyyə və Hüquqi Dəstək – Dövlət və özəl qrant proqramları (e.g. SABAH.HUB, İNNOLAND, I2B); Vergi güzəştləri və hüquqi mentorluq xidmətləri

Mentorluq və Networking – Yerli və beynəlxalq mentorlarla gənc startapçıların əlaqə­ləndirilməsi; Startup ekosistemində keçirilən tədbirlər (Startup Weekend, INNOSTART, İ2B yarışları)

Təhsildə Sahibkarlıq Bacarıqlarının Aşılanması – Məktəb və Universitet Səviyyəsində:

STEAM yanaşması çərçivəsində layihə əsaslı təlimlər

Təhsildə problem əsaslı öyrənmə – “real həyat məsələlərinin” həlli

Biznes plan yazma bacarığı, təqdimat bacarığı, “pitch” texnikaları

Əlavə Proqramlar:

“Edupreneurship” kursları – müəllimlər üçün sahibkarlıq bacarıqları

Startap yönümlü yay məktəbləri və təlim düşərgələri

Gənc sahibkarlar üçün biznes simulyasiyaları

Bəs qarşida duran çağirişlar hansılardır:

Təhsildə risk götürmə mədəniyyətinin yüksəldilməsi;

Müəllimlərin sahibkarlıq sahəsində hazırlığının artırılması;

Startap ideyalarının kommersiyalaşdırılmasında çətinliklərin həlli;

Gənclərin davamlılıq və layihə menecmenti bacarıqlarının formalaşdırılması.

Bunun üçün aşağıdakı tədbirlərin görülməsi vacibdir: Təhsil proqramlarına “sahibkarlıq modulu” əlavə edilməli; Startapların ilkin mərhələdə dəstəklənməsi üçün universitet fondları yaradılmalı; Region gəncləri üçün sahibkarlıq təşəbbüsləri artırılmalıdır. Startap və sahibkarlıq bacarıqları XXI əsrin əsas təhsil prioritetlərindən biri olmalıdır. İnnovasiyaya açıq, yaradıcı, risk alan və sosial məsuliyyət daşıyan gənclər yetişdirmək üçün təhsil sistemi bu bacarıqları sistemli şəkildə formalaşdırmalıdır. Qarşıda duran vəzivələrin həyata keçirilməsi üçün, əlbəttə yaradıcı təfəkkür və təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır. Beynəlxalq konfranslarda bunun üçün münbit şərait yarandığından yenilikçi tədqiqatçılarla bu sahədə müzakirələr yeni layihələrin yaranmasına təkan verir. Gələcək nəsillərin inkişafını təmin etmək üçün bütün səy və bacarıqların artırılması qayğısına qalmalıyıq.

Zakir Osmanov – Marşal

Hərb tarixi

Marşal Beriyanı güllələyən marşal – Batitski hökmün icrasının ona həvalə olunmasını özü xahiş edib

Onu əfsanəvi sərkərdə adlandırıblar.
Sovet ordusunda hərbi-hava və hava hücumundan müdafiə qüvvələrinin əsasını qoyanlardan biri sayılan marşal Pavel Batitski bütün ömrünü hərbi işə həsr edib.
O, orta ixtisas hərbi məktəbini bitirdikdən sonra əvvəlcə Frunze adına Hərbi Akademiyada təhsil alıb, daha sonra Baş Qərargah yanında Hərbi Akademiyanı bitirib.

Milliyətcə ukraynalı olan Pavel Batitski 1910-cu ildə Xarkovda fəhlə ailəsində anadan olub.
Uşaqlıqdan həmyaşıdlarından ciddiliyi və bir az da sərtliyi ilə fərqlənən Batitski xidmət etdiyi bütün hərbi hissə və qoşunlarda ən intizamlı və ən məsuliyyətli zabit kimi tanınıb.
Müasirlərinin söylədiklərinə görə, onun rütbələri və vəzifələri dəyişsə də, xarakteri sabit qalıb, ciddi, tələbkar, ən başlıcası isə ədalətli.
Pavel Batitski 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə ən ağır döyüş bölgələrində xidmət edib, ən mürəkkəb hərbi əməliyyatları uğurla həyata keçirib.
Berlin əməliyyatının hazırlanmasında və keçirilməsində Pavel Batitskinin xüsusi xidmətləri olub.

Marşal Pavel Batitskinin adı SSRİ tarixinə təkcə peşəkar hərbçi, xüsusi xidmətləri olan hərbi məmur kimi düşməyib. O, həm də tarixə öz adını marşal Beriyanı güllələyən marşal Batitski kimi yazıb.

23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin xüsusi məhkəmə iclasında Lavrenti Beriyaya güllələnmə hökmü oxunduqdan sonra Pavel Batitski hökmün icrasının ona həvalə olunmasını xahiş edib.
Bütün bu proseslərin şahidi olan ehtiyatda olan polkovnik Xijnyak sonralar “Veçernyaya Moskva” qəzetinə hadisə ilə bağlı geniş müsahibə verib.
Polkovnikin söylədiyinə görə, Beriya ömrünün son dəqiqələrində heç də çoxlarının dediyi kimi ağlayaraq kimlərinsə ayağına yıxılmayıb:
“Mən həmin prosesin əvvəlindən sonuna qədər iştirak etmişəm. Əvvəlcə mənə tapşırıq verildi ki, gedib Beriyanın evindən ona qara kostyum gətirim.
O, elə həbs oldunduğu vaxt əynində olduğu boz rəngli kostyumda idi. Mən onun Kaçalova küçəsində yerləşən mənzilinə yollandım. Qapını tanımadığım bir qadın açdı.
Gəlişimin məqsədini dedim, qadın heç nə soruşmadan qara kostyumu mənə verdi.
Kostyumu Beriyaya mən geyindirdim, boz rəngli kostyumu isə yandırdım.
O artıq hiss edidi ki, onu nəyə hazırlayılar və başa düşürdü ki, əfv olunmayacaq.
Sonra mənə göstəriş verdilər ki, eni üç metr, uzunluğu iki metr olan qalın taxtadan lövhə düzəldib güllələnmənin icra olunacağı zirzəmidəki otağın divarana vurum.
Bunu da etdim. Daha sonra zirzəmidə olan polad həlqəni həmin taxta lövhənin yuxarı tərəfinə vurdum.
Qeyd edim ki, hökm Moskva Hərbi Dairəsinin qərargahının bunkerində icra olunurdu.
Beriyanı həmin otağa mən gətirdim. Qolları qandallı deyildi. Yalnız taxta lövhənin qarşısında dayananda mənə əmr etdilər ki, qollarını kəndirlə polad həlqəyə bağlayım.
Bu əmri də icra etdim. O, nə ağlayırdı, nə də yalvarırdı. Amma rəngi dəmir rəngindən seçilmirdi, bir də üz hissəsinin sağ tərəfində əzələləri nəzərəçarpacaq dərəcədə titrəyirdi.
Mən əvvəlcədən onun gözlərini bağlamaq üçün üz dəsmalı da hazırlamışdım.
Adətən, güllələnmə icra olunanda güllələnənlərin gözlərini bağlayırdıq. Onu bağlamaq istəyəndə Batitski qəzəblə mənim üstümə qışqırdı:

-Sən nə etmək istəyirsən?
Mən son dərəcə gərgin olan bu atmosferdə özümdə cürət tapıb Pavel Batitskiyə cavab verdim:

-Gözlərini bağlamaq istəyirəm, adətən…
O sözümü yarımçıq qoydu:

-Lazım deyil, qoy hər şeyi gözləri ilə görsün.
Beriya heç nəyə reaksiya vermirdi. Mən elə düşünürdüm ki, onun bu anlarda ürəyi dayanacaq.
Mən geri çəkildim. Məhkəmə üzvləri, Moskva Partiya Komitəsinin birinci katibi Nikolay Mixaylov, Ümumittifaq Həmkarlar İttifaqının sədri Nikolay Şvernik, SSRİ-nin baş prokuroru Roman Rudenko və digər bir neçə nəfər Beriyadan 6-7 metr aralıda dayanmışdılar. Həkim dəvət olunmamışdı.
Pavel Batitski isə digərlərindən bir addım irəlidə dayanmışdı. Hər şey hazır idi. Təxminən bir dəqiqə, bəlkə də çox, araya dəhşətli bir sükut çökdü.
Bu kiçik zaman kəsiyi bəlkə də iştirak edənlərin hamısı üçün uzun bir vaxta bərabər idi.
Pavel Batitski tabel silahını çıxarıb atəş açdı. Güllə Beriyanın burun körpüsünə dəydi. Marşal Lavrenti Beriya qolları bağlanmış polad həlqədən asılı vəziyyətdə qalmışdı…”
Hökmün icrasından dərhal sonra, 23 dekabr 1953-cü il, saat 19.50” tarixli akt tərtib olunub. Akta ilk olaraq hökmün icracısı Pavel Batitski imza atıb.
Marşal Pavel Batitski həmin müdhiş hadisələrdən sonra hələ uzun illər hərbi xidmətini davam etdirib, ən yüksək dövlət mükfatları ilə təltif olunub.
Pavel Batitski 1984-cü ildə 73 yaşında vəfat edib. Marşal Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(c)
Müəllif: Zakir Osmanov

Turan Novruzlu – Masal Kızım

Masal Kızım

Sen ömür kitabımın
Aşk kokulu sayfası
Masal Şatomun prensesi
Annesinin su sesi,
Canım kızım…
Dünya kendisi efsane,
İyisiyle, kötüsüyle
Duasıyla, büyüsüyle…
Sen Anka kuşunun
Yavrususun, unutma,
Masalın güzel olsun,
Kınalı kuzum…

Sen her masalın sonunda
Gökten düşen
Kırmızı elma misalı
Girdin kalbime,
Alın yazım…
Sen, yavru Asenam
Arkadaşım, ninem, anam,
Baharların bol çiçekli
Yolların uğurböcekli olsun
Canım kızım, kalbin hep
Aşk ve mutlulukla dolsun…

21.10.2025. Bakı

MÜƏLLİF: Turan NOVRUZLU

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

Zaur Ustac – Övladıyam

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sehran Allahverdi – Alın yazısı

Rəssam: Sehran Allahverdi

ALIN YAZISI

(povest)

birinci hissə

Soyuq qış günündə bu istilik heç cür başa düşülə bilməzdi. Hətta soba yansa belə, bu qədər içi isitməzdi. Amma bu nur sanki başqa aləmdən gəlmişdi. Pərdənin arxasından süzülən axın otağı nura boyayır, Xanımqız ananın ürəyində uzun illərdir donmuş olan ümidi də azacıq hərəkətə gətirirdi.

Birdən o, nura qarışmış bir kölgə gördü. Hündür boylu, sanki insan ölçülərindən böyük bir adam idi. Qadın əvvəlcə elə bildi ki, yuxudadır. Öz-özünə pıçıldadı: “Yox, bu ancaq yuxuda ola bilər.” Amma dərhal əllərini üzünə apardı, gözlərini ovuşdurdu, özünü sınağa çəkdi. Əgər bu yuxu idisə, tezliklə yox olacaqdı. Amma kölğə pəncərəyı bir az da yaxınlaşdı. O çox qəribə bir susqunluqla pəncərədən içəri baxırdı. Qadın nəfəsini güclə udaraq düşünməyə başladı: “Məni qarabasma tutur? Yoxsa doğrudan da kimsə var?”

İkinci mərtəbənin pəncərəsinin çölündə dayanmış hərbi geyimli nəhəng adamın hərəkətləri real görünürdü. Qadın, özünü yoxlayaraq sağ əlinin titrək barmaqlarını yatağın kənarına toxundurdu. Hiss elədi ki, hər şey gerçəkdir, ağlı başındadır. Deməli, bu gördüyü təsadüfi bir xəyal yox, hansısa sirli bir varlığın işarəsi idi.

Otağa dolan nur seli bir tərəfdən ağrılarını azaldırdı, digər tərəfdən isə bütün diqqətini həmin qəribə varlığa yönəldirdi. İndi artıq qadın dərk edirdi ki, pəncərədən baxan bu adamın boyu adi insan boyundan qat-qat hündürdür – azı üç metr olar. Belə bir nəhəng adamı o, ömründə nə eşitmiş, nə də görmüşdü.

Xanımqız ana bütün həyatını yaşamış, çox müdrik bir insan kimi adətən yuxulara, qarabasmaya, uydurma hekayələrə inanmayan bir qadın idi. Amma indi inanc ilə inamsızlıq arasında ilişib qalmışdı.

ardı burada: Sehran Allahverdi – Alın yazısı

Müəllif: Sehran Allahverdi

Sehran Allahverdinin yazıları

Fransanın Yesenini – Yusuf Demirağın “Uzaklardan Mektub”u

Fransanın Yesenini – Yusuf Demirağın “Uzaklardan Mektub”u

Eskişehirin mənə qazandırdığı dəyərli qələm dostum, əziz qardaşım Yusuf Demirağ şeirlerindəki ruhu, gözəl qələmi ilə Fransanın Yeseninidir.
Eskişehirde universitedi bitirib geri dönmək hər bir tələbə üçün çətin olduğu kimi bizim üçün də asan olmadı. Bu şeirlər də möhtəşəm və unudulmaz Eskişehirin xatirəsi oldu bizlərə.
Gənc qələm dostuma yeni- yeni yaradıcılıq uğurları arzulayıram.

Uzaklardan Mektup

Kalbin yuvamdır,
Ben ise kalbinde bir damar.
“Çirkin ördek yavrusu” annesini aradığı gibi özlemimdesin,
Unutmam seni Eskişehir’im.
Neden rüyama girmiyorsun? Bana mı küstün?
Neden gurbetin ne olduğunu kavrayamadım.
Sendeydim özlerdim doğduğum yeri,
Paris’e gelir- gelmez, arar oldum seni.
Boşluğun içine düştüm, can Eskişehir’im.
Ulus Anıt’ının manzarası gitmiyor gözümün önünden.
Akşamları çıkıp gezdiğim Adalar’ın ışıltılı çayı…
Az mı çıkıp dolaştım şiir yazdım karşıda.
Bir daha bulur muyum bilmiyorum dünyanın dört bir yanından gelen eski dostlarımı…
Bir köprü olsun son sürat geçeyim o köprüden kavuşayım sana.
Biraz maymun iştahlıyım, kusura bakma…
Ne istediğini bilmeyen birisi gibi hissediyorum bazen…
Ah! Hayır, hayır… Sadece, sadece her şey çok hızlı geçti,
Uçaktan paraşütle atlar gibi,
Aniden gelen bir kararla duygularımı bırakmış gibi oldum.
Biliyorum ki, beni çeken bir yer varsa mutlaka bir şekilde kavuşacağım!
Canım, az kaldı kavuşmaya…

Yusuf DEMİRAĞ
19/07/2025 Paris

Yusuf Demirağın “Uzaklardan Mektup” Şiirine Nazire.

Senin ki, damarlarında Akdeniz’in coşkun, köpüklü dalgaları…
Ruhunda Paris’in pamuk şekeri tatlı bulutları,
Göktanrı’nın altınkalpli çocuğu…
Kalbin Eskişehir’in Masal Şatosu misali
güzel anılarla dolu…
Dünya Sana gurbet olur mu?!
Nice çöllerde serap görmüş
Nice zifiri karanlık kuyularda geceyi sabah eylemiş ruhun…
Nice kıyılarda martılarla kanat çalmışsın
Dünya Sana gurbet olur mu?!
Sen Kapadokya’da Ağrı dağını özleyen
Adalarda Sien nehrine şiir yazan, vefalı Yusuf,
Dağ dağa kavuşmasa da
Yer yüzünün bir tane gökyüzü var…
Güneş her kes için doğar
Ay her kesle dertleşir
Hepimize yetecek kadar
yıldız var gökyüzünde
Yağmur hepimizi öper, rüzgar hepimize şarkı söyler…
Dünya Sana hiç gurbet olur mu?!
Tüm güzel anılar, sevdiğimiz şarkılar,
arkadaşlar ruhumuzun bir parçasıdır
Ayak bastığımız yollar kalbimizin yuvasıdır…
Bizi özgürlüğe kavuşturan uçaklarda,
Nehirlerin ninni söylediği kayıklarda
Ankara’nın göğsünde
Turna balığı misali yüzen hızlı trenlerde
Bir gün mutlaka yeniden yolcu olacağız…
Sen ey Göktürk’ün özgür ruhlu çocuğu
Herkesin kalbinde kendine taht kurmuş,
Laçının sevgili arkadaşı, güzel Yusuf,
Dünya Sana hiç gurbet olur mu?
20.07.2025 Bakü

MÜƏLLİF: Turan NOVRUZLU

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

TƏBRİZİM

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,

İzin ver qolumu salım boynuna!

Sənin bayramına, sənin toyuna

Dili bir, qanı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib.

Sən çıxdın qarşıma duzla, çörəklə,

Bağından dərdiyin güllə, çiçəklə,

İkiyə bölünməz saf bir ürəklə,

Təbrizim, Təbrizim, aman Təbrizim,

Yox olsun başından duman, Təbrizim!

Qədrini ayrılıq çəkənlər bilər,

Hicranda göz yaşı tökənlər bilər,

Ömrünə qaranlıq çökənlər bilər,

Bağından gül-çiçək dərdim, Təbrizim,

Yenə təzələndi dərdim, Təbrizim!

Nə qəşəngdir yol boyunca söyüdlər,

Söyüdlərin kölgəsində igidlər

Babalardan dinləyirlər öyüdlər,

Coşur damarlarda qanı, Təbrizim,

Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Ağlasan ağlaram, gülsən gülərəm,

Yaşasan yaşaram, ölsən ölərəm,

Varımı səninlə yarı bölərəm,

Gəl bir də üzündən öpüm, Təbrizim!

Başına gül-çiçək səpim, Təbrizim!

Nədir o, mənalı, dərin baxışlar?

Nədir gözlərindən yağan yağışlar?

Nədir qəlbindəki payızlar, qışlar?

Yetimtək boynunu burma, Təbrizim!

Məlul-məlul baxıb durma, Təbrizim!

Sənin çiçəyinə, gülünə qurban!

Mənə qardaş deyən dilinə qurban!

Vətəninə qurban, elinə qurban!

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

DİLİMƏ DƏYMƏ

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdın çəmənimə sən,

Gör bir nələr etdin vətənimə sən,

Yan – deyib, od vurdun bədənimə sən,

Altında atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,

Sən məni istədin çəkəsən dara,

Yenicə sağalır vurduğun yara,

Mənim bu yaralı könlümə dəymə!

ANAM DİLLİ QARDAŞIM

Dinlə qan qardaşını, qabar əlli qardaşım

Mən sözlü, mən arzulu, mən könüllü qardaşım,

Görürəm ki, qanından rəng alıbdır dan yeri,

Dərdli, qəmli kamanı ürək telli qardaşım.

Azadlıq günəşindən can gəlsin torpağına,

Təbrizli, savalanlı, ərdəbilli qardaşım.

Uzun illər kilidli dilin açıldı artıq,

Doğma anam laylalı, anam dilli qardaşım!

YAD GÜL DƏRƏ BİLMƏZ

Yad gül dərə bilməz çəmənimdən,

Heç qüvvə ayırmaz məni bir an

Öz doğma elimdən, Vətənimdən.

Hər yerdə günəşdir mənə bayraq

Baş əymərəm aləm yağı olsa,

Qan axsa da sel tək bədənimdən.

Ölsəm qalacaqdır əməlim sağ,

Düşmən mənə əl vursa, əminəm,

Atəş açılacaqdır kəfənimdən.

Heç qüvvə ayırmaz məni bir an

Öz doğma elimdən, Vətənimdən.

YASİN ƏVƏZİNƏ

Ürəyimin yaxınları, eşidin,

Diləyimin yaxınları, eşidin:

İllər yaman artırır bu yaşımı.

Ya tez, ya gec yerə qoysam başımı,

Nə ağlayın, nə də fəryad qoparın,

Vədinizə əməl edin, nəhayət,

Məni Araz sahilinə aparın.

İllərdir ki, qəlbimdədir bu həsrət

Məzarımı o torpaqda qazdırın,

Göz yaşımdan yaratmışam bu çayı.

Məni üzü Təbriz sarı basdırın,

Qibləm olsun Arazımın o tayı,

Ancaq, yalnız bircə bunu etməyin,

Gözlərimin qapağını örtməyin.

Üfüqlərdən çəkilərkən sis, duman,

Bəlkə bir də qara torpaq altından –

Vüsal günü qardaşımı görüm mən.

Qardaşımı, sirdaşımı görüm mən.

Mənim əzizlərim, mənim dostlarım,

Elə bilməyin ki, köçüb gedirəm.

Yarıya çatıbdır ömür baharım,

Bir də xahişimi təkrar edirəm:

Vaxtında dünyadan köçdüyüm gündə,

Tutsun tabutumdan o taylı əllər.

Yasin əvəzinə qəbrim üstündə,

Bir vüsal mahnısı oxusun ellər!

BURAX!

Söyləmə: “Gəl səni qəfəsə salım,

Yanıb külə dönsün vətənin nəşi!”

Burax boğazımı, qoy nəfəs alım,

Tutma gözlərimi, görüm günəşi!

Sən kəsə bilməzsən mənim dilimi,

Dilimin rişəsi ürəyimdədir.

Dostunam, söyləyib sıxma əlimi,

Gözün məndə deyil, çörəyimdədir.

LAYLA

Bir komada balasına layla çalır bir ana,

Dərdlərini sanki bir-bir yada salır bir ana.

Bu laylada sakit axan bulaqların səsi var,

Bahar çağı pıçıldaşan yarpaqların səsi var.

Bu laylanı uzaqdan

Ürəyimin qulağıyla eşidirəm bayaqdan.

Bir igidin balasıdır bu körpə,

Bir şəhidin balasıdır bu körpə.

Yaxşı fikir verirəm,

Mən tanışam bu laylanın hər sözüylə

Təbrizdəki o daxmada beşiyi də görürəm,

Qana dönmüş ürəyimin gözüylə.

Bu laylanın hər səsində

Sanıram ki, mənə doğma bir mahnının sətri var.

Bu laylanın nəfəsində

Tarlaların, meşələrin, çəmənlərin ətri var.

Ehtiyac yox suala,

İnanın ki, bu layla

İgidlərin adını,

Şəhidlərin adını

Gizlinə

Körpəciyin qulağına pıçıldayır hər gecə.

Bu laylada bir xalqın, bir vətənin

Qövr eləyən yaraları göynəyir.

Çiçəyinə qan çilənmiş çəmənin

Bülbülləri qəm yeyir.

Mürgüləyən körpənin gülümsəyir gözləri,

Nəsə deyir gözləri.

Eşitsin ana Vətən,

Bilirəm bu sirri mən:

Körpə sabah öz əliylə,

Xalqın böyük əməliylə

Quracağı dünyasından razıdır,

Anasının laylasından razıdır!

MÜCAHİDLƏR MAHNISI

Biz gedirik azadlıqçün döyüşə,

Sinələri dağlamayın, analar!

Şəhid olsaq yaşarmasın gözünüz,

Başa qara bağlamayın, analar!

Bir vaxt deyib-gülənlərin yasını,

Düşmən bağrı dələnlərin yasını,

Bu günlərçün ölənlərin yasını

Uzun illər saxlamayın, analar!

Unudulmaz azadlıqçün ölənlər,

Bizi anar bizdən sonra gələnlər –

Bizim kimi el qədrini bilənlər,

Ağlamayın, ağlamayın, analar!

TƏBRİZLİ ANALAR

Mən təbrizli analara bələdəm,

Fəxrimdir bu əziz, qoçaq analar.

Körpəsinin beşiyinin başında,

Sübhə qədər qalar oyaq analar.

Məhəbbəti çiçəklənər ilk gündən,

Zərrə bezməz öz analıq yükündən.

Balasına namərdliyi kökündən

Saf südüylə edər yasaq, analar.

Hər kəlməsi, hər sözü gül qoxuyar,

Laylasını diləklərdən toxuyar.

Ürəklərdən keçənləri oxuyar

Kitab kimi varaq-varaq, analar.

Xata çıxsa övladının əlindən.

İnsanlara ziyan dəysə dilindən,

Üz döndərsə vətənindən, elindən

Kandarına basmaz ayaq, analar.

Ta əzəldən dar günündə ellərin,

Qarşısına sinə gərər sellərin.

Nəfəsini kəsər qara yellərin,

Dayaqlara olar dayaq, analar.

Qan axarkən Təbrizdə su yerinə,

Döyüşlərdə ürək verər ərinə.

Nalə çəkib, şəhidlərin qəbrinə

Güllər səpər qucaq-qucaq, analar!

KÖÇƏN DEYİLƏM

Qoy əcəl bilsin ki, vəslin bağından,

Gül-çiçək dərməmiş keçən deyiləm.

O taylı dilbəri özümtək azad,

Bəxtiyar görməmiş köçən deyiləm.

Sinəmdə bir dərya sözüm var yenə,

Olümdən, əcəldən deməyin mənə.

Süleyman Rüstəməm, xalqa, Vətənə

Borcumu verməmiş köçən deyiləm!

ÖZ GÜLÜSTANIM

Özgə torpağına göz dikməmişəm,

Mənə kifayətdir öz gülüstanım.

Yolunda hazıram candan keçməyə

Vətəndir, Vətəndir şöhrətim, şanım.

Qardaş, xəbərdaram güzəranından,

Gülləri yad dərən gülüstanından.

Canım canındandır, qanım qanından,

Yox, dözə bilməyir buna vicdanım.

Qəm-qüssə çəkməzdim bəlkə də bunca,

Təbrizi görsəydim bir də doyunca.

Vüsal həsrətilə Araz boyunca,

Yolları yollara yamayan canım!

VÜSAL HƏSRƏTİ

Vüsal həsrətilə yanıram yenə,

Yoxdur əzəl gündən hicranla aram.

Şerimlə, mahnımla çəkərək nərə,

Hicran cəbhəsini mən gərək yaram.

Ey nisgilli bacım, dərdli qardaşım,

Savalan sayağı ağardı başım.

Bu tayda gülşəndir torpağım, daşım,

Sizsiz ola bilməz ürəyim aram.

Qəflətdən oyanmış görürəm sizi,

Dağ kimi dayanmış görürəm sizi,

Al qana boyanmış görürəm sizi,

Dərdiniz dərdimdir, yaranız yaram.

Halı cəlladların yamandır, yaman,

Yoxalır köləlik, dəyişir zaman.

Süleyman Rüstəməm, eşitsin cahan:

Sizə havadaram nə qədər varam!

DEYİLMİ?

Durnalar, siz deyin, qan qardaşlarım

Gəlib dərd əlindən zara, deyilmi?

Odlar torpağının ürək parçası

Arazın o tayı, ora deyilmi?

İnsanlar göz açmır əlindən yasın,

Gülləri qaradır baharın, yazın.

Qoca ər evinə satılan qızın,

Örtüyü günütək qara deyilmi?

Süleyman, bağlısan o doğma yerə,

Vətənim deyirsən gündə min kərə.

Təbriz gözəlindən sənə xatirə,

Bağrında sızlayan yara deyilmi?!

BİR ANLIQ HƏYƏCAN

Sevgilim, həyatla vida çağımda

Borcunu yerinə yetirməyə gəl.

Gəl, ötən günlərin xatıratını,

Gəlişinlə cana gətirməyə gəl!

Gəl, başıbəlalı Təbrizdən danış,

Ürəyi yaralı Təbrizdən danış,

Səngərli, qalalı Təbrizdən danış,

Vüsal çiçəkləri bitirməyə gəl.

Uzaqda olsan da yanımdan mənim,

Qanın ayrı deyil qanımdan mənim,

Canıma yaxınsan canımdan mənim –

Ölsəm, məni yerdən götürməyə gəl.

Ömrümün dünəndə qaldı baharı.

Mənim xoş günümdə gəlmədin, barı

Qırıb məftilləri, udub yolları,

Məni son mənzilə ötürməyə gəl!

VƏFALI QALIB

Yenə könlüm quşu xəyala dalıb,

Başımın üstünü dumanlar alıb.

Yarı yolda Araz kəsib yolumu,

Məni min dərdə, min bəlaya salıb.

Sevgilimdən uzaq düşüb könlüm,

Bilsin aləm, qanım yaman qaralıb.

Gecələr yatmıram sabaha qədər,

Məni əqrəbmi, ya ilanmı çalıb!

Qan çəkib yol çəkən gözüm, heyhat,

Uzun illər ötüb, yaşım çoxalıb.

Xeyli var ki, vüsal küsüb məndən,

Mənə bir ayrılıq vəfalı qalıb.

Müəllif: SÜLEYMAN RÜSTƏM

Mənbə: Ədalət.-2012.-10 mart.-S.5.

Akif Əli Günay Firudinqızının qonağıdır – “Geriyə baxanda”

Akif ƏLİ Günay Firudinqızının qonağıdır – “Geriyə baxanda”

Məlumatı hazıladı: Amina

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əlisəmid Kür haqqında

“Əlisəmid Kür haqqında ən yaxşı portreti Əjdər Ol yaradıb.” – Rasim Qaraca


Kür Əlisəmid

(hekayə-portret)

Ağıllısı dəli kimi,
dəlisi ağıllı kimi,
millətim hey!

Ə.Kür

Nəşə çəkib çox da ki, beynimi qurutmuşam,
elə bilmə, əzizim, mən səni unutmuşam.

Bir meyxanadan

Əsərinin qəhrəmanına əl qaldırma!

Müəllif

İndi şair Əlisəmid Kürdən yazmaq elə də sərfəli bir iş deyil. Çünki, son illərdə o, özünü xeyli adamın gözündən salıb, olub heç nə.
Heç şair də qulaq kəsər? «Qulaq kəsmək» deyəndə fikriniz kiminsə kimə kəf gəlməyinə, atmağına getməsin ey, söhbət həqiqi qulağa təcavüzdən gedir. Özü də kimin-kimin, şair dostunun. Hərçənd ki, bu, Əlisəmidin versiyasıdır. Zərərçəkən tərəfin dediyinə görə, Əlisəmid A-nın qulağını kəsməyib, dişləyib qopardıb.
Haqqında danışılan bədbəxt qulaq dibindən üzülməyib, onun üst tərəfinə, təxminən beşdən iki hissəsinə qəsd edilib. Yaxud, belə demək olar: «qulaq» sözünün «qu»su qoparılıb, «lağ»ı yerində qalıb. Sözümün «məmmədqulu»su budur ki, Əlisəmid qulaq kəsməyi qoçaqlıq hesab edirsə, deməli o, bir əməliyyat üzrə qəhrəmanlıq normativinin yalnız beşdə ikisinə əməl eləyib. Qulaqkəsənlər arasında o, uzaqbaşı ortadan axıra qədər olan yerlərdən birini tuta bilər.
Nəticə eyni olsa da, kəsməklə dişləməyin mənası bambaşqadır. Ortada şərəf məsələsi var. Əlisəmid hadisədən dərhal sonra A-nın qulağının kəsiyini qanlı-qanlı kağıza büküb cibinə dürtərək (Yaddaş məni öldürəcək – vaxtilə rəssam Van Qoq qulağını kəsib çiçək əvəzinə sevgilisinə aparmışdı). Yasamaldan şəhərə enib. O, həmin günün günortasına qədər şair dostunun bir qırıq bədən üzvünü «A-nın qulağını kəsdim!» deyib şəhadət üçün başqa qələm yoldaşlarına göstərib, ürəyi soyuyandan sonra həmin əşyayi-dəlillə özünü polis idarəsinə təslim edib.
Bayaq «şair dostunun» ifadəsini elə-belə işlətmədim. Vaxt vardı, Əlisəmid gələcəkdə bıçaqlayacağı A ilə cur idi. Onlar Baksovetdən mənzil alanda biri-birini qonşu seçmişdi. Mən bilən, aralarında hətta kirvəlik məsələsi də vardı. Bir gün sizdə, bir gün bizdə yeyib-içirdilər, qoşa gedib, qoşa gəlirdilər.
Əlisəmidin «Kentavr» kitabının Yazıçılar Birliyinin «Natəvan» klubunda təqdimatı keçiriləndə mən məclis aparıcısından canfəşanlıqla söz alıb şair haqqında ən isti və ən məhrəm «nitq irad edən» A idi. Onun dedikləri yadımda qalmasa da, amma çıxışının havasını yaxşı xatırlayıram. A-nın sözündən belə çıxırdı ki, Əlisəmiddən yoxdur.
Əlisəmidin Yasamaldakı dördotaqlı təzə mənzilinin (indi Əlisəmid o mənzildə yaşamır. Çünki Əlisəmidli, A-lı xatirələrlə dolu həmin mənzil artıq başqasına satılıb.) «evgördüsü»nə yığışmış qələm adamları arasında qonşusu A-nın yeri Səlyan idi. (Biz tərəfdə kimin yeri rahatdısa deyir: «Yerim Səlyandır!»).
A Əlisəmidin cinayətini ona bağışlamadı və istintaq müddətində orda-burda açıq-açığına bildirirdi ki, bu işdən keçən deyiləm, o vicdansız beş yaşlı oğlumun ağlaya-ağlaya dediyi «Əmi, atamı öldürmə!» sözlərinə də məhəl qoymayıb bıçaqla üstümə cumdu.
Zərərçəkənin danışdığına görə hadisə belə olmuşdu: səhər Əlisəmid onun mənzilinin qapısının zəngini basır. Həm qonşu, həm də dost kimi Əlisəmid hər gün bu qapını döydüyündən, A-nın xanımı heç nədən şübhələnmədən onu içəri buraxır. Əlisəmid ayağını astanadan içəri qoyan kimi qəzetə büküb götürdüyü bıçağın örtüyünü açıb tullayaraq yuxudan təzəcə durmuş A-nın üstünə atılır. Görünür, onun A-nı öldürmək məqsədi olmayıb, yoxsa bədənin istənilən yerinə bıçaq yeritmək qulaq kəsmək kimi çətin və incə bir işi yerinə yetirməkdən min dəfə asandır. A-nın konkret müqaviməti, yəni digər bədən üzvlərini müdafiəsiz qoyub yalnız qulaqlarını qoruması, evin xanımının araya girməsi, uşağın qıy-qışqırığı və bunların fonunda təcavüzkarın bir balaca özünü itirməsi qəsdçini məsələni tez çürütməyə tələsdirib. Tələsik iş də yarımçıq olur.
Cinayətin əsil səbəbi, Əlisəmidin lotuluğunun mənası bu günəcən açılmayıb. O, müttəhim kürsüsünə anlaqsız kimi çıxmışdı. A da axırda günahı keçmiş qonşusunun və dostunun dəliliyində gördü.
Əlisəmid türməyə düşmədi, çünki dəli çıxmışdı. Dostları Akif Kərimovun, Aşıq Pənahın oğlunun, daha kimlərin köməyilə dəlilik kağızı alan şairi Maştağa dəlixanasında cinayət törətmiş dəlilərə qatdılar. Bununla Əlisəmid böyük bir ütüdən qurtardı.
Sözü qoyub, sözə keçim, Əlisəmid dəlixanaya düşəndən sonra Həmid Herişçi qəzetdə çap etdirdiyi bir yazısında onu «Dəlisəmid» adlandırmışdı.
Əlisəmid dəlixanadan çıxandan sonra gəlib yapışır Həmid Herişçinin yaxasından ki, düdük, o nə sözdür işlətmisən yazında?! Həmid bərk ilişdiyini görüb zarafata keçir:
– Sən ağıllı çıxdın, olmasın Dəlisəmid, olsun Dəlihəmid.
Belə cavaba Əlisəmid nəinki qane olandır, hətta qonaqlıq da verəndir. Çünki, türmənin oğru qanunlarına görə hərif yek kəlmədə pas eləmişdi və razborkaya (məsələnin ayırd olunmasına) ehtiyac qalmamışdı.
Əlisəmid A-ya qədər yaxşı gəlirdi. Bu sözü o mənada deyirəm ki, qabaqlar onun heç bir dava-dalaşı bıçaqlaşma ilə bitməmişdi. Yan-böyürü bilir ki, əvvəl də Əlisəmid bir dəfə türmədə yatıb, amma başqa iş üstə. Düzdür, ötən əsrin səksəninci illərinin sonunda ölkədə azadlıq hərəkatı başlananda neçələri kimi Əlisəmid də adam içində «Biz də onda (yəni qadağalar dövründə) getdik!» deyib istədi dissidentliyinə görə türməyə düşdüyünü dilə-ağıza salsın, ancaq keçmədi. Çünki o, bir neçə il əvvəl Xarkovda nə üstə türmədə yatdığını artıq çoxlarına danışmışdı.
Əlisəmid dəliqanlı, coşqun, kür, kəmhövsələ adamdır, bir yerdə duruş gətirə bilmir. Kür çayı kür, yəni dəlisov olduğu üçün «Kür» təxəllüsü Əlisəmidin boyuna-buxununa biçilib. Dava-dalaş – onun yaraşığıdır. Əlisəmid dililə yox, həm də əlilə danışan şairdir. Bir dəfə məclisdə yazıçı Seyran Səxavət dedi ki, Əlisəmid Koroğlunun dəlilərindəndir. Həmin məclisdə bu fikri Vaqif Bayatlı başqa cür fırlatdı: «O ki, deyirlər ha ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi, bax, həmin ağıllı bilmirəm kimdir, ancaq o dəli Əlisəmiddir, çay da Araz çayı.»
Ədəbi mühitdə çoxları Əlisəmiddən gen gəzir, A-nın məsələsindən sonra hətta ondan qorxurlar. Olmadı elə, oldu belə, bir də gördün onun beyninin qurdu tərpəndi, bıçağı yortdu böyrünə. Fəhmim məni aldatmırsa, Əlisəmid cibində bıçaq gəzdirmir, amma çoxları düşünür ki, ondan nə desən çıxar. Çünki, doğrudan da ilk baxışda o, oturuşundan-duruşundan şər-xata adama oxşayır.
Şair dostum «Kentavr» kitabının üz qabığında özünü kentavra – adam başlı ata oxşadıb. Əfsanəvi at-adam olan kentavr keçmişdə bilmirəm, amma indi gözə görünsə, vahimə yaradar. Lakin, şirdən, pələngdən, kobradan qorxmayan adamlar, təlimçilər, ovsunçular tapıldığı kimi kentavra da mehr salanlar varmış.
Onu tək görmək çətindir, həmişə yanında yançısı olur. Bu yançı nə təhər Əlisəmidin sehrinə düşürsə, uzun müddət ondan ayrıla bilmir. Bunun bir səbəbi odur ki, Əlisəmid, dostu Tofiq Qaraqayanın sözü ilə desək, təkə kimi qabağadüşəndir, işdüzəldəndir, tikəsini yarıböləndir. Təkcə onu deyim ki, bir neçə qələm dostu məhz onun zirəkliyi hesabına Baksovetdən mənzil qopardıb.
Tofiq Qaraqayanın adını çəkdim, bu həmin mübarək şəxsdir ki, bir zaman Əlisəmid onunla gəzərdi. Əlisəmid Tofiqi günüsü sayırdı. Bilmirəm Əlisəmid «Günü» ayamasını haradan tapıb şair dostunun belinə yükləmişdi, çox vaxt dostunu «Günü» deyə çağırırdı. Tofiq də Əlisəmidə ad tapmışdı: «Canavar».
«Canavar»la «Günü»nü ədəbi mühitin adamları həmişə bir yerdə görərdi. Gah bu onun, gah da o, bunun kölgəsinə çevrilərdi. Yazıçılar Birliyinin mərtəbələrində, jurnal-qəzet redaksiyalarında, çayxanalarda, kafelərdə onları qoşa, pilləkən, keçid dar olanda isə dal-qabaq addımlayan görərdik. Tez-tez sahman rayonlara qonaq gedərdilər. İndinin özündə də ədəbi mühitdə dolaşan adam mütləq hər gün Əlisəmid və onun yazıçı ekiztayına rast gəlməlidir. Baxmayaraq ki, o, «Yol»un baş redaktorluğundan sonra heç bir ədəbi orqanda işləməyib.
Əlisəmid Tofiqdən aralanıb (deyəsən hansısa haqq-hesab üstə pozuluşmuşdular.) fotoqraf Şahinə qoşuldu. Fotoqraf Şahinin it ilindən qalma köhnə bir fotoaparatı vardı, həmişə boynundan asdığı qara çantasında olardı. Kişinin oğlu guya Əlisəmidin böyründə balalarına çörək qazanırdı. Əlisəmid hansı qapını döyürdüsə, onun yançısı fotoqraf Şahin mütləq tanış olduğu adamın şəklini çəkməliydi. Tutaq ki, şair təzə çıxan şeir kitabını kiməsə verib ondan muştuluq, şirinlik, nə bilim Yafəs Türksəs demişkən, nəmər alanda fotoqraf Şahinin fotoaparatı çırıkkaçırıq işləyirdi. Ancaq Əlisəmidin mənə boyun aldığına görə, Şahin hələ bir adamın şəklini çıxardıb yiyəsinə verməyib, işi hoqqabazlıqdır.
Bir ara Əlisəmid Murad Köhnəqala ilə oturub-durdu. Daha doğrusu, Əlisəmidə «oturub» sözü yaraşmadığına görə elə təkcə «durdu» sözü ilə də kifayətlənmək mümkündür. (Aralarından su da keçməyən vaxtlarda Murad bir gecə Əlisəmidgildə qonaq qalası olur. Səhər yuxudan oyanıb hamamda üzünü qırxmaq istəyən qonaq ətrafa göz gəzdirib görür ki, güzgü yoxdur. Əlisəmidi səsləyir:
– Səmid, (bəzən dostları onu belə çağırır.) bir güzgü qırığı ver, üzümü qırxım.
Əlisəmid cavab verir:
– Mən güzgüsüz də keçinirəm, üzümü əzbər bilirəm).
Muradın sözüdür: «Bakıda Əlisəmid Kürdən çox piyada gəzən yoxdur». Axırda Murad Əlisəmidlə ayaqlaşa bilmədi, biri yorğa yeriyən, biri astagəl, ayrıldılar. Ancaq ayrılmazdan əvvəl onlar qəribə bir sövdaya düşdülər. Bilmirəm, indikilərin dililə desək, bu layihə hansının idi.
Günlərin bir günü səhər vaxtı (Səhərdirsə, sabahınız xeyir!) Əlisəmid iş yerimə gəlib qonaq-qara üçün, yəni həm də ondan ötrü siyirtmənin gözündə saxladığım qutudan bir siqaret götürüb alışdırdı və dərin qullab vurandan sonra köks ötürüb dedi:
– Əji, (məni ondan başqa belə çağıran olmayıb) qapıları döyməkdən yorulmuşam. Daha yaş da o yaş deyil. İstəyirəm bir işin qulpundan yapışım.
– Hansı işin? – maraqla soruşdum.
– İstəyirəm – o dedi – Muradla Təzə bazarın yanındakı «Badi-kubə» kafesini kirayəyə götürüb işlədəm. (Onun xarakterinin bir cizgisini də görün: O heç vaxt «işlədək» deməz. Çünki, rəhbərliyi şəriklikdən üstün tutur. Əlisəmid kiminlə, yaxud kimlərlə gəzibsə, həmişə dəstəbaşı olub.) Bu bazar günü axşam saat altıda dost-tanışı yığıb açılış etmək fikrindəyəm. Sən də gələrsən.
Şair dostumun qulpundan yapışmaq istədiyi iş mənə gülməli göründü. Düşündüm ki, Əlisəmid – Murad hara, ticarət hara? Amma, üstünü vurmadım.
Əlisəmidin çağırışına getməmək olmazdı, sonra mütləq umu-küsü eləyəcəkdi, ona görə də deyilən vaxtda özümü «Badi-Kubə»yə çatdırdım. Məni qapıda Əlisəmid özü qarşıladı, hallı idi, yaxşıca vurmuşdu. O üzümdən, bu üzümdən marça-març öpüb mənə içəri keçməyi buyurdu. Hətta kövrəlib ağlamsındı da, guya uzun həsrətdən sonra ən böyük arzusuna çatmışdı. Əslən Salyandan olan yazıçı-jurnalist Mailə Muradxanlı bir dəfə dedi ki, səlyanlı (şifahi dildə «Səlyan» deyirik) kişilər yaşa dolandan sonra kövrək olurlar, göz yaşları sanki ovuclarının içindədir. Səlyanlı Əlisəmidi isə yaşa dolmamışdan qabaqlar da ürəyiyuxa görmüşəm. Araq içdisə, hər hansı bir səbəbdən mütləq dodaqlarını əsdirib gözlərindən bir-iki damcı yaş çıxardacaq.
Kafenin ortasında stollar birləşdirilib xudmani süfrə açılmışdı. Süfrədə nə yox idi? Rus arağından, Neftçala kürüsündən və balığından, Hövsan soğanından, Zirə xiyarından, pomidorundan tutmuş Xırdalan pivəsinəcən.
Qonaqlar yığışandan sonra süfrənin başında oturmuş şair Sabir Rüstəmxanlı ayağa duraraq məclisi açıb Əlisəmidin təzə işinə xeyir-dua verdi. (Yenə də Murad Köhnəqalanın adı çəkilmədi, yəqin ki, Sabir müəllimin şərikdən xəbəri yoxdu, Əlisəmid hər şeyi öz adına çıxmışdı.) O, cəmiyyətin şairdən qəhrəmanlıq, şəhidlik umması, onun şəxsi həyatına laqeyd qalması, ziyalıların öz qiymətini almaması, zamanla ayaqlaşmağın vacibliyi və s. məsələlərlə bağlı danışıb sağlıq deyəndən sonra keflilikdən güclə ayaq üstə duran Əlisəmidə baxıb əlavə etdi:
– Əlisəmid, bu işin himini araqla qoydun, sənə çətin olacaq.
Sabir Rüstəmxanlının zənni ikicə günün içində düz çıxdı.
Mən məclisdə axıra qədər oturmamışdım. O gecə səhərə qədər «Badi-kubə»də «ley-pey» olur. Ertəsi gün axşam ayılıb iş yerinə gələn Əlisəmidə və şəriki Murada bildirirlər ki, kafenin elektrik sərfindən iki min dollara yaxın borcu var. Əlisəmidlə Murad borc qaytarandır?! Ay-hay, ölmüşdü Xankişi… Beləliklə, biznesin ilk zərbəsi iki şairin sinəsindən itələyib onları köhnə mühitlərinə qaytarır.
Əlisəmid tək gəzə bilməz, bağrı çatlar. Ən azı ondan ötrü ki, ona yol yoldaşı, hər gün görüşməyə bir kimsə və nəhayət, sağlıq deyib badəni toqquşdurmağa hal əhli lazımdır. O, dəlixanadan-türmədən qayıdandan sonra Mübariz Məsimoğlu ilə tapışdı. Aradan neçə il keçsə də, onlar bir yerdədirlər. Düzü, son illərdə başım işə qarışdığına görə onlardan ara-sıra xəbər tuturam. Eşitdiyimə görə, əsas mərələri keçmiş qoburnat, indiki, filarmoniya bağının çayxanasıdır. Əlisəmid keçmiş curları ilə hansı fəaliyyət növü ilə məşğul idisə, Mübarizlə də həmin həyat tərzini yaşayır.
Əlisəmidin görkəzmə işləri çoxdur. Məsələn, az adam bilir ki, onun arağı içib sonra yonma araq stəkanını dişləyib çeynəməyi var. Tanımayan adam onun bu hoqqasını görəndə bağrı yarılır, amma mənim kimi onu tanıyanlar Əlisəmidin həngamələrinə öyrəncəlidir.
İlk dəfə Xarkovda iş alıb türməyə düşən gün kameraya daxil olanda onun başına bir əhvalat gəlir. İçəridəkilər pivə içirmiş. Bir nəfər yonma stəkana pivə süzüb Əlisəmidin qənşərinə qoyur. Əlisəmid ətrafa baxanda görür ki, başda şöngümüş pəzəvəng bir dustağın gözləri onu yeyir. Hamı stəkanda pivə içdiyi halda, bu adamın iri parçda pivə içməyindən Əlisəmidin dalağı sancır ki, gözlərini ona zilləyən yekəpər içərinin bərkgedənidir və sınayıcı vəhşi nəzərilə birinci gündən onun gözünü qırmaq istəyir. Türməyə girməzdən əvvəl Əlisəmidin qulağı çalıbmış ki, gərək türmədə ilk gündən özünü göstərəsən, yoxsa batdın, axıracan qapazaltı olacaqsan.
Əlisəmid asta-asta pivəsini içirmiş və arabir oğrun-oğrun baxırmış ki, görsün rəqibi neynir. Bu zındıq oğlu zındıq gözlərini ondan çəkmirmiş ki, çəkmirmiş. Axırda Əlisəmid ona «xox» gəlmək fikrinə düşür. O, köhnə şakərini işə salıb, qəfildən əlindəki boş yonma stəkandan bir diş götürüb çeynəyə-çeynəyə qızmış aslan kimi pəzəvəngin üstünə hücrəyir. Pəzəvəng təmkinini pozmadan qarşısındakı boş yarımlitrlik pivə parçını götürüb at ağzı ilə dişləyir və ən dadlı tikəni çeynəyirmiş kimi şüşəni gəvələməyə başlayır. Əlisəmid hesabını götürür və dala verir, olur birdəfəlik parçda yox, yonma iki- yüzqramlıq stəkanda pivə içənlərdən biri.
Başqası olsaydı, bu əhvalatın axırını öz xeyrinə dəyişərdi. Ay nə bilim, divə kəllə atdım, yaxud ona birini ilişdirdim və s. Əlisəmid kəllə atan olsa da, etmədiyini «Etdim!» deməz, başına gələnlərin hamısnı olduğu kimi boynuna alandır. Bax, onun ürəyimə yatan cəhətlərindən biri budur.
Dəngül-düngül Əlisəmiddən yazan bəzi qələm dostlarımız kimi mən də onun tərifini ala dağa qaldıra bilərəm. Elə bilirsiniz bacarmaram?! Allaha şükür, yaşadığım mühitdən mən boğazdanyuxarı danışmağı da öyrənmişəm, boğazdanaşağı danışmağı da. Amma çox yaxşı bilirəm ki, Əlisəmidə belə şeylər keçmir. Ona görə də qələmin başını buraxmışam.
Əlisəmid dişinə yem olan adamın qənimidir. Onunla bir yerdə olanda bilsə ki, sənə gücü çatır, qanın getdi. Bu sözləri elə-belə demirəm, 1990-cı il dekabrın 26-dan 1991-ci il aprelin 15-nə qədər, 3 ay, 21 gün Əlisəmidlə bir yerdə işləmişəm. Bir otaqda, başda o, ayaqda mən, üz-üzə otururduq. O zaman həmin idarənin, Bədii Ədəbiyyatın Təbliği bürosunun direktoru Hafiz Əli idi.
Hafiz Əli kimi ağırxasiyyətli, sərt, inzibatçı bir adamla işləmək dəmdəməki, cırtqoz, kəmhövsələ, nəinki Təbliğat Bürosunun çat-çat olmuş, rəngi bozarmış dörd divarının arasına, hətta yerə-göyə sığmayan Əlisəmid üçün necə məşəqqətli və cansıxıcı iş olduğunu anlamayana nə deyəsən?! Hafiz Əlinin Əlisəmiddən acığı gəlirdi. Həmişə ehtiyat edirdi ki, gözü-başı qaynayan bu dikbaş onu yıxıb yerinə keçəcək. Hətta bir dəfə hansısa məclisdə biri Əlisəmidə tanışlıq verib Hafiz Əlinin qohumu olduğunu bildirəndə gözünə döndüyüm Kür yekə-yekə cavab verib ki, hə, o, bizim işçimizdir. (Direktorumuz yox ha, işçimiz) Hafiz Əli kimi suyu üfürə-üfürə içən adam işçisinin bu itaətsizliyini necə həzm etsin? Beləsinin ipinin üstünə odun yığmaq olar? Bir də gördün verdi səni güdaza.
Əlisəmid rəhbərinin yanında etibarını tam itirdiyinə görə direktor onu gözdən qoymurdu, hər addımını izləyirdi. Əlisəmid də bu nəzarəti açıq-aşkar duyduğuna görə möhkəm darıxırdı, az qalırdı bağrı çatlasın. Qəfəsdəki yalquzaq kimi balaca iş otağımızda deyinə-deyinə var-gəl edirdi. Belə vaxtlarda yalquzaqdan onun vur-tut bircə fərqi vardı: o da siqareti-siqaretə calamağı. Ən dəhşətlisi bu idi ki, direktor onun çox siqaret çəkməyinə də deyinirdi və Əlisəmid altdan-altdan özünə təzə iş axtarırdı. Onsuz da 90-cı il yanvar qırğınından sonra cəmiyyət o qədər siyasiləşmişdi ki, ədəbiyyata maraq dəqiqəbədəqiqə azalırdı. Daha bizim idarəyə pul köçürdüb şairləri, yazıçıları görüşə çağırmırdılar, qəpiksiz-filansız siyasətlə məşğul olanları dəvət edirdilər. Hafiz Əli öz kreslosundan bərk-bərk yapışsa da, belə perspektivsiz iş Əlisəmidin nəyinə lazımdı?
İşçi kimi Əlisəmiddən bəhs etmək o qədər də maraqlı deyil. Onunla işlədiyim üç ay yarımda həmişə bu insanın fikrini dağınıq gördüm, işdə əli heç nəyə yatmırdı. Yalnız dostları gələndə fikri cəm olurdu, kefi durulurdu.
(Tofiq Qaraqaya hər gün Təbliğat Bürosuna gəlib dostuna baş çəkirdi. Son zamanlar o, tez-tez İçərişəhərdə yaşayan Əlisəmidə təklif edirdi ki, gəl, səhərlər dəniz qırağında qaçaq, siqareti, içkini ataq, bədənimizi möhkəmləndirək.
Hər dəfə iş yoldaşım bu təklifdən sonra üzünü turşudub susurdu və siqaretə cumurdu. Günlərin bir günü Tofiq yenə öz təklifini səsləndirəndə Əlisəmid partladı:
– Günü, bəsdir də! Atam xəstə, anam xəstə, qardaşımın biri türmədədir, biri dəlixanada, özüm də arvadımdan təzə ayrılmışam. Tanış-bilişin biri görüb deməz ki, ay alçaq, hansı gününə qaçırsan?!).
Bütün sənət adamları kimi onu da şöhrət azarına tutulmuş gördüm. Güc çatmayan xeyirxahlıq illüziyası, özündən zəiflərə əl tutmaq xülyası şöhrətpərəstliyin bir əlamətidir. Neyləməli, hər yaradıcı adamın nəsə bir, bəzən bir neçə kəm-kəsiri olur.
Əlisəmid bəzən gülünc xeyirxah roluna girir. Bir misal çəkəcəyəm: Soyuq və tutqun qış günü idi. İş otağımız qışa bütün güzəştləri edib onu içəri buraxmışdı. Təsəvvür edin: tavandan damır, «otopleniye» deyilən sovxa işləmir, pəncərənin dəlmə-deşiyindən külək sovrulur, içəridə çöldəki hava temperaturu və ən dəhşətlisi, Hafiz Əli iş yerində yüzcə qram da araq içməyə qoymur. (Əlisəmid bu vaxta qədər harada işləyibsə, orada hərdən yüz gillətməyə imkan olub). Hər ikimizin soyuqdan dişi-dişinə dəyir. Səbrsizliklə gözləyirik ki, iş günümüz başa çatsın. Bu vaxt qapıda qaçqın, başdanxarab, Əlisəmidi tanıyan qrafoman Kərim Nalə görünür. Əlisəmidin ona ərki varmış, bic-bic qımışır və soruşur:
– Maygülü, bu şaxtalı havada nə sülənirsən?
– Əlisəmid, – Kərim Nalə dillənir – qaranlıqda qalmışam, evdəki lampıçkaların (lampaların) hamısı yanıb. Lampıçka axtarıram.
– Bura lampıçka dükanıdır?
– Sənə umud olub gəldim, şair!
Əlisəmidə ümid eləyirlərsə, şair (belə çağırılanda xoşu gəlir) mütləq hərəkətə gəlməlidir və gəlir də. O, stullardan birini ayağının altına qoyaraq yazı stolunun üstünə çıxıb patrondan yeganə lampanı açır və şəstlə Kərim Naləyə uzadır. Kərim Nalə Əlisəmidlə məni işıqsız qoymağa razı olub lampanı alır və dil-ağız eləyə-eləyə bizdən ayrılır. Mən dinmirəm, niyə pis oğlan olum? Bir lampa nə olan şeydir?
İndicə direktorun içəriyə girib otağı işıqsız görə biləcəyi xofu Əlisəmidi diksindirir. O, «İndicə gəlirəm!» deyib otaqdan çıxır. Təxminən on dəqiqədən sonra böyük qənimətlə geri qayıdır. Bizim Bədii Ədəbiyyatı Təbliğ bürosu, «Azərbaycan», «Ulduz», «Qobustan», «Literaturnı Azərbaycan» jurnalları, «Ədəbiyyat fondu» və Karantin idarəsi yerləşən «Bakı soveti» metrosunun qabağındakı Mirzəbəyovun binasının V mərtəbəsinin dəhlizindən dörd lampa açıb gətirib. O, lampalardan üçünü stolun siyirtməsinə qoyub, birini bayaqkı üsulla patrona bağlayır. Otağımız yenidən işıqlanır.
Mən özümü saxlaya bilmirəm:
– Bir lampa bəsimiz idi də.
O, siqaretini alışdırıb həmişəki kimi dərin qullab vuraraq müdriklik edir:
– İndi işıqsız qalan çox kərimnalələr var. Bir də gördün biri azıb gəldi.
Baş aparıram:
– Hamam suyu ilə dost tutursan?
O, gülümsəyir:
– Təki dostun çox olsun!
Bu vaxt qapı döyülür.
– Deyəsən, bir dost da gəldi, Əlisəmid! – deyirəm.
– Qapı dalında durma, kimsənsə, gəl! – Əlisəmid səsini qaldırır.
Qapı açılır, qonaq nabələd adama oxşayır. O, döyükə-döyükə bizə baxıb soruşur:
– Ağalar, İsrafil ağa buralarda oturey?
Danışığından qonağın güneyli olduğu dərhal bilinir. Hələ o vaxtlardır ki, sərhədlər təzə açılıb, İrandan, Türkiyədən gələn adamları görən kimi hövllənirik. Onlara sevgimizi izhar etməkdən ötrü əldən-ayaqdan gedirik. Sonralar görməmişlik, (doğrudan da görməmişdik də) eyforiya dövrümüz keçəcək, insanın elə hər yerdə insan olduğuna bir daha inanacayıq, hətta bir çox güneyli soydaşlarımızı görəndə üzümüzü yana çevirəcəyik. Nə isə…
Qayıdaq yenə həmən vaxta, Əlisəmidlə mənim güneyli qonağı qarşıladığımız günə.
Qonaq beş-on kəlmə danışan kimi məlum oldu ki, o, Ərdəbil ətrafı kəndlərin birindən Bakıya iş axtarmağa gəlib, bənnalığı bacarır. Bu anda ötən əsrin əvvəlləri haqda oxuduqlarım yadıma düşdü. O zaman İrandan Bakıya ya tacirlər gələrdi, ya da hamballar. Neft mədənlərində də iranlı fəhlələrlə hambal kimi davranırdılar. Aradan səksən-doxsan il keçmişdi, tarix əclafcasına təkrar olunurdu. Yəqin ki, Əlisəmid də təxminən mənim düşündüklərimi fikrindən keçirirdi. O, güneyli qardaşımızın halına bərk acıdığından cibindən bir qırmızı sovet onluğu çıxardıb ərklə qonağın döş cibinə basdı. Ürəyi soyumadı, qeyrət vaxtının yetişdiyini duyub məni də tasa düşməyə çağırdı:
– Əjdər, sən də əziz qonağımıza bir onluq ver, qardaş dar gündə qardaşa əl tutmalıdır.
Mən də Əlisəmid kimi daxilən şeşələnib əlimi cibimə atdım və pullarımdan bir onluq ayırıb qonağın Əlisəmid kəşf edən cibinə qoydum.
Mirzə Cəlil demişkən, keçəl-küçəl, burnu fırtıqlı, bitli-birəli qardaşımız gedəndən sonra Əlisəmid siqaret alışdırıb dartdı və ayıldı. Deyəsən onun kövrək duyğuları əldən verdiyi sonuncu pulu ilə getmişdi. O, deyinməyə başladı:
– Harda dədəsindən-nənəsindən küsən var, gərək gəlib mənə ürcah ola. Onca manat pulum qalmışdı, onu da bu oğraş apardı.
Sonra o, üzünü mənə tutdu:
– Səndə pul var, on manat mənə borc ver! Görək başımıza nə gəlir. (O zaman Əlisəmid tez-tez qonşu «Qobustan» jurnalında işləyən şair Tofiq Abdindən xırda borclar alıb adını onun borc dəftərinə yazdırardı.)
Məndən on manatı qopardandan sonra Əlisəmidin kefi kökəldi. Təki onun əlində pul olsun. Bu pul azdır-çoxdur, borcdur, əmanətdir, dəxli yoxdur, mütləq həmin gün son qəpiyinəcən xərclənməlidir. Sonrası?! Eh, məyər o, sonrasını düşünəndir?!
Əlisəmid pul tapmaqda qoçaqdır, zalım balası pulun iyini bilir. Əlisəmidlə çox oturub-durmuşlardan biri – Adil Mirseyid danışırdı ki, bir dəfə mən, Aydın Uluxanlı və Əlisəmid içmək istəyirdik, ancaq pulumuz yoxdu. «Azərnəşr»in qabağında xeyli dayansaq da, ərk ediləsi bir tanışa rast gəlmədik. Birdən Əlisəmid itdi. Aradan on-on beş dəqiqə keçərdi, ya keçməzdi, yanımızda bir taksi saxladı. Taksinin arxa oturacağında əyləşmiş Əlisəmid əlində tutduğu iki iyirmibeşliyi pəncərədən çıxardıb dililə «Heyvagülü» çalmağa başladı. Bizim üzümüzə işıq gəldi, tez maşına təpildik. Yeməkxanada oturub bir şüşə arağı gillədəndən sonra ondan pulu hardan tapdığını soruşduq. Məlum oldu ki, qardaşımız yüzmanatlıq təzə dəri çantasını hansısa mağazanın sahibinə yarı qiymətə satıb. Təki məclis qurmağa imkan olsun. Əlisəmid belə Əlisəmiddir.
İki ildən artıq Maştağa dəlixanasında yatmağa məhkum edilən Kürün yanına Vaqif Bayatlının, Adil Mirseyidin, başqa dostlarının getdiyini eşitmişdim. Hətta Adil gecə dostu ilə bir çarpayıda baş-ayaq yatması barədə mətbuatda yazmışdı. Ancaq nə qədər yaxın olsaq da, mən onu bir dəfə də yoluxmadım. Elə buna görə də o, dəlixanadan çıxandan dərhal sonra mənim dönüklüyümün səbəbini öyrənməkdən ötrü boğazıma çökdü. İş yerimin qabağında qucaqlaşıb, öpüşüb, görüşüb iyləşəndən sonra birinci kəlməsi bu oldu:
– Səni çox gözlədim, nöş yanıma gəlmədin?
Quru-quru dilləndim:
– On il də yatsaydın, yanına gəlməzdim.
– Bıy?! Nöşün ki?! – O, əsl səlyanlı kimi təəccübləndi. – Akifə görə?
– Yox!
– Bəs…
– Eşidəndə ki, hadisədən bir az qabaq ikinci arvadından da ayrılmısan, səndən zəndeyi-zəhləm getdi. İki arvadı başsız, dörd uşağı yetim qoymusan.
Qırmızı danışığımdan Əlisəmidin dili tutuldu. Möhkəm ilişmişdi. Onu hər hansı məsələdə «neprav» (haqsız) çıxartmaq elə də asan məsələ deyil. Yarasının közü qopardılan, uşaqlarından iki il gen düşən anadangəlmə kövrək şairə indi gəl tamaşa elə! Əlisəmid leysanı başlamışdı…
Handan-hana dostumu sakitləşdirdim və taksiyə mindirib Salyana – anası ilə görüşə yola saldım. Onu da deyim ki, o, bərkə düşəndə Salyana, köhnə dostlarının yanına qaçandır.
Heç nədən çəkinmədən sözü üzə şax deyən, ürəyindəki dilində olan, işi düşdüyü adamın qapısın ərklə döyən, inadkar, ərincəklikdən min ağac uzaq Əlisəmidin daha hansı özəlliklərini dilə gətirmək olar? Hövsələnizi basın, deyə-deyə gəlirəm.
Onun küyə getməyi də var. 1990-cı ildə Bakıda 20 yanvar qırğınından sonra cəmiyyətin başqa təbəqələri kimi bir dəstə yazıçı da SSRİ Yazıçılar İttifaqının və Kommunist partiyasının üzvlüyündən çıxmaq barədə məsələ qaldırır. Bu çağırışa qoşulmaq üçün digər yazıçılara zəng edənlərdən biri də Bədii Ədəbiyyatı Təbliğ bürosunun əməkdaşı şair Əlisəmid Kür olur. Və o, yekə yerdən yapışıb Sovet hökümətinin hər üzünü görmüş, ayıq, tükü-tükdən seçən yazıçı Mirzə İbrahimovun evinə zəng vurur. Dəstəyi yazıçı özü qaldırır:
– Bəli!
Əlisəmid onu salamlayıb özünü nişan verir:
– Mirzə müəllim! Sizi narahat edən şair Əlisəmiddir, Bədii Ədəbiyyatı Təbliğ bürosunun əməkdaşı.
Belə səksəkəli vaxtda zəng edənin məhrəm yerdən olması Mirzə müəllimə xoş gəlir:
– Eşidirəm, oğlum!
Əlisəmid yazıçını məsələdən agah edir.
NKVD, KQB xofu canından çıxmayan, neçə dəfə gözdən salınmış, incidilmiş Mirzə müəllim necə şübhəyə düşməsin? Bəlkə onu sınağa çəkirlər?! Bəlkə ona qarşı təxribat törətmək istəyirlər?! Hər halda ehtiyatlı olmaq gərəkdir. O, yenidən soruşur:
– Üzr istəyirəm, kimdir dediniz?
Şairin hövsələsi daralır:
– Əlisəmid!
Mirzə müəllim:
– Əlisafir?! Yox, mən belə yazıçı tanımıram! – deyib dəstəyi asır.
Qocaman sənətkar, ictimai xadim provokatordan canını qurtarıb rahat nəfəs alır, havalı şair isə köhnənin kommunistini ürkütdüyünə görə şellənir. Birinə nəticə lazımdır, birinə məzəli situasiya.
Əlisəmidin tez-tez danışdığı bir əhvalat: «Bir dəfə Vidadi Məmmədov, mən və iki-üç yazıçı çayxanada oturub çay içirik. Birdən fantast yazıçı Namiq Abdullayev çayxanada peyda olub yanımızda əyləşir. Vidadi Məmmədov sadəlövh Namiq Abdullayevin zəif damarını tutub deyir:
– Namiq müəllim, bayaqdan burda müzakirə gedir. Atışıb pul yığmışıq, yeyib-içmək istəyirik, ancaq bir qərara gələ bilmirik nə alaq. Araq, konyak, yoxsa çaxır?
Namiq Abdullayevin gözləri alacalanır, dili-dodağı əsir və o, tələsik dillənir:
– Vidadi, nə fərqi var, içki olsun də…
Vidadi ciddiləşir:
– Namiq müəllim, özünüzü ələ alın, «Yeyib-içmək» adı eşidən kimi ifraz etdiyiniz mədə şirəsini geri qaytarın, zarafat edirdim, pulumuz yoxdur, nə yemək, nə araq, nə konyak, nə də çaxır olacaq.»
Əlisəmid hər dəfə bu əhvalatı elə şövqlə, elə həvəslə, elə yerli-yerində danışır ki, sanki danışdığı dünən olub.
Əlisəmid as qumarbaz olmasa da, onun arabir kart sıxmağı var. Hətta həyatda da hərdən qabaqdangəlmişlik, çoxbilmişlik eləmək istəyəndə, rəqibinin gözünün odunu almaqdan ötrü canı-başı özü ilə olmayanda qarşısındakına xox gəlir: «Get özünə, məndə üç tuzdur!» Əslində o, düz deyir, onda həmişə üç tuz olur, amma bu tuzların bəzən biri, bəzən ikisi, bəzən, hətta üçü də saxta olur.
Təsəvvür edin, şıdırğı qumar gedir, oyunçular bir-bir «Mən pəs!» deyib oyundan çıxır, axıra qalan Azər Əbilbəyli (yazıçıdır, indi Almaniyada yaşayır) ilə Əlisəmiddir. Ortada xeyli pul yığılıb. Gözlər alacalanıb, görək kim kimi yeyəcək?! Əlisəmid özünü əsl qumarbaz kimi göstərir, ürəkli gedişlər edib pulu artırmaqda davam edir. Azərsə rəqibinə və ətrafdakılara tox-tox baxıb arxayın-arxayın bığaltı gülümsəyir. Axırda Azər son gedişini edib dillənir:
– Əlisəmid, açıl!
Əlisəmid şəstlə üç tuzu stolun üstünə çırpır.
Azərin gözləri kəlləsinə çıxır:
– Axı, məndə də üç tuzdur – o, kartlarını açır. – Bu necə ola bilər, Əlisəmid?!
Bu vaxt Əlisəmid pulları qamarlayıb cibinə dürtə-dürtə deyir:
– Bunu özündən soruş, mənim əlim düzdür!
Aldandığını sübut edə bilməyən ölüvay Azərin deyinməkdən başqa nə çarəsi var?! Günahını Əlisəmidin boynuna qoymaq olar?!
Şair Sabir Sarvan Əlisəmidin doxsanıncı illərin əvvələrində «Azərbaycan» nəşriyyatında rəssam Gündüzün (bu da Almaniyaya köçüb) emalatxanasında baş verən qumar sərgüzəştləri barədə maraqlı müşahidələrini mənə danışır: «Əlində az xal olsa da, Əlisəmid hər oyunun sonuna qədər udmaq şansını əldən vermək istəmir. Bir dəfə qumarda o, mənimlə axıra qalmışdı. Üz damarlarının titrəməsindən aydınca oxuyurdum ki, hərif hərbə-zorba gəlir, əli aşağıdır. Əvvəlcə məni qaçırmaq məqsədilə o:
– Sabir, biz dostuq, ziyanın yarısından qayıtsan yaxşıdır. – dedi.
Mən möhkəm dayanıb oyunu davam etdirdim.
Əlisəmid bir az geri çəkildi:
– Sabir, dostumsan, səndən keçə bilmirəm, görürəm inad edirsən, eybi yox, gəl bölüşək.
Mən partladım:
– Əclaf, qumarda nə dostluq? Oyununu oyna!
Rəqibinin saqqalığını görən Əlisəmid daşın qayaya rast gəldiyini anlayıb dilləndi:
– Yaxşı, bu oyunu sənə güzəşt edirəm, pulları apar! Ancaq, yerpulumu qoyacaqsan.
Görürsən, o, nəsə qopartmadan adamın yaxasından əl çəkən deyil.
Bir dəfə də qumar vaxtı Əlisəmid görür ki, stolun altında iyirmidollarlıq göyərir. Yəqin ki, bu pul buradakılardan kimsə əlini cibinə salıb-çıxardanda yerə düşüb. O, baş sındırır, pulu yerdən necə götürsün ki, oyundaşları görməsin. Belə məsələlər ortaya çıxanda onun beyni iti işləyir, tez ayağa durub guya ayaqqabısının qopmuş hissəsini yapışdırmaq məqsədilə yapışqan götürür və diqqəti cəlb etmədən ayaqqabısının pəncəsini iki yerdən azacıq yapışqanlayaraq (pul korlanmasın deyə) sivişib yerində oturur. Növbəti əməliyyat ayaq uzadıb onunla üz-üzə oturmuş oyunçunun – iş yoldaşımız Kənanın stulunun altından pulu götürməkdir. Lazım olanda Əlisəmid qolunu və qıçını dartıb uzada bilir. Odur ki, o, rezinləşmiş qıçını gərib pulun üstünə şığımaqla əskinası hop götürür.
Kənan əlini cibinə atıb pullarını çıxardanda iyirmidollarlıq gözünə dəymədiyindən o biri ciblərini ələk-vələk etməyə başlayır və bu qənaətə gəlir ki, pulu çırpışdırılıb. O, səs-küy salıb rəqibləri arasından oğrunu axtarır.
İndicə söyüşmə başlanacağını duyan Əlisəmid oğru ayağını ayaqqabıdan çıxarır.
Kənan söyüşə keçir: Mənim pulumu kim oğurlayıbsa, onun var-yoxunu…
Əlisəmid özünü inandırır ki, söyüş ona yox, ayaqqabıya gedir, ona görə də sudan duru çıxmaq üçün Kənana qoşulur:
– İyirmidollarlıq hansı alçaqdadırsa, bu kişinin pulunu qaytarsın. Belə namərdlik olmaz. Gəlin, ciblərinizi çevirək.
Əlisəmid bir ayağı yalın, bir ayağı ayaqqabılı yerindən qalxıb bütün ciblərini çevirir və özünü təmizə çıxarır. Yazıq Kənan nə bilsin ki, doğrudan da pul heç kəsdə deyil, soyunulmuş ayaqqabı tayının altına yapışdırılıb.
Qumar məclisi dağılandan sonra Əlisəmid ayaqqabısının tayını ayağına keçirdib pulu zay eləməsin deyə həm asta-asta, həm də taytıya-taytıya «Azərbaycan» nəşriyyatının binasından aralanır və dalda bir yerdə üsulluca əskinası ayaqqabısından ayırıb cibişdanına basır.»
Uşaqlıqda dayısı Əlisəmidə kostyum alıbmış. O, köhnə paltarını soyunub təzə kostyumu geyinən kimi, əynindən çıxanları büküb-bükməliyib Kürə qaçır və qoltuğundakını çaya tolazlayır. Binadan başında qalıb, onun əyninin dəyişəyi olmaz, təzə paltar alan kimi köhnəsini ya atmalı, ya da kiməsə bağışlamalıdır. Son illərdə hər dəfə o, nimdaş paltarını Bakının «qul bazarı» deyilən yerlərinə yığışan qaçqın işaxtaranlardan birinə verməsə, ürəyi soyumaz.
Əlisəmid əliaçıqdır, həm də eləsindən ki, onu xəzinə üstünə qoysan, bir həftədən sonra gəlib görərsən ki, nəinki xəzinənin içindəkilər tanış-bilişə paylanıb, hətta xəzinənin yerləşdiyi bina da dostlardan birinin ayağına keçirilib. Ancaq onun bir eybi də budur ki, elədiyini başa qaxandır. Təsəvvür edin, o, Adil Mirseyidlə hansısa kafedə oturub bir şüşə arağı boşaldıb hallanandan sonra cibində qalan son manatları çıxardıb dostu ilə yarı bölür. Adil peyğəmbərlərdən birinin görkəmini alıb deyir:
– Sağ ol, əziz dost! Uşaqlarımı da unutmursan, bu axşam onlara çörək aparacağam. Ancaq səndən bir xahişim var.
– Nə xahiş? – Əlisəmid şeşələnir.
Adil Mirseyid yazıq-yazıq dillənir:
– Mənə qarşı heç vaxt «buynı» (amansız) olma! Axı, biz qardaşıq.
Əlisəmid özündən çıxır:
– Sənə qarşı necə «buynı» olmayım? Arağı mənim «şot»uma içirsən, cibinə pulu mən qoyuram, ancaq sən ayılan kimi məni hərrəməyib Abbas Abdullaya şeir həsr edirsən, Elçinə açıq məktub yazırsan.
Əlisəmidin əbədi və ədəbi məntiqi budur: onunla oturub-durursansa, mütləq hər işdə ona qahmar çıxmalısan. Ancaq onun əksər adamlarda olmayan bir cəhəti yuxarıda söylədiyim yaramaz xasiyyətinə kölgə salır. O, aldığını da deyəndir, gizli işi yoxdur, heç kəsin haqqını itirmir.
Yenə də Əlisəmidin Yazıçılar birliyinin «Natəvan» klubunda keçirdiyimiz yığıncağını xatırlayıram. Yığıncağın axırında o, çıxışını bitirib bütün məclis iştirakçılarını üst mərtəbədəki kafedə hazırlanmış banketə dəvət edərək qulağıma pıçıldayır: «Burdakıların hamısının məclisində yeyib-içmişəm, ucdantutma hamını qonaqlığa dəvət etməyə məcburam.» Adətən «Natəvan» klubunda keçirilən görüşdən sonra səbəbkar özünə yaxın olan beş-altı, on-on beş qələm dostu ilə yeyib-içməyə gedir. Ancaq bütün iştirakçıların banketə dəvət edilməsini yalnız ondan görmüşəm. Xırdaçılıq olsa da, yeri düşmüşkən bir məsələni deyim. Bəzən elələri tapılır ki, belə banketlərin xətrinə görüşlərə gəlib görüşü keçirilən adama qabırğa olurlar.
Doxsanıncı illərin sonunda «Natəvan» klubunda ayda iki dəfə keçirdiyim «Ədəbi klub»un bir görüşünə şair Ağalar Mirzəni çağırmışdım. Görünür, görüş müəllifin ürəyincə olmuşdu. Ağalar kimi insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən, ciddi, qaradinməz adam bu məclisi «yumaq» həvəsinə düşdü və mənə dedi ki, beş-altı nəfər götürək, gedib oturaq. Mən bu barədə bir neçə nəfərlə xosunlaşdım və əlbəttə, marıqda durmuş Əlisəmidə də göz vurub məsələni anlatdım. O, fikrimi göydə tutdu və yaxınlaşıb yavaşca soruşdu:
– Hara gedirik?
Mən çiynimi çəkdim və əlavə etdim ki, Xaqani küçəsilə mərkəzə tərəf gedəcəyik, görək rastımıza hansı kafe çıxır.
Biz beş-altı nəfərlə Xaqani küçəsilə xeyli getdikdən sonra bir də gördük ki, Əlisəmid arxadan deyinə-deyinə qaçaraq gəlir. Ondan nə baş verdiyini soruşdum. O, bir az da coşdu:
– Axmağın biri bayaqdan qəmiş olub ki, Əlisəmid hara gedirsən? Ona hirslənirəm ki, heç bilirəm hara gedirəm? Özümü dəstəyə gücnən saldırmışam, sən də qır-saqqız olub əl çəkmirsən.
Əlisəmid gələndə dörd tərəfdən adamın üstünə gəlir. Onunla eyni küçədə qarşı-qarşıya addımlayırsansa, mütləq səni uzaqdan görüb dörd cəhətdən hücuma keçən dörd adama çevrilib səni dövrəyə alacaq. Əlisəmid sərhəd gömrük məntəqəsi kimi bir şeydir, rüsum ödəməmiş ondan adlaya bilməzsən. Başına, bədəninə nisbətdə ayaqları qısa olan bu adamın (Hafiz Əli onun görkəmini belə ifadə edirdi) öz ayıqlığından və itiliyindən az bəhrələnməsi həmişə məni təəccübləndirib. Gendən zirək, diribaş, qıvraq adam təsiri bağışlayan qəhramanımın qapı-qapı gəzməkdən, dostlarla yeyib-içməkdən, ona-buna şəbədə qoşmaqdan, ara-sıra şeir yazmaqdan başqa sanki heç bir məqsədi yoxdur. Elə bil heç nəyin təəssübünü çəkmir, yaşamaq onun üçün ciddi bir şey deyil. Altımışına gedən adam müdrikləşməlidir, ancaq heç nəyi vecinə almır bu. Bir zamanlar «Yol» qəzetini yaxşı buraxırdı. «Yol» bağlanandan neçə il sonra Əlisəmid bu qəzetin baş redaktoru kimi fəaliyyətə başlamaq istədi, ancaq bir-iki nömrəni çıxartmağa gücü çatdı və «Yol» birdəfəlik qapandı. Daha o, «Yol»la bağlı xatirələrinə nəsə əlavə etmək iqtidarında deyil. Demə, bircə atımlıq barıtı varmış elə.
Əlisəmidin rəssamlığı alababat olsa da, çox gözəl xəttindən danışmağa dəyər, hərfləri muncuq kimi yan-yana düzür. Onun şeir oxuması, qiraəti həmişə mənə ləzzət verib. Öz şeirlərini elə məharətlə iliyinə yeridir ki, bir də görürsən ki, bütün diqqətinlə onu dinləyirsən.
Xasiyyətidir, həmişə təzə şeirini oxuyub qurtarandan sonra soruşur: «Necədir?» Sən fikrini toplayınca sənin yerinə özü dillənir: «Yaxşıdır! Yaxşıdır!» Və sən də ovsuna düşüb onun dediklərini təkrar etməyə məcbur olursan.
Əlisəmid çox maraqlı tipdir, gəldiyi yerə nəfəs (araq və siqaret qoxulu olsa da) gətirir. Dostu Akif Kərimovun dediyi kimi: «Əlisəmid məclisi gərginləşdirir». O, bir məclisdədirsə, mütləq diqqəti cəlb etməli, orada olduğunu bildirməlidir, yoxsa dinc durmayacaq. Ya ucadan atmaca atacaq, ya şuluqluq salacaq, ya yerli-yersiz nəyəsə kəskin etiraz edəcək, ya da nümayişkaranə surətdə qapını çırpıb məclisi tərk edəcək. Ancaq onun dözülməz bir cəhəti də var ki, qələti adam içində eləyib üzrü təklikdə istəyəndir. Məsələn, hansısa iclasda, banketdə kimlərəsə özünü göstərmək üçün sənin üstünə xoruzlanacaq, sən də abrına qısılıb onunla ağız-ağıza verməyəcəksən, sonra xəlvətə salıb boynunu qucaqlayacaq, səni öpə-öpə könlünü alacaq. Həmin iclasdakılar, yaxud banketdəkilər elə biləcəklər ki, Əlisəmid sənin arxanı yerə vurdu. Daha bilməyəcəklər ki, səhnə arxasında nələr baş verir. Şəxsən mənim başıma bir neçə dəfə belə oyunu gətirib o.
Bu yaxınlarda uzun fasilədən sonra mənə zəng etmişdi, səbəb «Sənət qəzeti»ndə yanaşı çap olunmağımızdı, bu fakt məni onun yadına salmışdı. Hal-əhvaldan sonra «Sənin haqqında bir yazı yazmışam» dedim.
– Nə yazıdır elə? – soruşdu.
– Açmışam sandığı, tökmüşəm pambığı.
– On il ömrüm qalıb, mən öləndən sonra çap elətdirərsən.
– Elə şey yoxdur, bu yazını oxu, sonra kefin istəyəndə ölərsən.
Danışığının qırımından hiss olunurdu ki, halı tarazdır. (Badəpərəst, rəhmətlik Məmməd Əkbər həmişə deyərmiş ki, ayılmaq təhlükəsi var.)
Əlisəmidin şair xəyalı göyün yeddinci qatına qalxmışdı, bu fani dünya onun vecinə deyildi. Ömrünün son illərində içkiyə qurşanan, səfil həyat keçirən, düşkünləşmiş və üzülmüş istedadlı şair Rüfət Zəbioğlu badə yoldaşlarına deyirmiş:
Mən öləndə qəbrimi butulkavari tikdirin,
Arada durun gəlin, yeyin-için və ……….!
Əlisəmid söyüşçüldür. Əslində o, həmin söyüşləri «Rədd ol!», «Açıl başımdan!», «Cəhənnəmə ki…» mənalarında işlədir. İçkidən beyni kütləşəndə, özündən, dost-tanışlardan, mühitdən baş tapmayanda bundan yaxşı hansı çıxış yolu ola bilər?!
Sonuncu dəfə keçmiş Torqovı küçəsində Əlisəmidə rast gələndə o, mənimlə çox soyuq görüşüb forsla dedi:
– Bir nəfərə demisən ki, Əlisəmid zəhləmi töküb, düt deyincə vurub iş yerimə gəlir, məni abırdan salır.
Mən güzəştə getmədim:
– Səndən bir adama yox, çoxlarına şikayət eləmişəm.
O, təəccübləndi:
– Hə?!
Mən nöqtəni qoydum:
– Hə!!!
Sərt cavabım onu tutmuşdu. O, siqaret yandırıb bir qullab vurdu, nəsə demək istədi, amma səsinin titrəyəcəyindən qorxub dillənmədi. Təəssüflə mən «namərd qardaş»ı başdan ayağa süzüb çıxıb getdi. Məni peşimançılıq bürüdü.
Əlisəmid Kürün bir misrası var:
«Sənin sağlığına içirəm, Allah!»
Ən ucada duran, yaratmaqdan usanmayan, içimizə sevgi dolduran, günahlarımızı bağışlaya bilən Allahın sağlığına içən şair heç də haram iş tutmur. Allahın sağlığına yalnız şairlər içə bilər.
Mən qələm dostlarımın arasında hərdən Əlisəmiddən söz açanda bəziləri üzünü turşudur, onu az, üzdən tanıdıqlarına görə söhbətə həvəssiz qoşulurlar. Ancaq elə ki, söhbəti genişləndirirəm, görürəm, qulaqlar getdikcə şəklənir, onun haqqında daha çox eşitmək istəyirlər. Nə qədər dəli-dolu, ipə-sapa yatmayan, haylı-küylü olsa da, onu yaxından tanıyan adam Əlisəmidə birkərəmlik biganə qala bilməz. Ən azı hərdən onun şux zarafatlarını, etiraflarını, qoçu hərəkətlərini xatırlayıb dodağı qaçmalıdır. Əlqərəz, Əlisəmidin söhbəti uzundur, onu görsəniz, məndən salam deyin!

2006-cı il, yay

Müəllif: Əjdər Ol

ƏLİSƏMİD KÜR HAQQINDA

Mənbə: Rasim Qaraca