USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı bütövlükdə Çeçenistana həsr edilib.
525.az xəbər verir ki, bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Onun bildirdiyinə görə, nəşrin “Çeçenistan” sayında fərqli ədəbi nəsillərə mənsub sanballı imzaların seçmə proza və poeziya nümunələri toplanıb. Nəşrdə Çeçenistanın tarixinə və bugününə, çeçen dili və ədəbiyyatına dair məqalələr də öz əksini tapıb.
SEYFƏDDİN HÜSEYNLİ qeyd edib ki, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair SƏLİM BABULLAOĞLUnun rəhbərliyi və təşkilatçılığı ilə gerçəkləşən bu yaradıcılıq layihəsi Azərbaycan-Çeçenistan ədəbi əlaqələrinə böyük töhfədir: “Fikrimcə, dərgimizin “Çeçenistan” sayı çeçen ədəbiyyatının Azərbaycan dilinə sistemli tərcüməsi, bizim ədəbi mühitdə layiqincə tanıdılması yolunda ilk mühüm addım kimi də əlamətdardır!”
Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla nəşrdəki “Qafqaz dağlarıtək məğrur çeçen ədəbiyyatı” adlı təqdimat yazısında qeyd edir ki, “Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbi cameəsinə həsr olunmuş bu sayında təqdim olunan klassik və müasir nümunələrdə çeçen həyatı, xalqın quruculuq və mübarizə tarixi boy göstərir: “Bu yazılarda çeçen xarakteri, xalqın gələnəklərini ortaya qoyan qəhrəmanlıq motivləri, çeçenlərin bugünkü həyatı öz əksini tapıb”. Akademikin fikrincə, “çeçen ədəbiyyatı mənsub olduğu xalqla eyni taleyi yaşayıb, dəfələrlə repressiyalarla üz-üzə qalıb, lakin sınmayıb, tarix səhnəsini tərk etməyib, çətinliklərdən keçərək, sınaqlardan çıxaraq öz bədii mövcudluğunu qoruyub saxlamağı bacarıb, xalqın taleyini, özünəməxsus mədəniyyətini bugünümüzə daşıyıb”.
Şair və tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu “Ən vacib mövzularda çeçen ruhu ilə yazmaq…” essesində həm bu sayın ərsəyə gəlməsinə yol açan hadisələr, həm də çeçen xalqının tarixi, ədəbiyyatı və bugünü ilə bağlı düşüncələrini, təəssüratını qələmə alıb. Onun qənaətinə görə, Şimali Qafqaz xalqlarının yeni yazılı ədəbiyyatları sırasına aid edilən hazırkı çeçen ədəbiyyatının tarixi son iki yüz ili əhatə eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi, sistemli öyrənilməsi əsasən son yüz ildə baş verib: “Hərçənd elə həmin o son yüz il də əsla sadə dövr olmayıb; 3 dəfə “əlifba (ərəb-latın-kiril) islahatı”nın hər bir xalqın dili və ədəbiyyatı üçün yumşaq desək, nə qədər böyük çətinliklər yaratdığını biz azərbaycanlılar pis bilmirik; üstəgəl, bütün bu əlifba dəyişiklikləri məlum tarixi hadisələrin, təlatümlərin, qanlı savaşların, repressiya və təqiblərin, sürgün, terror və vətəndaş qarşıdurmalarının təzahürü olub…”
S.Babullaoğlu essesini Çeçenistanın paytaxtı Qroznıya səfərindən bir xatirə və çeçen xalqının gələcəyinə dair çox mühüm diləklə tamamlayır: “Axşamüstüdür. Mərkəzdə türk ustaların inşa etdiyi 4 minarəli “Çeçenistanın ürəyi” məscidinə tərəf addımlayıram. Görüşdüyüm universitet müəllimlərinin və gənc tələbələrin, gün ərzində üz-üzə gəldiyim insanların elə yol boyu da təkəmseyrək qarşılaşdığım adamlar kimi sarışın, ağbəniz, işıqlı simaları, ağıllı baxışları təkrar-təkrar gözümün önündən keçir və anlayıram ki, Çeçenistan yaralarını sağaldıb, sağaldır. Qoy Allah bu mərd xalqa bir də savaş, qırğın nəsib eləməsin!”
Dərginin bu sayı AYB ilə Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Nəşrin hazırlanmasında Çeçenistan DPU-nun rektoru İsmayıl Bayxanovun, əsərlərin tərcüməsi üçün hüquqların təmin olunmasında Çeçenistan Yazıçılar İttifaqının sədri Aləməhəd Yelsayevin xüsusi rolu var. Layihənin koordinator və məsləhətçiləri Tamara Avtayeva və Raisa Buralovadır.
Nəşrin “Proza” bölümündə Səidbəy Arsanov, Xalid Oşayev, Səid Budayev, Məhəmməd-Salah Qadayev, Umar Qaysultanov, İsa Zakriyev, Səid-Həmzət Nunuyev, Musa Əhmədov, Əminət Tapalayeva, Asya Umarova və başqa müəlliflərin yaradıcılığından nümunələr var.
“Poeziya” bölümündə Məryəm İsayeva, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Əhməd Süleymanov, Raisa Əhmədova, Şeyxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev və digər şairlərin əsərləri verilib.
Çeçen poeziyası nümunələri Azərbaycan oxucusuna Səlim Babullaoğlunun tərcüməsində təqdim olunub. Bədii nəsr və ədəbiyyatşünaslıq materiallarını isə Seyfəddin Hüseynli, Azad Yaşar, Dürdanə İbrahimova-Hüseynbəyli, Şəfiqə Şəfa, Səadət Sultan və Həmid Piriyev tərcümə ediblər.
Mövsur İbrahimovun “Çeçen Respublikası: tarix və çağdaş dövr” məqaləsini S.Hüseynli, Aysa Xalidovun “Çeçenlərin yazı mədəniyyəti: tarixi keçmiş və müasir vəziyyət” yazısını A.Yaşar, Zarema Çukuyevanın “Çeçen ədəbiyyatı: inkişafının əsas mərhələləri və tendensiyaları” məqaləsini Ş.Şəfa çevirib.
Nəşrin bədii tərtibatında Çeçenistanın tanınmış rəssamlarından Məhəmməd Zakriyev və Rüstəm Yaxixanovun təsviri sənət nümunələrindən istifadə olunub.
Dizayneri Emil Camalov, korrektorları Gülzar Vaqifqızı və İbrahim Cəfərov olan dərginin bu sayı “Mücrü” nəşriyyatında çap edilib.
ANAR: – Ən yaxın plan 90 illiyimizi qeyd eləməkdi. Bayramdı da 90 illik… Amma bu bayram bizim üçün müsibətdir. Çünki bu bayramla əlaqədar hamı gəlir ki, mənə bir şey ver. Hamıya da fəxri ad vermək mümkün deyil, axı. İki min Yazıçılar Birliyi üzvünün hamısı Xalq yazıçısı ola bilməz, hamısı Xalq şairi ola bilməz. Hamısı Əməkdar İncəsənət xadimi olmaq, orden, medal almaq istəyir. Bu, mümkün deyil. Beşinə verirsən, on beşi inciyir. On beşi alır, əllisi inciyir. Ona görə də bu bayram bizim üçün məşəqqətdi. Həm bayramdı, həm də əziyyətdir. Bilmirsən ki, bu işin içindən necə çıxasan? Amma hər halda, qeyd eləməliyik. 90 il balaca rəqəm deyil. Yəqin mənim bayram edəcəyim sonuncu bayramdı. Yazıçılar Birliyinin 100 illiyinə mən çətin qalım. Amma 90 illiyini qeyd edəcəyik…
“Ruhiyyə xanım, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Vitse-prezidenti. Очаровательная Ругия-ханум, мой заместитель во Всемирной организации азербайджанцев мира, мать четверых детей и бабушка. Счастья ее семье!” – ÇİNGİZ ABDULLAYEV(07.06.2024)
Əziz dostlar. Azərbaycan Ədəbiyyat Fondu olaraq növbəti tədbirimizi mayın 23-də keçirəcəyik. Saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstanın Xaq yazıçısı Sultan Rayevin “Dəlixana” romanının təqdimatı olacaq. Bu, fondumuzla “Hədəf” Şirkətlər Qrupunun birgə layihəsi – “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Kitab “XAN” nəşriyyatında nəşr edilib. Layihə rəhbərləri ikidir – Hədəf Şirkətlər Qrupu, eləcə də Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və mən – bəndəniz. Kitabı dilimizə Aysel Oğuz çevirib, redaktorlar Yunus Oğuz və Cavid Qədirdir. Deyim ki, çox möhtəşəm romandır. Gəlin, maraqlı olacaq.
Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu.
Bu haqda məlumatı Azərbaycan Yazıçılar Birliyinin katibi, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu öz izləyiciləri ilə bölüşüb: “Həmid Herisçi müstəqillik illəri poeziyamızın, bütövlükdə ədəbiyyatımızın bənzərsiz nümayəndəsidir. I naşirlər forumunda görüşdük, Birliyə üzv olması təklifini verdim. Bu haqda danışdıq, xeyli məsələləri müzakirə elədik. Düşünürəm ki, Həmidin Birliyə üzv olması hökmən ədəbi iş baxımından maraqlı, ciddi və fərqli, ortaq layihələrlə nəticələnək. Birliyin sədri, Xalq yazıçısı Anarla görüşdük, çox maraqlı yaddaqalan söhbət elədik, çox maraqlı fikir mübadiləsi oldu onların arasında həm də.
Yeri gəlmişkən məhz Yazıçılar Birliyinin xətti ilə dəfələrlə xaricdə yeni ədəbiyyatımız müxtəlif dillərə tərcümə edilərək çap olunub. Həmid əksər vaxtlarda bizim hazırladığımız siyahılarda təqdim və təmsil olunub, Anar müəllim həmişə buna təbii və geniş ürəklə yanaşıb. AYB nəşrlərinin qapıları həmişə onun üzünə açıq olub. Deməyim odur ki, Yazıçılar Birliyi milli ədəbiyyatımızı təmsil edən ən mötəbər, ən yaşlı və dövlətin də etibar etdiyi ən təcrübəli qurumdur, bir növ institusional klassikadır. Mənim fikrimcə Həmid də yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir. Odur ki, onun üzvlüyü hətta gecikmiş olsa da təbiidir. Yaxın günlərdə, həftə sonu Həmid Herisçinin öz gəlişi və görüşü ilə bağlı yazısı “Ədəbiyyat qəzet “ndə çap olunacaq. Bu gün vəsiqəsini aldı. Necə deyərlər xeyirli olsun. Ad günü münasibətiylə əziz Həmid Herisçini də ayrıca təbrik edirəm…”
Mövzuya uyğun fotolar:
YAZARLAR.AZ olaraq, HƏMİDbəyi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
5 aprel 2024-cü il tarixində Bakı (Azərbaycan) şəhərində EYUDER Azərbaycan və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə bir neçə körpələr evi uşaq bağçalarının uşaqları üçün “Mən, kitab və Dünya” layihəsi çərçivəsində yazar Elçin Hüseynbəyli ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə EYUDER Azərbaycanın təmsilçisi filalogiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşova açdı. İlk dəfə Azərbaycan Yazıçılar Birliyinində kiçik yaşlı oxucuların yazarlarla görüşün önəmindən danışdı. Daha sonra sözü balacaların sevimli yazarı olan Elçin Hüseynbəyliyə verdi. Görüşdə Kəlbəcər 6 saylı körpələr evi və uşaq bağçası, “Bilik” uşaq bağçası” və “Cahan” körpələr evi və uşaq bağçasının təhsilalanları və bir neçə tərbiyəçi müəllimi iştirak ediblər. Tədbirdən öncə uşaqlar tərbiyəçiləri tərəfindən Elçin Hüseynbəylinin “Dənizin nağılları” adlı kitabı ilə tanış olmuş, hekayələr üzərində müxtəlif müzakirələr etmişdilər. Həmçinin uşaqlar Elçin Hüseynbəylinin yaradıcılığından “Leylanın hədiyyəsi”, “Ayxanın iradəsi”, “Dəcəl Dəniz, Dəcəl külək” hekayələrinə dair rəsmlərindən ibarət kitab düzəldərək müəllifə hədiyyə etmişdilər. Daha sonra “Dənizin nağılları” kitabı “bağçalar gəzən kitab” statusu verilərək müəllif tərəfindən imzalanaraq digər iştirakçı bağça tərbiyəçilərinə təltif edilmişdi. Kitabı qəbul edən 6 saylı Kəlbəcər körpələr evi və uşaq bağçasının tərbiyəçi müəllimləri Vüsalə Abbasova və Mənzər Mustafayevaya oldu. İlk dəfə Yazıçılar Birliyinində keçirilən kiçik yaşlı uşaqlarla görüşün əsas məqsədi onların mütaliə həvəsinin artırılması, ünsiyyət, sualvermə bacarıqlarının, həmçinin yaradıcı təfəkkürün inkişafını daha da inkişaf etdirmək. Həmçinin əsərləri ilə tanış olduğu müəllifləri tanıtdırmaqdır. Tədbirdən fotolar:
AYB-nin yeni üzvü Mirnəzər Mirkazımlı: – “Doğrusu, tələbəlik dövründən üzübəri, çox sayda yazarlarla salam-kalamım olsa da, Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq heç yadıma düşməmişdi, üzv olub-olmamaqda əlahiddə fərq də hiss etmirdim. Fəqət, bir təsadüf nəticəsində ərizə verdim. Qəbul olunduğumu çoxdan bilirdim, AYB Qəbul komissiyasının katibi Məlahət xanım məlumat vermişdi. Dünən komissiyanın sədri, sevimli şair-tərcüməçi Səlim Babullaoğlu ilə görüşdüm, xatirə şəkli çəkdirdik. Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllim başda olmaqla, qəbul üzrə komissiya üzvlərinə təşəkkür edirəm.”
“Yazarlar” olaraq, təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq
Bu gün əzizimiz, Azərbaycan Yazıçılar Birliyinin Kadırlr şöbəsinin rəisi, səmimi və duyğusal insan Arifə xanımın doğum günüdür. Doğma insan, əziz bacım Arifə xanımı ürəkdən təbrik edir, can sağlığı və uğurlar arzulayıram!!!