Gedim bir az ağlayım, Elə-belə… astaca. Ürəyimi gizlədim yastığımın altında. Pəncərəni açaraq Kövrəlmiş ürəyimi Bəlkə həyətə atım?! Həyatın ağuşuna?! Yox, yaxşısı budur ki, Gedim bir az ağlayım, Elə-belə… astaca. Kimsə duyuq düşməsin Kədərimdən, qəmimdən, Durub yol alım bağa Astaca ağlamağa… Götürüm ürəyimi Atım çoşan ümmana – Dalğaların qoynuna. Heç dinə də bilməsin – “Niyə sığmır sinəmə?” Gah tufan, gah da rüzgar Apardıqca uzağa… Yox! Yaxşısı budur ki, Qoy dirrikdə basdırım, Dirilib çiçək olsun. Ya da ki, bala tutum, Acısın unutdurum. Özümü aldatsam da, Qoy ruhu ovundurum, Acısın unutdurum. Ya dostları çağırım Axşam vaxtı mən şama – Şərab içək doyunca. Könlümü də versinlər, Büllur qabda ortaya, Dostlar ondan dadsınlar, Dadıb, gəlsinlər cana. Budur, orda uşaqlar Atılırlar-düşürlər, Bəlkə topları yoxdu? Qoy verim ürəyimi Qovsunlar yorulunca… Yox! Artıq kədərlənmək yox! Ürəyin dediyiylə Oturmaq yox, durmaq yox! Atım onu bazarda, Ya da sizə verəcəm, Elə-belə, bədava. Gecənin sükutunda Ürəyimlə tənhayam. Yağış yağır, islanır Çətir tutmuram ona Qoy incisin… Nə qədər oyun açıb başıma… Hərdən üsyana qalxıb Həm Günəşə, həm Aya Hayqırıram: “Götürün, Verdim onu Allaha!” Amma qərar vermədim, Neyçin qərar vermədim, Bu geniş ürəyimi Sənə bağışlamağa?!
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha ki, bu görüşü də bizə qismət etdi. Bu dəfə söhbətimizin mövzusu görkəmli Azərbaycan memarı Əliş bəy Kərəmli haqqında olacaq. Öncə qeyd edim ki, oktyabr ayının ilk həftəsinin bazar ertəsi günü Beynəlxalq Memarlar Günü kimi qeyd olunur.
Cari ildə bu gün 5 oktyabra təsadüf edir. Deməli, 5 oktyabr 2020-ci il dünyada Memarlar Günü kimi qeyd olunacaq. Biz də “Yazarlar” jurnalı və “Ustac.az” olaraq bu günə öz töhfəmizi verməyə çalışdıq. Belə ki, hələ 2018-ci ildən davam edən (21 aprel 2022-ci ilə qədər davam edəcək) “Kərəmli-700” layihəsi çərçivəsində tərəfimizdən bir sıra tədbirlər həyata keçirilmişdir. Görülən işlər barədə təfsilata keçməzdən əvvəl Əliş bəy Kərəmli haqqında qısa bir məlumat vermək istəyirəm.
QISA ARAYIŞ:
Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) – Şirvani (onu Avropada və Rusiyada Şamaxılı Alis kimi də tanıyırlar) 21 aprel 1322-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini doğma yurdu Şamaxıda almış və memarlığı özünə məslək edərək, üzünü mədəniyyətin beşiyi sayılan Şərqə tutmuşdur. Onun bu səfəri uğurlu alınır. Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə məşhurlaşır və artıq tanınmış memar kimi vətənə dönür. Az sonra Şimala üz tutur və bu dəfə Krımda Bağçasarayda gördüyü işlərlə diqqət mərkəzinə düşür. Bu işi tamamladıqdan doğma Şamaxıya qayıdan memar az bir müddətdən sonra yenidən Şimala getməli olur və özünün son əsərini – günümüzdə də dünyaca məşhur olan Moskva Kremlini tikib təhvil verir. Elə bu münasibətlə təşkil olunmuş ziyafət zamanı – 22 iyun 1371 – ci ildə Moskvada xaincəsinə öldürülmüşdür.
Qarşıdan gələn 2022-ci ildə böyük memarın anadan olmasının 700 illi tamam olacaq. Qeyd etdiyim kimi, biz bu tarixi nəzərə alaraq artıq 2018-ci ilin yay aylarından “Kərəmli-700” layihəsi başlatmışıq və bu gün də nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Mütəmadi olaraq görülmüş işlər barədə mətbuat, elektron media vasitəsilə məlumatlar verilir. Əsas işlərdən biri kimi görkəmli memarın anadan olmasından həlak olana qədər bütün həyatını qısa və yığcam şəkildə özündə əks etdirən “Əliş və Anna” poemasının yazılmasını və ayrıca kitab şəklində bu günə qədər artıq dörd dəfə (iki dəfə paralel olaraq Az-lat və Az-ərəb qrafikalarında) nəşr olunmasını misal göstərə bilərik. Kitabın Cənubi Azərbaycan da daxil olmaqla bütün Azərbaycan ərazisində yayılması – Təbrizdə, Bakıda, Şamaxıda və ölkəmizin digər şəhər və rayonlarının, ayrı-ayrı təşkilatların kitabxanalarında yerləşməsi təmin olunmuşdur. Bundan əlavə, ilk gündən poemanın elektron variantı hər iki qrafikada əsas elektron kitabxanalara yerləşdirilmiş dünyanın internet olan istənilən nöqtəsindən oxumaq üçün əlçatanlığı təmin olunmuşdur. Eyni zamanda, tanınmış alim, AYB-nin üzvü, Əməkdar müəllim Kamal Camalovun poema haqqında yazdığı geniş təhlil “Əliş və Anna haqqında” adı ilə “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində ayrıca kitab kimi nəşr olunaraq, yayımlanmışdır. Bu layihə tədbirləri çərçivəsində görülən ən önəmli və yadda qalan iş tanınmış şair-rəssam Şehran Allahverdi tərəfindən görkəmli memarın portretinin yaradılması və onun lazımi ünvanlara çatdırılması olmuşdur. Portret hələlik iki orijinal nüsxədə – birincisi (42,5 X 54), ikincisi isə (50 X 74) ölçülərdə olmaqla kətan üzərində yağlı boya ilə çəkilib. “Kərəmli-700” yubiley tədbirləri çərçivəsində qarşıdan gələn Beynəlxalq Memarlar Günü ilə əlaqədar görkəmli Azərbaycan memarı şamaxılı Əliş bəy Kərəmli bir daha anılmış və 42,5 X 54 ölçüdə olan (passport nömrəsi: K700PƏbK1N001) birinci portret Şamaxı rayon Tarix-Diyarçünaslıq Muzeyinə,
50 X 74 ölçülü (passport nömrəsi: K700PƏbK2N002) ikinci portret isə
Azərbaycan Memarlar İttifaqına hədiyyə olunmuşdur. Layihənin ilk günlərindən bu münasibətlə planlaşdırılmış və dəfələrlə təxirə salınmış Şamaxı Dövlət Regional Kollecinin tələbələri ilə görüş məlum məhdudiyyətlər aradan qaldırıldıqdan sonra baş tutacaq.
Bu günə qədər ağızdan-ağıza gəzən şifahi söhbətlərin, rus, Azərbaycan yazarlarının (mənə məlum olan – bəlkə başqa dillərdə, başqa xalqların da ədəbiyyatında və digər yazılı mənbələrində, arxivlərdə bu barədə məlumatlar vardır) yaratmış olduqları yazılı ədəbiyyat nümunələrinin, publisistik yazıların qəhrəmanı kimi bədii portretlərdən tanıdığımız Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvaninin portretinin yaradılmasını xalqımızın görkəmli oğlunun akademik səviyyədə tanınması yolunda atılmış mühüm addım kimi qiymətləndirir və universitetlərimizin tarix fakültələrinin tələbələrini, aspirantları, doktorantları, onların rəhbərlərini referatlara, diplom işlərinə, eləcə də olduqca müxtəlif səviyyəli elmi işlərə mövzu seçərkən dərindən araşdırılmağa, tədqiq olunmağa ehtiacı olan bu vacib şəxsiyyəti, onun həyat-fəaliyyətini diqqət mərkəzində saxlamağa çağırırıq. Onu nəzərinizə çatdırıram ki, məzarının yeri dəqiq məlum olmasa da (bu amil günümüzdə aktual olan mədəniyyətlər fərqi məsələsini bir daha ortaya qoyur – demək olar ki, müasiri, eyni zamanda həmyerlisi olan İmadəddin Nəsiminin həyatı daha faciəli sonluqla Şərqdə – müsəlman torpaqlarında başa çatsa da günümüzədək məzarı Hələbdə qorunub saxlanmışdır), əlimizdə ölkəmizin hüdudları daxilində və xaricində tam şəkildə qorunmuş və ya qalıqları mövcud olan tikililər, xalq arasında geniş şəkildə yayğın olan şifahi məlumatlar, kifayət qədər zəngin yazılı bədii nümunələr, publisistik yazılar, ən əsası hal-hazırda Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan Kərimlilər nəslindən olması kimi araşdırılaraq, dəqiqləşdirilməyə ehtiyacı olan çoxsaylı mənbəələr var.
Sonda maraqlananlar üçün onu qeyd edə bilərəm ki, görkəmli memarın həyatından bəhs edən “Əliş və Anna” kitabını əldə etmək istəyənlər “Mücrü” Nəşriyyatına, eyni zamanda Bakıda və Sumqayıtda əsas kitab mağazalarına müraciət edə bilərlər. Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib, sona qədər həmsöhbət olduğunuz üçün minnətdarlığımı bildirirəm.
29.09.2020. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ DOQQUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 fevral 2021-ci il tarixdə ozan-aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun, yenu ruh qazandırmış Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Sərəncam imzalamışdır.
Ozan-aşıq şeirinin zirvəsi Aşıq Ələsgər şeir yaradıcılığından başlanır desək, bizə elə gəlir yanılmarıq. Çünki Aşıq Ələsgər sadəcə şənliklərin təntənə ilə keçməsinə maraq göstərən, mağarlarda sazını köksünə basıb çalıb-oxuyan aşıq olmamışdır. O, həm də əxlaq kodeksi daşıyan şeirlərini xalqa çatdırmış, uzun qış gecələrində yorulmadan məclislər aparmış, yaşadığı dövrə baxarsaq yüzlərlə, minlərlə savadsız, biliksiz kəndliyə əxlaq, mənəviyyat, xeyirxahlıq, gözəllik dərsi deyən ustad müəllim olmuşdur. Deməli, Aşıq Ələsgər ümumən Vətənin, xalqın, bəşəriyyətin firavanlığı, xoşbəxtliyi naminə çalışmışdır.
İrsi silinməz tarixi yaddaş rəmzi kimi yaşayan Aşıq Ələsgərin yaradıcılığını əhatə edən qoşmaları (Qoşayarpaq qoşma, Müstəzad qoşma və s.), təcnisləri (Dodaqdəyməz təcnislər, Cığalı təcnislər, Müstəzad təcnislər və s.), divaniləri, müxəmməsləri, gəraylıları (Dildönməz gəraylı), bağlamaları, həcvlər və hərbə zorbaları, deyişmələri, qəzəlləri, mərsiyə və dastan rəvayətləri heç də gəlişi, yaxud deyilişi gözəl sözlər kimi qəbul etmək əlbəttə ki, düzgün olmaz. Çünki onun yaradıcılığının hər sözündə, hər cümləsində böyük hikmət, məna vardır. Davranış qaydaları, səadətə, xoşbəxtliyə çatmaq yolları, ağsaqqala, qadına, böyüyə hörmət, sevgiyə, nikaha, ailə həyatına, kişilik, məğrurluq etolonlarına ciddi münasibət öz əksini tapmışdır. Görkəmli xalq şairi Məmməd Arazın sözləri ilə desək “Ələsgər sazı, Ələsgər sözü Azərbaycan xalqı üçün bir əsrə yaxın (artıq iki əsr olmuşdur – K.C.) böyük bir ədəbiyyat universiteti rolunu oynamışdır” [Bax: “Ulduz” jurnalı. Aşıq Ələsgər yüksəkliyi. 1972, №5, səh.16].
Şair-aşığın fikrincə sazı sinəsinə basıb şeir deyən, şair olan kəs gərək həm də:
Danışdığı sözün qiymətin bilə,
Kəlməsindən ləlü, gövhər süzülə,
Məcazi danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdi
– kimi ali keyfiyyətlərə yiyələnsin. Bəli, böyük sənətkar belə bir tələblə əlinə saz almış, həmçinin Azərbaycan aşıq şeirinə yeni ruh, yeni təravət, yeni görüş gətirmişdir.
Qüvvətli bədii məntiq Aşıq Ələsgər şeirinin üslubunu müəyyən edən amillərdəndir. Çox vaxt oxucunun mənəvi dünyasını oxşayan da elə bu amildir. Onda hissiz, duyğusuz deyilmiş bir söz, ifadə tapmaq çətindir. Aşıq şeirində sözü, fikri yüksək bədii səviyyəyə qaldırmaqda xalq ozanı Aşıq Ələsgər əvəzsiz sənətkardır.
Ələsgərəm, yandım eşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstünnən yol, incimərəm.
Sadə fikirdir. Lakin nə qədər bədii və ifadəli deyilmişdir! Güclü məntiq fikri bir-birinə möhkəm bağlanmışdır: aşığa yar tərəfindən nə qədər naz-qəmzə satılsa da, könül şəhəri talan edilsə də, əzab verilsə də, incidilsə də, qəm ləşkəri üstünə hücum çəksə də, qəmə-ələmə düçar olsa da, ancaq o yardan incimir.
Aşıq Ələsgərin şeirləri rəvan oxunur, onun dili axıcıdır, gözəldir. Bunun bir səbəbi sənətkar aşığın sözləri seçməyi, mənalandırmağı bacarmasındadırsa, digər səbəbi, sözləri yerinə görə işlətməsində, sıralamasında, cümlə qurmasında, məharət sahibi olmasındadır. Cümlələrin rəngarəng qurulması, həyəcanlı vurğu ilə deyilməsi yaradıcılıq görüşlərinin gözəlliyini artırmış, dilinə rəvanlıq, yüksək bədii keyfiyyət gətirmişdir:
A bimürvət, axı səndən ötəri
Ah çəkməkdən bağrım qana dönübdü.
Qədd əyilib, gül irəngim saralıb,
Xəzan dəymiş gülüstana dönübdü.
Atalar sözləri və zərbi-məsəllər Aşıq Ələsgərin şeir dili və üslubuna xüsusi rövnəq verərək, deyilən fikri xalq hikməti ilə bağlamış, onun təsir mahiyyətini artırmışdır. Hikmət sahibi xalq dilindən eşitdiyini özünün şeir dilinə çevirmişdir. Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə də bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Əgər məktəb uşaqları Aşıq Ələsgəri şeirlərindəki doğmalığa, təmizliyə, nəğmə ahənginə görə sevirlərsə, böyüklər də sadaladıqlarımızla yanaşı, onun hikmətinə, onun dərinliyinə görə səcdə edirlər. Aşıq Ələsgər atalar sözü və zərbi-məsəllərdən, bir qayda olaraq onları öz misra və beytlərinə uyğunlaşdıraraq istifadə edir: “Dost uzaq olmaqla könül yad olmaz”; “Qarğı mızraq qıl çuvala sığışmaz”; “Qonşuya kəc baxan özü ac olur”; “Dostun məzəmməti adam öldürür, – Düşmənlə döyüşüb söyüşmək olar”; “İyid odur namusunu atmasın”; “Bir baş ki, ilqara qurban getməsin, onu bir qarpıya dəyişmək olar”; “Görürsən ki, baxtın yatıb, sən də yat”; “Bədəsildən hərgiz olmaz heç əsil”; “Bir gün yaranıbsan, bir gün ölürsən”; “Dost yolunda boran, qar olacaqdır”; “Söyüddən bağ saldım, peyvəst eylədim, Almasın, heyvasın, narın görmədim”; “Qarı düşmən bir də gəlib dost olmaz”… Aşağıdakı bəndlər bütünlüklə atalar sözü və xalq hikməti ilə bağlandığından fikir daha təsirli və qüvvətli çıxmışdır:
Alçaqda dayan ki, çıxasan başa,
Tülküsən, aslanla girmə savaşa.
Gəl yapışma gücün çatmayan daşa,
Götürə bilməzsən, zora düşərsən.
Yaxud:
Danışdıq, barışdıq mərhəmət ilə,
İnciklik araya qatma, hayıfsan!
Sən tacir olmazsan bir manat ilə,
Namusu, qeyrəti atma hayıfsan!
Yaxud da:
Arif olan, gəlin sizə söyləyim,
İyid sözü mərd-mərdana yaxşıdı.
Kişi gərək dediyindən dönməsin,
Biilqardan bir zənana yaxşıdı.
Göründüyü kim, Aşıq Ələsgər xalqdan öyrənən və xalqa öyrədən sənətkarlardandır. O, el ədəbiyyatından, zəngin xalq yaradıcılığından çox şey götürmüş və ona çox şey də əlavə etmişdir.
Xalq ozanı Aşıq Ələsgər poeziyasında Vətən təbiətinin gözəlliyi, onun misilsiz zənginliyi, poetik sözün bütün əzəməti, onun nəhayətsiz rəngləri və incə çalarlıqları təsvir və tərənnüm edilmişdir. Aşıq Ələsgərin bizə gəlib çatan irsi zəngin bir irsdir. Xalq yazıçısı Mirzə İbrahimov əbəs yerə demir ki, Aşıq Ələsgərin poeziyası əbədi yaşayacaq böyük sənət nümunəsidir, Azərbaycan xalqının bədii təfəkkürünün qabaqcıl, mütərəqqi ənənələrini davam və inkişaf etdirmişdir. Bu böyük poeziyada insan və onuun mənəvi gözəllikləri, xalq həyatı və məişətinin konkret bədii səhnələri, vətənin təbiəti, xalqın adət və ənənələri zəngin boyalarla əks olunmuşdur. Onun yaradıcılığının bədii keyfiyyətləri sənətkarlığı, bədii dili və obrazlı ifadələri bişmiş, bitkin, bütöv və gözəldir. Bu mənada, Aşığın təbiət mövzusundakı şeirlərini oxuyarkən gözlərimiz qarşısında aydın bir səma, parça-parça mavi buludlar, nəhəng xalını xatırladan çəmənlər, çağlayan şəlalələr, durna gözlü bulaqlar və s. qarşı böyük bir sevgi, kövrək bir məhəbbət oyanır. Bu qəbildən olan şeirlərindən, Aşıq Ələsgər hər şeydən əvvəl, bir təbiət vurğunu, gözəllik aşiqi kimi çıxış edir. Xalq dilinin hüdudları xeyli dərəcədə genişlənmişdir. “Şah dağı” şeirində oxuyuruq:
Aləmdə dastan olub
Səddin, sorağın, Şah dağı!
Açılıb nərgiz, bənövşən,
Əcəbdi çağın, Şah dağı!
Abi-kövsər kimi axır
Çeşmən, bulağın, Şah dağı!..
Süsən, sünbül, gül, ərğəvan
Köysündə laləzar verib;
Alan, satan gözəllərdi,
Nə rəvanc bazar verib;
Damənin çəhar fəsildi,
Hər meyvə bitib, bar verib;
Xudam səni çox bəyənib,
Bir belə ixtiyar verib;
Dalın dənizə söykənib,
Kürdü ayağın, Şah dağı!
Təbiət anlayışının şair tərəfindən bu cür izahı məqsədəmüvafiqdir. Çünki bədiiliyin, gözəlliyin doğurduğu təsir öz növbəsində xeyirxahlığın və yüksək əxlaqlılığın rəhni kimi özünü göstərir. Şair sanki hər bir oxucusuna belə demək istəyir: Ulu Tanrı tərəfindən yaradılan həyatın gözəlliklərini düzgün dərk et, ətraf mühiti öyrənməyi bacar, onları qoru, mühafizə et, həmçinin bədii yaradıcılığa dair vərdişlərə yiyələn.
Nəğməkar şair Aşıq Ələsgər ətraf aləmin harmonik-ahəngdar xüsusiyyətlərini emosional ruhda təsvir edir. Onun yaradıcılığında “dağlar” mövzusu geniş məfhumdur. Ümumiyyətlə, “Dağlar” Ələsgər yaradıcılığında kişilik, mərdlik, cəsarət, əyilməzlik, vüqarlılıq, əzəmət simvolu kimi dəyərləndirilir:
Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.
Ağ xalat bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib, xətrinə dəyməz.
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.
“Sərdara, şaha baş əyməyən”, “qüdrətdən səngərli, qalalı” olan dağlar aşığın qəlbini dolduran, riqqətə gətirən poetik obyektdir.
Aşıq Ələsgər xalq şeirinin məziyyətlərindən demək olar ki, daha gözəl istifadə etmişdir. Sinədəfdər Aşıq, onun zəngin mənəvi varlığı xalq həyatı ilə o qədər yaxın olmuşdur ki, doğma və xəlqi olan hər bir şey dərhal onun poeziya dühasına hopmuşdur. Bu da ondakı parlaq istedadla əlaqədardır. Aşıq Ələsgər şeirinin gözəlliyi, dilinin xəlqiliyi bir də ondadır ki, o, həyatda olan hər cür mətləbdən söz açmışdır.
Aşıq Ələsgər dediyimiz kimi, xalqın həyat və məişətinə çox yaxın və dərdlərinə qəlbən şərik olmuşdur. Yaradıcılığında bəzən gizli, çox zaman isə açıq etiraz səsini ucaltmışdır. Xalq şairi Osman Sarıvəllinin işıqlandırdığı fikirdəki kimi, bəzən bilavasitə, bəzən də dolayısı ilə özündən razı bəylərin, xanların zülm və əsarətini; yalançı molla və ruhanilərin riyakarlıqlarını, ailə və məişətdəki nöqsanları, mədəniyyətsizliyi özünəməxsus bir dillə tənqid atəşinə tutmuş, həmçinin xalqın igid oğullarını, gözəl qızlarını, yurdumuzun zəngin təbiətini hərarətli bir qəlblə sevmiş, tərənnüm etmişdir. Həssas şair zəhmətkeş kütlənin ağır güzəranını görmüş, azğın mülkədarların, çinovniklərin, ağaların, bəylərin qeyri-insani rəftarını; ictimai haqsızlığın, bərabərsizliyin törətdiyi faciələri dərindən dərk edə bilmiş və bütün bunları poetik şeir nümunələri ilə ifadə etmişdir.
On səkkiz min aləm, yetmiş iki dil,
Ülfət qılır bir bazarın içində.
Kimi ətlaz geyir, tirmə qurşayır,
Kimi üryan gəzir qarın içində.
Demək nə lazımdı, özün bilirsən,
Bir gün yaranırsan, bir gün ölürsən.
Arsız-qəmsiz nə gününə gülürsən?!
Yandırarlar səni narın içində.
Aşıq Ələsgər “Olmaz” rədifli qoşmasında “varlıqda dost, yoxluqda kənar” olan müxənnətlərdən, “nüftədən pak”, “loğmadan halal” olmayan nacins adamlardan uzaq gəzməyi məsləhət bilərək belə deyir:
Ələsgər, mətləbin xudadan istə,
Kərəm olmaz müxənnəsdə, xəsisdə,
Bəylik, göylük, səylik olan məclisdə
Qaç ki, orda xeyir-bərəkət olmaz.
Dədə Ələsgərin hikmət dolu şeirlərində stixiyalı mövhumatçı fikir və ideyalar da çoxdur. Görkəmli söz ustadı şeirlərində nəcib əxlaqlı, dərin zəkalı, həqiqi din xadimlərinə yüksək ehtiram göstərməklə yanaşı, yalançı din təbliğatçılarını, ruhaniləri, mollaları, axundları, zahidləri, qazıları kəskin tənqid atəşinə tutmuşdur. Tamahkar, acgöz və xəsis “din xadimlrini” nümayiş etdirən “Çıxıblar”, “Görmədim”, “Mollalar”, “Eyləyək” kimi adlarını sadaladığımız qoşma və müxəmməsləri dediyimiz fikrə əyani sübutdur. “Söyüd ağacı kimi bar verməyən”, “doğru-dürüst etibarı olmayan”, “qananlar məclisində yeri olmayan”, “xain”, “yalançı” və s. soyğunçu mollalar haqqında şair belə deyir:
Tanıram əslini, söyüddür zatın,
Uca boy verərsiz, barınız olmaz.
Dildən dost olarsız, könüldən əyri,
Doğru-dürüst etibarınız olmaz.
İslama haramı halal bilərsiz,
Şəriətdən kənar mətləb dilərsiz,
Əysik danışarsız, artıq gülərsiz,
Namus, qeyrətiniz, arınız olmaz.
“Görmədim” qoşmasında şair “qazıların düz bazarın görmədiyindən”, “Mollalar” adlı müxəmməsində isə mollaların pis əməllərindən danışır, onları “fağırın malını çapıb talayan”, “kəndlilərə zülm eyləyən”, qadınların namusuna təcavüz edən “fəndgir əxlaqsız”, “xarabalıq sevən bayquş” adlandırır.
“Çıxıbdı” rədifli qoşmasında isə qazıların, mollaların, qoçuların, quldurların, pristavların, naçalniklərin xalqın başına gətirdiyi bəlaları, müsibətləri, oyunları acı-acı belə xatırlayır:
Ay həzərat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazarratı çıxıbdı.
Əlimizi aparıbdı sərt ayaz,
Ruzumuz olubdu gündən-günə az.
Molla şeytan olub, axund seyidbaz,
Məşədi, kalvayı lotu çıxıbdı…
Aşıq Ələsgər bu kimi yoldan azmış günahkar sahiblərini haqq yoluna, ədalət yoluna dəvət edir. Deyir ki, bu fani dünyada nə rəzilliklər edirsinizsə, əməkçi xalqın zəhmət dolu əməyini min bir fırıdaq yolu ilə aldadıb əlindən çıxarırsınızsa, yaxud zor göstərərək, şallaq vuraraq, vurduraraq şəxsiyyətlərini alçaldırsınızsa haqq dünyasına, əbədiyyət evinizə gedən zaman olunacaq sorğu-suallardan yayına bilməyəcəksiniz. Şair poetik dillə belə deyir:
Günahkardı nə ki yoldan azan var,
İki mələk – xeyir-şəri yazan var,
Ərəsət var, qıl körpü var, qazan var,
Orda qəbul olsun niyazım mənim!
Sonda belə nəticəyə gəlirik ki, Haqq aşığı Aşıq Ələsgər sələfləri Qurbani, Sarı Aşıq, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Əbülqasım Nəbati və digər müdrik dəfinələr kimi öz yaradıcılığında yığcamlığı, siqləti, obrazlılığı, dərin ictimai-pedaqoji məzmunu, ədəbi-tarixi koloriti, əxlaqi-etik tövsiyələri, nəsihətamiz ruhu, xalqın kamal dünyasını öz bənzərsiz yaradıcılığında əbədiləşdirmişdir.
Ulu öndər Heydər Əliyev deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bəli, ulu öndər kimi, hər birimiz Azərbaycan vətəndaşı olmağımızla fəxr edirik. Ona görə ki, milli-mənəvi və bəşəri dəyərlərimizi dünyaya nümayiş etdirən Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Aşıq Ələsgər kimi yüzlərlə inci xəzinəmiz vardır.
22 апреля к кампании по сбору книг, организованной Министерством Культуры совместно с Национальной Библиотекой, присоединился также Заур Устадж. Масштабная кампания по сбору книг была организована для восстановления книжных фондов библиотек, действовавших до начала 90-х гг. на ранее оккупированных азербайджанских территориях. В настоящее время эти территории освобождены от армянской оккупации в результате 44-дневной победоносной войны под руководством Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Ильхама Алиева.
Заур Устадж отметил, что «Кампания по сбору книг для фонда библиотек на оккупированных территориях», организованная Министерством Культуры и Национальной Библиотекой, является важным шагом на пути к восстановлению разрушенных библиотек. Писатель подарил фонду библиотек на освобожденных от оккупации районов 440 экземпляров 4 (четырех) своих книг.
Bu gün ədəbi aləmdə artıq imzasını kifayət qədər tanıtmış xanım yazarlarımızdan Pərvanə Bayramqızının doğum günüdür! Ad günü münasibəti ilə Pərvanə xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, Pərvanə xanım!!!
Pərvanə Bayramqızı(Qarayeva Pərvanə Bayramqızı)1982-ci il aprel ayının 23-də Gədəbəy rayonunun Cəfərli kəndində anadan olmuşdur. Arzu Qasımov adına Əli-İsmayıl kənd (indiki Alnabat) orta məktəbini bitirib. Filologiya və kitabxana-informasiya təminatı ixtisası üzrə təhsil almışdır. Hazırda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında çalışır.
Mətbuat səhifələrində imzası ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabı 2008-ci ildə ADMİU-nun “Qarabağ” mətbəəsində çap olunmuşdur. Müxtəlif illərdə “Savalan”, “Rəy” (Gəncə), “Bütöv Azərbaycan”, “Ədalət” qəzetlərində, “Günəş”, “Yazı”, “Xəzan”, “Ustad”, “Azərbaycan” və “Ulduz” jurnallarında Pərvanə Bayramqızı imzasıyla şeir, hekayə və köşə yazıları dərc edilmişdir. Oxucu anlayışının istinadlarla izah edildiyi, oxucu-kitabxanaçı ünsiyyətindəki problemlərdən bəhs olunan, kitab verilişi ilə bağlı təklif irəli sürüldüyü “Oxucu anlayışı” məqaləsi ləsə Bakı Dövlət Universitetinin təsis etdiyi “Kitabxanaçılıq və informasiya” jurnalının səhifələrində tanış olmaq olar.
Yaxın vaxtlarda çap olunan “Yaza bilməyən yazıçı” adlı ikinci kitabı Pərvanə Bayramqızının son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının məcmusudur. Uşaqlarda erkən yaşlardan kitaba maraq aşılamaq məqsədinə xidmət edən köşə yazıları və hekayələrində ədəbiyyatın, mütaliənin təbliğinə yönləndirdiyi fəaliyyəti uğurludur. İstər müharibə, istərsə də digər mövzularda yazdığı hekayələrində mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinə üstünlük verir. Cəmiyyəti təşkil edən fərdlərin davranışlarının qabardılmasını yazıların onurğa sütunu hesab etmək olar. Kitabda feysbuk statuslarının da yer alması müəllifin gündəlik həyatımızda baş verənlərə subyektiv yanaşmasını nümayiş etdirir. Yazıçı fərdi yaşantılarını oxuculara nəsrdən əlavə ilk kitabından seçmə şeirlərlə də çatdırır. Azərbaycan jurnalistikasında və ədəbiyyatında iz qoymuş ziyalıların, yazıçı və şairlərin haqqında yazdığı resenziyalarında (“Fikir bir söz min” – Əməkdar jurnalist İntiqam Mehdizadə, “Sevgini görənlər” – Azərbaycan Dövlət Radiosu, “Azər Qismətin “Çuğullarının çuğulluğu” “Nəğmələrində göründüyümüz müğənni” – Qədir Qızılsəs, “Sklerozun xatirələrinin skleroz oxucusu” – yazıçı-jurnalist Vasif Sadıqlının “Sklerozun xatirələri” kitabı haqqında, “Müdrik adam” – Seyran Səxavət, Xalq şairi Məmməd Araza həsr etdiyi “İradə Tuncayla ortaq dərdimiz” və “Bu yerlərdən getməyən Məmməd Araz”, “Ramiz Rövşən haqlıdır”, “Salam Qədirzadə haqqında”) həmin şəxsiyyətlər barəsində subyektiv fikirlərinə oxucuları “qonaq”edir, onların yaradıcılığından ruhən qidalanmalarına yardımçı olur.
Pərvanə Bayramqızının iki hekayəsini (“Sonuncu arzu” və “Qanlı əl”) yazıçı-şair Vaqif Osmanov təhlil etmişdir. Vaqif İsaqoğlu isə “Yaza bilməyən yazıçı” kitabı haqqında geniş yazı yazmışdır. Kitabı oxumayanlar V.İsaqoğlunun: “Pərvanə Bayramqızı növbəti kitabını «Yaza bilməyən yazıçı» adlandırsa da yaza bilən ən istedadlı qadın yazıçılardan biridir, həm də müasir Azərbaycan ədəbiyyatında ən yaxşı yazan xanımlardan biri kimi dəyərləndirilməyə layiqdir. Onun yaza bilmədiyi, toxunmadığı mövzu yoxdur ictimai-sosial həyatın problemlərindən yazan, fikir və düşüncələrini, müşahidələrini, yaşantılarını, bizim həyatda görə bilmədiklərimizi qələmə alan, həyata öz baxışı olan, qadın-kişi, övlad-valideyn münasibətlərindən, ictimai mövzulardan və s. söhbət açan, eləcə də fərdi yaşantılarını hekayə, esse və şeirlərilə «dilə gətirən» bu istedadlı qələm adamının yaradıcılığı ilə tanış olduqca heyrətlənməyə bilmirdim. Məni heyrətləndirən həm də onun bir yazıçı kimi oxuculara ünvanladığı bir-birindən maraqlı və oxunaqlı hekayələridir. Onun istər yüksək məziyyətli publisistik məqalələrində, esselərində, eləcə də işıq selinə bürünən şeir və hekayələrində bəxtəvər bir ruh hakim idi. Yazıçının hər bir əsərində onun ruhunu gördüm, ürəyinin səsini eşitdim, bir qələm adamı olaraq sakit və səssiz yaşaya bilmədiyini gördüm. Həm də gördüm ki, onun ürəyi günəş kimi alovludur. Bu alovun işığında ziyarətə getməyin mümkünlüyünü hiss elədim. Axı, yaxşı kitab oxumaq, elə ziyarətə getməyə bərabərdir. «Yaza bilməyən yazıçı» kitabını oxuduqca sanki müqəddəs yerləri ziyarət edirdim və ziyarətim qəbul olunurdu” fikirlərinin sayəsində müəllifin ruhunu duyacaq, üslubu ilə tanış olacaq. Oxşar fikri onun haqqında kitabın redaktoru İntiqam Mehdizadə də söyləyir: “Güman edirəm ki, yazılarına təvəzökarlıqla “Yaza bilməyən yazıçı” adı qoymuş Pərvanənin həmin kitabı oxucuların əlinə keçsə yazıçının özünə atdığı o “böhtana” inanmayacaq”.
P.Bayramqızı eyni zamanda yazılarında təhsillə, ana dili ilə bağlı problemlərə də toxunur.
Kərəmli Qalası – Qalası Kərimli Müslüm oğlu – Nə böyük xalqsan mənim xalqım… “… Fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Yaşa mənim xalqım! Yaşa!
Hacıqabul rayonu Muğan kənd sakini 08 Yanvar 2000 təvəllüdlü Kərəmli nəslini davamçısı 2 noyabr tarixində Şuşa ətraflı (Daşaltı) döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin ruhu şad olsun. Amin. Bir ölüb, min dirilərik… Minimiz ölsə, milyonlar doğulacaq… Yaşamaq, əbədilik, böyüklük, cahan dövləti, cahan milləti olmaq bax elə bu keyfiyyətdə şifrələnib… Var olsun uca millətim.
Şəhidimiz Hacıqabul rayonu Muğan qəsəbəsində dəfn olunub:
Dövri mətbuatda müntəzəm çıxışları ilə tanınan “Yazarlar” jurnalının redaksiya heyətinin ən gənc üzvü Nərgiz Mirzəyeva “Qarabağ uşaqların gözü ilə onlayn videoçarx” müsabiqəsində uğurla iştirak etdiyinə görə “RÖVŞƏN HÜSEYNOV” diplomu ilə təltif olunub. Laureatı bu münasibətlə təbrik edir, eyni zamanda layihdə iştirak etdiyi videoçarxı və “Şuşam” şeirini sizlərə təqdim edirik:
“QARABAĞ UŞAQLARIN GÖZÜ İLƏ” LAYİHƏSİ – NƏRGİZ MİRZƏYEVA “ŞUŞAM” ŞEİRİ
ŞUŞAM
Səni yağı düşmən qəsb edən gündən, Yaralı vətəndik, sənsiz, ay Şuşam. Solmuşdu büsbütün Xarı bülbülüm, Çiçəksiz çəməndik, sənsiz, ay Şuşam. Sən bizim döyünən ürəyimizsən, Ürəksiz bədəndik, sənsiz, ay Şuşam.
Artıq ötüb-keçdi o çətin anlar, Axır ki, tapıldı dərdin əlacı, Sən artıq bizimsən, bizimsən indi Sevin, əziz Şuşam, vuran ürəyim, Sevin, əziz Şuşam, başımın tacı.
Nəhayət yetişdi o tarixi gün, Müzəffər ordumuz ayağa qalxdı, Üçrəngli bayrağı, öz əlləri ilə Şuşa qalasının başına taxdı.
Şuşam azad oldu ağrı-acıdan Şuşam azad oldu qəmdən, kədərdən, Açıldı qaralmış göylərin üzü Yurdum işıqlandı nurlu səhərdən.
İllərdir yarımçıq qalan arzular, Bu gün nəhayətçi kamına yetdi. Bağrı dağa dönmüş Şuşamız bu gün Sevincli alqışlar, səslər eşitdi.
Bu səs qazanılan zəfər müjdəsi, Bu bir türk səsi idi, sevinc səsi idi, Bu səs buxovların qırılan səsi, Azad Şuşamızın qələbəsi idi.
Allahım, günlərdən nə gözəl bir gün, Ali Baş Komandan, eşq olsun sizə. Qələbə sevinci yaşadı xalqım, Sonsuz bir səadət bəxş etdin bizə.
8 noyabr-tarixi bir gün, Müzəffər ordumuz, görüm var olsun. Hər bir əsgərimi Allah qorusun, Hər bir əsgərimə Allah yar olsun.
Biz iki millətik, birgə dövlətik, Nə olursa, olsun ayrılmaz Turan. Var ulu Turanın iki lideri, Birisi İlhamdır, biri Ərdoğan.
Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) – Sirvani (onu avropada və rusiyada Şamaxılı Alis kimi də tanıyırlar) 21 aprel 1322 – ci ildə Şamaxıda anadan olubş Hal-hazırda Qobustan rayonu Ərəbşalbaş kəndində yaşayan tanınmış Kərimlilər nəslindəndir. (Bu nəslin nümayəndələri bütün dövürlərdə əl qabiliyyəti – rəngkarlıq, ustalıq, düşüncə, istedad tələb edən sahələrdə fərqlənmişlər.) Şamaxının elmin, təbabətin mərkəzi olduğu çağlarda elə orada – doğma Şamaxıdaca günümüzün universitetlərinin verə bilmədiyi mükkəmməl dini və dünyəvi təhsil almışdır. O, məşhur memar olduğu kimi, bilikli təbib, münəccim, riyaziyyatçı və ya din alimi də ola bilərdi. Ancaq, rəsm çəkməyə xüsusi marağı olan Əliş bəy üzünü o vaxt çiçəklənməkdə olan şərqə tərəf tutaraq memarlığı seçdi. Qısa müddət ərzində Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə ad qazandı. Kırımda Bağçasarayda gördüyü işləri sorağını Rusiyaya ordan avropaya aparıb çatdırmışdı. Onun son işi dünyaca məşhur, gözəlliyin və möhkəmliyin vəhdət tapdığı, çərqlə qərbin qovuşduğu Moskva Kremlidir. (Kərəmli qalası -bürcü) 22 iyun 1371 ci ildə xəyanət – alçaqcasına sui-qəsd nəticəsində Moskva yaxınlığında öldürülmüşdür. Şamaxıda dəqiq bilinən günümüzədək qalıqları gəlib çatan işi şəhərin girişindəki köhnə körpüdür. (Bu məlumatı sonuncu dəfə 2017 -ci ilin yayında 83 yaşlı Şamaxı sakini tarixin demək olar ki, bütün çağları barədə zəngin məlumatlı Balayev Qulu baba böyük əminliklə təsdiq etmişdir.)
Əliş bəy Kərəmli Moskvaya böyük Knyazın dəvəti ilə getmişdir. Belə ki, bu məqsədlə 1366-cı ilin sonlarında Moskvanın böyük Knyazının elçiləri – Rusiya sarayından boyar İ. A. Baratinski və Şirvanşahların Moskva Knyazlığındakı səfiri Qafur bəy, Knyazlığın 10 süvarisi ilə yola çıxmışlar. Onlar uzun yolu qət edərək 1367-ci il yanvarın 5-də – şaxtalı bir qış səhərində Şirvanşahların paytaxtı Şamaxıya çatmışlar. Onlar burada ehtiramla qarşılanaraq, sarayın baş darvazasından həyətə daxil olmuşlar. Yüksək səviyyədə qarşılanma mərasimindən sonra, boyar Baratinski Moskvanın böyük Knyazının məktubunun məzmunu ilə Şirvanşah Şeyx İbrahimi bilgiləndirmiş, təcrüməçilik işini isə şahlığın Moskva Knyazlığındakı səfiri Qafur bəy həyata keçirmişdir. Həmin məktubda dünyaca məşhur olan memar-inşaatçı Əliş Kərəmli Moskvanın böyük Knyazı tərəfindən möhtəşəm tikintinin inşasına dəvət olunur. Bu, Dimitri İvanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olub. Şeyx əvvəlcə sevimli sənətkarını göndərmək istəməsə də, Əliş bəyin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair Knyazın zəmanətini nəzərə alaraq, bu işə razılıq verir. Şirvanşahdan səfər xeyir-duasını alan ustad sənətkar yol hazırlığına başlayır və 10 yanvar 1367-ci il tarixində rus elçiləri ilə birlikdə Moskvaya yola düşür. Moskvada 7 seçmə döyüşçü onun mühafizəsinə verilir. O, isə bunların arasından Yeqor Bulıç adlı cəmi bir əsgəri seçir. 14 mart 1367-ci il tarixində Əliş bəylə Moskvanın böyük knyazı Dmitri İvanoviç arasında müqavilə bağlanır. Müqaviləyə əsasən, Əliş bəyə öz işində tam sərbəstlik verilirdi. Heç bir kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə Dmitri İvanoviç hətta ona boyar titulu və səlahiyyətini də verir. Müqavilədə istənilən həcmdə maliyyə təminatına söz verilir, böyük knyaz tərəfindən gizli nəzarətlərə, qəfil təftişlərə, maliyyə hesabatlarına yol verilmir; yalnız özü məqsədəuyğun hesab etdiyi vaxt yazılı hesabat təqdim olunacağı bildirilir. Memarın layihəsinə və iş zamanı bu layihəyə hər hansı əlavə və dəyişiklərə də müdaxilə edilmirdi. Bu müqaviləyə əsasən, istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmurdu. İşin həcmi, sürəti və keyfiyyəti üçün lazım gəldikdə Əliş bəy istədiyi qədər fəhlə cəlb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərinin 4 il müddətində tam başa çatdırılması idi. Əliş bəy qarşılığında nəinki buna, həm də qalanın fərqli gözəlliyə və min illərcə Moskvanı qoruyacağına, hamının zövqünü oxşayacağına, şəhərin əsas qürür və gözəllik yerinə çevriləcəyinə öz vicdanı üzərinə söz verir. Buna əmin etmək üçün əlini cibindən çıxartdığı kiçik ölçülü “Quran” kitabının üzərinə qoyaraq and da içir. Əliş bəy Kərəmli təkcə memarlıq işlərini deyil, işlər 1 il tez başa çatsın deyə tikintiyə rəislik işini də öz üzərinə götürür. Onun üçün özünün təklifi ilə yalnız görülmüş işlər tam başa çatdıqdan və hamı tərəfindən gizli səsvermə yolu ilə ən gözəl iş kimi bəyənildikdən sonra zəhmət haqqı ödənilməsi nəzərdə tutuldu. Bu isə Şərq qaydasıyla, tikintiyə sərf olunacaq bütün materialların dəyərinin tən yarısı məbləğində olmalı idi. İş bəyənilməyəcəyi təqdirdə zəhmət haqqı qəbul edilməyəcəkdi. Amma iş başa çatana kimi firavan dolanmaq və ya ailəsinə göndərmək üçün hər ay ona 300 rubl qızıl pul əmək haqqı ayrılır. Onsuz da o, böyük knyazın bacısı evində yaşayacaq, onun hər cür qida və geyim təminatı orada ödəniləcəkdi. Knyazın bacısı əri, voyevoda Bobrokovun etirazına baxmayaraq, bütün məsrəfləri böyük knyaz öz üzərinə götürür. Moskva qalasının tikintisi əsasən Moskva çayı və onun qolu olan Yauza çayının dörd yandan əhatəyə aldığı adada aparılmalı, orada möhkəm qala divarları ilə əhatələnmiş içərişəhər yaradılmalı idi. Bu qala divarlarının müəyyən hərbi və nəzarət əhəmiyyətli hissələrində isə müxtəlif ölçü və quruluşda qüllələr, bürclər ucaldılacaq, darvazalar tikilicəkdi. Əliş bəy hələlik beş qüllənin və keşikçi bürclərinin, qala divarlarının layihəsini çəkib, böyük knyaza təsdiqlədir. Daha sonra kərpic sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Bu iş memarın vəzifəsi olmasa da, Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir, sağlam fəhlələr seçir, onların şərtlərini qəbul edir və öz şərtlərini qoyur. Tikintiyə 1500 nəfər işçi cəlb edilir. Əliş bəy yaxşı işləyənlərə tikinti başa çatdıqdan sonra onların yaşadıqları daxmaların, köşklərin içindəki ləvazimatlarla birgə bağışlanacağına söz vermişdi. Tikinti işlərinə mart ayının 25-də– rusların “Blaqoveşeniye” bayramı günündə başlanılır. Bu bayram Məryəm ananın Müqəddəs Ruhdan nütflənməsi münasibətilə keçirilirdi. Bayram münasibətlə keçirilən təntənədə müsəlman Əliş bəy də kilsəyə gəlir və şam yandırır. Bu vaxta kimi isə, çoxları, hətta yepiskopların da bəziləri müsəlmanların İsa Məsihi peyğəmbər kimi qəbul etdiklərini bilmirdilər. Tikintinin bünövrəsi qazılarkən Əliş bəy cibindəki “Quran”ı çıxarır və bir kənarda duraraq, “Məryəm surəsi”ni avazla oxumağa başlayır. Bir kimsə onun işlərinə qarışa bilməyəcəyi üçün hətta mitropolit Aleksiy də mane olmaq iddiasında olmur. Beləcə, bir tərəfdə yepiskop yoğun səslə “İncil”-dən cümlələr, digər bir tərəfdə isə Əliş bəy avazla “Quran” surəsini oxuyur. Həmin gün qala divarları üçün qazılmış bünövrəyə yonulmuş iri, qara daşlar yığılır. İlk iş günü bu işləri hamılıqla icra edirlər. Hətta böyük knyazın özü də iş görənlərin arasında olur.
1371-ci il iyun ayının 22-də içkili vaxtı bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, Əliş bəyin başını bədənindən ayırmışdır. Bu hadisə Moskva-Smolensk yolunun 9-cu kilometrliyində, indiki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma-vida məclisi zamanı baş vermişdir. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarın adını yox etmək və Kremli ucaldan sənətkarı tarixdən silmək olmuşdur. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlini elə oradaca dəfn edirlər. Bu ağır itkiyə görə ən çox üzülən böyük knyazın bacısı qızı Anna olur. Onun memara məhəbbəti qarşılıqlı olmasa da, bu itkiyə dözməmiş, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollanmış və ömrünün sonunacan memarın məzarına qulluq etmişdir.
Sergey Borodinin 1941-ci ildə yazdığı “Dmitriy Donskoy” tarixi romanında Əliş bəy və onun vətəninə dair qısa məlumatlar yer almışdır.
Əliş Kərəmli mövzusu Azərbaycanda ilk dəfə Oqtay Eldəgəz tərəfindən gündəmə gətirilmişdir. Ülfət Cavad. “Kremli Azərbaycanlı tikib.” AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutun “Elmi əsərlər”i. Bakı, 2009-cu il, 28-ci cild, səh. 205.
Azərbaycan yazıçısı Hafiz Mirzə onun haqqında “Moskva Kremlinin memarı Kərəmli” adlı povest yazmışdır.Həmin povest qəzetlərdə və “Son və başlanğıc” adlı kitabında dərc olunmuşdur.
2012-ci ildə Bakıda “Zərdabi” nəşriyyatında Əli Əhmədoğlunun müəllifi olduğu 168 səhifə həcmində “Kreml memarının mükafatı” adlı kitab nəşr olunmuşdur.
Əliş bəyin anadan olandan son gününüə qədər bütün həyatını əks etdirən Zaur Ustacın “Əliş və Anna” poeması çox maraqlı alınmışdır.
Gənc musiqiçi-rəssam Gülü xanım tərəfindən üz cizgilərinin müəyyən olunduğu esgiz hazırlanmış.
Tarixi şəxsiyyətlərin simalarına ikinci həyat verən tanınmış şair-rəssam Sehran Allahverdi tərəfindən memarın yuxarıda gördüyünüz portreti yaradılmışdır.
Zaur Ustac yenə də “EV BAZARI” nda gözünü yumub, ağzını açdı…
Salam olsun dəyərli dostlar! Bu dəfə sizlərə qələm dostmuz Müşfiq Xanın başına gələn hadisəni öz qələmindən necə çıxıb eləcə də çatdıracam. Necə deyərlər, aldı görək nə yazdı:
“Bu gün başıma iş gəldi… Kimnənsə eşitmişdim, təxminən belə deyirdi, bizim ölkə çox təhlükəlidi, burda istənilən oxucu səhər oyanıb yazıçıya çevrilə bilər. Bunu düşünəndə həqiqətən adamın tükləri biz-biz olur. Qulağımı dartıb, nəşrə hazırladığımız ədəbiyyat dərgisinin yeni sayını son oxunuşçün qabağıma çəkdim. Səhifə yarım oxumuşdum ki, qapı döyüldü. Bir az dilxor oldum, çünki bir həftəyə yaxındı nəşri yubanan dərginin bəxti gətirmirdi ki gətirmirdi. – Gəl, – qapıya səsləndim. Başımı vərəqlərdən qaldırmadan, bir neçə sətir də oxuyum, qənimətdi, düşüncəylə qırmızı qələmi kənara qoymadım. İki, ya üç sətir oxumuşdum, qapı təzədən döyüldü. Gələn kim idisə qapıya qarşı nəzakətliydi. Hətta mənə elə gəldi, qapı döyülmür, özüyçün mızıldanır, ya da nə bilim, nəyəsə gileylənir. Elə bu an yadıma düşdü ki, qapının ağzı yoxdu, daha doğrusu var, amma danışa bilmir. – Gəlin, – səsimi bir az yüksəltdim. Doğrusu yenə hay verən, gələn olmadı. Düşündüm qulağıma səs gəlir. Səhifəni tamamlayıb üçüncü səhifəyə keçəndə qapı cınqıldadı. Bayaqdan qapının taxta hissəsini döyəcləyən məchul qüvvə bunun işə yaramadığını düşünüb əlindəki naməlum əşya ilə bir az yuxarı, şüşəli gözünü taqqıldatmağa başlamışdı. Qulaq verdim, gələn vardı, o yanı-bu yanı ola bilməzdi. Bir az ürəklə: – Buyurun, gəlin, – əlimi ağzıma söykəyib həsrətlə otağın qurtaracağına baxdım. Ahh, şükür, bu dəfə qapı açıldı. Sıra ilə otağa üç nəfər girdi. Üçüncü, axırda gələn iş yoldaşım idi. Özünü qabağa verdi: – Müəllim, bəylər kitab yazıb… – Yox, bu yazıb, – otuz yaşlarındakı qarabəniz adam yanına salıb gətirdiyi şişman kişini işarə verib burnunun aşağısına düşən maskanı çəkib yerinə otuzdurdu. Bir az duruxub irəli yeridi, divana çöküb yanındakı ağsaqqal şişmana təpindi: – Day otur görək də, məllim. Sonra nə düşündüsə, – Qaynatamdı, – deyib yerini rahatladı. – Buyurun, – adəti üzrə qeyd dəftərimi əlimin altına çəkib özümə “sizi eşidirəm” görkəmi verdim. – Buyur! – bu dəfə də ələkçinin qıl verəni üzünü şişman kişiyə tutub məzəmmətedici şəkildə təkrarladı. Ağır söhbət olacaqdı, buna əmindim. Qara günümü qablaşdırıb hələ də susmaqda israrlı olan kitabyazan əmi ilə ünsiyyətə girməyə çalışdım: – Şeirlərdi? – Soruşur ki şeir yazırsan?! – maskasını çənəsinə qədər endirib dişlərini qıcadı. Kişi kürəkəninin sonuncu hərəkətindən ürkdü: – Hə, hə, biz kitab yazmışıq. – Biz yox, sən. Məni qarışdırma! – vəkilciyəz kükrədi. – Aha, baxa bilərəm? – Müəllim, kitablar qapının ağzındadı, – iş yoldaşım araya girdi. Bir şey anlamadım. Bunu hiss etdiyi üçün qıvraq hərəkətlə otaqdan çıxıb tez də əlində iki zənbili sürüyə-sürüyə içəris saldı. – Bunlardı, – müəllif əmi torbaları görəndə gözləri işıqlandı. Dili açıldı. – Burdakılar kirilcədi, çoxdan yazmışam, – saralmış bazar zənbilini qucağına alıb içindəkiləri divanın üstünə boşaltdı. Təxminən otuz-otuz beş dənə sovetdənqalma doxsan altı vərəqli dəftər idi. Heyrətimdən donub yerimdə qalmışdım. Bu neçə ildə nəşriyyatda başıma gələnlərdən sonra elə deyirdim, bir də heç nə məni heyrətləndirə bilməz, elə bil sözüm Allaha acıq getdi. – Burdakılarsa təzə əlifbaynandı, – kişi elə bil birdən-birə qızışmışdı. Əl atıb o biri torbanı da götürüb bu dəfə birbaşa döşəmənin üstünə boşaltdı. – Ay kişi, sənə deməkdən yoruldum, burdakılar elə köhnə yazdıqlarındı, latın əlifbasıynan üzünnən köçürmüşəm bu dəftərlərə! – kürəkəni nəhayət işəyarayar nəsə danışdı. Əyilib dəftərlərdən birini yerdən götürüb oxumağa başladım. Deyəsən poema idi. Ucu-bucağı görünməyən misravari sətirlər dəftərin yarısına qədər uzanıb gedirdi. Qəfil gözümə tanış beyt dəydi: – Axı bu Nəsiminin qəzəlinnəndi… Mənim sözümnən sonra ağsaqqal cavab tələb edirmiş kimi kürəkənini narazı-narazı süzdü. – Onu uşağın məktəb kitabından götürüb ora yazmışam ki, kitab bir az maraqlı alınsın. Nə ziyanı var? – Bəy, belə olmaz. Adamı topa qoyub atarlar, vallah. – Sənə demişdim də təkcə Nizamidən sal! – ağsaqqal kürəkəninə çəmkirdi. – Allah yalan danışanın belin sındırsın! A kişi, özün demədin ki, pensiya kartımı üç aylıq sənə verirəm, köhnə kitablardan əlinə nə keçir yaz doldur bu dəftərlərə? – Nəsimini deməmişdim! – qocaman şair özünü yuyub yarpız üstünə qoymağa çalışdı. – Nə fərqi var, müəllim? – bu dəfə hirsimdən özümü saxlaya bilmədim. – Necə yəni fərqi var?! – ağsaqqalın dil-dil ötməyə başlamışdı. Elə bil bayaqkı mağmın bu deyildi. – Nəsimi zəif yazır! Onun qəzəlinin mənim kitabımda nə işi var?! – Siz nə danışırsız? Biz nəyi müzakirə edirik? – özümdən çıxdım. – Mənə sizin kimi nəşriyyat lazım deyil! Dur, ədə, dur getdik! Kürəkəni büzüşüb yumağa dönmüşdü. Bayaqkınan əsər-əlamət qalmamışdı. Böyük ehtimalla qaynatasının pensiya kartı əvəzinə ovcunu yalamalı olacaqdı. Qanı qaralmışdı. – Ala, bu dəftəri də sənə verirəm, öz adınla çap edərsən! – ağsaqqal ayağa qalxıb həmin dəftəri masamın üstünə tulladı. – Təşəkkür edirəm! – başqa nəsə demək istəsəm də, gələnlərin qapıya tərəf getdiyini görüb fikrimdən daşındım. Yarım saat sonra dərginin son oxunuşunu tamamlamalıydım. Allah saxladı, yaxşı qurtadım…”
Osloda Həftəsonu Məktəbində “Mənim dilim-Ana dilim” layihəsi.
Osloda Ilqar Fəhmi və Kamal Yaşar ilə görüş olub
Osloda Həftəsonu Məktəbində “Mənim dilim-Ana dilim” layihəsinin bu dəfəki qonaqları şair,yazıçı. kinodramaturq İlqar Fəhmi və istedadlı aktyor,qiraətçi Kamal Yaşar olub. Qeyd edək ki, görüş çox maraqlı keçib. Belə ki, görüş İlqar Fəhminin 44 günlük İkinci Vətən Müharibəsinə və xalqımızın əldə etdiyi Zəfərə həsr etdiyi “Balaca kişilər” şeiri ilə başlayıb. İ.Fəhmi “ Balaca kişilər” şeirinin yaranması və xalqımızın əldə etdiyi Böyük Qələbədən danışaraq, igid oğlanlarımızın 44 günlük müharibədə göstərdiyi böyük qəhrəmanlığı yüksək qiymətləndirib. İ.Fəhmi bu müharibədə göstərdiyi qəhrəmanlıqları ilə dastan yazan oğullarımızın sücaətini ədəbi-bədii sözün köməyi ilə peşəkarcasına şeirində təsvir edərək oxuculara təqdim edib. İkinci Vətən Müharibəsində dünyada yaşayan azərbaycanlıların da birləşərək böyük həmrəylik göstərdiyini deyən, İ.Fəhmi həmvətənlilərimizin birlikdə güclü olduğunu bildirib. Görüşün davamında yazıçı “ Səndən Nigaranam” povestindən, “ Aktrisa” romanından danışıb və ona ünvanlanan sualları cavablandırıb.
Vətəninə və doğulub böyüdüyü Bakı şəhərinə çox bağlı olduğunu deyən İ.Fəhmi Bakıdan kənarda ədəbi yaradıcılıqla məşğul ola bilmədiyini deyib.
İstedadlı aktyor və qiraətçi Kamal Yaşarda Osloda uşaqlara Ana dilinin öyrədilməsini çox təqdirəlayiq olduğunu deyərək, dilin öyrənilməsi texnikası ilə bağlı öz məsləhətlərini verib. Qiraətçi K.Yaşar həftəsonu məktəbinin şagirdləri üçün İsmayıl Şıxlının hekayələrindən birini oxuyub.
Osloda həftəsonu məktəbinin layihə rəhbəri Ramil Əliyev bu cür görüşlərin keçirilməsinin şagirdlər üçün çox vacib olduğunu bildirib və ədəbiyyatımızın görkəmli nümayəndələrinin çıxışları və əsərlərini səsləndirməsi uşaqlarda sözə və ədəbiyyata marağı daha da artıracağını qeyd edib.
Məktəbin Ana dili müəlliməsi Arzu Rzayeva qeyd edib ki, İ.Fəhminin yaradıcılığındakı vətən sevgisi şagirdləri ədəbi dili öyrənməyə həvəsləndirəcək və Vətən sevgisini daha da gücləndirəcəkdir.
Şagirdlər dəyərli qonaqlarımızdan ilham alaraq İ.Fəhminin“ Balaca kişilər”şeirindən bir neçə bənd söyləyib və qonaqlara suallar veriblər.
Qeyd edək ki, Yevlax rayonu Nizami Gəncəvi adına Malbinəsi tam orta məktəbindən görüşə qoşulmuş ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın şagirdləri maraqlı çıxışları və söylədiyi şeirlər ilə tədbir işritakçılarının yaddaşında qalıb.Tədbirdən fotolar: