MƏNƏVİ DÜNYAMIZA YENİ TÖHFƏ Araşdırmaçı, yazar, ədəbi təhlilçi Vaqif Osmanlının yenicə çapdan çıxmış “Sözün, sazın kəlağayılı Güllüsü” kitabı xalqımızın əsrlərdən bəri keşiyində dayandığı, saflığını qorumağa çalışdığı, bəzən bu yolda qanına qəltan olduğu çağdaş dünyamızda üzərində bəzi xoşagəlməz çatlar görünməyə başlayan Türkün mənəvi dünyasını yad nəfəslərdən xilas etməyə hesablanmış bir söz töhfəsidir. Müəllif əslində xalqımızın dünənindən bu gününə, bu günündən sabahına körpü salmağı qarşısına məqsəd qoyub. Mənə elə gəlir ki, bunu uğurla edib, məqsədinə çatıb. Kitabın redaktoru kimi çox fərəhliyəm ki, bu kitaba mənim də imzam düşüb. Onu da deyim ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən bu nəfis və qiymətli kitabın rəyçisi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğludur. Yeni kitabın Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 10 illiyi ərəfəsində işıq üzü görməsi də əslində kəlağayını başa tac edənlərə dəyərli hədiyyədir. Kəlağayının təbliğində, milli dəyər kimi dünyaya tanıdılmasında Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeyevanın Azərbaycan mədəniyyətinə misilsiz xidməti danılmazdır. 2024-cü ildə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və şəxsi “Kəlağayı Muzeyinin “Azərbaycan Kəlağayılarının təbliği” layihəsi çərçivəsində Vətənimizin müxtəlif bölgələrində, ən ümdəsi işğaldan azad olunmuş Şuşada tədbirlər keçiriləcək. “Sözün, sazın kəlağayılı Güllüsü” şair, publisist, aktiv ictimai insan, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, ilk şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, hamımızın sevimlisi Güllü Eldar Tomarlının ömür yoluna bir baxışdır. Həmin ömür yolunun anlaqlı hissəsində Güllü xanımın fəaliyyəti hamımıza örnəkdir. Güllü xanımın yeniyetməlik, gənclik dövründən bu günə kimi yorulmaz fəaliyyəti ayrı-ayrı bölümlərdə çox maraqlı və səlis dillə təhlil olunur, Güllü xanımın özünün, anası Gülüstan ananın, onu yaxından tanıyanların söhbətləri, xatirələri ilə oxuculara çatdırılır. Hər bölümün başlanğıcında Güllü xanımın şeirlərindən seçilmiş bir bənd bölümə güzgü tutur, onun məqsədinə aydınlıq gətirir. Bu, müəllifin uğurlu yanaşması kimi təqdir olunmalıdır. Hər bölümdə Güllü xanımın sözə, saza, mənəvi dünyamızın ayrı-ayrı dəyərlərinə vurğunluğu təkrarolunmaz fakt və dəlillərlə yanaşı, təxəyyülünün söz inciləri ilə təsdiqlənir. Güllü xanımı tanıyanlar yaxşı bilir ki, onun bir dünya ana sevdası var – Gülüstan ana dünyası. O, Gülüstan ana ilə nəfəs alır, o ana onun zəngin mənəvi aləminin, uğurlarının memarıdır. Kitabda Gülüstan ananın bəzən kövrək, bəzən də baməzə söhbət və xatirələrinə tez-tez müraciət olunması oxucunu yormur, əksinə, əhvalını təravətləndirir. Güllü xanım Vətən qızıdı, anadı, nənədi, Türk xanımıdı. Həm də şəhid analarının, bacılarının, bütün şəhid ailələrinin kədərinin ortağıdır, təsəlli verənidir. Bu yaxınlarda bizimlə birlikdə Zəngilana getməyi də özünə borc bildi. Zəngilanda biri mənim qardaşım İsmayıl olmaqla yeddi məzarsız polisin şəhid olduğu yeri ziyarət etdik, ruhlarını şad etdik. Vaqif Osmanlı Güllü xanımın vətənpərvərliyini, insansevərliyini, qədirbilənliyini, qayğıkeşliyini məhz buna görə önə çəkir ki, Vətənə belə analar, bacılar lazımdır. Vətən belələrinin sayəsində ana Vətənə dönür. Vətənin dar günündə də, şad günündə də ömrünü xeyirxahlığa, mərhəmətə xərcləyən Azərbaycan xanımıdır Güllü xanım. Güllü xanımın rəhbərlik etdiyi İctimai Birliyin keçirdiyi şəhidlərin anım tədbirləri, qazi yazarların kitab təqdimatları, “Sazlı, Sözlü Kəlağayı Günləri”, respublikada ilk “Kəlağayı Festivalı” qazi və şəhid oğulların tanıdılmasına, Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliğinə xidmət edir. Kitabın müəllifi də belə tədbirlərin mənəvi, tərbiyəvi önəmini xüsusi vurğulayır. Çünki Vaqif müəllim də Vətən , millət, yurd, el-oba, mənəviyyat məsələlərinə həssas yanaşan söz, fikir adamıdır. Kitabın adı çox incə anlamlardan xəbər verir: “Sözün, sazın kəlağayılı Güllüsü”. Saz, söz ulu Türk yaranan gündən onunla birgədir, onun yaşam və fəlsəfi düşüncə tərzidi. O ki qaldı kəlağayıya, bu milli baş örtüyü Türk xanım-xatınlığının, abır-həyasının, ismətinin, namusunun, bir sözlə mənəvi aləminin qədim-qayım rəmzidir. Nənələrimizdən bizə miras qalan zərif baş örpəyini sandıqlardan çıxarmaq, başımıza tac etmək Güllü xanımın işinin əsas məqsədidir. Gəlin “Sözün, sazın kəlağayılı Güllüsü” kitabını oxuyaq, nəticə çıxaraq, gələcək nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsinin təməlinin möhkəmlənməsinə nənə, ana, bacı töhfəmizi əsirgəməyək. Vaqif müəllimin yeni çapdan çıxmış kitabı bunları bizə aşılayır. Vaqif Osmanlını və Güllü Eldar Tomarlını təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram.
İlk növbədə özümə ünvanladığım bu suala yəqin ki bəziləri birmənalı şəkildə yanaşmayacaq. Sosial şəbəkənin (FB-un) iç qatlarına bələd olduqca anladım ki bu virtual aləm arxa qapısı hamının üzünə açıq olan bir məkandı. Ədəbi aləmin çox vaxt bağlı olan qapılarından içəri keçməyi haqq etməyənlər, dal qapıdan asanlıqla içəri sivişib, ürəkləri istədiyi qədər özlərinə tərəfdar toplaya bilirlər. Və onu da anladım ki virtual aləmdə hər kəsin yazı savadını, istedad sahibi olub-olmadığını, ədəbi zövqünü, iç dünyasını asanlıqla dərk etmək mümkünmüş… Hər şeydən qabaq bu aləm cızmaqaraçıların və onlara züy tutanların məkanıdır, burda şəxsi tanışlıq, yazı müəllifinin yaşı, cinsi, haralı olması vacib hesab edilir. Sizlər kimi mən də şahidəm ki, hansısa bölgədən olan bir “yazar”ın şeir adına ortaya qoyduğu “nəsnə”yə bəzi həmyerliləri nəzakət xatirinə dəstək verirlər. Yeri gəlmişkən, bu ilin əvvəllərində görkəmli bir alim eloğlumla çay süfrəsi arxasına əyləşib dərdləşəndə (Bizim tərəflərdə adətən bu ifadəni işlədirlər) dedim: “Qaqa, sən doğrudanmı o filankəs xanımın gün ərzində feysbukda nümayiş etdirdiyi ən azında iki-üç cızmaqaralarını şeir hesab edirsən?” Üzümə təbəssümlə baxıb dilləndi: “Neyləyim, öz kəndçimdi, vallah heç oxumadan “layk” edirəm…” Mənim şəxsi fikrimcə ən səmimi oxucu yüksək ədəbi zövqə sahib tərəfsiz oxuculardı. Ən istedadlı yazar dostlarımı da bu “qrafaya” əlavə edirəm. Ancaq bəzi qələm sahibləri incisə də deyəcəyəm, (çoxları bilir ki məndə heç əzəldən “zadnı skorus” yoxdu): “Bəziləri “bəyənmə” işarəsinə barmaq basanda, bunu “beh” hesab edir və qarşılığını gözləyirlər!” Yəni, “öy məni, öyüm səni” prinsipini əsas tuturlar. Ötən ilin sentyabr ayında üzləşdiyim göz əməliyyatından sonra bir müddət sosial şəbəkədən gendə dayanmağa məcbur oldum. Bəzi dırnaq arası “dostlar” üç-dörd həftənin içində qeybə çəkildilər. Həmin çətin günlərimdə yazı-pozu ilə məşğul olmayan, ancaq sözə dəyər verməyi bacaran söz sərrafları həmişə olduğu kimi məni yalqız buraxmadılar… Elə indinin özündə də rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin 25 illik yubileyi ilə ilgili işlərim çox olsa da, əsl söz sərrafları məni tərk etməyiblər… P.S.Özümə söz vermişdim ki yalnız özümün və əhatəmdə olan yazarların qayğıları ilə ilgilənim, ancaq gec-tez yuxarıda dediklərimi üzə çıxarmalı idim. Mənim yazılarıma münasibət bildirən dostlara da, bilərəkdən gözardı edənlərə də cansağlığı arzulayıram. Tərif xəstəsi deyiləm ki yazılarımı oxuyanların sayı ilə qürrələnəm!..
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclasında iştirak edir. CENL Avropanın 46 ölkəsindən milli kitabxanaların üzv olduğu bir kitabxana təşkilatıdır. Hər il fərqli bir ölkədə keçirilən iclasa bu il Varşava ev sahibliyi edir.
Konfransı CENL sədri Frank Scholze açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə öz təşəkkürünü bildirib. Ardınca Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski bütün iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.
İclasın ilk günü salamlama nitqlərindən və bütün nümayəndələrin təqdim edilməsindən sonra CENL-in 2023-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən 37-ci illik iclasının protokolu və illik hesabatı müzakirə edilib. Təşkilatın maliyyə hesabatı və növbəti il üçün büdcəsi də müzakirə edilib, səsverməyə qoyularaq qəbul olunub.
İclasın davamı olaraq Finlandiya Təhsil və Mədəniyyət Nazirliyindən Minna Karvonen “Rəqəmsal mədəni irs – zamanları, ideyaları və insanları birləşdirir” mövzusunda təqdimatla çıxış edib.
Sonra CENL üzvlərindən Fransa, Almaniya, Serbiya, İspaniya, Belçika, Luksemburq, Estoniya Milli Kitabxanalarının rəhbərləri CENL-ə üzv olan kitabxanalarda elektron qanuni depositin statusu haqqında təqdimat ediblər.
Daha sonra CENL-ə üzv olan kitabxanalarda elektron qanuni depozitin vəziyyəti, qanunvericilik, tələblər, musiqi, təcrübələr haqqında danışılıb, iclas müzakirələrlə davam edib.
Konfrans öz işinə 18 iyun tarixində davam edəcək.
Mənbə və daha ətraflı: https://www.millikitabxana.az/news/azerbaycan-milli-kitabxanasi-cenl
Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri haqqında bəzi qeydlər
XII əsr Azərbaycan yazıçısı, şairi, alimi və pedaqoqu Əbubəkr ibn Xosrov əl-Ustadın dövrümüzədək yalnız “Munisnamə” əsəri gəlib çatmışdır. Bu kitab bir zamanlar mədrəsələrdə dərslik kimi istifadə olunurdu. Hər şeydən əvvəl qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin sarayında xidmət etmiş, böyük Nizami Gəncəvi müasiri və bəzi ehtimallara görə hətta dostu olmuş Əbubəkr ibn Xosrov əl-Ustad haqqında, təəssüf ki, orta əsr mənbələrində və təzkirələrdə heç bir məlumata rast gəlinmir. Onun şəxsiyyəti, dünyagörüşü və ədəbi irsi barədə müəyyən təsəvvürü yazıçının kifayət qədər zəngin yaradıcılığının hələlik əldə olan yeganə nümunəsindən – “Munisnamə”dən almaq olar. Yazıçı əsərin müqəddiməsində özü barəsində bir qədər məlumat verir, sözün dəyanətindən danışır, şeirin üstünlüyünü vurğulayır, nəsrə keçməsinin səbəbini izah edir. XVI fəsildə isə imamların, filosofların, müxtəlif mütəfəkkirlərin əsərlərindən nümunələr verir, XVII fəsildə 31 maraqlı və ibrətamiz nağıllardan bəhs edir. “Munisnamə” həcm etibarilə çox iri bir əsərdir. Belə ki, onun əlyazma nüsxəsi 750 səhifəyə yaxındır. “Munisnamə”nin yeganə əlyazması Azərbaycanda sovet hakimiyyətinin qurulması ərəfəsində 1920-ci ilin aprelində şairin yaşadığı doğma Naxçıvan diyarından çıxarılaraq İngiltərəyə aparılmışdır. Əsərin üzərindəki qeyddən aydın olur ki, o, Ter-Avetisyan soyadlı bir nəfər tərəfindən Böyük Britaniya muzeyinə “Min bir gecə” adı ilə satılmış, burada nə az, nə çox, düz 50 il araşdırılmadan toxunulmaz qalmışdır. Nəhayət, əlyazma ingilis şərqşünası Q.M.Meredit-Ouensin diqqətini cəlb etmiş və o, müəyyənləşdirmişdir ki, həmin əlyazma “Min bir gecə” nağılı yox, Atabəylər dövləti dövründə yaşamış Əbubəkr ibn Xosrov əl-Ustad adlı müəllifin qələminə mənsub “Munisnamə”nin unikal nüsxəsidir. Tədqiqatçı əlyazmanın qısa təsvirini hazırlamış və əsərin müəllifi haqqında onun giriş hissəsindən əldə etdiyi məlumatlarla birgə 1971-ci ildə Edinburqda “İran və islam” məcmuəsində dərc etdirmişdir. Q.M.Meredit-Ouensin bu məlumatı həmin dövrdə Atabəylər dövlətinin tarixini tədqiq etməklə məşğul olan akademik Ziya Bünyadovun diqqətini çəkmiş və o, özünün “Azərbaycan Atabəyləri dövləti” adlı monoqrafiyasında Əbubəkr ibn Xosrov əl-Ustaddan bəhs etmişdir. Sözü gedən əsərin foto-surətinin Azərbaycana gətirilməsi üçün mərhum akademik Ziya Bünyadov çox səy göstərmiş və sonda buna da nail ola bilmişdir. İndi onun təşəbbüsü ilə gətirilən foto-surət Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adma Əlyazmalar İnstitutunda “FS-178” şifrdə yüksək səviyyədə qorunub saxlanılır. “Munisnamə”nin öyrənilməsi və geniş istifadə dairəsinə çıxarılması sahəsində ən mühüm xidmət professor Rüstəm Əliyevə məxsusdur. O, akademik Ziya Bünyadovun böyük zəhməti hesabına “Munisnamə”nin Bakıya gətirilmiş əlyazmasının mətnini rus dilinə tərcümə etməyə başlamış və 1991-ci ildə “Yazıçı” nəşriyyatında çap etdirmişdir. Təəssüf ki, həmin tərcümədə “Munisnamə”nin bəzi fəsilləri ixtisar olunmuşdur. Bu dəyərli əsərin yalnız Naxçıvana aid olan hissələri 2008-ci ildə Hacı Səbuhi İbrahimov tərəfindən Azərbaycan dilinə tərcümə edilərək çap edilmişdir. Tərcüməçi əsərin giriş hissəsini, I və II fəsillərini, eləcə də XVII fəslin Naxçıvanla əlaqəsi olan 26-cı və 29-cu hekayətlərini dilimizə çevirmiş, kitaba geniş ön söz də yazmışdır. 2010-cu ildə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında A.M.Bağırovun tərtibçiliyi ilə “İlahi sözlər. Azərbaycanın folkloru və ədəbi abidələri” adlı iri həcmli kitab işıq üzü görmüş və bu kitabda “Munisnamə”yə də geniş yer ayrılmışdır. Belə ki, “Munisnamə”nin R.M.Əliyev tərəfindən rus dilinə edilmiş tərcüməsindən böyük bir hissə həmin antologiyaya daxil edilmişdir. 2016-cı ildə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayevanın “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri” adlı kitabı işıq üzü görmüşdür (Bakı: “Papirus NP”, 2016, 196 səh.). Çox sanballı bir tədqiqat işi olan bu kitabda “Munisnamə” əsərini struktur baxımından iki hissəyə bölən müəllif, bunlardan birincisini, şərti olaraq didaktik, ikincisini isə bədii hissə adlandırmışdır. Ümumilikdə əsər 17 fəsildən ibarətdir. Materialların fəsillər üzrə bölüşdürülməsində isə qeyri-bərabərlik müşahidə olunur. Belə ki, didaktik hissəyə daxil olan ilk 16 fəsil əsərin ümumi həcminin altıda birindən də az hissəsini təşkil edir. Bu hissənin özünü də iki qismə ayırmaq olar: 1-7-ci fəsillərə daxil edilmiş material islamdan sonrakı dövrü əhatə edir, 8-16-cı fəsillər isə qədim yunan, İran (pəhləvi) və qismən də hind etik-fəlsəfi fikri ilə əlaqədardır. Bədii hissəni ehtiva edən 17-ci fəsil isə 31 hekayətdən ibarətdir. Bu hekayətlər də həcmcə bir-birindən fərqlənir və əlyazmada ən kiçik hekayət 2 səhifədən ibarətdirsə, ən böyüyü 86 səhifədir. Sonralar, daha dəqiq desək, 2021-ci ildə hörmətli müəllif Rəna Rzayeva Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsərini tam şəkildə fars dilindən doğma dilimizə tərcümə etmişdir (Əbubəkr ibn Xosrov əl-Ustad. “Munisnamə”. Bakı, Adiloğlu nəşriyyatı, 2021, 764 səh.). Müəllif həmçinin müqəddimənin, qeydlərin və kitabın sonunda təqdim edilən lüğətin də müəllifidir. “Munisnamə” əsərində “Əshabi-kəhf” haqqında da olduqca maraqlı məlumatlar vardır. Əsərdə 26-cı nağıl belə adlanır: “Əshabi-kəhf, Dəqyanus və onların başına gələn işlər haqqında hekayət”. Bu hissədə Naxçıvanda məşhur olan “Əshabi-kəhf” (“Mağara sahibləri”) əhvalatı geniş formada nəql olunur. Bu rəvayətin başlanğıcında müəllif qeyd edir: “Əfsanələri qoruyanlar və rəvayətləri yaşadanlar söyləyirlər ki, qədim zamanlarda Kəəb ibn əl Əkbər, Vahab ibn Munabbax, Həsən əl-Bəsri və Abdullah ibn Məsud “mağara sakinləri” haqda əfsanəni hərə bir cür rəvayət edir. Bizə elə gəlir ki, Kəəb ibn əl-Əkbərin söylədiyi Müqəddəs kitab Qurandakına uyğundur”. Qeyd edək ki, “Munisnamə” əsərinin girişi və müəyyən fəsillərinin surətləri hazırda AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda da mühafizə edilməkdədir. Biz, həmin Fondda olaraq surəti mühafizə edilən farsca olan əsərin hissələri ilə tanış olduq. Qeyd edək ki, saxlanılan kitabın surətinin vərəqələri tam deyil, 1-dən 20-yə, 558-dən 567-yə, 625-dən 635-ə, 734-dən 740-a qədər daxil edilmişdir. “Munisnamə” orta əsrlər müsəlman Şərqində ədəbi inkişafın bir sıra məsələlərinə işıq salan abidə kimi olduqca qiymətli və sözün əsl mənasında unikallığı ilə fərqlənən bir əsərdir. Təkcə ədəbi əsər kimi deyil, o, həm də bir mənbə kimi dəyərləndirilməsi zəruri olan, maraqlı hekayələr, nağıllar, rəvayətlər, lətifələr, müdrik kəlamlar və aforizmlər toplusudur.
Müəllif: Yunis XƏLİLOV , Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi