Aqillər yurdunun pir övladıyam!

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hikmət ZIYA – GƏNCLİK NƏĞMƏLƏRİ


Hikmət Ziyanın RAFİQ YUSİFOĞLUNUN “Ocaq yeri” kitabı haqda 1990-cı ildə yazıb “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi məqaləni təqdim edirik:

GƏNCLİK NƏĞMƏLƏRİ

Rafiq Yusifoğlunun uşaqlar üçün yazıb çap etdirdiyi şeirlər həmişə diqqətimi səlb etmişdir. O, hər şeydən əvvəl, uşaq aləmini həssaslıqla müşahidə edir və hər bir şeirində ürəyəyatımlı müxtəlif poetik kəşflər edir. Uşağın yarasını sarıyan ana ufum-ufum ufuldayır. Təəccüblənən uşaq anasından soruşur:

Mənim yaram ağrıyır,
Sənin haran ağrıyır?

Şeir bitdi. Övlada qarşı ana məhəbbətinin misilsizliyini bundan gözəl demək olarmı? Rafiqin belə uşaq şeirləri yüzlərlədir…
Bəs görəsən böyüklər üçün yazdığı şeirlərdə Rafiq Yusifoğlu öz sözünü yeni poetik vüsətlə deyə bilirmi? Özlüyümdə bu sualla «Yazıçı» nəşriyyatının nəşr etdiyi «Ocaq yeri» (1989) kitabını vərəqlədim. Axırıncı şeiri oxuyub qurtarandan sonra bu qənaətə gəldim ki, bəli, Rafiq böyüklər üçün olan yazılarında da özünə sadiqdir.
Şeirlərində ulu xalqımıza, doğma torpağımıza övlad məhəbbəti ilə çıxış edən şair, söz tutumuna, yeni ifadə tərzinə xüsusi fikir verir. «Azərbaycan torpağı» şeirindəki bu misralara nəzər salaq:

Güneyində qışda günəş qar əridir, buz yeyir,
Əskik olmaz qar tığından yayda belə quzeyi.
Dağlar, daşlar təbiətin əsrarəngiz muzeyi,
Ürək doymur bu yerlərin baharından, qışından.

Qalx zirvəyə, öyünmə ki, sən hamıdan hündürsən,
Ürəyincə cavab verər burda kimi dindirsən,
İgidlər var, yumruğunu qayalara endirsə,
Parçalanar ovum-ovum, seçilərmi daş undan?!

İnsanları taleyini işə, gücə bağlayıb,
Kəmənd atıb gur çayları axarından saxlayıb.
Qocalar var bu torpaqda, yaşı yüzü haqlayıb,
Təpəri var ürəyində, gileylənməz yaşından.

Təslim oldun qüdrətimə, iradəmə çar-naçar,
Qobustanım heykəlləşən tariximdən söz açar,
Pis niyyətlə toxundumu, ayaq altdan yer qaçar,
Haray qopar bu yerlərin torpağından, daşından…

Əvvəla, xəritədə qartal qiyafəli Azərbaycan haqqında vəznin seçiminə diqqət yetirdim, yurdumuzun qürurlu vüqarına yaraşan təmkin, sanballı on beş hecanın seçilməsi məni çox məmnun etdi. Eləcə də «dağlar, daşlar təbiətin əsrarəngiz muzeyi» deyən şairin sonrakı «Mənim imzam» şeirində fitnəkar bədxaşlarımızın hər cür canfəşanlıqla təkzibinə qarşı xalqımızın ulu tarixinin pozulmaz imzasına inamını gördüm:

Mənim imzam – Təbriz, Qarabağ, Gəncə…
Mənim imzam tarixin yaddaşında.
Mənim imzam – Qız qalası, Əlincə,
Mənim imzam – Qobustanın daşında.

Şair həmin şeirinin sonrakı misralarında xalqının, vətəninin azadlığı yolunda dil-dodağı əsən, vulkan qəlbli, sinədağ, böyük şairimizə, «İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində» deyən ölməz Məhəmməd Hadiyə ruhən ümid verir:

Bir gün tarix yapışacaq yaxamdan,
Kim salacaq bu işləri nizama?
Övladımın damarında axan qan
Təmizdisə, zaval yoxdu imzama.

«Ocaq yeri» kitabında «Doğulduğum torpaq, güvəndiyim xalq», «Sevincim, kədərim», «Sənin pəncərəndən süzülən işıq» adlı bölmələrdə şairin yüzdən artıq şeiri verilmişdir… Başı bəlalar çəkmiş vətən torpağının hər bir doğma övladına müqəddəsliyi, ədalətin ölməzliyini, əqidəsindən dönməyən insanın mənəvi yüksəkliyi, qaynar bulaqlar kimi ləkə götürməz təmizliyi, dünyanı xaosdan qoruyan yaxşıların pisdən qat-qat üstünlüyü, təbiət gözəlliklərinin şəfaverici esazkarlığı kitabdakı əksər şeirlərin mayasını təşkil edir. Yurdumuzun adi çınqılına, koluna, qaya parçasına, çayına, meşəsinə, gölünə, dağına, düzünə, dənizinə vurğun şair bunları yanğı qarışıq bir qürurla, təşbehli, aforizmli sənət dili ilə təsvirə çalışır və çox yerdə buna müvəffəqiyyətlə nail olur. Bu təsvirlərdə o, öz oxucularına da demək istəyir ki, torpağın ətrini məhz belə duyub onun qədrini bilməliyik. Bu, hər şeydən əvvəl, hər kəsin müqəddəs vətəndaşlıq borcudur.
«Bayatı yağışı», «Doğulduğum kənd», «Arazın cavabı», «Qara zurna, dönüm sənin gözünə», «Laylay, Qəbələm, laylay», «Kənd toyunda», «Qaboy çalınanda», «Lənkəranda yağış», «Kəpəz», «Zirvədə», «Düz-əyri», «Bahar duyğuları», «Yallı» və s. bir-birini əvəz edən şeirlərində şairin həssas müşahidəsinə sevinir və onun poeziyamızda sözünü yeni tərzdə deməsinə sevinirsən.
Iki misal:
Qalxana çevrilir onun təpəsi,
Azğın şimşəkləri qoymur yaxına.
Təbiət dumana bükür Kəpəzi –
Qorxur ki, göz dəyə o boy-buxuna.
(«Kəpəz»)

Könlümə ruh verən onun səsidir,
Mən qərib saymıram özümü orda.
Zirvələr qartalın söz kürsüsüdür,
Qarğa deyə bilməz sözünü ordan.
(«Zirvədə»)

Misalların sayını çoxaltmaq da olardı. Qoy onları oxucu kitabdan özü oxusun. Şairin ifadə tərzinin ürəyə yatımlı, poetik cəhətdən bitkin olduğunu bu kiçik nümunələrdən də hiss etmək çətin deyildir.
«Sənin pənsərəndən süzülən işıq» bölməsindəki bütün şeirlər müəllifin lirik hisslərinin ifadəsidir. Bunları toplu halında gənclik nəğmələri adlandırmaq olar. Gəncliyi saf məhəbbətə, «ömrün sevgi fəsli»ndə cılız, ötəri hisslərdən uzaq Leyli, Şirin, Qeys, Fərhad dünyalı insanı durulaşdırıb paklaşdıran, ürəkdə heç bir xəbisliyə yer qoymayan təmiz, ülvi eşqə səsləyən şair sanki bu bəndi sevgi şeirlərinə leytmotiv seçmişdir:

Dünya yaranışdan xeyirdi, şərdi,
Sevib əzab çəkən əhli-bəşərdi,
Bu həyat necə də adiləşərdi,
Ürək olmasaydı əsir sevgiyə.

Arzum budur ki, müəllifin gələcək kitablarında bircə kəsirli misra olmasın. «Ocaq yeri» kitabının müəllifi Rafiq Yusifoğluna ən böyük arzum isə budur ki, o, yaradıcılıq meydanını daha da genişləndirsin. Xalqımızı, xüsusilə gəncliyimizi düşündürən məsələlərə öz münasibətini bildirsin, milli-demokratik dirçəlişimizin, suverenliyimizin fəal şair vətəndaş tərənnümçüsü kimi qələm çalsın. «Ocaq yeri» kitabındakı şeirlər göstərir ki, həssas şairimizdən bunu ummağa bizim tam haqqımız var. Bu yolda ona yaradıcılıq uğurları arzulayıram.

Hikmət ZIYA
«Azərbaycan gəncləri» qəzeti, 25 iyun 1990-cı il.

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA – “YURD YERİ” HAVASI ÜSTÜNDƏ

“YURD YERİ” HAVASI ÜSTÜNDƏ

-1-

Nə vaxtsa
yolunu azanların
unutduğu yerdi göy üzü,
elə göy üzü də çoxdan unutmuş
sürünənləri yerlərdə.
Qəzaya uğramış tramvay fiti deyil,
nə də ayaqları sürüşüb
dərəyə yuvarlanmış bir kəlin boynundakı…
İlan səsi çıxarır cır zınqırov səsi,
dünyanın
haqsızlıqdan qovrulduğu məkanda
yanğı dolu bir mələrtimi yoxsa…
İtiyi tapılmayanların
ahıdır qızmar küləyin uğultusu.
Günəş
kölgələnməyə bulud axtarır
ən uzaq nöqtədə,
bir-birinin ətini yeyir yaxın adamlar.
Yanğın düşmüş kimidir
üfüqlərin canına.
Dəniz kimi dalğalanır
taxıl zəmisi susuzluğa,
tox sünbülqıranlar civildəmədə,
ac çırçıramalar susmada istiləri…
Biz isə atıb getdik
bu dağları dərələrin dibinə
yaşamaq adına,
çörək adına…

-2-

Dağları dolu döydü o gecə
su artdı dərələrdə
sel basdı çayların məcrasını…
Yuxu kimi axıb töküldü
gözlərimdən göy üzü…
Azdı aşığın zənguləsi yağışın şıdırğısında,
batdı sazın səsi havaların çalpoyunda.
Şimşəklərin şaxıması bir ayrı möcüzə,
ildırımların şaqqıldaması bir ayrı…
Çadırı qırmanclayan leysana
açdım ömrümün bir sabahını da,
navalçaların şırıltısında uşaqlıq xatirələrim…
“Mən şəhər adamı ola bilmədim”
deməyi unutdum buludlar səyriyəndə.
O kimdi qaçan
ətəyi dolu qum göyqurşağının ardınca,
kimdi o?

– 3 –

Uçmağa nifrət edər qanadı sınmışlar,
yuvası uçurulmuşların
başlarına yıxılmış dünyaları…
Unudulmuş bir yurd yeri var yaddaşımda,
Yiyəsi tərəfindən atılmış binələrin
çürük çubuqlardan hörülmüş
qəfəsələrini görəndə əhədi uçur adamın,
ya da dünyası başına uçurulmuşların.
Yolları daş-kəsək,
cığırları ot basmış yaylaqların…
Atını çidarlayıb
biçənəyə buraxmış qarovulçu
bağlamış yurd yerlərini camaatın üzünə…
Dağlar həsrət qalıb
dəyələrin tüstüsünə,
ocaqların istisinə,
adamların hənirtisinə…
Uçmağa zirvə qalmamış, uçurmağa yurd yeri,
Nifrət edər hər kəsə qanadı sındırılmışlar…

17.06.2024.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

2 iyul saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində “Trolların sirri” kitabının təqdimatı olacaq.

Tanınmış uşaq yazarı Gülzar İbrahimovanın müəllifi olduğu “Trolların sirri” kitabının izi ilə Soyuq Şimaldan Odlar Yurduna üz tutduq.
2 iyul saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində “Trolların sirri” kitabının təqdimatı olacaq. Məlumatı oxuyan hər kəs dəvətlidir.
Qeyd: Giriş sərbəstdir.

Sizi gözləyirik – hörmətlə: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

NAXÇIVANIN YERALTI SƏRVƏTLƏRINƏ ERMƏNI TALANÇILIĞI

NAXÇIVANIN YERALTI SƏRVƏTLƏRINƏ ERMƏNI TALANÇILIĞI

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində bir zamanlar Naxçıvanın yeraltı sərvətlərinə erməni talançılığının olduğunu təsdiq edən maraqlı və təkzibolunmaz faktlar vardır. Bu haqda Naxçıvan Dövlət Universitetinin baş müəllimi, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, tarix üzrə elmlər doktoru Fəxrəddin Cəfərovun “Naxçıvan polisi: fəaliyyətinin əsas istiqamətləri və mərhələləri” adlı kitabında (Bakı, “Nurlan”, 2011) diqqəti cəlb edən dəyərli məlumatlar verilmişdir.
Hörmətli alimimiz Fəxrəddin Cəfərovun istinad etdiyi materiallar Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində mühafizə olunan təkzibolunmaz arxiv sənərlərinə (Naxçıvan MR Dövlət Arxivi. Fond 314, siyahı 5a, iş 8, v. 100-107) əsaslanır.
Sənədlərin araşdırılması onu göstərir ki, 30 iyun və 27 oktyabr 1871-ci il tarixlərində Ordubad polis rəisi podporuçik Q.İvanov Unus kəndinə gələrək bu kəndə yaxın olan Danaqırt, Kələki və Dırnıs kəndlərinin bir sıra sakinlərinin (dırnıslı İbrahim Baba oğlunun, Həsən Məmməd oğlunun, Zeynalabdin Kərbəlayi Şirməmməd oğlunun, Yusif Bədəl oğlunun və Mustafa Xudaverdi oğlunun, Danaqırtdan Naxçıvana köçmüş ermənilərdən olan Eqiya Ter-Nikosovun, Ovanes Ambarsumovun və Avası Aryutunovun, kələkidən Saitur Minasovun, Petros Şirazovun və başqaları) iştirakları ilə maraqlı bir protokol tərtib etmşdir. Protokol ermənilər Kollec Assesoru Ter-Mkrtçyanın və Muqdusi Ovanes Sanatovun Unus kəndi yaxınlığında olan “Fiyal”, “Şəkər dərəsi” və “Çalar postu” adlanan yerdə mis filiz yatağı ilə bağlı apardığı kəşfiyyat işləri ilə əlaqədar məlumat toplaması ilə bağlıdır.
Sözü gedən protokol təbii ehtiyatlarımızın yerləşdiyi son dərəcə mühüm strateji əhəmiyyətə malik olan bu ərazilərdə heç bir hüquqi əsas olmadan kəşfiyyat işləri aparmağa və onları istismar etməyə cəsarət edən erməni talançılarının niyyətlərini əks etdirir.
Fəxrəddin Cəfərov adı çəkilən kitabında arxiv materiallarına əsaslanmaqla qeyd edir ki, “həmin ərazilərin dövlət xəzinəsinə və yaxud Unus kənd sakinlərinə məxsus olduğu barədə sorğu protokolunda Q.İvanov göstərir ki, danaqırtlılar bu yerlərin kimə məxsus olduğunu bilmirlər. Dırnıslılar bu torpaqların unuslulara məxsus olduğunu qeyd etdilər. Kələkililər isə bu torpaqların unuslulara deyil, kələkililərə məxsus olduğunu bildirirlər. Lakin nə unuslular və nə də kələkililər bu torpaqların onlara məxsus olmaları haqqında heç bir sənəd təqdim edə bilmədilər”.
Polis rəisi İvanov tərəfindən tərtib olunmuş protokolun sonunda qeyd etdiyi məlumatlara əsasən Unus kənd sakinlərinin dediyinə görə onlar 8-9 ildən artıq olar ki, həmin torpaqlardan əkin və otlaq sahəsi kimi istifadə etmək məqsədilə bu əraziləri Yuxarı Əylis sakini Arakel Kələntərovdan almışlar.
Naxçıvan MR Dövlət Arxivində saxlanılan (Fond 314, siyahı 5a, iş 8, v. 100-107) sözü gedən protokolun qərar hissəsində aşağıdakı suallar ünvanlanır:
“1. Yuxarı Əylis kənd sakini Arakel Kələntərovdan soruşmalı ki, həqiqətən bu əraziləri unuslulara satıb və buna haqqı var, yax yox?

– İrəvan Quberniyası Dövlət Əmlak İdarəsindən öyrənmək lazımdır ki, bu ərazilər azad xəzinı torpağında yerləşir? ”
Oxuculara aydın olsun deyə qeyd edək ki, ikinci sualın İrəvan Quberniyasından soruşulmasının səbəbi Ordubad qəzasının 1849-cu ildə təşkil edilən İrəvan quberniyasının tərkibinə verilməsi ilə bağlı idi. Qeyd edək ki, həmin dövrdə İrəvan quberniyasının tərkibinə İrəvan, Aleksandropol, Yenibəyazid və Şərur-Dərələyəz qəzaları da daxil idi.
Hörmətli müəllif “Naxçıvan polisi: fəaliyyətinin əsas istiqamətləri və mərhələləri” adlı kitabında (səh. 56-57) daha sonra yazır ki, “Ordubad mahalının Unus kənd sakinlərinin Daxili İşlər Nazirliyinin Naxçıvan qəza Polis İdarəsinə yazdıqları şikayət ərizələri ilə bağlı Ordubad mahal Polis İdarəsinin rəisi İvanovun tərtib etdiyi sorğu protokoluna əsasən Naxçıvan qəza polis rəisi İrəvan quberniyası Dövlət Əmlak İdarəsinə 20 avqust 1871-ci il tarixdə göndərdiyi raportunda yazırdı: “Ordubad mahalının Unus kənd sakinlərinin qəza Polis İdarəsinə göndərdikləri ərizədə izah olunur ki, onların şəxsi torpaqlarında Əylis kənd sakini Saratanov tərəfindən mis zavodu açıb. Onlar bunu üçün rəhbərliyin qanuni icazəsini istəyiblər.””
Yerli kənd sakinlərinin bu şikayət ərizəsi açıq-aşkar onu göstərir ki, həmin dövrdə milliyyətcə erməni olan Saratanov dövlətin müstəsna mülkiyyəti hesab edilən təbii ehtiyatlar üzərində nəinki haqq sahibi olduğuna cəsarət etmiş, hətta həyəsızlıqla mis zavodu açaraq bu təbii ehiyatlarımızı talamağa cəhd göstərmişdir.
Qeyd edək ki, Qafqaz və Zaqafqaziya Dağ-mədən İdarəsinin Saratanova və Xristofor Ter-Mkrtçyana Unus kəndi yaxınlığında yerli filiz yatağını təyin etmək məqsədilə vermiş olduğu şəhadətnamədə (daha doğrusu, şəhadətnamənin surətində) yazılmışdır ki, onlara Unus kəndi yaxınlığında olan “Fiyal”, “Şəkər dərəsi” və “Çalar postu” adlanan yerlərdə kəşfiyyat işləri aparmağa icazə verilir. ƏGƏR BU ƏRAZİLƏR AZAD YERLƏRDƏDİRSƏ.
Polis rəisi İvanovun sorğu protokolları isə onu deməyə əsas verir ki, Unus kənd sakinlərinin həmin yerləri, daha dəqiq desək, filiz mənbəyi aşkar olunan əraziləri özlərinin şəxsi mülkü hesab etməkdə israrlı olmaları Saratanov və Xristofor Ter-Mkrtçyan tərəfindən mis mədəni üçün açılan yerin xəzinəyə, yoxsa unuslulara aid olub-olmamamasını aydınlaşdırmaq üçün hər cəhdə baş vurulmuşdur. Sanki bütün vəchlə məqsədli şəkildə çalışılmışdır ki, bu ərazilərdə ermənilər tərəfindən təbii ehtiyatlarımız talan olunsun.
Ordubad Polis İdarəsinin Ulus kənd sakinlərinin şikayətləri ilə əlaqədar aparmış olduğu araşdırmalar və ondan qaynaqlanan sorğu yazışmaları uzun müddət davam etsə də, təəssüflər olsun ki, sözü gedən qalmaqallı mübahisənin hüquqi nəticəsi bu gün də naməlum olaraq qalır. Səbəb isə arxiv materiallarında buna dair digər sənədlərə rast gəlinməməsidir.
Fəxərddin Cəfərovun haqlı olaraq qeyd etdiyi kimi “hər halda dədə-babalardan gələn məlumatlara istinad edən unusluların ciddi səyləri bu torpaqların onlara məxsus olması barədə şübhə yeri qoymur”.
Ümumiyyətlə, araşdırmalar onu göstərir ki, xüsusilə XIX əsrin sonu, XX əsrin əvvələrində Naxçıvan bölgəsinin təbii sərvətlərinə olan qəsbkarlıq maraqları erməni kəşfiyyat qurumlarının xüsusi diqqət mərkəzində olmuşdur.
Yuxarıda Naxçıvanın yeraltı sərvətlərinə edilən talançılıq halı ilə bağlı söhbət açdığımız bu məsələ ərazilərimizə köçürülmə yolu ilə sonradan yerləşdirilmiş ermənilərin bu cür qanunsuzluqlara yol verməsinin nə ilk, nə də son nümunəsidir. Belə faktlar çoxdur və onlara dair sənədlər bu gün arxivlərdə mühafizə olunmaqdadır.

Müəllif: Yunis XƏLİLOV ,
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi

YUNİS XƏLİLOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhəmməd Kərimov – Duyğular

Çirkli aynalar

Ayna tək əks olunurdu. Xeyr! Rəsmlər deyil, görüntülər deyildi yansıyanlar. Duyğuların, düşüncələrin əks olunması idi bu. İzlədiyimiz həyat həqiqətənmi daxilimizdən gəlməkdədir? Yoxsa, həyat şablonlardan ibarətdir? Budaqdan qoparaq enən yarpaqları görür, amma onların zəriflik, ürəyə toxunan rəngbərəngliyinə necə, fikir veririkmi? Yarpağın qoparaq külək seli ilə havada süzərək enməsi şablonluq olaraq göstərilə bilər bəlkə də, lakin onun ecazkar rəngi, forma aldığı materialı və daxili aləmi isə əsla. Əsla bunlara şablon deyə bilmərik, sanki deyənləri görürəm. Kristal kimi aydın olan bu incəliyi görməyənlər, gözü sağlam korlar var, deyəsən, həyatda. Vaxt itirmədən əllərinə dəsmal alaraq öz aynalarını təmizləmələri gərəklidir. Aynamızı kristal tək parıldatmalıyıq.
 
Bataqlıq

Sanki bataqlıqda boğulmaqdayam, lakin korluq boğulması yaşayıram.Bəli! Nəfəsimin əvəzinə, müşahidəm kəsilməkdədir. Hər şeyə səthi, yalnız maddi yanaşıram. Zaman keçdikcə bataqlıq məni çəkir və kristalın nurundan məhrum oluram. Onun nuru aləmlərə yayılmış olsa da, mən görmürəm. Bataqlıq getdikcə diqqətimdən çıxarır onu. Xeyr, mən kristala, onun nuruna baxıram, lakin baxmaqla görmək fərqli duyğulardır. Bataqlıqda özümü maddi olaraq hiss edirəm, amma getdikcə kiçilən sonsuz genişlik olmağımdan bixəbərəm!…
 
Tanrını Görmək

Tanrını görmək hissini yaşamaq olarmı? O Uca Yaradanı bu maddi gözlərlə izləmək, onun varlığına maddi olaraq şahid olmaq mümkündürmü? Çürbəçür bitkiləri, ürəyə xoş mənzərəli məkanları və səmada bizi izləyən Günəş və Ayı yaradanla üzbəüz olmaq hissini düşünürəm. Çox ecazkar və tərif olunmaz olardı. Dayan! Yoxsa həmin hissi yaşayırıq və fərqinə varmırıq. Həqiqətən bu ola bilərmi? Baxmaqla birgə görmək də gərəklidir.
 

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəhra Həşimova – Düşüncə üzərinə düşüncələr

Bəzən müəyyən hadisələri və s. nə qədər unutmaq istəsək də onlar barədə düşünməyi dayandıra bilmirik. Bəlkə də bu vəziyyətlə çoxumuz rastlaşmışıq. Bu zaman beynimizin iki qütbü qarşı-qarşıya gəlir.
1987-ci ildə psixoloq Daniel Wegner, düşüncələrə mane olmağın çətinliyini ölçmək məqsədi ilə bir təcrübə etmək qərarına gəlir. Təcrübə zamanı Daniel bir qrup insandan 5 dəqiqə boyunca bir qütb ayısı barədə düşünmələrini və bu zaman ağıllarına gələn şeyləri də ona çatdırmalarını, amma ağıllarına ağ qütb ayısı gəldikdə isə zəngə vurmalarını istəmişdi. İkinci bir qrupa isə həmin təcrübəni sadəcə”bir ağ qütb ayısı barədə düşünməyin” kimi yenilədi. “Ağ ayı” deyənlər və o bardə düşünənlər zəngə vurmalı idi. Nəticə isə belə idi: Zəngin səsi demək olar, dayanmırdı.
Sindromun adının “Ağ ayı” olmasının isə xüsusi səbəbi yoxdur. Burada “ağ ayı” bizim istəmədiyimiz düşüncələri təmsil edir. Düşünmək istəmədiyimiz, düşünməməyə çalışdığımız şeyləri daha çox düşünməyə başlayırıq. Yemək, içki, başımıza gələn trajikomik hadisələr və s. bunlara nümunə göstərmək olar. Ona görə də özümüzü düşünməməyə zorlamaqdansa sadəcə fikrimizi başqa yerə yönəltməyin daha məqsədəuyğun olduğu düşünülür.

“Özünüzə bu tapşırığı verin: ağ ayı haqqında düşünməməyə çalışın və görəcəksiniz ki, bu lənətlənmiş şey hər dəqiqə ağlınıza gələcək”– Dostoyevski “Yay təəssüratları üzərində qış xatirələri”

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SONA AMAL – GÖZƏLDİR

GÖZƏLDİR

Tənhalıq püşk kimi bəxtimə düşüb,
Tanrı yazısımı, qismət, gözəldir.
İntizar qəlbimi dağlayıb, deşib,
İnsanda ar, namus, ismət, gözəldir.

Dünya kəhkəşanlı -Ayı, Ulduzu,
Dost mehri əridər, min illik buzu,
Bilsəm, əməlimdən, el-obam razı,
Böyüyə-kiçiyə hörmət, gözəldir.

Bu eşqi könlümə Yaradan salıb,
Fələk duyuq düşüb, əlimdən çalıb,
Sənli arzularım yarımçıq qalıb,
Tanrının verdiyi möhnət, gözəldir.

İsitdin könlümü, düşsəm də qışa,
Güvəndim sevginə, baxmadım yaşa,
Qıymadın, gözümdən süzülən yaşa,
İnsana ver, dəyər, qiymət, gözəldir.

Vaxt gələr, əbədi ölər, bu həsrət,
Qol açar vüsala, gülər, bu həsrət,
Amalı sevincə bələr, bu həsrət,
Sevgidə çəkilən zəhmət, gözəldir.
İlahi yazısı, qismət, gözəldir.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Льву Николаевичу оставались не месяцы, всего неделя.

Перед вами последний снимок Льва Толстого. Он сделан секретарем графа Валентином Булгаковым 23 сентября 1910 года в Ясной Поляне по случаю 48-й годовщины свадьбы с Софьей Андреевной. Спустя месяц с небольшим, в ночь на 28 октября, писатель навсегда покинет свой дом, оставив жене вот такое послание:
“Отъезд мой огорчит тебя. Сожалею об этом, но пойми и поверь, что я не мог поступить иначе. Положение моё в доме становится, стало невыносимым. Кроме всего другого, я не могу более жить в тех условиях роскоши, в которых жил, и делаю то, что обыкновенно делают старики моего возраста: уходят из мирской жизни, чтобы жить в уединении и тиши последние дни своей жизни.
Пожалуйста, пойми это и не езди за мной, если и узнаешь, где я. Такой твой приезд только ухудшит твоё и моё положение, но не изменит моего решения. Благодарю тебя за твою честную 48-летнюю жизнь со мной и прошу простить меня во всём, чем я был виноват перед тобой, так же как и я от всей души прощаю тебя во всём том, чем ты могла быть виновата передо мной. Советую тебе помириться с тем новым положением, в которое ставит тебя мой отъезд, и не иметь против меня недоброго чувства. Если захочешь что сообщить мне, передай Саше, она будет знать, где я, и перешлёт мне, что нужно; сказать же о том, где я, она не может, потому что я взял с неё обещание не говорить этого никому”.

Упоминаемая в письме младшая дочь Толстого – Александра Львовна, занявшая в семейной драме родителей сторону отца, – была единственной из родных, кого Лев Николаевич посвятил в планы своего ухода из Ясной Поляны. Она проводила графа, а 30 октября присоединилась к нему в Шамордине и находилась с ним до самого конца его жизни. Именно она передала отцу ответное послание Софьи Андреевны:

“Лёвочка, голубчик, вернись домой, милый, спаси меня от вторичного самоубийства. Лёвочка, друг всей моей жизни всё, всё сделаю, что хочешь, всякую роскошь брошу совсем с друзьями твоими будем вместе дружны, буду лечиться, буду кротка, милый, милый, вернись, ведь надо спасти меня, ведь и по Евангелию сказано, что не надо ни под каким предлогом бросать жену. Милый, голубчик, друг души моей, спаси, вернись, вернись хоть проститься со мной перед вечной нашей разлукой. Где ты? Где? Здоров ли? Лёвочка, не истязай меня, голубчик, я буду служить тебе любовью и всем своим существом и душой, вернись ко мне, вернись; ради Бога, ради любви Божьей, о которой ты всем говоришь, я дам тебе такую же любовь смиренную, самоотверженную, я честно и твёрдо обещаю, голубчик, и мы всё опростим дружелюбно; уедем, куда хочешь, будем жить, как хочешь.
Ну, прощай, прощай, может быть, навсегда.
Твоя Соня.
Неужели ты меня оставил навсегда? Ведь я не переживу этого несчастья, ты ведь убьёшь меня. Милый, спаси меня от греха, ведь ты не можешь быть счастлив и спокоен, если убьёшь меня.
Лёвочка, друг мой милый, не скрывай от меня, где ты, и позволь мне приехать повидаться с тобой, голубчик мой, я не расстрою тебя, даю тебе слово, я кротко, с любовью отнесусь к тебе.
Тут все мои дети, но они не помогут мне своим самоуверенным деспотизмом; а мне одно нужно — нужна твоя любовь, необходимо повидаться с тобой. Друг мой! Допусти меня хоть проститься с тобой, сказать и последний раз, как я люблю тебя! Позови меня или приезжай сим. Прощай, Лёвочка. Я всё ищу тебя и зову. Какое истязание моей душе!»

На следующий день, 31 октября (13 ноября по новому стилю) , в Ясную Поляну пришло последнее письмо Льва Толстого, адресованное жене:
«Свидание наше и тем более возвращение моё ТЕПЕРЬ совершенно невозможно. Для тебя это было бы, как все говорят, в высшей степени вредно, для меня же это было бы ужасно, так как теперь моё положение, вследствие твоей возбуждённости, раздражения, болезненного состояния стало бы, если это только возможно, ещё хуже. Советую тебе примириться с тем, что случилось, устроиться в своём новом, на время, положении, а главное — ЛЕЧИТЬСЯ.
Если ты не то что любишь меня, а только не ненавидишь, то ты должна хоть немного войти в моё положение. И если ты сделаешь это, ты не только не будешь осуждать меня, но постараешься помочь мне найти тот покой, возможность какой-нибудь человеческой жизни, помочь мне усилием над собой и сама не будешь желать теперь моего возвращения. Твоё же настроение теперь, твоё желание и попытки самоубийства, более всего другого показывая твою потерю власти над собой, делают для меня теперь немыслимым возвращение. Избавить от испытываемых страданий всех близких тебе людей, меня и, главное, самоё себя никто не может, кроме тебя самой. Постарайся направить всю свою энергию не на то, чтобы было всё то, чего ты желаешь, — теперь моё возвращение, а на то, чтобы умиротворить себя, свою душу, и ты получишь, чего желаешь.
Я провёл два дня в Шамардине и Оптиной и уезжаю. Письмо пошлю с пути. Не говорю, куда еду, потому что считаю и для тебя, и для себя необходимым разлуку. Не думай, что я уехал потому, что не люблю тебя. Я люблю тебя и жалею от всей души, но не могу поступить иначе, чем поступаю. Письмо твоё — я знаю, что писано искренно, но ты не властна исполнить то, что желала бы. И дело не в исполнении каких-нибудь моих желаний и требований, а только в твоей уравновешенности, спокойном, разумном отношении к жизни. А пока этого нет, для меня жизнь с тобой немыслима. Возвратиться к тебе, когда ты в таком состоянии, значило бы для меня отказаться от жизни. А я не считаю себя вправе сделать это. Прощай, милая Соня, помогай тебе Бог. ЖИЗНЬ НЕ ШУТКА, И БРОСАТЬ ЕЁ ПО СВОЕЙ ВОЛЕ МЫ НЕ ИМЕЕМ ПРАВА, И МЕРИТЬ ЕЁ ПО ДЛИНЕ ВРЕМЕНИ ТОЖЕ НЕ РАЗУМНО. Может быть, те месяцы, какие нам осталось жить, важнее всех прожитых годов, и надо прожить их хорошо. Л.Т.».
Льву Николаевичу оставались не месяцы, всего неделя.

L. N. Tolstoyun son fotolarından biri. 23 sentyabr 1910.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yalnız Gədəbəy demə, ged a bəy de… Ged və gör də görk nəymiş…

Yalnız Gədəbəy demə, ged a bəy de… Ged və gör də görk nəymiş…

Məmləkətimizin hər köşəsi gözəldir, əlbəttə! Aranın aran yeri, dağın dağ yeri, dənizin dəniz yeri – Hər obamızın bir özəlliyi var. İndiyəcən ölkəmizin hər yerini gəzib dolaşmışdım, bircə Gədəbəydən başqa. Zarafatla gədəbəyli dostlara deyirdim ki, mən az qala bütün Turan coğrafiyasını gəzib dolaşmışam, ancaq hələ “Gədəbəy Demokratik Cümhuriyyəti”ndə olmamışam. İnsafən, dostlar da hər dəfə gəl gedək deyirdilər. Ancaq vaxtım heç cür təkliflərlə dəng gəlmirdi.
Nəhayət, yaxın günlərdə bu arzum da gerçəkləşdi. Şair dostum Süleyman Abdullanın dəvəti və təkifi ilə onun dəmir atının tərkində Qazağın İncə Dərəsinə baş çəkib, Ağstafanın Köçəsgərindən şair Saqif Qaratorpağı da ikinci tərkimizə götürdük, Tovuzun Xınna Dərəsi boyu gözəllikləri seyr edə-edə gözəlim Gədəbəyə varid olduq. Orda bizi həmin gün özünü Sumqayıtdan Gədəbəyə çatdırmış şair dostumuz Polad İbrahimoğlu gözləyirdi. İstəyimi nəzərə alıb məni birbaş Başkəndə apardılar. Bəlli söhbətlərdən və yaylaq seyrindən sonra, bərəkətli Gədəbəy süfrəsi arxasında əyləşdik. Aşıqlar meydan sulayıb, könlümüzü ovsunladılar. Aşıb-daşan dağ çayı, göylərin ərməğanı olan yağış, dolu səfərimizə bir ayrı rəng qatdı.
Amma təəssüf ki, ARABAÇIya qalxa bilmədik. Dedilər ki, o kəndə ancaq qışda – bərk şaxta, AYAZ olanda, yollar buz bağlayanda, ZƏKAlı bir adamla qalxmaq olar. Belə çiçəkli bir zamanda oralar çən-dumana bürünür, yamaclarda PƏRVANƏlər Bayram eləyir. Düşündüm ki, neynək bir “ağrın alem”lə “Ayazlı, şaxtalı bir qış axşamı yeddi yoldaş olub yolla düzəllik!” düz oraa…
Gecəni sirli-sehirli Çobankənddə Polad əfəndinin ata ocağında gecələdik. Səhəri Gədəbəyin rayon mərkəzinə baş çəkib, Yasamal dağının dolayları ilə Şəmkirə endik. Əziz şair dostumuz Çiçək Mahmudqızının yubileyində iştirak etmək üçün özümüzü Gəncədən Hacıkəndə yetirdik. Çiçək xanımın “Könül körpüsü”ndən adlayıb Dəlidağ istirahət mərkəzində gözəl bir törənə, sazlı-sözlü bir etkinliyə qatıldıq.
Yay günləri üçün qənimət bir səfər oldu, əlbəttə!


Bu səfərin baş tutmasında əməyi keçən hər kəsə sonsuz minnətdarlıq duyğuları ilə; İBRAHİM İLYASLI
P.S. Səfərlə bağlı ayrıca təəssürat yazısı isə qalsın gələn dəfəyə.

İBRAHİM İLYASLININ YAZILARI

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru