Vaqif İSAQOĞLU – SƏMƏD MÜƏLLİM

SƏMƏD MÜƏLLİM

(hekayə)

          Səməd müəllim sinifə göz gəzdirib siqaret çəkməkdən saralmış bığlarını tumarladı və ağzında laxlayıb qurbağa kimi yerə hoppanmaq istəyən protez dişlərini bir-birinə sıxıb yerini möhkəmlədəndən sonra üzünü Elgünə tutub soruşdu:

– Atan rusetdən nə vaxt gələcək?

Elgün cavab əvəzinə çiyinlərini çəkdi. Sonra da bic-bic gülümsəyərək dilləndi: – Məndən şikayət edəcəksən?

– Yox, Elgün bala! Səndən niyə şikayət etməliyəm, axı? İngilis dilini öyrənmək istəmirsən, öyrənmə. Bu sənin öz işindir. – Yenidən saralmış bığlarını tumarlayıb bu dəfə Vasifə yaxınlaşdı, sağ əlini onun sol çiyninə qoyub soruşdu:

– Bəs sənin atan nə vaxt gələcək?

         Vasif başını qaldırıb Səməd müəllimin gözlərinin içinə, sonra da onun üzünə baxdı. Səməd müəllimin çuxura düşmüş gözlərinin içində bir kədər vardı. Bu kədər onun gözlərinin içində «oturub» sanki Vasifin nə cavab verəcəyini gözləyirdi.

– Atam dünən axşam gəlib. – Vasifin səsində bir sevinc vardı. – Məktəb bağlanan kimi məni də özüylə rusetə aparacaq. – Fəxrlə bildirdi.

Məktəbin bağlanmasına  hələ bir ay qalırdı. Bir aydan sonra Vasif doqquzuncu sinifi bitirəcəkdi.

– Səndəmi gül satan olacaqsan? – Maraqlandı. Amma onun cavabını gözləmədən gedib üstünə yaşıl örtük salınmış stolun arxasında oturub gözlərini bir nöqtəyə zillədi. Az sonra sağ əlinin barmaqları ilə qırışmış alnına sığal çəkərək gözaltı Vasifə baxdı və ağır-ağır köks ötürdü: «Kaş ki, onun yerində mən olaydım. Mənim də atam rusetə gedib-gələydi». – Kövrəldi. Hönkürüb ağlamaqdan özünü güclə saxladı. Özünü birtəhər ələ alıb bu dəfə Elgünə sarı boylandı. Elgün gözlərini az qala kitab boyda olan telefona zilləyərək gah içini çəkir, gah da  onunla yanaşı oturan Rəşidə sarı əyilib nəsə deyirdi. Və söz yox ki, onun nə dediyini Rəşiddən başqa heç kim eşitmirdi. Rəşidin də arabir içini çəkməyindən hiss olunurdu ki, Elgün az qala kitab boyda olan telefonda maraqla nəyəsə baxırdı. «Görəsən, o nəyə baxır?» – Maraq Səməd müəllimə güc gəldi və yaşına uyğun olmayan cəldliklə yerindən sıçrayıb bir göz qırpımında ley kimi Elgünün başının üstünü kəsdirdi. Bu elə tez baş verdi ki, Elgün telefonu partanın altında gizlətməyə belə macal tapa bilmədi. Səməd müəllimin çuxura düşmüş gözləri az qala kitab boyda olan telefonun ekranına dikildi və o, yerindəcə donub qaldı. Nəsə demək istədi, sanki dodaqlarına qıfıl vurulmuşdu, tərpədə bilmədi.

        Elgün telefonu söndürüb başını yuxarı qaldırdı  və hırıltılı səslə:

– İndi hamı belə şeylərə baxır, – dedi. Səməd müəllim başını bulayıb dalı-dalı geri çəkildi, özünü birtəhər stula yaxınlaşdırıb oturdu. Oturmasaydı, yıxılacaqdı.

Zəngin vurulmasına hələ iyirmi dəqiqə qalırdı. İyirmi dəqiqədən sonra Səməd müəllim üstünə 9b yazılmış jurnalı qoltuğuna vurub sinif otağından çıxacaqdı.

…Bir vaxtlar o da şagird idi. Sinifdə hamıdan yaxşı oxuyurdu. Onunla bir partada oturan Əlişin beyninin qurdu tərpənən kimi şuluqluq salar, dərsi pozar, müəllimləri özündən çıxarardı. Əliş Vasifin atası idi, amma Vasif atasına oxşamırdı, dərslərini oxumasa da, dərsdə cınqırınnı çıxarmırdı.  O da atası Əliş kimi hırnan-zırı qanmırdı. Əliş «hırnan-zırı» qanmadığına görə də səkkizinci sinifi tramvay altında qalan «üçlə» qurtarıb oxumağın daşını birdəfəlik atmışdı. Vasif də özü demikən, doqquzu bitirən kimi çıxıb rusetə gedəcəkdi.

O vaxtlar müəllimlər  Əlişdən gileylənir, «bu uşağın axırı necə olacaq» – deyirdilər. Həftədə az qala bir dəfə Əlişin atasını – mantyor Sərdarı  məktəbə çağırırdılar. Ədəbiyyat müəllimi yana-yana deyirdi ki, oğlun Əliş böyük şairimiz Səməd Vurğunu tanımır. Deyirəm ki, ay bala, Səməd Vurğun kimdir? – Deyir ki, üzüm briqadiri. Tarix müəllimi deyirdi ki, ay Sərdar kişi, oğlundan soruşuram ki, Şaumyan kimdir? Eşit gör, nə deyir! Deyir ki, Ələddinin oğlu! Mən də bilirəm ki, şofer Ələddinin oğlunun adı Şaumyandı. Axı mən ondan Stepan Şaumyanı soruşuram.

       Coğrafiyadan dərs deyən Məleykə müəllimə isə hirsindən əlləri əsə-əsə deyirdi: – Ay Sərdar qardaş, Əlişin üstündə göz-qulaq ol! Qoy kitab ağzı açsın, oxuyub adam olsun! O günü xəritədə Moskvanın yerini göstərəmmədi. Bilmirəm, neyləyim! Hələ bu harasıdır. Soruşuram ki, ay bala, Fransa  harada yerləşir? – Gözlərini döyür. – Hər dəfə müəllimlər növbə ilə mantyor Sərdarın üstünə düşəndə o da boynunu büküb yazıq bir görkəm alırdı. Və günlərin bir günü gözlənilmədən bir hadisə baş verdi. Hər dəfə müəllimlər otağına çağrılanda yazıq bir görkəm alan mantyor Sərdar birdən-birə yaralı şirə dönüb səsinin tonunu qaldırdı. O, əvvəlcə üzünü İdris müəllimə tutub dedi: – Müəllim, xətrini çox istəyirəm. Ancaq mənim oğlum Səməd Vurğunu tanımayanda, nə bilim, özün dediyin kimi felin keçmiş zamanında bir cümlə işlədə bilməyəndə dünya dağılacaq? Əlbəttə, dağılmayacaq. – Sonra da o, üzünü Sahib  müəllimə tutub hirsini güclə boğaraq: «Sənin o Şaumyanın, nə bilim Birinci Pyoturun, Nikolayın… oğlum Əlişin nəyinə lazımdı? – dedi. – Bəlkə lazımdı? Sən de, qoy mən də bilim! – Mantyor Sərdar  özündə deyildi. Az qala qışqıra-qışqıra Məleykə müəllimə yaxınlaşdı: – Ay Məleykə müəllimə, deyirsən ki, Əliş xəritədə doğma Moskvanı göstərə bilmir, nə bilim, Fransanın  harada yerləşdiyindən xəbəri yoxdur. Xəbəri olmasın də…Bunun üçün basıb oğlumun gözünü çıxartmalıyam? Bəsdirin, siz allah! – Mantyor Sərdar  sözünü tamamlayıb gözünü Məleykə müəllimdən çəkdi və yan-yörəsinə boylandı. Müəllimlər ayaq üstə dayanıb ağızları açıq halda ona baxırdılar. Sanki müəllimlərin  hər biri buz bağlamışdı. Gün işığı düşməsəydi, əriməyəcəkdilər… Elə bu zaman zəng çalındı və «buza dönmüş» müəllimlərin üstünə gün işığının düşməsinə ehtiyac qalmadı. Onlar hərəkətsiz qaldıqları yerdən tərpəndilər və  hərə öz jurnalını qoltuğuna vurub dərs demək üçün müəllimlər otağından çıxdılar….

                                                       ***

      Səməd müəllim həyətə düşüb bir anlıq ayaq saxladı. Sonra da iti addımlarla küçəyə çıxdı. Bir az getmişdi ki, yenə də ayaq saxladı. «Paşa market»ə çatmağa iki yüz metr qalırdı. Onun market»ə 77 marat borcu vardı. Düz iki aydan çoxuydu ki, borcunu ödəyə bilmirdi. Borcunu ödəyə bilmədiyinə görə də «Paşa market»dən ona sonuncu dəfə xəbərdarlıq eləmişdilər. Xəbərdarlıq eləmişdilər ki, əgər borcunu bir həftəyə  ödəməsən, səni kənd içində biabır edəcəyik. Hələ bu azmış kimi, özügəldi Paşanın arvadı dünən yolda onun qabağını kəsib belə demişdi: – Əə, müəllim adamsan, borcunu niyə vermirsən? Bəlkə dədəmin dədənə borcu var? Bax, budur sənə deyirəm, mənim gül ağzımı açdırma, günü sabah borcunu gətirib verməsən, mən bilirəm ki, neyləyəcəyəm! – Neyləyəcəksən? – Səməd müəllimin səsi güclə çıxmışdı. – Arvadını iki yetimçənnən birgə dalına şəlləyəcəyəm! – Sonra da özügəldi Paşanın arvadı ona çəpəki bir nəzər salıb: – müəllimə bax! – deyərək hirslə yerə tüpürəndə Səməd müəllim qeyri-ixtiyari olaraq cibindən dəsmalını çıxarıb üzünü silmişdi və sonra da güclə eşidiləcək bir tərzdə demişdi: «Kaş ki, müəllim olduğum günə daş düşəydi». – Nə deyirsən? – Özügəldi Paşanın arvadı əlini belinə qoyub boru kimi guruldayanda Səməd müəllim qorxusundan səsini çıxarmadı.

      Elə o gündən Səməd müəllim özü öz gözündən düşdü və müəllimliyin daşını birdəfəlik atacağı barədə götür-qoy elədi. Sonra da nə fikirləşdisə də Əliş rusetdən gələnə kimi gözləməyə qərar verdi. O, Əlişlə bir sinifdə oxumuşdu. Bir sinifdə oxumuşdu deyəndə Əliş səkkizinci sinifdən çıxıb özü demişkən «məktəbdən canını bir yolluq qurtarmışdı». Əliş məktəbdən canını biryolluq qurtarandan sonra ilk dəfə əmisi Abbasla Aşqabada alma-armud satmağa getmişdi. Sonra Abbas xərcəngə tutuldu və qardaşı oğluna «alverin sirlərini» axıra kimi öyrədə bilmədi. «Alverin sirlərini» Əliş əsgərlikdən gələndən sonra özü öyrəndi və öyrəndiklərini Moskvada tətbiq eləyəndə Səməd Bakıda ikinci kursda oxuyurdu. O vaxtdan çox illər ötüb keçib, çox şey dəyişib. Əlişə indi «Çiçək Əliş» deyirlər. «Çiçək Əliş» bir vaxtlar xəritədə yerini göstərə bilmədiyi Fransadan müxtəlif ətirlər, Hollandiyadan isə  Moskvaya «tır»larla gül göndərirdi…

Səməd müəllim yerində bir xeyli dayanıb götür-qoy elədi. O, «Paşa market»in yanından keçməyə ürək eləmirdi, qorxurdu. Qorxurdu ki, Paşanın arvadı onu görən kimi abırını ətəyinə bükəcək, dördyol ayrıcına yığılan kişilərin yanında onu tulasifət eləyib olub-qalan hörmətini də ayaqları altınnda tapdalayacaq. Zalım qızı Əzrayılın özünü də döyüşə çağıra bilərdi. Keçi kimi yaman tərs idi. Dediyindən dönməzdi. Ona sonuncu xəbərdarlığı da elə-belə deyildi. Bu xəbərdarlığın içində böyük bir hay-küy «gizlənmişdi».

       «Ay Allah, məni itə döndər, pişiyə döndər» – istər-istəməz hər iki əlini göyə qaldırdı. – Qoy it olum, pişik olum, sevmədiyin donuz olum, bircə Səməd müəllim olmayım. İt olsam, pişik olsam «Paşa market» in qabağından rahatca sivişib  keçə bilərəm, ancaq  oradan keçmək mənim üçün qıl körpüsündən keçməkdən də qorxuludur.  – Qəfildən göyün üzü tutuldu və yağış yağmağa başladı. – Allah məni eşitdi. – Uşaq kimi sevindi. İndi dördyolayrıcında bir nəfər də gözə dəymirdi. – Sənə qurban olum, ay Allah! – O, bu sözləri deyib uşaq kimi yerindən götürüldü. Yüyürə-yüyürə fikirləşdi ki, Allah məni niyə itə, pişiyə, yaxud donuza döndərmədi? – O, «Paşa market»in yanından güllə kimi keçib o biri küçənin girəcəyində dayandı. Yağış qəfil yağdığı kimi qəfil də dayandı. Dodaqlarına təbəssüm qondu. Uşaq kimi sevindi və sevincindən atılıb-düşmək istədi. O, «Paşa market»in yanından qorxusuz-hürküsüz keçdiyinə görə yox, Əlişin dünən axşam rusetdən gəldiyinə görə sevinirdi. Onu görmək üçün yoluna davam elədi. Bir az gedib sağ tərəfə buruldu. Sağ tərəfdə üç mərtəbəli bir «villa» buludlardan nəm çəkirdi. «Villa»nın qabağında qara rəngli bir avtomobil dayanmışdı. «Əliş evdədir!». – gözlərinə işıq gəldi. Amma bayaq elə haldaydı ki, bıçaq vursan qanı çıxmazdı. İndi isə. Hər dəfə qorxa-qorxa «Paşa market»in qabağından keçəndə ley görmüş sərçə kimi gizlənməyə yer axtarmırdı. Böyük ümidlərlə sinif yoldaşı Əlişin qapısına gəlmişdi. Gəlmişdi ki… Elə bu zaman dəmir darvazanın qızılı rəngə çalan qapısı açıldı və əvvəlcə irəliyə çıxmış yekə bir qarın, sonra isə Əlişin az qala yumruq boyda olan başı göründü.

– Paho, Səmi, xoş gördük! – Əliş hər iki əlini irəli uzatdı.

– Xoş gününə gələk, Əliş müəllim! – Dili dolaşdı. Dili dolaşdığına görə də hamının «Çiçək Əliş» dediyi bu pəzəvəng adama «Əliş müəllim» deyə müraciət elədi.

Onun bu müraciəti deyəsən, «Çiçək Əliş»in xoşuna gəlmədi, sağ yanağı səyridi və Səməd müəllimin bozarmış pencəyinə, sonra da dabanı yeyilmiş ayaqqabısına baxıb dedi:

– Müəllim özünsən! – Onun səsindəki bu narazılıq Səməd müəllimi qorxuya saldı və elə o dəqiqə düşündü ki, göyə çıxsa da, nə qədər hoppanıb düşsə də Əliş onu özüylə rusetə aparmayacaq.

– Nə var, nə yox? – Əlişin üzündə yenidən təbəssüm əmələ gəldi.- Yaman dəyişmisən! Səni güclə tanıdım.

– Ay Əliş, şimpanze də güzgüyə baxanda özünü tanıyır, amma mən güzgüyə baxanda özümü tanıya bilmirəm. Heç bilmirəm kiməm, nəçiyəm?

– Müəllimsən dana!

– Belə müəllimliyi görüm qara gəlsin!

 Onun müəllim olduğuna görə xəcalət çəkdiyi Əlişin gözündən yayınmadı. Özünü o yerə qoymayıb soruşdu:

– Xeyir ola, ay Səmi?

Ümid dolu gözlərini Əlişin üzünə dikib yazıq-yazıq dilləndi:

– Uşaqların üzünə baxa bilmirəm.

– Necə bəyəm? – «Çiçək Əliş» ciddi bir görkəm aldı. – Yoxsa, sinifdə uşaqlar səni incidir? Bəs bizim Vasif? – O da uşaqlara qoşulub?

– Yox, ay Əliş müəllim!- Yenə də çaşdı və özünə bərk acığı tutdu. Acığından az qala ki, ocaq daşı kimi partlayıb qırıq-qırıq olsun.

– Ay Səmi, deyəsən, ağlın qarışıb. Dedim ki, müəllim özünsən.

– Kaş, anam məni qara bir daş doğaydı. Mən də gedib müəllimlik oxumazdım!

Bayaqkı təbəssüm Əlişin üzünə yenidən qayıtdı və o, uşaq marağı ilə soruşdu:

– Niyə belə deyirsən?

– Bəs necə deyim? – Kövrəldi. – Fikir eləməkdən ürəyim qançır olub. – Güclə eşidiləcək bir tərzdə dilləndi. – Sonra da «Məni də özünlə rusetə apar, – dedi.

      Əlişin üzündəki təbəssüm gülüşlə əvəz olundu. Çiyinləri atıla-atıla gülməyə başladı. O güldükcə irəli çıxmış qarnı da yırğalanırdı.

– Səmi, sənin rusetdə nə itin azıb? Başını aşağı salıb müəllimliyini elə!

– Dolana bilmirəm. – Ümid dolu gözlərini Əlişin üzünə dikdi.

– Səbr eylə, ay Səmi! Hər şey yaxşı olacaq!

– Necə səbr eləyim! Məgər bilmirsən ki, arxa su gələnə kimi qurbağanın gözü bərələr.

«Çiçək Əliş»i yenidən gülmək tutdu. Yenə də az qala yarım metr qabağa çıxmış qarnı silkələndi. Elə bil onun içində zəlzələ olmuşdu. Güldükcə zəlzələ vaxtı otağın tavanından asılmış çıraq kimi yırğalanırdı.

Az sonra gülməkdən yaşarmış gözlərinin yaşını sildi və öz üstünlüyündən həzz alıb dedi:

– Bilirəm ki, müəllimlik etməklə uşaqlarının qarnını doyuzdura bilmirsən.

– Bilirsənsə, məni də özünlə apar. Əl-ayağına dolaşmaram.

«Çiçək Əliş» sınayıcı nəzərlərlə onun gözlərinin içinə baxıb soruşdu:

– Yük daşıya bilərsən?

– Hə…

– Yox. Yük daşımaq sənlik deyil. Ayaqüstə güclə nəfəs alırsan.

– Dözərəm! – İnamla bildirdi.

– Bəs kafedə qab-qacaq yuya bilərsən?

– Əlbəttə.

«Çiçək Əliş» başını yırğaladı. Sonra da sol əlini onun çiyninə qoyub dedi:

– İncimə, Səmi! Məndə müəllim ştatı yoxdur.

       Səməd müəllimin gözlərinə qaranlıq çökdü. Son ümidi qırıq-qırıq olub «Çiçək Əliş»in ayaqları altına töküldü. Yıxılmaq istədi, amma özünü birtəhər ələ alıb dinməz-söyləməz «Çiçək Əliş»in gözlərinin içinə baxdı. İçi silkələndi. Elə o dəqiqə də ürəyinin tikə-tikə söküldüyünü hiss eləyib ondan  uzaqlaşmaq üçün geriyə döndü.

– Hara gedirsən? – «Çiçək Əliş» olun qolundan tutmaq istədi. Səməd müəllim yenidən onun üzünə baxdı. Dodaqları səyridi. Və başını asta-asta tərpədib yavaş addımlarla oradan uzaqlaşdı.

Müəllif: Vaqif İsaqoğlu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Köksündən bal süzən, tər Şehçiçəyim…

ŞEHÇİÇƏYİM

Tacısan dünyamda Sən çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

Müəllif: Zaur USTAC

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Lənkəranda sənətkarlıq məmulatlarının satış guşəsi fəaliyyətə başlayıb – FOTOLAR

Lənkəran şəhərində yeni yaradılan @nurhandmade sənətkarlıq guşəsində bölgəmizin sənətkarlarının biri-birindən maraqlı, rəngarəng və heyrətamiz əl işləri nümayiş olunacaq.

Guşəni yaratmaqda məqsəd mədəniyyətimizi və qeyri-maddi mədəni irsimizi qorumaqdır.

Siz də ailə üzvlərinizə, dostlarınıza və qonaqlarınıza maraqlı, təkrarolunmaz hədiyyələr almaq istəyirsinizsə @nurhandmade sənətkarlıq guşəsindən əldə edə bilərsiniz.

Ünvan: Lənkəran şəhəri, Qala Xiyabanı, Günel Ticarət Mərkəzinin 1-ci mərtəbəsi.
Whatsapp: 050 243 68 43









































ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF OSMANLI

DƏNİZ VƏ SARI AY DASTANI
(kiçik dastanlar silsiləsindən)
I

Dəniz özü boyda xalçadır. Bu xalçanın bütün ornamentlərindən – hər çeşnisindən, naxışından -butasından, ərişindən, arğacından məhəbbət yağır. Buta məhəbbətin rəmzidir. Yarımürəkdir, o biri yarısını (yarını) axtarır. Xalçanın üstündə dayanıb ki, göylərə uçub yarına yetişsin.
Bu xalça – Dəniz hər gecə sevgilisi Sarı Ayın yollarına sərilir ki, gələndə qədəmləri inciməsin. Sarı Ay hər gecə Dənizdə çiməndə Dəniz ona sərinlik gətirən Bulud dostunu səsləyir, ondan xahiş edir ki, göylərə pərdə tutsun, rəqibi Ulduz Sarı Ayı görməsin. Bəlkə də Dəniz bir uçan xalçadır, gecənin bir aləmində göylərə uçur, Sarı Ayın qonağı olur, sevgisinin ləpə diliylə Sarı Ayın qulağına sevgi nəğməsi pıçıldayır.
Sarı Ay sarı-sarı saçlarıyla sarı cığır açaraq Dənizə sarı bir ismarış göndərir ki, gəlmə, əzizim, mavi gözlüm. Sən göylərə gəlsən mən harada yuyunar, güzgülənərəm, sarı-sarı saçlarımı necə darayaram? Sən mənim ən təmiz güzgümsən. Söz verirəm ki, mən hər gecə sənin mavi qoynuna gələcəyəm, heç kimdən qorxub çəkinmədən, cəsarətlə….

II

Dənizin uzaqlara-əngin göylərə gəlin köçmüş qızını tanıyırsınızmı? Göylərdən tez-tez anası Yerə tələsən şəffaf və incə gözəl Yağışı deyirəm. Bəzən Leysan, bəzən Gürşad da deyirlər ona. Körpə çağlarında Çiskin də çağırardılar onu. O, həmişə Yerdəki bacılarına – şirin-şirin zümzümə edən ləpələrə qahmar çıxan, uzaqlardan kiçik və dəcəl bacılarına göz-qulaq olan böyük və şəfqətli bacıdır. Yağış tez-tez Dənizə – atasıgilə qonaq gəlir. Atası və bacıları ilə öpüşür, qol-boyun olur, onları ovundurur, inci-inci Damlalarla. Damlalar Yağışın qızlarıdır, babaları Dənizin, nənələri Sarı Ayın büllur və incəbelli nəvələri, Göylərin nərmənazik gözəlləri. Yağış gələndə qısqanc və qaşqabağı yer süpürən sevgilisi Qara Buluddan Yerə -əmiləri Dənizə və Sahilə sərinlik, təravət, bərəkət gətirirlər, ayrılqdan, həsrətdən alışıb-yanan, cadar-cadar olmuş ürəklərə – Torpaqlara su çiləyirlər, yuyundururlar, əmisi oğlanları Qumlarla gizlənpaç oynayırlar. Qumlar ağızlarını açaraq Göylərdən gələn xeyirxah və səxavətli əmiqızlarını öpüb qucaqlayırlar, bağrına basırlar.
Damlalar Göylər gözəli nənəsi Sarı Aydan genişürəkli babası Dənizə sevgi ismarışları gətirirlər -şırhaşır. Bu gizli heroqlif sətirləri baba Dəniz gizlin-gizlin oxuyur. Gündüz buxar heroqliflərlə, gecələr sarı cığır misralarla nənə Sarı Aya cavab məktubları göndərir. Yağışın qızları Damlaların babaları Dənizə nənələri Sarı Aydan gətirdikləri məktubu oxuyan Dənizin çiçəyi çırtlayır, gündüz Günəşə, gecə şorgöz Ulduzlara sinəsində meydan verir. Axşam görüşə hazırlaşan Dəniz qağayı diliylə, gülüşüylə, xəzri, gilavar pıçıltısıyla sevgilisi Göylər gözəli Sarı Aya ismarış yollayır:
– Səni gözləyirəm, sarışın gözəlim..

III

Dəniz göylərdə sevgilisini axtaran məşuqdur. Görüşəndə şirin-şirin zümzümə edir, nazlı ləpə diliylə. Gecələr Sarı Ayın üzünü qısqanc qardaşı Qara Bulud örtəndə hayqırır, qəzəblənir qızmış nəhəng və amansız korrida öküzünə bənzəyən şahə qalxan dalğalarıyla. Qarşısına çıxanı buynuzlayır, yıxır, uçurur. Hirsi sönüb sakitləşəndə qurbanlarına əbədi sığınacaq verir qoynunda…
Ulduzlar göylərin şıltaq gözəlləridir, uzaqdan nəhəng güzgüdə güzgülənirlər, güzgüdə ləkə görəndə Bulud qaqaşlarının arxasında gizlənirlər. Dənizdə Sarı Ay çiməndə isə həsəddən rəngləri solur, saralırlar, him-cimlə Sarı Ayı öz sarayına- göylərə çağırırlar…
Gecənin bir aləmində sarışın Sarı Ay hamını yuxuya verib Dənizlə gizlincə qol-boyun olur. Niyə gizlin- gizlin? Qorxur ki, onları qol-boyun görüb qınayar Günəş ana. Ona görə də Günəş ana yuxudan oyanmamışdan qaçıb gizlənir, Dənizin ürəyini odlayıb gedir…
25.02.2020

Müəllif: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİR TƏNHA QADIN DARIXAR

BİR TƏNHA QADIN DARIXAR

Boylanıb illərin uzaqlığına
bir qadın özünə təsəlli arar.
Donar xatirələr soyuqluğunda
qar kimi üstünə yağar hər nə var .

Qar kimi üstünə yağar hər nə var,
hardasa bir tənha qadın darıxar .
Dərdli arzuların göz yaşlarında
ürəyi boğular, özü boğular.

Ürəyi boğular, özü boğular,
aldanar qapının tıqqıltısına.
Ümidi asılar yanaqlarından
qarışar yağışın pıçıltısına.

Qarışar yağışın pıçıltısına ,
bir qadın yağışla darayar saçın.
Dönər yalnızlığın hayqırtısına
hardasa , hardasa darıxan qadın.

Hardasa,hardasa darıxan qadın
kaşkilər əlində çarəsizləşər.
Darıxan qadının ümidi adam,
bir gediş, bir mesaj, bir zəng də yetər…

Müəllif: KAMALƏ ABİYEVA

KAMALƏ ABİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYAZ İMRANOĞLU HƏFTƏSİ

AYAZ İMRANOĞLU HƏFTƏSİ

TƏZƏ GƏLİN

(povest)

sonu

Ata evinə qayıdandan bəri anası onu tək qoymaz, gecələr qızıyla yatardı. Həyat gecələr qəribə yuxularla sayıqlayardı. Qızı sayıqlayanda ana onu yuxudan oyadar, üç dəfə “bissimillah” – dedizdirib bir stəkan su içirdərdi. Yastığı altına çörək, bıçaq qoymuşdu ki, pis yuxular ondan kənar olsun. Anası da bunları qoca nənəsindən öyrənmişdi. Deyirlər bir vaxtlar anası da möhkəm sayıqlayardı. Hətta yuxulu-yuxulu durub hara gəldi gedərmiş. Arx üstündəki körpüdən keçəndə ayılarmış.
Məzarlıqdan qayıdandan sonra gecə anasına dedi ki, gecələr tək yatmaq istəyir. Anası:
-Elə niyə, qızım? Qorxarsan. – deyib etirazını bildirdi.
-Narahat olma, ana. Atamın tək yatmağı məni üzür. Bir də ki…
Çimib, krem vurub, ətirləndi. Yatağının döşək üzünü dəyişib yatağına uzandı.
Gözlərini yumsa da, yuxusu ərşə çəkilmişdi. Qəbir üstündə Vüqarın ruhu ilə etdiyi söhbəti düşünürdü… Birdən hiss etdi ki, gecə köynəyi sığallanır. Ona xoş gəldi. Heç gözlərini açmaq istəmirdi. “Kamına çat, əzizim” deyə-deyə pıçıldayırdı… Qadın ehtirasının son həddinə çatanda artıq özündə deyildi.
Qapının səsindən gözlərini açdı. Kölgə kimi gördü arxadan. O qapını örtüb getdi.
***
Səhəri günü atasının “Alapaqı”dan gətirdiyi xəbər üzücü oldu. Cəmil Şuşa həbsxanasında yataq mələfəsi ilə özünü asmışdı. Həyat bu xəbəri eşidib hönkür-hönkür ağladı. Onun ölümündə hardasa özünü günahkar sayırdı…

Kənd adamlarının əksəriyyəti kolxozda çalışırdı. Kolxozun qoyun sürüləri hər ilin aprel ayında dağa – yaylağa qalxar, oktyabr ayında dağdan enər – kəndə, kolxoza dönərdi. Atası ferma müdiri olduğundan bu vədələr vaxtaşırı dağa gedər, bir neçə gün qalardı. Bu dəfə də atası qardaşı ilə getmişdi.
Evdə kişi xeylağı olmadığından Həyat bu günlərdə anasına qoşulub evin bütün işlərini görürdü. Dünən əkin sahəsinin alağın etmişdilər. Bu gün isə anası:
-Qızım təndir qalamalıyam. – dedi. – Odun-ocaq yoxdu. Bağın ayağında quru çırpı var, bəlkə bir şələ gətirəsən…
Bağ ilə evin arası xeyli məsafəydi. Həyat toxunma yaylığını başına çalıb, kəndir də götürüb yola düzəldi.
Yol boyu Cəmilin həbsxanada intahar etməsini düşünürdü. Onunla keçirdiyi yarım illik ailə həyatı, indi yadına düşdükcə nisgilə çevrilirdi. Belə… zalım həyat Vüqar kimi onu da əlindən aldı. Görünür, ərli olmaq qismətimdə yoxmuş…

Bəs atası, qardaşı Cəmilin yasına niyə getmədilər. Yoxsa..? Eşitmişdi ki, həbsxanada ölənlərin meyitini sahiblərinə vermirlər. Onlar üçün hardasa məzarlıq var. Qəbirlərə ad da yazılmır. Eləcə nömrələyirlər. Bəlkə o heç ölməyib, şaiyədi yayılıb? O qədər belə hadisələr olur ki. Axı ölən məhbusun sahibinə ölüm haqda arayış göndərilir – özü də rus dilində. Rus dilini bilməyən qaynatasıgildə kim oxumuşdu o arayışı. Nə bilim…
Bir də onda ayıldı ki, gəlib durub odun topasının yanında. Kəndirin arasına gücü çatacaq qədər odun yığıb kəndirlə sıxıb kürəyinə şəllədi. Gəldiyi kimi də evlərinə gedən yola düzəldi.

Yenə də başında min bir fikir dolaşırdı. Xeyli yol gəlmişdi. Birdən hiss etdi ki, bədəninə nəsə toxunur. Əhəmiyyət vermədi, fikirləşdi: şələdəki odunlardan hansısa toxunur yəqin. Bir az da getmişdi ki, qarın nahiyəsindən onu sıxan canlını aydınca duydu. İlan!..

İlan onun bədəninə dolanmışdı. Arxadan çiyni üstündən durub ona baxırdı. Həmin andaca düşündü ki, ilan odun şələsi arasına necə düşüb? Necə olmuşdu ki, onu görməmişdi? Demək ilan hər yerdə onu dabanqırma izləyir. “Bu nə zülmdür çəkirəm?” öz-özünə dedi. Həyat ağlamaq istəyəndə ilan haça dilini çıxarıb onun boyun-boğazını yaladı.
Odun şələsini təndirxananın yanında yerə qoydu. İstədi ilanı da bədənindən aralasın, ondan azad olsun. O, ilanı aralamaq istədikcə ilan onu daha da möhkəm sıxırdı. Az qalırdı ağrıdan nəfəsi kəsilsin. Qəribəydi…
Sanki Həyat bir qızılgüldü, ilan da sarmaşıq gülü. Bir-birinə yaraşıq qatırdılar.
Anası qızına dolaşan ilanı gördükdə vahimələndi. Cikkə çəkib çığırdı. Həmin andaca qonşular haya gəldilər.
İnsanlar bu qəribə mənzərədən donub qalmışdılar. Hamı susurdu. Handan-hana kişilərdən kimsə dilləndi:
-Gəlin ilanı güllələyək.
-Bəs qız? Nə bilirsən güllə dəyəcək-dəyməyəcək?
Kimsə ona yaxınlaşmaq istəyəndə ilan Həyatı sıxır və Həyat ağrıdan tezcə qışqırırdı:
-Uzaq durun. O, sizi təhlükə sanır.
Neçə gün olardı yaxın-uzaq el-obadan eşidənlər bu möcüzəni görmək üçün axın-axın Həyatgilin evlərinə gəlirdilər. İstəyirdilər Həyat çölə çıxsın, bu qeyri-adi hadisənin canlı şahidinə çevrilsinlər.
Sofu Usub da gəlmişdi. Oxuduğu ilan duası ilk dəfə idi kara gəlmirdi. Sofu üzünü Həyatın ata, anasına tutub:
-İlan tilsimlidi. Bu ilan cildinə girmiş bəni-insandı. – dedi və qara atın tərkinə qalxıb, gəldiyi kimi də getdi.

Gecələr ilan Həyatın sinəsi üstündə uzanar, ya da yanında qıvrılıb qalardı. Eləcə Həyatın keşiyini çəkərdi.
Bir ay olardı ki, onlar bir yerdə yaşayırdılar. Həyat indi ilanı canının bir parçası sanırdı. Səhərlər yuxudan duran kimi mürgülü gözlərini açmamış əli ilə ilana toxunardı. Hətta ilanın nəfəsini üzündə, boyun-boğazında hiss etməyəndə darıxardı. Sanki aşiq-məşuq idilər.
Anası hər gün ilana mis camda süd bişirirdi. Qızına isə yemək bişirib qapı ağzına qoyurdu. Həyat yeməkləri götürər, ilanla birgə yeyərdi.
Atası, qardaşı isə ilanı heç görmək istəmirdilər. Kolxozun baytar həkimi Telman Həyatın atasına belə təklif etdi:
-Bu ilan ömürlük qıza dolaşıb qalmayacaq ki, gəlin südün içinə zəhər qatıb verək ilan yesin. İlan ölsün. Qızın da bu bəladan qurtulsun.
Atası, qardaşı razıydı. Amma…
İlan, elə bil, onların bu bəd niyyətindən duyuq düşmüşdü. Neçə gündü camdakı südə yaxın durmurdı. Həyat da ilanın süd içməməsini min bir yerə yozdu.
Nəhayət, köhnəlmiş südü götürüb tut ağacının koğuşuna tökdü. Üstündən bir neçə gün keçməmiş ağacın yarpaqları qurudu. Onda Həyat barmağını dişləyib hər şeyi başa düşdü.
Bir gecə Mir Sədi Baba yenə yuxusuna gəldi:
-Qızım, dedim axı onun boğazında quş sümüyü qalıb. Onu yalnız sən çıxara bilərsən. İlanın boğazını sığalla, sümük düşəcək.
-Baba, mən çöpçü deyiləm axı…
-Dedim elə. Sənin əlin şəfalıdır. Sən ilan ocağısan. Özünün xəbərin yoxdur. Sofu Usub sənin qeyri-adi insan olduğunu bildiyindən bir söz demədi.

Həyat yuxudan qan-tər içində ayılıb sinəsi üstündəki ilanın başını sığalladı. Sonra ilanın boğaz hissəsinə iki barmağı ilə sığal çəkdi. O, sığalladıqca ilan başını dik qaldırıb gözlərinə baxırdı. Sanki Həyatdan razı olduğunu bildirirdi. Həyat hər dəfə barmaqları ilə ilanın boğazını sığalladıqca ilan da ağzını gen açırdı. İlan bircə dəfə asqırdı. Həmin andaca sümük ağzında göründü. Həyat sümüyü götürən kimi ilan haça dilini çıxarıb onun əlinə sürtdü. Xilaskarına minnətdarlıq edirdi.
İlan həmin andaca onun sinəsindən düşdü. Sürünə-sürünə pəncərə ağzına getdi, sonra bir də çevrilib Həyata baxdı və pəncərədən sürüşüb düşərək oradan uzaqlaşdı. Həyat ilanın arxasınca xeyli baxdı. İlan kəpirliyə enib yox oldu.

Həyat yenidən yatağına uzandı. Səhərin şirin yuxusunun dadını çıxarırdı. Mir Sədi Baba yenidən yuxusunda göründü:
-Hə, qızım, o mənim qoruyucu mələyimdi. Sən onu xilas etdin. İnnən belə hər kəs səndən şəfa tapacaq. Sən də yarına yetişəcəksən.
***
Poçtalyon Hüseyn dayı son aylar tez-tez onların həyət çəpərində qardaşına məktub verirdi. Qardaşı da məktubu alan kimi cibində gizlədir, tezcə dam evinə girirdi. Məktubu oxuyar, sonra ocaqda yandırardı. Həyat dəfələrlə görsə də qardaşından soruşmurdu ki, o məktublar kimdəndir.
Bir gün qardaşı evdə olmayanda poçtalyon Hüseyn dayı yenə çəpərin o üzündə göründü:
-Ay ev yiyəsi! – deyən kimi anası hayına hay verdi.
-Məktub var, məktub.
Anası məktub əlində evin artırmasına qalxanda Həyat dilləndi:
-Ana, o nə məktubdu?
Məktubun nə məktub olduğunu anası bildiyindən istədi gizlətsin. Onsuz da bu illər ərzində qızının başı çox qovğalar çəkmişdi. Bu məktub da yeni bir dərdə qapı açırdı.
Həyat israr edincə ana qəmli görkəmlə, əli əsə-əsə məktubu könülsüz qızına uzatdı.
-Heç nə qızım, heç nə! – deyib hönkür-hönkür ağladı.
Həyat məktubu alıb üstündəki yazıları görən kimi çaşıb qaldı. Bu onun xəttidir. O, sağdırmı?
Həyat öz otağına keçib məktubu açdı. Məktubda yazılmışdı: “Həyat, əzizim, salam. Artıq neçənci məktubdur ki, yazıram. Özüm də bilmirəm ki, niyə cavab vermirsən?
Mənim məhkəmə işimə yenidən baxıldı. Cəza müddətim qalmaqla məcburi əməyə təhkim olundum. Şuşa həbsxanasından azad oldum. İndi cəzamı xüsusiləşdirilmiş komendaturada çəkirəm. Qaradağda yerləşir. Burada daş karxanasında işləyirəm.
Yataqxanada qalıram. Səhər də, axşam da milis yoxlamasından keçirik. Məhdud ərazidə hərəkət etmək imkanımız var. Kənar yerə getməyimiz qadağandır. Ona görə də kəndə gələ bilmirəm.
Həbsimdən sonra ailəmin, doğmalarımın sənə olan ögey münasibətindən üzüldüm. Üstəgəl sənin ata evinə dönüşünü eşidib məyus oldum. Əzizim, mən sənsiz bu dünyada tənhayam, təkəm.

Eşitmişəm ki, atan, qardaşın mənim həbsxanada intahar etdiyimi yayıblar. Bu şaiyədir. Mən elə də ağılsız deyiləm ki, özümü öldürəm. Bu müvəqqəti çətinlikdir. Mən azad olub yenidən xoşbəxt həyatımızı davam etdirəcəyəm.
Mən hələ də bilmirəm ki, atanın, qardaşının mənə bu qədər kini, kudurəti haradan qaynaqlanır? Onlar həbsxanaya gəlib, zorla mənə ərizə yazdırıblar ki, səni boşayım. Məni buna məcbur ediblər. Yazmasaydım “xüsusi cəllad” əliylə öldürüləcəkdim. Həbsxanada belə işləri görmək üçün xüsusi məhbuslar saxlanılır…”

Həyat məktubu sonacan oxuya bilmədi. O, oxuduqca həyəcanlanırdı. Göz yaşları məktuba töküldükcə məktubu isladırdı. Özünə toxtaqlıq verib məktubu sonacan oxudu. Sonra anasının yanına gəlib:
-Ana, qurbanın olum. Poçtalyonun məktub gətirdiyini atama, qardaşıma demə. – dedi.
-Yaxşı, qızım, demə deyirsən, demərəm.
Ana qızını qucaqlayıb bağrına basdı. Qızının yenicə dən düşmüş saçlarını oxşayıb “şirin, şəkərim” – deyib içdən ah çəkdi.
Bir il olardı qızını bu qədər sevincək görməmişdi. Bir vaxtlar şirin gülüşü evi, həyət-bacanı başına götürərdi. Qonum-qonşunun qəlbində sevgi yuvası quran qızı indi ilan kimi soyuq olmuşdu. Hamıdan qaçır, az danışırdı.
-Mehriban balam, hansı ana istəməz ki, qızı xoşbəxt olsun? Onunla yenidən xoşbəxt olacaqsansa, mən razı.
Həyat anasını bir də öpüb yenidən öz otağına tələsdi. O yerimirdi, sanki quş olub göydə uçurdu. İstəyirdi Cəmilinin nəfəsi dəymiş, qoxusu hopmuş o bir vərəqli məktubu yenidən oxusun.
Məktubun gəldiyindən bir xeyli vaxt ötmüşdü. Anası poçtalyona tapşırmışdı qızına məktub verdiyini ərinə, oğluna deməsin.

                                            ***

Cəmilin gəlməsinin hələlik mümkün olmadığını bilən Həyat gecə-gündüz onun yanına getmək üçün özlüyündə plan qururdu. O, gedib yarına qovuşmalıydı. Bunun üçün fürsət gəzirdi. Hətta özü üçün boxça da hazırlamışdı. Bir gün…
Həyat anası ilə halallaşdı, boxçasını da götürüb yola çıxdı. Anası arxasınca bir qab su atıb “Aydınlığa çıxasan, balam!” – dedi.

Magistral yola xeyli vardı. Özü də gizlin yerlərlə getməliydi ki, kimsə onu görməsin. Vay onda qardaşı, atası qarşısına çıxa…
Magistral yola çıxıb şəhərə gedən avtobusa minəcək, oradan da Qaradağ daş karxanasında yerləşən komendatura yataqxanasına gedəcəkdi. Mənzil başına yetişmək ona elə asan gəlirdi ki…

Gizlin yerlərlə; kol-kos arasıyla, arx qırağıyla, dar cığırlarıyla keçib magistrala çıxasıydı.
Elə bil kimsə dedi: sağ tərəfə bax. Çiçəklərin arasında iki ilanın bir-birinə sarıldığını görüb yerində dondu. Ağ ilana qara xallı gürzə dolaşmışdı. Bu, o idi…
Həyat ilanların sevişməsinə elə maraqla baxırdı ki, sanki Cəmillə şəhvani bir gecə yaşayırdı. İlanlar sevişdikcə onun bədəni gizildəyirdi. Az qalırdı huşu başından çıxsın.

…Birdən ayılan kimi oldu. Qara xallı gürzə ayaqlarına dolaşmışdı. Ağ ilan çəmənlikdə görünmürdü. “Budu eh… yenə başladı. Dəli sevgilim” – deyib gülümsədi.

İlanlar yolu üstünə təsadüfən çıxmamışdılar. Qara xallı gürzə hətta özünə sevgili də tapmışdı… Yoxsa insan ruhu ilan cildində təcəlla etmişdi? Ağ ilan da Həyatın ruhunu daşıyırdımı? Axı bayaq ağ ilanla özü arasında bir bağlılıq-rabitə olduğunu hiss etdi.
İlanlar bilirmişlər o, el yolu ilə yox, bu dar, əyri-üyrü cığırla gələcək. Demək, qara xallı gürzə Həyatın nə düşündüyünü də oxuya bilir. Görünür, onu da bilir ki, Həyat buralardan birdəfəlik gedir. Ərinə – Cəmilinə qovuşsun deyə. Yoxsa…
“Getmə… getmə! Sənsiz mən məhv olaram. Bir də ki, Mir Sədi baba deyib axı. Sən şəfa ocağı – ilan ocağı olacaqsan. Mən sənin o şəfa ocağında yaşayacağam. Həkimlərin, loğmanların bacarmadıqlarını sən əlinlə sığal çəkməklə bacaracaqsan”.

Həyat bu tilsimli sözləri eşitdi. Eynən Vüqarın qəbri üstündəki qeybdən gələn səsin özü idi. Özü-özündən xoflandı. Həmin andaca “Bəlkə dəli oluram, özümdən xəbərim yoxdu. Qulağımı deşən, beynimi, ürəyimi oynadan bu sözlər məni qeyri-adi dünyaya səsləyir. Bəlkə, mən heç yer adamı deyiləm? Başqa dünyadan gəlib anamın bətninə düşmüşəm, o da məni bu dünyaya gətirib?”.

Bu düşüncələrdə olduğu anda əli boşalıb boxçası yerə düşdü. Əyildi ki, boxçasın yerdən alıb yoluna davam etsin. Əlisə boxça əvəzinə ilanın par-par parıldayan yastı başına dəydi. İlanın bumbuz, soyuq başı əli dəydikcə istiləşirdi. İlan başını, dilini onun əllərinə sürtür, onları oxşayırdı.
-Yaxşı, deyirsən həyat yoldaşıma yetişməyim? Ömür boyu ərsiz qalım? Sən bilirsən ərsiz qadınların arxasınca nə danışırlar? Hər addımına bir şər-şəbədə qoşurlar… Qəbrinə getmişdim. Orada necə də sevgiylə danışırdın. Lap əsgərlikdən gələndən sonra kəndimizin qızlarının ağlını başından alan sözlər düzüb-qoşduğun kimi. Sənə olan eşqimi məktub halında yazıb mərmər güldana qoymuşam.
Düşüncəsində yeni bir dünya səhifələnirdi. Yeni-yeni fikirlər, duyğular doğulmağa başlayırdı. Üzünün cizgilərində suallar, nidalar işarələnirdi. “Cəmilə qovuşmaqla nə əldə edəcəyəm axı?! Ailəm olacaq ona görəmi? Özü də nə tez-tez “ərim”, “həyat yoldaşım” deyirəm. Axı biz rəsmən boşanmışıq. Bəlkə molla kəbini kəsdirək? – deyib özünə güldü.

Bu dar cığırda iki yol arasında qalmışdı. Magistral yola çıxsınmı? Yoxsa…
Bilirdi ki, bir daha dünyaya uşaq gətirməyəcək, ana səadətini yaşamayacaq. Ailə körpüsünün təməlində uşaq durur. Uşaq yoxdursa, o ailə körpüsü yanıb kül ola bilər. Uşaqsız evlərin divarları sopsoyuq olur. Uşaq nəfəsi, uşaq təbəssümüdü evləri isidən, isti saxlayan. O da bir həqiqətdir ki, ailə məhəbbətinin özülündə saf, mənalı sevgi olanda onu heç nə uçura bilmir… Bəlkə geri dönüm. Cəmil də həbsxanadan sonra özünə yeni bir ailə həyatı qursun. Oğul-uşaq sahibi olsun.
Axı Vüqarın ölümündən sonra Cəmilə görməzə-bilməzə ərə getmişdi. Elə təzə-təzə bir-birinə isinişir, sevgi yaranırdı ki, bu qara xallı gürzə şəbədə çıxartdı. Sonda da bətnindəki uşaq tələf oldu. Uşaqlığı götürüldü. Cəmil həbs olundu.

Cəmildən imtina etməliyəm. Qoy gedib ailə qursun. Mənim kimi sonsuz qalmasın.
Həyat Cəmillə Vüqarın seçimi arasında qalmışdı. Baxmayaraq bilirdi ki, Vüqar ölüb, o heç vaxt insan kimi qarşısına çıxmayacaq. Nə olsun ki, Vüqarın ruhu qara xallı gürzədədir. Bəs Cəmil?..
Nə çoxdu övladsız ailələr. Amma sevgi dolu ömür yaşayırlar. Odey rayonumuzun baş həkimi. Əlli il xanımı ilə ömür-gün yaşadı.
Həyat xəstəxanada olanda bir qadın söhbət etmişdi: Surxay həkim cərrah kimi rayonda hörmət-izzət sahibiymiş. Bu subay, yaraşıqlı həkimə çox qızlar meyl etsə də ki, onun xanımı olsun həkim qızlara biganə imiş. Həmişə də deyərmiş ki, qismətimi gözləyirəm. Qisməti isə gecikirdi. İllər keçir, Surxay həkimin yaşı ötürdü…
Bir gün xəstəxanaya təcrübə keçmək üçün Bakıdan tələbə bir qız gəlir. Olduqca gözəl olan bu qıza Surxay həkim ilk baxışdan vurulur. Qız da Surxay həkimə biganə qalmır. Çox keçmir ki, sevgilərini bir-birinə açırlar. Nişanlanırlar. El adəti ilə toy edib, ailə qururlar.
Evlilikdən aylar, illər ötsə də uşaqları olmur. Cavan gəlin çox yerlərdə müayinə olunur. Türkəçarə həkimlər donuz qanı, eşşək südü içirirlər. Amma bir çarəsi tapılmır.

Məlum olur ki, sonsuzluq Surxay həkimdədir. Surxay həkim yoldaşına nə qədər boşanaq, get yenidən evlən, uşaqların olsun desə də, yoldaşı onu dəlicəsinə sevdiyini bildirir.
Surxay həkim deyir ki, mənə bu qədər bağlısansa, onda bir şərtimə əməl etməlisən, mən sənin uşaqlığını götürməliyəm.
Qadın buna da razı olur.
Onlar qocalıb öz əcəlləri ilə ölənə kimi birgə yaşadılar. Övlad sevgisini evlərində saxladıqları dovşandan, pişikdən aldılar.
…Həyat:
-Cəmil!!! – deyə ah çəkib sızıldadı.
Qara xallı gürzə bayaqdan getmişdi.


Buralardan çıxıb gedəcəyinə, Cəmilinə yenidən qovuşacağına tələsirdi.
Başını aşağı salıb fikirli-fikirli yoluna davam edirdi. Artıq ilanlardan ayrılandan xeyli vaxt keçmiş, çox uzaqlaşmışdı.
Əsas şosse yola çıxmağına lap az qalmışdı. Birdən hiss etdi ki…
Arxadan kimsə donunun ətəyindən dartdı. Arxaya çönüb baxdı, kimsə yox idi. Bir neçə addım da atmışdı ki, yenidən donunu dartışdırdılar.
İlan donunun ətəyindən dişi ilə tutub özünə çəkirdi. Ani olaraq Həyat ilanın bu hərəkətinə gülümsədi.
-Bilirəm, mənsiz darıxacaqsan. Amma sən də məni başa düş də… Ərim məni çağırır axı… Burax, gedim.
Gözləyirdi ki, ilan ətəyindən dişlərini buraxacaq, o da yoluna davam edəcək.
Hə, ilan onun buralardan çıxıb getməsini hiss etmişdi. Həyat nə düşünürdü, ürəyindən nə keçirdi, ilana agah olurdu, sanki bir canda yaşayırdılar. Elə bil eyni ruhun daşıyıcılarıdırlar.
Qeyri-ixtiyari ilanın gözlərinə baxdı. Həmişə özünə qarşı orada mərhəmət, yalvarış hissi görmüşdü. İndisə gözlər az qalırdı hədəqəsindən çıxsın. Tez-tez qıvrılıb, açılır, fısıldayırdı. Bu da onun qəzəbli olduğundan xəbər verirdi.
Həyatsa ilanın sakitləşəcəyini, donunun ətəyini buraxacağını gözləyirdi ki, yoluna davam etsin.
…İlan onun güllü donundan iti dişlərini çəkib, elə həmin andaca ayağına dolaşdı. İlanın sopsoyuq bədəni elə bil buz parçası idi. Ayağına dolanan bədəniylə onu sıxmağa başladı.
Sandı ki, topuğundan arı sancdı. Elə həmin andaca ilan ayağından sürüşüb düşdü. İlan etdiyi hərəkətindən utanırmış kimi tez-tələsik düz cığırı əyri-üyrü gedərək yaxınlıqdakı tut ağacının koğuşuna girdi.
İlan onu sancmışdı, ayağından sısqa qan axırdı.
Boxçası əlində, gözləri ilanın gizləndiyi koğuşa dikilib qalan Həyat yerində donub qalmışdı. Handan-hana ayılan kimi oldu. “Bu da ilanın etibarı…” – deyib təəssüfləndi. Nənəsinin bir zamanlar dediyi zərb-məsəl bu yerdə qulaqlarını cingildətdi: “Bala, ilanın ağına da lənət, qarasına da…”

Tezliklə xəstəxanaya çata bilməsə, Allah bilir necə olacaq?! İndi beynində bircə fikir dolaşırdı. Tez evlərinə qayıdıb bu acı xəbəri doğmalarına çatdırmaq…
…Anası həyətdəki artırmada oturub qızının getdiyi torpaq yola baxırdı. Bayaqdan boş olan yolda birdən insan qaraltısı göründü. “Bu gələn kim ola, bəlkə, qızımdı?” – deyib pıçıldadı. Qaraltı yaxınlaşanda yanılmadığına sevindi.
Amma qızının qaçaraq geri qayıtmasından ananın içində narahatçılıq bir az da artdı. Həmin andaca nəyinsə baş verdiyindən şübhələndi. Yoxsa qızı getmək fikrindən daşınıb? Bəs niyə qaçaraq gəlir. Qara-qura suallar, nidalar başında dolaşdı.
Qızı ona yetişəndə tövşüyürdü, təlaş içindəydi. Alnında tər damcıları puçurlanmışdı. Yanaqları pörtmüşdü.
-Məni ilan çaldı! – deyib anasının qucağına yıxıldı.
Qızı huşunu itirən kimi olsa da, ana tez-tələsik təskinlik verdi:
-Səbirlə danış! De görüm nə baş verib?!
-İlan!.. İlan topuğumdan çaldı.
Bir andaca anası qıyya çəkdi.
Qonum-qonşu axışıb gəlincə Bəhmən müəllimin Qaz-21 “Volqa”sı həyətdə göründü. Tez Həyatı “Volqa”nın arxa oturacağına uzadıb xəstəxanaya tələsdilər.
Bəhmən müəllimin “Volqa”sı xəstəxanaya çathaçatdaydı. Həyatın ayağının şişisə dizə qədər yayılmışdı. Flora bacı rezin iplə diz hissədən ayağı boğmuşdu ki, zəhər sürətlə yayılmasın.
Həyat şişmiş ayağına baxdıqca daxildən qorxu hissi keçirir, həyacanlanırdı. Artıq halı da ağırlaşırdı; başı gicəllənir, ürəyi bulanırdı.
Həkimlər zəhər əleyhinə iynə vurub, bir neçə qabaqlayıcı tədbirlər görsələr də təəssüf ki, gecikmişdilər. İlanın dişləri topuqdakı sümüyə toxunduğundan, zəhər də sümüyü, qanı çürüdürdü.
Bayaqdan İsgəndər dayının “Zis” maşınının kuzovunda gələn qohumlar xəstəxananın həyətində toplaşıb təşviş içindəydilər. Hər içəridən çıxan həkim, tibb bacısını görcək Həyatın halını xəbər alırdılar. Ümidli xəbər gözləyirdilər. İnanırdılar, həkimlər çarəsini qılacaqlar.
…Həkimlər konsiliuma yığışmışdılar. Son qərarı baş həkim Soltan Həsənli verdi:
-Dərhal Cərrahiyyə şöbəsində əməliyyat stolu hazırlansın. Ayağı dizdən amputasiya olunsun. Başqa çıxış yolu yoxdur, xəstəni itirə bilərik.

Cərrah Namiq baş həkimin verdiyi qərarın təcili icrasına başladı.
Həyatın dizdən aşağı ayağı kəsildi və o reanimasiya otağına yerləşdirildi.
Əməlliyyatdan neçə gün keçsə də o hələ də ayağının kəsildiyini bilmirdi. Biləndə ki, ayağı dizdən aşağı yoxdu fəryad qoparıb, nalə çəkdi. Gecə-gündüz ağladı. İlana lənətlər yağdırdı. Taleyinə qarğıdı. Sonra da başına gələn bu qəzayla barışmalı oldu.
***
Yatdığı palatanın pəncərəsi xəstəxananın bağına açılırdı. Hər gün qoca bağban bağdakı cürbəcür gül kollarına, meyvə ağaclarına qulluq edirdi. Elə həvəslə işləyirdi ki, gördüyü işdən zövq aldığı görünürdü. Ahıl yaşda şux qalmasının səbəbi də, bəlkə elə bu idi. Onun belə həvəslə, gümrahlıqla işləməsi Həyatın qəlbini duyğulandırırdı. Düşünürdü ki, qocanın yaşamaq, yaratmaq eşqi necə də güclüdür. Demək cismi qocalsa da ruhən cavandır.
O da innən belə əlil sayılır. Özünə qapanıb yaşamaqla ömrünü çürüdə bilər. Məsrəfli bir işin qulpundan yapışıb özünü bədgümanlıqdan xilas etməlidir. Axı həyat mübarizə meydanıdır. Özüylə döyüşlə nəyəsə nail olmaq olar. Bax, bu qoca özünə bu yolu seçib ki, qocalığa qalib gəlib.
Qoca bağban bağdakı hər kola, hər ağaca, xırda bir çiçəyə də doğma övladı kimi baxır. Özü də çox yaxşı bilirdi ki, hansı xəstələnib, hansı su istəyir, hansı dibinin bellənməyini gözləyir.
Bağın loğmanına çevrilmişdi bağban. Əlinin qabarı ilə bu məkanda cənnət yaradıb. Baxdıqca göz oxşayır, qəlb dincəlir. İnsanın ağrı-acısı, yorğunluğu canından çıxır.
Həyat hər gün qocanı beləcə görürdü. İndi də qoltuqağaclarına söykənərək pəncərə qarşısında durub bağa tamaşa edirdi. Bağdan gələn xoş ətir ruhunu oxşayırdı.
Qoca da bu gəlinə mehrini salmışdı. Hər gün salamlaşar, halını xəbər alardı. Maşallah, gəlin də bu çiçəklər kimi günü gündən təravətlənirdi. Elə bil neçə gün öncə pəncərədən məyus baxışlı, solğun bənizli birisi deyildi.
Qoca pəncərə qarşısına gəlib həmişəki kimi Həyatın müalicəsini soruşdu. Sonra da:
-Qızım, səbirli ol. – dedi. – Allahımız hər bir bəndəsini bir cür sınağa çəkir. Eşitmiş olarsan, deyirlər, bu dünya fani, sınaq meydanıdır. Gərək bütün çətinliklərə sinə gərəsən. Sənə verilən bu qısa ömrü elə şərəflə, şərafətlə yaşayasan ki, ötüb keçmişə baxanda xəcalət çəkməyəsən. O dünyanı bu dünyada qazanasan. Yaxşı əməlinlə cənnətlik olasan. Ümidini üzməyəsən. Şükür edək yaşadığımıza.
-Nə deyirəm, ay baba? – deyib gülümsədi.
Ona çox ayaq üstə durmağı Namiq həkim icazə vermirdi. Buna görə də Qoca ilə sağollaşıb çarpayısına tərəf getdi. Qoltuqağacların stola söykəyib və bir xeyli də onlara baxdı. Həmin anlar düşüncəsində dolaşan fikirləri dedi:
-Ömürlük yoldaşlıq edə biləcəksinizmi mənimlə? – Qoltuqağacları canlıymış kimi sual etdi.
***
Həyat yenə pəncərədən bağa baxırdı. Xəstəxananın bağında qoca bağban gözə dəymirdi, heç səsi də gəlmirdi. Deyəsən, nahar fasiləsinə çıxmışdı. Onun istirahət məkanı bağın ən kölgəlik yeri – tut ağacının dibi olduğundan pəncərədən görünmürdü.
Həyat qayıdıb yatağına uzanmışdı ki, bir bülbül pəncərənin qarşısındakı cavan budağa qonub bir-iki ağız cəh-cəh vurdu. Sonra fasilə verib səsinin cavabın almadığından aramsız olaraq cəh-cəh vurub, özünü yeyib-tökürdü.
Bülbül yarını haylayırdı. Yarsa gəlib çıxmırdı ki, çıxmırdı.
-Ay yazıq, sən də mənim kimi yar sorağındasan? Bəlkə, mənim yarım kimi sənin yarın da qəfəsdədir, sənə yetişə bilmir. Eh… bülbül, ilan məni çalmasaydı, bu hala düşməsəydim, indi Cəmilimin yanında olardım. Onun biş-düşün edər, paltarlarını yuyardım. Nazını çəkərdim. Gecələr də onun isti qucağına sığınardım… İndən belə bu şikəst ayağımla hara gedib çıxa bilərəm? Şikəst, uşaq doğa bilməyən arvada kim sahib durar?
***
Şirin yuxu tapmışdı. Ağappaq mələfəni sinəsinə çəkmişdi. Mələfənin üstündən yumru qarnı, qabaran döşləri üç təpəcik kimi görsənirdi. Uzun saçları yastığa yayılmışdı. Başını sağ tərəfə – qapı tərəfə əyib mışıl-mışıl yatırdı. Üzündə bir giley, nigarançılıq yaşanırdı. Rəssam fırçası gərək idi bu halı çəkə. Dahiyanə əsər yaranardı.
Həmişə çox oyaq yatırdı. Adi bir pıçıltıya, xışıltıya da oyana bilirdi. Amma bu dəfə elə bil əcəl yuxusuna getmişdi…
Bayaqdan başı üstündə durmuşdu. İllərin həsrətini, nisgilini doydurmaq üçün tamarzı-tamarzı baxırdı. Yanaqlar, dodaqlar, qaşlar, gözlər, saçı… – hamısı qoyub getdiyi kimi idi. Yox, saçına orda-burda dən düşəni var. Odey bir, iki, üç… Təzə-tər, ətir qoxulu saçlar idi. Getdi o günlər. Gecələr bağrına basıb atəşli eşqin dadını çıxarardılar…
Alma yanağından öpdü. Dodaqlarından şirin öpüşünü aldı.
…Öpənin isti nəfəsi yanağından, dodaqlarından keçib boyun-boğazında dolaşanda o, kal yuxusundan oyandı. İstədi gözlərini aça ki, bu zaman kobud əllər gözlərini bağladı. Hə, bu kişi əlləri idi. Əllər qurumuş taxta parçası kimiydi. Daş kimi möhkəm idi əllərin içi. Qabarlı, düyünlü olduğun hiss etdi.
-Kimsən? Niyə gözlərimi bağladın? – deyib yazıq-yazıq dilləndi.
Əllərin sahibi dinib-danışmadı. Həyatı nigarançılıq bürüdü.
-Ürəyim üzüldü axı… kimsən?
-Mənəm, gülüm, sənin Cəmilin! Gəldim! Sənin tilsimin, sehrin çəkib gətirdi. Son günlər qəribə yuxular görürdüm. Sən demə, nigarançılığım əbəs deyilmiş… – deyərək əllərini gözlərindən çəkdi.
Üzünü görməmiş, səsindən tanıdı. Mürgülü gözlərini döyə-döyə çaşqınlıq içində Cəmilə baxırdı. Elə bir layiqli söz tapmadı ki, heyrətini, sevincini bildirsin.
-Cəmilim!.. – deyib qollarını onun boynuna sarıdı.
Tibb bacıları, həkimlər qapı ağzında durub heyran-heyran onlara baxırdılar.
Həyatın amansız sınaqlarından üzüağ çıxmışdılar. Sevincdən qoşa qanad taxdıqları anlar idi. Sanki indi uçub göylərin ənginliklərinə qalxacaqdılar – sonsuzluqlarda yaşamaq üçün.
***
Daş karxanasındakı ağır iş şəraiti Cəmili çox arıqlatmışdı. Dolu sifətindən, düz qamətindən əsər-əlamət qalmamışdı. Həbsxana həyatı onu rəndələyib bu hala salmışdı. Saçları çallanmışdı. Kələ-kötür qabarlı əlləri onun çəkdiyi işgəncələrdən xəbər verirdi.
Həkim demişdi ki, kəsilən ayağında mazollaşma başlayan kimi evə buraxacaqdı. Hər gün Cəmil səhərdən axşama kimi Həyatın qulluğunda dururdu. Hər bir nazını çəkməkdən zövq alırdı. Daş karxanasında qazandığı pulla ona hər gün təzə güllər alıb gətirir, sevgilisini oxşayırdı.
Hardansa tapıb gətirdiyi kolyaskada – əlil arabasında onu otuzdurub həyətə düşürürdü. Qoca bağbanın becərdiyi baxçaya gəlib şirin söhbətlər etməkdən doymurdular. Saatlarla bir yerdə olduğu anlarda bir dəfə də olsun Cəmilin əlini buraxmazdı. Sanki qorxurdu ki, əlindən çıxıb gedər və bir daha onu tapa bilməz.
Qoltuq ağacları istirahət edirdilər. Cəmil onun dayağına çevrilmişdi.
-Həyatım, Bakıda protez ayaqlar düzəldirlər. Gedərik orada ayağını bərpa edərik. Deyirlər, elə yaxşı olur ki, onu geyənin şikəst olduğu da bilinmir. Qoltuq ağaclarından da canın qurtarar – sonra sözünə ara verib, yenidən-Bəlkə köçüb gedək Bakıda yaşayaq hə?..

Həyat çiyinlərini çəkdi. Cəmil həmin an yarının gözlərinə qonan çəni gördü. Sanki indi yağışa çevrilib yağacaq. Tez əlil arabasının yönünü dəyişib qızılgüllər olan yerə sürdü. Qızılgüllərdən dərib onun saçlarına düzdü.
Həyat Cəmilin bu dəcəlliyindən şaqqanaq çəkib güldü.
-Eh, Cəmil, dəyişməmisən, elə həminkisən! – deyərək Cəmilin əlini sinəsinə yaxınlaşdırdı, sonra da güclə eşidiləcək səslə pıçıldadı. – Darıxmırsan ki, bunlara yetişmək üçün?..
-Şahzadəm… sən özün elə gülsən də. Görmürsən, güllər də sənə qısqanclıqla baxırlar?! – deyərək onun dodaqlarından öpdü.
-Bəsdir də… – Desə də elə istəyirdi ki, bu an Cəmilin qoynunda ola.
***
Cəmil bayaqdan getmişdi. İndilərdə gəlməli olsa da hələ yox idi. Gedəndə demişdi ki, Bakıda yaşayan həbsxana yoldaşı Vidadiyə zəng edəcək. Vəzifə sahibi olub. Şərləyib onu da tutdurmuşdular. Gözəl insandı. “Mənə Bakıda bir iş tapmasını xahiş edəcəm. Köçüb gedərik buralardan. Yoxsa sənə çətin olacaq”.
Həyat Cəmilin yolunu gözləyə-gözləyə qoltuq ağaclarına söykənib ayağa durdu. Pəncərə qarşısına gəldi.
Qoca bağban bayaqdan qızılgül kolları arasına başın soxub eşələndikcə nəsə danışırdı. Dediyi sözləri ayırd edə bilmirdi. Nəhayət güllü parçaya bükülü nəyisə götürüb qucağına aldı.
-Lənətə gələsiniz sizi. Dünyaya gətirdiyinizə sahib çıxmayacaqsınızsa, niyə?.. – deyərək kiminsə qarasına acı söyüşlər yağdırdı.
-Baba, o nədi elə?
-Bir neçə günlük çağadı. Atıb gediblər. Aparım doğum şöbəsinə verim, çarəsini onlar bilər. Görünür gecədən atıblar. Dünən buralarda olmuşam, yox idi. Yazıq körpə indi ac olmuş olar.
-Uyy… baba, yazıq, binəva. Nə günahın sahibidir o…
Həyat içindən bir ah çəkdi. Tamarzı qaldığı uşaq…
-Baba, bu hadisəni kimsəyə demə, ver, mən saxlayım. Mənim də övladım olsun. Noolar, hə!..
-Olarmı, qızım elə şey? Sən yazıq nə gündəsən?
-Ver, baba, ver, bağrıma basım. Mən də sinəmdə uşaq qoxusu hiss edim. Noolar!.. Ver!.. Ver!.. O mənim körpəm, balam olsun. Cəmilimə ata desin.
Həyat yalvarırdı. Elə bil havalanırdı. Özündə, sözündə deyildi.
-Allahın bəxşişidi, baba, mənə göndərib. Cəmilimə şad xəbərim bu olacaq. Bax, indilərdə Cəmilim gələcək. Sabah evimizə körpəmizlə gedəcəyik. Yox, yox, evimizə yox. Cəmillə, körpəmlə uzaqlara gedəcəyik. Bakıda iş tapmasa, daş karxanası deyilən yerə gedib, lap orada yaşayarıq.
Qoca söz tapmadı desin. Eləcə pəncərədən uşağı ona uzatdı.
17.03. 2018.
Atakənd, Gözətçi Odası.

AYAZ İMRANOĞLU HƏFTƏSİ

Müəllif: AYAZ İMRANOĞLU

AYAZ İMRANOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hikmət Məlikzadə – Məmməd Araz

Məmməd Araz mənim üçün bu gün də bir fatehdir

(Sadə dildə bir xatirə yazısı)

İnsan Allahın (məğzi mənada) bir surətidir. Allah özünün bir sıra əlamətini insanın görkəmində zahir edib. Sadəcə, insan bu fitrətin fövqünə vara, öz cismində Allahın cizgilərini görə bilmir…

…İlk dəfə Məmməd Arazı yaxından görəndə elə bilmişdim ki, olduğum hücrə hər gün ümidlə əl uzatdığım səmadır, (orada) bir topa buludda şimşək təlatüm edir. Həyəcan məni necə çulğamışdısa nitqim qurumuşdu. Qarşımdakı adamın çöhrəsində çırpınan işıqlı təbəssümləri sezdikcə gözlərim hədəqəsindən çıxmışdı. Nə üçün də belə olmamalı idi; mən illərdir Məmməd Arazın – varlığıma atom bombası kimi təsir edən parlaq (bir) simanın surətini canlı görmək arzusu ilə yaşayan bir kənd uşağı idim, indi onunla qabaq-qənşər durmuşdum… “Azərbaycan təbiəti” jurnalının otaqları bu səhnəyə canlı şahiddir…
Məmməd Araz məni baş redaktoru olduğu jurnala işə götürmüşdü. Hər gün nəşriyyatın ikinci mərtəbəsindən o məsum insanın gəlişini izləyir, yeridikcə çəkdiyi əzabın rənglərini yaddaşıma köçürürdüm. Hər dəfə Məmməd Araz mənə o qədər nəhəng görünürdü ki, ona iyirminci mərtəbədən baxmaq lazım gəlirdi. Redaksiyanın işlərindən qabaq əsas məşğuliyyətim Məmməd dədəni otağına qədər müşayiət etmək, çöhrəsində ləngər vuran sadəliyi, bakirə baxışları sezmək olurdu. O da sanki bunu hiss edir, təbəssümünü artırırdı.
Məmməd Araz işə gəlməyəndə (səmimi deyirəm) narahatlığım artır, özümə yer tapa bilmirdim. Elə sanırdım ki, nəsə itirmişəm. Yazı-pozuya (da) əlim yatmırdı…
Məmməd dədənin son günlər necə sarsıntı keçirdiyinin, yerimək və danışmaq əzabının canlı şahidiyəm. Onun sadəcə, uğultulu və bir az da boğuq səsdən ibarət olan danışığından heç nə başa düşmürdüm. Ancaq özümü elə aparırdım ki, sanki nə dediyini anlamışam.
Bir gün bəlli oldu ki, uşaq və yeniyetmə çağlarımın poeziya fatehi, hazırda isə başımın üstündə bir Günəş kimi çırpınan Məmməd dədə şeirlərim haqda nəsə yazmaq istəyir. Qarşı çıxdım, əziyyət çəkməsinə razı olmadım. Çünki onun qələmi əlinə götürənə qədər necə sarsıntı keçirdiyini görürdüm. O isə israrından dönmədi, “Ədəbiyyat qəzeti”ndə çıxan şeirlərim haqda (dörd günə) bir vərəq yazı yazdı.
Məmməd dədə o yazıda məni şeirimizin pünhan buludu Əli Kərimlə müqayisə edir, bir növ, (məni) ona bənzədirdi…
“Azərbaycan təbiəti” jurnalının redaksiyasında (Məmməd dədəyə görə) Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Hüseyn Abbaszadə, Əlibala Hacızadə, Gülhüseyn Hüseynoğlu, Abbas Abdulla, Afaq Məsud, Əmir Mustafayev, Nazim İbrahimov, Şahmar Əkbərzadə və digərləri ilə tanış oldum, onların məsləhətlərini eşitdim, xeyir-dualarını aldım. Məmməd dədə ona ehtiram göstərmək üçün redaksiyaya gələn görkəmli şəxslərə məni göstərir, təbəssümlə nəsə deyirdi… Onlar da mənə sarı çevrilib: – Şamaxıdandır, Xaqani, Nəsimi xələfidir, inşallah, ondan yaxşı şair çıxacaq, – deyirdilər. Mən də həyəcan boğmuş çöhrəmi onlardan gizlətməyə çalışır, arada Məmməd dədəyə baxırdım…
Beləcə, bir neçə müddət Məmməd Araz şəxsiyyətinin fövqündə ədəbi düşüncəmi, poetik əzmimi (və s.) cilaladım, qələmimin süzgəcindən düşən hər şeirə təkrar-təkrar diqqət etdim.
Bir müddət sonra ölməz şairimiz Bəxtiyar Vahabzadə “Azərbaycan” jurnalı və “Ədəbiyyat qəzeti”ndə dərc olunan şeirlərimi oxuyub mənə dedi: “Məmməd Araz yanılmayıb…”. Onun bu israrda dediyi sözlər qulaqlarımda raket mərmisi kimi uğultu qopartdı…
Məmməd Araz mənim üçün bu gün də bir fatehdir. Onun narahat gözləri, hər gün salamlaşarkən yumşaq bulud sandığım əlləri, işə gələrkən və gedərkən arxası ilə sürüdüyü ayaqları, təbəssüm dolu, lakin o təbəssümün fonunda kədər doğranan çöhrəsi, məsum – bakirə sifəti… indi də gözlərimin içində təlatüm qoparır. Mən onu ilk gün bu görkəmdə gördüm. O, anadan bu tərzdə doğulmamışdı, nizamsız həyat, harın-yaltaq adamlar, haqsızlıq, şəxsi maraqlara daha çox meyl edənlərin saxta təbəssümləri və s. onu bu günə salmışdı. Bütün hallarda Məmməd Araz mənim üçün nəhəng insan idi, onun fiziki zəifliyi ona olan hislərimdə heç bir məna kəsb etmirdi (və etmədi də).
Nə yaxşı ki, uşaq ikən umduğum arzu həyata keçdi – mən Məmməd Arazı yaxından gördüm, ünsiyyət qurdum, hətta onunla bir redaksiyada işlədim…
Əlbəttə, Allah böyükdür!
Və təkrar deyirəm: Məmməd Araz mənim üçün bu gün də bir fatehdir!

Müəllif: Hikmət MƏLİKZADƏ

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏSİNDƏ OVUNAN ADAM

SƏSİNDƏ OVUNAN ADAM

(Asif Baba haqqında)

Soyadını bilmirəm. Heç özündən soruşmamışam da. Adıyla tanımışam ilk dəfə. Elə adıyla da möhürünü vurub dostluğa. Çox sual verməyi sevmir. Elə çox sual almağı da. Bir az sirlidi. Amma səsi özünü ələ verir. Mən də sərrafam bu sarıdan. Söz adamları haqqında yazdığım yazılar da belə doğulub. Təsvirlərim heyrət yaratsa da bu belədi. Bir sözün işığından tutub keçmişəm aydınlığa. Zülmət mənlik deyil.
Bu dəfəsə bir az fərqli alınacaq söhbətim. Bu dəfə səsinin işığında özümü, ruhumu tapdığım bir insan haqda danışmaq keçdi könlümdən. Nədənsə bütün fərqlilər məni tapır deyəsən. Ya özüm fərqli görürəm dünyanı, içindəki insanları. Həmişə işıqlı tərəflərindən baxmaq istəyimdəndi bəlkə insanların iç dünyasına ? Bəlkə də..
Əvvəlcə icazəylə bir şeirimi səsləndirdi, sonra yenə, yenə…Baxıb gördüm ki, şeirlərim dil açıb bu adamın səsində. Nöqtəsinəcən, vergülünəcən, nidasınacan. Bütün hisslərim, duyğularım hopub bu səsə. Düşündüm ki, həddən artıq həssas adamdı bu səsin yiyəsi. Bir işıqlı tərəfini kəşf etdim. Sonra öyrəndim ki, sevdiyi şeirlərə və dəyər verdiyi insanlara Tanrının gözüylə baxır. Təmənnasız və heç nə ummadan. Gözü toxdu dünya malından. Bu da bir işıqlı tərəf dedim. Əməyinə yerində və ürəkdolusu dəyər verməyəndə bir köşədə sakitcə oturar. Bütün həssas adamlar ki, qırılqandı deyə fikirləşdim. Beləcə inana-inana, öyrənə-öyrənə , işığından tuta-tuta daha bir dostu kəşf etmiş oldum özlüyümdə. Asif Babanı.
Bəlkə də çoxlarına tanışdı bu ad. Bəlkə də onu illərlə tanıyıb hiss etməyənlər, duymayanlar var. Bu yazıdan sonra təzədən kəşf olunacaq onlarçun Asif Baba. Bilmirəm. Bəlkə də.
Hər insan özünü qısa müddətdə ələ verməz. Amma tez zamanda öyrəndiyim, iç dünyasına bələd olduğum insanlar da var. Nə yaxşı ki, az da olsa var. Sadə, təvazökar , özündənnarazı, tərifə qaçmayan, ədalətsizliyə və haqsızlığa üsyankar, həmişə sözünə və özünə güvənən Asif Baba da qısa zaman çərçivəsində tanıdığım , doğmalaşdığım və güvəndiyim həmin o azlardandı. Yazıya qısa giriş etdim. Çünki bir başa mətləbə keçmək Asif Babaya haqsızlıq olardı. Onu bir neçə aydı ki, tanıyıram . Amma əgər məni bu yazını yazmağa vadar edirsə, demək onunla uzun bir yol yoldaşı olmuşuq. Bu qısa vaxtda özü də bilmədən , hiss etdirmədən onu müşahidə etmişəm, qıraqdan izləmişəm. Müəyyən qənaətlərə gəlmişəm. Səsləndirdiyi poeziya nümunələrin saf -çürük edə -edə öyrənmişəm ki, ürəyincə olmayan şeirləri özününküləşdirə bilmir. Nəyinsə və kiminsə xatirinə şeir söyləmək onluq deyil. Başa düşmüşəm ki, məqsədsiz dostluğa önəm verir. Məqsədi yalnız insan olmaq və insan qalmaqdı.
Fikirlərinin alt qatında gizlədir demək istədiklərini.Amma səsiylə ələ verir yaşadığı acıları. Həyatın bütün əzablarından keçmişəm deyir səsi. Özü dilinə gətirməsə də. Vaxtı ilə ədəbiyyat və incəsənətdə müəyyən iz buraxmış insanlarla yol yoldaşı olduğunu da, onlarla əməkdaşlıq etdiyini də hamı kimi özünü öyə-öyə dilinə gətirməz. Söz düşəndə danışar. İncəsənətə və sözə vurğundu. Onunçun diplom önəmli deyil. Əsas istedaddı , savaddı.
Bəs dostu necə seçir? İstedadınla şəxsiyyətin birləşəndə olursan Asif Babanın dostu. Həddən artıq üsyankarlığı və hövsələsizliyi olmasa qızıl kimi adamdı. Ən qorxduğu şey dost itirməkdi. Dostu ələkdən keçirənlərdəndi axı.
Torpağa, Vətənə , yurda bağlıdı. Bir də övladlarına. Səsiylə anladar duyğularını. Ürəyindən keçənləri səsindən duyarsan. Sürpriz etməyi sevər. Adamı sevindirməkdən xüsusi zövq alar. Dedim axı məqsədi insanlıqdı. Mükafat gözləməz. Bircə laqeydlik olmasın. Getdisə dönməz. Ona görə də hələ-hələ getməz. Hərdən sonda demək istədiyini əvvəldə , əvvəldə demək istədiyini sonda deyər . Bağışlaya-bağışlaya yadlaşar. Adam sərrafıdı. Bircə adına, səsinə , bir də Tanrısına sığınar. Heç kəsi yarı yolda qoymaz. Yarıyolda qalmağı da sevməz. Poeziya həyatının bir parçasıdı. Əlbəttə əsl poeziyadan gedir söhbət. Payızı şeirlərdən sevər. Qəribə darıxmağı var. Səsindən bilirəm. Bizim şeirlərimizin bir müəllifi də Asif Babadı. Ən az bizim qədər haqqı çatır sözümüzə. Ona görə də sözümü ona sevə -sevə etibar edirəm. Çünki bilirəm ki, onun kitabında əmanətə xəyanət yoxdu. Səsində qəribə yanğı var. Həsrəti, kədəri yaşamasa çatdıra bilməz. Sözü hərf-hərf, cümlə -cümlə səsinə köçürənlərdəndi. Tanrı səsinə bərəkət versin.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİN ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina Rəşid

F Ü Z U L İ

Önünə min sədd çəkildi
Hey tikdilər, hördülər.
Yolunda tələ qurdular
Neçə tədbir gördülər.


Dəmir yumruq sədd tanımaz
Aşdı bəndi, bərəni.
Ordumuz bir selə döndü
Keçdi dağı, dərəni.


Şəhidim, qazim Füzuli,
Daha sil göz yaşını.
Gecəgözlüm, tufan bitdi
Qaldır uca başını.


Sən Füzuli dühasısan,
Qəhrəmanlar oylağı.
Gör sənə necə yaraşır
Azərbaycan bayrağı!

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həqiqət ŞAMİLLİ – Şirin xatirələr – şeirlər

Təsvir elə

Şair,məni vəsf elə,
Vəsf elə sevgi ilə.
Vəsf elə rəssam çəksin,
Özümə də göstərsin.

Rəssam,elə çək ki,sən,
Görsünlər ki,sevirəm.
Görsünlər ki,xoşbəxtəm,
Göstər ki,sevincliyəm.

Rəssam,çək sevincimi,
Boynumdakı incini.
Çəkmə gözdə kədəri ,
Sil qayğılı izləri.

Gözümü fərəhli çək,
Rəssam,sən ürəkli çək.
Tablo fərəhlə dolsun,
Orda kədər yox olsun.

Sevinci aşıb-daşdır,
Bizləri qoşalaşdır.
Biz qol-qola dayanaq,
Çiyin-çiyinə olaq.

Çək üzümə təbəssüm,
Gözdən sevinc tökülsün.
Dodağa gülüş qondur,
Tablodakılar gülsün.

Fırçandan sevgi axsın,
Çək ki,sevgi çoxalsın.
Üzdəki təbəssümlə,
Tablodan cütlük baxsın.

Yarat bizi,vəsf ilə,
Yarat bizi sevgiylə.
Yarat birlikdə olaq,
Rəsmdə daim qalaq.

Günahımı bilmədim

Kipriyinlə oxlanıb,
Baxışına bənd oldum.
Əzabınla yoğrulub,
Gözlərində qovruldum.

Səadəti düşünüb,
Vüsalına tələsdim.
Həsrət məni ləngitdi,
Hicranına rast gəldim.

Nə etsəm də olmadı,
Yenə həsrət yaşadıq.
Yollarımız ayrıldı,
Qəm və kədər daşıdıq.

Cəlladım susqun oldu,
Günahımı demədi.
Sakitliyi pozmadı,
Bir kəlmə də dinmədi.

Demədi ki,sevirəm,
Danışmadı sevgidən.
Bu qəlbimi ömürlük,
Alıb götürdü məndən.

Qəlbim üçün susuram,
Ona heç acımıram.
Bilirəm qoruyacaq,
Odur səssiz qalıram.

Darıxıram

Darıxıram sakitcə,
Darıxıram mən səssiz.
Darıxıram eləcə,
Darıxıram səbəbsiz.

Səsini eşitməkçün,
Gülüşünü görməkçün,
Hər gün səni anıram,
Səninçün darıxıram.

Darıxıram payızda,
Yarpaqlar töküləndə.
Buludlar toplaşanda,
Göydən leysan tökəndə.

Darıxıram qışda da,
İsti soba yanında.
Bala pişik ana üçün,
Mənimtək darıxanda.

Darıxıram yaz vaxtı,
Tumurcuq açılanda.
Sənin ətrini verən,
Çiçəyi qoxlayanda.

Səninçün darıxıram,
Hər məclis toplaşanda.
Qonaqlar əylənirlər,
Mən qalıram bir yanda.

Darıxıram şər vaxtı,
Gün batdığı zamanlar.
Yenə qarşılaşmağım,
Bəlkə möcüzə olar.

Səhərlər darıxıram,
Gözünü görmək üçün.
Ayılanda mən kaş ki,
O gözləri görəydim.

Darıxıram gecələr,
Gecələr uzun olur.
Sənsiz olan gecələr,
Ömrümə şeir yazır.

Şeirdə darıxıram ,
Gözümdən yaş süzülür.
Misraya sözlər deyil,
Göz yaşlarım düzülür.

Darıxıram sədasız,
Mən sözsüz darıxıram.
Kəlmə belə demədən,
Yollarına baxıram.

Həsrətlə gözlədiyim,
Qəlbdə əzizlədiyim,
Yollarına baxıram,
Səninçün darıxıram.

Baxışdan anlayardın

Sevgi paltar deyil ki,
Çıxarasan əynindən.
Təzəsini alasan,
Yenisini geyəsən.

Sevgi çıxmaz yadından,
Unudulmaz olanlar.
Yaşanan xatirələr,
Yaddaşa toplanarlar.

İstərəm xoş gülüşlə,
Mən səni xatırlayım.
Bir dəfə çevrilib bax,
Minnətdarlıq yaşayım.

Çevrilib üzümü gör,
Bax gözümə,salam et.
Bir anlıq gülümsəyib,
Sonra öz yolunla get.

Baxım ardınca sənin,
Ürəkdə tir-tir əsim.
Yenidən görmək üçün,
Yollarına tələsim.

Hər dəfə rastlaşanda,
Qəlb atışım çoxalsın.
Az qala çırpınaraq,
Boğazımdan o çıxsın.

Səni bir daha görmək,
Yenə sevmək istərəm.
Gəlişini gözləyib,
Yoluna dikilərəm.

Yenə gənclikdəki tək,
Susaraq danışmaram.
Məni gözümdən anla,
Sənə qurban olaram.

Anladığın günlərçün,
Alışaraq yanaram.
O günlərdə min kərə,
Yenə qurban olaram.

Xatırlayıram indi,
Yolunu gözləyərdim.
Sən dərsdən qayıdanda,
Mən qarşına gələrdim.

Heç nə olmamış kimi,
Yanından mən keçərdim.
Dilim o vaxt tutular,
Gözlə salam verərdim.

Demədiyim sözləri,
Baxışlarım deyərdi.
Səni sözsüz sevərdim,
Lal qəlbim titrəyərdi.

Susardım,danışmazdım,
Sözə gərək qalmazdı.
Anlayardın baxışdan,
Dilə gərək olmazdı.

Qəlbimi dinlə

Sən mənim baharım,
Sən mənim qışım.
Sən mənim ömrümə,
Yağan yağışım.

Narın,səssiz yağışlar,
Nur çiləyib sevgimizə.
Susub o lal baxışla,
Qəlbimi bir az dinlə.

Gör nədən söhbət açır,
Sənə nəyi söyləyir.
Bəlkə ilk vurğunluğu,
Bəlkə dərdini deyir?

Dinlə,gör xatirində,
Qalıbmı olub-bitən.
Ya hər şeyi unudub,
Əl çəkmisən sevgidən?

Sən nəyi xatırladın,
Nələr gözdə canlandı?
Yoxsa sevincin itdi,
Kədər gözdə canlandı?

Yadındamı o yolda,
Məni qarşılamağın?
Mən yanından ötəndə,
Mənə gizlin baxmağın?

Bəlkə unutmusan sən,
Silinib xatirələr.
Dinlə hər şeyi deyim,
Yada düşsün ötənlər.

Dinlə qəlbim danışsın,
Söz açsın xatirələr.
Bu işıqlı dünyaya,
Göz açsın xatirələr.

Vüsal bizə sarılsın,
Səadət də doğulsun.
Bizi birlikdə görən,
Kədər qəmə boğulsun.

Xatirələr

Yenə yadıma düşdün,
Xatirələr oyandı.
Elə bil oda düşdüm,
Keçmşə yol uzandı.

O yollarda sən vardın,
Yolda sevgi axtardım.
O yollarda gizlicə,
Mən də sənə baxırdım.

Xatırladım gözünü,
Gözündə atəş gördüm.
Xatırladım üzünü,
Üzündə təlaş gördüm.

Xatirəmdə necəydin,
Eləcə də görürdüm.
Hələ də sən gənc idin,
Bil ki,qəlbdən sevirdim.

Film tək gözlərimdə,
Canlanır keçmiş günlər.
Hələ gizli baxışlar,
Etirafsız sevgilər.

Gördüm gizli baxışı,
Hərarətli gözləri.
Gördüm o baxışlarda,
Demədiyin sözləri.

Mənə söz söyləməzdin,
Dinməz və susqun idin.
Demədiyin kəlməni,
Gözlərinlə deyirdin.

Oxuyurdum gözlərdən,
Qəlbindən keçənləri.
İstəyirəm o günlər,
Yenə dönsünlər geri.

Yenə mənə sevgini,
Susqun,kəlməsiz anlat,
Ürəyindən keçəni,
Susub gözünlə yaşat.

Bircə dəfə görsəydim,
Gözlərinə baxardım.
Sevib sevmədiyini,
O gözlərdən anlardım.

Anlardım nə deyirsən.
Bir dəfə rastlaşsaydıq,
Baxışından bilərdim,
Varmıdır hələ sevgin.

Suallarım bitərdi,
Bircə dəfə görsəydim.
Mən çox xoşbəxt olardım,
Sevgini bildirsəydin.

O gözlərdən baxışlar,
Gözümə dikilərdi.
Mənim də gözlərimdə,
O an sevgi dinərdi.

Yaxşı ki,susub durdun,
Yaxşı ki,dillənmədin.
Bəlkə də dillənsəydin,
İndi çox peşman idin.

Bilmirəm qəlbindəki,
O gizli söhbətləri.
Görsəm sözsüz anlaram,
Gözündəki kədəri.

Bilərdim nə deyirsən,
Bu gün nə söyləyirsən.
Dəyişmisən sevgini,
Yoxsa dəyişməmisən?

Məni yaddan çıxarıb,
Bəlkə unutmusan sən .
Bəlkə də bu sevgiyə,
Çoxdan vida etmisın.


Səni sevdim

Deyirlər hər nağıl,
Belə başlayır.
Birisi var idi,
Biri yox idi.

Bizim də nağlımız,
Belə başladı.
O gözdən qəlblərə,
Dinməz yol aldı.

Sevgi qəfil gəlib,
Gözdə başlarmış.
Qığılcım alarsa,
Qəlbdə yaşarmış.

Sevənlər ayrılsa,
Üzlər gülməzdi,
O sevgi ömürlük,
Bitmək bilməzdi.

Bir oğlan bir qıza,
Aşiq olmuşdu.
Qız da özlüyündə,
Çox vurulmuşdu.

Onlar bir-birini,
Dinməz sevərdi.
Qız bədirlənmiş ,
Aya bənzərdi.

Boy-buxunlu oğlan,
Onu sevirdi.
Beləcə gün keçib,
Ay ötüşürdü.

Gənclər danışmazdı,
Gözlər dinərdi.
Onlar görüşməzdi,
Dilsiz sevərdi.

Gözlər danışanda,
Söz söyləyərdi,
Kipriklər dillənib,
Hər şey deyərdi.

Arzular dünyaca,
Onlar sonsuzdu.
Xəyal hüdudsuzdu,
Birlik imkansızdı.

Beləcə gün keçdi,
Aylar dolandı.
Qız xəbər tutdu ki,,
Vüsal yalandı.

Anladı o gün qız,
Olub-bitəni.
Bildi dinləyəcək,
Oğul ailəni.

Beləcə ayrıldı,
Yollar o andan.
Amma qız qopmadı,
Öz xəyalından.

İllər ötdü-keçdi,
Aylar dolandı.
Qız qəlbində hər an,
Sevgini andı.

Ürəkdən dua edib,
Arzu söylədi.
Amna hər zaman da,
Yolun gözlədi.

İndi artıq onlar,
Çox dəyişiblər.
İllər ötüb-keçib,
Ayrı düşüblər.

Keçmiş sevgiləri,
Yenə qəlbdədi.
Bəlkə də rastlaşsa,
Gözlər dinərdi.

Gözlər danışsaydı,
Onlar deyərdi.
Deyərdi ki,səni,
Heç unutmadım.

Sənə hər zaman,
Bil ki,inandım.
Bircə an olsa da,
Qəlbdən çıxmadın.

Yaddaşımda mənlə,
Birgə yaşadın.
Mənimlə uyudun,
Mənlə oyandın.

Tək səni sevmişəm,
Dedim biləsən.
Özgə birisini,
Heç sevməmişəm.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru