Sehrli kitab Fevral ayının ortaları idi. Bir gün əvvəl dayanmadan yağan qar hər tərəfi ağ örpəyə bürümüşdü. Uşaqlar necə sevinirdilər… Yolların buz bağlamasını bəhanə kimi istifadə edən uşaqlar məktəbə getməmiş ,dostları, bacı-qardaşları, ailələri ilə parklara, həyətlərə axışmışdılar. Kimisi qardan adam düzəldir ,kimisi əlində düzəltdiyi yumru qar topasını yanındakının üzərinə atır, onunla şirin savaşa girir, kimisi də qara, onunla oynayanlara tamaşa edirdi. Dünənin əksinə olaraq bu gün günəş şüaları ətrafı isidir, yerdəki qarları əridirdi. Elnur balkondan dünən düzəltdiyi qar adamına baxırdı. O ,yavaş -yavaş əriyirdi. Birdən evdən nənəsinin səsini eşitdi: -Nənən qurban sənə ,Elnur, gəl, keç içəri. Hava soyuqdur ,xəstələnərsən. -Yaxşı, nənə ,gəldim. -Nənə sənə qurban ,acmamısan ki? -Yox ,nənə. Mən gedim babanın yanına. Sonra da dərslərimi edəcəm. Sabah məktəbə gedəcəyik. Nənə Elnurun üzündən öpəndən sonra ona sevdiyi ağ kişmişdən verdi. Elnur qonaq otağından çıxıb babasının yanına gedəndə onun kitab oxuduğunu gördü. O,kitab oxuyanda çox fərqli görünürdü. Sanki həmişə Elnuru, həyat yoldaşını zarafatları ilə güldürən , nəvəsi ilə uşaq kimi oynayan Kərim babanın yerinə ciddi,başqa xasiyyətli adam gəlirdi. Kitab oxuyanda kimsə onu narahat etsə, evdə səs salsa , Kərim baba əsəbləşərdi. Gülçöhrə nənə onun bu xasiyyətini heç xoşlamırdı. Kərim baba kitab oxuyan kimi Gülçöhrə nənə həmişə belə deyir: -Yenə aldı o kitabı əlinə. İndi gəl gözlə heykəl kimi . Görək Kərim kişi nə vaxt oxuyub bitirəcək kitabını . Elnur da qıraqdan baxıb baş verənlərə gizlicə gülürdü. Babasını narahat etməməkdən ötrü birbaşa otağına getdi. Şkafdan kitablarını götürüb dərsləri ilə məşğul olmağa başladı. Sevdiyi ağ kişmişdən yeyə-yeyə Azərbaycan dilindən başqa bütün dərslərini bitirdi. Bir tapşırığı qalmışdı, esse yazmalı idi,ancaq necə başlayacağını, nə yazacağını bilmirdi. Mövzunun adı belə idi: “Sehrli dəyənəyiniz olsaydı, hansı möcüzənin baş verməsini istərdiniz?” Elnur dəftəri bağlayıb çarpayısına tərəf getdi. Balaca rəfin üstündən çərçivəyə salınmış şəkli götürüb yatağında oturdu. Sakitcə şəklə baxmağa başladı. Gözündən bir-iki damla yaş süzüldü. Sonra nənəsinin dediyi sözləri ağlına gətirib gözyaşlarını sildi.Şəkli çərçivəsindən çıxardı və yenidən diqqətlə ona baxmağa başladı. Bu şəkil çəkiləndə Elnurun bir yaşı var imiş. Nənəsi deyir ki, o vaxt belə sakit uşaq deyilmiş. Anasından başqa heç kimin yanında qalmırmış . Kim onu qucağına götürüb əzizləmək istəsə, ağlamağa başlayırmış. Ağlayanda da onu sakitləşdirməyin yeganə yolu anasının qucağına getməyi olurmuş. Elə şəkildə də atasının qucağında olmasına baxmayaraq bir əli ilə anasının donunun ətəyindən tutub. Elnur şəkildəki özünə baxıb gülümsədi. Sonra ciddi görkəm alaraq nəzərlərini anasına yönəltdi. Qıraqdan ona baxan olsaydı, onun bu halını Kərim kişinin kitab oxuyarkən aldığı vəziyyətə oxşadardı. Anası şəkildə necə gözəl görünürdü. Gülən zaman yanağında əmələ gələn qəmzəsi, çiyinlərinə tökülən qara saçları ,əyninə geyindiyi sarı rəngli don ona çox yaraşırdı. Nənəsi Elnura həmişə deyərdi ki, yanağındakı qəmzəsi ,qara gözləri, yumru çənəsi ilə anasına daha çox oxşayır. Elnur üzü təmiz qırxılmış, gur saçlı ,enli kürəkli atasına baxanda onu qucağında saxladığını aydın görürdü. O ,bir əli ilə Elnuru, digəri ilə həyat yoldaşı Nuranənin əlini tutmuşdu. Bu şəklin çəkildiyi zamandan səkkiz il ötür. Şəkildəki Elnur indi böyüyüb məktəbə gedir, tərbiyəli, ağıllı, nümunəvi bir oğlan olub. Amma anası və atası indi onun yanında deyil. Hər ikisi yeddi il əvvəl avtomobil qəzasında dünyalarını dəyişmişdilər. Xoşbəxtlikdən, Elnur o gün nənə və babasının yanında idi. Yoxsa, o da indi bu dünyada yox idi. Elnur anası Nuranənin, atası Elşadın üzünü xatırlaya bilmirdi. Axı hadisə baş verəndə o,çox balaca idi. Ona görə də hər gün bu şəklə bir dəfə də olsa , baxırdı. Onları bircə dəfə görmək üçün nə desələr edərdi. Amma ,heyif ki, bu mümkün deyildi Onların yoxluğunu bu şəkil vasitəsilə hiss etməməyə çalışırdı,əlbəttə , nənə və babasının da bu işdə rolları böyük idi. Nə yaxşı ki onlar vardı. Onlar olmadan həyatını, gələcəyini təsəvvür belə etmək istəmirdi. Kaş anası ,atası da yanında olaydı. Kaş o qəza baş verməyəydi. Kaş şəkildəki o günə qayıdardı… Şəklə bir dəfə də diqqətlə baxdı, sonra çevirdi. Arxasındakı sözləri oxuyub gözlərini yumdu. “Nuranə, Elnur, Elşad . 17.05.2015” Zəngin səsi Elnuru yuxusundan oyatdı. Saat 07:00 idi . Böyük ehtimalla yuxuya gedəndən sonra nənəsi saatı qurmuş, otağı səliqəyə salmış və ən əsası şəkli çərçivəyə salıb yerinə qoymuşdu. Elnur yerindən durdu, əl-üzünü yudu, əynini geyinib yerini səliqəyə saldı, çantasını hazırlayandan sonra yemək üçün qonaq otağına getdi. Həmişəki kimi nənəsi süfrəni elə hazırlamışdı ki, iştahası olmayan insan belə özünü bu təamları dadmaqdan saxlaya bilmirdi. Babası isə televizorda səhər xəbərlərinə baxırdı. Elnur hər ikisinin üzündən öpüb yemək süfrəsinin arxasına keçdi. Təxminən on dəqiqədən sonra sağollaşaraq evdən çıxıb məktəbə yollandı . Məktəbdə zəng vuruldu. Sinif otaqlarının qapıları açıldı və uşaqlar evə getmək üçün məktəbin həyətinə qaçmağa başladılar. Elnur da çantasını çiyninə taxıb Malik ilə evə yollandı. Elnur çox bikef görünürdü. Malik: -Elnur ,niyə qanını qaraldırsan? Sevinc müəllim səni bir dəfə danladı deyə pis şagird olmursan ki. Bizi hər gün danlayır ,heç biz sənin kimi bikef olmuruq. Hələ nə qədər esse yazacağıq, onda hamısını yazarsan. Birini yazmayanda heç nə olmur. Tez elə, gül, qoy o qəmzələrini görüm. Yoxsa sənlə danışmıram ha! Malik dediklərindən sonra gülməyə başladı. Elnur da ona qoşuldu: -Yaxşı, sənin sözünü yerə salmayacam ki. Sabah gözləyərsən məktəbə bir yerdə gedərik. -Baş üstə. Bir az gedəndən sonra söhbətlərini bitirdilər. Evlərinə gedən yol burada ayrıldığı üçün sağollaşıb öz yolları ilə getdilər. Bir xeyli yol qət etmişdi ki, yolda parıldayan əşya Elnurun diqqətini cəlb etdi. Addımlarını tezləşdirərək həmin əşyaya çatmağa tələsdi. Ona baxanda təəccübləndi. Birinci dəfə idi ki belə kitab görürdü. O, qəhvəyi-qırmızı rəngli idi. Üzərində ağac şəkli vardı. Ağacın altında isə bir neçə işarə var idi, yəqin ki , ora nə isə yazılmışdı. Ən qəribəsi o idi ki ,kitabın kənarlarına güzgü parçaları yapışdırılmışdı. Kitabın alt və üst cildləri qara lent vasitəsilə bağlanmışdı. Elnur kitabı çantasına qoyub yoluna davam etdi. Evə çatanda qapını döydü. Qapını Kərim kişi açdı. Elnuru görən kimi dedi: -Nənəsi ,evimizin yaraşığı məktəbdən gəldi. Sən yeməyi hazırla, biz də o vaxta kimi söhbət edək. Görək bu gün ağıllı balamız məktəbdə yeni nə öyrənib, günü necə keçib. Elnur babasının üzündən öpüb dedi: -Baba, yeməyimi yeyim ,dərslərini hazırlayım, sonra gəlim sənlə söhbət edək. Olar? Bu gün çox dərsim var. -Hə , niyə olmur ki. Mən sənlə nə vaxt istəsən , söhbət etməyə hazıram. Əsas dərslərindir. Yeməkdən sonra Elnur tez otağa keçib çantasından kitabı çıxardı. Bir xeyli kitaba baxandan sonra gedib qapını bağladı. Qara lenti dartıb kitabı açdı. Kitab işıldamağa başladı. Elnur qorxusundan iki-üç addım geri çəkildi. Bir -iki dəqiqədən sonra yenidən Kitaba yaxınlaşdı. Açılmış ilk səhifədə onu tapan şəxsin kitabı əlinə götürməli olduğu yazılmışdı. Elnur dərindən nəfəs alaraq kitabı ehtiyatla əlinə götürdü. Bu vaxt kitabın səhifələri yenidən tərpənməyə başladı. Səhifədə yenidən yazılar göründü. Amma bu dəfə kitabdan səs də çıxdı. Hə,o, danışırdı. Yazdıqlarını səsli şəkildə söyləyirdi: -Mənim məni tapan şəxsin bir arzusunu gerçəkləşdirmə bacarığım var. Həmin şəxsin məndən istifadə etməsi üçün yalnız və yalnız bir haqqı var. O mən barədə heç kimə bir söz deməməlidir. Əks halda arzusu yerinə yetməyəcək. Mənə sahib olan şəxsin məndən sual soruşmaq üçün bir haqqı var. Sualı soruşmaq üçün kitabın kənarında olan üçüncü güzgüyə gözübağlı toxunub sualı səsləndirmək lazımdır. Arzunu gerçəkləşdirmək üçün ağacın üstündə ardıcıl düzülmüş ədədlərin sirrini açıb cavabı yüksək səslə üç dəfə təkrarlamaq lazımdır. Bunu etməzdən əvvəl arzunu bütün qəlbinlə ürəyindən keçirmək mütləqdir. Elnur mat-məəttəl kitaba qulaq asırdı. Nə etsin bilmirdi. Gedib nənə-babasına bu barədə məlumat vermək istədi. Ancaq kitabın dediklərini xatırlayıb fikrindən daşındı. Kitaba sual vermək barəsində tərəddüd edirdi. Necə gülünc vəziyyətə düşmüşdü. Nəyə inanmalı olduğunu bilmirdi. Yaşadıqları elə bil yuxu idi. Dərindən nəfəs aldı ağacın üzərindəki ədədlərə nəzər yetirdi. Ardıcıllıq belə idi: 6;18;20;28;24. Riyazi cəhətdən düşünməyə başladı. Bütün ədədlər cüt idi, ikiyə bölünürdü. Amma müəyyən qanunauyğunluqla düzülməmişdilər. Bəs bu ədədlərin sirri nədir? Nəyə görə bu sıra? Nə üçün bu ədədlər? Bunun nə mənası vardı axı? On dəqiqə olardı ki, bir nəticəyə gəlməmişdi. İşi tezləşdirmək lazım idi. Yoxsa evdəkilərin xəbəri ola bilərdi. Birdən ağlına əlifbanı təzə əzbərləyəndə müəlliminin onlarla oynadığı oyun yadına düşdü. Müəllim xanlar ədədlər yazırdı,uşaqlar da həmin ədədləri əlifbadakı hərflərlə əvəzləyəcək gizli sözü tapırdılar. Yəni ədədlər hərflərin əlifbadakı sıra nömrəsini göstərirdi. Tez ədədlərə bir də baxdı: 6;18;20;28;24. Ədədləri hərflərlə əvəz edib vərəqə yazdı. Yaranan söz “Elnur” idi. İndi qalırdı əsas məsələ: cavabın doğruluğunu yoxlamaq. Özünü ələ aldı, həyəcanını boğdu,arzusunu ürəyindən keçirdi və üç dəfə yüksək səslə cavabı təkrar etdi:Elnur,Elnur,Elnur. Kitab iki dəfə açılıb bağlandı. Elnur qorxudan gözlərini yumdu. Özündən asılı olmadan gözlərini açanda qarşısında gördüyü mənzərədən əvvəl qorxdu. Gözlərini ovuşdurub yenidən açdı . Yenə eyni mənzərə gözləri qarşısında idi. Qabağında iki şəxs dayanmışdı. Onlar Elnura həm çox yaxın ,həm də çox uzaq olan insanlar idi- Elnurun anası Nuranə, atası Elşad . Hər ikisi eynən şəkildəki kimi geyinmişdi. Üzlərindəki təbəssüm belə eyni qalmışdı. Tək fərq Elnurun böyüməsi idi . Ata və anası yaxına gəlib Elnuru qucaqladılar, öpdülər, saçını oxşadırlar. Heç biri danışmırdı. Amma qəlbləri bir-birilərinə elə sıx bağlı idi ki, danışmasalar belə, ürəklərindən keçənləri başa düşə bilirdilər. Nuranə Elnurun gözündən süzülüb axan yaşları gördükdə dayana bilmədi, səssizliyi pozub danışmağa başladı: -Elnur,canım , sil gözünün yaşını. Yoxsa nənənin dediyini yaddan çıxarmısan? Biz sənin ağlamağını, gülməyini, çətinliyini, uğurunu sənin yanında olmasaq belə görürük. Fiziki cəhətdən yanında deyilik ,bilirəm ,bu sənə çox əzab verir, amma mənən hər saat, hər dəqiqə ,hər saniyə biz səninləyik. Güclü ol. Hərəkətlərinlə nümunəvi insana çevril. Nənənin ,babanın ,bizim fəxrimiz ol. Səs Elnura o qədər doğma gəlirdi ki. Bütün ömrü boyu bir söz söyləmədən bu səsi bezmədən dinləyə bilərdi. Tez gözünün yaşlarını sildi. Danışmaq istəyirdi, amma bacarmırdı. Sanki nitqi tutulmuşdu. Anasını bərk-bərk qucaqladı. Sonra atasının dizləri üstə oturdu. Elşad onu öpüb bağrına basdı. Nuranə də onların yanına gəldi. Şəkildə olduğu kimi stullarda oturdular. Elşad Elnuru bir əli ilə qucaqladı. Bir əliylə isə Nuranənin əlindən tutdu. Elnur da tez anasının donundan yapışdı. Sonra “Sizi sevirəm, özü də lap çox sevirəm!” -dedi. Elə bu vaxt yağış yağmağa başladı. Elnur üzünü göyə tutanda iki damla yağış gözünün üstünə düşdü. Qan-tər içində yuxudan oyanan Elnur çarpayısında donub qalmışdı. Yaşadıqlarını anlamağa çalışdı. Yataqdan qalxdı, ətrafına göz gəzdirdi, lakin sehrli kitabı tapa bilmədi. Heç çantası da yığılmamışdı. Azərbaycan dili dəftərini açdı. Ev tapşırığını- esseni yazmamışdı. Yatmazdan əvvəl nə etdiyini yada salmağa çalışdı. Axırıncı dəfə ailəsinin şəklinə baxırdı. Çarpayısına yaxınlaşıb şəkli axtardı. Şəkil yastığının yanında idi. Hər şeyi indi başa düşdü. Şəklə baxarkən yuxuya gedibmiş. Həqiqət zənn etdiyi hadisələr,sən demə, yuxu imiş. Gülümsədi. Yuxu olsa belə,anasını, atasını görə bilmişdi. Onlarla danışmışdı da. Bir neçə dəqiqəlik də olsa, onları yanında hiss etmiş, nəfəslərini duymuş, səslərini eşitmişdi. Nəyə desən dəyərdi bu. Yazı masasına keçdi. Yuxusunu aldığı üçün özünü yorğun hiss etmirdi. Həm də artıq tapşırığını necə yazacağını bilirdi. İşinə yenicə başlamışdı ki, nənəsinin səsini eşitdi: -Gözümün işığı, Nənən sənə qurban,gəl, yemək hazırdır. Elnur dəftəri bağladı. Əllərini yuyub masaya getməyə tələsdi. Çünki ətrafa yayılan qoxudan anladı ki, bu gün axşam yeməyinə onun sevdiyi yarpaq dolması var. Müəllif: Salahlı Aytac Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbəsi
Mənim ata yurdum Həkəri ilə Araz çaylarının qovuşağında yerləşirdi. Bir sürü dəvə belini xatırladan donqar təpələrin ikisini əhatə edirdi kəndimiz. Kənardan baxanda elə zənn edirdin ki, o dəvə təpələr Həkəri, Araz sularından içmək üçün ağızlarını çaylara uzadırlar. Təşnə ürəkləri soyusun deyə. Çaylarla dəvə təpələr arasındasa yaşıllıq zolağı uzanırdı. Gündoğandan- İran ərazisindən silsilə dağlar, günbatandan Zəngəzur dağı, arxasın isə Diri dağları üzük kimi qoruyurdular. Keşikçi dağlar düşmən çəpəri idi. Bir gün Zəngəzur dağı tərəfindən kəndimizə qara bulud topaları gəlməyə başladı. Gəlirdi ki… Onda şəhid atamın qəbri hələ soyumamışdı. Şəhid atamın qəbrinin torpağı hələ soyumamış elimizdən-obamızdan didərgin güşdük, köçkünə çevrildik. Bir ailədə üç nəfər qalmışdıq. Anam, bacım və mən Müharibə bölgəsi olduğumuzdan, günlərlə məktəbimizdə dərslər keçirilmirdi. Səhər yeməyini yeyib qoyun quzularımı qabağıma qatıb otarmağa aparmışdım. Müharibənin gətirdiyi ağrı-acılar kəndimizdə qoyun nobatının da ləğvinə səbəb olmuşdu. Axı, neçə illərdi ki, uşaqdan böyüyə kimi hamı müharibə ab-havası ilə yaşayırdı. Gicitkan dərəsinin yamaclarında qoyun-quzularım iştahla otlayırdılar. Müharibə bu dilsiz-ağızsız heyvanların vecinə deyildi. Valeh olmuşdum onların otlamağına. Elə iştahla gül-çiçəkli otları yeyirdilər ki, adam az qalırdı özü də yesin bu otlardan. Nə gizlədim, mən də arada südlü yemlik, südlü qanqal tapıb yağlı kabab kimi dişimə çəkirdim. Nənəm həmişə deyərdi ki, bala, bu yerlərin otu, gülü, çiçəyi min bir dərdin dərmanıdır. Quzularımın şıltaq hərəkətlərinə məftun olmuşdum. Onların hər bir hərəkəti məndə maraq doğururdu. Qəribəsi o idi ki, bir anlıq analarını itirəndə, gözlərindən yayınanda elə yazıq-yazıq mələyirdilər ki, adam az qalırdı ki, qarşılarında diz çöküb, boyunlarını qucaqlayıb ağlasın. Elə o andaca anaları da başlarını qaldırıb cavab verər, quzular hoppanıb atıla düşə-düşə yanlarına qaçar, yelinli döşlərindən əmdikcə əmərdilər. Kəpir daşının üstündə oturub özümlə götürdüyüm “Kədər də nəşə varmış” kitabını acıgözlüklə oxumağa başladım. Başım kitabdakı maraqlı, məzmunlu şeirlərə elə qarışmışdı ki, başımı qaldırıb gördüm ki, gün günortanı keçib. Qoyun-quzularım da Gicitkan dərəsinin yamaclarını adlayıb Dəvə surçaq təpəsinin döşlərinə yayılılıb. Çomağımı götürüb kitabımı da qoltuğuma vurub, qoyun-quzunun arxasınca getməyə başlamışdım ki, kənd tərəfdən gələn qarmaqarışıq səslərə diksinən kimi oldum. Zəndlə kəndimizə tərəf boylandım ki, bəlkə bir şey görə bildim və çox təəssüf ki, heç nə görə bilmədim. Adamların hay-küyü, itlərin hürüşməsi, traktor-maşın səsləri bir –birinə qarışmışdı.Tez-tələsik qoyun-quzunu bir yerə toplayıb qabağıma qatıb kəndimizə tərəf üz tutdum. Sən demə, eşitdiklərim mən fikirləşdiyimdən də dəhşətli səslər imiş. Belə ki, kəndimiz də içində olmaqla böyük bir ərazimiz mühasirəyə düşüb. Adamlar təşviş içindəydilər. Anam əllərini dizlərinə, baş-gözünə döyə-döyə ağlayırdı. Bacım da ətəyindən tutub ona qısılmışdı. Xəbər yayılmışdı ki, ermənilər dərələrdə qoyun-quzu otaranları da girov götürüblər. Gümanların içərisində mən də varmışam.
Nə olub, ana,-deyəndə çevrilib məni görən anam diksinən kimi oldu. Sanki gözlərinə inanmırdı. Yaxına gəlib boynumu qucaqlayıb, üz-gözümdən öpdü: -Dilim-ağzım qurusun, deyirdilər bəs sən də…Allaha şükür, qaqaş. Anam da, bacım da, rəhmətlik atam da məni öz adımla yox,”qaqaş” deyib çağırırdılar -Can, bala, deyirlər ermənilər Quş qayasındadır.Tankla, topla, böyük bir qoşunla gəlirlər. Bizim əsgərlər də döyüşə-döyüşə Araz qırağına çəkiliblər. Hətta ermənilərin atdığı mərmilərdən bir neçəsi də İran ərazisinə düşüb. Bütün kənd Şamlığa qaçır ki, bəlkə Arazdan o taya addayıb canlarını bu gavırların əllərindən qurtara bildilər. Şamlıq bizim ölkə ilə İran arasında olan neytral zonadır. Son illər tikanlı məftilləri sökülüb, sərhəd dirəkləri ləfv olunmuşdu. Hətta sərhədçilərimiz belə keşik çəkmirdi. O tayda bir –iki İran sərbazı dayanırdı. -Səbirli ol, anacan, biz də gedərik,-deyərək bacıma baxıb anama toxtaqlıq verdim, bədənimi isə qorxu lərzəyə salmışdı. -Qaqaş, bəs bunlar, qoyun-quzular? Xəmir yoğurmuşam, kündələmişəm, sacım qızıb… Hüseyinxanlılar məhəlləsində baş verən fəryad səsləri anamın demək istədiklərini ağzında qoydu. Şaxsay-vaxsay səsləri aləmi başına götürdü. Zülfüqarı ağlayırdılar. Demək, bir döyüşçü də şəhid oldu. Meyidini döyüşçü dostları gətirmişdilər. Çünki əsgər paltarında tanımadığımız Zülfüqargilin həyəti adamlarla dolu idi. Hər birinin də çiynində silah,sinələrində patrondaşları asılmışdı. Ana-bacısı saçlarını yolur, üzlərini cırıb al qana boyayırdılar. Bir neçə kişi isə Zülfüqargilin həyətində bel, düsərlə, linglə yer qazırdılar. Çox keçmədi ki, həyətdəki tut ağacının dibində Zülfüqarı dəfn elədilər. Şələsini-boğçasını götürən kənd yolu ilə, baxça-bağ arasıyla Şamlığa qaçırdı. Kəndimizin “Xırman” deyilən yerində isə həmişə bütün hadisələrə seyrçi yanaşan dil pəhləvanları yenə də üyüdüb tökür, asıb-kəsirdilər. Uzun illər atəş səslərinə öyrəncəli olduğumuzdan top, tank,zenit,qrad atəş səslərini bir-birindən ayırmaqda kəndçilərimiz “mütəxəsis” olmuşdular. Anamın kürəyimə şəllədiyi yüklə biz də Şamlığa yollandıq. Tez-tez geri çevrilib evimizə baxırdım. Gözlərim evimizdə qalmışdı. Atamın hər gün ruhu dolaşan evimizdə. Bir də ki, mənim sevimli Bozdarım zəncirdə zingildəyə-zingildəyə qalmışdı. Onun arxamızca yazıqcasına baxışı içimi didib-parçalayırdı. Geri dönüb Bozdarı zəncirdən açdım. Yazıq it quyruğunu bulaya-bulaya ayaqlarımı yalayır, üstümə hoppanır, üzünü üz-gözümə sürtürdü. O da bizə qoşuldu. Dərd yeyin gəlmişdi. Gecəni Şamlıqda diri gözlü açdıq. Səhər açılar-açılmaz Güney Azərbaycanlı soydaşlarımız bizə kömək etmək üçün Arazı adlayıb Şamlığa gəldilər. Özləri ilə gətirdikləri patava ilə əvvəlcə arvad-uşağı yığıb uzun kəndirlərlə çəkə-çəkə o taya adlatdılar. Patava qurumuş camış dərisindən hazırlanmış qayığa oxşayırdı. O tayda islanmış paltarlarımızı dəyişib, yenisi ilə əvəz etdilər. Axşamdan Bozdarım harasa yoxa çıxmışdı. Bəlkə də evimizə qayıtmışdı. Yiyəsiz qalmış evimizə. Güman ki, ermənilər intiqam almaq üçün itimizi də öldürər və bununla “türkün biz itini öldürdük” deyib öyünərlər. Mənim uşaq ağlımda ermənilərə qarşı nifrət hər an güclənirdi. Dəyər-dəyməzə qoyun-quzuları hamı kimi, biz də satdıq.Əvəzində bir qom İran pulu – tümən aldıq. Artıq neçə gün vardı İranda idik. İran dediyimiz bu ölkə Güney Azərbaycandır. Əhalimizin çoxu məscidlərdə yerləşdirilmişdi. Qohum-əqrəbası olanlar evlərdə qalırdı. Adamlar həsrətlə o taya, yurd yerlərinə, doğma evlərinə baxırdılar. Ermənilər ot tayalarımızı yandırıb bizi vahimələndirirdilər. Boşalmış yurd yerlərimiz tapdağına çevrilmişdi. Qəzəbimiz, kinimiz içimizdə tüğyan edirdi. Hərə öz canının hayında, dərd-sərini yaşamaqdaydı. Hara gedəcəyimizi bilmirdik. Son günlər adamlarımız maşın-maşın daşınırdı. Hara, niyə, nə üçün? Bu suallar ətrafında düşünməyimiz heç bir əhəmiyyət daşımırdı. Təki İran ərazisindən alışmadığımız bu mühitdən canımız qurtarsın. Sovet rejiminin köynəyindən çıxmış bizlərin beynində hələ də kommunizm xülyasının rüşeyimləri olduğundan mollalar rejiminə qəribə baxırdıq. Yaşlı qadınlar, qız-gəlinlər, hətta belə balaca qız uşaqları da hicabda gəzirdi. Nəhayət bizə də növbə yetişdi. Avtobusa yığıb bizi də yola saldılar. Araz boyu yollarla neçə kənd, neçə oba keçdik. Araz çayı arxada qaldı.İndən belə yaddaşımızın xatirəsində Arazımızın həzin,nisgilli laylaları yaşayacaqdı.
Bakının Əhmədli qəsəbəsində beşmərtəbəli məhbus yataqxanasının dördüncü mərtəbəsində kiçik bir otaqda yerləşdik. Əvvəllər xüsusi komendaturanın- cinayət törədib cəzaya məhkum olmuş şəxslərin yataqxanası olan burada məcburi əməyə məhkum olunmuş məhbuslar cəza müddətlərini çəkirdilər. İndi isə biz… Ata-baba yurdumuzdan, var-dövlətimizdən bizə qalan xırda-para məişət əşyaları və bir də ki, atamın şəkili idi. Dağlara güvənən kənddən ayrılıb bu izdahamlı şəhərdə yad planetdən gəlmiş məxluqlara bənzəyirdik. Gen-bol kənd evlərimizdə gün ərzində iş-gücdən baş açıb rahatlıq tapa bilməyən anam indi bekarçılıqdan həyətə düşməyə də ərinirdi, utanırdı qaçqın-köçkün adından. Utanırdı məhbuslar qalan yataqxanada qaldığı üçün. Şəhər adamlarının tənəli, bir az da kinayəli baxışlarından. Hər gün şam kimi gilə-gilə əriyirdi. Qərib idi bu şəhərdə anam. Qəribliyin ağrı-acısını içində tənhalığa çevirən anam özünə həsrət laylası çalırdı. Düşdüyümüz dərdi tam dərk etməyən bacım isə hələ də öz uşaq dünyasının qayğısız günlərini yaşayırdı. Hətta belə qonşu köçkünlər arasında özünə həmyaşıd olan qızlarla dostluq da qurmuşdu. Anamın qəflətən xəstələnməsi ailəmizdəhər şeyi alt-üst etdi. Neçə gün idi ki, qızdırma içərisində od tutub yanan anamın dodaqları quruyub cadar-cadar olmuş, bənizi soluxmuşdu, arıq əllərinin gömgöy damarları görünürdü. Anam məhbuslar yataqxanasında çarpayı dustağına çevrilmişdi. Həkimlərin yazdığı dava-dərmanın köməyi olmadı. Qoyun-quzularımızdan əldə etdiyimiz pul da tükənmək üzrə idi. Dolanışığımız son həddə çatmışdı. Günü-gündən təqatdən düşən, boğazından loxma da keçməyən anam elə hey su istəyirdi. Yatağının ayaq tərəfində oturub fikirləşirdim, ha fikirləşsəm də özümə bir çarə tapa bilmirdim. Dərdimizi bacım deyəsən qavramağa başlamışdı. Anamın üz-gözündən öpüb az qalırdı ki, onu duz kimi yalasın. İlahi, bu necə ana-bala mehri-məhəbbəti idi?! Gecələr yorğanı başıma çəkib düşünür, ha götür-qoy edirdimsə də heç bir nəticə hasil olmurdu. İynənin ucu boyda ümid gəzirdim bu qaranlıq gecədə. İşartıysa qeybə çəkilmişdi. Əlçatmaz, ünyetməz olmuşdu işıq. Demək qismətimlə barışmalıydım. Gündüzlər bu dar otağımızda var-gəl edir, son ümid-gümanımı qapımıza bağlamışdım. Nə vaxt qapımızın döyülüb-açılacağının həsrətini çəkirdim. Bu həsrətin yolu yaman uzunmuş. Köçkünlük taleyi yaşayan qonşularımızın hərəsi bir işin qulpundan yapışıb özlərinə gün-güzaran qururdular. Bir para qonşular isə dolanışıq üçün təzə açılmış “şpilka” (quruması üçün asılan paltarı zivədə tutan sancaq, sıxac) sexindən hissələr gətirib quraşdırır, hazır məhsul kimi təhvil verib pulunu alırdılar. Bir axşam qonşumuz Qəhrəman dayı həsrətimin yönü olan qapımızdan içəri girib, “Oğlum Zərdüşt, al, burda min ədəd “şpilka” hissələri var, düzəlt, təhvil varib pulunu gətirərəm. Bilirəm, məktəbə də getmirsən, boş-bekar ananın yanında oturmaqdan bir şey çıxmaz.” Elə bil dünyanı mənə bağışladılar. Gözlərim işıqlandı. Nə vaxtdan çiyinlərimdən basan dözülməz yük sanki yüngülləşməyə başladı. Qəhrəman dayıya minnətdarlıq dolu baxışlarla baxmaq istədim. O isə artıq qapını örtüb getmişdi. Fərəhlə gözlərimi anama tuşladım. Anamın sükut dolu gözlərindən yaş damcıları yuvarlana-yuvarlana axıb dodaqlarında dondu. Əyilib çallanmış saçlarından öpdüm: -Eh, ana, nooldu. Hamı işləyir də. Uşaq da, böyük də. Mən ki, daha uşaq deyiləm. Bir də ki, müharibə vaxtıdır, ağır zaman, çətin günlərdir. Sən özünü üzmə. Allah qoysa sağalıb duracaqsan. Bunu deyib, yenidən boynunu qucaqladım. Anamsa lal-kar kimi baxışlarını məchul bir nöqtəyə dikmişdi. Son günlər həqiqətən evimizdə ərzaq demək olar ki, tamam qurtarmışdı. Məhbuslardan qalma dəmir qab da bacım qaynamış suya quru çörək tikələrinin, töküb isladıb iştahla yeməyə başladı. Sonra da çörək qırıntısını boşalmış qənd qabının dibində qalan qənd tozuna batırıb yedi. Mənə, hətta anama da yeməyi təklif etsə də biz başımızı buladıq. -Bir tikə ye, noolar. Bax, görəcəksən, səhər qaqaş yağ, qənd, isti çörək alıb gətirəcək. Yer yarılsaydı, yerə girərdim. Bacımın da son ümid yeri məniydim. Nə yaxşı ki, Qəhrəman dayı bu “şpilka” torbasını gətirdi. Torbanı açıb hissəcikləri düzəltməyə başladım işim alınmasa da, sonradan çox cəld və iti işləməyə öyrəşdim. Qəlbimdə qazanacağım pulla sabah yağ, çörək, bacım üçün konfet alacağımı düşünürdüm. Səhəri günü Qəhrəman dayı bizə gələndə çörək, qənd, çay və ət alıb gətirmişdi. Sən demə, axşam tez getməyinin səbəbi bacımın dəmir kasada çörəyi su ilə yediyini görməyimiş. -Həə,oğul, gördün, demək işləyib pul qazanmaq elə də çətin deyil. Şükürlər edirdim Allaha ki, Qəhrəman dayı bizi acından ölməyə qoymadı. Mən də pul qazana bilərəmmiş sən demə! Həmin gündən başladım “şpilka” düzəldə-düzəldə kiçik ailəmizi dolandırmağa. “Şpilka” sexinin bığıburma sahibi ilə də dost olmuşdum. Çox vaxt düzəldəcəyim “şpilka”ların pulunu əvvəlcədən verirdi. Qazandığım pulla anama, bacıma dayaq dururdum. Anamın bir üzü gülürdüsə də , o biri üzü yenə də kədər-qüssə içərisində idi.
Qonşu köçkün uşaqları hər səhər səliqə ilə geyinib, deyə – gülə məktəbə getdiklərini görəndə içimdə xiffət hissi baş qaldırırdı. Məktəb qonşu fəhlə yataqxanasının birinci mərtəbəsində yerləşdiyindən ara-sıra mən də məktəb ətrafında durub şagirdlərə tamaşa edirdim. Axı mən də oxuya bilərdim. Kəndimizdə əlaçı şagird olmağım, həmişə müəllimlərin sevimli şagirdi sayılmağım yadıma düşəndə burnumun ucu göynəyirdi. Bacım bu il məktəbə gedəcəkdi. Bacımın məktəbə gedəcəyini, oxuyacağını fikirləşəndə qəlbimdə xoş duyğular baş qaldırırdı. Arzularıma çıraqçı olacaqdı bacım. “Şpilka” sexinin yiyəsi bığıburma dayıdan borc pul alıb bacım üçün məktəbli forması, çanta, qələm-dəftər aldım. Hamısın bir yardə evə gətirəndə bacım o qədər sevindi ki, elə bil dünyanı ona bağışlamışdılar.Anam yataqda minnətdarlıq dolu baxışları ilə mənə baxırdı. Biri sentyabr şəhərə yeni görkəm, xoş abı-hava gətirmişdi. Məktəblilər, tələbələr yeni dərs ilini şadyanalıqla qeyd edirdilər.Yenicə məktəb həyətinin kandarına ayaq basan birincilərin isə sevinci yerə-göyə sığmırdı. Bu səhər bacım lap erkən durmuşdu.Ağ, qara məktəbli formasını geyindirib, çantasını çiyninə asıb bizə məxsus olan köçkünlər məktəbinə apardım. Şəhər məktəblərindən fərqli olaraq Göylər rayon köçkünlər məktəbi yeni dərs ilini əvvəlki görkəmində, əski formasında qarşılayırdı. Məktəbin qarşısındakı divara ağ ipək parçadan örtük çəkilmiş və qırmızı lentlə bağlanmışdı. Məktəblilər də, müəllimlər də bu örtüyün ətarfına toplanmış, qələbəlik yaratmışdılar. Görünür, bu örtük əlamətdar hadisə ilə bağlı idi. Məktəb drektorunun səsi toplaşanların səs-küyünün üstünə su çilədi. Bir andaca hamı sakitləşdi. O yeni dərs ilini təbrik edib, sözü Göylər rayon icra hakimiyyətinin başçısına vardi: -Əziz məktəblilər, bu il dərs iliniz əlamətdar hadisə ilə açılır. Göylər Rayon İcra Hakimiyyətinin sərancamı ilə sizin məktəb həmyerlimiz, Milli Qəhrəman Qartalburun Əlinin adını daşıyacaq. Bugün həm də qəhrəmanın barelyefinin açılışını qeyd edəcəyik. Bir azdan lent kəsilib örtüyü götürüləcək, cəsur döyüşçünün mətin simasını görəcəksiniz. Hər gün məktəbə gələndə Qartalburun Əlinin qürurlu çöhrəsi sizi qarşılayacaq və siz də onunla fəxr edib , ona oxşamaq arzusunda olacaqsınız. Vaxt gələr, rayonumuz erməni işğaldan azad olar, bu məktəb də rayonumuzda fəaliyyət göstərər… Sözlərin dalısını eşitmədim. Az qalırdım göyə uçam. Sən demə, şəhid atamız qəhrəman imiş. Bəs anamız niyə bunu bizə deməyib.Yoxsa o da bilmirdi? Bu yerdə bacım “Qaqaş, Qəhrəman dayı kimi?”soruşdu. -Yox, bacıcan! Qəhrəman dayının adı Qəhrəmandır. Atamızın əməli qəhrəmanlıqdı. Qırmızı lent kəsildi. Ağ örtük götürüldü. Atamın əksi olan mərmər lövhə alqışlarla qarşılandı. Ətrafına gül-çiçək dəstələri düzüldü. Şəninə qəhrəmanlıq şeirləri söylənildi. Mərmərdən bizə baxan atamızın gülərüz siması evimizdəki şəklin ayrı idi. Bacı-qardaş vüqarla baxırdıq. Qartalburun Əlinin adını daşıyan məktəbdə ilk zəng çalındı. Şagirdlər dəstə-dəstə məktəb həyətindən içəri kiçik siniflərə doluşdular. Bacımı birincilər olan sinifə apardım. Fəxr edirdim ki, atamın adını daşıyan məktəbdə bacım da oxuyacaq. Bəs görəsən bu əmilər, dayılar bizi niyə tanımır. Çox güman ki, tanısaydılar, adımız dilə gətirilərdi, içimdə giley toxumu cücərirdi. Dilxorçuluq baş qaldırırdı. Bu giley, bu dilixorçuluq məni həyəcanlandırırdı.”İlahi, bu necə dövran,nə gün-güzarandı. Qəhrəmanlara sayğı beləmi olur? ”İnanırdım ki, atamın ruhu onda şad olar ki, bizə də qayğı göstərələr. Amma biz cəmiyyətdən təcrid olunmuş kimiyik, necə deyərlər atılmışlarıq. Milli qəhrəman olan kişinin həyat yoldaşı əlli metrlikdə can üstədi. Bir kimsə ona həyan durmur. Burdasa atamın barelyefi ilə fəxr edirlər. Məktəb həyətində atamın gülərüz mərmər simasına baxıb köks ötürdüm. Əyilib gül-çiçək dəstələrini səliqəyə salırdım. Sonrada istədim üzündən öpəm: -Ay uşaq, güllərə dəymə. Onu öğurlamaq olmaz. Ona oxşamaq, vətəni sevmək gərəkdir. Köçkünsən? -Bəli,müəllim. -Hansı rayondan? -Göylərdən.
Bax, bu igid də həmyerlindir. Beləsinin oğlu da qəhrəman kimi yetişəcək.Yoxsa sənin kimi avara oğlu avara, yox Hirsimdən nə edəcəyimi bilmədim. İçin-için ağlaya – ağlaya yaşadığımız yataqxanaya gəlirdim. Hərdən ürəyimdə özümə toxtaqlıq verə-verə “Qartalburun Əlinin oğlu avara ola bilməz, müəllim. Əgər anam xəstə olmasaydı mənim də atam sağ olsaydı, məktəbə gəlib əlaçı şagird olardım” Müəllimin dediyini anamdan gizlətdim. Həmin gün ailəmizdə ən xoş gün oldu. Anam atamdan danışdı, bacım məktəbdə gördüklərindən söhbət açdı. Anamın boynunu qucaqladım, əlləri saçlarımı sığalladı. -Qaqaş, bacından muğayıt ol. Hər şeyə də kişi kimi döz haa…Bir də ki, böyüyəndə Əmin Arifi axtarıb taparsan. O bizim sağ qalmağımızdan xəbərsizdi. Yoxsa axtarıb tapardı. Bu sözlər qulaqlarımda cingildədi. Elə bil qayaya toxunub əks-səda verib dönə-dönə təkrarlandı. İlahi bir söz kimi yaddaşımda həkk olundu. Elə bil anam vəsiyyət edirdi. Gecələr biz yatandan sonra anam atamın şəkili ilə danışırdı. Bunu dəfələrlə müşahidə eləsəm də, büruzə vermirdim. Bir gün yenə anam atamın şəklinə deyirdi: “Səndən sonra övladlarına yiyə dura bilmədim. Bağışla məni. Dərdini çəkməyə gücüm çatmadı. Qaqaşın qazandığı qəpik-quruşla yaşayırıq”-deyib için-için ağlayan anama yazığım gəlsə də, durub təskinlik vermədim. Dedim qoy içinin sözünü deyib yüngülləşsin anam. Kaş o gün olmayaydı. O səhər heç vaxt açılmayaydı. Amma nə edəsən ki, hər səhər açılır,günəş doğuda doğulub, batıda batır. İnsan ömürüdə belədir. O səhər açılmışdı. Mən də bacımı məktəbə ötürüb evimizə qayıdırdım. Evimizə yox,yaşadığımız yerə. Gözüm qeyri-ixtiyarı pəncərəmizə sataşdı. Duruxdum. Zəndlə yenə pəncərəmizə baxdım. Yanılmamışdım. Anam idi. Gülümsəyirdi. Əl edirdi mənə. Sandım ki, məni qara basır.Yaman sevincək oldum. Anam ayağa durmuşdu. Tez-tələsik özümü ona çatdırmaq istəyirdim. Pilləkənləri iki-bir, üç-bir qalxa-qaçardım. Qapımızı açanda məni dəhşət bürüdü. Pəncərə də bir kimsə yox idi. Bu deyəsən anamın qaraçuxası idi. Birdən gözüm yerə yıxılmış anama sataşdı. Heyrətləndim. Dəhşətli vəziyyətdə anama baxırdım. Ağzından laxta-laxta qan tökülürdü. Əlləri qapıya tərəf uzalı halda, barmaqları titrəyirdi. Gözləri az qalırdı ki, hədəqəsindən çıxsın. Diz çöküb anamın başın dizimə qoyub əllərindən tutdum. Əl barmaqları sanki qurumuş çubuqlar idi. Xırda-xırda beş çubuq. Gözüm görə-görə anam ölürdü. -Ana,-deyib özümdə bilmədən cikkə çəkdim. Boynunu qucaqlayıb üz-gözündən dayanmadan öpürdüm. Əllərin boynuma dolayıb sakitləşdi. Gözləri şüşəyə dönürdü, bədən hərdən tərpənirdi. Ağır-ağır aldığı nəfəs də susdu. Elə bil kimsə mənə dedi “anan öldü!”Dünya başıma fırlandı. Qıy çəkib qonşuları köməyə çağırdım. Amma gecikmişdim… Şəhərin kənarında bir təpəcikdə yepyenicə qaçqınlar üçün salınmış qəbirsandlıqda anamı torpağa tapşırdıq.Yataqxananın qolu yox komrnendantı biz qardaş-bacını kimsəsizlər kimi yetimlər evinə vermək istəyirdi. Mən buna etiraz etdim. Qəhrəman dayı da dayaq duracağına söz verdi. Heç birimiz anamızın ölümünə inanmırdıq. Anasızlıq hissi isə bizi hər gün, hər an sıxırdı. Onun quru nəfəsi gərəyimiz idi.İndi hətta kölgəsinin də həsrətini çəkirdik. Lal dinməz olmuşduq. Hətta bacım dost olduğu uşaqlardan da kənar gəzirdi.Saatlarla otaqda oturub atamın şəklinə baxır, anamın yatdığı yorğan-döşəyi qucaqlayıb için-için ağlayırdı. Belə vədələr də mən də ona qoşulurdum. Gecələr bacı-qardaş anamızın yatdığı çarpayıda birgə yatırdıq. Anamın qoxusu qalmışdı bu yorğan-döşəkdə. Elə bil bununla özümüzdə təskinlik tapırdıq. Qəhrəman dayı öz evinə dəvət etsədə getmirdik. Bir gecə bacım yuxudan qəflətən durdu. Məni də dümsükləyib oyatdı. Elə bildim ki,sayaqlayır. Axı son günlər bacım yuxusunda tez-tez atamla-anamla danışırdı. -Qaqaş, atam gəlb, bax,bax-deyib qaranlıq otaqda qapı olan istiqaməti əli ilə göstərir. Mən yuxu gördüyünü anlayıb: -Bacıcan, yuxu görürsən,-deyib durub otağın işığını yandırdım. Bir stəkan su verdim ki,içib toxtasın. Yadıma düşdü ki, kənddə olarkən anam yastığımızın altına çörək tikəsi qoyardı. Mən də elə etdim. Yorğan-döşəyin içərisində bacı-qardaş xeyli oturub bir-birimizə baxdıq. Sonra bacım başın sinəmə qoyub yatdı.Mənsə bacımın ipək tellərini sığallaya-sığallaya elə hey fikirləşirdim: “Bizim axırımız necə olacaq! Necə yaşayıb, necə böyüyəcəyik! Bu yaşda nə günah eləmişik ki, bu zülümləri çəkirik” Elə bu zaman bacımın səsi gəldi: -Qaqaş, nə olar,atamızın da şəklini qoy yanımıza, yataq. Elə həmişə divardan baxır bizə. Mən divardan şəkili alıb üzünü silib, öpüb yanımıza qoydum.
Yat, ata, yat. Anam yatan yorğan-döşəkdə bizimlə yat-deyibbacım hönkür-hönkür ağladı. Mən də ona qoşuldum. Bir də gördüm qapı döyülür. Qəhrəman dayı içəri girib bizi bu halda görüb,köks ötürüb qəhərli-qəhərli:
Eh, balalar, sizi bu hala salanın balaları bundan betər olsun!
Qarabağın qədim kəndlərindən olan Qəhrəman dayı, Sənəm xala da biz dərddə idilər. Onlar da ax-madar oğlanları- Əməlruhdan xəbərsiz idilər. Əməlruh Bakıda inistutların birində oxuyurdu. Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşə yollanmışdı. Neçə il öldüsündən, qaldısından xəbər yox idi. Qəhrəman dayı, Sənəm xala hər il neçə kərə şəhidlər xiyabanına gedib şəhidlərin qəbirləri arasından oğlanlarının qəbrini gəzirdilər. Bir gün onlara bir kitab verdilər. Məhərrəm Zaman olan yazıçının müəllifliyi ilə işıq üzü görən kitabda Əməlruhun döyüş yolunu, əsirlikdə baş verən müdhiş hadisəyə aydınlıq gətirilirdi. O kitabın həmin hissəsini Sənəm xalaya, Qəhrəman dayıya neçə kərə oxumuşdum. Hər dəfə də onlar Əməlruhun erməni vəhşiləri tərəfindən verilən işgəncələri oxuyanda “can bala, can, can!” deyib göz yaşı axıdırdılar. Kitab Milli Təhlükəsizlik Nazirliyinin arxiv materalları əsasında hazırlanmışdı. Əməlruhun haqqında olan həmin hissə indi də bittə-bittə yadımdadı. …Əməlruh öz dilinin və qürurunun güdazına qurban getdi. Sual oluna bilər ki, görəsən on üç ay erməni əsirliyində hər gün neçə dəfə ölüb dirilən, minlərcə təhqirə, əzaba dözən Əməlruh hansı sözünə görə “böyük” günah işlətmişdi ki, hansı məğrurluq və qürur göstərmişdi ki, onu ayaq üstə diri-diri, hər gün bir bel boyu basdırmaqla qətlə yetirirdilər. Lakin heç yerdə, heç vaxt, heç cürə belə bir vəhşilik mümkün olmasa da, ermənilərin əlində olan əsirlərlə belə hallar ola bilərdi. Əməlruh ona edilən şirinlikləndirici təklifləri rədd etmiş, təhqir və istirablara dözmüş, ancaq qürurunu sındırmamış, Vətənə dönük çıxmamışdı. Məhz erməniləri də hiddətləndirən onun məğrurluğu, dönmzliyi, dözümlülüyi olmuşdu. Erməni əsgərləri düzəngah yerdə onun üçün özünə “ayaqüstü” qəbir qazdırmışdılar. Qəbirin hündürlüyü Əməlruhun boyundan on sm dərin olmuşdu. Sonra onu ayaq üstə bu qəbrə salıb, qəbrin ətrafında yerə mıxlar basdırıb, məftil və kəndirlə onu bu mıxlara bağlamışdılar. Onu bağlamışdılar ki, o tərpənə bilməsin. Hətta onu qorumaq üçün gözətçi də ayırmışdılar ki, vəhşi heyvanlar onu vaxtından tez parçalamasınlar. Çünki onun tez bir zamanda ölməsi, ermənilərə sərf etmirdi. Sərf etmirdi ona görə ki, onlar növbəti vəhşiliklərini reallaşdıra bilməzdilər. Onlar insanın necə çürüməsini gözləri ilə görmək istəyirdilər. Birinci gün ermənilər Əməlruhu dizinə qədər torpağa basdırıb çıxıb getdilər. İlk beş-on saat Əməlruh heç nə hiss etmədi, yəni torpağa basdırılan hissəsində elə bir dəyişiklik olmadı. Lakin sonra…Sonra onun dizinə qədər ayaqları od verib yanmağa başladı. Gecənin bir aləmi sümüklərində elə ağrılar başladı ki, o ətafında ulaşan çaqqallardan və canavarlardan daha bərk ulamağa başladı. Ona yaxınlaşmaq istəyən vəhşi heyvanlar isə gözə görünməz gözətçi tərəfindən çox ustalıqla və sərrast şəkildə güllələnirdi. Sübh tezdən ona “baş çəkməyə” gəldilər. Özləri ilə yemək və su gətirmişdilər. Hətta həkim ona iynə də vurdu. Lağlağı edib: -Haran ağrıyır, de, biz sənə kömək edə bilərik- deyib, onu ələ saldılar. Əməlruh ağrılardan o qədər bağırmışdı ki, səsi tutulmuşdu. Onlara cavab vermək istəsə də, bu mümkün olmamışdı. O. Yalnız ağzını açırdı, nəsə deyirdi, lakin səsi çıxmırdı. Ona ölməməsi üçün yemək yedizdirib, su içirdilər. Sonra isə su qabında qalan suyu onun “ayaqüstü”qəbrinə tökdülər. Nədən ona iynə vurdular, bax bunu o bilmədi. Bundan sonra isə onun qəbrinə beş-on bel torpaq töküb ayaqlayıb çıxıb getdilər. Axşama doğru səhər ona “baş çəkmək”, yemək-içmək verən ermənilər yenə gəldilər. Səhər etdiklərini təkrarladılar,lakin bu dəfə onlar səhərki kimi üzləri açıq deyildilər. Hətta əllərinə də tibbi əlcək geyinmişdilər. “Görəsən niyə? Mənə üzlərini göstərmək istəmirlər?”-Əməlruh düşünürdü. Ona “baş çəkənlərdən” biri hərarət ölçəni çıxarıb, Əməlruhun ağzına soxdu, saatına baxdı. Bir az keçdikdən sonra çıxarıb baxdı: -Ərə, türk köpək oğlu, hərarətini bilmək istəyirsən? Əməlruh başını tərpətdi. Erməni hərarət ölçəni ona göstərdi. Onu hərarəti 42-ni göstərirdi.Demək bir balaca da qalsa öləcək. Azacıq yemək yedizdirib, doyunca su içirdilər. Yenə qalan suyu Əməlruhun “ayaqüstü” qəbrinə töküb, iynə vurub getdilər. Səhərin günəşi ilə Əməlruhu özünə qaytaran ondan gələn üfunət iyi oldu:-“İlahi,bu nə iydi, belə nə ölüb mənim ətrafımda”-deyə o düşündü, istədi ətrafına baxsın. Bir də gördü ki, aşağıdan yuxarı qurdlar dırmaşır. O özünü toparlayıb bir təhər silkələndi. Lakin qurdların hamısı tökülmədi: -Ə,bu nə həyasız qurdlardır belə. Ax, nə ola əllərim açıq olaydı, mən onlara diri adama darışmağın nə olduğunu göstərərdim. Qurdlardan yenicə qurtarmaq istəyirdi ki, başı üzərində toplaşmış yüzlərcə quşların səs-küyü qulağına gəldi, nəzərlərini bu dəfə yuxarı dikdi:
Demək mən ölürəm bu quşlar da mənim cəsədimi dağıtmağa gəliblər. O bu xəyalda ikən yenidən onun erməni “dostları” ziyarətə gəldilər. Bu dəfə onlar nə qədər etsə də Əməlruh yeməyini yemədi, sularını da içmədi. Ancaq zorla da olsa, ona iynə vurdular. Onlar gətirdikləri suyu və yeməyi “ayaqüstü” qazılan qəbirə töküb, Əməlruhu qurşağına qədər torpağa basdırdılar və ayaqları ilə torpağı tapdalayıb bərkitdikdən sonra getdilər. Onlar getdikdən sonra da Əməlruh öyüməyi, qusmağı səngimək bilmirdi. Halı get-gedə pisləşirdi. Artıq o nəfəs alıb verə bilmirdi. Üz-gözü, burnu qurdla dolu idi. Hətta bəzi qurdlar dodaqlarının üzərində oyan-buyana tərpənib, onun ağzının açılmasını gözləyirdilər. Daha quşlar da ona yaxınlaşmışdı. Budur onlardan biri onun bədən üzvilərindən hələ də yaşayan başını dimdikləyir. Onun gözünə ona yaxınlaşan üç insan kölgəsi göründü. Ağızları-burunları sarıqlı. Əməlruh nə qədər çalışsa da ki, onun yanına gələnləri tanısın, olmadı. Gözləri elə torlanmışdı ki, o hər şeyi torla görürdü. Üç “ziyarətçinin” gəlişi ilə ətrafındakı “pırr” eyləyib, bir kənara uçdular. Gələn ermənilər lap yaxından Əməlruhun şəklini çəkdi, sonra kənarlaşıb daha bir neçə “qiymətli” foto lentə aldı və onlar onun yerindən tərpənməməyi üçün bağladıqları kəndir və məftilləri kəsib, onun ayaqüstü qəbrinə atdılar. Sonra da torpaqlamağa başladılar. Əməlruhun bircə başı qalmışdı çöldə. O, iki kəlmə söz deyib, onu basdıran erməni “cəngəvərini” sonuncu dəfə yandırıb yaxdı. Əməlruh həyatını bu sözlərlə bitirdi: -Qarabağ bizimdir! Hər üç erməninin əlindən belləri yerə düşdü. Hər üçü xaç çevirdilər, hər üçü ondan kənarlaşdılar. Əməlruhun ölümündən üç aydan artıq vaxt ötmüş, azərbaycan ordusu bir neçə uğurlu əməliyyat keçirərək ermənilərin işğal etdiyi yaşayış məntəqələri azad etmişdi. Ermənilərin əks hücumlarının qarşısını almaq üçün əsgərlərə səngərlər qazmaq əmri verilmişdi. Dağ yamacından düzənliyə qədər uzanan səngər qazıntısı bir əsgərin səngər qazarkən adam başı gördüyünü deməsi ilə dayanmışdı. Ətrafdakı əsgərlər həmin yerə toplaşmışdılar. Bir neçə zabit də ora yaxınlaşdı. Tapılan başın ətrafı ehtiyatla qazılmağa başladı və məlum oldu ki, bu ermənilər tərəfindən ayaq üstə basdırılmış Əməlruhdu İndi Qəhrəman dayı, Sənəm xala hər səhər yuxudan durub Əməlruh qəbri olan istiqamətə- üzü Qarabağa dualar çevirirlər.
Tanınmış yazıçı Vaqif İsaqoğlu yeni işıq üzü görmüş “Bu Vaqifi o Vaqifdən soruşma” adlı kitabına görə “Ziyadar” mükafatı ilə təltif olunub. Mükafatı ən yaxın dostların çevrəsində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim edib. “Yazarlar” heyəti olaraq, Vaqif İsaqoğlunu bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!
Ağcabədidə Rəşad Məcidin 60 illik yubileyi qeyd olundu Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist RƏŞAD MƏSCİDin 60 illik yubileyi münasibəti ilə onun doğulduğu Ağcabədi rayonunda ədəbi-bədii tədbir keçirilib. Öncə Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkı ziyarət olunub. Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirin birinci hissəsində Rəşad Məcidin yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi “Əməkdar mədəniyyət işçisi Rəşad Məcid- 60 “ başlıqlı sərgidə yazıçının Azərbaycan dilində, həmçinin xarici dillərdə nəşr olunan kitabları, o cümlədən redaktoru olduğu və haqqında yazılan kitablar nümayiş etdirilib. Sonra tədbir mərkəzin konfrans zalında davam edib. Əvvəlcə Rəşad Məcidin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub. Sonra tədbirin moderatoru, yazıçı, publisist Aqil Abbas açılış nitqi ilə çıxış edərək yubliyarı səhnədəki yerinə dəvət edib. Tədbirdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qabaqcıl maarif xadimi Ədalət Hüseynov, “Aran” qəzetinin redaktoru, AYB-nin üzvü Məhsəti Musa, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Rəşad Məcidin yaradıcılığından, uğurlu fəaliyyətindən söz açıb, öz ürək sözlərini, xoş arzularını bildiriblər. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yubliyarı Fəxri fərman və hədiyyə ilə təbrik edib. Tədbirdə həmçinin Rəşad Məcidin Ağcabədidə çıxan “Sürət” (hazırkı “Aran” qəzeti) qəzetində 1982-ci ildə çap olunmuş ilk şeiri məktəbli Nəimi Ağayev tərəfindən səsləndirilib. Rəşad Məcidlə Şuşada tanış olmuş daha bir məktəblinin – Məcid Məmmədovun şairin “Cıdır düzü” şeirini səsləndirməsi və sazda “Ruhani” havası çalaraq onu təbrik etməsi tədbirdə xüsusi ovqat yaradıb. Görüşdə Rəşad Məcidin şeirinə bəstələnmiş və digər mahnılar ifa olunub. Yekunda yubilyara söz verilib. O, hər dəfə doğma Ağcabədiyə gəlməkdən çox məmnun olduğunu qeyd edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Fotolar:
ADINA PROFESSOR DEYİRDİM (hekayə) Onun dünyaya gəlişi ilə yeddi illik övlad həsrətində olan cütlüyə sonsuz xoşbəxtlik bəxş olunmuşdu. Gözəl qız uşağının qəribə gözləri vardı. Sanki göy üzü onun gözlərinə hopmuş, nur saçırdı. Ona görə də adını Göynur qoydular. Gənc ailə övladları ilə dünya boyda sevinclərini yaşayırdılar ki… Uşaq ağlayanda boğulma, bayılma halları olduğundan həkimə apardılar. Müasir aparatlarla müayinə edib gördülər ki, ürəyin bir qulaqcığında ciddi problem var. Göynuru Azərbaycanda aparmadıqları xəstəxana, klinika qalmadı. Buradan əl üzdükdən sonra üz tutdular Türkiyə, İran, Rusyadakı ürək həlimlərinə. Ordakı müalicə nəticələri qənaətbəxş olmadığından geri dönüb ümidlərini Allaha bağladılar. Dava-dərmanla Göynur gəlib çatmışdı yaş yarıma. Bir gün nənə evlərinin yaxınlığındakı parkda Göynuru gəzdirərkən yaşlı bir kişi onlara yaxınlaşdı. -Bağışlayın narahat edirəm. Bayaqdan fikir verirəm uşaq yeridikcə təngənəfəs olur.
-Hə qardaş ürəyində problemi var, – sonra nənə dərdli-dərdli, – Yeddi illik müalicədən sonra bunu tapmışıq, bu da ki, belə. -Mən ürək həkimiyəm. Sabah qəbuluma gətirin- deyib ünvanını verib getdi.
İki il həmin həkimin müalicəsini alan Göynur demək olar ki, sağalmışdı. Axırıncı dəfə uşağı yoxlayan həkim demişdi ki, vaxtaşırı dəniz qırağında özü də səhərlər gəzdirin:
-Uşaq asma xəstəliyindən əziyyət çəkir. Ona səhərlər dənizdən qalxan yodlu hava gərəkdi.
Bu illər ərzində nənə həkimin adını soruşmamış eləcə professor deyirdi. Həkim daha işləmirdi. Bilmirdi ona necə təşəkkür etsin. Bir gün yenə dəniz sahilinə gəlmişdulər. Balaca Göynur gah nənəsinin şirin nağıllarına qulaq asır, gah da onun əl-ayağına dolaşırdı. Sonra… Nənə yaşıl ağacların arasında sakit guşədə qoyulmuş oturacaqda oturub təmiz dəniz havasını ciyərlərinə çəkir, yanında oturmuş qoca qadının danışığına məhəl qoymadan gəlib – gedənləri süzürdü. Balaca Göynur isə nənəsinin gözündən oğurlanıb sahilə yan almışdı. O, totuq əlləri ilə yastı, xırda daşları götürüb qumlu sahilə can atan təşnə ləpələri döyəcləyirdi: -Al, bu da sənin payın! Mən səndən qorxmuram . Al, ay göy dəniz! Sən məndən qorxursan hə? Al, yenə də…Hirslənməyin ay ləpələr. Yoxsa nənəmi çağıraram… Göynur ağzı köpüklənən ləpələri məzəmmətləyir, elə bil onları özünə tabe etmək istəyirdi. Dəniz də arabir qızmış nər kimi sinəsini qabardır, sanki qumlu sahilə tələsirdi. Dalğalardan ətrafa sıçrayan su damcıları balaca Göynurun dizinə dəydikcə o, ayağının birini götürüb o birini qoyurdu. Birdən elə bil dəniz qaynamağa başladı. Şiddətli əsən xəzrinin təsirindən ləpələr bir-birinin üstündən aşırdı. Külək qızın xurmayı saçlarına daraq çəkirdi. O lap irəli yerimişdi. Sanki dalğalara təslim olacaqdı. Onun xəfif pıçıltılarına aldanmışdı. Dəniz isə şıltaqlığını davam etdirirdi. Göynur artıq dalğalara qovuşurdu. Birdən dünya görmüş bir qocanın nəzərləri sahilə zilləndi. Həyacan onu bürüdü. Burnunun tən yarısına qədər enmiş zəncirli eynəyini gözlərinin ortasına tuşladı. Sonra cəld sahilə yan aldı. Göynur isə heç bir şeyə əhəmiyyət verməyib daha da irəli cumurdu. Dalğalara tərəf. Ağsaçlı qoca təşviş içərisində əllərini geniş açaraq suya atıldı. Dalağalara həmdəm olan qızı bağrına basdı. Lakin müvazinətini itirərək büdrədi. Eynəyi sürüşüb daşın üzərinə düşdü və çilik-çilik oldu. Bir anda qocanın gözlərinə qaranlıq çökdü. Onun əlləri havada qaldı. Özünü köməksiz sanıb həyacanla qışqırdı: -Qayıt! Boğulursan bala, qayıt! Göynur dönüb arxaya baxdı. Kömək üçün qocanın qollarından yapışdı. İxtiyar qocanın elə bil gözlərindən zülmət pərdəsi götürüldü. Onların paltarlarından su süzülürdü. Sahildən uzaqlaşmaq istəyirdilər ki, bayaqdan bəri nəvəsini axtaran nənə təlaş içərisində qışqırdı: -Necə?!.. Sizsiniz?!.. Professor?!.. Çox sağ olun, siz onu ikinci dəfə həyata qaytardınız.
–Mücrü Nəşriyyatı nın elan etdiyi müsabiqənin (qüvvədə olan Müşfiq XAN nın əmrinə əsasən) şərtlərinə uyğun olaraq, Salim Babullaoglu nun tərtib etdiyi “Ərənlərin nəğməsi” toplunun antologiya tərtib etmək mədəniyyətinə nümunə ola biləcək qədər yüksək səviyyədə hazırlandığını təbliğ etmək məqsədilə “İlin antologiyası” nominasiyasında müsabiqəyə təqdim olunması məqsədəmüvafiq və ümumilikdə kitabçılıq işinin xeyirinədir.
-Səlim Babullaoğlu “Ərənlərin nəğməsi” adlı kitabı mükəmməl (nümunəvi) formada tərtib edib, nəfis şəkildə ərsəyə gətirdiyinə görə tərəfimizdən “Ziyadar” mükafatına layiq görülmüşdür (uyğun zamanda təqdim olunacaq).
Haçadağ kəndi qədim yurd yeridir. Kənd özünəməxsus gözəlliyi, əsrarəngiz təbiəti ilə yanaşı, həm də mehriban, həlim, qonaqpərvər insanları ilə tanınır. Kənd iki dağ arasında yerləşir. Kəndi iki yerə ayıran ortasından axan çaydır. Dupduru dağ çayı bu kəndin şah damarıdır. Mənbəyini Haçadağın bulaqlarından götürüb aşağılarda çaya çevrilib. Kənd əhli əkin-biçinini, bağ-bağatının, məişətinin gündəlik su ehtiyacını bu çayın bol suyu ilə ödəyir. Otuz, otuz beş evdən ibarət olan bu yurd yerini yüzillər öncə Fərhad adlı pəhləvan cüssəli növcavan salıb. Belə ki, aran kəndlərinin birində yaşayan Fərhad həmkəndlisi Simuzər adlı bir gözələ aşiq olur. Simuzər də Fərhada könül verib. Amma Simuzərin qardaşları Fərhadla ədavəti sevgililərin qovuşmasına əngəl olub. Fərhad bir gün Simuzərlə əl-ələ verib qaçıb gəlib Haçadağdakı bir kahada gizlənirlər. Kahanı özlərinə ev eləyiblər. İllər ötür, iki bala sahibi olduqdan sonra “kaha-ev”dən çıxıb, enib gəlirlər çay qırağında yurd qururlar. İndiki Haçadağ kəndinin sakinləri Fərhadla Simuzərin törəmələridir. Fərhadla Simuzərin qəbirləri kəndin qəbiristanlığında yox, kahanın içindədir. Hər il novruzqabağı kənd əhli ölənlərinin qara bayramını ziyarət etməmişdən, Kahaya gəlib Fərhadla Simuzərin qəbrini ziyarət edirlər. Qəbirlərin üstünə səməni, şirniyyat dolu xonça qoyurlar.
Bu kənddə bir ailə də var ki, uşaqdan böyüyə, yaşlısına kimi hamı sevir. Yalnız ər-arvaddan ibarət olan, ikicə nəfərlik bu ailədə heç zaman övlad səsi gəlməsə də, böyük sevgi bu evin soyuq divarlarını isidib, möhkəmləndirmiş, onu möhkəm ailəyə çevirib. Cümşüd və Nazlı eşqi az qala dastana çevriləsi, nağıllaşasıdı.
Ömrün ahıl yaşını yaşasa da, Nazlını hələ də “Gəlin” deyə çağırırlar. Nazlı da bu çağırışdan xoşhal olur. Cümşüdün qəfləti ölümü olmasaydı, Nazlı gəlin elə nazlı halında qalacaqdı…
Nazlı nənə bükülmüş qəddini düzəltmək istəsə də, onun keçmiş şuxluğundan əsər-əlamət qalmamışdı. Son bir ayda, özü demişkən, “Gümşüd qəddini qırıb”. Altdan-üstdən geyinsə də, canındakı üşütmə getmirdi. May günəşinin istisi belə, Nazlı nənəyə kar etmirdi. Bumbuz olan əlləri elə bil dağların qarından çıxıb. Yun çarşabla belini bağlamışdı. Əllərini kürəyində daraqlayıb asta addımlarla yeriyirdi. Fikri, xəyalı “aranı – dağa, dağı – aranı” qatıb dolaşırdı. -Hə, Cümşüdüm, qırxına doqquz gün qalır. 31 gün sənsiz yaşamaq necə də çətin imiş!
Sarı yoxuşun gün batan hissəsində yerləşirdi kənd qəbiristanlığı. Başını aşağı salıb gedirdi. Birdən gözü yol qırağındakı yaşıllıqlara sataşdı. Özünü gül-çiçəkdən xalı toxuyan təbiətin bu yaşıl dənizinə verdi. Cürbəcür çiçəklərdən dərib, bir qom edib qoxladı. Yadına düşdü ki, bir vaxtlar yazın bu vədələri Cümşüd ona çox belə çiçək dəstələri hədiyyə edib. Evindəki büllur vazdan təzə-tər çiçəklər əskik olmazdı. “Nə yaman uzun yoldu qəbrinə gedib çatmaq, ay Cümşüd!” – deyib azca qamətini dikəldib qəbiristanlığa tərəf boylandı. Gözlərinə qəbiristanlıqdakı baş daşları qaraltı kimi göründü. O mərmər başdaşların hər biri elə bil canlı insan kimi ona əl edib, yanlarına çağırırdı. Bəs Cümşüdün qəbri hanı? Onun qəbri niyə çağırmır? Eh.., yazığın başdaşı çarpanaq çay daşındandır, bir əl boyda… Nə illah elədisə, Cümşüdünün qəbrini görə bilmədi. Əlini qaşı üstünə tutub zəndlə baxsa da, Cümşüdün qəbrini qaraltı kimi də görə bilmədi. -Gəlirəm, ağrım-acım, gəlirəm! – deyib yoluna davam etdi. Bir qom çiçək də əlində. Nazlı nənə ilə Cümşüdünün qəbri arasındakı bu torpaq yol 53 illik bir sevginin hekayətinə dönmüş yaddaş kartında varaqlanırdı. Bu torpaq yolda Nazlı nənənin sinəsində 53 ildir düyünlənmiş bir sirr yaşayırdı. O sirri bir Nazlı nənə, bir də onun Cümşüdü bilirdi. …Yeniyetmə qızın bu hisslərinə sevgi demək mümkündürsə, o, Cümşüdünü on beş yaşında sevmişdi. Onda Cümşüd yenicə əsgərlikdən dönmüşdü. Boylu-buxunlu, çatmaqaş bu qonşu oğlunu görəndə Nazlının ürəyi guppultu ilə döyünmüş, qəlbinin sarı telinin havası çalınmışdı Oda düşmüşdü al yanaqları. Yaraşıqlı bu əsgərin uca boyu, enli kürəkləri, daranmış gur saçları, geri şəvə bığları onu daha da vüqarlı göstərirdi. Odlu gözləri idi Nazlını özündən alan.
Nazlı qoşa hörüklərini qabarmış sinəsinə salıb, həyət qapısından çıxanda gözləmədiyi halda Cümşüdlə qarşılaşdı. Hürkək baxışlarla ona baxdı, qızardı, karıxdı. Cümşüd də Nazlının belə tez böyüdüyünü, qoşa hörüklərinin altından bir cüt şamamalara gözucu baxıb başını aşağı saldı. “Sabahın xeyir, Nazlı!” – deməklə elə bil hər şeyi həll etdi…
Cümşüdün təhsil dalınca şəhərə getməsi Nazlının həsrətli illəri oldu. Yalnız Cümşüd tətil vaxtları kəndə gəlir, onda da uzaqdan-uzağa bir-birilə gözləri ilə görüşdürdülər. Gözlər hər şeyi danışırdı. Təhsil illəri başa çatıb Cümşüd təyinatla kəndlərindəki məktəbdə müəllim kimi işə başlayanda Nazlının nigarançılığı daha çox oldu. Subay gənc müəllimələr, gözəl-göyçək qızlar ancaq Cümşüddən danışırdılar. İçində o qızlara qısqanclıq vardı. Çümşüd hələ də ona sevgisini açmamışdı. Bu, Nazlını üzürdü. Günlərin bir günü Nazlıya qonşu kənddən, atasının dostu olan Həmidin oğlu üçün elçilər gəldi. Nazlının razılığı olmadığından, elçilər yenə gələcəklərini deyib getdilər. Bu elçilik hadisəsi Cümşüdü hərəkətə gətirdi. Çox keçmədi Nazlıgilə Cümşüdün elçiləri də gəldi. “Hə”si alınıb, məhəbbətin rəmzi olan nişan üzüyü taxıldı. Üzük Nazlı üçün müqəddəs idi. Hər dəfə toya, nişana gedəndə üzüyü barmağına taxır, onu ən əziz əmanət kimi qoruyurdu. Üzük bir az barmağına boş idi. Üzüyün altına pambıq qoyardı ki, barmağına kip otursun. Dağ çayından səhənglə su gətirməyə getmişdi. Çayda daşlar çox olduğundan ayaqlarını daşların üstünə qoyub, dərin yerdə səhəngini suya basıb doldurdu. Çiyninə atıb yola düzəldi. Birdən bildi ki, üzük barmağında yoxdu. Su gətirdiyi yerə qayıdıb hər yeri ələk-vələk etsə də, nişan üzüyünü tapmadı. Dağ çayının iti axan suyu üzüyün aparmışdı. Nazlı bu itkidən ölümcül məyus olmuşdu. Gecə-gündüz ağladı, özünü qınadı. Cümşüdsə yenisini alacağını demişdi. Elə də oldu. Amma üzüyün itkisi Nazlıya sanki hansısa hadisədən xəbər verirdi… …Sabah toyları olacaqdı. Bu gün sevgililər Haçadağdakı kahaya qalxdılar. Əllərində də bu dağların çiçəkləri. Fərhadla Simuzərin kahadakı qoşa qəbirlərini ziyarət etdilər. Qoşa qəbirlər onlar üçün məhəbbət mücəssiməsi idi. And içdilər ki, onların sevgilərinə layiq ailə olacaqlar. Kahadan on addım o yanda bulaq qaynayırdı. Bu bulağın suyu hara axıb getdiyi hələ də sirr olaraq qalır. Bulaqdan su içib əhd-peymanlarını təsdiqlədilər. Toyları oldu. İzdivac gecəsi dostları ilə xeyli şərab içən Cümşüd bəy otağına girəndən beş dəqiqə sonra yuxuya getdi.
Həyəcandan idi, nədən idi bilmədi – onun aybaşı olasına hələ xeyli vardı. Ancaq yataq mələfəsinin ortasında bir topa qan ləkəsi vardı. Birdən gülümsədi: Axı, bir azdan qapı arxasında duran yengəyə qanlı mələfə verəsiydi. Qanlı mələfəni yığışdırıb qapıya yaxınlaşdı. Qapını açıb Hürü nənəni görüb sakitcə qanlı mələfəni ona uzatdı… Nazlının anasına yengənin apardığı qanlı mələfə onun qızlıq dövrünün “şirin bir qız nağılının başa çatması” gəlinlik çağına ilk qədəmlərinin atması dövrünün başlanğıcı idi.
“Üçgünlük” adlı üzəçıxma mərasimində qanlı mələfə qohum-əqrəbaya göstərilib şahidliyi təsdiqləndi. Cümşüdün anası gəlininə “üzün ağ olsun, gəlinim” deyib onun alnından öpdü.
Onların toyları yaxşı mənada eldə-obada dillər əzbəri oldu. Bütün toylarda bəylə gəlin “Vağzalı” oynanıldığı halda, Cümşüd təkid etdi ki, “Tərəkəmə” çalınsın. Deyirdi “Tərəkəmə” havasıına oynamağım gələnnən bilirəm ki, türkəm. Toyda bəylə gəlinin bu oyunu hadisəyə çevrildi. Hamı bilirdi ki, Cümşüd yurdcanlı, vətənsevər igiddir. O, böyüyəndə anası ömrünün son günlərində yanına çağırıb demişdi ki, oğlum sənin mamaçan erməni Silva olub. Sən doğulanda doğuşum ağır keçdiyindən qonşu erməni rayonuna aparmışdılar məni. Sən orda dünyaya gəldin. Amma mamaçanın erməni qadını olması hələ də məni üzür. Deyirdilər onlar yeni doğulan türk oğlan uşaqlarını xədim edirlər.
Nazlı-Gümşüd cütlüyü eşq üçün yaranmışdı. Cümşüd müəllim hər səhəri Nazlının məhəbbəti ilə oyanır, axşamlar da atəşli eşqiylə yuxuya gedirdi. Nazlı isə aylar ötdükcə hisslərinə hakim kəsilə bilmir, içində qadınlıq duyğusu alovlanırdı. Cümşüdün kişilik hünəri söndürməliydi bu odu…
Baldızları Nisəxanım, Həmayıl qardaşlarının ailəsindən övlad səsini eşitmək arzusunda idilər. Hətta Nazlıya son vədələr bu haqda da söz çatdırmışdılar. Nazlıysa susurdu… Necə deyə bilərdi ki, qardaşınız görməli olacağı işi gecikdirir. “Qanlı mələfə”dən il ötmüşdü, illər yaşanırdı. Nazlının bir vaxtlar ana olmaq istəyi istək olaraq qəlbinin dərinliyində düyünlənib qaldı. İstəmirdi ki, Cümşüdü… Baldızları ilə neçə yerə həkimə getdilər, cürbəcür müalicələr aldı Nazlı. İçindəsə deyirdi: “Bu müalicələrin nə nəticəsi olacaq axı?..”
Hər dəfə baldızları onlara gələndə, söhbət övladdan düşəndə Nazlı söz tapa bilmirdi. Əslində deyəsi sözü də vardı. Amma Cümşüdə olan məhəbbətinin yanında övladı olmaq, analıq hissi yaşamaq ona nədənsə xırda görünürdü. Buna görə də susmağa üstünlük verirdi. Gəlin köçən gündən onu adı ilə yox “Gəlin” deyə çağırırdılar. Bu sözü əvvəllər doğma, əziz söz kimi qəbul etsə də, illər ötdükcə tənə kimi qəbul etməyə başlamışdı. Axı gəlin dünyaya uşaq gətirər, ana olar… Nazlıya indi daldada “qısır” deyən də vardı. Hətta bir kərə onların evinin yanından keçəndə hamının küpəgirən qarı deyə çağırdığı Mapı arvad üzünə: “qısır düyə kimisən, Cümşüdü övladsız qoydun” demişdi. Həmin günü əri dərsdən gələnə kimi çox ağlamışdı. “Günah daşıyan oldum” demişdi öz-özünə. Bir gün yenə çaya su gətirməyə getmişdi. Onu görən gəlinlər, qızlar rişxənd ilə: -Gəlinə bax, gəlinə! Daha bilmir ki, bu kənddə iki-üç qarın doğan qadına pis baxırlar, sonsuz deyirlər. Sənsə heç birini də doğa bilmirsən ki, Cümşüd müəllimi ata edəsən… Həmin günü əsəbililiklə evə dönmüş, ağlamış, istəmiş hirsini-hikkəsini Cümşüdünün üstünə töksün. Cümşüd Nazlının bu halını dərk etdiyindən yenə başını aşağı əymiş, məyusluqla bu sözləri pıçıldamışdı: “Seçim sənindi, gəlin…”
-Dilim, ağzım qurusun. O sözü dilimə gətirsəm, Cümşüdüm! Sən mənim alın yazım, taleyimsən… -deyib körpə uşaq kimi Cümşüdünə sığınmış, onu atəşli dodağı ilə öpüşə qərq etmişdi.
Qonşu Güldəstə xala Nazlı ilə Cümşüdü öz övladları qədər istəyirdi. Həmişə də uca Allaha dua etmişdi övladları olsun. Amma illər keçsə də, bu ailəyə övlad qismət olmadı. Nazlını boynubükük görəndə kövrəlir, ürəyindən qara qanlar axırdı. İstəyirdi ki, Allaha üsyan etsin. Nə fikirləşdisə, “əsdəğfurullah” deyib Allahın işinə qarışdığına görə özünü danladı. Axı “Gözəl Allah sevdiklərini həmişə sınağa çəkər. Deyər görüm sevdiyim bəndələrimin məhəbbətlərinə xələl gəlməyəcək ki…” Güldəstə xala belə fikirləşə-fikirləşə bir cam camuş qatığı götürüb Nazlıgilə gəldi. Qatığı verib hal-əhval tutduqdan sonra ürəyində yığılıb qalmış bir yığın söhbətlərdən birini danışdı ki, bunları görmüş, yaşamışdı: -Qanlı – qadalı nemes müharibəsində bu kənddən çox oğullar, kişilər cəbhəyə getdi. Gələni də oldu, gəlməyəni də. “Qara kağız”lar qapıları döydü. Neçə-neçə qadın ömürlərinin sonunacan bir üzü qız, bir üzü gəlin qarıdılar. Qızım, millətimizin bu gözəl adət-ənənəsi həmişə bizi başqa millətlərin yanında uca edib. Boşanıb yenidən ailə də qura bilərsən, gözəl-göyçək xanımsan. Amma bir yastığa baş qoyub ömrünün axırına kimi yaşamaq hünərdir. Bilirəm, sənin üçün də, Cümşüd üçün də çətindir. Övlad şirin olsa da, eşq hər şeydən ucadır. Mən ilahi eşqdən danışıram ha…
-Güldəstə xala, Cümşüd mənim üçün hər bir müqəddəslikdən ucadır. Bir də axı biz and içmişik Haçadağdakı kahada uyuyan qəbirlərə. -Halal olsun, qızım! Dedi-qodulara fikir verməyin, – deyib Güldəstə xala Nazlının geniş alnından öpüb evinə döndü. Nazlıysa onu yola saldıqdan sonra divardakı xalça üzərindəki şəkilə baxdı. Bu şəkili neçə il öncə Cümşüdlə rayon mərkəzinə gedəndə çəkdirmişdilər. Xoşbəxt anların xatirəsidir “Görəsən, biz xoşbəxtikmi?” – sözlərini dodaqaltı pıçıldadı və tezcə də “əlbəttə, xoşbəxtik” dedi
Qardaşlarının ömrü övladsız başa vuracağı dərd olmuşdu bacılarına. Ayrılmaqlarını fikirləşirdilər və onu da görürdülər ki, cütlüklər bir-biri üçün yaranıblar. Həmayıl bir gün üzə durub Nazlıya dedi: -Demirik ayrılın. İzn ver, qardaşım yenidən evlənsin. Uşağı olar, birgə böyüdərsiniz. Bu sözdən Nazlını hıçqırıq boğdu. Dəlicəsinə ağladı. Həmayıl dediyinə peşman olub təskinlik verdi. -Övladı olar, sən də o uşağa analıq edərsən. Əgər buna da razı deyilsənsə, onda yetimlər evindən uşaq götürüb saxlayın… Yenə Nazlı susdu. Eləcə Cümşüdə heyran-heyran baxdı: -Nə deyirəm, baldız, olsun, amma… Beləcə, Cümşüdün ikinci kərə evlənmək məsələsi həll olundu. Cümşüd bacısına: -Biz ömrü beləcə qoşa yaşayacağıq
…Gəlinnənə 53 illik birgə yaşadıqları ömürlərinin yaddaş kartını oyatmışdı. Orada yazılmış çox şeylər vardı hələ – üzə çıxarılmayan… Başını qaldırıb baxanda gördü Cümşüdün qəbrinin ayaq tərəfində durub. Çiçək qomunu baş daşının yanına qoyub, əyilib daşdan öpdü. Üzünü nəmli torpaq topasından olan qəbrinə qoyub ağladı. Sinə parçalayan bir ağı dedi. -Sənsiz necə yaşayım, ay ömrüm, günüm?! Nə illah elədisə, gözlərindən bir damcı da yaş gəlmədi. Elə bil ağlamaqdan göz yaşları da tükənmişdi. Baldızı Həmayıl gəlib çıxanda Gəlinnənənin taqəti kəsilmişdi, üzündə, gözlərində qürubun son işartıları sezilirdi. Ağır-ağır nəfəs alırdı. Hər nəfəs alanda sinəsi qalxıb-enirdi. Həmayıl bu vəfalı Gəlinə heyran olmuşdu. Qardaşı ölən gündən hər gün qəbirsandlıqda idi. Buna üzülürdü Həmayıl. Gəlinnnənə əlini Həmayıla uzadıb yorğun-yorğun dilləndi: -Həmayıl, bir sirrim var, deməmiş ölümmü? Həmayıl onun uzanan əlindən tutub sığalladı. Əlləri soyuq, barmaqları elə bil qurumuş beş çubuqdan ibarətdir. -Ay Gəlin, nooluf? Niyə özünü üzürsən? Əri ölən bircə sənsənmi? Bu bir ayda yumağa dönmüsən. Yazıqsan. Ölənlə ölmək olmaz, demişlər. -Yox ee… ölürəm. Bu gecə yuxuda Cümşüdümə qovuşmuşdum. Qorxuram sirrimi sənə deyəm Cümşüd qəbirdən eşidə. Utanar. Bu mənə ayıb olar axı… Həmayıl artıq hiss edirdi ki, Gəlin son dəqiqələrini yaşayır. Tez dedi: -Ay, Gəlin, ürəyində sirr saxlama. De, ürəyin yüngüllışsin. Bilirəm, neçə illərdir ürəyinə daş bağlayıb o sirri kimsəyə deməmisən. Nə sirrdir elə o? -Qanlı mələfə o vaxt Cümşüdü xilas etdi. O qanlı mələfə şahiddir ki, mən bakirəyəm…