Gözlərinin qarşısında yaşayan, yazan istedadlılara laqeyd qalırlar. Gözləyirlər ölsünlər, ondan sonra haqlarında yazsınlar. Sağ olanda dillərinə düyün düşür, xəbislik, xəsislik, paxıllıq imkan vermir yazalar ki, filankəs istedadlıdır, yaxud filankəs yaxşı insandır. Əgər yaltaqlanacaqları səbəb yoxdursa bütün yaxşı nəsnələrə susurlar. Elə ki, o kəs öldü… ağlaşma, xoş söz, təəssüf və s. başlayır. Böyüklərin şöhrət azarı da ayrıca mövzudur: filankəsin adını çəkərəm, filankəsdən yazaram, reklam etmiş olaram. Birdən sonra qudurar. Bu cür yanaşmalar çoxdan mənən öldürüb ee, indi cismən ölənləri. Barı yenə susun. Sağlığında lal olduğunuz kimi… Siz işinizə yarayanlardan, bir də qorxduqlarınızdan yazıb tərifləyin. Quru istedadından başqa heç nəyi olmayanlara vaxt sərf etməyin.
Məhəbbət belə bir ilahi duyğudur ki, onun qüdrəti hər hansı bir qəlbi işıqlandırıb, ona mənalı bir dəyər bəxş edir. O, şahı dilənçiyə, dilənçini isə şah edər. İnsan üçün məhəbbət duyğusunu düzgün başa düşmək və hiss etmək həyatın ən əsas məzmunudur. Çünki məhəbbət – insanın qəlbinin ibtidasıdır. Hər şeyin başlanğıcı məhəbbətdir. Hər birimizin arzularımız, həyatımıza olan istəklərimiz qəlbimizdəki məhəbbətdən güc alır. Dünyanı saxlayan yeganə və qüdrətli qüvvə məhəbbətdir, buna heç bir şübhə yoxdur. Bu həqiqəti şairin qələmindən çıxan aşağıdakı beyitlər gözəl şəkildə ifadə edir:
Kim dünya ötücüdür, Kim isə əbədi deyir. Kim çın məhəbbəti anlayıbsa, O, özünü tapmışdır, əlbəttə. Dünyanı saxlayan, Yeganə qüvvə məhəbbətdir.
Bəli, bu dünyada məhəbbəti anlayan insan özünü tapmış insandır. Məhəbbət yalnız bir qızla oğlan arasındakı münasibət deyil. O, Yaradanə olan məhəbbət, ana və torpağa olan sevgi, insanlığa olan sədaqətdir. O, insanların qəlblərini mənəvi zəncirlərlə birləşdirir, bu zəncirlər isə yalnız xoşbəxtlik, nur və yaxşılıq, kamillik yolunda aparır. Əslində, məhəbbət bütün varlığı əhatə edir. O, müxtəlif görünüşləri ilə həyatı məzmunlu edir. Hər bir insan məhəbbəti öz qəlbi və təsəvvüründə fərqli şəkildə hiss edir. Amma heç kimə məhəbbətsizlikdə ittiham etmək olmaz. Çünki hər bir qəlbdə məhəbbət mövcuddur, sadəcə onu hiss etmə, anlama və dəyərləndirmə səviyyəsi fərqlidir. Həyatımızın özü Yaradanın bizə olan böyük məhəbbətinin sübutudur. O, bizə nəfəs verdi, həyat nemətini bəxş etdi və bu dünyada varlığı hiss etmə imkanını verdi. Buna görə də, məhəbbət yalnız görməkdən daha çox hiss etməklə qəlblərimizə daxil olan ilahi duyğudur. Əgər həyatımıza olan məhəbbətimiz olmasaydı, bizi bu dünyada heç bir şey saxlamazdı. Məhəbbət – insanın ibtidasıdır. İnsanın yaradılışı, onun yaşamaq istəyi, məqsəd və arzuları – hər şey məhəbbətdən irəli gəlir. Həyatımızdakı hər bir hərəkətin mərkəzində məhəbbət dayanır. Ulu şair Yunus Əmrə də bu barədə belə demişdir:
“Biz dünyaya lovğalanmaq üçün gəlməmişik. Biz məhəbbət üçün, başqalarının sevgisini qazanmaq, varlıqları yaxşı görmək, yaradılanlara mərhəmət və məhəbbət göstərmək üçün gəlmişik.”
MƏHƏBBƏT MADDİYYATLA ÖLÇÜLÜRMÜ? ²
Bugünkü gündə insanlar məhəbbətin ilahi mahiyyətini unudub, onu maddiyyətlə ölçməyə alışmışlar. Qəlbin ən pak duyğuları pul və var-dövlətin əlində qul olur. Bu isə insanın qəlbindən səmimiyyəti alır və onları mənəvi kasıblığa aparır. Məhəbbət – ilahi bir duyğudur, onun qüdrətini maddiyyatla ölçmək mümkün deyil. O, insan qəlbinin ən incə, ən pak zənciridir və hər hansı bir hissdən yuxarıdır. Amma təəssüf ki, dünyada elə insanlar da var ki, məhəbbəti öz maraqları üçün qurban verirlər. Məhəbbəti maddiyyatla ölçməyə çalışmaq – onun əsl mahiyyətini başa düşməməkdir. Çünki həqiqi məhəbbət yalnız məhəbbət ilə cavablanar. Qəlbdən verilən sevgi qəlbdən cavab alar. O, maddi var-dövlət deyil, amma qəlbin təmizliyi, sədaqəti və sadiq hisslərlə qiymətləndirilən bir duyğudur. Həqiqi məhəbbətdə heç bir maraq və şəxsi fayda yer almaz. O, qəlbləri birləşdirir, həyata mənalı bir dəyər bəxş edir və insanı yüksəkliklərə aparır. Sevgi yalnız insanlara deyil, həm də varlığın hər bir tərəfinə qarşı ən yüksək hörmətdir. Biz yaradılan hər bir varlığa məhəbbət və mərhəmət göstərməklə öz həqiqi mahiyyətimizi tapırıq. Çünki məhəbbət – bu, Yaradanın bizə olan ən böyük lütfüdür. Həyata məhəbbət ilə baxan insan onun gözəlliyini hiss edir. Qəlbimizdə məhəbbət işığını yandırsaq, bu işıq yalnız özümüzü deyil, bütün ətrafımızı işıqlandırar. Çünki həyatın ən böyük dərsi və ən gözəl ibtidası məhəbbətdir. Maddi dünyadan çıxıb, mənəviyyat yoluna gedən insan yalnız həqiqi xoşbəxtliyə nail ola bilər. Çünki dünyanı saxlayan, onu əbədi yaşadacaq yeganə qüvvə – məhəbbətdir.
SEVGI SƏNƏTİ ³
Erich Frommunun “Sevgi Sənəti” kitabı — sevgi anlayışının ən dərin təhlili və izahıdır. Müəllif bu kitabda sevgini yalnız şəxsi hissiyat kimi deyil, həqiqi bir sənət olaraq təqdim edir. Sevgi burada sadəcə bir emosional hal deyil, insan həyatını mənalı və mənəvi zənginliklə dolduran mənalı bir proses kimi qəbul edilir. Kitabda sevginin nəzəriyyəsi bir neçə mühüm tərəfi ilə açıqlanır. Ata-ana və uşaq sevgisi, dostluq, Tanrıya məhəbbət, insanpərvərlik əsaslı sevgi kimi müxtəlif formalar ayrılıqda işlənir. E. Frommun fikrincə, sevgi yalnız təbii deyil, həm də sosial və mənəvi bir sənətdir. Müəllif sevginin insanın ən yüksək və böyük qabiliyyəti olduğunu vurğulayır və onu əldə edilə biləcək mükəmməllik olaraq görür. Əsərdə sevginin nəzəri və praktik tərəfləri qarşılıqlı şəkildə dərin təhlil edilir. Müəllif insanlar arasında səmimi münasibətlərin zəifləməyə başlamasına diqqət yetirir. O, sevginin maddiləşməsi və ona yanlış yanaşmalar barədə danışarkən, insanın qəlbindəki həqiqi hisslərin necə düzgün formalaşmalı olduğunu misallar vasitəsilə izah edir. Məsələn, insanlar sevgini maddi şeylər, güc və ya şəxsi maraqlarla dəyişdirəndə, onun mahiyyətinin itirildiyini aydın misallarla təsvir edir. Kitabın hər bir fəslində oxucunu sevgi anlayışına fərqli bir yanaşmağa çağırır. Müəllifin vurğuladığına görə, sevgi şəxsi, sosial və mənəvi bir sənətdir. Onun nəzəri tərəfini başa düşməklə yanaşı, praktik tərəfini də həyatda tətbiq etmək vacibdir. Kitabı oxuyan şəxs sevgi anlayışına münasibətini yenidən gözdən keçirəcəkdir. O, öz hisslərinin mənəvi savadını artıracaq və sevginin insan həyatındakı mərkəzi yerini dərin hiss edəcəkdir. Əsər insanlara öz səhvlərini anlamağı və sevgi vasitəsilə onları aradan qaldırmağı öyrədir. Müəllifin fikrincə, həqiqi sevgi insanın həyatının mənəvi məzmununu müəyyən edir, onun qəlbini zənginləşdirir və həyatına olan baxışını yüksəldir. Erich Frommunun “Sevgi Sənəti” əsəri hər bir oxucunu sevgiyə yeni bir gözlə baxmağa və onun mahiyyətini dərinliklə anlamağa təşviq edir. Bu kitab yalnız fəlsəfi və ya psixoloji bir əsər deyil, həm də insanın mənəvi yüksəlişi üçün mükəmməl bir rəhbərdir.
Müəllif: Cihangir NOMOZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
RAFİQ YUSİFOĞLU (1950) Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlıda anadan olmuşdur. O, orta təhsilini Qubadlıda aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. Bir müddət Sumqayıtın orta məktəblərində öz ixtisası üzrə müəllimlik etmişdir. Bu illərdə R.Yusifoğlu Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, “Azərbaycan poemalarının inkişaf problemləri” mövzusunda dissertasiya yazım müdafiə etmişdir. “Göyərçin” jurnalında əvvəl əməkdaş, məsul katib, sonra baş redaktor vəzifəsində çalışmışdır. Rafiq Yusifoğlu ”Yurdum-yuvam”, ”Ətirli düymələr”, ”Aylı cığır”, ”Ocaq yeri”, ”Qəm karvanı”, ”Həsrət köçü”, ”Böyük arzuya gedən yol”, ”Söz çəməni”, ”Təzə sevdalara doğru”, ”Çiçək yağışı”, “Şirin yağış” və sair kitabların müəllifidir. Rafiq Yusifoğlu “İlin ən yaxşı kitabı”, “Vətən”, “Araz”, “Qızıl qələm” və s. ədəbi mükafatlarına layiq görülmüşdür. Onun tərbiyəvi-əxlaqi məna kəsb edən şeirləri Azərbaycan məktəblilərinin dərsliklərində özünə xüsusi yer tutmuşdur. Şairin şeirləri xarici dillərə də tərcümə olunmuşdur. Onun əsərləri gənc oxucuları doğma torpağımızın zəngin gözəlliyi ilə tanış edir. Şair oxucusuna gah xalqımızın tarixi keçmişi haqqında məlumatlar verir, gah da oxucuları canlı təbiətlə tanış edir. Bütün bu mövzuların təsvirində canlı peyzaj yaradarkən oxucuların yaş xüsusiyyətləri və bilik səviyyələri nəzərə alınmışdır. Ona görə Rafiqin təsvir etdiyi mənzərələrə istinadən söylədiyi fikirlər oxuculara asanlıqla ğatır və onları razı salır. Rafiq Yusifoğlunun vətənpərvərlik duyğuları şeirləri vasitəsilə oxuculara sirayət edir. Ümumiyyətlə, Rafiqin şeirlərinin böyük bir qismi Azərbaycan torpağının bədii təsvirinə həsr edilmişdir. Müəllif uşaqlar üçün yazdığı şeirlərin quruluşuna xüsusi diqqət verir. Şairin uşaq şeirlərinin əksəriyyəti 4, 5, 6, 7 hecadan ibarət olur. Çünki şeirdə hecaların sayı çox olanda uşaqlara çətin gəlir. Ona görə də uşaqlar üçün çoxhecalı şeirlər təqdim etmək məsləhət görülmür. Problemin həllinə bu prizmadan yanaşsaq görərik ki, Rafiq Yusifoğlu əlinə qələm alanda uşaqların bu keyfiyyətini nəzərə alır. Bu baxımdan, “Adam balaca olanda” şeiri səciyyəvidir. Müəllif təsvir edir ki, adam balaca olanda onun arzuları böyük olur: Adam balaca olanda Çiçəyin dilini bilir. Kəpənəyin, qarışqanın, Böcəyin dilini bilir.
Ağacı, otu, sünbülü, Dağı, daşı danışdırır. Yerdə çəpişi, quzunu, Göydə quşu danışdırır.
Adam balaca olanda Uçmağa qanadı olur. Adam böyüdükcə, həyat Gözlərində adi olur. Uşaq aləminin, uşaq psixologiyasının təsviri Rafiqi maraqlandıran əsas məsələlərdən biridir. Şair uşaqların yeni il arzularını belə təsvir edir: Təzə il, ay təzə il, Gəlməyəsən gözə,il. Uğurlu qədəminlə Ömrümüzü bəzə, il.
Kaman gətir, saz gətir, Şirin bir avaz gətir. Dön zəfərlər ilinə, Ürəklərə yaz gətir.
Tez gəl, bizi sevindir, Yolu, izi sevindir. Doğmaları gözləyən Dağı, düzü sevindir.
Üzlərə işıq gətir, Gözlərə işıq gətir. Kül altında uyuyan Közlərə işıq gətir.
Sevincdən əsir dilim, Xoş gördük, təzə ilim! Gəlişinlə yurdumdan Dərd itsin ilim-ilim.
Müəllif bu şeirdə balaların bayram ovqatını bədii sözün qüdrəti ilə oxuculara çatdırır. Xalqımızın illərdən bəri müstəqillik uğrunda mübarizədə şəhid olmuş mərd oğulları şairin diqqətindən yayınmır. Xalqımızın and yeri olan şəhidlər xiyabanına həsr etdiyi şeirdə Rafiq Yusifoğlu balaca oxucularına elə gözəl duyğular aşəlayır ki, oxucuların nifrət dolu qəzəbini söndürmək olmur. “Şəhidlər xiyabanı” şeirində yazır: Şəhidlər xiyabanı – Müqəddəs and yerimiz. Mərmər daşlara hopub Bayatımız, şeirimiz.
Bizə güllə dəyəndə Bu torpaq yaralanıb. Onun sinəsi üstdə Məzarlar sıralanıb.
Mərdləri qorxutmayıb Namərdlərin gülləsi. Hər qəbir – azadlığa Gedən yolun pilləsi…
Əlimizdə qərənfil, Dilimizdə haqq sözü. Bu günahsız millətə Kömək olsun haqq özü!
Hər baş daşı çevrilib, Şərəf, qeyrət büstünə. Bir güllə qoyulubdur Hər məzarın üstünə.
Igid oğullarımız Cərgə ilə keçirlər. Məzarların önündə Diz çöküb, and içirlər.
Güllələri götürüb, Döyüşlərə gedirlər. Günahsız qurbanların Ruhunu şad edirlər.
Şəhid məzarlarından Gedən odlu güllələr, Düşmənlərin başına Alov saçar, kül ələr.
Geri dönər Xocalı, Geri qayıdar Şuşa. Şəhid ruhu şad olar, Dönər bir qızıl quşa.
Qarabağ torpağının Üstündə uçar, uçar. Hamımızın qəlbində Arzular çiçək açar…
Yaxın keçmişimizdə baş verən Xocalı soyqırımı hadisəsinə şairin həsr etdiyi “Xocalı şəhidlərinə” şeirini həyəcansız oxumaq mümkün deyil. Uşaq və gəncləri vətənpərvərlik ruhunda tərbiyələndirmək, düşmənə qarşə amansız nifrət hissi oyatmaq üçün bu əsərin böyük əhəmiyyəti vardır: Qan ağlayan nəmli gözlər Nə qədər yerə baxacaq? Allah, mənim ürəyimdən Bu tikan nə vaxt çıxacaq?
Hər papaqlı layiq deyil Kişi adı daşımağa! Biz almasaq bu qisası, Haqqımız yox yaşamağa!… Şeirin ümumi ideyasından məlum olur ki, erməni faşistləri Xankəndində yerləşən sovet qoşunlarının köməyi ilə azərbaycanlıların yaşayışməskəni olan böyük bir rayonun – Xocalının əhalisini qırıb, rayonun adını xəritədən silməyə çalışmışlar. Ermənilərin XX yüzılliyin sonunda törətdikləri bu faciə tarixə “Xocalı faciəsi” kimi daxil olmuşdur. Azərbaycan xalqı bu faciəni unutmayacaqdır. Rafiq Yusifoğlu uşaq və gənclərimizin qan yaddaşına öz şeiri ilə həkk etdiyi “Xocalı faciəsi”nə gələcək nəslimiz illər ötdükcə dönə-dönə müraciət edəcək, beləliklə, erməni millətçilərinə nifrət heç zaman azalmayacaqdır. Şairin mövzu dairəsi tükənməzdir. Onun “Ana dili” adlı şeiri Azərbaycan dilinin saflığı, şirinliyi, müqəddəsliyi uğrunda aparılan mübarizəyə həsr olunubdur. Balalarımız bu şeir vasitəsilə Azərbaycan dilinin Şərq aləmində ən potensional, enerjili dillərdən biri olduğunu öyrənirlər. Ananın özü kimi Ana dili müqəddəs. Damarımızda qandı, Ciyərimizdə nəfəs.
Şirin layla eşidib, Körpə dinclik tapıbdır. O dil ana südüylə Ruhumuza hopubdur.
Bəxtəvər ömrümüzün Mənasına dönübdür. Müqəddəs ruhumuzun Aynasına dönübdür.
Ana dili qürbətdə Vətənə dönə bilər. Düşmənlərin başında Mərmi tək dinə bilər.
Odur ən çətin anda Köməyimizə yetən. Ana dili yoxdusa, Nə ana var, nə vətən…
Şair Rafiq Yusifoğlu ədəbi irsinin böyük bir qismi uşaq və gənclərə ünvanlanmışdır. Bu baxımdan “Söz çəməni” kitabı böyük əhəmiyyət kəsb edir. Bu kitabda uşaqlara ana dilinin qrammatikası öyrədilir. Nitq hissələrinin, cümlə üzvlərinin, durğu işarələrinin hərəsinə ayrı-ayrılıqda şer həsr olunmuşdur. Məsələn, Əvəzlik haqqında belə yazılır: Çətinə düşənlərin Köməyinə gəlirəm. Neçə nitq hissəsini Əvəz edə bilirəm. Mən isimin, sifətin, Sayın, zərfin dostuyam. Neçə-neçə növüm var, Öz işimdə ustayam. Nə əmr etsən, hazıram, Demə həvəsim yoxdu. Əvəzliyəm, əvəzlik, Mənim əvəzim yoxdu… Rafiq Yusifoğlu şeirləri vasitəsi ilə dilimizdə az işlənən bir çox sözlər, eləcə də kənd təsərrüfatı və məişətdə işlənən alətlər ilə uşaqları tanış edir. Məsələn, herik şumu, sadaq, dəryaz, qəzil, cicim, örüş, dabbaq, çaşır, səllimi, sapand, teşi və s. Azərbaycan dilində az işlənən sözlərin izahını bilmək hər bir uşağa çox vacibdir. Etiraf etməliyik ki, dilimizdə işlənən bu sözləri nəinki uşaqlar, hətta mqəllimlərin çoxu bilmir. – Toyuğun ayağında Üzüyə bax, üzüyə. –Heç belə də şey olar? – Hamı güldü Həziyə. –Üzük deyil, bəs nədir? –Bax, əskidi, badışdı. Çəpərdən aşıb gedir, Çil toyuq çox nadincdi. Biz bu əskini onun Ayağına tikmişik, Qonşunun toyuğuyla Düşməsin tay-dəyişik. Şeirin məğzi uşaqlara öyrədir ki, toyuqlar dəyişik düşməsin deyə ayaqlarına tikilən rəngli parçaya badış deyilir.
Aydın Hacıyev, pedaqoji elmlər doktoru, professor. “Azərbaycan uşaq ədəbiyyatı tarixi”, Bakı, “Təhsil” nəşriyyatı, 2004, s. 221-226.
Mənbə: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib
16 noyabr tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Qızıl Qələm” laureatı, Bakıda Aşıq Pəri Məclisinin, Məhsəti Şairlər Məclisi İctimai Birliyinin və Naxçıvanda Heyran xanım adına yaradılmış Zərif Qadınlar Ədəbi Məclisinin üzvü, şairə Rəqsanə Tapdıqlının Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Zəngəzurdan Naxçıvana” adlı yeni nəşr olunan şeirlər kitabının təqdimat mərasimi keçirilib. Müəllifin qonaqlarının-“Naxçıvan Şəhid Ailələri”, “Naxçıvan Qaziləri” ictimai birliyinin üzvlərinin, bir qrup NMİ əməkdaşının, müəllim-tələbələrin və ailə üzvlərinin iştirak etdiyi mərasimdə öncə Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib. Təqdimatı giriş sözü ilə institutun Elm və innnovasiya məsələləri üzrə prorektoru Qurban Qurbanlı açıb.
Sonra NMİ Pedaqoji fakültəsinin dekanı Filologiya üzrə fəlsəfə doktoru dosent Samirə Həsənova, şair, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, Naxçıvan MR-in Əməkdar Mədəniyyət İşçisi, Prezident laureatı Həsənalı Eyvazlı, şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, AMEA Naxçıvan bölməsi İncəsənət, dil və ədəbiyyat İnstitutunun icraçı direktoru Elxan Yurdoğlu, şairə-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Sona Teymurbəyli, şəhid anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova, tanınmış şairə Dilbər Şahbuz, şəhid atası, Naxçıvan Şəhid Ailələri ictimai birliyinin sədri Mais Gülməmmədov, şəhid Ramazan Göydağlının atası Əbülfət Göydağlı, Naxçıvan Qaziləri ictimai birliyinin nümayəndələri, şairə Süsən Kərimli, digər qonaqlar, NMİ-nin müxtəlif ixtisaslardan olan şeirsevər tələbələri çıxış edərək kitablar, eyni zamanda vətən uğrunda canlarını qurban verən şəhid və qazilər haqqında dəyərli fikirlər söyləyib, müəllifə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, şeirlər qiraət ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, kitabda əsasən vətənpərvərlik mövzularına yer ayrılmış, təqdim olunan bütün mövzulara çox həssaslıqla yanaşılmış, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi də dərin ehtiramla yad edilmişdir. Natiqlər qeyd ediblər ki, bizlər şəhidlərimizin xatirəsini hər zaman hər yerdə olduğu kimi ərsəyə gətirilən kitablarımızda, şerimizdə, sözümüzdə də əziz saxlamalı, bu ehtiramı gələcək nəsillərə ötürməliyik. Sonda kitabın müəllifi, şairə Rəqsanə Tapdıqlı təqdimatın yüksək səviyyədə təşkil olunması münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyinə təşəkkürünü edib, tədbirdə iştirak edən bütün qonaqlara öz minnətdarlığını bildirib və onlara təqdimatı keçirilən yeni kitabından hədiyə edib, xatirə şəkilləri çəkilib.
Aygül Məmmədova Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis
Böyük rus yazıçısı N.Q. Çernışevskinin məşhur “Nə etməli?” əsərindən bu sitatı məqaləmiz üçün epiqraf seçməyimiz təsadüfi deyil. Düzdür, N.Q.Çernışevskidən əvvəl də Azərbaycanın fəlsəfi düşüncəsində qadına çox böyük qiymət verilmiş, qadın zəkası, qadın düşüncəsi yüksək dəyərləndirilmişdir. (ən azından Nizaminin məşhur “Erkək tinətliyəm, olsam da qadın, Hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsən bir az, Aslanın erkəyi, dişisi olmaz” bəndinə, H.Cavidin məşhur “Qadın” şeirinə nəzər salmaq kifayətdir). Lakin bizim məqsədimiz N.Q. Çernışevskinin “…Bu ağıl rədd olunmasaydı, öldürülməsəydi, fəaliyyət göstərsəydi bəşəriyyətin tarixi on dəfə sürətlə gedərdi” fikrinin həqiqət olmasına şərik çıxmaqdır.
Lakin zaman-zaman ədəbi prosesimizdə hiss olunan bu boşluq, xüsusilə, müstəqillik qazanıldıqdan sonra yavaş-yavaş dolmaqdadır. Belə bir zəruri ehtiyacın ödənilməsində Naxçıvan ədəbi mühitinin yetirməsi şair, nasir, publisist, tele-jurnalist və bəzi məqamlarda tənqidçi-tədqiqatçı kimi tanınan Təranə Arifqızının özünəməxsus rolu və imzası var. Təranənin yaradıcılığında, göründüyü kimi, ədəbi prosesin bir neçə janrı bu və digər səviyyədə özünü göstərsə də, şairlik onun yaradıcılığının əsas meyarıdır.
Həqiqətən də, qadın zəkası zaman-zaman əzilməsəydi, öldürülməsəydi,çox da uzağa getməyək, elə bizim ədəbiyyatda qadın yazarların sayı heç də azlıq təşkil etməzdi.
T.Arifqızı ədəbiyyata, demək olar ki, əsrimizin əvvəllərində gəlmiş və bu çağa qədər də onun “Mən şair olsaydım”,”Nə qədər ki, insan var”, ”Sözün bayatı rəngi”, ”İçimdəki səs”, ” Qarabağda 44 gün”, “Qələbəyə tələsən şəhid” kimi kitabları nəşr olunaraq elmi-ədəbi ictimaiyyətə təqdim edilib. “Payızın zəfər rəngi” kitabı isə şairənin oxucularla yeni görüşüdür.
Təranə Naxçıvan torpağının zaman-zaman yetirdiyi Heyran xanım, Qönçəbəyim, Kəmalə Ağayeva, Elmira Qasımova,Validə Hüseynova, Rahilə Elçin, Mətanət Hüseynxanqızı … kimi qadın şairləri sırasında öz imzası, öz səsi ilə seçilən şairdir. Onun şeirlərinə də zamanın axarı, ictimai mühitin dəyişkənliyi, şair və dünya kimi bəşəri mövzular aparıcı rol oynayır. şairlik təkcə şeir yazmaq deyil, şairlik hər şeydən əvvəl Tanrının, yaşadığın dövrün, zamanın və mənsub olduğun Vətənin, xalqın qarşısında cavabdehlikdir, məsuliyyətdir. Buna görə də şair yaşadığı zamanın, ictimai mühitin barometridir, bir az da dəqiq desək, bir yazımda dediyim kimi, qara qutusudur. Necə ki, təyyarənin qəza törətmə səbəbi təyyarəyə yerləşdirilmiş qara qutular oxunandan sonra müəyyənləşdirilir, müəyyən bir zaman kəsiyinin səciyyəvi xüsusiyyətləri də zamanında yaşamış söz adamlarının yaradıcılığı əsasında aşkarlanır, ictimailəşir. Bu nöqteyi-nəzərdən yanaşanda Təranə Arifqızının bir çox şeirləri zamanımızın xarakterik cizgilərini sabah üçün saxlanc edən şeirlərdir. Xüsusilə, onun yuxarıda adını çəkdiyim “Qarabağda 44 gün” şeirlər kitabı yaşadığımız yaxın keçmişimizin-44 günlük Vətən savaşımızın iftixar doğuran qalibiyyət anlarını sözün yaddaşına köçürən uğurlu poetik nümunələr toplusudu.
Təranənin şeirlərində bir qadın səliqə-səhmanı və həm də hər əzaba dözüm inadkarlığı var. O nədən, hansı mövzudan yazırsa yazsın, orada qadın ürəyinin hərarəti, sevinci, fərəhi, bəzən də, təbii olaraq, hıçqırıq və sarsıntıları da duyulmaqdadır. Bu da ondan irəli gəlir ki, hər bir şeir bir ovqatın, bir təbii düşüncə və duyğunun məhsuludur. İnsan təbiəti də həmişə dəyişkən, dyğusal və mütəhərrik olur. O daima yeni-yeni çalarlar, yeni-yeni hiss və duyğularla zənginləşir və bu zənginlik də zamanında şeirə, rəsmə, musiqiyə … çevrilir, bu sənət əsərləri də məqamında kiminsə ruhunu təzələyir, ona yeni ovqat, zövq və yaşamaq stimulu verir.“Etiraf” şeirində olduğu kimi:
Etirafın ən gözəli-
Yadların yadı olmaqdı.
Səndə səni tapmayana
Həsrətin dadı olmaqdı.
Yaxud da:
Etirafın ən gözəli
İçimizdə oturubdu.
Dili yoxdu,amma səsi
Bu dünyanı götürübdü.
Nümunə gətirdiyimiz bu iki bənddə təkcə bir şair ürəyinin çırpıntıları yox, həm də sevən, amma sevgisi “sevilməyən” bir qadın tənhalığının dilsiz etirafı diqqəti çəkməkdədir. O qadının ki, onun sevgisi və insani duyğusu pak və müqəddəs ol-duğu kimi, həm də “lal”dı, haray- həşirsizdi. Bəlkə də bu etiraf mövzusu bir qadın şairin yox, deyək ki, bir kişi şairin qələmindən çıxsaydı bu qədər səmimi və duyğusal təsir bağışlamazdı.
“Darıxır” şeirində isə insan tənhalığının acılarından doğan bir intizar və bir az da dəqiq desək bitməyən həsrət var:
Günü bitməyən günlərim,
Gəlməyən yaşım darıxır.
Arxamca kimlər atacaq?
Köksümdə daşım darıxır.
Bəlkə də bu kimi misralar kimlər üçünsə mücərrəd, anlaşılmaz görünər. Təbiidir. Hər kəsin bir baxış bucağı var. Lakin həsrətin köz kimi yandırdığı duyğusal oxucu üçün bu hisslər çox doğmadır. Ümumiyyətlə, Təranənin bu səpkili şeirlərində, belə demək mümkünsə, işıqlı bir kədər, bənzərsiz bir həsrət var ki, bunların da sonu vüsala qovuşmaqdır…Sonu sonsuzluğa qovuşmaq olsa belə…
Kitabdakı şeirlər mövzu baxımından rəngarəng və müxtəlif çeşidlidirlər.Vətən, zaman, sevgi və bu kimi digər mövzulu şeirlər şairin vətəndaşlıq duyğularının və məsuliyyətinin təzahürü kimi diqqəti çəkir.Yəni şeirlər nə qədər mövzu, hiss və üslub baxımından müxtəlif olsa da, onları bir-birinə küll halında bağlayan vahid bir amal, vahid bir məqsəd var:oxucunu insan kimi formalaşdırmaq, Vətənə, Millətə layiqli vətəndaş etmək. Buna görə də Təranə xanımın şeirlərində müqəddəs Ana nəfəsinin və Vətən torpağının hərarəti duyulmaqdadır. Bu duyğular da təbii ki, şairin Anaya,Vətənə qırılmaz tellərlə bağlılığından irəli gələn səbəblərdəndir.
Şairin vətənpərvərlik mövzusunda yazdığı onlarla şeirdən birinin adı “Zəfər payız” adlanır. Şeirdə illərlə yola saldığımız ənənəvi payızlardan fərqli olaraq millətimizə,Vətənimizə zəfər sevinci gətirən və tariximizin yaddaşına tarix kimi yazılan bir payız rəngi öyülərək vəsf edilir:
Mən sevirəm payız səni…
Oğlum payız,qızım payız!..
Möhtəşəmsən,qızıl payız!..
Poladların qıy səsini,
düşmənimin məğlub olan
“vay” səsini
qızıl,zərli rənglərində
gətirdin sən…
Şuşa dolu,Laçın dolu
ətirsən sən.
Namərdlərin yazdığını poza-poza,
yeni tarix,yeni era yaza-yaza
gələcəyə tələsirsən…
Elə buna görə də şair bu payızı illərin bütövlük həsrətinə son qoyan “Zəfər payız”ı adlandırır və bu qənaətində də yanılmır. “Payızın zəfər rəngi” dastanını igid oğullarımız al qanlarıyla yazıb. Ona görə o rəng əbədidir, unudulmazdır.
“Nağıl kimi,amma nağıl deyil ki…”,”Sədərəkdən Şuşayacan” kimi şeirlərində də şair yaşadığımız və qəhrəmanlıqlarla dolu olan tariximizin yadda qalan anlarını qələmə almışdır.
Oxuculara təqdim olunacaq “Payızın zəfər rəngi” kitabında şairin ilk baxışda təbiət şeirlərini andıran “Qar ətri”,”Qış nağılı”,”Mən zərif bir çobanyastığı” kimi şeirləri də toplanıb. Ancaq bu tipli şeirlərin özəlliyi ondadır ki, burada təbiət elementləri şair üçün ictimai ağrılarını, sosial qayğılarını oxucularla bölüşmək amalına xidmət edir. Daha doğrusu təbiət təbii obrazdan çox sosial duyğu və düşüncələrin ifadəçisinə çevrilir. Bu da şairin öz fərdi yazı üslubundan və yaradıcılıq manerasından irəli gəlir.“Qar ətri” şeirində bu duyğunu aydın sezmək müm-kündür:
İlıq dodaqların buz təbəssümün
asın, budaqların yalın əlindən.
Dəniz gözlərində qar ətri qalıb,
söylə, hara gedim sənin əlindən?
…Təbii ki, deyilən, yazılan hər bir söz, hər bir şeir nəbzi döyünən,ürək çırpıntıları hiss olunan İnsan adlanan canlı bir varlığın ruhsal aləminin təzahürüdür. Bu aləm nə qədər əxlaqi, mənəvi baxımdan duyğusaldırsa, zəngindirsə, onun ortaya qoyduğu söz süfrəsi də bir o qədər duyğusal və zəngin olacaq. M.Füzuli demişkən: ”Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Təranə Arifqızı da “öz miqdarında” olan şairdir. Onu bir şair kimi fərqləndirən və sevdirən də elə budur.
Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ otağında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, günaydın, ay Ağçiçəyim!
Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağçiçəyim!
Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam, borcumdur yoxlayım səni, Xoş gördük, günaydın, ay Ağçiçəyim!
ŞEHÇİÇƏYİM
Tacısan dünyamda tüm çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim… Sehrinə düşmüşəm, nur ləçəklərin, Əqli başdan alan, zər Şehçiçəyim…
Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönüb, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…
Bir kərə, bir anlıq olsa da, vüsal Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə də, gəl qoynuna al, Həsrətdə yaşamaq, zor Şehçiçəyim…
NƏ GÖZƏL
Dünyamızı çiçək görən, Gözlər nə gözəl, nə gözəl… Ruhumuza şəfa verən, Sözlər nə gözəl, nə gözəl….
Gül əkənlər, gül dərəcək, Qəlb deyəni, dil deyəcək, Düz əyrini, düz görəcək, Düzlər nə gözəl, nə gözəl….
Ustac olub sözə məftun, Daim gülən üzə məftun, Qəlbdə qalan izə məftun, İzlər nə gözəl, nə gözəl….
YARPAQ VƏ TORPAQ
Can verəni candan alı qoyarıq, Unudur yarpağa möhtacdır yarpaq… Torpağa su deyil, zəhər veririk, Marağa məəttəl qalıbdır torpaq…
Xəzələ aman yox torpağa çata, Qurumuş canıyla cana can qata, Əbədi qanunla rahatca yata, Süprülüb çöplüyə atılır yarpaq…
Torpağa ting deyil, sütun əkirlər, Arx, kanal yerinə hasar çəkirlər, Dəmirdən, betondan kəfən biçirlər, Gözü baxa-baxa gömülür torpaq…
Bizə can verənin canın almayaq, Bu iki aşiqin yolun burmayaq, Yarpağı torpağa həsrət qoymayaq, Yarpaq elə torpaq, torpaqdır yarpaq…
Ay Ustac, haqq deyən Nəsımı öldü, Haqq bir damladır, batilsə göldü, Qardaşlar tək gəlmiş Adəmi böldü, Bizlər unutsaq da, unutmur torpaq…
YAZ SEVDASI VAR
Bu payız bir başqa gəlir ömrümə, Güzün gümanında yaz sevdası var. Xəzana bürünüb bütün bağ, bağça Güzün gümanında yaz sevdası var.
Bu xəzan yelimi, ya bahar mehi? Bivaxt tumurcuqda, tər zəfər zehi, Qızılı yarpaqda zər qəhər şehi, Güzün gümanında yaz sevdası var.
Ustac, tac almısan Haqqın özündən, Gözəllər xoşhaldır şirin sözündən, Görməz, qəm süzülür qəmgin gözündən, Güzün gümanında yaz sevdası var.
ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz…
Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz!
Taclı şair şeir yazdı dodaqsız, Canın xanı yaranışdan qonaqsız, Şahi-cahan, yaşar səssiz, soraqsız, Hərgah coşsa, o çağını yaza yaz!
YARADAN YARATDI (Dodaqdəyməz) Tala tala, meşə meşə, dağı dağ, Yaradan yaratdı yer naxış-naxış. Sısqa sısqa, dərya dərya, arxı arx, Yaradan yaratdı yer naxış-naxış.
Aqil alar dərsi iki alandan, Haqq ayrılar, çıxar yağtək yalandan, Həyat keçər, əyri-əyri dalandan, Yaradan yaratdı yer naxış-naxış.
Taclı Şair, taxtın, tacın sirdi sirr, Sənə çatan baxtın, bacın sirdi sirr, Qarşı yatan ağrın, acın sirdi sirr, Yaradan yaratdı yer naxış-naxış.
GƏZDİM
Gəzdim, qarış-qarış Vətən torpağın, Hər dağda, dərədə izim var mənim! Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim!
Gəzdim, yorulmadan aranı, dağı, Seyr etdim, ən ucqar çəməni, bağı, Heç vaxt qınamadım zamanı, çağı, Çox bulaq başında üzüm var mənim!
Gəzdim, bu torpağı, mən oymaq-oymaq, Ən adi daşa da olmuşam qonaq, Hər otun, çiçəyin halın soraraq, Sinəmə yığdığım, sözüm var mənim!!!
Sözün də rəngarəng duyğu çalarlarına bələnib öz havasını yaratmaq, bu havanın sirli-sehrli mənzərəsində şeir olmaq istəyinə misra-misra, bənd-bənd qovuşmaq və yaşam vermək qüdrəti var. Sözün çiçək dilli baharından xəzəl güllü payızınacan yaratdığı poetik tablolar elə təbiət hadisələri kimi möcüzələrlə dolu olur.
Havası özündən baslanıb özündə qurtaran yollar kimi sonsuz olan təlatümlü şair ürəyi fikir yükündə dolub-daşan kövrək çırpıntıların duyğu-duyğu şeir düzənini yaradır.
Bu düzən kövrək görüşlərin, uzun-uzun ayrılıqların, həzin qəribliyin, ömürdən xəzəl-xəzəl uçub gedən illərin sapsarı xatirələr məcmusudur, ömür pəncərəsini döyəcləyən yağış damlalarının poetik qoxusudur.
Təranə Arifqızının da özünəməxsus poeziya havası var, şair öz içini sözün baharıyla doldura bilir, sonra öz baharından süzülüb gələn havanın poetikasını yaradır. Bu havada nələr yoxdu,- “sözün içində doğulan noyabr günəşi”, “buz tutmuş qaranlıqlar”, “cənub istisində şimal qışı”, “gedənlərin gəlişinə anaların gözlərindən axıb gedən gülüşlər”, “yaralı daşların sarğıları, dörd divarın harayı”, “ağ olsun deyə gecəni ağartmaq, gündüzün isə üzünə qara çəkmək”, daha nələr, nələr. Bütün bu fikir düzümünün başında şairin şeir olmaq istəyi mövcuddur:
Şeir olmaq istəyirəm,
Ağdam kimi, Şuşa kimi.
Qırx dörd gündə bir körpənin
Böyüdüyü yaşa kimi.
Qürur hissi ilə qeyd edim ki, “Qırx dörd gün” ifadəsi dünyanın döyüş tarixinə qızıl hərflərlə yazılan bir ifadədir və bu ifadəni yazan və yazdıran oğullarımızın qarşısında baş əyirik. Ədəbiyyatımızın da əbədi və ədəbi obrazına çevrilən bu döyüş Təranə Aifqızının yaradıcılığında mühüm yer tutur. Şair bu kitabında yer alan bir çox şeirində Ağdam kimi, Şuşa kimi, Suqovuşan, Xudafərin, İsa bulağı, Cıdır düzü, Xarı bülbül kimi şeir olmaq istəyir.
Vətən mövzusu, Vətənə həsr edilən şeirlərin uğurlu şair ömründən keçən ana xəttdir. Bu xəttin üstündə sətirlənən ana yurdun gözəllikləri, şairin ruhunu yerindən oynadan gürşad bulaqlar, şaqraq nəğməli şəlalələr, füsunkar yamacların tül örpəyi, dən-dən sünbüllənən dalğalı zəmilər, xəyalların yel qanadındakı uçuşuna heyrətamiz baxışlar, xatirələrə sarınan kövrəklik, xiffətli torpaq duyğuları poeziya işığında daha da böyüyür, öz poetik məcrasını tapır.
Dövrümüzün bu günki Zəfər havasını poeziya aləmində, fikir məkanında daha da rövnəqləndirmək, sözün oxucu bazarında bədii çəkisini qoruyub saxlamaq, şeirsevərləri öz ürək çırpıntılarının daimi qonağı edə bilmək hər şairə nəsib olmur. Ölməz oğullarımızın ölümsüzlük obrazını yarada bilmək üçün gərək bu misrslardan keçə biləsən:
Şəhid olmaq-bu torpağı ürəyində qucaqlamaq,
Düşmənini yox etməyə gözündə qılınc saxlamaq!
Təranə Aifqızının nəzmə çəkilmiş düşüncələri obrazlı şəkildə ifadə edə bilmək, dolğun və bədii çalarlarla zənginləşdirərək misralara düzmək qabiliyyəti onun uğurlu ədəbi taleyindən xəbər verir. Bu məziyyətlər Təranə Aifqızının şeirlərində bir az da dəyər tapır, genişlənir və Azərbaycan adlı məmləkətin bütün ərazilərindən keçən rəngarəng mənzərəyə çevrilir. Şair bu bədii rəngarəngliyin adını çox düzgün seçib: “Payızın zəfər rəngi”.
Şairin yaratdığı payızın zəfər rəngi çox şaxəlidir, mövzular rəngarəng və düşüncələr səmimidir. Şeirlər oxunaqlı olmaqla bərabər oxucuda təlatümlü ovqat yaradır.
Dağ altından sızır Şapur bulağı,
Su üzündə gülür quzuqulağı,
Ayağıma sığal çəkir alağı,
Möcüzə danışır dilim, a dağlar.
Bu yerlərin bənzərsiz təbiətindən tutmuş zəhmətkeş insanlarınadək bütöv bir Vətəni vəsf edən şairin ilhamı Haçadağın havası kimi saf, Batabatın suyu kimi dumdurudur.
Dolana-dolana qalxdım yaylağa,
Bir dərəyə baxdım, bir də oylağa,
Ətək saldı yanğım buz Zorbulağa,
Göynədi dişlərim, deyim, Batabat.
“İçindəki ağrıyla sükütu yandıran və tüstüsü gözündən çıxan, eyni zamanda baxışı buza dönən” şairin poetik dilinin rəvanlığı, bu rəvanlığın içindəki şipşirin dialektin dadlı-duzlu tamı oxucunu sehrləyir. Bu sehrin qədim söz eli olan Naxçıvandan qaynaqlanan mənbəyi ər-ərənlərin cəngində, dədə-babaların sazlı-sözlü dünyasında qərar tutmaqla yanaşı bənd-bənd, sətir-sətir bütün Azərbaycanı dolaşır, öz poetik izlərini söz-sənət məkanına əbədi həkk etməyə çalışır:
Mən yolu tutub getdim,
Sənsə mənim izimi.
Mən səni qırıb getdim,
Sənsə mənim dizimi.
Günəşi saldıq tora,
Aya kələk gəldik biz.
Gah iblisin özüydük,
Gah da mələk gəldik biz.
Şairin bu şeirini oxuyanda göz önündə “ürəkdən yıxılan” və “daş kimi ovcunda sıxılan” duyğulu anların qərib və pərişan halı canlanır, ”bu isti havanın əlindən tutub sərin sevgiləri yola salmaq” istəyirsən və hər kəsin bu dünyada qərib yolçu olduğunu duyunca yenə də öz könül dünyanla baş-başa qalırsan.
Hər kəs bu dünyada qərib yolçudu,
Doğma ürəklərdə arzular qərib…
Getməyə yer yoxdu, sevməyə insan,
Sevilən də qərib, sevən də qərib…
Sözümün əvvəlinə qayıdıram. Əminliklə deyə bilərəm ki, payızın zəfər rəngini vəsf edənTəranə Arifqızının şeir olmaq istəyi çin çıxıb. “Payızın zəfər rəngi” bir şairin öz halal istedadının qanadlarıyla poeziya kəhkəşanında dövrə vurur, sözü sükutlu, sükutu sözlü olan şeiriyyət tufanından keçib haysız-küysüz, məzmunlu və dupduru sənət peyzajı yaradıb. Şair söz payızından boylanan tablolarındakı təxəyyülünü kövrək duyğuların saf havasında göyüm-göyüm göyərdə bilib.
Mən Təranə Arifqızının poeziyasındakı payızın zəfər rəngləri ilə doğmalaşa bildiyim üçün məmnunam, mənə yaşada bildiyi sözün ölməz havasına görə ona minnətdaram.
Xiyabanda tək-tənha gəzə-gəzə için-için yanıram, özüm boğuluram öz tüstümə. Elə bil payız ağlayır, bəbəklərindən sarı-sarı damlalar yağır üstümə… Gözlərim kimisə görməyə tələsir, Ürəyim köksümdə bir sarı yarpaq kimi tir-tir əsir… Boylanıram uzaqlara, elə bilməyin ki, duyğularım korşalıb, hisslərim keyləşib. Parkdakı skamyaların üstündə bir vaxt gözəllər əyləşirdi, indi xəzəllər əyləşib…
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.