Azərbaycan musiqisində yeni nəfəs

Azərbaycan musiqisində yeni nəfəs

Azərbaycan musiqi mədəniyyəti tarixində yeniliklər və ilk addımlar hər zaman xüsusi əhəmiyyət daşıyıb. Milli musiqi ənənələrinə sadiq qalan və eyni zamanda dünya musiqisinin yeniliklərini diqqətlə izləyən Naxçıvan musiqi mühiti bu dəfə daha bir ilkə imza atdı. Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin kino musiqilərindən ibarət konsertində ilk dəfə olaraq pan fleyta aləti səhnədə səsləndi. Bu yeniliyi auditoriyaya təqdim edən gənc ifaçı Aysel Eminli isə bu uğuru Azərbaycan musiqisinin inkişafına böyük və çox önəmli bir töhfə kimi dəyərləndirir. “Mənim üçün bu addım fərqli ifa ilə yanaşı, həm də məsuliyyət dolu bir missiya idi. Pan fleyta Azərbaycanda indiyədək dinləyiciyə təqdim olunmamışdı və onun ilk səslənişi həm ifaçı, həm musiqi ictimaiyyəti, həm də tamaşaçılar üçün yeni bir təcrübə idi. Simfonik orkestrin müşayiəti pan fleytanın zərif və nəfəsdolu tonunu daha da vurğuladı. Xüsusilə kino musiqilərinin emosional xətti alətin yumşaq tembrinə uyğun gəlirdi. Konsert salonunda yaranan musiqi atmosferi bir çox tamaşaçının ifadə etdiyi kimi “fərqli, incə və ruhu dincəldən” bir auraya çevrildi” , – deyə Aysel bildirir.
Pan fleyta qədimdən müxtəlif xalqların mədəniyyətində mövcud olub. Lakin Azərbaycan musiqisində bu alət indiyə qədər istifadə edilməyib. Aysel Eminli bildirir ki, pan fleyta həm texniki, həm də nəfəs idarəsi baxımından çətin alətdir:“Klassik leytada barmaq və dodaq aparatının rolu əsas yer tutur. Pan fleytada isə barmaq, demək olar ki, istifadə olunmur. Səs başın fərqli istiqamətlərdə hərəkət etdirilməsi ilə alınır və alətin idarəsi, əsasən, əl ilə tutularaq ifa edilir. Nəfəsin hərəkəti, istiqaməti, gücü ayrıca idarə tələb edir. Bir notasız belə səsi təmiz almaq üçün bəzən saatlarla məşq etmişəm”.
Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri ilə hazırlanan konsert həm repertuar seçimi, həm də orkestr uyğunlaşdırması baxımından xüsusi yanaşma tələb edib. Aysel deyir ki, orkestrlə məşqlər zamanı pan fleytanın səslənməsi üçün müəyyən harmonik düzəlişlər də edilib: “Alətin səslənməsi orkestrdə ənənəvi alətlərdən fərqlidir. Dirijorla birlikdə çox işlədik ki, orkestr pan fleytanın zərif səsini örtməsin, əksinə, tamamlasın. Bu, bir komanda işi idi”.
Konsertin sonunda alətin yaratdığı ab-hava həm orkestr üzvləri, həm də tamaşaçılar tərəfindən xüsusi olaraq qeyd edildi.
Aysel Eminli bu təqdimatı sıradan bir çıxış yox, Naxçıvan musiqisi üçün irəliləyiş adlandırır: “Bizim musiqi mühitimiz həmişə yeniliyə açıq olub. Pan fleytanın burada səslənməsi də bunu göstərdi. Naxçıvanda belə bir ifanın baş tutması mənim üçün qürurdur.”
Gənc musiqiçi deyir ki, bu addım gələcək ifaçılar üçün də yeni imkanlar yarada bilər. Çünki pan fleytanın səsi Azərbaycan xalq və kino musiqisi üslubuna olduqca uyğun gəlir.
Aysel Eminli pan fleytanı geniş repertuara daxil etmək, bu aləti həm klassik, həm də xalq musiqiləri ilə uyğunlaşdırmaq və yeni layihələrdə təqdim etmək niyyətində olduğunu bildirir: “İstəyirəm ki, pan fleytanı təkcə bir dəfə yox, davamlı şəkildə eşidək. Azərbaycan bəstəkarlarının əsərlərini bu alətlə ifa etmək, yeni adaptasiyalar hazırlamaq istəyirik. Hətta gələcəkdə pan fleyta üçün xüsusi kompozisiyalar da yazıla bilər”.

Aysel Eminlinin ilk pan fleyta ifası Azərbaycan musiqisində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu alətin səhnəyə gətirdiyi yeni səs, yeni nəfəs musiqi dinləyicilərinin zövqünü zənginləşdirir və yerli musiqi mədəniyyətinin inkişafına töhfə verir.
Gənc ifaçının bu uğuru Naxçıvan musiqi mühitində yeniliyin və yaradıcılığın hər zaman özünə yer tapdığını bir daha sübut edir. Pan fleytanın Azərbaycandakı səsi isə görünür ki, bundan sonra daha tez-tez eşidiləcək.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Gülər Nizamiqızının “Sənsizlik” kitabından

“Sənsizlik” – Sevgisi bitməyən, qovuşa bilməyən iki taleyin hekayəsi

Bəzən sevgi qovuşmaqla yox, qovuşa bilməməkdən doğur. “Sənsizlik” kitabı da məhz bu yanğının, bu susqunluğun içindən yaranıb. Uşaqlıqdan bir-birini sevən iki qəlbin hekayəsi… lakin toxunmadan,danışmadan, eyni şəhərdə yaşayıb, fərqli talelərdə itən iki insanın dramı.Onların arasına həyat yox, məsafə yox inamsızlıq, qısqanclıq və qürur girdi. Elə üç duyğu ki, iki ürəyi bir-birindən ayırmaq üçün bəzən bütün dünyanın gücü yetməz, amma qürur yetər…Eyni şəhərdə yaşadılar, eyni küçələrdən keçdilər, eyni dənizin qoxusunu içlərinə çəkdilər. Amma bir evdən o biri evə gedən yol, qəribəsi budur ki, dünyanın ən uzun məsafəsinə çevrildi. Onlar yaxın idilər, amma yaxınlaşa bilmədilər; sevdilər, amma etiraf etmədilər; gözlədilər, amma addım atmadılar.
“Sənsizlik” təkcə ayrılığın deyil, söylənməmiş sözlərin ağırlığının kitabıdır. Bu əsərdə oxucu sevginin necə yarandığını deyil, necə susdurulduğunu görür. Bəzən sevgi bitmir,sadəcə danışa bilmir. Bəzən iki insan sevir, amma iki qürur icazə vermir.Və bütün bunlara baxmayaraq… onların bir-birinə sevgisi tükənmədi.Nə illər, nə yollar, nə ayrılıqlar onu öldürə bilmədi. Çünki bəzi sevgilər müqavimət göstərmir sadəcə yaşayır.Bu kitab oxucunu bir cümlənin içində dayandırır:
“Bəzən ayrılıq iki ürəyin yox, iki qürurun yazdığı hekayədir.”
“Sənsizlik” sevməyin əzabını, ayrılığın sükutunu,qovuşmamağın ağrısını yaşadan bir əsərdir. Oxuyanı düşündürən, düşündürdükcə yandıran…
Bu kitabda sevgi məğlub olmur. Sadəcə səssiz qalır.

Müəllif: Gülər Nizamiqızı

“Sənsizlik” kitabının müəllifi

GÜLƏR NİZAMİQIZININ YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın “Beyin qurdu”: – Cəmiyyətin gizli parazitləri üzərinə satirik bir baxış

Zaur Ustacın “Beyin Qurdu”: – Cəmiyyətin gizli parazitləri üzərinə satirik bir baxış
Zaur Ustacın hekayələri arasında “Beyin qurdu” xüsusi yeri olan, həm bədii, həm də satirik dəyəri ilə seçilən nümunələrdən biridir. Əsərdə müəllif gündəlik həyatımızda adiləşmiş, lakin mahiyyətcə dərin sosial problemlərin alt qatını yumor, satira və hiperbolik obrazlar vasitəsilə açır. Burada təkcə bir ailənin səhər yeməyində baş verən hadisələr deyil, bütöv bir təfəkkürün, düşüncə tərzinin, sosial münasibətlərin iç üzünü görürük.
Fərd mənsub olduğu ailəni təmsil etdiyi kimi, ailələr də daxil olduğu  cəmiyyətin güzgüsüdür.
Hekayədə Tutaqalxanovlar ailəsi əslində cəmiyyətin müxtəlif təbəqələrini simvolizə edir:
-Ata Tutaqalxanov – imkanlı, hakimiyyətə yaxın, sərt görünən, amma əslində isə çaşqın və məntiqsiz qərarların içində itib-batan tipik məmur obrazı.
-Xanım Tutaqalxanova – zahiri mədəniyyət, daxilən isə körpə kaprizlərinin əsiri olan ana arxetipi.
-Gənc xanım – ərköyün, kaprizli, sosial sərhədlərdən xəbərsiz yeni zəngin nəsli.
-Oğul Tutaqalxanov – böyümüş, amma hələ də uşaqlıq xüsusiyyətlərindən xilas ola bilməmiş simvolik bir obraz.
-Nənə – keçmişin səsi, köhnə mif və inamların daşıyıcısı.
-Fətulla (Fətiş) – bu ailənin həm quludur, həm də əslində ən “sağlam” olanıdır, ancaq onlar tərəfindən ən çox məsxərəyə qoyulanıdır.
Bu ailə təkcə bir ailə deyil – varlı-karlı təbəqənin özlərinin süni şəkildə yaradaraq indi də içində boğulduqları çirkabın, düşüncə pozuntularının karikaturasına çevrilmiş kiçik bir cəmiyyət modelidir.
Hekayənin əsas süjet xəttini “beyində qurd” metaforası təşkil edir. Zaur Ustac burada həqiqi parazitdən deyil, məcazi parazitin – tənbəllik, irrasional düşüncə, kapriz, boş həyat tərzinin insan beyninə necə yerləşdiyini göstərir.
Oğul Tutaqalxanovun Fətullaya baxıb: –  “Mən o qurddan istəyirəm. Mən də kişi kimi olmaq istəyirəm.” – deməsi sadəcə məzəli deyil – faciəvi dərəcədə düşündürücüdür. Çünki bir ailədə, bir cəmiyyətdə dəyər ölçüləri bu qədər alt-üst olanda:
-iradə yox olur,
-düşüncə tənbəlləşir,
-məsuliyyət hissi ölür,
-insan özünü başqasının “qurdu” vasitəsilə inkişaf etdirməyə çalışır.
Bu mənada “qurd” – yalnız parazit deyil, zatən düşünməyi bacarmayan insanların beyninə yerləşmiş təzadlı düşüncə formasıdır.
Satiranın gücü və müəllifin ironiyası ilk nidadan son zərb-məsələ qədər bütün hekayə boyu səngimir. Zaur Ustac əsasən dialoq üzərində qurulmuş bu kiçik həcmli mətndə bir ailənin üzvləri olsalar da bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif xarakterli insan obrazları yaratmağa müvəffəq olmuşdur.
Hekayədə dialoqlar sürətli, yumorlu, teatrvari qurulub. Ustac satiranın dilini ustalıqla işlədərək:
-absurdu adi hal kimi göstərir,
-dramatik olanı komik, komik olanı dramatik edə bilir,
-cəmiyyətin eybəcərliklərini oxucunun gözünə dik tutur.
Eyni zamanda hekayə boyunca “qurd” ifadəsi müxtəlif məna çalarları qazanır: bioloji, məcazi, sosial, psixoloji. Bu da əsərin çoxqatlılığını təmin edir.
Əsərdə həkim obrazı sanki məntiqin son qalası –  xaricdən gəlmiş bir “realist” kimi təqdim olunur. O, vəziyyətin absurdluğunu başa düşsə də, ailənin təfəkkür sistemi onun məntiqi izahlarını belə əritməyə qadirdir. Sonda həkim də ironiya ilə danışmağa başlayır – çünki bu mühitdə məntiqin səsi eşidilmir.
Bu obraz vasitəsilə müəllif:
-elmi düşüncənin,
-məntiqin,
-sağlam təfəkkürün
cəmiyyətlərdə necə boğulduğunu göstərir.
Əsərin sosial mesajı da zamanla səsləşir.
“Beyin Qurdu”nun mesajı sadədir, amma çoxqatlıdır:
-Zehnində qurd olanlar, əslində düşünə bilməyən insanlardır.
-Əsl qurd insanın öz daxilindədir – tənbəllik, məsuliyyətsizlik, kobudluq, laqeydlik.
-Cəmiyyətin bəlası savadsızlıq deyil, düşüncənin deformasiyasıdır.
-Xəstəliyin özü yox, xəstəliyə inanma tərzi daha təhlükəlidir.
Zaur Ustac bu hekayəsi ilə göstərir ki, insanın ağlına yerləşən qurdlar ən qorxulularıdır; çünki onları nə mikroskop göstərir, nə dərman sağaldır. Onlardan xilas olmağın yeganə yolu – düşünmək, ayılmaq, dəyər ölçülərini yenidən qurmaqdır.
“Beyin Qurdu” həm güldürür, həm düşündürür, həm də sarsıdır. Müəllif satiranı güclü silah kimi işlədərək cəmiyyətin eybəcərliklərini ustalıqla ifşa edir. Bu hekayə göstərir ki, problem qurdun özündə deyil – insan beynində özünə yer tapmasına şərait yaradan təfəkkürdədir.
Zaur Ustac bu əsərilə bir daha sübut edir ki, satira təkcə gülüş deyil, həm də düşüncə mədəniyyətini olduğu kimi əks etdirən güzgüdür.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas, tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÜLEYMAN ABDULLA – BİR GÜNÜN ŞEİRİ

BİR GÜNÜN ŞEİRİ

Səni unutmağın məqamı gəldi,
Tanış olduğumuz özəl bir gündə.
Səninlə yetişdi son deyilən an,
Səninlə başlayan əzəl bir gündə.

Səndin ləzzət qatan ömrün dadına,
Keçənləri arada sal yadına.
Bir gül şəkli çəkdim sənin adına,
Adın çiçəklədi gözəl bir gündə.

Bu axan zamanı kim saxlar, ömrüm,
Adamı qaçdığı tez haxlar, ömrüm,
Yasəmən taleyi yarpaqlar ömrüm,
Və qəfil saralar xəzəl bir gündə.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” adlı kitab işıq üzü görüb

“Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” adlı kitab işıq üzü görüb

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” layihəsi çərçivəsində keçirilmiş esse müsabiqəsinin qalib yazılarından ibarət kitab nəşr olunub.
Layihə çərçivəsində kitabın təqdimat mərasimi də təşkil edilib. Təqdimatda tanınmış ziyalılar, elm adamları, saz və söz ustadları, mədəniyyət nümayəndələri iştirak edərək müsabiqənin əhəmiyyətindən və gənclərin Qərbi Azərbaycan mövzusuna göstərdiyi diqqətdən bəhs ediblər. Tədbirdə kitabın mövzusu, esselərin ideya istiqamətləri və gənclərin milli-mədəni yaddaşın qorunmasına verdiyi töhfələr xüsusi vurğulanıb.
Müsabiqə Azərbaycan Respublikasının tam orta məktəblərinin 10–11-ci sinif şagirdləri, həmçinin peşə və kollec tələbələrinin Qərbi Azərbaycan mövzusunda biliklərini, analitik düşüncəsini və yaradıcılıq bacarıqlarını qiymətləndirmək məqsədilə təşkil edilmişdir.
Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən yüzlərlə esse təqdim olunmuş və münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlara əsasən qiymətləndirilmişdir. Nəticələrə əsasən, ölkə üzrə 14 Regional Təhsil İdarəsi üzrə I, II və III yerlərin qalibləri müəyyən edilmişdir.
Müsabiqə şərtlərinə görə hər regional üzrə I yer üzrə 1 esse, II yer üzrə 2 esse, III yer üzrə 3 esse qalib elan edilmişdir. Beləliklə, ümumilikdə 84 esse seçilərək kitabda toplanmışdır. Nəşrdə gənclərin Qərbi Azərbaycan tarixinə, mədəni irsinə, deportasiya yaddaşına və milli kimlik mövzularına dair yaradıcı baxışları və analitik yanaşmaları öz əksini tapır.
Qaliblərə layihə çərçivəsində diplom, fəxri fərman və təşəkkürnamələr təqdim olunacaqdır.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyi müsabiqədə iştirak edən bütün şagird və tələbələrə təşəkkür edir və onların Qərbi Azərbaycan mövzusuna göstərdiyi marağı yüksək qiymətləndirir.

Dədə Ələsgər Ocağı İctimai Birliyi

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏLİ RZA XLƏFLİNİN 65 YAŞI QEYD OLUNACAQ – TƏBRİK!

ƏLİ RZA XLƏFLİNİN 65 YAŞI
və yeni Kitablarının təqdimatı qeyd ounacaq

Eheyy, doquzuncu əsr, sənə salam var,
İndiki zamanın, əsrin adından.
Ruhumda, canımda Babək qalam var,
Yəqin ki, çıxmayıb hələ yadından.

…Səni çağırıram doqquzuncu əsr,
Səsimi eşitdin, niyə dinmədin?!
Təbriz can üstədir, Qarabağ əsir,
Bəs hanı cihadı, niyə susur din?!
(Ə.R.Xələfli)

Sayğılı dostlar!
Drili Qurbani Məclisinin üzləri və qurbanisevərlər!
Saza-sözə könül bağlayan istəkli qələmdaşlar!
Bildiririk ki, görkəmli nasir, şair və publisist, AYB və AJB-nin üzvü, bir sıra nüfuzlu ədəbi ödüllərin mükafatçısı, Prezident təqaüdçüsü, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin anadan olmasının 65 illiyi və son dövr nəşr ounmuş kitablarının təqdimat mərasimi 5 dekabr 2018-ci il tarixdə, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Klubunda keçiriləcəkdir. Geniş tərkibdə oxucu kütləsini, o cümlədən tanınmış ədəbi simaları, elm adamlarını, mədəniyyət və incəsənət xadimlərini, bədii söz ustalarını, digər ədəbiyyatsevərləri əhatə edəcək bu tədbir gerçəkdən bir ədəbiyyat-mədəniyyət şöləni kimi yaddaşlara yazılacaq. Qeyd etmək yerinə düşər ki, sayın Əlirza müəllim məclisimizin təsis yığıncağında (2004) bizimlə bir arada olmuş, qurulmaq istəyində bulunan sazlı-sözlü məclisimizə xeyir-duasını əsirgəməmidir. İlk illərdə, DQM-nin fəaliyyəti onun rəhbərlik etdiyi qəzetdə (“Kredo”) işıqlandırılmış, məclis üzvlərinin yaradıcılıq nümunələrinə yer verilmiş, Ə.R.Xələflinin dəvəti ilə məclisimizin 2-ci toplantısı bu qəzetin redaksiyasında keirilmişdir. Təsadüfi deyildir ki, məclisimiz də Ə.R.Xələflinın bu təmənnasız ədəbi xidməti qarşılığında onun həyat və yaradıcılığı ötən məclislərimizin birində yüksək səviyyədə qeyd olunmuşdur. Beş il öncə Ə.R.Xələflinin 60 illik Yubileyi ilə əlaqəli keçirilən toplantılarda da məclis üzvlərindən bir neçəsi bu tədbirə qatılmışdılar. Şübhə etmirik ki, bu dəfə də belə olacadır.
Əli Rza Xələflinin sənət dünyasına bir başqa ovqatda baş vurmaq, sehirli qələm məhsulları ilə bağrıbadaş olmaq istəyirsinizsə, yuxarıda diqqətinizə yetirdiyimiz tarixi, zamanı və məkanları UNUTMAYIN! Gəlin ha, GÖZLƏYİRİK!
İstəkli Söz adamları, şeirin-sözün keşiyində duranlar, gəlin ki, ƏLİ RZA XƏLƏFLİNİN 65 YAŞInı birlikdə yaşayaq! Birlikdə yaşayaq ona görə ki, bu ömür qeyri-adi olmasa da belə, onu çağımızacan sürmüş Əli Rza Xələfli Ruhu Vətən ağrısı üstə daha çox köklənib deyə, Yurd istəkli-Yurd həsrətli hər kəsə bu ömür yaşantısından bir pay düşür. Necə ki, yazır:

Həsrətimdən küləklər bir pay qurda aparsın,
Dağılmasa buludlar üzü nurda aparsın.
Üstümdən əsən yellər yön tutsun Qarabağa,
Nəfəsimdən bir ah da bizim yurda aparsın.

Yusif DİRİLİ,
DQM-nn Sədri

YUSİF DİRİLİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mikayıl Məxfinin təmsilləri

BİR VAXT
Bir vaxt məst olub,
İşrətdən, dəmdən.
İndi ayılmır
Qüssədən, qəmdən

GÖR-GÖTÜR
Nə qara düşüb,
Nə də borana:
“Dəlidağ” deyir
Qışda arana.

LƏLƏ KÖÇÜB
Müdir fermada işi
Elə sahmana salıb,
Malın kökü kəsilib,
Lələ köçüb, yurd qalıb…

Müəllif: Mikayıl Məxfi

MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məhəmməd Əsəd bəy -Qurban Səid kimi tanınmışdı

Özünü azərbaycanlı hesab edən, “Əli və Nino”, “Şərqdə neft və qan” əsərlərinin müəllifi, həyatı faciəli şəkildə bitən dünyaşöhrətli yazıçı Məhəmməd Əsəd bəy.
O, ədəbiyyat dünyasında Qurban Səid kimi tanınmışdı.

Lev Abramoviç Nussimbaum 1905-ci ildə yahudi ailəsində anadan olub və Azərbaycanın Bakı şəhərində böyüyüb.

Onun atası Bakıda neft mədənlərinin sahibi idi.

1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunmasından sonra Avropaya mühacirət edib.

1922-ci ildə Berlində türk konsulluğunda islam dinini qəbul edərək rəsmi olaraq Məhəmməd Əsəd bəy adını götürdü.

1922–1932-ci illərdə Berlində yaşamış və burada beynəlxalq ədəbi şöhrət qazanmışdır. Məhəmməd Əsəd bəyin yazdığı “Əli və Nino”, “Şərqdə neft və qan”, “Nikolay II: Qanlı Çar”, “Stalin: Təcavüzkarın bioqrafiyası” və “Məhəmməd: Bir bioqrafiya” kimi əsərlər ona beynəlxalq şöhrət gətirmişdi.

Məhəmməd Əsəd bəy mühacirətdə yazdığı məqalələrində öz vətəni olan Azərbaycanın Sovet Rusiyası tərəfindən məhv və talan edildiyini dəfələrlə qeyd edirdi.

Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi tələbələrdən biri olan, “Qurtuluş” jurnalının baş redaktoru, mühacir Hilal Münşi Məhəmməd Əsəd bəyə qarşı kampaniya başlatdı və Gestapoya, Almaniyanın xarici işlər Nazirliyinə onun əleyhinə dəfələrlə donos yazdı. O, Almaniyada yaşayan azərbaycanlıları da buna səfərbər etdi. Deyilənə görə, bu kampaniya paxıllıq zəminində idi.

Nəticədə, Məhəmməd Əsəd bəyin kitabları qadağan edildi və o, Almaniyanı tərk etməyə məcbur oldu.

Hilal Münşi, Məhəmməd Əsəd bəyə qarşı çıxışlarında, onun “Şərqdə neft və qan” əsərində Azərbaycan tarixini təhrif etdiyini iddia edirdi.

1938-ci ildə Benito Mussolinin dəvəti ilə Məhəmməd Əsəd bəy İtaliyaya getdi.
O, burada Benito Mussolinin bioqrafiyasını yazmalı idi. Bunun üçün yetərincə material topladı, araşdırma apardı. Lakin bundan xəbər tutan Hilal Münşi yenidən xüsusi xidmət orqanlarına donoslar yazdı və Mussoliniyə həsr olunmuş bu kitab baş tutmadı.

O, 36 yaşında İtaliyanın Pozitano şəhərində yoxsulluq və tənhalıq içində vəfat etdi.

Təəssüf ki, Azərbaycanın və Bakının vurğunu olan Məhəmməd Əsəd bəyin xatirəsi ölkəmizdə layiqincə əbədiləşdirilməyib.

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yunus Oğuzun “Türk” etnonimi və törələri” kitabı çapdan çıxıb – Türk tarixinə yeni baxış – ÖZƏL

olaylar.az  xəbər verir ki, tanınmış yazıçı Yunus Oğuzun yeni elmi-publisistik əsəri – “Türk” etnonimi və törələri” kitabı artıq çapdan çıxıb. Əsər “Yazarlar” nəşriyyatı tərəfindən oxuculara təqdim olunub.

Yeni nəşrdə müəllif “türk” adının mənşəyini, tarixi inkişaf yolunu, qədim türk toplumlarının mənəvi-mədəni dəyərlərini və “törə” sistemini geniş araşdırır. Kitab həm akademik yanaşma, həm də oxunaqlı dil üslubu ilə seçilir. 

Yunus Oğuz bu əsərində qədim mənbələr, etnoqrafik materiallar və müasir araşdırmalar əsasında türk kimliyinin formalaşmasını fərqli bir aspektdən təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

İlkin mənbə: olaylar.az 

YUNUS OĞUZUN DİGƏR YAZILARI

YUNUS  OĞUZUN  BLOQU – CIĞIR

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Muhamməd Rahal

Muhamməd Rahal
1992-ci il 18 martda doğulmuşdur.
Beynəlxalq Media Səfiri
Dünya Poeziya Federasiyası – Cesarte təşkilatının Beynəlxalq Koordinatoru
Tərcüməçi
Ərəb və beynəlxalq jurnalların baş redaktoru

Bu sayı­mızda oxucularımızı Əlcəzairin uzaq şərqinə — Tébessa vilayətinə bağlı Bir əl-Atər şəhərinə aparırıq. Burada yaşayan və yaradıcılığı ilə geniş tanınan şair Məhəmməd Rahal haqqında söz açırıq. O, akademik elmi fəaliyyətlə bərabər, rəssamlıq, irs araşdırmaları və nəğmə yaradıcılığını birləşdirən çoxşaxəli sənət adamıdır. Onun poetik nümunələri 33 dünya dilinə tərcümə edilmiş və beynəlxalq səviyyədə maraqla qarşılanmışdır.

Ənənəvi Əlcəzair Geyimi: Nəsilləri Birləşdirən Mədəni İrs

Cənubi Əlcəzairin geniş səhralarında, qızılı qumlar üzərində əsrlərin ruhunu daşıyan bir geyim yaşayır — melhafa. Bu qadın libası yalnız gündəlik ehtiyac məhsulu deyil, həm də kimlik və yaddaşın parlaq ifadəsidir. Melhafa rəngləri, toxunuşu və incə işləmələri ilə Səhra qadınının səbri, zərifliyi və həyat tərzi haqqında susaraq danışan bir irs nümunəsidir.

Sahra Geyimlərinin Əsas Növləri

Melhafa — qadın geyimi

Melhafa iri ölçülü, yüngül parçadan hazırlanmış, bədən ətrafına xüsusi üsulla dolanan ənənəvi qadın libasıdır. Parçasının keyfiyyəti, rəng seçimi və bəzəyi onu müxtəlif Səhra bölgələrində fərqli edən əsas xüsusiyyətlərdəndir. Həm gündəlik, həm də mərasimlər üçün özünəməxsus növləri mövcuddur.

Bazin — kişilər üçün

Tuarəq tayfalarının kimlik və mərdlik rəmzi sayılan ənənəvi kişilər geyimidir.
Qaşabiyya — kişilər üçün qış libası
Yun və tük qarışığından hazırlanır, sərt Səhra qışında kişiləri soyuqdan qoruyan əsas geyim hesab olunur.
Bu geyimlərin hamısı bölgənin tarixini, estetik ənənələrini və mədəni yaddaşını özündə yaşadır. Qandura, melhafa və kaftan kimi bəzi libaslar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına da daxil edilmişdir.

Melhafa: İffət, Estetika və Yaşayan Simvol

Əlcəzairin cənub vilayətlərində — Tamanrasset, Adrar, Tinduf, İllizi və Beşar bölgələrində — melhafa qadın zərifliyinin ən mühüm göstəricisi hesab olunur. Yüngül, nəfəsalan parçalardan hazırlanan bu geyim Səhra qadınlarının çətin iqlim şəraitində belə rənglərə və həyata bağlılığını əks etdirir. Çəhrayı, indiqo, narıncı və qırmızı kimi canlı rənglər ən çox seçilən nümunələrdəndir.
Melhafa bədəni tam örtür, lakin onun örtülmə tərzi, gümüş “xələl”lər və ənənəvi boyunbağılarla tamamlanan dəst qadının zövqünü və zərifliyini ön plana çıxarır.

Tarixdən Gələn Dərinlik

Melhafanın yaranması barədə müxtəlif rəvayətlər mövcuddur. Onun əsrlər əvvəl Səhra tayfalarının gündəlik məişətindən qaynaqlandığı, zamanla isə İslam və ərəb ənənələrinin təsiri ilə formalaşdığı bildirilir. Nəsillər boyu analardan qızlara ötürülmüş, toy və bayram mərasimlərinin ayrılmaz hissəsinə çevrilmişdir.

Qeyri-Maddi İrs Statusu və Müasir Yenilənmə

Son dövrlərdə keçirilən mədəni tədbirlər və gənclərin təşəbbüsləri sayəsində melhafa yenidən diqqət mərkəzinə qayıdıb. Qırmızı Vaha bölgəsindən Naciya Bən Musa bu barədə belə deyir:

“Melhafa təkcə geyim deyil, sosial həyatın dərin simvolikasını daşıyan tam bir mədəniyyət mənzərəsidir. Toylarda, ənənəvi rəqslərdə sədaqət və mənsubiyyət rəmzi kimi istifadə olunur.”

Melhafa keçmişdə donub qalmamışdır — gənc dizaynerlər onu müasir modaya uyğun şəkildə yenidən işləyir. Tamanrassetli dizayner Xədicə Almaoui bildirir:

“Biz melhafanı sadəcə folklor kimi təqdim etmirik. Onu moda podiumlarına çıxarır, rəsmi tədbirlər və iş mühiti üçün də uyğun modellər yaradırıq. Bu, keçmişlə bu günü birləşdirən bir körpüdür.”

Turizm və Mədəniyyət Məkanlarında Melhafa

Xarici nümayəndə heyətlərinin bölgəyə səfərləri zamanı ən çox diqqət çəkən mədəni rəmzlərdən biri məhz melhafadır. Xüsusilə Cənət şəhərində keçirilən və UNESCO tərəfindən qeydə alınan “Eyd Sbbiba” festivalında melhafa özünün mədəni dəyərini daha aydın göstərir.

Tərcümə və təqdimat:
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I