Tanınmış şair, tədqiqatçı, araşdırmaçı-yazar Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb. Məşhur Rəsullular nəslinin tarixindən bəhs edən kitabın ərsəyə gəlməsi prosesi barədə Araz Yaquboğlu belə deyir:
“Uzun illərdi üzərində işlədiyim, tədqiqatlar apararaq Rəsulluların tarixindən, dünənindən, bugünündən bəhs edən “Soyumuz, kökümüz, özümüz” adlı irihəcimli ensiklopedik bir kitabım “Elm və təhsil” nəşriyyatında çap olundu. Kitabda nəslimizin tarixi qəhrəmanları olan Məşədi Qasım və onun əmisi Hacı Balının hələ 1919-cu ildə Azərbaycan hökumətinin baş naziri adına vurduqları teleqramlar, xahişnamələr, ərizələr öz əksini tapmışdır. Bu tarixi sənədlər hətta 1918-1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin müxtəlif nömrələrində də çap olunmuşdur. Tarixin ən qanlı müharibəsi olan İkinci Dünya müharibəsinə nəslimizdən 15 nəfər səfərbər edilmişdir. Onlardan 6-sı müharibə zamanı həlak olmuş, 9-u isə veteran kimi doğulduqları vətənə qayıtmışlar. Sonrakı illərdə cəlb edildiyimiz Birinci və İkinci Qarabağ müharibəsində də Rəsullunun gəncləri silaha sarılaraq erməni işğalçılarına qarşı mübarizə apardılar. Ümumilikdə 28 nəfər Qarabağ müharibəsinə getmiş onlardan 5-i şəhid olmuşdur. Nəslimizin ilk şəhidi Abbas Qasımov, kəndimizin ilk şəhidi isə Yasif Kərimov olmuşdur. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə də bizim Rəsullular nəslindəndir. Rəsullular nəsli dəfələrlə doğulduqları kənddən deportasiya olunmuşdur. 1919-cu ildə 10 ailədən ibarət 47 nəfər, 1953-cü ildə 18 ailədən ibarət 88 nəfər, 1988-ci ildə isə 5 ailədən ibarət 32 nəfər deportasiya edilmişdir. Bütün bu sadaladıqlarım kitabda çox geniş şəkildə öz əksini tapmışdır. Kitabda ümumilikdə 200-ə qədər şəxs haqqında bioqrafik məlumat verilmiş, 250-dən çox fotoşəkil çap edilmişdir. O cümlədən bu şəxslərdən 1-i general, 9-u rəhbər işçi, 3-ü alim, 21-i müəllim, 8-i din xadimi, 2-si Qəhrəman ana, 7-si uzunömürlü, 43-ü müharibə iştirakçısı, 13-ü şair və 100-ə qədəri isə digər peşə sahibləridir. 408 səhifəlik kitabın əsas özəyini nəsil şəcərəsi təşkil edir. 75 səhifədən ibarət olan şəcərə təxminən 1838-ci ildən günümüzə qədər olan tarixi əhatə edir. İnanıram ki, bu istiqamətdə olan araşdırmalarımı davam etdirərək bu tarixdən öncəyə aid olan sənədləri də əldə edə biləcəm.”
“Yazarlar” olaraq, Araz Yaquboğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
İnsanın dünyaya gəlişi ilə gedişi arasında böyük bir zirvə var. Gərəkdir ki, o zirvəni şərəflə yaşayasan. Xalqına, elinə, obasına gərəkli insanlar daim o zirvəni layiqincə aşa biliblər. Elinə, obasına, xalqına gərəkli şəxsiyyətlərdən biri də şair Aqil İman idi. Təəssüf ki, az ömür yaşadı. Ancaq Aqil İman sözün həqiqi mənasında mənalı bir ömür yaşadı. Dünyanın bütün pisliklərindən uzaqda dayanıb ömrünü sözə bağışladı. Atlıları atından, şahları taxtından salan sözə! Həmişə sözünün ağası oldu, söz onun ağası olduğu üçün. Neçə-neçə şeirləri özündən xəbərsiz Göyçə və Qarabağ mahallarında dillər əzbəri oldu. Hansı şairlərin şeirləri dillərdə nəğmələşib, şeirsevərlərin könlünü oxşayırsa, o şairlər heç vaxt ölmürlər. Bu qəbildən olan şairləri yazdıqları şeirlər əbədiyaşar edir. Bəli, Aqil İman da belə şairlərdən idi. Aqil İman çox şirin ləhcəylə – qədim Göyçə şivəsində bulaq axarı ilə danışardı, zəngin nitq mədəniyyətinə malik gözəl natiq idi. Söhbətlərinə qulaq asdıqca, onu dinləməkdən doymaq olmurdu. Ovqatının xoş vaxtında yazıçılar, şairlər haqqında maraqlı söhbətlər edər, rəngarəng, yeni şeirlər söyləyərdi. O, həm də Qarabağ toylarında məşhur masabəyi idi. Ən ağır məclislərə Aqil İman dəvət olunardı. Elə şəxsən mənim toy şənliyimdə də Aqil İman masabəyi idi. Aqil İman Aşıq Ələsgərdən, Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Hüseyn Arifdən, Məmməd Arazdan, Məmməd İsmayıldan, Zəlimxan Yaqubdan, el şairləri Rasim Kərimlidən, İsmixandan, Sərraf Şiruyədən, Sücaətdən, Bəhmən Vətənoğlundan, Azaflı Mikayıldan gəraylı, təcnis, qoşma, divani söyləyəndə şeir pərəstişkarlarına xüsusi zövq verirdi. Onun özünəməxsus deyim üslubu, qulağa yatan məhrəm səsi vardı. Hətta Sərraf Şiruyə dəfələrlə etiraf edərək deyir ki, İman məclisi məndən daha rövnəqli, daha şövqlə aparırdı. Aqil İman rəhmətlik atam Yaqub Hacıyevlə doğma əmioğlu olduğundan, həm də hər ikisi Bərdə rayonunda Dəmir Beton Məmulatları Zavodunda mühəndis işlədiyindən daim işə səhər birlikdə gedər, axşam da birlikdə qayıdardılar. İman əmim bizə tez-tez gələrdi. Axşamlar atamla söhbət edər, televizora birlikdə baxar və çox vaxt da keçmişdə Göyçədə olmuş tarixi hadisələrdən, dünyada gedən ictimai-siyasi proseslərdən danışardılar. Bir axşam İman əmim bizə gələndə mənə cibindən bir vərəq çıxarıb dedi ki, Araz, dünən axşam yazdığım şeirdi, al, oxu gör necədi? Və onu da əlavə etdi ki, şairlərin ilk oxucusu həmişə öz yaxınları olublar. Mən özüm də poeziyasevər olduğumdan şeiri böyük həvəslə oxudum və çox da xoşuma gəldi:
Ümman olan könlüm, çay olan könlüm, Niyə sısqa oldu gözündə sənin? Aqillər yanında bal olan sözüm, Niyə zəhər oldu sözündə sənin?
Yaralı kamanam, həzin bir neyəm, Qopan fırtınayam, əsən küləyəm. Coşan şəlaləyəm, ötən tütəyəm, Çəmənində sənin, düzündə sənin.
Söylə görüm, niyə məndən küsmüsən? Bircə kəlmə danışmırsan, dinmirsən. Biçarə İmana cavab vermirsən, Gözlərim qalıbdı üzündə sənin.
Bu şeir elə o vaxtdan məndə qaldı. Yeri gəlmişkən onu da qeyd edim ki, Aqil İman çox vaxt yazdığı şeirləri saxlamaz və əlyazmalarını da yaxın dostlarına, şeir pərəstişkarlarına verər, harada yazardısa, orada da qalardı. Bu yaxınlarda İman əmimin böyük oğlu Qılman mənimlə söhbətində bildirdi ki, atam Aqil İmanın şeirlərini toplayıb çap etdirmək istəyirəm. Mən ona bildirdim ki, məndə də Aqil İmanın bir neçə qoşması var, verərəm onları da kitaba daxil edərsən. Və söhbət əsnasında Qılman İmanı alqışladım. Eşq olsun belə gəncə! Şükürlər olsun ki, Aqil İman vaxtsız vəfat etsə də, Qılman İman kimi dəyərli və istedadlı şair oğlu var. İnanıram ki, Qılman İman babası Həsən Xəyallının, əmisi Sərraf Şiruyənin, atası Aqil İmanın layiqli davamçısı olacaq. Axı, bu nəsildə sözün qiyməti daim dəyərləndirilib, uca tutulub. Ustad şairləri, el qəhrəmanları ilə məşhur olan bu nəslin davamçıları belə də olmalıdır. Aqil İmanın vaxtsız ölümü onu tanıyanların hamısını sarsıtdı. Onun haqqında olan fikirlərim ürəyimdə qalaqlanıb şeirə çevrildi:
Araz səndən saldı bəhsi, Dostların titrədi səsi. Söz dağının şah zirvəsi, Şahi-xaqanım, hardasan?
Aqil İman özünü sağlığında geniş şəkildə şair kimi tanıtmadı. Bu onun təvazökarlığından, poeziyaya ciddi münasibətindən və özünə qarşı tələbkarlığından doğurdu. Ancaq onun kiçik bir qaralaması onu sevənlər üçün böyük bir sənət nümunəsi idi. Heyif ki, az yaşadı, özü ilə yazılacaq çox mövzuları apardı… Ruhun şad olsun, Aqil İman!…
Hörmətli Araz Yaquboğlu hazırda, 14-16 fevralda İndoneziyada keçirilən “Wikisource-2025” beynəlxalq konfransda iştirak edir. Qeyd edim ki, Wikipediada Azərbaycan üzrə ən çox məlumatı redaktə edən şəxslərdən biri kimi Araz müəllim bu tədbirə dəvət almış yeganə Azərbaycanlıdır.
Araz müəllimə hər zaman Azərbaycan adına göstərdiyi xidmətlərə görə dərin təşəkkürümüzü bildiririk!
YAZARLAR cameəsi adından tanınmış araşdırmaçı-yazar, şair, ən əsası uca millətin soy-kökünə bağlı mərd, ziyalı oğlu Araz YAQUBOĞLUnu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun Araz müəllim! Allah Sizi qorusun! Yurd həsrəti bitsin İnşəAllah!
“Bəziləri qocalanda şeir yazmağa başlayır. Ayıbdı vallah. Atalar da gözəl deyib: “Qırxında öyrənən gorunda çalar.” Belələrinə isti-isti bir şeir.” GÜNÜN ŞEİRİARAZ YAQUBOĞLUNDAN GƏLDİ:
ARAZ YAQUBOĞLU: Xasay əmimlə bağlı sizlərə bir əhvalat söyləyim. Axı bu gün onun anım günüdür.
BƏHRƏMİN QONAQLIĞI
Daşkəndli Orucun qızı Abuzəndə Göyçənin Qaraqoyunlu kəndində Bəhrəmin yoldaşıydı. Bəhrəm də səxalı, əli açıq, çörəkli adam olub. Abuzəndənin qardaşı Xasay Hacıyev həbsdə olan vaxtlar bacısı çox ağlayır, çox sızlayır. Qaraqoyunlular onun nə qədər könlünü alsalar da, heç rahatlıq tapmırmış. Qaraqoyunlular Abuzəndənin xətrini çox istəyirmişlər. Qoçaq bir qadın idi. Xeyirdə, şərdə yemək bişirər, kənddə dərzilik edər, camaata xidmət göstərərmiş. 1963-cü ildə Xasay Hacıyev həbsdən qayıdanda Bəhrəm Abuzəndəylə, bir neçə də qohumuyla qurban gətirib Yeni Daşkənddə kəsir. Xasayı da Qaraqoyunluya qonaq dəvət edib gedirlər. Bir müddətdən sonra gəlib-gedənlə Bəhrəm xəbər göndərir ki, Xasay səni gözləyirik gəl. Bu xəbər göndərmələr bir neçə dəfə də təkrar olur. Xasay Hacıyevin işi-gücü çox olduğundan vaxt eləyib gedə bilmir. Bəhrəm fikirləşir ki, yaxşısı budu qaynım Xasaya xəbər göndərim ki, bacın Abuzəndə ağır xəstədi, yerdə yatır. Onda tez gələcək. Belə də edir. Xasay Hacıyev kənddən 3–4 qohum-əqraba da götürüb bacısının yanına gedir. Qaraqoyunluya çatanda görür ki, bacısı qapıda yır-yığış, biş-düş eləyir. O dəqiqə başa düşür ki, yeznəsi Bəhrəm onu aldadıb qonaqlığa çağırıb. Təzədən yemək-içmək başlayır. Qaraqoyunlular da yığılıb adı həmişə uca tutulan Abuzəndənin qardaşı Xasayın görüşünə gəlirlər. Sazlı-sözlü bir məclisdən sonra Bəhrəmin kəndçiləri nə qədər eləsələr də Xasay iki gündən artıq qala bilmir. Qayıdır Yeni Daşkəndə. (Söyləyəni: Hacıyev Araz Yaqub oğlu) P.S. şəkildə Süleyman Rüstəmin arxasındakı Xasay Hacıyevdir. Öndə sağdan 1-ci isə Azaflı Mikayıl. (Şəkili qardaşım Eldəniz Tovuzlulardan əldə edib)
Bu gün Sərraf Şiruyənin anadan olduğu gündür. Şair doğum günündə məzarı başında doğmaları və yaxınları tərəfindən anılıb. Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir. 1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu “Bilik” cəmiyyətində mühazirəçi işləmişdir. 1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir. Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib. Allah rəhmət eləsin. Amin.
“Ulu Göyçə mühitində dünyaya göz açan, şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı mühitindən qidalanan Şiruyə Həsənoğlu mətbuata çox gec gəlsə də, öz rəngarəng, axıcı, hikmətli şeirləri ilə oxucu kütləsinin qəlbinə çox erkən yol tapa bilmişdir. Uzun illərdən bəri şeirləri aşıqların, xanəndələrin, şeir pərəstişkarlarının ürəklərindən dodaqlarına qanadlanmaqdadır. Şeirin bütün növlərində qələmini müvəffəqiyyətlə sınayan Şiruyə Həsənoğlu böyük Aşıq Alı, Aşıq Ələsgər, Xəstə Qasımdan sonra, demək olar ki, ən güclü təcnis ustası kimi tanınmışdır.” – Zəlimxan YAQUB
Bu gün Araz Yaquboğlunun doğum günüdür. Yəni anasının ağrı çəkdiyi gündür (Mən öz doğum günümə anam ağrı çəkən gün deyirəm). Məncə doğum günlərini qeyd etmək anaların ağrı gününü qeyd etmək kimidir. Ağrını şadlığa, sevincə çevirmək budur. Amma Araz Yaquboğlu həqiqətən doğulduğunu – həyata gəlişini onu tanıyanlar üçün sevincə çevirən kişidir. Mən onu kimi göyçəliləri tanıdıqca Göyçə itkimizə yanğım bir az da artdı. Dostumuz Arif Məmmədliyə qoşulub “Laçın yurdu” jurnalı çıxardılar. İşə başlayanda qaranlıq tunelə girmiş kimiydilər. Amma bu gün 30 ildən sonra Allaha şükürlər olsun Laçın azad oldu və “Laçın yurdu”nun ortaya qoyduğu, işığa çıxardığı tarixi həqiqətlər, toponimlər, adət-ənənələr, etnoqrafik məlumatlar, folklor nümunələri və bir çox dəyərlərlə dolu yazılar xalqa əvəzsiz miras qaldı. Bir gün bir məclisdə “Laçın yurdu”ndan söz düşmüşdü. Məclisdəki laçınlılardan biri mənə belə bir sualla müraciət etdi – Araz müəllim Laçının harasındandı. Mən Araz bəyin Laçından olmadığını deyəndə hiss etdim ki, məclisdəkilərin inanmağı gəlmir. Axı Laçını gələcək nəsillər üçün arxivləşdirən jurnal heç bir maliyyəsi olmadan, sanki Arif Məmmədliylə Araz Yaquboğlunun xobbisi kimi dərc olunurdu. Və laçınlı olmayan bir şəxsin də bu işə çiyin verməsi məclisdəkilərə çöçün gəlirdi. Belə fədakarlıq həm də göyçəliliyin göstəricisidir. Araz bəy günübugün də cəmiyyətdə belə təmənnasız xidmətləriylə ətrafındakıları heyrətləndirir. Onu Azərbaycan internet məkanında tanınmış adamların adına tərtib edilmiş VİKİPEDİYAçı kimi tanıyırıq. Eyni zamanda WhatsApp-da “Dədə Ələsgər Ədəbi Məclisi”nin admini kimi fəaliyyət göstərir. Gördüyü işləri səbr, diqqət və səliqəylə görür. Və son olaraq onu doğan ananın belə bir övlad üçün ağrı çəkməyinə dəyərdimi sualının cavabını açıq qoyuram… Şəxsən mən belə bir çinar boylu kişini tanıdığıma və dostluğuma çox şadam. Araz Yaquboğlu qardaşımızı ad günü münasibətiylə ürəkdən təbrik edirəm, ona doğmalarıyla könüldolusu ömür arzulayıram!
Ətrafımızda yaxından və uzaqdan tanıdığımız, o cümlədən sevdiklərimiz insanların sayı yüzlərlədir. Əlbəttə, mən bu sayı təxmini olaraq qeyd etdim. Bəlkə də yaddaşımızı işə salsaq bu say qat-qat çox da ola bilər. Bu isə sadəcə və sadəcə say artımı deməkdir. Bu çoxsaylı insanların arasında seçilən, hər zaman yad olunan, aranan, görüşünə, söhbətinə, dəstəyinə ehtiyac duyulan, təkcə maddi maraqları üçün deyil, xüsusən də el üçün, xalq üçün, vətən üçün çarpışan insanların sayı isə bəzən barmaqla sayılacaq qədər az olur. Hər bir insan öz-özlüyündə bir mükəmməl varlıqdır. Və hər kəs də özünü bir varlıq olaraq dəyərli, gərəkli zənn edə bilər. Belə bir məsəl də var: “Heç kəs öz ayranına turş deməz”. Ancaq bir şəxsə böyük auditoruyanın diqqəti, dəyəri, sevgisi artıq o şəxsin seçilmişlərdən biri olduğunu təsdiq edir. Bir çox insanlar arasında məhz bu diqqəti, bu dəyəri, bu sevgini qazanmaq insanın özünün gözəl xüsusiyyəti ilə öz xoşbəxtliyini qazanması deməkdir. Nə xoşbəxt o kəslərə ki, bax bu sadalanan müsbət xüsusiyyətlərin, bu diqqətin, bu sevginin sahibləridir.
Bu timsalda insanlardan biri olaraq mən sizə qısa da olsa söhbət açacağım insan, hətta mənim ideal saydığım və yuxarıda qeyd etdiyim o diqqət, o hörmət, o sevgi sahibi, təbiətcə həlim, əxlaqı, mədəniyyəti çox yüksək olan birisidir. O ixtisasca mühəndis olsa da, artıq 30 ilə yaxın bir müddətdə Azərbaycan xalq yaradıcılığının dərinliklərinə qədər baş vurmuş, onlarla kitabın redaktoru, xüsusilə şəhidlərdən və yaradıcı insanlardan bəhs edən doqquz kitabın müəllifi, bu yaxın günlərdə istedadı, dəyərli yaradıcılığı, geniş fəaliyyəti nəzərə alınaraq həm Azərbaycan Jurnalistlər Birliyinə, həm də Azərbaycan Aşıqlar Birliyinə üzv seçilmiş, təkcə mənim yox, artıq çoxsaylı oxucuların, dostların sevimlisi olan çox hörmətli tədqiqatşı, şair, publisist, vikipediyaçı Araz Yaquboğludur. Mən hər dəfə Araz Yaquboğlu imzası ilə rastlaşanda istər-istəməz onun təxəllüsü ilə yaşatdığı unudulmaz, mərhum atası Yaqub Hacıyevi xatırlamalı oluram. Qeyd edim ki, mərhum Yaqub Hacıyev mənim əmim idi. Ancaq tam səmimi olaraq deyim ki, Araza olan bu yüksək fikirlərim əmim oğlu olaraq deyil, onun yuxarıda qeyd etdiyim bütün müsbət cəhətlərə tam malik olmasından irəli gəlir. Fikrimi tamamlamaq üçün əmim Yaqub Hacıyevlə bağlı məqama qayıdıram. Yaqub Hacıyev ixtisasca mühəndis olub. Və mühəndis olaraq da ötən əsrin 70–90-cı illərində Qarabağ bölgəsində — Bərdə, Yevlax, Ağdam, Tərtər rayonlarında bilik və bacarığına görə, tikinti işlərində xüsusi dəqiqliyinə görə öndə gedən mühəndis olmuş, “İnjiner Hacıyev” kimi tanınmışdır. Onun ömür-gün yoldaşı Əsmətel xanım ali təhsil almasa da (orta məktəbi əlaçı kimi bitirsə də ailə qurduğu üçün ali təhsil almamışdır) bir çox müəllimlərə, xüsusilə də riyaziyyat elmindən dərs deyə biləcək savada malikdir. Bu ailədə beş övlad böyümüşdür ki, bu beş övladdan dördü yüksək bilik ilə müxtəlif universitetlərin məzunu olmuş, hər biri həyatda öz istəkləri ilə uğurlu yol tutmuşlar. Araz Yaquboğlu da o cümlədən ali təhsil alaraq müxtəlif sahələrdə işləsə də, öz ixtisasına mükəmməl sahib olsa da, ailənin bütün üzvlərindən fəqli olaraq elmi bilikləri ilə bərabər yaradıcılığa da xüsusi meyil etmişdir. Əslində Araz Yaquboğlunun soy-şəcərəsinə diqqət etsək bu şəcərədə onlarla yaradıcı insanların — alimlərin və şairlərin olduğunu görərik. Bu isə o deməkdir ki, Araz Yaquboğlu bu seçimi ilə “əslində olan dırnağında göstərər” deyimini təsdiq etmiş olmuşdur.
Bəli, bu belə olması heç də təəccüblü deyildir. Çünki, əvvəla Araz əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Sonra isə, bu o Daşkənd kəndidir ki, hələ XIX əsrdə yaşayıb-yaratmış Şair Məmmədhüseyn kimi tanınmış bir klassiki, qüdrətli sənətkar Aşıq Ələsgərin şəyirdi olmuş Aşıq Nəcəf kimi bir aşığı, Həsən Xəyallı kimi sinəsi söz xəzinəsi olan şairi, Aşıq Hacı, Aşıq Nuriddin kimi xoş nəfəsli aşıqları, Alqayıt, Sərraf Şiruyə və Aqil İman kimi şairləri olub. Bu mənada Daşkənd kəndi yaradıcı insanları ilə Göyçə mahalında fərqlənən kəndlərdən biri olmuşdur. Onu da qeyd edim ki, Araz Yaquboğlu şair Həsən Xəyallı şəcərəsinin bir üzvü, daha doğrusu isə layiqli davamçısıdır. Demək ki, Araz Yaquboğlu bu sahəyə, yəni yaradıcılığa nəinki heç də təsadüf gəlməmişdir, hətta deyərdim ki, Allahın bu şəcərəyə bəxş etmiş olduğu yaradıcılıq missiyasını məhz elə Allahın qismətiylə layiqlə davam etdirməyə gəlmişdir. Mən təəssüf edirəm ki, tədqiqatçı, araşdırmaçı deyiləm. Əgər Araz Yaquboğlunun yaradıcılığı, çoxşaxəli, dəyərli fəaliyyəti peşəkar araşdırmaçılar, tədqiqatçılar tərəfindən öyrənilərsə, inanıram ki, onun haqqında iri həcmli bir kitab ərsəyə gətirmək olar. Mənim isə onunla bağlı yazdıqlarım onun yaradıcılığına sadəcə kənardan, ötəri bir baxışa bənzəyir.
Araz Yaquboğlunun yaradıcılığında el-obaya, yaradıcı insanlara, vətənə, torpaq uğrunda canını, qanını fəda edən insanlara, böyük qəhrəmanlara olan münasibət yalnız və yalnız onun ürəyinin bu xalqa, bu vətənə olan sonsuz sevgisinin təzahürüdür. O, vətənə, xalqa, yurda olan bu sevgisi ilə əslində ətrafında olan hər kəsə, bəlkə də bütün dünyaya öz saf sevgisini aşılayır. Bu sevginin qarşılığı olaraq da onu sevənlərin say çoxluğu minlərlədir. Mən bu say çoxluğunu son günlərdə bir neçə önəmli səbəblərdən ona ünvanlanan saysız təbrik və alqışlardan da duydum. O təbriklər, o alqışlar ki, yuxarıda qeyd etdiyim kimi, son günlərdə onun iki böyük ədəbi bilrliyə üzv seçilməsi, daha sonra isə həm bugünkü oxucular, həm də gələcək nəsillər üçün gərəkli olacaq, çox dəyərli “Sazın-sözün sorağında” adlı kitabının nəşr olunması ilə bağlı ona ünvanlamışdı. Bütün bunlar isə Araz Yaquboğlunun 50 illik yubileyinə sayılı günlər qalmış baş tutmuşdur. Əslində son on beş gündə ard-arda yaşanan bu sevinci, bu uğuru mən bir daha Allahın Araza sevgisi olaraq dəyərləndirirəm. Demək ki, Araz uca Allahın xoş nəzərindədir. Allahdan Araz Yaquboğluna can sağlığı, uzun ömür, sonsuz yaradıcılıq uğurları diləyir və onu dəyərli ömrünün 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Mən yazımın sonunda Araz Yaquboğludan onun yaradıcılığı haqda çox da məlumat verə bilmədiyim, xüsusən də onun Vikipediya sahəsində fəaliyyətindən heç söz aça bilmədiyim üçün ondan üzr istəyir, ona ithaf etdiyim təbrik şeirimlə sözlərimi bitirirəm.
Uğurla ötüşdü bu əlli yaşın,
İnşallah, ötüşər yüzün beləcə.
Təmkinlə, həyayla dosta, sirdaşa,
Sevdirdin özünü özün beləcə.
Düz getsin, çox getsin, yolun dönməsin,
Bəxtinin xoş üzü tərsə çönməsin.
Od alsın, alışsın, çalış sönməsin,
Söz adlı ocağın, közün beləcə.
Saxla ruhu, saxla təbi belə saz,
Altmışda yaz, yetmişdə yaz, hər an yaz.
“Sazın-sözün sorağında” ay Araz, *
Yayılsın dünyaya sözün beləcə.
Var bu yolda sənin imzan, öz adın,
Çəksin səni zirvələrə söz atın.
Son bir ayda neçə sevinc yaşadın,
Sevinsin hər zaman üzün beləcə.
Aqşinəm baharın, qışın əllidi,
Bu günə gəlincə yaşın əllidi.
Açdığın yol bəlli, izin bəllidi,
Qalacaq çox illər izin beləcə.
* Araz Yaquboğlunun son günlər nəşr olunmuş “Sazın-sözün sorağında” kitabına işarədir.