Bu gün gənc yazar Şükufə İbrahimovanın “Ən şirin yuxu”’ romanının təqdimatı keçirilib

O, ilk dəfə “Bahar” romanı ilə oxucuların görüşünə gələndə, təkcə yaz qoxulu, qanadlı sözlərlə onları ovsunlamamışdı, həm də özünə solmayan söz çələngi hörmüşdü. İllər keçdikcə bu çələngin ətrini qoxulamağa, onun min bir rəngə çalan gözəlliyini görməyə gələnlərin sayı da durmadan artdı. O da qazandığı oxucu sevgisindən ilhamlanaraq onları yenidən “Alın yazısı”nı oxumağa dəvət etdi. Bu, təkcə əsərdəki qəhrəmanlarının yox, həm də hər birimizin yaşadığı, amma heç vaxt oxuya bilmədiyi alın yazısı idi. Şükufə İbrahimova gənc olsa da, onu oxumağa çalışmışdı, öz bildiyi, duyduğu, dərk etdiyi kimi. O, bununla da kifayətlənmədi, “Bahar”da çıxdığı yola, “Alın yazısı” ilə seçdiyi qismətə bir də “Ən şirin yuxu”sunu qatdı.

Bu gün “Novella” Kitab Evinində gənc yazar Şükufə İbrahimovanın “Ən şirin yuxu”’ romanının təqdimatı keçirilib.

Tədbirdə çıxış edənlər real hadisələr əsasında qələmə alınan əsərin məziyyətlərindən danışıblar. Bildirilib ki, bu əsər sevgi, xəyanət və güclü qadın iradəsi kimi dərin mövzuları əhatə edir. Romanda günümüzün ayrılmaz hissəsi olan sosial şəbəkələrin insan həyatına müsbət və mənfi təsirlərinə toxunulub, ünsiyyət mənbəyi olan bu şəbəkələrin bəzən təhlükəli bir alətə çevrildiyi, lakin belə olan hallarda nə etmək lazım olduğu ilə bağlı maarifləndirici məlumat verilib.

Romanın süjet xəttində belə bir məqam var: “Yanaşı duran iki qəbrin önündə dayanmışdı. Onun üçün həyat bu qəbiristanlıqda bitmişdi. Üçüncü bir qəbir qazıb həyat yoldaşı və oğlunun yanında uzanmaq istəyirdi. İllər sonra elə bu qəbiristanlıqda həyata yenidən başlayacaqdı, amma bunun üçün əvvəlcə onu tapmalı idi”.

Vurğulanıb ki, əsərdə bir-birlərindən uzaq və fərqli həyatlar yaşayan, həyatın onlara qurduğu planlardan xəbərsiz, öz dərdləri ilə qovurulan Fərhad və İlaydanın taleyi oxucuların gözlərini yaşadacaq. Ona görə ki, cəmiyyətimizə qətiyyən yad olmayan bu obrazların həyatı və yaşadıqları bir çoxumuzun ətrafdan eşitdiyi hadisələrə dərindən işıq salır.

Qeyd edilib ki, Bakı şəhərində anadan olan Şükufə İbrahimova 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca mühasib olsa da, ədəbiyyata olan marağı onu elə ədəbiyyatın içinə gətirib çıxarıb. Rəqəmlərlə sözlərin oxşarlığını tapıb, onların bir-birini tamamlaması üçün hər iksini ustalıqla yerində işlətməyi bacarıb.

“YAZARLAR” jurnalı tərəfindən “Ən şirin yuxu” kitabının işıq üzü görməsi münasibətilə gənc yazara “Ziyadar” mükafatı təqdim olunub. Mükafatı “Yazarlar” adından “Novella” Kitab Evinin nümayəndəsi Səbinə xanım təqdim edib.

Sonda kitabsevərlər müəlliflə xatirə şəkil çəkdirərək imzalı kitab əldə ediblər. Fotolar:

Şükufə İbrahimovanın “Ən şirin yuxum” kitabını “Novella” Kitab Evindən ala və ya kirayə götürüb oxuya bilərsiniz.

“YAZARLAR” 

Şükufə İbrahimovanın yazıları

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜDABƏ SƏRVİ YAZIR – ANAR – AYB HAQQINDA

AĞRI YADDAŞI

“H.Əliyev dedi: “Anar, indi çox şeyləri açıqlamaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içindən, biri gəlirdi, deyirdi, bu pantürküstdür, biri deyirdi, bu Türkiyənin casusudur, biri deyirdi bunun babası sovet hökumətinin əleyhinə olub…”

“Həmişə öz vicdanıma arxalanmışam. Düşünməmişəm ki, bu mənə xeyir gətirəcək…”
ANAR

Keçən il Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 90 ili tamam oldu.
Doxsan ilin 53 ilini ziyalılarımız o vaxt İttifaq adlanan Azərbaycan Yazıçılar Birliyinin zaman-zaman sədri olublar. İxtissaca filosof olan Məmməd Kazım Ələkbərli, yazıçılar Seyfulla Şamilov, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mehdi Hüseyn, İmran Qasımov və İsmayıl Şıxlı.
Sonradan bu yazıçılardan ikisi -Məmmədkazım Ələkbərli və Seyfulla Şamilov 37-ci il qanlı repressiyanın qurbanı olacaqdılar.

Doxsan ilin 37-si Xalq yazıçısı Anarın qismətinə düşüb.

1987-cildə AYB-nin fövqəladə Qurultayı keçirildi və İsmayıl Şıxlı səhhətində yaranmış problemlərlə bağlı öz ərizəsiylə cəmi iki il işlədiyi AYB rəhbərliyindən istefa etdi.

ANS Şirkətlər qrupunun “El” jurnalında şef-redaktor olarkən İsmayıl Şıxlının oğlu Elçin Şıxlıdan götürdüyüm müsahibəni və o müsahibədə kiçik bir dialoqu xatırlayıram. Mən Elçin müəllimə sual verdim ki, nəyə görə İsmayıl müəllim cəmi iki il Yazıçılar Birliyinin sədri oldu? Elçin müəllim belə cavab verdi:
“Atam sədr seçiləndən sonra çox vaxt evə qanıqara gəlirdi. Və bir gün dedi ki, istefa verəcəm. Anam dərhal dedi ki, ay İsmayıl, niyə istefa verirsən, qal işlə də… Atam anama qayıtdı ki, istəyirsən ürəyim partlasın, ölüm?”

İsmayıl Şıxlı öz yerinə Anar müəllimin namizədliyini təklif etdi.Və səs çoxluğuyla Anar
Azərbaycan Yazıçılar Birliyinə sədr seçildi. 37 il. Bu da bir igidin ömrüdür. Təsadüfdirmi?
37 rəqəmi sanki Anar müəllimin bu illərdə yaşadığı, çəkdiyi ağrı-acılardır həm də. Bu illərdə haqsız “hücumlara” çox məruz qalsa da, ancaq öz təmkiniylə, iradəsiylə güclü olduğunu göstərib, Yazıçılar Birliyini qoruyub saxlayıb.

Yazıçı olmağın acısı şirinindən çoxdur. Yazıçılıq o vaxt daha əzablı olur ki, milli dəyərləri, Ağrı Yaddaşını daim ürəyinin başında gəzdirəsən. Anar müəllimin ürəyində, genində olan o Ağrı Yaddaşı yazdığı bütün əsərlərinə hopub.
Alman filosofu Nitşe deyirdi ki, “Qanını qanıma batır yaz, görəcəksən ki, qan ruhdur.”
Anar müəllimin hər bir əsəri onun öz ruhudur, canıdır.
Professor Nizaməddin Şəmsizadə isə deyir ki, “Anar müəllimin bütün əsərləri qədim və ulu türkün qan yaddaşından süzülüb gəlir…”
Ruhu şad olsun!

Mən Anar müəllimin yaradıcılığı haqqında danışmaq istəmirəm, çünki ən böyük söz adamları Anar müəllimin əsərləri haqqında yazıblar, təhlil ediblər, bu gün də yazırlar və heç şübhəsiz ki, yazıçının ruhu, canı əvəzi olan əsərləri gələcək nəsillər üçün də tədqiqat materialları olacaqdır. Anarın əsərləri müxtəlif dillərə tərcümə olunub, filmlər çəkilib.

Mən kinoşünas Ayaz Salayevlə söhbətimi və Anarın “Mən, sən, o və telefon” əsərini xatırlayıram. Ayaz müəllim deyirdi ki, dünya şöhrətli rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kino ulduzu Tom Henskin oynadığı “Sizə məktub var” (You ve Got mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Ayaz Salayevin bu fikrə gəlməsinə bir səbəb də o vaxt hekayənin Amerikada çap olunmasıdır.
Əslində bu həqiqətdir, çünki Anar müəllimin o hekayəsinə qədər dünya dünya kinosunda bu mövzuda film çəkilməmişdi. Bizdə də, daha doğrusu, Türkiyədə Anarın bu hekayəsi əsasında film çəkildi, amma çox gec. Film 2009-cu ildə İctimai televiziyada verildi.

Anar hələ çox gənc ikən Moskvada Ali ssenari kursunda oxuyanda böyük Mirzə Cəlil yanğısıyla “Anlamaq dərdi”essesini yazdı. Bu esse o zaman çox məşhur olan və dünya arenasına çıxan “Drujba narodov” jurnalında dərc olundu. Esse çox böyük maraqla qarşılanmışdı. O zaman çoxları heyrətə gəldi: totalitar bir rejimdə bu cür milli ruhlu bir esse yazmaq hər yazıçının cəsarəti deyildi. Düşünürəm və heç şübhəsiz ki, əgər Anar müəllim də Çingiz Aytmatov kimi, fransız yazıçısı Lui Araqonun da dəyər verdiyi eşq haqqında bir hekayə yazsaydı və bu hekayə o vaxt çox dillərə tərcümə olunsaydı, Anar müəllim indi tanındığından daha çox tanınardı. Ancaq Anar müəllim milli dəyərləri daha üstün tutdu və məhz buna görə də sonradan başı “çox ağrıyacaqdı”. Qəribə də olsa, sovet rejimi tərəfindən yox, özümüzünkülər tərəfindən.

Esse jurnalda çıxandan sonra jurnalın redaksiya heyətinin üzvü olan Çingiz Aytmatov yazırdı: ”Anar ilk dəfə olaraq müasir səviyyədə rus və ümumittifaq oxucusunu Azərbaycan klassikinin yaradıcılığı və çətin taleyi ilə tanış edirdi…”
Həmin essedən bir abzas:
“Cəlil Məmmədquluzadə rus xalqını sevirdi, amma rus imperiyasının təbəəsi kimi yox…” (Anar “Anlamaq dərdi”)
“Anlamaq dərdi” Anar üçün bu dərdi milli dərd kimi yaşamaqdır həm də. Necə ki, keçən əsrdə bu dərdi Mirzə Cəlil yaşayırdı. Xalqı üçün yaşayırdı o dərdi. Anar müəllim
Anlamaq dərdi”ndə məhz bunu göstərmək istəyir: ey xalq, sənin yolunda nə qədər başı bəlalar çəkib Mirzə Cəlilin. Nadanlar üçün isə anlamaq dərdi çox çətin işdir…

Hərdən düşünürəm, indi söz deməyə nə var ki? Sovet senzurasının güclü olduğu bir vaxtda dünya miqyaslı sovet jurnalında cəsarətli söz yazmaq, söz deyə bilmək asan məsələ deyildi. Hər sətirdə, hər misrada millətçi axtarırdılar. Halbuki Anarın ilk hekayəsi çıxan kimi Mosvadan deyil, özümüzünkülər tərəfindən yuxarıya danoslar yazılmağa başladı. Təəccüblənmirəm. Çünki 37-ci ildə də beləydi. Yazıçı Manaf Süleymanovun dediyi kimi, “o vaxt ziyalılar özləri bir-birlərini tutdururdular”.

Anar müəllimə qarşı “hücumlar”ədəbiyyata gəldiyi vaxtdan, elə ilk qələm təcrübələrindən başladı.
Yazıçının dedikləri:
“İlk hekayəm çıxan kimi komsomol mətbuatında yazdılar. İlk gündən təzyiqlə qarşılaşdım. Həmişə öz vicdanıma arxalanmışam. Düşünməmişəm ki, bu, mənə xeyir gətirəcək. “Şəhərin yay günləri” əsərimin üstündə “qara buludlar” əsəndə Azad Şərifov köməyimə çatdı, Heydər Əliyevə məlumat verdi, o da gəlib baxdı, bəyəndi. Az sonra “Ağ liman”ı yazanda dedilər ki, Anar tənha qadınlar haqqında yazır. Yəni ictimai rəy yaradırdılar cəmiyyətdə. Amma sonra bu əsərə mükafat verildi.”

Və həmin mükafatı Anara Heydər Əliyev şəxsən özü təqdim etdi.

Sonradan 1997-ci il oktyabrın 30-da Azərbaycan Yazıçılarının X qurultayında H.Əliyev Anara müraciətlə dedi:
“Anar, indi çox şeyləri açıqlamaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içindən, biri gəlirdi, deyirdi, bu pantürküstdür, biri deyirdi, Türkiyənin casusudur, biri deyirdi, İranın casusudur, biri deyirdi, bunun babası sovet hökumətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Mənə gəlib deyəndə ki, “Şəhərin yay günləri” bizim quruluşun əleyhinədir, gəldim baxdım, çox da təriflədim, mükafat da verdim…”

Anar müəllimin sonradan yazdığı “Otel otağı” əsərində bir epizod düşür yadıma: əvvəcə əsərin qəhrəmanına qarşı çıxanlar, onu “pantürküst”, “casus”, məmmədəminçi adlandıranlar sonradan Ankarada Məmməd Əmin Rəsulzadənin məzarı önündə “göz yaşı” axıdacaqdılar…
Və rəhmətlik Manaf Süleymanovun 25 il əvvəl dediyi “yazıçılar özləri bir-birlərini tutdururdular” sözlərini bu günə qədər unuda bilmirəm.
Allah Heydər Əliyevə də qəni-qəni rəhmət eləsin! Sənətə, sözə, yazıçıya dəyər verən Dövlət başçısı, böyük şəxsiyyət idi!

Bəli. Anar tarixdir və ədəbiyyata gəldiyi ilk gündən sözünü deyə bilib. Anar müəllim hələ sağlığında Sözlə özünə abidə ucalda bilib. Bu danılmazdır!

Mən Anar müəllimin film qəhrəmanları ilə söhbət etdikcə bunun bir daha şahidi oluram, Anarı yenidən tanıyıram, yenidən kəşf edirəm. Onları dinlədikcə söz tapa bilmirəm…
Rasim Balayev:
“Anar bu gün Azərbaycan ədəbiyyatında, Azərbaycan incəsənətində bir imicdir, bir möhürdür.”
Fəxrəddin Manafov:
“Anar toxunulmazdır! Onun qədrini bilməliyik!”
Mehriban Zəki:
“Anar fenomendir. Anarı qorumaq bizim boynumuzun borcudur!”
“Təhminə və Zaur” əsərini tamaşaya qoyan rejissor Mərahim Fərzəlibəyov:
“Anar müəllim böyük şəxsiyyətdir, yazıçıdır, ictimai xadimdir, dramaturqdur, rejissordur, ssenaristdir, nəinki Azərbaycanın, bütün türk dünyasının fəxridir. Anar müəllim bu gün Yazıçılar Birliyi kimi təşkilata rəhbərlik edir. Yazıçılara ev verir, mükafatlar verir, onların yaradıcılığı üçün imkanlar yaradır. Anardan sonra kim gəlsə, sıfırdan başlayacaq. Ümumiyyətlə, bu yazıçılar çox mürəkkəb insanlardı. Onları başa düşməkdən ötrü bir on il də gedəcək. Bəzilərinə asan gəlir, amma oranı idarə eləmək asan deyil. Dövlət də bunu bilir. Allah Anar müəllimə cansağlığı versin. Nə qədər o orda oturubsa, deməli Yazıçılar Birliyi etibarlı əllərdədir! Yaxşı yazıçılara Anar müəllimin qapısı həmişə açıqdır. Onlara kömək edir.
Və Anar müəllim heç vaxt qələmi omayan yazıçıya yol açmır.”

Sonuncu cümləyə diqqət edi: Anar müəllim heç vaxt qələmi omayan yazıçıya yol açmır. Bu həqiqətən belədir və mən şəxsən bunun şahidiyəm. Anar müəllim istedadlı yazıçılara həmişə dəyər verir, onlara yol açır, dəvət edir, söhbət edir. Lap o yazıçı Anar müəllimin əleyhinə getsə də, palaz-palaz yazılar yazsa da, yenə ona kömək edir. Faktlar çoxdur. və mən bunları sadalamaq istəmirəm.
Yenə Rasim Balayevdən misal çəkəcəm
“Çalışırlar ki, öldürələr. Amma maşallah, səbrli adamdı. Mən oxuyuram, onun yerinə əsəbləşirəm. Şəxsən mən dözmərəm.”
Çünki Anar müəllimin Ağrı Yaddaşında qüdrətli bir gen dayanır.
Anar müəllimin babası, yəni Rəsul Rzanın atası Rza kişi təkcə Göyçayda deyil, bütün Şirvan bölgəsində dövrünün sayılıb-seçilən hörmətli şəxslərindən olub. Rəsul müəllimin baba tərəfi məşhur Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, o vaxt Göyçay qəzasında Çiyni və bir sıra kəndlərin mülkədarı olmuş Məmmədxan Məmmədyar oğlu ilə baglıdır. Bayat boyundan, Şahsevən tayfasından olan və XIX əsrin ortalarında yaşayan Məmmədxan kişi çox millətsevər, vətənpərvər bir kişi olub. Məmmədxanın nəticəsi, Rəsul Rzanın babası İbrahim də dövrünün tanınmış savadlı insanlarından olub. O vaxt Göyçayda həm mirzəlik edər, eyni zamanda ticarətlə məşğul olaraq ailəsini dolandırırmış.
Anar müəllimin ulu babası Məmmədxan kişinin haqsızlıqlara dözümü yoxuydu. Bir gün bölgədə olan rus əsgərlərinin özbaşınalığına etiraz edir, buna görə də onu həbs edərək zindana atırlar. Zindanda isə Məmmədxan kişini zəhərləyərək öldürürlər.
Anar müəllim “Əsrim, əslim, nəslim” adlı romanında “Məmmədxanlılar” bölümündə yazır:

“Bir gün Məmmədxanın yanına qonşu kənddən çapar gəlir. Xanın ayağına yıxılır.
-Başına dönüm, xan-deyir. Bizə kömək elə. Kəndimizə urus soldatı gəlib. Yerləşdirdik. Əppəklərini, çaylarını verdik. İndi də yapışıblar ki, bizə qadın verin, gəlinlərinizi, qızlarınızı gətirin. Umudumuz bir sənədir. Bizi bu rüsvayçılıqdan ancaq sən qurtara bilərsən.
Məmmədxan bir qədər fikrə gedir. Sonra çapara deyir ki, get de ki, bu saat gətirəcəyik.
Çapar kor-peşiman qayıdır. Məmmədxan oğlanlarına əmr edir ki, atlanın. Yeddi oğul (Məmmədxanın yeddi oğlu və bir qızı olub-A.) atalarıyla birlikdə silahlanıb həmin kəndə gəlirlər. Deyilənə görə, soldatlardan bir nəfər də varsa, qaçıb qurtara bilmir. Hamısını qəlıncdan keçirirlər.
Bu hadisədən sonra rus generalı Məmmədxanı tutub gətirən adama böyük ənam vəd edir.
Vaxt keçir, Məmmədxanı tutmaq ruslara nəsib olmur. Günlərin bir günü Məmmədxanı Şamaxıda Mahmud ağa qonaq çağırır. Bundan xəbər tutan ruslar evi əhatəyə alıb Məmmədxanı ələ keçirirlər. Bir neçə gündən sonra ölüm xəbəri gəlir. Onu qazamatda zəhərləyib öldürürlər.
Bu hadisədən sonra oğulları hərəsi bir tərəfə qaçır. Təkcə böyük oğlu Mahmud ağa vətəndə qalır. Məmmədxanın kəndlərini isə müsadirə edib Təbətəbaiyə verirlər…”

Çox acı faktlardır və zamanında rus imperiyasının əmr qulları bu xalqın ən dəyərli, qoçaq oğullarını məhv edib sıradan çıxarıblar. Qalanları isə müxtəlif ölkələrə dağılıblar.

Mən Anar müəllimin babaları haqqında əbəs yerə misal çəkmədim. Bunlar Anar müəllimin həmin babalarıdır ki, onlar haqqında yuxarıya-həm KQB-yə, həm də MK-ya danoslar gedirdi, deyirdilər ki, quruluşun əleyhinə olublar, özü də elədir və bunu dahi şəxsiyyət H.Əliyev 1997-ci ildə yazıçıların qurultayında söyləyəcəkdi.

Bu kişilər qoçaq, qeyrətli kişilər olublar. “Bizə qadın verin, qızlarınızı, gəlinlərinizi gətirin”-deyən urus soldatlarına və zabitlərinə qarşı bütün obanın namusuna görə vuruşublar. Və Heydər Əliyev də bunu yaxşı bilirdi.

Anar müəllim həm ata, həm də ana tərəfdən belə şərəfli bir nəslin ziyalı övladıdır . Rəsul Rza və Nigar Rəfibəyliyə qarşı sovet dönəmində olan təzyiqləri, “hücumları” o insanların həyatlarını araşdıranlar yaxşı bilirlər.
Nigar xanım əsl mübarizə simvoludur!
Rəfbəylilər nəslində iki xanımdan biriydi ki, soyadını sonacan dəyişmədi. Baxmayaraq ki, o vaxt Nigar xanım və Rəfibəylilər çox təzyiqlərə məruz qaldılar, Nigar xanım əyilmədi, sınmadı. Sonacan öz kübarlığını qoruyub saxladı. Nəsilsə pərən-pərən düşdü.

Nigar xanımın Türkiyədə yaşayan dost-doğma qardaşı Kamil bəylə illər sonra görüşü də çox təsirlidir…

Nigar xanım da, Rəsul Rza da babaları kimi, hələ sovet dövründə haqsızlıqlara qarşı sözünü cəsarətlə deyirdilər.
Onların mübariz ruhuna Salam olsun!
Ata və anasından Anar müəllimə keçən çox genetik yaddaşlar var, biri də məhz mübariz, cəsarətli olması, öz sözünü deyə bilməsidir.

1989-cu ildə Moskvada mərkəzi tribunada cəsarətlə çıxış etdi, ermənilərin soydaşlarımızı yurd-yuvalarından zorla çıxartdığını deyərkən Qorbaçov yazıçının sözünü yarıda kəsmiş və imkan verməmişdi ki, sözünü tamamlasın.
Yadımdadır ki, milyonlarla tamaşaçı kimi mən də bunu televiziyadan həyəcanla izləyirdim.
Mən bunu təkrar yazıram ki, o illərdə və daha sonra doğulanlar bunu unutmasınlar! Asan deyildi ermənilərin və ermənixislətlilərin, “keqebeşniklərin” qaynaşdığı bir zalda tribunaya qalxıb o sözləri söyləmək…
Anar tarixdir!

Kafka deyirdi ki, “mənim yalnızlığım insanlarla doludur.”
Və heç şübhəsiz ki, yaşadığı bu 87 ildə Anar Rəsul oğlu da öz həyatında çox acılar yaşadı, ata-babaları kimi heç vaxt təmkini itirmədi. Yazıçılar Birliyini bu günəcən qoruyub saxladı.

Anar müəllim elə bir vaxtda Yazıçılar Birliyinə sədr seçildi ki, artıq nəhəng sovetlər ittifaqı dağılmaq üzrəydi və hər sahədə olduğu kimi ədəbiyyatımızın da başının üstünü qara buludlar almağa başlayırdı.
Söz azadlığından istifadə edən, senzuranın artıq tarixə çevrildiyi bir dövrdə bəzi söz qəhrəmanları meydanı boş görüb irəli atılırdılar. Və təəssüf ki, həmin dövrdə Azərbaycan Yazıçılar Birliyini parçalamaq istəyən qüvvələr də vardı…

Üstəlik, öz doğma ocaqlarından günahsız yerə didərgin düşmüş minlərlə evsiz-eşiksiz insanların Bakıya axını. Onların bir çoxunun özlərinə ümid yeri, sandığı AYB-yə üz tutmaları və s. Belə bir zamanda Yazıçılar Birliyinin rəhbəri olmaq çox çətin və məsuliyyətli bir iş idi.
Aradan illər keçsə də, biz Anar müəllimin bu xalq üçün, ədəbiyyatımız üçün etdiklərini heç zaman unuda bilmərik!

Bu gün də, bəli, məhz bu gün Azərbaycan Yazıçılar Birliyi nə qədər mənəvi hücumlara məruz qalsa da, yaşayır, öz fəaliyyətini davam etdirir. Bu gün fəxrlə deyə bilərik ki, AYB-nin sükanı etibarlı əllərdədir!

Doxsan il. Kimlər gəldi, kimlər getdi?

Hər dəfə üçüncü mərtəbəyə qalxanda repressiya qurbanları haqqında “Gedənlər” adlı xatirə lövhəsinin qarşısında dayanıb 37 –ci il repressiya qurbanlarını ehtiramla anır və vaxtilə Yazıçılar İttifaqının ilk sədrləri olmuş Məmmədkazım Ələkbərli və Seyfulla Şamilova rəhmət oxuyuram.
Çox möhtəşəm monumental əsərdir! Və qeyd edim ki, bu əsəri repressiya qurbanı yazıçı Seyfulla Şamilovun oğlu rəssam heykəltəraş Elcan Şamilov işləyib. Çox təəssüf ki, onun da ömür yolu yarıda qırıldı, cavankən dünyasını dəyişdi.
Gedənlərə min rəhmət, qalanlara Salam olsun!

Bu yaxınlarda Natəvan klubunda bir tədbirdə Anar müəllimi seyr edir və düşünürdüm: Dünya bir də bu cür əzəmətli duruşun, bu cür nurlu simanın və məhz bu görüşün şahidi olacaqmı?

Min illərin sərhədini mən aşacam,
Yaşamışam, yaşayıram, yaşayacam!
(Anar. “Yaşamaq haqqı”)

Əziz Anar müəllim! Siz yaşamağa ən layiqli insanlardansınız!

Müəllif: Südabə SƏRVİ

SÜDABƏ SƏRVİNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şair Molla Vəli Vidadinin nəticəsi general Əliağa Şıxlinski Nigar xanımla ailə həyatı qurmuşdu

Şair Molla Vəli Vidadinin nəticəsi general Əliağa Şıxlinski Nigar xanımla ailə həyatı qurmuşdu. Nigar xanım Şıxlinskaya ilk azərbaycanlı şəfqət bacısı və ilk ali təhsilli azərbaycanlı qadındır. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BAHARIN “ULDUZ”U IŞIQ ÜZÜ GÖRDÜ

BAHARIN “ULDUZ”U IŞIQ ÜZÜ GÖRDÜ

“Ulduz” jurnalının mart sayı “Yeni nəsil: nəsr – “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsi” kimi hazırlanıb. Jurnalın bu sayında gənc nəsildən olan nasirlərin – Əli Zərbəlinin “Qəhqəhə”, Nadir Yalçının “İnsan məskən salır”, Mətanət Teymurlunun “İçimdəki yaddaş”, Aysel Şıxlının “Sonsuzadək gülümsəyən uşaq”, Uraqan Abdullayevin “Pianino”, Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə”, Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi”, Şamil Həsənin “Bağacıq”, Ayxan Ayvazın “Banan qabığı”,  Orxan Həsəninin “Metro terminalının sevgisi”, Lamiyə Məmmədovanın “Pişik”,  Həmid Piriyevin “Nəlbəkidə üzən kağz gəmilər”, Furqanın “Onun meyvəsi”, Jalə İslamın “Bizi ayıran yollar bir gün qovuşduracaq…” hekayələri yer alır.

“Tribuna”da Dilarə Adilgil “Seyfəddin Hüseynlinin bir kitabına ikili baxış”dan söz açır.

“Şeir vaxtı”nda Nübar Eldarqızıdır.  Fərqanə Səfərli və Tabəs Nəcəfzadənin şeirləri, Mir Kamilin qəzəlləri də mart sayında oxucularla görüşür.

“Ulduz”un qonağı” rubrikasında Şahanə Müşfiqin qonağı Akademik Dövlət Opera və Balet Teatrının solisti, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasının rəhbəri, Əməkdar artist Ramil Qasımovdur.

“Dərgidə kitab”da filologiya elmləri doktoru Sərxan Xavəri “Məhəmməd Füzuli: situativ vizuallıqdan təsəvvüfi straksiyayadək” yazısını təqdim edir.

“Dərgidə sərgi”də rənglər dünyasıyla Aytac Cahangirdir.

JURNALIN PDF VARİANTI: Ulduz_Mart 2025

Südabə Məmmədova “DEBÜT”LƏ debüt edib

Südabə Məmmədova “DEBÜT”LƏ debüt edib

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi, gənc yazıçı-jurnalist, tədqiqatçı, ictimai fəal Südabə Məmmədovanın “Debüt” adlı ilk kitabı işıq üzü görüb.

Müəllifin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfə olaraq hazırladığı məqalə, hekayə və dram əsərlərindən ibarət olan kitab Bakl Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədilə “Yazarlar” jurnalı tərəfindən hər il həyata keçirilən “25 yarpaq” layihəsi çərçivəsində nəşr olunmuşdur.

Kitabın redaktoru Zaur Ustac, rəyçi və ön sözün müəllifi Qərənfil Dünyaminqızı, məsləhətçi və tərtibatçısı Ayətxan Ziyad (İsgəndərov), naşiri Tuncay Şəhrilidir.

Kitabı gənc həmkarının ilk işi olduğu üçün “Debüt” adlandıran  tərtibatçı redakroru  Ayətxan müəllim  müəllifi oxuculara belə təqdim edir: “Südabə Məmmədova. 26 iyul 2005-ci ildə Tovuzda anadan olub. BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsidir. Yazıları “Yazarlar” jurnalı, “525-ci qəzet”, “Bütöv Azərbaycan” qəzeti və digər media orqanlarında yayımlanıb. Şərq TV-də aparıcı, Trend Xəbər Agentliyində müxbir olaraq çalışıb. Media İnkişaf Agentliyində BDU üzrə ilk birillik Media Səfiri, TAİB təşkilatında Protokol Komissiyasının rəhbəri kimi fəaliyyət göstərib. BSU-nun “Yaşıl dünya naminə həmrəylik ili” adlı II mərhələli müsabiqəsində hər iki mərhələnin qalibi olub.

“Debüt“ tələbə-jurnalistin oxucuları ilə ilk görüşüdür.”

Südabə Məmmədova “Debüt”ün işıq üzü görməsi münasibətilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni müəllifə yalnız bir dəfə təqdim olunan “Ziyadar” mükafatı ilə təltif olunmuşdur. Kitab artıq ölkəmizin əsas kitabxanalarının kitab fondlarına daxil edilmiş və bu proses ilin sonuna qədər mərhələli şəkildə davam edəcək. Arzu edənlər kitabı “Kitabevim.Az” kitab mağazaları şəbəkələrindən əldə edib öz kitabxanalarını belə bir nümunə ilə zənginləşdirə bilərlər. Bundan əlavə kitabı “Novella” kitab evindən simvolik bir qiymətə kirayə də götürüb oxumaq olar. (Südabə Məmmədova – “Debüt” kitabı)

Gənc yazarı və bu böyük miqyaslı işdə əməyi olan hər kəsi təbrik edirəm. Ayətxan müəllimə xüsusi təşəkkürlər!

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

“NOVELLA” KİTAB EVİ – ELMLƏR FİLİALI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – DANIŞDIN?

DANIŞDIN?

(hekayə)

Zakir dərsi danışıb qurtardı. Sonra Cavanşir müəllimin və yoldaşlarının suallarına cavab verdi. Müəllim:

-Sağ ol, Zakir! Həmişə olduğu kimi, bu gün də dərsə hazırlıqlı gəlmisən. Əla qiymət alırsan.

Zakir özündən razı halda keçib əyləşdi. Müəllim sinfə göz gəzdirib Şəfiqəni çağırdı:

-Şəfiqə, sən gəl.

Şəfiqə ayağa qalxıb yazı taxtasına doğru addımladı. Müəllim:

-Danış görək.

Şəfiqə dərsin mövzusunu elan etdi. Cavanşir müəllim  qarşısındakı qəzeti gözdən keçirməyə başladı. O, qaşlarını çatıb diqqətlə hansısa məqaləni oxuyurdu.

Cavanşir müəllimin qəribə xasiyyəti vardı.  Qarşısında qəzet görən kimi gözlərini ona dikirdi. Şagirdlər müəllimin ölkədəki, xaricdəki xəbərlərə, baş verən hadisələrə aludəçiliyini bildiklərindən köşkdən təzə qəzet alıb stolun üstünə salardılar. 

Şəfiqə yazı taxtasının qarşısında, Cavanşir müəllim qəzet oxumaqda idi. Dərsin mövzusu bir yana qalmışdı, Şəfiqə yoldaşlarına oradan-buradan, olub keçənlərdən, bir sözlə, ağlına nə gəldi  danışırdı. Uşaqlar özlərini gülməkdən güclə saxlayırdılar.

Şəfiqə susdu. Dayanıb gözlədi. Sinifdə kimsə öskürdü, kimsə asqırdı. Cavanşir müəllim başını qaldırdı. Bir Şəfiqəyə baxdı, bir də şagirdlərə. Şagirdlər onun nə deyəcəyini, Şəfiqəyə hansı qiyməti yazacağını gözlətirdilər. Cavanşir müəllim aram-aram:

-Şəfiqə, danışdın? – deyə soruşdu.

Şəfiqə tez dilləndi:

-Bəli, müəllim, danışdım.

 Cavanşir müəllim:

-Şəfiqə, – dedi.

Şəfiqə cavab verdi:

-Bəli, müəllim!

Cavanşir müəllim:

-Şəfiqə, indi də dərsi danış…

Şəfiqə dayanıb durdu. Sən demə, Cavanşir müəllim qəzetə baxsa da, fikri Şəfiqədə imiş!

Bakı şəhəri, 09 fevral 2025-ci il

Müəllif: AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

Caroline Laurent Turunc – Vatanım!

Vatanım !

Hiç kimse görmesin diye nasıl süründüğümüzü çok iyi hatırlıyorum.

Sırtımızda 19 güneş taşıyarak geldik

Seyahat etmek bizim için her zaman çok zor olsa da, hiç yorulmadık

Her evren doğumunda kendimizi farklı ellerde bulmaktan hiç yorulmadık, hiç asi olmadık.

Her güneşte ve her farklı elde mutlu olmaya çalıştık

Ayrımcılık yapmadık, sadece kabul ettik ve koşulsuz sevdik

Çünkü sevgi ve saygıyla yaşamayı seviyoruz

Biz ışık insanlarıyız

Akdeniz’in sevgi dolu güneşi altında kıyı insanları

Şimdi bu kıyı bilinmeyene giden bir yerleşim alanı

Daha önce burada ne bir evimiz ne de arkadaşlarımız vardı

Yokluktan yarattık Yeniden inşa ettik

Uzaklık, yokluk bizim için bir yıkım değildi

Ah… ah… ah.. Vatanım!

Şimdi köklerimi söküp yerine kök dikmek isteyenler var

Ödünç alınmış bir zamanda yaşıyorum. “Huzurlu bir hayattan daha büyük hayallerim yoktu.”

Her coğrafyada saatlerin aynı olmadığını nereden bilebilirdim?

Her nehirde akan suyun renginin aynı olmadığını nereden bilebilirdim?

Acı çığlıklarımız arasında, kendi topraklarımıza gelen herkesin oyuncağı olacağımızı nasıl bilebilirdim?

Bu toprağın köyümüzün yıkımı gibi olacağını düşünmemiştim.

Benim ve bizim olan özel dünyamın sonsuza dek kaybolacağını düşünmemiştim…

Yüzyıllardır benim olduğunu düşündüğüm bu toprağın aslında bizim evimiz olmadığını nasıl bilebilirdim!

Köyümü yıkanlar şimdi halkımı da yok ediyor

Kendime şu soruyu sormaktan yoruldum: Burada ne kadar kalacağız? Ve daha neye maruz kalacağız?

Ah, ah… zaman

Gecenin karanlığının senin olduğunu biliyorum

Ama ben gündüzü aydınlatan ışığım

Ve herkes bilir ki gündüz geceden daha güzeldir

Birçok insan Hayfa taşının çayır kuşunun tüyündeki bir su damlası gibi olduğunu bilir,

Biz Akdeniz kıyısının temel taşlarıyız

Artık hiçbir ölüm beni korkutamaz.

Ölümden daha zor bir durum keşfettim: kalıcı. Kararlılık ve cehalet gerçeği yok eder

Ve sana en acı çığlıklarla söylüyorum, istesen de istemesen de, zaman, emin ol ki özgürlük her zaman yaşayacak, yeşil, huzurlu, dünyanın ağaçlarında…

Ve Işığı öldürmeye gelenler kendi çöplerinde, kendi çürümüş zihinlerinde, karanlığın en parlak şekilde parladığı Cehennem’de boğulacaklar.

Ve ben, Cehennem şeytanları tükeninceye kadar Kayıplar Cenneti’nde yok olmaya devam edeceğim.

Işığın şairi

Mənbə və müəllif: Caroline Laurent Turunc

15/03/2025- Paris

P.S. Gel sevgili, …

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri

(dördüncü yazı)

Əvvəli burada: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ

Araşdırmaçı İlhamə Ənvərqızı “Troya-Turoya, Türk obası” kitabında “Dədə Qorqud” və “İliada” əsərlərində adların, toponimlərin, hidronimlərin müqayisəli analizini aparır. O yazır:

Adların bənzərliyinə baxaq: Homerdə Ares, “Dədə Qorqud”da Aruz, Uruz, Homerdə Peyroy, bizdə Beyrək. Homerdəki Pilemen adına adekvat olaraq “Kitabi Dədə Qorqud”da Bilgə adını göstərmək olar. Yəni Troya türkləri ilə “Dədə Qorqud” türklərinin adı bir-birinə bənzəyir. Bəzi adlar isə yaranma üsuluna görə oxşayır. Qaraca adıyla Akca (Əsərdə Aksani yazılıb), Homerdəki troyalı Bəndər (Pandar) və “Dədə Qorqud”da Dondar, turoyalı Merok və “Dədə Qorqud”dakı Şöklü Məlik, turoyalı İmbors – “Dədə Qorqud”da İmran, turoyalı Ənüz (Anxiz) və “Dədə Qorqud”dakı Bəkdüz, turoyalı Turuz və “Dədə Qorqud”dakı Dirsə, Qanturalı antoponimləri tam eyni deyilsə də, ruhən yaxındırlar. Eyni xalqa aid olduğu sezilir. Turoyadakı Gigey gölü hidronimi “Dədə Qorqud”dakı Gökcə gölünə, Turoyadakı Aksu çayı dastandakı Ağçay hidroniminə, Homerdəki Mikal dağı bizdəki Muğan toponiminə uyğun gəlir. Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi Kassandra antroponiminin orijinalı Əsəndur şəklində idi. Turoyalı Kassandra adı “Dədə Qorqud”dakı Qazan adı ilə eyni morfemdən ola bilər. Göy-göl yaxınlığında Qazandurmaz zirvəsinin adı da maraq doğurur. Bu adı yunan tələffüzündə desək Kassandur adı ilə ortaq morfem alınır. Troyalı Troilin adı “Dədə Qorqud” oğuzlarından Qanturalın adı ilə eyni morfemlidir. “Qan+tur+al və Tur+il” .

İslandların “Kiçik Edda” abidəsində də Troyanın türk ölkəsi olduğu təsdiqini tapır:

“Troya türk ölkəsidir… Türklərin ölkəsini tərk edib…” Avropaya gələn aslar buraya türk adət-ənənələrini gətirdilər və “burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu”.

Strabonun adını çəkdiyi “Kordub” da maraq dairəmizdədir. “Kor” sözü burada fonetik səs dəyişməsinə məruz qaldığından onu Kor / Qor kimi də oxumaq olar. Qor isə “od”, “isti” mənasını verir.

“Dub” isə şumercə “gil lövhəsi”, türkcə “tup” variantı isə “bişmiş kərpic” anlamınan gəlir. Əgər bunun izahını düzgün verdiksə, onda Kordubun mənası “Kərpic bişirənlərin şəhəri” izahına gəlib çıxır.

Şumer-türk əlaqələri də burada da özünü aydın göstərir. Professor E.Əlibəyzadə alman alimi Q.Vinqlerə istinadən yazır: “Bizə qədər əlib çatmış ən qədim qaynaqlar semit dilində deyil, “şumer dilində” yaranıb ki, daha sonralar bu yazıların dilini də onların dili adlandırıblar. Bizə gəlib çatmış Şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyanın ən qədim mədəni dili olan Şumer dilinin ümumi xarakteri barədə kifayət qədər təsəvvür yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və semit dilinin quruluşundan tamamilə fərqlənir”.

Fransız alimi E.Rexlü qeyd edir ki, qədim yazıların şəhadətini görə Babil sivilizasiyasını inkişaf etdirənlər hind-avropa dillərində danışıb, özlərini dil və mənşəcə Avropadan həqiqi və yalançı xalqlarının qohumu sayan qəbilələr olmamışlar. Arilərin bütün sahələrdə tam üstünlüyünün təsiri altında olan assiroloqlar özlərinin bu kəşfindən xeyli heyrətə gəldilər və gördülər ki, ən qədim oxşəkilli yazıların dilində İran və semit dillərinə xas cizgilər qətiyyən yoxdur. Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluq var.

Türk alimi Əhməd Cavad isə yazır: “Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr edən Volley şumerləri morfoloji cəhətdən “əski Türkcəyə bənzər” bir dildə danışdığını qəbul edir: “Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var; bizi bu qənaətə gətirən ən güclü sübut ikidir:

1.    Dil sübutu;

2.    Geoloji və arxeoloji sübut”.

Strabon Onoba, Ossonoba və Menoba şəhərlərinin adını çəkir. Tarixdən də məlumdur ki, “oba” sözü yalnız türklərə məxsusdur və indinin özündə də əksər türk tayfaları arasında işlənməkdədir. Onoba on sülalənin, Ossonoba çox güman ki, otuz sülalənin bir yerdə cəmləşib oba salmasıdır. Şəhərlərin adlarının beləcə sıralanması bir daha təsdiqləyir ki, sülalələrin sayına görə şəhərə də sülalənin sayını təsdiq edən adlar verilmişdir. Məsələn, Menoba tək bir sülalənin saldığı şəhər kimi qələmə verilir. Güman ki, bu şəhərlərin salınması uzun bir tarixi yol keçmişdir.

Strabon daha bir şəhər adı çəkir: “Salas sakinləri əsrarəngiz və zərif parçalar hazırlayırlar…”

Burada Sal+az iki sözdən ibarət olmasına baxmayaraq, birincinin müxtəlif çalarları mövcuddur. Belə ki, “sal” sözünə həm yer, həm tayfa adlarında, həm də məişətdə, müasir dilimizdə işlədilən ifadələrdə rast gəlmək mümkündür. Məsələn, Qazan xanın qəbiləsi Salur adlanır, Azərbaycanda Salyan adlı rayon var. Yaxud heyvan kəsilən yerə sallaqxana deyirlər. “Saldaşı” məfhumu da mövcuddur. Sonralar isə “sal” sözü feil kimi işlədilib: salmaq, sallamaq və sair.

M.Kaşğari “sal” ilə bağlı müxtəlif çalar və məna daşıyan sözlər verir:

“Sal – sal, kiçik qayıq

Sal – qablardakı zeh, çini lakı

Sal – salmaq, atmaq: bir şeyə işarə vermək; götürmək; toplu hala gətirmək

Salçı – aşpaz 

Salı – suvaq aləti, mala

Saltur – saldırmaq, çıxarıb atmaq

“Qədim türk sözlüyü”ndə də “sal” sözünün müxtəlif mənaları verilir:

Sal – qoymaq

Sal – atmaq, tullamaq (basin alip qodi saldi – it canavarın başından tutub aşağı tulladı)

Sal – vurmaq

Sal – qovmaq

Sal – yelləmək

Sal – təyin etmək, müəyyənləşdirmək

Salça – at növü

Salin – yazmaq”

Salas sözünün ikinci hissəsindəki aslar haqqında yuxarıda yazmışdıq.

Daha sonra Strabon yazır: “… Dağlardan o tərəfə, cənubda oretanlar yaşayır; hansı ki, sahilə – sütunların bir hissəsinə qədər uzanır. Onlardan şimalda Karpatan, sonra isə vetton və vakkeylər məskunlaşıblar. Bu ölkədən Duri çayı axır. Vakkey şəhəri isə Akuti çayının sahilində yerləşir”.

“Duri” hidronimi aydın və türkcə başa düşüləndir. Sözün kökü “dur” feilindəndir və “durmaq”, “dayanmaq” anlamını verir. Fikrimizcə “Duru çay”, yəni “saf sulu çay” sözünü də bu hidronimə aid etmək olar.

“Akuti” haqqında isə bir az geniş danışmağa ehtiyac var. Məlumdur ki, “Ak” sözündə “k” səsi fonetik dəyişmə nəticəsində “ğ” kimi oxuna bilər, çünki yunan və roma dilində “ğ” hərfi olmadığından “ğ” “k” kimi yazılıb.

“Qədim türk sözlüyü”ndə “ak/aq/ağ” sözü aşağıdakı mənalarda verilir:

Aq = ağ (aq bulut – ağ bulud)

Aq taş = gips, təbaşir

Aq/ağ = pis hərəkət etmək ağ etmək

Aq saqal = ağsaqqal, hörmətli adam

Aq = axmaq, gömülmək (suvi aqa turur qaya tupi qaqa turur – çayın suyu fasiləsiz axır və qayanın ətəklərini yuyur).

Mahmud Kaşğaridə də “ak” sözü demək olar ki, eyni mənanı verir:

Ak = ağ, bəyaz

Aksakal = saçı-saqqalı ağarmış, qocalmış

Akatur = axıb durmaq

A.Sumbatzadə Atropatenanın etnik tərkibi haqqında yazanda İ.Əliyevə istinadən qeyd edir ki, bu ərazidə yaşayan etnik qruplar irandilli deyillər: “Bizi maraqlandıran zonada şərqdən şimala doğru kaspilər, kadusilər, utilər, ayışanlar və başqa tayfalar məskunlaşıblar, hansı ki, onların arasında heç olmasa bir tayfa da olsun irandilli yoxdur”. Herodot da “Tarix” kitabında indiki Azərbaycan ərazisində və Anadoluda utilərin yaşadığını göstərir.

Albaniya ərazisində, Kürün sağ sahilində utik, Paytakaran və Arsas vilayətlərinin olması faktını bir çox mənbələr qey edirlər.

Kamal Əliyev və Fəridə Əliyeva “Azərbaycan antik dövrdə” əsərində yazırlar: “Pliniyə görə Araz çayı Atropatena ilə Otena arasından axır”.

Sonralar yaşayıb – yaratmış yazıçılar Albaniyada həm utilərin, həm də Otena ölkəsinin adını çəkirlər, məsələn Evsebi Qafqazın başqa ölkələri ilə yanaşı, Otena ölkəsini də xatırladır. Utini və ya Otenanı Kürlə Araz arasında yerləşdirir”. Oljas Süleymenov “Az-Ya” əsərində şumer və türk dillərində “ud” sözünün müqayisəsini vermişdir.

Şumercə

Ud – günəş, gün

Ud – od, atəş

Udun – ocaq

Udu – müqəddəs günəş ilahəsi.

Türkcə

UT (ud, ot) – günorta, zaman (qədim türkcə)

Ud (UT, OT, od) – atəş (ümumtürkcə)

UTUN (udun, otun, odun, otın) – ağac, yanacaq (ümumtürkcə)

Uduk (ıdık) – müqəddəs (qədim türkcə).

Bəzi alimlər utiləri kuti / qutilərlə eyniləşdirirlər. Nəzərə alaq ki, hun tayfalarından biri “Uturqur”, digəri isə “Quturqur” adlanırdı.

Professor F.Ağasıoğlu yazır:

“Qədim Azərbaycan torpaqlarında İslama qədər çoxlu dövlətlər qurulmuşdur. Bunların xeyli hissəsi ayrı-ayrı bəyliklər səviyyəsindən yuxarı qalxa bilməsə də, bəziləri qüdrətli dövlət, hətta imperiya səviyyəsinə qalxa bilmişdir. Belə böyük dövlətlərdən “Quti eli” adlandırdığımız qədim protoazər tayfalarından olan Quti boylarının qurduğu dövlətdir. Aratta istisna olmaqla, Quti eli, Azərbaycanda qurulmuş hələlik elmə məlum olan ilk böyük dövlətdir.

Eramızdan əvvəl III minilliyin sonunda qurulan Quti dövləti 100 ilə (e.ə. 2200-2109) yaxın mövcudluğundan sonra dünya xəritəsindən silinmişdir. Firudun Ağasıoğlu qeyd edir ki, həm akkad, həm də elam yazılarında olan  qutilər ölkəsində 70 boyla vuruşmuşlar: “Əlbəttə, bu boyların hamısı ayrılıqda Quti adlanmırdı, sonrakı mənbələr göstərir ki, bəzi yazılarda “Quti” adı o dövrdə həmin ərazilərdə yaşayan subar, türuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və s. türk boylarının ümumi adı kimi işlənmişdir”.

Daha sonra Strabon yazır: “İberiya döngəsi ilə dəniz arasında birinci şəhər Tarrakondur. Bu şəhərin əhalisi Yeni Karfagenin əhalisi qədərdir”.

Dünya türkoloqların “türk” sözünün “tar”dan yarandığına şübhə etmirlər. Bizdə kitabın giriş hissəsində buna qismən yer ayırmışdıq.

Məsələn, akademik N.Y.Marr türk termininin “tarxan” sözündən əmələ gəldiyini yazır. Bu heç də təsadüfi deyil, çünki bu söz tayfalar arasında üstünlüyünü bildirir, hətta onu ilahiləşdirib Allaha bərabər də tuturdu. Bununla bağlı A.N.Kononov yazır:

“Bu iqtibasda diqqəti daha çox Y.N.Marrın “türk” termininə yönəltmək istəyirəm. O, “türk” terminini başqa keyfiyyətlərlə yanaşı, həm də İlahiyə bərabər seçilmişlərə aid edir”.

Sonralar tar / tur termini müxtəlif toponim, etnonim, hidronim və başqa adlarda öz əksini tapmışdır. Məsələn, uyğurlara həm tarançı deyirlər. Tatar sözü “tarlıq tatarları” sözünə bərabərdir.

Etruskların ulu babasının adı da  Tarkan olub. Herodot isə iskitlər ulu babasını Tarqıtay adlandırır. O, “Tarix” kitabında yazır:

“… Bir vaxtlar hələ məskunlaşmamış bu ölkənin ilk sakini Tarqıtay adlı bir adam olmuşdur. Iskitlərin dediyinə görə, Tarqıtayın atası Zevs, anası Borisfen çayının qızıdır (iskitlər israr etsələr də biz buna inanmırıq). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da 3 oğlu varmış”. Göründüyü kimi, akademik N.Y.Marr tar /tur terminini necə ilahiləşdirib Allaha bağlayırdısa, Herodot da Tarqıtayın Zevs Allahının oğlu olduğunu yazır.

Bir maraqlı söz də tar / tordur. Keçən əsrin ortalarına qədər “torum” sözü də işlədilirdi. Bu da mahiyyətcə, doğub-törəmə ilə bağlı idi. Belə ki, “torum” sözündən yaranan “törə-nəvə” Osmanlı türkcəsində də eyni anlamı verir, yəni “tor / torun”u nəsilartırma kimi anlamış oluruq.

Fikrimizcə, akademik N.Y.Marr tar / tur termininin açmasını düzgün vermiş və “türk” sözünün “tardan” yaranmasını doğru qeyd etmiş, eyni zamanda, bu sözün ilahiləşdirilmiş kimi başa düşülməsini göstərmişdir. Tar/tur/tor sözü ilə bağlı yazdıqlarımızı Firudin Ağasıoğlu da təsdiq edir. O yazır:

“Kiçik Asiyadakı Troyadan (Turova / Turoba) Avropaya, oradan da İslandiya gedən tayfaların tor / tür adlı tanrıları olmuşdur. Ona görə də island saqalarında Türkel, Turid, Toralv (Toralp?), Torlauq, Torqaut, Torleyk, Torlaq, Torarin, Torberq, Torqeyr kimi antroponimlərin kökündə as tayfalarının tor/tür şəklində işlənilən teonimi durur. Maraqlıdır ki, Tor tanrının funksiyası (A.Bremenski) “V poyedinki s velikanami; plodorodiya çerez qrozu” (C.Dumezli) şəklində bərpa olunur. Bu yozum bizim müəyyənləşdirdiyimiz tar / tür teoniminin “ölüb dirilmə” təsəvvürü ilə bağlı olması və azər dilindəki torun (nəvə) törətmək tipli sözlərdə həmin anlamın qalması ilə uyğunluq yaradır”. “Ölüb-dirilmə” həm də “torpaq” sözü ilə də bağlıdır. “Torpağı öldürməsən, o səni diriltməz” kimi atalar sözü günümüzdə də işlənməkdədir.

ARDI BURADA: “TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri

(üçüncü yazı)

Əvvəli burada: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ

Strabon özünün məşhur “Coğrafiya” kitabında yazır:

“Müqəddəs Burun da daxil olmaqla qərb sahilləri düz TAQ çayının töküldüyü yerə qədər İberiyanın (müasir İspaniya və Portuqaliya əraziləri nəzərdə tutulur. – Y.O.) qərb tərəfinin başlanğıcıdır.

Cənubdan isə – Ana çayının töküldüyü yerə qədər cənub tərəfin başlanğıcıdır. Hər iki çay mənbəyini şərqdən götürür. Amma TAQ  o biri çaylardan daha böyükdür və birbaşa qərbə axdığı halda, Ana cənuba dönərək vilayəti İkiçayarasına salır… Ölkənin dərinliklərində KARPATAN, OREATAN və VETTONLAR (kursiv mənimdir- Y.O.) yaşayırlar… Bu əyalətdən mənbəyini  Ana və Taq çayları kimi eyni yerdən götürən BATİY  çayı axır..

…Çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhali isə onu TURDETAN  adlandırır. Arada əhalini turdetan, bəziləri isə turdul çağırırlar. Bir sıra yazarlar onları bir xalq, bir qismi isə müxtəlif xalqlar hesab edir. Axırıncıya Polibi aiddir və təsdiq edir ki, turdullar turdentlərin şimal qonşusudur, amma indi onların arasında heç bir fərq tapmazsan. Turdentlər iberiyalılar arasında özlərini ən mədəni hesab edirlər. Onların əlifbası mövcuddur, qanunlar və öz tayfalarının tarixinə aid poemalar yazırlar (özlərinin dediyi kimi, yazılarının 6000 il yaşı var).Başqa iberiyalılar da yazı ilə tanışdırlar, amma onların hərfləri fərqlidir, belə ki, onların dilləri ayrıdır”.

Göründüyü kimi  e.ə. I əsrin sonunda, eramızın əvvəllərində Avropanı gəzən və qələmə alan Strabon bizə  türk toponimləri, hidronimləri və etnonimləri haqqında kifayət qədər məlumat verir. Bunun üzərindən sükutla keçmək mümkün deyil.

Başlayaq Strabonun İberiyada göstərdiyi TAQ  və ANA  hidronimlərindən. Adi gözlə də, heç bir şərh vermədən görmək olur ki, hər iki çayın adı türkcədir. Bəs bu qədər türk toponimləri, hidronimləri və etnonimləri e.ə. I əsrdə indiki İspaniya ərazisinə necə gedib çıxıb? Nəzərə alaq ki, bu adların bu yerlərdə öz təsdiqini tapması üçün yüz illər, bəlkə də min illər gərəkdir. Bəzi tarixçilər təsdiq edirlər ki, e.ə. V əsrdə biz qədim türklər olaraq  Mərkəzi Asiya çöllərindən kənara çıxmamışıq. Elə isə bu adlar Avropanın qərbinə necə gəlib çıxdı? Haradan qaynaqlanır bu adlar? Özü də bu adları Strabon yunan dilinə tərcümə etmir. Yerli xalqlar bu adları necə söyləyir və tələffüz edirsə, Strabon da elə yazır.

Məlumdur ki, “TAQ” sözü indi də bir çox türk dillərində, o cümlədən də  Azərbaycan türkcəsində işlədilir. “Taq (ğ) Azərbaycanda üzüm ağacının bir qoluna deyilir. “Taqım” orduda alayın bir hissəsidir. 1969-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) nəşr olunan “Qədim türk sözlüyü” kitabında “taq” sözü bərkidilmək, nəyinsə bir hissəsi anlamını verir.

Qeyd etmək lazımdır ki, qədim şumer dilində bu söz müasir türk dilindəki kimi “birlədirmək”, “yaışdırmaq”, “sancmaq” anlamlarını verir.

XI əsrdə yaşayıb-yaratmış M.Kaşğari də taq və tağ sözlərini eyniləşdirir. Bundan başqa müəllif “tağ” sözündən əmələ gələn sözlərə də diqqət yetirir:

Tağay – dayı;

Tağık – dağa çıxmaq;

Tağıl – korlamaq;

Tağla – dağılmaq.

Strabonun göstərdiyi “Ana” çayının adı isə – minillərdir “ANA,APA,ABA” kimi işlədilən bu söz şumer dilində də “AMA” kimi işlədilmişdi.

“Qədim türk sözlüyü”ndə də “ana” sözü indi başa düşdüyümüz anlamda verilir.

Daha sonra Strabon qeyd edir ki, ölkənin dərinliklərində karpatan, oretan və vettonlar yaşayırlar. Maraqlıdır ki, bu etnonimlərə indiyə qədər bizim türkoloqlar diqqət yetirməyiblər. Göründüyü kimi bu sözlər mürəkkəb sözlərdir və təmiz türkcədir. Fonetik dəyişikliyə uğrasa da bu sözlərin anlamı bu gün də başa düşülməkdədir.

Strabon qeyd edir ki, bu əyalətdən Batiy çayı axır və çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhalisi özünü turdul deyə çağırır. Turdullar haqqında yuxarıda bəhs etdik.

Qeyd etdiyimiz kimi İberiya  Avropanın lap şərqində yerləşir, yəni günəşin batdığı yerdə. Bu baxımdan çay qərbə axdığı üçün çayın adı Batiy, ölkə isə çayın adına uyğun Batik adlanır.

Mahmud Kaşğaridə də Bat sözü müxtəlif mənalar verir:

Bat – batmaq, gözdən itmək;

Batıs – bataqlıq, çayın dərin yeri;

Batsıs – qərb;

Batur – batırmaq, bağlatmaq.

“Qədim türk sözlüyü”ndə də “bat” sözü müxtəlif çalarlarda və mənalarda işlədilir:

“I Bat – üzümün suyunun sıxılması,

II Bat – pis, gərəksiz,

III Bat – tez, cəld; iglig ersar bat onulurkim xəstədirsə tez sağalar.

IV Bat – batmaq, baş vurmaq; kün batti – günəş batdi”

Bu gün də dilimizdə işlədilən sözləri – günəş çıxan tərəfi Doğu, günəş batan tərəfi Batı, şimalı – Quzey, cənubu isə Güney kimi işlədirik.

Daha sonra Strabon yazır:

“… Məhz bu körfəz vilayətində iberiyalılar bastetan adını daşıyırlar (onlara bastul da deyirlər)… Kalpa dağı yerləşir…

Əgər daxili dənizdən xarici tərəfə üzsən, bu dağ sağda qalır, ondan 40 stadiya kənarda Kalpa şəhəri yerləşir…

… Bunlardan daha güclü və şöhrətlisi isə əsası Marsel tərəfindən salınmış Kordubdur…

… İberiyalı keltlər arasında Konisturq, liman şəhərləri arasında isə daha məşhuru Asta şəhəridir…

Hər halda, təbiətlə tanış olan insanlar… Bu yerlərdə özləri üçün şəhərlər və başqa yaşayış yerləri saldılar. Bu şəhərlər siyahısına bunlar daxildir: Asta, Nabrissa, Onoba, Ossonoba, Menoba və başqaları…

… Salaq sakinləri əsrarəngiz və zərif parçadan hazırlayırlar…”.

Çox güman ki, Bastul / Basdul kimi işlənə bilər. “Bas” sözü feil funksiyasını daşımasına baxmayaraq, müxtəlif formalarda indi də müasir dilimizdə işlədilməkdədir; basmaq, basdırılmaq, basdırma, basıntı (toplantı), basar, Basqal və s. Qeyd edək ki, Qaraxanlılar dövlətində bir türk tayfasının adı Basmal idi.

M.Kaşğari “Divanü-lüğat-it-türk” kitabında “Bas” sözünün müxtəlif anlamlarını verir:

“Bas = basmaq,üstünə çökmək, yıxmaq, qamarlamaq;

Basa = sonra;

Basar = dağ sarmaşığı;

Basık = düşmən tərəfindən basılmaq;

Basın = zəif saymaq, zülm etmək;

Basruk = basqı.

“Qədim türk sözlüyü”ndə də “bas” sözü müxtəlif çalarlarda verilir:

“1.bas – basmaq; iğac, qaya qum bari gop basar – ağac, qayalar, qum hamısı tam sıxır;

2.bas – möhür vurmaq; tamqalarımızı basip bertemiz – biz öz möhürümüzü vurduq;

3. bas – sıxmaq, basıb keçmək;

4. bas – hücum etmək; qirqiz bodiniq uda basdimiz – gecə qırğız xalqına hücum etdik;

5. bas – əldə etmək; er qızı basdi – kişiqadını əldə etdi;

Basa – sonra; men anda basa keldim – mən ondan sonra gəldim.

Basal – soğan;

Basan – yas;

Basar – dağ sarımsağı;

Basquci – idarə edən, hakim;

Basiq – gecə hücumi;

Basil – idarə olunan;

Basin – məğlub olan;

Basinc – sıxışdırılan”.

“Dul” sözü ilə bağlı “Türkün gizli kitabı” kitabında yazırdıq:

“D.Aytmuradov çinşünas İ.Biçurinə istinadən qeyd edir ki, “dul+qa” bir çox türk tayfalarında dəbilqə mənasını verir. Müasir Azərbaycan dilində də “dulusçu” sözü indinin özündə də əldə saxsı qablar düzəldən sənətkara deyirlər. Bəlkə də “basdul” sözü saxsı qablar basan, yəni düzəldən tayfalara deyirlərmiş.

Azərbaycanda əri və ya arvadı ölmüş şəxsə dul deyirlər.

Asta şəhərinin adı da maraq kəsb edir. Belə ki, müasir türk dillərində “asta” sözü “yavaş”, “ləng”, “aramla” mənasını verir. “Asta yerişli” sözü indi də işlənməkdədir. “Asta” sözü “giriş qapısı” mənasındadır. Qazaxıstanın paytaxtı Astana şəhəri bu anlamdadır. Azərbaycanın cənub bölgəsində, ölkəyə giriş hissəsində Astara şəhəri yerləşir”.

Qədim türkçədə “Ast” – küçə, “astın” – aşağı, alt mənasını verir.

Strabon da qeyd edir ki, liman şəhərləri arasında ən məşhuru Astadır, ölkəyə giriş buradan başlanır.

Hər halda eradan əvvəl indiki İspaniya ərazisində  Asta şəhərinin olması və indiyədək bu adın eyni mənada müasir türk dillərində saxlanılması və işlənməsi, özlüyündə bir çox mətləblərdən xəbər verir. Daha bir ehtimal da mövcuddur. Yuxarıda Orxon-Yenisey abidələrindən yazanda, qeyd etmişdik ki, L.N.Qumilyov bu abidələrdən bəhs edərkən naməlum “az” tayfasının adını çəkmiş və onların haradan gəldiklərindən məlumatsız olduğunu bildirmişdir. Asta şəhərinin adı ehtimallara görə, As / az tayfasının adından götürülə bilər.

As / az tayfası haqqında professor Firudun Ağasıoğlu yazır: “Azərbaycan ölkə adının kökündəki azər boy adının yaranmasında özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biridir. Aziya / Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Bunun səbəbi az / as boylarının vaxtilə qədim Azərbaycandan  Batı, Quzey və Doğu ölkələrə olan köçü ilə bağlıdır. Üç-dörd min ildir ki, bu boylar tarixi mənbələrdə xatırlanır”. Daha sonra müəllif qeyd edir ki, müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində az / as komponentini yaşadan etnonimlər maraq kəsb edir. Məsələn, başqort-katay boyundaki as, assı soyları balkarların as adlanması, A.Vamberin özbəklərin 32 əsas boy sırasında as boyunu qeyd etməsi, qırğızların azıq boyu, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması az / asların türklüyünə şübhə qoymur.

Maraqlıdır ki, Az tayfasının Troyadan (müasir Türkiyə ərazisindən – Y.O.) Avropa və İslandiyaya köç etməsi haqqında “Kiçik Edda” abidəsi də lazımı qədər və ətraflı məlumat verir. Hətta orada qeyd edilir ki, aslar Troyadakı (Turoba) adətləri, Türkel, Anar, Atlı kimi şəxs adlarını və digər toponimləri özləri ilə Avropaya aparmışlar. Yeri gəlmişkən, yəhudi yazarı Rafail Nidelman özünün “İnsan tarixində müəmmalar, sirlər və kodlar” kitabında Troya haqqında maraqlı məlumat verir. O yazır ki, Sultan Mehmet Fatih 1453 -cü ildə İstanbulu fəth edəndə belə bir ifadə işlədib: “Konstantinopolu almaqla mən Troyanın yerlə-yeksan olunmasının qisasını alıram”. Hələ bir neçə il əvvəl “Türkün tarixinə yeni baxış” kitabında yazmışdım ki, Avropada VII əsrdən başlayaraq “türk” sözünün şərhini verməyə çalışıblar. Bu o zaman başlanıb ki, Troya əfsanəsi yazılı şəkildə təsdiqini tapdı və troyalıların türk köklü olduğu versiyası irəli sürüldü. Buna əsasən Troya çarı – TORQUDUS-un adının türk adına çox uyğun gəlməsi idi”.

Maraqlıdır ki, Troya şahzadəsinin adı Qöktar, anasının ismi isə Qökua olub, türk adlarından heş nə ilə fərqlənmirlər. Homerin şəhadətinə görə Troyada yaşayan tayfalardan biri isə “turşa” adlanırdı.

ARDI BURADA: “TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru