6 mart 2025-ci il tarixində Sım Kənd Mədəniyyət Evi və Sım Kənd Kitabxanasının birgə təşkilatçılığı ilə Sım Kənd Mədəniyyət Evində yeni dövr Azərbaycan ədəbiyyatında romantizmin inkişafında misilsiz xidmətləri olan Xalq yazıçısı, nasir Süleyman Rəhimovun anadan olmasının 125 illiyi ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirdə ədibin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş olunmuşdur.
Tədbirdə ədibin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş olunmuşdur.
Ola bilsin kimsə deyəcək ki, bu söz Türkiyə türkcəsindədir. Türkiyə adlı dövlətin var olub-olmadığını bilməyəndə “savaş” sözünü eşitmişəm. Məhlədə, küçədə kimləsə dalaşanda, süpürləşəndə böyüklər deyirdi, “az savaşın”, “savaşmayın”. Nə yalan deyim, bu sözü sevirəm.
“Duman“
Duman təkcə Şuşa ilə bağlı deyil. Müharibədə döyüşənlərin bir çoxundan “təbiət də bizim yanımızda idi” ifadəsini eşitmişəm. Şuşaya hücum edən taborun Laçın dəhlizinə çıxmasında qəfil gələn dumanın necə köməyi olub, oxyuanlar biləcək. Ümumiyyətlə, təbiət lazım olanda duman gətirib, lazım olanda dumanı çəkib, lazım olanda yağış yağdırıb, lazım olanda qara çevirib. Ona görə də, redaktorlar bu adı təklif edəndə, düşünmədən “hə” dedim.
Kitab yazmaq mənim üçün çox ağır proses oldu. 4 ilə yaxın kitabın üzərində işləmişəm. 3 dəfə həvəsdən düşüb, silib atmışam bir kənara. Silməyimə də peşman deyiləm. Çünki hər dəfə müharibəyə fərqli gözlə baxmağa başlamışam. Dostlarım hər dəfə motivasiya veriblər. Ən çox da Elvin Vəliməmmədov.
Kitab təkcə mənim gördüklərimdən, yaşadıqlarımdan ibarət deyil. Kitabın ərsəyə gəlməsi üçün korpus komandirləri, yüksək rütbəli zabitlər, Xüsusi Təyinatlıların zabitləri, müəyyən istiqamətlər üzrə tabor komandirləri, artileriya rəisləri ilə dəfələrlə görüşmüşəm, sənədlər üzərində, xərtələr üzərində işləmişəm. Bir hadisəni azı bir neçə yerlə dəqiqləşdirmişəm.
XTQ-nin Murov əməliyyatı, oradakı uğursuzluq, 1-ci Ordu Korpusunun əməliyyatları, həm hücum, həm müdafiə döyüşləri, manevrləri, erməni ordusunun hazırlığı, Azərbaycan ordusunun hazırlığı, hazırlıq prosesində görülən işlər, 2-ci Ordu Korpusunun əməliyyatları, xüsusilə artileriya, “Spike” və “TOS”ların fəaliyyəti, həmlə taborunun qanlı döyüşləri, XTQ-nin Füzuli-Cəbrayıl istiqamətinə gəlişi, ardınca başlanılan əməliyyatlar, Hordiz – ermənilərin əks hücum əməliyyatı, hücumun dayandırılması prosesi 3 istiqamət üzrə, ardınca Cəbrayıl istiqamətində döyüşlər, Hadrut, Yazı düzündəki əməliyyatlar, Şuşakənd, Daşaltı, XTQ-nin bir taborunun Şuşa əməliyyatını detallı şəkildə işləmişəm. Xalqdan Ali Baş Komandana, yardımdan qadınlara, taktikadan strategiyaya qədər ağla gələn, gəlməyən məsələləri kitabdan oxuya biləcəksiniz.
Düzdür, bir əsgər, bir manqa, bir tağım, bir tabor haqqında da kitab yazmaq olar. Ümumi müharibəni yazmaq riskdir, risk də ən sevidiyim şeydir. 44 günlük müharibəni birinci müharibədən fərqləndirən ən böyük şey birinci müharibədə fərdiçilik çox olub, ikincidə isə kollektivçilik. Ona görə də, fərdiçilikdən qaçmışam. İstisna olaraq Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin (Adil-82) fəaliyyəti və şəhid olmasını fərqləndirmişəm. Onu da fərqləndirməyib, kimi fərqləndirəcəkdim, bilmirəm.
Kitabla bağlı öz əziyyətimi qoyuram bir kənara, çünki sifariş deyildi, öz istəyimlə yazmışam. Özü yıxılan ağlamaz. Kitabda mənim qədər, bəlkə də məndən çox əziyyəti keçən şəxslər var. Araz Zeynalov üslubumu bilən redaktor kimi ilk redaktorluğunu etdi. Daha sonra gənc olsa da, biliyinə güvəndiyim, həm də qıpqırmızı sözü üzə deyən Aqil Bəkir redaktorluq etdi. Aqil Bəkirə bir kəlmə dedim, əgər zəifdirsə, heç bunu kitab deyə çıxarmayaq. Hər halda oxuyandan sonra cavabı müsbət oldu ki, kitabı çıxarmaq qərarına gəldim. Hərbi ekspert Elxan Şıxəliyev hərbi ekspert kimi oxudu, lazım olan düzəlişləri etdi. Hərbi ekspertlər Tərlan Eyvazov və Rövşən Məhərrəmov isə məsləhətlərini əskik etmədilər.
Kitab redakə və korrektə olunandan sonra “Çapar” yayınlarına müraciət etdim. Yusif İlhamoğlu sorğu-sual etmədən “səndən bunu gözləyirdim” dedi. “Çapar”a, Dilqəm Əhmədə minnətdaram!
Yuxarıda adları çəkilənlərlə yanaşı adlarının hallanmasını istəməyən hüquqşünaslar da kitabı oxuyub və rəy veriblər.
Adları çəkilən və çəkilməyən hər kəsə sonsuz təşəkkür edirəm. Bu qədər əmək verdiklərinə baxmayaraq təmənnasız iş gördülər. Haqqınızı halal edin!
Kitabın maliyyəsinə gəldikdə isə, bunun üçün ayrıca bir yazı yazacam. Düzdür, dostlar bilir, ancaq yenə də yazacam.
Ədəbiyyatımızın cənub bölgəsindəki əsas təbliğatçısı
Qafar Cəfərli- 68
Desəm ki, əsərlərini oxumuşam, yalan danışaram. Heç özüylə də tanış deyilik. Amma imtahana hazırlaşan tələbələr kimi, arayıb axtarıb, onun haqqında xeyli məlumat toplaya bildim…
Filoloq-alim Elşad Səfərli onu belə xarakterizə edir: “Qafar Cəfərli imzasının məsuliyyətində orijinal üslublu, zəngin dilli və obrazlarının psixolojisində “davranan” bir yazıçının ədəbi hisslərini duydum. Mən hər yeni ədəbiyyat cəbhəsinə ayaq basan şairə, yazıçıya sadəlövh yanaşmağı xoşlamıram; üstəgəl, uzaq bölgələrdə, o cümlədən Lənkəranda yaşayıb-yaradan bir istedadlı qələm sahibi olsun.”
Ədəbiyyatşünas-tənqidçi Allahverdi Eminov isə söyləyir ki;- “Qafar Cəfərlinin “Saatın 61-ci dəqiqəsi” hekayələr və povestlər kitabını əlyazma halında oxuyanda, nə gizlədim, püxtələşmiş bir yazıçının nəsr dünyagörüşünü duyub yaşadım. Mən onun hekayələrində xarakterlərin davranışını, müəllifin süjet qurmaq fərdiliyini, yaxud avtobioqrafik xüsusiyyətini müşahidə etdim. Və mənə elə gəldi ki, yazıçılıq psixologiyasına xas keçirilən hisslərin hamısını özündə ehtiva edir.”
Bəli, bu günkü söhbətim AYB-nin Lənkəran Bölməsinin sədri, yazıçı, publisist Qafar Cəfərlidən olacaq. Onu sizə kəşf edib tanıdığım kimi, təqdim etmək istəyirəm. Ola bilsin ki, haradasa zəndim məni aldadar, amma əminəm ki, onun obrazını olduğu kimi təsvir etməyə gücüm çatacaq…
Müdrik adamdır, söylədikləri düşüncələrindən qaynaqlanır. Necə deyərlər, boğazdan yuxarı danışmır, fikirlərini yazıçılara xas ardıcıllıqla ifadə edir, sanki süjet xətti qurur. Rəsmiyyətə meyillidir, amma bunun arxasında sadə bir insanın gizləndiyi aydın nəzərə çarpır. Xarakteri güclüdür, adama “köhnə” kişiləri xatırladır. Qürurlu və məğrurdur. Heç vaxt müvazinətini itirmir. Videolentlərdəki çıxışlarını izlədikcə jestləri, “bədən dili” onun xeyirxah insan olduğundan xəbər verir…
Deyir ki,- “Lənkəran şəhəri orta əsrlərdən üzü bu yana həmişə bölgənin mədəniyyət mərkəzi olub. Təbii iqlim şəraitinin gözəlliyi və sərvətlərinin bolluğu şəhərin iqtisadi və mədəni inkişafında başlıca rol oynayıb. Təsadüfi deyil ki, buradan elmin müxtəlif sahələrində çalışan görkəmli alimlər, dövlət xadimləri ilə yanaşı, ciddi ədəbi fəaliyyətlə məşğul olan adamlar da çıxıb. Mənbələrdən məlum olur ki, hələ Xl-Xll əsrlərdə Lənkəranda məktəb və mədrəsələr, sufi ocaqları, təkyələri fəaliyyət göstərib. Məzarları müqəddəs ziyarətgaha çevrilən Şeyx Camaləddin və onun şagirdi, bütün Şərqdə məşhur olan Şeyx Zahid Gilaninin sufi məktəbləri buranın güclü elm mərkəzi olduğundan xəbər verir. Azərbaycanın müxtəlif şəhərlərindən elm öyrənmək üçün buraya gələnlərin arasında Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin də olub. Onlar təkcə təriqət başçıları olmayıb, eyni zamanda bədii yaradıcılıqla məşğul olmaqla, öz irfani fikirlərini şeirlə xalqa çatdırıblar. Əsərlərinin çox kiçik bir hissəsi bizə çatan bu böyük şəxsiyyətlərin yaradıcılığı bölgə ədəbiyyatının ilkin nümunələri kimi səslənir. Sonrakı əsrlərdə bu missiya davam etsə də, bir-birini əvəz edən feodal müharibələri zamanı kitabxanalar kütləvi şəkildə yandırıldığı üçün bizə gəlib çatmayıb.”
Söylədiklərində pafos axtarmağa dəyməz, nə də ki, yazıçı təxəyyülünün ifadəsi kimi yanaşmaq da olmaz. O, yerlibazlıqdan çox uzaqdır. Bəziləri kimi,- mənim elim bütün ellərdən yaxşıdır- düşüncəsindən də danışmır. Hadisələrə obyektiv dəyər verməyi bacarır…
Filologiya elmləri doktoru Vaqif Yusifli onun haqqında söyləyir;- “Öncə onu deyim ki, Qafar Cəfərli yaxşı yazıçı-publisistdir. Xalq yazıçısı Çingiz Abdullayevlə yanaşı, hal-hazırda detektiv janrda əsərlər yazan qələm sahibləri arasında seçilir, fərqlənir. “Günahsız mələk”, “Namus yarası”, “Gecənin lal fəryadı” və s. povestləri, hekayələri ilə oxucular yaxşı tanışdırlar. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, “Tanrının göz yaşları” romanı da bir müharibə veteranının müşahidələrini əks etdirir. “Ömür yolu” avtobioqrafik romanı bir insan və yazıçının xatirələr dünyasını gözlərimiz qarşısında canlandırır və açığını deyim ki, onun keçirdiyi hisslər, başına gələn hadisələr, iyirmi ildən artıq hüquq-mühafizə sistemində fəaliyyəti zamanı çətin və mürəkkəb olaylarla, cinayət hadisələri ilə üz-üzə gəlməsi, ancaq bütün bunlarla yanaşı, ədəbiyyata sevgisi bir an belə səngiməyən bir insanın həmin o xatirələr dünyasının acılı-şirinli hekayətləridir.”
Ciddi görkəmi var. Bəlkə də, bu ciddilik uzun müddət çalışdığı sahənin xarakterindən vücuduna hopub, deyə bilmərəm, amma çox işgüzar adamdır. O, AYB-nin Lənkəran Bölməsinə sədr təyin olunandan bəri, bir sıra uğurlara imza atıb. Şəhərin yaradıcı adamları ilə mehriban münasibət qura bilib. Tez-tez ədəbi-bədii tədbirlər keçirib gənclərin maariflənməsinə töhfə verməyə çalışır. Professor Vaqif Yusifli fikirlərini belə yekunlaşdırır: “Qafar Cəfərli iki bədii filmə də çəkilib və maraqlı rollarla yadda qalıb. Amma o, həyatda öz rolunu – yazıçı Qafar Cəfərli obrazını mükəmməl icra edir.”
Bəli, güman edirəm ki, onun haqqında öyrənib bildiklərimi sizinlə bölüşə bildim. Martın 7-si Qafar Cəfərlinin doğum günüdür, 68 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Çox yaşa, Qafar Cəfərli!
Dəfələrlə demişik ki, poeziya zamanın ən qaynar hücrələrində bir neçə həqiqətlə əks edir: mifik, real, tarixi, mental əsaslı, şüurüstü, yaradıcı, qismən də formal. İnsan (oxucu) qəlbi bu həqiqətləri bir xarakterdə ehtiva etsə də, dövr, mühit ayrı-ayrı səmtlər tapır. Lakin poetik düşüncə sahibləri zaman boşluğunda burulğanlara düşən gerçəkləri yox olmaq təhlükəsindən qurtarır, bununla yeni bir ideoloji işin əsasını qoyurlar. Yaddaşımızda Ağ Adam obrazında qalan şair Giya Paçxataşvili də balanslaşmış orbitlərdə fərqli atmosfer tapmaq üçün zamana, real faktlara söykənərək leqal əhatəli fikirlər kəsb edir, kodlaşmış mənaları zehni təfəkkürə cəmləşdirir. Onun tutarlı, sanballı qələm nümunələrində ən başlıca komponent gerçəyə tapınmaqdır; o, mifik deyil, real fikrə ekskurs edir, duyğusal məqamları belə poetik-inandırıcı vahidlərə uyğunlaşdırır. Bəlkə də bu səbəbdən Allah onun görkəminə ağ rəngi daha çox yaxıb… Giya Paçxataşvilinin fikir xəritəsində poetik an duyğusal tərənnümlə deyil, gerçək nüanslarla başlayır. Ağ şair pünhan məcralarda təlatümə uğrayan çırpıntıları bir anın içində daşlaşan gerçəklərə yük edir. Onun adi fikirlərində belə ictimai mənalar ürəkyaxıcı, mənəvi zərurətlərə xasdır. Giyanın 2025-ci ildə “CN Poliqraf” MMC-də çap olunan “Doğum şəhadətnaməsi” adlı yeni kitabında da bu ədəbi rakurslar düşündüyümüz təsnifatdadır. Müəllif, seçilmiş əsərlərindən ibarət olan bu kitabda səmimi-konkret fikirlərin kompozisiya və ictimai-ədəbi məğzini maraqlı statuslar kimi təqdim edib, cəmiyyət üçün (əsl zahirdə) yanlış kimi görünən məcraları həqiqət libasında göstərib. Belə deyək, Giya yeni kitabında ədəbi proseslərə sözləri şifrələməklə deyil, real təsəvvür verməklə nüfuz edib. Bu da oxucuda belə bir təsəvvür yaradır ki, dil ünsürləri bir çevrə daxilində (və xaricində) tarixi həqiqətlərə sərrast çıxışdır. Əslində, Giya Paçxataşvilinin yeni kitabındakı şeirlər, oradakı zərrəvi zəmin bizə həyatın ədəbi-coğrafi komponentləri barədə doğru-dürüst düşünmək cəsarəti verir. O, bu şeirlərdə insanı düşündürən bütün istiqamətləri müfəssəl ehtiva edib. Biz bu kitabdakı şeirləri müəllifin əvvəlki kitablarında da oxumuşuq. Nədənsə, həmin şeirlər bu kitabda daha canlı və daha təravətli görünür. Kitabın adı xüsusi diqqət çəkir: “Doğum şəhadətnaməsi”. Bu kitabı biz də Giya Paçxataşvilinin ömür gündəliyi kimi xarakterizə edirik. …Belə anlaşılır ki, Giya eynən olduğu kimi, ağ görkəmdə təzəcə doğulub və Allah ona doğum haqqında şəhadətnamə verib. Burada Giyanın ömür xətti, həyatı və taleyi aşkar (şəkildə) əks edir. Giya Paçxataşvili, zənnimizcə, xəyalpərəst deyil. Onun xəyal qatarı yoxdur. Lakin o, özü gerçək nüansları təmiz, saf ənginliklərə aparan lokomotivdir. Onun insan surətindəki doğmalıq ruhunun işıqlı, qəlbinin saf, vicdanının bütöv olmasını ifadə edir. İçindəki ləngər, çılğın haray, dəlisov-düşüncəli məmnunluq, bir də həqiqət hissi bizi ciddi olmağa təhrik edir. Yeni kitabını oxuya-oxuya elə zənn edirik ki, o, zülmətin işığından sıyrılmağa can atan ağ sevdaların köçünə qoşulub. Çöhrəsindəki Allah eşqi saf qəlbinə işıq salır. Bu, o, anlama gəlir ki, o, pak dualarının hənirində bir ömür cilalayır, varlığında təcəlla edən həyat duyğuları oxucularının yaddaş qapılarına parıltı səpir. İllər keçib, zamanın köçü Giya Paçxataşvilini ömrünün ən mükəmməl çağına çatdırıb. Bu müdrik anın fəhmindəki dürüstlük tarixlərin yaddaşında çırpınan gerçəklərə çağırışdır. Əslində, çoxları ömrün bu yaşına yetişir, lakin hər kəs bu həyat vadisində sərrast ifadə ilə diqqət çəkmir. O isə ağ vücudundakı ağlığı pərişan təlatümlərə sipər edib, könül aləmini Vətən sevgisi ilə rəngləyib. Yeni kitabındakı şeirlər də göstərir ki, Giya Paçxataşvili “mən” iddiası etmir, Allah nə veribsə, ona da “Amin” deyir… Bu hal (isə) onu uzaqdan görünən başı qarlı dağlar qədər uca və məğrur göstərir… Giya Paçxataşvili doğrudan da aydın hücrədir, onun geniş təqdimata zərrə ehtiyacı yoxdur. Biz də onun yeni kitabındakı şeirləri məhz bu prizmadan tədqiq etmədik. O şair ki, öz ovqatını qəfil bir sıçrayışla görünməzliyə sövq edən insan surəti kimi diqqət çəkir, onun yazdıqlarını sadəcə, könül xoşluğu ilə oxumaq gərəkdir. Yeni kitabın – yeni şəhadətnamən mübarək, Giya Paçxataşvili!
” Dünya ” anlayışına nəzər saldıqda onun daha çox iki anlamda işləndiyini görürük: bir bütün bəşəriyyətin , kainatın sığındığı maddi aləm , bir də hər bir insanın öz daxili aləminə sığındığı mənəvi dünya. Zamanın, əbədi həyatın mövcudluğunu əks etdirən aləm öz axarı ilə gedir ; hər kəs , hər canlı bu əbədi pəncərədən baxıb keçir və əlbəttə ki, bəzi insanlar bir iz buraxıb gedirlər. Daxili dünyada , mənəvi aləmdə isə hisslər, duyğular gərgin , qapalı , çox vaxt böhranlı vəziyyətdə yaşayırlar.Mənəvi dünyası saf , vicdanı təmiz insanların daxili dünyası zəngin , özü isə xoşbəxt olur. Gözəl şairə xanım ZƏRİFƏ SUFİ MİKAYILOVANIN baxışlarından yola çıxanda onun söz dünyası ilə həyat həqiqətlərinin uzlaşdığını görürük. Dünya elə işindədir əzəldən, Kim əl çəkər sənin kimi gözəldən? Gəl zövq alaq biz şeirdən , qəzəldən, Dünya eyni, zaman ayrı zamandır, Heç düşünmə, dərd insana ziyandır.
Vəfa insanın mənəvi aləminin ən yüksək zirvəsidir.O zirvələri fəth etmək, o mənəvi aləmə çatmaq ucalıqdır, xoşbəxtlikdir.Vəfa həqiqi məhəbbətin meracıdır.Ülvi məhəbbətlə sevənlər vəfa anlayışına sahiblənir, həyatın gözəlliklərindən zövq alırlar.Vəfalı insanlar , həm də cəfakeş olurlar, min cür əziyyətdən keçirlər. Zərifə Sufinin lirikasında məhz bu real həyatın incə duyğuları oxucuları düşündürməyə sövq edir.
İndi yoxdur çoxlarının vəfası, Yaxşıların birə- mindir cəfası, Yazmağın da heç olmayır faydası , Dünya eyni , zaman ayrı zamandır, Çox düşünmə, dərd insana ziyandır.
Həyatda qayğıların çox olması bəzən şairin həyat eşqinə , ilham pərisinə mənfi təsir edir, sıxıntıları misralarda özünə yer tapır, dövrü , zamanı xarakterizə edir.Bu da təbiidir.Hər dövrün özünəməxsus xüsusiyyətləri hər bir sənətkarın əsərlərində inikas edir, onun iztirablarını səciyyələndirir.Lakin şairin bəzən romantik duyğuları , zəngin təxəyyülü onun mübarizliyini artırır.Zərifə Sufinin lirikasında mübarizlik ruhunun zənginliyi, inamı , ümidi öz əksini tapır.
Nə qədər küs, nə qədər de, bu acı , Azalmayır, edənmirik əlacı, Ümid, səbir şeirimizin meracı, Dünya eyni, zaman ayrı zamandır, Çox düşünmə, dərd insana ziyandır.
Həyatda çətinliklərlə üzləşmək , insanı əzmkarlığa məcbur edir, inadkarlıq , dözümlülük , iradə, – bir sözlə , dərin insani keyfiyyətlər formalaşdırır .İnsan özünü daha güclü hiss edir, həyata baxışları insanı yüksəldir. Zərifə Sufinin yaradıcılığında olan yeni dünya , “Turan dünyası ” fikirləri ön plana çəkilir.
Çətinlikdən az danışaq , yaşayaq, Dərdimizi qəlbimizdə daşıyaq, “Turan ” adlı dünyamızdan danışaq, Dünya eyni, zaman ayrı zamandır, Gəl düşünmə, dərd insana ziyandır.
Zamanın nisbiliyi, dünya gözəlliklərinin rəngarəngliyi, əsrarəngizliyi şeirin misralarında dolğun boyalarla əks etdirilib .Keşməkeşli dünyanın heç kim üçün əbədi olmadığı , ən böyük şəxsiyyətlərin dünya ilə vidalaşıb köçməsi, ölümün aniliyi , dünyanın faniliyi şairin qələmində oxuculara ustalıqla çatdırılmışdır.
Bu dünyadan kimlər gəlib keçdilər ? Haqqa ” təzim edib ” , haqqı seçdilər, Vidalaşıb Dünya ilə eh, onlar da köçdülər… Dünya eyni, zaman ayrı zamandır, Gəl düşünmə, dərd insana ziyandır.
Hər bir şairin söz dünyası onun mənəvi dünyasının ruhi- psixoloji aləmini özündə ehtiva edir. Zərifə Sufinin yaradıcılığında insanı düşündürən məqamlar , insan idrakının fəlsəfəsini yaşadan poetik lirizim məharətlə əks olunur. ” Vətən ” mövzusu əzəli və əbədi bir mövzudur.Bu mövzu təbii ki, bir çox şairlərin yaradıcılığında yer alır. O cümlədən “Vətən ” mövzusu Zərifə SUFİ yaradıcılığının leytmotivini təşkil edir. Onun Vətən şeirlərində doğma yurda sonsuz sevgi duyulur.Şairin Vətənə olan yanıqlı həsrəti misralarda dil açır , unsanın əlindən tutub o torpaqlarda qarış- qarış gəzdirir.
Görüm , gəlim..
Allah mənə nəsib eylə , O dağları görüm, gəlim. Ağırdır Vətən həsrəti Güldən çələng hörüm, gəlim
Ürəyimdə çoxdur sözüm, By həsrətə necə dözüm?! Dikilib yollara gözüm, Nərgizini dərim , gəlim.
Vətən həsrəti şairin qəlbini alovlandırır, onusönməz atəşə çevirir , oxucusuna bütövlükdə özü ilə birlikdə o yerlərin havasını , uddurur , yağışının , gül- çiçəyinin ətrini hiss etdirir, Vətən torpağının nəfəsini , nemətlərini daddırır , sevdirir.
Yazda təzə yarpızını , Dağda qarı, sal buzunu, Həyətdəki çil xoruzu, Fərəsini görüm, gəlim.
Zərifə xanım bütün varlığı ilə Vətənə, doğma yurda bağlı şairdir O Vətənlə üz-üzə qalanda sanki bütün dərdlərini unudur, böyük bir şövqlə Vətənini tərənnüm edir. O, Vətənini , həqiqətən, sevir, cəsarətlə bildirir ki, bu Vətəni mənim kimi sevən yoxdur.Onun istisi də, soyuğu da şairə əzizdir.
Zərifə SUFİ həm də dəyərli bir pedaqoq kimi uzun illərdir şagirdlərinə həyatı, Vətəni , şeiri, ədəbiyyatımızı tədris efir, sevdirir, xalqımıza layiq vətənpər şəxsiyyətlər yetişdirir.
P.S. Zərifə (Sufi) Mikayılova ilə tələb yoldaşı olmuşuq. Onu həmin vaxtlardan tanıyıram. Çox mehriban, insanpərvər, savadlı tələbə idi. Professor-müəllim kollektivi ondan razılıq edirdi. Zərifə müəllimə APİ-nin filologiya fakültəsini “Qırmızı diplom”la bitirib. Bir müddət həmin institutun filologiya fakültəsində baş müəllim işləyib. Dərin rəğbər və nüfuz qazandı. Orta məktəbdə gənc nəslin təlim-tərbiyəsi, savadlanması ilə məşğul oldu. İndi də həmin işlə məşğuldur. O, bu vaxta qədər neçə-neçə vətənpərvər insan yetişdirib. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda müstəsna roloynayıblar… Dövlətə, dövlətçiliyiə sədaqəti Zərifə xanımı bu gün gözümüzdə uca edir.
P.S. Zərifə (Sufi) Mikayılova ilə tələb yoldaşı olmuşuq. Onu həmin vaxtlardan tanıyıram. Çox mehriban, insanpərvər, savadlı tələbə idi. Professor-müəllim kollektivi ondan razılıq edirdi. Zərifə müəllimə APİ-nin filologiya fakültəsini “Qırmızı diplom”la bitirib. Bir müddət həmin institutun filologiya fakültəsində baş müəllim işləyib. Dərin rəğbər və nüfuz qazandı. Orta məktəbdə gənc nəslin təlim-tərbiyəsi, savadlanması ilə məşğul oldu. İndi də həmin işlə məşğuldur. O, bu vaxta qədər neçə-neçə vətənpərvər insan yetişdirib. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda müstəsna roloynayıblar… Dövlətə, dövlətçiliyiə sədaqəti Zərifə xanımı bu gün gözümüzdə uca edir.
Hüseyn İsaoğlu, Yazıçl-publisist, AYB-nin və AJB-nin üzvü.
Bir dərdim var, bilmirəm desəm dinləyərsənmi, Ağlasam gözlərimi silərsənmi, bənövşə? Yoxsa öz dərdlərini salıb yadına sən də, Halıma ağlarsanmı, gülərsənmi, bənövşə?
Təzə nərgizlər açır köhnə xatirələrdə, Arzuları don vurur çiçəkli tirələrdə, Sərçələr kolda-kosda, quzğunlar zirvələrdə, Mən hardayam, yerimi bilərsənmi, bənövşə?
Sən də mənim kimisən, boynuburuq, cəfakar, Həm xəstəsən, həm şəfa, həm təbibsən -şəfakar, Ömrün çiçək ömrüdür, bu dünyasa riyakar, Desəm gəl, çıxaq gedək, gələrsənmi, bənövşə?
Yox, deyəsən sən məndən daha cəsarətlisən, Bəlkə bir gün yel olam, yanından bir kəz əsəm, Mən yalqız görkəmimi dəyişməyi diləsəm, Sən də eyni diləyi dilərsənmi, bənövşə?
05.03.2025.
Müəllif: ADİLƏ NƏZƏR Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Həyatımda elə böyük dönüşlər oldu ki, bunlar ruhuma çox dərin təsir etdi. Bir zamanlar sıx etibar edib, ürəyimi açdığım insanlar, əslində saxta və xain olduqlarını göstərdilər. Nə qədər böyük zərbələr aldığımı hiss etdiyimdə, ruhumun tamamilə itirdiyini hiss etdim. Bir zamanlar həqiqət bildiklərimin yuxu olduğunu başa düşmək, daxili aləmi tamamilə alt-üst etdi. Dünya sanki qararmış və hər şeydən uzaqlaşdım. Başqa sözlə desəm, həyatımda birdən-birə bir dəyişiklik oldu və mən bunun öhdəsindən gələ biləcəyimə dair heç bir inamım və gücüm yox idi gözümə… Amma zaman keçdikcə, yalnız zərbələr yox, həmin zərbələrdən alınan dərslər də ruhumu, qəlbimi cilalayaraq daha güclü şəkildə formalaşdırdı. Özümü itirdiyimi hiss etdiyim vaxtlarda, çətinliklər və sınaqlar ərzində bunu anladım: “Heç bir şeyə baxmayaraq, həyat davam edir və bu həyatda ən vacib şey – daxili güc və inamdır.” O anda, Allahın mərhəmətindən başqa heç nə məni ümidsizlik girdabından çəkə bilməzdi. Şükürlər olsun ki, RəbbiM məni heç vaxt tək buraxmadı. O, mənə bütün bağlı qapıların yerinə çoxlu böyük və xeyirli qapılar açdı. Bu qapılardan gələn nur, qəlbimi yenidən canlandırdı. Özümü hər zaman kədərlərdə gördüyümdə, bir daha inam qazandım: “Həqiqətən də, Allahın mərhəmətindən başqa heç nə yoxdur. O, bütün çətinlikləri aşmağım üçün mənə güc verdi, təkliyimi və zəifliyimi isə mərhəməti ilə doldurdu.” Mənim bütün sevinclərim və kədərlərim, arzum və diləklərim elə bir nurla sulandı ki, o nur mənə yeni güc verdi. İndi yalnız O’na ümid bağlayıram, yalnız O’na güvənirəm. O zaman nə qədər böyük bir səhv etdiyimi, nə qədər yanlış yolda olduğumu başa düşdüm. O zaman Allah kimi qüdrətli və mərhəmətli bir varlıq varkən, zəif və qüvvəsiz, sədaqətsiz insanlara etibar edib, ümid bağladığımı… Mevlana Cəlaləddin Rumi deyib: “Ağaca etibar etmə, çürüyər. İnsana etibar etmə, ölür. Əlini Rəbbinə aç, səni yalnız O eşidər.” Bundan sonra heç kimə ümid və etibar bağlamayacağam. O, hər zaman bizi çətinliklərdən keçirir və ən yaxşı dərsləri öyrədir. Və ən önəmlisi, bunu anladım ki, hər hansı bir halda yalnız Allahın yolunda getmək və Ona etibar etmək mənə həqiqi xoşbəxtlik və sülh gətirəcək. Buna görə də, özümü və dünyanı fərqli görməyə başladım. İlk dəfə həqiqətən daxili bir sükunət hiss etdim. Həyatda dönüşümlərin yalnız bir keçid dövrü olduğunu başa düşdüm. O dönüşümlər mənim üçün yeni bir başlanğıc idi. Bu başlanğıc isə Allahın mərhəməti və sevgisi ilə dolu idi.
Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.