Rövşən Hüseynov haqqında

Rövşən Hüseynov haqqında
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov anadan olduğu gündür! Allah rəhmət eləsin, ruhu şad olsun! Amin.
22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universitetinin fızika fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə ordu sıralarında olmuşdur.
Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə – Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə oldu. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Şaumyana (Ağcakənd) nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdi. İlk hücumun qarşısı məharətlə alındı. Düşmən pərən-pərən salındı. Bu, 1992-ci ilin 28 aprel günü idi. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçdi. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edildi.

Elə Marquşevan uğrunda gedən vuruşlar da tarixə düşəcək bir döyüş idi. 1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etdi. Onlar Mingəçevir bölüyünü mühasirədən çıxardılar, lakin özləri mühasirəyə düşdülər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak oldu, bir neçəsi yaralandı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirdi və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxdılar. O özü isə qəhrəmancasına həlak oldu.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.

“YAZARLAR” jurnalı tərəfindən xatirəsini əbədiləşdirmək məqsədilə “25 YARPAQ” LAYİHƏSİ həyata keçirilir (2018-ci ildən).

Layihənin rəhbəri “YAZARLAR” jurnalının baş redaktoru, AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİNİN, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist Zaur Ustacdır.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Oktay Mehdiyevin möhtəşəm “Arqon”u – YUĞ TEATRI

08.03.2025 – Bakı ş.

“ARQON” YUĞ TEATRININ SƏHNƏSİNDƏ

Psevdosuisidal hoqqa

“Arqon” tamaşası Şəbnəm Xeyrullanın eyniadlı əsəri əsasında səhnələşdirilib. Psevdosuisidal hoqqa janrında hazırlanan bu səhnə əsərində YUĞ teatrın istedadlı sənətçisi Oqtay Mehdiyev çıxış edir (ümid edirk ki, bu əsər uzun müddət təkrar-təkrar oynanılacaq, yəni hoqqa davam edəcək). Məncə “çıxış edir” ifadəsi tamaşanın yaradıcı heyətinin:
 Quruluşçu rejissor – Ruslan İsmayılov
 Quruluşçu rəssam – Əfşan Əsədova
 Rejissor assistenti – Günel Səfərova
 Musiqilərin müəllifi – Aylin Nəcəfli

və ən əsası da YUĞ teatrın istedadlı sənətçisi Oqtay Mehdiyevin möhtəşəm ifasını təsvir etməkdə, onun gördüyü iş haqqında informasiya ötürməkdə yetərsizdir yox, çox acizdir. Oktay Mehdiyev sözün əsl mənasında hoqqa verir (verirdi -08.03.2025 – 19:00 – YUĞ TEATRININ SƏHNƏSİNDƏ). İnanırıq ki, olduqca aktual mövzular üzərində qurulub, günümüzün acı reallıqlarını şirin təbəssümlə, təsirsiz halda bizə ötürən bu hoqqabazlıq onu göstərməyə ehtiyac olduqca səhnələrəmizi bəzəyəcək.

Xronometraj: 55 dəqiqə

Qeyd: pyes YUĞ Dövlət Teatrının tərəfdaşı olduğu CHARACTERS Müasir Dramaturgiya Festivalında qalib olub.

Əməyi keçən bütün yaradıcı heyəti təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mirzə Alikin hekayəsi

BADAM AĞACI TƏK

Neftçalanın boz-göy suları üzərində qoca bir qayıq üzürdü. Onu idarə edən kişinin əlləri köhnə kəndir kimi sərt, qabarıqlı, ovuclanmış dərisi ilanın qurumuş dərisinə bənzəyirdi. Üzü elə idi ki, günəş, külək və dəniz duzu illər boyunca onu yonub, dərin qırışlarla örtmüşdü. O qırışlar həm keçmişin izləri idi, həm də həyatın hər zərbəsinin ona qoyduğu möhür.

Balıqçı Qasım dayı idi. Kürün suyunu balıq kimi hiss edirdi – harada dayaz, harada dərin, harada balıq çoxdur, harada tor atmaq lazımdır. Amma bu bilik ona yalnız dolanışıq üçün lazım deyildi. Bu sular onun keçmişi idi, onun xatirələrinin axdığı yer idi.

Bəzən, Kürdili adasına tək gedirdi. Arada suyun üzərində küləyin gətirdiyi rus dilində pıçıltılar eşidirdi sanki – vaxtilə burada yaşamış rus balıqçılarının ruhları idi, ya da elə öz xəyalları. Adanın köhnə daxmalarına baxırdı. İçərisində qırılmış pəncərələr, çürümüş taxtalar… Bir vaxtlar burada uşaqlar qaçışırdı, samovar qaynayırdı, gülüş səsləri eşidilirdi. Bütün bunlar keçmişdə qalmışdı. İndi isə o, tək bir adam idi, keçmişin xarabalıqları arasında dolaşan, həyata qarşı müqavimət göstərmək istəyən sadə bir adam.

Xatirələrdən qaçmaq üçün içirdi. İçdiyi üçün utanırdı. Amma qədəhi dodaqlarına yaxınlaşdıranda bilirdi ki, bu içki heç bir şeyi dəyişməyəcək. Oğlu Rusiya şəhərlərinin birində yaşayırdı. Heç zəng də etmirdi. Amma nə fərqi var? O özü də vaxtında atasına çox baş çəkmirdi. “Zamanı dəyərləndirmək vacib şeydir…” deyə düşünürdü, amma artıq gec idi.

Həyat yoldaşı Məryəm xərçəngdən öləndə onun içində nə isə qırılmışdı. Balıq tutanda bəzən elə bilirdi ki, suyun içindən Məryəmin səsini eşidir – bəlkə də bu, Kürün dərinliyində yuva salmış xatirələrin əks-sədası idi. O, həmişə ona dəstək idi. Qasım dayının soyuq dəniz küləyindən donmaması üçün corablar tikərdi. Hər dəfə yeni bir cüt corab bitirəndə üzünə gülümsəyib deyərdi:

– Sənə corab toxumaq elə həyatımın mənasıdır.

O bu cümləni bir də eşitmək üçün hər şeyini qurban verərdi. Qoy ayaqları Kürün ən soyuq sularında donsun, qoy qayığı dalğaların arasında itib-batsın, qoy oğlu onu heç vaxt axtarmasın – amma bircə dəfə, bircə dəfə Məryəmin səsini eşitsin. Lakin belədir – bəzən bir cümləyə əbədi həsrət qalmaq, elə kədərin, peşmançılığın simvoludur.

Bir dəfə, qayıqda oturub içəndə gözünə bir şey görsənmişdi. Kürün suları üzərində bir qadın fiquru – su pərisi. Ay işığında bədəni qaynayan suya qarışmış, sanki dənizlə bir olmuşdu. Onun üzünə baxanda zaman donmuşdu, balıqçı elə bil Məryəmin gülümsəməsini görmüşdü. Ürəyində qorxu ilə qarışıq bir sevinc hiss etmişdi. Amma sonra qadın yox olmuşdu, sular yenidən sakitləşmişdi. O gündən sonra bu sirli hadisə onun içində qalmışdı. Heç kimə danışmamışdı. Onsuz da kimin üçün danışacaqdı ki? Oğlu? O, çoxdan uzaq düşmüşdü. Dostları? Heç kim qalmamışdı. Bu, onun şüurunda daşlanıb qalmış bir sirdən ibarət idi.

Bəlkə də bu, onun yorğun zehninin bir oyunu idi. Amma bəlkə də deyil… Bəlkə də dəniz ona nəsə göstərmək istəmişdi. Ona deyirdi ki, hələ hər şey bitməyib, möcüzələr gözləmədiyin anda səni gəlib tapır.

Balıqçı torunu suya atdı. O, dənizin gətirdiyi hər şeyi qəbul edirdi – bəzən bol pay, bəzən boş tor. Amma həyat da belə idi. Bəzən alır, bəzən verirdi.

Suda torun ipini sıxan əllərinə baxdı. Qabarlar, çatlar, duzun yandırdığı dəri – bunlar əzabın nişanəsi deyildi. Bunlar mübarizənin izləri idi. O bilirdi ki, balıq tutmaq sadəcə dolanışıq vasitəsi deyil. Bu, onun üsyanı idi. Taleyin əlinə düşüb çürüməmək üçün, xatirələrin onu məhv etməsinə imkan verməmək üçün etdiyi üsyan.

Torun içində çırpınan gümüşü balıqlara baxdı. Onların bədənindəki işıq sanki ümidin özü idi – parlayan, tərpənən, yaşayan bir varlıq.

Bəli, həyat ağır idi. Amma hələ də ümid var idi. Hələ də tor atmaq lazım idi. Hələ də dalğaların altında bir həyat vardı və o həyat, nə olursa olsun, onun üzünə gülümsəyirdi, ona nemətlər bəxş edirdi.

Müəllif: Mirzə Alik

MİRZƏ ALİKİN YAZILARI

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şah İsmayılla qohumluq bağı olan, Pakistanın Azərbaycan əsilli Generalı – Əli Rza Qızılbaş

Şah İsmayılla qohumluq bağı olan, Pakistanın Azərbaycan əsilli Generalı – Əli Rza Qızılbaş

Pakistan və Azərbaycan xalqını böyük tarixi tellər bağlayır. Bakının mərkəzində XIV əsr Multan karvansarayının olması, Pakistanda Qızılbaş ailələrinin varlığı hər iki xalqın yaxınlığını və qardaşlığını tarix boyu göstərir.

Hər iki dövlət beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini qeyd-şərtsiz dəstəkləyirlər.
Azərbaycan icması olan Qızılbaşlar Pakistana bir çox ziyalı siyasətçilər, hərbiçilər, mühəndislər, hətta prezident bəxş etmişdir.

Qızılbaşların Pakistana bəxş etdiyi ziyalı hərbçilərdən biri də, Cənab General Əli Rza Qızılbaşdır. O, Pakistan hökumətində Briqada-Generalı və digər nüfuzlu vəzifələrdə çalışıb.

Cənab General Əli Rza Qızılbaşın bioqrafiyası və Pakistan dövlətinə xidmətləri haqqında qısa, lakin dəyərli məlumatları sizinlə bölüşürük.

General Əli Rza Qızılbaş 1954-cü il sentyabrın 27-də Lahorda anadan olub. O, Qızılbaş türklərinin Şamlı tayfasındandır. Şamlı tayfası, Səfəvi dövlətinin qurulmasında və idarə edilməsində ən önəmli rol oynayan Qızılbaş tayfalarından biri idi. Onun soy-kökü və əcdadları arasında, Səfəvilərin Herat hakimi və Qızılbaş sərkərdəsi olan Durmuş xan Şamlı da yer alır.

Həmçinin qeyd edək ki, Durmuş xan Şamlı, Səfəvi hökmdarı Şah İsmayılın bacısının oğlu idi. Səfəvi dövlət xadimi Oruc bəy Bayat, Şamlu tayfası ilə bağlı əsərində qeyd edir ki;
“Şamlu tayfasının üzvləri Səfəvi sarayının başçılarıdır və sarayın idarəsi xüsusilə bu tayfanın əlindədir.”

Cənab General Əli Rza Qızılbaşın əcdadları 1739-cu ildə Nadir Şah Əfşar ilə birgə Hindistanı fəth edərək, orada hakim vəzifələrə təyin olunublar.

Cənab Əli Rza Qızılbaşın mənsub olduğu ailə Hərbçi ailəsidir.
Atası Ağa Cavad Rza Qızılbaş Britaniya ordusunda Mayor rütbəsində xidmət edib və İkinci Dünya Müharibəsində Burma (Myanmar) cəbhəsində artilleriya zabiti olub. Oğlu isə hal-hazırda Polkovnik-leytenant rütbəsi ilə Pakistan Silahlı Qüvvələrində xidmət edir. Ailənin bir sıra üzvləri də, orduda və dövlətin nüfuzlu orqanlarında xidmət etməkdədir.

General Əli Rza Qızılbaş Pakistan Silahlı Qüvvələrinin təhlükəsizlik planlarının hazırlanması və tətbiqində mütəxəssis olmuşdur. 1998-ci ilin mayında Pakistanın Nüvə sınaqlarının uğurla həyata keçirilməsi üçün 5000-dən çox əsgəri maddi-texniki cəhətdən dəstəkləmiş və idarə etmişdir.

O, 1996-1999-cu illərdə Sahə birliyinin Əməliyyat Qərargahı Rəisi (1-ci dərəcəli) vəzifəsində çalışmış və bu müddət ərzində bütün Piyada Diviziyasının əməliyyat və maddi-texniki hazırlığına nəzarət etmişdir.

Bəlucistan əyalətində daxili təhlükəsizlik, terrorla və narkotiklərlə mübarizə əməliyyatlarında silahlı qüvvələrin komandanlığına və maddi-texniki təminatına rəhbərlik edən Baş Sərhəd Korpusunun Müfəttişi olmuşdur.

2001-ci ildə Pakistan prezidenti tərəfindən Briqada-Generalı rütbəsi ilə təltif edilmişdir.
Həmçinin Cənab General Əli Rza Qızılbaş böyük hərbi fəaliyyətlərinə və xalqa xidmətlərinə görə 2009-cu ildə Pakistanın 3-cü ən böyük ordeni olan “Sitara-e İmtiaz [Hərbi]” ordeni ilə təltif edilmişdir.

Cənab General hal-hazırda təqaüddədir və NUST Sülh və Münaqişə Araşdırmaları İnstitutunda (NIPCONS) çalışmaqdadır.

O, illərini Pakistan dövlətinə və xalqına xidmətə həsr edib. Onu tanıyan biri olaraq deyə bilərəm ki, Cənab Əli Rza Qızılbaş yüksək mənəvi dəyərlərə malik təvazökar və alicənab bir insandır. Qızılbaş adının layiqli nümayəndəsidir. Biz onunla fəxr edirik!
Uca Allah onu və ailəsini qorusun və ucaltsın!

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Salmanqızı – Qadın

QADIN

Allahın bizlərə əmanətidir,
Cənnəti bizlərə, vəsf edən qadın.
Gülüşü aləmə, işıq saçandır.
Cənnəti bizlərə,vəsf edən qadın.

Baharın ətri var, sənin telində.
Cənnəti bizlərə, vəsf edən qadın.
Bütün bəşəriyyətin, anasısan sən.
Cənnəti bizlərə, vəsf edən qadın.

Günəş tək, hər yerə işıq saçarsan.
Cənnəti bizlərə, vəsf edən qadın.
Ümüdsən, diləksən, fədakar qadın.
Cənnəti bizlərə, vəsf edən qadın.

Cənnətin əksisən,mələksən qadın.
Cənnəti bizlərə, vəsf edən qadın.
Səmada ulduzsan,aysan,günəşsən.
Cənnəti bizlərə, vəsf edən qadın.
08.03.2021

Qənirə Paşayeva – 50

Qənirə Paşayeva – 50

Bu gün Türk dünyasının sevilən qızı, Azərbaycanın Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri (2020-2023) Qənirə xanım Paşayevanın anadan olmasının 50-ci ildönümüdür. İlyarıma yaxındır ki, haqq dünyasına qovuşan, bir gün olsun belə unutmadığımız Qənirə xanımın əlamətdar yubileyini onsuz qeyd edirik.

Haqq dünyasına qovuşmuş xeyirxah, Vətəncanlı bir aydının yubileyi necə qeyd olunur? – Onun xidmətlərini xatırlamaqla, ruhunu şad etdiyimizə inandığımız işlərlə!
Qənirə xanımın ruhunu şad edən işləri isə onun könül dostları əzbərdən bilir: əl tutmaq, xeyirxahlıq etmək, haqqın yanında durmaq; ümidsiz olmamaq, haqqın incəlsə də, üzülməyəcəyinə inanmaq və bu ruhda yaşamaq. O, haqqın zəfərinə, Xeyirin Şər üzərində qələbəsinə o qədər inanır və bunu o qədər təbliğ edirdi ki, inanmamaq mümkün olmurdu… Qarabağın düşmən tapdağından qurtuluşuna inandığı və inandırdığı kimi! Çünki o, Yaradanına inanırdı; o, xalqımıza, dövlətə, dövlət başçısına, ordumuza, gəncliyimizə dərin inam içindəydi.

Qənirsiz Qənirəmizin bu gün 50 yaşı tamam olur.
Özü bu həyatda olsaydı, nə deyərdi? – Məni təbrik etmək istəyirsiniz? O zaman gəlin, məktəblilərə kitab bağışlayaq, özünü tənha və unudulmuş sananları ziyarət edək, könüllərini alaq. Gedək, şəhid ailələrimizi ziyarət edək, anaların əlindən öpək, qazilərimizə sayğımızı bildirək. Bir gənc istedadın qayğılarını bölüşək – kitabını çıxaraq, sərgisini təşkil edək… Bu, mənim üçün ən gözəl təbrik olar! – Eynən belə deyərdi!..

Bəli, Qənirə xanımın adının qarşısında bir sıra önəmli titul və təltiflər qeyd edə bilərik. Amma bunların heç birini yazmasaq da, qədirbilən insanlar yaxşı bilir ki, o, imzasını titula çevirməyi bacarmış bir üfüqügeniş Vətən övladı idi!
Qənirə xanımın çoxsaylı yazıları, kitabları, filmləri, layihələri bu gün də öz güncəlliyini saxlayır və hələ uzun illər də güncəl olacaqdır. Habelə minlərlə insanın qayğılarına göstərdiyi həssaslıq, yetkisinin çatdığı qədər etdiyi dəstəklər, universitetlərdəki, Milli Məclisdəki yaddaqalan çıxışları və xeyirxahlıqları da unudulmazdır.

O, onu sevənlərin, tanıyanların, bilənlərin qəlbində, qələmində, dilində yaşayır və yaşayacaqdır.

Qənirə xanımın xatirəsini anan, onun haqqında öz ürək sözlərini qələmə alan, tədbirlər təşkil edən, onu unutmayan hər kəsə könül dolusu təşəkkürlərimizi yetiririk!

Qənirə Paşayeva Səməd Vurğunun Üzeyir bəy Hacıbəyliyə ithaf etdiyi şeiri, özəlliklə də bu bəndi çox sevər, tez-tez səsləndirərdi:

“Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər…”

İndi biz Qənirə xanımın özünü bu ölümsüz misralarla anırıq…

Ruhu şad olsun!
Sayğı və sevgi ilə anırıq.

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Günay Əliyeva – Bağ

BAĞ

(hekayə)
Ucqar bir kənd… Kəndin dar küçələrində bir-birindən aralı, taxta hasarlarla əhatələnmiş evlər vardı. Bu evlərin birində Kərim baba ilə körpəlikdən ata-ana nəvazişi görməyən, onları vaxtsız itirən nəvəsi Rövşən yaşayırdı. Bu həyət digər həyətlərdən çox fərqlənirdi. Çünki həyəti ilan kimi burulub yuxarı qalxan, dəmirdən düzəldilmiş çardağa dolaşan üzüm tingləri əhatəyə almışdı. Yaşıl, kənarları dişli yarpaqlar arasından üzüm gilələri görünürdü. Bağın lap kənarında yenicə torpağa basdırılmış üzüm tinginin yaxınlığında nar ağacı əkilmişdi. Həmin üzümün budaqları nar ağacına dolaşmışdı. Ancaq bir neçə müddət əvvəl əkilməsinə baxmayaraq, hələ bar verməmişdi. Digər üzüm ağaclarının qulluğunda duran Kərim baba bu üzüm tinginə o qədər də qayğı göstərmirdi. Bu səbəbdən də tingin bar verməsini gözləmirdi.
Kərim baba həmişə dəmir çardağın altına qoyulmuş nərdivana çıxar və yetişmiş üzüm salxımlarını dərərdi. Bal kimi şirin olan üzüm salxımlarını evin arxasındakı kiçik arxda yuyar, kənarda qoyulmuş taxta stulun üstündə oturar və bağda bel ilə işləyən nəvəsi Rövşəni səsləyərdi:
– Ay bala, gəl, bir-iki gilə üzüm ye!
Rövşən bəzən gələr, bəzən də öz işi ilə məşğul olardı. Artıq Rövşənin sadiq dostuna çevrilmiş ana quş və balaları üzüm çardağının yaxınlığındakı ağacın üstündə yuva qurmuşdular. Hər səhər Rövşən bağa işləməyə gedəndə bu rəngarəng və gözəl quşların cəh-cəhi onda xoş əhvali-ruhiyyə yaradırdı.
Rövşən beli əlindən yerə qoyub babasına tərəf gələndə gördüyü mənzərədən heyrətə gəldi. Ana quş və balaları qatar kimi stolun üstündəki üzümün ətrafına düzülüb dimdikləyirdilər. Arada quşlar üzüm gilələrini didişdirirdilər və onların səsi ətrafda xoş bir ahəng yaradırdı. Bu mənzərəni görən Rövşən donub yerindəcə qaldı. O, irəliyə bir-iki addım atıb quşları oradan uzaqlaşdırmaq istədi. Ancaq bacarmadı. Çünki quş balalarının məsum baxışları və xoş ahəngli səsləri onu irəli addımlamağa qoymadı. Rövşən bir az aralıda – yaşıl çəmənin üstündə oturub əlləri ilə dizlərini qucaqlayaraq quşlara baxırdı.
Birdən ana quş arxaya dönüb oğlana baxdı. Quş cəld dimdiyində üzüm giləsi tutaraq budaqdan-budağa qondu və yuvasına doğru uçdu. Onu yuvada gözləyən digər balalar anasının dimdiyindəki üzüm giləsini didişdirib yeməyə başladılar. Sonra ana quş qanadlarını açaraq yuvanın qarşısını tutdu. Sanki balalarını qorumaq üçün yuvanın qarşısına bir çəpər çəkdi. Balalar başlarını onun sinəsinə qoyaraq sakitcə dayanmışdılar. Ana quş xırda, qığılcımlı gözləri ilə yuvadan boylanaraq yaşıl çəməndə oturan oğlana baxırdı.
Bu baxışlar Rövşənə çox şey deyirdi. Ana quşun balalarına olan məhəbbəti Rövşəni çox təsirləndirirdi. Axı o, valideynlərini tez itirdiyi üçün bu isti məhəbbətdən uzaq düşmüşdü…
Bir neçə gün keçdi… Rövşən quşların cəh-cəhini eşitmədikdə bağda onların yuvaları olan istiqamətə getdi və gördüyü mənzərədən dəhşətə gəldi. Yuva dağılmışdı. Rövşən cəld evə qayıtdı, əhvalatı babasına danışdı. Kərim baba Rövşənə təskinlik verərək dedi:
– Narahat olma, bala, quşlar harda olsalar da, geri dönüb bizim sehrli bağa gələcəklər…
Günlər keçdi, quşlar qayıtmadı… Kərim baba xəstə olduğu üçün bağda çox görünmürdü. Rövşən babasının çarpayısının yanında əyləşib ona qayğı göstərirdi.
– Rövşən, mənə bir stəkan su ver, – Kərim baba dili tutular-tutulmaz dedi.
Rövşən cəld çarpayının yanındakı taxta stolun üstündə qoyulmuş içərisi su ilə dolu fincanı babasına uzatdı. Kərim baba titrək əlləri ilə fincanı tutdu, su ilə dodaqlarını yaşladı və yuxuya getdi.
Rövşən bağa getdi, sınmış və yerə tökülmüş quş yuvasının hissələrini topladı və gətirib evin pəncərəsinin qarşısına qoydu. Bir müddət sonra quşlar geri qayıtdı. Onlar pəncərənin qarşısında qatar kimi düzülərək içəri boylanırdılar.
Sonra Rövşən günlərlə çalışaraq quşlar üçün geniş bir qəfəs düzəltdi. Quşların qayıtması Rövşəni çox sevindirdi. Çünki bu bağda babasından sonra onun yaxın dostları quşlar idi. Rövşən onlara nəvaziş göstərməkdən zövq alırdı.
Kərim baba isə o gündən bəri bərk xəstələnmişdi və hələ də çarpayıda uzanırdı. O, quşların səsini eşidib çox sevindi və özündə güc tapıb pəncərəyə yaxınlaşdı. Quşların məsum baxışları Kərim babaya dikilmişdi. O həm çardağın üzərində sallanaraq göz oxşayan üzüm salxımlarına, həm də cəh-cəh vuran quşlara baxaraq dərindən bir ah çəkdi. Gözlərindən bir-iki damla yaş süzülüb yanağında donub qaldı.
Bu an Rövşən də pəncərəyə yaxınlaşdı və quşları böyük sevgi ilə yeni hazırladığı qəfəsə qoyub küçəyə çıxdı…
…Bu gündən quşlar qəfəsdən, Kərim baba isə həyatdan ayrıldı.
Həyatın hər çətinliyinə mətanətlə sinə gərən Rövşən isə ömrünü bu sehrli bağda keçirdi.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Novruzlu ESAZDER’in qonağı olub

Turan Novruzlu ESAZDER’in qonağı olub

Qardaş ölkə Türkiyə Cümhuriyyətində dəyərli ziyalılarımızdan olan Cavid Aydının qurucusu və rəhbəri olduğu Eskişəhər Azərbaycanlılar Dərnəyinin (ESAZDER) növbəti dəfə təşkil etdiyi “Çərşənbə Söhbətləri”nin bu həftəki qonağı yazıçı, hüquqşünas Turan Novruzlu olub. Yazıçı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ilə “Hukuk, Toplum ve Kadın” adlı məqaləsi ilə çıxış edib. Çıxış dinləyicilər tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda ESAZDERİN rəhbəri tərəfindən yazıçıya təşəkkürnamə təqdim olunub. Fotolar:


07.03.2025

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Kitabi-Dədə Qorqud” dastanının taleyində İlham Əliyev mərhələsi

“Kitabi-Dədə Qorqud” dastanının taleyində İlham Əliyev mərhələsi

Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı Prezident İlham Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. Belə ki, möhtəşəm sənət abidəsi Azərbaycan xalqının tarixi keçmişini, vətənpərvərliyini, mənəvi dəyərlərini, adət-ənənələrini, toponimlərini, qəhrəmanlığını, müdrikliyini, dünyagörüşünü, tarixi hadisələrini, şəxsiyyətlərini, mədəniyyətini özündə cəm etdiyi üçün olduqca böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev dastanın öyrənilməsinin, dünyada geniş tanıdılmasının və təbliğinin vacibliyini bildiyi üçün dövlət səviyyəsində əsərin qorunmasının göstərişini vermişdir. Prezident İlham Əliyev tarixi abidənin dövlət səviyyəsində qorunmasını təmin etdiyi üçün Azərbaycanla yanaşı digər ölkələrdə də abidənin təntənəli açılışlarında iştirak etmişdir. Buna misal olaraq, onun Brüsseldə Dədə Qorqudun 2004-cü ildə abidəsinin açılışında iştirak etməsini göstərmək olar. Ümumiyyətlə, Azərbaycanda ulu öndər Heydər Əliyevdən sonra Dədə Qorqudun xatirə-memorial və memarlıq komplekslərinin yaradılması Prezident İlham Əliyevin adı ilə bağlıdır. O, eposun tarixi-etnoqrafik kompleksinin yaradılması üçün müntəzəm olaraq öz göstərişini vermişdir. Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Nərimanov rayonunda 6 hektar ərazidə “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Dədə Qorqudun şərəfinə park salınaraq, geniş tikinti və abadlıq işləri görülərək eposun abidəsi ucaldılmışdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin göstərişi ilə “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Dədə Qorqudun şərəfinə salınan parklarda da müntəzəm olaraq tikinti-quruculuq işlərinin aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Azərbaycan xalqının milli sərvəti olan  “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının keçmiş həyat tərzini, məişətini, psixologiyasını özündə əks etdirdiyi üçün Prezident İlham Əliyev tərəfindən eposun tədqiqi ilə bağlı elmi işlərin çoxaldılması əmri verilmişdir. O, dastanın Azərbaycan xalqına mənsub olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görülməsinin göstərişini vermiş və bu önəmli məsələni daim diqqət mərkəzində saxlamışdır. “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği Prezident İlham Əliyevin dövlət siyasətinin ayrılmaz hissəsi və əsas istiqamətlərindən biridir. Dastanın Azərbaycanda öyrənilməsinin, dünyada geniş tanıdılmasının və təbliğinin bu qədər önəmsənilməsi nəticəsində Türk dünyası ilə qarşılıqlı əməkdaşlıq və müsbət demoqrafik dinamika yaradılmışdır. Prezident İlham Əliyev eposun Azərbaycanda təbliği məqsədi ilə çoxsaylı mədəni tədbirlər, festivallar, müsabiqələr keçirilməsi göstərişini vermiş, əsərin dünya miqyasında tanınmasında mümkün olan bütün tədbirlərin keçirilməsini tapşırmışdır. Azərbaycan xalqının dünyaya bəxş etdiyi ədəbi-mədəni abidə olan “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının, dilinin gələcək nəsillərə ötürülməsi üçün bir vasitədir. Bu amil əsərin dövlət səviyyəsində qorunmasını labüd edirdi. Yüksək bəşəri idealların tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olan “Kitabi-Dədə-Qorqud” dastanı Azərbaycan tarixinin öyrənilməsi üçün tarixi-etnoqrafik məlumatlarla olduqca zəngin olduğu üçün ölkə başçısı tərəfindən eposun tədqiqi, nəşri və təbliği ilə əlaqədar dövlət səviyyəsində və beynəlxalq miqyasda böyük təntənəli tədbirlər keçirilmişdir. Eposun İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş tədbirlər və beynəlxalq miqyasda təşkil edilmiş kompleks fəaliyyətlər nəticəsində möhtəşəm ədəbi abidəyə münasibətdə yeni bir era başladı. Epos Azərbaycan xalqı, onun tarixi və folkloru haqqında dolğun məlumat daşıdığı üçün Prezident İlham Əliyevin hakimiyyəti illərində onun tədqiqi, nəşri və təbliği sahəsindən ciddi bir dönüş başlanmış və mühüm elmi-ədəbi nailiyyətlər əldə edilmişdir. Ədəbiyyat və mədəniyyət məfhumlarından böyük siyasətdə istifadə etməyi bacaran nadir siyasət xadimlərindən biri olan Prezident İlham Əliyev “Kitabi-Dədə-Qorqud” dastanını məharətlə dünya mədəniyyətinin fenomenal hadisəsinə çevirməyi bacarmışdır. Azərbaycan xalqının milli sərvəti olan epos zəngin tariximizi, qədim mədəniyyətimizi və milli-mənəvi dəyərlərimizi özündə ehtiva etdiyi üçün qorqudşünas alimlərimizin – tarixçilərin, dilçilərin, ədəbiyyatşünasların, etnoqrafların və elmin başqa sahələrinin nümayəndələrinin tədqiqat obyekti olmuşdur. Prezident İlham Əliyev qorqudşünas alimlərimizin himayədarıdır. Çünki qorqudşünas alimlər tərəfindən qorqudşünaslıq sahəsində çox mühüm addımlar atılaraq bütün türk xalqlarının tarixi və mədəniyyəti üçün mötəbər işlər görülmüşdür. İlham Əliyev Azərbaycan qorqudşünaslarının Azərbaycanı beynəlxalq aləmdə Dədə Qorqudun və qorqudşünaslıq elminin vətəni kimi tanıtdırmasını hər bir zaman yüksək qiymətləndirmişdir. Prezidentin göstərişi ilə Azərbaycanda Dədə Qorqudun heykəlləri qoyulmuş və dünya miqyasında geniş təbliğ olunması sahəsində böyük əhəmiyyətə malik olan tədbirlər həyata keçirmişdir. 

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Boran Əzizin “Ağdam rayonuun Mərzili və bəzi başqa kəndlərdən repressiya edilmişlər” kitabı – Məmməd Mərzili  

Boran Əzizin “Ağdam rayonuun Mərzili və bəzi başqa kəndlərdən repressiya edilmişlər” kitabı
 

      Arxiv materiallarından qaynaqlanan, tarixçi-alim Boran Əzizin bu kitabına ön söz Tarix Elmləri doktoru Nigar Rövşən qızı Gözəlova faktlara əsaslanan tarixi hadisələri oxuculara təqdim edir. Tarixi faktlardan göründüyü kimi Azərbaycan Dövlətinin parçalanması 1747-ci il, Nadir şah Əfşarın sui-qəstlə öldürülməsindən sonra başlayıb. Xanlıqlara bölünəndən sonra, 1813-cü ildən başlayaraq zaman-zaman Çar Rusuyasının işğalına məruz qalıbdı.
      Bununla kifayətlnməyən car Osmanlıdan, İrandan er-məniləri kpçürüb İrəvan, Qarabağ xanlığına yerləşdirib. Ermənilərə göstərilən qayğı onların dövlət orqanlarına yerləşdirilməsi ilə davam etdirilib…

                                     ***               

     Ağdam rayonunun Mərzili kəndindən və ətraf kəndlərdən olan represiya qurbanlarından yazılmış bu kitabda Boran müəllim erməni müstəntiqlərinin, Ağdam rayonunun polis rəisi (keçmiş milis rəisi) Camqarovun canfəşanlığını qabarıq şəkildə qələmə alıb. Erməni müstəntiq X.Qriqoryanın atasına yazdığı məktubu oxuyuruq:”… Yüz nəfər güllələtmişəm, beş yüz nəfər növbədədi…” Elə bu bəs edir ki, nə baş verdiyi haqqında təsəvvürümüz olsun. Zalımlığın, qəddarlığın dərəcəsinə bax.

     Kitabdakı faktlardan, arxiv materiallarından göründüyü kimi, əksəriyyəti erməni və digər millətlərdən olan müstəntiqlər, represiya məruz qalmış insanlara işgəncə verərək, ən ağır döymə metodlarından istifadə edərək, istədikləri ifadəni sənədləşdiribdilər. Apardıqları şahidlərə də təzyiq göstərib qorxudaraq yalan söyləməyə məcbur ediblər. Hətta üzləşmə belə aparılmayıb.

      Minlərlə insana ağır işgəncə verən keçmiş müstəntiq M.L.Şer yuxarı orqanlara yazdığı məktubdan:”Hən ərizə, həm də istintaq materialları həqiqəti əks etdirmir. Bunların hamsı mənim tərəfimdən yazılmışdır. Əvvəllər yazılan ərizə və bir protokol tamamilə yalandır. Mən yalan ifadəmi ona görə vermişəm ki, döyülməyə və incidilmə-yə dözə bilməmişəm”.

     Boran Əziz öz əsərində represiya məruz qalanlara şa-hidlik edənlərin represiya dövrü və represiyadan sonrakı, 1953-cü ildən sonra verdikləri şahid dindirilmələrini qarşı-qarşıya qoyur. Represiya dövründə müstəntiqrin zorakılığından qoran şahidlər, 1953-cü ildən sonra əvvəlki ifadələrini təkzib edirlər.

     Güllələnməyə məruz qalan, sürgün olan represiya qurbanları sonradan bəraət alsalar da, artıq gecdi. Təsəl-li isə bəraət almaqlarıdı.

      Müəllif “Acı həqiqətlər, ağrılı faktlar” kitabında təkcə Mərzili kəndinin represiya qurbanlarından deyil, Ağdam rayonunun başqa kəndlərinin və ADU-dan olan represiya qurbanlarının həyatlarını da işıqlandırır. Bu da çox təqdirə layiqdir.

      Erməni cəlladları çar Rusiyası dövründə, Sovet hakimiyyəti dövründə rus havadarlarına arxalanıb başımıza gətirdikləri göz önündədi. Xocalı tarixinin tədqiqatçısı, Tariz Elmləri namizədi, dosent Boran Əzizin bu kitabı tarixi düşmənlərimizin birləşib birlikdə millətimizə qarşı törətdikləri cinayətlərdən danışır. O, öz oxucularını ayıq olmağa çağırır. Ziyalılarımızı həmişə üz-üzə qoyan düşmənlər, bizim bir-birimizə ömürlük düşmən olmağımıza çalışırlar.

      Yuxusuz gecələrin məhsulu olan bu əsəri ortaya qoyan Böran müəllim arxivdə işlədiyi müddətdə sağlamlığını təhlükə altına atdı. Çünki, hamı bu arxiv matertiallarının açılmasını, çap olunmasını gözləyirdilər. Arxiv tozuna bata-bata çəkilən gərgin əmək öz nəticəsini verdi.

      Əsəri oxuyan oxucular represiya qurbanlarının haqsızlığa məruz qaldıqlarını, şahidlərin özlərinin də ora düşməklərindən qorxaraq yalan ifadə verməklərinin şahidi olurlar. Buna görə də əsər oxucular tərəfindən rəğbətlə qarşılanacaq və seviləcək.

      Tarixçi-alim Boran Əzizə çoxlu uğurlar arzulayıram və növbəti tarixi əsərini gözləyirik!                 

                 Müəllif: Məmməd MƏRZİLİ

Yazıçı, şair, publisist.

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru