Gültəkin Əsgərovanın heykəli – Ünvan:Atatürk, Bakı, Nərimanov, AZ1110.
QISA ARAYIŞ:
Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə qəhrəmancasına həlak olub. Gültəkin Əsgərova ailəl i idi və bir qız övladı qalıb. Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub.
GÜLTƏKİN ƏSGƏROVA HAQQINDA
Əsgərova Gültəkin Məlik qızı20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiyadalarda daim iştirak edərək həmişə qalib adını qazanıb. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra isə Uroloji xəstəxanada…
Gültəkin həkim…
O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir.
Döyüşçü, bacı, qadın, həkim, şəhid, Qəhrəman Gültəkin…
Uzun döyüş yolu keçən Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur. Ailəli idi. Bir qızı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdur.
Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. Eyni zamanda Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə də büstü var. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Tibbi biologiya kafedrası onun adını daşıyır. Bundan əlavə, Xəzərdə üzən gəmilərdən biri də onun adını daşıyır və muzeyi təşkil edilib. 20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filminin təqdimat mərasimi keçirilib və ona həsr olunan “Gültəkin zirvəsi” kitabı təqdim olunub.
Türk dünyasının tanınmış şairi Əlişir Nəvainin anadan olmasının 580- cı ildönümü münasibətilə Özbəkistanın İstanbul səfirliyi, “Avrasiya Türk Dərnəkləri Federasiyası”, “Türküstan elləri Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi” və “Türküstanlılar Mədəniyyət və Sosial Yardım Dərnəyinin” təşkil etdiyi “Nəvainin Nevaları adlı qiraət yarışı” keçirilmişdir.
Türk dünyasının müxtəlif yerlərindən qatılan yarışmaçılar Nəvainin şeirlərini səsləndirib video formatda müsabiqəyə təqdim ediblər.
Azərbaycandan yarışa qatılan tanınmış, sevilən gənc yazar, qiraətçi Müşfiqə Baladdinqızı şairin “Heyf” rədifli qəzəli ilə birinci yerə layiq görülmüşdür.
Türk dünyasına aid müsabiqədə Azərbaycanı layiqincə təmsil edən Müşfiqə Baladdinqızını təbrik edir,ona yaradıcılıq uğurları arzulayırıq.
“YAZARLAR.AZ” olaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir qurup xanım pedaqoq və yazarlarımızı təltif edirik.
QISA ARAYIŞ:
8 Mart – Beynəlxalq Qadınlar Günüdür.
Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.
YAZARLAR.AZ olaraq, bütün qadınları təbrik edir, səadət, rifah və xoşbəxtlik arzu edirik! 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tərəfimizdən təltif olunmuş qadınların SİYAHISI:
Zaur Ustac – şair-publisist.”Yazarlar” jurnalının baş redaktoru.
Qarabağda torpaq islahatları vacibdir, çünki…
İndinin özündə də müxtəlif internet resurslarında rast gəlinən iki il əvvəl mətbuatda “Köçkün (qaçqın) olmaq nə deməkdir?!” başlıqlı yazım dərc olunmuşdu. Bundan əlavə, illər öncə ənənəvi kağızda yazılıb, poçtla göndərilən Ağdam rayon İcra Hakimiyyətinə, “Qaçqınkom”a, Təhsil Nazirliyinə və bir çox müəssisələrə böyük qayıdışla bağlı yazdığım məktublar var. Yəni bu yazı birdən-birə, nəyinsə xatirinə yazılmayıb.
Bu gün qazandığımız şanlı zəfərin memarı cənab Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev son çıxışlarının birində qeyd etdiyi kimi, bəzi məmurların işğaldan azad olunmuş torpaqları müxtəlif yollarla zəbt etməyə çalışdığı, eyni zamanda bugünkü həssas məqamlarda istər televiziya ekranlarından, istərsə də müxtəlif KİV-lərin, sosial şəbəkələrin imkanlarından istifadə etməklə hər gün bir avaz səsləndirən, yaxud da məqsədli şəkildə hansısa fikirləri artıq məcburi köçkün olmayan, vaxtilə ölkəmizin ərazisində keçirilmiş torpaq islahatlarından kənarda qalmış, torpaqsız Azərbaycan Respublikası vətəndaşlarına aşılamağa çalışırlar. Bütün yuxarıda sadaladıqlarımı nəzərə alaraq xatırlatmaq istəyirəm: BİZ İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARDA KEÇİRİLƏCƏK TORPAQ İSLAHATLARINI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK!
Mən bütün ümumi, pafoslu sözlərdən uzaq, Ağdam rayonunun Yusifcanlı kənd sakini olaraq şəxsən öz adımdan (Mustafayevlərin adından) bəzi məsələlər barədə özləri üçün xam xəyallar quranları qısa tarixi bir ekskursa dəvət edirəm. Onu da deyim ki, aşağıda yazacaqlarımı təsdiq edə biləcək çox sayda insanlar hələ həyatdadır.
Müsəmbər Şəhrili və Mahmud Ustaclı
Fotoda gördüyünüz şəxslər mənim ulu nənəm Müsəmbər (Şəhrili) və ulu babam Mahmuddur (Ustaclı). Elə də uzaq olmayan tarixdə – ötən əsrin 30-cu illərində kolxoz qurulanda bu kişinin torpaqlarını, bağlarını, mal-qarasını, demək olar ki, əlində nəyi var almışdılar. Özü də necə? HAŞİYƏ:Bu məsələni uşaq ikən çox eşitsəm də, son vaxtlar Mahmud kişinin oğullarından biri, uzun illər kolxoz və sovxoz dönəmlərində həmişə idarə heyətində texnika məsələləri üzrə müvafiq vəzifələrdə işləmiş Mustafayev Şükürlə (Allah rəhmət eləsin!) dəqiqləşdirmişəm. Həmin vaxtlar Mahmud kişi artıq çox yaşlı imiş. Qoca olmasına baxmayaraq, ailənin idarəsi əlində olan ötkəm, zəhmli, həm də çox əsəbi kişi olub. O günə qədər artıq bir neçə dəfə evlərinə gəlib-gedən ağsaqqallar həmin axşam kişinin qarşısına konkret şərt qoyurlar. Ya əlində olan hər şeyi verib kolxoza girirsən, ya da bu gecə götürə biləcəyin vacib nəyin var götürüb kənddən çıxırsan, evin, torpaqların, bağların qalır hökümətə.
Şükür əminin sözlərinə görə, kişi heç düşünmədən deyib ki, – “durun yığışın”… Evindəki ailə üzvlərini (o vaxt artıq böyük qızları ərdə olub) və götürə bildiyi qədər nə lazımsa götürüb kənddən çıxan Mahmud kişi bir müddət kəndin indiki ərazisindən bir az yuxarı, Şelli (Şelli, Şıxbabalı, Saybalı, Bağbanlar və İsmayılbəyli) tərəflərdə yaşamalı olur. Ancaq orada da onu rahat buraxmırlar. Ağsaqqallar tez-tez yanına gəlib gedirlər. “A kişi, hökümətlə hökümətlik eləmiyəssən ha…” deyiminin də dəbdə olan vaxtları idi. Bir axşam yenə ağsaqqallar “qonaq” gəlirlər və bu dəfə söhbətin məzmunu təxminən belə olur ki, – “Qızın Gözəl qabaqcıl pambıqçı – Staxanovçudur, Moskvaya göndərirlər, Kalinin medal verəcək. Medalın alsın gəlsin, elə kolxozun sədri də o olar. Oğul-uşağı da gətirib tökmüsən çöllərə… Bunlar da bu gün-sabah böyüyüb hərəsi kolxozda bir iş, vəzifə sahibi olarlar… Gəl, bu daşı tök ətəyindən, qayıt kəndə, gir kolxoza, yaşlı adamsan, beş-on gün öz ev-eşiyində rahat yaşa, balaların da iş-güc sahibi olsunlar… Başqa yolu yoxdur. Bir də gördün bu gün olmasa da, sabah gəlib buradan da çıxaracaqlar səni. Onda hara gedəcəksən?”. Nəticədə, bu kimi söhbətlərlə kişini yola gətirirlər və o, kəndə qayıdır. Girir kolxoza. O vaxt verilən söz Sovet İttifaqı dağılana qədər tutuldu. Gözəl elə o vaxt və müharibə dövründə sədr olur və quruluş dağılana qədər (1993-cü ilin yayına qədər) bu ailə kolxozun və ya sovxozun idarə heyətində üstün mövqeyini qoruyub saxlayır.
Yaşlılar bir kənara, 90-cı illərdə 14-15 yaşı olan mənim yaşıdlarım da, “Mahmudun bağı”, “Mahmudun qozluğu”, “Mahmudun körpüsü” kimi ifadələri indinin özündə də yaxşı xatırlayırlar. Onu da qeyd edim ki, Mahmud Mustafa kişi ilə Sonanın tək övladı olub. Atası Mustafa gənc yaşlarında bağından dərdiyi Qızıl üzümü arabalarla Qalaya (Şuşaya) aparanda yolda – Şuşanın dolamalarında xain saldırı nəticəsində həlak olduğuna və anası sonra ailə qurmadığına görə bacısı-qardaşı olmayıb. Ancaq əmisi uşaqları olub. Bu bizə məlum olan ən uzaq keçmişdir. Ən yaxın tarixdə isə, Mahmudun indi də sağ olan oğlu Quluş uzun illər kolxozda, sovxozda sürücü, artıq rəhmətə getmiş Şükür texnika üzrə mütəxəssis işləsə də, mənim babam – Mahmudun böyük oğlu Müseyib öz atasının torpaqlarında hökumətə məxsus iş yeri kimi fəhləliyin edib, halal zəhmətlə çörək pulunu qazanıb. Yəni, adı hökumətin olsa da, bütün ömrü boyu, son gününə qədər (1992-ci ilin payızı, üzüm yığılanda dünyasını dəyişib) torpaqda çalışıb. Əkin-biçinlə məşğul olub. Onun oğlu – mənim atam Mustafa gənc yaşlarında Bakıda özünə normal həyat şəraiti qurub yaşasa da (ötən əsrin 70-ci illərində Maştağa qəsəbə sovetinin deputatı olub), yenidən kəndə qayıdıb və o da 1993-cü ilin yayına qədər kənd təsərrüfatı ilə məşğul olub.
Məlum yenidənqurma məsələləri ortaya çıxanda Moskvada xüsusi dörd illik kurs keçib, dövlətdən 40 hektar torpaq icarəyə götürmüşdü. İcarədar kimi 20 hektarda xüsusi tezyetişən süfrə sortu üzüm, qalan 20 hektarda isə taxıl becərirdi. O da özündən əvvəlki, ata-babası kimi bütün ailə üzvlərini bu işlərə cəlb etmişdi. Bu təsərrüfata görə mən orta məktəbi bitirib ali məktəbə sənəd verəndə qiyabi təhsil formasını seçmişdim. Ən son 1992-ci ilin payızında mənim tək suvardığım taxıl sahəsini 1993-cü ilin yayında atam mərmi yağışları altında tək (o vaxt artıq bir-neçə dəfə yandırılmış Yusifcanlı kəndi boşaldılmışdı. Bu haqda “93-ün yayı və ya bir qaşıq qatıq” əsərində ətraflı yazılıb) biçib anbarlara təhvil verərək kənddən çıxmışdı. Hərbi xidmətdə olduğum ilk vaxtlarda (hələ kənd boşaldılmamışdı) evdən yanıma gələnlərdən ən son əkdiyim tinglərin vəziyyətini soruşurdum…
Bütün bunları yazmaqda yalnız bir məqsədim var. Son günə qədər torpaqla əlləşdik, çalışdıq… Qoyub çıxmağa məcbur olanda isə bu günə qədər də bir saatlıq da olsa ölkə sərhədlərini tərk etmədik. Mustafanın üç oğlu olsa da (1975, 1976, 1979 təvəllüd), 90-cı illərdə təxminən iki ilə yaxın zaman kəsiyi ərzində onlardan heç biri atasının yanda olub ən çətin dövrlərdə ona dolanışıq üçün azacıq da olsa, yardım edə bilmədi. Çünki üçü də orduda idi. Əksinə, o, çətin vaxtlarda hər həftə birimizin yanına gəlirdi. Bu barədə maraqlı bir məqamı diqqətinizə çatdırım. 1994-cü ilin mart-aprel ayları idi. Düşmən cidd-cəhdlə Ağdamla Tərtər cəbhəsinin bitişdiyi yerdən – Təzəkənd, Qazyan-Qaynaq, Qırmızıkənd, Seyuslan, Qapanlı istiqamətindən Dördyola çıxmağa çalışırdı. Atəşkəsə az qalmış qızğın döyüşlərin getdiyi və yuxarıda qeyd etdiyim istiqamətdə ən çox gənc əsgərlərimizin şəhid olduğu vaxtlar idi. Təxminən 10-12 nəfərlə Qırmızıkəndlə Tərtər arası bir ərazidə (orada az müddətdə qaldığımız üçün hara olduğunu dəqiq bilmədim) düzənlik, açıqlıq ərazidə quru kanalın üstündə postda idik. Günəşin batan vaxt idi. Bir də gördük ki, qarşıdan – düşmən tərəfdən bizə doğru iki nəfər gəlir. Adamlar bizə yaxınlaşdıqca yanımdakı uşaqlara dedim ki, “ayə, onlardan biri bizim kəndçi Böyükkişi dayıya oxşayır” (Atam rəhmətə getsə də, Böyükkişi dayı sağdır, yəqin ki, o da bu hadisəni xatırlayar). Bir az da yaxınlaşanda isə dedim, “ayə, sənə o birisi də mənim atamdır…”. Bu, çox uzun söhbət olsa da, ancaq onu xatırlatmaq kifayətdir ki, torpağın, vətənin keşiyində dayanan əsgər oğulların yanına əraziyə nabələdlik üzündən düşmən tərəfdən gələn atalar çox olub. Hətta yolu səhv salıb düşmən tərəfə keçənlər də olub… İndi hərə durub bir nağıl, dastan danışır. Biz bu günə qədər bütün qayda-qanunlara sayğı ilə, baş verənlərə səbirlə yanaşıb, yüksək dərəcədə dözümlülük göstərərək o günü gözləmişik – torpaqlarımıza qayıdacağımız günü… Aydın məsələdir ki, heç kim indi durub ata-babasının torpağını tələb edə bilməz. Qanunvericilikdə də belə bir hal nəzərdə tutulmayıb. Ancaq Ucarda, Şamaxıda, Qəbələdə və digər rayonlarda torpaq islahatarı keçrildiyi kimi, Ağdamda, Füzulidə, Cəbrayılda və digər işğaldan azad olunmuş rayonlarımızda da müasir dövrün tələblərinə cavab verən, cənab prezident İlham Əliyevin məsləhət bildiyi formada tədbirlər həyata keçrilməli, insanlar uzun illərdir həsrətində olduqları doğma torpaqlarına qovuşmalıdır…
Sizlərlə növbəti yazıların altında “Ağdam rayonu, Yusifcanlı kəndi” qeydi ilə quruculuq işlərindən bəhs edən məqalələrimlə görüşmək ümidi ilə:
Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin ən fəal dinləyicilərindən biri olan Səlim Abbaszadənin Norveçdə norveç dilində “NAGORNO-KARABAKH” adlı Azərbaycanın şanlı Zəfərlə başa çatan 44 günlük müharibəsi haqqında yığcam şəkildə rəngli fotoların müşayəti ilə tam məlumatı özündə əks etdirən yeni kitabı işıq üzü görmüşdür. Kitabın norveç dilində olması yerli əhalinin və bu dildə oxuyub anlayan hər kəsin Azərbaycanın haqq işi barəsəndə məlumatlandırılmasını hədəfləyir. Səlim kimi yeniyetmə bir gəncin bu addımı gələcəyin etibarlı əllərdə olduğunu bir daha sübut edir və Vətənini (doğma Azərbaycanı) sevən hər bir vətəndaşın, milliyətindən, dinindən, dilindən, cinsindən, yaşından, harada yaşamasından asılı olmayaraq, həmişə qürurla “MƏN AZƏRBAYCANLIYAM” deyəcəyinin bariz nümunəsidir. Məncə, çoxları Səlimdən örnək götürməlidir. Biz də “Yazarlar” jurnalı olaraq, ənənəmizə sadiq qalır və Səlimi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, cənab Səlim Abbaszadə! Bir daha təbriklər və vətəndə yaşayan vətənsevər vətəndaşlar adından belə nəcib əməlinizə görə təşəkkürlər!!!
Zaur USTAC
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
Səlimin kitabı – Norveçdə belə də yaşamaq olar.“NAGORNO-KARABAKH” Səlim Abbaszadənin kitabı.“Ziyadar” diplom N: 060 – 06.02.2021. Bakı – Oslo.
Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ…
Qarabağ ağrı idi…
Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…
Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…
Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.
Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.
Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Tarix yazan Sərkərdənin – Ali Baş Komandanımızın bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.
Milli davamız – Vətən savaşımız Ali baş komandanımızın dəmir yumruğu, məğrur xalqımızın yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Tarix yazan müzəffər Sərkərdənin rəşadətini və Azərbaycan Ordusunun misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.
Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini təmizləyən, qanıyla Tarix yazan oğulların hər birinin döyüş yolunu qələmə almaq, canını fəda edib yaddaşlarda canlı əfsanəyə çevrilən igidlərin vətənə can vermək, vətəni cana gətirmək üçün etdikləri fədakarlığı cansız kağızın yaddaşında ölümsüzləşdirmək istəyirəm. Bu niyyətlə hər birinin ailə üzvləri ilə, döyüş yoldaşları ilə, komandirləri ilə həmsöhbət oluram. İgidlərin döyüş yoluna şahidlik edə-edə, bu söhbətləri dinləyə-dinləyə, o Anaların çoxundan bu sözləri eşidirəm: “Xəyalə, qızım, bizim oğullarımıza yanan təkcə biz – onları öz bətnində böyüdüb dünyaya gətirən analar yox, Vətənimizin qeyrətli, böyük ürəkli, fədakar bir qızı da Ana oldu – Mahirə xanım. Həm dərdimizə şərik, göz yaşımıza həmdəm, hər an yanımızda hiss elədik Mahirə xanımı. Balalarımıza ürəyinin yanğısıyla, qələminin yazısıyla ana oldu Mahirə xanım…
Mahirə xanım Nağıqızı… Təqdimata və izaha ehtiyacı olmayan Adam… Mənə elə gəlir ki, Mahirə xanımın işıqlı insan, alim, müəllim, pedaqoq adlarından, alın təriylə qazandığı bütün titullarından daha ucada dayanır bu ad: bütün şəhid balaların Anası… Şəhid analarının isə ömrünə həmdəm, yaralarına məlhəm ola bilməsi Mahirə xanımın böyük ürəyindən və elə ürəyi böyüklükdə fədakarlığından xəbər verir… Mahirə xanım hər kəlməsindən vətən sevdalı qələm adamı, vətəndaş ziyalıdır. Balası Vətən yolunda şəhid olan analardan Onun ünvanına deyilən alqış nidalarını sözə çevirib yazmağa isə sözlərimin gücü yetmir. Sadəcə ürəkdən “Var olun! O ülvi hisslərlə döyünən ümman boyda ürəyiniz var olsun, Mahirə xanım! -deyə bilirəm. Sizin Ana Vətən üçün ömrünü fəda edən igidlərimizə fədakar bir Ana ola bilməyiniz bütün şəhid analarımıza sözlə izaholunmaz bir təskinlikdir.
Ana olmağı bacarmaq – ən böyük şəxsiyyət, ən böyük şair, ən böyük müəllim ola bilməkdi…
Ana olmağı bacarmaq – bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…
Ana olmağı bacarmaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə ala bilməkdi… Mən Sizin bu ucalığınız, Ana adınız – Ana müqəddəsliyiniz qarşısında baş əyirəm, dəyərlim Mahirə xanım!
Bu vətən deyilən torpaq deyil ki,
İnsanın ürəyi, canı Vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, Vətəndir.
-yazan adamın sinəsi bu gün saysız şəhid analarının ovunduğu Vətən qədər müqəddəs bir yerdir… Nə yaxşı ki, bu dünyada dərdə dərman, ömrə həmdəm, acılara məlhəm olmağı bacaran, köksü Vətən böyüklükdə sizin kimi İnsan var…
Millətin taleyüklü məsələlərində Mahirə xanımın susmaması, sözünün yetdiyi, gücünün çatdığı bütün məqamlarda milli təəssübkeşlik hissi təkcə yazılarında deyil, hətta müsahibələrində də özünü açıq-aydın göstərmiş olur:
Müsahibələrinin birində jurnalistin: “Bəzən yaşadıqlarımızı göstərmək üçün mübaliğələr belə acizdir. Bəs haqqın tərəzisi?! Görə-görə kor olmaq olurmu?” – sualına şairə belə cavab verir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının − özü elə böyük olmayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. Yox, söhbət ancaq ondan getmir ki, bu amansız cinayəti törədən erməni millətindən olan qatillərə qərinələrlə bir millətə − türklərə qarşı aşılanmış nifrət hissi impuls verib… Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca, o qan laxtalanmayacaq”.
Bəli, bu ləyaqətli bir Azərbaycan qadının “Xocalıya ədalət” hayqıran narahat ruhunun, vicdanının səsidir.
Elə bir həssas qəlb, elə bir kövrək ürək, elə bir yanımcıl Ana ki, bu torpağın üstündə yavaş-yavaş addımlayın deyir hər kəlməsinin başında. Sanki hər sözünün əvvəlində-axırında bu torpağa qanı qarışanlara layiq yaşamalı olduğumuzu xatırladır bizə…
Burdan yavaş gedin, astadan keçin,
Qəbirlər titrəyər, daş dinə bilər,
Bir güllə gücünə sükut olanlar,
Bir addım səsinə diksinə bilər.
Mahirə xanım alnımızın ləkəsini silən, ilahi ədaləti bərqərar edən, milli qürur hissimizi özümüzə qaytaran, dünyaya gücümüzü, bütövlüyü, birliyimizi sübut edən, Vətənimizin ərazi bütövlüyünü təmin etmək üçün öz talelərini yarıyolda qoyan gənclərə həssas ana qəlbiylə yanmaqla bərabər həm də onların cəsarəti ilə qürur duyur:
Yerə qan tökdülər, ruh göyərtdilər
Tarixi yazdılar vətən daşında.
Minillik xalqlara dərs öyrətdılər
Bu ərən oğullar cavan yaşında.
“Şəhid nəğməsi” adlı şeirdən nümunə gətirdiyimiz bu misralarda isə müəllif şəhidlərimizin Ana torpağa əmanət olunduğu yeri sadəcə bir ziyarətgah hesab etmir, həm də millətin ən müqəddəs məbədgahı, qutsal ünvanı kimi uca dəyərləndirir:
Şəhidlər! Şəhidlər! Öz canınızla,
Bizə yol açdınız, dövran verdiniz.
Millətə diz çöküb baş əymək üçün,
Şərəfli, müqəddəs ünvan verdiniz.
Adını zəfər tariximizə, səsini isə bütün xalqımızın ürəyinə, ruhuna yazan şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr etdiyi şeir isə Mahirə xanımın yaradıcılığında xüsusi yer tutur.
Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova ilə həmsöhbət olduğum zaman bütün qəlbimlə duyuram ki, ailəsi üçün, əzizləri üçün Xudayarın ölümündən sonra cənab prezidentimiz tərəfindən təltif olunduğu “Azərbaycan bayrağı” ordeni qədər qürur yeridir Mahirə xanımın Xudayara həsr etdiyi şeir… Radə ana söyləyir ki, Mahirə xanımın şeirinə qulaq asdıqca, elə bilirəm ki, Xudayarın qoxusunu duyuram… Sənətin böyüklüyünü bundan daha təsirli ifadə edə biləcək cümlə düşünə bilmirəm.
Vətən sevdalı böyümüşdü Xudayar.. Vətən sevgisi ürəyinə ana şəfqəti ilə bərabər hopmuşdu sanki… Elə ona görə də dar gündə hamıdan qabaq Vətənin harayına yetişmişdi… Mahirə xanımın yazdığı kimi:
Göydən Allah baxır, haqq divanı var Soraq məqamı var, sorğu anı var Hərənin qəlbində qəhrəmanı var Minlərin gözündə mizana döndün.
Özün manşırladın qismət oyununu Yuva tək seçib də Vətən qoynunu Anan el içində bükməz boynunu Dərdindən əriyib dərmana döndün.
Bilirdin bu Vətən nədən yaxşıdır? Qoynunda göyərən bitən yaxşıdır Övladda havara yetən yaxşıdır Havara yetişib aslana döndün.
Nahaq yerə demirlər ki, “Oğul düşmən çəpəridir.” O müqəddəs savaşda bütün varlığıyla bunu sübuta yetirdi Xudayar… Vətənin hər qarışını qorumaq üçün kürəyini çəpər, sinəsini sipər elədi düşmən həmlələrinin qarşısında… Son nəfəsinə, sonuncu gülləsinə qədər çəpər kimi dayandı düşmənin qabağında… Bu cavan ömrünü ər kimi yaşadı… Anasının arzularını gözündə, gözünü yollarda qoydusa da, milyonların ürəyindəki Vətən yarasına yaralı canıyla, qanıyla məlhəm oldu…
İndi Xudayar milyonların ürəyində müqəddəs bir ünvana – könüllərdə dastana dönüb… İndi ona Radə Anamızla bərabər Mahirə Anamız və Vətən böyüklükdə Anamız – Ana Vətənimiz “Oğul!” deyir…
Nə qədər istəyə yerbəyer yaza Ürəyi üçuna nə deyir yaza Mahirə şəninə yüz şeir yazar Bəs etməz, yazdığın dastana döndü.
Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmişlər olduğuna ürəkdən inanıram. “İstiqamət Şuşa… Xankəndi” deyib baş qoyduğu müqəddəs yolda ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində, qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə, ayağa qalxmağına, yumruq kimi birləşməyinə səbəbkar olan Toğrullar, Azərlər, Tofiqlər, Daşqınlar, Xudayarlar – qan qardaşlarımız məhz o seçkin insanlardan, seçilmişlərdən idi…
Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu, bütövlük ideologiyası məhz ordan – Sultanlar, Toğrulların, Aşurların, Yüksəllərin, Azərlərin, Babəklərin şəhadətindən başladı…Xudayarlar o müqəddəs yolun başında Haqq savaşçısı kimi dayanıb bütöv bir məmləkəti bir bayraq altında cəm elədi, “Dünya birliyi”nə bütövlüyün, milli birliyin nə olduğunu göstərdilər…
Vətən boyda ürəklərindəki müqəddəs amal Cəbrayıldan, Füzulidən başlayıb Şuşaya yol almaqdı ki, o Haqq yolunda şəhadətə yüksəldilər, döyüş yoldaşlarından qabaq Şuşaya çatdılar. Zəfər günü Şuşaya girən təkcə o bizim gördüyümüz müzəffər ordunun əsgərləri deyildi, onların başı üstündə Şuşanın dağlarının başındakı dumanı dağıdan, Şuşanın azad, aydın səmasında pərvazlanan məğrur, qalib ruhlar var idi – yuxarıdan qoruyurdular döyüş yoldaşlarını, Xudaya yar, Tanrıya yoldaş olub Haqqın – Xeyirin şər üzərində qələbəsinə sevinirdilər…
İlahi ədalət bərqərar olmuşdu…
Haqq savaşında Xeyir – İşıq zəfər çalmışdı…
Ocağı sönmüş yurd yerlərimizdə işıq yanırdı…
Xarıbülbül əsirlikdən azad olmuşdu, üzü Günəşə doğru gülümsəyirdi…
Azad Qarabağın aydın səmasında üçrəngli Azərbaycan bayrağı dalğalanırdı…
Bütün dünya Tarix yazan Sərkərdənin dəmir yumruğundan danışırdı…
Mahirə Ana bütün şəhid balalarına layla deyirdi, başının dumanı dağılmış Şuşa dağlarında Mahira xanımın ana laylası ucalırdı…
Təbəssümü üzündə Xudayar…
Xudayar Tanrı qatında “Vətən yaxşıdır” zümzümə edirdi…
Vətən Cənnətə dönmüşdü…
*****
… Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Mahirə xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Mahirə xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir və insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.
Yaxşı ki varsınız, Mahirə xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı…
Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… Hamının sevimlisi, sidq ürəklə sevdiyi, ürəklərdə sevgi, rəğbət, doğmalıq qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Mahirə xanım!
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Sizin kimi öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Mahirə xanım Nağıqızı ləyaqətdə qutsal və uca İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…
Həqiqətləri deyən diliniz, yazan qələminiz, yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, Mahirə xanım! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı ailənizə, yavrularınıza, bizlərə – bütün Sizi sevənlərə doyunca versin!
Böyük Adam… Böyük hərflərlə Adam… Böyük ürəkli Anam…
İlhamə Dağlı – “Taleyin qismətində bu da var imiş. Eyni gündə, bir ulduz altında, eyni şəhərdə doğulduq, atalarımızın adı da eyni oldu. Tale bizi görüşdürdü, bir-birimizə bağladı. Bu bağlar elə bağlandı ki, qarşımıza çıxan hər bir maneəni dəf etdikcə daha da qırılmaz və möhkəm oldu. Biz birlikdə hər bir çətinlikdən çıxdıq, bir-birimizə dayaq olduq. Əzizim Kanan Hacı , doğum günün mübarək! Sənə can sağlığı, il xoşbəxt həyat arzulayıram! Arzu edirəm ki, Allah səni bütün arzularına çatdırsın! Qüssə-kədər səndən uzaq olsun! Evimizin işıqları daim yansın, ocağımız heç vaxt sönməsin! Sən mənim baş tacım, evimin dirəyisən.” Bu sətirləri İlhamə Dağlı öz sosial şəbəkə hesabında paylaşıb. Özəl gündən, özəl fotolar:
Bəşəriyyətin inkişaf mərhələsinə mütəmadi olaraq təkan verən, təfəkkür və təxəyyülləri ilə ölkəsinə, xalqına xidmət edən elm adamlarımızın – alimlərimizin, qələm adamlarımızın xidmətləri, oların keçdikləri ömür yolları tarix səhifələrində özünəməxsus möhtəşəm yer tutur. Ölkəsini və xalqını dərin məhəbbətlə sevən, fəal ictimaiyytçi, gözəl alim xanım AMEA-nın Zoologiya İnstitutunda çalışan, elmlər doktoru, Yeganə Əbil Həsən qızı Mahmudbəyli də məhz belə alimlərimizdəndir. Vətənpərvər alim ömrünün ən dəyəri illərini elmə və xalqına həsr etmişdir.
QISA ARAYIŞ: Yeganə xanım orta təhsilini Bakıdakı 52 saylı məktəbdə almışdır. Bakı Dövlət Universitetinin ( 1981-1986) biologiya fakultəsini bitirmişdir. 1987 – ci ildə Azərbaycan Milli Emlər Akademiyası Zoologiya İnstitutununu “Helmintologiya” laboratoriyasında baş laborant vəzifəsinə işə qəbul olunmuşdur.1997 –ci ildə bilogiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülənYeganə xanım 2000 – ci ildə böyük elmi işçi, 2007 – ci ildə dosent elmi adını almışdır. Yeganə Mahmudbəyli hazırda AMEA –nın Zoologiya İnstitutunda çalışır. Çalışdığı İnstitutun Dissertasiya Şurasının Elmi Seminarının üzvü olan Yeganə xanım Mahmudbeyli mütəmadi olaraq elmi fəaliyyətini davam etdirir. O, 53 elmi məqalənin müəllifidir və məqalələrin bir çoxu xarici ölkə mətbuatında dərc olunub.
Bu gün Yeganə xanımın ad günüdür. Aldığımız məlumata görə xəstədir. Arzu edirik ki, yeni yaşı Yeganə xanıma sağlamlıq və uğur gətirsin.
Yeganə Mahmudbəyli “Nizami Gəncəvi” diplomu N: 03 – 03.03.2021. Bakı.
BU GÜN – GÖZƏL GÜN
Kənan HACI – YAZAR.
Təqvimin bu günü ikinci bir hadisə ilə də əlamətdardır. Bu gün sevilən, istedadlı yazar, mükəmməl insan Kənan Hacının – Hacıyev Kənanın doğum günüdür. Vətənpərvər, yurdsevər, xalqına bağlı yazarımız ömrünün ən dəyəri illərini – geridönməz gəncliyi yaradıcılığa həsr etmiş, qələmə adamışdır. Kənan müəllimi ad günü münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!
QISA ARAYIŞ:
Kənan Hacı – Kənan Hacıyev — şair, yazıçı, esseist, tərcüməçi.
Həyatı Kənan Hacı 1975-ci ildə martın 3-də Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.
Fəaliyyəti 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “”İki sahil””, “”Ədalət””, “”Vətəndaş həmrəyliyi””, “”Yazar”” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “”Qanun”” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “”Aydın yol”” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun “”Qərib axşamlar”” verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.
Kənan Hacı – “Nizami Gəncəvi” diplomu N: 02 – 03.03.2021. Bakı.
Sonda hər iki ziyalımızı bir daha təbrik edir, həyatda ən gözəl nemət olan can sağlığı və fəaliyyətlərində uğurlar arzu edirik! Uğurlarınız bol olsun!!!