Özbəkistan şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu
24.01.2024-cü il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində AYB-nin “Natəvan” zalında Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat mərasimi baş tutub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğunda Azərbaycan – Özbəkistan arasındakı mövcud və genişlənməkdə olan mədəni əlaqələr üzrə maraqlı diskusiya şəraitində keçən tədbirdə həm özbəkistanlı, həm də azərbaycanlı yazarlar Xasiyyət Rüstəmin yaradıcılığı ilə barabər ümumi faydalı əməkdaşlıq kontekstində də yaddaqalan təkliflərlə çıxış ediblər. Hər iki tərəfdən alimlərin, yazarların, ictimaiyyət nümayəndələrinin, oxucuların iştitak etdiyi tədbirdə yazarlar adından xanım Xasiyyət Rüstəmə “Ziyadar” mükafatı, cənab Səlim Babullaoğluna isə “Kitab dünyası” qəzetinin Diplomu təqdim olunub. Bundan əlavə Azərbaycan – Özbəkistan mədəni əlaqələrin inkişafına göstərdiyi misilsiz xidmətlərinə görə azərbaycanlı tanınmış türkoloq alim Ramiz Əsgərə xüsusi hədiyyə verilib.
İki qardaş ölkənin yazarları bu tədbiri keçirməklə gözəl bir nümunə göstəriblər. Tədbirdən fotolar:
Şabran rayonu “Xaqani” poeziya evində Anım günü ərəfəsində şair- publisist, esseist, Prezident mükafatçısı, lBeynəlxalq Rəsul Rza mükafatı laureatı Şahnaz Şahinlə görüş keçirildi. Tədbirdə şairin Vətən müharibəsinə həsr olunmuş “Zəfər nəğmələri” və “Şuşa haqqı” kitabları da oxuculara təqdim olundu. Tədbirdə şairin qələm dostları və Şabran ziyalılari, eləcə də bir qrup məktəbli iştirak edirdi. Tədbiri “Xaqani” Poeziya evinin müdiri sair Aybəniz Əliyar açdı. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Aybəniz xanım Vətən müharibəsinin tariximizdə ölçüyəgəlməz rol oynadığından, igidlərimizin böyük şücaətindən danışdı. Şahnaz Şahinin yaradıcılığı haqqında ətrafli söz açan Aybəniz Əliyar bu əsərlərin gələcək nəsillərin tərbiyəsində, onların vətənpərvər ruhda böyüməsində mühüm rol oynayacağinı qeyd etdi. Yazıçı, publisist Kənan Hacı tədbirdə çıxış edərək qeyd etdi ki, Qarabağın azad edilməsi ilə xalqın ən böyük arzusu həyata keçib. Bu parlaq qələbəni əks etdirən bir çox əsərlər yazılıb. Şahnaz Şahinin “Zəfər nəğmələri” və “Şuşa haqqı” bu mövzuda yazılmış dəyərli əsərlərdəndir. Sonra tədbirdə çıxış edən tanınmış qələm adamları Gülayə Könül, Günel Natiq, İlhamə Dağlı Şahnaz Şahinin yaradıcılığı haqqında fikirlərini bölüşərək şairin Vətən muharibəsini əks etdirən kitablarının bədii dəyərindən söz açdılar. Daha sonra Şabran MKS- nin direktoru Firəngiz Aslanova, yerli şairlər Gülnar Zakirqızı, Qızqayıt Mahmudova və başqa iştirakçılar çıxış edərək fikirlərini bildirdilər. Daha sonra məktəblilərin Şahnaz Şahinin əsərlərindən soylədiyi nümunələr maraqla dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Sual : “Biz özümüzün kim olduğunu özümüzə belə etiraf etmək istəmirik”,- deyir Kənan Hacı. Eyni zamanda mənimlə səmimi söhbətə razılıq verir. Sizcə səmimi söhbətimiz alınacaqmı? Cavab: Mən bütün həyatım boyu dəfələrlə səmimiyyətimin cəzasını çəkmişəm. Amma düşünürəm ki, səmimiyyət insan üçün rahatlıqdır və əlbəttə, səmimiyyət sadəlik kimi gözəl və ali xüsusiyyətdir. Sual:Kənan Hacı kimdir? Bu “Səmimi söhbətin” ənənəvi sualıdır. Cavab: Mən bu suala yazdığım mətnlərdə cavab verməyə çalışmışam. Nə dərəcədə nail olmuşam, bilmirəm. Əslində, bu, “həyat nədir” sualı qədər mürəkkəb bir sualdır. Ağacdan soruşursan ki, yarpaq nədir, havadan soruşursan ki, külək nədir. Qazandıqlarım (əgər varsa) Allahın lütfüdür. Bundan artıq özüm haqqında nə deyə bilərəm? Başqalarının gözündə mən kiməm? Bu, mənim üçün daha maraqlıdır.
…
Sual: “Hiyləylə, kələklə dolu dünyanın içindən sakit bir çay kimi axıb gedə” bilirsizmi? Cavab: Dünya ilə çoxdan barışmışam. Sual: Ən çox nədən qorxursuz? Cavab: Doğmaları itirməkdən. …
Sual : “Biz özümüzün kim olduğunu özümüzə belə etiraf etmək istəmirik”,- deyir Kənan Hacı. Eyni zamanda mənimlə səmimi söhbətə razılıq verir. Sizcə səmimi söhbətimiz alınacaqmı? Cavab: Mən bütün həyatım boyu dəfələrlə səmimiyyətimin cəzasını çəkmişəm. Amma düşünürəm ki, səmimiyyət insan üçün rahatlıqdır və əlbəttə, səmimiyyət sadəlik kimi gözəl və ali xüsusiyyətdir. Sual:Kənan Hacı kimdir? Bu “Səmimi söhbətin” ənənəvi sualıdır. Cavab: Mən bu suala yazdığım mətnlərdə cavab verməyə çalışmışam. Nə dərəcədə nail olmuşam, bilmirəm. Əslində, bu, “həyat nədir” sualı qədər mürəkkəb bir sualdır. Ağacdan soruşursan ki, yarpaq nədir, havadan soruşursan ki, külək nədir. Qazandıqlarım (əgər varsa) Allahın lütfüdür. Bundan artıq özüm haqqında nə deyə bilərəm? Başqalarının gözündə mən kiməm? Bu, mənim üçün daha maraqlıdır. Sual: Yaradıcılıq həyatınızı üstələmir ki? Yaşamağa vaxtınız qalırmı? Cavab: Yaradıcılıq elə yaşamaq deməkdir. Yaradıcılığa hobbi kimi baxan adamların sənət anlayışı kökündən səhvdir. Sual: “Yaradıcı olmaq üçün Bir az mutsuzluk da önşərtdir”- deyir Serdar Turqut. Siz də belə hesab edirsiz? Bütün yaradıcılar mutsuzlarmı? Cavab:Sizin nəyi nəzərdə tutduğunuzu anlayıram. Bəlkə əksinədir? Bütün yaradıcılar elə yer üzünün ən xoşbəxt insanlarıdır? İnsan xoşbəxt və ya bədbəxt olduğunu müəyyən edə bilməz. Bu, insanın həmin anlayışlara baxışından asılı olan bir məsələdir. Şair demiş, bəlkə də xoşbəxtik, xəbərimiz yox… Sual: Həyatınızda və yaradıcılığınızda bir maraqlı şəxsin iştirakı olub. Bu haqda nə deyə bilərsiz? Cavab:Həyatımda həlledici rol oynayan insanlar olub. Mən həmişə o insanları minnətdarlıq hissiylə xatırlayıram. Mənim ədəbiyyata sevgim anamdan gəlir. O, ədəbiyyat müəlliməsi idi və uşaqlıqdan mənə kitaba, mütaliəyə sevgi hissi aşılamışdı. Mən kitablar aləmində böyümüşəm. Kənd yerində oğlan uşaqlarının tərbiyəsiylə məşğul olmaq çox çətindir. Məhəllə mühiti qeyri-sağlam olanda uşaq təsir altına tez düşür və əksər hallarda valideynin uşağı o mühitdən ayırmağa gücü çatmır. Mən kənddə oğrusundan, əyyaşından, avarasından tutmuş hər cür insanlar gördüm, valideynlərimin tərbiyəsi ətrafımda bir çəpər yaratmışdı və məni zərərli vərdişlərdən, pis əməllərdən qoruyurdu. Anam müəllim karyerasının üstündən xətt çəkib bütün həyatını mənə sərf etdi. Oxuduğum kitablar da məni müəyyən mənada xilas etdi. Heyif ki, valideynlərim sonrakı uğurlarımı görə bilmədilər. Jurnalistikaya gəlməyimdə rəhmətlik ensiklopedist alim Rəhimağa İmaməliyevin böyük rolu olub. Mətbuatda ilk yazılarım onun xeyir-duasıyla çap olunub. Sual: Çox məlumatlısınız. Dünya ədəbiyyatı, dünya incəsənəti ilə tanışsınız və sanki sizi bu qədər məlumat da qane etmir. Nə axtarırsınız? Cavab: Axtarış ehtirası insanı həyata bağlayan ən vacib məqamdır. Mən sadəcə, öz işimlə məşğulam. Bu işin adı axtarış da ola bilər. Bu axtarış insanın ömrünə məna qatır. Yoxsa yaşamaq çox çətin olar. Sual: Maler o qədər də çox dinlənilən bəstəkar deyil. Yəni Şopen, Bethoven, Vaqner deyil. “Onu dinlədikdə sanki tanrı yorğun düşmüş ürəyinə əbədiyyət laylası çalır,”- deyirsiniz. Sizin musiqi duyumunuz bu qədərmi fərqlidir? Musiqi sizin üçün nədir? Cavab:Bizim ailəmiz musiqiyə çox bağlı olub. Dayım oğlanları da musiqiçidir, anam da muğamı mükəmməl bilirdi. Yeri gəlmişkən, deyim ki, mənim musiqi təhsilim də var. 19 saylı Musiqi Məktəbinin qarmon sinfini əla qiymətlərlə bitirmişəm. Hər gün evimizdə muğamat səslənib və bütün bunlar mənim ruhuma hopub. İndi də saatlarla muğam dinləyirəm. Amma Şopen və Maler düşüncənin fərqli qatıdır. Mən zehni yorğunluq zamanı o musiqini dinləyirəm və sanki yer üzündən tədricən qopub mistik bir məkana düşürəm. Ordakı dinclikdə Allaha nəfəs qədər yaxın olursan. Hər halda belə bir hislər keçirirəm. Sual: Tarkovski adi deyil, fərqlidir və düşündürəndir. Sizin “Tarkovskinin bütün filmlərinin mənbəyi yaddaşdır” sözlərinizlə tam razıyam. Yaddaşınızdakıları silmək istəyərdiz yoxsa qoruyub saxlamaq? Cavab: Yaşadığımız ömür sonda yaddaşdan ibarət olur. O yoxdursa, sən də yoxsan. Bəzən ondan xilas olmağa çalışırsan, bəzən naməlum gələcəyin qorxularından qaçıb ona sığınırsan. Bu haqda geniş bir essem də var. Yaddaş əslində sürüşkən, ələgəlməz bir məfhumdur. Biz yaddaşımızı itirəndə ölürük. İnsan yaşadığı ömürdən heç nəyi silə bilməz, o, buna qadir deyil. Bütün yaşananlar bizim taleyimizdir. Bir sözlə, yaddaş relikviyası son nəfəsimizəcən bizimlədir. Sual: Van Qoqu mən də çox bəyənirəm. Rəsmləri ilə yanaşı həyatı da maraqlı və adi deyil. Niyə məhz o? Nədir sizi Van Qoqa bağlayan? Onun işlətdiyi rəngləri sevirsinizmi? Cavab: Məni Van Qoqa bağlayan onun yaşadığı həyatın faciəviliyidir. Və bir də rəsmlərindəki bolluca işıq. Həyatındakı tünd boyalara rəğmən rəsmlərindən həyat eşqi fışqırır. Bax, bu təzad məni Van Qoqla doğmalaşdırır. Sual:İnsanı həyatdan kitaba gətirmək asandır,- deyirsiniz Qəhrəmanlarınız həyatdan gəlib kitablarınıza? Cavab: Bütün kitablar həyatın köçürülmüş üzüdür. Həyat olmasaydı, kitablar necə yazılardı? Bu gün həddən artıq çoxlu kitablar yazılır. Qədim Misir apokriflərində belə bir fikir var, insanlar həqiqətdən uzaqlaşdıqca kitabların (kitab yazanların) sayı artacaq. Bu fikir son zamanlar məni həddən artıq məşğul edir. Söz Allahın əmanətidir, onu yalanla kirləndirmək olmaz. Baxın, kitablar çoxalır, oxucular azalır. Bu paradoksu nəylə izah etmək olar?! Sual: Yazıçı özünü bədii əsərlərindən daha çox xatirələrində gizlədir. Bu da sizin sözlərdir. Sizcə niyə? Cavab: Ola bilsin nə vaxtsa belə yazmışam. Amma yazıçının gizlənməyinə ehtiyac yoxdur. Çünki hər söz, hər cümlə onun beynində yaranıb, sonra kağıza köçürülür. Yazan adam hansısa obrazı yaradanda da əslində özünü ifadə edir. Başqa cür mümkün deyil. Mən əksinə, bəzi hallarda hekayələrimdə acı həqiqətləri çılpaq formada yazmışam. Buna görə bəzən qınaq obyektinə də çevrilmişəm. Mətndə mənim üçün heç bir qadağa yoxdur. Çox insanlar var, özlərinə uydurma tərcümeyi-hal düzəldirlər. Bəli, məhz düzəldirlər. Mənim həyatımda həddən artıq ağır məqamlar olub, mən bunları da çılpaq formada yazmışam və qətiyyən utanmamışam. “Sonuncu dərviş” romanında mən həyatımın bütün gizlinlərini açmışam. Bu, mənim taleyimdir və Allahın yazısına müdaxilə etmək olmaz. Sual: Sizin “Ədəbiyyat” qəzetində çap edilmiş bir yazınız məni yaxşı mənada heyrətləndirdi. Rus ədəbiyyatının müxtəlif dövrlərini ustalıqla qələmə almısınız. Hardandır bu sevgi? Yoxsa sadəcə, müşahidədir? Cavab: Məndə rus ədəbiyyatına marağı gümüş dövr şairləri yaratdı. Mandelştam, Anna Axmatova, Marina Svetayeva, Pasternak və sair. Onlar həm də faciəvi taleləri ilə böyükdürlər. Poeziya ilə həyatın sərhədində yaşamış bu fikir zadəganları mütəmadi olaraq mənim ədəbi düşüncələrimi qidalandırıb. Əslində orta məktəbdə Lermontovu, Puşkini o qədər də sevməmişəm. Açıq deyirəm. Amma Yeseninin şeirləri məni həmişə cəlb edib. Xüsusən, “Qara adam”ı. Zaman-zaman bu poemanı dəfələrlə oxumuşam və uzun müddət məni öz cazibəsində saxlayıb. Mayakovskinin “Şalvarlı bulud”u da həmçinin. Ara-sıra tərcümələr də edirəm. Rus yazıçısı Andrey Platonovun hekayələrindən ibarət bir kitab hazırlamışam, yaxın günlərdə “Qanun” nəşriyyatında çıxacaq. O yazı isə spontan şəkildə alındı. Brodskinin şeirlər kitabını oxuyurdum, qəfildən belə bir yazı yazmaq istəyi yarandı və oturub yazdım. Sual: Günəşə qar topası atmısınız.Sonra da Bəlkə məni bu qışdan Sən özün çıxarasan Üstünə günəş düşən Qar kimi yumşalasan…- demisiniz. Məncə, burda bir təzad var. Deyilmi? Cavab: Ola bilər. Həyat necədirsə, hiss, duyğu da elədir. Təzad bizim mahiyyətimizdə var. Sual: Arzularının qurbanı olan qadınlar var… Xəyallarının qurbanı olan qadınlar var… Ağ atlı oğlanın qurbanı olan qadınlar var.. Və… unudulan qadınlar var. Bu sizin sözlərdir. Bütün bunlara səbəb kişilər deyilmi? Cavab: Tez-tez qurbanların yeri dəyişir. Qadınla kişi bir-birini tamamlamayanda hər iki tərəf qurbana çevrilir. Səbəbi təkcə kişilərdə axtarmaq məsələyə birtərəfli yanaşmaqdır. Ən asan iş kimisə günahlandırmaqdır. Məsuliyyət və sevgi olmayanda qadın da, kişi də qurbana çevrilirlər. Sual: “Tale elə qadın sözünün sinonimidir”- deyirsiniz. Maraqlı fikirdir. Bir az açıqlasaq? Cavab: Bu fikir də hansısa kontekstdə yazılıb. Əslində həyat da qadın sözünün sinonimi kimi işlənə bilər. Həyat və tale bir medalın iki üzüdür. Hər ikisində qadının imzası var. Belə… Sual: Azadlığını itirmək istəməyən bütün qadınları sonunda dəhşətli peşmançılıq gözləyir. Cəmiyyət də qadın kimidirmi? Cavab: Cəmiyyət tamamilə başqa kateqoriyadır. Bir toplum azad deyilsə, məhvə məhkumdur. Qadın azadlığı isə başqa meyarlarla ölçülür. Bəzən bu ifadə təhrif olunur və əxlaqsızlıq kimi başa düşülür. Bu mövzu üzrə mütəxəssis olmadığım üçün geniş fikir bildirmək həddində deyiləm. Sual: “Hiyləylə, kələklə dolu dünyanın içindən sakit bir çay kimi axıb gedə” bilirsizmi? Cavab: Dünya ilə çoxdan barışmışam. Sual: Ən çox nədən qorxursuz? Cavab: Doğmaları itirməkdən. Sual: Əgər siz mənə sual verəsi olsaydınız, məndən nə soruşardınız? Tam səmimi. Cavab: Rus poeziyası haqqında yazdığım yazıya reaksiyanız məni sevindirdi. Qoy elə sual da bu mövzuda olsun. Rus poeziyasında ən çox sevdiyiniz şair kimdir? Sual: Rusiya poeziyası fərqlidir. Bunu dünya poeziyası, xüsusilə şərq poeziyası ilə tanış olanlar yaxşı bilir. Bəlkə bir qədər qəribə səslənəcək, amma mən o qədər də çox şeir yazamayan bir şairin adını çəkəcəm. Çox sevirəm onun şeirlərini. Hətta cürət edib Azərbaycan dilinə də tərcümə etmişəm bir neçəsini. Bu Leonid Filatovdur. Kənan bəy, dəvətimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm və yeni yaradıcılıq uğurları arzsu edirəm. Cavab: Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Əziz dostlar, hörmətli oxucular, bizimlə bir yerdə olduğunuza görə hər birinizə təşəkkür edirəm. Güman edirəm ki, söhbətimiz səmimi alındı.
Bu günlərdə Azərbaycan poeziyasının bənzərsiz nümayəndələrindən olan görkəmli şair, rəssam Adil Mirseyidin “Son şeir, son vəsiyyət” kitabı nəşr olundu. İçimdən Adil Mirseyidlə həmsöhbət olmaq istəyi keçdi. Beləcə, “Sənət hücrəsi”ndə qara sevdalar şairi ilə bir xeyli dərdləşdik. Ruhlarla həmsöhbət olmaq çətindi, onlar hər çağıranda insanla görüşə gəlmir. Adil Mirseyid isə qədimdən qədim uşaq təbəssümü ilə bu görüşə razılıq verdi. Və dedi: “Dünyanın harasındasa çiçəklənmiş alça ağacına baxıb dost kimi gülümsəyən bir dərviş görsən, ayaq saxla, yan keçmə, o dərvişə salam ver. Və mütləq gülümsə…”.
Bu görüşün məmnunluğu içində gülümsəyirəm…
– Salam, Adil müəllim.
– Əleykümsalam. Gəl gedək “Paradizi” kafesinə, bir az ömür karuselində fırlanaq. Orda “Ay sonatası”nı da dinləyərsən, ruhun dincələr.
Bir kafeyə girdik biz axşam işıqlarıyla
yağmur bayırda qaldı
pəncərə önündə boş masa bulduq
qara qəhvə çox dadlıydı o gecə.
– Adil müəllim, siz həm şair, həm də rəssamsınız. Bənzərsiz üslubunuz sizi həm rəssamlıqda, həm də poeziyada avanqardizmin nümayəndəsi kimi tanıdıb. Nə vaxtsa proza ilə məşğul olmaq, nəsr əsərləri yazmaq istəmisinizmi?
– Sənətkar ömrünün poeziyası ilə yanaşı, prozası da var. Sənətkar ömrünün prozasını özüylə qəbir evinə aparır.
– Deyirlər, şairin taleyi olmalıdır. Sizin üçün şair taleyi hansı anlam kəsb edir?
– Bir qaraçı nəğməsidir bu dünya
dünya ürəyinə yatırmı, Qoyya
gecələr dəli ilham
çarmıxa çəkəndə səni içindən
qupquru gözlərindən
dupduru gözlərindən
göz yaşların görünmədən
içinə axırdımı, Qoyya
barmaqların necə
ürək sözə baxmayanda
barmaqların sözə baxırdımı, Qoyya
bir qaraçı nəğməsidir dedim bu dünya
dünyada bu dünyada
şair ürəyilə yaşamaq ağırdımı
Qoyya, Qoyya
Qoyya, dəli Qoyya
niyə belə gözəldi dünya…
Bu şeiri 1981-ci ildə yazdım. Bu şeiri yazana qədər demək olar ki, yalnız rəsmlərindən (reproduksiyalarından) tanıyırdım Qoyyanı. Şeir 1981-ci ildə “Ulduz” jurnalının 10-cu sayında çap olundu və mən Leon Feyxtvangerin “Qoyya” romanını 1985-ci ildə oxudum. Oxudum, heyrətləndim və təəccübləndim – rəsmlərdən oxuduğum tale rəssamın gerçək taleyilə üst-üstə düşürdü. Həmin axşam, həmin anda bilmirəm nədənsə, birdən-birə qorxutdu məni şair taleyi… Mən taleyə asi bir türk oğlu türkəm. Şair doğulan insan oğlunun könlündən zaman-zaman göy üzünə dönmək arzusu keçir. Şairlərin göy üzünə dönmək amacı nədir, görəsən? Hərdən “Tanrım, məni göy üzünə döndər” deyə dualarımın arasında pıçıldayıram və öz səsimdən diksinirəm. Şair ömrü bir kəpənək ömrüdür. Poeziya adi dilin fövqündə olanı, təbir-caizsə, dillə deyilə bilməyəni bəlağətli şəkildə ifadə edə bilmək möcüzəsidir. Şeirin möcüzəsi şair ürəyidir. Bir şairi öz şeirlərindən ən gözəl nə anlada bilər? Şeir şairin ürək döyüntülərini əks etdirən kardeoqramdır. Mən şeiri hər zaman, həm də bir rəsm olaraq görürəm. Bülbül yuvasıdır şair ürəyi. Şair ürəyinə toxunmaq bülbül yuvasını dağıtmaq kimi bir şeydir. Özünüzü bu günahdan qoruyun. Mən uzun illərdir insanlar arasında ruh kimi yaşayıram.
– Bəs rəssamlıq sevdası?
– Norveçli simvolist rəssam Edvard Munk deyirdi ki, mənim sənətimin kökləri dünya ilə mənim aramda olan anlaşılmazlığı daha aydın izah etməyə gedib çıxır. Rəssamlıq mənim üçün xəstəlikdi, məhbəsdi. Bu xəstəlikdən şəfa tapmaq istəmirəm, bu məhbəs mənim üçün vacibdir. Mən də o məhbəsdə illər uzunu səadət aradım, amma onu da bilirəm ki, səadət nəsib olmur şair doğulanlara. Şair demişkən, “pakoy nam tolko snitsya”. Şair özünü unudanda böyük poeziya yaranır, rəssam aqillə aqil, məcnunla məcnun olanda, predmetlərin içinə girəndə rəssam olur. Əgər bizi əhatə edən aləm sənətkar ürəyində əks-səda doğurursa, artıq o, əlinə fırça alıb öz dünyasını yaradır. Fırça, kağız, kətan, tuş, boya isə təsviri sənətin texniki tərəfinə aiddir, gerçək sənətin toxumları isə insanın qəlbində, ürəyində cücərir. Rəssam hələ əlinə fırça almamışdan qabaq rəsm əsəri özü-özlüyündə rəssamın ürəyində yaranır, yalnız bundan sonra sənətkar gəldiyi abstrakt psixoloji durumda yaradıcılığa qurşanır. Görünən və görünməyən dünya bizim ürəyimizdə buluşur.
– Deyirlər, Adil Mirseyid Parisdən, dünyanın böyük şəhərlərindən elə yazır ki, sanki o yerləri gözüylə görüb. Bunun sirrini aça bilərsiniz?
– Hələ lap uşaqlıq illərindən böyük şəhərləri böyük oğullarıyla – sərkərdələriylə, cəngavərləriylə, ən çox da rəssamları və şairləri ilə tanımışam və sevmişəm. Sevdiyim şairlər, heyran olduğum rəssamlar sevdirib mənə Venetsiyanı, Parisi, Xirosimanı, Münheni, Arl üzümlüklərini, İstanbul minarələrini. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perronun nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm. Rəssamlıq məktəbində təhsil alanda özümü əməlli-başlı imperialist hesab edirdim və haçansa mütləq Parisi görəcəyimə, bu şəhərdə yaşayacağıma dəlicəsinə inanırdım. Amma xəyalıyla yaşadığım o böyük şəhərləri görmək mənə nəsib olmadı.
– Dostoyevski deyirdi ki, “gözəllik dünyanı xilas edəcək”. Siz necə düşünürsünüz?
– Dostoyevski ilə mübahisəyə qalxmaq mənim həddim deyil, amma mən heç bir zaman onun kimi ümidvar olmadım. Düzdür, lap gənc çağlarımda mən də fanatik idim, şeirlərimin bu dünyanı dəyişəcəyinə bel bağlayırdım. Bəzən düşünürəm ki, gözəllik yasaq meyvə kimi bir şeydir, onun içində günah gizlənib. Bəlkə də gözəllik, kamillik hardasa bir qədər təhlükəli nəsnədir.
– Ölümdən sonrakı həyata inanırsınız?
– Əsl sənətkar ölümündən sonra ikinci dəfə doğulur. Doğulur və bu dəfə ölüm ondan yan keçir. Mən ölümündən sonra doğulan sənətçiləri sevirəm. Sevirəm demək azdır, diz çöküb onların ruhuna dua edirəm. Dualarımın Tanrı dərgahına çatacağına şübhəm belə yoxdur. Əgər səsimin eşidilməyəcəyinə şübhə etsəydim, əlimə qələm almazdım, ulduzlu göylərin altından bir könül xoşluğu ilə keçməzdim. Bəzən Tanrı üçüncü göz verir insan oğluna. Üçüncü göz ancaq peyğəmbərlərə və şairlərə nəsib olur. Mən alın yazımı yazan adamam. Təəssüf ki, bəzən sənətkarın yaradıcılıq ömürlüyü, bioqrafiyası, alın yazısı yarıda qırılır. Eynən yarımçıq nəğmə kimi, tamamlanmamış tablo sayağı. Mən o adamlardanam ki, Şairin qeyri-adi məxluq olduğuna şübhə etmirəm. Şairin istisnalıq hüququnu müdafiə edirəm. Şair ömrü yaşamaq qaranlıqda qıl körpüsündən keçmək kimi bir şeydi. Bilirsən, əzizim, sənət adamlarının bioqrafiyası sənədlərdə qeyd olunmuş kənddən, şəhərdən, doğulduğu tarixdən deyil, onun yaradıcılıq ömürlüyündən, əsərlərindən – şeirlərindən, rəsmlərindən, musiqisindən başlanır. Və bu, ilahi bir başlanğıcdır. Bütün ilahi başlanğıcların siqlətində bir kədərli dram, bəlkə də faciə aurası mövcuddur. Sənət gün işığı kimi ölməzdir. O, torpağa gömülmür, o, ölümsüzdü. Və əsl sənət həmişə xeyirə tapınır.
– Özünüzlə təkbətək qalanda hansı sualları verirsiniz özünüzə?
– Hərdən öz könlümdən soruşuram ki, mənə məlum olan daha nələr var dünyada? Və bu dünyada bir şair taleyi yaşamaq mənim alnıma yazıldı. Haradasa, kimsə alın yazısına düzəliş etmək arzusunda bulunur. Mənim içimdə belə bir istək olmayıb və olmayacaq. Mən mütləq azadlığın tərəfdarıyam və mən öz ideoloji və estetik dünyagörüşümü müdafiə edirəm. Fransız Klod Simona görə, azadlıq absolyut yaradıcılıq azadlığından önəmli deyil. Bəli, mən də bu həqiqətlə şərikəm. Hərdən də düşünürəm ki, biz hamımız, sən də, mən də, küçədən keçən o yad adamlar da həyat adlı filmin personajlarıyıq.
– Adil müəllim, biz xeyli müddət sizinlə Buzovnadan şəhərə elektrik qatarında eyni yolu gəlmişik. Mən sizə yaxınlaşmağa cürət etməmişəm. Sizin sükutunuza toxunmağa ürək eləməmişəm. Nə görünürdü o qatarın pəncərələrindən? Hansı mənzərələri yaddaşınıza köçürürdünüz?
– Hə, kaş ki, yaxınlaşaydın. (Gülümsəyir). Biz ruh adamlarıyıq, yəqin ki, bir-birimizi anlayacaqdıq. Bilirsən də, bir zamanlar mən şəhərətrafı qəsəbədə yaşayırdım. Çox vaxt şəhərə elektrik qatarı ilə gəlib-gedirdim. Sən də məni kənardan izləyirmişsən. Hələ də bilmirəm ki, nədənsə, həmişə üçüncü vaqona minərdim. Yəqin, sən də həmin vaqonda gedib-gəlmisən. Qatar pəncərəsindən görünən mənzərələr sürətlə bir-birini əvəzləyərdi. Hər gün gördüyüm adi mənzərələr hər dəfə təzə biçimə, hər dəfə fərqli bir koloritə düşərdi. Lap Tarkovski filmlərinin mənzərələri kimi. Yəqin ki, “Səhər qatarı” şeirimi oxumusan.
Səhər qatarı keçir Zuğulba stasionundan
dörd yaşıl vaqon uzaqlaşır səssizcə
üçüncü vaqonda yol gedəydik bu səhər
on yeddi yaşımla mən
bir-birimizə göz vurardıq hərdən
qızıl eynək taxaydım
qatar pəncərəsindən ağaclara,
buludlara baxaydım.
Səhər saat beş, qırx beş, saat altı, altı on
ötüb-keçdi dörd vaqon
qaranquşlar oyandı, qaranquşlar oyandı
dəniz göy üzüylə birləşən yerdə
üfüq pərdə-pərdə qana boyandı
may səhəri, may səhəri
nədən mənim boğazımda yaşıl alça qəhəri.
– Tarkovskinin filmlərini çox sevirsiniz?
– Tarkovski filmlərinin qəribə mənzərələri sirli, müəmmalı insan qəlbinin maddiləşmiş görüntüsü təsiri bağışlayır. Salvador Dalinin, Corce de Krikonun, Rene Maqrittin sürreal tabloları, Nazim Hikmətin, Brayten Braytenbaxın, İnqeborq Baxmanın, Fəyyal Xamisin, Aydın Əfəndinin şeirləri də mənim qəlbimdə belə bir ovqat yaradır. Adlarını sadaladığım insanlar mənim dostlarımdır. Tarkovskiyə gəldikdə isə, mistik dünyaya bələd olmayan, naturanın yalnız zahiri görünüşünə uyan, onun mahiyyətinə varmayan və ya vara bilməyən adam onun filmlərinin kodunu aça bilməz.
– Tarkovskinin filmləri dediyiniz kimi, çətin anlaşılırdı. Siz də avanqard sənət cərəyanını təmsil edirsiniz və sizin şeirlər kütləvi oxucu üçün deyil, müəyyən qədər hazırlıqlı, modern şeiri anlayan oxucular üçündür. Bu, sizi narahat etmir ki?
– Qətiyyən. Bəzən insanların nadanlığı ilə üzləşəndə susmuşam. Susmuşam və məni naşı biliblər, amma mən naşı deyiləm. Mən azad adamam, azad adamın çəkdiyi, çəkə biləcəyi çilələri mən də yaşadım. Mən Stalkerəm.
– Adil müəllim, uşaqlığınızı necə xatırlayırsınız?
– Mənim uşaqlıq adlı aləmimdən yaz fəslində meşə rütubəti qoxusu gəlir. Mənim uşaqlıq adlı aləmimin pəncərəsində yağış yağır. İndi çox uzaqlarda yeddi dəniz, yeddi dağ arxasında qalmış uşaqlıq illərimi xatırlayanda orda dənizlərin dağların arxasında gecələr bədirlənmiş Ayın ovsunlayıb arxasınca daha gözəl bir dünyaya apardığı qanadlı bir çocuq görürəm. O qanadlı çocuğun arxasınca yüyürürəm. Ay gedir, çocuq gedir, mən də onların peşindəyəm. Amma heyhat, birdən-birə o çocuğun ayaqları yerdən üzülür, sonra o, Ay işığına qarışıb gözdən itir. Bu mənzərə nə röyadır, nə də xəyal. Bu mənzərə reallıqla irreallığın qovuşağıdır. Şair doğulan bəndə reallıqla irreallığın qovuşağında yaşayır. Uşaqlıqda pəncərə şüşəsinə çəkdiyim rəsmləri xatırlayıram, gecələr o fantastik rəsmlərə Ay işığı düşərdi. Ay mənim əlimdən tutub pəncərə şüşəsinə rəsmlər çəkərdi. Mən güzgülərlə oynayan uşaq kimiyəm, bir güzgünün içindən çıxıb başqa bir güzgünün içinə girmək mənim ən sevimli məşğuliyyətimdir. Mən güzgüdəki adamam. Ay bədirlənəndə mənim ruhum bədənimdə oynayır, metafizik bir zamansızlıq aləminə düşürəm, yalquzağa dönürəm. Mənə elə gəlir ki, min illərdi bu Yer üzündə ömür sürüb yaşayıram.
– Dahilik Allah vergisidir, yoxsa divanəlik?
– Yapon fəlsəfəsinə görə, şair təbiətlə insanlar arasında mediumdur. Mən şairin medium olduğuna, ruhlarla insanlar arasında vasitəçilik etdiyinə inanıram. Yaradıcılıq psixologiyası nə qədər araşdırılsa da, yenə bir müəmma olaraq qalır. Yaradıcılıq insan qəlbinin xüsusi vəziyyətidir. Müdriklər bu psixoloji vəziyyətin dəliliyə, divanəliyə çox yaxın bağlılığını zaman-zaman, dönə-dönə vurğulayıblar. Mübahisələr hələ də davam edir və sonu görünmür. Araşdırsaq, dahi şəxsiyyətlərin bir qədər anormallığı haqqında ilk dəfə Çezare Lombrozonun “Dahilik və divanəlik” kitabında rast gələrik. Sənin sualın mənə bu kitabı xatırlatdı. Lombrozodan günümüzə qədər bu mövzunun çeşidli versiyaları mövcuddur. Dahilik fenomenini mediumizmlə bağlayanlar nə dərəcədə haqlıdır? Biz bu sualın cavabını bilmirik, bəlkə də bizim intellektimiz hələ çox bəsitdir. Bəlkə bu, hələlik belədir, bəlkə zamanla insan təhtəlşüurunun gizli qatlarına varacaq, hələ bir elm sahəsi kimi etiraf olunmamış mediumizm psixologiyasını çözəcək. Mediumizm, ingilis dilində “çenpelninq”, bədii yaradıcılıq prosesi zamanı insanın öz tənini ötürücü qisimdə başqa aləmlərdən gələn informasiya axınının öhdəsinə buraxması kimi yozula bilər. Bu informasiyalar şeir, nəsr, musiqi, rəsm şəklində transformasiya olunur. Bəzən insan şüurlu şəkildə bu informasiyaları qəbul edir və ötürür. Amma bəzi məqamlarda bu proses insan iradəsinin dışında baş verir. Çox qəliz mətləblərə gedib çıxdıq, deyəsən.
– Öz təcrübənizdə bu hal necə baş verir?
– Mənim poetik təcrübəmə güvənsək, ilk misra qeybdən gəlir, ikinci misranı içimdəki mən yazır. Şairlər var ki, ilham pərisi onların qulağına nəğmələr pıçıldayır, rəssamlar var ki, kimsə onun əlindən alət kimi istifadə edir. Mənim də həyatımda belə məqamlar olub, bəzən rəsm çəkdiyim zaman, sanki kimsə əlimdən tutub, fırça özü rəsm çəkir, kətan və ya kağız üzərində obraz doğulur. Bu məqamda bəlkə susmaq məsləhətdir, mən susuram. Susuram və zikr eləyirəm – “qərib səs qeybdən gəlsə yaxşıdır…”.
– Hansı rəssamların əsərlərini bəyənirsiniz?
– Çağdaş Azərbaycan rəssamları Mircavadın, Kamal Əhmədin, Əbülfəz Fərəcoğlunun, Fikrət İbrahimlinin, Nəvai Mətinin və indi adlarını çəkmədiyim sənətkarların tablolarında gördüyümüz mənzərələr bizi daha gözəl bir dünyaya səsləyir və biz o səsin peşinə düşüb yuxuda gəzən adamlar kimi söz-söz açılan göy üzünə doğru gedirik. Bədirlənmiş Ay yalnız metafora deyil, bədirlənmiş Ay metafizik dünyanın simvoludur. Şairləri də xatırlayaq da. Ay kimi işıq saçan, gün kimi batan şairləri də xatırlayıram. Xəyalımda bir səhnə canlanır – Ay işığı içindən qərib atlılar keçir, – atlılar, ay atlılar, atları qanadlılar…
Mənim suallarım bitir. Şair asta səslə qarsonu səsləyir. Qəhvəmiz təzələnir.
Uzun yolun sonunda
rəssamın son təbəssümü
diksindirdi ölümü.
Hələlik, şair! Görüşənədək! Bizdən ordakılara salam de. Sən Haqq dərgahındasan, biz isə hələ Fəna fasiləsindəyik!
Salam olsun, dəyərli qələmdaşlar və çox dəyərli oxucular! Həmd olsun Uca Yaradana! Bugünkü söhbətimiz “Nə məsləhət verirsiniz?” sualına cavab olaraq qələmə alınmışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu suala əsasən gənc yazarlar və ya canında yazmaq həvəsi olub, bir türlü başlaya bilməyənlər, bir də hər şeyə maraqlı oxucular müxtəlif görüşlərdə, oxucu məktublarında cavab axtarırlar. Yazı, kitab aləmi haqqında bu cür şikayətlərlə dolu bir fonda ilk addımlarını atmağa tərəddüd edən gənc yazarlar kimi, eyni zamanda diqqətli oxucular da eyni suala cavab axtarışındadır. Qələm adamları “nədən yazım”, “necə yazım”, “necə başlayım”, “kimdən örnək alım” kimi suallara cavab axtararkən, oxucular da həmən-həmən ekvivalent “nə oxuyum”, “kimi oxuyum” kimi sualların cavabını arayırlar. İstənilən cavabı diqqətlə dinləyir və ya oxuyurlar. İnanıram ki, hamımız nə vaxtsa bu suallarla üzləşmişik. Şəxsən mənə gəlincə bu sual ətrafında şifahi olaraq dəfələrlə danışıb fikir bildirmişəm (bu mövzuda internetdə bir neçə variantda video material da var). Hətta o qədər təkrar-təkrar danışmışam ki, artıq danışdıqlarımı özüm də əzbərləmişəm. Sual aktual olduğuna görə və həm də bu günün, bu yaşımın fikirlərini qeyd etmək məqsədi ilə məlum sual ətrafında olan, dəfələrlə təkrarladığım fikirlərimi yazı şəklinə salmaq istədim. Keçək mətləbə.
Tarixə söykənməyən gələcək yoxdur və ya qol-budaqlı ağaca sağlam kök lazımdır düşüncəsi ilə adətən bu mövzuda olan söhbətlərimə ötən əsrdə qələmə alınmış Makulunun “Səttarxan” və müəllifinin kimliyinə belə ehtiyacı olmayan “Əli və Nino” kitablarını misal çəkməklə başlayıram. Müasir dövrümüzdən Aqil Abbasın “Dolu” sunu nümunə kimi təqdim edir və hələ elə də böyük auditoriyanın tanımadığı rəhmətlik Qələndər Xaçınçaylının “Güllə işığında” povesti, Əli bəy Azərinin “Hərbi Zəngilan”ı haqqında məlumat verirəm. Aydın məsələdir ki, danışanda müxtəlif sualları yazar üçün ayrı, oxucu üçün daha uyğun formada cavablandırmaq imkanı geniş olur. Çalışacağam ki, “Nə məsləhət verirsiniz?” sualına ümumi fikirlərimdə dəyişikliyə yol vermədən hər iki tərəf üçün yığcam və əhatəli şəkildə 22 mart 2022-ci il üçün olan qeydlərimi sizlərlə bölüşüm. Birinci onu bildirmək istəyirəm ki, fikirlər subyektivdir, əksini düşünənlərin fikrinə hörmətlə yanaşıram. İkinci yazıya “ondan xəbəri yoxdur”, “bundan xəbəri yoxdur” düşüncəsi ilə yanaşanlara xatırlatmaq istəyirəm ki, istər elektron, istərsə də ənənəvi qaydada ortalığa çıxmış nümunələrlə tanışam. Üçüncü hər hansı bir suala cavab verəndə istənilən şəxs elə örnəklərdən istifadə etməlidir ki, ən azından bu nümunə müsahibinə tanış olsun. Məsələn, Azərbaycan reallığında ağaclardan söhbət gedirsə, “palıd”, “qoz”, “nar” ağacları daha çox hamı tərəfindən tanınır, nəinki, “evkalipt” və ya “baobab”. Belə bir əhatəli girişdən sonra yazının əhatə edəcəyi dövrlər və meyar kimi götürülmüş kriteriyalar barədə də qısaca məlumat vermək istəyirəm. Çünki bu vacib məsələlərin mətləbə birbaşa dəxli var. Mənim sizlərə təqdim edəcəyim örnəkləri seçməmdə əsas meyarlarım faydalılıq, tanıtmaq və tanınmaq, özünə yer tutmaq bacarığı, müstəqil olmaq qabiliyyəti, ən əsası heç kimə, heç nəyə fikir vermədən yaxşıları öyrənib tətbiq etməklə öz işi ilə məşğul olmaq, daim axtarışda olmaq, təkmilləşmək, görünə bilmək, seçilməyi bacarmaq. Bu sadaladığım qabiliyyətlərlə seçilmək, fərqlənmək 1920-ci ilə qədər birinci, 1920-1990 ikinci və 1990-dan sonra üçüncü (bu dövrü də 1990-2000, 2000-2010, 2010-2020, 2020-dən sonra) dövr olmaqla olduqca müxtəlif tələblər və şəraitdə baş verdiyini unutmamalıyıq. Bütün bu bölgülərin fövqündə dayanaraq müxtəlif dövrlərin keşməkeşlərinə sinə gərərib indi də mətin addımlarla sıralarımızda addımlayn bir qrup müasirlərimiz olan qələm adamları var ki, onlar çağdaş ədəbiyyatımızın məhəng daşlarıdır.
DÖVRLƏR VƏ TƏLƏBLƏR HAQQINDA
1920-ci illərə qədər bizim qənaətimiz üçün əsas olan meyarlar keyfiyyət baxımından təxminən indiki (1990-cı illərdən sonra) kimi idi. Yəni yalnız öz şəxsi keyfiyyət və bacarıqlarınız (həm yaradıcılıq, həm də maddi baxımdan) əsasında uğur qazana bilərdiniz.
1920-1990-cı illərdə vəziyyət bir az fərqli idi. Beləki, yaradıcılıqda müəyyən korrektələr olmaqla demək olar ki, maddi problem yox idi. Yəni yaradıcılıq qənaətbəxş olduqdan sonra, maddi həllə yol tapmaq (təbii ki, bu məqamda da şəxsi keyfiyyətlər, bacarıqlar əsas amil olub) mümkün idi.
1990-lardan sonra baş verənlər çoxumuzun göz qabağındadır. Məncə ən qarışıq dövr 1990-2000-ci illər hesab olunmalıdır. Bu həm fürsətlər, həm də çətinliklər baxımından eyni dərəcədə əhəmiyyətlidir. Ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq üçün şəxsi keyfiyyətlər önəmlidir. Bu mövzuda söhbətə məsələyə dolayısı ilə aidiyyəti olan “utananın oğlu olmur” atalar sözü ilə nöqtə qoymaq istəyirəm.
2000-2020 zəngin təcrübə və püxtələşmə dövrü kimi səciyələnməlidir.
Ən maraqlı və real vəziyyəti əks etdirən dövr indi başlayıb (2020-ci ildən). Necə deyərlər, “bu meydan, bu şeytan”.
Birinci dövrə baxdıqda kimləri xatırlayırıq, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Nəriman Nərimanovu, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəyovu, Həsən bəy Zərdabini və b. Şərhə ehtiyac duymuram.
İkinci dövrün süzgəcindən keçib (birinci dövrlə əlaqəli şəxslər də daxil olmaqla) gələnlər; Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mir Cəlal, Mirzə İbrahimov, Süleyman Rəhimov, İsmayıl Şıxlı, Bayram Bayramov, İlyas Əfəndiyev, Cabir Novruz, Fərman Kərimzadə, Fikrət Qoca, o taylı-bu taylı Şəhriyar və b. Bu dövrün ortalarından və sonlarından ədəbi fəaliyyətə başlamış və çoxu bu gün də yaradıcılığını uğurla davam etdirən dövrlərin fövqündə dayanmış, çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız Bəxtiyar Vahabzadə (2009-cu ildə vəfat edib), İsa Muğanna (2014-cü ildə vəfat edib), Anar, Elçin, Çingiz Abdullayev yaradıcılığı Azərbaycan ədəbi irsində xüsusi yer tutur.
Çingiz Abdullayevi Azərbaycan ədəbi mühitində bu dövrlərin kəsişməsində möhkəm dayanaraq ədəbiyyatı cəmiyyətə, kitabı oxucuya qırılmaz tellərlə bağlayan mühüm fiqur kimi dəyərləndirmək lazımdır. Bu yöndə onun xidmətləri danılmaz və əvəzolunmazdır.
Bəxtiyar Vahabzadə, İsa Muğanna, Anar, Elçin və Çingiz Abdullayev kimi çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız örnək şəxsiyyətlərin üzərindən onların da içində olduğu üçüncü dövrə nəzər salsaq, Aqil Abbas, Akif Əlini, Sabir Rüstəmxanlı, Kamal Abdullanı, Yunus Oğuzu, Rəşad Məcidi, Elxan Elatlını, Varisi, Musa Ələkbərli, Səlim Babullaoğlunu, Vüqar Əhmədi, Azər Turan, Firuz Mustafa, Elçin Hüseynbəylini, Əli bəy Azərini, İlqar Fəhmini, Kənan Hacını, Sayman Aruzu, Fərid Hüseyni, Rövşən Abdullaoğlunu, Nicat Həşimzadəni, İntiqam Yaşarı görürük. Və təfərrüata keçməzdən əvvəl bir məqamı vurğulamaq istəyirəm. Necə ki, bu gün (22 mart 2022 – ci ildə) böyük əminliklə Çingiz Abdullayevi bir vaxtlar dahi Üzeyir Hacıbəyovun gördüyü işi ləyaqətlə və böyük əzmlə davam etdirərək ədəbiyyatla cəmiyyət, ədəbi-bədii yaradıcılıq məhsulu ilə kütlə-oxucu arasında möhkəm əlaqə, bağ yaradan şəxs kimi təqdim edirik, Rövşən Abdullaoğlu da eyni ilə gələcək nəsillər üçün bu vəhdəti qoruyacaq real namizəddir. Onun bu missiyanın öhdəsindən ləyaqətlə gələcəyinə inanıram. Xahiş edirəm ara-sıra bu tərz qeydləri oxuyarkən fiklərimizi əsaslandırıb, söykəndiyimiz meyarları unutmayaq. Mümkün qədər konkret və əhatəli izahatdan sonra “Nə məsləhət verirsiniz?” sualına cavab olacaq və yuxarıdakı qaydada əsaslandırılmış müasirlərimiz olan örnək yazarlar barədə danışmazdan əvvəl bir qeyd də etmək istəyirəm. Mənim yazdıqlarım tam subyektivdir. Və mən sadəcə fikirlərimi sizlərlə bölüşürəm. Bu heç vaxt məsləhət kimi qəbul edilməməlidir. Mən sualı eyni ilə eşitdiyim, oxuduğum kimi, mənə ünvanlanmış qaydada yazmışam. Ümumiyyətlə, bir şəxsin yaxınlıq və qohumluq, subardinasiya dərəcəsindən asılı olmayaraq digər şəxsə məsləhət verməsi qəbuledilməzdir. Bu ən yaxşı halda tövsiyə formasında ola bilər. Bu yöndə ən təqdirəlayiq hal örnək göstərməkdir.
ÇAĞDAŞ ÖRNƏK YAZARLARIMIZ:
Aqil Abbas – şair, yazıçı, siyasətçi. “Ədalət” qəzeti idarəçiliyindədir. Xalqla bağlı istənilən məsələyə söz adamı olaraq anındaca mövqe bildirir.
Sabir Rüstəmxanlı – şair, siyasətçi. Mövqe sahibidir. Nəzarətində nəşriyyat var.
Çingiz Abdullayev – yazıçı. Dünyanın müxtəlif yazar klub və dərnəkləri, nəşriyyatları ilə əlaqəsi var.
Yunus Oğuz – yazar, həm də “Olaylar” informasiya agentliyi və eyni adlı qəzet idarəçiliyindədir.
Varis (Varis Yolçuyev) – yazar, həm də “168 saat” qəzeti və digər mətbu orqanlarla, TV-lərlə birgə fəaliyyət göstərir.
Rəşad Məcid – şair, həm də “525-ci qəzet” idarəçiliyindədir. Bundan əlavə saytlardan, sosial şəbəkələrdən, TV-lərdən, müxtəlif internet kanallarından, bir sözlə fayda verəcək yazılı və görüntülü bütün dəstək variantlarından böyük ustalıqla istifadə edir.
Elxan Elatlı – yazar. Heç kimə, heç nəyə fikir vermədən öz işinə konsentrasiya olaraq fasiləsiz və nümunəvi fəaliyyət göstərir. Əsl müasir yazıçıdır.
Azər Turan – tənqidçi, publisist. Təyinatla “Ədəbiyyat qəzeti”nə rəhbərlik edir. Gücü çatdığı qədər bölgələrdə yaşayıb-yaradan yazarlar da daxil olmaqla bütün qələm adamlarına dəstək olmağa çalışır.
Musa Ələkbərli – şair, naşir. Bacardığı qədər yazarlara kitab işində dəstək olur.
Firuz Mustafa – nasir, dramaturq. Yazır yaradır.
Əli bəy Azəri – yazar, səlnaməçi. “Xəzan” jurnalı idarəçiliyindədir. Mümkün qədər ədəbiyyatımız, tariximiz üçün faydalı olmağa çalışır.
Səlim Babullaoğlu – şair, tərcüməçi. Kitabçılıq, tərcümə və tanıtım baxımından fəaliyyəti misilsizdir. ATV kitab – “Parlaq imzalar” layihəsi kimi dəyərli bir iş ortaya qoymuş şəxsdir.
İlqar Fəhmi – şair, yazıçı, kinodramaturq. Bir sözlə xalq üçün faydalı ola biləcək bədii yaradıcılıqla bağlı istənilən sahədə onu görmək olar.
Kənan Hacı – şair-publisist, mücadilə edir. Bir zamanların Sabiri, Hadisi kimi mücadilə aparır. İlk anlaşılmazlıqda vaz keçən gənclər üçün nümunə olacaq müasirimiz, çağdaş yenilməz qələm adamı.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, araşdırmaçı, səyyah. “Qədim Qala” nəşriyyatının qurucusu. Yorulmadan öz üzərində işləyən, təkmilləşən və öyrəndiklərini həyatına tətbiq edib, oxucusuna təlqin edən ən müasir, ən prespektivli çağdaş örnək yazarımız.
İntiqam Yaşar – şair, təşkilatçıdır. Həyatdan nə istədiyini bilir. Uğurları bol olsun!
Dəyərli oxucum, bu çəkdiyim misallar, gətirdiyim örnəklər sadəcə bir ipucu kimi dəyərləndirilməlidir. Müxtəlif yaş qruplarından olan, olduqca keşməkeşli həyat yolu keçərək uğura, misilsiz nailiyyətlərə imza atmış bu örnək şəxslərin həyat və yaradıcılıqları ilə tanış olmağınızda “Google” dostumuzun xidmətindən və kitabxanalardakı kitablardan istifadə edə bilərsiniz. Atalar yaxşı deyib: – “Gör, götür dünyasıdır.” Və inanıram ki, təqdim etdiyim bu “açar söz”lərdən istifadə etməklə özünüz üçün böyük imkanlar vəd edən geniş bir dünyaya qapı açmış olacaqsınız. Uğur bələdçiniz olsun. Bu yazının ancaq və ancaq bir məqsədi var faydalı olmaq. Vəssalam!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun!
22.03.2022. Bakı.
Qeyd:
Məqalə müxtəlif saytlarda dərc olunmaqla yanaşı müəllifin “Qələmdar-2” (məqalələr), Bakı , 2022. səh. 160-165. və “Seçilmiş əsərləri” (ikinci cild), Bakı, 2022. səh. 395-403. kitablarında da yer almışdır.
Xəzər deltasında göyqurşağı Zaur Ustacın yeni kitabı haqqında Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır. Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir. Zaurun bu kitabı, sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı. Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz…
Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür. Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu: Özün getdin yuxuya, Milyonları oyatdın… Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər. Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. “Ana” torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib. Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır. “Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir. Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac! İlkin mənbə. Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.25. Müəllif: Kənan HACI