Etiket arxivi: ZAUR USTAC

Zaur Ustac – “Danışan şəkillər” silsiləsindən

MƏN BURADAYAM
(esse)
“Kür qırağının əcəb seyrəngahı var…”
                                               M.P.Vaqif

    Bağ yolunun sükutu içində dayanmış bir qadın… Ətrafında rənglərin bayramı var: çəhrayı, ağ, bənövşəyi güllər sanki bir-biri ilə pıçıldaşır. Amma bu bolluğun içində ən səssiz, ən dərin çiçək onun dodağındakı təbəssümdür.
   “Dodağımızdakı təbəssüm, üzümüzdəki ifadə bəzən içimizdəki söhbətlərin səssiz şəkli olur…”
Bu cümlə fotonun ruhunu açan açardır. Çünki bu təbəssüm nə sadəcə sevincdir, nə də ötəri bir anın donmuş halı. O, illərin, yaşanmışlıqların, udulmuş sözlərin, vaxtında deyilməmiş etirafların sükutla danışan dilidir.
   Ağ libasda dayanmaq — bu, təsadüf deyil. Ağlıq burada saflığın yox, barışın rəngidir. İnsan öz daxilində fırtınaları sakitləşdirəndən sonra ağ geyinir. Hər şey keçmişdə qalanda, artıq mübarizə yox, qəbul başlayanda… Üz cizgilərindəki sakitlik “mən bu yolu tanıyıram” deyir. Arxadakı yaşıl tağ isə elə bil bir keçiddir: ötən günlərdən bu ana açılan bir qapı.
   Bu fotoda baxışlar birbaşa obyektivə meydan oxumur. Onlar sakitcə dayanır, amma qaçmır da. Bu, özünlə üz-üzə gəlməkdən qorxmayan baxışlardır. Bəlkə də içində uzun-uzadı söhbətlər gedir: “Düz etdimmi?”, “Dəyərdimi?”, “Yenidən başlasaq, fərqli olardımı?” Amma cavablar səsə çevrilmir. Çünki artıq səsə ehtiyac yoxdur. Cavablar üz ifadəsinə hopub.
    Güllər çoxdur, amma o, güllərə qarışmır. Yolun ortasında dayanıb. Yol — insanın taleyidir. Kənara çəkilməyib, amma tələsmir də. Bu dayanış bir anlıq pauzadır: həyatın cümləsində qoyulmuş nöqtə deyil, vergüldür.
    Bu esse bir qadın haqqında deyil yalnız. Bu, insanın özü ilə apardığı səssiz dialoq haqqındadır. Hər kəsin dodağında bir təbəssüm var, amma hər təbəssüm gülüş demək deyil. Bəzən təbəssüm — “mən danışdım, amma səni sözlə yormadım” deməyin ən zərif formasıdır.
   Və bəzən bir foto min söz demir…
   Sadəcə bizi dinləməyə məcbur edir.  Biz buna ya “kürrük”, ya da “sükutun səsi” deyirik… Əslində isə bu sadəcə içdən gələn “MƏN HƏLƏ VARAM”, “MƏN HƏLƏ BURADAYAM” hayqırtısıdır.

29.01.2026. Bakı .

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Gül ətirli kitab” kitab haqqında

    XƏFİF SÜBH MEHİ
(Zaur Ustacın “Gül ətirli kitab”ı)
    Bu yazı tanınmış şair, ədəbiyyatşünas-alim Qəndab Haqverdi – Əliyeva Qəndab Əjdər qızının “Ətirli güllər” kitabına həsr edilmiş Zaur Ustacın “Gül ətirli kitab” adlı monoqrafiyasının ön sözü kimi düşünülmüş ümumi publisistik məqalə xarakteri daşıyır. Məqsədimiz bir kitabı sadəcə təqdim etmək deyil, o kitabın ruhu, ətiri, mənəvi yükü və ədəbi taleyi haqqında oxucuya bütöv bir təsəvvür yaratmaqdır. Ədəbi cameədə xüsusi təşəbbüskarlığı ilə seçilən tanınmış şair, yazıçı, publisist, tərcüməçi, naşir Zaur Ustacın “Kitab haqqında kitab” seriyası, “Dost sözü” kimi layihəsi və digər ədəbiyyatın inkişafına xidmət edən uğurlu tapıntıları təqdirəlayiq haldır.
     Ədəbiyyat bəzən səsdir, bəzən söz, bəzən isə qoxudur. Qoxu — ən dərin yaddaşdır. Uşaqlığı, itkiləri, sevincləri, ana nəfəsini, torpaq iyini bir anın içində geri qaytara bilən sehrli açardır. Qəndab xanımın “Ətirli güllər” kitabı da məhz belə bir yaddaş kitabıdır — oxucunu gündəlik həyatın bozluğundan ayırıb sözün, duyğunun və xatirənin gül qoxulu bağlarına aparan bir ədəbi səyahət. Kitab haqqında kitab yazan Zaur Ustacın peşəkar təbliğatçılıq qabiliyyəti məhz “Gül ətirli kitab”la özünü bütün çalarları ilə büruzə verir. Qəndab xanımın “Ətirli güllər” kitabına baxdıqda vizual olaraq nəzm və nəsr nümunələrindən ibarət mətnlər toplusu görürük. Zaur Ustacın bu kitab haqqında olan kitabına (monoqrafiyasına) — “Gül ətirli kitab”a baxdıqda isə gözlərimiz qarşısında tamam başqa mənzərə canlanır. Zaur Ustac “Ətirli güllər” kitabında olan bu mətnləri bayatılar, şeirlər, etüdlər, miniatürlər, esselər, hekayələr olmaqla sistemləşdirərək oxucuya ayrı-ayrılıqda asan “həzm olunacaq” — mənimsəniləcək şəkildə təqdim edir. Kitabı bizim üçün sadə — hamı üçün anlaşılacaq dildə izah edə-edə  vərəqləyir. İzah edir ki, filologiya elmləri doktoru Rəhim Əliyevin redaktorluğu və ön sözü ilə 2020-ci ildə “Qanun” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş bu kitab, zahirən bədii mətnlər toplusu təsiri bağışlasa da, əslində bir dünya modelidir. Bu dünyada bayatılar, şeirlər, hekayələr, esselər, miniatürlər və etüdlər eyni mənbədən — insan ruhunun səmimi qatlarından qidalanır.
     Zaur Ustac kitab hələ açılmamış üzqapağı barədə qeyd edir ki, “Ətirli güllər” kitabı oxucuya hələ açılmamışdan çox söz deyir. Üz qabığındakı vizual həll, rəng seçimi və xüsusilə önə çıxarılan cümlə — “Qızıl gül deyib keçməyin, dünyada genləri dəyişdirilməyən, yəni, gerçək güllərdən biridir bu gül!” — müasir dövrün saxtalaşdırılmış münasibətlərinə, süni duyğularına qarşı səssiz, lakin qəti bir etirazdır.
      Bu cümlə təkcə güldən danışmır. Bu, dəyişməyən insan xarakterinin, mənəvi kökün, əsil sözün manifestidir. Qəndab xanımın poeziyası da məhz bu mövqedən doğur: genləri dəyişdirilməmiş söz, saxtalaşdırılmamış duyğu, ideoloji yox, insani poeziya.
     Üz qabığında güllərlə yanaşı təqdim olunan qadın obrazı — müəllifin real fotosu əsasında yaradılmış bu təsvir — düşünən, xatırlayan, susaraq danışan insanın simvoludur. Bu qadın konkret bir şəxs olmaqdan çox, insan ruhunun ümumiləşdirilmiş portretidir. O, təbiətlə eyni müstəvidə dayanır; çünki Qəndab poeziyasında insan təbiətdən ayrı deyil — onun davamıdır.
    Zaur Ustac kitabın ilk səhifəsində oxucunu qarşılayan dörd misra təsadüfi seçilmədiyini xüsusi vurğulayır:
Saralmış yarpaqlarda
Quru nəfəsdir şeir!
İnsanların səsində
İlahi səsdir şeir!
     Bu bənd “Ətirli güllər”in poetik manifesti olduğu kimi, “Gül ətirli kitab”ın da yol göstərən bələdçisi rolunda çıxış edir. Burada şeirə münasibət açıq şəkildə ortaya qoyulur: şeir forma deyil, haldır; bəzək deyil, vicdandır; söz oyunu yox, ruhun səsidir.
     “Saralmış yarpaqlar” zamanın, faniliyin, yorulmuş duyğuların simvolu kimi çıxış edir. “Quru nəfəs” isə ruhdan qopmuş, mexaniki sözə işarədir. Amma şeir insanın səsində — yəni ağrısında, sevincində, duasında, etirazında — yer alanda ilahiləşir. Qəndab xanımın poeziyası məhz bu ilahi səsin axtarışıdır.
     Qəndab poeziyasında tez-tez rast gəldiyimiz bir cümlə var:
“Mən həqiqətlərimin olmadığı yerdə daha rahatam.”
    Bu, reallıqdan qaçış deyil. Bu, insanı əzən, sərtləşdirən, ruhu yaralayan həqiqətlərdən müvəqqəti uzaqlaşıb öz iç dünyasına sığınmaqdır. Şair üçün poeziya məhz bu sığınacaqdır. Burada insan hələ sınmayıb, hələ safdır, hələ ana nəfəsi ilə yaşayır.
     Ana obrazı Qəndab poeziyasının mərkəzində dayanır. Ana burada təkcə valideyn deyil — mənəvi dayaq, ən böyük qorxuda çağırılan müqəddəs ünvan, bitməyən yuxusuz gecələrin təsəllisidir. Bu, fitri bir instinktin poeziyadakı təzahürüdür və oxucuya son dərəcə doğma gəlir.
     Qəndab xanımın şeirləri müasir şəhər həyatının yaratdığı mənəvi ziddiyyətləri də incəliklə əks etdirir. Beton binalar, sürət, laqeydlik və eqoizm içində insanın tənha qalması bu poeziyada açıq hiss olunur. Onun lirik qəhrəmanı şəhərin boz simasına alışa bilməyən, təbiətin saf çiçəyi kimi solan bir ruhdur.
    Bu poeziya milyonluq şəhərdə yaşanan ekzistensial təkliyin poetik salnaməsidir. Səs-küy içində səssizlik, izdiham içində tənha qalmaq — Qəndab şeirinin əsas fonudur. Və bu fon oxucuya yad deyil; əksinə, çox tanışdır.
    Qəndab xanımın poeziyasını fərqləndirən əsas cəhətlərdən biri alim təfəkkürü ilə şair duyumunun vəhdətidir. O, sözə məsuliyyətlə yanaşır, şeiri təsadüfi emosiyanın məhsulu kimi deyil, mənəvi akt kimi dərk edir. Zaur Ustaca görə onun yaradıcılığı müəyyən məqamlarda Azər Turan, Namiq Hacıheydərli, Qənirə Paşayeva, Kənan Hacı, Bəhruz Niftəliyevin poetik düşüncə xətti ilə səsləşsə də (bir az diqqətli olsaq, Zaur Ustacın bu fikrnin onun müxtəlif yazılarnda rast gəldiyimiz təvəllüd məsələsinə əsaslanır), özünəməxsus ifadə tərzi ilə seçilir.
    “Ətirli güllər”i  Qəndab xanımın zəngin yaradıcılığından dərilmiş zərif bir qönçə kimi təqdim edən Zaur Ustac sanki xəfif sübh mehi kimi əsərək bu qızıl gül qönçəsinin ətrini — xoş rayihəsini gözəl dünyamızn dörd bir tərəfinə yayır. Bu kitab onun ilk şeirlər toplusu “Səni elə sevdim ki!..”dən başlayan ədəbi yolunun yetkinlik mərhələsinin göstəricisidir. Bayatıdan essseyə, miniatürdən hekayəyə qədər bütün janrlarda müəllif eyni səmimiyyəti, eyni məsuliyyəti qoruyur.
     “Gül ətirli kitab” adlandırdığımız bu monoqrafiya Qəndab Haqverdi – Əliyevanın yaradıcılığına bir oxucu baxışı, bir ədəbi etiraf, bir mənəvi borc kimi düşünülüb. Çünki belə poeziya haqqında susmaq olmaz. Bu poeziya oxucunu oxumağa yox, düşünməyə, xatırlamağa, öz içinə qulaq asmağa vadar edir.
     Bu yazını belə yekunlaşdırmaq olar; Zaur Ustac “Gül ətirli kitab”ı ərsəyə gətirməklə ədəbi cameədə haqqında dolaşan “Kitab adam” ifadəsinin təsadüf olmadığını bir daha təsdiqləyir. “Gül ətirli kitab” bizə bir həqiqəti xatırladır:
bəzən insanı yaşadan gerçəklik deyil, ondan qaçıb sığındığı poeziyadır.  Qəndab xanım bu poeziyanın sadiq, cəsarətli, səmimi daşıyıcılarından və yaradıcılarından biri, Zaur Ustac isə bu zəngin xəzinənin ən etibarlı keşikçisidir. Tutduqları müqəddəs yolda hər iki qələm dostuma uğurlar arzulayıram!
26.01.2026. Ağdam.

Müəllif: Hacıxanım Aida

kitabşünas-biblioqraf

HACIXANIM AİDANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


SÖZÜN, ELMİN VƏ VƏTƏN TƏFƏKKÜRÜNÜN DAŞIYICISI

ŞƏKSƏN BEŞİNCİ YAZI

SÖZÜN, ELMİN VƏ VƏTƏN TƏFƏKKÜRÜNÜN DAŞIYICISI
(Filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin doğum gününə)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu — yazımızın məqsədi təbrikdir. Bu yazımı böyük bir qələmdarlar ordusu — yazarlar cameəsi adından ustadlar ustadı, müəllimlər müəllimi, eloğlumuz, əzizimiz, dəyərlimiz Cahangir müəllimə ünvanlamaqdan şərəf və qürur duyuram!
İnsan ömrü var ki, zamanın içində itib gedir, bir də insan ömrü var ki, zamanın özünə çevrilir. Elmi düşüncəsi, publisistik mövqeyi, milli-mənəvi dəyərlərə sədaqəti və ziyalı duruşu ilə çağdaş Azərbaycan elminin və ictimai fikrinin önündə dayanan filologiya elmləri doktoru, professor Cahangir Məmmədli məhz ikinci kateqoriyaya daxil olan nadir şəxsiyyətlərdəndir.
Professor Cahangir Məmmədli təkcə bir alim, tədqiqatçı və pedaqoq deyil — o, həm də sözün məsuliyyətini daşıyan, fikrin yükünü çiyinlərində hiss edən, cəmiyyətin vicdan səsinə çevrilən ziyalıdır. Onun elmi və publisistik fəaliyyəti Azərbaycan dilinin, milli mətbuatın, jurnalistikanın və ümumilikdə ictimai düşüncənin inkişaf yolunu aydınlatmaqla yanaşı, gələcək nəsillərə də möhkəm mənəvi bünövrə yaradır.
Cahangir Məmmədlinin elmi araşdırmaları Azərbaycan filologiyasının və mediaşünaslığının aktual problemlərini əhatə etməklə seçilir. O, mətbuat tarixinin, jurnalistikanın nəzəri əsaslarının, söz və məsuliyyət münasibətlərinin tədqiqində özünəməxsus elmi məktəb formalaşdırmış alimlərdəndir. Onun əsərlərində faktla fikir, tarixlə müasirlik, milli ilə ümumbəşəri dəyərlər ahəngdar şəkildə birləşir.
Alimin qələmində söz heç vaxt təsadüfi olmur. Hər cümlə arxasında məsuliyyət, hər fikir arxasında vətəndaş mövqeyi dayanır. Bu da onun elmi irsini yalnız akademik mühit üçün deyil, geniş oxucu auditoriyası üçün də dəyərli edir.
Professor Cahangir Məmmədlinin publisistik yazıları sadəcə hadisələrin təsviri deyil — hadisələrin mahiyyətinə enən, oxucunu düşünməyə vadar edən, milli özünüdərkə çağıran yazılardır. Onun qələmində publisistika tribuna deyil, vicdan aynasıdır. Bu yazılarda cəmiyyətin ağrıları, milli maraqlar, dilin saflığı, mətbuatın məsuliyyəti və ziyalının missiyası açıq və cəsarətli şəkildə ifadə olunur.O, daim vurğulayır ki, söz sahibinin ən böyük borcu həqiqətə sədaqət, xalqa xidmət və gələcək qarşısında məsuliyyətdir. Bu mövqe onun bütün yaradıcılıq xəttindən qırmızı xətt kimi keçir.
Cahangir Məmmədli təkcə kitablarla deyil, yetişdirdiyi tələbələrlə, formalaşdırdığı düşüncə tərzi ilə də yaşayır. Onun auditoriyadakı fəaliyyəti klassik müəllimlik çərçivəsindən kənara çıxaraq həyat dərsinə çevrilir. Tələbələrinə yalnız bilik deyil, mövqe, məsuliyyət, milli şüur aşılayan professor, əslində, gələcəyin ziyalılarını yetişdirir.
Bu gün professor Cahangir Məmmədlinin doğum günü təkcə təqvimdə bir tarix deyil. Bu gün Azərbaycan elminin, söz və fikir dünyasının qazandığı bir ömrün, bir zəhmətin, bir fədakarlığın bayramıdır. Onun ömrü və fəaliyyəti sübut edir ki, ziyalı olmaq ad deyil, missiyadır.
Bu əlamətdar gündə professor Cahangir Məmmədlini səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, yeni elmi uğurlar, qələminin daim iti, sözünün daim sanballı olmasını arzulayırıq. Qoy onun zəngin elmi və publisistik irsi hələ uzun illər Azərbaycan düşüncə həyatına işıq saçsın.
Ad gününüz mübarək, dəyərli professor!
Sözünüz var olsun, yolunuz işıqlı olsun!

26.01.2026. Bakı .


Hörmətlə, Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Pərvanə Salmanqızı – “Ay işığı”

AY GÜNƏŞİM

(dördlük)

Vəsf etdiyin “Ay işığı”,
Öz nurundu, ay Günəşim!
Sən şəfəq saç, daim parla,
Mən də verim, pay Günəşim!

Müəllif: Zaur USTAC

“Ay işığı”

(Zaur Ustacın bir bənd şeiri üzərinə)

Bu misralar adi bir sevgi etirafı deyil — kainatın ritmi ilə döyünən, nurun mənşəyini sevgidə tapan dərin bir fəlsəfənin poetik ifadəsidir. Zaur Ustacın qələmindən süzülən bu sətirlərdə “Ay” artıq təkcə gecənin sakit simvolu deyil, “Günəş”in nurunu daşıyan, onun varlığını əks etdirən bir ruhdur.
“Ay işığı” burada ikinci dərəcəli bir parıltı yox, əslində mənbəyə — Günəşə bağlanan müqəddəs bir körpüdür. Şair deyir ki, sənin işığın mənim gördüyüm ay işığıdır, amma o nurun özü sənsən. Yəni sevən üçün sevilən yalnız işıq saçan deyil, işığın özüdür. Bu məqamda sevgi fiziki cazibədən çıxıb ontoloji bir məna qazanır — varlığın səbəbinə çevrilir.
“Sən şəfəq saç, daim parla” — bu bir xahiş deyil, bir inamdır. Burada sevgili günəş kimi daim doğmalı, daim ümid olmalıdır. Şəfəq — başlanğıcdır, yenilənmədir, qaranlığın sonudur. Şair sevgilini yalnız gecəni aydınladan yox, gündüzü yaradan bir güc kimi görür. Bu, sevginin insan ruhunu necə diriltdiyinin poetik sübutudur.
“Mən də verim, pay Günəşim” misrası isə münasibətin ən ali mərhələsini göstərir: qarşılıqlılığı. Sevgi təkcə almaq deyil, verməkdir. Günəş təkcə saçmır, qarşısında onu anlayan, nurunu dəyərə çevirən bir Ay olduğu üçün Günəşdir. Burada fədakarlıq var, harmoniya var, kosmik bir balans var.
Bu şeir bizə deyir ki, əsl sevgi birinin digərini kölgədə qoyması deyil, bir-birinin nurunu tamamlamasıdır. Ay Günəşsiz mənasızdır, Günəş isə Ayda əks olunmasa görünməz qalır. Sevgi də elə budur — iki ruhun bir nurda birləşməsi.
Bu misralar oxunduqca insan anlayır ki, sevgi sadəcə hiss deyil, işıq mübadiləsidir. Kiminsə parlamasına səbəb olmaq, kiminsə nurunda özünü tapmaqdır.
Və bu işıq sönməsin deyə, sözlər yazılır, qəlblər danışır, ruhlar bir-birini tanıyır…

Sevgi və hörmətlə, Pərvanə Salmanqızı

Jurnalist, şair-publisist

PƏRVANƏ SALMANQIZININ YAZILARI

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sevginin, nurun və mənəvi bağlılığın poetik vəsfi

Sevginin, nurun və mənəvi bağlılığın poetik vəsfi
(Zaur Ustacın dördlüyü üzərinə mülahizələr
)
Zaur Ustacın bu bir bəndi ilk baxışdan sadə, lakin dərin mənalarla yüklənmiş poetik düşüncənin parlaq nümunəsidir. Şair burada klassik Şərq poeziyasından gələn Ay və Günəş obrazlarını müasir duyumla yenidən yoğurur, onları yalnız təbiət hadisəsi kimi deyil, sevgi, ilahi nur, qarşılıqlı bağlılıq və mənəvi harmoniyanın rəmzi kimi təqdim edir:
Vəsf etdiyin “Ay işığı”,
Öz nurundu, ay Günəşim!

Bu misralarda diqqəti çəkən əsas məqam “Ay işığı”nın mənbəyinin açıqlanmasıdır. Klassik poetik ənənədə Ay çox vaxt müstəqil bir gözəllik rəmzi kimi təqdim olunsa da, şair elmi və fəlsəfi həqiqəti poetik dillə ifadə edir: Ayın nuru Günəşdən gəlir. Burada Ay – sevən, Günəş isə sevilən obrazına çevrilir. Sevən tərəf öz gözəlliyini, parlaqlığını, dəyərini sevdiyi varlıqdan alır və bunu sevə-sevə etiraf edir. Bu, təvazökarlıqla yoğrulmuş sevgi etirafıdır:
Sən şəfəq saç, daim parla,
Mən də verim, pay Günəşim!

Bu misralar bəndin fəlsəfi yükünü daha da dərinləşdirir. Burada münasibət birtərəfli deyil. Günəş parlayır, şəfəq saçır, həyat verir. Ay isə aldığı nuru geri qaytarmaq, onu paylaşmaq istəyir. Bu, mükəmməl sevgi modelidir – almaqla kifayətlənməyən, qarşılıq verməyi borc bilən sevgi.
Publisistik baxımdan bu bənd insan münasibətlərinə ünvanlanmış açıq bir mesajdır:
sevgi yalnız heyranlıq deyil, həm də məsuliyyətdir. Birinin nuruna sığınmaq olar, amma o nurun qarşılığında işıq saçmaq, fayda vermək, paylaşmaq da lazımdır. Bu, ailə münasibətlərindən tutmuş, dostluğa, müəllim–şagird, vətəndaş–cəmiyyət əlaqələrinə qədər geniş bir mənəvi spektri əhatə edir.
Zaur Ustac burada sevən insanın passiv mövqeyini rədd edir. Ay sadəcə Günəşin işığında gözəl görünən səssiz cisim deyil; o, öz növbəsində gecəni aydınladan, qaranlığa işıq gətirən bir varlıqdır. Bu yanaşma insanın cəmiyyətdəki roluna da işarədir: hər kəs öz yerində nur daşıyıcısı ola bilər.
Bəndin dili sadə, axıcı və səmimidir. “Ay Günəşim” müraciəti klassik sevgi poeziyasının isti nəfəsini xatırladır, eyni zamanda müasir oxucu üçün də doğma səslənir. Burada pafos yoxdur, amma emosional dərinlik kifayət qədər güclüdür. Şair hisslərini süni bəzəklərlə deyil, təbii metaforalarla ifadə edir.
Bu “dördlük” oxucunu düşünməyə vadar edir:
– Biz kimin nurundan pay alırıq?
– O nurun qarşılığında nə veririk?
Zaur Ustacın bu poetik nümunəsi göstərir ki, əsl sevgi işıq almaqla bitmir, işıq verməklə kamilləşir. Ay Günəşsiz parlamadığı kimi, insan da sevgi, inam və mənəvi dayaq olmadan bütöv ola bilməz. Amma ən gözəli odur ki, insan aldığı nuru başqalarına ötürməyi bacarsın.

Oxu: >>> Zaur Ustac – Ay Günəşim

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Ay Günəşim

AY GÜNƏŞİM

(dördlük)

Vəsf etdiyin “Ay işığı”,
Öz nurundu, ay Günəşim!
Sən şəfəq saç, daim parla,
Mən də verim, pay Günəşim!

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sükut içində çırpınan insan və tənhalıq

SƏKSƏN DÖRDÜNCÜ YAZI
Sükut içində çırpınan insan və tənhalıq
(Səhər Əhmədin “Su üzündə yarpaq kimi”si)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizi  “Ədəbiyyat qəzeti”nin bugünkü sayında (23 yanvar 2026-cı il, Cümə, N: 03 (5549)) səh. 7-də tanınmış şair Səhər Əhmədin “Su üzündə yarpaq kimi” şeirindən boy verib boylanan insan və tənhalıq (İlahi, bu şəhərdə çay içməyə bir adam tapılmasayacaq!?) mövzusu üzərində qurmağa çalışacağam.
Müasir Azərbaycan poeziyasında insanın daxili aləmini, psixoloji vəziyyətini və zamanla münasibətini bu qədər dəqiq, təbii, simvolik və fəlsəfi şəkildə ifadə edə bilən çox az sayda qələm sahibləri vardır ki, onlardan biri də Səhər Əhməddir (bu artıq onun  yaradıcılığna eyni məzmunlu ikinci müraciətimdir). Onun “Su üzündə yarpaq kimi” misrası ilə başlanan bu şeiri ilk baxışdan sadə bir təbiət təsviri təsiri bağışlasa da, dərin qatlarına varıldıqca insan taleyinin, ruhun sarsıntılarının və mənəvi yorğunluğun bədii salnaməsinə çevrilir.
Şeirin əsas obrazı – su üzündə yarpaq – təsadüfi seçilməyib. Yarpaq:
-köksüzlüyü,
-iradəsiz axını,
-küləyə və mehə tabe olmağı,
-taleyin hökmünə boyun əyməyi simvolizə edir.
Bu yarpaq artıq sadəcə təbiət elementi deyil, zamanın, mühitin və hadisələrin hökmü altında qalan insanın bədii surətidir. “Meh əsdikcə yellənən” misrası insanın qərarsızlığını, həyat qarşısında tərəddüdünü, bəzən isə taleyə qarşı müqavimət göstərə bilməməsini açıq şəkildə ifadə edir.
    Şeirdə ən güclü cizgilərdən biri insanın öz içində yaşadığı mübarizədir:
Öz içində var-gəl edən,
Öz odunda küllənən.

Bu misralar insanın daxili konfliktlərini, öz-özü ilə savaşını, həm də tədricən yanıb külə dönən ümidlərini göstərir. Burada kənar düşmən yoxdur – savaş insanın öz içindədir. Şair oxucuya göstərir ki, bəzən ən ağır müharibələr insanın öz ruhunda gedir:
Yaşılıyla solub gedən,
Sarısıyla dillənən.

Rənglərin poetik dili burada xüsusi məna daşıyır. Yaşıl – həyat, ümid, təravət; sarı isə solğunluq, payız və sonluq rəmzidir. Şair bu iki rəngi qarşılaşdırmaqla zamanın insan üzərindəki dağıdıcı təsirini və həyat enerjisinin tədricən tükənməsini göstərir:
Savaşların ötəsində
Tək-tənha veyillənən.

Bu bənd şeiri fərdi çərçivədən çıxarıb ictimai-fəlsəfi müstəviyə keçirir. Buradakı “savaş” həm real müharibələri, həm də həyatın amansız çarpışmalarını ifadə edir. Savaş bitib, lakin insanın içindəki viranəlik hələ də davam edir. O, qalib də deyil, məğlub da – sadəcə yorğun və tənhadır:
Göz yaşları axammayıb
Gözlərində göllənən.

Bu misralar şeirin emosional zirvəsidir. Burada ağlamaq belə mümkün deyil. Duyğular axmır, donur. Bu isə ən ağır mənəvi haldır – insanın hisslərinin iflic olması. Səhər Əhməd bu vəziyyəti sadə, lakin çox təsirli bir obrazla təqdim edir:
Duaları yer üzündən
Göy üzünə millənən.
Fikirləri durulduqca
Cavabları lillənən.

Bu bənd insanın Tanrı ilə münasibətini, ümid və inam arasındakı ziddiyyəti əks etdirir. Dualar yüksəlir, lakin cavablar aydınlaşmır. Şair burada müasir insanın metafizik böhranını – inanmaq istəyib cavab tapa bilməmək dərdini poetik dillə ifadə edir.
    Şeir yenidən başlanğıc misraya qayıdır:
…Su üzündə yarpaq kimi
Meh əsdikcə yellənən…

Bu təkrar təsadüfi deyil. Həyat dəyişmir, vəziyyət dövridir, insan yenə də eyni haldadır. Bu, dairəvi zaman, çıxışsızlıq və sükut içində çırpınma obrazıdır.
Səhər Əhməd bu şeirdə:
-metaforik düşüncəni,
-psixoloji dərinliyi,
-fəlsəfi müşahidəni
-ustalıqla birləşdirir.
    Şeir nə qışqırır, nə ittiham edir, nə də üsyan edir. O, sakitcə danışır – amma insanın ruhuna toxunan bir səssizliklə. Məhz bu səssizlik onun gücüdür.
    “Su üzündə yarpaq kimi” şeiri müasir insanın mənəvi portreti, zaman qarşısında aciz, amma düşünən, hiss edən və axtaran ruhun poetik etirafıdır. Bu şeir oxucuya sadəcə oxunmur – yaşanır. Hər kəlməsindən tənhalıq boylanır…
    Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik (atalar üçdən deyib).

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – CÖVHƏR

CÖVHƏR
Əgər yoxsa,
bircə zərrə
o atəşdən;
ya ruhunda,
ya cismində…
Min cür
eyib axtaracaq,
qoca Turanın ismində.
Çaqqal kimi doğulanlar
çaqqal kimi sürünəck,
dərələrdə sümsünəcək!
Zirvələrdir qurdun yeri,
şahinlərin yurd-yuvası…
Əyri-müyrü nəyiniz var;
milyon-milyon
sizin olsun…
Bizə yetər;
uca Türkün tək Tanrısı!!!
23.01.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müzəffər ordunun şanlı əsgəriyəm!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“O işıq mən idim, qonaq gəlmişdim…”

O işıq mən idim

(dördlük)

O işıq mən idim, qonaq gəlmişdim,
Qapqara zülfünü görmək istədim…
Toxunmaq istədim, ağ bədəninə,
Telindən sünbullər hörmək istədim…

Müəllif: Zaur USTAC

“O işıq mən idim, qonaq gəlmişdim…”

(Zaur Ustacın bir bənd şeiri üzərinə)

Bəzən insan sevdiyinə addım atmır, işıq kimi süzülür ona doğru. Səs salmadan, iz qoymadan… Zaur Ustacın bu misralarında sevgi cismani varlıqdan çıxıb nur halına çevrilir.“O işıq mən idim” demək — mən artıq bədən deyiləm, mən hissəm, mən ruham deməkdir. Qonaq gəlmək isə müvəqqəti yox, ehtiramlı bir varoluşdur; sevəni incitmədən, ürəyinə toxunmadan var olmaq istəyi.
Bu işıq qaranlığı dağıtmaq üçün yox, qaranlıqda gizlənən gözəlliyi görmək üçün gəlir. “Qapqara zülfünü görmək istədim” misrası zahiri bir istək kimi səslənsə də, əslində insanın sirrə duyduğu ehtiyacdır. Qara zülflər gecəni xatırladır — dərin, səssiz, sirli… O gecədə itmək yox, o gecəni anlamaq arzusu var.
“Toxunmaq istədim, ağ bədəninə…” — burada toxunuş ehtirasın dili ilə yox, müqəddəsliyin sükutu ilə danışır. Ağlıq saflığın, paklığın rəmzidir. Bu toxunuş istəyi bədəni deyil, varlığı duymaq ehtiyacıdır. İnsan sevdiyini toxunaraq yox, hiss edərək yaşamaq istəyir. Çünki həqiqi sevgi iz buraxmaqdan çox, iz olmamaqdır.
“Telindən sünbüllər hörmək istədim…” — bu misra isə sevginin yaradıcılığa çevrildiyi andır. Sünbül həyatdır, bolluqdur, ümiddir. Sevilənin bir telindən belə həyat hörmək istəyən sevgi artıq özünü yox, gələcəyi düşünür. Bu sevgi almaq istəmir, yaratmaq istəyir. Sahiblənmir, becərir.
Bu misralar bizə göstərir ki, sevgi bəzən bir baxış, bəzən bir işıq, bəzən də qonaq kimi gələn bir ruha çevrilir. O sevgi nə qışqırır, nə tələb edir. Sadəcə var olur — səssiz, dərin və unudulmaz.
Zaur Ustacın sözlərindəki işıq, hər oxucunun içində bir anlıq yanır. Kimisi üçün həsrət olur, kimisi üçün dua, kimisi üçün isə ömür boyu sönməyən bir xatirə. Amma bir həqiqət dəyişmir:
İşıq olan sevgi heç vaxt kölgə salmır.

Sevgi və hörmətlə, Pərvanə Salmanqızı

Jurnalist, şair-publisist

PƏRVANƏ SALMANQIZININ YAZILARI

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I