Bircə Xanım yazır: “Ən yaxşı şeyləri müəyyən yaşıma qədır özümə qıymadım. Məsələn, ən gözəl yeməyi bişirdim, oğlum dərsdən gəlməyincə qazanın ağzını açmadım. Yavan çörək gəvələdim, o gələndə ,iştahım çoxdan ölmüş olurdu. Guya mən dolu qazandan onsuz bir tikə yesəydim, dünya dağılacaqdı?..
Onu evdə qoyub kollektivlə heç bir gəzməyə getmədim. Qaz, su, işıq, zəlzələ qorxusundan…
İş yoldaşlarımla axşam yeməyinə belə gedə bilmədim. Düşündüm ki, mənim soyuducumda bir qazan sup var, mən oğlumsuz necə gedib kabab yeyərəm. Hər şeyi (kitab oxumaqdan savayı) saxladım o evlənəndən sonraya. Oğlumun bal ayına aldığım biletin məbləğinə iş yoldaşım ev aldı. Mənim iyirmi günlük bir gəzintiyə verdiyim pul hələ də onu yandırır, mən qətiyyən peşman deyiləm.
Mən öz səyahətlərimi də saxladım yarı yaşdan sonraya. Bax buna çox heyif… Gərək eləməzdim. Heç olmasa sizlər eləməyin.
Çünki o yaşdan sonra sağlamlıq əl vermir. Ruh , həvəs, maraq sanki yasa batır. Adamı qəribə bir ərincəklik basır. Yuxu saatın, ayıq saatından lap çox olur.
Yanından yel ötən kimi xəstələnirsən, yaşdan doğan bir vasvasılıq, eybəcərlik hakim olur xarakterinə. Çoxunun bişirdiyini yeyə bilmirsən, bəzi yerlərin yatağında yata bilmirsən.
Gənc olanda bu şeylər haqda heç düşünmürsən.
Dediyim o ki, uşağınızla bərabər həyatın dadını çıxardın. Onun böyüməsini gözləməyin. Özünüzü də yekəldərək çox şeydən mərhum eləməyin.
P.S. Bir il iki ay əvvəl Naxçıvana getdim, hələ də özümü sağalda bilmirəm. Bütün dəlilikləri vaxtında eləyin.”
ZƏFƏR SİMFONİYASI Qələbə köynəyi geyibdi yollar, Vətəndən-vətənə körpüdü qollar. Bu gün tarix yazır ərən oğullar, Adınla başlanır qeyrət dastanım, Min yaşa, müzəffər Baş Komandanım!
Ümid gülümsəyir könül bağımda, Zəfər ətirlidir dərəm, dağım da. Səni salamlayır Qarabağımda, – Açılan səhərim, sökülən danım, Min yaşa, müzəffər Baş Komandanım!
Sərkərdə oğlusan Dədə Heydərin, Cürətin yenilməz, hikmətin dərin. Üzünü güldürdün doğma ellərin, Qorusun ömrünü ulu “Quran”ım, Min yaşa, müzəffər Baş Komandanım!
Güzgüdü bu yurdun namusu, arı, Sudan dupdurudu, Aydan da arı. Səni salamlayır şəhid ruhları, Qisasa tamarzı qalmadı qanım, Min yaşa, müzəffər Baş Komandanım!
Səsin dalğalanır Cıdır düzündə, Ümid qanad açıb göyün üzündə. Vətən sevgisi var hər bir sözündə, Zəfər ətirlidir döyüş meydanım, Min yaşa, müzəffər Baş Komandanım!
Söylədin: – Qarabağ Azərbaycandır! Adi torpaq deyil, canımda candır! Yolunu gözləyir, gör bir haçandır – Arzu yollarımda ümid sarvanım, Min yaşa, müzəffər Baş Komandanım!
Tanıtdın cahana öz ünvanını, Yaşatdın millətə zəfər anını. Üçrəngli bayrağım öpür alnını, Adınla öyünür Azərbaycanım, Min yaşa, müzəffər Baş Komandanım! Müəllif: Balayar Sadiq
Ağdam rayonun Yusifcanlı kəndinin (kəndimizin) fəxri Mayor Nəcəfi Elxan Şükür oğlu Şəhidlik zirvəsinə ucalmışdır.
Qeyd edim ki, Elxanın atası Nəcəfi Şükür Birinci Qarabağ döyüşlərində 1993-cü ildə Ağdamda şəhid olmuşdur.
Elxan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib və Ali Baş Komandan tərəfindən bir çox yüksək dərəcəli medallara təltif edilmişdir.
Başın sağ olsun Vətən!
Şəhadətin Mübarək olsun Cənab Mayor!
21 sentyabr 2023-cü il tarixində Şəhid Mayor Nəcəfi Elxan Şükür oğlu II Fəxri xiyabanda dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
…Və bir də var öz içinə yıxılmaq, Səssiz-küysüz sinirmək ağrıları. Hansı vaxtda rahat olur ölməmək, Günortamı, yoxsa ki gecə yarı… Soruşmazlar düşəndən…
Yol bəllidir əyiləndə ədalət, Yıxılarsan əzabların düz üstə. İtirmək yox tapmadığın ümudi, Qanad çalmaq dəyənəcən üz üstə; Hərçənd sınıb qolların…
Əllərini sıxmadığın taleyə, Gücün çatar dişlərini sıxasan. Ətək yoxsa yapışmağa üstündə, Dirsəyinin sıyrığından çıxasan; Ya çatından dizinin…
Qara günə yaraşır al qərənfil, Gülab suyu kiprikdəki buz nəmə? Uzaqlardan dönmək olmur əliboş, Nə gətirdin o dünyadan, gizləmə; Susmağa da haqqın var!
Yaxşı deyil adamları yanıltmaq, Nəfəs dərməz səsə yellə gələnlər. İçləri çəkib baxar, üstünə Küt baltayla iti bellə gələnlər; Sifət varmış adamda…
Nə fərqi var qayıtdınsa əcələ, Ağ qapının şifrəsi sim-sim idi. Nə söylədi işıq geymiş o adam, Süni nəfəs verən o nur kim idi; Deməzlər, yox e, yox!
Oğuz rayonunun Qarabulaq kəndində boya-başa çatmış gənc qələm sahibi Əfsər Abdullayevin “Abzas” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Müəllifin kitabına belə ad verməsi təsadüfi deyil. Əfsərə görə həyatda çox şey abzasdan başlayır.
Gənc şairin mövzu dairəsi geniş və rəngarəngdir. Onun özünəməxsus həyat fəlsəfəsi var, dünyaya, cəmiyyətə yeni gözlə baxır. Lirik şeirlərində çoxlarının istifadə etdiyi bədii ifadə vasitələrinə əl atmır. Özünəməxsus təşbeh və bənzətmələrin axtarışındadır. Şeirlərində yersiz uzunçuluq da etmir. Sözünü qısa və tutarlı deməyə çalışır. Cəmiyyətdə baş verən mənəvi çöküntü şairi sarsıtsa da, insanları xeyirxahlığa səsləyir, gözəllik axtarışı ilə özünə və oxuculara təskinlik verməyə çalışır. Bu baxımdan gənc şairin “İnsanlıq”, “İnsan ömrü”, “Bir qocanın xəyalıdır xəyalım”, “Bu dünyanın”, “Sabah” kimi şeirləri təsirli və yaddaqalandır.
Əfsər Abdullayevin “Abzas” kitabı gənc şairin oxucularla ilk görüşüdür. İnanırıq ki, gələcəkdə o, poeziya aləmində daha uğurlu addımlar atacaq, öz şeirləri ilə poeziyasevərlərin qəlbinə yol tapacaq.
Bu gün (21.09.2023) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda Ədəbiyyatşünas-alim, yazıçı-publisist Hacı Azər Turanın 60 illik yubileyi ilə bağlı olaraq, tədbir keçirilib. İştirakçılar yubilyarın həyat yoluna bir daha nəzər salaraq, təbrik və xoş arzularını izhar ediblər.
“YAZARLAR” JURNALI olaraq, biz də Azər müəllimi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Ustad Musa Yaqubun kitablarda çapdan qalmış əsərlərindən hələ ki, sonuncusu budur: “Xaqaniyə salamlar”. Bu poema kimi başa çatmalı idi. Xaqaniyə xüsusi sevgisi var idi ustadın. Bilirdiniz ki, məşhur “Dəyirman” poeması onun elə Xaqani yaradıcılığının, bir qədər konkret desək, Xaqaninin “Bənzəyir kündə ayağımda dəyirman daşına, Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim” misralarının təsiri altında yazılıb da demək olar. Amma poeziyamızda xüsusi çəkiyə malik “Dəyirman”da o qədər mətləblər var ki…oxuduqca çoxları dərinlikdən üzə çıxır… Xaqani Şirvani haqqında ustadla həmsöhbət olarkən onun bu şairdən ədəbiyyat tariximizdə qalan, Mədain xərabələrinin şairə xitabən söylədiyi, əslində şairin xəyalən yazdığı “Biz ədl sarayıykən zülm ilə viran olduq, Zalimlər olan qəsrə gör neyləyəcəkdir dövran” fikrinə istinadı da çox ibrətamiz idi. Deyirdi, Qoca Şərqin bəlasına baxın ki, XII əsrdə Xaqaninin yazdığı İraq xərabəlikləri 8-9 əsr sonra da elə həmin xərabəliklərə çevrilir…Nədir bu Şərqin günahı?!
Yer üzünün Süleymanı neyləsin, Xaqaninin dəyirmanı neyləsin?..
“Xaqaniyə salamlar” silsiləsindən
Giriş
1
Babadağdan gələn çaylar, Əl-ayağın soyuqdumu? Belə aşıb-daşmaqların Tanrıdan bir buyruqdumu? Alapaça qaça-qaça Gəlib səndən keçən vaxtı, Su payını içən vaxtı Səs-səmirdən duyuqdumu?
Ayağını daşlar əzən, Ağzı qara bala cüyür Suda qoyub başmağını, Süzgəc edib yaşmağını Burnuna su dolan vaxtı Yenə ayıq-sayıqdımı?
Sel suları artdı gəldi, Sahilləri dartdı gəldi. Nohurlanıb su ləngidən Selintilər, çiləkənlər Ağacdımı, qayıqdımı?
2
Babadağdan gələn çaylar Hər dərmanın suyundadır. Dərinlərin at belində, Dayazın quş boyundadır.
Bulaqların bir parası Qımıldanır ot arısı. Bir bulağın nur aynası İlahinin qoynundadır.
Köhnə marxal donub durub, Daşını sel yonub durub. Şehotları donub durub, İncisi gül boynundadır.
Füzulinin nəfəsindən Köynəkləri dolub durub. Gölməçələr məclis qurub Hübabı bərk oyundadır. Ağ suları gümüşlənir, Qara suyu dəmir dadır.
3
Babadağdan gələn çaylar, Peşnu sənin qolundumu? Gah bir olur, gah ayrılır, Bu yol sənin yolundumu? – Sağlandılar-sollandılar, Başaşağı yollandılar. Daşlar selə sinə gərir, Elə bil ki, nər oynadır, Novda sular cuşa gəlir, Dəyirmanda pər oynadır. Dəyirmanlar qoşa-qoşa, Suyu gəlir daşa-daşa.
Nə deyim, nə yaradım: Gah özümü qınadım Gül üstündə qanadım Bir kəpənək gücündə – Ah, bu dövran, bu dövran Keçmək olmur yanından, Girib dəyirmanından Çıxdım başqa biçimdə.
Hava duman, yol uzaq, Gecə uzun, gün yasaq. Mən bir asi yalquzaq, Qurd ulayır içimdə.
“Bənzəyir kündə ayağımda dəyirman daşına, Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim”. Dəyirmanlar qoşa-qoşa, Suyu gəlir daşa-daşa…
Vələsində qara suda dəyirmanın işlər ikən Dəyirmanda dən növbəsi bəlkə də min beşlər ikən Tişək daşlar Quru dəni əzib-vurub dişlər ikən. Birdən-birə şindan gəlib dolan vaxtı, Çiləkənlər dar boğazda qalan vaxtı çax-çax haray salan vaxtı Onda bildim ey Xaqani, bu dəyirman səninkidi. İşləyir söz dəyirmanı, çərxi-dövran səninkidi.
“Mədhiyyə”də xaqan üçün De, işlət bu dəyirmanı, “Həbsiyyə”də dövran üçün De, işlət bu dəyirmanı.
Könlün haqqın sorağında Kündələrin ayağında. Yaltaqlar kef-damağında, Sən işlət bu dəyirmanı.
Ömür keçdi, yaş qalmadı, Bir tişəkli daş qalmadı. Gözlərində yaş qalmadı, Sən işlət bu dəyirmanı.
Sərt illərin yaxasından, Əsrlərin arxasından Durub gəlib heç dəyirman işlətməyin vaxtı deyil. Bu Süleyman taxtı deyil, Deməzlərmi şairimiz təzə bir imana gedir? İnsan kosmosdan qayıdır, şair dəyirmana gedir. Bəs sənin söz dəyirmanın – O hansı ümmana gedir?
Çay sellənib bənddən çıxıb, İlan cızdan, xətdən çıxıb İnsan itaətdən çıxıb Hərəsi bir yana gedir.
Kəsilibdir gəl-getləri, Yox vəzifə biletləri, Yanında qəssab itləri Yalmana-yalmana gedir.
Var kef yeri, xərac yeri, Şum birinin əlac yeri. Min əkənin qazanc yeri Yığılıb xırmana gedir.
Gedişləri saxla görüm, Günümüzə ağla görüm… – Saxla, saxla dəyirmanı, sən Allah! Sıxır məni dağ dumanı, sən Allah Sənsən yenə söz sarvanı, sən Allah Nə olsun ki, müdriklər var, Quran var, Eh, hələ də qırdıran var, qıran var… Yer üzünün Süleymanı neyləsin, Xaqaninin dəyirmanı neyləsin?..
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Esmira Fuadın tərtibçiliyi ilə “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı yeni antologiya işıq üzü görüb.
Esmira xanım antologiyaya “Salam Şuşam, Uluyurdum mənim…” sərlövhəsi ilə dəyərli bir “Ön söz” də yazıb. Kitab Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.
Nəşrin elmi redaktoru Xanım İsmayılqızı, redaktoru Mina Rəşid, tərcümə və transliterasiya edən filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və Nərmin Kərimovadır. Rəyçiləri Rəsul Qədiri və Fikrət Süleymanoğlu, dizayneri Ellada Səfərəliyevadır.
Adından da bəlli olduğu kimi antologiya-kitabda Güneyli-Quzeyli bütün Azərbaycan yazarlarının, klassik və çağdaş şairlərimizin əsərləri yer alıb.
19 sentyabr 2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda Esmira Fuadın tərtibatı və Mina Rəşidin redaktorluğu ilə işıq üzü görmüş “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabının təqdimat mərasimi baş tutub. Tədbirdən fotalar:
Tədbirin gedişində Esmira Fuda “Ziyadar” mükafatı, Mina Rəşidə isə “Fəxri Fərman” təqdim olunub. Xatırladaq ki, “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabı Esmira xanımın Güney Azərbaycan ədəbiyyatı ilə bağlı sayca 14-cü kitabıdır.
Başını qatırıq quruca sözlə Üzünə baxırıq axı nə üzlə? Durduq keşiyində var gücümüzlə Əziyyət əzaba hey bata-bata Biz səni saxlaya bilmirik Ata.
Dilimdə gəlmir ki bir söz deməyə Artıq təbiblər də yetmir köməyə Gərdişə gücümüz çatmadı deyə Utana-utana baxdıq həyata Biz səni saxlaya bilmirik Ata.
Möcüzə göstərə uca yaradan Səni qüdrətilə çıxarda dardan Dərmanın tapardıq desələr hardan? Gecəni gündüzə biz qata-qata Biz səni saxlaya bilmirik Ata.
Yalvardıq Allaha biz neçə qardaş Bu yaşda nə köçmək? Axı nə təlaş? Kaş Allah möcüzə göstərəydi kaş Gedəydi başından bu bəla, qada Biz səni saxlaya bilmirik Ata.