ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ Qoymadı tökülə millətin qanı, Qorudu, saxladı Azərbaycanı, Gəzdi qitələri, gəzdi dünyanı, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * “Ümid körpüsü”dür gözlərin nuru, Orda qərar tutub Heydər qüruru, Nura qərq elədi qədim Şəruru, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər an qalib çıxdı siyasətində, Milləti qoymadı darda, çətində, Vətəni yaşatdı öz qeyrətində, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Onun əsəridir Bakı – Ceyhanım, “Qara qızıl” verən Azərbaycanım, Sabaha inamla qaynayır qanım, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər yerdə Heydərin izi görünür, Söhbəti görünür, sözü görünür, Hər kənddə, şəhərdə özü görünür, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Mən Budaq Təhməzəm, yazan əlim var, Xoşbəxtəm, müstəqil, azad elim var, Üçrəngli bayrağım, ana dilim var, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! 13.10.2004.
???… Yaşamaq gözəl hissdir, Sənə dəyən olmasa. Dünyanın nəyi pisdir, İnsan yaşa dolmasa?! * * * Gül canıyla əlləşər, İstidən bağrı bişər. Onlar da gözdən düşər, Saralmasa, solmasa. * * * İnsan qisas alarmı, Bir-birini çalarmı, Kin, küdurət olarmı, Pislik yadda qalmasa?! * * * Saf eşq səni əyərmi, Sevən özün öyərmi, Yaşamağa dəyərmi, Yar qadanı almasa?! * * * Murad görür, götürür, Ətrafına ötürür, Baxır, dünya itirir, Gündə təbil çalmasa.
DAMLA-DAMLA Damla-damla ömür axır, Can quruyur, yanaq solur. Günahlarım dönüb baxır, Yaddaşıma pərçim olur. * * * Günahımı yuyammıram, Çalışıram təmiz olam. Bu dünyadan doyammıram, İzi itən bir dar yolam. * * * Tükənməyir arzularım, Bu dar yolun sonundayam. Üç övladdı mənim varım, Mən onların canındayam. * * * Tanrım, sevgim sənə görkdü, Çarəsizəm, qolum bağlı. Baxan deyir canı bərkdi, Daş kimidi zalım oğlu. * * * Mənə canı verən sənsən, Yaş artdıqca kölgəm itir. Günahımı görən sənsən, Ya bağışla, ya da bitir.
XOŞ GƏLDİN (60 yaşın astanasında öz-özümlə söhbətim) Getdiyim bu yolun sonu işıqdır, Bilməsəm, bir addım atarammı heç?! Qismətim ömrümə bir yaraşıqdır, Bu qismətə haram qatarammı heç?! * * * Bu yolun əvvəli gün kimi aydın, İşıqlı sonuna arxayınam mən. Etdiyim səhvləri hərdən bir saydım, Ancaq istəmişəm hey yayınam mən. * * * Demirəm sərrafam, naşıyam mən də, Dünyanın çəmini tapa bilmədim. Kefim kök olardı kənarda, gendə, Amma dar ayaqda heç vaxt gülmədim. * * * Bu dünya fanidi, mənə də qalmaz, Mən mələk deyiləm, çox günahım var. Nə qədər yaxşılıq etsəm bəs olmaz, Bir kəsə çəp baxsam dünya dağılar. * * * Altımış yaşım var çox şeyi gördüm, Həyatın dəyişməz qanunları var. Bezmədim ağrı da, kədər də dərdim, Bildim ki, yaxşı gün məni də tapar.
BƏZƏN Bəzən qanın qaralar, Bəxtin səni öyməsə. Hər bir dərdə çarə var, Allah səni döyməsə. * * * Yüz səhv edər dayanmaz, Günahını sayanmaz, Baxma, insan oyanmaz, Başı daşa dəyməsə. * * * Düzdə xana qurulmaz, Piylənmiş baş durulmaz, İnsan oğlu qırılmaz, Dövran onu əyməsə. * * * Ruhum safdı, qoyarmı?! Heç şeytana uyarmı? Murad sənə qıyarmı? Dilin onu söyməsə.
O Sevən ürək paxıl olmaz, Halal, təmiz doğular o. Sevən kəsdə ağıl olmaz Eşq içində boğular o. * * * Uşaq kimi tez aldanar, Sevdiyini canı sanar, Öz eşqini bəzən danar, Öz içinə yığılar o. * * * Evdə qalsa, tək qarıyar, Bəxti korsa, susar, duyar, Eşqdən solar, tam quruyar, Kor bulaq tək soğular o. * * * Dara düşsə, susmaz, dinər, Hikkəsiylə səni yenər, Məhvərindən silkələnər, Kərpic-kərpic dağılar o. * * * Yarı ölsə o an solar, Susar, dinməz, fikrə dalar, Sevdasından dəli olar, Məcnun deyə çağrılar o.
DÜNYANIN Gözü doymaz bu dünyanın, Hər gün gedib gələni var. Dərdə düşüb ağlayanı, Sırtıq-sırtıq güləni var. * * * Qaraqışqırıq salanı, Ömrünə balta çalanı, Yalandan nəfəs alanı, Ayaq üstə öləni var. * * * Dar ayaqda zaman getməz, Dərd qurtarmaz, azar bitməz, Eh, aşmağa ömür yetməz, Yüz təpəsi, bələni var. * * * Murad, boylan, sən də dur keç, Vaxtın varsa bir yuva seç, Hamı nankor olarmı heç, Qədir-qiymət biləni var.
60 YAŞIMA Bu da bir qismətdi, buna da şükür, İlahi, başqa bir umacağım yox. Duyuram ürək də qaş-qabaq tökür, Təkəm, sığınmağa bir qucağım yox. * * * Hər kəsin sonu var, bunu bilirəm, Bu ömür alnıma yazılan yazı. Allahın əlindən tutub gəlirəm, Nə vaxt ki buraxdı, bitər ən azı. * * * Bu ömrü sevərək duydum, yaşadım, Çalışdım düz gedəm yolumu hər an Hər il bir nişanə qoydum, yaşadım, Bildim ki, məni də udacaq zaman. * * * Ruhum tər-təmizdi axar su kimi, Hər günə şükr edər, sevinər, gülər. Hələ ki sınmayıb könlümün simi, Kökdədi, hər nəğmə çalına bilər. * * * Bu ürək çox dözdü mənim oduma, Dinmədi, görmədi üzümdə kədər. Ləkə gətirmədi mənim adıma, Nə də incitmədi bu vaxta qədər. * * * İlahi, hər zaman sənə borcluyam, Ağlım üstümdədi, təbim rəvandı. Bilirsən əzəldən nəçiyəm, oyam, Cismim qocalsa da, ruhum cavandı.
SEVİN Siz ey mənim əzizlərim, qismətdəki adı sevin! Hər bir dilə vaqif olun, demirəm ki yadı sevin! * * * Eşqə biganə qalmayın, sevginizə sadiq olun, Millətimin eşq simvolu Şirini, Fərhadı sevin! * * * Şirinliyi dil anlayar, tez ötürər beyinlərə, Sərraf olun, aqil olun, ağzınızda dadı sevin! * * * Dostluq edin, seçin hər vaxt fərəhlənən könülləri, Müxənnətdən uzaq olun, arayın, dilşadı sevin! * * * Heç qəzəl yazmamışam, anlayıram mən ərk elədim, Vaxtınız olsa əgər, bir az da bu Muradı sevin.
BİLİNMİR Bir sual həmişə hey yorar məni, O nədi heç zaman yaşı bilinmir. Nə bir ölçüsü var, nə bir ölçəni, Bu işdə nə usta, naşı bilinmir. * * * Əvvəl gəl-gəl deyər, üzünə gülər, Həyatda hamının başına gələr, Sonu nə olacaq, bir Allah bilər, Axırı, əvvəli, başı bilinmir. * * * Ay Murad, naşısan, sən də çox oxu, Görmədim doyanı, harını, toxu, O elə dağdı ki çıxammır çoxu, Ətəyi, zirvəsi, qaşı bilinmir.
DEYİLMİŞ! İçimdə o qədər ağrı-acı var, Baxıram, bu dünya mənlik deyilmiş! Çevrəmdə o qədər qardaş, bacı var, Dərdimi soruşmaq sənlik deyilmiş! * * * Başım açılmayır mərəkə, yasdan, Nə səndən yarıdım, nə də ki, dostdan, Sanki sıxılıram bu basa-basdan, Ayılıb görürəm tünlük deyilmiş! * * * Üzümə baxanlar dərdimi anlar, Mənə yad deyil ki, qohumdu onlar, İllərin dərdimlə ortaqlığı var, Nə aylıq, nə də ki, günlük deyilmiş! * * * Ay Murad, taleyin min oyun oynar, Köksün alovlanar, qaynar ki, qaynar, Baxma, dərdlərinin hər an həlli var, Əgər həlli yoxsa, tənlik deyilmiş.
MİN ŞÜKÜR Bir yaqut gizlidi sədəf dalında, Misli yox ölçülə sərraf dalında, Min kəlmə şəlləyib əlif dalında, Dildən dilə gəzdirənə min şükür… * * * Dədəm, babam nəğmə deyib, söz qoşub, Kəsə gedib, doğru deyib, düz qoşub, Məclis qurub, min oxuyb, yüz qoşub, Teldən telə gəzdirənə min şükür… * * * Ustac deyər, hardan gələr bilinməz, Ha deyilə, yeri dolar bilinməz, Gülər gözdən qəm süzülər bilinməz, Eldən elə gəzdirənə min şükür… 20.10.2016. Bakı.
OĞLUM. (Oğlum Elşadın timsalında bütün balalara) Həyat bir ümmandır, üzəsən gərək, Hünərdir həyatın mənası oğlum! Hər çətin sınağa dözəsən gərək, Səbrdir dərdlərin dəvası, oğlum !.
Uca əməllərdən bir qala tik sən, Qəlblərə yaxşılıq toxumu ək sən, Qoy, hamı söyləsin afərin,əhsən, Alqışdır dillərin duası, oğlum!
Olana şükr elə, aza qane ol, Qənaətcil ol ki, ruzin olsun bol, Düşün, hara gedir qarşındakı yol, Yanlış addımın var xətası, oğlum!
Üstün tut savadı, kamalı ,ağ(ı)lı, Elmiylə yüksələr bil, insan oğlu, Vətəni candan sev, ol elə bağlı, Vətəndir igidin qalası oğlum.!
Dediyim sözləri həkk et yaddaşa, Bəxtin, tale oxun dəyməsin daşa, Arzumdur çatasan doxsan-yüz yaşa, Gənclikdir hər ömrün səfası , oğlum! Müəllif: İlham QAZAXLI
Bu gün çox unikal bir insanın (əsl ziyalı, fədakar müəllim, döyüş yolu keçmiş zabit, özünə məxsus tətzi, üslubu olan yazar) – Emin Pirinin doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Emin PİRİ!
Şairəm, çünki vəzifəm budur əşar yazım, Gördüyüm nikü bədi eyləyim izhar, yazım, Günü parlaq, günüzü ağ, gecəni ta yazım, Pisi pis, əyrini əyri, düzü həmvar yazım, Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Şərə məşğul edərik xatiri-qəmmayilimi, Qoyuram qənşərinə kağızımı, çernelimi, Gəlirəm yazmağa bir kəlmə, – tutarsan əlimi, Qorxuram, ya nə üçün, – çünki kəsirsən dilimi! Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram, Hələ gördüklərimin dörddə birin yazmayıram!
Hələ mən dörddə birin yazmayıram, karına bax, Üstümə gündə söyürsən bu qədər, arına bax, Özün insaf elə, əfkarına, ətvarına bax! Istəmirsən yazam? Öz eybli kirdarına bax! Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə! Özünü, həm məni bu barədə diltəng eləmə!
Görür ərbabı-qələm qayeyi-amalınızı, Məndən artıq yaza bilməkdə ikən halınızı, – Yazmır onlar dəxi on dörddə bir əfalınızı, Özünüzsüz olara yazdıran əhvalınızı… Yoxsa bu eybdən aləmdə mübərradır olar, Boylə alçaq yazıdan min kərə əladır olar!
Necə mən dörddə birin yazmağa əymən deyiləm, Qorxur on dörddə birin yazmağa həm əhli-qələm; Sən əgər söz verəsən: “Qorxma, qıl əhvalı rəqəm”, Vazi-halın yazılarsa zili-zilu bəmi bəm, Elə bir halə düşərsə ki, tükün biz-biz olar, Əyninə geyməyə şey tapmasan, astar üz olar!
Mənbə: Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, “Turan” nəşrlər evi, 2002. səh. 207
NEYNİRDİN ŞAİRİ YARADIB, ALLAH Bağladın həyata min sirli bağla, Qəlbinə coş dedin, gözünə ağla. Bir belə ağrıyla, bir belə dağla Neynirdin şairi yaradıb, allah?! * * * O, dönə bilmirsə kor ağacına Ya batan gəminin dor ağacına. Quş olub uçmursa dar ağacına Neynirdin şairi yaradıb, allah?! * * * Aldanıb kimisə öyəcəkdisə, Sonra öydüyünü söyəcəkdisə. Kükrəyib “Həqq mənəm” deyəcəkdisə Neynirdin şairi yaradıb, allah?! * * * Ərzi hökmdara yetməyirdisə, Dərdi, şikayəti bitməyirdisə. Zindana könüllü getməyirdisə, Neynirdin şairi yaradıb, allah?! * * * Qılınctək kəsməyən şeirə nə deyim, Şeirdən gələcək xeyirə nə deyim? Bu bitib-tükənməz sehrə nə deyim, Neynirdin şairi yaradıb, allah?! * * * Onu zaman-zaman oda salırsan, Öldürüb sonra da yada salırsan. Səndəmi şeirlə nəfəs alırsan, Neynirdin şairi yaradıb, allah?! * * * Günəşə calanan hörükmü gəzdin, Zamana od vuran körükmü gəzdin, Yoxsa öz dərdinə şərikmi gəzdin, Neynirdin şairi yaradıb, allah?! * * * Yurdu dərd bürüdü, ələm götürdü, Ürəyi yananlar qələm götürdü. Yeri də, göyü də bu qəm götürdü Neynirdin şairi yaradıb, allah?! * * * Sirrinə müvafiq elmin yoxdumu, O elmə yönəlik filmin yoxdumu, Bizə bundan artıq zülmün yoxdumu? Neynirdin şairi yaradıb, allah?! * * * Ömrümüz-günümüz bir yuxu, röya, İllər ötüb keçdi… Yaşadıq guya?! Şeirlə düzələn deyilsə dünya, Neynirdin şairi yaradıb, allah?!
BİLMİRƏM Ürəyim dönübdür ağlar bir neyə, Hardan tapdı məni qəza, bilmirəm? Göylərlə əlaqəm yoxdumu deyə Yerin yer dərdini yaza bilmirəm?! * * * Əlimdən, dilimdən daş asılıb daş, Sözümdən tez gəlir gözümdəki yaş, Elə yazılıb ki yazım, a qardaş, Ömrüm sona yetir, poza bilmirəm. * * * Qocalıq günbəgün qəddimi əyir, Yanımdan yel ötsə dizim titrəyir. Yaş artır, önümə daş diyirləyir, Daha düz yolda da gəzə bilmirəm. * * * Tanrıya çatmırsa səsim, xitabım, Deməli bağlanıb şeir kitabım. Daha bu hicrana qalmıyıb tabım, Daha bu həsrətə dözə bilmirəm. * * * Musa, su üstündə susuz qalmışam, İçmək yasaq olub, içdən yanmışam.. Təşnə olduğumu ancaq danmışam Varmı bundan ağır cəza, bilmirəm?!
ŞEİR MÖCÜZƏDİR Haçan ağ ümidi üstələyir qəm, Mənə qəhqəh çəkib qara şər gülür. Elə ki, şeirdən uzaq düşürəm Yerdən də, göydən də əlim üzülür. * * * Sağalmaz göynəkdir könül yaramda, Şeir möcüzədir, – danışsam haqla. İlham bir körpüdür mənim aramda, Göydə mələklərlə, yerdə torpaqla. * * * Açılsın gözümdə göylərin qatı, Uçmaq eşqim varsa ölməyəcəyəm. Əzrayıl da bilsin mən bu həyatı Şeirsiz bitirə bilməyəcəyəm!